Kitabı oku: «Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları», sayfa 3
Balaca bir stulu mənə işarə etdi və həyətdə oynayan balaca qızı dizləri üstünə aldı. Bayaq oxuduğunu eşitdiyim balaca oğlan səbatlı baxışlarla mənə baxır, başdan-ayağa məni süzürdü. Cəmi altı yaşı olmasına baxmayaraq, o da çaşqın görünmürdü. Çox qəribə geyimi vardı, enli şalvarı güclə baldırına çatırdı və ayaqları topuq hissədən çılpaq idi. Çox nalayiq! – mən düşündüm.
– Atamla danışmağa gəlmisiniz? – o, qəfildən soruşdu.
Və dərhal pis tərbiyə aldığını bildim, yoxsa mənə “cənab” deyə müraciət edərdi. Mən hər şeyi üzdən keçmək istədiyim-dən və danışmaq istəmədiyimdən belə cavab verdim:
– Hə, oğlum. Bura atanla danışmaq üçün gəlmişəm. Səncə tez gələr?
– Bilmirəm, mənə bir qutu rəng almaq üçün pul axtarmağa çıxdı.
– Sakit ol, oğlum. – qadın dedi. Öz şəkillərinlə, ya da oyuncaq tamaşa ilə oyna.
– Bilirsən, ana? O cənab dünən hər şeyi götürüb getdi.
Son dəfə bir cənab gəlibmiş və hər şeyi aparıbmış – “nə xoş bir ziyarət.” Qadın nəsə problemi varmış kimi göründü, çünki gizlincə göz yaşlarını sildi və balaca qızı qucağında qardaşının yanına gətirdi.
– Bax, burada bir az Nonni ilə oyna.
Qəribə addır. Və o, oynamağa başladı.
– Hmm. Gözəl xanım, – mən xəbər aldım. Ərini bu dəqiqələrdə gözləyirsənmi?
– Bilmirəm, – o cavab verdi.
Bacısı ilə oynayan balaca oğlan onu tərk etdi və məndən soruşdu:
– Cənab, anamı niyə “gözəl xanım” çağırdın?
– Nə olar ki, elə deyəndə oğlum? – mən dedim. Ona necə müraciət etməliyəm ki?
– Necə? Başqaları kimi. Sən “gözəl xanım” aşağıda nəlbəki satan xanıma deməlisən.
Hə, mən Laurier Kanalı 37 ünvanında işləyən qəhvə dəllalıyam, ofisdə 13 nəfər işçiyik, maaş almayan Sterni də saysaq, 14 nəfərik. Heç mənim arvadım madam deyil, indi durub bu varlığı madam adlandırmalıyam mən? Bu mümkün deyil. Hər kəs öz yerində olmalıdır. Bundan əlavə, məhkəmə icraçıları hər şeyi götürüblər.
Mənim fikrimcə “gözəl xanım” ifadəsi tamamilə doğru idi və onun heç bir alternativi yox idi.
“Şallı kişi”nin niyə mənə zəng edib qutusunu istəmədiyini soruşdum. Deyəsən cavabını bilirdi, Brüsseldə olduqlarını dedi, əri orada “İndependence” jurnalında çalışırdı. Amma kişi orada qala bilməyib, çünki onun məqalələri səbəbi ilə jurnal Fransa cəbhələrində tez-tez qəbul edil-məməyə başlamışdı. Və onlar bir neçə gün öncə Amsterdama dönüblər. Burada isə “Şallı kişi” iş gözləyir.
– İşi əminəm ki, Qaafzuirgerin idarəsində gözləyir. Hə?
– Hə. Amma o iş alınmadı.
Mən bu haqda ondan çox bilirdim. O, Aqlaya cildlərini əlindən salmışdı, bundan əlavə tənbəl, məğrur və kasıb idi, bu səbəbdən də onu çıxartmışdılar. Sonra arvadı davam edib dedi ki, – “əlbəttə, bu günlərin birində mənim yanıma gələcəkdi, elə bəlkə də bu dəqiqələrdə mənim evimə yollanıb xahişin nəticəsini öyrənmək istəyir.”
Dedim, istəyirsə, “Şallı kişi” evimə gələ bilər, amma qulluqçu üçün belə problemli olduğuna görə qapını döyməsinə ehtiyac yoxdur. Dedim ki, bir müddət gözləsəydi, qapı əlbəttə ki, kimsə bayıra çıxanda açılacaqdı. Sonra isə mən şirniyyatlarımı da götürüb çıxdım. Çünki, düzünü desəm, mən həmin yeri xoşlamadım. Orada özümü rahat hiss etmədim. Dəllal əlbəttə ki, adi bir fəhlə deyil və təkrar bildirirəm ki, mən hörmətli bir şəxsəm. Əynimdə xəz paltom vardı, qadın isə hələ də bacardığı qədər rahat şəkildə əyləşib övladları ilə elə sakit tərzdə danışırdı ki, sanki yalnızdır. Bundan əlavə, deyəsən ağlayırdı, mən isə narazı insanlara dözə bilmirəm, orada həm soyuq idi, həm də adamayovuşmaz ortam vardı. Çünki hər şeyi götürüb aparmışdılar, mən isə sosiallaşmanı sevirdim. Evə gedərkən mən Bastianusa digər bir şans verməyə qərar verdim. Heç kimi işdən çıxartmağı sevmirdim.
