Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Fələklər yandı ahimdən… Seçilmiş əsərləri», sayfa 4

Yazı tipi:

BU QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR

 
Eşq dərdi, ey müalic, qabili-dərman degil!
Cövhərindən eyləmək cismi cüda asan degil!
 
 
Dövr cövründən şikayət edənə aşiq demən56,
Eşq məsti vaqifi-keyfiyyəti-dövran degil!
 
 
Şəhrdən səhrayə bir fərq olduğun hər kim bilir,
Bilmiş ol kim, eşq səhrasında sərgərdan degil.
 
 
Hər kim idrak eylər öz keyfiyyəti-halın, hənuz
Düst rüxsarinə eyni-şövq ilə heyran degil.
 
 
Canı canan ittihadı fariğ eylər cismdən,
Cismdən agah olan can vasili-canan degil.
 
 
Der imiş düşmən ki, həmdəmdir Füzuli yar ilə,
Hər sözü böhtan isə, həqqa, bu söz böhtan degil.
 

BU, MƏCNUNUN ATASI LEYLİYƏ XASTARLIĞIDIR VƏ LEYLİ ATASININ MƏCNUNDAN BİZARLIĞIDIR57

 
Saqi, gətir ol şərabi-nabi
Kim, yetdi nisabə qəm hesabi.
Qəm düşməni-cani-mübtəladır,
Dəf eyləyə gör ki, bir bəladır!
Söz cövhərinə olan xiridar,
Bu növ ilə qıldı gərm bazar
Kim, aciz olub qəm içrə ol pir,
Məcnununa qıldı fikri-zəncir.
Bildi ki, gər olmaz olsa Leyli,
Mümkün degil olmağı təsəlli,
Qıldı tələbin özünə lazim,
Cəm' etdi əaliyü əazim.
Ümmid ilə bağladı umub kam,
Ol Kə'beyi-arizuyə ehram.
Çün Leyli atası bildi hali,
Uydurdu əkabirü əali,
Qarşılarına olub rəvanə,
Qıldı olar ilə əzmi-xanə.
"Əhlən və səhlən!" deyib dəmadəm,
Min gəz dedi: "Ola xeyr məqdəm!"
Çün şəm' sifət olar oturdu,
Ol sərv kimi ayağa durdu.
Ortaya buraxdı türfə xanlar,
Ta kami-dil ala mihmanlar.
Olmuşdu dolub kəbab ilə xan,
Cədyü Həməl ilə asiman san.
Əmma, əcəb ər qıla xirədmənd,
Ol xanları asimanə manənd,
Hər kim qərəzin bulurdu xandan,
Bu mümkün olurmu asimandan?
Xanlar götürüldügündə ol pir
Təqrib ilə dərdin etdi təqrir:
"K'ey, qədrlə qibleyi-qəbail!
Səndən qamunun muradı hasil,
Əslü nəsəbim sənə əyandır,
Hökmüm neçə min evə rəvandır.
Məşhuri-qəbailəm səxadə,
Mə'rufi-təvaifəm ətadə.
Həm var məhəbbətimdə tə'sir,
Həm var ədavətimdə təşvir.
Sərdəftəri-əhli-ruzigarəm,
Hər necə desəm, yüz onca varəm.
Nəxli-əməlim səmər veribdir,
İyzəd mənə bir gühər veribdir.
Hala dilərəm bu türfə lö'lu
Bir lə'l ilə ola həmtərazu,
Ta lö'lö olanda lə'lə vasil,
Tərkib qılam müfərrihi-dil.
Çox kanlara tişəvəş üz urdum,
Çox lə'l həqiqətini sordum.
Hər kanda əgərçi lə'l çoxdur,
Bir lə'l ki, layiq ola yoxdur.
Bir lə'lin eşitmişəm sənin var
Kim, lo'löümə odur səzavar.
Lütf eylə, inayətü kərəm qıl!
Ol lə'l ilə dürrü möhtərəm qıl!
Qılsın gülü sərv sayəpərvər,
Olsun gülə sərv sayəgüstər.
Fəhm et sözümü, təğafül etmə,
Bir xeyr işidir, təəllül etmə!
Gər hasil olur bu kam səndən,
Hər nə ki, dilərsən, istə məndən.
Onca qılayın sənə rəvan gənc
Kim, yer üzün eyləyə nihan gənc.
Onca gühər eyləyim rəvanə
Kim, bulmayasan ona xəzanə".
Ol sərvi-səmənbərin atası,
Ol gənci-nihanın əjdəhası
Lütf ilə dedi ki: "Ey xirədmənd!
Mən kimi əsiri-dani-fərzənd!
Sən xoş gəldin, səfa gətirdin,
Torpaqlardan bizi götürdün.
Müşkülcə xitabdır xitabın,
Bilmən necə verəyin58 cəvabın?
Qürbün, bilirəm, mənə şərəfdir,
Əmma xələfin əcəb xələfdir.
"Məcnun" deyə tə'n edər xəlayiq,
Məcnuna mənim qızım nə layiq?
Leyli deməyim ki, nazənindir,
Bir tirə kənizi-kəmtərindir,
Olmazmı kəniz cinsi-mərdüm?
Yoxdurmu kənizə həm tərəhhüm?
Div ilə pəri olurmu həmdəm?
Olmaz, sözü açma əbsəm, əbsəm!
Divanəyə zaye eyəmə rənc,
Viranə gərək ona, nədir gənc?
Tədbir ilə döndərib məzacın,
Sevdasının eyləsən əlacın,
Leyli onun olsun, eylədim əhd,
Var indi, sən et əlacına cəhd!"
 

