Kitabı oku: «Oğluma nəsihət»
“Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəcih, rəvantab və şirinzəban şair dünya üzərinə az gəlibdir. Heç bir şair o ləyaqət və zəriflikdə söz deməyibdir”,
– Firudin bəy Köçərli,ədəbiyyatşünas, pedaqoq, tənqidçi
“Söz gövhərinin boyunbağısını heç kim Nizami kimi düzməyib. Haqqın minlərlə rəhməti onun ruhuna ki, həqiqətən, şeir onunla xətm olunub”,
– Saib Təbrizi, İran şairi
“Nizaminin yaradıcılığı bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsidir”,
– Mirzə Fətəli Axundzadə, dahi Azərbaycan dramaturqu
Gəncliyin tərənnümü
Həyat aləmidir hər şeydən üstün,
Cavanlıq günüdür ən qiymətli gün.
Həyatdan yaxşı şey dünyada nədir?
Gənclikdən gözəl şey bir əfsanədir.
Nizami Gəncəvi bəşər bədii fikrinin inkişafında ən şərəfli yerlərdən birini tutan nadir sənət dahisidir. Dahi şairin çoxcəhətli zəngin irsi elə yarandığı dövrdən başlayaraq milli və coğrafi sərhədləri aşaraq Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrətlənmiş, məhəbbətlə oxunmuş, öyrənilmiş, təqdir edilərək izlənilmişdir.
Nizami şeirində əsrlərdən bəri bəşəriyyəti düşündürən nəcib arzu və humanist ideyalar tərənnüm edilmiş, ustad sənətkar bədii fikir tarixini insan səadəti, mənalı ömür, yaradıcı əmək və bunlara əsaslanan azad, ədalətli cəmiyyət və başqa bu kimi əhəmiyyətini heç vaxt itirməyən yüksək ideallarla zənginləşdirmişdir. Buna görədir ki, Nizami irsi bütün dövrlərdə müasir məna daşımış və bu gün də zəmanənin qarşıya çıxardığı məsələlərlə yaxından səsləşməkdədir.
Bu baxımdan Nizami poeziyasında özünün hərtərəfli həllini tapan gənclik problemi xüsusilə səciyyəvidir. Özünün xoşbəxt gələcəklə bağlı bəşəri arzularının həyata keçirilməsində gəncliyin mühüm rolunu dərindən dərk edən humanist şair yaradıcılığının bütün mərhələlərində xalqın varlığının, qazanılan maddi və mənəvi dəyərlərin qoruyucusu kimi yüksək qiymətləndirdiyi gəncliyin tərbiyəsi məsələsinə böyük qayğı ilə yanaşmış, istər lirik əsərləri, istərsə “Xəmsə”yə daxil poemalarında bu mövzu ilə bağlı bu gün də əhəmiyyətini itirməyən ibrətamiz mülahizələr söyləmişdir.
Nağıl və dastanlarda olduğu kimi Nizami əsərlərində də övlad probleminə geniş yer verilir. Nizami övladı ata-ananın sevinci, valideyn ömrünün mənası kimi dəyərləndirməklə yanaşı, həm də insanlığın keçdiyi enişli-yoxuşlu yolların davamçısı kimi səciyyələndirir. Şairin fikrincə, adının əbədi qalmasını, əməllərinin itməməsini arzulayan hər kəs övladına xüsusi qayğı göstərməli, onun cəmiyyətin layiqli üzvü kimi yetişməsində məsuliyyət daşımalıdır. Övlad tərbiyəsinə ictimai vəzifə kimi yanaşan Nizami poemalarında ilk növbədə valideynə üz tutur, ata-ana sevgisinin övladın taleyindəki həlledici təsirini təbiətdən aldığı tutarlı nümunələrlə təsdiqə çalışırdı.
“Xosrov və Şirin” əsərində oğlu Şiruyənin ətrafdakılarla bəd rəftarından şikayətlənən Xosrov şaha Büzürgümid öz nəsihətində belə deyir:
Yararmı olasan övladla düşman?
Ürək ayrılarmı saldığı bağdan?!
Nar öz meyvəsini başında saxlar,
Odur, təpik vurmaz ona hər murdar.
Tut öz meyvəsini yerlərə tökər,
Odur ki, təpikdən əziyyət çəkər.
