Kitabı oku: «Dostlar gözləyir məni / Şeirləri və Poemaları»
Yazı tipi:

ŞER DEMƏK İSTƏYİRƏM…
O dərədən bir çay axır,
Oğlan qıza dönüb baxır,
Ayaqyalın keçir sudan,
Qız dinməyib susur bir dəm.
Bir eşq ilə elə bu an
Şeir demək istəyirəm…
Bir tərlanın uçuşunu,
Ya ceyarnın qaçışını
Öz gözümlə görəndə mən:
Enə sözlə dolur sinəm.
Qüvvət alıb təbiətdən,
Şeir demək istəyirəm…
Qoca ovçu, çıxır ova,
Bir maralı qova-qova
Meşəlikdə itir gözdən…
Ürəyimi sıxır bu qəm.
O maralın haqqında mən
Şeir demək istəyirəm…
Uçuq-sökük qəbristanlıq…
Tutuluram mən bir anlıq:
Bu torpaqda yatır anam,
Baş daşına baş əyirəm…
Gəlib tapır məni ilham
Şeir demək istəyirəm…
Çöllər geniş, kəndlər yaxın.
Öz oğluyam bu torpağın.
Mən keçdikcə bu erlərdən,
Qulaq as gör nə deyirəm:
Könül sevən hər şeyə mən
Şeir demək istəyirəm…
1956
ATALAR
Sənin pasportunda mənim adım var,
doğulduğum ay var, il var, ay ata.
Mənim də maraqlı bir həyatım var,
heç kəs məndən savay bilmir, ay ata.
Sənin pasportunda mənim adım var,
bizi görüşdürdü tale dünyada.
Ancaq ürəyimdə bir nisgil yaşar:
mən ata görmədim,
sən oğul, ata.
Adım yazılacaq mənim də bir vaxt,
oğlumun,
qızımın sənədlərində.
Təzədən dünyada xoşdur yaşamaq,
bizim övladların sinələrində.
Var ol ki, dünyada sən sə, ey ürək,
Həyatı təzədən başlaya bildik.
Bir ömrü
beləcə həsr edə bilsək,
gör, necə ömürdə yaşaya billik
GÜNDÜZLƏR OLSAM DA HARDA, HARDA MƏN
Gündüzlər olsam da harda, harda mən,
Poyluya dönürəm yuxularda mən,
Təzədən analı uşaq oluram,
fikirdən, qayğıdan uzaq oluram.
Qaçıram,
arvadlar baxıb gülüşür,
kəmərim belimdən açılıb düşür.
Təzədən başlanır dirədöymələr,
aşıq, çilikağac… nələr, ay nələr.
Bir qoca bar idi, o, cəvənlaşır,
Ağstafa çayı təzədən daşır.
Kür axır, məcrası dolmur ki, dolmur.
Yuxuda gün çıxır heç axşam olmur.
Hamıyla əl tutub görüşürəm mən,
babamla, nənəmlə öpüşürəm mən.
Anamı tapmıram, ay haray… anam!
Axtara-axtara mən ayılıram.
DÜNYANIN ƏN SAKİT YERİ
Yenə havalıydı divanə könlüm,
nə sənə taleydi, nə mənə könlüm.
Dünyanın ən ucqar, ən sakit yeri,
Qolumun üstüydü səndən ötəri.
Sən dedin beləcə daşa dönəydik,
mən dedim daşa yox, quşa dönəydik.
Uçaydıq, doyunca nəfəs alaydıq,
yerə enməyəydik, göydə qalaydıq.
Üzərrik yandırıb sən düz ataydın,
Qolumun üstündə bir az yataydın.
Sən dedin quş olsaq, bizi vurarlar,
daş olsaq, dəyməzlər, dinc oturarlar.
Mən dedim daş olsaq, görərlər bizi,
götürüb divara hörərlər bizi.
Yandıq bu eşq ilə, bu arzu ilə,
bu arzuya əhsən, bu eşqə əhsən.
Daşa dönmüşlərin içində hələ,
daşa dönməyəni bizik deyəsən.
hələ məhəbbətə inanan bizik,
yanıb içimizdə gül olan bizik.
Allah, ya daş eylə: divarda qalaq,
ya bizi quş eylə, yanına qalxaq.
OĞUL
Məndən inciyirsən, söz demək olmur,
mən sənin atanam, ananam oğul.
Səni danlayıram sənin xətrinə,
yandıran deyiləm, yananam oğul.
Ana olmayanda, ata tək qalır,
unu ələyirlər, bir kəpək qalır.
İp əldə darta-dart, çəkə-çək qalır,
çəkmə qırılanam, sınanam oğul.
Mən ağıl vermirəm, ağlına qurban,
qara saçlarıyın ağına qurban.
Ana xiffətin var, mən ona qurban,
mən də Sarasızam, Sən anam oğul.
SALIBDI
Neyləmişəm mən dünyaya bilmirəm, -
hərəmizi o bir yana salıbdı.
Bir yolumu işə salıb səhərlər,
bir yolumu qəbristana salıbdı.
Hanı könül qoşa dövran sürdüyün,
dəyişibdi eşitdiyin, gördüyün.
Neçə-neçə ev-eşiyə toy düyün,
bizim evə o yasxana salıbdı.
Yada salma sentyabr ayını,
aldı, getdi baxtımın ilk payını
Gizlənpaçdı bu dünyanın oyunu?
niyə məni bu oyuna salıbdı?
«Bir yol ayrıcına bənzəyir həyat…»
Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.
Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.
Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.
Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya
TARİXİN GÖR HANSI MƏRHƏLƏSİNDƏ
Mənim tariximə yüz ağa çıxıb,
«Maşallah!» – keçiblər bütün sədləri.
Xalqlar yarışında qabağa çıxıb
xalqların rəhimsiz yol kəsənləri.
Daşları yazırlar, tez ötürürlər,
yerə basdırırlar, – niyyətdir deyə.
Sonra qalxan tutub ox götürürlər –
tapdığım tarixi sənəddir, – deyə.
Sitat gətirirlər ,tarix yazırlar
keçib Kürümüzü, Arazımızı.
Alban dövlətinə sahib çıxırlar
danıb Azərbaycan ərazimizi.
Yaşayaq, yaşadaq gərək tarixi,
tapmaca deyil ki! –
tarix yozulmaz.
Qanıyla yazıbdı Babək tarixi,
qan yuyula bilər, qan yerdə qalmaz.
Sahildən sahilə yan alır qayıq,
onu hər əsən yel yolundan əyməz.
Biz od qonşusuyduq, gor qonşusuyduq.
od da müqədddəsi, gor da müqəddəs.
Qonşu – biz görmüşük qohumluq eylər,
bir imdada çatar ,ya qulluq eylər.
Qonşu qonşusuna xəyanət etməz,
sən öz torpağını mənə ver! – deməz.
Ara qarışdırır ortada kimsə,
kimdi tanıyırıq, o guya bilmir.
Bayquş radiolar verib səs-səsə,
bülbül bağçamızda oxuya bilmir.
Tarix avam deyil, torpaq səbirsiz,
soyutma tərini yad köləsində.
Bizə düşmən çıxıb dost dediyimiz,
tarixin gör hansı mərhələsində.
MƏN SƏNİ SEVDİM Kİ
Mən səni sevəndə yaz havasıydı.
Neyləyim taleyin gözü tökülsün.
Həyatım – əlində quş yuvasıydı,
quran özün oldun, uçuran özün.
Mən səni sevdim ki, yoldaş olasan,
Həyatın ən ağır dar yollarında,
Demədim axırda bir daş olasan,
qədim qəbristanda, yol kənarında.
Mən səni sevdim ki, sevin, qaç, oyna.
Yenə seçilməsin ətrin bahardan.
Demədim təzədən gizlənpaç oyna,
axşam yuxuma gir, səhər qaç ordan.
Yadıma nə düşür! – sənin ad günün,
biz qoca deyirdik, dünya təzəymiş.
İli yox, həyatda insan ömrünün
anı da tarixi bir hadisəymiş.
HEYİF O KƏSƏ Kİ
Dünən bir nəfərlə söhbətim olub,
təzə dil açmışdı o qaradinməz.
Soruşma nəçiydi, özü kim olub,
burda heç adını çəkməyə dəyməz.
Dalınca danışıb ağız büzürdü,
sənin səhvlərini sapa düzürdü.
Tərəziyə qoyub çəkirdi səni,
yer kimi şumlayıb əkirdi səni.
Guya bir budağı tutub əyirdi,
amma yüz ağacı silkələyirdi.
Coşurdu xəlvətdə millət adından,
həyatı, varlığı millətə böhtan.
Belə ayaq açdı bir vaxt xəyanət,
belə ləkələndi əsil oğullar.
Belə danos yazdı Müşfiqə namərd,
belə güllələndi iyirmialtılar.
Xain bacarsaydı işi qurardı,
suda toz gəzərdi, günəşdə ləkə.
Cavidi təzədən o, tutdurardı,
sonra da ağlardı – qızıyla birgə.
Bir məqam axtarır o dar ayaqda,
haqsızın sözünü kəsin haqq üçün.
Böhtan deyiləndə qulaq asmaq da
gizli xəyanətdi bu torpaq üçün.
Vicdan səsimizi quru səs bilib,
rahat ömür sürür əhmədi-biqəm.
Mən adi bir daşı müqəddəs bilib
səcdə eləyənin səcdəsindəyəm.
Onun hər sifəti mənə bəllidir,
gəmisi sahildən sahilə düşüb.
Bədbəxt o kəsə ki, ikidillidir.
heyf o kəsə ki, – pis dilə düşüb.
ROMA
Roma – paytaxtların paytaxtı olub,
meydan oxuyubdu dünyaya Senat.
Romanın qədimdə bir vaxtı olub, –
burda çiçəklənib sönən bu həyat.
Daş atlar üstündə daş sərkərdələr,
sinələr zirehli, atlar yəhərsiz.
Əbədi lal qalıb «əbədi şəhər»,
binalar köhnədir, meydanlar səssiz.
Uçub Kolizeyin daşı-hasarı,
Yolları ot basıb, divarı yosun.
Burda yaraladı Brut Sezarı,
qoymadı dünyaya o hakim olsun.
Sayı çoxaldıqca burda yeyənin,
axdı yer üzünün dövləti-varı.
Başını kəsdilər baş əyməyənin,
misalmı? –
Mitridat, Pont hökmdarı!
«Dostluq, bərabərlik, qardaşlıq…» – Şüar;
gözə kül üfürdü gözsüz görənlər.
– Birinçi rum xalqı! –
şərt də qoydular,
xalqlara «bərabər» hüquq verənlər.
Dağıtmaq, öldürmək,
talan eləmək –
onların dilində: idarə etmək!
Dünyaya sülh deyib dünyanı tutmaq, –
bəli, bərabərlik bu imiş ancaq.
Pompey pul xərclədi legionlara,
bizim Kür üstündə qan tökdü onlar.
Bayron yas saxladı burda onlara,
burda himn oxudu böyük sənətkar.
Heyranam sənətə və sənətkara,
gəlsin qoca Pompey burda rastlaşaq.
Burda baş əyirəm dahi me'mara,
ona… başsağlığı verirəm ancaq!
Roma, dekabr, 1986.
