Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qıpçaq çölünün yovşanı», sayfa 3

Yazı tipi:

“Konkret dəlil zərrəcədir”

Slavyanların Şərqi Avropada görünməsi birinci minilliyin axırlarına aiddir. Buna qədər indiki rusların əcdadı başqa slavyanlarla birgə bir-birinə yaxın bir ərazidə haradasa Karpatdan şimala, Visla və Oder arasında yaşayırdı.

Harvard universitetinin professoru Riçard Payps yazır: “Slavyanların tarixəqədərki taleyi haqqında çox az şey məlumdur. Hansısa bir etnik və ya irqi qrupa aidliyi bilinməyən arxeoloji materiallar, qədim əsərlərdə və səyyahların hekayətlərində yoxa çıxmış xalqların dilləri və etnik adları ilə bağlı daşlaşmış qəlpə-xəbərlər müxtəlif nəzəriyyələr doğurmuş, ancaq konkret dəlil zərrəcədir”.

Plini və Tasit gimi, tarixçi İordan (VI əsr) öz əsərlərində venedləri yada salır, onlar est və başqa Baltikətrafı xalqlarla qonşuluqda yaşayıblar. Venedlər döyüş məharatlərindən çox saylarının bolluğu ilə ad qazanıblar. Bir də onunla şöhrətlənmişdilər ki, keçmişlərdə Şimal okeanına tökülən Eridan çayından yığdıqları kəhrəbanı Yunanıstana gətirərdilər. Homer bu haqda yazıb. Eridan deyilən çay, görünür, bugünkü Dauqavadır.

N. M. Karamzin yazırdı: “Alman slavyanları dunaylı həmsoyları kimi çay, göl, bulaq və meşədən ötrü sinov gedərdilər. Və onların gözə görünməyən pəriləri üçün qurban verərdilər. Dindarlara görə, bu pərilər bəzən danışır və zəruri anlarda insanların yanına gələrmişlər. Məsələn, slavyan xalqını böyük təhlükə hədələrkən, Retr gölünün Pərisi qaban sifətinə düşmüş, sahilə üzmüş, dəhşətli səslə bağırmış və dalğalarda görünməz olmuşdur. Biz bilirik ki, Rusiya slavyanları da göl və çayların ünvanına müəyyən ilahilik və müqəddəslik yazmışlar”. Daha sonra: “Slavyan xalqlarının çoxunda qoruq meşələr olurdu. Heç vaxt buradan balta-dəhrə səsi gəlməzdi, ən qəddar düşmənlər burada dava salmazdılar”. Bu meşəliklərdə insanlar dualar oxumağa və bütpərəst bayramlarına gələrdilər.

Nəhayət, dövlətçiliyi olmayan köçəri maldarlar tayfalar halında birləşdilər. Ancaq mədəni səviyyələri elə deyildi ki, qonşu xalqlar onlardan bir şey götürsünlər.

Slavyanların məişət sadəliyi bir frazada yaxşı ifadə olunur: “Onlar, oğru kimi, olanlarını gizlərdilər”. Döyüşə gedərkən və ya bir qızğın düşməndən gizlənərkən, adətən slavyanlar variyyətlərini qazıb torpağa basdırardılar. Bu xalqın adəti bu idi: “Mülklə özünü buxovlamaq”.

V əsrin ortalarına qədər slavyanlar Avropanın mərkəzində, öz qədim vətənlərində yaşayıblar. Bizanslıların türk-qıpçaq adlandırdığı hunlar hələ onları narahat etməmişdilər, xalqların böyük köçü başa çatırdı.

Məhz Böyük köç zamanı slavyanlar xalq kimi ayrı-ayrı tayfalara parçalandılar, hərəsi bir qismət üçün Avropanın meşələrinə dağılışdılar. Onda Rusiyada İlmen-göl meşələrində ilk slavyan qazma-dəyələri tüstülənməyə başlayır meşə sakinlərinin ev tikmək təcrübəsi yox idi.

Əlbəttə, yad iqlimdə, yad xalqlar arasında slavyanların günü xoş keçmirdi. Avropanın və Şərqin bazarlarında slavyanların uzun zaman “canlı əmtəə” olması, görünür, bununla izah olunur.

591-ci ilin yazında Bizansa üç slavyan düşür və bununla Avropa tarixində ilk dəfə “slovinlər” qeydə alınırlar. Həmin üç slavyan haqqında məlumat Simokattın "Tarix”indədir.

Həmin mənbədən bu da məlum olur ki, “slavyanlar üstlərində silah daşımazlar, çünki onların ölkəsi dəmirin nə olduğunu bilmir”. Onlar qərb okeanının qurtaracağında yaşayırdılar. Bizansdan oraya bir neçə aylıq yoldur. Görünür, yolun uzaqlığı bizanslıların slavyanlara marağını azaltmışdır. Sorğu-sualdan sonra üç əsiri Herakliyə (indiki Monastıra) qul bazarına göndərirlər.