Göründüyü kimi, şair müdrik bilicinin dili ilə övladı “ürək meyvəsi” adlandıraraq nar ağacına heç kəsin toxunmadığını, tut ağacına isə hər yetənin bir təpik vurduğunu söyləyir. Müdrik qoca bunun səbəbini də izah edərək nar ağacının öz meyvəsini (övladını) başı üstündə saxladığını bildirir (hərfi tərcümədə: övladını başının tacı edib). Tut isə öz meyvəsini yerlərə tökdüyü üçün, yəni qədrini bilməyib başıaşağı saxladığı üçün ona hər yetən bir təpik vurur.
Nizaminin gənclərə müraciəti çox maraqlı olub özünün çoxcəhətliliyi ilə seçilir. Şair təkcə poemalarında deyil, lirik əsərlərində də üzünü tez-tez gənclərə tutur, onları cavanlığın qədrini bilməyə, ömrün bu həvəsli, həyat eşqilə dolu, qaynar çağını boş keçirməyib onu xeyirli işlərə, oxumağa-öyrənməyə, elmə, biliklərə sərf etməyə çağırır:
Sən gəncliyin qədrini bil, bir an kimi keçib gedər,
Qərib karvan yolçusunu şəhər bir də haçan görər? –
mətləli qəzəlində Nizami gənclərə nəsihətlə həyatın qədrini bilməyi məsləhət görərək:
Nağdımız da, nisyəmiz də vur-tut bircə ömrümüzdür,
Ömrün-günün mənasından xəbərdar ol, ey bixəbər!
Bir halda ki, gedərisən, ayıq saxla könlümü sən,
Əsrik kimi, sərxoş kimi gün keçirmə əbəs, hədər!
– deyir.
Şair “Xəmsə”sinin ilk əsəri “Sirlər xəzinəsi”ndən başlayaraq bu mövzuya bir neçə hekayə həsr etmiş, cavanlıq illərinin əvəzsiz nemət olduğunu maraqlı məcaz, obrazlı ifadə və mənalı müqayisələrlə oxuculara çatdırmağa çalışmışdır:
Cavan ağac hər bağın gözəlidir, gözəli,
Qocaldımı sındırar onu bağbanın əli.
Cavanlıq od-alovdur, gözəlliyin tacıdır,
Cavanlıq çox şirindir, qocalıq çox acıdır.
Şair “Sirlər xəzinəsi”ndə bu mövzuya həsr etdiyi 15-ci məqalədə həmkarlarını istedadlı gənclərə kömək etməyə, hünəri, istedadı qiymətləndirməyə çağırır, bunun özünün böyük hünər olduğunu bildirir. Üzünü yenə gənclərə tutaraq deyir:
Çəkişməyə uymazsan, hünərinə güvənsən,
Sənət olsun şikarın, hünərinə güvən sən!
Nizami yaradıcılığının sonrakı mərhələlərində gənclik haqqında daha həssaslıqla danışır. Şairin belə mülahizələrini mütləq onun qocalıqla bağlı düşüncələri tamamlayır. Şair müqayisələr aparır, ömrün gənclik, yetkinlik və qocalıq çağlarını da belə müqayisələrlə dəyərləndirərək gəncliyin əvəzsiz, təkrarsız bir nemət olduğunu oxucuya belə anladır:
Həyat yox gəncliyi alınca xəzan,
Gənclik qalmayınca qalmasın cahan.
Gənclikdir insana gözəllik verən,
Gözəllik sönərsə, qəlb olarmı şən?
O gün ki, gəncliyin qüruru sönər,
İş görməz daha bu cəsarət, hünər.
Nizaminin gənclik haqqındakı görüşlərini şairin müdrik nəsihətləri, xeyirxah öyüdləri daha da zənginləşdirir. Gəncliyə həyatın davamı, qazanılan maddi, mənəvi nailiyyətlərin varisi kimi baxan humanist şair onu hər cəhətdən gözəl, çalışqan, təvazökar, eyni zamanda insanlıq ləyaqətini də unutmayan xeyirxah xoşniyyət olmasını istəyirdi. Bu baxımdan Nizaminin poemalarında oğlu Məhəmmədə etdiyi nəsihətləri xüsusilə əhəmiyyətlidir. Onu da qeyd edək ki, Nizami öz nəsihətlərini təkcə sevimli oğlu Məhəmmədə deyil, bütün gəncliyə ünvanlamış, gələcək nəslin təlim-tərbiyəsi ilə bağlı arzu və tövsiyələrini oğlunun simasında bütün yeniyetmələrə söyləmişdir: “Hamıya verdiyim bu öyüdə oğlum da diqqətlə qulaq assın. Mən bütün bədənə qida verdiyim zaman ciyərparəm də pay alsın”, – deyərək təkcə oğlu Məhəmmədə deyil, bütün gənclərə üzünü tutur.
