Kitabı oku: «Ürəyimdən kimlər keçdi», sayfa 3
Akademik Milli Dram Teatrında İlyas müəllimin “Mahnı dağlarda qaldı” tamaşasındakı o böyük anşlaq yaxşı yadımdadı. Biz universitet tələbələri də böyük həyəcanla tamaşanı izləyirdik. Bir gözümüz də lojada oturub gözlərini səhnədən çəkməyən İlyas müəllimdə idi. Biz o anda xoşbəxt idik ki, İlyas müəllim kimi yüksək mədəniyyətli bir yazıçı-dramaturqun müasiriyik. Biz onun “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda”, “Şeyx Xiyabani”, “Xurşidbanu Natəvan” pyeslərinin tamaşasına baxanda da həmin o hisləri keçirmişik. Böyük yazıçının Sovet dövründə “Sən həmişə mənimləsən” pyesinin tamaşasında Arazın o tayına müraciətlə deyilən sözlər o zaman bizi çox həyəcanlandırır, Cənub həsrətimizi bir az da alovlandırırdı.
İlyas müəllimin hər bir yazısından, xüsusilə “Geriyə baxma, qoca”, “Üçatılan” kimi əsərlərindən bizim qəlbimizə milli qürur, milli və bəşəri hislər süzülüb.
Yadımdadı, İlyas müəllimin “Geriyə baxma, qoca” romanı “Yazıçı” nəşriyyatında çapa hazırlanırdı. Əsərin korrekturasını vərəqləyən nəşriyyatın direktoru Əjdər Xanbabayev üzündə qəribə bir təbəssüm, çox mənalı şəkildə:
– İlyas müəllim romanına çox gözəl ad seçib. Allah bilir, ürəyində “Geriyə baxma, qoca” deyəndə nəyi nəzərdə tutur. Çoxmənalı addı. Düşündürəndi, – dedi.
Sonralar – 80-ci illərdə “Yazıçı” nəşriyyatında İlyas müəllimin altı cildliyi nəşr olunurdu. Bir gün nəşriyyatın bədii ədəbiyyat redaksiyasına getmişdim. Baş rəssamın stolunun üstündə İlyas müəllimin əllə çəkilmiş kiçik bir portretini gördüm. Baş rəssam Etiram Lazımovdan soruşdum ki, İlyas müəllimin bu şəklini kitabda verəcəksiniz? Dedi, yox, elə-belə çəkmişik. Dedim:
– Etiram, şəklin arxasını yaz, yadigar olaraq İlyas müəllimin özünə göndərək.
Etiram şəkli səliqəyə salıb, arxasını yazıb mənə verdi. Mən İlyas müəllimin həmin portretini kitabının redaktoru Cavad Zeynalla ona göndərdim.
İlyas müəllim artıq çoxdan əbədiyyətə qovuşub. Ancaq onun yazdıqları unudulmaz və əbədidir. Onun əsərlərini oxuyacaq hər bir nəsil üzündə nurlu təbəssüm, mənalı bir ovqatla deyəcək: “Unuda bilmirəm”.
* * *
“Yazıçı” nəşriyyatının daimi və maraqlı müəlliflərindən biri də unudulmaz Qulam Məmmədliydi. Yaşı səksəni keçmiş (25 mart 1897-ci ildə Təbrizdə anadan olmuşdu) görkəmli publisist, teatrşünas, salnaməçi Qulam Məmmədli ensiklopedik yaddaş sahibi idi.
Mən onunla 1980-ci ilin əvvəllərində “Yazıçı” nəşriyyatında şəxsən tanış olmuşdum. Onun vaxtilə Aşqabad Azərbaycan Teatrında həvəskar aktyor kimi çalışdığını biləndə təklif etdim ki, radioda Aşqabad Azərbaycan Teatrı ilə bağlı veriliş hazırlayım, o da öz xatirəsini danışsın. Fikrimlə razılaşdı. Mən onun canlı danışığının lentin “yaddaşına” köçməsini istəyirdim. Bu niyyətlə respublika radiosunun incəsənət şöbəsinin böyük redaktoru İntiqam Mehdizadə ilə danışdım. İntiqam müəllim fikrimi bəyəndi, verilişin mətnini və proqram üçün annotasiyanı redaksiyaya təqdim etməyimi tapşırdı.
Nəhayət, verilişin efirə gedəcəyi vaxt dəqiqləşdi və mən Qulam Məmmədli ilə radioya getdim. Verilişə yarım saat vaxt ayrılmışdı. Qulam müəllimin təkcə elə öz xatirəsi yarım saata ancaq sığardı. İntiqam Mehdizadə sənətə və sənətkara qiymət verən yaradıcı insandı. Mən fürsət tapıb ona dedim ki, Qulam müəllim danışarkən ona vaxt məhdudiyyəti qoymayın, ürəyi istədiyi qədər danışsın, gələcək nəsillər üçün fondda saxlayın.