Hazırda Sternin ilk həftəsi idi. Əlbəttə, bunun içində bəyənmədiyim çox şey vardı. Amma mən 2 saylı şərtə riayət etməli idim və Rozemeyrlər də bu fikirdə idi. Amma məncə onlar Sternə yaltaqlanırlar. Çünki onun Hamburqda yaşayan və şəkər çuğunduru biznesi ilə məşğul olan əmisi vardı.
“Şallı kişi” həqiqətən də mənim evimdə olmuşdur, o, Sternlə danışmış, Sternin başa düşmədiyi sözlər və məsələlər barədə bəzi informasiyalar vermişdir. Oxucumdan xahiş edirəm, növbəti bölümləri izləsin, belədə mən daha məzmunlu və tutumlu nəsə söz verirəm. Həmin nəsə mənim özüm, qəhvə dəllalı (iş yerim: “Last və Ko” şirkəti, Lauirer Kanalı 37) Batavus Dristubl tərəfindən hazırlanmışdır.
BEŞINCI BÖLÜM
(Stern tərəfindən tərtib edilmişdir)
Səhər saat təxminən 10 radələrində Pandaqlanq rayonunu Lebak rayonu ilə birləşdirən əsas magistral yolda qeyri-adi hərəkətlilik vardı. Geniş ayaqla gəzilən yol üçün “əsas magistral yol” adı istifadə etmək ola bilər həddən artıq yaxşı ad seçimidir. İnsanlar bu adı nəzakətdən və yoldan daha yaxşı istifadə etmək istəyindən deyirdilər. Amma sən bu yolda dörd at qoşulmuş bir faytonla Bantam əyalətinin paytaxtı Seranqdan Lebak ərazisinin yeni paytaxtı Rankas-Betonqa getmək üçün səfərə başlasan əmin ola bilərsən ki, nə zamansa niyyət etdiyin mənzil başına çatacaqsan. Beləliklə bu bir yol idi. Hə, düzdür, Bantamın alçaq ərazilərində çox ağır, yapışqan olan palçığa tez-tez batıb qala bilərdin. Buralarda səyahətçilər tez-tez yerli əhalidən, qonşu kəndlərdən kömək istəmək məcburiyyətində qalırdı. Amma kəndlərin sayı bu ərazidə elə də çox deyil. Və hətta bəzi fermerlər tərəfdən yardım görsəydin belə çox keçmədən atlar və fayton yenidən qalın palçığa batıb qalacaqdı.
Faytonçu qamçısını qaçan oğlanlara şaqqıldatdı – Avropada məncə siz onları “palfreniers” adlandırırsınız, amma yox sizdə – Avropada bu oğlanların necə biri olduğunu başa düşmək üçün oxşar heç nə yoxdur. Əllərində nazik, qısa açarlar, dörd atın yanı ilə qaçır, təsvirəgəlməz səslər çıxardırdılar və atları həvəsləndirmək üçün onların qarnının altına ilişdirirdilər. O zamana kimi ki, zəhlətökən an yenidən yetişirdi və fayton palçığa batırdı. Bu zaman kömək fəryadı yenilənirdi. Sən kömək təklif edilənə kimi gözləyirdin, sonra asta-asta səfərinə davam edirdin. Tez-tez mən həmin yoldan keçəndə keçən əsrdə palçığa batıb qalan, ona görə də unudulan səyahətçilər olan faytonlar görürdüm. Amma bu mənim başıma gəlməmişdi. Bu səbəbdən də güman edirəm ki, həmin yolla gedən hər kəs sonda öz təyinat nöqtəsinə yetişir. Əgər Yavadakı bütün yolların belə pis durumda olduğunu düşünürsənsə, yanılırsan. Marşal Dindelsin xeyli insan ölümü nəticəsində tikdirdiyi çoxşaxəli hərbi yol doğrudan da şah əsəridir. Və evdəki paxıl rəqiblərin çoxsaylı maneələrinə, əhalinin narahatlığına, müdirlərin narazılığına baxmayaraq, cəsarətlə, enerji ilə işi sona çatdırmağı bacaran adamın işinə heyran qalırsan. Hətta indi bu yol hər bir ziyarətçinin keçərkən faydalandığı, həyacanlandığı bir yoldur. Avropada poçtalyon atlar yoxdur. Hətta İngiltərə, Rusiya və Macarıstanda olanlar da Yavadakılarla müqayisə edilə bilməz. Yüksək dağlıq ərazilərdə, bədəni əsdirən uçurumlar kənarında yüklənmiş səyahət faytonları tam sürətlə hərəkət edir. Faytonçu sanki mismarlanmış kimi kabinada oturur, saatlarla, bəzən dalbadal günlərlə yerindən durmur və dəmir əli ilə ağır şallağı sağa-sola hərləyir. O, dağ yamacı ilə üzüaşağı dördnala çapan atları nə qədər sağa, nə qədər sola, harada və nə qədər meyilləndirməli olduğunu hesablayır ki, istədiyi yerə yetişə bilsin.
