Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Fələklər yandı ahimdən… Seçilmiş əsərləri», sayfa 2

Yazı tipi:

BU, SAQİYİ-BƏZMƏ BADƏ ÜÇÜN XİTABDIR21

 
Saqi, kərəm eylə, cam gəzdir!
Durma, qədəhi müdam gəzdir!
Dövranə çox e'tibar qılma,
Gəzdir qədəhi, qərar qılma!
Tök alıb ələ gümüş sürahi,
Zər sağərə ruhbəxş rahi.
Sərf eylə riayətimdə əltaf,
Tənhalığımı gör, eylə insaf!
Şüğlüm bu büsat içində çoxdur,
Səndən özgə, mədədçi yoxdur.
Həmdəmligim ilə ar qılma!
Məndən nifrət şüar qılma!
Gər bilməz isən ki, mən nə zatəm,
Nə zülməti-çeşmeyi-həyatəm,
Feyzi-hünərim şərabdan sor,
Suzi-cigərim kəbabdən sor.
Tutsan əlini məni-fəqirin,
Həqq ola həmişə dəstgirin.
Mən şairi-Musiyi kəlaməm,
Sahirlərə mö'cizi-təmaməm.
Mən sahiri-Babili nəjadəm,
Harutə bu işdə ustadəm.
Söz dərkinə sərf edib fərasət,
Əmlakına bulmuşam rəyasət.
Gəh tərzi-qəsidə eylərəm saz,
Şəhbazım olur büləndpərvaz.
Gəh də'bi-qəzəl olur şüarım,
Ol də'bə rəvan verər qərarım.
Gəh məsnəviyə olub həvəsnak,
Ol bəhrdə istərəm düri-pak.
Hər dildə ki, var, əhli-razəm,
Məcmui-fünunə eşqbazəm.
Bir kargərəm həzarpişə,
Canlar çəkib istərəm həmişə
Dükkanım ola rəvaci-bazar,
Hər istədigin bula xiridar.
 

BU, BİR TƏRİQ İLƏ KƏSRİ-NƏFSDİR VƏ MÜQƏDDİMEYİ-MƏDHİ-PADİŞAHİ-ƏSRDİR22

 
Saqi, nə idi bu cami-gülgun
Kim, eylədi halımı digərgun?
Sərməst olubam, sözüm həbadır,
Hər laf ki, eylərəm – xətadır.
Tə'siri salıb dimağə təşvir,
Təşviri məcazım etdi təğyir.
Mən qandanü lafi-hüsni-göftar
Kim, söz deməyə olam səzavar?
Olsaydı mənim sözümdə bir hal,
Əlbəttə, olurdum əhli-iqbal.
Müstövcibi-izzü cah olurdum,
Şayəsteyi-barigah olurdum.
Məqbul düşərdim asitanə,
Mənzuri- şəhənşəhi-zəmanə.
Ol padişəhi-büləndbiniş
Kim, xaki-rəhidir afəriniş,
Müstəhfəzi-din, pənahi-islam,
Məxdumi-zəman, məlazi-əyyam.
Əbr istehsanü bərqi kinə,
Şahənşəhi-Məkkəvü Mədinə.
Müstəlzəmi-həq, müxilli-batil,
Sultani-muradbəxşi-adil,
Ərbabi-hünər ümidgahi,
Türkü ərəbü əcəm pənahi.
Dərya kimi eyləyən dəmadəm
Əndişeyi-qürbü bə'di-aləm.
Lutfilə verən yaxına lö' lu,
Əbrilə irağə göndərən su,
Lö'lösini eyləyən cahantab,
Ləbtəşnələri dür ilə sirab.
Gərdun kimi lütf edəndə zahir
Damən-damən tökən cəvahir.
Gün kimi olanda cudə məzhər,
Xərmən-xərmən nisar edən zər,
Tuğrayi misali-Ali-Osman,
Sultani-sipəhşikən Süleyman!
Yerdə düşər olsa feyzi xakə,
Tə'n eyləyə xak ruhi-pakə.
Göydə nəzər etsə gər hümayə,
Xurşid salır hümayə sayə.
Gər şərqə ura sinani-sərkəş,
Gün kimi çıxır sipehrə atəş.
Gər qərbə çalarsa tiği-bürran,
Gərdunə yetər şəfəq kimi qan.
Dün çərx yana nigah qıldım,
Nəzzareyi-lövhi-mah qıldım,
Gördüm bu xəti ki, xameyi-xur
Ol lövhdə eyləmişdi məstur:
Yarəb ki, müzəffər ola daim
Zatilə binayi-ədl qaim.
Şayəstə ona sərirü əfsər,
Aləmlərə ədli sayəgüstər.
 