Göründüyü kimi, mənbədə slavyanların Çarqradda təntənəli qəbulu haqqında heç bir işarə yoxdur. Ancaq Rusiyada kim isə bu sorğu-sualın əvəzinə əsirlərin böyük hörmət və təntənə ilə qarşılandığını qəbul edir. Rusiyanın çoxcildli tarixində növbəti əfsanə belə yarandı.

Rusiyada slavyanlar barəsində uydurmalar az deyil. Axı müqəddəs kitablar deyirlər ki, yalan danışmaq günahdır.

Həqiqətən slavyanlar haqqında az yazılmayıb, ancaq məsələ budur ki, onlar öz qədim “vened” adını niyə dəyişiblər. “Slavyanlar” haradan çıxıb? Bəlkə elə belə?

Məsələn, Hatter necə yaza bilərdi ki, Attilanın döyüşçüləri “slavyanları təslim edib onların dilini məhv etməyə çalışdılar”.

O uzaq keçmişin Avropasını göz önünə gətirək: venedlərin torpağında düşmənlər tufan qoparır, venedlər çıxılmaz vəziyətdədirlər? Ölüm? Köləlik? Tale onlara daha nəyi təklif edə bilərdi? Başını götürüb qaçmaq. Düzənliklərdən köçmüş venedlər xilaslarını Cənubi və Mərkəzi Avropanın dağlarında tapdılar. Kimisi də şimal meşələrinə getdi-düşmən atlıları ora keçə bilmədilər.

Köləliyə düşənlər özləri haqqında nə deyirdilər: biz tutulduq, əsir olduq-”mı slovlenı”. “Lov” sözü əsir deməkdir. Yada salaq ki, Simokattın “Tarix”ində məhz “slovinlər” sözü qeydə alınır.

Tutulublarsa, kim tərəfindən tutulublar? Ancaq türklər-qıpçaqlar tərəfindən. Onda bütün Avropanı məhz onlar fəth etmişdilər. Yunanlar onlara hunlar deyirdilər. 572-ci ilə aid Bizans əlyazmasından bir parça: “Bu zaman hunlar, onları həm də türklər adlandırırdılar…"

Bəs venedlər? Türklari-qıpçaqları venedlər necə adlandırırdılar?

Poloveslər. Ancaq “poloveslər" (половцы) sözü ilə. İngilis tarixçisi C. Fletçerin qeyd etdiyi kimi, “po" qədimdə “xalq” demək olub. Belələliklə: po+loves=xalq loves. Burada da “lov” tutma deməkdir.

Bununla bağlı tarixi sənədlər və faktlar nə deyir? N.M. Karamzin göstərirdi ki, “Oleqin zamanında” Rusda poloveslərin haqqında heç nə bilmirdilər. Doğrudan da, yazılı sənədlərdə heç yerdə qeyd olunmur ki, kiyevlilər cənub və şərq qonşularını belə adlandırırmışlar.

Niyə? Çünki Kiyevdə hakimiyyətdə varyaqlar oturmuşdular, şəhərdə ikidillilik hökm sürürdü, ancaq yazı türkünkü idi-qlaqolik yazı işlənirdi. Türk dilində isə “poloves” sözü yoxdur, “qıpçaq” sözü var və yalnız ondan istifadə olunurdu. Ancaq hakimiyyətə başqa dinastiya gələndən, türkcə dövlət dili kimi slavyanla əvəz olunandan sonra məişətə “poloves” sözü daxil oldu. Bu da düzdür ki, Karamzin həmin sözün arxasında Kiyev Rusunun sərhədlərində yeni “xalq” görürdü.

Axı XI əsrdə xalqların ikinci köçü olmayıb? N. M. Karamzin bunu insafla yazır ki, “Xalqlar göydən düşmür və yerin altında gizlənmirlər”.

Belə bir mənasızlıq başqa bir mifik “xalqın” peçeneqlərin tarixi ilə bağlıdır. Bu da təzə deyil, qıpçaqların adlarından biridir. “Peçeneq” hərfən “tabe olmayan, doğrayan” deməkdir (“biçmək”. “doğramaq” mənalarında “biçənək" sözüdürT.H.). Şərq xalqlarının döyüşçülərini bir sözlə çağırırdılar onlar VIII-IX əsrlərdə türk səhra xaqanlıqlarını bir vahid dövlətdə birləşdirməyə çalışırdılar. Bu barədə bir az sonra.

Yenə “Rusiya əski rejimdə” əsərinə dünya slavyan tarixi və mədəniyyəti mütəxəssisi kimi etiraf olunmuş Paypsın kitabına üzümüzü tutaq: “Bu dövrün (VII-IX əsrlər) şərq slavyanları barəsində olan az məlumatımızdan belə çıxır ki, onlar tayfa icmaları təşkil ediblərmiş. Əksəriyyətinin yaşadığı meşə zolağında kəsib-yandırdıqları ağacların yerində təsərrüfatla məşğul olurdular. Bu ibtidai metod onların yaşama şəraitinə uyğun idi. Ağacları kəsib daşıyaraq, kəndlilər kötükləri və kolları yandırardılar. Alov sönəndən sonra qalan potaş və əhənglə zəngin küldə kiçik bir əməklə toxum səpirdilər… Bu torpaqçılıq texnologiyası daimi hərəkətdə olmağı tələb edirdi”. Başqa sözlə, köçəriliyə gətirirdi.

