Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Xatirələr», sayfa 2

Yazı tipi:

«Difri» təşkilatının yaranmasının səbəbləri

Çar üsuli-idarəsi 1905-ci il inqilabını puça çıxarmaq üçün Azərbaycan şəhərlərində əsrlərlə yan-yana dost kimi yaşamış türk və erməni millətlərinin arasına nifaq saldı. Bu zaman ermənilərə kömək etməkdən belə çəkinmədi. Ruslar azərbaycanlıların xoş gününü heç vaxt istəməyiblər. Azərbaycan xalqı, bu gün olduğu kimi, milli varlığı, din, dil, adət və ənənəsi ilə daima rusların diqqətini cəlb etmişdir. Çar Rusiyası tərəfindən Azərbaycan xanlıqlarının istiqlalına zorla son qoyulduqdan sonra xalqın tərəqqi və təkamül yolunda göstərdiyi fəaliyyət, əldə etdiyi uğurlar davam etdiyi üçün ruslar bundan təşvişə düşürdülər. Çar Rusiyasının ən mühüm siyasətlərindən biri Azərbaycan türklərini qaranlıq və cəhalət içində saxlamaq olmuşdur.

Azərbaycan ziyalılarının ardıcıl şəkildə nümayiş etdirdiyi və göstərdiyi qeyrət sayəsində gündən-günə artan fəaliyyət xalqı rifah içində istiqbala və zəngin vətənlərinin məsud qoynunda ideallarının sonsuz səadətinin əzəli və əbədi nuruna qərq oldu (28 May 1918). İzahına ehtiyac gördüyümüz bu qeydlərdən sonra "Difai" firqəsinin yaranma səbəblərini və hadisələri xatirə dəftərindən nəqlən açıqlamağa cəhd edək.

Gəncə şəhəri Gəncə çayı ilə ikiyə ayrılmışdır. Şəhərin dağlıq hissəsində və dağlara doğru olan kəndlərdə ermənilər, obalıq hissəsində və obaya uzanan kəndlərdə türklər yaşayırdı. Gəncənin türk məhəllələri arasında Noraşen adlı erməni məhəlləsi də var idi. Əsas türk məhəllələri isə bunlar idi: Ozan, Zərrabi, Əttarlar, İmamlı, Dördyol, Sofulu, Səfərabad, Toyuqçu, Böyük Bağban, Bala Bağban; ermənilərin yaşayış hissəsində üç türk məhəlləsi – Molla Cəlilli, Çaylı, Hacıməlikli məhəllələri var idi. Türklərlə ermənilər arasında nifaq düşəndən sonra bu məhəllələrin sakinləri, xüsusilə qadınlar, uşaqlar və yaşlılar Gəncə çayını keçərək türklər yaşayan məhəllələrə pənah apardılar. Məhəllədə qalan kişilər isə ermənilərə qarşı vuruşdular. Ermənilər isə – qadınlıkişili türk məhəllələrində boş qalmış evlərə soxulur, talan edirdilər.

İgidliyi ilə məşhur olan Tatoğlu Qara öz adamlarıyla birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilərin onu öldürməyə cürəti çatmadığından rus əsgərlərini ələ aldılar və onların vasitəsilə qətlə yetirtdilər. Tatoğlunun ruslar tərəfindən öldürülməsini Gəncə əhalisi hüznlə qarşıladı. Bu hadisədən sonra türk-erməni münaqişəsi təzədən qızışdı. Ermənilər tərəfınə iş üçün keçən müsəlmanlar orda öldürüldüyü kimi, türk məhəllələrində alver edən ermənilər də burada qətlə yetirilirdilər. Diqqəti cəlb edən bu idi ki, çar hökuməti və məmurları bu mühüm qanlı qırğına münasibətdə seyrçi mövqe tuturdu.