BU, MƏCNUN ATASININ HİRMANIDIR VƏ QEYRİ BABDƏN TƏDBİRİ-DƏRMANIDIR59

 
Ol sahibi-nəngü namü namus
Döndü evə, gəldi xarü mə'yus.
Məcnuna dedi ki: "Ey cəfakəş!
Hacət bitər, olmağıl müşəvvəş!
Əql ilə açılır ol müəmma,
Leyliyi sənə verərlər, əmma
Şərti bu ki, olasan xirədmənd,
Ərbabi-xirəddən alasan pənd.
Rəf' ola əlaməti-cünunun,
Əql ola həmişə rəhnümunun".
Məcnun dedi: "Ey ədibi-kamil!
Divaneyi-eşq olurmu aqil?
Gər məndə bir ixtiyar olaydı,
Tədbirimə e'tibar olaydı,
Əvvəldən ədəb şüar edərdim,
Təmkinimi üstüvar edərdim.
Olmazdı bu halə ehtiyacım
Kim, ola əzab ilə əlacım.
Məndə bu əlacə yox müdara,
Min gəz qəmim etmən60 aşikara.
Yoxdur rəvişimdə inqilabım,
Əvvəlki cəvabdır cəvabım.
Sən əhli-xirədsən, eylə tədbir,
Tədbirin edə məgər ki, tə'sir,
Leyliyi dəxi mən etməyim yad,
Mən aqili-vəqt olam, sən azad".
Ol piri-şikəstəhal heyran
Tədbiri-əlac edib firavan,
Hər qanda eşitdi bir təbibi,
Gülzarının oldu əndəlibi.
İzhar edib ona ehtiyacın,
Bimarına istədi əlacın.
Bimarına min təbibi-haziq
Bir şərbət içirmədi müvafiq.
Hər yerdə ki, bildi bir nəzirgah,
Varıb ona oldu xaki-dərgah.
Çox əl götürüb dualar etdi,
Çox nəzr verib ətalar etdi.
Rə'yilə məlulun etməyə şad,
Min pirdən almadı bir irşad.
Çox sehr oxunub yazıldı tə'vid,
Çox məkrlərə tutuldu ümmid,
Edilmədi heç birilə çarə,
Nə çarə qəzayi-kirdigarə?
Bir gün dedilər ona ki: "Ey pir!
Aləmdə sənə bu qaldı tədbir –
Kim, Kə'bəyə iltəsən əsirin,
Ola ki, Həqq ola dəstgirin.
Tövfi-hərəm olsa ona hasil,
Sərgəştəlik ondan ola zail.
Ursa Həcəri-mübarakə baş,
Yumşaya, əgər ola qara daş".
 

