Kitabı oku: «Dünyanın ən dahi taciri»
Ön söz
Salam… Mən Oq Mandinoyam. Mənim uzaq uşaqlığımın bəzi xatirələri indiyə qədər də xatirimdə çox parlaq qalıb, çünki belə hallarda fikirlərim qəribə, balaca, kürən qadının – mənim anamın yanına qayıdır. Onun öz oğlunun gələcəyi haqqında xəyalları çox qeyri-adi idi. Təkrar-təkrar: «Nə vaxtsa sən yazıçı, hətta dahi yazıçı olacaqsan» deyirdi. Və budur… Onun arzusu çin olub.
Uşaqların çoxu valideynlərinin onların gələcəyini planlaşdırmasından inciyirlər, mənim isə anamın fikrindən xoşum gəlirdi. Məşhur yazıçı olmaq! Hələ məktəbdə ilk qiymətimi almamışdan çox-çox əvvəl anam kitabxanadan kitablar gətirməyə başlamışdı. Daim uydurduğum kiçik əhvalatlar da onun xeyirxah mühakiməsinə verilirdi. Yuxarı siniflərdə mən məktəb qəzetimizin əvəzedilməz redaktoru idim.
Əlbəttə, o vaxt mənim planlarım daha əzəmətli idi – mən Missuridəki universitetə daxil olmaq fikrindəydim, çünki oranı ölkədə jurnalist hazırlayan ən yaxşı təsisat hesab edirdim. Və birdən… Məktəbi qurtarmağıma altı həftə qalmış anam vəfat edir. Ölüm onu mətbəxdə, mənim üçün həmişəki qaydada yemək hazırlayanda, yaxalamışdı.
Mən itkinin ağrısı ilə barışana qədər acı zamanlar yaşadım. 1940-cı ildə, təhsilimi davam etdirmək əvəzinə, kağız fabrikində işləməyə getdim, 1942-ci ildə isə Hərbi hava korpusuna daxil oldum. 1943-cü ildə bombardımançı aviasiyada xidmət edəndə zabit rütbəsi verdilər və gümüş qanadlarla mükafatlandırdılar. Mən B-24 «Liberator»da Almaniyanı otuz dəfə bombalamışdım.
Müharibə qurtaranda Birləşmiş Ştatlara qayıtdım və tez də anladım ki, təkcə ali məktəbi bitirmiş keçmiş bombardmançı aviasiya zabiti üçün iş tapılmayacaq. İşsizlik müavinəti hesabına bir neçə ay acınacaqlı həyat sürdükdən sonra, sığorta agenti peşəsini seçməyə qəti qərar verdim. Müharibəyə gedəndə tanış bir qıza onunla evlənəcəyimi söz vermişdim və indi bu vədi yerinə yetirmək niyyətində idim.
Mənim, onun və Tanrının bizə bəxş etdiyi kiçicik qızım üçün qorxulu yuxuya dönmüş on il keçdi. Sığorta biznesi sahəsində gecə-gündüz o qədər çalışmaq lazım gəlirdi ki, bəzən bu dəqiqə yıxılacağımı hiss edirdim. Bunula belə biz borc bataqlığının daha dərin qatlarına enir və mən, ümidini itirmiş digər adamların bu gün də başına gəldiyi kimi, öz problemlərimin dairəsinə qapanmağa başlayırdım
Bir dəfə telefon zəngləri, təklif və sorğu-suallarla dolu gərgin iş günündən sonra «mütləq içməliyəm» fikri ilə bara girdim. Hesab edirdim ki, mən bu haqqı qazanmışam. Razılaşın ki, çoxları belə düşünür. Birinci qədəhin dalınca ikincisi gəldi. Sonra isə ikincinin dördüncüyə, dördüncünün altıncıya necə keçdiyini hiss etmədim. Nəticədə bundan bezmiş arvadım və qızım məni tərk etdilər.
Haqqında ancaq dumanlı xatirələr qalmış iki il keçdi. Mən köhnə «ford»la ölkə boyu səyahət edir, bir butulka ucuz şəraba yetəcək əmək haqqına hər bir işi görürdüm. Təbiidir ki, bu şərabı içəndən sonra, gecəni hansısa bir xəndəkdə, acınacaqlı həyatıma ağlamaqla keçirirdim. Lakin Klivlenddəki şaxtalı qış səhəri təkcə yaddaşıma həkk olunmadı, həm də əvvəlki həyatımın üstündən yağlı bir xətt çəkdi. Lombardın yanından keçəndə, onun donmuş pəncərə şüşəsindən, içəridəki çox da böyük olmayan tüfəngi görüb dayandım.
Onun lüləsinə bərkidilmiş sarı lövhənin üzərində 29$ yazılmışdı. Jiblərimi eşələyib oradan üç ədəd on dollarlıq çıxara bildim.... Mənim bütün var-yoxum bu idi. Qərara gəldim ki, «Bütün problemlərimə son qoymaq vaxtı çatıb. Tüfəngi və bir cüt güllə alıb, qaldığım mənfur otağa qayıdacaq, onu doldurub lüləsini başıma dayayacaq…çaxmağı çəkəcək…və bu islah edilməz uğursuzun hər gün güzgüdə əks olunan sifətini bir daha görməyəcəm».
