Kitabı oku: «Oğluma nəsihət», sayfa 2
Yazı tipi:
Ağlın gözü işıqlanmış qəlb evinin çırağından
Ağlın gözü işıqlanmış qəlb evinin çırağından,
Yaxşı olar bu nurilə gizli xəznə axtarasan.
Xəznə tapmaq istəyirsən, sındır canın sütununu
Ki, xəznələr asanlıqla ələ gəlməz, anla bunu!
Əgər xəznə ilanısan, halqa olma qapıda sən,
Viranlıqdır xəznələrin şahmarına əsil məskən.
Səhv elədim, ilan olma, lap cənnətin ilanı da,
Ki, haqqında pis söz yazıb, verməsinlər səni bada.
Əgər cənnət istəyirsən, özün parla gövhər kimi,
Gecələri işıqlandır öz nurunla qəmər kimi.
Gecə Aytək oyaq ol ki, sirlər əyan olsun sənə,
Əgər aləm görən Aysan, ya da şahsan bu aləmə.
Ancaq gecə mövcud olar səfalı üz, ayıq ürək,
Zülmət içrə həyat suyu və al yaqut tapılan tək.
Yaxşı olar ki, qarının öz xoruzu ayıq ikən,
Səltənətin ov qırğısı yatmış ola səhər erkən.
Mərdsən əgər süfrəndə sən qida elə öz qanını,
Çünki əzəl ana qanı bəsləmişdir bu canını.
İstəyirsən əgər balıq, quşla dolsun sənin süfrən,
Yolçu olma, ibrət götür Süleymanın zənbilindən.
Bu divlərin cövrünü sən çəkəcəksən, de nə qədər,
Zəngilərtək yaşa daim, Zənganlıya salma nəzər!
Özünə ad qoyanda da toxucu qoy, dəmirçi yox,
Dəmir yonsan, heç olmasa açar düzəlt, nəinki ox.
Bu açarla zindanı aç, zəncirləri qır yerə at!
Bu açarla zindanları qıfıllayıb şadlıq yarat!
Elm oxuyla ovla, əgər istəyirsən təmiz şikar,
Elm ilə ov şikar elə, ov itilə nə işin var?
Göydə fələk tərəzisin bir arpa da çəkə bilməz,
Yerdə əyar varındırsa, o tərəzi kara gəlməz.
Məşəl yandır, əlinə al, gecə yola çıxan zaman
Ki, məşəlsiz, qaranlıqda yeriməyə yoxdur imkan.
Güman etmə dənizlərdə gəminə bir ziyan dəyər,
Tufanlardan qorxu olmaz “Allah kərim” desən əgər…
Dənizdə bir qorxu görsən, kişi kimi hümmətli ol,
Tələsərək ləngər salma, hər vuruşda cürətli ol!
Muradına müxalif bir külək əssə, düşmə ruhdan,
Bu küləyə qarşı durub, qələbə çal ona hər an…
Qocalıq
Bu vadidə qocalıqdan bükülmüşdü belim, inan.
İndən belə nə gözləyim əbədiyyət ağacından?
Barsızlaşan bir ağacam, nə kölgəm var, nə də meyvəm,
Qasırğalar, sərt küləklər döymüş məni zaman-zaman.
Qamətimin külüngüylə mənə qəbir qazır fələk,
Ağ saçlarım xəbər verir ağ kafurun4 qoxusundan.
Qara mişk ağ nafədəndir… bu özgəlik bəs nədəndir –
Nə cür çıxdı bu ağ nafəm saçlarımın qarasından?!
Ağzım inci qutusuydu, iki sıra gövhər dolu.
İnciləri qırdı bir-bir hansı rüzgar, hansı tufan?
Dan ülkərim yandı, söndü ümidsizlik üfüqündə,
Ulduz-ulduz gövhərimi kim apardı sandıqçamdan?
Günüm batdı, qaş qaraldı, bayquş kimi ötürəm ki,
Axirətə uçum gedim bu pərişan xarabadan.
Mən bəhrəli bir ağacdım paklıq, ismət gülşənində,
Bel büküldü, dağ başımı yerə doğru əydi zaman.
Mən ikiqat olmuşam ki, ətək qana bulaşmasın,
Ciyərim qan, gözüm giryan, gör nə günə qaldım, aman!
Saçlarımın qarı qalın… qaş ağappaq, baş ağappaq. Vücüdumun damı çökür… mən qorxuram bu qovğadan.
Bilirəm ki, dağ başında qar ərisə, sel su gələr,
Ah, mənimsə qan-yaş gəlir gözlərimin bulağından.
Zəiflikdən üzülmüşəm, sürünsəm də kölgə kimi,
Bu torpaqda məndən heç kəs görə bilməz bircə nişan.
Kimsə məni salmaz yada, çünki elə haldayam ki,
Day keçmirəm heç bir kəsin ürəyindən, yaddaşından.
Kaman kimi əyilmişəm, qaldırmışam qalxanımı,
Sığınmışam öz-özümə ox əcəlin qorxusundan.
Nə cür çıxım bu quyudan, nə cür qalxım son zirvəyə?
Qol-qanadım sındırılıb, gedib bədən, üzülüb can.
Dünya bağı ələk-vələk, daş yağdırdı zalım fələk
Bar-bəhrəmi kal-kal tökdü hər tərəfə budağımdan.