BU, MƏCNUNİ-BİÇARƏNİN KƏ'BƏYƏ ÜZ URDUĞUDUR VƏ MÜNACATLA SEVDASI ARTDIĞIDIR61

 
Ol pir bu xeyr işə qalıb cəhd,
Məcnuna mürəttəb etdi bir məhd.
Aldı onu, əzmi-rah qıldı,
Əzmi-hərəmi-ilah qıldı.
Çün Kə'bəyə irdi ol nikuxu,
Məcnuna dedi ki: "Ey bəlacu!
Tut Kə'bəyə ruy, taət eylə!
Təmkinü ədəb riayət eylə.
Tə'zim şəraitin əda qıl,
İxlasi dürüst edib dua qıl.
Ola ki, qəbul ola niyazın,
Həq şəfqəti ola çarəsazın.
Bu yerdə qəbul olur dualər,
Bu büq'ədə bəxş olur ətalər.
Qıl tövbə ki, əhsəni-əməldir,
Cəhd eylə nicatə kim, məhəldir".
Məcnun bulub ol məqamdan zövq,
Saldı ünü çərxə nəş'əyi-şövq.
Suz ilə çəkib cigərdən avaz,
Ərz etdi binayi-Kə'bəyə raz:
"K'ey səqfi büləndü qədri ali,
Mehrabi-əazimü əalü!
Ey qibleyi-əhli-izzü iqbal,
Rüxsari-zəminə ənbərin xal!
Ey məğzi-vəfayə kisvətin pust,
Həmrəngi-pəlasi-xaneyi-dust!
Ey gülbüni-qönçeyi-ibadət,
Sənduqi-cəvahiri-səadət!
Ey daim olan mənimlə həmdərd,
Əmma nə mənim kimi cahangərd!
Köksünə uran Həcər kimi daş,
Zəmzəm kimi gözdən axıdan yaş!
Peyvəstə siyəh qılan libasın,
Könlündə nihan tutan həvasın!
Billah, kiməsən bu yerdə aşiq?
Söylə ki, ənisinəm müvafiq.
Olmuş sənə eşq feyzi hasil,
Qılmış səni qibleyi-qəbail.
Yarəb, bu hərəmsəra həqiçün,
Bu mə'bədi-pürsəfa həqiçün,
Qıl məndə binayi-eşqi daim,
Manəndi-əsasi-Kə'bə qaim!
Sal könlümə dərdi-eşqdən qəm,
Hər ləhzəvü hər zəmanü hər dəm!
Eşq içrə müdam şövqüm artır,
Şövq ilə həmişə zövqüm artır!
Hər qanda ki, aləm içrə qəm var,
Qıl könlümü ol qəmə giriftar!
Əndişeyi-əqldən cüda qıl,
Eşq ilə həmişə aşina qıl!
Artır mənə zövqü şövqi-Leyli,
Daim mənə onda qıl təcəlli!
Çoxdur bəni-adəm içrə bidad,
Et könlümü vəhşət ilə mö'tad,
Bir mülkdə ver mənə qərari
Kim, yetməyə adəmi qübari".
Ol zairi-Kə'bəyi-inabət
İstərdi dua qılıb icabət,
Tüğyani-bəladən etməyib fikr,
Bu şe'r idi hər dəm etdigi zikr:
 

QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR

 
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
 
 
Az eyləmə inayətini əhli-dərddən,
Yə'ni ki, çox bəlalərə qıl mübtəla məni!
 
 
Olduqca mən, götürmə bəladən iradətim,
Mən istərəm bəlanı, çü istər bəla məni!
 
 
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tə'n edib deməyə bivəfa məni!
 
 
Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!
 
 
Mən qandanü mülaziməti-e'tibarü cah,
Qıl qabili-səadəti-fəqrü fəna məni!
 
 
Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!
 
 
Nəxvət qılıb nəsib Füzuli kimi mənə,
Yarəb, müqəyyəd eyləmə mütləq mana məni!
 

BU, KƏ'BƏDƏN MƏCNUNUN MÜRACİƏTİDİR VƏ VÜHUŞ İLƏ MÜSAHİBƏTİDİR62

 
Bir-bir eşidib sözün atası,
Bildi ki, qəbul olur duası,
Əfzun olur ol qəmü məlamət,
Mümkün degil oğluna səlamət.
Çox qıldı fəğanü naləvü zar,
Oğlundan ümidi kəsdi naçar.
Ol pir qalıb orada heyran,
Məcnun tutuban rəhi-biyaban,
Tənha səfər ixtiyar qıldı,
Əzmi-səri-kuyi-yar qıldı.
Gündüz gözü yaşı hadiyi-rah,
Gecə yolu şəm'i şö'leyi-ah.
Gərdi-rəhi-yari yad edərdi.
Gəh otura, gəh dura gedərdi.
 

BU, MƏCNUNUN DAĞ İLƏ MÜSAHİBƏTİDİR VƏ CARİ OLAN ÇEŞMƏ İLƏ MÜNASİBƏTİDİR63

 
Bir dağə irişdi yolda nagah,
Qəddinə libasi-vəhm kutah.
Tiğində üqabi-çərx qanı,
Müzmər kəmərində lə'l kanı,
Mün'im sifəti, libası faxir,
Cibü bəğəli dolu cəvahir.
Dərya qılıban ona təzərrö'
Eylərdi zəxirəsin təvəqqö'.
Səhra edibən ona təvəlla,
Eylərdi məişətin təmənna.
Ol çeşmələr eyləyib rəvanə,
Olmuşdu olara ata-anə.
Tə'zim ilə qılmış onu həq yad,
Qur'anda "Əlcibalü ovtad".
Məcnun ona eyləyib təmaşa,
Bir odlu sürud qıldı inşa.
Olduqda sürud ilə nəvasaz,
Ondan həm eşitdi əksi-avaz,
Sandı ki, özilə həmnəfəsdir,
Dedi: "Mənə bir rəfiq bəsdir.
Yüz şükr ki, yari-qar buldum,
Gəzdim bu cəhanı yar buldum".
Eşq odun ona həm etdi rövşən:
"K'ey guşənişin-pakdamən!
Suzi-cigərimdən oldun agah,
Əhsənt, əhsənt, barəkallah!
Bir aşiqi-mübtəla imişsən,
Dərd əhlinə aşina imişsən.
Sənsən mənə həmdəmi-müvafiq,
Dağ ilə olur həmişə aşiq.
Bidad ilə köksünə urub daş,
Dərd ilə gözündən axıdıb yaş,
Noldu sənə, böylə məst olubsan,
Qəm daminə paybəst olubsan?
Qan ilə dolubdurur kənarın,
Nə güldən ola bu laləzarın?
Bağrın gorürəm olubdurur su,
Nə sərvqədin həvasıdır bu?
Gəl, ağlayalım bu macərayə,
Bir dəm qoşalım səda-sədayə!"
Çün bir dəm onunla ağladı zar;
Dərdi-dili-zann etdi izhar.
Əzm eylədi xaki-kuyi-yarə,
Leylinin evi olan diyarə.
 