Bu fikrin məndə hansı hisslər yaratdığını təsvir edə bilmərəm. Sonralar, bu hadisə yadıma düşəndə, zarafatla özümü həyatla haqq-hesabı çürütmək üçün özündə güc tapa bilməmiş onurğasız məxluq adlandırırdım. Mən, əlbəttə ki, tüfəngi almadım. Lakin bir dəfə, güclü qar yağanda, həmin lombardı tapmaq üçün geri qayıtdım. Çox dolandıqdan sonra özümü ictimai kitabxananın qabağında dayanmış gördüm. Çöldəki şaxtadan sonra içəri çox isti idi.
Mənim minlərlə kitab arasında səyahətim buradan başladı. Bu səyahət məni içərisində həyatda uğur qazanmaq istəyənlər üçün yüzlərlə səbəb və gərəkli məsləhətlər olan, qeyri-adi ədəbiyyatın yerləşdiyi kitab rəflərinin yanına gətirdi. Məni narahat edən suallara cavab tapmaq ümidiylə bir neçə kitab seçdim və masanın arxasına keçib oxumağa başladım. Mən harada səhv etmişəm? Mən həyatımın yalnız düzgün hərəkət və bayramlardan ibarət olması üçün yetməyəcək ali təhsilə malik ola-ola səhv hərəkət edə bilərdimmi? Mənim üçün heç olmasa bir ümid qığılcımı qalıbmı? Alkaqola olan meylimdən canımı necə qurtarım? Mən həyatda hər şeyi itirmişəmmi?
Doğrudanmı mənim həyatım sürünməyə, uğursuzluğa və peşimanlığın acı göz yaşlarına məhkumdur. İndiyə qədər mən, özüm-özümü axtararaq, boş-boşuna ölkə boyu vurnuxurdum. Klivlend kitabxanası mənim yolumda ilk dayanacaq oldu. Bunun ardınca digər kitabxana və oxu zalları gəldi. Mən özünü təkmilləşdirmənin yolunu göstərən çoxlu sayda kitab oxumalı və spirtli içkiyə bağlılığı bir dəfəlik atmalı idim.
Mən, bir müddət sonra, Konkord şəhərinin kitabxanasında dünyanın ən dahi müasir klassikini – U.Klement Stounu (W.Clement Stone) özüm üçün kəşf etdim. Onun «Hər işdə inam üğurun rəhnidir» kitabı həyatımı tamamilə dəyişdi. Stounun uğur fəlsəfəsi mənə elə təsir göstərdi ki, bir gün özümdə istənilən məqsədə çatmaq üçün nəhəng güc və qabiliyyət hiss etdim. Artıq borcları qaytarmaq vaxtı çatdığını hiss etdim və ümumi rifah yolunda çalışmağa başladım.
Mister Stoun “Combined Insurance Company of America”nın (Birləşmiş milli sığorta agentliyi) prezidenti idi və məhz buna görə, uzun axtarışdan sonra, onun şirkətinin Bostondakı bölməsində sığorta agenti işinə düzəldim. Bundan bir qədər əvvəl məni sevən, məndə ümid və gücümə inam yaratmış qadını tapdım. Sığorta şirkəti otuz iki yaşlı uğursuzu işə qəbul etdikdən sonra isə təxirə salmadan evləndik. Bütün həyatımda birgə yaşadığımız qırx ildən daha yaxşı bir şey olmayıb.
Bir il ərzində mən işimdə qabağa gedərək, soyuq, yeddi küləyin yolu üstündə yerləşən Şimali Men dairəsində ticarət üzrə menecer vəzifəsinə çatdım. Kartof yığımından əldə etdikləri təsadüfi əmək haqqı ilə dolanan bir neçə nəfəri işə götürdüm, onlara ticarətin prisiplərini izah etdim və kökündə həyata yeni müsbət baxış dayanan Stoun fəlsəfəsini fəal surətdə tətbiq etməklə işə başladım. Nəticələri çox gözləmək lazım gəlmədi və tezliklə biz şirkətin sığorta sahəsində olan bütün əvvəlki rekordlarını təzələdik.
İstifadə etmədiyim istirahət günlərinin hesabına bir həftə vaxtım yarananda mən yazı makinəsini icarəyə götürdüm. Vaxt keçdikcə demək olar ki, tamamilə sönmüş yazıçı olmaq arzusu yavaş-yavaş gerçəkliyə çevrilməyə başladı. Mənim ilk əsərim ticarət agentlərinə kənd yerində sığortanın aparılması haqqında tövsiyyələrim oldu. Mən onları yenidən, mümkün qədər səliqəli, çap edib şirkətin Çikaqo ofisinə göndərərək, rəhbərliyimin Şimali Məndə basdırdığı Dahi istedadın tanınması üçün tanrıya yalvarmağa başladım.