Qırğının ikinci günü iki tərəf də hazır vəziyyətdə bir-birinə hücum etmək işarəsi gözləyirdi. Bu əsnada Bakıda və Qarabağda qanlı savaşların başlanması xəbəri Gəncədə sürətlə yayıldı. Əldə edilən məlumata görə, Qarabağdan gələn xəbərlər daha faciəli idi. Orada ruslar ermənilərə silah və hərbi sursatla kömək etdikləri üçün türklərdə silah çatışmazlığı hiss olunurdu. Qarabağa yardım etmək isə getdikcə çətinləşirdi. Səbəbi ora gedən dağlıq yolun ermənilərin, Gəncə-Yevlax dəmir yolunun isə rusların nəzarəti altında olması idi. Bir müddət sonra Gəncədə rus alayında qulluq edən və əslən Qarabağlı olan mayor Zülfüqar bəy Bağırbəylinin şəxsi əşyaları adı ilə Qarabağa silah ötürmək mümkün oldu. Hadisənin üçüncü günü səhər erkən Kazak alayı komandiri general Fleyşerin (əslən alman idi) rəhbərliyi ilə bir bölük süvari kazak sürətlə meydana girdi. Onlar böyük Gəncə meydanında görünər-görünməz kazakların üzərinə "Dörd yol" küçəsi və Sofulu tərəfdən yaylım atəşi açıldı. Kazaklar meydanda bir neçə ölü və yaralı qoyaraq geri çəkildilər. Bir saat sonra polis rəisi və polislər meydana gələrək, silahları xalq tərəfindən alınmış cəsədləri və yaralıları götürüb apardılar. Bu kazak bölüyü meydana nə üçün gəlmişdi və nə etmək istəyirdi? Anlaya bilmədik. O gün axşama doğru məşhur qaçaq Dəli Alı kəndlərdən toplanmış iki min silahlı cavan ilə şəhərə girdi. Məşhur adamlar bir yerə toplaşıb, müsəlmanları gözləyən təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyə başladılar. Qərara aldılar ki, qaranlıq düşəndə dağlıq tərəfdən ermənilərə hücum etsinlər. Nəhayət, şəhərdən toplanmış min nəfər cavan da Dəli Alının dəstəsi ilə birləşərək axşam saat 7-də erməni məhəllələrinə hücuma keçdilər. Gəncədə xalq qüvvələri Ələkbər bəy Rəfibəyli tərəfindən idarə olunurdu. "Nəşri-maarif" və "Xeyriyyə" cəmiyyətinin binası qərargaha çevrilmişdi. Ələkbər bəy buradan xalqa müəyyən göstərişlər verir və vəziyyətə nəzarət edirdi. Gəncə şəhərində vəziyyətin gərginliyi çar üsuli-idarəsinin yüksək rütbəli məmurlarını narahat etməyə başladığı üçün onlar general-qubernator (vali) Bauyerin ətrafına toplaşmışdılar və nə edəcəklərini bilmirdilər. Nəhayət, belə qənaətə gəldilər ki, xalq hərəkatını Ələkbər bəydən başqa heç kəs dayandıra bilməz. Bu məqsədlə Ələkbər bəyin yanına gələrək, "Ələkbər bəy, şəhərin yarısını məhv etmək fəlakətdir. Ermənilər də tutduqları işdən peşmandırlar", – dedilər və ondan xalq hərəkatını dayandırmasını xahış etdilər. Nəhayət, uzun xahişminnətdən sonra Ələkbər bəy hərəkatın dayandırılması əmrini verdi. Hər iki tərəfdə sakitlik təmin olundu və general-qubernator on türk, on erməni dəvət edərək onları barışdırdı. Bundan sonra Dəli Alı da iki minlik dəstəsi ilə şəhəri tərk edib dağlara çəkildi. Sonradan öyrəndiyimizə görə, Bakıda, Qarabağda olduğu kimi, Tifisdə də ermənilərlə türklərin barışması olmuşdur. Ancaq Tiflis barışığı daha maraqlı olduğu üçün, təfsilatı ilə yazacağam.

Burada barışıq Qafqaz canişininin yanında olur. Türklər barışıq prosesində on nəfər gürcünün də iştirak etməsini istəyirlər. Beləliklə, on erməni, on türk və on gürcü, canişinin hüzurunda toplaşırlar. Canişin uzun bir nitq söylədikdən sonra barışıq arzuladığını deyir və faciənin bir də təkrar olunmaması üçün var qüvvəsi ilə çalışacağına söz verir. Təbii ki, gürcülər və ermənilər barışıq istəyirdilər. Türklər isə: "Biz barışıq olmasın demirik, ancaq Tiflisdə ermənilər əksəriyyət təşkil etməkdədir. Türklər böyük Tbilisinin bir məhəlləsində yaşamalıdırlar. Biz qırğın törətmədik, soyqırıma məruz qaldıq. Hökumət də bu faciəli hadisəyə laqeydlik göstərdi. Əgər gürcü xalqı olmasaydı, əmin olun ki, türklərdən sülh üçün on nəfər də tapa bilməyəcəkdiniz. Demirik ki barışmırıq, ancaq tələblərimiz var".

Canişin tələblərin nədən ibarət olduğunu soruşur. Türklər öz tələblərini səsləndirirlər:

1. Ermənilərin katalikosu Tbilisiyə gələrək bizim Şeyxülislamdan qətl üçün əfv diləyəcək;

2. Qətl edilmiş türklərin qatilləri hökumətə təslim ediləcəklər.

Ermənilər bu maddələrin aşağıdakı şərtlərlə yerinə yetiriləcəyini demişlər: "Katalikos xəstədir. Onun tərəfindən Yepiskop Baturyan Şeyxülislamın yanına gedərək qətllərdən kədərləndiyini bildirəcək. Ancaq qatilləri rus məhkəməsinə verə bilmərik, çünki məhkəmə olarsa, iş uzanar. Baş verənləri erməni millətinin vicdanına həvalə edək. Onlar qatillərin cəzasını öz bildikləri kimi versinlər".

