Kitabı oku: «Bir müəllimin xatirələri »

Yazı tipi:

NADİR İSRAFİLOV

BİR MÜƏLLİMİN XATİRƏLƏRİ

“Xatirə Ədəbiyyatı” silsiləsindən 56-cı kitab

Ön söz

Tanınmış təhsil eksperti, 45 illik pedaqoji fəaliyyəti dövründə təyinat üzrə kənd müəllimliyindən məktəb direktoru, elmi işçi, təhsil şöbəsinin müdiri, Bakı Təhsil İdarəsində sektor müdiri kimi, təhsilin aşağı və yuxarı idarəetmə orqanlarında böyük həyat yolu keçmiş, çoxlu sayda proqram, tədris vəsaiti, elmi-pedaqoji, tənqidi-analitik yazıların müəllifi Nadir İsrafilovun “Bir müəllimin xatirələri” adlı növbəti kitabı geniş oxucu kütləsinə təqdim olunur.

Kitab müəllifin müxtəlif illərdə, ayrı-ayrı mətbuat orqanlarının səhifələrində dərc olunmuş, uşaqlıq illərindən, başlayaraq orta məktəb dövrü, ali təhsil və aspirantura həyatı, habelə pedaqoji fəaliyyəti ilə bağlı yadda qalan bəzi məqamların toplusundan ibarət olub oxucuda keçən dövrlərə, qiyabi də olsa, nəzər salmaq, müvafiq müqayisələr aparmaq, bir daha həmin anları yaşamaq imkanı yaradır.

Əsasən, müdrik kəlamlar, hikmətli sözlərə istinadən qələmə alınmış xatirələrin hər məqamı müəllifin keçdiyi həyat yolunun bilavasitə təhsilə bağlılığı, təhsilin onun həyatında, gələcək karyerasındakı rolu ilə əlaqəli şəkildə, konkret, düşündürücü faktlar əsasında nəzərdən keçirilir, diqqət təlim və tərbiyənin bir çox aspektlərinə yönəldilir. Müəllif sonda bu nəticəyə gəlir: “Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar”.

Kitabı oxuyub başa vurduqdan sonra, bir daha əmin olursan ki, “Keçmişi də, gələcəyi də, ancaq indinin işığında görmək olar”; “İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir”; “Gələcəyi müəyyənləşdirmək istəyirsinizsə, keçmişi öyrənin”; “Gələcəyinizi proqnozlaşdırmanın ən yaxşı yolu onu qurmaqdır”; “Optimizm daha yaxşı gələcək yaratmaq üçün strategiyadır”.

“Ali kateqoriyalı müəllim”, Azərbaycan SSR “Xalq maarif əlaçısı” kimi fəxri adlara, bir çox medallara, mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara, döş nişanlarına layiq görülmüş, çox sayda proqram, tədris vəsaitləri, metodik tövsiyələr, elmi-pedaqoji, tənqidi-analitik məqalələrin müəllifi olan Nadir İsrafilov bu gün də Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın və “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədr müavini, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi ekspert qrupunun rəhbəri kimi fəaliyyətini davam etdirir, təhsilimizə öz yaradıcı, layiqli töhfəsini verir.

Ümidvaram ki, dəyərli pedaqoqumuz Nadir İsrafilovun “Bir müəllimin xatirələri” adlı bu yeni kitabı, nəinki təhsil işçiləri, bütövlükdə geniş oxucu kütləsi üçün də maraqlı olacaq. Kitabı oxuyan hər bir kəsdə kimin kim olması, hansı əqidəyə xidmət etməsi haqqında aydın təsəvvür yaranacaq.

Şəmil SADİQ

Filologiya üzrə fəlsəfə doktoru

Uşaqlıq saflığını itirməyən insana böyük insan deyilir

“Uşaqlıq məntiqin yuxuda olmasıdır”, “Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq”, ”Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir. O, müdafiəsiz böyüyə çevrilir”, “Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var”, “Uşaqlara susmağı öyrədin… Danışmağı özləri də bacararlar”, “Uşaqlar olmasaydı, insanlığı bu qədər sevə bilməzdik”, “Uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz”, “Hər uşaq bir tərəfdən dahi və hər dahi bir tərəfdən uşaqdır”, – deyiblər müdiklər. Psixologiya elminin öndə gedən, dünyada ən tanınmış və dəyərli elm adamlarından olan İsveçrə psixoloqu Karl Qustav Yunqun təbirincə desək, uşaq vaxtı özümü çox tənha hiss edirdim. Hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara ipucları verməyə çalışıram”.

Biz, əslində, tənha olmamışıq, ancaq o qədər öz uşaqlıq aləmimizə qapılmışdıq ki, sanki özümüzdən başqa heç nə görmür, heç nə hiss etmirdik. Yüngül dəcəlliyimiz olsa da, nəsihətlərə qulaq asmışıq, böyük-kiçik tanımışıq, yerimizi və həddimizi bilmişik. Belə bir deyim də var ki, uşaqlar valideynlərinə sevgi ilə həyata başlayırlar. Böyüyəndə isə onları mühakimə etməyi üstün tuturlar. Hərdən onları bağışlamırlar da. Biz belə uşaqlardan olmamışıq.

Nə yeniyetməlik, nə gənclik, nə də yaşımın hazırkı çağının hansısa anı uşaqlıq illərim qədər yaddaqalan olub, yaddaşımda bu qədər dərin iz buraxıb. Digər yaşıdlarım kimi mən də dövrün qayğılarla dolu mühitində böyümüş, boya-başa çatmışam. Amma qayğının nə olduğunu bilmirdik. Bilə də bilməzdik, çünki ətrafımızdakıların hamısı eyni qayğılarla, eyni dərəcədə əhatə olunmuşdu. Rayonumuz, əsasən, yeni salınmış fəhlə şəhərciyindən ibarət idi. Böyük bir konserv zavodu ölkənin dörd yanından gələnlərin əsas iş yeri sayılırdı. Valideynlərim də orada çalışdıqlarından zavodun yaxınlığında işçilərin uşaqları üçün tikilmiş uşaq bağçasına gedib beynəlmiləl mühitdə tərbiyə alırdıq.

Erkən uşaqlığımla bağlı ən yaddaqalan, hələ də yaddaşımdan silinməyən ən maraqlı hadisə SSRİ rəhbəri Nikita Xruşşovla görüşüm olub… Birinci sinifdə oxuyurduq. Bu ərəfədə şəkillərini yalnız qəzet və jurnallarda gördüyümüz, səsini radio vasitəsi ilə eşitdiyimiz, yaşadığımız böyük, qüdrətli ölkənin rəhbərinin Azərbaycana gəlişi gözlənilirdi. Bütün ölkə ayaqda, “gözdə-qulaqda”, biz də adəti üzrə məktəbdə idik. Səhər saatlarında qalstuklu, şıq geyimli üç rəsmi şəxs sinfə daxil oldu. Uzun müşahidə və məsləhətləşmələrdən sonra diqqət və nəzərləri mənə, bir də sinif yoldaşım olan bir qıza tuşlandı. Hər ikimizi dərsdən azad edərək “Villis” deyilən maşına əyləşdirib dəmiryol vağzalına gətirdilər. Hələ nə baş verdiyini bilmirdik. Görünür, məni ona görə seçmişdilər ki, sinifdə ağ köynək, qara şalvarda olan yeganə oğlan idim. Yəqin ki, qız da eynilə ağ köynək və qara ətək geyindiyindən diqqətlərini cəlb etmişdi. O dövrlər kasıblıq idi, kimin nəyi var, onu da geyinirdi. Anam səliqə-səhmana çox önəm verdiyindən məni məktəbə göndərərkən, adətən, üst-başıma xüsusi diqqət yetirirdi.

Sən demə, ölkənin “baş rəhbəri” regionlara səfərlər edərkən qabaqcadan planlaşdırılmış müəyyən yerlərdə “ayaq saxlayıb” ölkə zəhmətkeşləri ilə görüşürmüş. Belə bir görüş bizim şimal bölgəsində də nəzərdə tutulubmuş. Nəhayət, yolların təhlükəsizliyini yoxlayan bir qatar keçdikdən sonra dörd vaqondan ibarət digər qatar gəldi. Orta vaqondan bəstəboy, sadə geyimli, gülərüz bir adam xalçalar döşənmiş perrona qədəm qoydu. Bu adam Stalindən sonra 15 respublikadan ibarət Sovetlər Birliyinə rəhbərlik etmiş, Sovet İttifaqı Qəhrəmanı, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, ayaqqabıları ilə dünyanı hədələyərək bütün dünyaya meydan oxuyan Nikita Sergeyeviç Xruşşov idi. O zamankı ənənəyə əsasən duz-çörəklə qaşılanandan dərhal sonra mən və sinif yoldaşım olan qız gül-çiçək çələngini ona təqdim etdik. Böyük rəhbər üzündə razılıq təbəssümü ilə başımıza sığal çəkdi.

N.S.Xruşşovla görüşümüz məktəbdə nüfuzumu artırdı. Hamı şansıma sanki qibtə edirdi. Elə həmin günün səhəri sinif yığıncağı keçirib məni “sinifkom” seçdilər və məktəbi bitirənə qədər də bu “post”da qaldım…

Xatirələr zəngin olmasa, xəyallar solğun olar

İndi hər dəfə o dövrün həqiqətlərini və ziddiyyətlərini özündə əks etdirən “Böyük dayaq” filminə baxanda istər-istəməz, bir vaxtlar gül dəstəsi təqdim etdiyim N.S.Xruşşov yadıma düşür. Filmdəki Rüstəm kişi ilə Kələntərin dialoqunu əks etdirən epizod isə sanki mənə o dövrün salnaməsini xatırladır:

– Bəsdir, kolxozu geri çəkdin. O vaxt sən qarğıdalıya “kontur” getdin, indi də məhsuldarlığa mane olursan.