Meyvəsini tökən zaman bir qaydadır ağac qalxar.
Bəs nə üçün mən əyildim, vurdu məni hansı xəzan?
İki çiynim arasında başım batmış, bəxtim yatmış.
Sorun, nədən qorxuram mən? Qəfil ölüm qılıncından.
Son səfərə yollanıram, dostlarıma məhəbbətim
Zəifləmiş gözlərimdən axıb gəlir mərcan-mərcan.
Gücsüzlükdən sığınmışam dərd evinin bucağına,
Taqətsizəm, nə cür keçim bu qapının kandarından?
Bu kitabda oxunmayan bir kəlmənin son hərfiyəm,
Nə torpaqdan xəbərim var, nə ulduzlar dünyasından.
Göz önündə alışsa da günün tacı, Ayın bədri,
Daha gözüm seçə bilmir bəzən ağı heç qaradan.
Ömür keçdi, nə qazandım min günahdan, suçdan savay?
Xəlq önündə xəcil oldum, xəlq tələbkar, mən natəvan5.
Mən zamanə məclisində nə cür içim şadlıq meyi,
Qədəh tutan əlim əsir, qədəhim qan, əlim əlvan.
Əcəl mənə qonaq gəlib, həyatımdan savay heç nə,
Heç nə qəbul etmir zalım sərvətimdən, var-yoxumdan.
Daddım həyat süfrəsindən, bir şirinlik görmədim mən,
Damağıma zəhər sıxdı şəkər, süd də lap binadan.
Qəddim neçin əyilmişdir? Çünki əcəl qucur məni,
Həyat mənlə vidalaşır, mən köçürəm bu dünyadan.
Elə gücdən düşmüşəm ki, mən qorxuram əzalarım
Bir-birindən ayrılsa da, ata məni dağ başından.
Hesabdarın barmağıtək gah enirəm, gah qalxıram.
Ayı, günü saymadayam, bu yollarda gözüm giryan.
Bu gülşənin ab-havası, inan mənə, düşmür daha,
Xızrın suyuyla İsanın nəfəsi də vurur ziyan.6
İldırımmış cavanlığım, bircə anda çaxdı, keçdi.
Buludlanan gözlərimdən yaş axıdır həsrət, hicran.
Nağd gəncliyim bu yollarda qızıl kimi düşdü, itdi,
Ayağımın altına mən hey baxıram, belim kaman.
Kölgə kimi köməksizəm, dayağımdır yalnız divar,
Varmı yerdən qalxmağıma başqa çarə, başqa dərman?7
Fələk məni cəzb elədi rayihəsi, rəngi ilə,
Uşaq kimi aldadaraq gəncliyimi aldı əlan.
Gəlir şadlıq, şənlik səsi, … heyhat mənim ağ saçlarım
Qulağıma pambıq taxıb, kar eyləyib məni dövran.
Hey yıxılıb qalxa-qalxa yol gedirəm ruzu üçün,
Dən daşıyan qarışqayam, əqlin gözü ilə baxsan.
Yüz işdəklə min daş atdı, gövhərimi qırdı fələk,
Nə gözləyim zər yerinə daş işlədən bu sərrafdan?
Gözləri eyb axtaranlar gizlətdilər hünərimi,
Ləyaqətim pis görünür hər eyibdən, hər qüsurdan.
Mərifətin şöləsilə işıqlanmış bir Ayam mən.
Ay haləsi əskik olmaz həlqələnmiş vücudumdan.
Min düyünlü bir kələfəm, azca qalan həyatımdan
Hansı düyün açılacaq, şəfa verər hansı loğman?
Mənim ömür çinarımı yıxmaq üçün enir fələk,
Ayağıma balta vurur, qulpunacan baltası qan.
Nə mənadan xəbərim var, nə surətdən məlumatım.
Mənalar da, surətlər də itdi gözdən, çıxdı yaddan.
Elə ağır günahkaram, cəhənnəmə vasil olsam,
Cəhənnəmin sakinləri qaçar mənim dörd yanımdan.
Mən bu üsyan bağçasının əyilmiş bir ağacıyam,
Cəhənnəmdə yandırmaqçün qurutmaqda məni Yəzdan8.
Qələminin ucu ilə qəza mənim səhifəmə
Xəta kəlməsindən savay söz yazmadı bu vaxtacan.
Peşmanlığın göz yaşıyla mən silimmi bu kəlməni?
Nə fayda ki, taleyimə tabe deyil qəza-filan.
Haqq qəzanın tərəfində… mənsə məğmun, qolubağlı.
Xəyalına nə gətirsən, inan, pisəm hamısından.
Zay etdiyim həyatımın qisasını alan olsa,
Ona mənim qanım halal… müfti ağıl, haqdı fitvan.
Sinəm yatmış bir cəhənnəm… bir gün qalxıb alovlansa
Atəşindən, bəlkə, qaynar bu “çərx” adlı mavi ümman.
RÜBAILƏR
Ədalət yer üzündə zəfərlərin tacıdır
Ədalət yer üzündə zəfərlərin tacıdır,
Zülm – dərd ağacıdır, yalnız şərin tacıdır.
Səxavət… pərdəsilə hər cür eybi gizlədir,
Xoş tale, bəxtəvərlik – hünərlərin tacıdır.
Dünyada ədalətlə zəfər tapmışlar
Dünyada ədalətlə zəfər tapmışlar,
Zülm ilə bu dünyada zərər tapmışlar.
