Kitabı oku: «Keçən günlərin dastanı»

Yazı tipi:

Nizami Cəfərov

Keçən günlərİn dastanı

“Xatirə Ədəbiyyatı” silsiləsindən 27-ci kitab

Ön söz

və ya

dastan müəllifinə açıq məktub

Əzizim Nizami! …

“Azərbaycan”da “Keçən günlərin tərcümeyi-halı”nı oxudum.

Mübarək olsun!

Gözəl bir əsər yazmısan. Hər kəs (və hər yaşlı oxucu) öz nəslinin keçdiyi yola nəzər salır. Sizin yanınızda özünü görür. Mən də. Bizim yaşıd olduğumuzu, ancaq təqvimhesabı fərqimizi bilməzdim!

Oğuzlardan çox yazmışdınız, mən də oxumuşdum. Burada onların saz havasını da eşitdim. Çox şad oldum.

Birinci dəfəydi ki, bədii əsəri gülə-gülə, arada bir də tutula-tutula oxuyurdum. İndiyə qədər bu yazıçımız haradaydı!

Bu bədiilik, bu yumor, bu müdriklik, bu pak ürəkaçıqlığı hardaydı!

Dahi insanlarla oturub-durmusan, görüb götürmüsən. Eşitdiklərini də “bir-bir” yadda saxlamısan.

İndi də onların yadigarı, varisi kimi danışmağa haqqın var.

Məni mənə qaytaran qələminə eşq olsun!

“… Həm orta məktəbdə, həm də universitetdə çox böyük dilçi müəllimlərdən” aldığın dərslər səni xoşbəxt edib.

O biri xoşbəxtliyi də “… böyük dilçi müəllimlər nə yazdılarsa demək olar hamısını oxudum, nə dedilərsə hamısını anlamağa çalışdım… Hər birindən qayğı, kömək, hörmət (və müdafiə) gördüm”dən almısan.

Bu, heç şübhəsiz, birinci növbədə Azərbaycan gəncliyinə ünvanlanmış müraciətdi, əslində çağırışdı.

Nümunə göz qabağındadır: Sən!

Əlbəttə, söhbət istedaddan gedir. Heç kəs durduğu yerdə heç kəsə “qayğı, kömək, hörmət” göstərməyib. Hələ “müdafiə” etməyi demirəm.

Sənin ilahi istedadın ilahi istedada malik müəllimlərinin də diqqətini özünə çəkmişdir.

Mənə də yaxın olan o adları xatırlayırsan: Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə, Aydın Məmmədov, Kamil Vəliyev, Firidun Cəlilov…

Təbiidir ki, bu müəllimlərin də hərəsinin öz iş prinsipi, xasiyyəti, ünsiyyəti, davranış qaydaları, sevinci, kədəri olmuşdur.

Ən maraqlısı budur ki, bu müxtəlif qütblü insan xarakterlərinin – müəllimlərin heç biri sənə ögeylik göstərməyib. Ögeyliyi səndə də görməyiblər.

Sən bu “Tərcümeyi-hal”ınla oxuduğun, dərs aldığın universitetə, bu təhsil ocağına da əzəmətli bir abidə qoymuş olursan, biz oxucuları da müqəddəs bir ziyarətgahın səcdəsinə dəvət edirsən.

Bu da hər bir tələbə-məzunun minnətdarlıq borcu kimi qəbul edilməlidir.

Belə bir minnətdarlıq hissilə adını çəkmədiyin başqa bir kənd müəllimini də xatırlayırsan. Sənə “imla deyəndə əvvəl mətnə baxıb “Minqeçaur”, sonra təkrar eləyəndə “Mingəçöür” deyərmiş.

Sən bizim bu “yerli nitq mühiti”ni də mehr-ülfətlə xatırlayırsan, unutmursan: “Bu, o qədər təbii idi ki, Bakıdan geri dönmüş müəllimlərin (onlar da kənddən getmişdilər) ədəbi tələffüzünə bir təhər baxırdıq. Və yavaş-yavaş onlar da “düzəldirdilər”.

Mənə elə gəlir, Nizami, sən bütün müəllimlərdən bircə dərs almısan: Yaxşılıq!

Bəlkə dünya elmi biliklərinin son məqsədi elə budur: insanda (yaxşılıq dediyim) insanlığı oyatmaq!

Fransa intibahının öncüllərindən Rablenin bir sözünü xatırlayıram. Yadına salmaq istərdim. Təxminən o belə deyirdi: İlahi, özümüzü həsr etmək üçün, kaş beş yox, on-on beş hiss üzvümüz olaydı!

Əlbəttə, onda insan özünü də, dünyanı da daha dərindən dərk edərdi. Olana təəssüf etməzdi. Dünyanı – təəssüf üstə qurulan bir cah-calala bənzətməzdi.

İnsan öz boyundan uca olduğunu da görərdi.

Nizami, sən

“Yavaş-yavaş ahıllaşdığını” necə gördün?

Sənin ahıl yaşın – mənim gəncliyimdi.

Amma mən görürəm ki, sənin daxili intibahın o sözləri deməyə tam haqq verir. Çünki sənin “ahıllaşmağın” yaşla ölçülmür. Səndəki ədalət hissi, həssaslıq, xeyirxahlıq, elmi dünyagörüşü “tərcümeyi-hal”ın çap olunduğu jurnalın bütün səhifələrinə səpələnibdir.

Bu günlərdə bizim “Ədəbiyyat qəzeti”ndə də “Türklərin bölünməsindən türk xalqlarının təşəkkülünə” adlı iri həcmli tədqiqat məqaləni oxudum. Və yenə çox şey öyrəndim.

Tələbəlik illərində “vaxtında qaldırılmış məsələ” kimi müəlliminizin qyimətləndirdiyi “Qazax dialekti: Azərbaycan dilindən Türkiyə türkcəsinə” məqaləndən sonra “həmin mövzunu işləyib başa çatdıra bilmədim” deyə təəssüflənirdin.

Bu gün sən türklüyün və türkologiya elminin ən görkəmli şəxsiyyətlərindən biri kimi sevilirsən. “Türk dili tarixinin əvəzsiz araşdırıcısı” prof. Dr. Əhməd Cəfəroğlu ilə Ziya Göyalpla adını yanaşı hallandıranları özüm eşitmişəm və təbiidir ki, bu millətin oğlu kimi fəxr etmişəm.

Yeri gəlmişkən, Antalyada keçirilən Türkoloji qurultayı yadına salmaq istəyirəm. Rəhmətlik müəllimin Tofiq Hacıyev də onda sağıydı. Qurultayda iştirak edirdi.

Dedim Nizami, dərdiş, get öz yerində əyləş, Rəyasət heyətində, işimizə başlayaq. Üzündə təbəssüm gördüm, elə bilirdin zarafat eləyirəm.

Bir azdan bizim Prezidentimiz cənab İlham Əliyev Türkiyənin prezidenti cənab Təyyub Ərdoğanla salona daxil oldular. Hələ qurultay başlamamışdı. Az keçmədi ki, səni Rəyasət Heyətinə dəvət etdilər. O Türkoloji qurultay indi də yadımdadır.

Bu dəfə aşağı sırada mən gülümsədim.

Hər şey aydın idi.

Əzizim Nizami!

Sənin bu “Tərcümeyi-halın” hələ bizim Qazax mahalında səndən qabaq başlamışdı.

Bizim milləti öz ata-baba torpaqlarından zorla köçürmüşdülər.

Sonralar sənə həsr etdiyim “Nizami” adlı poemadan bir-iki bəndi burada misal gətirmək istəyirəm:

… Nizami, millət də bəzən tək qalır,

onu da tək görüb hərifləyirlər.

Unu ələyirlər, bir kəpək qalır,

unu yox,

kəpəyi tərifləyirlər.

… Bu biri “demokrat”, o biri “köçkün”,

bizim bir millətin iki adıydı.

Vedili Vediyə dönəcək bir gün,

Təbrizli Təbrizə qaytmalıydı.

Gözümdə bu sahil, o sahil ağlar,

Məni soraqlayın Araz, Kür boyu.

Dostundan ayrılan – yeddi il ağlar,

Vətəndən ayrılan

bir ömür boyu.

… Demə, Moskvaymış işləri quran,

dinib-danışanın yanırdı içi.

Erməni-şovinist,

fars-aravuran,

biz də Kirovkada –

beynəlmiləlçi!

Tehran “dost“ sözünü şübhəli deyir,

Nə mənə dost olur, nə sənə qardaş.

Fars qalxıb minbərə:

“Ya Əli!“ deyir,

Minbərdən düşəndə:

Vazgenə – qardaş!

Əzizim Nizami!

1949-cu il. Ağstafa dəmir yol vağzalı. Ata-baba torpağı Ermənistandan köçürülən azərbaycanlıların ailə köçü ilə doluydu.

Mərhum atanız Qulu müəllim də onların arasında gənc, yaraşıqlı bir oğlan idi. O da Vedibasardan pənah gətirmişdi. Bizim Zəlimxan kəndində yerləşdilər. Kəndimizin ən gözəl qızlarından birini seçib evləndi.

Sən mənim Savad bajımı belə təqdim edirsən (və yanılmırsan!): “…dünyanın ən böyük dilçisi, ədəbiyyatşünası, tarixçisi (və ictimai xadimi) saydığım, on yaşımda itirdiyimi atamı əvəz etməyə çalışan (və əvəz edən!) anam…“

Bu ürəyinə görə, minnətdaram, Nizami!

Sonrakı sıxıntıların müqabilində sən həyatı, insanları sevdin. Ağır güzəran səni insanlarla ünsiyyətə səslədi. Sən də bu səsə səs verdin.

Tələbəlik illərində dilçi müəllimin prof. Əlövsət Abdullayev sənə “gəl dalımca“ deyib, aspiranturada saxlanılmaq üçün ərizənin üstünü yazdırıbdısa, mənim ədəbiyyat müəllimim böyük yazıçı Mir Cəlal da eyni sözü, ancaq sənin iki-üç yaşın olanda, 1962-ci ildə “gəl dalımca“ deyib, məni universitetin aspiranturasına aparmışdı.

Görürsənmi, tərcümeyi-halda da qohum çıxırıq.

Sənə minnətdaram ki, mənim baş redaktor olduğum vaxtlarda “Ədəbiyyat və incəsənət“ qəzetinə işə gəlməyini və bizimlə işlədiyin həqiqətən taleyüklü o günləri də bu qiymətli əsərində özünəməxsus həssaslıq və müdrikliklə qələmə almısan.

Böyük yazıçımız Anar müəllimin sənin qəzetdə işə düzəlməyində xidməti olmuşdu.

Mən də sənin kimi iş yoldaşlarımız – Sabir Əhmədovu, Əşrəf İbrahimovu, Vidadi Məmmədovu, Davud Nəsibi, Kamilə Neməti, Qafar Namazəliyevi ürəkağrısı ilə xatırlayıram. Çox tez köçüb getdilər. Sən demiş, “təskinliyimiz isə odur ki, bu dünyada özləri barədə gözəl təəssürat qoydular. Çox yerdə, o cümlədən də “Ədəbiyyat qəzeti“nin səhifələrində“.

Sənin dörd illik gərgin qəzetçilik fəaliyyətinin nəticəsi o oldu ki, qəzetimiz yüz iyirmi min tirajla çap olunmağa başladı.

Mən o illərdəki günləri burada xatırlayası olsam, mətləb uzanar. “Mənim ədəbi taleyim“ adlı bir kitabça nəşr etdirmişəm. Orada səndən də, başqa qələm dostlarımızdan da minnətdarlıqla yazmışam.

Sənin bu əsərin həqiqətən bir yox, bir neçə nəslin “tərcümeyi-halıdı“.

Dünən babasıgildə qalanda özünü “gəlmə“ sayan, nənəsi gilə gedəndə “gələjəm“, “gedəjəm“ dediyinə görə evdəkiləri özünə güldürən və “zarafatla“ “irəvanlı“ çağrılan bir uşağın haqqında sonralar “Türkiyənin dövlət xadimlərilə görüşlərin birində Heydər Əliyevin Mərkəzin (Atatürk Mərkəzinin) başqanı barəsində (yəni sənin barəndə) işlətdiyi – “çox böyük bir professor“ – ifadəsi və o görüşün özü Ulu öndərin peyğəmbər uzaqgörənliyilə Türk dünyasına böyük və gənc mütəffəkirin, əslində isə bir taleyin təqdimatı mərasimiydi.

O, burda da yanılmamışdı.

İndiyə qədər aldığım (və bundan sonra alacağım) adların ən böyüyü“ dediyiniz Tanrı hədiyyəsi.

Nəriman Həsənzadə,

xalq şairi

KEÇƏN GÜNLƏRİN DASTANI

Yavaş-yavaş ahıllaşıram. Və özümdən asılı olmayaraq keçən günlər barəsində daha tez-tez düşünməyə başlayıram. Yaxşı ki, indiyə qədər həyatda rastlaşdığım insanlar, hadisələr hələ, demək olar ki, bütün dəqiqliyi, təfərrüatı ilə yadımdadır. Arabir haqlarında yazmışam da…

Yazılarıma baxdım, yaddaşımı qurdaladım. Və belə bir kitab ərsəyə gətirdim.