İntiqam müəllim razılığını bildirdi və mən Qulam müəllimlə mikrofon arxasına keçdim. Mən qabaqcadan Qulam müəllimin söylədiklərini makinada yazdırmışdım. Mətni onun qarşısına qoydum ki, oxusun. O:
– Mən şifahi danışacağam, mətni oxusam, karıxaram, deyib gözləri yarıyumulu halda yarım saata qədər karıxıb eləmədən Aşqabad Azərbaycan Teatrı ilə bağlı xatirələrini danışdı. Bu veriliş 8 iyul 1980-ci ildə saat 21.40-da respublika radiosunda səsləndi. Veriliş də, Qulam müəllimin çıxışı da bütövlükdə radionun Qızıl fondunda saxlanıldı. Elə həmin ildə “Elm və həyat” jurnalının 7-ci sayında “Aşqabad Azərbaycan Teatrı” adlı məqaləm çap edildi. Bir gün nahar fasiləsindən qayıdarkən dedilər ki, Qulam Məmmədli səni otaqda gözləyir. Doğrusu, şöbəyə bir qədər nigarançılıqla girdim. Görüşüb hal-əhval tutduq. Məlum oldu ki, Qulam müəllim jurnalda adını çəkdiyim məqaləni oxuyub, məni təbrik etmək və fikir bölüşdürmək üçün nəşriyyata gəlib. O, Aşqabadda Azərbaycan teatrının bağlanaraq onun bazası əsasında Türkmənistan Dövlət Opera və Balet teatrının yarandığını məqaləmdən öyrəndiyini söylədi.
Qulam Məmmədli “Yazıçı” nəşriyyatının ən fəal müəlliflərindən idi. O, elə vacib məsələlərdən, elə tarixi şəxsiyyətlərdən yazırdı ki, nəşriyyatın rəhbərliyi onu get-gələ salmırdı. Onun “Azərbaycan teatrının salnaməsi” (2-ci hissə), “Cavid ömrü boyu”, “Üzeyir Hacıbəyov – həyat və yaradıcılığının salnaməsi”, “Nəriman Nərimanov” kitabları mənim redaktoru, daha sonra müdiri olduğum klassik ədəbiyyat və folklor redaksiyasında nəşrə hazırlanırdı. Bir dəfə ondan bu qədər zəhmət, səriştə tələb edən salnamələri fasilə vermədən necə yazıb başa gətirməsinin “sirrini” soruşdum. O, nəşri vacib olan bu kitabların üzərində eyni vaxtda işlədiyini söylədi. Günü arxivlərdə, kitabxanalarda keçən Qulam Məmmədli millətimizin bəxtinə yazılmış əlifba müxtəlifliyinin – ərəb, latın, kiril qrafikalarında çap olunmuş dövri mətbuat səhifələrindən gərgin araşdırmalar nəticəsində çoxsaylı salnamələr ortaya qoymuşdu. Mirzə Cəlildən, Hüseyn Caviddən, Üzeyir Hacıbəylidən, Nəriman Nərimanovdan, Hüseyn Ərəblinskidən, Cahangir Zeynalovdan, Abbas Mirzə Şərifzadədən bəhs edən bu salnamələrin hər biri millətə örnək olası şərəfli ömürnamələrdir.
İkinci Dünya Müharibəsində İranda çıxan “Vətən yolunda” qəzetində ədəbi işçi olmuş Qulam Məmmədli Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi. Onun cəfakeşliyinin şahidi olan xalq yazıçısı Qılman İlkin müsahibələrinin birində demişdi: “İranda olduğu müddətdə Qulamın baş çəkmədiyi bir kitabxana və ya kitab mağazası qalmamışdı. Həmişə axtarışda idi. Nəticəsi də pis olmadı. Möcüz və Heyran xanım kimi şairləri xalqımıza ilk dəfə o tanıtdı. Əsərlərini ilk dəfə o çap etdirdi. Qulam Cənubi Azərbaycanın, demək olar ki, bu başından vurub, o başından çıxmışdı” (“Həyatım ağrıyır” toplusu, Bakı, “Təhsil”, 2013, səh.176).
Qulam Məmmədli həm də lətifələr söyləməyi sevirdi. Bu ucaboylu, cüssəli, zəhmətdən usanmayan dəyanətli kişinin həm də yaxşı yumor hissi vardı. Bir dəfə o, nəşriyyata gələrkən pilləkəndə qarşılaşdıq. Ayaq saxlayıb nəfəsini dərdi. Bilirdim ki, indi əhvalımızı tarazlamaq üçün kiçik də olsa bir lətifə söyləyəcək. Doğrudan da, belə oldu. Gözündəki qalın şüşəli eynəyini düzəldib dedi:
– Bir nəfər papağının üstündən başını qaşıyırmış, yanındakı bunu görüb ona irad tutur:
– Ə, başını niyə papağın üstündan qaşıyırsan, papağını çıxart, adam kimi başını qaşı də.
Papaqlı halını pozmur:
– Ə, sən yanını qaşıyanda şalvarını çıxarırsan?
Güldüyümü görüb:
– Bəsdi, yoxsa birini də söyləyim, – dedi.
– Qulam müəllim, belə fürsət ələ düşməz. Birini də söyləyin, – dedim.
– Qazının arvadı hamama gedir. Görür ki, qadınların hamısı lümlüt, anadangəlmə olub çimirlər. Evə gələndə ərinə deyir ki, hamama getmişdim, abrım getdi.
– Niyə?
– Arvadların hamısı lümlüt idi. Bir qərar çıxart, sabahdan qadınlar hamama gedəndə fitə ilə çimsinlər.
Qazı deyir:
– Baş üstə!
Qazı göstəriş verir ki, qadınlar bu gündən hamama gedəndə fitə ilə çimsinlər. Qazının arvadı növbəti dəfə hamama gedəndə görür ki, qadınların hamısı bellərinə fitə bağlayıb, amma kisəçi belinə fitə əvəzinə qurşaq. Kisəçidən soruşur ki, bu nədi belə belinə bağlamısan? Kisəçi deyir:
– Ağzı yumulmuş qazının ağzını bağlıyacağam.