Şairin gənclərə müraciətlə etdiyi öyüdlər çoxcəhətli olub, həyatın bütün sahələrini əhatə etməklə yanaşı, fəlsəfi səciyyəsi ilə də diqqəti cəlb edir. İnsanlıq şərafətini uca tutan böyük şair gənclərə ilk növbədə insan adının böyüklüyünü dərk etdirməyə çalışır, onun bütün yaranmışlardan ən uca durduğunu unutmamağı tövsiyə edir. Gəncləri boş, məqsədsiz həyatdan çəkindirməyə, fürsət var ikən çalışmağa, öyrənməyə, qurub yaratmağa dəvət edir.
Qısa söz dünyada nə sən, nə də mən,
Oyuncaq deyilik xilqətimizdən.
Nə şöhrət, nə yuxu, nə də ki yemək,
Həyatın mənası olmasın gərək.
Təbiət quranda xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi.
Anlayıb düşünək hər şeyi gərək,
Hər sirri açmaqda hünər göstərək.
Şairə görə, insanın davranışı, rəftarı, ətrafdakılara münasibəti də gözəl olmalıdır. O, danışığı, söhbəti, özünün işi, əməli, arzusu ilə də yüksək insan adını doğrultmalıdır. Gəncləri yersiz qürur, ləyaqətsiz yoldaş, xalqa etinasızlıq, biganəlik və başqa bu kimi mənəviyyata naqislik gətirən sifətlərdən çəkindirməyə çalışan Nizami nəsihətlərində onlara həm də mübarizlik ruhu aşılayır, mətin olmağa, zülmə, haqsızlığa dözməməyə çağırırdı.
Gül kimi yumşaqlıq göstərmə gerçək,
Olma ikiüzlü bənövşələrtək.
Tikan olmağın da öz məqamı var,
Yerli dəlilik də işə yarayar.
Şair “Yeddi gözəl” poemasında “Sözün tərifi və hikmət haqqında” başlıqlı bölmədə də bu məsələyə toxunaraq oxucuya müraciətlə:
Çarpış dünya ilə şiri-nər kimi,
Yoxsa udar səni o, əjdər kimi,
– deyə xəbərdarlıq edir.
Nizami poemalarında yer alan hekayələr və şairin gənclərə ünvanlanan nəsihətlərində zəhmətə inam, elmin, əməyin faydası haqqındakı didaktiki görüşlər xüsusilə seçilir. Şairin fikrincə, yaradıcı əmək, halal zəhmət, çalışqanlıq insanın özünü mənəvi cəhətdən saflaşdırdığı kimi ətrafdakılara da səadət gətirir, xoşbəxt, şən həyatın əsasını təşkil edir. Odur ki, şair gənc nəslə dədə-babaların əməksevər xasiyyətinə sadiq qalmağı, tənbəllikdən çəkinməyi, boş-bikar qalmamağı tövsiyə edir. Hələ “Xosrov və Şirin” əsərində 7 yaşlı oğlu Məhəmmədə oxumağı, öyrənməyi, elm-bilik qazanmağı təlqin edən böyük sənətkar elmə, biliklərə yiyələnməklə dünyanı almağın mümkünlüyünü söyləyir. Ona və onun həmyaşlarına Nizami “Leyli və Məcnun” əsərində də qəflətdə qalmamağı, öz hünəri, zəhməti ilə cəmiyyətin layiqli üzvü kimi hörmət qazanmağı məsləhət görürdü:
Sən aslanlar kimi keç cəbhələrdən,
Yalnız hünərinin balası ol sən.
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.
“Yeddi gözəl” əsərində oxuyuruq:
Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zər-xara.