BU, MƏCNUNUN QƏZAL İLƏ MƏQALATIDIR VƏ EŞQ BABINDA ONUNLA OLAN HALATIDIR64

 
Gördü ki, bir ovçu dam qurmuş,
Daminə qəzallər üz urmuş.
Ol damə cəfayi-çərxi-qəddar
Bir ahunu eyləmiş giriftar.
Boynu burulu, ayağı bağlı,
Şəhla gözü nəmli, canı dağlı.
Əhvalına rəhm qıldı Məcnun,
Baxdı ona, tökdü əşki-gülgun,
Könlünə qatı gəlib bu bidad,
Yumşaq-yumşaq dedi ki: "Səyyad!
Rəhm eylə bu mişkbu qəzalə!
Rəhm etməzmi kişi bu halə?
Səyyad, bu natəvanə qıyma!
Qıl canına rəhm, canə qıyma!
Səyyad, saqın, cəfa yamandır!
Bilməzsənmi ki, qana qandır?
Səyyad, mənə bağışla qanın!
Yandırma cəfa oduna canın!"
Səyyad dedi: "Budur məaşım,
Açman65 əyağın, gedərsə başım.
Qətlində bu seydin etsəm ehmal,
Ətfalü əyalıma nolur hal?"
Məcnun ona verdi cümlə rəxtin,
Pak eylədi bərgdən dirəxtin.
Ol türfə qəzalın açdı bəndin,
Şad eylədi cani-dərdməndin.
Üz urdu üzünə, qıldı əfğan,
Göz sürdü gözünə, oldu giryan:
"K'ey badiyəgərdü badnavərd!
Nazik bədənilə nazpərvərd!
Sən zinəti-hər gili-zəminsən,
Gül kimi lətifü nazəninsən
Ey, səbzeyi-cuybari-vəhşət!
Rə'na səməni-bəhari-vəhşət!
Tənha qoyma məni-zəbuni,
Olğıl mənə dəşt rəhnümuni!
Gəz bir neçə gün mənimlə həmrah,
İnsan deyib etmə məndən ikrah!
Yaşım kimi getmə çeşmi-tərdən,
Kəsmə əyağın bu rəhgüzərdən!
Sərçeşmeyi-çeşmim eylə mənzil,
Sərmənzilimizdən olma qafil!
Olsun bəbəgim qərargahın,
Əşkü müjə ab ilə giyahın.
Ey çeşmi-nigar yadigari'
Səhl eylə mənə qəmi-nigari!
Qıldıqda xəyali-çeşmi-Leyli,
Sən ver məni-xəstəyə təsəlli"!
Çün ol, bəşəriyyətin unutdu,
Ahu həm onunla üns tutdu,
Onun səbəbilə həm çox ahu,
Səhradə onunla tutdular xu.
 