Qulam Məmmədli ilə yazıçı-jurnalist Rza Şahvələdin zarafatları varımış. Baxmayaraq ki, aralarında on iki yaş fərq vardı. Rza Şahvələd Qulam Məmmədlidən yaşca kiçik olsa da yaşlı həmkarı ilə dostluq edirmiş. Onların bu dostluğu “Kommunist” qəzetində birgə çalışdıqları vaxtdan başlayıbmış.
Bir gün “Elm və həyat” qəzetinin baş redaktoru Rza Şahvələd Mərkəzi Komitənin binasından çıxanda bir tanışı ilə qarşılaşır. Tanışı ondan soruşur ki:
– Xeyir ola, Mərkəzi Komitədən gəlirsən?
– Xeyirdi. “Neftçi” futbol komandasının məsələsi müzakirəyə qoyulmuşdu.
– Nəyə görə?
– Komandaya yaxşı bir qapıçı lazımdı. Ucaboy, cəld, çevik bir adam.
– Tapdınızmı?
– Əlbəttə. “Neftçi”yə Qulam Məmmədlidən gözəl namizəd ola bilməz. Ondan ucaboy adam var?! Dərhal razılaşdılar.
Dostunun bu zarafatı yumoru sevən Qulam Məmmədlinin özünə də ləzzət eləyibmiş. Qarşısına çıxan dost-tanışına özü danışıb gülərmiş.
Qulam Məmmədli iki dəfə evlənmişdi. O, birinci evliliyinə də yumorla yanaşırdı. Deyirdi ki, evə gələndə arvadımı qadın qohumları arasından axtarıb tapa bilmirdim.
Qulam Məmmədlinin ikinci ailə həyatı isə uğurlu olub. O, Saratovda olanda özündən yaşca xeyli kiçik Lida adlı bir qızla tanış olur. Onlar bir-birinin xasiyyətinə bələd olduqdan sonra evlənirlər. Lida xanımın atası rus, anası isə alman mənşəli idi.
İndi günü, ayı dəqiq yadımda olmasa da, xəstə olduğu üçün nəşriyyata gələ bilmədiyinə görə, onlara getdiyim yaxşı yadımdadır. Xanımı Qulam müəllimin əyilib yerdən nəsə götürməsinə belə icazə vermirdi. Onun qayğısına elə qalırdı ki… Şübhə etmirəm ki, Qulam Məmmədlinin mənalı və uzun bir ömür yaşamasının Allahdan başqa bir səbəbkarı da arvadı Lida xanım idi.
Eşitdiyimə görə, müstəqillik illərində Lida xanım qızı ilə Almaniyaya getmiş, orada dünyasını dəyişmişdir. Çox ibrətamiz haldır ki, Qulam müəllimin qızı anasının nəşini Almaniyada torpağa tapşırmayıb, Vətəni Azərbaycana gətirmişdir. Əlbəttə, bu, nəciblikdən, vətənə bağlılıqdan doğan unudulmaz bir nümunədir.
Rza Şahvələd 1984-cü il iyulun 2-də, Qulam Məmmədli isə 1994-cü il noyabrın 18-də dünyalarını dəyişib. Göründüyü kimi, yaş fərqləri olduğu kimi, əcəl fərqləri də kifayət qədərdi. Burada bəndəlik bir iş yoxdu, ömrü verən Tanrıdı, birinə çox, birinə az. Əsas əməldi. İnsan ömrü yaşla deyil, əməllə ölçülür, xeyirxah əməllə!
1984-cü ildə “Yazıçı” nəşriyyatında Vidadi Babanlının redaktorluğu ilə Rza Şahvələdin “Qonşu qardaşlar” adlı hekayələr kitabı çap olundu. Mən Rza Şahvələdlə nəşriyyatda heç vaxt rastlaşmamışdım. Bilmirəm sonuncu kitabını görmək ona qismət oldu, yoxsa yox. Onun Üzeyir Hacıbəylinin ömrünün axır çağını əks etdirən “Son görüş” essesini isə, bu kitabdan öncə dostu Qulam Məmmədlinin “Üzeyir Hacıbəyov” salnaməsində oxumuşdum. Kiçik, amma çox dəyərli olan bu yazını burada oxuculara təqdim etmək istəyirəm:
“Səməd ağır, asta addımlarla içəri keçdi. Yataq otağının qapısı açıq idi. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Qəmgin və tutqun idi. Səməd özünü tox göstərməyə çalışaraq addımlarını bir az yeyinlətdi. Çalışdı ki, şən və sərrast yerisin, çünki xəstənin çox sayıq və həssas olduğunu bilirdi; adamın ürəyini üzündən oxuyardı. Yatağına yaxınlaşdıqda Üzeyir qalxıb ona əl vermək istədi, bacarmadı. Xəfif bir təbəssümlə gülümsəyərək həsrət və istəklə Səmədin üzünə baxdı:
– Şair, gəldin. Ah, oğul, könlüm səni necə istəyirdi, bilsən!..
Səmədin alnına soyuq tər gəldi. Qəlbi titrədi. Həyəcanını boğmağa çalışaraq onun soyuq əllərindən öpdü:
– Necəsiniz?