QIZMAZ
Qadınsız ev soyuq olar,
donar o evdə can, qızmaz,
Yerdə ocaq qalasalar,
o yer qızar, tavan qızmaz.
Şirin səslim, qara gözlüm,
Heç bilmirəm necə dözdüm.
İndi bildim könül dostum,
öz oduna yanan, qızmaz.
Oğul ,orda kimdi yatan,
nə ün yetən, nə əl çatan.
Torpaq üstə şair atan,
torpaq altda anan qızmaz.
DÖZÜM
Deyirdin dözərəm yarsız,
Döz, bağrı daş olan könlüm.
A. Tufarqanlı
Sən məni bu qədər gözlətməmişdin,
belə qoymamışdın gözümü yolda.
Bu qədər özünü gizlətməmişdin,
gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə,
qayıdıb gəlmişdin mənsiz darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb evimizdə palın-paltarın,
tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq tayların,
yolda ayağına bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər,
təzə pərdələri yandırıbdı gün.
Sənin bişirdiyin o mürəbbələr
içilib qurtardı, hardasan özün?!
Bu axşam qəribə bir hiss keçirdim,
nə tez ömür ötdü, yaş əlli oldu.
Sənin ad gününü sənsiz keçirdik,
şəkilin yeganə təsəlli oldu.
Şirin söhbətindən olmayıb doyan,
çağır qonşuları doyunca gülək:
– Mənsiz gördünüzmü dözmür Nəriman…
Sənə qurban olum, sən görmədin tək.
FAMİLİMLƏ ÜZ-ÜZƏ
Qəbirlərin içində
sadə bir qəbir sənin.
Familin mənimkidir,
ad sənin, ömür sənin.
Nə uşaqlar var idi,
nə indiki vəzifəm,
nə evim, nə ünvanım,
nə indiki ad-sanım.
Kəbin kağızımıza yazıldın, iki oldum,
ancaq səninki oldum.
İndi sənin yanında
səni haraylayıram.
Familimlə üz-üzə
dayanıb ağlayıram,
səni haraylayıram.
TARİXDƏN İMTAHAN GÖTÜRMƏDİLƏR
Cırıldı, atıldı köhnə biletlər,
dedilər ən böyük bir səhvimizi.
Tarixdən imtahan götürmədilər,
yalan yazmışdılar tariximizi.
«Azadlıq», «Səadət», «Müqəddəs həyat!».
isim tək hallandı «Xoşbəxt diyarda».
Yalana öyrəndi qara camaat,
aldanıb aldatdı ziyalılar da.
Kəsildi evlərdən xeyrin ayağı,
ana balasını boğdu bələkdə.
Ziyalı tutmaqda – «Dənizqırağı»,
birinci yer tutdu bütün ölkədə.
Tutuldu, sürüldü hərə bir adda,
«pantürkist», «panislam»…
başqa ləkəymiş.
Deyirlər, otuz il ədəbiyyatda
bığ sözü yazmaq da bir təhlükəymiş.
O vaxt dəyişdilər türk adımızı,
biz seçənə kimi xeyiri şərdən.
Oxuya bilmədik bayatımızı,
düşəri-düşməzi olardı birdən.
Poylu vağzalını xatırlayıram,
qaraydı onda da bir az qanımız,
Döşəyin yununu tökmüşdü anam;
o il dolmamışdı yun planımız.
Sədr bir kluba yığmışdı bizi,
döşünə döyürdü qalxıb bir nəfər.
O zaman birinci katibimizi,
Siyasi Büroya seçməliydilər.
Mən taxtın üstündə yatdım o gecə,
anam ufuldadı, özgə neyləsin.
Yun şalı var idi, məndən gizlicə
üstümə salmışdı, soyuq dəyməsin.
Yaxşının yerinə yamanı qoyduq,
pozduq sualların cavablarını.
Nitşeyə, Kiplinqə meydan oxuduq,
oxuya bilmədik kitablarını.
Hardasa tapdanır yenə haqqımız,
qarışıq salırıq ağı qarayla.
Sarsılır «Sarsılmaz İttifaqımız»,
boğazdanyuxarı «dost» şüarıyla.
Siqləti ağırdı ötən illərin,
ağırdı insanın əsəb dözümü.
Tarixdən imtahan götürənlərin
Tarix imtahana çəkir özünü
BİR QOCA TƏR TÖKÜRDÜ
Bir qoca tər tökürdü,
daş qoyurdu daş üstə.
Dedim yorulmayasan,
avand olsun, ay usta.
Ona deyə bilmədim
nədir səndə bu həvəs.
Dünyada raketləri
yerləşdirir filankəs.
Səni prezidentliyə,
ya baş nazir yerinə
namizəd göstərərdim,
məqam düşsəydi mənə.
Daşyonana verərdim
vəzifəni mən hətta, –
ev yıxmaq yox,
ev tikmək
dəb düşərdi həyatda.
Belçika, 1983
BİR TƏSƏLLİM QALIRDI
Uçurdular bir evi,
bir ağacı kəsdilər.
Uçurmağa, kəsməyə
gör necə tələsdilər.
Görmədilər budaqda
uçan quş yuvasını.
Dağıtdılar içimdə
xatirə dünyasını.
Buldozerin ağzına
verildi canlı həyat.
Balaca bir kainat, –
bizim görüş yerimiz:
ən tarixi yerlərin
çoxundan daha əziz.
Qədəm basdığın o yol,
daşdan hörülmüş hasar.
Günəş, sənin şəklini
çəkmişdi, bax o divar.
Bir təsəllim qalırdı,
silindi yer üzündən.
Bax, beləcə itirdim
səndən sonra səni mən.
ASILI YAŞAMA
Əllərin göylərdən asılı qalıb,
Yaxşı bax, göyləri dolaşır insan.
Sən yaşda qadın var, fəxri ad alıb,
o tələb eləyir, sən yalvarırsan.
Mənim ürəyimi deşir bu kədər,
sən oyan, dözərəm mən bu dərdə də.
Yalvarmaq öyrətdi bizə «böyüklər»
burda məsciddə də, kürsülərdə də.
Sənə yuxarılar söz verməsələr,
qışqır aşağıdan, kəs sözlərini.
İnanma, bir azca gözlə – desələr,
inamı puç olub gözləyənlərin.
Sənin ümidini əlindən almaq,
nə bilim, hələlik qalsın bir yana.
Bir yol özünə də inan sən allah,
səni and verirəm inandığına.
Asılı yaşama, özündən asıl,
yıxılsan özünə söykən azacıq.
Olsan da axırda özünə qul ol,
yazıq –
qulxasiyyət olana yazıq!
KAŞ O DEYƏN OLSUN
Dünən Sara xalan paltar alıbdı,
oyuna geyəcək Altay, bil oğlum.
Xəstəlik aparıb yatağa salıb,
çaşmışıq hamımız beyqəfil, oğlum.
Deyir nə olub ki, məndən qorxmayın,
az qalıb, qoy bircə ayağa qalxım.
Dünya həvəsi var Sara xalayın,
dünya xətrimizə dəyibdi, oğlum.
Bəlkə doğrudan da paxıldı həyat,
qurudur, görsə ki, ağac bar verir.
Gülmək istəyəni ağladır həyat,
namərdin əlinə ixtiyar verir.
Hərdən ufuldanır, halı pis olur,
sonra gülümsəyib baxır üzümə.
Elə ki, ağrıdan səbirsiz olur.
başını söykəyir dərdli köksümə.
Yanır meşələrin cökəsi kimi,
Közərə-közərə yanıb həsdəyir.
Bəxti yıxılıbdı kölgəsi kimi,
özü ayaq üstə qalxmaq istəyir.
Onun bu sevinci mənə dərd verir,
yenə də ürəkdi gizli mələyən.
O sənin toyuna hazırlıq görür,
kaş o deyən olsun: mən yox, o deyən.
«Gözləyirəm gələn yoxdur…»
Gözləyirəm gələn yoxdur,
gözüm yollarda qalıbdı.
Bilə-bilə soruşuram:
gör anan harda qalıbdı?
Yolu-izi çaşar birdən,
qonşulardan soruş-öyrən.
Tək darıxır evdə hərdən,
o gedib darda qalıbdı.
Qulağıma gəlmir səsi,
sönüb ürəyin həvəsi.
Evdən köçüb ev yiyəsi,
şəkli divarda qalıbdı.
«Yox oldu o gülərüz…»
Yox oldu o gülərüz,
o ağ, bakirə bədən.
Evdə də gizlədərdi
özünü öz ərindən.
Sən həya saxlayırdın, –
arada abır, ismət.
Səni mənim əlimdən
torpaq aldı nəhayət.
Dekabr, 1986 İtaliya
OĞULLAR
Oğlum anasının tərəfindədir,
elə anasıdır sözü, söhbəti.
Mən indi bildim ki, məhəbbət nədir, –
oğlumdan öyrəndim bu məhəbbəti.
Sən sussan yanımda xətrinə dəyər,
hisslər var dünyada qəlizdir, oğlum.
O məndən inciməz, səndən inciyər,
bu da dərkolunmaz bir hissdir, oğlum.
Vaxt olub, nə qədər mən and içmişəm.
o gözü seçmişəm gözlər içində.
Onun tərəfinə özüm keçmişəm,
anan tək qalmayıb qızlar içində.
Məni əvəz etdin mənim yanımda,
həyatın təkrarı bundadır bəlkə?!
Mənim tərəfimə keçsəydin, onda
mən də inciyərdim ananla birgə.
Sənin ürəyini o duyur, oğlum,
bu eşqi yaşatsın qoy bu duyğular.
Ata şərəfini qoruyur, oğlum,
ana tərəfində olan oğullar.
REKLAM
Qadın gördüm vitrində,
Başdan-ayağa çılpaq.
Müştəri gözləyirdi
saatı – əlli frank!
Reklam isti bir nəfəs,
uca qamət, ağ bədən.
Gözəllik himni imiş
qadında çılpaq bədən!
Surəti köçürülüb
elə bildim əsərdən.
Döşləri titrəyirdi.
çiyni əsirdi hərdən.
Göbəyini, yanını
göstərirdi əliylə.
Bir şərqli üz-üzəydi
Avropa gözəliylə!
Bu, axşam bazarıydı,
çəkilmişdi əl-ayaq.
Qadın gördüm vitrində
başdan-ayağa çılpaq.
Eşqə, ülfətə layiq
bir can gördüm mən orda.
Eşqini, ülfətini
satan gördüm mən orda.
Brüssel, 1983
AZƏROĞLU
Səndən ötrü çəkilib
o sərhəd dirəkləri,
məftillər, Azəroğlu.
Necə narın şumlanıb
o ləklər, Azəroğlu.
Səndən ötrü qoyulub
sərhədçi budkaları,
o gur işıq selləri,
o xətlər, Azəroğlu.
Gör səndən necə qorxur
sərhədlər, Azəroğlu.
Sahillər dayanıbdı
səndən ötrü üz-üzə,
Birdən kefin istəyər
adlayarsan o üzə;
birdən külək olarsan,
tikanlı məftilləri
keçərsən, Azəroğlu.
Arazı ovuc-ovuc
içərsən, Azəroğlu.
Sən nə qorxulu düşmən,
nə böyük qəhrəmansan.