BU, MƏCNUNUN KƏBUTƏRƏ ŞƏRHİ-HALIDIR VƏ ONDAN İLTİMASİ-TƏDARÜKİ-MAFİLBALIDIR66

 
Bu mənzilə yetdi zarü müztər,
Bir damdə gördü bir kəbutər.
Hər rövzəni-dami bir dəri-qəm,
Min qəm mütəvəcceh ona hər dəm.
Məcnun ona baxdı, yandı canı,
Yaşı kimi cuşə gəldi qanı.
Səyyadına eylədi təzərrö',
Qurtarmağın eylədi təvəqqö'.
Səyyad dedi ki, mən fəqirəm,
Fəqrə bu həmamə tək əsirəm.
Haşa ki, bu mürği-tizrəftar
Azad ola, mən qalam giriftar.
Gər var isə qiymətin əda qıl,
Ondan bunu damdən rəha qıl!
Əvvəl məni eylə qüssədən şad,
Ondan bunu dami-qəmdən azad!"
Var idi qolunda bir düri-tər,
Şəffaf çü dideyi-kəbutər,
Verdi onu, aldı ol əsiri,
Üftadənin oldu dəstgiri.
Sürtdü qədəminə çeşmi-pürxun,
Onca ki, ayağın etdi gülgun.
Hər dəm ona ərzi-raz edərdi,
Min nəğmeyi-şövq saz edərdi:
"K'ey tizpərü büləndpərvaz!
Ərbabi-vəfayə məhrəmi-raz!
Bu rəngi-libasi-nilfamın,
Ənduhü məlaməti-müdamın
İzhar qılır nişaneyi-qəm,
Kim qıldı səni əsiri-matəm?
Gər aşiq isən, sən ey cahangərd,
Qaçma ki, mənəm səninlə həmdərd.
Bir ləhzə mənimlə həmnişin ol,
Gəncineyi-razimə əmin ol!
Başım tükün aşiyanə qılğıl,
Göz yaşımı abü danə qılğıl,
Sən qasid imişsən, ey həmamə,
Məndən həm ilət nigarə namə!
Gör hicri-rüxündə iztirabım,
Peyğamım ilət, gətir cəvabım.
Billah, səri-kuyinə gedəndə,
Hər cizginibən təvaf edəndə,
Yad eylə məni, səvabıma gir,
Bir tövf səvabını mənə ver.
Qon xaki-dərinə, istə danə,
Qıl özünə danəni bəhanə.
Olduqca məcalın etmə namus,
Məndən yetir ol yerə zəminbus!"
Onca dedi ona həm qəmi-dil
Kim, qıldı onu həm ünsə mail.
Başında olub şəb aşiyanı,
Gündüz olur oldu pasibanı.
Zatında görüb nişaneyi-xeyr,
Həm vəhş mütii oldu, həm teyr.
Ram oldu bəhaim ol figarə,
Bir fövc yığıldı varə-varə.
Ol zar idi mülki-dərd şahi,
Xeyli-dədü dam onun sipahi.
Olmuşdu bəşərdən öylə bizar
Kim, öz əksin sanırdı əğyar.
Dartıb göyə dudi-şö'leyi-ah,
Öz sayəsin istəməzdi həmrah.
 

BU, LEYLİ ƏHVALINDAN BİR XƏBƏRDİR VƏ MƏ'ŞUQÜ AŞİQ ƏTVARINDAN BİR ƏSƏRDİR67

 
Saqi, mütəəllimi-xumarəm,
Müştaqi-şərabi-xoşgüvarəm!
Üftadəligim gör, etmə ehmal,
Rəhm et, bir əyağ ilə əlim al!
İzhar qılıb səfayi-məşrəb,
Bu bəzmi çü eylədin mürəttəb,
Bəzm əhlinə növbət ilə ver cam,
Həm xas riayət eylə, həm am!
Məcnunə həmin şərab tutma,
Leyliyi ki, əsldir unutma!
Dehqani-fəsihi-farsizad
Bu gülşənə böylə dikdi şümşad
Kim, ol çəməni-vəfa bəhari,
Daği-qəmi-eşq laləzari,
Yə'ni rəvişi-vəfadə möhkəm,
Leyli, sədəfi-cəvahiri-qəm
Girmişdi həsarə gəncmanənd,
Urmuşdu ayağə pənddən bənd.
Nə bir fərəhi, nə bir nişati,
Nə kimsə ilə bir ixtilati.
Bizar atadənü anadən,
Biganə cəmii-aşinadən.
Yanına olurdu xublər cəm',
Pərvanəsifət həvaliyi-şəm',
Şad olmağa xatiri-həzini,
Əylənməyə təb'i-nazənini
Min türfəcə-türfəcə fəsanə
Şirin söz ilə çəkib bəyanə,
Eylərlər idi zaman-zaman yad,
Təqrib ilə, ləhzə-ləhzə bünyad.
Ol tərk qılıb nişatü rahət,
Bir üzvünü eyləyib cərahət,
Eylərdi bəhanə ilə nalə,
Düşməzdi olar düşən xəyalə.
Qızlar qaşa versə vəsmədən rəng,
Can güzgüsünə salardı ol jəng.
Qızlar üzə qoysa nildən xal,
Ol nilə çəkərdi rəxt filhal.
Qızlarda xəyalı-nəqşi-diba,
Ol nəqşi-xəyal ilə şəkiba.
Qızların əli hənadə gülgun,
Onun əli əşki ilə pürxun.
Nə ignədə, nə ipəkdə meyli,
Müjganə tökərdi əşk seyli.
Qızlar qılıb arizuyi-ziyvər,
Gər riştəyə çəksələrdi gövhər,
Ol dəxi çəkərdi eyləyib rəşk,
Tari-bədəninə gövhəri-əşk.
Məcnundan idi cünuni əfzun,
"Leyli" deyənə deyərdi "Məcnun!"
Dünlər ki, gedib yanından ol cəm',
Bir guşədə ol qalırdıvü şəm'
Şəm'ə qəmi-dil bəyan edərdi,
Suzi-cigərin əyan edərdi.
 