– Aman Allah! (təcrübəsiz səyahətçi qışqırır) Biz indi aşağı yuvarlanıb parça-parça olacağıq, orada yol yoxdur. Bura uçurumdur! Bəli, görüntü budur. Yol burulur və adam dördnala çapan atların sərnişinləri uçuruma atacağını düşündüyü anda atlar çevrilir və fayton küncdən burulur. Tam sürətlə dördnala çapan atlar bir an öncə görünməz olan dağ döşünə qalxır və uçurum artıq geridə qalır.
Bəzən faytona dönərkən yalnız arxa təkərlərin iç tərəfi dayaq olur, bu anlarda faytonun bütün ağırlıq mərkəzi yalnız arxa təkərlərin üzərinə düşür. Gözlərini yummamaq adama böyük cəsarət bahasına başa gəlir və Yavaya ilk dəfə səfər edən biri adətən Avropadakı ailəsinə yazır ki, o, həyatının ən böyük təhlükəsi ilə üzləşmişdir. Amma evi Yavada olan isə buna gülür.
Oxucu, xüsusən də bu tarixçəni yazmağa başlayanda niyyətim heç də yerləri, səhnələri yaxud binaları təsvir etməklə vaxt hədər etmək deyildi. Boşboğazlığa oxşayan tövrlə səni məyus etməkdən çox qorxuram. Bu səbəbdən də sənin diqqətinə sahib olduğumu düşünənə kimi, baxışlarında, xarici görünüşündə dördüncü mərtəbədən tullanan qəhrəmanın taleyi ilə maraqlandığını hiss edənə qədər mən onu bütün cazibə qüvvəsi qanununa rəğmən havadan asılı qoymayacağam. Nə qədər ki, gözəl landşaftın yaxud binanın dəqiq təsvirinə ehtiyac var bunu edəcəyəm, amma onda adama elə gəlir orta əsrlər arxitekturası haqqında cildlərlə esselər yazıram. O qəsrlərin hamısı bir-birinə bənzəyir. Onlar dəyişməz olaraq hetrogen arxitektura nümunələridir. Əsas bina ona sonradan bu və ya digər kralın yürüşü zamanı birləşdirilən qanadlardan hər zaman daha qədim olur. Qüllələr bərbad, sökük durumdadır. Oxucu, ümumiyyətlə qüllə yoxdur. Qüllə bir düşüncədir, xəyaldır. Onlar “yarımqüllələr”, qülləciklərdir. Bu və ya digər müqəddəsin şərəfinə tikilən tikililərdə qüllə ucaltmaq fanatizmi onlar tikib bitirməyə yetəcək qədər davam etməmişdir və göyləri inanclı insanlara işarə etmək üçün qoyulan dirək nəhəng səthdə iki yaxud üç döyüşçü tərəfindən saxlanılır, bu isə sənə havadan asılı qalan, budu olmayan insanı xatırladır. Yalnız kənd kilsəsinin qüllələri dirəkləri ilə birlikdə tikilib yekunlaşmışdır.
Geniş miqyaslı iş üçün olan coşqunun çox nadir hallarda işi bitirmək üçün lazım olan qədər davam etməsi qərb sivilizasiyası üçün çox da qürurverici deyil. Mən indi bitirilməsi üçün məsrəfləri qarşılamağın zəruri olduğu təşəbbüslərdən danışmıram.: mənim dəqiq nəyi nəzərdə tutduğumu bilmək istəyən şəxs gedib Köln şəhərindəki kasedralı görməlidir. Qoy o, həmin tikilinin arxitekturanın qəlbində olan nəhəng konsepsiyasını və onu öz işini başlamaq və davam etmək üçün lazımi vasitələrlə təmin edən insanların qəlbindəki inamı görsün. Görünməyən dini hisslərin görünən nümayəndəsi kimi xidmət etmək üçün gərək olan belə böyük ideyaların təsirini öz gözləri ilə görmək yaxşı olardı. Və yaxşı olardı ki, həmin adam bir neçə əsr sonra əməyi saxlayan coşqunu həmin ideyalar qatarı ilə müqayisə edərdi.
Ervin von Staynbax ilə bizim arxitekturalar arasında dərin uçurum var.
Bilirəm ki, onlar uzun illər ərzində həmin uçurumu dol-durmaqla məşğul olublar: Kölndə də həmçinin onlar yenidən həmin kasedralla işləyirlər.
Amma onlar qırılmış telləri birləşdirə biləcəklərmi? İndi, bu günlərdə yenidən baş rahibin və tikənlərin gücünə nəyin güc qatdığını aşkar etmək iqtidarında olacaqlarmı? Mən belə düşünmürəm. Ola bilsin, pulla kömək ediblər, ola bilsin, daş və əhəng gətiriblər, ola bilər, eskiz çəkənə ödəniş ediblər ki, plan çəksin, bənnaya pul veriblər ki, daşı daş üstə qoysun. Amma bu binada bir şeir görən itirilmiş, amma eyni zamanda hörmətli etiqadlı insanlarla xeyli ucadan danışan qranit şeiri – daimi, yerini dəyişməz, davam edən, hər zaman orada olan mərmər şeiri kimi bir nəsnəni pul verib almaq olmaz.