Və…möcüzə baş verdi! Yadımda qalan növbəti şey Betti, mən və kiçik oğlumun, maşınımızın üstünə sığmış bütün əmlakımızla birlikdə, Çikaqoya yola düşməyimizdir. Məni dərhal şirkətin ticarət şöbəsinə işə təyin etdilər. Burada mən şirkətin bülletenini tərtib edirdim. Sonra isə… Mən nəhayət yazıçı oldum! Mister Stoun, bütün əməkdaşlar və səhmdarlar arasında yayılan, «Sərhədsiz uğur» adlı kiçik tirajlı nəşrin buraxılmasına başladı. Mən ofisdə bir neçə ay işlədim və mister Stounun böyük dostuna çevrildim.
Elə bu vaxtlarda çap etdiyimiz kiçik tirajlı nəşrin redaktoru öz istəyi ilə işdən çıxdı. Öz mövqeyimi qızğın müdafiə etsəm də redaktor ixtisası haqqında heç nə bilmirdim, lakin mister Stoun mənə təkcə bu vəzifəni vermədi, həm də vacib bir işi etibar etdi. Mən adi çap orqanını ümummilli jurnala çevirdim. Direktorun masamın üstündə duran ağ hesab blankları isə mənə ümumi məqsədlərə çatmaq üçün vacib olan tam fəaliyyət sərbəstliyi təmin edirdi.
Bizim jurnalın işçilərinin sayı on il ərzində ikidən altmış ikiyə artdı, tiraj özünü maliyyələşdirmə səviyyəsinə qədər artdı və jurnal 250000 oxucunu əhatə etdi. Curnalın redaksiyasında bir neçə ay işləmişdim ki, birdən yaxın günlərdə çıxacaq nömrədə hansısa bir məqalənin çatışmadığını hiss etdim. Keçmiş nömrələrdə apardığım axtarış bir nəticə vermədi.
Qolf oynamağa yollandım, evə qayıdanda isə bütün gecəni işləyib, dəhşətli avtomobil qəzası nəticəsində əlil olmuş Ben Hoqan haqqında hekayə yazdım. İgid insan təkcə yenidən yeriməyi yox, ölkənin açıq çempionatını udmağı belə bacarmışdı! Məqalə «Sərhədsiz uğur»da dərc olundu və tale yenidən işə qarışdı, masamın üstündə Nyu-Yorkun məşhur nəşriyyatlarından birinin məktubunu gördüm. Məktub yazıçının tanınmaq arzusu ilə əlaqədar idi. Hoqan haqqında məqalə onların xoşuna gəlmiş, redaktor mənim istedadıma inanmış və belə bir fikir söyləmişdi ki, kitab yazmağa ciddi girişsəm, onların nəşriyyatı həmin kitabı nəşr etmək məsələsinə baxa bilər.
On səkkiz aydan sonra «Dünyanın ən böyük taciri» adlı kiçicik bir kitab işıq üzü gördü. Əlbəttə Oq Mandino haqqında heç kim, heç vaxt eşitməmişdi, ona görə də birinci tiraj kiçik, cəmi beş min nüsxə idi. Lakin uğur yenə də üfüqdə göründü. “Amway Corporation”in şəriki, maqnat DeVos şirkətin şurasında çıxış edərkən bu yaxınlarda məzəli Oq Mandino adlı adamın yazdığı «Dünyanın ən böyük taciri» kitabının çapdan çıxdığını bildirmiş və hər bir adama onu oxumağı təkidlə tövsiyyə etmişdi.
DeVosanın tövsiyyəsi kitaba marağı artırdı və satılan nüsxələrin sayı ağılasığmaz səviyyəyə yüksəldi. İki ildən sonra, kitabın ümumi tirajı üç yüz əlli minə çatanda, “Bantam Books” nəşriyyatı onun nəşr hüquqlarını satın aldı. Satışa çıxan kitablara tələbat heç vaxt azalmadı. Bu gün, ilk nəşrdən otuz beş il keçəndən sonra da, ayda yüz mindən artıq super qapaqlı kitab satılır. Mən o vaxtdan bu günə qədər hər həftə minnətdar oxucularımdan təqribən səksənlə yüz iyirmi arasında təşəkkür məktubu alıram.
Onlar öz məktublarında soruşurlar ki, kitab mənim öz həyatımı da dəyişibmi? Lakin məni hər şeydən artıq təəccübləndirən təkcə sıravi deyil, həm də çox məhşur adamların – aparıcı sahibkar, dünyada tanınmış idmançı, uğur qazanmış şou-biznesmenlərin məktub yazmasıdır. Əlbəttə mən bütün məktublara cavab verirəm və onların şəxsi xarakteri məni dərindən həyəcanlandırır. Ona görə də məktub müəlliflərinin adlarını gizli saxlayıram. Mən həqiqətən xoşbəxt insanam! Sevimli anamın bu dünyanı tərk etməsindən yarım əsrdən artıq bir vaxt keçib. Bilmək istərdim ki, göylərdədirsə və məni eşidirsə öz baxışlarını Yerə yönəldəndə oğlunu görüb onunla fəxr edirmi. Buna ümid etmək istərdim.
