Kitabı oku: «İskəndərnamə», sayfa 2
İskəndər dedi:
– Ey xanımlar xanımı, doğru söyləyirsən. Eşq olsun belə sağlam fikirli gözələ. Sən mənə mərdliyin yolunu göstərdin. Doğrudan da, sənin adın ucadır.
Beləliklə, dünyanı fəth edən böyük fatehə Azərbaycan qadını, uzaqgörən və mərd hökmdar olan Nüşabə çox ibrətamiz bir dərs verdi.
Bundan sonra İskəndər Nüşabəylə əhd-peyman bağlayaraq Bərdəni tərk etdi.
İSKƏNDƏRİN DƏRBƏND QALASINI ALMASI
Çox qədim rəvayətlərin birində deyilir ki, böyük İskəndər daim faydalı işlər görər, yaxşı insanlarla ünsiyyət qurar, şahlarla yanaşı məzlumlarla da maraqlanarmış. O, zahidlərə, hikmətli insanlara hörmət edər, onlarla məsləhətləşərmiş. Elə bir vaxt gəlir ki, onun ordusundakı əsgərlər bu işdən inciyir. Onlar İskəndərə deyir:
– Ey dünyaları sarsıdan hökmran! Sənin zəfər qazanmağının səbəbi sənin ordundur. Bəs niyə sən bizə yox, zahidlərə nəzər salırsan, dara düşəndə bizimlə yox, onlarla məsləhətləşirsən?
İskəndər bu sözlərə təəssüflənsə də əsgərlərə bir cavab vermir.
Bu əhvalatdan bir neçə vaxt keçir. İskəndər və ordusu çox yollar aşaraq Dərbəndə gəlib çatırlar. Bu vaxt görürlər ki, burada bir mötəbər qala var. Bu qalada quldurlar məskən salmışdır və yoldan keçəni talan edir, incidirlər.
İskəndər orduya bu qalanı almağı əmr edir. Ordu nə qədər çalışıb vuruşsa da bir nəticə hasil olmur. Nəhayət, onlar yorulub İskəndərin yanına gəlib ona deyirlər:
– Ey qüdrətli hökmdar, biz nə qədər çalışsaq da, qalanı ala bilmədik. Yaxşısı budur, geri dönək.
İskəndər onlardan soruşur:
– Burada yaxınlıqda bir zahid varmı?
Bir nəfər deyir:
– Bu yaxın köhüldə qoca bir zahid yaşayır. Heç kimlə ünsiyyət etmir, bir çəngə otla keçinir. Böyük hökmran bu sözləri eşidib dərhal qocanın olduğu yerə gəlir. İskəndər qocanı ehtiramla salamladıqdan sonra ona vəziyyətini izah edir. Qoca deyir:
– Zənnimcə, siz cahangir İskəndərsiniz?
İskəndər təəccüblənərək soruşur:
– Sən məni necə tanıdın?
Qoca cavab verir:
– Elə bilmə ki, dünyada tək sənin güzgün var. Mənim də qəlbim güzgüdür, ona görə də insanları tanıya bilirəm.
İskəndər qocanın müdrik, ağıllı adam olduğunu görüb deyir.
– Ey sınaqlı qoca, gəlmişəm səndən çarə istəməyə. O dağ başındakı qalanı azğın quldurlar tutub və mən də bu qalanı ələ keçirmək, quldurlardan azad etmək istəyirəm.
Vəziyyəti anlayan qoca dərindən bir ah çəkir. Onun ahından uca dağ yerindən oynayır. Qoca İskəndərə deyir:
– İndi sən qayıt. Uca dağ yerindən oynayıb. İskəndər qərargahına geri dönəndə görür ki, qalabəyi hüzura gəlib. Qalabəyi İskəndərə bildirir ki, qalanın hasarı dağılıb. Beləliklə, qala İskəndərə tabe olur. İskəndər üzünü ordusuna tutub deyir:
– Görürsünüzmü, qırx gündə daş-qalaqla ala bilmədiyiniz qala bir qocanın ahından yerlə-yeksan oldu.