Bir gün səhər Lebak və Pandaqlanqın sərhədində qeyri-adi çaxnaşma gözə dəyirdi. Yolda yüzlərlə süvari vardı və ən azından min kişi – bu yerlər üçün bu rəqəm çox böyükdür – fəal gözlənti içində ora-bura qaçırdılar. Lebakın ərazi rəhbərləri, kənd böyükləri də öz adamları ilə orada idi. Və haşəsi başında, gözəl ərəb atına görə mühakimə etməli olsaq, deyə bilərik ki, hansısa önəmli bir məmur, haranınsa böyüyü də orada idi. Məsələ belə idi: Lebakın naibi RADEEN ADHİPATTİ, KARTA NATTA NEGARA Rankas-Betonu bir neçə adamın müşayiəti ilə tərk edib və yaşına rəğmən onun malikanəsini Pandaqlanqdan ayıran 12 ya 13 km. məsafəni qət edərək bura gəlib. Yeni asistent gəlirdi. Və adət hindlilərdə heç yerdə olmadığı qədər qanun gücünə sahib olduğundan burada səlahiyyətdə olan məmur onu toy-bayramla qarşılamalı idi. Nəzarətçi də həmçinin orada idi. O, orta yaşlı kişi idi və axırıncı asistentin ölümündən sonra vəzifəcə növbəti adam olduğundan bir neçə ay müddətində idarəetməni həyata keçirtdi.
Yeni komendantın gəlişi haqda xəbər yayılan kimi tez tələsik pendoppo qaldırıldı. Yüngül qəlyanaltılar, bir neçə stul gətirildi və naib nəzarətçi ilə birgə keçib yeni rəhbərin gəlişini gözləməyə başladı. Geniş kənarlı şlyapanın, çətirin, yaxud oyuq ağacının ardından “pendoppo” əlbəttə ki, “dam” anlayışının ən sadə təcəssümü idi.
4 yaxud 6 yerə basdırılmış başları bir- biri ilə bambuklarla bağlanmış, üstdən bu yerlərdə “atap” adlanan nəhəng palma yarpaqları düzülmüş bambuk çubuğu düşün, düşünə bildinsə, deməli “pendoppo” haqda anlayışın oldu. Gördüyün kimi çox asan tikilidir və burada “pendoppo”nun məqsədi “pied-a-terre” kimi, yəni avropalılar və yerli rəsmlərin yeni işə keçməsi ilə bağlı mərasimlər üçün xidmət etməkdir.
Mən tərəfdən komendantı naibin müdiri adlandırmaq heç də tam doğru olmadı. Mən gərək hakimiyyət aparatının buralarda necə olduğunu izah edəm. Holland Hindistanı (Bu ifadəni düzgün hesab etmirəm, amma rəsmən belə işlənir.) adlanan ərazi ana ölkənin əhalisinə nəzərən götürüldükdə 2 çox aydın seçilən hissəyə bölünməkdədir.
Bunlardan biri kralları və prinsləri Hollandların hakimiyyəti altına keçməyə razı olan, amma eyni zamanda öz hökümətlərini az və ya çox dərəcədə idarə etmə haqqını əllərində saxlayan tayfalardan ibarət idi. Bütün Yavanın aid olduğu digər bir bölüm isə kiçik, hiss olunmaz istisna ilə Hollandiyanın birbaşa və tam asılılığındadır. Burada söhbət heç bir müttəfiqlikdən, xəracdan yaxud vergidən getmir. Yava Holland ərazisidir. Holland kralı həm də onun kralıdır. Onun köhnə şahzadələrinin və lordlarının nəsli Holland funksionerləridir. Onları kralın adından ərazini idarə edən General Qubernator təyin edir, yerini dəyişir, vəzifəsini qaldırır, yaxud da işdən çıxardır. Cinayətkarlar Haaqadakı qanunlara uyğun mühakimə edilir və cəzalandırılır. Yava əhalisinin verdiyi vergi Hollandiya xəzinəsinə axır.
Bu kitab əsas etibarı ilə Hollandiyanın ayrılmaz tərkib hissəsini təşkil edən bu ərazilərdən bəhs edəcək. General Qubernatora senat yardım edir. Amma bu senatın onun qanunlarını dəyişmək gücü yoxdur. Bataviada hökümətin bir neçə qolu şöbələrə bölünür, həmin şöbələrə direktorlar rəhbərlik edir. Onlar əyalətlərdəki komendantlarla General Qubernator arasındakı əlaqəni təmin edir. Yenə də siyasi xarakterli suallarla bağlı bu komendantlar birbaşa General Qubernatora müraciət edir.
Komendant titulunun tarixçəsi Hollandiyanın federal supergücdən daha çox himayəçi rolunda olduğu vaxtlara gedib çıxır. Komendant rolunda bir neçə hakimiyyətdə olan şahzadə çıxış edirdi. İndi şəhzadalər yoxdur, komendantlar isə ərazilərin idarəedicilərinə çevriliblər, onlar mükəmməllik gücünə sahibləniblər. Vəzifələri dəyişsə də, adları elə həmin ad qalıb.
Yavalı insanların gözündə Holland hakimiyyətini məhz həmin komendantlar təmsil edir. Həmin insanlar nə General Qubernatorları, nə Hind senatorları, nə Batavia direktorlarını tanıyırlar. Onlar yalnız birbaşa tabe olduqları komendantları tanıyır.