Hər yerdə paxıllıq hünəri danmışdır,
Mərdlər eyb örtüb də, hünər tapmışlar.
Gəncliyinə güvənmə, yel əsər, solub gedər
Gəncliyinə güvənmə, yel əsər, solub gedər,
Ömrün bircə gecədə payimal olub gedər.
Zülm eləmə, anla ki, bircə qarğış fəryadı
Səni dünya bağından alaqtək yolub gedər.
Etmirsə vəfa, ömrə amansız rüzgar
Etmirsə vəfa, ömrə amansız rüzgar,
Sən yaxşılıq ək, ta nə qədər ömrün var.
Bir halda ki, heç kimsəyə qalmır dünya,
Barı qoruyun, inciməsinlər dostlar.
XƏMSƏ
SIRLƏR XƏZINƏSI
Söz qoşmağın fəziləti haqqında
İlk dəfə tərpənəndə sözdən güc aldı qələm,
Sözdən doğuldu ilk hərf… şahiddir bütün aləm.9
Xəlvət pərdəsini ki qaldırdılar, atdılar,
Öncə söz cüvələndi. Sözdən can yaratdılar.
Sözdən bir səs, bir nəfəs gəlməmiş… inan mənə:
Can girmədi palçıqdan xəlq olunmuş bədənə.
O gündən ki, qələmlə kağız çatdı şərəfə,
Cahan açdı gözünü, sözü gördü ilk dəfə.
Söz olmasa… yerində dünya donardı, sözsüz,
Nə qədər söz dedilər, yenə əskilmədi söz.
Söz – canımızdır. Eşqin lüğətinə baxsana!
Biz sözük, gövdəmizsə yalnız xarabaxana!10
Yalnız qələm gücünə düşüncələr saxlanır,
Misra söz quşlarının qanadına bağlanır.
Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,
Tükü qırx yerdən bölən sözdən kəskin nə var, nə?
Düşüncənin əvvəli, rəqəmin, sayın sonu,
Təkcə sözdür, təkcə söz, yadında saxla bunu.11
Tacidarlar özü də tac söyləmişlər sözə,
Vasiflər vəsf eyləmiş, durub sözlə göz-gözə.
Gah sözün bayrağını çəkərlər eldən-elə,
Gah qələmin yazdığı saçar dünyaya şölə.
Bayrağını ən uzaq ellərə sancan da söz,
Qələmilə ən yeni iqlimlər açan da söz.
Bomboş fikrə, xəyala təslim olan kəslərə,
İlham üz göstəribmi məgər barı bir kərə?12
Biz ki gözlərimizi sözə dikmişik artıq,
Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq.13
Damarları donanlar sözdə tapar atəş, köz,
Bağrı yananlar14 üçün dirilik suyudur söz.
Sözdür bərbad aləmin abad qalan guşəsi,
Bu fələk süfrəsinin ən dadlı azuqəsi!
Hər boyadan an söz, ömür-günsən, ömür-gün,
Dillə vəsfini vermək, bəlkə də, qeyri-mümkün.
Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər,
Dilin, nitqin qüdrəti olur sözlə müyəssər.
Söz tapa bilməsəydi candakı şah damarı,
Can kələfin ucunu – aləmi tapardımı?15
Sözlə kəşf eləyiblər hər qaydanı, hər yönü,
Həm təbiət mülkünü, həm şəriət möhrünü.16
Mədən söz və qızılı təklif edib sərrafa,
Sərraf tərəzisində söz qızıldan çox baha!
Təzə söz, köhnə altun… hansı hakim kəsilir?
Söz hara, qızıl hara? Bunu sözdoğan bilir!
Öz qüvvəsilə gedər söz qasidi17… tövşüməz,
Söz qaldıran dağları qaldıra bilməz heç kəs.
Söz gümüşü yanında qara torpaqdı dirhəm,
Qızıl hansı itdir ki, onu sözə tay biləm?
Heç kəs əyləşə bilməz sözdən yuxarı qatda,
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.
Sözdən xəbərsiz qalır könüldən xəbərsizlər,
Sözün yozumu sözdən daha şux, daha dilbər.
Nə qədər ki cahan var, sözün coşsun qoy səsi,
Qoy sözlə tazələnsin Nizaminin nəfəsi.
Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü
Ölçülüb biçilməmiş dağınıq sözlər belə
Sözsə… zərgər yanında bənzər gövhərə, lələ.
Ölçülüb-biçilərsə incə fikir, incə söz,
Nə qədər gözəlləşər, olar ürəyincə söz.
Kim ki sözə söz qoşub tapar haqqın səsini,
Sözlə iki aləmin açar xəzinəsini.
Bu xəzinəni yalnız açar tapanlar açar,
Yalnız söz ərlərinin dilləridir bu açar.18
Sözün tərəzisini quran ulu hökmdar,
Sözün aşiqlərini19 sözlə etdi bəxtiyar.
Ərşin bülbülləridir20 cahanda söz qoşanlar,
Məgər özgələrinə tay tutularmı onlar?
Düşüncə atəşilə pərişan olan zaman,
Mələklərlə gəzərlər, mənzilləri asiman.21
Sözdoğanlar – nur saçan peyğəmbərin kölgəsi,
Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi.
Mətanət meydanında kimlər tutdu gör səfi,
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!
Şair ilə peyğəmbər – bir nigarın məhrəmi,
Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi.