Sən axı, sadə, həlim,
sən axı, mehribansan,
şairsən, Azəroğlu.
Niyə qorxuya düşüb
bu qədər yağı, səndən?
Sərhəddin dirəkləri,
məftili özgədəndi,
daşı-torpağı səndən,
Eh, daşı! – Azəroğlu.
Qatar gedir, hardasan,
qardaşım, Azəroğlu.
MEŞƏ YOLUNDA
Elçinə
Axşam qanadını meşəyə gərir,
gülüşü, xoş, üzü sərtdi xilqətin.
Yayda soyundurur, qışda geydirir
mütləq qanunları bu təbiətin.
Sən dedin dəyişib əsrin sürəti,
insan təbiətdən uzaq düşübdü.
Hardasa pozublar bu ünsiyyəti,
hardasa qırılıb – budaq düşübdü.
Mən dedim: duyuram bu ehtiyacı,
bir şeyi unudub bizim babalar:
pələng yırtıcıdı, qartal yırtıcı
amma təriflənib bu yırtıcılar.
Bəzi şairlərin yüz nəğməsində
tərənnüm olunub guya təbiət.
Pələngə qəsidə, şaha qəsidə, –
heyif, zor önündə əyilib sənət.
Sən dedin: ayıq ol, bu dağ yoludur,
dərədə itərik, dağı aşmasaq.
Mən dedim: təbiət amansız olur,
bizi bağışlamaz ayaqlaşmasaq.
Söhbət uzandıqca yol uzanırdı,
yollara səpirdin sən də sözünü.
Bir ağac meşəyə kölgə salırdı,
bir meşə örtürdü göyün üzünü.
Sən susdun, mən dedim bir az tələsik,
Demə, təbiətin yad kimsəsiydim.
Sən ona sığınıb dedin ki, gəzək,
özüm təbiətin aludəsiydim.
Göy göl 1982
QƏDİM AVTOQRAF
Budur İtaliya… Pompeydən bəri,
közəl Cokondanın Roma – vətəni.
Kolizey – dünyanın antik əsəri,
suala, sorğuya çəkmə sən məni.
Sezar, Antonio, Kleopatra,
bir ərəb gözəli, iki hökmdar!
Zaman məhəbbətə yol açdı yarəb, –
Misir torpağında əsir oldular.
O taxtdan ucaydı bu eşq, bu ülfət,
uduzub sevgiyə adi baxanlar.
Yalnız ürəksizdə yoxdu məhəbbət,
barı bir qadından utansın onlar.
Spartak vulkan tək püskürdü yerdən,
qalxdı Sisiliya, bu yarım ada.
Qədim avtoqraf qalır o gündən,
əhsən yazana da, saxlayana da!
Qərbi, yadımdadı, pisləyərdilər,
bəzən danardılar şan-şərəfini.
Yaxşı tərəfini gizləyərdilər,
açıb tökərdilər pis tərəfini.
Gərək kapitalist ölkələrini
söyəydik dost ilə yad məclisində.
Kimsə öz içinin ləkələrini
gedib axtaraydı özgə üzündə.
Siyasi iqtisad müəllimimiz,
şerimiz, sözümüz, hətta himnimiz
deyirdi: dağılır Qərbdə kapital,
orda fəlakətdi, bizdə cah-cəlal!
Amma dağılmırdı… biz deməliydik,
sözümüz zamanın minik atıydı.
Ölümüz düşsə də sevinməliydik, –
Stalin dövrünün təbliğatıydı.
Göz yaşı, iztirab, ya pessimizm,
sovet adamına bunlar yadıydı.
İnkişaf eləmiş sosializm, –
Brejnev dövrünün təbliğatıydı.
Niyə?! –
səbəbini soruşanların
dərsini verdilər otuz yeddidə.
Burda görüşdüyüm bu insanların
gözəl qəlbi də var, nəzakəti də.
Burda da həyat var, torpaq var, el var
qurulu ev gördüm, ailə gördüm.
Burda da işləyən zəhmətkeş əl var,
bu əli hər yerdə mən belə gördüm.
Gözüm gördüyünü danışım gərək,
bu hissi yaşayır can da, ürək də.
Çətindi düz yolda əyri yerimək,
düşüb əyri yola – düz yerimək də.
İtaliya, Roma, 1986.
QOCAMAN
Qocaman bir kommunist,
bir vəzifə sahibi
xatirə danışırdı,
əhvalı qarışırdı.
Sovet hökumətinin
tərcümeyi-halıydı. –
özü deyirdi bunu.
Otuz yeddinci ilin
danosbazı,çuğulu!
Partiyanın filan vaxt
sınanılmış oğulu, –
özü deyirdi bunu.
İstirahət evində
hökumət hesabına
qulluq edirlər ona,
dərman verirlər ona.
deyir: yoldaş Stalin,
Mikoyan və Mircəfər…
Tərcümeyi-halını
vərəqləyir bir təhər.
– Partiya tarixinin
arxivinə kedin bir, –
orda yazılıb deyir.
Huş itir, yaddan çıxır,
təzədən salır yada;
qoca öz dünyasıyla
– Əslində necə oldu,
başa sal görüm məni,
Leninin çiynindəki
beş metrlik şalbanı,
götürənlər içində
ikimininci oldun?!
Əslində necə oldu?
Necə oldu, çoxunu
sıxdı, apardı həyat,
sən qaldın sağ-salamat.
Kimsə ləkəli getdi,
gözü kölgəli getdi,
sən hər zaman pak, təmiz…
Suallar haqlı, qəliz,
Sular axıb durulub,
indi bulanır qoca.
Təsdiq elədiyini
dəyişir, danır qoca.
Gedənlər gedib daha,
qalan xatirə deyir.
Dünya təzə don geyir,
İstirahət evində,
hökumət hesabına
qulluq edirlər ona,
dərman verirlər ona.
ŞORSULU KƏNDİNDƏ, KÜR QIRAĞINDA
Aslan, ad gunünə qonaq gəlmişəm,
uşaqlar sevincə ortaq olublar.
Dar gündə yanımda səni görmüşəm,
çiyinin çiynimə dayaq olubdu.
Dünyanın ən gözəl bir bucağında,
neçə əl qızınıb od-ocağında.
Şorsulu kəndində, Kür qırağında
bir ağac əkibsən, min bağ olubdu.
Bu yerə nə qədər ayaq basılıb,
bir kitab görmüşəm, üstü yazılıb.
Bir şəkil görmüşəm, evdən asılıb,
sizdə Səməd Vurğun qonaq olubdu.
Qadınsız bir evdə kişi hayıfdı,
nə deyim, deyibsən eldən ayıbdı.
Sənin də qapını dərd tanıyıbdı,
görüşünüz məndən qabaq olubdu.
Sən az çəkməyibsən Nəriman qağa,
yaxşı adamlara canım sadağa.
Ucalar əyilir daşa-torpağa,
torpaqda vətəndaş bir xalq olubdu.
ZAMANLA ÜZ-ÜZƏ
Həkimlər əsirlər birinin üstə,
həkimlər yatanı oyada bilmir.
İynələr sancılır dərinin üstə,
xəstə son mənzildən qayıda bilmir.
Qocalıb, soruşma neçə yaşdadı,
canının suyu yox, gözünün odu.
Bir şəfqət bacısı qaçha-qaçdadı,
baş həkim deyinir, dağıdıb yodu.
Yaşamaq istəyir dünyada bəşər,
neyləsin, xəbəri yoxdur özündən.
Onun xidmətindən mənə deyirlər,
bu kökdə xidmət də düşür gözümdən.
Deyirlər filan vaxt səsi səs olub,
oxu həyatını filan əsərdən.
MK katibiymiş, filankəs olub,
sonra zaman salıb onu nəzərdən.
Nə söz eşidərmiş, nə qəlb duyarmış
millətin oğluymuş, ləqəbi «ata».
Özgəsi yazarmış o oxuyarmış,
kürsüdən, sürəkli alqışlar altda.
Gərək qapı açıb o görüşəydi,
gərək ayılaydı xalqdan qaçanda.
Millətin başına bir daş düşəydi,
Ona oğlum deyə ağız açanda!
Siyasi Büronun zəmanətilə,
Guya, xalq adından seçilirdilər.
Axırda millətə xəyanətilə
Böyük vəzifədə kiçilirdilər.
Rəhmimiz gəlirsə, yazıqdı insan,
Baxma etinasız bu sözə, həkim.
O öz sağlığında köçüb dünyadan,
Sən vaxtla gəlibsən üz-üzə həkim.
AĞIR KÖÇ
Nigar xanımın xatirəsinə
Üst-üstə qoyublar iki mərməri,
biri sinən,
biri sinədaşındı.
Gör harda görüşdük Gəncə gözəli,
üstün daş, ətrafın dəmir hasardı.
– Mənim gəncliyimdi dediyin gəlin,
gözümün ilk ovu –
o da məzardı.
Sən yatan yataqda yer salmışdılar,
danırdım, qorxurdum dərdindən hürkər.
Onu görüb səni tanımışdılar,
orda… Moskvada, cərrah həkimlər.
Burda heykəltəraş gör necə duyub,
iki qəbir üstə eyni büst qoyub.
Biri sənsən, biri sənə oxşayan,
daş deyil, həyatdı daşda yaşayan.
Burda neçə yerdən sızlayır yaram,
deyirəm ey insan! – necə hayıfsan.
Sənə xalq şairi, mən minnətdaram, –
burda da xalqından ayrılmayıbsan.
Yerə basdırılıb sözün gövhəri,
bu şeh – o gövhərdi, o göz yaşındı.
Üst-üstə qoyublar iki mərməri,
biri sinən, biri sinədaşındı.
İnsan dərk eləmir öz tutduğunu,
gizlənpaç oynayır uşaqlığından.
Torpağa əliylə basdırdığını
həyatda gözüylə axtarır insan.
Çətin əl götürür bu adətindən,
ürək də inaddı, toxunma ağlar.
Gözləyə-gözləyə qalıbdı bəzən,
axtara-axtara yoxa çıxanlar.
Qaldıq yüz sualın bir cavabıyla,
həyatın özündə həyata həsrət.
Növbəyə dururuq yaş hesabıyla,
onu da hər dəfə pozur təbiət.
«Bir yol ürək dolusu…»
Bir yol ürək dolusu
mən də sevinc istədim,
bütöv sevinim dedim.
– Neynirsən o sevinci? –
sual verdi bir qadın.
– Tam olsa, sevinc itər,
duymazsan heç həyatı.
Səadət tamda deyil,
bəlkə bu –
yarıdadı?!
Fəlsəfi fikir idi,
qanunları dəyişməz.
Bütöv sevinc verirdi
yarı-yarı gülən kəs.
YAZ BELƏ
Belə gözəl, belə zərif, belə saf
səni harda bəsləyiblər qız, belə?
Hansı evə qədəmlərin dəyəcək,
o evdə də yeri belə, gəz belə.
Nəfəsini çiçək alır, gül duyur.
ona görə güllər gözəl qoxuyur.
Səni görüb qəfəsdə quş oxuyur,
quş-könülümdü, sinəmdi qəfəs belə.
Bu dünyanın qışı qışdı, yayı yay,
bu ayları, bu günləri sayhasay.