Elmin faydası, oxumağa öyrənməyə çağırış Nizaminin bütün əsərlərində özünün parlaq əksini tapmışdır. Gələcək nəsli vətəni, xalqı sevən, elmli, bilikli görməyi arzulayan vətənpərvər şair əsərlərində bu mövzuya dönə-dönə müraciət etmiş, “Oğlum Məhəmmədə nəsihət” başlıqlı ayrıca fəsillərdə və sətirlərarası söylədiyi ibrətamiz fikirləri, təsvir olunan əhvalatlardan çıxarılan fəlsəfi-əxlaqi nəticələri bütün dövrlərdə əhəmiyyətini saxlamış, bu gün də gənclərimizdə nəcib sifətlər tərbiyə etməkdədir.
Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç!
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxarar.
Şair istedada çox da arxayın olmamağı, onu zəhmətlə, çalışmaqla parlatmağı zəruri sayır. İstedadına güvənən çox zehinli adamların öz üzərində işləmədiklərindən axırda heç bir şeyə nail ola bilmədiklərini söyləyir:
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.
Təlimə həvəskar çox korazehin,
İqlimlər qazisi olmadı? Deyin.
Nizami Gəncəvi, qeyd etdiyimiz kimi, təkcə oğlu Məhəmmədə etdiyi nəsihət bölmələrində deyil, özünün lirik haşiyələri, bədii ricətləri, hadisələrin təqdimində oxucuya ünvanladığı öyüdləri, hikmətli beytləri, ibrətamiz nəticələri ilə də gəncliyə xitab edir. Əsərlərində Məhin Banunun, Məcnunun atasının dili ilə gənclərdə yüksək əxlaqi sifətlər, təmiz mənəviyyat tərbiyələndirməyə cəhd göstərir. Şair zəhmətkeş qoca kərpickəsən kişinin, Süleyman şahla qarşılaşan yaşı ötmüş əkinçinin dili ilə zəhmətə, əməyə xor baxan gənclərə müraciət edir, Ərəstu, Büzürgümid, Əflatun, Sokrat və başqa müdrik bilicilər adından danışaraq həyat dərsi verir, əxlaqi-fəlsəfi fikirlər söyləyir, gəncləri həyatı dərk etməyə, əməyi sevməyə, oxumağa, öyrənməyə və həmişə başı uca yaşamağa dəvət edir.
Nizami əsərlərində yaratdığı müdrik qoca obrazları ilə bağlı olaraq gənclərin yaşlı nəslə münasibəti məsələsinə də toxunur.
Hələ “Xəmsə”nin ilk əsəri “Sirlər xəzinəsi”ndən başlayaraq şair nəsillərin qarşılıqlı münasibətindən söz açaraq sələflərinin təcrübəsindən geniş bəhrələnən gənclərin dədə-babalarının qazandıqları nailiyyətləri sadəcə davam etdirməklə kifayətlənməyib onları öz əlavələri ilə zənginləşdirməyin, sonrakı nəsillərə açıq alınla təhvil vermələrinin zəruriliyini bildirirdi.
Keçənlər zəhmətlə əkdiyi bağdan,
Gələnlər meyvəni dərmiş hər zaman.
Keçənlər bir çox şey əkmişlər bizə,
Biz də əkməliyik gənc nəslimizə.
Nizami yaşlı nəslə, gənclərə qayğı ilə yanaşmağı, hünərli cavanların istedadlarını təqdir etməyi, onlara kömək göstərməyi lazım bilir. Gənclər tərəfindən yol verilən səhvlərdə yaşlı adamların da günahı olduğunu xüsusi vurğulayırdı. “Xosrov və Şirin” əsərində belə bir miniatür hekayə ilə qarşılaşırıq:
Deyirlər, bir gün ağıllı bir kəs,
“Mən dəliyəm” deyə elə yayır səs.
Bir uşaq onunla girsə savaşa,
Dərhal böyükləri basarmış daşa.
Soruşurlar: “Uşaq səni vurarkan
Neçin öc alırsan sən qocalardan?”
Gülümsəyib deyir: “Gülməsə qoca,
Uşaq pis iş tutmaz ömrü boyunca”.
“İskəndərnamə” əsərində oxuyuruq:
Gənclik hər kişini coşduran zaman,
Qocanın susması deyilmi nöqsan.