İndi isə… «Dünyanın ən dahi taciri»ni oxuyandan sonra mənə öz rəyinizi göndərməyinizi xahiş edirəm.
Oq Mandino
Birinci fəsil
Hafid bir anlığa tunc güzgünün qarşısında dayandı və parıldayana qədər cilalanmış metalda əks olunan tanış simaya baxdı.
– Keçmiş gəncliyin izlərini ancaq gözlər saxlayıb, – pıçıldadı və geniş mərmər zal boyu asta-asta addımladı. Qocalmış ayaqlarını çətinliklə sürüyərək gümüş və qızılla işlənmiş tavanı saxlayan, damarlı qara əqiqdən sənətkarlıqla yonulmuş sütunların arasından keçib, sərv ağacından düzəldilmiş və fil dişində oyma ilə bəzədilmiş qədim masaların yanına çatdı.
Güzgü kimi cilalanmış tısbağa qınları hər yerdə – divarlarda, əcaib şəkilli qiymətli parçalarla üzlənmiş divan və taxtlarda soyuq-soyuq işıldayırdı. Geniş bürünc kasalarda bitmiş, əsrlərdən və müxtəlif sahiblərindən çox yaşamış böyük palmalar əllərində, bir-biri ilə sanki yarışa girmiş, qiymətli daşlarla işlənmiş gül səbətləri tutan kirəc nimfalarlı fəvvarəni əhatə edirdilər. Hafidin təxəyyülü heyran edən sarayını görmək xoşbəxtliyi nəsib olmuş heç bir şəxs buranın sahibinin nağıllardakı qədər varlı olduğuna şübhə edə bilməzdi.
Çalsaç sahib orancereyadan və balaca dəhlizdən keçib anbara daxil oldu. Bu, uzunu beş min addımdan çox olan nəhəng bir bina idi. Hafidin baş hesabdarı Erazmus, ayağının birini götürüb o birini qoyaraq, sahibin haqlı qəzəbini gözləyirdi.
– Salam, mənim sahibim.
Hafid yüngülcə başını tərpədib yoluna davam etdi. Erazmus onun arxasınca getdi. Hesabdar sahibinin məhz burada görüşmək haqqında qeyri-adi istəyindən narahat olduğunu gizlədə bilmirdi. Hafid aşağı meydançanın yanında dayandı ki, gətirilmiş malların necə boşaldıldığına baxsın və təqribi də olsa onların qiymətini müəyyən etsin.
Burada Kiçik Asiyadan yun, gözəl kətan parçalar, perqament, xalçalar və ətriyyat, Hafidin vətənindən gətirilmiş şüşə, balzam, qoz və əncir, Palmiradan rəngbərəng parça və dərmanlar, Ərəbistandan zəncəfil, darçın və qiymətli daşlar, Misirdən qarğıdalı, kağız, qranit, gəc və bazalt, Babildən qobelenlər, onlarla yanaşı isə Romadan əla rəsmlər və Yunanıstandan heykəllər var idi. Balzamın ətri havadan asılmışdı və qocanın həssas burnu gavalı, alma, pendir və zəncəfilin qoxusunu seçdi.
Nəhayət o, Erazmusa müraciət etdi:
– Ey mənim sadiq dostum, xəzinəmizdə nə qədər var-dövlət toplanıb?
Erazmusun rəngi ağardı.
– Hamısını deyirsiniz, mənim sahibim?
– Bəli-bəli, hamısını.
– Axırıncı rəqəmi yadda saxlaya bilməmişəm, amma yeddi milyon qızıl talantlıq mal qalığının nə vaxt yarandığını deyə bilərəm.
– Biz bütün malları qızıla çevirsək, səncə hansı məbləğ alınar?
– Bu dövr üçün bizim qeydiyyatımız hələ başa çatmayıb, amma güman etmək olar ki, ən azı üç milyon talant qazanc etmişik.
Hafid anlayırcasına başını tərpətdi.
– Daha mal almaq lazım deyil. Dərhal mənə məxsus olan bütün mülkiyyəti qızıl külçələrə çevirmək planı işləyib hazırla.
Gözlənilməzlikdən hesabdarın ağzı açıla qaldı. O qədər təəccüblənmişdi ki, bir müddət danışmaq qabiliyyətini itirdi, səntirlədi və nəhayət, danışa biləndə, güclə, sözləri seçərək dedi:
– Sahibim, mən sizi anlamadım. Bu il bizim üçün ən gəlirli il olub və sizin dükanların hər bir sahibi bildirir ki, keçən mövsümdəkindən dəfələrlə çox mal satıb. Hətta Roma legionu da sifarişçimizə çevrilib. Doğrudanmı siz Roma prokuratoruna iki həftə əvvəl söz verdiyiniz ərəb atlarını ona satmaycaqsınız? Xahiş edirəm mənim cürətimi bağışlayasınız, lakin mən sizin qərarınızın düzgünlüyünə şübhə edirəm, çünki əmrinizin mənasını axıra qədər başa düşmürəm.