BU QƏSİDƏ PADİŞAHİ-İSLAM ŞƏ'NİNDƏDİR

 
Zəhi-kamil ki, əqli-nüktədan dərkində heyrandır,
Vücudi-bimisali intixabi-növ'i-insandır.
 
 
Fələk bir dürc, onun zati-şərifi gövhəri-yekta,
Cahan bir cism, onun hökmi-rəvani, filməsəl, candır.
 
 
Əsasi-hökmidir, mə'nidə bir səddi-Sikəndər kim,
Onun Yə'cucdur bir yanivü bir yani insandır.
 
 
Binayi-qədrdir mə'nidə ol ali imarət kim,
Müqərnəs taği-gərdun ol imarətdən bir eyvandır.
 
 
Müzəffər daima Sultan Süleyman xani-adildir
Ki, hər kim tabeyi-fərmanı olmaz – namüsəlmandır.
 
 
Cahangiri ki, güntək mülk təsxirinə əzm etsə,
Mühəqqər cilvəgahi ərseyi-İranü Turandır.
 
 
Səxi təb'i, mürüvvət pişeyi kim, bəhri-əltafi
Təməvvüc qılsa mövcü fəqr bünyadinə tufandır.
 
 
Kəminə kimsəyə kəmtər ətasi hasili-dərya,
Mühəqqər məclisə bəzli-həqiri bəhreyi-kandır.
 
 
Vücudi-pak ilə Həq rəhmətidir aləmə nazil,
İtaət əhiinə göstərdiyi ədl ilə ehsandır.
 
 
Süleyman bargahidir yəqin heybətli dərgahi
Kim, onda divlər tabe, pərilər bəndəfərmandır.
 
 
Müəzzəm ləşkəridir bir bulud kim, düşmənə ondan
Firəngilər sədası rə'd, toplar daşı barandır.
 
 
Səməndi səgridəndə lame' olmuş əxtəri-Saqib,
Sipahi dəprənəndə mövcə gəlmiş bəhri-Ümmandır.
 
 
Səfərdə çəkmək üçün həşmətü iqbal əsbabın,
Ərabə ərş lövhi, ordusu gərduni-gərdandır.
 
 
Zəmanində yetib cəm'iyyəti-əsbabə ariflər,
Olub dərhəm həmin məhbublar zülft pərişandır.
 
 
Xəlayiq sübhtək xəndan olub mehri-cəmalindən,
Dili-suzan ilə dövründə ancaq şəm' giryandır.
 
 
Həvadisdən məcazi-mülk tə'mirinə imkan yox
Kəmali-ədl ilə ta mülkə Osman oğlu sultandır.
 
 
Bihəmdüllah, bu gün xövfü xətadan şər' namusun
Bulub tövfiqi-nüsrət saxlayan Sultan Süleymandır.
 
 
Nişani-feyzdir ol nüsrətü iqbal kim, hala
Nə yan kim, əzm qılsa rəhbəri tə'yidi-Yəzdandır.
 
 
Dilü candan Füzuli əzmi-iqbalinə ol şahın,
Rizayi-Həqq üçün daim duaguyi-sənaxandır.
 
 
Çü oldur hamiyi-islam, vacibdir onun mədhi,
Nə kim, mədhindən özgə söz demiş, ondan peşimandır.
 
 
İlahi, baqi olsun daim insanpərvər iqbalı
Cahani-fani içrə ta bəqayi-növ'i-insandır.
 