Çar hökuməti törətdiyi hadisəni var qüvvəsi ilə ört-basdır etməyə çalışdı. Məsələ qapandı, ancaq ruslarla ermənilərin birlikdə hərəkət etdiyi bu hadisələr xalqımızı bundan sonra çox ehtiyatlı və tədbirli olmağa sövq edirdi.

Qafqaz canişininin xahişi ilə Bakıda qəzet çıxaran, xalqın, xüsusilə də ziyalıların rəğbətini qazanan, milli Azərbaycanın vacib işləri ilə məşğul olan Əhməd bəy Ağaoğlu Gəncəyə gəlmişdi. Xalq hökumət tərəfindən böyük cameyə dəvət edildi. Came ağzına qədər dolu idi. Mən də oradaydım. O gün Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etdi: "Möhtərəm Gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. "Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir", – deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik. Türklər və ermənilər olub-keçənləri unutmalıdırlar. Bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da, öz həmcinslərinə toxunmur. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsuli-idarəsinin bura gəlməsindən əsrlər əvvəl türklərlə ermənilərin Qafqazda dost və yaxın qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır".

O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərimizdən alırdı. Bunların başında Ələkbər bəy Rəfibəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Onlar camedəki bu görüşdən sonra Əhməd bəy Ağaoğlunu axşam yeməyinə dəvət edərək, onunla geniş söhbət apardılar. Azərbaycan xalqının gələcəyinin qaranlıq olduğunu, ermənilərin əli ilə irəlidə rusların bir pislik edə biləcəklərini nəzərə alaraq, xalqı yenidən təşkilatlandırmaq lazım idi. Bu təşkilatlanma vasitəsilə rus hökuməti ilə mübarizə etmək və onlara anlatmaq gərək idi ki, asanlıqla istismara baş əyməyəcəyik. Rusların gözünü qorxutmaq üçün gizli terror komitəsi qurmaq, gizli firqəni "Difai" deyə adlandırmaq qərara alınır. Çox keçmədən möhür də hazırlanır. Firqənin ilk qurbanı Kiresçinski olmuşdur. Bu rus məmuru Gəncə general-qubernatorunun (valinin) Qarabağda müşaviri idi. Pis əməllərinə görə Gəncədə ona heç kim salam verməzmiş. Qəddar və bəd işlər sahibi olduğunu özü də etiraf edən bu məmur hökumətdən başqa yerə təyin olunmasını xahiş etmişdir.

Qətlin ertəsi günü gecə "Difai" fırqəsinin möhürü ilə divarlara bəyannamələr yapışdırılmışdır.

Bir həftə sonra "Difai" Bilal adlı bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tbilisiyə göndərmişdir. Kim idi bu Kalasçapov? O, Qarabağda diviziya komandiriydi. Diviziyada qulluq edən erməni əsgərlərinə mülki paltar geydirərək, silahsız türkləri qətl etdirmişdir. Bu səbəbdən Tbilisiyə göndərilən Bilal iki gün sonra ermənipərəst generalı küçədə öldürmüşdür.

Beləliklə, ermənipərəst rus məmurları ard-arda məhv edilirdilər. "Difai" firqəsi yaydığı bəyannamələrdə öldürülənlərin günahlarını aydın göstərirdi.

Bu hadisələrdən sonra rus məmurları qorxu içərisində yaşayır, hərəkətlərini ölçüb-biçərək addım atırdılar. Onlar cidd-cəhdlə "Difai" firqəsinin kimlər tərəfındən idarə edildiyini öyrənməyə çalışırdılar. Ancaq cəhdləri boşa çıxır, xalqımızdan bir şey öyrənə bilmirdilər. Çünki xalq heç nə bilmirdi, bilsə də söyləməzdi.

"Difai" heç bir yerdə qeydiyyatda deyildi, ancaq bir möhürü vardı. Onun kimdə olduğunu firqəni idarə edənlər də bilmirdilər. Rus hökuməti "Difai" nin hansısa üzvünü tapıb xəbər verənə, yaxud möhürü əldə edənə 50000 qızıl pul mükafatı verəcəyini vəd etmişdi. Bu qiymətli vədlərə baxmayaraq, hökumət "Difai" haqqında heç bir məlumat əldə edə bilmirdi. Ancaq rusların təzyiqi artdığına görə firqə fəaliyyətini müəyyən zaman üçün dayandırmaq məcburiyyətində qaldı. Səbəbi isə bir xəbərin alınması idi. Rus idarələrində "Difai" nin xeyrinə işləyən adamlar vardı. Bunlardan ən mühümü çar hökumətinin gizli polisində tərcüməçi və katib işləyən Sədrəddin adlı şəxs idi. Günlərin birində o, "Difai" firqəsinin üzvü olduğunu güman etdiyi bir nəfərə xəbər verdi ki, Molla Hadı adlı şəxs gizli olaraq polisə gəlib və beş dəqiqə sonra tanımadığı erməni müfəttişinin otağına aparılıb. Zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edib və onlar bu otaqda qalaraq uzun müddət söhbət ediblər. Bundan sonra "Difai", toplantılarına ara verdi, bütün cəhdlərini ancaq rusların nəyi təqib etdiklərini öyrənməyə yönəltdi. Molla Hadı göz altına alındı. Tədqiqat nəticəsində onun ruslara satıldığı aydınlaşdı. Axtarışlar nəticəsində Molla Hadının soykökü araşdırılsa da, Gəncəyə nə vaxt gəldiyi müəyyən edilə bilmir. Ancaq öyrənilir ki, Molla Hadını hər axşam mülki geyimli bir polis mühafızə edərək evinə qədər müşayiət edir. Mülki paltarlı polis elə gündüzlər də onun arxasınca gəzir.