Hafid gülümsədi və köhnə xidmətçisinin əlini duyğuyla sıxdı.
– Mənim sadiq və xeyirxah dostum. Məndən ilk əmri aldığın gün yaxşı yadındadır? Onda, çox-çox illər bundan əvvəl, sən mənim yanımda təzəcə işə düzəlmişdin.
Erazmus əvvəlcə qaşqabağını salladı, amma birdən sifəti canlandı.
– Sahibim, siz mənə belə demişdiniz: «Mən hər il gəlirimizin yarısını kasıblara paylamağı əmr edirəm».
– Sən məni ticarət işlərində səriştəsiz hesab edib, bunu etmədin, – Hafid narazı dedi.
– Sahibim, mən gələcəkdə böyük çətinliklərlə qarşılaşa biləcəyimizi düşünmüşdüm.
Hafid başını tərpətdi və çardağın altındakı mallara işarə edərək:
– İndi narahatlığının əsassız olduğunu etiraf edirsən?
– Bəli, mənim sahibim.
– Sənə planlarımı izah etməyənə qədər indiki qərarıma da inan. Mən qocayam, tələbatım da sadədir. Uzun illər bir yerdə yaşadığım gözəl sevgilim Lişa məni tərk edəndən sonra yeganə istəyim bütün var-dövlətimi şəhərimizin kasıblarına paylamaq idi. Sakit yaşamaq üçün özümə ancaq zəruri olan şeyləri saxlayardım. İstəyirəm ki, malların siyahısından başqa, lazım olan digər sənədlərin – dükanlarımın sahiblərinə bağışlama müqavilələrinin tərtib edilməsi ilə də məşğul olasan. Eləcə də ümid edirəm ki, beş min qızıl talantı, uzun illər boyu sədaqətlə xidmət etdikləri üçün, idarəçilərim arasında bölüşdürəcəksən. Qoy aldıqları pulu necə istəyirlər elə də istifadə etsinlər.
Erazmus sahibinə etiraz etmək istəyirdi, lakin Hafid onu əlinin hərəkəti ilə saxladı.
– Görünür mənim göstərişlərim sənin o qədər də xoşuna gəlmir?
Hesabdar tərəddüdlə başını yırğalayıb gülümsəməyə çalışdı.
– Xeyr, sahib. Mən sadəcə sizi belə qərar verməyə sövq edən səbəbləri axıra qədər başa düşə bilmirəm. Dediyiniz sözlərdən elə çıxır ki, guya dəyərli həyatınızın son günlərini yaşayırsınız.
– Sən özünə necə də oxşayırsan, mənim əzizim Erazmus. Sən həmişə mənim haqqımda özündən artıq narahat olursan. Nə vaxtsa öz gələcəyin haqqında fikirləşmisənmi? Bir anlığa fərz edək ki, ticarətimiz tənəzzül edib. Bu halda sənin aqibətin necə olacaq?
– Biz uzun illərin dostuyuq – Erazmus təmkinlə cavab verdi. – Belə anlarda özüm və mülkiyyətim haqqında necə narahat ola bilərəm?
Hafid köhnə dostunu qucaqladı və sanki təsdiq edirmiş kimi:
– Düz də edirsən, buna ehtiyac yoxdur. Mən artıq öz hesabına əlli min talant keçirməyi səndən xahiş etmişəm. İndi isə səndən mənim çoxdan öngördüyümün həyata keçəyi vaxta kimi mənimlə olmağını istəyirəm. Bundan başqa, bu saray və anbarı da sənə vəsiyyət edirəm. Bax indi mən sevgili Lişamla yenidən birləşməyə demək olar ki, hazıram.
Ahıl hesabdar öz sahibi və müəlliminə diqqətlə baxdı. Onun şüuru eşitdiklərini anlamaq halında deyildi.
– Əlli min qızıl talant? Saray…Anbar… Xeyr, mənim sahibim, mən belə qiymətli hədiyyələrə layiq deyiləm.
Hafid bu dəfə başını daha böyük inamla tərpətdi.
– Erazmus, mən səni həmişə özümün ən yaxın dostum hesab etmişəm. Sənin qiymətli hesab etdiyin hədiyyə əslində çox cüzidir. Sənin sonsuz düzlüyün və sadiqliyinlə müqayisədə o nədir ki! Sən özgələr üçün yaşamaq kimi nadir xüsusiyyətə maliksən, bu isə dünyada hər şeydən qiymətlidir. İndi mən tam əminəm ki, planlarımın başa çatmasını sürətləndirəcəksən. Vaxt mənim sahib olduğum ən böyük sərvətdir. İndi mənim üçün ömür saatımda qalmış qum dənəciklərindən qiymətli heç nə yoxdur
Erazmus gözündən axan acı yaşları gizlətməyə çalışmadan Hafidin üzünə baxdı və dostunun sözləri qəlbində matəm zəngi kimi əks-səda verdi.