Şair gələcək nəslin tərbiyəsində yaşlı nəslin məsuliyyətini təkrar-təkrar xatırlatmaqla yanaşı, gənclərə də sələflərinə layiq olmağı, əvəz edəcəyi nəslin nəcib xüsusiyyətlərini yaradıcılıqla mənimsəməyi, öz müvəffəqiyyətlərini köhnənin həyat təcrübəsi üzərində qurmağı öyrədirdi. Ataların həyat yolu ən gərəkli məktəbdir. Gənc nəsil bu məktəbdən məhəbbətlə öyrənməli, qabaqcıl ənənələri rəğbətlə yaşatmalı, mədəni mirası qoruyub zənginləşdirməlidir. Gəncliyin qazandığı yeni-yeni nailiyyətlərdə yaşlı nəslin xidmətini danmaq, böyük zəhmətlər bahasına əldə edilən zəngin, faydalı təcrübələrə etinasızlıq göstərmək, nankorluq və ağılsızlıqdır. Bu baxımdan “İskəndərnamə” əsərində maraqlı əhvalatlar diqqəti cəlb edir. Dahi şair ömrünün ən yetkin çağlarında qələmə aldığı bu əsərində təcrübəli qocaların cəmiyyətdəki yerini daha düzgün müəyyənləşdirərək:
Bilənlər padşahı olsa da yenə,
Bu gənclər möhtacdır qoca fikrinə.
Gənc budaqlarıyla oynarsa qabaq,
Başını ucaldar bir köhnə budaq.
Bilikdə birinci olsa cavanlar,
Qocalar fikrinə ehtiyacı var, –
deyir.
Göründüyü kimi, şair həyatın davamı, gələcəyin rəhni kimi sevdiyi gəncliyə həmişə həssaslıqla yanaşmış, bu problemi vacib həyati ideallar səviyyəsinə yüksəldərək nəsillərin mətin, ağıllı və nəcib yetişməsi üçün lazım bildiyi bütün məsələləri əhatə etməyə çalışmışdır. Mövzunun ətraflı şərhi gəncliyə məhəbbət, gənc nəslə inam kimi ənənəvi cizgilər Nizami əsərlərinə yeni bir əhvali-ruhiyyə gətirmiş, şairin poemalarındakı nikbin ruhu və həyatsevərliyi bir daha artırmışdır. Nizaminin gəncliklə bağlı əsərlərində əksini tapan belə görüşlər bu gün də müasir səslənərək gələcək nəsli ataların keçdiyi şərəfli həyat yolunu öyrənməyə, onu ləyaqətlə davam etdirməyə ruhlandırır.
Nüşabə Araslıfilologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü
LİRİKA
QƏZƏLLƏR
Sən gəncliyin qədrini bil
Sən gəncliyin qədrini bil, bir an kimi keçib gedər.
Qərib karvan yolçusunu şəhər bir də haçan görər?
Dünya görmüş qocaların beli neçin əyilmişdir?
Bəlkə, itmiş gəncliyini yerdə arar axşam-səhər?
Nağdımız da, nisyəmiz də vur-tut bircə ömrümüzdür,
Ömrün-günün mənasından xəbərdar ol, ey bixəbər!
Bir halda ki, gedərisən, ayıq saxla könlünü sən!
Əsrik kimi, sərxoş kimi gün keçirmə əbəs, hədər.
Heyif, bada vermədəsən öz nazənin ömrünü sən.
Bir ömür ki, sən istəsən, əbədiyyət ola bilər!
Qızıl verib almamısan, nə biləsən can qədrini?
Oğru çalıb-çapdığının qiymətini bilər məgər?
Şad keçirsən ömrünü sən, nə itirər ələm, kədər?
Dərd əlində ölüb getsən, şadlıq evi nə itirər?
Əgər səndə ürək varsa, Nizami, eşqə ver ömrü,
Bir ərğənun səsi dinlə, götür bir ərğəvan sağər.
Cavanlıq var ikən əldə
Cavanlıq var ikən əldə, gərək qədrin bilə insan,
Əmin olma, gələr bir də bu mülkü tərk edən karvan.
Bükülmüş qəddinə bir bax qocalmış şəxsin, həsrətlə
Cavanlıq günlərin, daim gəzər torpaqda sərgərdan.
Nə dövlət varsa dünyadə, sənə ancaq ömürdür, bil,
Onun mənasını dərk et, çalış boş keçməsin bir an!
Geri dönməz keçən bir gün, ayıq ol daima sən də,
Rəva olmaz ki, məstlər tək keçə qəflətdə bu dövran.
Neçün sən hərzə işlərdə verirsən ömrünü bada,
Xeyirli işlərə sərf et, həyatı eylə cavidan!