– Havayı söz danışmayın, yoldaş Kələntər! Kür altında 500 hektar qarğıdalı əkmişik, 500 hektar mərcimək.

– A kişi, indi mərcimək vaxtıdır? Elə bilirsən, mərcimək məsələsini nə üçün ortalığa atdığını başa düşmürük? Sənin qəsdin, qərəzin qarğıdalının qabağını kəsməkdir, qarğıdalının. Sən açıqdan-açığa oranın dediyinə zidd gedirsən.

– Oranın dediyinə siz zidd gedirsiniz. Nə qədər əkmək, nə qədər öhdəlik götürmək kolxozun öz işidir. Bizə dov gəlməyin!

– Sən də özbaşınalıq eləmə, qayda var, qanun var.

Bəli, o vaxtların öz qayda-qanunları var idi. Xruşşov isə nəyi bilməsə də, nəyin nə vaxt, nə üçün əkiləcəyini yaxşı bilirdi. Əbəs yerə deyildi ki, xalq arasında ona “Kukuriznik” ləqəbi verilmişdi.

1961-ci ildə Kubada baş verən sosialist inqilabı nəticəsində iki fövqəlbəşər dövlət arasında gedən soyuq müharibə pik həddinə çatmışdı. SSRİ-nin Kuba sahillərinə uzaqvuran raketlərlə təchiz olunmuş gəmilər göndərməsi ABŞ-ın SSRİ-yə qarşı müharibə vəziyyətində olması barədə ultimatumu ilə yekunlaşmışdı. Hamı qlobal miqyaslı müharibənin nə vaxt başlanacağına dair məlumatları izləmək üçün ölkə televiziyasının I kanalında yayımlanan “Vremya” xəbərlər proqramını gözləyirdi. Hər evdə televizor olmadığından qonşular bir yerə toplaşırdılar. Bütün maliyyə resursları ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə yönəldilmişdi. Bu da bir sıra problemlərə yol açırdı. Kütləvi aclıq ölkəni bürümüşdü. İnsanlar çörək növbəsinə durmaq üçün səhər tezdən saat 5-6 arası mağazaların qabağında sıraya düzülürdülər.

Səhər saat 8-dən bizi “QAZ-51” adlanan üstüaçıq yük maşınlarına mindirib sahələrə, qarğıdalı yığmağa daşıyırdılar. Sevinirdik, ona görə yox ki, məktəbdən, dərs oxumaqdan canımız qurtarırdı, ona görə ki ölkənin ərzaq təchizatında kiçik də olsa, payımız olacaqdı. Qarğıdalı yığımından sonra yenidən məktəbə qayıdır, proqramdan geri qalmamaq üçün əlavə məşğələlərə gedirdik.

N.S.Xruşşovun BMT-nin qərargahında ayaqqabısını çıxarıb tribunaya döyəcləməsi ABŞ-ı müharibəyə başlamaq fikrindən çəkindirmişdi. Bu, həmin Xruşşov idi ki, hakimiyyətinin ilk illərindən özündə qüvvə, cəsarət taparaq Stalin kimi bir rəhbərin “şəxsiyyətinə pərəstiş”i ölümündən sonra qurultayın müzakirəsinə çıxarmış, ölkənin bütün şəhərlərindən onun çoxsaylı heykəl və büstlərinin yığışdırılmasına nail olmuşdu.

Bir gün evimizdən bir az kənarda, konserv zavodu yaxınlığındakı açıq sahəyə xeyli hərbi maşınların toplaşdığının şahidi olduq. Uşaq marağı ilə maşınlara yaxınlaşmaq istəsək də, əlisilahlı hərbçilər yaxına buraxmadılar. Səhər yuxudan ayılan kimi həmin əraziyə növbəti tamaşaya gedərkən artıq orada nə zirehli maşınlar, nə də hərbçilər var idi. Məlum oldu ki, zavodun qarşısında və digər bir neçə yerdə olan heykəllər yerli-dibli yığışdırılıb aparılıb. Sonra isə öyrəndik ki, qonşu rayonların sakinləri də eyni vəziyyətin şahidi olublar. Bu durumu da belə atlatdıq. “Qarğıdalı” və “hədə-qorxu siyasəti” qalib gəldi. Tarixi keçmişimizin “Qarğıdalı salnaməsi” bu gün də yaddaşımdan silinməyib.

Elə xatirələr var ki, danışarkən gözəlliyi itir

“Tərbiyə uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır.”

Uzun illər keçməsinə baxmayaraq bugünkü kimi yadımdadır: məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatı yaşayardıq. Sanki dövlət də, elə cəmiyyətin hər üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar.

Bununla belə, sözün əsl mənasında oxumaq, nəyisə öyrənməyə can atmaq yeganə amalımız idi. Sinfin yarıdan çoxu “əlaçı” və “zərbəçi” olardı. Nisbətən zəif oxuyanlar zərbəçi, zərbəçilər isə əlaçı olmaq uğrunda bir-biri ilə yarışa qoşulardılar. Hər kəs nəsə bir “vəzifə” daşıyardı: kimi “sinifkom”, kimi “təmizkom”, kimi sinif, kimi məktəb divar qəzetinin redaktoru, kimisi də “redkollegiya”nın üzvü olardı. İndiki uşaq və yeniyetmələrə, gənclərə sadə, primitiv görünə bilər, amma bütün bunlar hər birimizdə kollektivçilik, yaradıcılıq vərdişləri, tapşırılan işə görə cavabdehlik, məsuliyyət hissləri formalaşdırırdı.

Həyatımızı kitabsız təsəvvür edə bilməzdik. Böyük tənəffüs zamanı məktəb bufetindən nəsə almaq üçün evdən verilən beş-on qəpiyə qənaət edib onu kitaba xərcləyərdik. Hər evdə “etajerka” adlanan kitab rəfindən ibarət kiçik, şəxsi kitabxana olardı. Məktəb kitabxanasındakı bütün kitabları oxuduğumuzdan mərkəzi kitabxanalara üzv yazılardıq. 5-ci sinfə qədər Canni Rodarinin, Andersenun, Qrimm qardaşlarının nağıl və hekayələri, 5-8-ci siniflərdə Daniel Defonun, Conatan Sviftin, Mayn Ridin macəra kitabları, 9-10-cu siniflərdə isə artıq Cek Londonun, Fyodor Dostoyevskinin, Teodor Drayzerin roman və povestləri ilə tanış olardıq.

Aşağı siniflərdə “Göyərçin”, “Azərbaycan pioneri”, yuxarı siniflərdə isə “Azərbaycan gəncləri”, “Elm və həyat” kimi qəzet və jurnallara abunə yazılardıq. Məktəbdən gələndən sonra səbirsizliklə həmin nəşrləri gətirməli olan poçtalyonu gözləyərdik. Qəzet və jurnalları oxuduqdan sonra oradakı ən maraqlı, lazım bildiyimiz hissələri kəsib saxlayardıq. Elə bir zaman gəldi ki, yaşadığımız sistemə, quruluşa acıq edib hərfi mənasına belə varmadan “pioner” sözündən incik düşdük, minlərlə məktəblinin asudə vaxtlarının şən, maraqlı təşkilinə xidmət edən, “pioner düşərgəsi” adlanan, rayonlarımızın füsunkar guşələrində yerləşən yay istirahət məkanlarını balalarımızın üzünə bağladıq.

Heç kəsə sirr deyil ki, hazırda ümumtəhsil məktəblərində “uşaq birliyinin rəhbəri” adlandırdığımız təşkilatçının tərbiyə sahəsindəki işi bir zamanlar “pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayisəedilməz dərəcədə fərqlidir. Məktəblə az-çox əlaqəsi olanlar bilməmiş deyillər ki, indiki birlik rəhbərlərinin çoxu uşaqların tərbiyəsi işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır. Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədris işləri üzrə müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir və s.

Əvvəllər bilik, məlumat əldə etmək üçün yeganə mənbə kitab, qəzet və jurnallar idi. İnsani münasibətlər canlı ünsiyyət vasitəsi ilə həyata keçirilərdi. İndi yüksək sürətli internet, çoxsaylı sosial şəbəkələr əsas informasiya daşıyıcıları hesab edilir, “distant təhsil”, “virtual məktəb” kimi anlayışlar meydana çıxıb, onlayn görüşlər aktuallaşıb. Virtual, vizual, verbal kommunikasiya vasitələri reallığa çevrilib. Skayp telefon zəngini sıxışdırır, canlı ünsiyyət SMS-lərlə, münasibətlər feysbuk, instaqram, messencerlə, sevgi, məhəbbət odnoklassniki ilə, imtahan kompüterlə, kitablar, dərsliklər elektron daşıyıcılar – android telefonlar, planşetlərlə əvəzlənıb. Bir sözlə, cəmiyyət get-gedə elmi-texniki tərəqqinin girovuna çevrilir.