Belə adlanan Komendantlıq – onların bəzilərinin bir milyon əhalisi var – üç, dörd, yaxud beş naibliyə bölünür. Hər bir naibliyin başında isə Komendant dayanır. Onların tabeçiliyində hakimiyyət nəzarətçilər, icraçılar və bir çox başqa məmurlar tərəfindən həyata keçirilir. Onlara vergi yığmaq, kənd təsərrüfatına nəzarət etmək, suvarma sistemi üçün tikililər ucaltmaq, polis və digər idarəetmə işlərində – məhkəmə qərarlarının icrasında – ehtiyac duyulur.
Hər bir departamentdə komendanta yüksək çinli yerli məmur kömək edir. Onlara naib deyirlər. Adı naib, özü departamentindən və hökümətdən maaş alan məmur olsa da, o, hər zaman ölkəsinin yüksək zadəgan sinfinə, çox zaman həmin ərazini müstəqil, suveren rayon kimi idarə edən şahzadə ailəsinə aid olur. Şahzadələrin keçmiş feodal təsirlərindən istifadə etmək Hollandiyada yayılmış siyasətdir. Asiyada belə yerlər çoxdur və bu təsir əksər tayfalar və onların başçıları tərəfindən öz dinlərinə bərabər tutulur. Çünki həmin məmurlar kral tərəfindən pul ödənilən məmurlara çevirməklə bir növ ierarxiya yaradılır, başda isə General Qubernatorun simasında Holland höküməti durur.
Günəşin altında yeni nəsə yoxdur. Alman imperiyasında Marqarevlər, Burqarevlər eyni yolla alman imperatoru tərəfindən təyin edilmirdimi?! Və onlar əsasən baronlar arasından seçilmirdimi? Zadəganlığın kökü haqqında uzun-uzadı danışmadan – bu kifayət qədər aydındır – mən burada istərdim ki, Hind adaları boyunca müşahidələrimə əsasən eyni səbəblərin eyni nəticələrə gətirdiyi haqqında müşahidələrimi bu kitaba daxil edim. Əgər bir ölkə çox uzaq məsafədən idarə edilməlidirsə, bu zaman mərkəzi gücü orada təmsil etmək üçün sənin funksionerlərə ehtiyacın var. Beləcə Romalılar hərbi despotizm sistemləri altında legionlardakı generalların içindən fəth etdikləri ölkələri idarə etmək üçün generallar seçirdilər. Amma sonradan Alman imperiyası fəth etdiyi ərazilərin əhalisini maddi vasitələrlə deyil, başqa yollarla öz əlində saxlamağa çalışdıqda Uzaq əyalətdə mənşə, dil və adət oxşarlığı olan ərazilərin imperiyaya daxil olduğu hesab edilən kimi, həmin əraziyə bələd olan, oranı yaxşı tanıyan bir hakimin təyin edilməsi zərurəti yaranırdı. Amma bu kifayət etmirdi, həmin adamın öz həmvətənlərinin yanında hörmətli olması, imperatorun əmrlərinə tabeçiliyin hərbi itaətkarlıqla daha asan həyat keçirilə bilməsi üçün onun vəzifəsi də qaldırılırdı. Onun yanında həmin əmrlərin icrasına nəzarətə kömək edən komandası olurdu. Bununla da ordunun saxlama xərclərinin ya tamamilə, ya da qismən dövlət xəzinəsi hesabına ödənilməsindən qaçmaq olurdu. Yaxud, çox vaxt elə olurdu ki, ordunun nəzarət etdiyi ərazi özü də ordunun xərclərini qarşılayırdı. Beləliklə ilk hakimlər ölkənin baronları arasından seçildi və sən “hakim” sözünü hərfi mənada qəbul etsən, bilməlisən ki, hakim heç də zadəgan titulu deyil, bu sadəcə müəyyən bir vəzifəyə təyin edilmiş adama müraciət formasıdır. Bu səbəbdən mən də düşünürəm ki, “orta əsrlərdə Alman imperiyasının hakimlər təyin etməyə hüququ varmış” düşüncəsi geniş yayılmışdır. Alman imperiyası dyuklar (ordu komandirləri) və hakimlər təyin etmə hüququna sahib idi. Amma baronlara görə onlar baron olduqları üçün elə doğuşdan imperatora bərabər tutulurlar və yalnız Allaha tabedirlər. Sadəcə imperatora xidmət etməyə borcludurlar. Hakim imperatorun onu təyin etdiyi vəzifə ilə sərmayələnir, baron isə özünü Allahın lütfü ilə baron adlandırır. Hakimlər imperatorluğu təmsil edir və qollarında bazubənd daşıyırdılar. Baronlar isə cəngavərlər kimi öz rəngləri altında insanlar toplayırdı. Hakimlərin və dyukların baronların arasından seçilməsi durumu onların doğuşdan özləri ilə daşıdığı önəmliliyi artırırdı. Və belə görünür ki, sonradan, insanlar nəsildən-nəsilə ötürülən bu vəzifələrin təbiətinə öyrəncəli olduqca baron titulundan törəyən hakimlərin presedenti də artırdı. Hətta bu günlərdə belə kral, imperator ailəsi ilə bağlılığı olmayan bir çox zadəgan ailəsi, hansılar ki, ölkənin öz zadəgan nəslindən törəyiblər, hansılar ki, hər zaman zadəgan olublar hakim vəzifəsinə qalxmağı rədd edirdilər. Belə hallar çox olub.