BU, SƏBƏBİ-NƏZMİ-KİTABDIR VƏ BAİSİ-İRTİKABİ-ƏZABDIR23

 
Saqi, tut əlim ki, xəstəhaləm!
Qəm rəhgüzərində payimaləm.
Sənsən məni-mübtəlaya qəmxar,
Səndən özgə dəxi kimim var?
Müşkül işə düşmüşəm, mədəd qıl,
Mey hirzi ilə bəlamı rəd qıl!
Həll eyləyə gör bu müşkülatı,
Kəm etmə qulundan iltifatı!
Bir gün ki, meyi-Süheyltə'sir
Vermişdi mizaci-pakə təğyir,
Həmrəngi-bəhar olub xəzanım,
Dönmüşdü əqiqə zə'fəranım.
Cəm idi yanımda ittifaqi:
Sazü məzəvü şərabü saqi.
Peyvəstə ləbaləbü peyapey,
Nuş eylər idim qədəh-qədəh mey.
Zövq üzrə mey artırırdı zövqüm,
Şövq üzrə ziyad olurdu şövqüm.
Ol bəzm idi afiyət bəharı,
Mən bülbüli-zarü biqərarı.
Bir həddə irişdi nəş'eyi-cam
Kim, qalmadı əhli-bəzmə aram.
Əsrari-dil oldu aşikara,
Məsdud oluban dəmi-müdara.
Olmuşdu rəfiqü həmzəbanım,
Ayineyi-tutiyi-rəvanım
Bir neçə zərifi-xütteyi-Rum,
Rumi ki, dedin, qəziyyə mə'lum.
Yə'ni ki, qamu dəqaiq əhli,
Hər məs'ələdə həqaiq əhli,
Həm elm fənində nüktədanlar,
Həm söz rəvişində dürfəşanlar.
Kim eylər idi həqaiqi-raz,
Şeyxidənü Əhmədidən ağaz.
Kim söylər idi ögüb kəlami,
Övsafı-Cəliliyü Nizami.
Bilmişlər idi ki, hüsni-göftar
Qədrim qədərincə məndə həm var.
Çün var idi məstlikdə lafım,
Ta anlana sidqimü xilafım,
Mən xəstəyi etdilər nişanə
Bir rəng ilə tiri-imtəhanə.
"Lütf eylə! – dedilər, – ey süxənsənc!
Faş eylə cəhanə bir nihan gənc!
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı".
Bildim, bu qəziyyə imtəhandır,
Zira ki, bu bir bəlayi-candır.
Sevdası dirazü bəhri kutah,
Məzmunu fəğanü naləvü ah.
Bir bəzmi-müsibəti-bəladır
Kim, əvvəli qəm, sonu fənadır.
Nə badəsinə nişatdən rəng,
Nə nəğməsinə fərəhdən ahəng.
İdrakı verər xəyalə azar,
Əfkarı edər məlalı əfgar,
Olsaydı təvəccöhü münasib,
Tövcihinə çox olurdu rağib.
Olsaydı təsərrüfündə rahət,
Çox kamil ona qılırdı rəğbət.
Billah ki, nə xoş demiş Nizami,
Bu babdə xətm edib kəlami:
"Əsbabi-soxən nişatü nazəst,
Zin hər do soxən bəhanəsazəst.
Meydani-soxən fərax bayəd,
Ta təb' süvareyi nomayəd.
Dər gərmiyi-rigü səxtiyi-kuh
Ta çənd soxən rəvəd bəənbuh?"24
Bir iş ki, qılır şikayət ustad,
Şagirdə olur rücui bidad.
Gərçi bilirəm, bu bir sitəmdir,
Təklifi bunun qəm üzrə qəmdir.
Əmma necə etmək olur ikrah?
Bir vaqeədir ki, düşdü nagah.
Yeydir yenə üzrdən şüruim,
Bu işdə təvəkkülə rücuim.
Ey təb'i-lətifü əqli-vala!
İdraki-büləndü nitqi-guya!
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Hər kimdə ki, vardir istitaət,
Dərdü qəmü möhnətü qənaət,
Oldur bu müsafirətdə yarım,
Zövq əhlinə yoxdur e'tibarım.
Mərkəb gərək olsa əzmi-rahə,
Bəsdir bizə xaməvü siyahə.
Vər tuşeyi-rah olursa mətlub,
Məzmuni-xoşü ibarəti-xub,
Əzm eyləyəlim, təəllül etmən!25
Mənzil kəsəlim, təğafül etmən!
Ey bəxt, vəfasız olma sən həm!
Həmrahlıq et bizimlə bir dəm!
 