BU, LEYLİNİN ÇİRAĞLA MACƏRASIDIR VƏ ONDAN ÇAREYİ-DƏRDİ-DİL TƏMƏNNASIDIR68

 
"K'ey didəsi bağlı, bağrı dağlı'
Başı qaralı, ayağı bağlı!
Gəl, olalı həmnəfəs mənü sən,
Razi-dili-zarin eylə rövşən!
Nə dərd səni nizar edibdir,
Alüftəvü zərdü zar edibdir?
Başdan ayağa nədir bu yanmaq,
Dudi-dilə dəmbədəm boyanmaq?
Nə cinsdir əslin, ey bəlakəş
Kim, abi-həyatın oldu atəş?
Şərhi-dili-gərmü çeşmi-tər ver,
Sərrişteyi-razdən xəbər ver!
Hər ləhzə düşərsən iztirabə,
Həm atəşə qərqsən, həm abə.
Nə sehr qılırsan, ey səhərxiz
Kim, atəşin abdən olur tiz?
Mən suxtədən həm olma qafil,
Məndə dəxi var bir qəmi-dil.
Mən həm sənə bənzərəm vəfadə,
Bəlkə neçə mərtəbə ziyadə.
Sən gecə həmin yanarsan, ey zar!
Mən gecəvü gündüzəm giriftar.
Səndə əsəri-həva ziyandır,
Nisbət mənə rahəti-rəvandır.
Xoşdur sənə sirrini, töküb yaş,
Məclislər içində eyləmək faş.
Könlün çü degil vəfadə qaim,
Könlündəkidir dilində daim.
Mən sabiti-ərseyi-bəlayəm,
Ney kimi xəzaneyi-həvayəm.
Olmam olur-olmaz ilə dəmsaz,
Başım kəsilirsə söyləmən raz.
Derdim sənə söyləyəm qəmi-dil,
Səndə dəxi tab yox, nə hasil?
Doymaz cigərim bu şərhi-razə,
Ahım gətirər səni güdazə.
Bir yarə bu dərdi eylədim faş,
Olmadı mənə bu yolda yoldaş.
Səbr eyləmədi bu dərdü dağə,
Qatlanmadı, düşdü daşa-dağə.
Yanında sənin həm urmayam dəm,
Ta qaçmayasan irağə sən həm".
Şəm'in çü görərdi yox zəbanı,
Dəm urmağa yox yanında canı,
Pərvanəyə şərh edərdi razın,
Ərz eylər idi olan niyazın.
 

BU, LEYLİNİN PƏRVANƏYƏ KƏŞFİ-RAZIDIR VƏ ONUNLA FİLCÜMLƏ İZHARİ-NİYAZIDIR69

 
"K'ey, tairi-aşiyaneyi-eşq!
Sərgəşteyi-abü daneyi-eşq!
Sənsən rəhi-eşq içində sadiq,
Aşiqsən, əmma təmam aşiq.
Bir görməgə yarı can verərsən,
Bir zövqə iki cahan verərsən.
Xoşdur tələbi-vəfadə halın,
Guya ki, fənadədir vüsalın.
Hər necə ki, şöhreyi-cahansan,
Eşq içrə səramədi-zamansan,
Müşkül ki, mənim kimi olub zar,
Məncə ola səndə şövqi-didar.
Sən seyrdəsən həmişə sərməst,
Mən dami-bəladə dərdə pabəst.
Dünlər sənə dust həmnişindir,
Hicran mənə müttəsil qərindir.
Bir şö'ləyə sən nisar edib can,
Düşvar qəmin qılırsan asan.
Mən can ilə istərəm çəkəm qəm,
Min can dilərəm qəm içrə hər dəm.
Məncə sənə yox qəmi-nihani;
Gər var desən, qanı70 nişani?
Qanı nəmi-çeşmi-əşkrizin?
Qanı dəmi-sərdü gərmxizin?
Qanı sitəmü bəlayə durmaq?
Eşqə duruşub cəfayə durmaq?"
Pərvanədə həm görərdi nöqsan,
Bulmazdı onunla dərdə dərman.
Naçar qılıb təhəmmülü səbr,
Ol kəsra dilərdi qeybdən cəbr.
Yarı gecələr ki, çeşmeyi-xab
Gözlər çəmənin qılırdı sirab,
Zülmətə düşərdi nuri-biniş,
Aram bulurdu afəriniş,
Yuxuya gedərdi yarü əğyar,
Dərd əhli həmin qalırdı bidar,
Səhraya çıxardı evdən ol mah,
Kamınca qılardı naləvü ah.
Fəryadın edib büləndpayə,
Razi-dilini açardı Ayə.
 