– Bəs sizin vədləriniz? – soruşdu. – Onlar öz qüvvəsində qalır? Biz qardaş kimi olsaq da, siz heç vaxt belə söhbətlər etmirdiniz.
Hafid əllərini sinəsində çarpazladı və gülümsəyərək, müəmmalı şəkildə dedi:
– Biz mütləq görüşəcəyik. Sən mənim səhərki sərəncamlarımı yerinə yetirdikdən sonra, sənə indiyə qədər heç kimə açmadığım sirri açacağam. O, bu gün də sirr olaraq qalır.
Hafid bir anlaq susdu, sonra fikirli halda əlavə etdi:
– Mənim ürəkdən sevdiyim arvadım Lişadan başqa. O da bunun haqqında ancaq ölümündən azacıq əvvəl öyrənmişdi.
İkinci fəsil
Bir müddətdən sonra etibarlı şəkildə qorunan qızıl yüklü ağır karvan Dəməşq şəhərindən yola düşdü. Karvanbaşının çantasında, başqa sənədlərlə yanaşı manuskript (manuskript) də var idi. Orada ağanın ölməsi və onun son – qızılı Hafidin ticarət dükanlarının sahibləri arsında bölüşdürmək – iradəsi haqqında yazılmışdı. Karvan Hafidin ticarət dükanları olan hər yerdə dayanırdı. Hafidin dükançılarından hər biri sahibinin vəfat etməsi xəbərini sarsılmış halda, sükutla qarşılayırdı.
Nəhayət Antirat şəhərinin dükanında karvan öz vəzifəsini sona çatdırdı. Çantalarda bir dənə də külçə qalmamışdı, hamısı paylanmışdı. O zamanlar Yer kürəsi dünyanın ən dahi taciri Hafidin qurduğundan daha güclü ticarət imperiyası tanımırdı. Erazmus ürəyinə ağır bir yük olan qəm-qüssəylə sahibinin sərəncamını yerinə yetirdi. Anbar boşalmış və Hafid imperiyasının bayraqları artıq ticarət dükanlarını bəzəmirdi. Erazmusun yanına gəlmiş nökər sahibin fəvvarənin yanında görüşmək xahişini ona yetirdi. Hafid dostunun üzünə baxıb soruşdu:
– Hər şey yerinə yetirilib?
– Bəli, mənim sahibim.
– Qəm yemə, əziz dostum, arxamca gəl.
Onlar hərəkət etdikcə addımlarının səsi nəhəng zalın divarlarından əks-səda verirdi. Hafid Erazmusu sonunda gizli giriş olan pilləkanların mərmər pillələrinin yanına gətirdi. Onlar pillələri qalxıb qapını açdılar və içəri keçdilər. Portağal ağacından düzəldilmiş yüksək altlığın üzərinə qoyulmuş tənha vazaya yaxınlaşıb dayandılar. Onların baxışına son dərəcə gözəl bir mənzərə açıldı – pəncərədən axıb gələn gün işığı ağdan al-qırmızıya qədər bütün rənglərə çalırdı. Qırış-qırış olmuş üzlərinə təbəssüm qondu. Dostlar aşağıda bir qədər dayanıb, sarayın günbəzinin içində yerləşən otağa aparan pilləkanla qalxmağa başladılar.
Pilləkanın ayağında gecə-gündüz qarovul çəkən keşikçilərin bu gün olmaması Erazmusun diqqətindən yayınmadı. Nəhayət üzücü pillələr bitdi və dostlar geniş meydançaya çatdılar. Nəfəslərini dərmək üçün dayandılar. Hafid qurşağından kiçik bir açar çıxarıb ağır palıd qapıya saldı. Zəif cırıltı eşidildi və qapı açıldı. Erazmus tərəddüd içində otağın girişində dayanmışdı, lakin sahibi başının cəsarət verici hərəkəti ilə onu otağa dəvət etdi. Erazmus artıq otuz ildir ki, sahibindən başqa heç kimin girmədiyi otağa daxil olub onun ortasında ürkək-ürkək dayandı.
Çoxillik tozdan bozarmış işıq yuxarıda yerləşən mazğallardan otağa güclə yol tapırdı. Qorxmuş Erazmus özü də bilmədən dostunun əlindən yapışdı və gözləri yarımqaranlığa öyrənənə qədər beləcə durdu. Hafid yüngülcə gülümsəyərək, Erazmusun otağı asta-asta dolanmasına baxırdı. Sonra qabağa gəlib əlini divarın yanındakı hündür altlıqda duran, sidr ağacından düzəldilmiş kiçik sandığa toxunduraraq dayandı. Dostuna baxaraq
– Erazmus, sənin baxışlarında bir məyusluq hiss edirəm, – dedi.