Əsgərlər bu sözlərdən sonra öz səhvlərini anlayır və bir daha İskəndərin ağlı, zəkası qarşısında baş əyirlər. Bu vaxt həmin qaladan bir neçə nəfər gəlib İskəndərə şikayət edirlər:
– Bu qıpçaq xalqı dəhşətdir. Bizim əkin-biçinimizi məhv edib, qalanı da uçurub.
İskəndər əmr edir ki, qala təmir edilsin və əhaliyə əkin- biçin üçün şərait yatradılsın. Belə yorucu gündən sonra İskəndər istirahət etmək üçün bir məclis qurur və əmr edir ki, bir neçə nəfər gəlib əfsanə söyləsin. Aralarından bir nəfər deyir:
– Burada bir qala var. Deyilənə görə, bu qala həm gözəl, həm də mübarək bir qaladır. Rəvayətə görə, bu qalada Keyxosrovun taxtı, camı var. Həm də burada Keyxosrovun nəslindən bir məlikzadə padşahlıq edir və Keyxosrovun qəbrini gecə-gündüz düşməndən qoruyur.
Bu söhbəti eşidən İskəndərin əhvalı açılır və onda bu qalaya getmək həvəsi yaranır.
İSKƏNDƏRİN SƏRİR QALASINA GETMƏSİ VƏ KEYXOSROVUN QƏBRİNİ ZİYARƏT ETMƏSİ
Bir gün İskəndər qoşununu Sərir şəhərinə çəkdi. O, Keyxosrovun qəbrini görmək istəyirdi. Sərir əhalisi bunu eşidib onu çox yaxşı qarşıladılar. Çünki əhali bilirdi ki, İskəndər qüdrətli və ədalətli bir padşahdır onlara zərər verməyəcək. Beləliklə, İskəndər gəlib şəhərə yetişdi. Bütün xalq onun hüzuruna gəlib hörmətlə baş əydilər. Böyük İskəndər sərirlilərdən xahiş edir ki, onu Keyxosrovun qəbri olan yerə aparsınlar. Sərirlilər onun bu sözünə görə bir neçə qulu yoldaş olsun deyə İskəndərin əmrinə verib yola salırlar. İskəndər bu ağır yolda yorulmadan irəliləyir və nəhayət, gəlib qalaya çatır. Əhali onu Keyxosrovun taxtında əyləşdirir. İskəndər Keyxosrovun taxtında özünü çox bəxtiyar hiss edir, lakin ehtiram əlaməti olaraq taxtda çox oturmayıb və oradan tez düşür. Nəhayət, uzun məclislərdən, söhbətlərdən sonra böyük İskəndər əsl məqsədi üçün yola düzəlir. O, Keyxosrovun yatdığı yerə gəlib çatmaq üçün çox qayalar, dağlar keçir. Bir vaxt atlar yorulur və artıq gedə bilmirlər. İskəndərin yanınadakılardan biri deyir:
– Şahım, budur Keyxosrovun qəbrinə çox yaxınlaşmışıq. Amma bundan artıq getmək olmaz. Gəl geri dönək.
İskəndər onun sözünə məhəl qoymur və yola piyada davam edir. İskəndər gəlib qəbirə yaxınlaşanda dərin bir quyudan alov çıxdığını görür. Qüdrətli bilicisi Bəlinasdan soruşur:
– Bu alovlar nədir, bunun sirrini açıqlaya bilərsənmi?
Bəlinas quyuya enir, alovu nəzərdən keçirdikdən sonra deyir:
– Bu kükürddür. Burada hər yer kükürdlə doludur. Biz tez buradan çıxmalıyıq, yoxsa yanıb külə dönərik.