Aramızı yaş kəsibdi ay haray,
Yazdığımı köçür belə, yaz belə.
DƏYYUS
Hollandiya
pendirini
tərifləyər,
qədim Gəncə qaymağına
deyər pisdi.
Başqa xalqın tarixinə
boyun əyər,
boynu sınmış öz xalqından
xəbərsizdi!
Adlar çəkər,
bərələr də
xırda gözü,
desinlər ki, savadlıdı.
təhsil alıb.
Mədəniyyət tələb edir,
amma özü
mədəniyyət paylananda
dalda qalıb.
Bir xarici papirosa
səni satar,
turist görsə, qulluq edər
kiçik kimi.
Jass! – eləsən
toyuq kimi yerə yatar,
xoxx! – eləsən,
zingildəyər küçük kimi.
İclaslarda onu sancar,
bunu sancar,
ağıllılar qulaq asır
ağılsıza.
Vətəndaşlıq hüququndan
söhbət açar,
hələ mən də
əl çalmışam
o dəyyusa!
SƏNƏ QURBAN
Əvvəl sənə öyrəşmişdik,
sənə qurban,
Gülüşünü eşidərdik
səhər-axşam.
Sənsizliyə öyrəşirik,
keçir zaman,
dünya özü birtəhərdi,
mat qalmışam.
Daha səndən danışanda
darıxırlar:
sağlığında istədiyin,
süfrə açıb gözlədiyin,
sədaqətin timsalıdı
dediklərin.
Səndən soyuq danışırlar: –
sərin-sərin.
Elə bil heç olmayıbsan,
sənə qurban.
PALID
Gədəbəyli Mehmana
Deyirlər bir gün olub, –
bərk əsibdi küləklər.
Kötüyündən qopubdu
basdırılan dirəklər.
Dəyişib başdan-başa
yerin-göyün havası.
Uçub palıd ağacı, –
üstdə qarğa yuvası.
Baxıb qoca palıda,
gözünə sağılıb qan.
Ağaca yox, yuvaya
hayıfsınıb kənardan.
Palıd: darıxma, – deyib
üzgün görüb qarğanı.
– Ayaq üstə nə qədər
saxladımsa yuvanı,
elə böyrü üstə də
saxlayaram o qədər.
Bundan ibrət götürsün
gərək qarğakimilər.
Bu bir el məsəlidir,
arabir gətir yada.
Səbirlidir,
unutma,
palıd yıxılanda da.
ÇƏKİLİR
«Dəcəl meymun, çolaq ayı, çəp keçi»,
tovuz quşu imtahana çəkilir..
Toy tutulur təmizliyə, düzlüyə,
pis qabağa, yaxşı yana çəkilir.
Oğru durub doğruluqdan dəm vurur,
nanəciblər nəciblərə tor qurur.
Lal olmuşun gör neçəsi lal durur,
Bağa kimi burda qına çəkilir.
Dünya gözəl, ömür qısa, yol uzun,
bu sevdada kim uduzsun, kim udsun?!
Başımızda bu mərəkə, bu ovsun,
Günəş dağlar arxasına çəkilir.
avqust, 1978
AYRILIQ
Mən səni həyatda daşa dəyişdim,
torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa dəyişdim,
çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,
duydum buza dönən nəfəsini də.
Anamı əlimdən alan təbiət,
gözü götürmədi,
aldı səni də.
Mən bir xəcalətdən çıxa bilmədim,
bu gizli dərdimi açıq desəm də.
Sənə – sənə layiq baxa bilmədim,
səni – sənə layiq dəfn eləsəm də.
Yerə söykədilər mərmər üzünü,
qışqırdım dayanın, əl saxladılar.
Mən özüm örtərdim evdə üstünü,
burda, qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın özü,
getdi dadı-tamı, hər şeyi getdi.
Evi bəzərdin ki, gözəl görünsün,
evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbri üstünə,
gül-çiçək qoymuşuq ikilikdə biz.
– Mən sənsiz ölərəm! –
demişdim sənə, –
Hamısı yalanmış, yaşadım sənsiz.
– Sənə sədaqətdi bütün həyatım! –
deyərdim, baxardın gülümsəyərək.
Səni qəbristanda qoyub qayıtdım,
sədaqət şüarım bu imiş demək.
Bu gün qəbristanda gecikib səhər,
üstünə nur səpir qızıl dan yeri.
Torpaq ot bitirər, ağac bitirər,
burda daş bitirir qəbristan yeri.
Bir gözəllik itib duman içində,
dünya imtahanmış, işləri ovsun.
İlahi, bu qədər insan içində,
bir insan tapmıram söz demək olsun.
Fikirli qalxıram üzüyuxarı,
nə qədər yaxınsan, nə qədər uzaq.
Təzə ot göyərib örtür cığırı,
itirmək istəyir qəbrini torpaq.
Mənsiz darıxırdın evdə hər dəfə,
dözümsüz olmuşdu gecə-gündüzün.
Gedəndə deyirdin tez qayıt evə,
bəs niyə qayıdıb gəlmirsən özün?!
Gözüm yolda qalıb, qulağım səsdə,
gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında, mən yerin üstə, –
biz ayrı düşmüşük kök-budaq kimi.
noyabr 1986
DANIŞ, QIZSIN ÜRƏYİM
Zərdabi institutu,
qədim Gəncə torpağı.
Üçüncü mərtəbədə
bizim sinif otağı,
sənin gözəl ürəyin,
mənim şeir dəftərim.
Yol çəkərdi gözlərim.
Şeirimi dərsarası
lövhələrə yazardım,
elan kimi asardım.
Guya filankəs üçün
bu, məktub əvəziydi.
Cavanlıq həvəsiydi,
ilk məhəbbət aləmim.
Onda könlüm danışdı,
dilim lal oldu mənim.
Bir qızın əsiriydim,
qızlar mənə gülərdi.
Dəftərdən-dəftərlərə
şeirim köçürülərdi.
Məhəbbətim dolaşdı
ağız-ağız, yadigar.
Heç bilmirəm kim oldu
e'tibarsız, Yadigar.
Danışıram hələ mən
arsız-arsız, Yadigar.
Danış, qızsın ürəyim,
Sən danış, qoy mən axım
xatirələr selində.
Gözüm sənin gözündə,
əlim sənin əlində.
MÜHİT
Şekspirin əsəri
tamaşaya qoyuldu.
Nə məqalə yazdılar,
nə xoş söz deyən oldu.
Müasir müəllifi
gətirdilər səhnəyə.
Məşqindən başladılar
ona tərif deməyə.
MEHR, ÜLFƏT
Belçikada,
kilsədə,
bir keşişin səsində
mən hərarət duyurdum
flamand ləhcəsində.
Yanımda tərcüməçi
pıçıldayıb arada,
– mehr, ülfət istəyir
deyirdi o, dünyada.
– Gərək fikirləşəydi
dedim ülfət istəyən,
NATO-nun qərargahı
uzaq deyil kilsədən.
Yüz addım aralıda
pozulur mehr, ülfət,
ölümlə hədələnir
dünyada bəşəriyyət.
Nədir onun günahı?
Raketlər,
generallar
tanımırlar allahı.
Brüssel bahalıqdı,
xanım, deyin keşişə.
o xeyir-duasını
bəlkə bir az dəyişə.
Şəxsi mehmanxanada
biz ütü istədik: pul!
stəkan istədik: pul!
(pul əl çirki deyilmiş,
burda gördüm ay oğul).
Köynəyimiz ütüsüz,
özümüz çaysız, yetər.
Bizlərdə belə deyil,
xanım, pul istəmirlər.
Qərbin gözündən gəlsin
Şərqin mehri, ülfəti,
ya Şərqin səxavəti.
Bir əcnəbi görəndə,
ya xarici bir qonaq,
Beynəlmiləl oxuduq
salam-kəlamdan qabaq.
Xanım, deyin keşişə:
dininə hörmətim var,
sizə də çox hörmətim.
Mən Qafqaz adamıyam,
sizdə ülfət görmədim.
Brüssel, 1983
M.İ
Heç bilmirəm mən nə yazım, mən nə deyim,
düz deyiblər: vaxt atlıdır, biz piyada.
Yarı yolda sən itirdin, mən itirdim,
tale baxmır nə şagirdə, nə ustada.
Mən acgödən görməmişdim torpaq kimi,
ana deyil, doğma deyil, o yaddı, yad.
Dünya bizi əyləndirir uşaq kimi,
dərk etdikcə dərkedilməz olur ustad.
Bu dünya bir pəncərədi, gələn baxar,
pəncərəni açan kimdi, bağlayan kim.
Yəqin burda çox yaşayan çox darıxar,
eşitdikcə gülən kimdi, ağlayan kim!
Təbiətdə nə ürək var, nə də duyğu,
qadınımı oğurladı o yanımdan.
Mənim kişi qeyrətimə toxunur bu, –
insan deyil, təbiətdi namərd olan.
Bax beləcə düşünürəm, nədir həyat,
yaxşılıqlar, yamanlıqlar dünyasında.
Gəlib mən də yer tutmuşam amma ustad,
bu dünyaya aldananlar sırasında.
18 yanvar, 1988
SƏN DƏ
Təbabət dərsliyini
gətirdim bir gün yada.
Deyir: yaşamalıdır
canavarlar dünyada.
Ceyranların xəstəsi,
maralların dəstəsi
onlara yem olacaq.
sağları yaşayacaq…
Xəstəsənsə, bu başdan
yem ol sən də Nəriman!
MAT QALDIM
Şimşək çaxdı, alov yandı,
yağan leysana mat qaldım.
Ağ buluda qızıl xətti
yazıb pozana mat qaldım.
Çəməndə şehə bulandım,
dağda dağlara boylandım.
Zirvədə gün vurdu, yandım,
döşdə dumana mat qaldım.
Aralandım, uzaqlaşdım,
təbiətlə qucaqlaşdım.
Ana deyib uşaqlaşdım,
nəydi bu məna? – mat qaldım.
Gədəbəy, 1982
GÖZƏ GƏTİRDİM SƏNİ
Şeir-söz məclisiydi,
soruşdu bir müəllim:
– Xoşbəxtsənmi?
– Xoşbəxtəm.
Əl çaldılar, sevindim.
Adını xəbər aldı
qadınlardan bir nəfər.
Sonra qabaq cərgədən
səs eşitdim: bəxtəvər!
Yozdular bu eşqimi
xeyirliyə, şərliyə.
Yəqin özüm-özümü
saldım bəxtəvərliyə.
Duz çevirib o axşam
üzərrik yandırmadıq.
Gözə gətirdim səni,
heç sirrinə varmadıq.
Gərək gizli saxlasın
insan məhəbbətini.
Unutdum el gözəli,
bizim el adətini.
SARA… SARA…
Ekranda müğənnilər –
italyalı ər-arvad
bir mahnı oxuyurlar:
«Sara… Sara» –
nəqərat!
Mənim məhəbbətimi
kimsə alıb qələmə,
car çəkibdi aləmə.
Müğənnilər oxuyur:
arvadı ərə: Sara!
əri arvada: Sara!
Mənim dediklərimdi,
özün sal yada, Sara.
Gör necə həyat verir
təkrar təkrara Sara.
Deyilənlər düz imiş, –
dilin tərcüməçisi
indi bildim göz imiş.