– Doğrusu sahibim, heç bilmirəm nə deyim.
– Otağın belə bər-bəzəksiz olması sənə qəribə görünmür? Bu yeganə əşyanı – sandığı göstərdi – çətin ki, mebel adlandırmaq olsun. Neçə illərdir ki, bərk-bərk qorunan otaqda bir sirr gizlədilməsinə şübhələrin yarandı?
Erazmus başını tərpətdi.
– Haqlısınız, sahibim. Mən burada qüllənin içində nə gizlədildiyi haqqında saysız-hesabsız söhbətlər və şaiyələr eşitmişəm.
– Mən bunu bilirəm. Bəzi sözlər mənim qulağıma çatıb. Deyirdilər ki, burada dağ boyda almazlar, əcayib quşlar gizlədilib. İrandan olan bir xalça taciri isə burada balaca bir hərəmxana saxladığıma eyham edirdi. Lişa bunu eşidib gülmüşdü. Gör insan təxəyyülü nə qədər güclü inkişaf edib. Məni kəniz kolleksiyaçısı hesab etmək! Səni əmin edirəm ki, dükan və küçələrdə pıçıldaşılan şeylərin heç birini burada görməyəcəksən. Əlbəttə bu adi sandığı nəzərə almasaq.
Dostlar qayışlarla sarınmış sandığın yanında çöməldilər və Hafid onları ehtiyatla açmağa başladı. Sandığın qapağı ehmalca yuxarı qalxanda dostların burnu sidr ağacının şirin qoxusunu hiss etdi. Qalxmış toz buludu Erazmusa sandığın içindəkiləri dərhal seçməyə mane olurdu. O, geri çəkildi və gözlərini qıyaraq diqqətlə baxdı. Sonra baxışlarını sahibinə dikib çaşqın halda əllərini yana açdı. Sandığın içində nə almaz, nə də qeyri bir xəzinə gördü. Orada ancaq bir neçə dəri lülə var idi… Hafid əlini yavaşca uzadıb onlardan birini qayğıkeşliklə sandıqdan çıxartdı. Hafidin üzündə qırışları hamarladan və keçmişin izlərini silib aparan məmnunluq və rahatlıq əks olundu.
– Bu otaq çoxlu sayda insanın var-dövlətə – qiymətli daşlara və ya qızıla sövqü ilə dolu idi. Lakin onlar burada yoxdurlar və ola da bilməzlər, çünki dünyanın bütün qızılı sənin indi gördüyünlə müqayisədə heçnədir. Mənim bütün var-dövlətim – uğur, xoşbəxtlik, sevgi, harmoniya və uzun ömürlülüyüm bu dəri lülələrdədir. Nail olduğum hər şey üçün onlara borcluyam. Mən onlara və onları mənə etibar etmiş müdrik insana ödənilə bilməyəcək dərəcədə borcluyam.
Hafidin səsindəki tanış olmayan notlar Erazmusu qorxutdu və o bir qədər geri durub dedi:
– Deməli mənə açmaq istədiyiniz sirr bu imiş. Doğrudanmı bu sizi hakimiyyət və qüdrət sahibi etmiş sirlərin saxlandığı həmin sandıqdır?
– Sənin bütün suallarına «hə» cavabı verirəm.
Erazmus əlini tərlə örtülmüş alnına çəkib, şübhə ilə Hafidə baxdı.
– Özündə almazdan da qiymətli xəzinə saxlayan bu lülələrdə nə yazılıb?
– Birindən başqa bütün bütün lülələrdə hər bir oxuyana onların mənasını asanca anladan gözəl bir dillə yazılmış vəsiyyət, qanun və ya təkzibedilməz həqiqətlər – onları necə istəyirsən adlandıra bilərsən – yazılıb. Ticarət incəsənətinə yiyələnmək üçün hər bir şəxs lülələrdə olan vəsiyyətləri anlayıb, təcrübədə yoxlamalıdır. Onları mükəmməl öyrənmiş hər bir şəxs zənginliyin istənilən səviyyəsinə çata bilər.
Erazmus karıxmış vəziyyətdə köhnə lülələrə baxırdı.
– Demək istəyirsiniz ki, bu lülələrin məzmununu bilsəm, mən də sizin kimi varlı ola bilərəm.
– İstəsən daha varlı ola bilərsən.
– Dediniz ki, birindən başqa bütün lülələrdə ticarətin qaydaları yazılıb. Bəs axırıncı lülədə nə yazılıb?
– Sənin axırıncı adlandırdığın lülə, – Hafid izah etdi, – əslində birincidir. Birinci – Hafid təkrar etdi. – Və bu yazını əslində lap başlanğıcda öyrənmək lazımdır. Sonra isə lülələrin oxunma ardıcıllığını qəti pozmaq olmaz. Birinci lülədə az sayda seçilmişlərə agah edilmiş sirr yazılıb. Dəqiq desəm, birinci lülə sonrakılarda yazılmışları anlamaq üçün ən səmərəli yolu təsvir edir.