Məktəb illərimizin, təhsil sahəsindəki fəaliyyətimizin qayğılı-qayğısız, acılı-şirinli keçən illərinə dair bəzi xatirələrimi bölüşməkdə məqsədim odur ki, ölkəmizdə uzun illərdən bəri özünü təsdiq etmiş, nailiyyətlərimizə, elmimizin inkişafına yol açmış təhsil sistemimizin ən yaxşı ənənələrini unutmağımızdan, böyük zəhmət hesabına əldə etdiklərimizə biganəliyimizdən doğan təəssüf hissini oxucularımla bölüşüm. Biz nəzərə almadıq ki, keçmiş ənənələrimizə bağlılıq, onları yaşatmaq gələcəyimizi qurmaqda ən təsirli stimul və sınanmış örnək ola bilərdi, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasında silinməz izlər buraxmışdı.

Uşaqların nəsihətdən daha çox yaxşı nümunəyə ehtiyacları var

Orta məktəbdə oxuduğumuz illərdə təlim və tərbiyə vəzifələrini vəhdətdə həyata keçirmək, hərtərəfli vətəndaş yetişdirmək üçün savadla yanaşı uşaqların əxlaqi tərbiyəsinə də xüsusi önəm verilirdi. İstəsək də, istəməsək də, razılaşmalıyıq ki, müasir dövrdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını, hələ tam itirməsə də, buna meyillidir. Başqa sözlə desək, təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisələrində belə təlim tərbiyəni üstələyir. Tərbiyə işi, bir növ, məzmun və mahiyyətinə diqqətin azaldığı mənəvi dəyərlərdən birinə çevrilib.

Heç də təsadüfi deyil ki, orta və yaşlı nəslin təhsil aldığı dövrlərdə davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü şəkildə formalaşdırılması məktəbəqədər və ibtidai təhsil səviyyəsində tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərdə isə mənəvi, ideya-siyasi, vətənpərvərlik, hərbi-vətənpərvərlik, beynəlmiləlçilik, fiziki, əmək, estetik, hüquqi, iqtisadi, ekoloji, əqli tərbiyə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi.

Hər məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi də həyata keçirilərdi. Sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə, orta məktəbi bitirənlərə “kamal attestatı” ilə yanaşı məktəb direktorunun imzası və möhürü ilə təsdiqlənmiş, şagirdin davranışına dair o zaman daha çox “xarakteristika” adlandırdığımız “xasiyyətnamə” də verilirdi. Bu xasiyyətnamə ali məktəblərə qəbul zamanı tələb olunan sənədlər içərisində özünə yer tuturdu. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvi aspektli mövzular salınırdı. Tərbiyə işində şəxsi nümunə başlıca şərt sayılır, tərbiyə olunan tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya, yaş fiziologiyasının əsaslarına, didaktikaya xüsusi yer ayrılırdı. Müəllimlərin işə qəbulu zamanı pedaqoji təcrübəyə önəm verilir və bu, formal xarakter daşımırdı. Əgər desək ki, son zamanlar pedaqogika və psixologiya elmləri pedaqoji prosesdən ayrı düşüb əsla yanılmarıq.

XX əsrin 90-cı illərində zamanın tələblərinə əsasən Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, milli ənənələrə və mənəvi dəyərlərə söykənən, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ide-yası yaranmış, hətta layihəsi də hazırlanmışdı. Sonralar naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı.

Müəyyən biliklərə yiyələnərək müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, öz xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti ən yüksək mənəvi keyfiyyətlərdəndir. Bu gənc seçdiyi ixtisasa ən yüksək səviyyədə yiyələnsə belə, mənəvi dəyərlərə malik deyilsə, vətəninə, xalqına lazımi xidmətlər göstərə biləcəyi o qədər də inandırıcı deyil.

Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlimlə tərbiyə vəhdət təşkil etməsə, dövlət qarşısında öz məsuliyyətini dərk edən, öz xalqının milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmətlə yanaşan, müstəqil, yaradıcı düşünən, hərtərəfli, ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş, şəxsiyyət yetişdirmək məqsədini həyata keçirməkdə problemlərlə üzləşəcəyik. Məktəblərimizdə, bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz, qeyri-etik təzahürlər belə qənaətə gəlməyə əsas verir.

Bizmi dəyişmişik, yoxsa zəmanəmi? Dəyərləri bizmi müəyyənləşdiririk, yoxsa dəyərlər bizi özünə tabe edir? Hələ də kimlərə sadə, kimlərəsə mürəkkəb görünən bu suallara konkret cavab axtarışındayıq.

Nəyisə unutmaq, yaxud unutmamaq insanın iradəsi xaricindədir

Müasir dövrün nəhəng mütəfəkkirlərindən sayılan Umberto Ekonun bir sözü var: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edin, bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”. U.Ekonun bu kəlamını bir kənara qoysaq belə, Mixail Bulqakovun “Master və Marqarita”sını, yaxud Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”ini ekrandan oxuyan kimsəni nə görmüşəm, nə də bu barədə nəsə eşitmişəm.

Neçə-neçə kitablar oxuduq, gecəmizi gündüzümüzə qatıb təhsil aldıq, boya-başa çatdıq, bilik səviyyəmizə, bacarıq və qabiliyyətimizə uyğun həyatda müəyyən mövqeyə, nüfuza sahib olduq. Bədii əsərlər, dərsliklər, qəzet və jurnallar oxuduq, nə öyrəndiksə, məktəb, ailə tərbiyəsindən, görkəmli yazıçıların əsərlərindən öyrəndik. Bizi məktəb, ailə mühiti yetişdirdi. O zamanlar kompüterin nə olduğunu belə bilmirdik. Orta məktəbi bitirmək ərəfəsində oxuduğum kitabların sayı artıq mini ötmüşdü.

Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi, çünki bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər. Vahid məktəbli formasının olmasına baxmayaraq buna məcburiyyət yox idi. Amma böyük əksəriyyət vahid məktəbli forması geyinirdi. Bütün yazı işləri “mil-mil” və “dama-dama” adlanan iki qəpiklik dəftərlərdə aparılardı. Dərsliklərdən savayı yeganə əlavə tədris vəsaiti “Hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edirdi.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib, nəfis “otkrıtka” axtarışına çıxardıq. Xətti pis olanlar “otkrıtka”ya öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardılar. İmkan olan yerdə isə xüsusi, kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklik əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmiş. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan “Krasnaya Moskva” və Polşa istehsalı “Mojet bıt”, “Bıt mojet” ətirləri idi. Bu 3 və 2 rubl qiyməti olan ətir məmulatlarını müəllimin qəbul edib-etməyəcəyini fikirləşməkdən gecəni səhərə qədər yata bilməzdik. Müəllim, sözün əsl mənasında, bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi.

Sonralar, təhsil şöbəsində və paytaxtın baş təhsil idarəsində çalışarkən dəfələrlə 8 Martla bağlı ərizə və şikayətləri araşdırmalı olduq. Hətta müəllimə ucuz hədiyyə aparan şagirdə, “Bunu anana apar” – deyən müəllimlərə də rast gəldik. Bəlkə də, natamam, sadəcə, bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər tapılacaq, çünki artıq dəyərlər dəyişib, lakin dəyərləri dəyişən də, ona qiymət verən də elə biz özümüzük. Son onilliklərdə təhsil sahəsində nələr qazandığımızı isə zaman göstərəcək.

Təhsil aldığımız illərdə əsas bilik mənbəyimiz dərsliklər idi. Dərsliyə mötəbər mənbə kimi baxardıq. İki nəfər arasında hansısa faktla bağlı mübahisə yarananda ona ilk növbədə dərsliyi açıb baxmaq məsləhət görülərdi. Dərsliklər tərtib edilərkən faktiki materialın seçilməsi ilə yanaşı həm də onun tərbiyəvi aspektlərinə xüsusi diqqət yetirilərdi. Tarix və ədəbiyyat dərsliklərindəki mətnlər qəhrəmanların dözümlülüyünə, mətinliyinə, etibarına, mütəşəkkilliyinə, ən başlıcası, vətənpərvərliyinə heç kəsi biganə qoya bilməzdi.

Hamımız aldığımız tərbiyənin övladlarıyıq

Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib, lakin onların hər birindən lazımi dərsi ala bilməmişik. Bəzilərinin, sadəcə tədris etdiyi fənn üzrə proqram materiallarını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, bizə yalnız bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər.

Uzun illər keçsə də, bəziləri xatirimizdə işıq kimi, bəziləri isə kölgə kimi əks olunur.

Özündənrazı kimya-biologiya müəllimimiz var idi. İşi-gücü uşaqları ələ salmaqdan, onları bacardığı qədər alçaltmaqdan ibarət idi. Bəşirov soyadlı qaraqabaq uşağa “Mürdəşirov”, nisbətən iri gözləri olan Teymur adlı birinə “Lemur”, Bağır adlı digər birisinə “Sağır” deyə lağ edərdi. Bir gün sinfimizə hansısa ucqar kənddən Dovutov soyadlı uşaq gəldi. Növbəti gün həmin müəllim sinif jurnalını açar-açmaz, “Gəlib dərsimizi danışsın Nöyütov” – deyə qımışanda Dovutov: “nöyüt” yox, benzin, “solyarka”, – deyib onun üzünə qabardı. O gündən həmin müəllim istehzalı əməllərindən əl çəkdi, şagirdlərin dilində isə “Mürdəşir müəllim” ləqəbi ilə gülüş obyektinə çevrildi.