Beləliklə, onlar böyük çətinliklə oradan uzaqlaşıb şəhərə dönürlər. İskəndər burada bir məclis qurub, Sərir hökmdarına hədiyyələr, xələtlər verir. Gecə yatıb dincəldikdən sonra böyük İskəndər bu səfəri də başa vurmaq üçün hazırlıq görür.
İSKƏNDƏRİN HİNDİSTANA GETMƏSİ
Günlərin bir günü böyük İskəndərin könlünə Hindistana səfər etmək düşür. O, ağıllı kəsləri yanına çağıraraq onlara bu qərarını açıqlayır və deyir:
– Mən atımı Hindistana çevirəcəyəm. Öncə Keydin üstünə ordu töküb itaət etməsini istəyəcəm. Əgər o mənə tabe olsa, ölkəyə zərər vermərəm, yox əgər itaətdən boyun qaçırsa, tacını qoparıb, yurdunu viran edəcəyəm.
Bunu eşidənlər onun bu fikirlərindən razı qaldılar və onu dəstəklədilər.
Beləliklə, böyük hökmran Hindistana üz tutdu. O ağıllı kəslərdən məsləhət almadan hərəkət etməzdi.
Həmin gün İskəndər Keydə xəbər göndərib deyir:
– Mən indi Hində gəlmişəm. Çarpışmaq istəyirsənsə, üstümə ordu çək. Əgər mənə tabe olsan, onda qılıncımdan qurtularsan.
Bu sözləri eşidəndə Keyd qorxuya düşür, Daranın başına gələnləri yadına salır. İskəndərə belə bir cavab məktubu göndərir:
“Böyük hökmran, sən niyə məni savaşa çağırırsan? Mən sənə sadəcə nökərəm, sənə həmişə kiçiklik edərəm. Əgər söz versən, mənimlə dost olsan, sənə dünyada tayı olmayan dörd dəyərli şey göndərərəm:
I. Qızımı göndərərəm ki, gözəllikdə tayı yoxdur.
II. Yaqutdan cam göndərərəm ki, içindəki şərabı nə qədər içsən, azalmaz.
III. Göylərin sirrini bilən, gizlini aşkar edən bir filosof göndərərəm.
IV. Hər dərdi bilən, hər xəstəyə şəfa verən təbib göndərərəm”.
Uca hökmran bu xəbərdən razı qalır və Keydə belə bir cavab məktubu yazır:
“Ey böyük hökmdar, əgər dediklərini mənə göndərsən, mən də sənə söz verirəm ki, sənin ölkənə tük qədər də zərər vermərəm”.
Hind hökmdarı Keyd bu məktubu oxuyub çox şad olur və söz verdiyi şeyləri hökmdara göndərir. İskəndər də öz növbəsində bu şeyləri qəbul edir və çox sevinir. İskəndər bir müddət Hindistanda qalıb xoş gün keçirir və sonra Çinə səfər etməyi qərara alır.
İSKƏNDƏRİN HİNDİSTANDAN ÇİNƏ GETMƏSİ
Qədim zamanlardan xəbər verənlər belə nağıl edirlər ki, İskəndərin ordusu Tibet dağına çatanda gülməyə başlayır. Bu hal padşaha maraqlı görünür.
Hökmdar soruşdu:
– Niyə burda insanlar qəhqəhə çəkir?
Cavab verirlər ki, zəfəran rəngli bu torpaq insanları səbəbsiz güldürür.
İskəndər buraları keçərək cənnətə bənzər məkana gəlib çatır. Böyük hökmran Çinin gözəlliklərini görüb heyran qalır.
O, Çin xaqanına məktub yazır. Məktubunda İskəndər deyir:
– Mən sənin ölkənə qədəm basmışam, səndən tabe olmağı, itaət göstərməyi tələb edirəm. Əgər məni kinlə qarşılasan, mən də sənə kin göstərərəm, yox əgər məhəbbət göstərsən, mən də sənə məhəbbət göstərərəm.