Bəlkə, kiməsə lazım oldu…

* * *

Mən dünyaya gələndə hər iki babam da, hər iki nənəm də həyatda olublar. Ancaq əvvəl ana babam, sonra ata nənəm tez rəhmətə getdiklərindən onları, demək olar ki, xatırlamıram… Ata babamla ana nənəm isə xeyli yaşadılar, yaddaşımda gözəl (və zəngin) xatirələr qoyduqdan sonra bizi tərk etdilər.

Ata babam keçən əsrin əvvəllərində Vedibasarda dünyaya gəlmiş, 30-cu illərdə kolxozda çalışmalı olmuşdu. Çox qoçaq qadın olan nənəm Balaxanımla evlənəndən sonra çoxlu uşaqları dünyaya gəlmişdi… Və babam tək bu sahədə yox, təsərrüfatda da çox qabiliyyətli imiş, özü dam tikib ailəni içinə yığmış, təsərrüfatda çalışmış və o qədər hörmət qazanmış ki, savadsızlığın ləğvi hərəkatı zamanı rayondan kəndə göndərilən yeganə əlifba kitabını mükafat kimi ona vermişlər. Ancaq “köhnə dünya“nın üzvü tərkib hissəsi olan babam ağsaqqalların, birinci növbədə, məşhur Kərbəlayı İsmayılın təsiri ilə qərara alır ki, Şura hökumətinin kitabını oxumasın.

Ahıl vaxtlarında soruşurdum ki, baba, niyə oxumaq istəmirdin, hərfləri niyə öyrənmədin?.. Deyirdi ki, ağsaqqallarımız məsləhət gördü ki, bu hökumətin kitabını oxumaq olmaz. Köhnə kitablarda Allahdan, Qurandan yazırdılar, indiki kitablarda yazırlar ki, “at ot yedi“, nə bilim, “it ət yedi“.

Yüksək „dilçilik təfəkkürü“ olan babam başlayır ona əlifbadan dərs deyən müəllimə kələk gəlməyə…

– Əziz, bax bu, “a”dı, “a” de görüm.

– A.

– Bu da “tı”dı, de görüm.

– Tı

– Hə, nə oldu?

– Atı.

– “Atı” yox, “at”.

Müəllim “at” deyir, babam “atı”… Kişinin kitabını alıb verirlər bir başqasına. O zalım oğlu da bir-iki aya yazı- pozunu öyrənib olur kolxoz sədri, babamı da göndərir ən ağır işlərə.

Səhv elədiyini gec də olsa anlayan, yeni hökumətin düşmənlərinin qoparağının götürüldüyünü görən babam əvvəlki qərarını dəyişib övladlarını oxumağa məcbur edir.

Müharibəyə gedib, bir qolunu itirib geri qayıtdıqdan bir neçə il sonra deportasiya olunur. Ailəsi ilə “Vedinin yanı dağlar”dan Salyanın ilan mələyən çöllərinə sürülür, oradan da Ağstafaya qaçırlar.

Yenidən ev-eşik qurmalı, yetkinlik yaşına çatmış övladlarına təhsil verməli olur… Əmimlə atam M.C.Bağırov adına Qazax ikiillik müəllimlər institutunu qurtardıqdan sonra Qiyabi Pedaqoji İnstitutda təhsil ala-ala İsmayıllı rayonunun dağ kəndlərində müəllim işləyirlər. Hər ikisi Azərbaycan dili və ədəbiyyat müəllimi olublar. Ancaq maraqlıdır ki, yerli dili – Lahıc dilini nə əmim, nə atam yox, ali təhsili olmayan anam öyrənmişdi.

Ana babam yadıma gəlmir, deyirdilər ki, partkom olub, çox sərt, söyüşcül bir kişi imiş, yadda o qalııb. Bir də Stalinə dəyişməz məhəbbəti olduğunu ondan bilirəm ki, kənddə kolxoz dağılıb sovxoza çevriləndə “kişi”nin idarədəki çərçivəli iri şəklini, büstünü atmağa qoymamış, evə gətirmişdi. Nənəm hərdən söylənirdi ki, idarə pozulanda rəhbər işçilər evlərinə stol, stul, pərdə gətirdilər. Bu rəhmətlik də “buları”, “öyə bir şey gətirən döydü. Deyəndə də deerdi, hökumətin malını yiməy olmaz. Elə bil hökumət bunaca qalmışdı”…

“Gəlmə” nəvə hərdən “yerli” nənəmgilə gedərdim. Və mənim leksikonumda “babagil”, yəni ata tərəf; bir də “nənəgil”, yəni ana tərəf vardı. “Yerli” babamla “gəlmə” nənəm tez rəhmətə getdiklərinə görə…

Babamgildə qaldığımıza görə özümü “gəlmə” sayırdım. Hərdən nənəmgilə gedəndə mənim – təcəzə dil açmış uşağın “gələjəm”, “gedəjəm” deməyinə gülürdülər. Və mənə zarafatla “irəvanlı” deyirdilər.

Artıq “irəvanlılaşmış” kəsəmənli anam bir dəfə məni anasıgilə göndərib dedi ki, get nənəndən “nimdəri” al gətir. Getdim, həyət qapısını açıb qışqırdım: “Nənə, nimdəri ver…” Zərnişan nənə səsimə aynabəndə çıxıb yalvardı, “gəl, gəl, göröm nədi” dedi. Mən məsul bir iş dalınca göndərilmiş adam kimi yerimdən tərpənmədən “nimdəri ver!” deyib durdum. Rəhmətlik nə istədiyimi başa düşmədiyindən geri çevrilib evdəkilərə səsləndi: “Gəlin görün bu irəvanlı nə deer”. Onlar da başa düşmədi. Əlacım kəsildi. İçəri girib iri bir döşəkçənin qulağından yapışıb eşiyə sürüməyə başladım.

Gülüşdülər.

Gördüm ki, döşəkçəni apara bilməyəcəyəm, üç-dörd yaşım vardı, həm də gülürlər… Atıb getdim. Nənəm dalımja gəlib anamdan soruşdu ki, bu nəyə gəlmişdi?.. Nəsə deyirdi, bilmədik…

“Poliqlot” anam “gəlmə” ləhcədən “yerli” ləhcəyə keçdi: “Aaz, ana, döşəkçeyi isterdik dana”. Nənəm hirsləndi:

– Adam kimi istiyə bilmerdinizmi? – dedi.

… Babamın təkidi ilə oxusalar da, əmim də, atam da ana dilini, ədəbiyyatı çox gözəl bilirdilər. Xüsusilə atam… Gözəl şeirlər yazırdı… “Koroğlu” dastanını, M.P.Vaqifi, Aşıq Ələsgəri dərindən bilirdi. Kiyevdə əsgərlikdə olanda evə şeirlə məktublar yazarmış… İyirmi-otuz ildir ki, bu şeirləri çap etdirmək istəyirəm, ancaq hər dəfə saralmış vərəqlərə baxanda düşünürəm ki, əgər atam çap elətdirməyibsə, deməli, lazım deyil.

… Bir dəfə böyük yazıçımız İsmayıl Şıxlı əlyazmalarını mənə vermişdi. Məşhur “Cəbhə gündəlikləri” də orada idi, gənclikdə yazdığı romantik şeirlər də…

Familim Şıxlıdı, adım İsmayıl,

Haradasan, yatmış baxtım, tez ayıl…

… Tədqiqatçı marağı güc gəldi, özü ilə məsləhətləşmədən şeirlərini yığıb mənasız bir qəzetdə kiçik ön sözlə çap etdirdim. 80-ci illərin sonu 90- cı illərin əvvəlləri idi. Həmin mənasız qəzetin mənasız redaktoru hörmət qazanmaq üçün bu barədə İsmayıl müəllimə xəbər vermişdi… Böyük yazıçımız mənə zəng edib əvvəl əlyazmalarını istədi, sonra da dedi ki, mən o şeirləri çap etdirəsi olsaydım, qırx il bundan qabaq etdirərdim…

Deməli, lazım deyilmiş… Və deməli, lazım deyil.

Atam Qulu müəllim əlifbanı mənə beş yaşımda öyrətdi. “Koroğlu” kitabının 50-ci illər nəşrini oxuda-oxuda… Əvvəl bir qolun məzmununu danışırdı, şeirləri əzbər deyirdi, sonra həmin qolu oxudurdu. Mən bilirdim ki, bu səhifədən o səhifəyə qədər nə yazılıb, ancaq hərflər tez-tez yadımdan çıxdığına görə konkret olaraq nəyin harada yazıldığını çaşdırırdım. Ancaq bu çox çəkmədi.

… Bir dəfə anam gəldi ki, hələ tikilib qurtarmamış təzə evimizin kölgəsinə kilim sərib atamla oturmuşuq, ağır işdən sonra mən “Koroğlu ilə Kürdoğlunun qolu”nu oxuyuram; o yerdəyik ki, Kürdoğlu Koroğlunu iki dəfə yıxıb, indi ata tanımadığı oğlunu məcbur edir ki, onunla üçüncü dəfə güləşsin… Gözümün yaşı kitabın səhifələrinə tökülürdü, ancaq davam eləyirdim. Anam əlindəki çaydanı yerə qoyub gülə-gülə:

– Sizə nə olub, niyə ağlaşırsız, – deyəndə başımı qaldırdım, gördüm ki, atam da əməlli-başlı kövrəlib.

Və mən məzmundan mətnə, mətndən məzmuna rahat keçməyin inersiyasını “Koroğlu”dan (və atamdan!) öyrəndim.

… Bizim geniş ailədə hamı danışardı – “yerili”lər də, “gəlmələr” də… Hərə öz “dili”ndə… Baş vermiş əhvalatları elə danışardılar ki, həmin əhvalatların özünün bu qədər təsiri, əhəmiyyəti, bəkə də, yox idi. Danışa-danışa sevinər, fəxr edər, yaxud kədərlənərdilər; halbuki haqqında danışdıqları əhvalatlar baş verəndə heç bunun yarısı qədər də həyacanlanmamışdılar… Eyni hadisənin şahidi olmuş adamlardan biri o birinin sözünü kəsib “elə olmamışdı, dayan mən deyim” deyib məharətini işə salar, daha məharətli birisi mey-dana çıxana qədər davam edərdi. Heç kim heç kimə “sən yaxşı deyə bilmirsən” demirdi, sadəcə “sən bilmirsən” deyirdilər.

… Babam eyvandakı taxtın üstündə oturub Vedidə keçirdiyi günləri, dağları, meşələri, bulaqları yadına salıb hərdən bir pəsdən nə isə oxuyardı. Qızları-gəlinləri xısın-xısın gülüşərdilər. Çünki qızları o yerlərdə ikən uşaq olmuşdular, yadlarında az şey qalmışdı, gəlinlər isə o yerləri ümumiyyətlə görməmişdilər.

Böyüklərə qulaq asa-asa uşaqlar da böyük-böyük danışırdılar… Bir dəfə evimizin kiçiyi Aslan haqqında xəbər gəldi ki, siqaret çəkib. Bu çox böyük qəbahət idi. Uşağı “məhkəmə”yə çəkdik. Adam danlamaqda usta olan əmim söhbəti çox uzaqdan başladı: “Oğul, sən indidən tərbiyəsiz bir yol tutmusan, belə getsə… Bax sənin baban papiros çəkməyib, atan çəkməyib, mən çəkməmişəm, böyük qardaşın çəkmir…” Bir az fikirləşib təəssüflə “bircə nənən çəkirdi, o da…” deyə rəhmətlik anasına haqq qazandırmaq istəyəndə danlanmaqdan pörtmüş uşaq cəsarətli bir təmkinlə: “Əmi, hamınız babamın yolunu davam etdirirsiz, çəkmirsiz; mən nənəmin yolunu davam etdirib çəkəcəm” – dedi. Əmi gördü ki, onun sadəlövh məntiqi şüşə parçası kimi daşa dəyib çilik-çilik oldu. Və təcrübəli yuxarı sinif müəllimi aşağı sinif şagirdinə – qardaşı oğluna baxıb kövrələndə Aslan “əmi, elə-belə şey idi, narahat olma, daha çəkən deyiləm” dedi.

Babam nəvələrinə “Nizami kişi! Şahin kişi! Daşdəmir kişi!..” deyə müraciət edərdi. Ən kiçiyimizə də “Aslan kişi!” deyərdi… Bizim də kişi olmaqdan başqa çərəmz qalmırdı.

Orta məktəb müəllimlərimiz, nə qədər bilikli olsalar da, yerli dialektdə danışardılar. Hətta yadımdadır ki, rus dili müəllimimiz imla deyəndə əvvəl mətnə baxıb “Minqeçaur”, sonra təkrar eləyəndə “Mingəçöür” deyirdi. Və müəllimin günahı ucbatından səhv yazıb aşağı qiymət alan uşaqlar etiraz edəndə heç nə olmamış kimi hələ bir hirslənirdi ki, “əvvəl necə deyirəm, çalışın elə yazın, dala qalmayın”… Anaq bu “yerli nitq mühiti” o qədər təbii idi ki, Bakıdan yeni gəlmiş müəllimlərin (onlar da kənddən getmişdilər) ədəbi tələffüzünə bir təhər baxırdıq. Və yavaş-yavaş onlar da “düzəlirdilər”…

Hər nə isə… Biri var idi, biri yox idi. Belə bir kənd, belə bir ünsiyyət mühiti var idi.