BU, SƏADƏTLİ BƏY HƏZRƏTLƏRİNİN MƏDHİDİR

 
Ey xameyi-sərkəşi-səbükxiz,
Vəqt oldu ki, olasan gühərriz!
Mən acizəmü bıı əmr müşkil,
İmdad dəmidir, olma qafil!
Asari-mürüvvət eylə izhar,
Bir təprən, əgər mürüvvətin var!
Sən qıl hünəri, mən alayım ad,
Sən çək ələmi, mən olayım şad.
Çün nəxli-hədiqeyi-hünərsən,
Miftahi-xəzaneyi-gühərsən,
Cəhd eylə çıxar cəvahiri-pak,
Fikr etmə ki, yoxdur əhli-idrak!
Demə ki, bolub kəsad bazar,
Bulmaz bu mətaimiz xiridar.
Yetməzmi sənə əmiri-kamil,
Sərdari-zəmanə, Veysi-adil?
Ol bəhri-ətavü kani-əltaf
Kim, şə'ninə gəldi ədlü insaf.
Sərdari-müəzzəmü mükərrəm,
Cananeyi-mülkü cani-aləm.
Zatında onun həmişə mövcud
Elmü ədəbü şücaətü cud.
Ədlindən əgər təraneyi-çəng
Faş eyləyə bəzmdə bir ahəng,
Yel şəm'ə dəxi təərrüz etməz,
Pərvanəyə şəm' zülmü yetməz.
Hüsni-ədəb ilə eylə mö'tad,
Yanında nə vəqt qılsalar yad,
Ol sözü deməz ki, ola təkrar,
Ta yetməyə sayəsində azar.
Üslubi-şücaət üzrə mahir,
Xurşidsifət cahanda zahir.
Həm xas onu söyləməkdə, həm am,
Həm Rum dolu adı ilə, həm Şam.
Gər cudinə kimsə olsa talib,
Mümkün ola lütfi qəhrə qalib.
Yə'ni mənə öyrədib səxavət,
Bir hacəti istəmək nə hacət?
Olmuş ona xaneyi-əmarət
Bu dörd bina ilə imarət.
Ey dustnəvazü düşmənəndaz,
Şahinrəvişü büləndpərvaz!
Düzdüm sənə türfə aşiyanə,
Yə'ni əbədi nişatxanə.
Mə'mur edibən binayi-ali,
Cənnət sifəti, İrəm misali.
Ta ruzi-əbəd bunu məqam et,
Bidəğdəğə işrəti-müdam et!
Billah ki, degil yaman əsər bu,
Gər adisə müddəa yetər bu.
Mən kim, sənə olmuşam sənaxan
Sultan Veysə necə ki, Səlman.
Budur qərəzim ki, cavidani
Adın tuta ərseyi-cahani.
Ta baqi ola bu səbz gülşən,
Həm mən olum əhli-zikr, həm sən.
 