"Difai" Molla Hadının da qətlinə fərman verir və bir gün sonra o, qətlə yetirilir. Polislər cənazəsini evinə gətirirlər. Bir gün evində qalır. Mollalardan heç biri cənazə namazını qılıb dəfn etməyə cəsarət etmir. Nəhayət, Molla Musa adlı biri "Difai" firqəsinin üzvü olduğunu ehtimal etdiyi bir tanışına yanaşaraq ona, "Cənazə evdə qaldı, sən icazə ver, gedib cənazə namazını qılıb dəfn etdirim", – deyir. Tanışı isə Molla Musanın üstünə hirslənir: "Mənə nə? Nə üçün məndən soruşursan? Kim sənə nə edəcək ki, get dəfn etdir də". Molla Musa bu cavabı "Difai" firqəsi tərəfındən icazə kimi qəbul edir və Molla Hadını dəfn etdirir.

Mən burada uzun müddət fəaliyyət göstərmiş "Difai" firqəsinin gördüyü bütün işləri sadalamaq fikrində deyiləm. Beləliklə, çar hökuməti ilə "Difai" nin arasındakı mübarizə 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımızın da, firqənin də gəldiyi qənaətə görə, artıq rus məmurları hər vasitə ilə özlərini sevdirməyə çalışırdılar.

Bu illərdə mən də gizli təşkilatda çalışırdım. Toplantılarımızın birində yoldaşlarımızdan biri, "Artıq "Difai" fəaliyyətini dayandırır. Möhürü saxlayacağammı, yoxsa məhv ediləcək", – deyə soruşdu. Mirzə Məhəmməd, "Onu yox etməyəcəyik, o möhür gələcək Azərbaycan muzeyində saxlanılacaq", – dedi. Bununla da möhürün Mirzə Məhəmməddə olduğu aydınlaşdı.

1909-cu ildə Gəncə şəhərinə Rusiyadan kənd təsərrüfatı mühəndisi olan Kruçkov soyadlı bir rus gəldi. O, bütün ziyalılar ilə görüşür, hər kəslə səmimi yoldaş-lıq edirdi.

Bir axşam bəzi ziyalı gəncləri ətrafına toplamış Kruçkovu şəhər klubunda gördüm və onlara yaxınlaşdım. O özünü bizlərə belə təqdim etmişdi: "Mən kənd təsərrüfatı mühəndisiyəm, ixtisasımı çoxdan atmışam, indi isə beynəlxalq "Espiranto dili" təşkilatının üzvüyəm. Burada "Espiranto dili" kursu açacağam və gənclərə iki ay içərisində yazmağı, oxumağı, sərbəst danışmağı öyrədəcəyəm. Dünən erməni cəmiyyətindən çox razı qaldım. Siz də kurslara yazılın ki, dərhal dərsə başlayaq", – dedi.

Beləliklə, maarif idarəsindən icazə alındı. Şəhərin ibtidai məktəblərinin birində dərsə başladıq. Kruçkov bir tərəfdən dərsə davam edir, digər tərəfdən də xalqın bütün təbəqələri ilə dil tapır, təbliğat aparırdı. O, demək olar ki, şəhərdəki bütün cəmiyyətlərlə yaxından əlaqə saxlayırdı.

Bir gün məndən, "Siz ruscadan türkcəyə tərcümə edə bilirsinizmi?" – deyə soruşdu. Cavabında, "Sizi bir nəfərlə tanış edərəm, kömək edər", – dedim. Onu gimnaziyada türk dili müəllimi olan Mirzə Məhəmmədlə tanış etdim. Onlar bir-biri ilə tezliklə dil tapdılar.

Kruçkov bir gün mənə inqilabçı sosialist partiyasının uzvü olduğunu söylədi. Aradan iki ay keçdi, ancaq onun dil dərsləri o qədər də müvəffəqiyyət qazana bilmirdi. Bir axşam Mirzə Məhəmmədin xanımı təlaş içində yanıma gəldi: "Başımıza fəlakət gəldi. Rus gizli polisindən gəlib evi alt-üst etdilər, nə qədər sənəd var idisə, götürüb apardılar. Evdə tapılan möhürdən də şübhələndilər, yoxlamaq üçün özləri ilə idarələrinə apardılar".