İmperatordan belə yüksək etimad alan insanlar, sonra da təbii olaraq övladları, yaxud ən yaxınları üçün özlərindən sonra eyni vəzifəni əldə etməyə çalışırdı. Bu da çox tez-tez baş verirdi, hərçənd bu irsən keçmə haqqının sübut olunduğuna inanmıram. Ən azından Niderlanddakı, Holland qraflığındakı, Zeslanddakı, Flanderdəki və Haimaultdakı – Brabant, Gelderland dyuklarında belə olub. İlk öncə bu bir yaxşılıq idi, sonradan adətə çevrildi, sonda isə zərurət oldu.
İnsan seçimləri ilə demək olar ki, eyni olaraq – çünki vəzifənin oxşarlığı ilə bağlı sual ola bilməzdi – yerli funksioner Yava ərazisinin başçısı təyin edilirdi. Hökümət ona təsir gücü, vəzifə verir ki, Holland tərəfini bir funksioner olaraq təmsil etsin. Burada da qanunla təsbit edilməsə belə hakimiyyətin atadan-oğula keçməsi adət halını aldı. Naib həyatı boyunca bu çox zaman düzülüb-qoşulur. Və əgər birinə oğlu tərəfindən əvəz ediləcəyi deyilirsə, demək o, gərgin əməyinə və çalışqanlığına görə mükafat alıb. Bu qanundan kənara çıxmaq üçün çox vacib bir səbəb olmalıdır və bu zəruri olduqda varis çox zaman eyni ailə üzvlərindən birindən seçilir. Avropalı məmurlarla Yavalı zadəganlar arasındakı münasibət çox zərifdir. Ərazinin komendantı məsuliyyət daşıyan şəxsdir. Onun öz təlimatları var və ərazinin rəhbəri hesab edilir. Amma bununla belə naib yerli şəraiti bildiyi üçün, orada doğulduğu, əhaliyə təsir edə bildiyi, maddi gəlirləri və həyat tərzini yaxşı bildiyi üçün ondan üstündür. Bundan əlavə, Yavalıya məxsus elementləri özündə daşıdığı və ərazidə yaşayan yüz min yaxud daha artıq əhalinin danışan ağzı olduğu üçün naib narazılığından heç kimin qorxmadığı – çünki hökümət onların yerinə asanlıqla başqa bir məmuru işə götürə bilərdi – sadə avropalı məmurdan daha çox hökümətin gözündə vacib fiqur hesab edilirdi. Digər tərəfdən naibdən baş qaldıran narazılıq ola bilsin ki, kütləvi iğtişaşlara və üsyanlara yol aça bilərdi.
Bütün bunlarda qəribə bir gerçəklik meydana çıxır: vəzifəcə kiçik, vəzifəcə özündən böyüyü idarə edir. Komendant naibə göstəriş verir ki, ona məruzə eləsin, körpülərdə, yollarda işləmək üçün işçi qüvvəsi göndərsin, vergiləri yığsın. Onu özünün rəhbər olduğu şuranın toplantısına çağırır. O, naib işinə laqeyd yanaşanda, günahkar olanda onu danlayır. Bu qəribə münasibət yalnız çox nəzakətli formalardan istifadə edilməklə mümkün olub. Zərurət olduqda üzügülərlilik də istisna edilmir, lazım olanda qəddarlıq göstərilir. Düşünürəm ki, bu halda tərəflərin göstərəcəyi münasibət bu məsələ ilə bağlı rəsmi təlimatda da çox gözəl təsvir edilmişdir: Avropalı funksioner ona kömək edən yerli funksionerlərə “kiçik qardaşı kimi” davranmalıdır. Amma o unutmamalıdır ki, balaca qardaşını valideynləri çox sevir və ondan qorxur və hər hansı mübahisə zəminində dərhal onun böyük qardaşlığı əsas motiv olaraq götürüləcək ki, “niyə kiçik qardaşınla daha yumşaq davranmamısan?”
Hətta adi Yavalı belə eyni durumda avropalıdan daha nəzakətlidir. Belə durum isə bu münasibəti açıq-aşkar, ola biləcəyindən daha dözümlü edir.
Qoy avropalılar təhsili bir qədər də zərifliklə sevsin, qoy o, özünü dosta xas ləyaqətlə aparsın. O yenə də əmin ediləcək ki, naib öz tərəfindən əlindən gələn hər şeyi edəcək ki, öz qayda-qanununu yeritsin. Dəvət şəklində irəli sürülən xoşagəlməz əmr dəqiqliklə yerinə yetirilir. Vəzifədə, doğuşda, var-dövlətdə olan fərq naib tərəfindən eyni şərtlə silinir. O, avropalını Niderland kralının nümayəndəsi kimi göylərə öz mövqeyinə qaldırır. Və ilk baxışdan güclü toqquşmalarla müşayiət edilməli olan münasibət çox zaman razılaşdırılmış əməkdaşlığın mənbəyi olur.
Mən dedim ki, belə naiblər var-dövlətə görə avropalı funksionerlər üzərində üstünlüyə sahibdir. Və bu təbii bir məsələdir. Üzdən bir çox alman knyazlığına bərabər kimi görünən bir əyaləti idarə etmək üçün çağırılan avropalı çox zaman orta, yaxud ortadan da yaşlı biri olur. O, evli və ata olur, dolanmaq üçün iş yerinə keçir. Ailəsi üçün zəruri olanları əldə etmək üçün onun maaşı güclə çatır, bəzən heç çatmır. Naib “Tommonqonqdur”, Adhipattidir, hətta “Yava Şahzadəsi” adlandırılan Ahipattidir. Onun üçün sual elə-belə dolanmaq deyil. O, vəzifəsinə uyğun dolanmalıdır.