Şairin süfrəsində şirin xurmalar ki var,
Xurma deyil, bəlkə də, ürək parçasıdırlar.
Ürəyin dişlərilə qoparılmış söz, fikir
Torpağın dimdiyilə cilalanmış incidir.
Hikmət qaynağı şeiri hər gün alçaldıb bir az,
Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.22
Kimin söz pərdəsində ahəngi var, sehri var,
Özü yerdə olsa da, ruhu göylərdə yaşar.23
Dizi üstə söz yazıb, ölkələri tutan kəs
Dünyada heç bir kəsin qapısında baş əyməz!24
Dizinə dirsəklənib fikrə dalan sənətkar,
Sözlə iki cahanın dövlətini qazanar.25
Əyilən məğrur başı ayağını salamlar,
Dirsəklənər dizinə, kamanlaşar sənətkar.26
Öz kaman halqasını qırmaq istəyən şair,
Bükülüb açılınca, təb üstündə dikəlir!27
Bükülmüş qamətilə sanki həlqə olanlar,
Fələyin qulağına bəzən min həlqə taxar.28
Bu hoqqabaz fələyin qarşısına sənətkar,
Bircə hoqqa yerinə neçə daş-qaş çıxardar.29
Söz köhləni qızarkən… sənətkarın ürəyi,
Dodağını öpməkçün yırtar köksü, köynəyi.30
Şairin ləl dodağı o zaman ki, açılar,
Yeddi göyün, Günəşin yaxasını parçalar.
Şairin ilham adlı cəsur bir atası var,
Dünyaya oğul kimi ər misralar bağışlar.
Şair qozbel fələyi qul eyləyər özünə,
Qulluqdan azad olar, özü köçsə sözünə.
Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,
Dilsizlərə dil verər, susmazları susdurar.
Hər gözələ can verən incə söz memarıdır,
Sən şairə vurul ki, o, söz bəstəkarıdır.
Müştəri ulduzumu söz ovsununda şair?
Ya Harutun sehrini qırıb pozan Zöhrədir?
Yəğmaladı bu kəndi qaçaq-quldur atlılar,
Şer adlanan bu dağı alçaqlar alçaltdılar.
Ağıl başımdan çıxır. Görün, sözbaz nə qədər…
Sözü abırdan salır şeir, söz çeynəyənlər.
Mən qanım bahasına yetirdim can meyvəsi,
Neçin su qiymətinə satılsın könül səsi?
Dad əlindən, ey fələk, söylə, haçaq, bəs haçaq,
Beli kəmərli mərdlər31 zülmündən qurtulacaq?
Başda gəzdirilməli sənət düşdü ayağa,
Aç ayaqdan qandalı, döndər sözü bayrağa!
Qızıl üçün, zər üçün sinov gedən həriflər
Sənətin sikkəsini, görün nəyə veriblər?!32
Qızıl sözü qızıla dəyişənlər alçalır,
Zülmətə işıq salan ləli33 verir, daş alır.
Sənətini bilənlər ən uca dağdan uca…
Bu işıqlı zirvəni kimlər alçaltdı bunca?
Sultanın qızılından zərli əba geyənlər,
Bir gün çörək yerinə dəmir çeynər, daş yeyər.34
Fəqət, saf civə kimi zər qəmi çəkməyən kəs,
Diri qalar, sultanın qılıncını gəmirməz.35
Madam ki, baldır sözün, ucuz satma onu sən,
Rəvamı söz şəhdini çibinlərə verəsən?
Sənə vəfalı yoxsa, umma hətta vəfanı,
Sormasalar, söyləmə hətta xoş bir duanı.36
Şəriət elmi səni adlı-sanlı bilməsə,
Girişmə şairliyə, uyma yırtıcı nəfsə.
Şəriət elmindədir şairin şair gücü,
Söz de ki, kəmərindən nur alsın Cövza bürcü.
Şerin qaldırar səni, Sidrdə əyləşdirər,
Sənə ən uca qatda şahlıq, sultanlıq verər.37
Hökmdarlıq şərəfi qazandırar söz sana,
“Söz hakimi” demişlər söz yaradan ozana.38
Fələklərə ucalan bir söz yaratmayınca,
Fələk kimi süst olub oturma bikar, bica.39
İsmətli ol əriyib baş əyən şamlar sayaq,
Gündüz təvazö əhli, gecələr ayıq-sayıq.40
O zaman ki, ilhamın aşıb-daşar, qızışar,
Çərxin köhlən atını ram edərsən… yumşalar.
Hər şeri bəyənmə sən, yarat elə bir əfsun,
Dünyanın şah əsəri sənin qismətin olsun.
Lovğalanma, görsən də gövhəri əllərində,
Ondan da əlasını ara öz içərində.
Qızışma, sözü bir az ehtiyatla bəyən sən,
Sən ki uca rütbəli söz yarada bilənsən.
Söz yolunun başına bayrağını dikənlər,
At çapar, Günəşi – top, Ayı – çövkən eləyər.41
Sənətkar duymasa da nəfəsində od, şölə,
Azaltmaz sürətini hətta bir nəfəs belə.
Təfəkkür meydanında oddur şair ürəyi.
Yazığı gəlsə belə, dalda qoyar fələyi.
Cəbrayıl qanadını at edib çapar şair,
İsrafilin telindən yelpazə yapar şair.