Bu isə heç vaxt yadımdan çıxmayan digər müəllimimizlə bağlı xatirəmdir. Bizə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən orta yaşlı qadın müəllimimiz sinfə daxil olaraq sanki salam verməyi belə unutmuş kimi yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə müəyyən yazı-pozu edib 5 sütundan ibarət cədvəli, nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi: 1. Sıra nömrəsi; 2. Əsərin adı; 3. Əsərin janrı; 4. Əsərin müəllifi; 5. Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər götürüb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz, bundan sonra oxuyacağımız kitabların adlarını müvafiq qayda üzrə sütunlarda qeyd etməyi tapşırdı və ilin sonunda bunu qiymətləndirəcəyini söylədi.

Müəllimimizin adi görünən bu taktiki gedişi bizi böyük “strateji hədəflər” uğrunda mübarizəyə sövq etdi. Birinciliyi qazanmaq üçün “Kim ən çox kitab oxuyar?” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka, limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək kitablara xərclədik.

O vaxtlar kitablar ucuz satılırdı. Qrimm qardaşları və Andersenin nağılları ilə başlayıb Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi doldurulmuş üç 44 vərəqlik ümumi dəftər bu gün də qalır. Gərək bir gün imkan tapıb oxuduğum kitabların dəqiq sayını hesablayam.

Mark Tvenin bir sözü var: “Mənim kitablarım su, dahilərin kitabları şərabdır. Suyu hər kəs içir”. Rayon müəlliminin adi stimullaşdırıcı metodu bizi uşaqlıqdan kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, müəllim yalnız dərs deyən deyil, həm də “dərs verən”dir.

Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür

Görkəmli rus pedaqoqu və metodisti Aleksey Alekseyeviç Vaqin “Metodlar haqqında təlim. Dərs nəzəriyyəsi” kitabında yazırdı ki, tədris prosesində heç bir texniki vasitə, digər yüksək texnologiyalar müəllimin canlı sözünü, müəllim-şagird ünsiyyətini əvəz edə bilməz, heç bir təlim metodu canlı söz qədər təsir gücünə malik ola bilməz”. Açığını deyim ki, 1968-ci ildə nəşr olunan bu kitabı xeyli sonralar, artıq elmi-tədqiqat işlərimlə əlaqədar oxumalı oldum. Bunun nə demək olduğunu öz şəxsi nümunəmdə dərk etdim. Bu misalı niyə çəkdim?.. Əgər desəm ki, peşə seçimimdə, hələ V sinifdə oxuyarkən gələcəkdə məhz tarix müəllimi olacağım barədə fikrə düşməyimdə müəllimimin şəxsi nümunəsi, inandırıcı şərhləri, izahları, hələ üstəlik, mimika və jestikulyasiyası başlıca rol oynayıb, bir çoxları inanmaya bilər. Yəni “V sinifdə nə ixtisas seçmək, nə müəllim olmaq arzusu?!” – Düşünənlər ola bilər, lakin necə deyərlər, neçə illər keçsə belə, həqiqət həqiqət olaraq qalır…

Bir tarix müəllimimiz vardı, həm də direktor müavini idi. Bizə “Qədim dünya tarixi”ndən dərs deyirdi. Eramızdan əvvəl, 24 avqust 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol yaxınlığındakı qədim Pompey şəhərinin dağılmasını, fəlakətdən qaça bilməyən şəhər əhalisinin təşviş və qorxu hisslərini elə təsvir edirdi, sanki batmaqda olan şəhərin əzəmətli sütunları sənin üzərinə düşəcək. Sinifdə həyəcandan hətta parta altına əyilən uşaqlar olurdu. Yaxud qədim yunan mifologiyasının qəhrəmanları olan Herakl və Prometeydən elə danışırdı, sanki onların müasiri, yoldaşı olub.

Əlbəttə, o zaman xəritə və bir neçə illüstrasiyalı şəkildən başqa heç bir vəsaiti olmasa da, uşaqlar onun dərsinə gecikməmək üçün hətta tənəffüs zamanı məktəb bufetinə baş çəkməkdən belə imtina edirdilər. “Fakultativ” adlanan məşğələlər dərs saatı statusuna bərabər tutular, az dərsi olan müəllimlərin təminatı məqsədinə deyil, məhz uşaqların maraq və meyillərinin inkişafına xidmət edərdi. Sinfimizdəki uşaqların yarıdan çoxu məhz həmin müəllim tərəfindən aparılan fakultativ məşğələlərə həvəs göstərərdilər.

Nə qədər acı da olsa, bir həqiqəti etiraf etmək məcburiyyətindəyik: getdikcə müasir texnologiyalara ifrat dərəcədə aludə olaraq virtual asılılıq azarına tutulan şagirdlərimiz və tələbələrimizdə həm fiziki, həm də mənəvi cılızlaşma prosesi müşahidə edilir. Yəqin ki, bu səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə sirayət edib, özü də sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə.

Bilik səviyyəmiz, seçdiyimiz peşəyə maraq və meyillərimiz nəzərə alınmaqla, ali məktəbə sənəd verib-verməyəcəyimizi əvvəlcədən qərarlaşdırardıq. Özünə güvəni olmayanlar o vaxtlar geniş şəbəkəyə malik texniki-peşə məktəblərinə üz tutub müvafiq peşələrə yiyələnərdilər. Bir neçə ali məktəb, bir neçə ixtisas seçib hüquqşünas olmaq istəyənin tarixçi, tarixçi olmaq istəyənin kitabxanaçı, həkim olmaq istəyənin əczaçı, yaxud bioloq olmaq ehtimalı, narahatlığı yox idi. İxtisas, indi olduğu kimi valideynin diktəsi, kortəbii diplom sevdası ilə seçilmirdi. Seçimdə əsas sima, istiqamətverici nüfuz sahibi müəllim idi və şagirdin gələcək taleyinin müəyyənləşdirilməsində müstəsna rol oynayırdı.

Zamanın yeganə meyarı yaddaşdır

Valideynlərim müvafiq təhsil almasalar da, hər iki övladları – mən və böyük qardaşım onların arzusunu doğruldaraq akademik səviyyədə təhsil almışıq. O vaxt bütün məktəblərin girişində, foyedə bir şüar asılırdı: “Oxumaq, oxumaq, yenə də oxumaq”. Sən istəsən də, istəməsən də, məktəbə gedirsənsə, mütləq oxumalı idin. Məktəb, ailə, cəmiyyət əlbir iş görürdü. Ailə savadsız olsa belə, uşaq bilirdi ki, məktəbə gedirsə, oxumalıdır. Ən böyük qorxumuz valideyn iclasları idi. Sabah iclas keçiriləcəyini öyrənəndə səhərə qədər yata bilmirdik ki, görəsən, müəllim valideynlərimizə nə deyəcək? Bizi tərifləyəcək, yoxsa tənqid edəcək? İndi hər şey virtuallaşıb, onlayn sistemlə həll edilir. O vaxt isə əsas sima müəllim idi.

Bizdən əvvəlkilər 11 il oxuyurdular. Bizə çatanda isə ümumi orta təhsil yenidən 10 illik oldu. Başqa sözlə desək, biz 10 il oxuyaraq kamal attestatına sahib olacaqdıq. O zaman TQDK və ya DİM deyilən qurumlar yox idi. Orta məktəbi məqbul qiymətlərlə bitirən istənilən kəs seçdiyi instituta, universitetə sənəd verməkdə sərbəst seçimə malikdi. Sadəcə bunun üçün institutun müəllimlərindən yaradılmış komissiya qarşısında 4 fəndən imtahan vermək kifayət edirdi. İmtahanların biri qeyri-profil hesab edildiyindən toplanılan ballara təsiri yox idi…

Məktəbdə yaxşı oxumuş şagird üçün imtahan vermək də o qədər çətinlik törətmirdi, çünki V sinifdən başlayaraq VI sinif də daxil olmaqla iki, VII–VIII siniflərdə üç, IX–X siniflərdə isə dörd aralıq imtahan prosesindən keçdikləri üçün kifayət qədər bilik və təcrübə əldə edirdilər. Bir də hər ilin mart, aprel aylarından hər sinif üzrə imtahana düşəcək suallardan ibarət 3 qəpiklik biletlər satışa çıxarılırdı Hər kəs neçə biletin neçə sualını öyrəndiyini bilməklə, qabaqcadan imtahandan neçə qiymət alacağını bilirdi. İmtahan biletlərində məntiqi, yaxud digər çaşdırıcı, dolaşdırıcı suallar olmurdu. Nə öyrədirdilərsə, şagirdlərdən də onu tələb edirdilər.

Ən böyük narahatlıq, əsasən, inşalardan ibarət yazılı imtahandan idi. Bu imtahanda, dünya klassikləri də daxil olmaqla orta məktəb proqramında nəzədə tutulmuş Azərbaycan yazıçılarının əsərlərindəki ayrı-ayrı surətlərin səciyyəvi təhlilini nöqtə-vergülünə qədər, nömrələnmiş, işarələnmiş ağ vərəqlərə köçürmək tələb olunurdu. Bu isə bəzilərinə o qədər də asan görünmürdü. Çıxış yolu kimi o zamanlar geniş dəbdə olan, “şparqalka” adlanan “informasiya daşıyıcıları”na böyük ümid bəslənilirdi. Düzdür, bunlardan lazımınca yararlanmaq heç də hamıya qismət olmurdu, çünki imtahana girişdə hər kəs ciddi yoxlanılır, nəzarətdən yayınanların isə içəridə istifadə edəcəkləri təqdirdə əllərindən alınırdı.