Dərhal "Difai" nin möhürünün ələ keçdiyini anladım. Mirzə Məhəmmədin iki kiçik yaşlı oğlu da var idi. Xanıma təsəlli verib oturmağını xahiş etdim. Ancaq qadın oturmayaraq, "Uşaqları evdə tək buraxıb sizə xəbərə qaçdım", – dedi və tələsik getdi.

Dərhal gizli polisdə katib və tərcüməçi işləyən dostumun yanına getdim. O, məni evin bağçasında qəbul etdi. Mənim qədər kədərli idi. Bir müddət bir-birimizin üzünə baxaraq danışmadıq. Nəhayət, nə edəcəyimizi soruşdum. O isə, "Bir şey edə bilməyəcəyik, möhür bütün millətçilərimizi məhv edəcək", – dedi. "Dostum, bizi bu fəlakətdən qurtarsan, sən qurtara biləcəksən", – söylədim. O isə cavabında, "Mənim əlimdən nə gəlir? Bütün sənədləri möhürlə birlikdə seyfə qoydum.

Rəis mənə, "Səhər tezdən gəl, kağızları tədqiq et, xüsusilə möhür çox əhəmiyyətlidir", – dedi".

Ona təklif etdim ki, dram cəmiyyətində saxladığımız inqilabçı sosialist partiyasının möhürünü gətirib onlara verim, səhər "Difai" firqəsinin möhürü ilə dəyişdirsin, o birini isə məhv etsin. Təklifimi qəbul etdi.

Dərhal möhürü gətirib verdim və sabah axşam görüşməyi qərara aldıq. Səhəri gün öyrəndik ki, bizim Kruçkov da həbs edilib. Axşamı dördgözlə gözləyirdim. Nəhayət, axşam oldu, tərcüməçi dostumla görüşdüm. O, vəziyyəti izah etdi: "İçəri girəndə gördüm ki, soba gurhagur yanır. Tez seyfi açıb möhürü götürdüm, sobaya atdım, yerinə də cibimdəkini qoyub qapısını bağladım. Əllərimi sobada qızdırarkən rəis içəri girdi, mənimlə salamlaşdıqdan sonra, "Tez seyfı aç! Möhür məni bütün gecə narahat edib. Oxu görək nə möhürdür", – dedi. Dərhal seyfi açıb kağızlarla möhürü götürdüm. Mürəkkəbə batırıb kağıza basdım. Yazılar aydın görünürdü. Bir yerdə baxdıq. Rəis möhürün türk dilində olduğunu görüb, "Oxu nə yazılıb", – dedi. Mən möhürün bir sosialist möhürü olduğunu söylədim. Kağızlardan bəziləri türkcəyə tərcümə olunmuşdusa da, bəziləri hələ tamamlanmamış vəziyyətdə idi.

Tərcüməçi dostumun bu sözlərindən sonra bir ah çəkdim və gözlərimi yumub düşüncəyə daldım. Həm sevinir, həm də kədərlənirdim. Bizə müqəddəs olan "Difai" möhürü – müstəqil Azərbaycan muzeyini zinətləndirəcək möhür – Azəri düşməni, Qarabağ canisi general Kalaşçapovun Tbilisidə, vali müşaviri Kreçkinskinin və polis müdiri Banikovun Gəncədə, erməni Vasilinin və ən nəhayət, Molla Hadının qətl edildiyini xalqa bəyan edən kağızı bəzəyən möhür düşmən sobasında yanırdı. Sən, ey müqəddəs möhür, sobada yanmağınla xalqımızı son dərəcə böyük bir fəlakətdən xilas edirsən…

Gözlərimi açıb tərcüməçi dostuma baxdım. Bilmirəm sevincdənmi, yoxsa kədərdənmi gözlərim yaşardı. Sonra tərcüməçi dostum sözünə davam edərək bunları dedi: "Biz Kruçkovla Mirzə Məhəmmədi üzləşdirdik".

Danışığından bəlli oldu ki, istintaq zamanı Mirzə Məhəmməd susub, Kruçkov isə verilən suallara dərhal cavab verib: "Mən bu sənədləri Mirzə Məhəmmədə rus dilindən türk dilinə tərcümə etmək üçün vermişdim".

Bu zaman polkovnik Mirzə Məhəmməddən, "Sən sosialistsənmi?" – soruşub. Mirzə Məhəmməd, "Xeyr", – deyib. Polkovnik, "Əgər sosialist deyilsənsə, bu sosialist firqəsinin evində nə işi var?" – soruşub. Bu vaxt Kruçkov yenidən söhbətə qarışıb və "Möhürü ona mən vermişəm, möhür mənimdir", – deyib.

Bu söhbətdən sonra Mirzə Məhəmməd yavaş-yavaş "vəziyyəti" anlamağa başlayıb. Sonra Kruçkov həbs edilərək Rusiyaya göndərilib. Mirzə Məhəmməd də Rusiya Daxili işlər nazirinin əmri ilə Gəncədən 5 il müddətinə İran sərhədinə yaxın bir yerə sürgün olunub.