Sarası yanındadı,
oxuyur ər arvada.
Mən evdə Sarasızam,
Sara – xəstəxanada.
Bir ümid var arada,
minnətdaram həyata.
Moskva, iyun 1985
«Gəl əzizim…»
Gəl əzizim,
xoş səsinlə,
qızdır soyuq divarları
nəfəsinlə.
Gəl evini sahmana sal,
köməkləşək,
gəbəmizi divana sal.
Pərdələrin
pəncərədə gündən yanıb.
Güzgü kimi parketlərin
ayaqlanıb.
Götürülüb çarpayılar
dağıdılıb yatağımız,
stullarla doldurulub
otağımız.
Qab-qacağın
hərəsi bir yana düşüb,
şkaflar eyvana düşüb.
Samovarlar qoşa-qoşa.
Sən teatr aşiqiydin,
bu da başqa bir tamaşa!
Baş qəhrəman
burda sənsən,
bu faciə bəşəridir.
– Yox… Bakıda göstərilən
bu, ikinci əsərindir.
Gör nə qədər
tamaşaçı axıb gəlir,
demə kimsən, –
dramaturqum, şairimsən.
Hansı səhnə, hansı əsər,
tamaşaçı görüb belə,
bir bu qədər!
Bacarsaydım
əl çalardım,
alqışlardım.
Gör nə qədər çiçək gəlib,
artistlərə bağışlardım.
Yəqin təşkil eləyibsən, –
deyəcəklər,
xatirinə dəyəcəklər.
Fikir vermə, mən ki, sağam…
Sağ olsaydın nəydi dərdim!
Çiçəkləri
tabutuna özüm sərdim.
Son mənzilə
aparırdım gülüm, səni.
Ayırırdı: həyat məni, ölüm səni.
1986
SÖYÜDLÜ KƏNDİ
Söyüdlü kəndində Həsən müəllim,
oxuduq bir yerdə neçə il qabaq.
Sənin ünvanını mən itirmədim,
burda qərar tutdun, şəhərdən uzaq.
Ayrıldıq o vaxt ki, qaraydı saçlar,
diplom əlimizdə bir şüar kimi.
Görüşdük o vaxt ki, qalxıb uşaqlar,
atayıq, hərəmiz bir ev sahibi.
Səadət dəyişməz, mən inanıram,
xalqda etibara, ülfətə əhsən!
Böyüyə, kiçiyə hörmət, ehtiram
köhnəlib çox yerdə hayıf, ay Həsən.
Sənin ailəndə gördüyüm hörmət
olsaydı bir para ailələrdə, –
bizi ayırmazdı bu «mədəniyyət»,
bunca yad olmazdıq sizə şəhərdə.
Burda nəğməsi var əsən küləyin,
burda çiçək açıb qarın içində.
Kəpək kartofunu qoy Gədəbəyin
bişsin buxarıda, qorun içində.
Üstü kirəmidli dümağ evlərin,
nə yaxşı yanında bağ-bərəsi var.
O hansı bulaqdı, mənə göstərin,
Qoşqar Əhmədovun xatirəsi var.
Mən «müəllim» dedim, bu xoş olsa da,
bir az elə bil ki, titrədi dilim,
Gəncə Pedaqoji İnstitutunda
sən ki, Həsən idin, Həsən müəllim?!
«Aman Zabit, ordan sürmə maşını…»
Aman Zabit, ordan sürmə maşını,
mən yanıram xatirələr odunda.
Gül nəfəslim gəzdi güllər içində,
süfrə açdıq biz söyüdün altında.
Odun yığdıq, ocaq çatdıq biz orda,
sacayağı daşı düzdük gör harda.
Sən yüyürüb su gətirdin arada,
yəqin hamsı qalır indi yadında.
Gülümsədi o mehriban-mehriban,
çağıranda gəl ay Zabit, Nəriman.
Bu dünyaya etibar yox, ay aman,
dünyam getdi mənim Sara adında.
DUZ-ÇÖRƏK
Rəhilə bacıya
Bir qapıda qıfıl itib, sən açarsan,
bir qapıda mən qıfılam, açar yoxdu.
Mənim qələm yoldaşımdan yadigarsan,
qonşuluqda yaşayırıq neçə vaxtdı.
Kədərinə, sevincinə kimdi şərik,
istədiyin qeyb olubdu, uçub göyə.
Sən fikirli, mən fikirli görüşərik, –
sən Saradan, mən Əlfidən deyə-deyə.
Yaranışdan dünya özü xeyir-şərdi,
sonu buymuş toyumuzun, yasımızın.
Bişirdiyin yenə həmin xörəklərdi,
dadı-tamı hanı indi ağzımızın?!
Ərsiz qadın – ər evində bir çıraqdı,
ürəyinin istisidir otaq onun.
Qadınsız ər – evdə yetim bir uşaqdı,
üzü gülür, könlü gülməz heç vaxt onun.
Qəbristanda sükut edir iki məzar,
iki evdə göz yol çəkir nə müddətdi.
Qonşuluqda bağlanmayıb bu qapılar, –
kəsdiyimiz duz-çörəyə sədaqətdi.
18 yanvar, 1988
BACIMIN XATİRƏSİ
Nə yaxşı qalıbsan mehriban şəhər,
şah çinar, boyunu əyən olmayıb,
Nə yaxşı, yan keçib «yaradan əllər»,
məscidə, kəhrizə dəyən olmayıb.
Bir də təkrar elə «məhlə» sözünü,
doğmalıq eşidim ay dost, səsindən.
Gəncə ləhcəsini, «lələ» sözünü
bəlkə heç Gəncəyə dəyişmərəm mən.
Burda qərib oldum bu dəfə Qərib1,
qəriblər tapışar, sən ol həmdəmim.
Gəncədə yas düşüb bir evə, Qərib,
o evdə toyumu çalıblar mənim.
Keçdi ötən günlər bir yuxu kimi,
adım burda düşdü dilə-ağıza.
İlk dəfə məhəbbət şerlərimi
o evdə yazdım mən gəncəli qıza.
O evdə göynədim bir sükut üstə,
bir ürək yüküydü bu ağrım-acım.
Neçə baş əyildi bir tabut üstə,
qalxdı çiyinlərə mənim daş bacım.
Atamdan yeganə yadigar qalan,
anasız vaxtımda ana əvəzi.
Məni qoltuğunun altına alan,
bir el ağbirçəyi, bir ev yiyəsi.
Nə bilim, günahkar bəlkə də mənəm,
baha başa gəldi mənə bu görüş,
Nə vaxt gəl dedisə, dedim ki, gəlləm,
gəlib tabutuna çatdım mən ölmüş.
Hayana əsirsən, dayan ey külək,
ürək sözlərimi mən ki, danmadım.
Bacılar qardaşsız ölürmüş demək,
ölməmiş bacıma mən inanmadım.
Uzanır qarşımda qəbristan yolu,
dünyadı, sirrini bilə bilmərəm.
Demə, qəm yazırsan mənə eloğlu,
Həyat qəm verirsə, gülə bilmərəm.
Sevinci görürsən, qəmi də danma,
Həyatın tutumu bəzən kədərdi.
Qəmsiz şair görsən ona inanma,
inan ki, sevincdən o bixəbərdi.
Gör harda başladım mən bu söhbəti,
doğuldum yüz qəlbdə bir duyğu kimi.
Gəncəyə məhəbbət ürəyimdədi,
ürəyim Gəncədə olduğu kimi.
avqust 1988
İTİRMƏ
Mənim sənə sədaqətim təmizdi,
sən də mənə etibarı itirmə.
Mənmi səni, sənmi məni tapıbsan? –
tapdığını saxla barı, itirmə.
Rəfiqələr sirrimizi yayıbdı,
Gələn olar, görən olar, ayıbdı,
Sən ağlama, göz yaşların hayıfdı,
sinəmə tök, o yaşları, itirmə.
Əzab çəkmə, ufuldanma bir belə,
yaxın əyləş, sığal çəkim o telə.
Sevirsənsə, sevdiyinə rəhm elə,
oxşadığın ağ saçları itirmə.
«Əziz Ağamehdi, həkim qardaşım…»
Əziz Ağamehdi, həkim qardaşım,
ümidim artıbdı səni görəli.
Gör harda haqlayıb əlli beş yaşım, –
yolun nə sonudu, nə də əvvəli.
Mənim xatirimə sən məni aldat,
qulağım həmişə səsdədi, həkim.
Gördün ki, cətindi, düz demə heç vaxt,
xəstəyə baxan da xəstədi, həkim.
Sənin düzlüyünü özüm görürəm,
sən mənə yalan de, yalan, ay həkim.
Hippokrat andına mən and verirəm,
özün də yalana inan, ay həkim.
Dediyin yalanı sən doğru çıxart,
inan rengenə yox, hissinə, həkim.
Sağalmaz bildiyin xəstəni sağalt,
sən özünə inan, mən sənə, həkim.
Mənim nəfəsimə qat nəfəsini,
sinəmə saf hava dolsun ay həkim.
Düzün yox,
yalanın təntənəsini
görüm, ovsun olsun, ovsun, ay həkim.
Bir dəfə mən deyən olsun ay həkim.
avqust, 1986, Mərdəkan
ÇÖL HACILEYLƏYƏ VERİLMƏLİYDİ
Məni bir oxucu saxlayıb deyir:
bir sez ürəyimi deşir, ay şair.
Niyə məhəbbətdən yazdığın şeir,
kitabın sonuna düşür, ay şair.
Təkcə mən demirəm bu sözü yalnız,
bir güllə,
çiçəklə bağça-bağ olmur.
Niyə ictimai mövzularınız
elə köhnəlib ki, oxumaq olmur.
Keçdi görüşünüz dağda, aranda,
nə suya düşdünüz, nə oda, şair.
Məhəmməd Biriya öldü İranda
Yada salmadınız Bakıda, şair.
Hamınız yazanda Təbriz dediniz,
Təbriz bombalandı, heç getmədiniz.
Çox çəkdi zamanın bu qafiləsi,
zamanı hərləyə-hərləyə, şair.
Ayırdı Türkmənçay müqaviləsi,
necə, ümid varmı birliyə, şair?
Bizi qoymasınlar naşı yerinə,
görünür əyri də, düz də, ay şair.
Yuxarı –
vəzifə sahiblərinə
siz də əl çaldınız, biz də, ay şair.
Torpağı əkəndə, biçəndə belə,
Xalqla da məsləhət görülməliydi.
Torpaq – qarışqaya, meşə – bülbülə,
çöl – hacıleyləyə verilməliydi.
Namus var, həya var… kimsə unudub,
xəcalət çəkirik, nəydi bu rüşvət.
Yerlibaz xadimlər vəzifə tutub
milləti bölməsin,
hayıfdı millət.
Bu söhbət sənətə etibar idi,
Həb kimi uduram hər acı sözü
Ürəyimdə gəzən ağrılar idi,
bu gün eşitdiyim oxucu sözü.
«Düz deyil gedəni tutub saxlamaq…»
Düz deyil gedəni tutub saxlamaq,
Get… səni saxlasam, səndən ayıbdı.
Əlində çamadan çatışmır ancaq,
bir də yol biletin alınmayıbdı.