Yol vermə ki, tarlanı tapdalasın hər yetən,
İnci düzdüyün sapın ucunu göstərmə sən.42
Əncirin qol-budağı bomboş qalardı yayda,
Ənciryeyən olsaydı bütün quşlar dünyada.
Bu şivənin, bu dilin mahir ovçusuyam mən,
Dəyər məni görməyə, şairlər xasıyam mən.
Hər hücrəyə köçürdüm şeri, şeriyyəti mən,
Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.43
Birdəfəlik tullayıb zünnar ilə xirqəni,
Zahidlər, rahiblər də gəlib tapdılar məni.44
İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,
Quzey rüzgarlarını durub burda gözlərəm.
Aşkarlasam, car çəksəm bakirə sözlərimi,
Səs salaram cahana qiyamət suru kimi.
Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,
Mənim məftunum olar, mənim heyranım olar!
Bütün sehrbazları mat qoyur sehrim mənim!
Mələkləri aldadan əfsundu şerim mənim.
Gəncəm – Babilim mənim Harutu45 yandırmada,
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada.
Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür,
Dilim – ruh aləminin lisanıdır, gözüdür.46
Duz-çörəyim bilirəm öz cadugər şerimi,
Halal sehrim sındırır Harutun hər sehrini.47
Ürəyinin şəklidir Nizaminin sözləri,
Mənim halal sehrimlə daim canlı, dipdiri!
Ümidsiz padşahın bağışlanması dastanı
Adil şah yuxusunda zalım bir soltan gördü,
Soruşdu: – Sənə Tanrı hansı cəzanı verdi?
Gündüzlər qan tökmüsən, ev yıxıb, zülm etmisən,
Gecə hansı əzabı çəkdin əvəzində sən?
Zalım cavab verdi ki: – Ömrüm çatarkən sona,
Göz gəzdirdim cahana, pənah gətirdim ona.
Görüm düşkün çağımda yol göstərən kimim var?
Tanrı mərhəmətinə kim məni ulaşdırar?
Baxıb gördüm heç kəsin mənə bir şəfqəti yox,
Hiddəti, nifrəti çox, lütfü, mərhəməti yox.
Söyüd kimi titrədim, dözmədim bu rüzgara,
Ürək yara, üz qara, indi gedim mən hara?
Axar suya tulladım dörd ucunu kilimin,
Təkcə Tanrı lütfünə bağladım öz könlümü.
Dedim: “Ey ulu Tanrım, biz acizik, sən qadir,
Bu miskin, aciz qulun səndən xəcalətlidir.
Suçlarından peşiman zavallıya rəhm elə,
Nifrinlər qazanmışam yolundan çıxmaq ilə.
Ya tulla cəhənnəmə – ən sərt cəza ver mənə,
Ya da pisliklərimin əksini göstər mənə”.
Gördü üzümdə tər var – xəcalət nişanəsi,
Üz döndərmədi məndən, kimsəsizlər kimsəsi.
Feyzilə qəbul etdi mənim yalvarışımı,
Çiynimdən dağ götürdü, sığalladı başımı.
Peşmanlıq, tövbə dolu bir nəfəs getməz hədər,
Qiyamətdə Tanrının qəzəbini söndürər.
Ey boşboğaz, aldığın hər boş nəfəs, fikir ver:
Bir əzab tərəzisi, bir ziyan ölçüsüdür.
Boş keçmiş hər gününü bir ziyan meyarı say,
Neçə il öldürmüsən, neçə fəsil, neçə ay.
Ömrünün tərəzisi incisizdir, ey sərxoş!
Həyat qədəhin dolur, həyat sandıqçansa boş.
Tərəziyə yerdəki daşları doldurma sən,
Bu fani muncuqları48 qolbağına vurma sən.
Nə qədər yığmısansa, bircə dirhəmə dəyməz,
Ömrü verdiyin sövda bir nəfəsmiş, boş nəfəs.
Hər nə almısansa, ver, cəm etməyə can atma!
Əlindən gələn qədər payla, bölüş, uzatma!
Belin məzlum əlindən, boynun kölə haqqından,
Qurtulsa, qiyamətdə, bəlkə, taparsan aman.
Onda sənin ətəyin yetimlərə tor olmaz,
Dullar tutub yaxandan, səndən tələbkar olmaz.
Köhnə, cındır döşəkli bu dünyadan sən əl çək,
Kirli ətəyini yu, nəfsin gözünə mil çək.
Ya sən qəriblər kimi ruzu yığ yol getməyə,
Ya çəkil Nizamitək dünyadan bir guşəyə.
Adil Nuşirəvan ilə vəzirin hekayəti
Ayrılıb rəiyyətdən, səltənətdən, saraydan,
Bir gün ov həvəsilə atlandı Nuşirəvan.
Bu səfərdə munisi, dostu yalnız vəzirdi,
Özgəsini xoşlamır, tək onunla gəzirdi.
Ovlaq həndəvərində baxdı, birdən nə gördü:
Düşmənin qəlbi kimi boş bir viranə gördü.
Gördü ki, bir cüt bayquş civildəşir, uçurlar,
Şahın hövsələsitək araları xeyli dar.
Vəzirdən soruşdu şah: – Nə qonuşur bu quşlar?
Nədir bu həyəcanlı qışqırışlar, təlaşlar?
Vəzir cavab verdi ki: – Ey dövrün tacidarı!