Avropalı öz evində yaşadığı halda komendant bir çox kəndlər və evlərlə əhatələnən Kratoonda – malikanəsində yaşayır. Avropalının arvadı və üç uşağı olduğu halda o, xidmətçiləri ilə birgə bir neçə qadına dəstək verir. Avropalı atla gəzəndə onu bir neçə zabit müşayiət edirsə – onun yanında yalnız təftiş səyahətinin hesabatını hazırlamağa yetəcək qədər adam olur – naib bir yerə çıxanda onu malikanəsinə aid yüzlərlə nökər-naib müşayiət edir. Və insanların gözündə bu durum onun yüksək vəzifəsindən kənarda təsəvvür edilə bilməz. Avropalı vətəndaş kimi yaşayır, naib isə şahzadə kimi yaşayır, yaxud da onun belə yaşayışı nəzərdə tutulur.
Amma bütün bunlar üçün pul vermək lazımdır. Bu naiblərin təsiri altına düşmüş Holland höküməti bunu bilir: bu səbəbdən də onlar öz gəlirlərini Hind adalarında vəziyyətdən hali olmayan biri üçün şişirdilmiş sayılacaq standarta qaldırıblar. Amma yenə də bu pul da yerli rəhbərin keçirtdiyi həyat tərzi üçün xərcləri qarşılamağa nadir hallarda yetərli olur.
İki yüz, üç yüz min qulden gəliri olan naibləri maddi sıxıntı içində görmək heç də qeyri-adi şey deyil. Məsələnin kökü onların şahzadə səxavəti ilə pulları əritməsindədir. Onlar alış-verişə olan coşquları ilə tabeliyində olanlara hər zaman xor baxırlar, bu isə avropalılar tərəfindən alçaldıcı bir keyfiyyət olaraq qəbul edilir. Yavada yüksək rütbəli bu adamların gəliri dörd hissəyə bölünə bilər: İlk öncə onların hər ay verilən sabit maaşı gəlir, daha sonra onlardan alınan, holland hökümətinə keçən hüquqlara görə verilən təzminat pulu, üçüncü naiblik üçün lazım olanları almaq üçün verilən əlavə pul – misal üçün qəhvə, şəkər, indiqo, darçın və s. – və sonda ixtiyarında olan mülklərdən, avadanlıqlardan və işçi qüvvəsindən özbaşına istifadə hesabına gələn gəlir. Sonuncu iki gəlir mənbəyinin izaha ehtiyacı var. Yavalılar təbiətən əkinçidirlər, onun yaşadığı torpağın az əmək müqabilində çox məhsul verməsi onu buna şirnikləndirir. Və o, bütün ürəyini, bütün enerjisini öz çəltik tarlalarını əkib-becərməyə – bu işdə o, çox ağıllıdır – qoyur. O, özünün sawa-hinda, gagahinda, tiparinin ( İndoneziya kənd mühiti- kotan xış, öküz) əhatəsində böyüyür. Hələ lap uşaq yaşlarından sahəyə gedən atasını müşayiət edir, orada atasına sahələri irriqasiya edəcək irriqasiya konstruksiyasının tikilməsinə bellə, xışla kömək edir. Öz illərini məhsulla hesablayır, ilin vaxtını jiletindəki yarpaqların rəngi ilə bilir, vaxtını evdə onunla bərabər çəltik kəsən yoldaşları ilə bərabər keçirir, arvadını hər axşam şən nəğmələr oxuyaraq çəltik tapdalayan “desah” qızlarının birinin içindən seçir. Şum üçün bir neçə öküzə sahib olmaq onun xəyallarının idealıdır. Rey əyalətlərində, Fransanın cənubunda üzümçülük nədirsə, Yavada da çəltik əkib-becərmək odur. Amma qərbdən əcnəbilər gəlib özlərini bu ölkənin sahibinə çeviriblər. Onlar məhsuldar torpaqlardan gəlir götürmək arzusunda idi və yerli əhaliyə əmr edirlər ki, zamanlarının, əməklərinin bir hissəsini Avropa bazarlarında satılaraq yüksək gəlir gətirəcək başqa şeylərin əkilməsinə sərf etsinlər. Aşağı təbəqəni bu göstərişə əməl etməyə inandırmaq üçün onlar sadə bir siyasət həyata keçirtməli idi. Yavalılar öz müdirlərinə itaət edir, müdirləri əldə etmək üçün isə gəlirdən onlara bir qədər pay vermək yetərli idi. Və uğur tamamdır!