Qabağına çıxan duz-çörək olsun,
get, indi həmrəy ol özün-özünə.
Varsa, yeni sevdan mübarək olsun,
yoxsa, bu məqamda nə deyim sənə.
Qəlbə toxunmadı sənin buz əlin,
ağ üzün közərib odda yansa da.
Ürəyin heç kəsdə olmadı yəqin
bədənin əllərdə sığallansa da.
Bəlkə kimsələrdən mən də biriydim,
gözünmü tutmuşdu gördüyün üçün?
Həyat aşiqiydim, eşq əsiriydim,
öldurdün, azadlıq verdiyin üçün.
Sən duya bilmədin sevdiyin qədər,
eşit bir sözümü, yadında qalsa, –
qucaqdan-qucağa yıxıldın, yetər,
qalx, əlindən tutub
Qalx! – deyən olsa.
ANAN QIZIN OLSUN
O bəxt ki, əyildi
düzələn deyil, –
avandı tərsinə qoymuş, ay oğul.
Təzədən qayıdıb o gələn deyil,
bəlkə əbədiyyət buymuş, ay oğul.
Görüb tanımışam mən bu dünyanı,
mərhəmət axtarma, tapılmaz onda.
Yüz il vaxt verirəm, gözlə ananı, –
gözlə mənlə birgə, məndən sonra da.
Adi bir kəfənə dəyişib anan, –
onun paltarları onunku deyil.
Kasıba, yetimə payla sabahdan,
qəlbini sıxmasın daha bu nisgil.
Adətdi, darılma buna sən oğlum,
dağıt evimizin qəm-kədərini.
Qoy o pal-paltarın yerindən, oğlum,
asaq gəlnimizin geyimlərini.
Burda qız nəvəmə ad qoyaq, evlən,
tutub bu dünyanı qalan deyiləm.
Yaşasın bu evdə Sara təzədən, –
anan – qızın olsun, qızın – qız nəvəm.
SİRR SÖZÜ
Məni gizli imtahana çəkirsən,
lazımdımı açıq deyim hər sözü?
Qulağına pıçıldasam yaxşıdı,
qəlbinlə duy, gözünlə də gör sözü.
Demə nədir səsimdəki bu təlaş,
arxada yaş, ortada yaş, öndə yaş.
Üç söz deyim, üç tilsimdi, özün aç:
Çaylı sözü, Poylu sözü, Kür sözü.
Sərv olaydın, budağını əyəydim,
Külək olub qapınızı döyəydim.
Sözarası mən sənə can deyəydim,
sözgəlişi sən də mənə: yar, – sözü.
Nə deyibsən, tanrı sənə veribdi,
baxışların, yerişlərin zərifdi.
Sevən adam el içində qəribdi,
necə desin qərib sənə sirr sözü?
SUSAN PİANİNO
Evimdə pianino
çalınmır nə zamandı.
Divan kimi, taxt kimi
yer tutub, peşimandı.
Harda, nə vaxt qarğıyıb
yaradan usta əli?!
Divar kimi lal qalıb,
divara söykənəli.
Nə qulaq asanı var,
nə gedib dindirəni.
Nə bir nəğməsi gəzir
diyar-diyar ölkəni.
Hanı, silib-tozunu
üstə gül qoyan əllər?
Evdə gündən, soyuqdan
onu qoruyan əllər?!
Susubdu pianino, –
müəllifsiz, əsərsiz.
yaşayırıq, bir evdə
pianodan xəbərsiz.
HACI ƏHMƏD
C. Cabbarlıya min rəhmət!
Müəllif
Təzədən tanıdım Hacı Əhmədi,
nə bığı, təsbehi,
nə o papağı.
Hamını sonacan yenə dinlədi,
əli qoltuğunda, başıaşağı.
Pusquda durmuşdu, o təhlükəydi,
təzə tor hörürdü xallı hörümçək.
Təbəssüm – üzündə sanki ləkəydi,
köhnə pustaldakı təzə yamaq tək.
Ürəyi şarlatan, nitqi xeyirxah,
dili yüz qazana bir qaşıq salıb.
Onu yaradanda görünür allah
Üzüylə içini qarışıq salıb.
Sənətin yaşardı, sözün əbədi,
məni bu hikmətdi söylədən, ustad.
Səhnədə görmüşdüm hacı Əhmədi,
iclasda tanıdım onu, mən, ustad.
BÜTÜN MİLLƏTLƏRƏ, BEYNƏLXALQ MƏHKƏMƏYƏ
Adıgözəlov Hafiz Ramiz oğlu 1990-cı ilin yanvarında Qazax rayonunun Bağanis Ayrım kəndində anadan olub, 1990-cı il martın 24-də ermənilər bələyinə benzin töküb yandırıblar. Dünyada cəmi iki ay yarım yaşayıb. Gənc anası köməyə gələndə onun da üstünə benzin töküb yandırıblar. Kənddə danışırdılar.
Müəllif
İki aylıq bir çağa
həsrət qaldı qucağa,
atdılar bir ocağa,
qıydılar bir qundağa,
silahlı
beş-on dığa!
Təzə androniklər,
drolar və zorilər.
İyrənc imiş nə qədər!
Çağanı yox, milləti
yandırmaq istərdilər.
Günahı, cinayəti
nəydi bəs?!
Milliyyəti, –
bir Məhəmməd hümməti,
bələkdə bir müsəlman,
Azəri türk balası.
Yarımçıq qaldı gülüm,
çalınmadı laylası.
Yellənmədi yürgəyi,
yandı könül dünyası.
Təbəssümü, gülüşü,
qığıltısı…
hamısı.
Dünya xəbər tutmadı
naləsindən ananın.
Ən uzaq guşəsidir
Qazax – Azərbaycanın.
Taleyinə bax onun,
qismətinə bax onun, –
millət vətən yolunda
həlak olan çağanın.
O, qundaqda döyüşdü,
ocağı – odlu səngər.
Dahilərə bərabər,
şəhidlərə bərabər.
Yaşa mənim millətim,
həyatım, heysiyyətim!
Sən qundaqdan, beşikdən
təhlükəsən ey Vətən!
MƏN Kİ, TANRI ŞAİRİYƏM
“Səhv düşəndə yerimiz”
Qabil
Niyə məndən inciyibsən, a mehribanım,
məndən başqa inciməyə adammı yoxdu?
Məni mənsiz yaşadanım, məni duyanım,
mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?!
Bəlkə sənin gündüzünü axşam elədim,
məndən Günəş istədin sən, mən şam elədim.
Gedib sənsiz harda salam-kəlam elədim?
yoxsa küsüb-barışmağnan aranmı yoxdu?
İndi məni paklıq üstə asıb-kəsən var,
indi yerin altdan çıxıb, üstə gəzən var.
Çətindi bir baş saxlamaq, yüz başkəsən var,
əyrini düz çıxarmağa yalanmı yoxdu?
Taladılar, dağıtdılar, söküb yığdılar,
aşağılar yuxarıya qohum çıxdılar.
Hərəsi bir mülk tikdirib, yüz ev yıxdılar,
sənə qurban, and içməyə Quranmı yoxdu?
Payız tökən yarpaq kimi mən ələnmişəm,
xırmanlarda sovurublar, dənələnmişəm.
Zəmanəni tərifləyib şübhələnmişəm,
desəm, məni başa düşən xalqımmı yoxdu?
Mən nə deyim, tanıyırsan mən deyənləri,
baş saxlayıb başsızlara baş əyənləri.
Keçi kimi, qoyun kimi mələyənləri,
bu sürünü otarmağa çobanmı yoxdu.
Ürəyimin infarktından gördüm məhşəri,
bilən bildi, deməsəm də mən bu xəbəri.
Eşitdim ki, eşitməyib Zat-Aliləri,
mənim ona deyiləsi ağrımmı yoxdu?
Mən ki, vətən davasında qeyrət demişəm,
sənin lənət dediyinə lənət demişəm.
Azərbaycan demişəm mən, millət demişəm,
millətimə mən üz tutsam, haqqımmı yoxdu?
Bir sənətkar ömrü qoydum mən bu xalq üçün,
haqq istədim, danladılar məni “haqq” üçün,
İndi gedib bayquş üçün, yapalaq üçün,
haqqı harda sübut edim, harammı yoxdu?
Qonşuların biri zəlil, o biri xəstə,
zənginlərin içi boşdu, zahiri xəstə.
Belə qullar dünyasının şairi xəstə,
döyüş günü öndə gedən misrammı yoxdu?
Niyə məndən inciyibsən a mehribanım,
məndən başqa inciməyə adammı yoxdu?
Məni mənsiz yaşadanım, məni duyanım,
mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?!
ARXADA UÇURUM, QABAQDA ZAMAN
Keçirəm Bakının küçələrindən,
bu günü qürbətdi, dünəni Vətən.
Varlılar, kasıblar zəmanəsidi,
zalımlar, yazıqlar zəmanəsidi.
Hacılar, tacirlər zəmanəsidi,
təzə mühacirlər zəmanəsidi…
Sökülür, tikilir Bakı yenidən;
Onu ictimai bir mülkiyyətdən
şəxsi mülkiyyətə keçirir Zaman,
gözümün önündə dəyişir insan.
Təzə dükanlarda hər nə istəsən,
satan çox, alan yox, bazara əhsən!
Satıcı danışmır, qiymət üstədi,
milləti soymaqda millət ustadı.
Yüzillik satılan mehmanxanada,
tərcümə edilib: “həyat” “hiyat”a.
“Patronun” dilinə yatmır Naxçıvan,
təki rahat yatsın xarici mehman.
Bəzəkli bir ledi mey-məzədəydi,
yellər oynayırdı mavi telində.
ofisant – elmlər namizədiydi,
pivə paylayırdı padnos əlində.
Filan kafedrada onu bir zaman,
tərif eləyərdi hörmətli dekan.
Parlaq gələcəyi, milli şüuru,
Bir də deyərdi ki, kişi qüruru…
Gecənin yarısı qəhqəhə, gülüş,
polisin əlində rezin dəyənək.
Çıxır kazinodan bir ütülənmiş,
təzə mülkədardı, köhnə dümbələk.
Dünən tanıyırdım o dələduzu,
bu gün bankir olub, ləqəbi “Arzu”.
“Halallıq” deyəndə tərpənir bığı,
əvvəl rəhmi gəlir, sonra acığı.
Ali məclislərdə ali bir nəfəs,
adını demirlər, “Hacı filankəs!”
Öz əli, öz başı, öz ixtiyarı –
nə məni tanıyır, nə Bəxtiyarı.
Yubiley keçirir kimsə vurhavur,
Ədalət Allahın yadından çıxır.
Bir şəhid evində yasin oxunur,
burda can bəslənir, orda can çıxır.
Biri “Mersedes”ə hissə axtarır,
o biri çörəyi nisyə axtarır.
Budur, bir qocanın qoltuqağacı,
satır medalları qəpik-quruşa.
Xarici bir turist – kolleksiyaçı,
alır o medalı, əsayla qoşa.
Baxır aldığına – əla suvenir, –
qoca qəhərlənir, xanım sevinir.
Üzü təbəssümlüm, gözü suallım,
“doğmalar” içində sən necə təksən.
Qoltuqağacını satan zavallım,
qalxsan, indi nəyə söykənəcəksən?!