Görünür, professor bir vacib detalı nəzərə almayıb: məlum olduğu kimi, slavyanlar metalı tanımırdılar və deməli, onların baltası ola bilməzdi. Görünür, onlar sadəcə meşəni odlayırdılar, ibtidai icma quruluşunda olan kimi.

Professor Payps davam edir: “Başqa ölkələrdəki tayfa təşkilatları kimi, burada da patriarx idarə edirdi o, həmtayfalarının və onların əmlaklarının üzərində hədsiz hökmran olurdu. Bu mərhələdə slavyanların dövlətçilik institutları, mülki və hərbi vəzifə daşıyan məmurları yox idi. Deməli, cüzi dövlətçilik formasını xatırladan heç şey olmayıb”.

Belə çıxır ki, o vaxtkı slavyanlarda öz dövrlərindəki dünya sivilizasiyasının heç rüşeymi də yox idi.

Bəs onda belə bir sual yerində olar: məsələn, Bizansın dəbdəbəli hökmdarları bu səviyyədə olan slavyanlarla ittifaq arayarlardımı? Axı onlar ibtidai insandan çox az fərqlənirdilər. Rusiya tarixçiləri isə bunun əksini inandırmağa çalışırlar.

Slavyanların ÖZ mədəniyyəti var idi, bu, mübahisəsizdir. Bu nadir mədəniyyət imkan verirdi ki, onlar meşədə yaşasınlar və orada təsərrüfat qursunlar. Bu mədəniyyət meşə camaatının səviyyəsini əks etdirirdi. 1932-ci ildən Novqorodda aparılan arxeoloji işlər bu mədəniyyətin üstündəki pərdəni gözəlcə kənar edir. Slavyanların minlərlə məişət əşyaları tapılıb. Onların ornamentləri, formaları çox özünəməxsusdur. Rusiyanın başqa heç bir ərazisində bunların bənzəri yoxdur. Bu, IX-XII əsrlərdə Rusiyada slavyanların yerləşmə mənzərəsini göstərir.

Başqa sual: slavyanlar Dnepr sahilində Kiyev paytaxt şəhərini necə qura bilərdilər? Əmək aləti olmadan bu mümkünmü? Ev yox, qala yox (bunlar da olmayıb), məhz şəhər, hətta möcüzə baş versəydi belə, slavyanlar öz yaşadıqları meşə zolağından səkkiz yüz km cənubunda Kiyevi qura bilməzdilər. Həm də bu sahələr arasında birbaşa yol yox idi arada Litva knyazlığı var idi.

Ruslar (əsl ruslar skandinaviyalılar T.H.) öz saqalarında (xalq ədəbiyyatı forması T.H.) Kiyev Rusunu “Hardarik” “şəhərlər çarlığı” adlandırırlar. Dəyələrdə yaşayan slavyanların ölkəsinə belə ad yaraşmazdı.

Bu ad Çöl Dəşti-Qıpçağına yaraşırdı. Ərəb səyyahları da Dəşti-Qıpçağı Şəhərlər ölkəsi adlandırırlar. Kiyev bu ölkə idi.

Qıpçaq Kiyevi

Hər yeni yalan, şübhəsiz, əvvəlkindən daha acıdır. Ancaq bu aksiom Rusiyaya aid deyil. Hadisələrin yeni “izahtraktovkası” burada yeni və gözəl şərh-interpretasiya uydurmaq istəyini daha da gücləndirir. Kiyev şəhərinin tarixi buna aydın sübutdur.

Bəzi salnaməçilər şəhərin 854-cü ildə bina edildiyini söyləməklə Kiyi Ryurikin müasiri sayıblar. Arxeoloji qazıntılar inandırır ki, burada insanlar V-VI əsrlərdə məskunlaşıblar. Bunu ərəb mənbələri də təsdiqləyir. Beləliklə, 300-350 illik zaman müddəti rus salnamələrində sıfıra endirilir.

Bu nə deməkdir? Bu o deməkdir ki, I Pyotr Stalinin müasiri olub.

Zamanın qısaldılmasına böyük cidd-cəhd göstərilib. “İllər haqqında povest”də giriş hissə xüsusi “yaradıcı təxəyyüllə” köçürülüb.

Elmə inanıb Kiyevin bina edilməsinin tarixi haqqında arxeoloqların materiallarını qəbul etsək, Kiyin tarixi haqqındakı söhbətlər cəfəngiyyata dönür axı V-VI əsrlərdə slavyanlar Dneprə çatmamışdılar. Bundan əlavə Nestora qədər (XII əsrə qədər) heç bir sənəddə nə birbaşa, nə dolayı şəkildə Kiy adı çəkilir.