– Sizin sözlərinizdən belə anladım ki, hər bir şəxs dahi ticarətçi ola bilər.
– Bəli, və əslində bu, elə də çətin məsələ deyil. Amma o halda ki, biliklərin qiymətini öz vaxtın və səylərini bir yerə cəmləməyin hesabına ödəməyə hazır olasan. Yadında saxla ki, zənginliyə yalnız hər bir vəsiyyət sənin bir hissən, sənin canın və qanın olduqdan sonra çata biləcəksən.
Erazmus aşağı əyilib, əlini uzatdı və lülələrdən birini sandıqdan çıxartdı. Onu barmaqları arasında saymazyana tutaraq silkələdi və Hafidə müraciət etdi:
– Qanmazlığıma görə məni bağışlayın, sahibim, amma siz niyə özünüzün acı təcrübənizlə yoxlanmış və əziyyətlə əldə edilmiş prinsiplərə deyil, bunlara əsaslanmağı üstün tutursunuz? Siz həmişə və hər şeydə alicənablıq və səxavət göstərmisiniz. Elə isə niyə qədim müdriklərin bu sözlərini sizə qazanc gətirən dükançılara oxumağa verməmisiniz? Onlar da zəngin olardılar. Və ya ən azı belə dəyərli biliklər əldə edəndən sonra daha böyük gəlirlə ticarət etməyi öyrənərdilər. Niyə, bu qədər böyük biliyə malik olduğunuz halda, neçə illərdir onları heç kimə göstərmədən evinizdə saxlamısınız?
– Mənim özgə seçimim yox idi. Uzun illər bundan əvvəl, bu lülələri mənə etibar edəndə, and içmişdim ki, onların qədim sirrini heç kimə açmayacağam. O vaxt mən bu xahişin arxasında gizlədilmiş əsl səbəbi bilmirdim. Lakin mənə lülələrdəki vəsiyyətləri, bir vaxt köməyə ehtiyacı olan və bu vəsiyyətlərə məndən də yaxşı əməl edəcək birisi gələnə qədər istifadə etməyə icazə verilmişdi. Bu lülələri mənə verəndə, mən çox cavan idim. Mənə dedilər ki, müəyyən gizli işarələr vasitəsilə mən lülələri verməli olduğum adamı tanıya biləcəm. Gələn adam ona hansı növ köməyin ediləcəyini bilməsə belə mən lülələri ona verməliyəm və verəcəyəm. Mən səbrlə gözləyirdim, – Hafid davam etdi, – və getdikcə öz həyatımı bu vəsiyyətlərlə daha sıx əlaqələndirirdim. Mən lülələrdəki sirrdən praktik fayda əldə etməsinə icazə verilmiş tək-tük adamlardan biri idim. Biliklərə sahib olduqdan sonra, çoxlarının məni adlandırdığı kimi, dünyanın ən dahi taciri oldum. Mənə bu lülələri vəsiyyət etmiş adamı da vaxtında belə adlandırırdılar. Beləliklə, Erazmus, mənim müəyyən hərəkətlərimin uzun illər ərzində sənə niyə qəribə, hətta ağılsız göründüyünü güman ki, sonralar anlayacaqsan. Lakin bu halda belə onlar mənə uğur gətiridilər. Biz bu qədər qızılı təkcə mənim müdrikliyimə görə deyil, əsasən lülələrdə yazılmış vəsiyyətləri yerinə yetirdiyimiz üçün qazana bilmişdik.
– Siz doğrudan əminsiniz ki, lülələri verməli olduğunuz adam tezliklə gəlib çıxacaq?
– Bəli.
Hafid çöməlib lülələri yerinə qoydu və sandığı bağladı. Ayağa qalxıb
– Erazmus, həmin ana qədər mənimlə qalmaq istəyirsən? – soruşdu.
Erazmus dostuna doğru addımladı və işığın yumşaq şüalarında onların əlləri birləşdi. Erazmus razılıq əlaməti olaraq başını tərpədib otağı tərk etdi. Onunla birlikdə Hafidin öz dostunun sədaqətinə olan şübhləri də yox oldu. Sandığı əvvəlki yerinə qoyub, bir qədər onun yanında dayandı və kiçik qülləyə doğru getdi. Hafid divardakı qapı yerindən dama çıxaraq sarayın günbəzini əhatə edən köbənin üstündə dayandı. Özüylə göllərin qoxusunu gətirən yüngül şərq küləyi yuxarı qalxaraq Hafidin simasını oxşayırdı.
Dünyanın ən dahi taciri gülümsyərək ayağının altında yerləşən Dəməşq şəhərinə baxır, fikri isə sürətlə keçmişə qayıdırdı.
Ücretsiz ön izlemeyi tamamladınız.