Öyüd xoşlamış olsan, anladaram əsrarı.
Bir toyun sövdasıdır bu dartışma, bu söhbət,
Bir kəbin üstündədir bu bazarlıq, məşvərət.
Bu quş verib qızını, başlıq umur o quşdan,
Gəlin başlığı istər bir az öncə, bu başdan.
Deyir: “Bu viran kəndi cehiz verirsən mənə,
Bir neçə xərabə də qoymalısan üstünə”.
O biri quş deyir ki: “Əbəs alver etməyək,
Şahın zülmlərini görüb, qüssədən əl çək.
Şah bu şahsa, gərdiş də bu cür gedərsə yenə,
Yüz min belə xərabə cehiz verərəm sənə”.
Yatmışdı, silkələdi bu cavab padşahı,
Ciyərini yandırdı onun fəryadı, ahı.
Baş-gözünə döydü şah, axıtdı göz yaşları,
Göz yaşlarından savay nə olar zülmün barı?
Barmağını dişlədi heyrət ilə, mükəddər49:
“Zülmün gücünə bax ki, quşlar da tutmuş xəbər.
Zülmü hansı zirvəyə çatdırıb ki, gör bəşər,
Toyuqların bağrını çalağanlar didirlər.
Ey dünyanın düşgünü; qafil mən, bixəbər mən!
Başıma döyməliyəm hələ, gör nə qədər mən!
Nə vaxtacan soydurub soyacağam elləri?
Yaddanmı çıxarmışam qiyaməti, məhşəri?
Nə vaxtacan edim mən bunca əliuzunluq?
Öz başıma açdığım oyun qorxuludur çox!
Bu mülkü verib mənə, bəxş eləyib ki, Tanrı,
Qovum yaramazlığı, qoruyum yadigarı.
Üstüm bəzək, içimsə təzək kimidir, heyhat,
Üstüm qızıl, içim mis. Misəm, ey dadi-bidad!
Gərək sənin könlündə kərəm olaydı, inan,
Utanaydın özündən, ya da ulu Tanrıdan!
Bu dünyada zülm oldu zövqüm, əyləncəm mənim,
O dünyada başıma kül tökməzmi qəm mənim?
Barsız, miskin ömrümün mükafatı – cəhənnəm,
Mənim sümüyümü də yandıracaq bu sitəm.
Nə vaxtacan töküm mən – yoxsa ömrün uzunu,
Həm xalqımın qanını, həm üzümün suyunu?!
Qiyamət – məhşər günü yapışaraq yaxandan,
Cavab istəyəcəklər, ey soyğunçu, bunu qan!
Peşimanlıq həyası boğsun məni, yanmasam,
Qoy bağrım daşa dönsün, bu qüssəni qanmasam.
Bu peşmanlıq, bu həya, bu iztirab, bu kədər,
Yol yoldaşım olacaq məhşər gününə qədər!
Çiynimdəki yük50 qədər deyin, kimin yükü var?
Dünyada kim mənimtək bunca zavallı olar?
Bu qədər cəvahirdən, bu qədər cah-calaldan,
Nə apara bildi Cam, nə götürdü Nəriman?
Sonsuz vilayətimdə hər şey itaətimdə,
Nə istəyirəm daha mən öz aqibətimdən?”
O qədər dəyişdi ki, şahın halı, əhvalı,
Naləsindən yumşaldı atının polad nalı.
Ordugaha dönüncə təzələdi işləri,
Vilayəti bürüdü həssas nəvazişləri.
Əli qələmli, adil bir şah gördülər onu,
Fərman verib ürəklə, kəsdi zülmün yolunu.
Boğdu cövrü, cəfanı, car çəkdi ədaləti,
Axır nəfəsinədək qorudu səadəti.
Zəmanədə nə qədər devrim – inqilab oldu,
Nuşirəvan ölsə də, onun haqq səsi qaldı.
Onun adı yazılmış sikkənin üzərində,
“Adil” sözü gördülər xoş günlərin birində.
Bəli, ondan dünyada parlaq xatirə qaldı,
Ədalətin zəngini kim ki çaldı, ucaldı.
Könül yıxma, könül tik, can qoy xalqın uğrunda,
Səndən mehrini onda əsirgəməz Tanrı da.
Tap, sənə yar olsunlar Günəşə at çapanlar51,
Dostun səfası üçün cəfa çəkən – bəxtiyar.
Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver,
Onda hamı deyəcək: – Qulunam, fərmanı ver!
Məhəbbətində qızğın, nifrətində soyuq ol,
Günəş kimi, Ay kimi payla nurunu bol-bol.
Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar,
Bir gün həmən yaxşılıq öz üstünə qayıdar.
Sən çərxin gərdişinə qiyas gözüylə baxsan,
Yaxşı-yaman gündə də haqşünas olacaqsan!
Bu hərlənən günbəzin dal seyrinə bir müddət,
Hər şeydən üstün nədir? Tanrımıza itaət!
Üz döndər suçlarından, yaxşılıq et, haqqı tap,
Təki peşman oluban çəkməyəsən dərd, əzab.
Üzrə, hiyləgərliyə əl atma, bəyənilməz,
Gözəl işlər gözləyir dünyada səndən hər kəs.
Sözlə başa gəlsəydi bu dünyanın nizamı,
Fələklərin çiynində yer tutardı Nizami.