Salnaməçilərin göstərdiyi 854 tarixi ilə razılaşılsa, onda heç slavyanlara yer qalmır: Dneprin yuxarılarında varyaqlar ruslar (Skandinaviya rusları) ağalıq edirdilər; bunlar slavyanlardan ibarət “canlı əmtəələri"ni qul bazarına gətirirdilər.

Çıxılmaz quyudan belə asan çıxmaq ancaq Rusiyada olar: XI əsrdə slavyanları rus elədilər. Ola bilər ki, əvvəlcə bu ad altında "rus təbəələri”, “varyaq insanları” düşünülürmüş.

Ancaq qeyri-adi, həm də adi bir iş görülür: varyaq hakimlərinin adlarını dəyişdirirlər. Vəssalam. Bununla Kiyev Rusunun tarixi slavyanın olur.

Bununla iş bitirmi? Bu kifayətdirmi ki, yeni ölkənin, yeni xalqın yeni tarixini başlayasan? Gərək bir səbəb olsun ki, slavyanlar baş qaldırsınlar, ana dilində danışsınlar və nəhayətdə hakimiyyətə gəlsinlər. Necə və nə üçün qullar ağa oldular? Burada müfəssəl təhlil olmalıdır ki, bu da Rusiya tarixşünaslığında yoxdur.

Heç olmasa, həmin dövrün dünya tarixinə müxtəsər nəzər salaq.

XI əsrdə bəxti Bizansdan üz döndərirdi, ölkə sönüb gedirdi xristian kilsəsində beş əsrdən bəri davam edən parçalanma Romanın xeyrinə həll olunurdu. Bu, siyasətdə və iqtisadiyyatda dərhal görünürdü. Bizans xanədanlığı güngün dağılırdı 1204-cü ildə Konstantinopol küçələrində Roma legionerləri gəzəcəkdilər.

Bir zamanlar üzünə uğurlar gülümsəyən Bizansda məğlubiyyətqabağı hava yavaş-yavaş tutqunlaşırdı: yunanlar istər-istəməz çox şeylərdən imtina edirdilər, məsələn, rusların (skandinaviyalılar) onların ölkəsinə gətirdikləri cah-cəlaldan, təbii sərvətdən kəhraba, xəz, qalay və sairdən slavyan-qulların əvvəlki satış bazarı kasadlaşırdı.

Kasıblamış Bizansa rusların (skandinaviyalıların) marağı daha yox idi. Varyaqdan yunana gələn yol zəifləmişdi, rusların özləri də kasıblamışdılar. Xəzəristan üzərindəki məqsədsiz qələbədən sonra ilk cəfanı onlar özləri çəkdilər İranla ticarətdən məhrum oldular. Bu ticarət xəzərlər vasitəsilə gedərdi. İndi də Bizans sıradan çıxırdı. XII əsrin ortalarında pul-sikkə kəsilməsinin dayanması ilə rus (varyaq) knyazları ciddi maliyyə çətinliyi qarşısında qalır və tam müflisləşirlər.

“Canlı əmtəə”, xırda pul rolunu daşıyan slavyanlar daha heç kəsə lazım olmadılar. Onları nə alan, nə satan vardı. Diqqətdən kənar qalan bu xalq başını qaldırdı. Meşələrdən boşalmış xalq varyaq (rus) şəhərlərinə axışdı Pskov, Smolensk, Novqorod şəhərlərinə. Varyaq (rus) Xolmqar məhz ondan Novqorod adlanmağa başlandı.

Slavyanlar, əlbəttə, Kiyevə də üz tutdular. Varyaqdan yunana Yolun tənəzüllü ilə bu çiçəklənən gömrük şəhəri də süquta başlamışdı.

Kiyev knyazları Rusiya Skandinaviyanın keçmiş yardımından məhrum olmuşdular. Buna görə da Novqorod boyarlarının təhriki ilə Novqorod knyazı Kiyevin üstünə yeridi. Asanlıqla oranı tutdu. Keçmiş adlı-sanlı Kiyev daha yox idi.

Kiyev salnaməçiləri slavyanları “meşələrdə vəhşi həyat tərzi sürmüş insanlar” xasiyyətnaməsi ilə qeydə alırlar. Görünür, “yeni” və “əski” kiyevlilər arasında tez-tez toqquşmalar olur. Məişətə “katsaq” sözü (türkcə: saqqallı keçi) daxil olur. Kiyevlilər “vəhşi davranışına” görə slavyanları belə adlandırırdılar. Cavabında “xaxol” sözü eşidilirdi. Söyüş yerinə işlətdikləri bu sözün əsl mənasını, görünür, slavyanlar bilmirdilər.

Tale slavyanların üzünə gülürdü, tənəzzülə düşmüş ölkədə onların tale ulduzu parlayırdı. Novqorodlu knyaz Kiyev taxtına çıxanda meşə köçkünləri ictimai dilənçilikdən tam xilas oldular. Görünür, Allahın iradəsi belə istəyirmiş.