– Görürsən də… – susdu. Qaşlarını azacıq yuxarı dartaraq daha mülayim və sakit halda, – Yox, deyəsən, vaxtdır, – dedi. – Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? – Gözlərini bir nöqtəyə dikərək asta-asta öz sualına cavab verdi, – Köçmək gərək bu darfənadan yavaş-yavaş…
Səmədin ürəyi hüznlə sızladı. Artıq özünü saxlaya bilməyib, dizi üstə yerə çökərək onun taxtını qucaqladı və uşaq kimi ağlamağa başladı. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayıb dərindən köksünü ötürdü, bir az sakit və aramla:
– Yox, yox, vaxtdır, – dedi, – köçmək gərək, köçmək bu darfənadan yavaş-yavaş!..
İbtidai təhsilini mollaxanada alan, sonra Bakı teatr texnikumunu bitirən Qulam Məmmədlinin gördüyü işlərin miqyasını bir institut kollektivinin əməyi ilə müqayisə etmək olar. Onun salnamələrinin dəyəri zaman keçdikcə nəinki azalacaq, əksinə, daha da artacaqdır.
* * *
Mən bu yerdə insan psixologiyasının mənzərəsini canlandırmaq üçün bir qədər nəşriyyat işindən, hörmətli yazarlarımızdan ayrılıb, diqqəti 17 il Sovet İttifaqına rəhbərlik etmiş Baş katib L.İ.Brejnevə yönəltmək istəyirəm. Baş katib lütfkarlıq edib üç dəfə – 1970, 1978 və 1982-ci illərdə Bakıya gəlmişdi. Onun sonuncu səfəri oktyabr ayına təsadüf edirdi. Doğrusu, bu səfərin günü yadımda qalmayıb, amma Brejnevin çuğunduru xatırladan şişkin sifəti indi də gözlərim önündədi. Mən “26 Bakı Komissarı” (indiki “Sahil”) metrostansiyasından çıxıb işə getməliydim. Yolu keçərkən bir milis işçisi yolun ortasından məni geri qaytarmaq istədi, bu vaxt cavan milis serjantı bizə yaxınlaşıb məni yolun o üzünə keçirtdi.
– Mustafa müəllim, məni tanımadın?
– Bağışlayın, tanıya bilmədim.
– Mən sizin kəndçiniz Tapdıq kişinin oğlu Akifəm.
Mən bu tanışlıqdan çox şad oldum. İllər ötdü, o zaman kiçik serjant olan həmkəndlim Akif Abışov polkovnik rütbəsinə qədər yüksəldi.
Adamlar Kirov prospekti boyu düzülmüşdülər. Bəlli oldu ki, Baş katib gəlib bu prospektdən keçəcək. Təbii, mən də yol kənarında dayanmış adamlara qoşuldum. Döşü daim orden-medalla dolu olan qalın qaşlı Baş katibin yolunu xeyli gözlədik. Və birdən canlanma yarandı, Baş katibin karteji orta sürətlə gəlib yanımızdan keçdi. Maşının pəncərəsindən onun hər gün şərab içən adamlara xas qızartdaq sifətini və kütləni salamlayan əlini gördüm. Baş katib keçib gedəndən sonra camaat hərəkətə gəldi və az vaxtda hərə çıxıb öz işinin dalınca getdi. Mən də işə tələsdim. O anda yadıma Vaqif Səmədoğlunun söylədiyi lətifəyə bənzər bir əhvalat düşdü. Vaqif danışırdı ki, Çar Rusiyasının zamanında general Yermolov Şamaxıya gələcəkmiş. Buna görə əhali generalın pişvazına çıxıbmış. Nəhayət, meydanın baş tərəfindən Yermolovun faytonu görünür. Generalı gətirən fayton camaatın toplaşdığı meydanı dolanaraq geri dönür. Yermolov da kimsəyə bir söz demədən camaata çəp-çəp baxıb çıxıb gedir. Şamaxılıların arasında olan şair Seyid Əzim Şirvani bu mənzərəni görüb bədahətən deyir:
Əhli-Şirvan, neçə il yoluna göz dikdiyimiz,
Bilməm niyə gəldi, niyə getdi
Bu filan-filan etdiyimiz.
Bu həmən general Yermolov idi ki, böyük rus şairi Puşkin “Dayan, Qafqaz, Yermolov gəlir üstünə!” yazaraq qürrələnmişdi. Puşkindən söz düşmüşkən, bizə universitetdə rus ədəbiyyatından dərs deyən unudulmaz Şamil Qurbanov o qədər sakit bir təhkiyəylə, vurğunluqla danışardı ki, biz hökmən haqqında danışılan kitabı tapıb oxumağa can atardıq. Şamil müəllim A.S.Puşkinin yaradıcılığından danışarkən onun “Ərzuruma səyahət” əsərindən də bəhs etmişdi. Puşkinin “Ərzuruma səyahəti”ni tapıb oxuyanda şairin Qarsın 20 verstliyində olan bir türk kəndində etdiyi hərəkət məndə pis təəssürat doğurmuşdu. Puşkin yazır: “Atdan sıyrılıb birinci daxmaya girmək istədim. Lakin qapıda ev sahibi görünüb deyinə-deyinə məni itələdi (bəs neyləməliydi, şair? – M.Ç.). Mən onun bu pişvazına qamçı ilə cavab verdim. Türk çığırmağa başladı, camaat yığışdı. Bələdçim gərək ki, məni müdafiə edirdi. Mənə bir karvansara göstərdilər”. (A.S.Puşkin. Seçilmiş əsərləri. 1 cild. “Avra-siya press”, B. 2006, səh. 259).