Pul ilə almadın canı, biləsən qiymətin, qədrin
Ki, oğru da qədir bilməz, oğurlarsa malı asan.
Əgər sən şadiman olsan, qəmə heç bir zərər gəlməz,
Və ya qəmdən ölüb getsən, toxunmaz şadlığa nöqsan.
Nizami, səndə ruh varsa, danış eşqü-məhəbbətdən,
Gözəl bir musiqi dinlə, şərab versin sənə canan.
Sən hələ bax növcavansan
Sən hələ bax növcavansan, mən dəyişdim çox yaman,
Sən gözəlləşdin, mənimsə gəncliyimdən yox nişan.
Sən kimi bir novbaharla sanma təğyir eyləməz,
Bağü bağçam, hər nə var soldurdu bir badi-xəzan.
Sən Xəlilsən, mən odam, qarşında neçin sönməyim?
Mən ölüm, sən arzuntək ömr elə hər bir zaman.
Sən şikəst sandın məni, düzdür, şikəstəm, bəndəyəm,
Sən bilən qəlbdir bu qəlb, sən gördüyün candır bu can.
Sən bizi fərmanla yox, insafla dindir, sevgilim,
Lütfünə, insafına yalnız özünsən hökmran.
Qulluğunda qul kimi durmuş Nizami, rəhm elə,
Hər iki dünyadə könlüm səndən olsun kamiran1.
Gəncliyimi sənə verdim
Gəncliyimi sənə verdim, bu möhlətdən şirinsənmiş.
Nə cür ölüm qarşında mən, bu fürsətdən şirinsənmiş.
Gözlərimdə yaş olsan da, işıq alır ürək səndən,
Can möhnətim, bunu bil ki, sən işrətdən şirinsənmiş.
Hardan tapım incə sözü, nə cür verim qiymətini?
Sən daddığım, dadmadığım hər nemətdən şirinsənmiş.
Savaşın da, barışın da yağ-bal dadır damağımda,
Mehrin qədər qəhrin də xoş… hər cəhətdən şirinsənmiş.
Nizaminin həyat dürrü sənin bir vəslinə qurban,
Hər nə versəm, ucuz olar, hər qiymətdən şirinsənmiş.
QƏSIDƏLƏR
Əyildi bel bu çəməndə qocalıqdan
Əyildi bel bu çəməndə qocalıqdan nə təhər,
Bu gün həyat budağından deyin, görüm nə bəhər?
Nə kölgə var ağacımda, nə turş bir meyvə,
Tökübdü meyvəsini yelləriylə hadisələr.
Bu əyri qədli fələklər qazır məzar mənə,
Bəyazı saçlarımın eylər əcəl haqda xəbər.
Həmişə nafə2 verər müşki-tər amma nə əcəb,
Doğuldu nafə mənim müşki-tərimdən bu səfər.
Ağızda düz iki sap inci, gövhərim vardı,
Zəmanə zülmü dağıtdı, töküldü o gövhər.
Dağıtdı mücrüdəki gövhərimi ulduztək
Gələndə qəm şərqindən yeni ulduzlu səhər.
Yetişdi ömr sona, istəyirəm bayquştək
Fənaya doğru bu virandan edim mən də səfər.
Əyildi qədd, başım torpağa mail oldu,
Mənəm ismət bağının tingi ki, xoş meyvə verər.
Əyildim, eyləməyim üstümü qan ilə ləkə,
Gözümlə qan saçıram qanə boyandıqca cigər.
Ağardı saç, başıma sanki qalın qar yağdı,
Vücud çardağı uçmaqla görrəm indi xətər.
Başında bir qalanın qar olarsa, su tökülər,
Odur ki, yaş axıdır bax bu nigaran gözlər.
Zəiflik öylə edibdir, sürüyüb kölgə kimi
Çəkərsə kimsə əgər yerlə, məndə görməz əsər.
Cahanda kimsə məni ondan ötrü yad etmir,
Bu halla söylə, zəif bir vücud nə yadə düşər?
Əyildi qədd kamantək cahanda gör nə sayaq,
Çəkindi tiri-əcəldən, önündə tutdu sipər.
Səmayə doğru necə ruhum eyləsin pərvaz?
Bu qəmli, alçaq olan yerdə sındı balü3 pər.
Ümid meyvəsini tökdü cahan bağında,
Dağıtdı hər tərəfə hər dəm o daşlar, yellər.