Varyaqlar (skandinav rusları) slavyanlara Rus dövlətini təhvil verdilər. Ancaq Kiyev Rusunun əhalisində xalq bütövlüyü vardımı? Rusiya tarixçilərinin inandırmağa çalışdıqları kimi, rus xalqı formalaşmışdımı? Çətin ki. Bunu birbaşa təsdiqləyən heç nə yoxdur. Real gerçəklik bunun əksini deyir: XII əsrdə Kiyev dövləti ayrı-ayrı knyazlıqlara bölünmüşdü. Hansı knyazlıqlara, necə və nə üçün? Bu suallar tam dərinliyi ilə araşdırılmayıb. Lakin fakt faktlığında qalır ki, orada slavyan dövləti və ya başqa bir dövlət yox idi.

Novqorodun tozağaçı yazıları (tozağacı qabığında yazılmış hüquqi və s. məzmunda sənədlər) Rusiya tarixçilərinin son iki əsrdə cidd-cəhdlə dediklərini rədd edir. Akademik V. L. Yaninin yazdığı kimi bu sənədlər “bir sıra problemin həllinə yeni şəkildə yanaşmaq imkanı verir, bunların ilk traktovkası mübahisəsizdir”.

Əvvələn, “IX-XII əsrlərin qədim rus dövlətinin yaranma mexanizmi haqqındakı təsəvvür kökündən dəyişir”. Bu dövlət iki MÜXTƏLİF mədəniyyətin Kiyev və Novqorod mədəniyyətlərinin sahibi olan xalqların birləşməsi ilə meydana çıxıb, Kiy, Oleq, ya daha kimsə bir başqasının ifa etdiyi mifoloji tamaşa kimi icra olunmayıb.

Kiyev və Novqorod mədəniyyətləri bir-birindən çoxlu əlamətlərlə fərqlənib: məsələn, Novqorod slavyanlarının dili venedlərin və ya V.L.Yaninin adlandırdığı kimi, Cənub Balti slavyanlarının dialekti olub, kiyevlilərin isə başqa dili olub.

İkinci, tozağaçı yazılarından, nəhayət ki, həm də Novqorod “dövlətçiliyinin” mexanizmi aydınlaşdı: sübut olundu ki, slavyan və hakim varyaq elitası arasında müqavilə olub. ”Bu müqavilə boyarların iqtisadi qüdrətinin əsasının təşkil edib”… Varyaq knyazının öz drujinası ilə gəzib vergi yığmaq hüququ olmayıb. Müqaviləyə görə yığılan vergidən knyaza pay verilirmiş. Bunu ancaq idarə (hakimiyyət) haqqı kimi alırmış. Beləcə Novqorod “respublikasının” mexanizminin canı müqavilədə imiş. Qonşu finuqorlardan vergi yığmaq üçün də varyaq və slavyanların müqaviləsi varmış.

Gördüyümüz kimi, Vladimirin və onun nəslinin şəxsində slavyanların əldə etdikləri Kiyev Rusu onların öz cəmiyyətinin məhsulu deyildi.

Buna görə də Rus sadəcə parçalanmırdı, məhz düşmən knyazlıqlara parçalanırdı: hakimlər və xalq uzun zaman bir-birinin qarşısında borcsuz yaşaya bilməzlər.

Ölkənin yad hakimlərlə idarəsi nəticəsində belə daxildən partlayış xalqların tarixində dəfələrlə olub bu, dünya imperiyalarının aqibətidir. Ancaq elə hallar olub ki, partlayış yumşaq, elastik formalarda baş verib və ölkə dağılmayıb. Vaxtilə İngiltərəni həmin varyaqlar tutmuş və özlərindən hakim qoymuşlar. Rusda olduğu kimi orada da varyaqları ancaq və ancaq vergi maraqlandırırdı. Bu kəlmə hakimlər öz təbəələrinin taleyini zərrəcə düşünmürdülər.

Ancaq kiçik adalardan ibarət olduğu üçün İngiltərədə işlər Rusdakı kimi deyildi. Adalarda əsrlərlə müharibələr getməsinə baxmayaraq, varyaqlar bu və ya başqa şəkildə İngiltərəni saxlaya bildilər.

Böyük ərazi, yerli xalqların çoxluğu, qonşuların cənubdan, şərqdən və qərbdən təzyiqi Rusda vəziyyəti başqalaşdırırdı. Varyaqların yuxarı təbəqələri özlərini slavyan adlandırıb hakimiyyəti saxlamaq istəsələr də, bu, uzun çəkmədi… Meksikanı tutan ispanların nəvə-nəticələri daha ispan deyildir. Ruslar da (varyaqlar) belə.

Ancaq ispanlardan fərqli olaraq, ruslar (varyaqlar) yerli etnik kütləyə “rus” adını verdi. Bu ölkədə onlardan qalan ancaq bu ad oldu.