Mən həmin kənddə – Qazax (indiki Ağstafa) rayonunun Zəlimxan kəndində “yerli” və “gəlmə”lərin “ziddiyyətli” dil-ünsiyyət mühitində boya-başa çatdım. Ona görə də düşünürəm ki, mənim dil təfəkkürümdə müxtləif türk tayfa (və xalq!) dillərinin təbii (və tarixi!) diferensiasiyası əks olunur.

* * *

Orta məktəbin son siniflərində oxuyanda jurnalist olmaq arzusu ilə alışıb yanırdım. Və başqa bir sənət sahibi olacağımı xəyalıma belə gətirmirdim. Hər şeydən əvvəl ona görə ki, bu dünya ilə nə üçün (və nəticəsinin necə olacağını!) dərindən kəsdirə bilməyəcəyim bir davam vardı… Ancaq ADU (indiki BDU)-nun jurnalistika fakültəsinə sənəd vermək istəyəndə iki il iş stajı tələb etdilər. Mətbuatda çap olunmuş yazılarım da köməyə gəlmədi. Və başladım özümə ayrı sənət-ixtisas axtarmağa…

Hüquq fakültəsi. Alınmadı… Tarix. Alınmadı… Hər yerdə iki il iş stajı… Universitetin geniş idman zalında yuxarısında “Filologiya fakültəsi” yazılmış guşəyə yaxınlaşdım. Sənədlərimi qəbul elədilər.

Və demək olar ki, bütün avqust boyu davam edən, hər saatı həyəcanlarla dolu qəbul imtahanları başladı. İlk imtahanımız ədəbiyyatdan yazılı idi. “Mənim ilk müəllimim” mövzusunda, o zamankı təbirlə, sərbəst mövzuda yazdığım inşadan neçə alacağımı səbirsizliklə gözləyirdim. İlk uğurdan, yaxud uğursuzluqdan çox şey asılı idi.

…Sənədlərimi verdiyim guşəyə yaxınlaşanda gözüm “ədəbiyyat yazıdan kəsilənlər”in siyahısına sataşdı. Adlar- soyadlar yazılmamışdı, yalnız imtahan vərəqələrinin nömrələri vardı. Ürək döyüntümün nəfəskəsici sədaları altında nömrələri diqqətlə nəzərdən keçirdim, bildim ki, kəsilməmişəm…

Ən böyük biabırçılıqdan qurtardıq!..

Bütün kənd Bakıya qəbul imtahanı verməyə gedən gənclərin vəziyyətini izləyirdi. Əvvəlki illərin təcrübəsindən bilirdim ki, qəbul olanlar dərhal qəhrəmana çevrilir, konkursa düşənlər günahı ali məktəblərin üstünə yıxa bildiklərinə görə müəyyən qədər sudan quru çıxırdılar. Sonuncu imtahandan kəsilmək də elə böyük biabırçılıq sayılmırdı. Əzazil bir müəllimin qabağına düşdüyün barədə təsirli bir “nağıl” uydurub bir neçə gün ona-buna danışmaqla el töhmətindən canını qurtara bilərdin… Ən böyük biabırçılıq o idi ki, üzünə “eybi yox, gələn il gedərsən”, arxanca isə “elə birinci imtahandaca kəsilib” desinlər…

… Ən böyük biabırçılıqdan qurtarmağın ruhi rahatlığını hiss edəndən sonra istidən təntiyə-təntiyə imtahan vərəqələrini yerbəyer edən laboranta əvvəl nömrəmi, sonra adımı-soyadımı söylədim. Axtarıb tapdı. Gördüm ki, çox maraqla baxır… Başını qaldırıb adımı-soyadımı bir də soruşdu, imtahan vərəqəsinin heç kimə yox, məhz mənə aid olduğuna tam əminləşdikdən sonra:

– Səndən bir xahiş eləsəm, yerinə yetirərsənmi? – deyə soruşdu.

Mənim üçün bu dəqiqə imtahan vərəqəsində hansı qiymətin yazıldığını bilməkdən əhəmiyyətli heç nə yox idi.

– Neçə almışam?

– Yox, əvvəl de görüm yaxınlıqdakı bazardan bizə bir qarpız, iki kilo üzüm ala bilərsənmi?

…Mən nə hayda, bu nə hayda?.. Neçə gündü yayın bu cırhacırında boğazımdan su da keçmir. Nə qarpız, nə üzüm?

– Siz allah, əvvəl imtahan vərəqəsini verin…

Halımı bilib, daha israr eləmədi. Dodağının altında:

– “Əla” alıbsan, – deyib vərəqəni mənə uzatdı. Alıb baxdım… Hələ yaşamağa dəyərdi!.. Handan-hana laborantın səsini eşitdim:

– Hə, nə oldu? Gedirsən?

Onun cibindən çıxarıb mənə vermək istədiyi pula baxmadan qapıya yönəldim. Dediklərini alıb gətirdim. Yenə pul vermək istədi. Almadım…

İkinci, üçüncü və dördüncü imtahanlara girəndə artıq əvvəlki həyəjan yox idi.

İkinci imtahan ədəbiyyatdan şifahi idi. Bilet çəkib hazırlaşırdım ki, imtahan komissiyasının sədri içəri girib salamlaşdıqdan sonra əlindəki kağıza baxıb “Nizami Cəfərov kimdir?” deyə soruşdu. Ayağa qalxdım.

– Yaxşı yazı yazmışdın. Hamımız oxuduq… İndi vəziyyət necədi?

– Sağ olun, yaxşıdı.

– Haralısan?

– Qazaxlı.

Bizdən imtahan götürən müəllimlərə baxıb gülümsündü.

– İmtahan verəcəyin müəllimlər də Qazaxlıdı… – deyib getdi. Sonra bildim ki, komissiya sədri görkəmli türkoloq Fərhad Zeynalov imiş.

… Qazaxlı müəllimlər mənə o qədər tələbkar yanaşdılar ki, “əla”dan sonra “yaxşı” ilə razılaşmalı oldum. Sonrakı imtahanlardan da “yaxşı” aldım.

Təəccüblənirdim ki, əgər bütün suallara doğru cavab verirəmsə, niyə “əla” yazmırlar?.. Sən demə, müəllimlər “yaxşı” yazırıq deyib mənim münasibətimi gözləyəndə etiraz etməli, komissiya sədrinin gəlməsini tələb eləməliyəmmiş… Universitet müəllimlərini ömründə birinci dəfə görən, onların hər birinə dahi kimi baxan kənd uşağı bunu hardan biləydi?..

“Əla”nın altında yazılmış “yaxşı”lara o qədər də fikir vermirdim, hərdən imtahan vərəqəsini açıb “əla”ya və qarşısındakı imzaya baxır, onun hansı böyük dilçi, yaxud ədəbiyyatçı alim tərəfindən atıldığı barədə düşünürdüm. Hər dəfə də belə xəyal edirdim ki, məndən imtahan götürən bütün dahilər içərisində o, yəqin, ən böyük dahidir. Sonralar öyrəndim ki, bu imza hələ heç doktorluq dissertasiyasını belə müdafiə etməmiş, təvazökar (lakin olduqca istedadlı, hamının hörmətlə yanaşdığı) bir dilçiyə – Samət Əlizadəyə məxsusdur. Bir neçə il sonra o, bizə Azərbaycan dilinin tarixi qrammatikasından dərs dedi. Tənəffüslərin birində ona yaxınlaşıb, gec də olsa, təşəkkür elədim. Gülümsündü… “Yadımdadır” – dedi, – yazını əvvəl mən oxudum, “dörd” yazmağa əlim gəlmədi, xahiş elədim ki, komissiya sədri də baxsın… Üç-dörd müəllimə də oxutduq, “əla” yazdıq… Ancaq mən imzaladım”.

Əgər mən yaxınlaşıb təşəkkür etməsəydim, yada salmasaydım, yəqin ki, Samət müəllim detalına qədər yadında saxladığı bu hadisəni heç zaman nəinki mənə, bəlkə də, heç kimə danışmayacaqdı. Və doktorluq dissertasiyasını təxminən mənimlə eyni vaxtda müdafiə edib eyni vaxtda professor adı alan bu böyük alim-şəxsiyyət, heç bir təzyiq olmadığı halda, tanımadığı birisinin işinin düzgün qiymətləndirilməsi üçün cəhd etməsəydi, boz bir “yaxşı” ilə kifayətlənsəydi, mən Universitetə daxil ola bilməyəcəkdim…

* * *

Kənddə məni pis qarşılamadılar… Ən yaxşı anam qarşıladı. Dünyanın ən böyük dilçisi, ədəbiyyatşünası, tarixçisi (və ictimai xadimi!) saydığım, on yaşımda itirdiyim atamı əvəz etməyə çalışan (və əvəz edən!) anam… Kim gəldisə, süfrə açdı… Bir də onda gördüm ki, imtahan verən, Universitetə qəbul olan mən yox anam imiş. Məndən çox onu təbrik edirdilər…

Bakıda mənim üçün adət etmədiyim, adət edə biləcəyimi də güman etmədiyim bir həyat başladı. Yaxşı ki, məndən altı yaş böyük bir dayım var imiş… Vaqif dayı… Bir il onunla kirayədə qaldım, bir ildən sonra güc-bəla ilə Universitetin yataqxanasında yer ala bildim…Ümumiyyətlə, yataqxanada yer almaq əzabı hər il takrarlanırdı. İmtahanları kifayət qədər uğurla verib kəndə qayıtdıqdan bir az sonra daha çox onu düşünürdüm ki, yataqxanada yer ala biləcəm ya yox?.. Çünki orderi birillik verirdilər…

Elə tələbələr vardı ki, hətta kənddən gəlsələr belə, məişət işlərini, görürdüm ki, çox münasib bir şəkildə qaydaya salır, özlərini xeyli rahat hiss edirlər. Əlbəttə, burada maddi imkan da az rol oynamırdı, ancaq o qədər imkanı olmayanlar içərisində də məişət bacarığı olanlar vardı ki, özlərinə bir gün ağlayırdılar. Mənimsə Universitetdən kənar həyatım, demək olar ki, yox idi… Məişət qayğılarını bir təhər yola verir, bu barədə heç düşünməməyə çalışırdım.

… Aclıq da olurdu, müxtəlif xarakterli maddi, ya mənəvi gərginlik də… Ancaq oxuduğumuz romanlardan da bilirdik ki, bütün bunlar keçicidir, mübarizə aparmaq, həyatda layiq olduğun yeri tutmaq lazımdır.

… Elə ilk günlərdən adını eşidib özünü görmədiyimiz çox görkəmli müəllim-professorlardan dərs almağa başladıq: Abbas Zamanov, Mir Cəlal, Vaqif Vəliyev, Ağamusa Axundov… Böyük yazıçı, ədəbiyyatşünas Mir Cəlalı, təbii ki, daha yaxşı tanıyırdıq, bədii əsərlərinin çoxunu, elmi əsərlərinin isə bir hissəsini oxumuşdum. “Bir gənjin manifesti”ni bilməyən yox idi… Mir Cəlal müəllim ahıllaşmışdı, bir cümləni demək üçün xeyli fikirləşir, ancaq elə cümlə deyirdi ki, saatlarla fikirləşib o səviyyədə demək çətin idi. Ədəbiyyatşünaslığın ən mürəkkəb məsələlərindən elə sadə bir dildə danışırdı ki, “modern terminologiya”nın əsiri olmağa hazırlaşan bizlər tərəddüd içərisində qalırdıq.

Auditoriyada asta addımlarla o başa-bu başa gəzinir, mühazirə deyir, hərdən də tələbələrdən birinin qolundan tutub adını soruşur, suallar verirdi. Bir dəfə mənə yaxınlaşdı, ayağa durdum, sual elədi ki, “müsbət qəhrəman nədir?” Cavab verdim ki, “həyatdakı müsbət insanların bədii ədəbiyyatdakı obrazına müsbət qəhrəman deyilir”. Məmnunluqla gülümsəyib “bə müsbət insan nədi?” deyə soruşdu. Bir az fikirləşib dedim ki, “Mir Cəlal müəllim, onu bilmirəm”… Sonuncu sualı bir-iki nəfərə də verdi, ancaq cavab ala bilmədi. Auditoriyanın qarşısına keçib əlini belinə qoydu, ahəstə səslə “cəmiyyəti irəli aparan, ictimai tərəqqiyə xidmət edən insana müsbət insan deyilir” – dedi.