Gəncə gəncləri göz bəbəyi kimi sevdikləri Mirzə Məhəmmədin ailəsini 5 il heç bir şeydən əziyyət çəkməyə qoymadılar. Mirzə Məhəmmədin sürgün olunmasından sonra Gəncə gimnaziyasında boş qalan müəllim yerinə "Maarif" cəmiyyəti tərəfindən Mirzə Hüseyn adlı bir müəllim namizəd göstərilmişdir. Ancaq şəhərin milliyyətcə rus olan maarif müdiri bu şəxsi təyin etmək istəmədi. O, boşalmış yerə Əli Rza adlı o qədər də məşhur olmayan bir şəxsi təyin etmək fikrində idi. Gəncə "Maarif" cəmiyyəti vəziyyəti Ələkbər bəy Rəfibəyliyə bildirdi. O, axşam klubda maarif idarəsinin müdiri ilə görüşəcəyini dedi.

Rəfibəyli klubda gimnaziyaya Mirzə Hüseynin təyin olunması üçün yaşlı maarif müdirindən razılıq istədi. Ələkbər bəyin bu sözlərindən sonra müdir bir az fikirləşdi və Mirzə Hüseynin Gəncə gimnaziyasına müəllim təyin olunmasına razılıq verdi.

1917-ci ildə rus imperiyası dağılmış, çar taxtından salınmış və Kerenskinin başçılığı ilə müvəqqəti hökumət qurulmuşdu. Millətlər zindanı olan Rusiyada hər məhkum millət milli qayələri üçün çalışır və imkan düşdükcə mərkəzdən uzaqlaşırdı. Kerenski də Rusiyanın parçalanmasına mane olmaq və bütün məhkum millətləri mərkəzə bağlamaq istəyirdi. Bu məqsədlə Peterburqdan ölkənin hər tərəfinə təlimatlar göndərilirdi.

Vəzifələrindən uzaqlaşdırılmış valilərin (qubernatorların C.Q., M.Ə.) səlahiyyətləri mərkəzi bələdiyyə rəisinə keçir və bunlara "vilayət komissarı" deyilirdi. Bu dövrdə Gəncə şəhərinin bələdiyyə rəisi olan mərhum Xəlil bəy Xasməmmədli vilayət komissarı olaraq işə başlamışdı.

Həmin ərəfədə şəhərin görkəmli və siyasi işlərdə özlərini tanıtmış 25 türk və erməni nümayəndəsi bələdiyyə idarəsinə dəvət edildilər.

Kerenski isə təlimat verməkdə davam edirdi. Təlimatların birində vilayət komissarının rəhbərliyi altında icraiyyə komitəsinin təşkili ("Исполнительный Комитет"), siyasi partiya və cəmiyyətlərin də bu komitəyə üzv kimi daxil edilməsi tələb olunurdu. Gəncə şəhərində əhalinin əksəriyyətini türklər təşkil edirdi. Bu səbəbdən də türklər və ermənilər ayrı-ayrı qurduqları siyasi təşkilatlardan biri türk, digəri erməni olmaqla sənət və əsnaf qurumlarından iki üzv ilə Bələdiyyə Məclisində iştirak edirdilər. Bələdiyyə Məclisinin qəbul etdiyi proqramın ətrafında müzakirələr başlandı və seçki keçirildi. Türk və erməni təşkilatlarından İcraiyyə Komitəsinə seçilənlər yüksək təhsil görmüş millətçilər idi. Bura sənət və əsnaf cəmiyyətlərindən yalnız bir türk və erməni seçilmişdi. Bunlara Bələdiyyə Məclisindən də əlavələr edildi. Onların da biri türk, digəri erməni idi. Seçkidən hər iki tərəf razı qalmışdı.

Növbə siyasi partiyalara gəlmişdi. Sosialist bir erməni söz istədi. O zaman Rusiyada iki sosialist firqəsi fəaliyyət göstərirdi. Erməni bu partiyaların tarixlərindən uzun-uzadı bəhs etdikdən sonra hər partiyadan iki nəfərin üzvlüyə qəbul olunmasını istədi və namizədlərin adlarını dedi. Bunlardan ikisi rus, biri erməni, biri də gürcü idi. Erməni sözünü bitirər-bitirməz zalda gurultu başladı. Türklərdən bir nəfər söz aldı və erməniyə xitabən, "Vətəndaş, saydığın bu sosialistlər çox qiymətli və bacarıqlı ola bilərlər, bunların varlığı və dəyəri sosialist mərkəzlərini məmnun edə bilər. Lakin bu vilayətin xalqı sosialist deyil, millətçidir. Onları ancaq türk və erməni millətindən olan millət xadimləri idarə edir və etməkdədirlər. Hər iki sosialist partiyasından bir türk və bir erməni seçilməlidir. Onlar da burada yalnız xalqımıza aid məsələlər ilə məşğul olmalı və sosialist partiyalarının mərkəzi ilə əlaqələrini kəsməlidirlər".