Buna görə qarmaqarışıq XII əsrdə knyaz Mstislav “İllər haqqında povest”in tələm-tələsik ikinci dəfə üzünü köçürdü. Kiyev Rusunun əvvəlki tarixini istədiyi səmtə yönəltdi, ona slavyan aksenti verdi…

Onun versiyası yaşadı. Doğmalaşdı. Bu yalan məntiq heç kəsin tövrünü dəyişmədi.

Məsələn, niyə Kiyev Rusunun yerli əhalisinə ruslar yox, ukraynalılar deyirlər? Niyə ukraynalılar novqorodlulardan, voloqdalılardan yerlə göy qədər fərqlənirlər? Həm də təkcə zahirən fərqələnmirlər. Paltarını, mətbəxini, nəğmələrini, rəqslərini, tikintilərini… Nəyini istəyirsiniz, alıb müqayisə edin. Hər şey fərqlənir. Minimal oxşarlıq var.

Bu, təəccüb doğurur. Rus və Ukrayna əsla eyni deyil. Onların arasında heç vaxt təbii ünsiyyət olmayıb. XII əsrdə və XIII əsrin ortalarına qədər, cəmi üst-üstə 70 il aralarında güclə əlaqə düzəldilib. Sonra hər cür əlaqə kəsilib. Yalnız 1620-ci ildə bərpa olunub. Ancaq necə?

“Ukraynanın Rusiya ilə yenidən birləşməsi” haqqındakı sənədlər göstərir ki, tamam müxtəlif xalqlar “yenidən birləşiblər", onlar bir-birinin dilini anlamır, tərcüməçilər dilmanclarla əlaqə saxlayırdılar. Vasili Buturlunun başçılığı ilə Moskvanın Ukraynadakı ilk səfirliyinin tərkibində iki tərcüməçi vardı: türk Bilap Baytsa və Stepan Konçinski. Onlar “yadelli çərkəslərin” (o vaxt Rusdakı kazakları “çərkəs” adlandırırdılar) və “litvalıların” (yəni qərbi ukraynalıların) məskəni Ukraynaya gəlmişdilər. Görünür, birincilər türkcə, ikincilər slavyan dialektlərindən birində danışırdılar “rus” slavyanları onları tam anlamırmışlar.

“İki qardaş xalqın” (bu kinayə sovet dövrünün məşhur möhür-ifadələrinə işarədir T.H.) “yenidən birləşməsi” çətin başlanırdı sıfırdan start götürürdü. Bu “yenidən” birləşmənin mənasını sərəncamlarından birində II Yekaterina belə ifadə edirdi: “Çevik üsullarla nail olmaq gərəkdir ki, onlar ruslaşsınlar, canavar meşəyə baxan kimi öz keçmişlərinə baxmaqdan əl çəksinlər”. Bu, müstəmləkə düşüncəsi deyil də, bəs nədir?

Ruslar getman hakimiyyətini məhv etdilər ki, “getmanların epoxası və adı, bu addakı zat nəcabət təəssüratı itsin” (tarixən Ukraynada kazak qoşunlarının başçısına, sərkərdəsinə getman deyirdilər T.H.). “Qardaş xalqın” Kilsəsi də beləcə başını kəsmək fəlsəfəsinə, izini itirmək reformasına məruz qaldı. Çünki Kilsə ruslara şəkk edirdi.

Ukraynalılarla rusların “əbədiyyət ittifaqına” nöqtəni II Aleksandr qoydu: onun 30 may 1876-cı ildə verdiyi qanunla ukraynalı dilinin kütləvi işlənməsi, o dildə kitab çapı, o dildən tədrisdə-məktəbdə istifadə edilməsi qadağan olunurdu; hətta o dildə mahnı-nəğmə oxunması da yasaq elan edilirdi. O vaxtdanca ukraynalı dili rusun qulağı üçün ildən-ilə anlaşılan hala düşür, “doğmalaşır” və “slavyanlaşır”.

Əgər doğrudan da, ukraynalılar başqa kökdən yox, slavyan mənşəlidirsə, niyə başqa “rus” slavyanları (məhz rusların özü) çöllülər kimi papaq qoymur, çöllülər kimi uzunboğaz çəkmə geymir, gen şalvar-çaxçur, yan-yaxa köynək (boğazı qatlanmayan məlum ukraynalı köynəkləri) geymirlər? Niyə onlar çöllülər kimi ürək sızıldadan mahnılar oxumurlar, çöllülər kimi qızğın, təsirli rəqslər eləmirlər? Niyə at Novqorodlu üçün yabıdır, nəqliyyat vasitəsidir? Halbuki çöllü üçün at candır, bədəndir, onun ikinci “mən”idir.

Sual minlərcədir, ancaq bir həqiqət var ki, tarixin saxtalaşdırılması Rusiyada norma olub, elə kök atıb ki, bilinmir: həqiqət haradadır, yalan harada.