Növbəti dərsdə Şamil müəllimə “Ərzuruma səyahət” əsərini oxuduğumu, ancaq onun ev sahibini qamçılamasını bəyənmədiyimi bildirdim. Hansı haqla belə edib, şairə yaraşarmı?
Şamil müəllim bir qədər düşünüb dedi:
– Doğrudur, amma həqiqəti olduğu kimi yazdığı üçün bağışlamaq olar.
Əlbəttə, səhvsiz insan yoxdur. Bəzən böyük bir şəxsiyyətin adi bir zarafatı ona baha başa gəlir. Mən A.S.Puşkinin ölümünə səbəb olan belə bir zarafat haqqında Telman Orucovun “Ömürdən fraqmentlər” əsərində oxudum. Müəllif yazır: “Mən sənətşünas İ.Zilberşteynin tədqiqatlarından oxudum ki, A.S.Puşkin bir ağılsız zarafatı ilə onu məhvə aparan hadisələrin bünövrəsini qoymuşdur. Belə ki, şair ballarda, ziyafətlərdə gözəl qızların xahişinə əməl edib, onların albomlarına bədahətən şeirlər yazarmış və bu kiçik parçalar onun lirik poeziyasının inciləri hesab olunur. Bir dəfə atası portuqaliyalı olan İdaliya Poletika adlı gözəl, lakin lovğa bir qız öz evlərindəki balda Puşkindən albomuna şeir yazmağı xahiş edir və şair məmnuniyyətlə razılıq verir. Albomun vərəqində gözəl bir şeir yaranır və cavan, şux qız fəxrlə bunu bütün qonaqlarına göstərir. Birdən kimsə şeiri oxuyanda bərkdən gülür və barmağını albomdakı hansısa sözə uzadanda hamı gülməyə başlayır. Onun sahibi qız barmağın işarəsinə baxanda, müəllifin imzasının altında tarixi görür, burda 1 aprel yazılmışdı. Deməli, qızın gözəlliyini vəsf edən şeir həqiqətdən uzaq imiş və şair acı istehza ilə belə tarix qoymuşdu. Açıq təhqir olunduğunu hiss edən qız qəzəbdən alışıb-yandı və şairdən qisas alacağına söz verdi. Məhz, İdaliya Poletika şairin arvadı Natalya Qonçarova ilə Dantesin arasındakı yaxın münasibətlərin təşəbbüsçüsü və vasitəçisi olmuş və bu tarixçə Puşkinin dueldə Dantes tərəfindən öldürülməsi ilə başa çatmışdı. Bu qəzəbli qadın Puşkinin ölümündən sonra uzun müddət yaşadı və Odessada şairə ilk heykəl qoyularkən bu qoca adam hamının gözü qarşısında heykələ tüpürmüşdü”.
Sən bir insan nifrətinin nəhayətsizliyinə bax. Yəni bu qədər kinli olmaq olar? Dəyərmi?! İnsanın içi çürüməzmi?
Nəsə, bir qədər mətləbdən aralı düşdük. Hörmətli L.İ.Brejnev də lütfkarlıq eləyib Bakıya gəlmişdi. Gəlişiylə bizi sevindirmişdi. Amma Baş katib Respublika Sarayında çıxış edəndə işləri əməlli-başlı korladı. Mətni oxuyarkən Azərbaycanı Əfqanıstan adlandırdı. Baş katibin bütün dünyaya yayımlanan bu çıxışını tutub qəfəsə salmaq mümkün olmadı, “quş” uçmuşdu. L.İ.Brejnevin o gecəki çıxışından xalqın yaddaşında sonradan lətifəyə çevrilmiş “Şiroko şaqayet Azerbaydjan!” kəlamı qaldı. Əlbəttə, onda günah yoxdu, səbəb qocalıqdaydı. Sistemdəydi ki, ağzı söz tutmayan, yorğun qocanı o boyda vəzifədə saxlayırdılar. Heç bir vəzifə daşımayan Qasım bəy Zakir də bu barədə yaxşı demişdir: “Yoxdu bir özgə qəmim, fikrü xəyalım qocalıq”. L.İ.Brejnevin də, yəqin ki, Bakıya sonuncu oktyabr səfərində qocalıqdan özgə bir qəmi yox idi.
Xanımlardan biri böyük ədibimiz Süleyman Rəhimova salam verib halını soruşur. Yazıçı da deyir ki, necə olacağıq, qocalırıq. Xanım deyir ki, Süleyman müəllim, qocalığı boynunuza almayın.
Süleyman Rəhimov da cavabında deyir:
– Mən almıram, qocalıq özü gəlib boynuma minir.
Nəsə, L.İ.Brejnev Moskvaya qayıdandan sonra çox yaşamadı, 1982-ci il 10 noyabrda vəfat etdi. Onun dəfni televiziya ilə bütün dünyaya yayımlandı.
Fasilədən sonra işə qayıdırdım. Liftə çatmışdım ki, nəyinsə yuxarı mərtəbədən pilləkən boyu tutacaqların arası ilə taqqıltı salaraq aşağı gəldiyini gördüm. Bir qədər kənara çəkilib gözlədim, elə bu vaxt ayaqlarım altına çərçivəyə alınmış böyük bir portret düşdü. Hələ qəbirdə beyin hüceyrələri tamam ölməyən L.İ.Brejnevin sulu boya ilə çəkilmiş portretini ayaq altından götürüb divara söykədim. L.İ.Brejnev portretdən mənə baxırdı. Sanki deyirdi: insanın vəfasızlığını görürsən, qardaş. Portretə baxa-baxa müdrik Qurban Pirimovun – məclislər yola vermiş tarzən Qurban dayının – tez-tez təkrar elədiyi məşhur kəlamı yadıma düşdü: “Çalış ölmə, öldün qurtardı!” Qurban dayının sözündə haqq var, bəzi dirilər ölülərdən də əl çəkmir, elə bil qəbirdə yatan bunların geniş yerini dar edir.