Tələbələrə kurs işi mövzuları paylamışdı – hər dərsin birinci, ya ikinci hissəsində bir-iki nəfəri qaldırıb soruşurdu ki, “sənin əsərinin mövzusu nədi?” Hamının üzündə təbəssüm əmələ gəlirdi, bizim cızmaqaralarımıza “əsər” deməsi, özü də belə böyük yazıçı-ədəbiyyatşünasın, əlbəttə, qəribə idi.

Bir dəfə də lap arxada əyləşmiş tələbələrdən birinin qolundan tutub asta-asta yazı taxtasının qarşısına gətirdi. Ona bir-iki sual verdi, heç bir suala cavab verə bilməyən tələbə pərtliyini gizlətmək üçün xəfifcə gülümsəməyə başladı. Mir Cəlal müəllim onu yazı taxtasının yanında qoyub yenidən arxaya getdi, həmin tələbənin parta yoldaşını qaldırıb astadan soruşdu ki, “sənin yoldaşın əvamdı?..” Mir Cəlal müəllim “əvam” tələbənin yanına qayıdana qədər verdiyi ritorik sualı tələbələr bir-birinə ötürə-ötürə həmin tələbənin özünə çatdırmışdılar…

Mir Cəlal müəllim artıq ahıllaşsa da, vaxtilə yetişdirdiyi istedadlı tələbələri – Vaqif Vəliyev, Firidun Hüseynov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, Xalid Əlimirzəyev… bizə dərs dedilər. Onlar, demək olar ki, hər dərsdə Mir Cəlal müəllimdən sitat gətirirdilər…

“Dilçiliyə giriş” fənnini professor Nəsir Məmmədov dedi. O, bu sahənin Azərbaycanda yaradıcısı, ilk dərsliyin müəllifi idi… Yuxarı kursda isə müasir dilçiliyin banisi Ferdinand de Sössürdən ixtisas kursu apardı. Onun bir sözü indiyə qədər yadımdadır; dedi ki, mən F.de Sössürü neçə illərdi öyrənirəm, ancaq nə dediyini keçən il başa düşmüşəm… “Ümumi dilçilik kursu”nu rus dilindən azərbaycancaya çevirəndə başa düşdüm ki, təvazökar (və möhtərəm) müəllimim nə üçün belə deyirmiş. F.de Sössürü az-çox başa düşmək üçün dilçi doğulmaq, illərlə oxumaq (və düşünmək) tələb olunur… Bizdə elə dilçilər var ki, böyük alimin nəzəriyyəsinin ruhunu anlamaq əvəzinə ayrı-ayrı mülahizələrinə, çox zaman da mexaniki, istinad etməklə özlərini F.de Sössürü bilən kimi göstərirlər…

* * *

Mən xoşbəxtəm ki, həm orta məktəbdə, həm də xüsusilə Universitetdə çox böyük dilçi müəllimlərdən dərs almışam; onların yalnız məşhur (və mənim üçün doğma!) adlarını çəkmək kifayətdir ki, şair demiş, “qəziyyə məlum” olsun: Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa Axundov, Yusif Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə, Zinyət Əlizadə, Aydın Məmmədov, Kamil Vəliyev, Firidun Cəlilov…

Və bir də ona görə xoşbəxtəm ki, bu böyük dilçi- müəllimlər nə yazdılarsa, demək olar, hamısını oxudum; nə dedilərsə, hamısını anlamağa çalışdım. Həm Universitetdə təhsil aldığım illərdə, həm də sonralar onların hər birindən qayğı, kömək, hörmət (və müdafiə!) gördüm…

Onlar müxtəlif nəsilləri təmsil etdiklərinə görə, elmi- nəzəri səviyyələri, əsaslandıqları tədqiqat metodları bir- birindən fərqlənirdi, ancaq hamısını, istisnasız olaraq, bir qayə birləşdirirdi ki, bu da Ana dilinə sonsuz məhəbbətdən ibarət idi.

Universitet dilçilərinin önündə isə, yalnız tarixi xidmətlərinə görə deyil, intellektinə, müəllimliyinə, milliliyinə… (və şəxsiyyətinə!) görə Muxtar Hüseynzadə gedirdi… O Muxtar Hüseynzadə ki, bizim, demək olar, bütün dilçi müəllimlərimizin müəllimi olmuşdu… “Müasir Azərbaycan dili” deyəndə onun adı elə qətiyyət (və ehtiramla!) çəkilirdi ki, sanki o, ana dilimizin qrammatikasını yazmaqla kifayətlənməmiş, onu (müasir Azərbaycan dilini) yaratmışdı. Hətta şairlərdən birinin Muxtar müəllimə həsr etdiyi şeirində təxminən belə bir ifadə vardı: Mənim Azərbaycan dilim – Muxtar dilim!

Şair ana dilimizin (və xalqımızın!) öz müstəqilliyi uğrunda mübarizə əzmini (həm Şimalda, həm də Cənubda!) əks etdirmək üçün böyük dilçinin xidmətləri ilə yanaşı, adının mənasından da (muxtar!) obraz kimi faydalanmışdı… Həmin şeirin (və obrazın!) müəllifi – sonralar Azərbaycanın azadlıq mücahidlərindən biri kimi şöhrətlənən Xəlil Rza Ulutürk idi. Və o da yadımdadır ki, Muxtar müəllim Xəlil Rzanı Azərbaycan dilinin qanun- qaydalarını ən yaxşı bilən şairlərdən sayırdı.

Professor Muxtar Hüseynzadə bizə dərs deyəndə səksəni haqlamışdı… Azərbaycan, xüsusilə Universitet dilçilərinin müəllimi olan bu mötəbər şəxs, başqalarını bilmirəm, mənim dilçilik həvəsimə nə isə mistik bir enerji gətirdi. Azərbaycan dilçiliyinin banilərindən olan böyük alimin əsərləri ilə hələ orta məktəbdən tanış idim.

Muxtar müəllim artıq çox yaşlaşdığından morfologiyanın quru müddəaları, hökmləri ilə auditoriyanı ələ ala bilmirdi. Ancaq qəribəydi ki, dərsə qulaq asmayan tələbələrin arxada bir-birilərilə danışması da onu əsəbləşdirmirdi. Qabaqda əyləşib onu dinləyənlər üçün danışır, hərdən də deyirdi ki, mən bilirəm, dərsə qulaq asmayanlar qızlardır, Həvvanın nəvələridir; Adəmi cənnətdən onlar qovdurdular.

Muxtar müəllimi dinləmək, nitq hissələri barədə bildiklərimin (əslində, bunu da orta məktəbdə məhz onun dərsliyindən öyrənmişdik) nə qədər zənginləşdiyini hiss etmək mənə zövq verirdi. Akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmirçizadə ilə birlikdə öz böyük müəllimləri professor Bəkir Çobanzadədən sonra Azərbaycan dilçiliyini formalaşdırmış professor Muxtar Hüseynzadə canlı tarix idi. Mərd, prinsipial, yalnız dostları ilə deyil, ideya düşmənləri, opponentləri ilə də zarafat etməkdən çəkinməyən bu qürurlu insan Azərbaycan dilinin (və dilçiliyinin) mücəssəməsinə çevrilmişdi. Mənə elə gəlirdi ki, onun bir söz belə demədən yalnız auditoriyaya girib çıxması kifayətdi ki, ana dilimin incəliklərini öyrənmək həvəsim birə beş artsın.

Muxtar müəllim çox gənc yaşlarında Cənubi Azərbaycandan – Mərəndin Zünuz kəndindən Şimala gəlmiş, müxtəlif işlərdə çalışmış, fitri istedadı, zəhməti ilə mənsub olduğu xalqın ən böyük ziyalılarından birinə çevrilmişdi. Ağır keçmiş həyatını özünəməxsus şəkildə anladırdı; deyirdi, o qədər həsrətində olmuşam ki, övladlarıma oyuncaq alanda əvvəlcə özüm oynadıb sonra onlara verirəm… İranda baş verən inqilabın gedişini diqqətlə izləyirdi. Sevinirdi ki, Cənubi Azərbaycanda da gənclər ana dilinin qrammatikasını məhz onun dərsliyindən öyrənəcəklər. Və bu barədə danışanda kövrəldiyini biz tələbələri dəfələrlə görmüşdük.

Sovet ideologiyasının təsiri ilə formalaşan rus türkologiyasını qəbul etmir, yeri düşəndə rus türkoloqlarının düşünülmüş “səhv”lərini tənqid edirdi. Mühazirə qeydlərini ərəb əlifbası ilə yazan böyük alimin rus dilinə elə də hörməti yox idi ki, bu da onun milli mövqeyinin mücadiləçi təbiətindən irəli gəlirdi. Bakıda keçirilən ümumtürkoloji yığıncaqlarda rusca çıxışlarının mətnini də ərəb əlifbası ilə yazarmış. Həmin məclislərin birində Azərbaycan dilçilərinin milli mövqeyinə etinasız yanaşan Moskva türkoloquna “spakoyna prixadi, spakoyna uxadi ha!” demişdi.

Bir dəfə Muxtar müəllimin dərsində ikən dekanımız Firidun Hüseynov auditoriyaya daxil olub Muxtar müəllimlə çox səmimi görüşdükdən və üzr istədikdən sonra əlindəki siyahını oxudu. Adı çəkilənlər bir-bir ayağa durdular. Bu bir neçə gün əvvəl hansısa dərsdən qaçanların siyahısı idi. Onların arasında, təəssüf ki, mən də vardım. Firidun müəllim bütün pedaqoji məharətini işə salıb bizi danlamağa başladı. Başımızı aşağı dikmişdik. Tənbeh acı idi, ancaq çox adama aid olduğundan dözmək o qədər də çətin deyildi… Birdən Muxtar müəllim guya auditoriyanın eşitməməsi üçün dekana yaxınlaşıb yavaşca dedi ki, qoy Nizami əyləşsin, o, yaxşı tələbədir… Firidun müəllim gülümsündü, “hamınız əyləşin, bir də belə iş görməyin” deyib getdi.

Misalı özümdən gətirməyim, bəlkə də, təvazökarlıqdan uzaqdır, ancaq məqsədim o deyil… Demək istəyirəm ki, Muxtar müəllim kiçicik bir istedadını hiss etdiyi hər bir tələbəsini özünəməxsus cəsarətlə (və deyim ki, hətta qısqanclıqla!) qoruyurdu. O zaman artıq məşhur dilçi olan və bizə birinci kursda fonetikadan mühazirə oxumuş professor Ağamusa Axundovu xüsusilə tərifləyir, deyirdi ki, çox gənc yaşlarında öz müəllimlərindən qabağa getdi… Bunu deyəndə tələbəsi ilə nə qədər fəxr etdiyini görməmək, sadəcə olaraq, mümkün deyildi.

Muxtar müəllimin “qısqanclığ”ı, təbiri caizsə, milli-ideoloji məzmun daşıyırdı. Tələbələrindən biri – Fərhad Zeynalovun ilk kitablarını (həmin əsərlər türk dillərinin müqayisəli qrammatikasına həsr olunmuşdu) oxuduqdan sonra demişdi ki, Fərhadı da Moskvaya göndərdik, getdi təsir altına düşdü… Rus türkologiyasının türk dillərinə tətbiq etmək istədiyi ümumi (nəzəri) dilçilik anlayışlarını, prinsiplərini qəbul etməyən Muxtar müəllim istedadlı tələbəsini əldən verməməyə çalışırdı.

Nə qədər müasir olsa da, bu böyük alim-müəllimin daxilində Şərq müdrikliyi mühafizəkarlığa qədər gedib çıxırdı. Onun öz məktəbi vardı… Ya bu məktəbin tələbəsi olmalıydın, ya da onu tərk eləməliydin…Sovet ideologiyasının hər cür milli məktəbi dağıtdığı bir şəraitdə Muxtar Hüseynzadənin “patriarxal normativliyi” yalnız ona görə yaşayırdı ki, təmənnasız, səmimi və milli idi… Hamı görürdü ki, Muxtar müəllim doktorluq dissertasiyasını müdafiə etməyi bir tərəfə qoyub tələbələrinin namizəd, doktor olması, elmdə mövqe tutması üçün çalışır.

Muxtar müəllimin “xarici düşmənlərin”dən başqa “daxili düşmənləri” də vardı, ancaq son tələbələri olan bizlər elə vaxta düşmüşdük ki, nə onun özü, nə də “düşmən”ləri o halda deyildilər ki, tarixi münaqişələrini davam etdirə bilsinlər. Odur ki, tarixdən nə isə zorla hiss edə biləcəyimiz təəssüratlar qalmışdı…

Birinci “düşmən” Azərbaycan EA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə idi… Muxtar müəllimdən səviyyəcə qətiyyən aşağı olmayan, bir sıra sahələrdə hətta ondan irəli getmiş bu böyük alimi mənim müəllimim ona görə qəbul etmirdi ki, Ə.Dəmirçizadədə sözün geniş mənasında eksperimentallıq vardı-çox zamanlar mahiyyətinə vara bilmədiyi məsələlərə də müdaxilə edir, məsələn, marrizmin müdafiəsinə qalxır, yaxud Midiya dilindən danışırdı…Yaxud da mübtədanın baş üzv olduğunu inkar edirdi…Muxtar müəllim belə şeyləri qəbul edən deyildi, ona görə də “zarafat”a keçir, Səməd Vurğunun məşhur misraları ilə ona cavab verirdi:

Hər sadə, mürəkkəb cümləmizin də,

Əzəl, mübtədası partiyamızdır.