Müzakirə sona çatırdı. Bu zaman iclasın sədri iki məktubdan bəhs edəcəyini bildirdi. Məktublardan biri Gəncə şəhərində yaşayan ruslar tərəfindən yazılmışdı. Onlar İcraiyyə Komitəsinə ruslardan da bir nəfərin qəbul edilməsini xahiş edirdilər. Türklər buna etiraz etdilər və məktubun müzakirə olunması rədd edildi. Ermənilər isə susurdular. İkinci məktub əsgərlərin "Soldatski deputat" adlanan təşkilatına aid idi. Onda da şəhərdə olan 15 min əsgəri təmsil etmək üçün məclisə beş nəfər nümayəndə daxil edilməsi xahiş olunurdu. Yenə türklərdən bir neçə nəfər söz alaraq sərt etirazını bildirdi.

Onlar, "Rus əsgərləri həyasız və lazımsız yerə Gəncə şəhərində qalmaqdadırlar. Onların burada qalmağına artıq ehtiyac yoxdur. Əslində İcraiyyə Komitəsinin ilk işi onları Rusiyaya göndərmək olmalıdır. Getmək istəmədikləri təqdirdə zorla tərk-silah edilərək vaqonlara doldurulub dəmiryol idarəsinə təhvil verilməlidirlər", – dedilər.

"Soldatski deputat" təşkilatından göndərilən məktub rədd edildi, onların Rusiyaya göndərilməsi təklifı isə qəbul edildi. İclas öz işini hələlik davam etdirirdi. Türklər məclisə "Ədəmi-mərkəziyyət" partiyasından bir nəfərin daxil edilməsini təklif etdilər. Təklif qəbul edildi. Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu zaman bir erməni ayağa qalxaraq, – "Vətəndaşlar, bilirsinizmi ki, erməni millətinin iki mühüm siyasi partiyası vardır: biri "Daşnak", digəri isə "Hınçak" dır", – dedi. O, uzun-uzadı "Hınçak"ın tarixini anlatdı və sözünə davam edərək bildirdi ki, bu partiyanın qayəsi qonşularla sülh şəraitində yaşamaqdır: "Məclisə bu partiyadan da bir üzv seçilərsə, türklər heç bir şey itirməzlər, onsuz da özləri çoxluq təşkil edirlər".

Hamı susurdu. Mən dördüncü sırada oturmuşdum. Öndəki bir yoldaşa, "Sən də "Difai" firqəsindən bir üzv qəbul edilməsini və namizəd olaraq firqəni idarə edən Nağı bəyi təklif et", – dedim. Yoldaş sözümü dinlədi və dediklərimi yerinə yetirdi.

Ayağa durub adımı, ünvanımı söylədim. Bu zaman iclasda iştirak edən türklərin və ermənilərin gözləri məndə idi. Onlar on il çar hökumətini dəhşət və qorxu içində saxlayan gizli "Difai" firqəsinin təmsilçisini görürdülər. Qayəmiz məclisdə əksəriyyəti təmin etməkdi. "Difai" firqəsinə ehtiyac yox idi. Xalqımız istəyi olaraq rus üsuli-idarəsini ləğv edirdi.

Müzakirə bitdikdən sonra iclasın müfəssəl protokolu tutuldu və ertəsi gün Kerenskiyə göndərildi. Bir həftə sonra Kerenskidən teleqram alındı. "Difai" nin tarixi və əsasnaməsi barədə məlumat istənilirdi. Tezliklə göndərdik. Artıq firqənin yenidən fəaliyyət göstərməsinin zəruriliyini hiss edirdik. Onun fəaliyyətini nizama salmaq məqsədilə ilk iş olaraq Gəncə şəhərinin hər məhəlləsində silahlı gənclərdən ibarət "Difai" ocağı qurduq. Onlara hərbi təlim keçmək üçün hər ocağa bir zabit təyin edildi. İki ay keçdikdən sonra mükəmməl hərbi qüvvəsi olan "Difai" nin yardımı ilə Gəncə Milli Komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alıb, özlərini isə şəhərdən dəmiryolu stansiyasına gətirdilər. Firqənin hərbi təlim və məşqləri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu.

Birinci Dünya Müharibəsində ruslar Qafqaz türklərinin könüllülərindən ibarət altı alaydan bir diviziya təşkil edib, ona "Dikaya diviziya" adı verdilər. Bu diviziya rusların "Tatar alayı" dedikləri Azərbaycan alayı da daxil olmaqla dağıstanlılardan, kabardin, inquş, osetin, çeçen və müxtəlif Qafqaz millətlərindən təşkil edilmişdi. Ruslar hörmət və ehtiram etmədiklərindən, bu orduya "Vəhşi firqə" mənasını verən "Dikaya diviziya" adını vermişdilər. Yeri gəlmişkən bunu da qeyd edək ki, Azərbaycan xalqı özünün azəri türkü olduğunu ruslara qəbul etdirə bilmədi. Onlar bizə israrla "tatar", dilimizə isə "tatar dili" deyirdilər. Ziyalıların etirazları nəticəsində "tatar" sözünü işlətməsələr də, yenə də türkcəni qəbul etmir, "Vətən dili", yaxud "yerli dil" adlandırırdılar.