BU, TUĞRAYİ-MİSALİ-MƏHƏBBƏTDİR VƏ DİBAÇEYİ-DİVANİ-MÖHNƏTDİR26

 
Dehqani-hədiqeyi-hekayət,
Sərrafi-cəvahiri-rəvayət
Mə'ni çəmənində gül dikəndə,
Söz riştəsinə gühər çəkəndə
Qılmış bu rəvişdə nüktədanlıq,
Gülrizligü gühərfəşanlıq
Kim: xeyli-ərəbdə bir cəvanmərd,
Cəm'iyyətü izzü cah ilə fərd,
Müstəcməi-cümleyi-fəzail
Bulmuşdu rəyasəti-qəbail.
Əmrinə ərəb mütiü münqad,
Cəh Bəsrə məqamı, gah Bağdad.
Bir büq'ədə olmayıb qərarı,
Gəzməldə keçərdi ruzigarı.
Hər ləhzə urardı ol yeganə
Sərçeşmələrə siyah xanə.
Seyr eylər idi sürüb tənə'üm,
Gözlər izərə misali-mərdüm.
Övzai-xiyami-mişkfami
Xəlqə şäbi-qədrtək girami.
Hər mənzilə kim, güzar edərdi,
Səhrayi bənəfşəzar edərdi.
Gülzarlar içrə lalə çağı,
Bənzərdi evinə lalə dağı.
Əmvalı cəmii-cinsdən çox,
Əmma bu cəhanda varisi yox.
Gər qılsa onu tələf həvadis,
Yox bir xələfi ki, ola varis.
Fərzəndsiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
Nəsl ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyar həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
Dünyada bir oğlu ola qabil.
Pirayəsi ola dəstgahə,
Sərmayəsi ola izzü cahə.
Ah, ər ola bir səfihü sərkeş,
Ətvari kərihü xülqi naxoş.
Təşni' oxuna olub nişanə,
Bizar ola ondan atə-anə.
Əlqissə, ol əfzəli-qəbail,
Ol piri-həmidətül-xəsail
Fərzəndə olub həmişə talib,
Təhsili-bəqayi-nəslə rağib,
Çox mahliqa sənəmlər aldı,
Çox türfə zəminə töxm saldı.
Çox nəzrlər etdi hər məzarə,
Çox qıldı niyaz girdigarə,
Tə'sir qılıb fəğanü ahi,
Övn etdi inayəti-ilahi.
Bir gecə açıldı babi-rəhmət,
Buldu əsəri-dua icabət.
Məqsud şəm'i münəvvər oldu,
Sənduqi-əməl dür ilə doldu.
Tədric ilə qıldı kilki-təqdir
Nəqşi-qərəzi rəhimdə təsvir.
Bər verdi nihali-baği-məqsud,
Açıldı güli-hədiqeyi-cud.
Çün və'də irişdi, doğdu bir ay,
Xurşid rüxiylə aləmaray.
Şad oldular ondan ata-anə,
Şükranə verildi çox xəzanə.
Əlqissə, ədəmdən oldu peyda
Bir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,
İsa kimi tifllikdə kamil.
Ol dəm ki, bu xakdanə düşdü,
Halını bilib fəğanə düşdü.
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad,
Yə'ni ki: "Vücud dami-qəmdir;
Azadələrin yeri ədəmdir.
Hər kim ki, əsir olur bu damə,
Səbr etsə gərək qəmi-müdamə".
Olmuşdu zəbani-hali guya,
Söylərdi ki: "Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Hər qanda qəm ola, qılma ehmal,
Cəm' eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Peyvəstə məni əsiri-qəm qıl!
Kəm qılma nəsibimi, kərəm qıl!
Zövq ilə keçirmə ruzigarım,
Fani olana yox e'tibarım.
Ey eşq, qəribi-aləm oldum,
Avareyi-vadiyi-qəm oldum,
Tədbiri-qəm etmək olmaz oldu,
Gəldim, geri getmək olmaz oldu.
Səndən dilərəm mədəd ki, daim
Təmkinim ola sən ilə qaim.
Bu bəzmdə kim, şərabı qandır,
Saqi-cəlladi-biamandır,
Bir mey mənə sun ki, məstü mədhuş
Daim özümü qılım fəramuş.
Nə gəldigimi bilim cəhanə,
Nə onu ki, necədir zəmanə.
Aləm gözümə görünməyə hiç,
Bu riştədə bulmayım xəmü piç".
Dayə onu pak qıldı qandan,
Qaldırdı bu tirə xakdandan.
Qüslün verib abi-çeşmi-tərdən,
Süd yerinə verdi qan cigərdən.
Əqvamü qəbaili olub şad,
Ol növrəsə Qeys qoydular ad.
Can ilə qılırdı dayə e'zaz,
Əsbabi-kəmali-tərbiyət saz.
Lakin, ol edib həmişə nalə,
Xoşnud degildi heç bu halə.
Ə'zasın edib əlilə əfgar,
Eylərdi müdam naləvü zar.
Süd içsə sanırdı kim, içər qan,
Əmcək görünürdü ona peykan.
Yox idi firib ilə qərarı,
Yanında firibin e'tibarı.
Bir gün onu gəzdirirdi dayə,
Dərdini yetirməyə dəvayə,
Bir evdə məgər ki, bir pərivəş
Ol tifli bəsi görüb müşəvvəş,
Rəhm etdi, əlinə aldı bir dəm,
Tifl onu görüncə, oldu xürrəm.
Hüsnünə baxıb qərar tutdu,
Fəryadü fəğanını unutdu.
Olduqca əlində, oldu xəndan;
Düşdükdə əlindən, oldu giryan.
Mahiyyətini çü dayə bildi,
Ol mahı ona ənis qıldı.
Oldu bu dəxi onunla mö'tad,
Nə dayə, nə anə eylədi yad.
Zatında çü var idi məhəbbət,
Məhbubu görüncə tutdu ülfət.
Eşq idi ki, oldu hüsnə mail,
Hüsnü nə bilirdi tifli-qafil.
Mə'lum idi əhli-halə ol hal
Kim, nüsxeyi-eşqdir bu timsal.
Əlbəttə, bu tifli zar edər eşq,
Aşüftəyi-ruzigar edər eşq.
Əlbəttə, qılır bu sübh təsir,
Xurşid çıxıb olur cahangir.
Çün tərbiyəti-ədibü dayə
Verdi əsəri-təmam ol ayə,
Gün-gündən edib kəmal hasil,
Ol mahi-növ oldu bədri-kamil.
Gəldikcə meyi-vəfadan əyyam,
Hər dövrdə sundu ona bir cam.
Ta qıldı onu təmam sərməst,
Tədric ilə dami-eşqə pabəst.
Çün sür'ət ilə dönüb zəmanə,
On yaşinə yetdi ol yeganə;
Atasına müqtəzayi-adət
Fərz oldu ki, onu edə sünnət.
Cəm' etdi əhaliyi-diyari,
Hər sahibi-izzü etibari;
Bəzl eylədi ol qədər zərü sim
Kim, yetdi qiyasə fərqdən bim.
Xəlq onda görəndə kəsrəti-mal,
Bim oldu ki, mün'əkis ola hal.
Ol safzəmir, pakməşrəb
Bir bəzmgəh eylədi mürəttəb
Kim, görmədi onu çeşmi-sağər,
Cəmşiddən özgəyə müyəssər.
İtmamə yetib təriqi-sünnət,
Tə'limi-ülumə yetdi növbət.
Əsbab ona eyləyib mürəttəb,
Verdilər onunla zibi-məktəb.
 

BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR VƏ MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR27

 
Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələkmisal qız həm.
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm' oldu behiştə hurü qılman.
Oğlanlara qızlar olsalar yar,
Eşqə bulunur rəvaci-bazar.
Qız nərgisi-məst edib füsunsaz,
Oğlana satanda işvəvü naz
Oğlan necə səbr pişə qılsın?
Vər28 səbri həm olsa, nişə qılsın?
Ol qızlar içində bir pərizad
Qeys ilə məhəbbət etdi bünyad.
Bir türfə sənəm ki, əqli-kamil
Gördükdə onu olurdu zail.
Zülfeyni-müsəlsəli girehgir,
Can boynuna bir bəlalı zəncir.
Əbrusi xəmi bəlayi-üşşaq,
Həm cüft lətafət içrə, həm taq.
Hər kipriyi bir xədəngi-xunriz,
Peykani-xədəngi qəmzeyi tiz.
Dəryayi-bəla cəbini-paki,
Çin cünbüşi mövci-səhmnaki.
Çeşmi-siyəhinə sürmədən ar,
Hindusinə sürmə həm giriftar.
Rüxsarinə rəngi-ğazədən nəng,
Hərgiz ona ğazə verməmiş rəng.
Göz mərdüməgindən olsa xali,
Göz mərdüməgi olurdu xali.
Lə'lü düri göstərirdi hərdəm,
Övraqi-gül içrə iqdi-şəbnəm.
Əbvabi-təkəllüm etsə məftuh,
Əmvatə verərdi müjdeyi-ruh.
Şümşadi-lətifinə mürəkkəb,
Sibi-zənəxü turunci-ğəbğəb.
Əndami lətifeyi-ilahi,
Dəryayi-lətafət içrə mahi.
Şəhbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rahü rəvişi müdam qəmzə,
Başdan-ayağa təmam qəmzə.
Ayruqca şəklü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm səri-muyinin tüfeyli,
Məhbubeyi-aləm, adı Leyli.
Qeys onu görüb həlak oldu,
Min şövq ilə dərdnak oldu.
Ol nadirə həm ki, Qeysi gördü,
Min zövq bulub, özün itirdi,
Gördü ki, bir afəti-zəmanə,
Misli dəxi gəlməmiş cəhanə.
 

BU, SİFƏTİ-MƏCNUNDUR VƏ İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR29