BU, LEYLİNİN AY İLƏ MÜNAZİRƏ QILDIĞIDIR VƏ XURŞİD KİMİ ŞÖVQ ODUNA YAXILDIĞIDIR71

 
"K'ey gah qədim kimi xəmidə!
Gahi pür olan misali-didə!
Gəh zahir olan mənə qəmim tək!
Gəh qaib ənisü həmdəmim tək!
Şahiddir ona bu inqilabın
Kim, aşiqisən bir afitabın!
Hicranı ilə nizar olubsan,
Sərgəşteyi-ruzigar olubsan.
Ey möhnəti-eşqdən xəbərdar,
Gör, Tanrı üçün, nə möhnətim var!
Qıl şö'leyi-ahimə nəzarə!
Gər var isə rəhmin, eylə çarə!
Seyr eylə fəzayi-hər diyari,
Gəz cümleyi-dəştü kuhsari.
Gör qandadır ol mənim pənahim!
Şahim, mahim, ümidgahim!
Hali-dilim ona ərz eylə,
Billah, necə gördün isə söylə!"
Ta vəqti-səhər bu idi hali,
Təşvişdən olmaz idi xali.
Mürği-səhəri çəkəndə avaz,
Eylərdi bir özgə növhə ağaz:
"K'ey vay, tükəndi mayeyi-ömr!
Xurşidə irişdi sayeyi-ömr!
Dəmdir dəri-fürsət ola məsdud,
Müşkül görünə bəyani-məqsud.
Dəmdir oyana yuxudan əğyar,
Şərhi-qəmi-dərdim ola düşvar.
Mən əxtəri-bürci-iştiyaqəm,
Mən şəm'i-səraçeyi-fəraqəm.
Gündüz həbsim, gecə nicatım,
Gündüz mövtim, gecə həyatım.
Olmuş dünümə günüm mütabiq,
Gün görməz imiş bəlalı aşiq!"
 

BU, LEYLİNİN SƏBAYA PƏYAMİ-ƏHVALIDIR VƏ ÜMİD İLƏ DƏF'İ-MƏLALIDIR72

 
Eylərdi səbaya dərdin izhar:
"K'ey badi-səba, dur indi, zinhar!
El qafil ikən bu macəradən,
Sultanə səna yetir gədadən.
Gör munisü qəmgüsarı kimdir,
Bizdən ki usandı, yarı kimdir?
Könlü kimin ilədir təsəlli,
Yadına gəlirmi hiç Leyli?
Ərz eylə ki: "Ey gözəl şəhənşah!
Haqdır sənə bəndədən bu ikrah…
Əvvəl ki, bu dilfigarı gördün,
Bir tazəvü tər bəharı gördün.
Hala ki, əsiri-dami-dərdəm,
Manəndi-xəzan zəifu zərdəm.
Meyl eyləmisən73 məni-nizarə,
Döndisə iradətin, nə çarə?
Mən bərgi-xəzanəm, olmuşam xar,
Sən tazə bəharəsən tələbkar.
Hər necə ki, xarü xakisarəm,
Həm şəfqətinə ümidvarəm.
Tərk etmə əvatifi-əmimi,
Yad eylə məvəddəti-qədimi!"
Şəb ta səhər ol büti-səmənbər
Bidar qalıb misali-əxtər,
Eylərdi bu suziş ilə şivən,
Ol dəm ki, olurdu ruz rövşən,
Nəğmə kimi pərdədar olurdu,
Bir pərdə içində zar olurdu.
Daim keçirərdi ol cigərsuz
Övqatı bu rəsm ilə şəbü ruz.
Peyvəstə çəkərdi ol güləndam
Əndişeyi-sübhü möhnəti-şam.
 