Məktubu oxuyan xaqan təşvişə düşür. Çox fikirləşdikdən sonra elçi qiyafəsində İskəndərin hüzuruna gedir. İskəndər onu hüzura qəbul edir və deyir:
– Xaqandan nə xəbər gətirmisən?
Xaqan ona belə cavab verir:
– Xaqandan sənə gizli xəbər gətirmişəm. Gərək mən bunu sənə deyəndə yanımızda heç kəs olmasın.
İskəndər ehtiyat edərək yanına bir qılınc qoyur və elçiylə tək qalmasını əmr edir.
– İndi heç kim yoxdur, bir mənəm, bir sən. Buyur, sözlərini söylə.
Xaqan cavab verir:
– Ey böyük hökmran, sənin yanına öz adımdan gəlmişəm. Yəni mən elçi deyil, xaqanın özüyəm.
İskəndər təəccüblənərək deyir:
– Niyə bu yola əl atdın? Heç mənim hiddətimdən qorxmadınmı?
Xaqan cavabında deyir:
– Yüz min dəfə afərinə layiq olan hökmdar, mən ki sənə namərdlik etməmişəm. Sən də mənə namərdlik etməzsən. Mən dost kimi gəlmişəm, niyə sənin qılıncından qorxum? Bilirəm ki, böyük İskəndər adil hökmdardır.
İskəndər deyir:
– Xoş gəldin. Artıq bu düşkünlükdən azad ol, bu gəlişinin sirrini aç.
Xaqan deyir:
– Gəlməkdə məqsədim sənin fikrini, yolunu öyrənməkdir. Mən səninlə sülh üçün gəlmişəm. Əgər Çin taxını məndən istəsən, sənə boyun əyərəm.
İskəndər söylədi:
– Ey fikri gözəl xaqan indi ki mən sənə qılınc çəkmədən təslim oldun, onda taxtında başın uca olsun. Yalnız bir şərtim var ki, ölkən yeddi il mənə xərac versin. Qalan vergiləri ölkənə halal edirəm.
Çin xaqanı dedi:
– Uca hökmran əgər mənim yeddi il yaşamağıma təminat versən, mən sənə yeddi illik xərac verməyə hazıram.
İskəndər bu cavabı bəyənir və deyir:
– Görürəm şüurun, ağlın incədir, ona görə də tək bir illik xərac versən, qəbuldur.
İskəndərlə əhd-peyman bağlayan xaqan öz ordugahına qayıdır. Bir gün İskəndər öz ordugahında oturduğu vaxt ona xəbər verirlər ki, xaqan qoşun toplayıb hücuma keçib. İskəndər elə bilir ki, xaqan öz əhdinə xilaf çıxıb. Ona görə də qoşun hazırlayır və ordunu qarşılayır. Qoşunlar üz-üzə gələndə İskəndər deyir:
– Ey xaqan niyə öz əhdinə xilaf çıxdın? Yoxsa verdiyin sözləri unutmusan?
Xaqan cavab verir:
– Ey böyük hökmran, mən öz əhdimə sadiqəm. Gəlməkdə məqsədim müharibə deyil, qoşunumla səni ziyarət etməkdir.
Beləliklə, hər iki hökmdar bir daha sülhü bərqərar edib dost məclisi qururlar. Beləcə, onlar bir neçə gün bir yerdə ovla məşğul olub, birgə şənlik edirlər.
RUM VƏ ÇİN NƏQQAŞLARININ YARIŞI
Günlərin birində Çin xaqanı ilə Rum hökmdarı İskəndər bir məclisdə əylənərkən belə bir müzakirə düşür ki, çin nəqqaşı daha yaxşıdır, yoxsa Rum nəqqaşı?