O gün L.İ.Brejnevin portretini kabinetindən çıxartdırıb küçəyə atdıranlar, unutmuşdular ki, sabah onun yerinə başqa birisinin portretini başı üstə asmağa məhkumdu.
Bir həqiqət var ki, nə qədər çətin olsa da, insan gərək oturduğu vəzifə stolunu vaxtında qalxıb tərk etsin. Onda xalq yanında daha urvatlı olar.
* * *
Yuxarıda dediyim kimi, Seyfəddin Dağlı, Vaqif Səmədoğlu, Azər Əbilbəyli, Ulduzə Sadıqova klassik ədəbiyyat və folklor şöbəsinin əməkdaşlarıydılar. Ulduzə Sadıqova rusdilli olduğu üçün kiçik redaktor vəzifəsini yerinə yetirirdi. Azər Ədilbəyli bədii yaradıcılıqla da məşğul idi. “Müəllifin ilk kitabı” seriyasından bir nəsr kitabı da nəşr olunmuşdu. Bizim şöbəyə korrekturadan keçmişdi. Redaktorluğa o qədər də məhəbbətli deyildi. Kinostudiyada işləmək, ssenariləri əsasında bədii filmlər çəkdirmək eşqindəydi. Mən onun arzusuna hörmətlə yanaşsam da, bədii film çəkdirmək sevdası başa gələn məsələ deyildi. Ancaq ruhdan salmaq istəmədiyimdən, ürəyimdən keçənləri ona demirdim.
Bir gün redaksiyamıza ucaboylu bir oğlan gəldi. Şair Qəşəm İsabəyli ilə həmin gün tanış olduq. Məlum oldu ki, şöbə müdirimiz Məmməd İsmayılla kinostudiyada bir yerdə işləyiblər. Arada Qəşəm Məmmədlə pıçıltı ilə danışanda mən otaqdan çıxdım ki, bəlkə sözləri var.
Bir qədər dəhlizdə gəzindikdən sonra otağa qayıtdım, Məmməd gülümsəyərək:
– Bu işi ancaq Mustafa yoluna qoya bilər, – dedi.
– O nə işdi elə?
– Qəşəm nəşriyyatda işləmək istəyir.
– Çox gözəl, – dedim, – ancaq bu işdə bir köməyim dəyə bilər. Nəşriyyatda çalışan yoldaşımızdan biri nə zamansa kinostudiyada işləmək arzusundadır.
– Kimdir?
– Məmməd müəllim, onunla danışaram, yer dəyişməyə razı olarsa, kimliyini deyərəm. Ondan sonra rəhbərliklə özünüz danışarsınız.
Razılaşdıq. Mən bu barədə fikrimi Azər Əbilbəyliyə danışdım. Kinostudiyaya getməyə dərhal razı oldu. Beləliklə, Qəşəm İsabəyli “Yazıçı” nəşriyyatiına gəldi, Azər Əbilbəyli isə kinostudiyaya getdi və bəri başdan deyim ki, orada heç bir uğur əldə edə bilmədi. Qəşəm İsabəyli isə, universitetin coğrafiya fakültəsini bitirsə də, nəşriyyat sahəsinə pillə-pillə irəlilədi. 1982-ci ildə, “Yazıçı” nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində fəaliyyətə başladığı ərəfədə onun “Gənclik” nəşriyyatında “Balaca – bapbalaca” adlı 72 səhifəlik bir kitabçası nəşr olunmuşdu. Onun mənə bağışladığı bu ilk kitabın adını daşıyan şeirindən xoşum gəlmişdi.
Balaca – bapbalaca,
Balaca bir toxumdum.
Balaca – bapbalaca,
Mən torpağa toxundum.
Balaca – bapbalaca.
Gün çıxdı, yer isindi,
Balaca – bapbalaca.
Bir az da yerə sindim,
Balaca – bapbalaca.
Yerdən, günəşdən yedim,
Balaca – bapbalaca.
Bir səhər də göyərdim,
Balaca – bapbalaca.
Torpağa kök salmışdım
Balaca – bapbalaca.
Lap göyə ucalmışam,
Balaca – bapbalaca.
Qəşəm İsabəylinin ilk redaktə işlərindən biri Molla Cümənin “Seçilmiş əsərləri” oldu. Kitabın tərtibçisi və ön sözün müəllifi APİ-nin professoru Paşa Əfəndiyev idi. Molla Cümənin şeirlərini 1966-cı ildə ilk dəfə toplayıb çap etdirən də Paşa Əfəndiyev olmuşdur. Doğrudan da, həyatda qəribə təsadüflər olur. Elə bil insanlar arasında gözəgörünməz tellər var. Biz bu cür işlərə çox vaxt “ürəyədamma” deyirik. Bəzən, elə bil kimsə gözə görünmədən sənə pıçıldayır ki, bu yolla getmə, filan işi etmə. Əlbəttə, əksər vaxt biz bu ürəyədammalara əhəmiyyət vermirik, bildiyimiz kimi edirik. Başımıza bir iş gələndə isə, sən bir işə bax, deyirik, ürəyimə dammışdı ey, şeytan məni yolumdan azdırdı.