Tökəndə meyvəsini dik dayanar daim ağac,
Əyildi qamətimin tingi ta ki, tökdü səmər.
Yox oldu baş iki çiynim içində biryolluq,
O, əcəl xəncərinin qorxusundan etdi həzər.
O dostlar eşqi ilə hey bu zəif gözlərdən
Süzüldü çöhrəmə yaş, çünki gəldi vəqti-səfər.
Zəiflik aldı məni, hüzn evində yurd saldım,
Dedim ki, astanadan keçmə çətinlik törədər.
Mənəm bu səhfədə son kəlmənin axır hərfi,
Nə məna məlumum oldu, nə də ki bəlli cər.
Bəyazı fərq eləmir gözlərim qaradan heç,
Yanağım Ay ilə Güntək əgərçi şölə çəkər.
Keçibdir ömür, həyatım günahə sərf olmuş,
Odur ki, gördü xəcalətli məni bu ellər.
Düşübdür əllərimə əsməcəli titrətmə,
Sevinc badəsini burda nuş edim nə təhər?
Qonaqdır indi yanımda əcəl, nə çarə edim?
Həyatdan özgə şeyi məndən istəmirsə əgər?
Şirinlik almadı ağzım həyatda bir ləhzə,
Südümlə şəkkərim ağzımda daddı təkcə zəhər.
Həyat mənzilinə indi vida eyləyirəm,
Əyildi qədd, məni ağuşa çəkmək istər.
O qədər düşmüşəm əldən ki, hər an qorxuludur,
Bədəndə üzvlərim parçalanıb özgələşər.
Mühasib əlləritək mən yıxıla-qalxa daha,
Təəccüb eylə ki, illər sayıram şamü-səhər.
Bu bağın istəmirəm abü-həvasıyla olam,
Yetişdi Xızr suyu, İsa dəmindən də zərər.
Gözümdən axdı buludtək sular həsrətdən,
Cavanlıq ötdü yaman tez, dalınca qaldı nəzər.
Cavanlıq itdi əlimdən, yox oldu yollarda,
Bu əyri qəddim ilə göz onu yerlərdə gəzər.
Etimad eyləməsəm kölgə kimi divarə,
Bu halda durmağa hardan tapılar məndə təpər?
Ətirlə, rəng ilə aldatdı məni tifil kimi,
Zəmanə aldı mənim gəncliyimi burda hədər.
Sevinc mülkü verir müjdə eyş-işrətdən,
Qulaqda ağ tüküm amma yetirdi özgə xəbər.
Cahanda hey yıxıla-qalxa ruzi axtarıram,
Ağıl deyir ki, qarışqa necə gör danə çəkər?
Zəmanə hadisələr daşını yağdırdı yaman,
Nə qədər qoydu qala çərx məndə, nə gövhər.
Hünərlə fəzlimi hər eyib gəzənlər dandı,
Betərdir onlara hər eyibdən indi bu hünər.
Mənim ki qəlb evimi nurə qərq edib ürfan,
Bu əyri qəddimi etmiş özünə halə qəmər.
Həmişə düşdü düyün işlərimə minlərlə,
Bu yolda hansı cəhətdən üzümə bəxt gülər?
Bu dövr gülşəni içrə məni bax yıxmaq üçün
Ayağım üstünə göylər həmişə balta çəkər.
Cahanda yox xəbərim surət ilə mənadan,
Könüldə, gözdə görünmür bunlardan əsla əsər.
O qədər var günahım, hətta cəhənnəm əhli
Yanında görsə məni, tez durub kənar gəzər.
Günah bağçasının əyri qədli tingi mənəm,
Zəmanə hey qurudur, yandıra məhşərdə məgər.
Həmişə səhv, xəta hərfi, kəlməsi ancaq
Qələmlə yazdı qəza səhfə-səhfə hökm, qədər.
Bu hərfi silsə, silər gözdən axan tövbə yaşı,
Qəzayə tabe deyildir nə fayda burda qədər.
Bu yerdə hökm qəzanındır, əlimdən nə gəlir?
Keçirsə hər nə xəyaldan, mənəm ondan da betər.
Günahla ömrü keçirdim məni kim öldürsə,
Ağıl müftisi eylər qanımı burda hədər.
Odumla cuşə gələr çərxi-fələk ümmanı
Zəbanə çəksə əgər köksüm altda atəşlər…