Arxada uçurum, qabaqda Zaman,
İnsandan insanlıq istəyir insan.
noyabr, 1995
QALX
Dəvəsi ölmüş ərəbə
Qalx, ərəb, qalx, yeriyək,
külək qalxacaq, külək.
Səhra – qum çadrasını
başımıza örtəcək.
Qalx, ərəb, qalx, yeriyək
içindəki ağrılar,
acılar, yükdü, ərəb.
Qayğını nə bilibsən,
bu yük dəvə yükündən
daha böyükdü, ərəb.
Dizində taqətini,
qolunda qüvvətini,
yoxla, qalx,
birtəhər qalx,
Büdrəsən, uçsan əgər
özünə söykən ancaq.
Qalx, özündən özünü
xilas elə, qalx, ərəb.
Getdiyin yol uzaqdı,
bələdçisi yox, ərəb.
Taleyin oyunudu, –
iki gözdə qəm olsa:
ərəb, ya qeyri-ərəb –
birləşdirir kim olsa.
İtir sonra arada
rəngin ağı, qarası,
tək burda deyil ərəb,
Ərəbistan səhrası.
Bu səhradan uzaqda
düşdüm səhraya, ərəb.
Bir eşqin mənzilində
yıxıldım mən, ya ərəb!
Gün yandırır səhrada,
külək qalxacaq, külək
Qalx, ərəb,
qalx,
yeriyək!
DİLƏNƏNLƏR
Nə gəzirsən arsız-arsız
cənab sahə müvəkkili, –
Qəbir üstə mən qoymuşam
göz tikdiyin o əklili.
Qəbristana yolum düşür,
kədərliyəm nə zamandı.
Üzdə sakit görünsəm də,
ürəyim çox nigarandı.
Qadın keçir, dilənçidi,
o zəlilə, naxoşa bax.
Çiynindəki boz örpəyə,
ayağında qaloşa bax.
O əl açır sənə, mənə
gör nə deyir, zavallıdır.
Harda ölü basdırsalar,
orda əli uzalıdır.
O dilənir, o yalvarır:
Babək fərman verən dildə.
Qoca Sabir asta-asta
ağladıb güldürən dildə.
Vurğun şeir yazan dildə.
Ozanlardan gələn dildə.
“Hoydu, dəlilərim, hoydu!”
Qoç Koroğlu dinən dildə.
Nənələrdən qalan dildə,
anan layla çalan dildə,
dövlət himni olan dildə!
Necə sığır qeyrətinə
cənab sahə müvəkkili, –
Dil deyirsən, ana dili!
Qoyma keçsin bu yollardan
fəxri adlar alanları,
Vəzifədə olanları,
natiqləri, nazirləri.
“Millət”, “Millət” əzbərləyən
şairləri, nasirləri.
Müxbir üzvü olmaq üçün
imza yığan dilçiləri.
Dilinizdə dilənirlər
cənab millət elçiləri!
Yox, öyrəndim, bacarmazsan, –
sən də sahə müvəkkili,
pul yığırsan altdan-altdan.
Səndən kömək ummaq hədər!
hərə bir cür dilənirmiş:
vəzifəni dilənənlər,
fəxri adı, elmi adı
dilənənlər!
Yuxarıdan sənə qədər.
Cibimdəki bu, manatdı.
Gəl, dilənçi, buyur görək,
mən dilənim sonra gərək.
AĞRI
Asya xanıma
“Can verən o idi, canı çıxan sən…”
Məktubdan
Böyük bir alimin həyat yoldaşı
təzədən duz səpib bu yaram üstə.
Deyirlər, qurumur gözünün yaşı,
oxuyub ağlayır hər misram üstə.
Elə qurban olum, el saxlayandı,
yıxılsan, əlindən tez tutar sənin.
Təkləyib əysələr – qucaqlayandı,
saymasan – el özü unudar səni.
Qanadlı bir quşdu ömür sən demə,
tez sınır, bu qanad o qanad deyil.
Hardasa qəm gəldi mənim şerimə,
qəm də sevinc kimi mənə yad deyil.
Qəzetdə şerimi görüb bir nəfər,
mənim göz yaşıma gülüb deyirlər.
Şikayət eyləyib, gör nələr yazır,
ölən arvadına şeirlər yazır…
Nə deyim duyğusuz yaşayan kəsə,
yeyir süfrəmizdə çörəyimizdən –
Gərək millət oğlu əvvəlcə qəlbən
millətin qızına heyifslənəydi!
Çəkidə yüngüldü bəlkə də almaz,
torpağın varıdı, yerin qiyməti.
Qadınsız kişiyə ər deyən olmaz,
qadındır kişinin ər ləyaqəti.
Sənsə ağlayıbsan… o qəlbə əhsən,
insanda insanı duymayan bir kəs, –
ədalət naminə kömək istəsən
o hər kim olsa da, rəhm edə bilməz!
Bir şeyə inandım mən bu dünyada,
bu bir həqiqətdi – üzə deyilmir;
Elin arxası var – şairdir o da,
şair yas tutanda el dözə bilmir.
“KİMİN SUALI VAR?” – YAZMIŞDIM O VAXT, CAVABI ÖZÜMDƏN İSTƏYİRDİLƏR
(Bir vəzifəliyə)
Eşitdim, o deyib, sən dinləyibsən,
bir xoş üz gözləyib o dəmdə səndən.
Amma soyuq baxıb qəlbə dəyibsən,
bunu gözləməzdim ömrümdə səndən.
Əhdə, sədaqətə o, bel bağlayıb,
ona təsəlliydi sənlə bu görüş.
O deyib sözünü, sonra ağlayıb, –
qadın ürəyidi özün başa düş.
Uzun gecələrdə qalmışdım oyaq,
məni budaq kimi bərk əyirdilər.
“Kimin sualı var?” – yazmışdım o vaxt,
cavabı özümdən istəyirdilər.
Fərəh istəyirdim, sındı vüqarım,
tək qaldım səhrada, yol qırağında.
Qurdu məhkəməmi “qələm dostlarım”, –
O vaxt Yazıçılar İttifaqında.
Qalxdı kürsüsündən bir laureat,
öz doğma dilində yazmayan ədib.
– Əsər gərəklidir, amma gəl anlat, –
birinci katibdi burdakı hədəf.
Qalxdı o biri də, ayağı şikəst,
sonra şeir yazdı alt-altda, sərbəst!
Mavi ekranda da tərif dedilər,
öləndə evindən götürmədilər.
– İttifaqda rəhbər… bu mənəm hökmən,
Katibə qohumam arvad tərəfdən.
“Aldığı arvada ərə gedənlər,
sizə kiçik olsun, bizə də rəhbər”.
Bu mənəm, mənimdi burdakı surət…
Deyirdim yozmayın, başqadı söhbət!
“Bu nədir, bəs bu nə?…”
sualları çox,
üstümə yağırdı istehza, gülüş.
O zaman yaxşı ki, otuz yeddi yox,
ya səksən ikiydi, ya da səksən üç.
Filankəs, filankəs, bir də filankəs,
hələ filankəs də ordaydı, qərəz.
Yanına gəlmişdi sənin, o zalım!
ayağa qalxaydın gərək o dəmdə.
Millətin ən gözəl qızıydı gələn
filan vəzifədə sənsə – bir gədə!
Onda başım üstən yellər əsirdi,
onda çəkilmişdi, çoxu qınına.
Arxa axtarırdı, kömək gəzirdi, –
o dəmdə gəlmişdi sənin yanına.
Uzun gecələrdə qalmışdım oyaq,
məni budaq kimi bərk əyirdilər.
“Kimin sualı var?” – yazmışdım o vaxt, –
cavabı özümdən istəyirdilər.
1983
MƏNSİZ YAŞA
Öyrən mənsiz yaşamağa,
mənim gülüm.
Bir az mənsiz yaşa daha,
mənim gülüm.
Bu həyatda
hər kəsin öz həyatı var,
hər dildə bir bayatı var.
Bəlkə də hər bayatıda
bir torpağın fəryadı var.
Amma nə qəm əbədidir,
nə də sevinc,
sevinc qəmə hamilədir, –
bu hikmətdir, demə nədir.
Deyirik ki, “həyat bizik”,
amma bəzən biz həyatdan
xəbərsizik.
Guya hər şey apaydındır bizim üçün,
fəqət sonra
yaman olur yaxşı, bir gün,
soyuq olur isti, bir gün,
Dünya özü xoşdu bir gün,
pisdi bir gün.
Darda kömək, –
insanın öz inamıdır,
bu mənim yox,
müdriklərin kəlamıdır.
Külək gördüm,
yağış gördüm həyatımda,
necə alqış eşitdim mən,
qarğış gördüm həyatımda.
Salam verib
əleyhimə danışdılar,
ilhamıma qarışdılar.
Mən bərkidim,
sən bəlkə də itirərdin inamını,
itirərdin məramını,
lap adicə salamını.
Bu həyatdır, sərtdir üzü,
Sınaqlardan keçiririk
ömrümüzü-günümüzü.
Öyrəş mənim sağlığımda
bir az mənsiz yaşamağa,
bir az mənsiz yaşa daha,
mənim gülüm.
XƏBƏRSİZ
Yatırsan dünyadan yoxdu xəbərin,
taleyin qəribə tilsimə düşüb.
Bir qadın, qəsdinə durubdu sənin,
mənim də hər yerdə izimə düşüb.
Bəzən ovsunlayır şirin dilləri,
deyir ki, nə bilim, könül səsiyəm.
Mən nə birinciyəm ondan ötəri,
nə də… axırıncı əyləncəsiyəm.
Gözünün altına qəm ələnibdi,
dindirsən gah susar, gah qiyam eylər.
Bütün kişilərdən şübhələnibdi,
bütün qadınları ittiham eylər.
Kimsə ürəyini vaxtsız oyadıb
gözündə qalıbdı
sevinci, nazı.
Kimsə nəzakətlə aldadıb, atıb,
qarışıb dünyada onun dünyası.
Mənim nəzərimdə o, taleyi kəm,
günü-güzəranı acınacaqlı.
Onun nəzərində mən sadəlövhəm,
mən daim haqsızam, o daim haqlı.
Qadın nəzərində başqaymış aləm,
O öz gözlərində açır səhəri.
Yeganə ümidi dünyada mənəm,
Yazıq aldanıbdı… yoxdu xəbəri.
ZƏRİFLİK
Qızlar səhəng götürüb
getdilər buz bulağa.
Fikir tutdu əlimdən,
çəkdi məni uzağa.
Vaqifin gözəlləri
yada düşdü, ay haray!
O əsrdən bu əsrə
səda düşdü, ay haray!
O zəriflik,
o şuxluq,
o gözəllik,
o surət,
o təbəssüm,
o qamət,
o nəzakət,
o ismət,
Yaşayır o zamandan
bu zamana,
mərhaba!
Yaşayana mərhaba!
Yaşadana mərhaba!
Siz ey əziz analar,
siz ey ulu nənələr!
Sizin tərbiyənizdən
çıxdı bu tər sinələr.
Dünyanın harasında
belə qız var, ay oğul!
Sevsən, onu sev ancaq
ona yalvar, ay oğul!
Qızlığı nə zərifdi,
gəlinliyi nə əziz.