Molla Cümənin kitabını çapa hazırladığımız vaxtda bizim ağlımıza hardan gələ bilərdi ki, Şəkinin adi bir vətəndaşı onun əlyazmasını tapıb nəşriyyata gələcəkdir.
Dediyim kimi, Molla Cümənin şeirlərinin oxunuşu başa çatdığı bir vaxtda şöbənin qapısı açıldı, bir kişi içəri girib salam-kalamdan sonra ərəb əlifbası ilə yazılmış bir yığın əlyazmanı qoydu stolun üstünə. Məlum oldu ki, Molla Gümənin əlyazmasını Şəkidə bir din xadimindən əldə etmişdir. Bu barədə nəşriyyatın rəhbərliyini də xəbərdar etdik. Paşa Əfəndiyev də məsələdən agah oldu. Professor şəkili Şərif İdrisovun gətirdiyi əlyazma ilə tanış olduqdan sonra bu şeirlərdən də kitaba əlavələr edildi. Paşa Əfəndiyev kitaba yazdığı ön sözdə qısa da olsa, bu məsələyə toxunaraq yazır: “Şifahi dildən yazıya alınan şeirlərin, demək olar ki, əksəriyyəti bizdə olan əlyazmalarında var: özü də daha tamdır. Şərif İdrisov Molla Cümənin əlyazmasını da əldə etmişdir. Həmin əlyazmada olan bir sıra şeirləri kitaba daxil etməyi lazım bildik”.
Onu da deyim ki, hörmətli professor kitabda Şərif İdrisovun toplayıcı kimi adının getməsinə də etiraz etmədi. Şərif İdrisovun təqdim etdiyi şeirlər kitabında – “Müxəmməs, müsəddəs, müsəbbə, tərcibənd, zəncirləmə, dübeyiti, misal, deyişmə” başlığı altında verildi.
Burada Molla Cümənin Şərif İdrisovun təqdim etdiyi müxəmməsindən bir bəndi oxuculara ərməğan edirəm:
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə,
Dərdin artmış dəryadan, etməz əlac loğman sənə,
Yanğılısan ol qədər, kar eləməz ümman sənə,
Ah çəkib ağlagilən, gəlibdir bir mehman sənə,
Şirindən olsun əmin, vacibdir yüz qurban sənə,
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?!
Dahi Nizami Gəncəvi deyir ki, insan qəlbinin soltanı Allah olsa, o insanın bu dünyası və axirəti bayram olar. Çox şükür ki, mənim də qəlbimin sultanı Yaradanımızdı, könlümdə şeytana yer yoxdur. Allahın ruhuma köçürtdüyü nəcib duyğuların təsiri ilə təmasda olduğum, bir yerdə işlədiyim insanları – pislikləri, naqislikləri unudaraq – xoş xatirələrdə yad edirəm. Dahi İbn Sina yazır ki, heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir.
1985-ci ildə çap etdirdiyim “İtirilmiş səs” adlı hekayəmdə obrazın dililə belə bir fikir söyləmişdim: “… insan üçün ölümdən qorxulusu elə budur – təmasda olduğun, dostluq elədiyin adamın səsini itirməkdi. Çünki sən dostunu, yoldaşını, doğrudan da, cismən itirə bilərsən, səsini isə … Səs evinin artırmasında özünə yuva quran qaranquş kimidi, qaranquş! Əgər sən onun yuvasını dağıtmasan perik düşməz… İndi belədi də, Ağakərim müəllim, sözə qanad verən, sənə ruh verən, könlünü oxşayan o səsi itirmisənsə, nə deyim sənə?!”
Yaradanımıza borcluyam ki, mən heç kəsin yaddaşıma həkk olunmuş səsini, gözümlə çəkdiyim şəklini unutmamışam. Müəlliflərimiz olmuş Əkrəm Cəfəri, Məmmədağa Sultanovu, Kamran Məmmədovu, Bəylər Məmmədovu, Cahid Quliyevi, Mirabbas Aslanovu, Əbülqasım Hüseynzadəni, Əbülfəz Hüseyni, Samət Əlizadəni, Nazim Axundovu, Hüseyn Arifi (onun 1985-ci ildə iki cilddə “Seçilmiş əsərləri” bizim şöbədə oxunmuşdu), Həmid Məmmədzadəni, Turan Cavidi, Bayram Bayramovu, İsmayıl Şıxlını, İsa Muğannanı, Sabir Əhmədlini, Asif Atanı, Akif Hüseynovu, Ələviyyə Babayevanı, Əzizə Əhmədovanı və daha başqa dəyərli insanlarımızı bu gün də yaxşı xatırlayıram.
Yadımdadı, 1981-ci ildə Həmid Məmmədzadə Qulamhüseyn Beqdeli ilə birlikdə Məhəmmədhüseyn Şəhriyarın poema və şeirlərdən ibarət əl boyda bir kitabını tərtib etmişdilər. Mən hörmətli Qulamhüseyn Beqdeli ilə nəşriyyatda heç zaman rastlaşmamışdım, Həmid Məmmədzadə isə şöbəmizə tez-tez gələrdi. Ucaboylu, ciddi bir kişiydi. Kitabın redaktorluğu tərcümə redaksiyasının əməkdaşı şair Ağasəfaya tapşırılmışdı.