O zamanlar, xüsusilə, dəbdə olan, bəzən də “qarmoşka” adlandırılan “sparqalka”ların öz “müasirləri”ndən fərqi ondan ibarət idi ki, “sudan quru çıxmaq” məqsədinə deyil, təfəkkürün inkişaf etdirilməsinə, hafizənin formalaşdırılmasına, yaddaşın möhkəmləndirilməsinə xidmət edirdi. Bu, əslində böyük bir materialın kiçik hərflərlə yığcam hala salınmış konspekt forması idi… 50-60 “qarmoşka-şparqalka” yazan şagird, eyni sayda mövzunu oxumuş olur, yazı-pozu bacarıqlarına yiyələnir, ən azından, heç olmasa, dünya və Azərbaycan klassiklərini, onların yaratdıqları obrazları tanımaq imkanı əldə edirdi.

İnsan gələcəyə öz keçmişinin çiynində gedir

Ali məktəbə sənəd verməyim “proletariatın dahi rəhbəri” və bütün sovet uşaqlarının “babası” hesab edilən Vladimir İliç Leninin 100 illik yubiley təntənələri ərəfəsinə düşdüyündən və sənəd verdiyim institut onun adını daşıdığından qəbul planında yerlərin sayı xeyli artırılmışdı. Belə ki, həmin il Tarix fakültəsinə, ötən illərdə nəzərdə tutulmuş 50 yer əvəzinə, 100 yer ayrılmışdı.

İlk iki şifahi imtahandan gözləntilərim özünü doğrultdu. Hər ikisindən klassik qiymətləndirmə şkalası üzrə ən yüksək nəticə göstərərək “əla” aldım. Üçüncü imtahan yazılı idi. V.İ.Leninin böyük dəyər verdiyi proletar yazıçısı Maksim Qorkinin “Ana” romanı üzrə inşa yazısında peşəkar inqilabçı Pavel Vlasov və onun anası Plageya Nilovnanın surətlərini səciyyələndirmək tələb olunurdu.

Bu sınaqdan da üzü ağ çıxmağıma baxmayaraq nəticələr elan olunarkən “yaxşı” qiymət almağım məni xeyli təsirləndirdi. Qiymətindən narazı olanların apellyasiya vermək şansı olduğunu eşidəndən dərhal sonra tərəddüd etmədən yazılı şikayət verdim. Şikayətimə mənim iştirakımla baxıldı. Sən demə, iki vergül və bir apostrof işarəsindən ibarət üç səhvim varmış. Yaşlı müəllimlərdən biri yazını müştəri gözü ilə nəzərdən keçirərək dedi ki, bu uşağa, üç deyil, beş səhvi olsa belə, təkcə xəttinə görə “əla” qiyməti düşür. Hamı təbəssümlə onunla razılaşdı.

Dördüncü imtahan ingilis dilindən idi. Xarici dil seçdiyimiz ixtisas üçün qeyri-profil sayıldığından nəticəsi hesaba alınmırdı. İlk olaraq hər üç fəndən “5” alanlar, sonra iki “5”, bir “4” alanlar, daha sonra bir “5”, iki “4” alanlar, getdikcə hər üç fəndən “4” alanlar, yəni 100 yerin tamamına qədər ən çox bal toplayanlar tələbə adını qazandılar. Mənə də bu siyahıda ilk onluğa düşmək şərəfi nəsib oldu. Elə ilk cəhddən ali məktəbə qəbul olundum.

Valideynlərimin sevincinin həddi-hüdudu yox idi. Məndən bir il əvvəl isə böyük qardaşım o vaxtlar “Politexnik” adlanan indiki Azərbaycan Texniki Universitetinə və ya qısaca, AzTU-ya qəbul olunmuşdu. Sonralar bununla kifayətlənməyərək hər ikimiz təhsilimizi davam etdirdik. Mən Moskvada SSRİ Pedaqoji Elmlər Akedemiyasının aspiranturasına, o isə Volqoqradda Polis Akademiyasına daxil olaraq polis polkovniki rütbəsinədək yüksəldi.

Biz ali məktəbdə oxuyan zaman indiki kimi internet, digər elektron informasiya daşıyıcıları yox idi. Yeganə bilik mənbəyi kitab idi. Mühazirə zamanı apardığımız qeydlər və mövzuya dair tövsiyə edilən əlavə ədəbiyyatlardan əldə etdiyimiz bilgilər əsasında seminar və “zaçot”lara hazırlaşırdıq. Əlavə ədəbiyyat isə tələbələrin sayı ilə müqayisədə kitabxana fondunda məhdud sayda idi, yəni “kim tez götürdü” prinsipi daha çox qüvvədə idi.

Bir gün – növbəti seminarların birində müəllim sözümü kəsib soruşdu:

– Bunları haradan bilirsən, mən ki mühazirəmdə bunları sizə deməmişəm?

Dedim ki, “Vsemirnaya istoriya” ensiklopediyasından oxumuşam. Soruşdu ki, rus dilini yaxşı bilirsən, bu kitab səndə var? “Bəli” – deyə təsdiqlədim. – Səhər o kitabı mənə gətirərsən, – dedi.

Ertəsi gün kitabı ona təqdim edərkən böyük bir fəsli işarələyib tərcümə etməyimi tapşırdı. Tərcüməçilik fərasətimdən digər müəllimlər də xəbər tutdular. Ayrı-ayrı müəllimlərə ali məktəblər üçün nəzərdə tutulmuş “İstoriya drevneqo mira”, “İstoriya srednix vekov”, “İstoriya vostoka”, “İstoriya SSSR”, “İstoriya KPSS”, “Novaya istoriya”, “Noveyşaya istoriya” kitablarından tərcümələr edirdim. Yay tətilim dincəlməyə deyil, əsasən, tərcümə işinə həsr olunurdu.

Ağır və gərginlik tələb edən iş olsa da, zəhmətim hədər getmirdi. Həm özüm öyrənirdim, həm də müəllimlər bunu nəzərə alırdılar. Əksər imtahanlarda sualların cavabını soruşmadan, – sən bunları bilməmiş olmazsan – deyərək qiymətimi yazırdılar. Qrup və “potok”– birləşmə tələbələri arasında da hörmətim, nüfuzum nəzərəçarpacaq dərəcədə artmışdı, hamı mənə yaxın olmağa çalışırdı.

Məsələnin əsas mahiyyəti bir də ondan ibarət idi ki, ixtisasa dair elmi-pedaqoji vəsaitlərin böyük əksəriyyəti rus dilində idi. Təəssüf ki, indinin özündə də bu məsələ lazımi həllini tapmadığından çoxları gələcək karyeralarını qurmaq üçün rus dilində təhsil almaq zərurəti qarşısında qalırlar.

İctimai fəallığımı, müəllim və tələbələrlə “isti” münasibətlərimi nəzərə alaraq III kursda oxuyarkən məni partiya sıralarına qəbul etdilər. Əlbəttə, o dövrün “zehni, şərəfi və vicdanı” sayılan, cəmiyyətin “ən şüurlu və mütəşəkkil qüvvələrini” özündə birləşdirən Kommunist Partiyası sıralarına. Çünki o vaxt başqa partiya yox idi və parta arxasında ikən onun sıralarına qəbul olunmaq hər tələbəyə nəsib olmurdu…

Dünənimiz tarix, sabahımız müəmma, bu günümüz isə hədiyyədir

Ali məktəbi bitirib doğulduğum, boya-başa çatdığım rayona təyinat aldım. O vaxtlar işə qəbul zamanı indiki kimi imtahan, müsabiqə, müsahibə kimi çoxpilləli qaydalar tətbiq olunmurdu. Tələb-təklif prinsipi əsasında təyinat sistemi mövcud idi. Şəkili Şəkiyə, qubalı Qubaya göndərilir, bakılı isə imkan daxilində Bakıda saxlanılırdı. Bir də ailə vəziyyəti, evlilik və digər bu kimi istisna hallarda azad təyinat verilirdi. Diplomda hansı fakültəni, hansı ixtisas üzrə bitirdiyin və hansı peşəyə yiyələndiyinə dair Dövlət İmtahan Komissiyasının qərarı barədə qeyd aparılırdı. Bir sözlə, ali məktəbin verdiyi diplom əmək fəaliyyətinə başlamaq üçün keçərli idi.

Rayona təyinatım “insident”lə başladı. İlk işim hərbi qeydiyyata düşmək üçün hərbi komissarlığa getmək oldu. Komissar “pripisnoy” adlandırılan ilkin çağırış vərəqəsinə baxıb üzünü turşudaraq məni “dezertir” adlandırdı (“Fərari” sözü o qədər də populyar deyildi). Bu adamı başa sala bilmədim ki, ali məktəbdə oxuduğuma görə məni hərbi xidmətə aparmayıblar. O isə inad edirdi ki, gərək bu vərəqdə bu hal əksini tapaydı. Halbuki bu standart vərəqədə yalnız ərazi üzrə uçota girməyin və çıxmağın tarixləri göstərilirdi. Mənim qeydiyat vərəqəmdə isə giriş-çıxış kimi ali məktəbin yerləşdiyi ərazi – 26 Bakı komissarı adına rayon (Səbayel) göstərilmişdi.