Analığı əvəzsiz,
nənəliyi əvəzsiz.
Yaşayın siz, a qızlar!
bu gözəl torpaq üstdə.
Düzülsün misralarım,
yol olsun, körpü olsun
siz gedən bulaq üstdə.
1978
ƏSA GÖTÜRMƏ
“ …çəkilmişəm qınıma.
… qorxaram mən, –
yalan desəm Tanrıdan,
doğru desəm bəndədən”.
B.Vahabzadə
Sən belə demədin bir zaman şair, –
başında şimşəklər çaxanda belə!
Qırx il sətiraltı qışqıran şair,
susarmı səngərdən qalxanda belə?!
Bəndənin evini yıxdı yalanlar,
o başa düşmədi faş olanacan.
Özün deyirdin ki,
heykəl olanlar
daşa basılıblar daş olanacan.
Qoy daşa bassınlar, o daş arxadır,
zirvənin himnini tufanlar deyir.
Qartal – ildırımla əlbəyaxadır,
yerdə – çəyirtkəni sərçələr yeyir.
Şair qəsddən ölür, əsgər güllədən,
neyləmək, talelər başqadır, şair.
Əsgəri sağaldıb yaşadan vətən,
şairi öldürüb yaşadır, şair.
Almaz İldırıma Bakıda heykəl! –
millət gah ağ deyir, gah qara yazır.
Adını hər yerdən qaralayan əl
indi hər qapıya, divara yazır.
Mənə “qəbahətin” birtəhər gəlir,
görüb namərdləri çox köks ötürmə.
Üstünə qalxanlı gürzələr gəlir, –
əldən qılınc verib, əsa götürmə.
aprel, 1994
TƏRCÜMEYİ-HAL
Döyüldüm dəmir kimi,
döyüşdə gərək oldum.
Yoğruldum xəmir kimi,
gördülər çörək oldum.
Əkildim torpaq kimi,
göyərdim, çiçək oldum.
O qədər dandılar ki,
axırda gerçək oldum.
BOŞ SƏBƏTLƏR
Bir şəkil çəkdirdik…
nümayəndələr!…
filankəs, filankəs, bir də filankəs.
Mən keçdim arxaya, kimsə inciyər,
mənim anam ölsün, xətrimə dəyməz.
Baxışlar, duruşlar, münasibətlər…
burda bir qoltuğa qısılmışdılar.
İnsan cilidində bu boş səbətlər,
elə bil dirəkdən asılmışdılar.
İstədim xəlvəti aradan çıxım,
şəkildə boş qoyum arxa yeri də.
Baxdım, səbətlərə,
gəldi yazığım, –
gördüm boş səbətin mənəm biri də.
YASİN
Görkəmli alim dostum Rüstəm Əliyev Saraya yasin oxudu
Müəllif
“Yasin” oxuyurdun, ey sinədəftər!…
yazana min rəhmət, deyənə əhsən.
Sənə süfrə açan o zərif əllər
çəngəl tək
torpağa düşdü süfrədən.
Köhnə qəbristanın yeni bəzəyi –
can deyib yandığım, can sirdaşıydı.
Birinci hədiyyəm – nişan üzüyü,
sonuncu hədiyyəm – bu baş daşıydı.
Nədir bu dünyanın gizli oyunu,
kimdir bais olan bu göz yaşına?
Mən burda torpağa basdırdım onu,
o, evdə yuxuda çıxdı qarşıma.
Bir az geciksəydim, gözü yol çəkər,
adı yox, o özü yeganəm idi.
Bir düyməm qopsaydı, əlüstü tikər,
çiynim əzilmişdi, biganə idi!
Beləcə ilahi bir ağrı ilə,
kökləndim mən Quran surəsi üstə.
Bu necə kitabdı, –
oxunur hələ
ölünün, dirinin süfrəsi üstə?!
Qəbrilə üz-üzə canlı bir insan! –
bəlkə də sözümün canı bundadır:
Bu necə hikmətdi, –
dünyada qalan
dünyadan gedənin hüzurundadır.
Böyük kürsülərdə adı çəkilən,
“Yasin” tapşırırdı bir ada burda.
Millətin toyuna, yasına gələn
yaraşır toya da,
yasa da burda.
25 dekabr, 1993
GƏNCƏ ÜSYANI
Tarix qisas aldı tarixçilərdən,
yaşadı yaddaşda Gəncə üsyanı.
Öldük, içimizdə ölmədi vətən,
torpaqda və daşda Gəncə üsyanı.
Gəncə şəhər deyil, Gəncəbasardı,
əriş-arğacıyam mən bu yolların.
Kürəyi – zirehli dəmir hasardı
Gəncədə doğulan mərd oğulların.
Sinələr gülləyə hədəf oldular,
gəlinlər vuruşdu əlində silah.
Yeridi üstünə “qızıl” ordular,
göy susdu, yer dindi: Allah, ay Allah!
Millətə şöhrətdi qadın hünəri,
bir canın sözünü neçə can deyir.
Gəncə darvazası gedəndən bəri,
burda hər darvaza bir üsyan deyir.
Həmid Sultanovun dar ağacından,
Moskva razıydı, xain razıydı.
Bir gözəl özünü asdı saçından, –
Gəncənin dünyaya etirazıydı.
Torpağın bəlkə də son səngərini
namərdin əliylə dağıtdı namərd.
Gəncədə sınadı mauzerini,
Əlheydər Qarayev…
ağırdı bu dərd!
Şeyxi hüzuruma çağırın görək,
səsində, sözündə bir az od olsun.
Özü bir fatihə oxusun gərək,
şəhid gedənlərin ruhu şad olsun.
Mən sənə heyranam Gəncə torpağı,
karvanın kəhrizdi, dağdı, çinardı.
Asın eyvanlardan üçrəng bayrağı,
Gəncə üsyanından bir yadigardı.
noyabr, 1992
ƏGƏR
Yaxşılığın başa qaxmaq üçündüsə,
ya qaşqabaq üçündüsə,
eləmə heç.
Məsləhətin,
ya diləyin
yada salmaq üçündüsə,
diləmə heç.
Bir xoş sözün sonra minnət üçündüsə
söz demə heç.
Ya xoş üzün başqa məqsəd üçündüsə
göstərmə heç.
TƏLƏSMƏYİN
Bəd xəbəri verməyə tələsməyin dünyada,
nə yaxına, nə yada.
Yüngül olur ayağı onsuz da bəd xəbərin
üzü bozdu kədərin.
Bir qəlbin şüşəsini qırmağa tələsməyin.
bir gülüşü yanaqda,
bir söhbəti dodaqda,
bir yerişi ayaqda
heç yarımçıq kəsməyin.
Biri gül bəsləyirsə,
biri yol gözləyirsə,
tufan olub əsməyin,
ləngiyin, tələsməyin.
SÖYÜD
Hüseyn İbrahimova
Yenə Təbriz sözü gəldi dilimə,
babam Xətayinin şəhəridir o.
Qurşayın Arazı mənim belimə,
Təbrizin açılmış kəməridir o.
Araz qırağında, küləkli gündə,
mən bir söyüd gördüm çayın üstündə.
Dağılmış saçını gah yel yolurdu,
gah da ki, tikanlı məftil yolurdu.
Əyilib o tayı öpürdü söyüd,
əyilib bu tayı öpürdü söyüd.
Saçını o taya səpirdi söyüd,
saçını bu taya səpirdi söyüd.
Yüz belə küləklər əsib üstündən
birdi bahar ona, birdi qış ona.
Sərhəddə bitdiyi birinci gündən
tikanlı məftillər sarınmış ona.
Söyüd bitdiyinə peşiman olmuş,
söyüdü görənlər pərişan olmuş.
Söyüdüm, əyilib o tayı öpdün,
gətir saçlarından öpüm, söyüdüm.
Söyüdüm, saçını bu taya səpdin,
gətir saçını də öpüm, söyüdüm.
Üstünə gül-çiçək səpim, söyüdüm.
Fikrə qərq olduğum sərhəd boyunda,
sərhədsiz göründü dünya gözümə.
Əsr yarım keçdi bu bircə anda,
külək toz-torpağı çırpdı üzümə.
Sandım ki, yel əsir əsr yarımdı,
söyüdün saçları öz saçlarımdı.
Dondu damarımın elə bil qanı,
demə, qanunlara mən qulaq asdım.
Bölmədim, bölünmüş Azərbaycanı,
söyüdlə birlikdə bağrıma basdım.
ƏZİZİM
Məhəbbəti satın alır pul verən,
Məhəbbətə can verənin əlindən.
(İrandan, Türkiyədən gələn binamus “qardaşlarımız” qadınları şirnikləndirməklə gün keçirirlər)Müəllif
İnsaf elə, məhəbbətdən az danış,
yeni sevdan mübarəkdi, əzizim.
El sözüdü: əyri otur, düz danış,
dost arası düz gərəkdi əzizim.
Deməməyin nə deməkdi, əzizim?!
Yad ellərə dəvət edir filankəs,
sevən kimdi, sevilən kim, bilinməz.
Ağ köynəyə ləkə düşsə, silinməz,
yeri qalsa, o da pisdi əzizim,
gedən gedir, qalan izdi, əzizim.
İndi zaman dəyişibdi doğrudan,
bilmirsən kim uduzandı, kim udan?
Oyansan da bu yatdığın yuxudan,
daha gecdi, sən xumarsan, əzizim,
yuxulardan nə umarsan, əzizim.
Məhəbbəti satın alır pul verən,
məhəbbətə can verənin əlindən.
Səndən ötrü nə məhəbbət, nə vətən? –
Vətənsizsən vətəndə sən, əzizim,
cəbhədədir indi vətən əzizim.
Bizim qızlar papaq qoyub başına,
kəklik kimi yatır qaya qaşına.
Körpələrin tökülən göz yaşına,
dözə-dözə döyüşürük, əzizim,
dərdimizi bölüşürük, əzizim.
Qazan orda, bəzən orda, gəz orda,
kimə kəniz olacaqsan bəs orda?!
Əhd-peyman bağla orda, kəs orda,
bundan sonra fərqi nədir, əzizim,
arifə bir işarədir, əzizim.
Bəsdi şair, rəhmin gəlsin özünə,
qızın doğma ocağına, közünə.
Göz həkimi baxsın özgə gözünə,
birləşməmiş ayrılırıq əzizim,
tanıdırlar, tanıyırıq əzizim.
30 aprel, 1992
HƏLƏ AND İÇİR
Almas İldırımın adına küçə! –
keçirəm, ildırım içimdən keçir.
Bu necə millətdi, ilahi, necə?
ocağı söndürüb külə and içir.
Natiq əl-qolunu yellədir yenə,
hər sözü “mərmidir”, “güllədir” yenə.
Lenin Sarayında əl gedir yenə,
hakim fərman verib, kölə and içir.
Özgəni doyurub ac qaldı vətən,
meydana axışır ölkə yenidən.
Əsrin əvvəlində inqilab edən,
əsrin axırıdır… hələ and içir.
1.Qələm dostum Qərib Mehdiyev (müəllif)
Ücretsiz ön izlemeyi tamamladınız.
₺65
₺130,01
−50%
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022Hacim:
171 s. 2 illüstrasyonISBN:
978-9952-8450-9-3Telif hakkı:
JekaPrint