Bu siyasətin uğuruna tam əmin olmaq üçün biz gərək hollandiyada satılan saysız-hesabsız Yava məhsullarının siyahısına nəzər yetirək. Və biz gərək bu prosesin ədalətsizliyinə də əmin olaq, çünki əgər siz məndən fermerin, əkinçinin bu məhsulları ərsəyə gətirmək üçün çəkdiyi əməyin müqabilində layiq olduğu pulu alıb-almadığını soruşsanız, cavabım mənfi olacaq. Hökümət onu məcbur edir ki, bu məhsulları öz sahələrində əkməlisən, əgər fermer məshullarını ona yox, başqa bir adama satırsa, hökümət onu cəzalandırır. Ödəniləcək qiyməti də hökümət özü təyin edir. Nüfuzlu ticarət şirkəti vasitəsilə Avropaya malların daşınması baha başa gəlir, yerli hakimlərə verilən həvəsləndirici pul isə məhsulun maya dəyərini artırır. Və bütün ticarət gəlir verməli olduğundan, həmin gəlir Yavalıya özü və ailəsinin acından ölməməyə yetəcək qədər pul vermək hesabına təmin edilir. Çünki ölsə, millətin istehsal qüvvəsi azalacaq.
Avropalı məmurlara da istehsala uyğun həvəsləndirici para ödənilir. Bununla da biçarə Yavalının ikiqat güclə sıxıldığı fakta çevrilir. Olur ki, onu çəltik tarlasından qovub çıxarırlar, bu addımın nəticəsi çox zaman aclıq və səfalət olur. Amma məhsulla yüklənmiş gəmilərin bayraqları Hollandiyanı varlı edir və şadyanalıqla Bataviyada, Samaranqda, Soorabayada, Passaroonda, Bezookidə, Probolinqoda, Paticanda, Tjilatjapda dalğalanır.
“Aclıq” məhsuldar, zəngin torpaqlara sahib Yava ərazisində aclıq və səfalət? Bəli, oxucu, bir neçə il öncə bu ərazilər aclıq səbəbindən boşaldılırdı. Analar yemək müqabilində öz balalarını satmağı təklif edirdi, bəzən analar öz balalarını yeyirdi. Amma o anda ana vətən məsələyə qarışdı. Holland parlamentinin zallarında şikayətlər eşidilməyə başlandı və hakimiyyətdə olan qubernator qərar verdi ki, AVROPA BAZARININ GENİŞLƏNDİRİLMƏSİ ARTIQ ACLIQ VƏ SƏFALƏTİN HƏDDƏN ARTIQ YAYILMASI HESABINA HƏYATA KEÇİRİLMƏMƏLİDİR.
“Ahh… mələküzlü parlament!”
Bunları mən içimdəki acılıqla yazıram. Bütün bunları yazan və acı çəkməyən insan haqda nə düşünürsən sən?
Hələ yerli hakimlərin ixtiyarlarında olan avadanlıqlarından və işçi qüvvəsindən istifadə etməklə sahib olduqları sonuncu və ən əsas gəlir mənbəyi haqqında danışmalıyam. Demək olar ki, bütün Asiyada hökmran olan ümumi ideyaya görə ərazi içindəki hər bir şeylə bərabər şahzadəyə məxsusdur. Həmin şahzadanənin qohum-əqrabası, törəmələri insanların savadsızlığından istifadə etməyi sevir. Bu savadsız insanlar “Tommonqonqun”, “Adhipattinin”, “Pengeranqın” hazırda rəsmən ödənildiyindən xəbərsizdirlər. Naib özünün və onların hüquqlarını müəyyən bir haqq qarşılığında artıq satıb və beləliklə də qəhvə plantasiyalarında, yaxud şəkər çuğunduru tarlalarında çox ehtiyac olan əmək onların daha öncə sahiblərinə verdiyi vergiləri əvəz etməkdədir. Beləliklə də ucqar bir kənddən pul ödənilmədən, naibə məxsus sahələrdə işləmək üçün yüzlərlə ailənin çağırılması heç də qeyri-adi deyil. Ucqar bir ərazidə bu və ya digər evin pul ödənilmədən naibin məhkəmə binasına çevrilməsi də adi haldır. Və əgər naib bir ata, bir qıza, bir öküzə, kasıbın arvadına həsrətli bir baxış atdısa, kəndçinin bu istək qarşısında hər hansı bir rədd cavabı verməsi indiyədək eşidilməmiş olaydır. Ondan nə istəyirsə, kəndçi qeydsiz-şərtsiz gətirib naibə təslim etməlidir. O, “savahları” özününkü kimi əməyə ehtiyac duyan bütün kəndlərin sakinlərini çağırırdı. Və burada alçalma baş verirdi. Bu açlalmanı tamamilə məhv etmək qeyri-mümkündür, çünki bu alçalmanı yaratmaq, yaxud buna vadar etmək yerli əhalinin öz təbiətindədir. Yavalılar səmimi və hörmətcildir, ən əsas da öz rəhbərinə – babalarının itaət göstərdiklərinin törəmələrinə – bağlı olduğunu sübut etmək lazım gəldikdə heç nədən çəkinmirlər. Əgər rəhbərin “Kartoon”na hədiyyəsiz daxil olursa, irsən keçmiş sahibinə qarşı böyük hörmətsizlik etmiş hesab edəcək özünü. Bu hədiyyələrin dəyəri çox zaman elə az olur ki, onları götürməmək qarşıdakını alçaltmaq olardı. Bu durumu zalım despota xərac vermək kimi qəbul etməkdənsə, belə təsvir etmək olar: bir uşaq atasına sevgisini izhar etmək istəyir, belədə atasına kiçik bir hədiyyə təqdim edir.