Uzun müzakirələrdən sonra qərara alırlar ki, nəqqaşları yarışdırsınlar. Nəqqaşların hərəsi bir tağın altında durur. Onların arasına pərdə asılır ki, bir-birlərinə baxmasınlar. Yarış başlayır. Müəyyən olunmuş vaxt bitdikdən sonra pərdə açılır və hamı gördüyündən heyrətə gəlir. Çünki hər iki nəqqaşın çəkdikləri rəsm eyni idi və onlar arasında heç bir fərq tapmaq olmurdu. Padşah əmr etdi ki, yenə aradan pərdə asılsın və yenidən nəqqaşlar rəsm çəksinlər. Bu zaman Rum nəqqaşı öz məharətini göstərir, amma Çin nəqqaşı heç nə çəkə bilmir. Bunu görən İskəndərin kefi açılır, üzü gülür. Sonda müəyyən olur ki, əvvəlki yarışda yanaşı olan nəqqaşlardan çinli nəqqaş rumlunun çəkdiyini eyniylə köçürürmüş. Amma elə köçürürmüş ki, heç bir fərq qoymaq olmurmuş. Nəticədə belə qərara gəlirlər ki, hər iki nəqqaşı mükafatlandırsınlar. Çünki belə gözəl köçürə bilmək özü də bir istedaddır.
Nəhayət, İskəndər ölkəsinə dönməyi qərara alır. Çin xaqanı getməzdən əvvəl böyük hökmrana qonaqlıq təşkil edir və onu hədiyyələrə bələyir. İskəndər dünyada tayı olmayan bu hədiyyələrdən olduqca məmnun qalır. Getmək vaxtı çatanda İskəndər ordusu ilə yola düzəlir və Çin xaqanı ilə vidalaşır.
Deyilənə görə, İskəndər geri dönərkən yol boyu Çində əldə etdiyi xəzinəni paylayırmış və hətta yeni şəhərlər saldırırmış. Bu şəhərlərdən biri də Səmərqənd hesab olunur.
İSKƏNDƏRİN RUS QOŞUNUNUN HÜCUMUNDAN XƏBƏR TUTMASI
Keçmiş əhvalatlardan xəbəri olanlar belə nəql edərlər ki, bir vaxt İskəndər öz ölkəsinə dönməyə hazırlıq görərkən Abxaz hökmdarı Dəvalı onun yanına gələrək deyir:
– Padşahım, ruslar bizim xalqa zülm edirlər. Hər yerə basqın edib, şəhərləri viran qoyurlar. Hətta Bərdə hökmdarı gözəl Nüşabəni də əsir almışlar.
İskəndər bunları eşidib hiddətlənir və deyir:
– İndi ki sən bunları mənə xəbər verdin, artıq geri dur. Bu işləri mən sahmana salaram. Ruslara hədlərini bildirərəm.
Bu sözləri deyərək İskəndər atına minərək qoşununu Ceyhun sahilinə, oradan da Xarəzmə doğru çəkir. Çox yollar getdikdən sonra gəlib qıpçaq çölünə çatır. Hökmdar buradakı qadınların üzünü örtmədiklərini görüb, əsəbiləşərək qıpçaqların böyüklərini yanına çağıraraq deyir:
– Niyə sizin qadınlar üzlərini örtmürlər? Açıq gəzmək qadına yaraşmaz.
Qıpçaqlar cavab verir:
– Bizim adətimizdə üz örtmək yoxdur. Əgər baxmaq istəmirsənsə, sən gözlərini ört.
Hökmdar bu işə çox əsəbiləşir. Onun ağıllı bilicisi Bəlinas deyir ki, mən bu işə əlac edərəm.
O, ağ mərmərdən çadralı bir qadın heykəli qoydurur. Bu heykəlin yanından keçən qadınlar bunu görüb üz-gözlərini gizləməyə başlayırlar. Hökmdar Bəlinasdan soruşur:
– Niyə bu qadınlar mənim məsləhətimi dinləmədilər, amma adi daş parçasından ibrət götürdülər?