… Əgər Azərbaycanın ən böyük şairi mübtədanı (ibtidanı, başlanğıcı) partiyanın cəmiyyətdəki rolu ilə müqayisə edirsə, sən nə karəsən ki, onu baş üzv saymayasan?..

Müdafiə şurasının iclasında Ə.Dəmirçizadə müdafiə edənin hansısa fikrini misal gətirib əlavə edir: “burdan belə çıxır ki…” Muxtar müəllim dərhal onun sözünü kəsib yerindən dillənir: “Ay Dəmirçi, çıxartma, çıxmasın!..”

… Muxtar müəllimin Ə.Dəmirçizadəyə münasibəti – “düşmənçiliy”i bəzən “diplomatik” səviyyəyə qalxırdı: hətta tələbələrindən birini Ə.Dəmirçizadənin yanında işə düzəltmək istəyirmiş ki, onun nə düşündüyü, hərəkətləri barədə vaxtında xəbər tutsun…

İkinci “düşmən” akademik Məmmədağa Şirəliyev idi… Azərbaycan ədəbi dilinin əsasında gah Bakı, gah da Şamaxı dialektinin durduğunu deyən dostu barəsində mötəbər bir toplantıda “atası Bakıdan, anası Şamaxıdandır, ona görə də heç birini incitmək istəmir” deyərək məsələni çox sadə həll etmişdi… Mən bir dəfə sual verdim ki, Muxtar müəllim, nə üçün Sizin orta məktəb dərsliyinizdən “sintaktik əlaqələr” bəhsini çıxarmaq istəyirlər? Cavab verdi ki, bir qrup savadsız orta məktəb müəllimi nazirliyə məktub yazıb həmin bəhsə etiraz edirlər. Deyirlər ki, çətindir, şagirdlərə izah edə bilmirik… Mənim yoldaşım Məmmədağa da üzüyola olduğundan razılaşıb, ancaq sintaktik əlaqələri bilmədən cümlə üzvlərini dəqiq təyin etmək olmaz.

Mənə elə gəlir ki, Muxtar müəllimin “daxil”də üçüncü “düşmən”i yox idi…Əslində, Azərbaycanda dilçilər arasında intriqa aparmağa üçüncü adam da mövcud deyildi – üç klassik dilçi vardı: akademik M.Şirəliyev, müxbir üzv Ə.Dəmirçizadə, professor M.Hüseynzadə.

…Muxtar müəllimin səksən illik yubileyi keçirilirdi. Dekanımız Ağamusa Axundov məruzə elədi… Rektor Faiq Bağırzadə öz çıxışında dedi ki, Muxtar müəllim çətin adamdır, bir də ona görə ki, Ağamusa Axundov kimi çətin bir tələbə də yetirib…

Muxtar Hüseynzadə uzun illər ümumi dilçilik kafedrasına rəhbərlik etdi… Beş il dekan oldu…

Dekan olduğu illərdən bir xatirə danışırdılar… Sessiya vaxtı dərslərə gəlməmiş qiyabiçi tələbə xanım qucağında körpəsi dekana – Muxtar müəllimə yaxınlaşır ki, onu imtahana buraxsın… Muxtar müəllim deyir ki, bala, uşağın olması barədə kağız gətir ki, icazə verək. Tələbə israrla qucağındakı körpəni göstərib, “müəllim, bu boyda uşağı görmürsüz, kağızı neynirsiz?” deyir. Muxtar müəllim görür ki, onu heç cür başa sala bilməyəcək. Ona görə də qollarını irəli uzadıb deyir: “uşağı ver mənə”… Tələbə xanım, qucağında uşaq, sövqi-təbii geri çəkilir, həyəcanla soruşur: “Müəllim, uşağı neynirsiz?” Muxtar müəllim tövrünü pozmadan “Heeç… Sənin şəxsi işinə tikəcəm ki, imtahan verməyə icazən olsun” deyir.

Artıq qeyd olunduğu kimi, Muxtar müəllimin uşaqlığı, yeniyetməliyi, həm dövrün xarakterindən, həm də özünün taleyindən irəli gələrək, məşəqqətli keçmişdi: on üç yaşından mədənlərdə, müxtəlif müəssisələrdə fəhlə işləmiş, Gənjədə fəhlə fakültəsini bitirdikdən sonra təhsilini APİ-nin Şərq fakültəsində davam etdirmişdi.

APİ-də dilçi-türkoloq kimi elmi-pedaqoji fəaliyyətə başlayanda 30-cu illərin repressiyaları tüğyan edirdi – bir balaca millətə xidmət etmək istəyən ziyalıları “millətçi” adı ilə damğalayıb gedər-gəlməzə göndərirdilər. Muxtar müəllim ciddi cəzalandırılmaq üçün ən real “namizəd”lərdən biri idi… Ya özlərini sığortalamaq, ya da gənc mütəxəssisi xilas etmək üçün onu APİ-dən kənarlaşdırırlar.

Muxtar müəllim sonralar xatırlayırdı ki, DTK-da dindirilib gecə yarısı bayıra atılanda doğma institutunu belə tanımayıb… Halbuki APİ DTK ilə üzbəüz idi. (Bax: Adil Babayev. Dilçiliyimizin məbədi, Bakı, 2002, səh. 154). Onun iradəsini sındırmaq mümkün deyildi, DTK-nın əlinə fakt da vermirdi… Çox sonralar biz tələbələrinə də dediyi “vəzifəm yox, bir şeyim yox, müəlliməm də; mənə nə eləyəcəklər?!” fikrinə o, yəqin ki, 30-cu illərdən gəlmişdi…

* * *

Akademik Məmmədağa Şirəliyevin Azərbaycan dialektologiyası sahəsindəki genişmiqyaslı fəaliyyəti 40-cı illərdən etibarən ona elə bir şöhrət qazandırdı ki, sonra yetişən dialektoloqların heç biri elmi-ictimai nüfuz etibarilə həmin səviyyəyə qalxa bilmədi. Bu, akademikdən cəmisi bir il sonra dünyaya gəlmiş Abdulla Vəliyevə də aid idi.

Abdulla Vəliyev keçən əsrin 30-cu illərinin əvvəllərində Universitetin Şərq fakültəsini bitirmiş, müəyyən müddətdən sonra – 1943-cü ildə yenidən doğma Universitetə qayıtmışdı.

O zaman artıq yalnız Azərbaycanda deyil, bütün sovetlər birliyində böyük dialektoloq kimi tanınan professor Məmmədağa Şirəliyev Universitetdə Ümumi dilçilik kafedrasına başçılıq edirdi. Və təbii ki, Abdulla müəllimin dil nəzəriyyəsi yox, məhz dialektologiya üzrə ixtisaslaşmasında kafedra müdirinin təsiri az olmamışdı. Hələ tələbəlik illərindən tərcüməçiliklə məşğul olan, xarici dillərlə maraqlanan (və bir müddət Xarici Dillər İnstitutunda müəllim, dekan müavini, kafedra müdiri işləyən) Abdulla Vəliyevin 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində dialektologiyaya keçməsi kafedra müdirinin təsiri ilə yanaşı, həmin dövrdə bu sahəyə kütləvi maraqdan da irəli gəlirdi.

Abdulla Vəliyevin kifayət qədər dərin ümumi (nəzəri) dilçilik səviyyəsi, tərcüməçilik istedadı sonralar imkan vermişdi ki, o, R.A.Budaqovun məşhur “Dilçiliyə dair oçerklər”inin böyük bir hissəsini Azərbaycan dilinə tərcümə etsin.

Ümumiyyətlə, dialektoloqların çoxundan fərqli olaraq, Abdulla müəllim müasir dilçilik metodlarını yaxşı bildiyinə görə həm əsərlərində, həm də mühazirələrində Azərbaycan dialektologiyası üçün səciyyəvi olan “patriarxal” mühakimələrdən, təsvirçilikdən kənara çıxa bilirdi. Onun 50-ci illərin əvvəllərində müdafiə etdiyi, Qərbi Abşeron şivələrinə həsr olunmuş namizədlik, uzun müddət üzərində işləyib yetmişinci illərdə bitirdiyi, keçid şivələrindən bəhs edən fundamental doktorluq dissertasiyalarında həmin elmi-nəzəri ümumiləşdirmə mədəniyyəti özünü aydın göstərir.

Abdulla Vəliyev bizim kursa əvvəl Azərbaycan dialektologiyasından mühazirə oxudu, sonra bizim qrupa həmin fəndən seminar apardı, sonra da dilçi tələbələrə ixtisas kursundan dərs dedi… Olduqca təmkinli, ağır- səngin, dediyi hər sözü ölçüb-biçən bu insanda Bakı ziyalılarına məxsus mütəvazö bir sanbal vardı. Əvvəl mənə elə gəlirdi ki, Abdulla müəllimin astagəlliyi ahıllıqdandır (bizə dərs deyəndə yetmişi artıq keçmişdi), ancaq sonralar öyrəndim ki, elə cavanlığı da belə olub.

Səsini ancaq o həddə qədər qaldırardı ki, sonuncu partada oturan tələbələr də onu eşidə bilsinlər. Onun həmin tövrü, təbii manerası təsirsiz qalmırdı… Tələbələrin ən şuluqları belə özlərini intizamlı aparırdılar ki, bu mötəbər şəxsin xatirinə dəyməsinlər.

Deyə bilmərəm ki, Abdulla müəllim bir dilçi olaraq Muxtar Hüseynzadə, Ağamusa Axundov, yaxud Tofiq Hacıyev qədər sözün geniş mənasında cazibədar idi, bununla belə öz sahəsini gözəl bilməsi, dil duyumu, müəllim səmimiliyi ilə ilk mühazirələrdən məni cəlb etmişdi. Və mühazirənin sonunda verdiyim suallara bütün təfsilatı ilə qaneedici cavablar ala bilirdim.

İlk elmi işlərimdən birini onun rəhbərliyi ilə yazıb tələbə elmi konfransında məruzə etdim. “Azərbaycan xalq dilində dərman bitkilərinin və müalicə üsullarının adları” mövzusundakı məruzəm, deyəsən, pis qarşılanmadı. Hətta elmi rəhbərimi də təriflədilər.

Dialektologiyadan mühazirələr qurtardı, seminar dərslərində Abdulla müəllimin üç qrupdan hansını götürəcəyi məlum deyildi… Adəti üzrə, asta addımlarla auditoriyaya girib qruplara bölünəcəyimizi dedi, sonra üzünü mənə tutub bir qədər də ahəstə səslə hansı qrupda olduğumu soruşdu. “Doqquz yüz dörd” dedim… Gülümsündü, başladığı söhbətə qayıdıb elan etdi: “Doqquz yüz dördünjü qrup qalsın, o biri qruplar çıxsın. Seminar müəllimləriniz bayırda gözləyir”.

Tələbə üçün bundan böyük qiymət, yaxud mükafat təsəvvür etmək mümkün deyildi…

Abdulla müəllim Azərbaycan dialektlərində “sağır nun” səsinin işlənmə areallarından danışırdı. Hiss elədim ki, həmin səsi tələffüz eləməkdən, misallar gətirməkdən mümkün qədər qaçır… Mənim məsələdən hali olduğumu görüb təbəssümlə “başqa arealların nümayəndələri həmin səsi tələffüz etməkdə çətinlik çəkirlər” dedi. Və bununla da, əslində, bizə elmi bir qanunauyğunluğu çatdırmış oldu.

Əvvəl elə bilirdim ki, Abdulla Vəliyev yalnız Azərbaycan dilinin dialektlərini yaxşı bilir. Sonra bizə Türk dillərinin müqayisəli dialektologiyasından ixtisas kursu aparanda gördüm ki, ən kiçik türk dillərinin şivələri barədə belə kifayət qədər geniş məlumata malikdir. Məhz onun dediyi dərsin təsiri ilə o zaman “Qazax dialekti: Azərbaycan dilindən Türkiyə türkcəsinə keçid” mövzusunda məqalə yazdım. Və bu barədə hörmətli müəllimimə danışanda “vaxtında qaldırılmış məsələdir” dedi, məsləhətlər verdi. Lakin, təəssüf ki, həmin mövzunu işləyib başa çatdıra bilmədim.

Abdulla Vəliyev uzun zaman dialektoloji ekspedisiyalarda olmuş, Azərbaycanın, demək olar ki, hər guşəsini gəzmiş, dialekt materialları toplamışdı. “Azərbaycan dilinin dialektoloji lüğəti”nin əsas tərtibçilərindən biri idi… Ancaq mənə elə gəlir ki, onun dialektoloci yaddaşı həmin lüğətdən daha zəngindi. Hansısa rayonun hansısa kəndindən olan tələbələri ilə hansısa fonetik və ya qrammatik hadisənin, yaxud sözün belə yox, başqa cür olduğu barədə xəfif bir mübahisədən heç zaman çəkinmirdi. Çünki həm konkret faktları, həm də qanunauyğunluqları gözəl bilirdi.