Məsələyə müdaxilə etməyə cəhd edən digər komissarlar “baş komissar”larını nə qədər başa salmağa çalışsalar da, inadkarlığından əl çəkmədi. Mənə “kruqom” (“geriyə dön”) komandası verərək hərbi xidmət keçmək üçün uzaq və sərt iqlimli Sibirə, ağır tikinti işlərindən ibarət “stroybat” hissələrinə göndərəcəyi ilə hədələdi. Mən isə ona, “Get, hərbçilərinə əmr ver, mən hələ sənin əsgərin deyiləm!” – Deyib qapını çırpdım.

Oradan birbaşa Rayon Maarif Şöbəsinə gəldim. Maarif müdiri ata evimizin qonşuluğunda yaşayırdı və məni şəhər 1 nömrəli məktəbinə təyin edəcəyini bildirmişdi. Onunla bir az dərdləşdik. Şəhər məktəbinə işə çıxacağım halda payız çağırışında hərbi xidmətə cəlb olunacağımla bağlı məsələləri danışdıq. Məni narahat edən hərbi xidmətə getmək deyil, onun məni Sibirə və əks təqdirdə Almaniyaya göndərəcəyi barədə təhdidləri idi…

Mən gözdə-qulaqda ikən mətbuatda, radio və televiziyada kənd müəllimlərinin hərbi xidmətdən azad olunmaları barədə xəbərlər yayıldı. SSRİ Maarif Nazirliyi və Müdafiə Nazirliyinin “Kənd müəllimlərinin hərbi xidmətdən azad olunmaları barədə” birgə əmrini eşidən kimi dərhal yadıma rayon hərbi komissarının məni Sibirə, Almaniyaya, daha nə bilim, haralarasa hərbi xidmətə göndərəcəyi barədə hədə dolu sözləri düşdü. İndi Təhsil Şöbəsi adlandırılan Rayon Xalq Maarif şöbəsinə gedib əmrimlə maraqlandım. Maarif müdiri, əvvəldən də nəzərdə tutulduğu kimi şəhərin mərkəzindəki 1 nömrəli məktəbə göndəriləcəyimi bildirdi.

Kənddə işləmək qərarına gəldiyimi eşidəndə sifəti sevincindənmi, təəccübündənmi, sözlə ifadə edilməsi mümkün olmayan şəkil aldı. Tərəddüd etmədən, “hansı kəndi seçirsən, de, səni ora göndərim” – deyəndə başa düşdüm ki, sevinir, çünki mərkəzdəki məktəbə özünə daha münasib olanları göndərmək imkanı əldə edirdi. “Mən axı kəndləri tanımıram” cavabıma operativ reaksiya verdi: “Hələ vaxta var, hərlən-fırlan, özünə münasib yer seç, qalanı mənlikdir”.

Qonşumuzun təzə aldığı maşında rayonun kəndlərini “hərlənib-fırlanmağa” başladıq. Beş günlük ağır və üzücü “kəşfiyyat”dan sonra, nəhayət, Alekseyevka adlanan bir kəndin üzərində dayandıq. O zaman rayonumuzun əksər kəndləri rus adları daşıyırdı. Alekseyevka ilə qonşuluqda Aleksandrovka, Vladimiroka, Yekaterinovka, Yelenovka, Pavlovka və s. kəndləri idi. Böyük əksəriyyəti rus və malakanlardan ibarət bu kəndlərin əhalisi, deyilənə görə, çar dövründə sürgün olunanlar idi. Düzdür, Uzunoba, Tikanoba, Palçıqoba kimi bir necə sırf Azərbaycan adı daşıyan kəndlər də var idi.

Bununla belə, Alekseyevka kəndi öz səliqə-səhmanına görə digər kəndlərdən nəzərəçarpacaq dərəcədə fərqlənirdi. Geniş və işıqlı küçələri sanki prospekti xatırladırdı. Kənddə böyük qarışıq mallar mağazasından tutmuş, xəstəxana, mədəniyyət klubu və kitabxanaya qədər, demək olar ki, bütün ictimai iaşə obyektləri vardı. Meşələrlə əhatə olunmuş geniş bostanlar, böyük meyvə bağları kəndə xüsusi gözəllik verirdi. Sadə, zəhmətkeş insanlarla bir araya gəlmək, ali məktəbdə qazandığım bilik və bacarıqları onların övladları ilə bölüşmək həvəsi məni Sibirə, yaxud Almaniyaya “getmək” fikrindən daşındırdı.

Yaxşı başlanğıc uğurun yarısıdır

Dövlət ali təhsil müəssisələrində rektorların 5 il müddətinə təyin ediləcəyi barədə xəbər gənclik illərimlə bağlı heç vaxt unuda bilməyəcəyim hadisəni mənə yenidən xatırlatdı…

Ali məktəbi yenicə bitirib kənd məktəbinə müəllim təyin olunmuşdum. Kollektiv, əsasən, ali təhsil diplomu olmayan, müxtəlif texnikum və kursları bitirən yaşlı nəslin nümayəndələridən ibarətdi. Kənd müəllimlərinin hərbi xidmətdən azad olunmaları barədə qərardan sonra mənimlə bərabər daha 5 gənc müəllim fəaliyyətə başladığım həmin məktəbə göndərilmişdi. Elə həmin il özək təşkil olunduğundan məni müəllim komsomol təşkilatının katibi seçdilər.

Daha bir il sonra ictimai fəallığımı, yüksəlməkdə olan nüfuzumu nəzərə alıb məktəbin ilk partiya təşkilatının katibi seçilməyimi məsləhət bildilər. Əvvəla, hələ tələbəlik illərindən Kommunist Partiyası sıralarına daxil olmuşdum, digər tərəfdən, nəinki rayon, hətta respublika və bütövlükdə ölkə üzrə kifayət qədər tanınırdım. Əlbəttə, o zaman 22 yaşındakı gəncə böyük pedaqoji kollektivin “ideya-siyasi tərbiyəsi” ilə məşğul olmaq kimi çətin, məsuliyyətli işin həvalə edilməsi, yüksək etimad və böyük bir yükü öz üzərinə götürmək demək idi.

“Kommunist vicdanı və əqidəsi” ilə fəaliyyətə başladım. İlk işim böyük coşqu ilə məktəbdə ciddi nizam-intizam yaratmağa cəhd etməkdən ibarət oldu. Məktəbin direktoru, bilavasitə tədris işlərinə baxan müavin rayon mərkəzində yaşadıqlarından, adətən, məktəbə gec gəlib tez gedirdilər. Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı isə elə də böyük nüfuz sahibi olmayıb müəllimlərə təsir “mexanizmi”nə malik deyildi. Direktor və müavin üçün məktəbin həyətində ayrıca otaqlar nəzərdə tutulmuşdu. Onlar işə gələndə də həmin otaqların qarşısında olan həyətyanı sahədə saxladıqları toyuq-cücəyə qulluq etməklə məşğul olurdular.

Zəng vurulmuşdu. Dərs başlasa da, müəllimlər otağında “işgüzar” mühit hökm sürürdü: kimi çay içir, kimi domino oynayırdı. Kiminin ağzı söhbətə qızışmış, digərinin qəhqəhəsi nərdin şaqqıltısına qarışmışdı… Dəhlizdə nəzarətsiz qalan uşaqların səsi məktəbi başına götürmüşdü. Nəhayət, “ay yoldaşlar, zəng içəri vurulub, belə olmaz axı…”, – deyə hirsli müraciətimdən sonra həmkarlarım köhnə vərdişlərindən, sanki əziz-giramilərindən ayrılan kimi ayrılıb müəllimlər otağını tərk etmək məcburiyyətində qaldılar. Hiss edirdim ki, mənə qarşı kin-küdurət hissi baş qaldırır, ayrıca qruplaşmalar yaranmağa başlayırdı. Hər dəfə məni görəndə “partkom gəlir, dağılışın”, – deyərək sanki mənə tənə ilə baxırdılar.

“Partiya idealları”na hədsiz sədaqətim, məsuliyyətsiz iş yoldaşlarıma qarşı barışmaz mövqeyim onunla nəticələndi ki, növbəti partiya hesabatı üzrə seçki yığıncağının gizli səsverməsində bir neçə nəfər bitərəf qalmaqla həmkarlarımın böyük əksəriyyəti bülletenlərdə adımın üstündən xətt çəkdi. Çıxışından məlum olanda ki, mənə qarşı təşkil olunan kampaniyanın başında duran, əleyhimə səs verənlərdən biri məhz məktəbin direktorudur, raykomun ideologiya üzrə katibi olan rus qadın üzünü ona tutaraq, “bu sizə baha başa gələcək normal demokratik seçki keçirə bilmədiyiniz üçün. Rayon partiya komitəsinin mövqeyi qüvvədə qalır, yoldaş İsrafilov yenidən ilk partiya təşkilatının katibi seçilmiş hesab olunur” – deyərək qəzəbli halda zalı tərk etdi.

Uşaqlar olmasaydı, insanlığı bu qədər sevə bilməzdik

Məktəbimiz rayonun o zamanlar “sovxoz” adlandırılan ən böyük təsərrüfatlarından birinin ərazisində yerləşirdi. O illər payız aylarında bol məhsulu yığıb-yığışdırmaq üçün kənd əməkçilərinə kömək məqsədilə məktəblilər də məhsul yığımı prosesinə cəlb olunurdular. Günümüzün çox hissəsi, demək olar ki, sahələrdə keçirdi. Qısa müddətdə rayonun ictimai fəallarından birinə çevrilmiş, bir sıra təşkilatlara üzv seçilmişdim. Dairədə və rayonda kifayət qədər tanınırdım.