4.Kafur – ölünü yumaq üçün işlədilən kəskin qoxulu ağ, kristal maddə
5.Natəvan – zəif, gücsüz, taqətsiz
6.Əfsanəyə görə, zülmətdə dirilik suyu tapmış və bu sudan içməklə ölməzliyə qovuşmuş Xızır peyğəmbər və nəfəsi ilə ölüləri diriltməyə qadir Həzrət İsa nəzərdə tutulur.
7.Kölgə yalnız divara düşdükdə aydın görünür, başqa hallarda sürünür. Hədsiz zəifləmiş qocaların divardan tuta-tuta getməsinə işarə olunur.
8.Yəzdan – qədim zərdüştilərdə xeyir allahı
9.Nizami cahanın Tanrı tərəfindən “Kun – Ol!” əmrilə yaradılmasına işarə edir. Onun əzəli qələmi “Lövhi-məhfuz”da kainatın taleyini sözlə yazıb, deməli, hər şeydən öncə sözü yaratmışdır.
10.Yaradıcı şəxsiyyətin canı – bu aləmə yadigar qoyub getdiyi sözündədir, bədəni, cismi, gövdəsi gəldi-gedərdir, tələl (skelet) hökmündədir.
11.Kainatın yaradılışında məqsəd sözdür, onun sonu da sözdən ibarətdir. Əbədi qalan yalnız sözdür.
12.Yalnız həqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa və bu sözün sayəsində yaşamağa qadirdirlər. Sözü gerçəkliyi pərdələmək vasitəsinə çevirənlərə, bomboş xəyal uydurmaçılarına söz heç vaxt üz göstərmir, yalançıları, saxtakarları yaxına buraxmır.
13.Yaradıcı insanın taleyi yaratdığı sözün dəyərindən asılıdır.
14.Damarları donanlar, bağrı yananlar – bədii və elmi söz yaradıcıları, şairlər və alimlər
15.Söz – Tanrının “Kun – Ol!” əmri. Candakı şah damar – ruh. Kələfin ucu – maddi aləm. Beytin mənası: Tanrı neməti söz kəşf edilməsəydi, ruhu və bu maddi aləmi tapmaq olardımı? Yox!
16.Təbiətin və şəriətin bütün qanunları yalnız bədii və elmi sözün sayəsində kəşf olunub və möhürlənib, təsdiq olunub.
17.Söz qasidi – qələm və dil
18.Poemanın ilk beytindəki hədisin məzmunu yenidən yada salınır: “Ya Cəbrayıl, bu nə qəsddir?”, “Ya Məhəmməd, bu ərşin altındakı Tanrı xəzinəsidir, onun açarı isə şairlərin nitqidir”.
19.Sözün tərəzisini quran ulu hökmdar – Tanrı. Sözün aşiqləri – peyğəmbərlər
20.Ərşin bülbülləri – şairlər
21.İlham məqamında şairlər mələk səviyyəsinə ucalırlar.
22.Şairlik əvəzinə saray məddahlığı edən, eybəcəri gözəl kimi qələmə verən şeirbazların həyasızlığı, sərvət, şöhrət düşkünlüyü ucbatından poeziyanın ləyaqəti ayaqlar altına salınmışdır.
23.Söz pərdəsində ahəng yaratmağı bacaranlar, yəni yaradıcı qüdrətə malik olan şairlər yoxsul həyat keçirsələr də, mənən zəngindirlər, onların özü yerdə, ruhu göydə yaşar.
24.Qələm, kağız götürüb dizi üstündə şeir yazan şairlər şahlardan fərqli olaraq, qılınca və orduya ehtiyac hiss etmədən ürəkləri, ölkələri tutmağa qadirdirlər. Buna görə onlar məğrur və əzəmətlidirlər, heç bir şahın dərgahında baş əyməzlər!
25.Yaradıcı qüdrət hər iki cahanın hökmdarıdır. Onun ömürdən başqa mənəvi ömrü, dünyadan başqa mənəvi dünyası var.
26.Dizinə dirsəklənib başını aşağı dikən sənətkar bu vəziyyəti ilə gərilmiş kamana bənzər. Kamandan çıxan ox şairin dilindən saçılan bədii sözdür ki, mənəvi şikarı ələ gətirir.
27.Yaradıcılıq məqamında böyük əzablar çəkən şair istədiyi sözü tapanda düşdüyü əzabdan qurtulur, öz kaman həlqəsini qırır, dikəlir.
28.Fələyin qulağına həlqə taxmaq onu özünə qul etmək deməkdir. Yalnız yaradıcı qüdrət sahibləri bu işi görməyi bacarır, zamanı özünə təslim edir, fələyi qulağı həlqəli qula çevirə bilirlər.
29.Hoqqabaz fələk hoqqa, oyun çıxardığı halda, yaradıcı qüdrət sahibi onun qarşısına misilsiz söz inciləri çıxarır və buna görə fələyin belini sındırır, ona qalib gəlir.
30.Yaradıcı ilham məqamında sənətkarın ürəyi köks qəfəsini dağıdır, uçur, qanadlanır və sənətkarın dodağından öpmək istəyir. Niyə? Çünki indicə dodaqlarından dürrə, mərcana bənzər sözlər saçılmışdır.
31.Beli kəmərli mərdlər – şairlər
32.Məddah saray şairləri, qarınqulular, ucuz şöhrət və sərvət düşkünləri sözü satmaqla görün nə dərəcədə alçalır, sənətin sikkəsini hörmətdən salırlar.