Görkəmli dialektoloq-müəllimin bir xidməti də odur ki, onun ailəsində başqa bir müəllim-dialektoloq yetişdi. Və Abdulla müəllimin Abşeron şivələri mövzusundakı işini tamamladı. Gülxanım Vəliyeva bu gün Azərbaycanın tanınmış dialektoloqlarından biridir. Və çox şadam ki, Abdulla Vəliyevin nəvəsi, istedadlı gənc türkoloq Ülviyyə xanımın elmi rəhbəri kimi öz müəllimim qarşısındakı mənəvi borcumun bir hissəsini ödəmiş oldum.

… Danışırlar ki, bu təvazökar, saf (eyni zamanda qürur-lu!) insan ömrünün son illərində özünü yaxşı hiss etməyəndə həkimə aparırlar ki, müalicə olunsun. Həkimlər müayinə edəndən sonra bildirirlər ki, onun konkret olaraq heç bir xəstəliyi yoxdur. Sadəcə, bədəninin enerjisi qurtarıb… Ancaq həmin həkimlər bilə bilməzdilər ki, Abdulla müəllim bədəninin bütün enerjisini son damlasına qədər, mütəvazi bir təmənnasızlıqla öyrənməyə və öyrətməyə sərf etmişdi…

* * *

Professor Əlövsət Abdullayevi mən həm minnətdarlıqla xatırlayır, həm də həyatdan tez getdiyinə həmişə dərindən təəssüflənirəm. Birincisi, o, həqiqətən böyük dilçi alim idi; tabeli mürəkkəb cümlə sahəsində yalnız Azərbaycan dilçiliyində deyil, ümumən türkologiyada söz sahibi sayılırdı. Dövlət mükafatı almış “Müasir Azərbaycan dili” dərsliyində də həmin bəhsin müəllifi o idi. Və təkcə bir faktı qeyd etmək kifayətdir ki, Əlövsət Abdullayevin xüsusilə tabeli mürəkkəb cümlə sahəsindəki araşdırmaları hələ də öz elmi təravətini azacıq da olsa itirmədən dilçiliyə xidmət edir… İkincisi, o, böyük müəllim, güclü elm təşkilatçısı idi. Onlarla gənc onun bilavasitə iradəsi, köməyi ilə böyük elmə gəlmişdi, yalnız Azərbaycan dilçiliyi deyil, bütövlükdə türkologiya üçün yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdi. Universitetdə prorektor, dekan olan, Azərbaycan dilçiliyi kafedrasını yaradıb uzun illər ona rəhbərlik edən Əlövsət müəllim, üçüncüsü, olduqca ünsiyyətcil, zərif rəhbərlik məharəti, liderlik keyfiyyətləri olan bir insan idi. Onunla hər səviyyədə hesablaşır, mövqeyinə hörmətlə yanaşırdılar… Ən gərgin məqamlarda belə səsini qaldırmadan sözünü deyən (və yeridən!) bu insanı hər hansı münaqişələrdə məğlub təsəvvür etmək mümkün deyildi. Hərəkətləri asta, təmkinli olduğu qədər də inamlı, cəsarətli və məqsədyönlü idi.

Əlövsət müəllim bizə üçüncü kursda sintaksisdən mühazirə dedi. Mən imtahana hazırlaşanda onun əsas müəllif olduğu dərsliyi diqqətlə oxuyub xeyli “tənqidi qeydlər” elədim. İmtahan verib “əla” alandan sonra elə imtahandaca həmin qeydləri Əlövsət müəllimə təqdim edəndə gülümsünüb “sən bunu qiymət almamışdan qabaq da verə bilərdin…” dedi. Mən də artıq aramızda yaxın ünsiyyət yaranmış müəllimimə ərklə “düşər-düşməzi olardı” dedim… Eyni təbəssümlə “həə… düz elədin, ehtiyat yaxşı şeydi” dedi… Və bir neçə gün sonra məni kafedraya çağırtdırıb “qeydlər”imi bir-bir dinlədi. Sifətindən, demək olar ki, heç zaman əskik olmayan zərif təbəssümlə gah “həə…”, gah “hım…” dedi. Mənə aydın olmayan bəzi məsələləri izah elədi.

Sonuncu kursda bizə tabeli mürəkkəb cümlə sintaksisindən ixtisas kursu keçəndə artıq mənə xüsusi rəğbəti vardı. Hərdən zarafatyana soruşurdu ki, bu məsələ barədə sənin fikrin necədi?.. Sonuncu dərsdə üzünü auditoriyaya tutub “hə… artıq universiteti bitirirsiniz. Oğlanlara məsləhətim budu ki, özlərinə yaxşı iş tapsınlar. Qızlar isə, birinci növbədə, ərə getmək barədə fikirləşsinlər” dedi. Və tələbələrin gülümsər baxışları altında auditoriyanı asta addımlarla tərk etdi.

Bir müddətdən sonra dəhlizdə rastlaşdıq. Dedi ki, bizim kafedraya bir aspirant yeri veriblər, ancaq qiyabidi… Tofiq Hacıyev xahiş elədi ki, onu sənin üçün saxlayaq, yazdan payıza keçirək.

Çox sevindim. Minnətdarlığımı bildirdim… Dedi ki, ehtiyac yoxdur, bu, bizim borcumuzdur.

Mən hələ Universiteti bitirməmişdim, aspiranturaya isə yaz qəbulu başlayırdı. Əvvəl bitirənlərdən kimsə gələ bilərdi. İmtahan verib qəbul olardı. Onda nə olacaq?..

Ancaq Əlövsət müəllim də Əlövsət müəllim idi. O nə dediyini bilirdi.

… Həyatın üzümə güldüyü həmin günlərdə qarşıma ilk böyük maneə çıxdı. Məlum oldu ki, bizi zabit kimi iki illiyinə orduya aparacaqlar. Kimin adamı vardısa, elə hərbi kafedradaca məsələni həll etdi… Sözün açığı hərbi işə də marağım vardı, ancaq elmə həvəsim daha böyük idi. İki ili itirmək, sonra qayıdıb aspiranturaya yerin nə vaxt veriləcəyini gözləmək xeyli problemlər çıxarırdı… Ona görə də hərbi kafedradakı görüşdə rəisdən xahiş etdim ki, məni aparmasınlar, Universiteti fərqlənmə diplomu ilə qurtarıram, aspiranturaya saxlayacaqlar. İri cüssəli, zəhmli polkovnik mənə elə bir ritorik sual verdi ki, ağzımı açıb javab verməyə söz tapmadım: “Səncə, sovet ordusuna savadsız adamları göndərirlər?..”

Respublika Hərbi komissarına hərbi qaydada salam verib onun əmri ilə gəldiyimi rusca məruzə edəndə diqqətlə baxıb ətrafındakılara “yaxşı zabit olacaq” deməsi nə qədər mənə xoş gəlsə də, son umudum da qırıldı. Gənc general şəxsi işimə dərkənar qoymamış əlini saxladı, “sualın var?” deyə soruşdu… Cəsarətlənib vəziyyəti ona anlatdım. “Yaxşı, onda hələ gözlə, baxarıq” dedi. Üzüntülü gözləmə bir-iki saat çəkdi. Nəhayət, içəridən bir kapitan çıxıb məni çağırdı, kabinetinə aparıb, şəxsi işimi varaqladıqdan sonra “dekanlıqdan arayış gətir ki, Universiteti həqiqətən fərqlənmə diplomu ilə bitirirsən” dedi. Və əlavə etdi: “bir gün vaxtın var, yoxsa gedəcəksən… Orduya!” Mənə bircə saat da kifayət idi. Özümü çatdırdım dekanlığa…Və dekanımız Ağamusa müəllim arayış məsələsini bir dəqiqədə həll etdi.

… Payız gəldi. Məcburi təyinat aldığım Sabirabad rayonu Ələtli kənd səkkizillik məktəbinin direktorundan icazə alıb (onsuz da dərslər kəsilmişdi, müəllimli-şagirdli hamı pambıq yığımında idi) Bakıya gəldim. Şəxsi işimi qoltuğuma vurub getdim aspirantura şöbəsinə. Müdir dedi ki, əvvəlcə rektordan icazə almalısan.

Qalxdım rektorumuz Faiq Bağırzadənin kabinetinə. Qəbulda heç kim yox idi. Katibədən icazə alıb içəri keçdim.

– Faiq müəllim, aspiranturaya sənəd vermək istəyirəm, xahiş edirəm icazə verəsiniz.

– Nə olar?.. Gəl… Nə vaxt bitirmisən?

– Bu il.

– Olmaz. Get iki il işlə, sonra gələrsən.

Tutuldum… Ancaq tez özümü ələ aldım:

– Fərqlənmə diplomu ilə bitirmişəm, – dedim.

– Həə?.. Yox, yox!.. İki il işləməlisən.

– Faiq müəllim, Elmi Şuranın da zəmanəti var…

– Nə olsun?.. İki ildən sonra gəl, baxarıq…

Kabinetdən çıxdım. Bıçaq vursan, qanım çıxmazdı… Dəhlizlə gedə-gedə Əlövsət müəllim yadıma düşdü. Ona deyim ya deməyim?.. Tanrının qəribə işləri olur… Başımı qaldıranda gördüm ki, Azərbaycan dilçiliyi kafedrasının qarşısından keçirəm. Əlövsət müəllim də qapının ağzında dayanıb mənə baxır.

– Həə… Nə oldu? Sənədlərini verdin?..

–Yox, Əlövsət müəllim, rektor icazə vermədi. Dedi ki, get iki ildən sonra gələrsən. Mən də gedirəm…

Əlövsət müəllim bir an belə düşünmədən:

– Hələ bir dayan görək. Arxamca gəl! – deyib qabağa düşdü. Mən də onun arxasınca… Əlləri dalında indiyə qədər görmədiyim bir sürətlə gedirdi. Rektorun kabinetinə çathaçatda qapı açıldı, rektor bayıra çıxdı. Əlövsət müəllimi görüb mehribancasına salamlaşdı, hal-əhval tutdular. Birdən Əlövsət müəllim rektora:

– Faiq müəllim, mənim bir istedadlı tələbəm var, istəyirəm aspiranturada saxlayam, – dedi.

– Nə olar…

– Onun sənədinin üstünü yazmaq lazımdır.

– Hanı? Gətir yazım.

Mən irəli keçdim, elə ayaq üstə papkanın üstünə imza atıb məni də təbrik elədi.

Sağollaşdılar. Əlövsət müəllim yenə əllərini arxasına qoyub qabağa düşdü. Mən də arxasınca…

Məəttəl qalmışdım. Nə deyəcəyimi də bilmirdim. Günahkar səslə:

– Əlövsət müəllim, vallah, beş-on dəqiqə bundan əvvəl getmişdim, qol çəkmədi – deyə mızıldandım.

Əlövsət müəllim arxaya baxmadan:

– Gəl, gəl… Sənin getməyinlə mənim getməyim bir olsaydı, getməzdim ki… – dedi.

Və mən aspiranturaya girdim. İndi qalırdı, qiyabidən əyaniyə keçmək. Bunun üçünsə Əlövsət müəllim kafedra müdiri kimi arayış verməli idi ki, aspiranturanı qurtardıqdan sonra məni dərslə təmin etmək imkanı olajaq. İmkan isə yox idi. Ancaq o, belə bir arayışı verdi. Mən isə söz verdim ki, gələcəkdə ondan dərs istəməyəjəm.

Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olduqdan sonra işlərim qaydaya düşdü. Əlövsət müəllimlə, demək olar ki, hər gün görüşür, onun o qədər də çox olmayan tapşırıqlarını məmnuniyyətlə yerinə yetirirdim. Kafedrada çox maraqlı elmi, mənəvi mühit vardı: Elmira Həsənova, İsmayıl Məmmədov, Kamil Vəliyev, Firidun Cəlilov… Həsrət Həsənov, Rəsul Xəlilov, Qasım Həsənov… Və bir də Zinyət Əlizadə…

Mənə elə gəlirdi ki, Əlövsət müəllim bu mühiti həm özü yaratmışdı, həm də yaratdığı bu mühitdən o qədər də xoşlanmırdı… Ümumi kafedra otağından ayrı balaca bir kabineti vardı, hərdən orada oturardı, gəlib gedənlə dərdləşərdi…

Bir dəfə Abbas Zamanov gəldi, nə dedilər, nə danışdılar, bilmirəm… Əlövsət müəllim məni çağırıb dedi ki, Abbas müəllim bir şey diqtə edəcək, gəl onu yaz… Özü isə əsas otağa keçdi… Abbas müəllimlə üzbəüz oturub nə deyəcəyini gözlədim… Əvvəl zəndlə mənə baxdı, sonra bərkdən soruşdu:

– Əlövsət, bu kimdi?