Növbəti ildə dərs ilinin sonuna yaxın məni sovxozun idarə heyətinin iclasına dəvət edib həmin təsərrüfatın balansında olan pioner düşərgəsinə rəis göndərilməyimin qərara alındığı, bunun artıq rayonun müvafiq qurumları ilə də razılaşdırıldığı barədə məlumatlandırdılar. O vaxtlar hansısa təyinat zamanı şəxsi fikrin o qədər də önəm daşımadığını yaxşı bildiyimdən razılaşmalı oldum. Sovet İttifaqının ilk kosmonavtı Yuri Qaqarinin adını daşıyan düşərgə Nabranda dəniz sahilindən az məsafədə meşənin içərisində yerləşib əsas korpusdan və 30-a qədər taxta evcikdən ibarət idi.

İlk tanışlığımdan öyrəndiyim o oldu ki, hər növbədə 150 uşağın dincəlməsinin nəzərdə tutulduğu düşərgədə xidmət üçün 25 nəfərdən ibarət işçi heyəti nəzərdə tutulub. Bu heyətə rəis – yəni mən, rəis müavini, təsərrüfat müdiri, baş tərbiyəçi, tərbiyəçilər, dəstə rəhbərləri, musiqi rəhbəri, idman rəhbəri, baş həkim, tibbi personal və mühasibatlıq daxil idi. Düşərgəni gündəlik ərzaqla, əsasən, Nabranda yerləşən “Kurorttorq” adlı iaşə xidməti təşkilatı təchiz edirdi. Sovxoz da mütamadi olaraq meyvə-tərəvəz və süd məhsulları göndərirdi.

Bu kimi düşərgələr böyüklər və uşaqlar üçün nə kimi əhəmiyyətə malik idi? Hər şeydən əvvəl uşaqların sağlamlığı, mənalı istirahəti, yay tətili müddətində asudə vaxtın səmərəli təşkili nəzərdə tutulurdu. Böyüklər üçün daimi iş yerləri qorunub saxlanılmaqla əlavə əmək haqqı imkanları yaranırdı. Sosiallaşma baxımından əvəzolunmaz şərait yaradılır, valideynlər uşaqlarına görə arxayın olurdular. Düşərgələrin uşaqların təlim-tərbiyəsi, zərərli vərdişlərdən uzaqlaşmaları, məşğulluğu, səmərəli fəaliyyətə qoşulmaları baxımından çox böyük, müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Düşərgədə şagirdlər özlərinə dostlar tapır, idman, hərbi oyunlar sahəsində bacarıq və vərdişlərə yiyələnir, nizam-intizama alışırdılar.

Məlumdur ki, uzun müddətli gərgin zehni əməkdən sonra düşərgədə, istirahətlə yanaşı kollektivçilik, təşkilatçılıq, birgə yaşayış normaları, yüksək əhvali-ruhiyyə formalaşır, bu isə öz növbəsində təhsilin səmərəliliyinə, keyfiyyətinə müsbət təsir göstərirdi. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar təşkil olunurdu. Eyni zamanda, bu düşərgələr, bir növ hərbi xidmətə hazırlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış forması idi. Uşaqlar səhər şeypur səsi ilə yuxudan oyanır, yuxu və qidalanma rejimləri tənzimlənirdi. Tonqallar, məşəllər, bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. tədbirlər tərbiyə, nizam-intizam baxımından mühüm əhəmiyyətə malik idi.

Mənəvi dünya daxili aləm sayılsa da, öz içi və çölü var

Mən dindar deyiləm. Bununla belə, dini dəyərlərə həmişə önəm vermiş, dinimizi mənəvi dəyərlərimizin tərkib hissəsi hesab etmişəm. Moskvada elmi fəaliyyətimlə bağlı işgüzar səfərlərimdən birində bukinist mağazasında son manatımı rus ərəbşünası Kraçkovskinin müqəddəs “Qurani-Kərim”in orijinal tərcüməsi olan “Koran” nüsxəsinin 1965-ci il nəşrinə və fransız Anri Massenin “İslam. Oçerki istori” kitabına verib qərib şəhərdə pulsuz günlər keçirmişəm. Lakin bütün bunlar milli ruhuma, mənəvi düşüncələrimə mənfi təsir göstərməyib, çünki dinin mənşəyi, mahiyyəti barədə lazımi qədər bilgiyə yiyələnməyə daim səy göstərmişəm.

Kiminin İsa Məsihi – İisus Xristos, kiminin Musanı – Moisey, Habili – Abel, Qabili – Kayen, Nuhu – Noy, Yaqubu – Yakov, Yusifi – İosif, Süleymanı – Solomon və s. adlandırmasından asılı olmayaraq əksəriyyətimiz Adəm (Adam) və Həvvanın (Yeva) övladları olduğumuzu qəbul edirik. Bununla belə, çoxumuz toylarımızda bəy tərifi zamanı “Dəryada batıbdır Nuhun gəmisi, gəlsin xələt versin bəyin əmisi” sədaları altında pul toplayarkən Nuhun kimliyinə və hansı dindən olduğunun fərqinə belə varmırıq. Bəzi dindarlarımız, hətta özünü “hacı” zümrəsinə aid edənlər belə Məryəm ilə Mariya, Həcər ilə Aqer, Rəbiyyə ilə Rebekka, Rahilə ilə Raxel arasındakı eyniyyəti anlamaqda çətinlik çəkərək onları qarışıq salırlar, çünki dinlərin bəşəri köklərinin eyniliyinin fərqinə varmırlar. Sözümün canı nədir? Bəlkə də, ictimai həyatımızda ikinci elə bir dövr olmayıb ki, cəmiyyət üzvlərinin dini maarifləndirilməsi məsələsi bu qədər aktual olsun. Ölkəmizin təhsil tarixində ikinci elə bir hal olmayıb ki, “Təhsil müəssisələrində dinin tədrisinə ehtiyac varmı?” sualı kimi məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılsın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilsin, diskussiyalara, debatlara, polemikalara səbəb olsun, özünə bu qədər tərəfdar və ya əleyhdar toplansın, çoxlarını tərəddüddə saxlasın. Söhbət heç də kimlərinsə dinə münasibətindən, inancından, mömin olub-olmamasından, konkret fərdi baxışlarından getmir, gedə də bilməz. Maraqlı, düşündürücü olan məsələnin başqa tərəfidir. Yəni dini maariflənmə, gənclərin, yeniyetmələrin dini təhsili məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri, ekspertlərin fikirlərində müəyyən yaxınlıq, həmrəylik olsa belə, məsələnin həlli istiqamətində konkret, praktik addımların atılmasında hələ də müəyyən tərəddüdlər var. Hamımızın yanaşma və baxışları fərqli olsa da, ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini təriqətlərin təsiri altına düşməsində məhz dini maarifləndirmənin, bilgilərin yetərli olmaması ilə bağlı qənaətimiz yekdildir. Bununla belə, dinin tədrisi ilə bağlı fikir, təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, təhsilin dünyəvi xarakterli olması məsələsini qabardırıq.

Vaxtilə böyük filosoflar İmmanuil Kant, Fridrix Hegel də məsələyə fərqli müstəvidə yanaşırdılar. Filosofları bir kənara qoyub dini ayinlərlə bağlı bir xatirəmi yada salmaq istəyirəm. Uşaqlıq illərim, əsasən, rusların çox yaşadıqları mühitdə keçib. Rayonumuz şimal bölgəsində yerləşdiyindən zavoda yaxın küçədə yaşadığımızdan məhəlləmiz, əsasən, Rostov, Odessa və digər Rusiya şəhərlərindən işləməyə gələn sakinlərdən ibarətdi. Uşaq olduğumuzdan dəfn mərasimlərinə maraqla baxardıq. Küçəmizdən keçən dəfn karvanına qoşulub kilsəyə gedər, keşişin icra etdiyi ayinlərə tamaşa edərdik. Əlində yellətdiyi buxurdan bizə, xüsusilə, maraqlı görünürdü. Bu ayin zamanı onun nə oxuduğunu və nədən bəhs etdiyini, təbii ki, anlamırdıq.