“Yeni başlanğıcdan” XVII əsrdən Rusiya və Ukrayna arasındakı münasibətlər heç nədəncə ikimənalılıq kəsb edir. Və həmişə davam edib: bir cür deyilir, başqa cür edilir. Hələ onda Moskva “kazak torpağının” sakinlərinə düşmən kimi baxırdı; V. N. Tatişevin ifadəsinə görə onlar Rusiya dövlətinə qarşı dəfərlərlə bundlar və zərərli işlər başlamışlar". Bu iki “qardaş xalq” heç vaxt bir-birini anlamamışdır. V.N.Tatişev və V.O.Klyuçevski bu haqda çox yazıblar.

Bu əlamətdar deyilmi ki, Ukraynanın Rusiyaya ilhaqından sonra “bir getman öz əcəli ilə ölməyib və Malorusiyada (ruslar slavyanlara belə adlar qoyublar: özlərinə velikorus-böyük rus, o birilərinə belorus və malorus ukraynalılar T.H.) bir getman qəbri yoxdur”. Getman sözü türkcə xalqın “ruhunun daşıyıcısı”, “şərəfinin sahibi” demək olub.

Bəli, “çerkaşin" (çərkəs), yəni “ukraynalı” ləqəbi uzun zaman Moskvada “satqın” mənasında işlənib. II Yekaterina “Malorusiyanın baş komandiri” Pyotr Rumyansevə Təlimatında məhz belə də yazırdı: rus xalqı “maloruslara gözə çarpmayan-xəlvəti nifrət bəsləməyə vərdiş edib”. Unudurdu ki, maloruslar da həmişə onlara nifrətlə baxıblar.

İki “qardaş xalqın” bu qarşılıqlı rəğbətsizlik hissini XIX əsrdə alman səyyahı İohan Kol dəqiq verib: “Malorusiya xalqının Velikorusiya xalqına qarşı ikrahı o dərəcədə böyükdür ki, bunu milli nifrət kimi səciyyələndirmək tam ədalətli olar”.

Yaddaşsızlıq təəccüblü xəstəlikdir. Rusiya ona tutulub. O təkcə deyil. Məşhur fransız tarixçisi Mark Ferro gözəl bir kitab yazıb, adı belədir: “Dünyanın müxtəlif ölkələrində tarixi uşaqlara necə nağıl edirlər”. Aydın olur ki, özləri haqqında kefləri istiyənləri qoşurlar, Bu, “rəsmi" tarixin ümumqəbulolunmuş normasıdır.

Məsələn, Hindistanda, Mark Ferronun fikrincə, tarix mahiyyətindən çıxıb, kökündən mifləşdirilib. Ərəblərin tarixi “gözəl şəkillərdən ibarət mənzərədir”, farslara görə planetdə sivilizasiyanın mərkəzi İrandır. “Hədsiz məğlubiyyətlər görmüş Ermənistan öz tarixini həvəslə mübaliğələşdirir, ideallaşdırır, onu əzabkeşliyin parlaq obrazına çevirir”. Buna görə də bunu ruslara irad tutmaq olmaz, onlar özləri haqqında başqalarından çox uydurmurlar. Bəlkə bir az çox olar.

Görünür, bəzən müəyyən məqamlarda yaddaşsızlıq faydalıdır, dərman kimi xalqın mənəvi yaralarını sağaldır, tarixən gördüyü sarsıdıcı üzüntüləri ona unutdurur. Ancaq zaman keçdikcə yaddaşsızlığın davamı zərərli işə çevrilir. Qədim qıpçaq kəlamıdır: “Özgənin ardınca gedərsən, özününkünü itirərsən”.

* * *

Yaddaşsızlıq könüllü şəkildə öz “mən"indən imtina etməkdir. Rusiya özünə bu yolu seçib. Nəyin xatirinə?

Rusların (skandinav varyaqları) vepslərin, finlərin, slavyanların, qıpçaqların və başqalarının torpağında qurduğu faciə həmişə yada düşür və heç vaxt da yaddan çıxmayacaq. Axı yeni xalq yarana bilməz, hər xalqı Allah özü törədib. Heç vaxt rus xalqı, sovet xalqı, amerikan xalqı kimi “yeni” xalq olmayacaq: tarixi kökdən məhrum olan kütlə xalq deyil.

Allah xalqları yaradanda hakimlərin iddialarını nəzərə almayıb, öz düşündüyü kimi edib. Dünya xalqları ancaq zahirən fərqlənmirlər, ancaq mədəniyyətlərinə, davranışlarına görə də ayrılmırlar. Bioloqların sübut etdikləri kimi, həm də genetik səviyyələri ilə müəyyənləşirlər. Buna görə də zənci ailəsində çinli doğulmur.

Antropoloji, fizioloji, biokimyəvi əlamətlər istisnasız olaraq bütün xalqlara məxsusdur, bu əlamətlər hökmdarların hakimiyyətinin fövqündə durur. Məsələn, çöllü-türklərin sümük və toxuma hüceyrələrinin zülalının tərkibi meşə zonasında yaşayan slavyan, veps və başqa xalqlarınkından fərqlənir. Çöl təbiəti öz sağlamlığı, öz dünyaduyumu ilə xüsusi insan tipi formalaşdırıb. Şimal xalqlarının orqanizmində cənublularda olmayan genlər olur.