 
Bir dilbəri-sərvqəddü gülruy,
Sərvi-xoşü gülrüxü səmənbuy.
Şirin ləbi – mənşəi-lətafət,
Rə'na qədi – durduğilə afət.
Övsafi-lətafətində söz çox,
Əltafi-məlahətində söz yox.
Şəhla gözü – nərgizi-pürəfsun,
Ziba qaşı – nərgis üzrəki nun.
Hüsni gülü laleyi-şəfəqfam,
Zülfi xəmi – lalə üzrəki lam.
Ağzı sifətin xud etmək olmaz,
Əsrari-nihanə yetmək olmaz.
Zülfi sözü – zikri-həlqeyi-raz,
Lə'li-ləbi – abi-çeşmeyi-naz.
Dövri-məhi-ruyi – çeşmeyi nur,
Xaki-kəfi-payi – sürmeyi-hur.
Bir qayət ilə şəmaili-xub
Kim, Leyli olanda ona mətlub,
Bir güzgüyə gər açıb gözünü,
Güzgüdə görəydi öz-özünü,
Öz arizinə olurdu meyli,
Qılmazdı həvayi-hüsni-Leyli.
Ol iki səmənbərü səhiqəd
Bir-birinə oldular müqəyyəd.
Ol iki xərabi-badeyi-zövq
Bir camdan içdilər meyi-şövq,
Girdabi-bəlayə oldular qərq,
Qalmadı aralarında bir fərq.
Övzai-müxalif oldu yeksan,
Guya iki təndə idi bir can.
Hər kim sorar olsa Qeysə bir raz,
Leylidən ona yetərdi avaz.
Kim Leyliyə qılsa bir xitabı,
Qeys idi ona verən cavabı.
Eylərlər idi xəti-vəfa məşq,
Artardı dəmadəm onlara eşq.
Leylidə oxumaq iztirabı
Olsa, rüxi-Qeys idi kitabı.
Məşq etməyə Qeys alsa bir xət,
Leyli qaşı idi ona sərxət.
Xətt üzrə qılırdı ol gözəllər
Min naz ilə bəhslər, cədəllər.
Əmma nə cədəl – kəmali-ülfət,
Nə bəhs – nəhayəti-məhəbbət.
Çün bir neçə müddət ol iki pak
Övqat keçirdilər tərəbnak.
Eşq olduğu yerdə məxfi olmaz;
Eşq içrə olan qərar bulmaz.
Eşq atəşinə budur əlamət
Kim, baş çəkə şö'leyi-məlamət.
Hüsn afəti-eşq olub dəmadəm,
Gəldikcə iradət oldu möhkəm,
Bir qayətə yetdi nəş'əyi-hal
Kim, oldu həvasü əql pamal.
Qalmadı zəbanə tabi-göftar
Kim, eyləyələr məhəbbət izhar.
Keyfiyyəti-halı qılmağa faş
Gəlmişdi təkəllümə gözü qaş.
Eylərdi gözilə bu xitabı,
Qaşilə verərdi ol cəvabı.
Qaşü göz ilə olan təkəllüm,
Həm qılmadı dəfi-zənni-mərdüm.
Mərdümden olam, demə, kənarə!
Mərdüm göz içindədir, nə çarə?
Həmraz ikən ol iki vəfadar,
Dəmsaz ikən ol iki cigərxar,
Rəf' odu hicabi-şahidi-raz;
Eşq oldu məlamət ilə dəmsaz.
Aşiqlərə gizli qalmadı hal;
Mə'lum oldu cəmi'i-əhval.
Gərd ayineyi-nişatə düşdü,
Minbə'd iş ehtiyatə düşdü.
Söyləşməyə ol iki yeganə
Qalmadı səbəb, məgər bəhanə.
Ta olmaya raz aşikara,
Dövran ilə qıldılar müdara.
Bir növ bəhanə ilə hərdəm
Könlünü qılırdı Qeys xürrəm.
Qəsdən unudurdu dərsin ol zar,
Leyliyə deyirdi: "Ey vəfadar!
Hifzi-səbəq etdi bağrımı xun,
Məndən bilirəm, bilirsən əfzun,
Mən bilmədigim mənə oxutgil,
Dərsim oxuyam qulaq tutgil!"
Çün lövhələr üzrə xət yazardı,
Əmdən xətini qələt yazardı.
Yə'ni ki, xəta təvəhhüm edə,
Ol gül açılıb təbəssüm edə,
Göftarə gələ ki: "Bu, qələtdir,
Tərk et ki, xilafı-rəsmi-xətdir!"
Ola səbəbi-təkəllümi-yar,
Fəhm etməyə müddəayi əğyar.
Ətfal qılanda dövr bünyad,
Vari30 belə eyləyəndə fəryad,
Ol, yarına ərzi-hal edərdi,
Özgə dövrün xəyal edərdi.
Qılmazlar idi sözünü mə'lum,
Bilməzlər idi sözünə məfhum.
Məktəbdən olan zamanlar azad,
Vəsl üçün edərdi hiylə bünyad:
Qəsd ilə nihan edib kitabın,
Həddən aşırardı iztirabın,
Leyli yolunu tutub durardı,
"Sən gördün ola?" – deyib sorardı.
Yə'ni bu bəhanə ilə bir dəm,
Yarın görə, ola şadü xürrəm.
Elmi-xətə ömrün eyləyib sərf,
Məşq etmiş idi həmin iki hərf:
Bir səfhədə "lam"ü "ya" mükərrər
Yazardı, onu qılardı əzbər31
Kim: "Bu iki hərfdir muradım,
Rövşən bular ilədir səvadım".
 