Həyat elə gətirdi ki, ali məktəbi bitirib şimal bölgəmizin rayonlarından birində yerləşən kənd məktəbinə təyinat aldım. Buranın əhalisi, əsasən, Yekaterinanınmı, Yelizavetanınmı dövründə bu yerlərə sürgün edilmiş etnik qruplaşmalardan ibarət idi. Təlimin rus dilində aparıldığı siniflərdə dərs deyirdim. Bir gün sinfə daxil olarkən gördüm ki, sinif otağında bir nəfər belə yoxdur. Əhəmiyyət vermədim, elə fikirləşdim ki, yəqin cədvəli səhv salmışam, yəqin idman dərsindədirlər. Növbəti dərsdə, növbəti siniflərdə də eyni vəziyyət təkrar olundu. Birdən ağlıma gəldi ki, bəlkə, bunlar məni boykot edirlər?! Vəziyyəti aydınlaşdırmaq üçün bir neçəsinin evinə getdim. Məni darvazadan içəri buraxmadılar. Sonra məni başa saldılar ki, həftənin beşinci günü onlarda “Страстная Пятница” deyilən gündür və bu gün uşaqlarını məktəbə buraxmırlar. Heç kəs də onlara bir söz deyə bilmir…

Bir gün malakan icmasından olan ferma müdirinin anası rəhmətə getmişdi. Kənd camaatına qaynayıb-qarışmaq baxımından izdihama qoşulub məzarlığa getdik. “Tüstülətmə proseduru” – buxurdanlarda buxur ətrinin yandırılması və bir sıra digər ayinlərdən sonra tabutu məzara qoydular. Dəfn iştirakçıları sıra ilə növbəyə duraraq hərə məzara bir ovuc torpaq atdıqdan sonra geriyə doğru yolunu davam edirdi. Bu zaman fikir verdik ki, qarşımızdakılar tədricən sürətlərini artırırlar. Arxada olanlardan biri işarə etdi ki, biz də sürətimizi artıraq. Artırılmış sürət tezliklə qaçışa çevrildi. Qaça-qaça mənzilə yetişdik, həyətə daxil olduq. Bizi "sаmоqоn” adlanan tut arağı da daxil olmaqla hər cür nemətlər düzülmüş böyük masa arxasında əyləşdirdilər. Sən demə, bu qaçaqaç masa arxasında yer tutmaq üçün imiş…

Uğurun iki səbəbi var: səbir və ümid

Uşaqlıq illərində Xruşşovla görüşüm məni məktəbdə və rayonda tanıtmışdısa, gənclik illərimdə Leonid Brejnevin son qurultaylardan birindəki çağırışına dəstək olmağım bütün ölkədə məşhurlaşdırdı. Kənd məktəbində əmək fəaliyyətinə başlamağımın ikinci ili idi. Paytaxt Moskvada ölkənin mötəbər adamları mötəbər bir məclisə – Sov. İKP-nin XXV qurultayına toplaşmışdılar. Baş katibin, “Kostroma məktəblilərinin bu vacib, nəcib təşəbbüsü cavabsız qalmayacaq. Ümidvaram ki, onlara qoşulanlar da olacaq” – deyə əminlik bildirməsi böyük coşqu, sürəkli alqışlarla qarşılanmışdı. Bəs Kostroma məktəbliləri hansı təşəbbüslə çıxış etmişdilər?

Həmin illər SSRİ-də quruculuq işləri geniş vüsət almışdı. Baykal-Amur Magistralının (BAM) tikintisi, xam torpaqların və qeyri-qaratorpaq zonaların fəth edilməsi üçün böyük işçi qüvvəsinə kəskin tələbat var idi. Belə bir vəziyyətdə Kostroma vilayətinin məktəbliləri “Parta arxasından birbaşa istehsalata gedək, istehsalatdan ayrılmadan təhsilimizi davam etdirək!” təşəbbüsü ilə çıxış etmişdilər. Bu təşəbbüsün L.İ.Brejnevin qurultaydakı hesabat məruzəsinə salınması isə, əslində, ölkəyə ünvanlanan partiya çağırışı idi.

Respublikada da vəziyyət fərqli deyildi. Bütün sahələrdə məhsuldarlıq uğrunda gərgin mübarizə gedirdi. İşlədiyim kəndin geniş tərəvəz sahələrində yağışların düşməsinə qədər məhsulun itkisiz yığılması üçün yuxarıların tapşırığına əsasən məktəbliləri növbə ilə kənd əməkçilərinə kömək məqsədilə sahələrə göndərirdik, əlbəttə, özümüzün də bilavasitə iştirakımızla. Məktəb məzunlarının böyük əksəriyyəti məktəbi bitirdiktən sonra özlərinə münasib məşğulluq tapmaq üçün, adətən, qonşu Rusiya şəhərlərinə üz tuturdular. İstehsalata gedən məzunlar sonradan qiyabi və axşam təhsil formalarından istifadə edə bilərdilər. Elə isə belə təşəbbüsə biz niyə qoşulmamalıydıq?

Nəhayət, kostromalıların təşəbbüsünə qoşulmaq barədə son qərara gəldik. Rayon Komsomol Komitəsinin bürosu ilk təşkilatımızın qərarını təsdiq edərək Respublika LKGİ MK-ya göndərdi. “Azərbaycan gəncləri” və “Molodej Azerbaydjana” qəzetlərindən gələn müxbirlər təşəbbüsü geniş işıqlandırdılar. “Azərinform”un məlumatından sonra respublika televiziyası çəkilişlər apardı. “Komsomolskaya pravda” qəzeti təşəbbüsə qoşulmağımızla bağlı geniş reportaj hazırladı. Beləliklə, ittifaq üzrə L.İ.Brejnevin çağırışına qoşulan ilk məktəb olduq.

Təşəbbüsün “baş ideoloqu” kimi mənim xidmətlərim də layiqincə qiymətləndirildi. SSRİ Maarif Nazirliyinin və ÜİLKGİ-nin birgə təsis etdiyi “Ən yaxşı gənc müəllim” döş nişanı, “Ən yaxşı gənc təbliğatçı” stolüstü medalı ilə təltif olundum. Moskva Kremlinin Qurultaylar sarayının önündə ilk qadın kosmonavt Valentina Tereşkova da daxil olmaqla Sovet İttifaqının ən tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, qabaqcıl əmək adamları ilə birgə şəkil çəkdirmək şərəfinə layiq görüldüm. Bir sıra ümumittifaq konfranslarına, forumlara dəvət aldım.

Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir

Ən çox bəyəndiyim və dinlədiyim Volfanq Amadey Motsartın təbirincə desək, “duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm, özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm, düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm”. Hər dəfə ürəyimə yatan xoş melodiya dinləyəndə düşüncələrim məni o qədər də uzaq olmayan 70-ci illərə aparır və mənə sanki Səməd Vurğunun məşhur şerindəki “… Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin” misralarını xatırladır.

Növbəti ilin 1 May günü raykomda növbətçi idim. O zaman rəsmi və ya qeyri-rəsmi olduğu mənə məlum olmayan ənənəyə əsasən bütün partiya fəalları bazar və bayram günləri qrafik üzrə birinci katibin qəbul otağında növbətçilik edirdilər. Məqsəd ayrı-ayrı müəssisə və təsərrüfatlardan daxil olan statistik məlumatları xüsusi ayrılmış kitaba daxil etmək idi. Yəni rayonun hansı təsərrüfatında neçə ton meyvə-tərəvəz yığılıb, hansı müəssisədə nə qədər məhsul istehsal olunub, hansı fermada neçə litr süd sağılıb və s. Rayon Komsomol Komitəsinin plenum üzvü olduğumdan məni də bu “bayram aksiyası” siyahısına daxil etmişdilər.

Qəbul otağında növbəni sovxoz direktorlarının birindən yenicə təhvil alıb oturmuşdum ki, birinci katib gözlənilmədən içəriyə daxil oldu. Qapıdan çıxmağa hazırlaşan həmin direktor dərhal onun qabağına qaçıb əynindən hələ tam olaraq çıxarmadığı plaşını və panamasını sanki əlindən qaparaq asılqandan asıb müti nökər kimi dik dayandı. Bir əlimdə qələm, qulağımda telefon dəstəyi, neçə inəkdən neçə litr süd sağıldığını dəqiqləşdirmək hayında olduğum üçün ayağa qalxıb onu salamlaya bilmədim. Katib məni aşağıdan yuxarı kinayəli şəkildə süzərək hirslə qapını çırpıb otağına daxil oldu. Bir neçə həftədən sonra həmin sovxoz direktoru o zamanlar el arasında, əsasən, “rayispolkom” adlandırılan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olundu, mənim görəcəyim günlər isə hələ qabaqda imiş…

Həmin ərəfədə “Rumın-Sovet dostluğu” aylığı çərçivəsində ölkə üzrə rəsmi tədbirlər keçirilirdi. Rumınıya lideri Nikolae Çauşeskunun oğlu Niku Çauşeskonun rəhbərlik etdiyi 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlmişdi. Onların səfərlərindən biri də rayonumuza nəzərdə tutulmuşdu. Yüksək səviyyəli qonağı təntənəli şəkildə qarşılamaq üçün 15 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdı. İctimai-siyasi fəallığımı və rayonda kifayət qədər tanındığımı nəzərə alıb məni də həmin komitəyə daxil etmişdilər.

Qonaqları rayonun girişində təmtəraqla qarşıladıqdan sonra əvvəlcədən tərtib olunan proqrama əsasən onları rayonumuzun görməli yerləri ilə tanış etdik, görülən işlər, qazanılan nailiyyətlər barədə ətraflı məlumatlandırdıq. Rəsmi və fəxri qonaqların şərəfinə düzənlənmiş ziyafətdə rayon prokurorundan tutmuş, polis rəisinə qədər bütün rəhbər işçilər, büro üzvləri iştirak edirdilər. Rəsmi hissə başa çatdıqdan sonra məclis qızışdı.

Əlimi masaya düzülmüş nemətlərdən birinə yenicə uzatmışdım ki, məni bir müddət əvvəl məktəb ilk partiya təşkilatına sədr seçən, rayon partiya komitəsinin ideologiya üzrə katibi olan rus qadın “göz-qaş” işarəsi ilə öz yanına çağırdı. Tapşırıq isə ondan ibarət idi ki, qalxıb rəqs etməli və xarici qonaqları da dəvət erməli idim. Rumınların şən millət olduğu çoxlarına məlum idi. Pıçıltı ilə qulağına rəqs edə bilmədiyimi, hətta öz toyumda belə oynamadığımı nə qədər izah etsəm də, katib qərarında israrlı idi. Əl-qolumu asta-asta yelləyərək ortaya çıxdım. Sən demə, rumınlar elə buna bənd imişlər.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺70,88
₺141,75
−50%