Əlövsət müəllim cavab verdi ki, bizim aspirantdı, savadlı oğlandı…

Abbas müəllim cibindən iki-üç vərəq çıxardıb qarşısına qoydu. Gördüm, ərəb əlifbası ilə yazılıb… Başladı yavaş- yavaş diqtə eləməyə… İş o qədər yavaş gedirdi ki, səbrim tükənirdi, ancaq dözməkdən başqa çarəm yox idi. Nə isə repressiya dövrünün qurbanlarına aid bir məqalə idi. Birdən Abbas müəllim diqtəni yarımçıq qoyub ayağa durdu, o biri, geniş otağa keçib Əlövsət müəllimlə söhbətə başladı… Mən gördüm ki, ilişmişəm, vərəqləri özümə tərəf döndərib ərəb əlifbasındakı mətni kirilə çevirməyə başladım. Handan-hana Abbas müəllim gəldi. Vəziyyəti görüb vərəqlərini qamarladı.

– Sən neynirsən? – dedi, – ərəb əlifbasını bilirsən?..

– Bir az bilirəm…

Əhval-ruhiyyəsi korlandı.

– Nə deyirəmsə, onu yaz!..

– Yaxşı…

Diqtəni harada saxlamışdısa, oradan başladı. Və mən də özümü elə göstərdim ki, yazıram. Halbuki həmin şeyləri artıq yazıb qurtarmışdım… Birdən M.Kaşqarinin “Divan”ının tərcüməçisi olan Cüzenin adını Jüze kimi deyəndə (həmin yeri artıq yazmışdım) ixtiyarsız:

– Jüze yox, Cüze, – dedim.

Rəhmətlik bir az duruxdu, birdən kağız-kuğuzunu yığışdırıb qonşu otağa səsləndi:

– Əlövsət, bu, məni redaktə edir, ayrı adam tap!..

Əlövsət müəllim hansısa işini buraxıb gülümsünə-gülümsünə gəldi, bizi görüb asta səslə:

– Abbas müəllim, bu belədi, hərdən müəllimlərini qoz qabığına salmaq istəyir, ancaq bilmir ki, Abbas müəllimlə bacarmaz… Yaxşı, Nizami, sən get, deyəsən işin var, – dedi. Təşəkkür edib aradan çıxdım.

… Dissertasiyamı aspiranturaya qəbul olduğum tədris ilinin yayında kənddə yazdım. Yazdıqlarımı türkologiya kafedrası ilə üzbəüz balaca otaqda elmi rəhbərim Tofiq Hacıyevə oxuyurdum. O da diqqətlə qulaq asır, məni saxlamadan qarşısındakı kartoçkalara qeydlər edirdi. Sən demə, Əlövsət müəllim nə üçünsə Tofiq müəllimi axtarırmış, birdən içəri girdi, təbəssümlə baxdı. Və zarafatyana soruşdu:

– Dissertasiya xoşuna gəlsə, elmi rəhbər qonaqlıq verəcək ya yox?

Tofiq müəllim əhvali-ruhiyyəsinin yaxşı vaxtları üçün səciyyəvi bir intonasiya ilə:

– Elmi rəhbər bu dissetasiyanın hər bir fəsli üçün ayrıca qonaqlıq verməyə hazırdı, – dedi.

… Mən düşündüm ki, bugünlük bitdi. Ancaq Əlövsət müəllimlə Tofiq müəllimin söhbəti heç beş dəqiqə də çəkmədi. Əlövsət müəllim uğurlar diləyib getdi, Tofiq müəllim isə yenidən tam ciddiyyəti ilə dinləməyə başladı… Və o qədər tənqidi qeydlər dedi ki, mən yazdığım dissertasiyanın nə vaxtsa hər hansı qonaqlığa səbəb olacağından əlimi tamamilə üzdüm.

… Aspiranturanı qurtarmağa hələ yarım il vardı. Mən namizədlik dissertasiyamı müdafiə edib təsdiqimi də almışdım. Bütün rəsmi-konyuktur prinsiplərə görə, Əlövsət müəllimin kafedrasında dərslə təmin olunmalı idim. Ancaq “söz danışıqdan keçər” deyiblər… Bilirdim ki, dərs saatı çatışmır, ona görə də Əlövsət müəllimi narahat etmədim, təyinatımı Elmlər Akademiyasının Dilçilik institutuna aldım.

… Sonralar hər şey öz yerini tutdu. Mən yenidən Universitetə qayıtdım. Çünki qayıtmaya bilməzdim…

… Tərcümeyi-halımı varaqladıqca görürəm ki, çox adama borcluyam. Nə bilmək olar, bəlkə də, ən çox Əlövsət Abdullayevə borcluyam ki, hara gedəcəyimi bilmədiyim bir vaxtda qabağa düşdü… Və mənə “arxamca gəl!” dedi…

Ən müstəqil bir həyat yolçusunun da hansısa məqamda belə bir sözə (və hərəkətə!) ehtiyacı olur…

* * *

Keçən əsrin 90-cı illərinin sonları idi. Dissertasiya müdafiələrinin birindən sonra dissertantın atası səviyyəli bir restoranda banket verirdi. Ölkənin, demək olar ki, bütün adlı-sanlı dilçiləri orda idi. Kefimiz bir az durulandan sonra mən sağlıq deyib əvvəlcə dissertantı təbrik elədim, sonra məclisi daha da canlandırmaq üçün ortaya hamını maraqlandıracaq kifayət qədər pravakasion bir məsələ atdım. Dedim ki, son illər Azərbaycan dilçilərinin bu miqyasda toplandığı birinci məclisimizdir. Və mənə elə gəlir ki, biz bir sıra aktual problemləri burada tam demokratik, kollektiv şəkildə həm müzakirə, həm də həll edə bilərik. Məsələn, elmi səviyyəsinə görə hansımızın birinci, hansımızın ikinci, hansımızın üçüncü və s. yerdə dayandığımızı müəyyən etməliyik ki, münasibətlərdəki iyerarxik mövqeyimizi (və işimizi) bilək. Mənim fikrimcə, birinci yer Ağamusa müəllimə – Ağamusa Axundova məxsusdur, ikinci yerdə Tofiq müəllim – Tofiq Hacıyev gəlir…

Məclis diqqətlə dinləyirdi, hiss edirdim ki, hamının qulağı məndədir. Və söhbət bu yerə çatanda üzümü Tofiq müəllimə tutub soruşdum ki, Tofiq müəllim, siz təsnifatın bu cür gedişilə razısınızmı?.. Tofiq müəllim özünəməxsus təbəssümlə, belə bir sualı gözləyirmiş kimi, cavab verdi: “Əgər mənə, həqiqətən, ikinci yeri verirsinizsə, Ağamusanın birinci yerdə olmasına razıyam”.

Təklifimin yuxarı səviyyədə uğur qazanmasından həvəslənib söhbətimi davam elədim: “Üçüncü yerin kimə məxsusluğu çox mübahisəli olduğuna görə, onu sizin müzakirənizə buraxıb keçirəm dördüncü yerə. Və təvazökarlıqdan uzaq olsa da, həqiqət naminə deməliyəm ki, həmin yer mənimdir. Sonrakı yerləri, xahiş edirəm, məclisin sonuna qədər öz aranızda ədalətlə bölüşdürün”…

Başqa sağlıqlar da deyildi, ancaq məclisin sonuna qədər hər kəs dilçilərin iyerarxik təsnifatında öz yerinin harada olması barədə ya passiv, ya da aktiv şəkildə maraqlanırdı.

Hətta banketdən sonra günlər, aylar keçsə də, bəzi dilçi həmkarlarımız üz-üzə gələndə, yaxud zəng edib məndən özlərinin təxminən neçənci yerdə olduqlarını soruşurdular. Mən də özümdən (dördüncüdən) sonrakı yerlərdən birini, ya soruşanın, ya da özümün ovqatıma uyğun olaraq, ona əta edirdim…

Ancaq təbii ki, nə Ağamusa müəllimin birinci, nə də Tofiq müəllimin ikinci yerinə göz dikən yox idi.

* * *

Azərbaycan (indiki Bakı) Dövlət Universiteti filologiya fakültəsinin birinci kurs tələbəsi idim.

… Mənim ixtisas olaraq ədəbiyyatşünaslığı, ya dilçiliyi seçmək tərəddüdlərimə son verən, yəqin ki, professor Ağamusa Axundov oldu.

Müasir Azərbaycan dilinin fonetikasından mühazirə gedirdi… Professor Ağamusa Axundov özünəməxsus romantik bir intonasiya ilə auditoriyaya müraciət elədi:

– Sait nəyə deyilir?

Az-çox hazırlığı olan hər bir orta məktəb şagirdinin yaxşı bilməli olduğu bu sualı eşidəndə tələbələr yer-yerdən əllərini qaldırdılar. Və belə məlum oldu ki, auditoriyada bu sualın javabını bilməyən bircə nəfər də yoxdur… Professor üç-dörd tələbənin verdiyi “ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan danışıq səslərinə sait deyilir” cavabını təmkinlə dinləyib hər dəfə “daha kim deyər?” deyə soruşdu.

Mən gördüm ki, sualı bildiklərinə tamamilə əmin olan tələbə yoldaşlarımın əvvəlki inamı tədricən azalır, həvəslə əl qaldıranlar əllərini aşağı salırlar… Azərbaycan dilçiliyində xüsusi nüfuzu olan müəllimimizin diqqətini cəlb etmək məqamı çatmışdı. Əlimi qaldırıb:

– Ağız və boğaz boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan… – demişdim ki, Ağamusa müəllim məni saxladı:

– Tamamilə doğrudur. Çünki “h” səsi ağız boşluğunda yox, boğaz boşluğunda maneə ilə qarşılaşır… – dedi.

Sonra isə aramla saitin “universitet tərifi”ni dedi: “Ağız və boğaz boşluğunda məneəyə rast gəlmədən tələffüz olunan, heca əmələ gətirən, musiqili tona malik danışıq səslərinə sait deyilir”.

Dilçiliyin müxtəlif sahələrini, xüsusilə fonetikanı dərindən bilən (çox gənc yaşlarında Azərbaycan dilinin fonemlər sistemindən doktorluq dissertasiyası müdafiə etmiş) Ağamusa Axundovdan “tamamlə doğrudur” tərifini eşitmək o zaman mənim üçün dünyanın ən böyük mükafatı idi.

Fikirləşdim ki, Ağamusa müəllim mənim adımı soruşacaq, ona görə də hələ ayaq üstə dayanıb bu təntənəli mərasimi gözləyirdim. Ancaq o, laqeydcəsinə “otur” işarəsi verib mühazirəsini davam etdirməyə başladı.

Ağamusa müəllimi bütün tələbələr sevirdilər… Onun danışığında, hərəkətlərində nə isə dünyaya, həyatın gerçələrinə, sözün böyük mənasında, “yuxarıdan aşağı” baxmaq var idi. Hərdən “aşağı” enirdi, sonra dərhal “yuxarı” qalxırdı…

Bir dəfə bizə hansısa tədbir üçün dəvətnamələr paylamışdılar. Ağamusa müəllim gördü ki, uşaqların fikri dərsdən çox həmin dəvətnamələrdədi… Müəllimlərimizin çoxu belə hallarda hirslənib mühazirəyə qulaq asmağı tələb edərdi, ancaq Ağamusa müəllim ənənvi romantik intonasiyasını pozmadan:

– İndi sizdən kimsə bu dəvətnaməni evə göndərib məlumat verəcək ki, görün məni necə mötəbər məclislərə dəvət edirlər… Darıxmayın, belə şeylər hələ çox olacaq…

Hamı qabağındakı dəvətnaməni yığışdırıb mühazirəyə qulaq asmağa başladı. Onun yalnız məntiqində yox, intonasiyasında da hələ o zaman təşkiledici, tərbiyə edici bir qüdrət vardı…

Semestrin sonunda tələbələr müxtəlif ixtisaslara bölünəndə Ağamusa müəllim məni, özümdən belə soruşmadan, dilçiliyə yazdı. Onu da deyim ki, istedadlı tələbələrin çoxu ədəbiyyatşünaslıq, ya da ədəbi tənqid ixtisaslarına düşməyə çalışırdılar, dilçiliyə getmək istəyən az idi. Sözün açığı, tərəddüd edirdim, ancaq Ağamusa müəllimin qəbul etdiyi qərara qarşı çıxmaq da mümkün deyildi… Və mən dilçi olası oldum.

Çox keçmədi ki, Ağamusa Axundov müəyyən fasilədən sonra yenidən filologiya fakültəsinin dekanı seçildi.

… Üçüncü kursda oxuyanda Moskva Dövlət Universitetində təhsil almaq imkanı əmələ gəldi. Mən də istəyirdim ki, Moskvaya gedim. Ərizə də vermişdim… Düzdür, rus dilini yaxşı bilmirdim, ancaq əmin idim ki, bir- iki aya öyrənəcəm.

Ağamusa müəllim bunu biləndə narazılıq elədi: “Əşşi, sənin Moskvada nə işin var?.. Elə bura yaxşıdı. Belə getsə, çox keçməz, professor da olacaqsan. Gedib korlanmaq istəyirsən?..”

Və yenə də böyük alim-müəllimlə razılaşmalı oldum.