Buradan bioloji fərqlərdən rus, ukraynalı və ya başqa adla tanınan rusiyalıların xasiyyət, əxlaq, fiziologiya və həyatı qavramasındakı fərqlər meydana gəlir.

Buradan da, bu bioloji fərqlərdən də, varyaqların yaratdığı rus “xalqının” nadir xisləti üzə çıxır: nə qədər kədərli olsa da, bütün dünya xalqları ilə müqayisədə bu xalq heyrətləndirici dərəcədə dostuna e’tibarsızlığı, təcavüzkarlığı, öz qardaşlarına və həmsoylarına hörmətsizliyi ilə səciyyələnib. Bunun minlərlə dəlili var.

Ən təzəsi 1993-cü ilin payızında Ağ evdə və Ostankinodakı qətl. Bu həm 1937 repressiyasıdır, həm vətəndaş müharibəsidir, tarixin pillələri ilə üzüaşağı Puqaçovun, Bolotnikovun, Bulavinin, Razinin xalq hərəkatlarının amansızcasına məhv edilməsidir. Bu, opriçninadır (opriçnina İvan Qroznı zamanında hakimiyyəti qoruyan dövlət təbəqəsi və qoşun hissəsi) və çoxlu-çoxlu epizodlardır ki, ruslar məmnuniyyətlə, şirin bir ehtirasla öz ruslarını məhv ediblər. Doğma qanı duymadan özlərininkini düşmən kimi qırıblar. Dünyada heç bir, heç bir xalq özününkünü belə didib parçalamayıb. Haram etnoqrafik sınaq bununla bitir… Əlbəttə, Rusiyada bu hamının ürəyindən deyil və mən də bu sətirləri məmnuniyyətlə yazmıram…

Kiyevin varyaqlara heç bir dəxli yoxdur: onlar hazır şəhər tutdular. İşğal tarixini şəhərin bina olunması tarixi etdilər. X əsrdə boynu kündəli, ayağı qandallı gələn slavyanların Kiyevi özlərinin saymağa heç ixtiyarları yoxdur. İlk rus salnaməçiləri şəhərin qədim tarixini bilirdilər, buna görə də sonrakı hökmdarlar bu tarixi cidd-cəhdlə salnamələrdən sildirir, tələf edirdilər.

IX əsrdə hamı yaxşı bilirdi ki, kiyevlilər qədimdən türkcə danışıblar, çünki onlar türk-qıpçaq olublar. Kiyev türkcədə “kürəkən yurdu” demək olub (Kiy “göy”, “kürbəkən”, ev “eb”, “ev” T.H.).

Görünür, məskunlaşma V əsrə aiddir, ya paytaxt olub və ya daha əvvəlcə Ukrayna5 xaqanlığının gömrük şəhəri olub. Kiyevin hakimləri xaqan adlanıblar.

Qonşu Avarıstan, Böyük Bulqarıstan və Xəzəristanın da hakimləri xaqan titulu daşıyırdılar. Axı bu xaqanlıqların hamısı Dəşti-Qıpçaq (Qıpçaq çölü) ölkəsini təşkil edirdi.

Çöl ölkəsi sovet ensiklopediyasında yazıldığı kimi XI əsrdə yox, məhz IV əsrdə meydana çıxır. Xalqların Böyük köçünün nəticəsində yaranan bu ölkə XVIII əsrə qədər yaşayıb.

Niyə Ensiklopedik lüğətdə indiki Rusiya ərazisinin yarısından çoxunu təşkil edən bu ölkə haqqında belə miskin məlumat verilir. XI-XV əsrlərin ərəb və fars mətnlərində İrtış çayından Dunaya qədər, Krımdan Böyük Bulqara qədər qıpçaqların at səyirtdikləri bu ölkənin adı “DəştiQıpçaq” adlandırılır. Bu ölkə XIII əsrdə monqol-tatarlar tərəfindən tutulur. XVI-XVIII əsrlərdə “Dəşti-Qıpçağın” ancaq şərq hissəsi (indiki Qazaxıstan ərazisi) öz əvvəlki adı ilə adlanır.

Bax beləcə məlumatlar var.

5.Ola bilər ki, şəhərin adı “qıy", “kiy" sözundəndir. Bu da türkcədir, məhz türkcədir' “hüdud”, “sərhəd”, “qıraq” mənalarını verir. V əsrdə şəhər gömrük mövqeyində idi, sərhəd, qurtaracaq idi. Görünür, həmin türkcə məna slavyancaya “okraina" (kənar, qıraq) tərcümə olunmuş və ölkəyə Okraina deyilmiş, sonra Ukraina (ukrayna şəklini almışdır).

Ücretsiz ön izlemeyi tamamladınız.