Bu kitaba şairin o zaman dillər əzbəri olan “Heydərbabaya salam” poeması da daxil edilmişdi. O vaxtkı gənclik bu poemaya necə vurğun idi, İlahi! Bu poemaya saysız-hesabsız nəzirələr yazılmışdı. O dövrdə Şəhriyarın bu kitabına çox uğurlu bir ad seçilmişdi – “Aman ayrılıq”. İran ərazisinə gediş-gəlişin məhdud olduğu bir dövrdə bu adın ruhumuzda yaratdığı təbəddülat bambaşqaydı:
Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq.
Gözə sovrulan saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!
“Aman ayrılıq” kitabına rəssam Fəxrəddin Əliyev gözəl illüstrasiyalar çəkmişdi.
Professor Həmid Məmmədzadə, gec də olsa, yenidən vətəninə – Cənubi Azərbaycana köçdü. Dəyərli professor orada da Şəhriyarı unutmadı. 1988-ci ildə Tehranda, “Məhəmmədhüseyn Şəhriyar (türk divanı külliyyatı)” kitabını nəşr etdirdi.
O zaman ağlıma da gəlməzdi ki, gün gələcək, “Təhsil” adlı nəşriyyatımız da olacaq, mən də orada çalışacağam və “Məktəb kitabxanası” seriyasından Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını çapa hazırlayıb ön söz yazacağam. Özü də az qala dodaqaltı zümzümə edə-edə:
Heydərbaba, yolum sənnən gəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
* * *
Şöbəmizin istəkli müəlliflərindən biri də professor Əkrəm Cəfər idi. Əkrəm müəllim bizim şöbəyə böyük dramaturqumuz Hüseyn Cavidin qızı Turan Cavidlə gəlmişdi. O zaman Hüseyn Cavidin dördcildliyi nəşriyyatın planına salınmışdı. Dördcildliyin tərtibçisi Turan Cavid, ön sözün müəllifi Məmməd Cəfər, redaktoru, izahların, qeydlərin müəllifi isə Əkrəm müəllim idi. Onlar Hüseyn Cavidin hər kəlməsinin, hər sözünün üstə əsirdilər. Elə ilk tanışlıqda bilmişdim ki, Əkrəm Cəfər Hüseyn Caviddən dərs almışdır. O, unudulmaz müəlliminə böyük ehtiram bəsləyirdi. Ümumiyyətlə, Əkrəm Cəfər və onun yaşıdları olan alimlər Hüseyn Cavidin yaradıcılığının vurğunuydular, yeri gələndə onun şeirlərini, dramlarından müvafiq parçaları, xüsusən İblisin monoloqunu əzbər söyləyirdilər.
İblis!.. O böyük ad nə kadar calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qübbədə, kaşanədə, viranədə İblis!
Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!
Adam Əkrəm müəllimin yaddaşının, zehninin itiliyinə heyran qalırdı. Əkrəm Cəfər mənalı, həm də mürəkkəb bir ömür yaşamışdı. Ərəb, fars, rus və başqa dilləri mükəmməl bilən bu alimi də pantürkizmdə, panislamizmdə və kiril əlifbasına qarşı çıxmaqda günahlandırıb ona 7 il iş kəsmişdilər. Bu minvalla böyük alim nahaqdan vətənindən uzaqlarda 12 il sürgün həyatı keçirmişdi. O, bütün bu haqsızlıqlara sinə gərərək sonsuz həyat eşqini, insanlara olan sevgisini qoruyub saxlamışdı.
Əkrəm Cəfərin redaktəsi ilə Hüseyn Cavidin “Seçilmiş əsərləri”nin I və II cildləri 1982-ci ildə, III və IV cildləri isə 1984-1985-ci illərdə işıq üzü gördü.
Əkrəm Cəfər Azərbaycan əruzşünaslığının əsasını qoymuşdu. O, “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” adlı monumental bir kitabın müəllifi idi. Yadımdadı, Əkrəm müəllim Məhəmməd Füzulinin əsərlərini tərtib edərək nəşriyyata təqdim etmişdi. Kitaba yazılmış müqəddimə, şərh və lüğət də ona məxsus idi. O, ön sözdə tərtibçi olaraq “Seçilmiş əsərləri” hansı prinsiplə tərtib etdiyini belə açıqlamışdı: “Bu nəşrdə Füzuli əsərlərinin janrlar üzrə tərtibinə də diqqət edilmişdir. Birinci sırada klassik ədəbiyyatın ölməz janrı olan qəzəllər, sonra qəzəllə şəkilcə ən yaxın olan qəsidələr, sonra sırası ilə dördlük, beşlik və altılıqlar, daha sonra şəkilcə bunlardan fərqlənən tərci və tərkibbəndlər, bunlardan sonra divan ədəbiyyatı ənənəsi üzrə qitələr, onların ardınca müdrikanə və miniatür janr olan rübailər verilmişdir. Bunlardan sonra “Şikayətnamə”dən qısa parçalar, nəhayət, dahi şairin şah əsəri sayılan “Leyli və Məcnun”un inci qəzəlləri və şairin həyatı, yaradıcılıq yolu ilə bağlı olan parçalar, habelə indiyə qədər geniş oxuculara məlum olmayan məşhur “Hədiqətüs-süəda” əsərindən 72 seçmə şeir bu nəşrə daxil edilmişdir”.
Ücretsiz ön izlemeyi tamamladınız.