BU, LEYLİNİN BAHAR ƏYYAMİ SEYRİ-GÜLZAR ETDİGİDİR VƏ GÜLZARDA MURADINA YETDİGİDİR74

 
Bir gün ki, bahari-aləmaray
Zövq əhlinə oldu rahətəfzay,
Ayineyi-dövrdən gedib jəng,
Dövr etdi zəmini asimanrəng.
Feyzi-şəbi-kimiya əsərdən,
Tə'siri-şəmameyi-səhərdən
Açıldı xəmi-bənövşədən tab,
Şəbnəm gülə saçdı lö'löi-nab.
Gülzarə həva əbir tökdü,
Səhrayə qübari-mişk çökdü.
Yağdırdı səhab jalə daşın,
Ol daş ilə yardı qönçə başın,
Zəxminə urub şükufə mərhəm,
Pambıq yenilər ona dəmadəm.
Səbzə gülə verdi mişk bacın,
Gül səbzəyə mülkünün xəracın.
Xoş rəng ilə yığdılar təcəmmül,
Firuzəvü lə'lü səbzəvü gül.
Dərk eylədi qönçə rəmzü iyma,
Gül adına açdı min müəmma.
Məzmuni-rübaiyi-ənasir
Feyz olduğu xəlqə oldu zahir.
Susən vərəqi uçub həvayə,
Hər səbzəyə kim, salardı sayə,
Ol səbzəyə uğrayıb axan cu,
Fuladə əgər verəydi bir su,
Fulad dəmində can bulurdu,
Şəmşirsifət zəban bulurdu.
Arayişi-səbzədən zəmanə
Bənzətdi zəmini asimanə.
Xurşid, çiraği-çeşmi-aləm,
Göydən yerə düşdügündə hər dəm
Təhqiq edibən çıxıb gümandan,
Bilməzdi zəmini asimandan.
Gülzarlar oldu işrətabad,
Hər yerdə olundu bəzm bünyad.
Hər guşədə hər kim aldı bir kam,
Hər büq'ədə hər kim içdi bir cam.
Leylinin anası gördü mütləq
Yox Leyliyi-natəvanda rövnəq,
Meyli-gülü sərvü səbzə qılmaz,
Min qönçə açıldı, ol açılmaz.
Sərf etdi şükufətək dirəmlər,
Cəm' eylədi nazənin sənəmlər,
Səhrayə çıxardı ol nigarı,
Qıldı gülə ərz növbaharı,
Ta qüssəvü qəmdən ola azad,
Bir dəm gülə, oynaya, ola şad.
Ol bir neçə bikri-pakdaman,
Həmrah olub oldular xuraman,
Üzdən götürüb ədəb niqabın,
Rəf eylədilər həya hicabın.
Hər kim nə bilirsə lə'b ya ləhv,
İzharə gətirdi etməyib səhv.
Gah eyləyibən sürudlər saz,
Bülbüllərə oldular həmavaz.
Gah göstərib oynamaqda halət,
Şümşadə yetirdilər xəcalət.
Lakin həvəs eyləməzdi Leyli,
Olmazdı bu ləhvü lə'bə meyli.
Artırmış idi bahar dərdin,
Gül zövqü rüxi-nigar dərdin.
İstərdi fərağət ilə bir dəm,
Tənha tuta bir bucaqda matəm.
Ayrılmayıb ol pəriliqalər,
Artırdı bəlasına bəlalər.
Çün eylədi kəsrət onu diltəng,
Neyrəng ilə verdi onlara rəng:
"K'ey sərvlər, eyləmən iqamət,
Ta evdə çəkilməyə nədamət!
Durun, qılalım tərəf-tərəf gəşt,
Seyr eyləyəlim həvaliyi-dəşt
Sancıb belə nazənin ətəklər,
Cəm' eyləyəlim gözəl çiçəklər!
Çox dərməgə hər kim olsa qadir,
Oldur bu sənəmlər içrə nadir."
Bir yaniya getdi hər pərivəş,
Dağıldı şərər, tutuşdu atəş.
Tənha qalıb etdi naləvü zar,
Qıldı gözün əbrvəş gühərbar.
 
56.Deməyin.
57.Bu, Məcnunun atasının Leylini (oğluna) istəməsidir və Leylinin atasının Məcnundan bizarlıq etməsidir.
58.Bilmirəm necə verim.
59.Bu, Məcnunun atasının ümidsiz qayıtması və başqa qapıdan dərman üçün tədbir istəməsidir.
60.Etmərəm.
61.Bu, biçarə Məcnunun Kəbəyə üz tutması və duası ilə sevdasının daha da artmasıdır.
62.Bu, Məcnunun Kəbədən qayıtmasıdır və vəhşi heyvanlarla ünsiyyət etməsidir.
63.Bu, Məcnunun dağ ilə söhbətidir və axar çeşməyə münasibətidir.
64.Bu, Məcnunun ceyran ilə danışmasıdır və eşqində onunla məhrəm olmasıdır.
65.Açmaram.
66.Bu, Məcnunun göyərçinə halını anlatması və ondan gizli istəyini diləməsidir.
67.Bu, Leylinin əhvalından bir xəbərdir və məşuqla-aşiqin vəziyyətindən nümunədir (nişanədir).
68.Bu, Leylinin çıraqla olan macərasıdır və ondan ürək dərdinə çarə istəməsidir.
69.Bu, Leylinin pərvanəyə sirrini açması və ona bütün diləyini bildirməsidir.
70.Hanı
71.Bu, Leylinin Ay ilə bəhsə girməsi və Günəş kimi şövq oduna yanmasıdır.
72.Bu, Leylinin səba yelinə əhvalını xəbər verməsidir və ümidlə kədərini dəf etməsidir.
73.Eyləmirsən
74.Bu, Leylinin bahar vaxtı gülzarı tamaşa üçün çıxması və gülzarda arzusuna çatmasıdır.

Ücretsiz ön izlemeyi tamamladınız.