33.Zülmətə işıq salan ləl – günəş, yaxud poeziya
34.Burada saray şairlərinin aqibətinə işarə olunur. Sultanın qızılı hesabına zərli əba geyən şeirbazlar axırda sultanın qəzəbinə düçar olur, bəzən dəmir çeynəmək, qılınc zərbəsi dadmaq dərəcəsinə gəlib çatırlar. Burada saray şairlərinin boğazına əridilmiş qızıl tökmək dəbinə də işarə var.
35.Nizaminin fikrincə, sultan qəzəbindən qorunmağa yeganə təminat şairin öz nəfsini cilovlamağı bacarmasıdır, o, civə kimi saf, təmiz qalmağı bacarmalıdır. Qədim kimyagərlərin fikrincə, qızıl civəyə doğru can atdığı halda, civə qızıla doğru can atmır. O, müstəqildir, pakdır.
36.Özləri verməyincə hökmdarlardan pul, mükafat, imtiyaz umma!
37.Sənətkarın hörmətini, nüfuzunu ucaldan yalnız öz poeziyasıdır. Yalnız böyük poeziyası sayəsində o, göyün 7-ci qatında yerləşən əfsanəvi Sidr ağacı mövqeyinə yüksələ bilər, cəmiyyətin ən uca qatında mövqe tutan sultanlardan, şahlardan belə yüksək və əzəmətli görünər.
38.Beyt “Şairlər – söz hökmdarıdır” ərəb məsəli üstündə qurulmuşdur.
39.Sən əsrlərin, fələklərin başı üstündən keçib gedə biləcək böyük, qadir, ülvi söz yaratmağa borclusan. Nəfsini cilovla, özünü gəldi-gedər şahlar, sultanlar önündə alçaltma!
40.Burada gündüzdən daha çox gecələr çalışan şairlər şama bənzədilir. Gündüzlər sakit dayanan şamlar yalnız gecələr yaşayır, əriyə-əriyə işıq saçmaqla ayıq-sayıq ömür keçirirlər.
41.Yalnız bədii sözün ləyaqətini uca tutan şairlər Ay kimi işıqlı, Günəş kimi qüdrətli poeziya yarada bilərlər.
42.Düzəliş üçün şeirlərini başqa şairlərin ixtiyarına vermə, onlar sənin min bir əziyyətlə becərdiyin tarlanı tapdaya, inci düzdüyün sapı qıra bilərlər.
43.Nizami öz poeziyasının inqilabi mahiyyətini işıqlandırır: Mən şeiri ümumxalq malı etdim, meyxanədən və saraya xidmət vəzifəsindən qurtardım, sənəti uca bir mövqeyə qaldırdım.
44.Nizami Gəncəvi öz poeziyasının beynəlmiləl mahiyyətinə işarə vurur. Bu poeziya yalnız xirqə (qıldan toxunma, yamaqlı, cındır əba) geyən sufilər, dərvişlər və zahidlər üçün deyil, belinə zünnar (qıldan toxunmuş kəmər) bağlayan xaçpərəstlər, məsihilər üçün də gərəklidir. Nizami poeziyası olan yerdə nə xirqəyə ehtiyac qalır, nə zünnara. Bütün bəşəriyyətə məxsus Nizami sənəti dini atributların hamısından yüksək dayanır.
45.Harut və Marut – Tanrı tərəfindən göndərilmiş iki mələyin adıdır. Hər ikisi Zöhrə xanıma vurulub, onu yoldan çıxarmaq istəyirlər. Tanrının buyruğu ilə Zöhrə planetə çevrilir. Harut ilə Marut isə Babilistanda cəzaya məhkum olunur, dərin bir quyudan başıaşağı asılırlar. Poeziyada Harut, Marut, Babil sehr, əfsun rəmzi kimi işlədilirlər. Nizami ana yurdu Gəncəni Babilistana, öz poeziyasını isə cadugərlərin tilsimini qıran qüdrətə, habelə dan ulduzu Zöhrəyə bənzədir.
46.Bu məntəqənin (Gəncənin) Zöhrəsi (musiqiçi və müğənnilərin hamisi), mənim Zöhrəm tərəziçidir, sözümün dəyərini tərəzidə çəkir. Mizan bürcündə ölçür və görür ki, mənim şeir-sənət dilim ruh aləminin dilidir, ləyaqət və gözəllik meyarıdır.
47.Harutun sehr və tilsimləri yalana, adam aldatmaya əsaslandığı üçün haramdır, mənim sənət cadularım isə həqiqətə, ilhama güvəndiyi üçün zəhmətimlə qazandığım gündəlik duzum, çörəyim qədər halaldır. Mənim halalım hər cür haramı sındırır, batil edir.
48.Fani muncuqlar – qızıl, mülk, varidat yığmaq aludəliyi
49.Mükəddər – kədərlənmiş, qəmlənmiş
50.Çiynimdəki yük – zülmün yükü
51.Günəşə at çapanlar – Tanrıya can atanlar
Ücretsiz ön izlemeyi tamamladınız.
₺165,26
Türler ve etiketler
Yaş sınırı:
12+Litres'teki yayın tarihi:
11 nisan 2023Hacim:
15 s. 26 illüstrasyonISBN:
978-9952-311-21-1Telif hakkı:
TEAS PRESS