* * *

Yuxarı kurs tələbəsi idim. Heç şübhə eləmirdim ki, böyük bir alim olacam… Növbəti imtahanı verəcəkdik. Azərbaycan ədəbi dili tarixindən. Və sevimli müəllimimiz Tofiq Hacıyevə… Koridorda hay-küy idi, ağız deyəni qulaq eşit-mirdi. Birdən kimsə qolumdan tutub hirslə soruşdu: “Sənnənəm, niyə dillənmirsən?..”

Özümdən asılı olmayaraq “Sən kimsən?.. Nə istəyirsən?..” deyə suala sualla cavab verəndə həmin adam: “Mən tədris hissəsinin işçisiyəm” dedi, “tələbə biletini ver bura”… Durduğum yerdə işə düşdüm. Sən demə tədris hissəsinin imtahanların gedişini yoxlayan işçiləri bir yox, iki adam imiş. Hərəsi bir qolumdan tutub apardılar dekanlığa… Dekan Ağamusa müəllim yerində olmadı. Dekan müavininə dedilər ki, bu tələbə sayıb sualımıza cavab vermədi, bizi təhqir elədi… Gördüm bunlar bəhanə axtarırlar. İkisini də itələyib dekanlıqdan çıxa-çıxa “mən imtahana gedirəm, lazım olsam, orda axtararsız” dedim.

Tofiq müəllimə yaxşı imtahan verə bilmədim. Əsəbləşdiyimə görə ən adi dil faktları da yadımdan çıxmışdı, ümumi danışırdım. “Yaxşı hazırlaşmamısan” dedi, “belə eləmə”. Qiymət kitabçasına nə yazdığına da fikir vermədim. Xəcalət çəkə-çəkə bayıra çıxdım. Koridorda yenə səs-küy idi… Özümə gəlmək üçün foyeyə, açıq pəncərənin qabağına çıxdım… Onda gördüm ki, tədris hissəsinin həmin iki işçisi Ağamusa müəllimə nə isə deyə-deyə gəlirlər. Məni görən kimi bir ağızdan “baxın, bu idi” dedilər.

Ağamusa müəllim yaxınlaşanda mən də qarşısına getdim. Gülümsündü, əl üzatdı “Nizami, nə var, nə yox?” soruşdu. Təşəkkür elədim… Birdən geri dönüb tədris hissəsi işçilərinə “əşşi, Nizamini tanıyıram, ən intizamlı tələbədi, elə iş eləməz” dedi. Və çıxıb getdi. İşçilər bir-birinə baxdılar… Mən də qiymət kitabçasını açıb baxdım. Gördüm ki, Tofiq müəllim kitabçaya “əla” yazıb…

* * *

… Bizə dərs deyəndə Tofiq müəllim qaynar bir millətçi idi… Ə.Dəmirçizadədən sonra Azərbaycan ədəbi dilinin tarixini yazmışdı… Elə yazmışdı ki, əgər Ə.Dəmirçizadə etno-genetik varisliyin nə olduğunu (və insanın öz etnik mənşəyi ilə nə qədər fəxr elədiyini!) bilsəydi, gənc həmkarını axtarıb tapmalı, əlini kürəyinə vurmalı, “yaxşıdı” deməli idi… Ancaq bizdə elə şey demirlər. Hər dəfə yenidən “qəhrəman” olmaq lazımdır, hər dəfə yenidən epos yaratmağımıza ehtiyac var. Bəlkə də, bizə qəhrəmandan çox epos yaratmaq üçün mövzu lazımdır… O da nə qədər desən…

Tofiq müəllim içinə sıxılmış milli enerji kütləsi idi, hər an vulkan kimi püskürə bilərdi, ancaq həm də (və daha çox!) müəllim olduğuna görə o, anarxist enerjisinə (istedadına!) yiyəlik edə bilirdi.

İnsan kimi də çılğınlığı vardı.

… Bir dəfə mühazirəsinin şirin yerində nə isə yazan tələbə qızlardan birinə yaxınlaşıb, qarşısındakı kağızı aldı, “yazma” dedi, sonra bir az sakitləşib əlavə etdi: “heç olmasa o təbəssümlə yazma!”

Bilirdik ki, müəllimimizin oğlu dənizdə batıb… Ona görə də qəşəng bir qızın – tələbə yoldaşımızın hansısa bir oğlana-tələbə yoldaşımıza yazdığı tamamilə mənasız bir kağıza qısqanmağı anlaşılan idi. Gah o eynəyini, gah bu eynəyini taxırdı… Cibindən çıxardığı kartoçkalara baxıb “Dədə Qorqud”dan M.P.Vaqifə qədər misallar deyirdi.

… Bir dəfə də Füzulinin dilindən danışırdı… Az danışdı, çox danışdı, yadımda deyil… Bir o yadımdadır ki, İbn Səlamın mənfi qəhrəman olduğu barədəki təsəvvürümüzü alt-üst elədi, dedi ki, o kişilik ki, İbn Səlamda olub, onun heç yarısı Məcnunda olmayıb.

… Hiss edirdik ki, o nə isə deyir, ancaq birbaşa deyə bil-mədiyinə görə əzab çəkir… Vallah, o zaman bizi üsyana çağırsaydı, arxasınca gedəsi idik…

Görürdüm ki, Tofiq müəllim çətin adamdır, ancaq mən də asan adam olmadığıma görə qərara aldım ki, elmi rəhbərim o olacaq!..

* * *

Tələbə illərimiz idi. Hazırda Türkiyədə işləyən Mais Əli-zadə ilə Kazana tələbə elmi konfransına getmişdik. Konfransı aparan görkəmli türkoloq, professor Dilarə Tumaşeva artıq yaşlanmış olsa da, hiss edirdim ki, çox gözəl gəncliyi olub. İclasdan sonra bizi qəbul edib Azərbaycan türkoloqları – müəllimlərimiz barədə hal-əhval tutdu. Xüsusilə həmin illərdə Universitetin Türkologiya kafedrasının müdiri Fərhad Zeynalovu soruşdu. “Mən görəndə hündürboylu yaraşıqlı gənc idi, indi necədir?” dedi. Cavab verdik ki, yenə də elədir… Gülümsündü, “məndən ona salam söyləyin” dedi. Və əlavə elədi: “Çatdırın ki, ondan incimişəm. Yaxşı bir kitabı çıxıb, ancaq mənə göndərməyib”.

Kazan Universitetinin geniş dəhlizinə çıxmışdıq ki, ortaboylu, bir az dolu bədənli, al yanaqlı, çox gözəl olmasa da simpatik, Türkiyə türkləri demiş, yakışıqlı bir xanım mənə yaxınlaşdı. “Cəfərov, mən Universitetin dosenti Flora Safiullinayam” dedi, “proqramdan öyrəndim ki, sən Tofiq İsmayıloviçin tələbəsisən”. Və əlindəki elə də qalın olmayan kitabı mənə verib əlavə elədi: “Xahiş edirəm bu kitabı Tofiq İsmayıloviçə çatdırasan”. “Məmnuniyyətlə” – deyib kitabı aldım.

Gedəndə gördüm ki, Mais bığaltı gülür. soruşdum: “Nə məsələdir?” Dedi: “Deyəsən, bizim müəllimlərin Kazan Universitetinin xanımları ilə sıx əlaqələri olub”… Mən də əvəzində “Olub niyə?.. Var” – dedim. Hər ikimiz ləzzətlə (və qürurla) güldük.

Bakıya qayıdanda əvvəl Fərhad müəllimlə rastlaşıb ona Dilarə Tumaşevanın salamını çatdırıb kitabını göndərməməsi barədə gileyləndiyini dedim. Fikrə getdi. Mənə bir az hirslə baxıb “özbaşına ora-bura gedirsiz, böyük-kiçik saymırsız, gedəndə bir adama deyin, icazə almırsız-almırsız…” dedi. Peşman oldum. Başımı aşağı saldım… Nə vəziyyətə düşdüyümü görüb birdən acıqlandığı kimi də gülümsündü, qolumdan tutub mehribanlıqla (Fərhad müəllimdə bu hal çox az olardı) kənara çəkdi. Təbəssümlə düz gözlərimin içinə baxıb soruşdu: “Necə idi?..” Əhvalım qaydasına düşdü. “Fərhad müəllim, çox bilikli, gözəl bir xanımdır” dedim, “bizə də xüsusi hörmət göstərdi”…

Fərhad müəllim üzündə təbəssüm fikrə getdi. Birdən ciddiləşib “gedəndə gərək mənə deyəydin, heç olmasa kitab göndərəydim. Eybi yox, ünvanı var, poçtla göndərərəm” dedi.

Sonra Tofiq müəllimlə görüşüb kitabı ona çatdıranda açıb əvvəl avtoqrafı oxudu. Flora Safiullina isti sözlər yazmışdı… Oxuya-oxuya gülümsünürdü… Birdən yadına düşdü ki, mən də buradayam. Ciddiləşməyə çalışıb eynilə Fərhad müəllim kimi “necə idi?” deyə soruşdu. Cavab verdim ki, Tofiq müəllim, al yanaqlı bir xanım idi, dağ qızlarına oxşayırdı… Tofiq müəllimin çöhrəsindəki işıqlı, bir qədər də qürurlu təbəssümü görəndə bildim ki, məsələ yalnız elmi-nəzəri əlaqələrdə deyil…

“Kitabi-Dədə Qorqud”da etnik frazeologia mövzusunda diplom işi verdi. Nəzərdə tuturmuş ki, etnonimlərin frazeoloji imkanlarını araşdırım. Mən frazeologiyanın etnologiyası barədə yazdım… Etiraz eləmədi, ancaq dedi ki, mən ayrı şey deyirdim, sən ayrı şey yazmısan. Onun dediyi mənim “parlamaqda olan ilhamımın miqyasına”, yəqin ki, dar gəlirmiş.

Aspiranturaya girəndə mövzunu dəyişdi, sadə cümlənin struktur-semantik inkişaf tarixindən yazmağımı tələb elədi… Özü də bu cür konkret yox… Dedi ki, izah etməlisən ki, Azərbaycan dilində cümlə modelləri necə formalaşıb… Əgər desəydi ki, Azərbaycanda insan necə formalaşıb, onu da yazacaqdım.

İşi fəsil-fəsil elmi rəhbərimə oxuyurdum. Xoşu gələn yerləri təqdir edir, gəlməyən yerlərdə tövsiyələrini verirdi. Birdən Azərbaycan dilçiliyi kafedrasının müdiri, böyük dilçi-türkoloq (və mənim aspiranturada qalmağımın əsas səbəbkarı) Əlövsət Abdullayev içəri girdi. Yəqin ki, Tofiq müəllimlə nə isə işi vardı… Özünəməxsus zarafatyana Şamaxı ədası ilə “əgər dissertasiya səviyyəli yazılmış olsa, elmi rəhbər bizə qonaqlıq verəcək ya yox?” deyə soruşanda Tofiq müəllim xüsusi hörməti olan Əlövsət müəllimə indiyə qədər qulaqlarımda səslənən belə bir cavab verdi: “Əlövsət müəllim, elmi rəhbər bu dissertasiyanın hər fəslinə bir qonaqlıq verməyə hazırdır”.

Və mən kağız-kuğuzumu yığışdırıb “sağ olun” deyib çıxdım. Bildim ki, daha dissertasiya oxumağımın yeri deyil, müəllimlərimin söhbəti var.

… Və iş hazır oldu. Rus dilinə tərcüməsini elmi rəhbərimin qaynı (və mənim dostum) İsmayıl Məmmədov öz öhdəsinə götürdü. O İsmayıl Məmmədov ki, elmlər namizədi idi, hövsələsi olanda dilçiliyi Tofiq Hacıyevdən az, məndən isə çox bilirdi. Dedi ki, bu işi ancaq Vaqif Aslanov tərcümə edə bilər. Getdik Akademiyaya…Vaqif müəllim elə qiymət dedi ki, üzü üstə qayıtdıq geri… O zaman çox gənc olan Aslan Məmmədli işi çox münasib qiymətə tərcümə elədi. Və təbii ki, pulunu İsmayıl müəllim verdi.

Aspiranturanın ilk aylarında ədəbi-tənqidi məqalələr yazıb çap etdirirdim. Bir dəfə Tofiq müəllim məni yanına çağırıb elə hirsləndi ki, indi də yadıma salanda ətim ürpəşir. Dedi ki, bir də belə şey yazsan, rəhbərlikdən imtina edəcəyəm, get dissertasiyanı yaz… Özü də İsmayıl Məmmədovla, Kamil Vəliyevlə oturub durma. Mən bu sözü bir vaxtlar Elbrusa (o zaman hələ gənc olan istedadlı dialektoloq, müəllimimiz Elbrus Əzizovu nəzərdə tuturdu) da demişəm. Gördüm ki, bir yerdə oturub-dururlar, bildim ki, imkan verməyəcəklər Elbrus dissertasiyasını yazıb qurtarsın.

Tofiq müəllimin dilində yetirmələri kimi qiymətləndirdiyi iki ad vardı: Sərxan Abdullayev, Elbrus Əzizov… Sonra mən gəldim…

Ücretsiz ön izlemeyi tamamladınız.

₺67,63
₺135,26
−50%