BU, LEYLİYƏ ANASI İTAB ETDİGİDİR VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİGİDİR32

 
Çün məkr ilə Qeysi-bədsərəncam,
Bir neçə zaman keçirdi əyyam.
Tədbir ilə eşq zövq verməz,
Tədbir diyari-eşqə girməz.
Eşq ilə riya degil müvafiq,
Rüsvay gərək həmişə aşiq.
Dildən-dilə düşdü bu fəsanə,
Faş oldu bu macəra cəhanə
Kim: "Qeys oluban əsiri-Leyli,
Leyli dəxi salmış ona meyli".
Tədrici-məbadi ilə nagah
Leylinin anası oldu agah,
Odlara tutuşdu, yasə batdı,
Ol qönçədəhanə dil uzatdı.
Yanar od olub, çəkib zəbanə,
Ol gülrüxə dedi yanə-yanə:
"K'ey33 şux! Nədir bu göftügulər,
Qılmaq sənə tə'nə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tə'nə edə bədgu?
Namusuna layiq işmidir bu?
Nazik bədən ilə bərgi-gülsən,
Əmma nə deyim ikən yünülsən!
Lalə kimi səndə lütf çoxdur,
Əmma nə deyim, üzün açıqdur.
Təmkini cünunə qılma təbdil!
Qızsan, ucuz olma, qədrini bil!
Hər surətə əks kimi baxma.
Hər gördügünə su kimi axma.
Mey gərçi səfa verir dimağə,
Axdığı üçün düşər əyağə.
Güzgü kimi qatı üzlü olma!
Nərgis kimi xiyrə gözlü olma!
Gözdən gərək olasan nihan sən,
Ta demək ola sənə ki, cansən.
Sən şəm'sən, uymagil həvayə
Kim, şəm'i həva verər fənayə.
Lö'bət kimi özünü bəzətmə,
Rövzən kimi kuçələr gözətmə.
Sağər kimi gəzməgi həram et,
Nəğmə kimi pərdədə məqam et.
Sayə kimi hər yerə üz urma,
Heç kimsə ilə oturma, durma!
Sən sadəsən, özgə əhli-neyrəng,
Cəhd eylə verilməsin sənə rəng.
Derlər səni eşqə mübtəlasən,
Biganələr ilə aşinasən.
Sən qandanü eşq zövqi qandan?
Sən qandanü dust şövqi qandan?
Oğlan əcəb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nə layiq?
Ey iki gözüm, yaman olur ar!
Namusumuzu itirmə, zinhar!..
Biz aləm içində niknamız,
Mə'rufi-təmami-xasü amız,
Nə nəng ilə dəxi edəlim laf?
Biz deməyəlim, sən eylə insaf!
Tut kim, sənə qıymazam məni-zar,
Məndən ulu bir müdəbbirin var.
Neylərsən əgər atan eşitsə?
Qəhr ilə sənə siyasət etsə?
Minbə'd gəl eylə tərki-məktəb,
Bil əbcədini həmin cədü əb.
Etmə qələm ilə məşqdən yad,
Suzən tutü nəqş eylə bünyad.
Ətfaldan eylə qət'i-ülfət,
Həmraz yetər yanında lö'bət,
Büt kimi bir evdə eylə mənzil,
Olma dəxi hər yənayə mayil.
Ənqa kimi üzlət eylə pişə,
Öylə rəviş eylə ki, həmişə
Gərçi adın ola dildə məzkur,
Görmək səni ola qeyri-məqdur.
Xoş ol ki, qızı həmişə gizlər,
Xud gizli gərək həmişə qızlar".
 
21.Bu, məclis saqisinə badə üçün xitabdır.
22.Bu, bir yolla nəfsi qırmaq və əsrin padşahının mədhinin başlanğıcıdır.
23.Bu, kitabın yazılmasının və əzaba düçar olmağın səbəbidir.
24.Şadlıqdır, eyhamdır sözün arğacı,Bunlarla düzəlir söz ehtiyacı.Gərək söz meydanı gen olsun müdam,Atını dörd yana səyirtsin ilham.Qumsala, daşlığa ilham gedərmi?Getsə də, torpağa təsir edərmi?  Tərcümə Səməd Vurğunundur
25.Etməyin
26.Bu, məhəbbət nəqşinin nişanı və möhnət divanının dibaçəsidir.
27.Bu, bəla binasının özülü və dərdə tutulmağın başlanğıcıdır.
28.Və əgər
29.Bu, Məcnunun təsviri və hədsiz möhnətin başlanğıcıdır.
30.Hamısı
31.Ərəb əlifbasında(L) və(Y) hərflərinin təkrarından"Leyli" sözü yaranır.
32.Bu, anasının Leylini danlamasıdır və vüsal baharına payız gəlməsidir.
33.Ki ey