1917-ci il inqilabında "Dikaya diviziya" nın əsgərləri rus əsgərlərin təbliğatına uymadılar, öz zabitlərini öldürmədilər və hərbi nizam-intizama, ənənə və adətə sadiq qalaraq zabit heyəti ilə birlikdə Qafqazdan apardıqları atların üstündəcə Vətənə qayıtdılar. Diviziyanı təşkil edən və rusların "tatar alayı" adlandırdığı Azərbaycan alayı şəhərin böyük meydanında sıraya düzüldü. Camaat ətrafına toplaşdı. Bir tərəfdə məktəb tələbələri, digər tərəfdə "Difai" firqəsinin silahlı qüvvələri durmuşdu. Baş tərəfdə şəhərin məşhur şəxsləri, qarşı tərəfdə isə Azərbaycan alayı yerləşirdi.

Saat 11-də alay farağat vəziyyəti aldı və şəhər Milli Komitəsi onu, "Xoş gəlmisiniz", – deyə salamladı. Sonra milli cəbhədə xalqımızın nələr etdiyi haqqında çıxışlar səsləndirildi. "Difai" firqəsi adından mənə söz verildi. Belə bir nitq söylədim: "Əziz və qəhrəman qardaşlarım! Könüllü yazılıb rus ordusu ilə bərabər almanlarla vuruşmağa gedərkən sizdən bir heyət gizli təşkilatımıza gəlmişdi. Onlarla görüşüb uzun müddət söhbət etdik. Xalqın, könüllü olaraq cəbhəyə gedişinizi bəyənmədiyi bizə söylənildi. Siz isə, "Müharibəyə getmək-də məqsədimiz ruslara kömək etmək deyil, qayəmiz sadəcə müharibə görmək və müharibə üsullarını öyrənməkdir", – deyə cavab verdiniz. Haqlı çıxdınız. Göstərdiyiniz qəhrəmanlıqları mətbuat dönə-dönə qeyd etdi. Rus imperiyası çökdü. Rusiya anarxiya içində qovrulduğu kimi, rus ordusu da cəbhəni tərk etdi. Əsgərlər öz zabitlərini öldürdülər. Hərbi nizam-intizam deyilən şeydən əsər-əlamət qalmadı. Ancaq siz milli ənənə və adətinizə sadiq qalaraq öz zabit heyətinizlə birlikdə böyük bir enerji və intizamla xalqımızın önündə durursunuz. Xalq sevinclə sizi bağrına basır. Milli Komitəmiz uğurla idarə etməkdə və xalqımızı təhlükəsiz sülh içində yaşatmaqdadır. "Difai" fırqəsi silahlı qüvvələri ilə birlikdə Milli Komitəni dəstəkləyir. Xalqımız Azərbaycan ordusunun nüvəsi olan sizlərdən böyük işlər gözləməkdədir".

Mən sözlərimi bitirdikdən sonra alayın imamı şair Məhəmməd Hadi sözə başladı: "Əziz vətəndaşlarım! Alayımızı təşkil edən Azərbaycan türklərinin göstərdikləri hərbi qabiliyyət və qəhrəmanlıq haqqında çox şey söyləmək olar. Ancaq mən burada bir hadisədən bəhs edəcəyəm. Qızğın müharibə gedirdi. Rus ordusu Samsonovun komandanlığı altında alman qüvvələri ilə möhkəm vuruşurdu. Samsonov ordusunun sağ cinahını "Dikaya diviziya" qoruyurdu. Almanlar rus ordusunun müqavimətini qıraraq, onu mühasirəyə aldılar.

Onlar mühasirəni daraldarkən ətrafla əlaqəsi kəsilən komandanımızın tədbirli rəhbərliyi ilə alayımız almanlara hücum etdi və cəbhəni yardı. Alayı ikiyə bölərək, yarılan mühasirənin sağ və solunu sıxışdırmağa başladıq. Beləliklə, beş alaydan ibarət qafqazlı qardaşlar alman mühasirəsindən xilas edildi. Bu mühüm hadisə həftələrlə rus mətbuatının səhifələrində işıqlandırıldı. Alayın qəhrəman hərəkətinə görə çar onun bayrağına ən yüksək nişanı taxdı".

Hörmətli və əziz şairimiz Məhəmməd Hadinin sözləri xalq tərəfindən sürəkli alqışlarla qarşılandı. Mən də həyəcanlanmışdım. Hamı kimi məni də sevindirən bu əhəmiyyətli hadisəni 33 ildən sonra İstanbulda – sabiq "Dikaya diviziya" nın Dağıstan alayının zabitlərindən olmuş Əhməd bəy Avarlıdan eşitdim.

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
28 ekim 2022
ISBN:
978-995-255-787-9
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu