Kitabı oku: «Azərbaycan səfəvilər dövləti»

Yazı tipi:

Ön söz

Dünya tarixi miqyasında götürüldükdə Səfəvilər (Qızılbaşlar) dövlətinin yaranması orta əsrlərdə böyük əhəmiyyətə malik olan hadisələrdən biri olub.

Şah İsmayılın artıq uşaq yaşlarından hakimiyyətə gətirilməsi, elə o vaxtından da döyüşlərə atılması, bir sıra qələbələri və nəhayət qüdrətli bir dövlət yaratması heç də təsadüfi olmayıb. Bu qələbələrin əsasını əslində onun ulu babaları qoymuşdu… Səfəvilər dövlətinin sərhədləri əvvəlki dövrdəki Azərbaycan dövlətinin (Qaraqoyunlular və Ağqoyunlular) sərhədlərini aşıb keçərək çoxmillətli bir imperatorluğa çevrildi. Ətraf məmləkətlər bu dövləti «Qızılbaş məmləkəti» kimi, daha doğrusu Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin qanuni varisləri hesab etdilər. Bu dövlətin «Səfəvilər» adlandırılması isə Şah İsmayılın ulu babalarından olan və sadəcə Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülüb. Həm xürrəmilik və məzdəkilik, həm də sufizmlə bağlı olan, bir çox hallarda «qızılbaşlıq» adı ilə tanınan Səfəviyyə fikri cərəyanı məhz Ərdəbildə formalaşmış, buradan Şərqin bir çox ölkələrinə yayılmışdır. Şah İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər bu cərəyana dayaq olaraq, bununla da yeni bir dövlətin bünövrəsini qoymuşlar. Şeyx Səfiəddin nəslinin nümayəndələri bütün Azərbaycanın birləşməsi arzusunda idilər. Bu arzunu gerçəkləşdirmək isə İsmayıla nəsib oldu.

İsmayılın hakimiyyətə gəlməsi (1499) feodal münasibətlərin kəskinləşməsi nəticəsində Ağqoyunlu dövlətinin dağılması dövrünə təsadüf edir. Hər bir dövlətin süqutu zaman isə cəmiyyətdə güclü narazılıqlar olur, bu baxımdan xalq İsmayılı özünün rifah və mənafeyi uğrunda mübarizə aparacaq bir sərkərdə timsalında görür və ona böyük ümid bəsləyərək ardınca getdi. Beləliklə, İsmayılın bayraqları altında Şamlı, Ustaclı, Rumlu, Təkəli, Zülqədər, Əfşar, Qacar, Varsaq adlı türk (Azərbaycan) tayfaları, Qaradağ və Talış sufiləri birləşdilər. Sonradan onlar İsmayılın ordusunun ən fədakar döyüşçüləri kimi tarixə düşdü.

1501-ci ildə İsmayıl Təbrizdə Azərbaycanın şahı elan edildi… I Şah İsmayıl dövründə Heratdan Bağdadadək uzanan nəhəng ərazidə əhali əsasən Azərbaycan dilində danışırdı. Şah İsmayıl yeni dövlətin əsaslarını möhkəmləndirmək üçün ölkə daxilində islahatlar apardı. O, elmin, mədəniyyətin, incəsənətin, sənətkarlığın inkişafına geniş yer ayırır, tarixi abidələrə, ziyarətgahlara diqqət və qayğı ilə yanaşırdı.

Azərbaycan dövlətinin sürətli inkişafı, qısa müddət ərzində Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilməsi, İsmayılın təkəbbürlüyü ətrafdakı rəqib dövlətləri qıcıqlandırırdı. Xüsusilə Osmanlı imperiyası Şah İsmayıla və Azərbaycan əhlinə qorxu, ehtiyat, qibtə və düşmən kimi yanaşırdı. İki böyük qüdrətli müsəlman dövlətinin – Səfəvilər (Azərbaycan) və Osmanlı Türkiyəsinin qarşıdurmasını çoxdan maraqla seyr edən Avropa hökmdarları kimi digər qüdrətli güclər də vardı. Məhz Avropa Osmanlılara silah-sursat və 300 top verdilər. Beləliklə, 1514-cü ildə Osmanlı Sultanı I Səlim Azərbaycan sərhədində 100 mindən çox nəhəng qoşun toplayır və Çaldıran düzündə döyüş olur. Bu vuruşmada Şah İsmayıl təkcə qüvvə baxımından deyil, həm də silahlanma baxımından Sultan Səlimdən geri qalırdı.

Səfəvilərdə artilleriya demək olar ki, yox idi. Səfəvilərin əsas qüvvəsi olan süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi qarşısında aciz idi. Bununla belə qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, Şah İsmayıl başda olmaqla qızılbaş döyüşçüləri bu vuruşmada misli görünməyən qəhrəmanlıq göstərdilər. Qızılbaş ordusunun Çaldıran (İranın indiki Maku vilayətində düzənlik yer) vuruşmasında məğlubiyyətini müasirlər I Şah İsmayılın özünə arxayınlığı və öz sərkərdələrinin məsləhətləri ilə hesablaşmaması ilə əlaqələndirirlər. Lakin yuxarıda qeyd olunan faktlardan da göründüyü kimi, Şah İsmayılın məğlubiyyətini indiki terminlə desək, sultanın ordusunun o dövr üçün qabaqcıl texnikadan, məhz artilleriyadan geniş istifadə etməsi ilə əlaqələndirmək lazımdır.

Səfəvilərin Çaldıran vuruşmasındakı məğlubiyyəti tezliklə öz acı nəticələrini verdi. Osmanlı sultanı Xoy, Mərənd və Təbrizi ələ keçirdi, lakin qızılbaş döyüşçülərin müqaviməti ilə üzləşib Təbrizdə çox dayanmağa müvəffəq olmadı. Talan etdiyi Azərbaycan sərvətilə bərabər, bir çox sənətkarları da əsir apardı ki, bu da sonradan Osmanlı Türkiyəsində sənətkarlığın inkişafında önəmli rol oynadı. Çaldıran vuruşmasından sonra yaşadığı 10 il ərzində, I Şah İsmayıl fəaliyyətini yalnız dövlətin möhkəmlənməsi və hərtərəfli inkişafı istiqamətinə yönəltdi. 1524-cü ildə vəfat etdi. Şah İsmayıl Azərbaycan dilini saray və dövlət dilinə çevirmiş, siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüşdür.

Şah İsmayıl vəfat etdikdən sonra qızılbaş tayfalarının əmirləri arasında güclənən çəkişmələrin nəticəsində mərkəzi hakimiyyət zəiflədi. Hakimiyyət başına bir-birini ardınca rumlu, təkəli və şamlı tayfaları gəldilər. Bu dövr 1534-cü ilə qədər uzandı. Kiçik fasilələrlə 20 ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələri də elə bu zamana təsadüf edir. I Sultan Süleymanın dövründə öz qüdrətinin zirvəsinə çatmış Osmanlı imperiyası istila etdiyi ölkələrin saysız- hesabsız insan qüvvəsi və maddi ehtiyatlar hesabına üstün idi. Ona görə 1555-ci il sülhünə görə, Səfəvilər Qərbi Gürcüstanı Osmanlı Türkiyəsinin nüfuz dairəsi kimi tanımağa məcbur oldular…

I Şah Təhmasibin vəfatından sonra Səfəvilər dövləti qızılbaş əyanlarının çəkişmələri nəticəsində bir az da zəiflədi. Qanlı mübarizə nəticəsində hakimiyyətə gəlmiş II Şah İsmayıl kütləvi edamlarla öz hakimiyyətini möhkəmləndirməyə cəhd göstərdi. Lakin o, feodalların suiqəsdinin qurbanı oldu. XVI əsrin 70-ci illərinin sonu üçün dövlət əslində qızılbaş əmirləri arasında bölündü. Zəif iradəli Şah Məhəmməd Xudabəndənin timsalında mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdü və fəaliyyətdən qaldı.

Osmanlı Türkiyəsi Səfəvilər dövlətindəki belə daxili çəkişmələrdən istifadə edərək Cənubi Qafqazı işğal etməyə nail oldu. Qanlı döyüşlər meydanı olan Azərbaycan böyük ziyan çəkdi. Osmanlı türklərindən başqa, dəfələrlə Krım xanının dəstələri də Şirvan torpağını viran etmişdi. Səfəvilər dövləti daha Osmanlı türk ordusunun hücumunun qarşısını dayandırmaq iqtidarında deyildi və sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı. Həmin sülhə görə, Səfəvilər Osmanlılar tərəfindən Gürcüstanın və Azərbaycanın işğalı faktını etiraf etdilər. Daha bir neçə il keçdikdən sonra I şah İsmayıl tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoyuldu.

Əsərdə təkcə müharibə və çəkişmələrdən deyil, Səfəvilər dövlətinin iqtisadi, sosial həyatına da geniş yer ayrılıb. Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə kənd təsərrüfatı canlanmış, sənətkarlıq və ticarət yüksək inkişaf səviyyəsinə çatmışdı. Ümumdünya şöhrəti qazanmış yerli ipək sayəsində Azərbaycanın Rusiya dövləti ilə və Avropa ölkələri ilə iqtisadi əlaqələri inkişaf edir və möhkəmlənirdi. Ərəş, Təbriz, Şamaxı və Culfa şəhərləri ipək məmulatlarının beynəlxalq ticarət mərkəzlərinə çevrildilər. Ərdəbil, Naxçıvan, Gəncə, Bakı və bir sıra digər şəhərlər də iri sənətkarlıq istehsalı mərkəzləri oldular.

Azərbaycan mədəniyyətinin inkişafında yeni bir mərhələ də Səfəvi hakimiyyəti dövrü ilə bağlıdır. Bu Azərbaycan (türk) dilinin geniş yayıldığı dövr idi. Ümumdünya şöhrəti qazanmış görkəmli ədəbi əsərlər bu dildə yaradılmışdır. Füzuli, Xətayinin özü, Həbibi və b. Azərbaycan (türk) dilində yazıb yaratmışdılar. Geniş şöhrət qazanmış Təbriz rəssamlıq məktəbi əsərləri dünya incəsənəti inciləri sırasına daxil olmuş, Sultan Məhəmməd və Kəmaləddin Behzad kimi görkəmli rəssamlar yetişdirmişdi.

Xalqımızın tarixində Azərbaycan Səfəvilər dövlətinin müstəsna yeri var. Bu dövlətin tarixi müasirlərimiz üçün bir çox cəhətdən ibrətamizdir. Səfəvilər dövlətinin zəifləyib süqut etməsinin bir sıra obyektiv səbəbləri var. Qızılbaş tayfaları və əmirlərinin arasında birliyin olmaması, onların bir-biri ilə münaqişə və düşmənçilik etməsi, var-dövlət, gəlirli torpaq, mənsəblər və hakimiyyət uğrunda qanlı toqquşmaları, tayfa mənafelərinin, fərdi mənafeyin ümumi dövlət ehtiyacları və tələblərindən üstün tutulması – bütün bunlar Azərbaycan Səfəvilər dövlətinin zəifləməsi və tənəzzülü ilə nəticələndi.

Osmanlı-Səfəvi müharibələrinin iki qardaş türk xalqlarının (osmanlı və azəri türklərinin) düşmənçiliyi kimi deyil, Osmanlı və Səfəvi dövlətlərinin hakim dairələrinin iqtisadi və siyasi mənafelərinin toqquşması faktı kimi dəyərləndirmək tarixi gerçəkliyə daha yaxındır. XVI əsrdə siyasi məqsədlərlə şiddətləndirilən sünni-şiə ədavəti də hər iki türk dövlətinin münasibətlərini son dərəcə kəskinləşdirmişdir. Həmin dövrdə Avropa dövlətləri iki müsəlman, türk dövlətlərini müxtəlif vasitə və bəhanələrlə bir-birinə qarşı müharibəyə təhrik edir və beləliklə onların hər birini zəiflətməyə, osmanlıların Cənub-Şərqi Avropadakı işğallarının qarşısını almağa çalışırdılar.

KitabKlubu.org

I FƏSİL
ƏSAS MƏNBƏLƏRİN VƏ ƏDƏBİYYATIN XÜLASƏSİ

Səfəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların yazdıqları farsdilli orta əsr salnamələri təşkil edir.

Fars dilindəki narrativ mənbələrin xülasəsinə başlarkən, öncə bunların arasında mövzuları yalnız Azərbaycana və onun vilayətlərinə həsr edilmiş yerli xronikalara və əsərlərə təsadüf edilmədiyini göstərməliyik. Bizim başlıca məlumat mənbələrimiz olan ümumtarix tipli əsərlər (yaxud Səfəvilər (qızılbaşlar) dövlətinin tarixinə dair xüsusi kitablar) Azərbaycan tarixinin sistemli şərhini əks etdirmir. Həmin əsərlərin müəllifləri bu ölkəyə təsadüfən, adətən burada baş verən miqyaslı hadisələrlə əlaqədar olaraq müraciət edirlər. Bu əsərlərin əksəriyyəti nəşr olunmamışdır, dünyanın məxəzlər saxlanılan müxtəlif obyektlərinə, Yaxın Şərqə və Qərbi Avropaya səpələnmişdir1. Onlardan bəziləri Şərqdə litoqrafiya (daş basma) üsulu ilə çap olunmuşdur və elmi-tənqidi nəşrin tələblərinə cavab verə bilmirlər. Son illərdə İranda bu əsərlərin bəzilərinin mətbəə nəşrlərinə cəlb olunması litoqrafiya səhvlərini nəinki aradan qaldırmamış, əksinə, onları daha da artırmışdır. Tədqiqatçıların ixtiyarında tam dərc olunmuş mənbələrin sayı azdır; onlardan bir çoxu çıxarış, xülasə şəklində dərc olunmuşdur. Nadir istisnalarla ən mühüm mənbələrin mətnlərinin ümumi elmi-tənqidi nəşri hələ də yox dərəcəsindədir. Onların az qismi Avropa dillərinə tərcümə olunmuşdur. Bütün bunlar çox vaxt dövrün tarixinə dair nadir əlyazma mənbələri ilə işləməli olan tədqiqatçıların işini xeyli mürəkkəbləşdirir. Səfəvilər dövlətinin tarixinə dair mənbələr əvvəlki dövrlə müqayisədə daha çoxsaylı olsa da, onlar hələ az öyrənilmiş və işlənmişdir. Onlardan bir çoxu tarixşünaslıqda İran tarixinin mənbələri kimi məlumdur və demək olar ki, Azərbaycan tarixinin mənbələri kimi tam tədqiq edilməmişdir. ”Qeyd etmək lazımdır ki, XVI-XVIII əsrlərin narrativ farsdilli mənbələri, ümumiyyətlə, hələlik çox qeyri-kafi, hər halda X-XV əsrlərin farsdilli tarixi mənbələrinə nisbətən müqayisəedilməz dərəcədə az öyrənilmişdir”2.

Azərbaycan tarixinə, xüsusilə də sosial-iqtisadi məsələlərə dair (kənd təsərrüfatı, şəhər həyatı, sənətkarlıq, ticarət, kəndlilərin vəziyyəti və s.) materiallar bu mənbələrdə çox cüzidir. Bu məsələlərə dair məlumatları tədqiqatçı əsl mənada zərrə-zərrə, uzun və əziyyətli axtarışlar yolu ilə toplamalı olur və tez-tez bu və ya digər məsələnin işıqlandırılmasında ciddi çətinliklərlə rastlaşır. Bu, onunla izah edilir ki, feodal sinfinə xidmət edən orta əsr salnaməçiləri öz əsərlərində xalqın vəziyyəti ilə maraqlanmır, əsas diqqəti şahların və hakim siniflərin digər nümayəndələrinin tərifinə və təsvirinə verirdilər.

Fars dilində narrativ mənbələrin nəzərdən keçirilməsinə başlayaq.

Sədrəddin Sultan İbrahim əl-Əmini – xronoloji cəhətdən nəzərdən keçirdiyimiz dövrün ilk narrativ mənbəyinin, hicri 918-ci (1513-1514) ilə qədər gətirib çıxarılan, I Şah İsmayılın yürüşlərinin tarixi olan “Fütuhatişahi” (“Şahın qələbələri”) adlanan əsərin müəllifidir. Bu əsərin tam nüsxəsi Tacikistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları fondunda saxlanılır3. Tacik şərqşünası A.M.Mirzoyev tərəfindən (“Şahənşahnamə”4 adlı tarixi əsərin müəllifini müəyyən etmək xidməti də ona məxsusdur) aşkar edilmiş və siyahıya alınmışdır. Sonuncu əsərin müəllifliyini B.A.Dorn səhvən Herat şairi Kamaləddin Binainin adına çıxırdı. A.M.Mirzoyev “Şahənşahnamə”nin və “Fütuhati-Şahi”nin mətnlərini tutuşduraraq sübut etdi ki, hər iki əsər bir müəllifin – Sədrəddin Sultan İbrahim əl-Əmininin qələminin məhsuludur, həm də “Şahənşahnamə” “Fütuhati-Şahi”nin ikinci cildidir5.

A.M.Mirzoyevin nəticələrini təsdiq edən bir sıra cəhətləri göstərək. Səfəvi tarixşünasları öz əsərlərinin mətnlərində məlumatlarından faydalandıqları əsas mənbələrin adlarını çəkirlər. Dövrün bir sıra mənbələrində “Fütuhati-Şahi” və yaxud “Fütuhati-Əmini”nin adları çəkilir. Xondəmir “Həbib əs-siyər”, Qazi Əhməd Qumi “Xülasət ət-təvarix”, İsgəndər bəy Münşi “Tarix-i aləm aray-i Abbasi” əsərlərində bu əsəri özlərinin ilk mənbələri sırasında göstərirlər. Məsələn, Şeyx Heydərin Şirvanşah Fərrux Yasarla döyüşündən və onun ölümündən (1488) danışarkən Xondəmir göstərir ki, o bunları, müəllifinin adını çəkməsə də, ”Fütuhati-Şahi” əsərindən əxz etmişdir6. İsgəndər bəy Münşinin bu salnaməsində İbrahim Əmininin “Fütuhati-Şahi” əsəri “Fütuhati- Əmini”7 formasında göstərilir. Qazi Əhməd Qumi isə özünün “Xülasət ət-təvarix”ində dövrün başlıca mənbələrini göstərərkən, başlıca olaraq Əmir Sultan İbrahim Əmini Hərəvənin8 əsərinin adını çəkir.

“Fütuhati-Şahi” və onun müəllifi İbrahim Əmini haqqında elmi ədəbiyyatda ilk məlumatı hind alimi Qulam Sərvər özünün I Şah İsmayıl haqqındakı kitabında vermişdir9. Onun İranda və digər ölkələrin kitabxanalarında əsərin əlyazmasını tapmaq üçün apardığı inadlı axtarışları nəticəsiz qalmışdır. Buna görə də o, əsərin itmiş olması qərarına gəlmişdi. Fəqət Qulam Sərvərin kitabında İbrahim Əmini barəsində Xondəmirin “Həbib əs-siyər” əsərindən götürdüyü tərcümeyi-hal səciyyəli məlumatları vardı.

A.M.Mirzoyev “Fütuhati-Şahi”nin Düşənbə nüsxəsindən etdiyi çıxarışlarla bu məlumatları bir qədər də zənginləşdirmişdir. Mənşə etibarilə Sədrəddin Sultan əl-Əmini Xorasanın təhsilli və kübar torpaq sahibləri ailəsinə mənsub olmuşdur. O, gəncliyində Teymuri şahzadəsi Sultan Müzəffər Hüseyn Mirzənin yanında qulluq edərkən mənsəb qazanmağa başlamışdır. Hicri 910-cu (1504-1505) ildə onun atası – Herat hakimi Sultan Hüseyn Mirzə onu özünün şəxsi sədri (sədarət-i xassə) vəzifəsinə irəli çəkmişdi. O öz hamisinin ölümündən (hicri 911 (1506) sonra da hicri 913-cü (1507) ildə Herat və Xorasan Məhəmməd xan Şeybani tərəfindən tutulanadək bu vəzifəni yerinə yetirmişdi. Teymuri sarayının digər əyanları və xadimləri sırasında İbrahim Əmini də Şeybanilər tərəfindən təqiblərə məruz qalmışdı. O, həbs olunmuş, torpaqları və əmlakı isə müsadirə edilmişdi. Həbsdən buraxıldıqdan sonra hicri 916-cı (1510-1511) ilədək İbrahim Əmini “yalqız və guşənişin qalmağı seçdi”. Qızılbaş qoşunları Şeybaniləri Xorasandan sıxışdırıb çıxaranda və Heratı döyüşlə geri alanda Əmini ehtiramla qəbul olunmuş, gen-bol hədiyyələrə, I Şah İsmayılın mərhəmətinə layiq görülmüş, öz mülklərini və əmlakını geri almışdı.

“İbrahim Əmini hicri 927-ci (1521) ilədək Heratda yaşadı. Xorasanda özbək basqınları təhlükəsi və şiə-sünni düşmənçiliyinin güclənməsi üzündən sakitlik pozulduğu zaman bir çox elm və mədəniyyət xadimləri, o cümlədən də İbrahim Əmini Heratı tərk etməyə və Səfəvilər dövlətinin paytaxtına köçməyə məcbur oldu. Burada o, saray tarixşünası təyin olundu və I Şah İsmayıl ona “Şahın qələbələri” tarixini yazmağı tapşırdı10.

“Fütuhat-i şahi”nin Düşənbə əlyazması (A.M.Mirzoyevin yazdığına görə) iki cilddən (dəftərdən) ibarətdir və ümumi həcmi 265 vərəqdir. Əmini birinci cildi “Fəth” (qələbə) adını daşıyan beş fəslə bölmüşdür. Birinci fəsildə dünyanın və insanın yaranmasından, islam dininin banisi Məhəmməd Peyğəmbərin mənşəyindən bəhs edilir. İkinci fəsil Peyğəmbərin həyat və fəaliyyətinin müfəssəl şərhini verir. Üçüncü fəsil xəlifə Əliyə və şiələrin imamlarına həsr edilmişdir. Dördüncü fəsildə şəcərəsi iyirmi altıncı nəsildə imam Musa əl-Kazıma gedib çıxan “ədalətin pənahgahı” – Şah İsmayılın əcdadından söhbət açılır. Beşinci fəsildə İsmayılın uşaqlıq dövründən (onun həyatının birinci on iki ilində baş vermiş hadisələrdən) danışılır. ”Fütuhati Şahi”nin birinci cildi Şah İsmayılın yürüşləri ilə bilavasitə bağlı deyildir və o başqa məqsədə – Səfəvilərin yeddinci şiə imamı, onun vasitəsilə isə Məhəmməd Peyğəmbərin özü ilə qohumluq iddialarını əsaslandırmağa xidmət edir. Buna görə də müəllif öz əsərinin bu cildini “Fütuhati Şahi”nin sonrakı cildlərinə münasibətdə “müqəddimə” adlandırır.

Əsərin ikinci cildi (dəftəri) birincidə olduğu kimi böyük fəsillərə bölünmür. Ayrı-ayrı, qarşılıqlı əlaqəsi olan başlıqlar altında Şah İsmayılın Übeydulla xanın və Teymur Sultanın hicri 919-cu (1513-1514) ildə Herata basqını ilə əlaqədar Xorasana təkrar yürüşünə qədər bütün hərbi əməliyyatlar haqqında danışılır. Beləliklə, ikinci cild də həmçinin, təxminən on iki ili əhatə edir11.

Əmininin dili olduqca ibarəli, üslubu mübaliğəli və az məzmunludur. Hekayəyə Qurandan xeyli miqdarda iqtibaslar, hədislər, həmçinin şeir parçaları daxil edilmişdir. A.M.Mirzoyevin göstərdiyi kimi, əgər xüsusi variantlar nəzərə alınmazsa, “Fütuhat-i Şahi”nin və “Şahənşahnamə”nin ikinci cildinin mətnləri oxşardır. Mətnlərin eyniliyi buna şəhadət verir ki, “Şahənşahnamə” müstəqil əsər deyildir və “Fütuhati- Şahi”nin ikinci cildinin (ikinci dəftərinin) nüsxəsidir. A.M.Mirzoyev “Şahənşahnamə”ni “Fütuhati-Şahi”nin ikinci cildinin yeni redaksiyası hesab edir12.

Biz “Şahənşahnamə” adı ilə məlum olan ikinci cildin Sankt-Peterburq nüsxəsindən istifadə etdik. Qeyd etmək lazımdır ki, bu nüsxədən tarixşünaslıqda əməli surətdə istifadə edilməmişdi13.

Sankt-Peterburq əlyazması 235 vərəqdə, iri və aydın nəstəliq xətti ilə yazılmışdır. Bu nüsxədə döyüş, şahın ova çıxması, oyunlar və s. səhnələri təsvir edən səkkiz gözəl miniatür də vardır.

İbrahim Əmininin əsəri müasirlərinə yaxşı məlum idi və feodal tarixşünasları tərəfindən I Şah İsmayılın hərbi yürüşlər tarixinə dair əsas mənbə hesab edilirdi. Xronoloji nöqsanlara baxmayaraq, hadisələr, o cümlədən İsmayılın Şirvanda Fərrux Yasara qarşı hərbi əməliyyatları, onun Ağqoyunlu Əlvəndlə, həmçinin də İranın feodal hakimləri ilə döyüşləri zəngin faktiki materiallar əsasında şərh edilmişdir. Müəllif bu hadisələrin şahidi olmasa da, onların təsvir üsulu bu yürüşlərin şahidi və iştirakçılarının, Şah İsmayılın yaxın silahdaşlarının – qızılbaş sərkərdələrinin söylədiklərinə əsaslandığı üçün böyük maraq doğurur. Bütün bu dövr ərzində Əmininin yaşadığı Xorasanla bağlı hadisələr isə ətraflı, canlı, təfsilatı ilə işıqlandırılmışdır. Təbiidir ki, Əminidən obyektivlik, bitərəflilik gözləmək olmazdı. Çünki müəllif İsmayılın yürüşlərinin, istilalarının rəsmi tarixini sinfi mövqedən yazmışdır. Onun vəzifəsi bundan ibarət idi ki, öz hökmdarının əməllərini şöhrətləndirsin. Buna görə də Əmini bu yürüşlərin mədhiyyəçisi, şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir. Xalqın vəziyyəti Əminini qətiyyən maraqlandırmırdı. O, siyasi əhəmiyyəti olan hadisələr haqqında danışır, onların tarixinə, qarşılıqlı səbəb və əlaqəsinə isə məhəl qoymurdu. Əsərdə Cənubi Qafqazın və İranın siyasi tarixinə dair çoxlu maraqlı məlumat vardır (sosial-iqtisadi səciyyəli məlumatlar isə yox dərəcəsindədir).

I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur14.

Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda – Britaniya muzeyində15, digəri isə Kembric universitetinin kitabxanasında16 saxlanılır. Anonimin bizim istifadə etdiyimiz17 London əlyazması 21 miniatürlə bəzədilmiş, 307 vərəqlə (614 səhifə), gözəl nəstəliq xətti ilə yazılmışdır. Nüsxənin yazılma tarixi (Ç.Riyöyə görə) XVI əsrdir.

“Tarix-i Şah İsmayıl-i Səfəvi” (Ç.Riyö və D.Rossun haqlı olaraq göstərdikləri kimi) özünün xeyli hissəsi ilə Xondəmirin ilk Səfəvi şahının həyat və fəaliyyətinə həsr olunmuş “Həbib əs-siyər” əsərinin üçüncü cildinin dördüncü hissəsinə tam şəkildə uyğun gəlir. Məlumdur ki, Xondəmir öz əsərini hicri 930-cu (1524) ildə, I İsmayılın ölümündən bir ay əvvəl başa çatdırmışdır, halbuki bəhs etdiyimiz əsər I Şah Təhmasibin hökmdarlığı dövründə yazılmışdır. Tədqiqatçılar onun yazılma tarixini bir qədər dəqiqləşdirməyə cəhd göstərmişlər. Mətnin özündə göstərilən Teymuri Məhəmməd Zaman Mirzənin18 vəfat etdiyi hicri 947-ci (1540) il tarixinə əsasən belə bir fikir söylənilmişdir ki, əsər 1540-cı ildən sonra tamamlanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, bu salnamə Xondəmirin oğlu Mahmudun hicri 955-ci (1548) ildə yazmağa başladığı tarixi xronikasında istifadə olunmuşdur19. Bu mülahizələrdən çıxış edərək belə bir nəticəyə gəlmək olar ki, göstərilən əsər 1540 və 1548-ci illər arasındakı20 dövrdə yazılmışdır.

Ç.Riyo qeyd edir ki, anonim müəllifin Xondəmirin mətnlərinin eyniliyi birincinin ikincinin əsərini köçürdüyünü bildirsə də, naməlum müəllifin əsərində əlavə təfərrüatların olması onların həm də müxtəlif məlumat mənbələrinə əsaslandığını göstərir21. D.Ross habelə göstərirdi ki, “Tarix-i Şah İsmayıl-i Səfəvi”də “Həbib əs-siyər” əsərində olmayan çoxlu bioqrafik və coğrafi təfsilat vardır. D.Ross I Şah İsmayılın tarixinə dair bu iki çox mühüm ilkin mənbəni müqayisə edərək bu xronikaya üstünlük verirdi. Güman etmək olar ki, Xondəmir hicri 930-cu ilədək (“Həbib əs-siyər”in yazıldığı dövr) Xorasanda yaşamışdır və onun dövlətin başqa ərazisində, o cümlədən də Azərbaycanda olub-olmaması sualına daha çox mənfi cavab verilməlidir. Ehtimal etmək olar ki, Xondəmir I Şah İsmayıl və onun istilaları haqqında məlumatı Xorasana gələn şah sarayı məmurlarından, yaxud bizə məlum olmayan digər mənbələrdən alırdı. Güman etmək olar ki, bizim müəllif Səfəvilərə yaxın olmuşdur və öz əsəri üçün Xondəmirin kitabını əsas kimi götürmüş, onu Azərbaycanda, burada baş verən hadisələrlə bilavasitə, şəxsən tanış olduğu materialla zənginləşdirmişdir22. Onun hətta İsmayılın ilk yürüşlərinin iştirakçısı olduğunu da ehtimal etmək olar. Nəzərdən keçirilən əsərin müəllifinin şəxsiyyəti barədə müxtəlif fikirlər söylənilmişdir (X.Bexeviç, V.Minorski, V.Hins və b.). Əsər müəllifınin adı bizə tam məlum olmasa da, onun “Bicən” sözü ilə başladığı barədə əsərin London nüsxəsinin 82a vərəqinin haşiyəsində işarə vardır. Q.Sərvərin fikrincə, həmin əlyazmanı müəllifin özü nəzərdən keçirmiş və öz əli ilə orada düzəlişlər etmişdir (çünki bu və bir sıra digər haşiyə yazılarında yazan adamın özünü bildirən “miskin qul” (bəndeyi-kəmtərin) ifadəsi işlədilir23. Bəlkə də Q.Sərvər öz ehtimalında haqlıdır, lakin bununla əsərin müəllifliyi məsələsinin həll olunduğunu iddia etmək mümkün deyildir.

Tarix elmi I Şah İsmayıl hakimiyyəti tarixinə dair üç ilk mənbəyə – “Fütuhat-i şahi”, “Həbib əs-siyəf” və bəhs etdiyimiz səlnaməyə malikdir. Biz bu əsərləri tutuşduraraq belə bir nəticəyə gəldik ki, nəzərdən keçirilən əsər I Şah İsmayılın hakimiyyəti, XVI əsrin I rübündə Azərbaycanda və həmhüdud ölkələrdə Səfəvilər dövlətinin yaranması tarixi haqqında daha tam, dəqiq və müfəssəl hekayədir.24

“Tarix-i Şah İsmayıl-i Səfəvi” İsmayılın, ənənəvi olaraq, yeddinci imam Musa əl-Kazıma gedib çıxan şəcərəsinin şərhi ilə başlanır. Səfəvilərin əcdadları haqqında yarıəfsanəvi səciyyəli oçerk qismən Təvəkkül ibn Bəzzazın “Səfvət əs-səfa” adlı agioqrafik əsərindən götürülmüşdür25.

Bu giriş hissəsindən sonra salnaməçi öz hekayəsinin başlıca mövzusunun şərhinə başlayır. Tarixi hadisələr hicri 930-cu (1524) ilə qədər şərh edilir. Biz naməlum müəllifin və Xondəmirin əsərlərinin mətnlərinin uyğunluğunu qəbul etməklə, burada onların arasındakı ayrı-ayrı yerlərdə çox əhəmiyyətli görünən fərqləri qeyd etmək istərdik. Anonim müəllifin əsərinin bir sıra üstünlükləri vardır. Əsər, Xondəmirin hekayəsini ayrı-ayrı təfsilat və təfərrüatlarla tamamlaması faktı ilə deyil, konkret tarixi materialla zəngin olan, əhəmiyyətli, bütöv yeni başlıqların mövcudluğu ilə qiymətlidir26.

Orta əsr salnaməçilərinin əksəriyyətinin əsərlərində olduğu kimi, naməlum müəllif üçün də Azərbaycan müstəqil maraq obyekti deyildir. Azərbaycan barəsində o, qızılbaşların ora yürüşləri, qiyamlar, şahın ov səhnələri və digər hadisələrlə əlaqədar yazırdı. Buna baxmayaraq, onun verdiyi məlumatlar çox maraqlıdır.

Naməlum salnaməçi Azərbaycanda və İranın Xəzərsahili vilayətlərində qızılbaş hərəkatının ilk mərhələləri haqqında orijinal və çox qiymətli material verir27. 1501-ci ildə bakılıların güclü müqaviməti və I Şah İsmayılın Bakını tutmasına həsr olunmuş səhifələr Azərbaycan tədqiqatçıları üçün böyük maraq kəsb edir28. Yeri gəlmişkən qeyd edək ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix”indəki gerçəkliyə uyğun olan hekayə naməlum müəllifdən götürülmüşdür, həm də bu zaman mühüm təfsilat nəzərə alınmamışdır. Azərbaycanda və İranda siyasi vəziyyətin səciyyəsi, feodal pərakəndəliyi və XVI əsrin əvvəlində öz müstəqilliyini qoruyaraq Səfəvilərlə mübarizə aparan yerli hökmdarlar barəsində də eyni sözləri demək olar29. Hicri 911-ci (1506) il və 915-ci (1509) ildə qızılbaşların Şirvana yürüşləri haqqında hekayə çox məzmunludur30.

Müəllif hakim sinfin nöqteyi-nəzərindən, şiəliyin müdafiəsi, Səfəvilərin ifrat dərəcədə təriflənməsi mövqeyindən çıxış edir. O, habelə saray tarixşünaslığının tipik üsullarından istifadə edir. Döyüşlərdən, şah ovlarından, ziyafətlərdən və s. bəhs edərkən onun dili təmtəraqlı və az məzmunlu olur. Qalan hallarda təhkiyənin lakonikliyi, hadisələrin əlaqəli şəkildə şərh olunması, onların tarixinin dəqiq göstərilməsi ilə fərqlənir ki, bütün bunlar həmin salnaməni bu dövrün tədqiqi üçün əvəzsiz edir. Salnaməçi Şah İsmayılın şərti adından, onu “Xaqan-i Süleymanişan-i sahibqiran”31, yəni “Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana layiq”32 hökmdar ifadəsi ilə əvəz etməklə istifadə edir.

Bütövlükdə müəllifin bitərəfliliyinə baxmayaraq, o, müəyyən mənada obyektivliyi saxlamağa nail olur. Onun rəvayətində XV əsrin sonu–XVI əsrin əvvəlində Azərbaycanın və İranın sosial-iqtisadi vəziyyəti barəsində özünə yer tapmış ayrı-ayrı təfərrüatlara təsadüf edilir33. Adı çəkilən “Səffat əs-səfa“ və “Həbib əs-siyəf”dən başqa, müəllifin həmçinin İbrahim Əmininin “Fütuhat-i Şah-i” əsərindən də istifadə etdiyini güman etmək olar. Bu, belə bir cəhətdə xüsusilə özünü göstərir ki, hər iki mənbədə İsmayılın Kaşana daxil olması və şəhərlilərin onu qarşılaması, həmçinin şəhərdəki təntənələr haqqındakı hekayələr eynidir34.

“Təzkirey-i Şah Təhmasib” (“Şah Təhmasibin təzkirəsi”) əsərinin kimə aid olması məsələsi indiyə kimi tədqiqatçılar arasında mübahisə və ixtilaflara səbəb olmuşdur. Onların əksəriyyəti (F.Töyfel, P.Horn, D.Fillot, X.Bexeviç, E.Broun, V.Hins) “Təzkirə”nin müəllifliyini I Şah Təhmasibin adına çıxırlar. ”Təzkirə” mətninin P.Horn tərəfindən nəşrinə35 dair özünün tənqidi rəyində rus iranşünası V.A.Jukovski bu baxışın əleyhinə çıxış etmişdir36. V.A.Jukovski həmin əsərin Sankt-Peterburq əlyazmasına əsaslanaraq37 sübut etməyə çalışırdı ki, bu əsər I Şah Təhmasibin “gündəliyi”, yaxud “memuarları” deyildir və şahın Osmanlı səfiri ilə müsahibəsinin protokoludur38. İ.P.Petruşevski39 və K.Q.Tabatadze40 də bu nöqteyi-nəzəri müdafiə edirlər.

Tarix elminə bu əsərin iki variantı məlumdur. Birinci variant yalnız iki nüsxədə (Sankt-Peterburq və Tiflis) saxlanılır. “Şah Təhmasibin Rum səfirləri ilə söhbəti” başlığı ilə verilmişdir. “Şah Təhmasibin təzkirəsi” adlanan digər nüsxələr təxminən eynidir və I Şah Təhmasibin hakimiyyətindən bəhs edən tarixi müqəddimənin ön söz kimi verildiyi, yuxarıda adı çəkilən “Söhbətin” bir qədər dəyişilmiş variantıdır. Bu hekayədə hicri 930-938-ci (1524-1532) illərin hadisələri şərh edilir və mənbə Səfəvi–Osmanlı münasibətləri ilə əlaqədar deyildir.

Əsərin Sankt-Peterburq əlyazması beş “hekayədən” (Üləma bəy Təkəli41, Qazi xan Təkəli42, Əlqas Mirzə43, İsgəndər paşa44 və Sultan Bayazid45 haqqında) ibarətdir.

“Təzkirə” yaddaş qeydləri, memuar səciyyəsi daşıyır. Buna görə də xronoloji ardıcıllıq tez-tez pozulur, real hadisələr şahın röyaları və şəxsi mülahizələri ilə qarışıq şəkildə rəvayət edilir. Hekayə hər yerdə birinci şəxsin, I Şah Təhmasibin dilindən söylənilir. Şahın baxışlarının əks etdirən təsvirlər obyektivliyi ilə fərqlənmir. Buna baxmayaraq, I Təhmasibin əsəri Həsən bəy Rumlunun və digər salnaməçilərin məlumatlarını tamamlayan qiymətli ilkin mənbədir. “Təzkirə”nin I Şah İsmayılın vəfatından sonra qızılbaş tayfalarının üsyanı, XVI əsrin birinci yarında Səfəvi–Osmanlı müharibələri, 1538-ci ildə Şirvan ərazisinin Səfəvi dövlətinə birləşdirilməsi və s. haqqında məlumatları xüsusilə maraqlıdır. Əsərdə Səfəvilərin inzibati idarə sistemi, vilayət hakimlərinin təyin olunması, bağışlanmış mülklər və s. barəsində material vardır.

Əli Zeynalabdinin (Əbdibəy təxəllüslü şair) “Təkmilət əl-əxbar” (“Xəbərlərin təkmili”) əsəri tarixi-xronikal səciyyə daşıyır, ümumtarix əsəridir və dörd fəslə (baba) bölünmüşdür. Müsəlman sülalələrinə həsr olunmuş dördüncü fəslin sonuncu hissəsində ilk Səfəvilərin – I İsmayılın və I Təhmasibin hakimiyyət illəri şərh edilir. Əsərin istifadə etdiyimiz, keçmiş SSRİ-də yeganə nüsxəsi natamamdır, hicri 968-ci (1560-1561) ilin hadisələrinin şərhində kəsilir46.

I Şah Təhmasibin hakimiyyət dövrü hadisələrinin təsviri faktik material və elə təfərrüatlarla zəngindir ki, bunlara digər, sinxron salnamələrdə təsadüf edilmir. Məsələn, dövlət banisinin vəfatından sonra qızılbaş feodal əyanlarının torpaq və yüksək vəzifələr uğrunda dramatik mübarizəsinin gözlənilmədən dəyişkənliyə uğraması faktları şahidin canlı hekayəsində verilmişdir. Əsərdə Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şirvanın vəziyyəti, Əlqas Mirzənin qiyamı, Abdulla xan Ustaclının Şirvanda Bürhan Mirzənin, Mehrabın və Qasım Mirzənin separatçı çıxışlarına qarşı mübarizəsi haqqında mühüm məlumatlar vardır.

Əli Zeynalabdin miqyaslı siyasi hadisələrdən bəhs edərkən şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir, rəsmi əhval-ruhiyyəyə əməl edir. O, kiçik məmur işlədiyinə görə bürokratik aparata yaxşı bələd idi və buna görə də saray mühitində mümkün olan hər cür təyinatlar və yerdəyişmələr barədə onun məlumatları diqqətəlayiqdir. Xronikanın dili lakonikliyi ilə fərqlənir və dəbdəbəli ibarələrdən məhrumdur.

Hürşad ibn Qubad əl-Hüseyninin, uzun müddət Hindistanda yaşamış İraqi-Əcəm əhli olduğu ehtimal edilir. Orada o, Əhmədnaqar hakimlərindən, Nizamşahlar sülaləsindən olan Sultan Bürhanın yanında qulluğa girmişdi. Hürşah Bürhan (1508-1553) səfir kimi I Şah Təhmasibin sarayına göndərilmiş və hicri 952-ci ilin rəcəb ayında (1545-ci ilin sentyabrı) Reyə gəlmişdi. Bir ay keçdikdən sonra o, şahın qəbuluna düşməyə nail olmuş və öz hökmdarının min tümən dəyərində olan hədiyyələrini I Təhmasibə təqdim etmişdi47. Hürşahın məlumatına görə o, il yarım Səfəvi şahının sarayında qalmış və onun Gürcüstana və Şirvana yürüşlərində də iştirak etmişdi (1546-1547)48. Hürşahın sonrakı həyatı haqqında məlumat azdır. Hicri 971-ci (1563-1564) ilədək, yəni 19 il ərzində o, Səfəvi sarayında yaşamış və saray dairələrinə yaxın olmuşdur. Burada o, özünün “Tarix-i elçi-yi Nizamşah” (“Nizamşahlar elçisinin tarixi”) adlandırılmış tarixi xronikasının birinci variantını başa çatdırmışdır. Müəllifin məlumatına görə, I Təhmasib onun əsərinə böyük maraq göstərmiş, işlə tanış olduqdan sonra istifadə etmək üçün öz əsərinin surətini ona vermişdi; bu əsərində o, ”xilafətin pənahı əlahəzrət şahın Rum müharibəsindən indiyə kimi başına gəlmiş bəzi hadisələri bir yerə toplamış və onları bir neçə fəslə bölərək xoşagələn hekayələr yazmışdı… ” (Söhbət “I Şah Təhmasibin təzkirəsi”ndən gedir – O.Ə.)49. Gördüyümüz kimi, Hürşah Səfəvi şahının memuarının bəzi yerlərini demək olar ki, köçürmüşdür.

Bundan bir qədər sonra Hürşah Hindistana qayıtmış və 1656-ci ilin iyununda Holkonda vəfat etmişdir.

“Tarix-i elçi-yi Nizamşah” yeddi fəsildən (məqalədən) ibarət olan, hər biri öz növbəsində “söhbətlərə” (“göftar”) bölünən ümumtarix əsəridir.

Altıncı fəsil Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarına, Səfəvilərin ilk iki şahına, Xəzərsahili vilayətlərin hakimlərinə və Osmanlı sultanlarına həsr olunmuşdur. Hürşahın əsərinin bir neçə əlyazma nüsxəsi məlumdur. Lakin onlardan heç birinin mətni tam şəkildə, yəni əsərin bütün hissələrini əhatə etmir50. Keçmiş SSRİ-də bu əsərlər yox idi (yaxud da hələ aşkar edilməmişdi). Onun kiçik bir hissəsi – Şirvanın və digər Xəzəryanı vilayətlərin tarixinə aid parçası Ç.Şefer tərəfindən nəşr olunmuşdur51. Bu hissə məzmunca zəngindir. 1537-1538-ci illərdə Qələndərin (dərvişin) xalq üsyanı haqqında məlumatlarından başqa, burada sonuncu Şirvanşahlar və onların oğlanları barəsində, bu sülalənin nəsil şəcərəsindəki boşluğu doldurmağa imkan verən bəzi məlumatlar vardır.

Biz Britaniya muzeyinin, hələ mənbə müəllifinin sağlığında üzü köçürülmüş nadir nüsxəsindən istifadə etmişik. Bu əlyazması daha erkən yazılmışdır və səhihdir. I Şah İsmayıla və I Şah Təhmasibə həsr olunmuş, bizim üçün çox mühüm olan hissəsini (VI məqalədən 3-cü göftar) özündə əks etdirir. I Təhmasibin hakimiyyəti haqqında çox ətraflı hekayə şahın qardaşı Sam Mirzə hicri 969-cu (1561-1562) ildə Qəhqəhə qalasında zindana salınanadək olan dövrü əhatə edir və hakimiyyətdə olan monarxın mədh olunması ilə bitir. Səfəvilər tarixinin işıqlandırılmasında bu hissədən indiyə kimi istifadə olunmamışdır.

Hürşah Səfəvilər dövlətinin bir çox vilayətlərində – Şirvanda və Azərbaycanın digər hissələrində, Gilanda, Mazandaranda olmuşdur və bu vilayətlərin tarixinə dair onun məlumatlarının dolğunluğu, müfəssəlliyi də elə bununla izah edilə bilər. Hindistan Nizamşahlar dövlətinin səfiri və təbəəsi olan Hürşah Səfəvilərin və şiəliyin tərəfdarı kimi çıxış etsə də, onu fanatizm səviyyəsinə gətirib çıxarmır, öz təmkinli üslubunu və obyektivliyini saxlayır.

Mövzumuzun mühüm mənbələrindən biri Budaq Qəzvininin “Cəvahir əl-əxbar” (“Xəbərlərin inciləri”) əsəridir. Bu əsərin dünyada yeganə, avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır52 və 678 səhifədən ibarətdir. Əlyazmada olan kolofona görə iqrar etmək olar ki, əsər hicri 984-cü il cüməd əl-əvvəlin sonunda (24 avqust 1576-cı il), yəni II Şah İsmayıl taxta çıxdıqdan üç gün sonra tamamlanmışdı (hadisələrin şərhi də həmin dövrə qədər çatdırılmışdır).

B.Dorn və İ.Petruşevski bu əlyazma barədə son dərəcə ümumi məlumat vermişlər53. Bu əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd edirdi ki, əlyazma “yaxşı, sadə dildə yazılmışdır, lakin təcrübəsiz adamın onu oxuması çətindir, çünki diakritik işarələrin təxminən yarısı yoxdur. İran tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək olar”54.

Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir55.

O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən56 şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi-əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı. Budaqın özünün etiraf etdiyinə görə, o, ”vəzir rütbəsinə doğru gedirdi”.

Lakin tezliklə onun uğurlu xidmət yüksəlişi dayandı. Qoşun kargüzarlığını başqasına verdiyi üçün Məhəmməd xandan inciyən Budaq, Kirmanda xidmətdən qaçdı. Budaqın həyatının iztirablı və məhrumiyyətlərlə zəngin olan dövrü başlandı. O, bir neçə il işsiz və ac qaldı. Ehtiyacın təqib etdiyi Budaq tez-tez yaşayış yerini dəyişirdi. Nəhayət, Qəzvində şahın qardaşı Bəhram Mirzə onu öz yanına katib götürdü və Budaqın 4 il orada qulluq etməsini ehtimal edə bilərik. Lakin fitnəyə cəlb edildiyinə görə Budaq, əmlakı müsadirə olunmaq şərtilə, həbs edildi. O, altı il işsiz qaldı, sonra isə Soucbulakın və başqa şəhərlərin kələntərliyi ona bəxşiş edildi. Budaq uzun illər ərzində Xorasanda müxtəlif vəzifələrdə xidmət göstərdi. Təqribən 1565-ci ildə o, Qəzvinə qayıtdı, xəbərçilik nəticəsində yenidən həbs edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş il keçdikdən sonra o, şah tərəfindən yenidən işə qəbul edildi. Ona Qəzvin şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi tapşırdılar. Budaqın tərcümeyi-halı belə bir şikayətlə bitir ki, o, artıq 68 yaşına yetməsinə baxmayaraq, yenə də, ”müsibətlər məngənəsindən yaxa qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz” qalmaqdadır57.

“Cəvahir əl-əxbar” ümumtarix əsəridir və islamdan əvvəlki hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki nümayəndəsinə – I İsmayıla və I Təhmasibə həsr olunmuşdur. Müəllif bir çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin hakimiyyəti zamanı əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli yaxşılaşdığını göstərir58.

I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti və onun daxili siyasəti haqqında qiymətli məlumatlar vardır59. Onun hökmdarlıq tarixi ciddi xronoloji qaydada şərh olunur. Hadisələrin təsviri ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu hadisələr daha canlı, aydın dildə təsvir olunur və digər narrativ mənbələrdə deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941-ci (1534-1535) ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir.

Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə boyu səpələnmiş, maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisteminə yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq doğurur.

“Cəvahir əl-əxbaf” hakimiyyətdə olan II Şah İsmayıla həsr olunmuşdur; əsərin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua verilir.

“Əhsən ət-təvarix” – Azərbaycan salnaməçisi Həsən bəy Rumlunun çoxcildlik60 əsəridir. Əsərin sonuncu cildi hicri 900-985-ci (1494-1578)61 illər dövrünü əhatə edir. Hadisələrin şərhi Şah Məhəmməd Xudabəndənin taxta çıxmasına qədər verilir62. Hər il üçün ən mühüm hadisələr şərh edilir, habelə həmin ildə vəfat etmiş feodal hakimləri, din xadimləri, alimlər və şairlər barəsində tərcümeyi-hal məlumatları verilir.

I Təhmasibin yarıməsrlik hakimiyyəti dövründəki hadisələr heç bir başqa mənbədə Həsən bəy Rumlunun əsərində olduğu kimi təfsilatı ilə şərh edilmir. Əgər anonim tarixçinin əsəri I Şah İsmayılın tarixinə dair ən tam mənbədirsə, I Şah Təhmasibin dövrü üçün də “Əhsən ət-təvarix” belə əvəzedilməz mənbə olaraq qalır.

Həsən bəy Rumlu üçün Azərbaycan tarixi böyük maraq kəsb edir. Azərbaycandakı hadisələrə onun əsərində kifayət qədər bölmələr həsr edilmişdir. Onun əsərinin bir çox səhifələri gənc şah I Təhmasibin hakimiyyətinin ilk illərində qızılbaş əyanlarının dövlət aparatında yüksək və gəlirli vəzifələrini tutmaq uğrunda mübarizəsini, Azərbaycanın cənub vilayətlərinin hakimi Üləma bəyin qiyamını, Şirvan bəylərbəyi Əlqas Mirzənin xəyanətini, Sultan Süleymanın Azərbaycana dörd yürüşünü və s. əks etdirir.

Əsərdə Azərbaycandakı xalq üsyanları, o cümlədən 1571-1573-cü illərdə Təbrizdə sənətkarların və şəhər yoxsullarının baş vermiş üsyanı haqqında qiymətli material vardır63.

Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında indiyədək elmdə, demək olar ki, tədqiq edilməmiş Qazi Əhməd İbrahim Quminin “Xülasət ət-təvarix” (“Tarixlərin xülasəsi”) əsəri qeyd olunmalıdır. Bu əsərin əlyazmaları olduqca nadirdir. Keçmiş SSRİ-də qədim əlyazmaların saxlandığı obyektlərdə bu nüsxələr yoxdur. Həmin əsər haqqında ilk dəfə 1935-ci ildə Valter Hins məlumat vermişdir. Müharibədən əvvəl Berlindəki Prussiya dövlət kitabxanasında saxlanılan əsərin əlyazmasının qısa təsviri də ona məxsusdur64.

“Xülasət ət-təvarix” Qazi Əhmədin yeganə əsəri deyildir. “Məcmə əş-şüəra” ədəbi antologiyası65 və B.N.Zaxoderin rus dilinə tərcümədə nəşr etdirdiyi “Gülüstan-i hünər”66 əsəri də onun qələminin məhsuludur.

Bizə qədər gəlib çatmış “Xülasət ət-təvarix”in hissəsi, Qazi Əhmədin öz sözlərindən aydın olduğu kimi, hicri 999-cu (1590-1591) ilə qədər Səfəvilərin tarixini əhatə edən tarixi xronikanın yalnız sonuncu – beşinci cildini təşkil edir. Birinci dörd cild bizə qədər gəlib çatmamışdır; ehtimal etmək olar ki, onlar ümumiyyətlə yazılmamışdır. Qazi Əhməd əsərin altıncı cildini yazmaq niyyətini nə dərəcədə həyata keçirdiyini də iddia edə bilmərik.

Qazi Əhməd əsərlərindən istifadə etdiyi aşağıdakı Səfəvi salnaməçilərinin adlarını çəkir: Əmir Sultan İbrahimi Əmini Hərəvi (“Fütuhat-i Şah-i”nin müəllifi), Mir Mahmud ibn Xondəmir, Mövlana Həyati Təbrizi (?), Qazi Əhməd Qəffari (“Tarix-i Cahan-ara”nın müəllifi), Həsən bəy Rumlu (“Əhsən ət-təvarix”in müəllifi)67.

Müəllif göstərir ki, o, beş cildin hamısına ömrünün on iki ilini sərf etmişdir68. Buradan da onun salnaməni təqribən 1578-ci ildə tərtib etməyə başladığı aydın olur.

Əsər I Təhmasibin hakimiyyətinin son on ili, II İsmayıl, Məhəmməd Xudabəndənin hakimiyyət illəri və I Şah Abbasın hakimiyyətinin başlanğıcı üçün mühüm ilkin mənbədir. Hətta əsərin səthi nəzərdən keçirilməsi göstərdi ki, bunda da söhbət Həsən bəy Rumlu və İsgəndər bəy Münşinin əsərləri arasındakı boşluğu doldurmaq üçün mühüm mənbənin səhihliyindən gedir. Əgər I İsmayıla qədərki dövr də daxil edilməklə həmin dövr üçün materialın verilməsi ən mühüm hadisələr üzərində qurulursa, I Təhmasibin hökmdarlığı zamanından başlayaraq bölgü illər üzrə aparılır, yeni fəsillər yeni ildən – Novruz bayramından başlanır.

Xronika tam halda nəşr olunmamışdır. Əsərin yalnız başlanğıc hicri 909-cu (1503-1504)69 ilədək və son70 (I Şah Abbas hakimiyyətinin ilk illəri) hissələri dərc olunmuşdur71.

Mövzunun tədqiqi üçün ilk dəfə olaraq Mahmud ibn Hidayətulla Nətənzinin “Nəqavət əl-əsar fi zikr əl-əxyar (yaxud əxbar)” (“Dindar adamlar haqqında hekayələrdəki əsərlərdən ən yaxşısı”)72 əsərindən istifadə edilmişdir. Müəllif barədə məlumatlar çox cüzidir və yalnız əsərin daxilində olanlardan ibarətdir. O, ruhani ailəsində doğulmuşdur. Onun atası Şah I Təhmasibin qardaşı, Heratın Səfəvi hakimi olmuş Bəhram Mirzənin himayəçiliyindən istifadə etmişdir. Müəllifin göstərdiyinə görə, o, gənc yaşlarından tarix və ilahiyyata dair kitablar oxumağa həvəs göstərmişdir. Mahmud Nətənzi hicri 938-ci (1531-1532) ildə anadan olmuş, 998-ci (1590) ilin yazında, yəni artıq 60 yaşına çatanda əsəri yazmağa başlamışdı. Nətənzinin əsəri iki cilddən ibarətdir. Birinci cilddə I Şah Təhmasibin ölümündən (1576) I Şah Abbasın hakimiyyətə gəlməsinədək (1587) olan dövrdə baş vermiş ən mühüm hadisələr şərh edilir. Birinci cildə nisbətən daha müfəssəl olan ikinci cild I Şah Abbasın hakimiyyətinin hicri 1007-ci (1598-1599) ilədək ilk on bir ilini əks etdirir. Deməli, əsər başa çatan zamanda müəllifin 69 yaşı olmuşdur73.

Nətənzinin təsvir etdiyi, I Şah Abbas dövrünə qədərki bir çox hadisələr başqa salnaməçilər tərəfindən ya tamamilə qeyd olunmur, ya da çox yığcam şərh edilir. Belə hadisələrə I Şah Təhmasibin dəfn olunmasını, II İsmayılın vəfatından sonra fırıldaqçıların meydana çıxmasını, onun pul islahatları haqqında məlumatları və s. misal göstərmək olar. Əsərdə 70-80-ci illərin axırlarında baş vermiş müharibələr, I Abbasın taxta çıxması ərəfəsində Səfəvilər dövlətinin daxili siyasi vəziyyəti haqqında mühüm təfsilatlar vardır.

Mahmud Nətənzi istifadə etdiyi mənbələrin adını çəkmir. Lakin izahından aydın olur ki, onun qələmə aldığı məlumatların əsas hissəsi şəxsi müşahidələrə və rəsmi sənədlərə, habelə şahidlərin söylədiklərinə əsaslanır. Material hissələrə, yaxud fəsillərə bölünmədən, xronoloji ardıcıllıqla düzülmüşdür. Müəllif yalnız hadisələri deyil, həm də onların səbəblərini şərh etməyə cəhd göstərir74.

Şərəfxan Bidlisinin “Şərəfnamə”75 əsəri I Şah Təhmasibin hakimiyyətinin son illərində və II İsmayılın dövründə Səfəvilər dövləti haqqında bir çox maraqlı məlumatlar verir.

Y.İ.Vasilyevanın yazdığı kimi, “Şərəfxan öz salnaməsində İranda daxili siyasi hadisələrin, xüsusilə də, 1576-cı ildə I Şah Təhmasibin vəfatından sonrakı ictimai dövrünün düzgün qiymətini verir”76. Müəllif, Səfəvilərin feodal “nərdivanında” yüksək mövqe tutan Bidlis şəhərinin irsi hakimlər nəslindən idi. Şərəfxan təsvir etdiyi bir çox hadisələrin canlı şahidi və iştirakçısı olmuşdur. Məsələn, o, II Şah İsmayılın tapşırığı ilə “mərhum şahın” (I Təhmasibin – O.Ə.) var-dövlətini, dövlət xəzinəsini və qalan əmlakını” mühafizə etmiş və bunun ətraflı təsvirini vermişdi77. 1578-ci ildə Osmanlı hücumuna qədər Azərbaycanın daxili həyatı, əhalinin vəziyyəti və vergi sistemi haqqında onun verdiyi məlumatlar xüsusilə maraqlıdır.

Müharibənin əvvəlində Səfəvilərin uğursuzluqları və özünün xudbin mənafeyi ucbatından Şərəfxan Səfəvilərdən üz döndərərək Osmanlı sultanı III Muradın tərəfinə keçmiş, onun Azərbaycana yürüşlərində iştirak etmişdir. Əsərin sonuncu hissələrində Osmanlı informasiya mənbələrinin güclü təsiri hiss olunur və buna görə də 80-90-cı illərə dair məlumatlar tam deyildir və birtərəfli səciyyə daşıyır. Müəllif rəsmi Osmanlı təmayülünın tərəfdarı olmasa da, onun izahında Azərbaycanın və digər ölkələrin türklər tərəfindən işğalı idealizə edilmiş şəkildə işıqlandırılır. Bəzən Şərəfxan hadisələrin tarixini səhv göstərir. Məsələn, o, Krım xanı Məhəmməd Gireyin Azərbaycana yürüşünün hicri 992-ci (1584)78 ildə ildə baş verdiyini göstərir, halbuki həmin hadisə beş il əvvələ, yəni hicri 987-ci (1579) ilə aiddir. ”Şərəfnamə”nin bu yanlışlığı bir neçə əsərdə öz əksini tapmışdır və bu barədə müvafiq bölmədə bəhs ediləcəkdir.

Mövzunun işlənməsi üçün ən mühüm mənbələrdən biri görkəmli Azərbaycan tarixşünası İsgəndər bəy Türkman Münşinin “Tarix-i aləm arayi Abbasi” (“Dünyanı bəzəyən abbasın tarixi”) adlı sanballı əsəridir.

İsgəndər bəy Münşi (1560/61-1634) o dövr üçün gözəl təhsil almışdı, mahir xəttat, poeziya bilicisi idi. İsgəndər Münşi müxtəlif hakimlərin yanında maliyyə məmuru işləyərək, I Şah Abbasın birinci vəziri Hatəmbəy Ordubadinin himayədarlığı sayəsində yüksək mənsəbə çatmışdı. İsgəndər bəy yürüşlər və zəfərlər zamanı şahı müşayiət etmiş, Azərbaycanda, İranda, İraqda və digər ölkələrdə bir çox hadisələrin şahidi olmuşdur. İsgəndər bəy Münşinin əsəri girişdən (müqəddimə) və iki cilddən (səhifə) ibarət olub I Abbasın yarıməsrlik hakimiyyəti dövrünün ən mühüm və əvəzedilməz mənbəyidir79. Tədqiq edilən mövzu ilə əlaqədar bizi mənbənin “giriş” hissəsi maraqlandırdı. Burada İsgəndər bəy Münşi Səfəvilər sülaləsinin mənşəyindən söz açır, bu sülalənin ilk dörd şahının hakimiyyət tarixini şərh edir. Əsərin bu hissəsini müəllif özündən əvvəlki tarixşünasların materialları əsasında yazsa da, girişin kompilyativ səciyyəsi ilə yanaşı, burada müxtəlif bizim üçün naməlum olan mənbələrdən götürülmüş orijinal materiallara da təsadüf edilir. I Şah Təhmasibin daha çox adlı-sanlı müasirlərinə – məşhur xanlara və sultanlara, seyidlərə və şiə şeyxlərinə, vəzirlərə və müstöfilərə, xəttat, rəssam, şair, musiqiçi və xanəndələrə həsr olunmuş nadir bölmələri bunlara misal ola bilər. Bu şəxslərin hər biri haqqında onların fəaliyyətini səciyyələndirən qısa bioqrafik məlumatlar verilmişdir80.

“Müqəddimə”nin II İsmayılın və Məhəmməd Xudabəndənin hakimiyyət dövrlərinə həsr olunmuş bölmələri, bizim üçün olduqca qiymətli mənbə oldu. Çünki sinxron mənbələrin heç birində biz həmin illərin belə tam və təfsilatlı şərhinə rast gəlmədik.

Səfəvilər dövrünün digər tarixçilərinə nisbətən İsgəndər Münşi o dövrün tarixçiləri üçün nadir sayılan keyfiyyət üstünlüyü ilə fərqlənirdi. O özünün sələflərindən məlumatları sadəcə olaraq götürmür, həm də hadisələrə öz münasibətini bildirməklə, onları yenidən mənalandırmağa, səy göstərir. Münşi bəzən hadisələrin təzahürlərinə aludə olmur, onların tarixini vermir, əsas diqqətini bu hadisələrin mahiyyətinin açılmasına yönəldir. Bu mənada o, fikrimizcə öz müasirlərindən – salnaməçi olub, yalnız faktları qeydə almaqla kifayətlənən tarixçilərdən xeyli yüksəkdə dururdu.

Mövzunun işlənilməsi üçün olduqca vacib olan Avropa mənbələrini nəzərdən keçirək. Həmin sənədlərin qiyməti bundadır ki, onlar Səfəvilər dövlətinin Şərq salnaməçilərinin əsərlərində sərf-nəzər olunan sosial-iqtisadi həyat və siyasi quruluş məsələlərinin bəzi əhəmiyyətli tərəflərini işıqlandırırlar.

Vinçenso d'Alessandri Venesiya Respublikasının I Şah Təhmasibin sarayına təyin edilmiş səfiri idi. O, 1571-ci ildə Səfəvilərin paytaxtı Qəzvin şəhərinə gəlmiş və təxminən iki il ölkədə yaşamışdı. Qayıtdıqdan sonra o, Venesiya hakiminə özünün Səfəvilər dövlətinə olan səfəri barədə hesabat təqdim etmişdi81. Müxtəsər olmasına baxmayaraq, Alessandrinin hesabatında I Şah Təhmasibin hakimiyyətinin son illərində Səfəvilər dövlətinin vəziyyəti haqqında maraqlı məlumatlar və avropalının müşahidələri vardır.

Alessandri Səfəvilər sarayı, I Şah Təhmasibin şəxsiyyəti və həyat tərzi, mərkəzi hökumət, Səfəvilərin daxili siyasəti, o cümlədən vergi siyasəti haqqında qiymətli məlumatlar verir. Məsələn, I Təhmasibin “mərhəmətindən”, “ədalətindən” və onun bəzən rəiyyət vergilərini ləğv etməsindən çox danışan farsdilli mənbələrin əksinə olaraq Alessandri göstərir ki, adətən belə “ləğvetmədən” bir qədər keçdikdən sonra şah gözlənilmədən bütün vergi borclarının ödənilməsini tələb edirdi ki, bu da kəndliləri kütləvi surətdə müflisləşdirirdi82. I Təhmasibin gömrük rüsumunu (tamğa – O.Ə.) ləğv etməsi “bunlar dünyanın hər hansı hissəsində olduğundan yüksək idi” və sonuncuların “ticarətin yeddidə birini təşkil edən“83 daha mülayim vergi ilə (boniçe – O.Ə.) əvəz edilməsi barədə onun məlumatı çox mühümdür. Məhsuldan, torpaqdan və qoyunların sayına görə alınan vergi haqqında venesiyalının gətirdiyi bəzi rəqəm məlumatları olduqca maraqlıdır84. Səfəvilərin qoşunu, onun silahları, şah qvardiyası və i.a. barədə verilmiş məlumatlar da maraqlıdır.

Mövzu üçün digər italyan müəllifinin – Ciovanni Tommazo Minadoinin “Türklər və iranlılar arasındakı müharibələri tarixi” əsəri85 böyük əhəmiyyət kəsb edir.

Minadoi 1540-cı ildə İtaliyanın Roviqo şəhərində anadan olmuşdur. Paduya universitetində tibb təhsilini tamamladıqdan sonra Suriyada Venesiya konsulluğunun xəstəxanasında həkim işləmişdir. O, 1579-1586-cı illərdə burada olmuş və yəqin ki, türk dilini yaxşı bilmişdir. Xidməti borcunu yerinə yetirərkən Osmanlı mülklərinə səfərlər edir, tez-tez İstanbulda olur, o vaxt Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında gedən müharibələr haqqında məlumatlar toplayırdı. O, İtaliyaya qayıtdıqdan sonra, tezliklə bu müharibələrin tarixini nəşr etdirir. Minadoi 1596-cı ildən Paduyada yaşamış, adı çəkilən universitetin tibb professoru olmuş və 1615-ci ildə vəfat etmişdir86.

Minadoinin əsəri ilk dəfə 1587-ci ildə Romada çapdan çıxmışdı. 1588-ci ildə Minadoi öz əsərini 9 fəslə (ilkin nəşrdəki dörd fəsildən ibarət idi) bölüb yeni materialla tamamlayaraq, ikinci dəfə nəşr etdirdi. Venesiya nəşri Minadoinin əsərinin tam və son nəşri sayılır. Kitab Avropa oxucularının diqqətini dərhal özünə cəlb etdi. Onun əsəri tez bir zamanda ispan (1588), ingilis (1595) və latın (1601) dillərinə tərcümədə çapdan çıxdı. Onu qeyd etmək kifayətdir ki, Minadoinin əsəri 14 il ərzində yeddi dəfə nəşr olunmuşdu87. Bunu Avropalıların “əfsanəvi dərəcədə zəngin” Şərq ölkələrinə sadəcə olaraq artan marağı ilə izah etmək kifayət deyildir. O dövrdə Qərbi Avropa dövlətləri üçün real təhlükəyə çevrilmiş Osmanlı Türkiyəsinin gələcək niyyətləri qarşısında Avropa cəmiyyətini təlaş bürümüşdü.

Tədqiqatçılar üçün daha böyük əhəmiyyət kəsb edən ikinci fəsildə Minadoi islam dini, iki təriqətin – sünniliyin və şiəliyin mənşəyi, Şah İsmayılın sələfləri – Səfəvi şeyxləri, Səfəvilər dövlətinin meydana gəlməsi haqqında olduqca geniş məlumatlar verir. Daha sonra vilayət və şəhərlərin adları bir-bir sadalanmaqla Səfəvilər dövlətinin coğrafi mövqeyi təsvir edilir. Fəsildə Gürcüstan çarlığının siyasi vəziyyətinin səciyyəsi, habelə Şirvan və onun şəhərləri barədə məlumatlar vardır88. Minadoi bəzən bu və ya digər məsələ üzrə rəqəmlər verməklə Səfəvilər dövlətinin dövlət quruculuğu və hərbi təşkilat məsələlərinə də toxunur. Onun dövlət xəzinəsinin gəlirləri haqqında verdiyi məlumatlar olduqca mühümdür.

Bir sözlə, fəsildə XVI əsrin ikinci yarısında Səfəvilər dövlətinin ümumi vəziyyəti haqqında Alessandrinin yaratdığı mənzərəni xeyli tamamlayan materiallar vardır.

Digər fəsillərdə (yeddincidən başqa) I Şah Təhmasibin hakimiyyətinin son illərində Səfəvilər dövlətinin daxili vəziyyəti, ölkəni fəlakət həddinə gətirib çıxarmış saray çəkişmələri, qızılbaş feodal güruhları arasındakı mübarizə ətraflı təsvir edilir. 1586-cı ilin sonunda Həmzə Mirzənin vəfatına qədər Osmanlı – Səfəvi müharibələrindən müəllifin müfəssəl danışması böyük elmi maraq doğurur89. Minadoinin məlumatının əsas mənbələri təsvir olunan hadisələrin iştirakçıları və şahidləri ilə görüşlər və söhbətlər idi. Bu işdə ona kömək etmiş şəxslər arasında o, “Suriyadakı Venesiya senatının çox hörmətli səfirlərinin” adlarını minnətdarlıqla çəkir. Həkimlik praktikası ona yüksək vəzifəli Osmanlı əyanlarının evlərinə getməyə və lazımi məlumatlar əldə etməyə imkan verirdi. Minadoi alınan materialı sadəcə olaraq qeyd etmir, hadisələrin müxtəlif variantlarını tutuşdurmaqla, daha ağlabatan variant üzərində dayanırdı. Minadoinin əsas məlumatçısının Səfəvilərə xəyanət etmiş və Osmanlı sultanı tərəfindən Hələb hakimi təyin edilmiş qızılbaş səfiri Maqsud xan Zülqədər olduğu ehtimal edilə bilər90.

Minadoinin əsəri onun müasirlərinə yaxşı məlum idi, orada verilmiş materiallardan tarix əsərlərində geniş istifadə olunurdu. Məsələn, Oruc bəy Bayatın (iranlı Don Juan) əsərinin ikinci kitabı əsasən Minadoinin əsərinin ixtisarla qələmə alınmış variantıdır91.

Bizə məlumdur ki, Minadoinin əsəri indiyə kimi vətən tarixşünaslarının diqqətini cəlb etməmişdir. V.V.Bartoldun “Avropada və Rusiyada Şərqin öyrənilməsi tarixi” adlı kitabında da Minadoinin adı çəkilmir.

Əlbəttə, xristian aləminin nümayəndəsi kimi Minadoinin nəzərində həm türklər, həm də iranlılar (qızılbaşlar) “dinsizlər” və “barbarlar” idilər. Lakin hər halda o, bitərəf mövqedə də qalmamışdı və bu, onun əsəri ilə tanışlıq zamanı hiss olunur. Bunu da nəzərə almamaq olmaz ki, bəhs etdiyimiz dövrdə Osmanlı təhlükəsi ilə mübarizə aparan Səfəvilər dövləti Avropa dövlətlərinin təbii müttəfiqi idi.

Səfəvilər dövlətinin tarixinə dair mənbələr arasında iranlı Don Xuanın92 (Don Juamn) əsəri xüsusi yer tutur. Qızılbaş Bayat tayfasından olan azərbaycanlı Oruc bəy bu ad altında Avropada tanınmışdı. Oruc bəyin atası Sultanəli bəy Bayat tayfasının əyanlarından və Şah Məhəmməd Xudabəndənin sarayında görkəmli simalardan biri idi. Sultanəli bəy özünün feodal qoşun dəstəsi ilə qızılbaşların Təbrizdəki Osmanlı hərbi hissəsi ilə mübarizəsində iştirak etmiş və toqquşmaların birində həlak olmuşdu. Qoşuna başçılıq etmək şahzadə Həmzə Mirzəyə sədaqətlə xidmət edən Oruc bəyin əlinə keçmişdi93.

Oruc bəyin yazdığına görə, I Şah Abbas taxta çıxdıqdan sonra yeddi il yarım ərzində 50-dən artıq hərbi əməliyyat həyata keçirmişdi. Oruc bəy onların yarısında şəxsən iştirak etmişdi94.

Osmanlı Türkiyəsinə düşmən olan Avropa dövlətləri ilə hərbi-siyasi ittifaq yaratmaq məqsədilə I Şah Abbas Hüseynəli bəyin səfirliyini (tərkibinə katiblərdən biri kimi Oruc bəy Bayat da daxil edilmişdi) Avropaya göndərmişdi. Oruc bəy Bayat 1599-1601-ci illərdə Rusiya, Almaniya, Çexiya, İtaliya, Fransa, İspaniya və Portuqaliyaya səyahət etmişdi. O, İspaniyada xristianlığı və Don Juan adını qəbul edərək ömürlük burada qalmışdır.

Don Xuanın – Oruc bəyin əsəri ilk dəfə olaraq müəllifin sağlığında (1604-cü il) ispan dilində nəşr olunmuşdur. Oruc bəyin əsəri (Q.Le-Strencin nəşrində) üç kitaba bölünmüşdür. Birinci kitabın giriş hissəsində müəllif özünün etdiyi və onun fikrincə yalnız Marko Polonun və Magellanın səyahətləri ilə müqayisə edilə bilən səyahətindən iftixarla danışır. Sonra o, Səfəvilər dövlətinə daxil olan vilayətlərin təsvirini verir. I Şah Abbasın hakimiyyəti zamanı dövlət quruluşu haqqında məlumatlar maraqlıdır. Əyanları birinci dərəcəli, hakim mövqe tutan 32 qızılbaş tayfa və boylarının adı çəkilir. Oruc bəy qeyd edir ki, bütün ən mühüm vəzifələr, hərbi komandanlıq və dövlət hakimiyyətinin digər başlıca sahələri bu tayfaların yuxarı təbəqələrinə məxsus idi95.

Sonra müəllif İran tarixinin şərhinə keçir. Ölkənin ən qədim tarixinə qısa ekskursdan sonra Sasani şahlarının tarixi, XVI əsrin əvvəlinə qədərki dövrdə İranın müsəlman hökmdarlarının hakimiyyəti dövrləri haqqında söhbət açılır.

İkinci kitab Səfəvilər dövlətinin yarandığı vaxtdan Oruc bəyin öz vətənini həmişəlik tərk etdiyi XVI əsrin sonunadək (1599-cu il) siyasi tarixinə həsr olunmuşdur. Bu hissəni bütövlükdə, Minadoinin əsərinin müəllifin öz atasından öyrəndiyi və hadisələrə şəxsi təəssüratından doğan məlumatlarla bir qədər zənginləşdirmiş olduğu müxtəsər variantı hesab etmək olar.

I Şah İsmayılın müharibələrinin işıqlandırılmasına bir qədər yer ayıran Oruc bəy demək olar ki, I Təhmasibin yarıməsrlik hakimiyyəti dövrünü sərf-nəzər edərək onun oğlanları arasında, taxt üstündə gedən daxili mübarizənin təsvirinə keçir. Sonuncu bölmələr Gürcüstanın və Azərbaycanın sultan orduları tərəfindən işğalını başa çatdıran, 70 və 80-ci illərin sonundakı hərbi-siyasi hadisələrin müfəssəl təsvirinə həsr olunmuşdur.

1585-ci ildən sonrakı hadisələrin təsviri onların şahidi və fəal iştirakçısı olan Oruc bəyin özünün şəxsi xatirələrinə əsaslandığı üçün orijinal səciyyə daşıyır. Üçüncü kitabın məzmunu onun üzv olduğu Səfəvi səfirliyinin təsvirindən ibarətdir96.

Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis şirkətinin agentləri olan tacir-səyahətçilərin – Antoni Cenkinsonun, Tomas Olkonun, Riçard Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin, Vekyettinin97 qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları, ticarət yolları, ölkə təsərüffatının aparıcı sahələrindən biri olan ipəkçiliyin vəziyyəti və imkanları haqqında xeyli məlumata təsadüf edilir.

Erməni mənbələri arasında Ohanes Saretsinin tərtib etdiyi, Təbrizli Arakelin “Hirk patmutyans” (“Tarixlər kitabı”)98 adlı böyük əsərinə 55-ci fəsil kimi daxil edilmiş 1547-1600-cü illər dövründə Qafqaz Albaniyası (Aqvaniya) tarixinə dair qısa salnamə maraqlıdır. XVI əsr Azərbaycan tarixinə dair gürcü mənbələrinin məlumatları təsadüfi və yarımçıqdır99.

Sosial-iqtisadi münasibətlərin, feodal torpaq sahibliyinin və vergi verən əhalinin vəziyyətinin öyrənilməsində sənədli mənbələrin – Səfəvi hökmdarları fərmanlarının böyük köməyi olmuşdur.

Səfəvi fərmanlarının aşkara çıxarılması və sistemli nəşri sahəsində son dövrdə böyük işlər görülmüşdür100. A.D.Papazyanın hazırladığı “Matenadarın fars fərmanları”nın iki cilddə çapdan çıxdığını qeyd etmək kifayətdir. Səfəvi hökmdarlarının burada dərc olunmuş fərmanları (o cümlədən ilk Səfəvilərin 15 fərmanı), əsasən erməni kilsəsinin və erməni icmalarının hüquqlarına aid olsa da, həmin sənədlər dövlətin digər vilayətlərində, o cümlədən də Azərbaycanda feodal münasibətlərini öyrənmək üçün yardımçı mənbələrdir. Gürcü kolleksiyalarında toplanmış farsdilli sənədlərin iki nəşrini V.S.Puturidze həyata keçirmişdir. Son illərdə Azərbaycanda da yerli arxiv və fondlarda göstərilən dövrün nisbətən daha az miqdarda olan farsdilli tarixi sənədlərin toplanması və nəşri işi canlanmışdır. Üç məcmuə nəşr etdirmiş T.M.Musəvi bu mühüm işə faydalı töhfə vermişdir.

Xaricdə bu qəbildən olan nəşrlərdən101 danışarkən V.F.Minorskinin dərc etdirdiyi Ağqoyunlu Qasimin 1498-ci il soyurqal fərmanını birinci qeyd etməliyik. Həmin nəşrdə bu mənbənin mətni və tərcüməsi hərtərəfli tədqiq edilmiş və şərh olunmuşdur ki, bu da mürəkkəb və az öyrənilmiş sosial-iqtisadi terminləri açmağa imkan vermişdir. Bu iş Avropa iranşünaslarında buna bənzər sənədləri öyrənməyə və aydınlaşdırmağa böyük maraq oyatmışdır. Tezliklə ayrı-ayrı fərmanlar və onların məcmuələri işıq üzü gördü ki, bunlardan da Ağqoyunlu və Səfəvilərin bir neçə fərmanını əhatə etmiş H.Horstun və J.Obenin nəşrlərini qeyd edə bilərik. Sonuncuların arasında Naxçıvana aid olan gömrük rüsumlarının ləğv edilməsi haqqında I Şah Təhmasibin 1565-ci il fərmanı böyük əhəmiyyət kəsb edir. Vergi terminlərinin müxtəlifliyinə münasibətdə J.Obenin nəşr etdiyi həmin şahın iki soyurqal fərmanı diqqət cəlb edir. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının 23 fərmanı Britaniya muzeyinin farsdilli sənədlər məcmuəsinə daxil olmuş və 1959-cu ildə kitabda müsəlman diplomatiyasının tədqiqinə dair müqəddimə yazılmış H.Busse tərəfindən nəşr edildi. 1965-ci ildə B.Martin XVI əsr Səfəvi hökmdarlarının bilavasitə Azərbaycanın cənub vilayətlərindəki (Təbriz, Ərdəbil və Xalxalda) bəxşiş torpaqlara aid yeddi fərmanını dərc etdirdi.

İndiyədək İranda bu sahədə ciddi bir iş görülməmişdir. Çap olunmuş nəşrlər, bir qədər olaraq, sosial-iqtisadi problemlərlə əlaqələndirilmiş və Səfəvilər dövrünün şəxsi və dövlət yazışmaları nümunələri kimi məhdud əhəmiyyətə malikdir. Bu mənada Əbdül Hüseyn Nəvainin dərc etdirdiyi I Şah İsmayıl və I Şah Təhmasib hakimiyyətinin sənəd və məktublarının iki məcmuəsi müəyyən əhəmiyyət kəsb edir102.

Keçmiş sovet tarixçiləri Səfəvilər dövlətinin sosial-iqtisadi tarixi məsələlərinin tədqiq edilməsində müəyyən uğurlar qazanmışlar. Bu dövlətin, onun tərkibinə daxil olmuş ölkələrin və xalqların sosial-iqtisadi tarixinin bir çox mühüm məsələlərini əsərlərində dərindən və hərtərəfli işıqlandıra bilmiş İ.P.Petruşevskinin həmin sahədə xidmətləri xüsusilə böyükdür. Onun Azərbaycanda son orta əsrlərdə feodal münasibətlərinə həsr olunmuş monoqrafiyasında Səfəvilər dövlətində feodal torpaq təsisatlarının (tiyul, soyurqal, mülk), hakim sinif və onun təşkilati quruluşunun dəqiq və mükəmməl xarakteristikası verilmişdir, kəndlilərin feodal istismarının mürəkkəb sistemi və sinfi mübarizə məsələləri tədqiq olunmuşdur103. Səfəvilər dövründə torpaq mülkiyyəti məsələləri B.N. Zaxoderin və N.Filrozenin əsərlərində tədqiq edilmişdir104. XII-XIV əsrlərdə Azərbaycanın həmhüdud ölkələrin tarixinə dair Ə.Ə.Əlizadənin İ.P.Petruşevskinin əsərləri də nəzərdən keçirilən dövrün ictimai münasibətlərinin və sosial-iqtisadi terminlərinin xarakterini başa düşmək üçün böyük əhəmiyyətə malikdir105. S.B.Aşurbəylinin A.P.Novoseltsevin, M.X.Heydərovun, K.K.Kutsiyanın və başqalarının əsərləri106 XVI-XVII əsrlərdə Səfəvilər dövləti şəhərlərinin sosial inkişafı prosesini öyrənmək üçün əhəmiyyətlidir.

Xarici tarixşünaslıq Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinə indiyədək xüsusi maraq göstərmir. Bununla belə, Yaxın və Orta Şərqdə göstərilən dövrdə feodal münasibətləri probleminə bu və ya digər dərəcədə toxunulan əsərlər mövcuddur. Onların arasında V.F.Minorskinin böyük və çox vaxt yeni faktik material əsasında yazılmış tədqiqatlarına öz əhəmiyyətinə görə birinci yeri vermək lazımdır107. Anna Lambtonun müasir İranda torpaq sahibliyi və renta haqqında yazılmış və Səfəvilər dövründə həmin məsələlərə həsr olunmuş kiçik bir fəsil olan əsəri də qeyd olunmalıdır108. İran alimi Tağı Bəhraminin əsərində bizi maraqlandıran dövr haqqında səthi danışılır109.

XVI əsrdə Səfəvilər dövlətinin siyasi tarixi, daxili və xarici siyasəti, Avropa ölkələri və Rusiya ilə ticarət-iqtisadi əlaqələri bir sıra əsərlərdə işıqlandırılmışdır. Onların arasında ilk dəfə olaraq XVI-XVII əsr Azərbaycan tarixinin ilkin mənbələrinə əsaslanan qiymətli oçerkini yaratmış İ.P.Petruşevskinin əsərləri xüsusi yer tutur. Onun İranda islamın tarixinə dair kitabı orta əsrlər Azərbaycanında şiəlik və onun ifrat təriqətlərinin ideologiyasının təsiri altında baş vermiş xalq müqavimət hərəkatlarını dərk etmək üçün böyük əhəmiyyətə malikdir110.

N.D.Mikluxo-Maklayın Səfəvilər dövlətinin Şeybanilər dövləti ilə qarşılıqlı siyasi münasibətlərinin xarakterini və XVI əsrin əvvəlində şiəliyin sosial rolunu aşkarlayan əsərlərinin mühüm əhəmiyyəti vardır111. XVI əsr Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinin bir çox məsələləri kimi, onun siyasi tarixinin mənzərəsi də “Azərbaycan tarixi”nin birinci cildinin Ə.N.Quliyev tərəfindən yazılmış müvafiq bölməsində təsvir edilmişdir112. Səfəvilərin XVI əsrə qədərki tarixinin bəzi məsələləri, Səfəvi şeyxlərinin Ərdəbil hakimiyyəti dövrü C.İbrahimovun əsərlərində öz şərhini tapmışdır113. Göstərilən dövrdə Azərbaycanın və Səfəvilər dövlətinin xarici siyasətinin və daxili inkişaf tarixinin bir sıra məsələləri Ə.M.Şahmalıyevin, P.İ.Petrovun, Ə.Ə.Rəhmaninin, A.P.Novoseltsevin, Ə.H.Hüseynovun və B.Əhmədovun114 əsərlərində işıqlandırılmışdır. Y.A.Paxomovun, Ə.Ə.Ələsgərzadənin, M.X.Nemətovanın, İ.Dilbacın, Ə.V.Rəhimovun və Ə.Ş.Rəcəblinin əsərlərində115 mövzuya dair epiqrafik və numuzmatik materiallar vardır.

Xarici ölkələrdə də Səfəvilər dövlətinin siyasi tarixinə həsr edilmiş xeyli əsər nəşr olunmuşdur. Hind alimi Qulam Sərvərin I Şah İsmayıl haqqında çox da böyük olmayan kitabı mənbələrdən götürülmüş, lakin müəllif ümumiləşdirmələri olmayan faktik material toplusu kimi öz əhəmiyyətini saxlamaqdadır116. V.Hinsin və H.Römerin əsərləri XVI əsrin 70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində Səfəvilər dövlətinin vəziyyətinə həsr olunmuşdur117. V.F.Mimorskinin tədqiqatlarında bu məsələlərə dair qiymətli material və ümumiləşdirmələr vardır118. Son illər çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb edir. Onların arasında daha çox maraq doğuranları – I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş cəhətləri haqqında Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI-XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun əsəridir119. Faruk Sümerin və Bəkir Kütükoğlunun Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş əsərlərində xeyli dərəcədə yeni material vardır120.

İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri121 istisna edilməklə) bu sahədə tədqiqatlarla təmsil olunmamışdır. Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş kitabları millətçilik mövqelərindən yazılmışdır və hekayə xarakteri daşıyır122. Bu əsərlərin mənbəşünaslıq və tarixşünaslıq zəmini məhduddur və buna görə də mövzunun öyrənilməsinə yenilik gətirmir.

Tehran universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər dövründə siyasət və iqtisadiyyat” kitabı əslində bu sahədə İran tarixşünaslığında XVI-XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial-iqtisadi həyatının öyrənilməsinə ciddi maraq göstərilmiş123 ilk tədqiqatdır.

Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.

Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər rus şərqşünasları V.V.Bartold və A.Y.Krımski124 olmuşlar.

Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur125. 1946-cı ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir126. Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir127. Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.

İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında Səfəvilər dövlətinin yaranmasında və onun tarixinin birinci yüzilliyində Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı, müəyyənedici sosial-iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut etmişdir. O, göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna hüquq və imtiyazlardan istifadə etmişlər. Sarayda yüksək vəzifələr, vilayət canişinlikləri, hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu halda, dövlət işlərində fars feodallarının rolu maliyyə, dəftərxana və qismən də məhkəmə məsələləri ilə məhdudlaşırdı.

İran tarixşünaslığının millətçi, paniranist baxışlarını, habelə Qərbin mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo-Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran üzərində hakimiyyətini tanıyırdılar. O, yazırdı: “Bütün deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran dövləti deyildi və ona heç elə də baxılmırdı”128.

B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın roluna dair yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun hərbi qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan feodalları üstünlük təşkil etmişdilər129.

Hal-hazırda tarix elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan dövləti kimi baxmaq meyli tədricən özünə yol tapır130.

Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar faktlarla hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu, hakim mövqeyini təsdiq edirlər. Məsələn, I Şah Abbasa həsr olunmuş çoxcildli əsərin müəllifi Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi… Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi.

Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə, türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”131. Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə, mənşəyi və dili etibarilə türk olan tayfalar İranın hər yerində yerli farsdilli iranlılar üzərində ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ gəldi və bütün hərbi və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş dövləti (Məmləkət-i Qızılbaş) adını verdilər. İran sarayında türk dilində danışırdılar. Şah İsmayıl türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini türk mənşələrinə, əsil – nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə durur, onları (iranlıları – O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar”132.

Müasir türk tarix elminin ən böyük nümayəndələrindən biri olan Faruk Sümer də özünün sonuncu monoqrafiyasında Səfəvilər dövlətinə “İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxmışdır. O, düzgün olaraq göstərir ki, “ciddi alimlər” arasında bu cəfəng baxışın artıq tərəfdarları yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və yüksəlişində türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığını təsdiq edən çoxlu material toplanmışdır və sistemləşdirilmişdir. Fikrimizcə, onun əsərinin qiymətli cəhəti də elə bundadır.

Təəssüf ki, F.Sümerin əsəri Türkiyə tarixşünaslığına xas olan bəzi nöqsanlardan və bitərəflilikdən azad deyildir. Özünün əvvəlki əsərlərində də o, Azərbaycan tarixini Türkiyə tarixinin əlavəsi kimi təsvir etməyə, Kiçik Asiyanı – Anadolunu “Ana Vətən” kimi, yəni Azərbaycan əhalisinin köçetmə və türkləşmə mənbəyi kimi təsdiq etməyə cəhd göstərmişdi. Bununla belə, yaxşı məlumdur ki, Azərbaycan, türkdilli əhalinin Orta Asiyadan Kiçik Asiyaya köçetmə hərəkatının yolu üzərində yerləşirdi və Türkiyənin özünə nisbətən daha əvvəl türkləşmişdi.

O, coğrafi əlaməti əsas götürərək Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin rolunu göylərə qaldırmağa, onların adına müstəsna xidmətlər yazmağa, “İran türklərinin” (yəni azərbaycanlıların) iştirakını isə azaltmağa səy göstərir. “Türklərin etnolinqvistiq və digər fərqlərini nəzərə almayan müəllifin bu fikri felən doğru deyildir. F.Sümerin digər bir müddəası da ən ciddi etiraz doğurur ki, guya Səfəvilər dövləti bütün XVI əsr ərzində və sonralar yalnız Anadoludan gələn tayfalar, yəni Türkiyə qızılbaşları hesabına mövcud olmuş və inkişaf etmişdir. Əsərin sonunda müəllifin çıxardığı nəticələrin bir çoxu əsaslandırılmır, mətnin materialına uyğun gəlmir. Biz F.Sümerlə mübahisəmizə aşağıda bir daha qayıdacağıq133.

Səfəvilər dövlətini “konqlomerat imperiya” kimi şərh edən baxışlarla razılaşmaq çətindir. Keçmiş sovet tarix elmində bu anlayış bir qayda olaraq, natural təsərrüfatın tam hökmranlığı, əmtəə-pul münasibətlərinin başlanğıc vəziyyəti, vilayətlərin güclü iqtisadi əlaqəsizliyi ilə xarakterizə olunan quldarlıq dövrünün və ilkin feodalizmin dövlət birləşmələrinə münasibətdə işlədilir. Buna görə də “konqlomerat imperiya” anlayışını inkişaf etmiş feodal münasibətləri dövlətlərinə, o cümlədən bu dövlətlərdən biri olan XVI-XVII əsrlər Səfəvilər dövlətinə aid etmək qanunauyğun sayıla bilməz.

Digər tərəfdən, qədim və ilk orta əsrlər dövlətlərinin (məsələn, Əhəmənilər, yaxud Sasanilər dövlətinin) keçmiş sovet tarix elmində “konqlomerat imperiya”lar kimi təfsir olunması onların İran (fars) padşahlıqları kimi səciyyələndirilməsinə heç də mane olmamışdır. Bu zaman “İran” anlayışına tam aydın bir məna verilir ki, öz tərkibinə əhalisi fars olmayan çoxlu ölkə və vilayətləri daxil etmiş bu imperiyalarda hakim mövqe, rəhbər rol fars etnik elementinin yuxarı təbəqələrinə məxsus olmuşdur. Bu mülahizələr baxımından Səfəvilər dövlətinin (imperiyasının) yaranmasında və tarixində Azərbaycan etnosunun həlledici rol oynadığını demiş olsaq, mübaliğəyə yol vermərik.

II FƏSİL
SƏFƏVILƏR DOVLƏTININ YARANMASI VƏ MÖHKƏMLƏNMƏSİ TARİXİNDƏN

Sülalənin etnik mənsubiyyəti məsələsinə dair

Qeyd etmək lazımdır ki, Səfəvilərin etnik mənşəyi xüsusi, ətraflı tədqiqat tələb edən yeni problem deyildir. Lakin xarici tarixşünaslığın bütün Səfəvilər sülaləsini farslaşdırmaq üçün inadlı və elmi məqsəddən uzaq olan cəhdləri ilə əlaqədar olaraq bu məsələ əhəmiyyət kəsb edir. Ədalət naminə demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi məsələsi indiyədək mübahisə mövzusu olmuşdur. Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin (1252-1334) və onun nəslindən bəhs edərkən göstərirdi ki, “bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər”134. İ.P.Petruşevski də eyni fikri söyləmişdir: “İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur”135.

Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs-səfa” (“Saflığın saflığı”) adlı agioqrafik əsəridir. Dərviş Təvəkkülün əsəri möcüzələr haqqındadır, tipik sufi kitabıdır və XIV əsrin ikinci yarısında tərtib olunmuşdur. Tədqiqatçıların belə bir fikri diqqətə layiqdir ki, çox az-az əlyazmalar “Səfvət əs-səfa” qədər dəyişikliyə məruz qalmışdır.

Əhməd Kəsrəvi Təbrizi bu əsərin müqayisəli tədqiqi ilə məşğul olmuş, xeyli əvvəl V.V.Bartold tərəfindən söylənmiş belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər136.

Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri (məsələn, S.Rəhimzadə137 və N.Şeybani138) Ə.Kəsrəvinin şübhəsinə və dəlillərin zəifliyinə məhəl qoymur, onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər.

İran tarixçisi M.Məşkur Şah İsmayıldan bəhs edərkən onu türk hökmdarı kimi deyil, xüsusi şərait ucbatından türkcə danışmağa, türkcə şeirlər yazmağa “məcbur olan” iranlı kimi139 qələmə verir. Bu müəllif İranda yaşayan azərbaycanlıların etnik mənşəyini belə izah edir: “İran türkləri türkman və ya tatar irqinin məhsuludur. Azərbaycan tatarları türkcə danışsalar da, felən iranlıdırlar; onlar saf iranlıların mənşəcə türkman, yaxud tatar irqi ilə qarışığını təşkil edirlər.”140

Qeyd etmək lazımdır ki, İran müəllifləri Səfəvi sülaləsinin mənşəyi haqqında öz konsepsiyaları ilə istisnalıq təşkil etmirlər. Məsələn, türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir141. Ə.Kəsrəvinin əlavə və saxtalaşdırma hesab etdiyi “Səfvət əs-səfa”dan kürd qoşunlarının Azərbaycana gəlməsi haqqındakı rəvayətinə əsaslanan Toqan, bu yürüşü hicri 416-cı (1025) ildə Rəvvadilərin Azərbaycanı tutması ilə eyniləşdirir. Toqan belə ehtimal edir ki, Şeyx Səfinin əcdadları kimi, onun mənəvi hamisi olan Şeyx zahidin əcdadları da “Rəvvadilərin hərbi əməliyyatları zamanı Gilin və Ərdəbilə gəlmiş, Muğan və Arran vilayətlərində islamı yaymışlar”142. Lakin Toqanın sözlərinə görə, XVI əsrin əvvəlinə kimi “Ərdəbilin kürd şeyxinin” nəsli “tamamilə türkləşmişdir”143. Türk müəllifi öz mülahizələrini belə yekunlaşdırır: “Hökmdarlar (I Şah İsmayıl və I Şah Təhmasib) özlərinin kürd mənşəyini tarixdən silmək, kürd Firuz şahı peyğəmbərin nəslinə aid etmək və Şeyx Səfinin türk şiə şeyxi, türk poemalarının müəllifi olduğunu sübuta yetirmək üçün əllərindən gələni etmişlər”144. Toqan da bir çox başqaları kimi özlərinin kürd mənşəyini gizlətməyin Səfəvilərə nə üçün lazım olduğunu izah etməyi zəruri bilmir.

“Səfvət əs-səfa”da Şeyx Səfiəddinin etnik mənsubiyyətinə dair məlumatlar vardır. Səfəvilərin mənşəcə fars olduğunu sübut etmək arzusu ilə hərəkət edən müəlliflərin bu barədə “susması” tamamilə başa düşülə bilər. Çünki Şeyx Səfinin səyahətləri haqqındakı rəvayətlərdə onun dəfələrlə “türkün piri” (pir-i türk)145 adlandırıldığını görməmək mümkün deyildir. Bu mənada Şeyx Səfinin fars torpağı olan Şirzada öz müridləri ilə görüşləri və söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə türk kimi müraciət olunması çox səciyyəvidir: “Yüksək mənsəb sahibi olan və bütün Farsda cəsarəti ilə tanınan əmir Abdulla (Səfiyə müraciət edərək – O.Ə.) dedi: “Ey türk piri…”146. Mövlanə Əhməd və Mövlanə İbrahim Təbrizi Səravi qeyd edirdilər ki, (biz) Ərdəbilə gəldik. Şeyxin yanında (evində), qoy (Allah) onun ruhunu əziz tutsun, bizim üçün qara çörək və su gətirdilər. Qəflətən bir neçə türk daxil oldu. Onlar üçün ağ çörək və bal gətirdilər”147. Deməli, Şeyx Səfinin evində (hücrəsində) türklərə üstünlük verilirdi. Təvəkkül ibn Bəzzazın əsərində şeyxin “türk kəndində” (deh-i türk)148 olmasından söz açılır ki, bu da Səfi dövründə Ərdəbil ərazisinin türk əhalisinə işarədir149.

Şeyx Səfinin türklərə mənsub olunduğunu göstərən buna bənzər fikirlər “Səfvət əs-səfa”nın bütün nüsxələrində vardır. Səfəvilərin guya öz uzaq əcdadlarının etnik mənşəyini şüurlu surətdə saxtalaşdırmaq istədiklərini söyləmək üçün də heç bir əsas yoxdur. Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal da mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər.

Ərdəbil feodallarının türkdilli tayfalarla əlaqələri tarixindən

Səfəvilərin Kiçik Asiyanın türk tayfaları ilə əlaqələri hələ XIII əsrin sonu-XIV əsrdə yaranmışdı. “Tarix-i Əmini”nin yaxşı məlumatlı müəllifi olmuş Fəzlullah Ruzbihan qeyd edirdi ki, Talış əmirləri onun (Səfiəddinin – O.Ə.) mənzilini özlərinin sığınacaqlarına çevirmişdilər və Rumun böyük adamları ona baş çəkirdilər”150. Bu əlaqələrə dair daha qəti işarələr Şeyx Xacə Əlinin (Sultan Əlinin) dövrünə aiddir. Kiçik Asiya yürüşündən sonra geri qayıdarkən Teymurun Ərdəbildən keçməsi barədə rəvayət də məlumdur. İstilaçı, şeyxin xahişi ilə Kiçik Asiyadan olan əsirləri azad etmiş və onları Səfəvi şeyxlərinə xidmət etmək üçün Ərdəbil ətrafında yerləşdirmişdi.

Teymurun fərmanına əsasən Rum hökmdarlarına əmr edilirdi ki, özlərinin Ərdəbildə yaşayan mürşidinin görüşünə gəlmək istəyən Anadolu müridlərini sıxışdırmasınlar və bu işə maneçilik törətməsinlər. Şeyx bütün Kiçik Asiya tayfalarına öz nümayəndələrini (xəlifə və pirə) təyin etmişdi151. Həmin əsirlərin nəsilləri sonralar “rumlu sufiləri” (“sufiyan-i rumlu”)152 adlandırıldı.

XV əsrin birinci yarısında – Şeyx Cüneyd və Şeyx Heydər zamanında Səfəvilərin Kiçik Asiya və Şimali Suriya tayfaları ilə əlaqələri möhkəmlənmişdi. 1449-cu ildə Cahanşah Qaraqoyunlu tərəfindən Ərdəbildən sıxışdırılıb çıxarılan Cüneyd Kiçik Asiyaya – Qaramana getmişdi153. O, Kilikiyada ikən türkdilli varsaq tayfası daxilində ciddi fəaliyyət göstərmişdi. Yerli hakim tərəfindən qovulan şeyx Suriyanın ən şimal hissəsinə – Misirin məmlük sultanının hakimiyyəti altında olan Mərəş, Antakya və Kilis bölgələrinə gəlib çıxmışdı. Cüneyd bu bölgədə adı çəkilən başqa bir türkdilli, zülqədər tayfasının daxilində şiəlik təbliğatı apardı. 1456-cı ildən 1459-cu ilədək Cüneyd, o vaxt hələ az tanınan Diyarbəkir hakimi Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısını Şeyx Cüneydə ərə verdi. Tarixçilərin göstərdiyi kimi, bu nigahın sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və “əvvəlki şeyxlərin” xəlifələri Cüneydin görüşünə gəldilər154.

Şeyx Heydəri (1460-1488) əvvəlcə Rum, Talış və Qaracadağ sakinləri müdafiə etdilər. 1488-ci ilin yazında, Dağıstana sonuncu yürüşü zamanında isə onun qoşununda şamlı tayfası da var idi155.

Ağqoyunlu Rüstəmin tərəfində Baysunqur156 əleyhinə çıxış edən Şeyx Sultan Əlinin (Heydərin böyük oğlu) silahdaşları arasında türkdilli qacar (Qarapiri bəy Qacar), şamlı (Hüseyn bəy Lələ Şamlı) və qaramanlı (Rüstəm bəy Qaramanlı)157 tayfalarının adları çəkilir. Sonuncu iki nəfər sağ cinaha başçılıq edirdi. Sultan Əli həlak olmazdan (1494) əvvəl İsmayılı təriqət şeyxi vəzifəsinə təyin etdi və onu özünün ən yaxın silahdaşları ilə Ərdəbilə göndərdi.

Sultan Əlinin həlak olmasından sonrakı hadisələr ədəbiyyatda kifayət qədər əks olunmadığı üçün, onların üzərində bir qədər ətraflı dayanaq.

Heydərin oğlanlarının Ərdəbilə qaçması. Onların həyatının Gilan dövrü

Sultan Əlinin qızılbaşları Ərdəbil yaxınlığındakı Şəmasi adlı yerdə darmadağın edildikdən sonra sədaqətli sufilər Şeyx Heydərin oğlanları İsmayıl və İbrahimə Ərdəbildə gizlənməyə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. Eybə Sultanın dəstələri şahid təfsilatı ilə həmin hadisələri danışan anonim salnaməçinin dediyinə görə, “Ərdəbil əhalisinə münasibətdə zorakılığa və təzyiqə əl atdılar, qətl və qarətlərə başladılar”. İsmayıl, anası Aləmşah bəyimin ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı Səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Sonra isə yeddi yaşlı oğlan Xancan158 adlı qadının himayəsinə verildi. İsmayıl, Şeyx Cüneydin qızlarından biri olan və burada ona baş çəkən bibisi Paşa xatun (Məhəmməd bəy Türkmanın arvadı) istisna olmaqla hamıdan gizlənərək bir ay həmin qadının himayəsində qaldı159. Paşa xatun İsmayılı zülqədər tayfasından olan Übayi-cərrahə adlı qadının yanına gətirdi. Həmin qadının evi “rumluların məhəlləsində” (“məhəlleyi rumiyan”), Şeyx Xacə Əlinin azad edərək Ərdəbilə yerləşdirdiyi Teymurun türk əsirlərinin nəsilləri yaşayan məhəllədə idi. Eybə Sultan Rüstəmdən İsmayılı və onun qardaşını hər vasitə ilə tapmaq barədə təkidli göstərişlər alırdı. O, Ərdəbili “məhəllə-məhəllə, ev-ev” axtarırdı, lakin bunun nəticəsi olmurdu. Eybə Sultanın adamlarının onun məhəlləsində axtarışlara başladığından xəbər tutan Üba, İsmayılı ehtiyatla öz evindən çıxarır, və Ərdəbilin Cümə məscidinə gətirərək Allahvermiş ağanın dəfn edilmiş olduğu sərdabədə yerləşdirir. Üba hərdənbir Aləmşah bəyimin yanına gəlir və ona oğlu İsmayılın sağ-salamat olduğunu xəbər verirdi160. Lakin bir qədər keçdikdən sonra Üba İsmayılın olduğu yeri dəyişdirməyin zəruriliyini yenidən hiss etdi. Həmin məsciddə Eybə Sultanla döyüşdə yaralanmış qızılbaşlardan biri də gizlənmiş və həkim köməyi üçün Übaya müraciət etmişdi. Üba müridi İsmayılla görüşdürdü. Mürid İsmayıla xəbər verdi ki, “Şəmasi kəndindəki döyüşdən qaçmaqla canını qurtarmış 80 sufi Ərdəbilin ətrafındakı Baqrov dağında gizlənərək ona xidmət etmək üçün fürsət axtarır”. Mürid, Übanın məsləhəti ilə Ərdəbili tərk etdi və sağ qalmış qızılbaşların arasında olan Rüstəm bəy Qaramanlıya İsmayıl barədə məlumat vermək üçün həmin dağa tərəf yola düşdü.

Rüstəm bəy gecə yarısı öz adamları ilə gizlicə şəhərə gəldi. İsmayılı məsciddən götürüb adı çəkilən dağa yola düşdü və oğlanı Kərkan kəndində xətib Fərruxzadın evində gizlətdi. Mənsur bəy Qıpçaği, Hüseyn bəy Lələ, Qırx Seyyidi Əli, Çulban bəy, Xadim bəy Xəlifə, Dədə bəy, Göy Əli bəy və digər sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı qorumağın mümkünlüyü barədə məsləhətləşməyə başladılar. Qərara alındı ki, İsmayıl Məhəmməd bəy Türkmanla (İsmayılın bibisi Paşa xatunun əri) və onun qardaşı Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt hakimi Əmirə İshaqın evinə aparılsın161. Bu səfər zamanı İsmayılı Rüstəm bəy Qaqmanlı, Əhməd bəy və onun qardaşı Məhəmməd bəy Türkman 80 nəfərlik qızılbaş dəstəsi ilə müşayiət edirdilər. Onlar əvvəlcə Tulunav hakimi Əmirə Müzəffərin evinə gəldilər. Bundan xəbər tutan Eybə Sultan Əmirə Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi tələb etdi. Onlar Xalxal hakimi Cagir bəy Pornakdan da eyni məzmunlu məktub aldılar. Bu tələblərə əhəmiyyət verməyən Əmirə Müzəffər qardaşları Kəskərə göndərdi. Ondan bu barədə müvafiq tapşırıq almış yerli hakim Əmirə Səyavuş onları öz evində qəbul etdi. Dördüncü gün İsmayılın dəstəsi Rəştə doğru hərəkət etdi. İsmayılın tərəfdarları Rəşt hakiminin dəvətinə baxmayaraq, onu “Ağ məscid” deyilən yerdə yerləşdirməyi üstün tutdular. Rəştdə olduğu zaman İsmayıla daim məscidin qonşuluğunda yerləşən zərgərlik dükanının sahibi olan Əmirə Nəcm adında yerli sakin qulluq etmişdi162.

Rəşti də təhlükəsiz hesab etməyən sadiq müridlər İsmayıla Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına keçməkdə kömək etdilər163. Lahicanda İsmayılı və onu müşayiət edənləri mehribanlıqla qarşıladılar və Key Əfridun mədrəsəsi ilə üzbəüz binada yerləşdirdilər. Karkiya Mirzə Əli özünün hörmətli qonaqlarına hər cür diqqət göstərirdi. Tanınmış yerli alimlərdən biri – Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək, Quranı oxumaq üçün İsmayılın və onun qardaşının tərbiyəçisi təyin olundu164.

Bununla belə, Ağqoyunlu Rüstəm İsmayılla hesablaşmaq ümidini itirmirdi. İsmayıl Gilana qaçdıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə və ondan İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail oldu. Üba Rüstəmin əmri ilə Təbrizin bazar meydanında edam edildi. İsmayılın qaçırılmasının təşkilinə kömək etmiş Məhəmmədi bəyin və onun qardaşı Əhmədi bəyin əmlakı hökumət tərəfindən müsadirə olundu165. Rüstəm padşah İsmayılı qaytarmaq tələbi ilə Karkiya Mirzə Əliyə dəfələrlə hədələyici məktublar göndərir, lakin Lahican hakimi hər dəfə üzürlü bəhanələr gətirməklə onun tələblərini rədd etdi.

İsmayıl Lahicanda təqribən 6 il qaldı. Bu, həddi-buluq yaşına çatmaq və yeni çıxışa hazırlaşmaq üçün zəruri idi. Bütün məsələləri həll edən qızılbaş əmirlərinin hesablamalarına görə, Ağqoyunlu şahzadələri arasındakı ara müharibələri və onların dövlətinin dağılması İsmayılın qalibiyyətli yürüşünü asanlaşdırmalı idi. Bura, İsmayılın yanına itaətkar olduqlarını bildirmək üçün, xüsusilə Rum, Qaracadağ və Əhərdən çoxlu tərəfdarlar gəlirdi166.

Ərzincana yürüş

1499-cu ilin avqustunda, Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Taroma gəldilər. Müasirin xəbər verdiyi kimi, dayanacaqlar zamanı İsmayılın dəstəsinə “Rum və Şam” tayfalarından tərəfdarlar qoşulurdular. Artıq Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi.

Nəticə etibarilə, İsmayıl Gilandan birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru – Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurdu. İsmayılın anonim tarixçisi xəbər verir ki, yerli hakim Əmir Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk etdi və Xalxala doğru irəlilədi. Birinci dayanacaq Bərəndik kəndində oldu. Sonrakı gün o, “Şam-i Qızılüzən” adı ilə tanınan və şamlı tayfasına mənsub olan şumluq torpaqlarda dayandı167.

Həm də şamlı tayfasının Xalxal rayonunda Qızılüzən çayının sahillərində cəmləşdiyi qeyd edilir. Deməli, göstərilən dolama yolu gedib dövrə vurmaq burada yaşayan şamlı tayfasını qızılbaşların bayrağı altına toplamaq məqsədi ilə edilmişdi.

Göstərilən məlumatlardan belə nəticəyə gəlmək olar ki, rumlu və şamlı etnonimləri ilə tanınan türkdilli tayfalar Azərbaycanda XVI əsrdən xeyli əvvəl yaşamışlar.

İsmayıl və onun dəstələri hicri 905-ci (1499-1500) ilin qışını Xəzər dənizi yaxınlığında, Astara ərazisindəki Ərcüvan adlı yerdə keçirmişdilər168. Onlar burada Azərbaycanın cənub hissəsindən olan Səfəvi tərəfdarlarına qoşunla birləşdirmək üçün vaxt qazandırmaq məqsədilə dayanmışdılar. Qızılbaş rəhbərlərinin müşavirəsində Kiçik Asiyaya – Ərzincana hərəkət etmək qərarı verildi. Qızılbaş rəhbərləri belə hesab edirdilər ki, İsmayıl orada Kiçik Asiya və Suriyada olan tərəfdarlarına yaxın olacaqdır. Onlar İsmayılın yürüşündən xəbər tutub onun bayrağı altına toplanacaqlar169.

1500-cü ilin yazında İsmayıl Ərcüvandan Araz çayının şimalındakı dağlıq rayona, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdi. İbrahim Əmininin verdiyi məlumata görə, bu vilayətdə İsmayılın qoşunu tərkibində ərəşli və zülqədərli tayfaları çıxış edirdilər170.

Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir. Həmin vaxtda qoşunun sayı haqqında mənbələrdə, yürüşə başlarkən (Taromda) 1500 rəqəmindən başqa digər məlumat yoxdur. Mənbələrdə göstərilir ki, Azərbaycandan keçən yollarda (Xalxal, Ərcüvan və başqa yerlər) İsmayıla çoxsaylı tərəfdarlar qoşulmuşdu. Belə düşünmək məntiqli olar ki, Anadoluya daxil olarkən İsmayılın qoşunu xeyli artmış və bir neçə min nəfərə çatmışdı.

Bəzi müəlliflər171 belə fikirdədirlər ki, İsmayıl Səfəvinin qoşun hissələrinin əsas kütləsini Kiçik Asiyadan (Anadoludan) və Suriyadan olan qızılbaşlar təşkil etmiş və guya Azərbaycan sakinlərinin İsmayılın yürüşündə iştirakı çox cüzi olmuşdur. F.Sümerin təbirincə deyilsə, “Səfəvilər təriqətinin başı Azərbaycan şəhəri olan Ərdəbildə, bədəni isə Anadoluda yerləşmişdi”. İsmayılın Ərzincana hərəkət etməsi sayəsində, “baş bədənlə birləşdi”. Halbuki elə yuxarıda şərh etdiyimiz mənbə məlumatlarından çıxardığımız nəticələr bu fikri təkzib etmək üçün kifayətdir.

İsmayıl Çuxursəədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəldi. Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşuldu172. İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət etdi və “Arazın mənbəyindəki ustaclı173 tayfasının yaşadığı Mingöl yaylağına gəldi. O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağından keçərək son məqsədə – Ərzincana çatdı. Mənbələrin məlumatına görə, burada yayın sonu və payızın əvvəlində (hicri 906-cı ilin əvvəli) İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin “Qaradağ sufilərindən” ibarət 7000 qazi toplanmışdı174.

Mənbələrin verdiyi məlumatlara görə, Ərzincanda, qızılbaş ağsaqqallarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə olunmuşdu. Bəziləri qüvvələrin kifayət qədər olmamasını əsaslandırıb, qarşıdan gələn qışı Ərzincanda keçirməyi və əlavə qüvvələr gəlməsini gözləməyi, yaz gəldikdə (1501-ci il) isə Azərbaycana, Əlvəndə qarşı yürüşə başlamağı, digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad həyata keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və orada qışlamağı təklif edirdilər. Lakin bu təkliflərdən heç biri qəbul olunmadı.

Qərara alındı ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin qəddar düşməni olan şirvanşah Fərrux Yəsara qarşı yönəldilsin175.

Şirvanşah Fərrux Yəsarla vuruşma

1500-cü ilin sonunda, Gülüstan qalası yaxınlığında, Cəbani adlı yerdə İsmayılla Şirvanşah arasında döyüş başlandı. Qızılbaş qoşununun sağ cinahında şamlı, solunda isə ustaclı tayfalarının üzvləri durmuşdular. İsmayıl özü isə mərkəzdə mövqe tutmuşdu: təkəli, rumlu və zülqədər tayfaları gözətçi dəstələri (çərxçiyan) təyin edilmişdilər. Döyüşdə iştirak etmiş qızılbaş başçıları sırasında tayfa əlamətləri göstərilməklə aşağıdakı dövlət sütunlarının adları çəkilir: Abidin bəy Tavaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Sufi oğlu Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, Çuş Mirzə, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli176.

Döyüşün əvvəlində İsmayılın özünün olduğu mərkəz istisna olmaqla qızılbaşların döyüş nizamı hər iki cinahda pozuldu. Şirvanlılar sanki üstünlük əldə etmişdilər. Lakin onların piyada qoşununun hücumunu Səfəvi süvarisi qarşıladı. Salnaməçilər xəbər verirlər ki, hələ 14 yaşı tamam olmamış İsmayıl ön sıralarda vuruşur, şəxsi nümunəsi ilə öz tərəfdarlarının döyüş ruhunu artırırdı. Şirvan qoşunu məğlub olub qaçmağa üz qoydu. Tək qalan şirvanşah Fərrux Yəsar atını Buğurt qalası istiqamətində çapmağa başladı. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yəsar anonim tarixçinin Hüseyn bəy Lələnin “cilovdarı” adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O, şirvanşahın başını kəsərək İsmayıla gətirdi. Fərrux Yəsarın meyiti onun atını tanımış əsir şirvanlılar tərəfindən tanındı. Ölənlərin başlarından “minarələr ucaldıldı”, ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürüldü. İsmayıl üç gün döyüş meydanında qaldı, sonra isə Şamaxıya qayıtdı və şəhər əyanları tərəfindən ehtiramla qarşılandı177. Fərrux Yəsarın oğlanlarından biri – təsvir olunan döyüşdən salamat çıxmış İbrahim (Şeyxşah) Xəzər sahilindəki Şəhrinov şəhərinə178 gələrək atasının qoşunundan sağ qalanlarını toplamağa başladı. Lakin Xadim bəy Xüləfanın (Xüləfa bəy) yürüşündən xəbər tutaraq, gəmilərə oturub Gilana üzdü. Şeyxşahın ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu tərk edib hicri 906-cı (1500-1501) ilin qışını keçirmək məqsədilə Muğandakı Mahmudabada yola düşdü179. Salnaməçilərin xəbər verdiyi kimi, burada İsmayıla bildirdilər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və “xərac verməkdən” imtina edir. Belə olduqda, İsmayıl, Məhəmməd bəy Ustaclını və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərdi.

İsmayılın Bakını mühasirəyə alması və tutması

XV əsrdə Bakı Azərbaycanın iri ticarət-sənətkarlıq mərkəzi və Xəzər dənizindəki ən mühüm limanı idi. Şamaxı ilə yanaşı Bakı da Şirvan hökmdarlarının iqamətgahı sayılırdı. Böyük sərvətləri ilə məşhur olan Şirvanşahlar sarayı burada yerləşirdi, qızılbaş rəhbərlərinin planlarında bu sərvətlərə sahib olmağa səy göstərilməsi əhəmiyyətli yer tuturdu.

Bakı möhkəm qala idi və onu tutmaq çox da asan iş deyildi. Salnaməçilər xəbər verirlər ki, qızılbaş sərkərdələri onlara Makedoniyalı İsgəndərin səddi kimi görünən Bakı qalasının əzəmətli mənzərəsinə, onun yüksək divarlarına və qüllələrinə valeh olmuşdular180. Anonim tarixçinin məlumatına görə, qala üç tərəfdən Xəzər dənizinin suları ilə əhatə olunmuşdu, qurudan isə qala divarları boyunca “həqiqətən də dənizə bənzəyən”181 geniş və dərin xəndək uzanırdı. Bu onu göstərir ki, xarici təhlükə zamanı Bakının qala xəndəkləri su ilə doldurulurdu. İbrahim Əmini yazır ki, qala xarici aləmlə dörd qapı ilə əlaqə saxlayırdı ki, onlardan üçü də dənizə və yalnız biri quruya çıxırdı.

Bakı sakinləri IX əsrdən Şirvanşahların təbəələri idilər və hakimiyyətləri dövründə şəhərin müəyyən iqtisadi inkişaf səviyyəsinə nail olduğu Dərbəndilər sülaləsinə xüsusilə sadiq idilər. Müasirləri bakılıları igid və qorxmaz, mahir döyüşçülər kimi səciyyələndirirdilər182. Mühasirəyə alınanlar qala istehkamlarının keçilməzliyinə, çoxlu silah ehtiyatına, döyüş sursatı və ərzaq bolluğuna da xüsusi ümid bəsləyirdilər. Onlar qala divarlarına yaxınlaşan qızılbaşların üzərinə minlərlə oxdan, həmçinin tüfənglərdən ölüm yağışı yağdırırdılar.

Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət etdi183. Anonim tarixçi göstərir ki, əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını, qüllələri, qapıları və xəndəyi bir-bir gəzib nəzərdən keçirdi. Qalaya hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa düşən Səfəvilər bakılıları dilə tutub şəhəri təslim etməyə razı salmağı qərara aldılar. Qalanın müdafiəsinə, təəssüf ki, mənbələrin adını bizim üçün saxlamadığı Fərrux Yəsarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi184. Digər mənbələrdən fərqli olaraq, anonim tarixçi, Qazı bəyin arvadının nadir təsvirini verir. O (Qazı bəyin arvadı) “həmin ölkənin idarə olunması işlərində tam iqtidara və səlahiyyətə malikdir, Qazı bəy isə hakimiyyətə malik deyildi və arvadının qorxusundan heç bir işə qarışmırdı”185.

Anonim tarixçi məlumat verir ki, İsmayıl öz səfirini “Qazı bəyin və onun arvadının” hüzuruna göndərmişdi186. Qızılbaş səfirinin təslim olmaq haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını əmr etdi. Belə olanda Bakı darğası Əbülfəth bəy187 onu İsmayılın qəzəbi ilə qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəhd göstərmişdi. Lakin hökmlü və qətiyyətli qadın darğanın da edam olunmasını əmr etmişdi.

Mühasirəyə alınanların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı hücumla almaq üçün hazırlıq görməyə məcbur etdi. İbrahim Əmini qeyd edir ki, İsmayıl döyüşçülərin bir hissəsinə özlərinə torpaq təpələri (murçal)188 düzəltməyi və onlardan mühasirədə olanlara atəş açmağı əmr etdi. Digər qrup isə qoşunların qala xəndəklərindən asanlıqla keçə bilməsi üçün onları torpaq və daşla doldurmaq barədə göstəriş aldı. “İstehkamçılar” (nəqəbçiyan) qala bürcünün altından lağım atdılar və onun özülündən böyük bir daşı vurub parçalayanda bürc uçdu, divarda iri yarıq əmələ gəldi. Hətta bundan sonra da bakılılar silahı yerə qoymadılar; onlar divardakı yarığı keçə çadırla (yaxud xalça ilə) tutdular və daha üç gün davam gətirdilər189. Nəhayət, qızılbaşlar qalaya daxil ola bildilər. Həsən bəy Rumlunun yazdığına görə, şəhərliləri hamılıqla məhv olmaqdan qorumaq arzusu ilə, sayı 70 nəfər olan Bakı əyanları əllərində Quran İsmayılın ayağına gələrək ondan şəhərə aman verməsini xahiş etdi. Anonim tarixçinin məlumatına görə, İsmayıl qətl və qarətlərə son qoyulmasını əmr etmişdi ki, bu da qızılbaşlar şəhərə girdikdən sonra da mübarizənin davam etdiyini göstərirdi. Şəhər başçıları (kələntərlər, qazılar və şeyxlər) Bakının qapılarını Səfəvilərin üzünə taybatay açdılar. İsmayılın əmrinə əsasən, Xadim bəy Xüləfa şəhər hakimiyyəti nümayəndələrinin müşayiəti ilə qalaya daxil oldu və “həyatlarının bağışlanması” müqabilində sakinlərdən “peşkəş” və “savəri” yığdı190. O, həmçinin Şirvanşahların qızıl, qiymətli daş-qaş, nağd pul, ləvazimat və digər sərvətlərlə çox zəngin xəzinəsini də apardı. Bunların çox hissəsi qızılbaşlar arasında bölüşdürüldü191. Bundan əlavə, Xadim bəyin əmri ilə Şeyx Cüneydin həlak olmasının səbəbkarı, Fərrux Yəsarın atası şirvanşah Xəlilin (I Xəlilullah) meyiti (sümükləri) qəbirdən çıxarıldı və yandırıldı. Onun sərdabəsinin qülləsi altında çoxlu qızıl (pul) aşkara çıxarıldı192. Anonim müəllif xəbər verir ki, Şirvanşahların mavzoleyi də dağıdılıb yerlə yeksan edilmişdi193. İsmayılın Cəbani yaxınlığında darmadağın etdiyi Şirvan qoşunun bir hissəsi Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra Gülüstan qalasına doğru hərəkət etdi. Mühasirəyə alınanlar ərzaq ehtiyatına və qala divarlarının möhkəmliyinə bel bağlayaraq müvəffəqiyyətlə müdafiə olunurdular. Qızılbaşlar mühasirəni aradan qaldırmağa məcbur oldular. Buna bənzər hallarda İsmayıl öz qərarını guya yuxusunda ona əyan olmuş, yuxarıdan gələn hökm kimi izah edirdi. Həqiqətdə isə İsmayıl, Əlvənd Ağqoyunlunun böyük qüvvələrlə Təbrizdən hərəkətə başlaması barədə qorxulu xəbərlər almışdı. Anonim tarixçi xəbər verir ki, İsmayıl “dövlətin sütunlarını” – Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy Şamlını, Xadim bəy Xüləfanı, Qara Piri bəy Qacarı yanına çağırdı və onlardan soruşdu: “Siz Azərbaycan səltənətinimi (taxtgah), yoxsa Gülüstan qalasınımı istəyirsiniz?” Onlar cavab verdilər: ”Azərbaycanı”. Sonralar Ə.Ə.Rəhmani Həsən bəy Rumlunun, həmçinin də İsgəndər Münşinin götürdükləri bu xəbərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, İsmayıl və qızılbaş əyanları Azərbaycanda öz hakimiyyətlərini qurmağı, Təbriz taxtını “Ağqoyunlu kafirlərin” əlindən geri almağı başlıca vəzifə hesab edirdilər194.

Beləliklə, qızılbaşlar Şirvan hüdudlarını tərk etdilər. Şirvanşahlar dövlətinə ağır zərbə vuruldu, lakin onun mövcudluğuna son qoyulmadı; biz Səfəvilərin və Şirvanşahların (sonuncular devrilənə qədər) qarşılıqlı münasibətlərindən aşağıda bəhs edəcəyik.

Ağqoyunlu Əlvəndin məğlub edilməsi

Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlifənin göndərdiyi çapar gəlib xəbər gətirdi ki, Əlvənd böyük bir qoşunla paytaxtdan çıxmışdır. O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla vuruşmaq üçün Şirvana hərəkət edir195. İsmayıl Çuş Mirzəyə əmr etdi ki, Kür və Araz çaylarının qovuşduğu yerə – Cavada getsin, bərə körpüsü quraraq əsas qüvvələrin təcili qaydada çayı keçməsini təmin etsin, Əlvənd çayın şimal sahilinə keçməyə cəhd göstərməzdən əvvəl onun üzərinə hücuma başlasın. Vəziyyəti öyrənmək üçün Qaracadağa göndərilmiş qızılbaş kəşfiyyatçısı Məhəmməd Xəlifənin yolladığı çapar xəbər gətirdi ki, Azərbaycan hakimi Əlvənd Mirzə 30 minlik qoşunla Naxçıvana gəlmiş, İsmayılın Kürü keçməsinə yol verməmək üçün Mahmud Qaracanı Gəncə və Qarabağa, Kərçiqay Məhəmmədi Ərdəbil bölgəsinə, Həsən bəy Şükür oğlunu isə Qaradağa göndərmişdi196. Halbuki İsmayıl Cavadda Kürü keçmiş və Qara Piri bəy Qacarın dəstəsini Naxçıvana geri çəkilmiş Həsən bəy Şükür oğluna qarşı yeritmişdi. Kərçiqay Məhəmməd qızılbaşların Kürü keçdiyini bilib Qarabağa yollandı və Mahmud Qaraca ilə birləşdi. Onlar birlikdə Əlvəndin yanına – Naxçıvana geri çəkildilər.

İsmayıl, Qara Piri bəy Qacarı (ləqəbi “Toz qoparan” idi)197 və İlyas bəy Halvaçı oğlunu irəlidə gedən qoşun hissəsinin başçıları təyin edərək Naxçıvana hərəkət etdi. İlyas bəy, Əlvəndin qızılbaşların qarşısını almaq üçün göndərdiyi Osman bəy Mosullunu məğlub etdi və onu əsir tutdu198. Əlvənd İsmayıla məktub göndərib Şirvana qayıtmağı və həmin vilayəti idarə etməklə kifayətlənməyi tələb etdi, lakin rədd cavabı aldı199. Belə olduqda, Ağqoyunlu hökmdarı Naxçıvandan çıxıb şimal-qərbə doğru getdi və Şərur düzündə dayanaraq döyüşə hazırlaşmağa başladı. İsmayıl Arazın cənub sahili boyunca hərəkət edərək Naxçıvan bölgəsində çayı keçdi və düşməni qarşılamağa tələsdi. Elə buradaca, Şərur düzündə hicri 907-ci ilin əvvəlində (1501-ci ilin ortaları) İsmayılla Əlvənd arasında həlledici döyüş baş verdi. Salnaməçilərin məlumatına görə, Əlvəndin 30 minlik ordusu olduğu halda, qızılbaşların sayı 7 min nəfərdən çox deyildi200.

İsmayıl mərkəzdə mövqe tutaraq Hüseyn bəy Lələ, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Qaraca İlyas Bayburtlu, Qara Piri bəy Qacar, İlyas bəy Halvaçı oğlu (əmirşikar), İlyas bəy Xunuslu, Sarı Əli bəy Təkəli (möhrdar), Əli bəy Rumlu (Div Sultan ləqəbi almışdı) kimi sərkərdələrini cinahlarda yerləşdirmişdi. Özünün sayca üstün olan qüvvələrinin döyüş bacarığına əmin olmayan Əlvənd öz döyüşçülərinin vuruş meydanından qaçmasına mane olmaq üçün dəvələri arxada düzməyi və onları bir-birinə zəncirləməyi əmr etmişdi. O, özü mərkəzdə mövqe tutaraq Lətif bəy, Sidi Qazi bəy, Musa bəy, Kərçiqay bəy, Qulabı bəy, Xəlil bəy və Qaraca Mahmud bəy kimi Ağqoyunlu əmirlərini cinahlara təyin etmişdi201.

Bu döyüşdə İsmayıl, Kərçiqay bəyi və bir çox rəqiblərini qılıncla öldürməklə sərkərdəlik məharəti və şəxsi hünər göstərirdi. Qızılbaşların ardıcıl ümumi hücumu zamanı Lətif bəy, Sidi Qazi bəy, Musa bəy, Qaraca Mahmud bəy öldürüldü. Öz sərkərdələrinin başlarını qızılbaş qazilərini nizələrində görən Ağqoyunlu qoşunları vahimə içərisində qaçmağa başladılar. Əlvənd döyüş meydanından Ərzincana qaçmaqla güclə canını qurtardı. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər (atlar, dəvələr, qatırlar, qiymətli mallar, qızıl və gümüş əşyalar və s.)202. Elə həmin – 1501-ci ilin payızında, Şərur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və şahlıq taxt-tacına yiyələndi203.

Ağqoyunlu Muradın məğlubiyyəti Azərbaycan Səfəvilər dövlətinin genişlənməsi

1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi.

Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini Murada təklif edirdi. Ağqoyunlu Muradın cavabı mənfi oldu204. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Murad 70 min nəfərlik böyük qoşun topladı205.

İsmayılın Muradla döyüşü 1503-cü il iyunun 21-də (hicri 908-ci il zilhiccə ayının 24-də), Həmədan yaxınlığındakı Alma Qulağı adlı yerdə baş verdi. Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qara Piri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular. Qarşı tərəfdə Sultan Murad Əli bəy Türkmanı sağ, Murad bəyi isə sol cinaha təyin etdi. Qum hakimi İslamış bəy düşmənin irəlidə gedən dəstəsinə başçılıq edirdi. O, başlanan döyüşdə qızılbaş ön dəstəsinin hücumunu müvəffəqiyyətlə dəf edərək, onu mərkəzə doğru geri çəkilməyə məcbur etdi. Lakin bu vaxt Qara Piri bəy Qacar ona hücum etdi. İslamış bəy ələ keçirildi, onun dəstəsi isə tamamilə məhv edildi.

Şah İsmayıl döyüşə girərək, şəxsən çoxlu düşmən öldürdü. Ağqoyunlu qoşunu darmadağın olundu. Əli bəy Türkman 10 min nəfərlik dəstəsi ilə məhv edildi. Gözəl Əhməd Bayandur (Eybə Sultanın qardaşı), həmçinin də İslamış bəy və başqaları əsir düşdülər, qətlə yetirildilər. Muradın özü qaça bildi206.

Əgər Əlvənd üzərində qələbə İsmayılı Azərbaycanın sahibi etmişdisə, Muradın qoşunlarının darmadağın edilməsi Farsın və İraqi-Əcəmin böyük hissəsinin qızılbaşların əlinə keçməsinə gətirib çıxardı.

Muradı təqib edən İsmayıl İranın içərilərinə doğru irəlilədi. Qızılbaşlar müqavimət göstərməyən Şiraz şəhərini tutdular207. 1503-cü ildə İsmayıl İsfahan, Kaşan və Qum şəhərlərini də ələ keçirdi. 1504-cü ildə Gülxəndan, Firuzguh, Usta qalaları və Yəzd şəhəri ələ keçirildi208. 1508-ci ildə bütün İran (Xorasan istisna olmaqla), İraqi-Ərəb İsmayıl tərəfindən tutulmuşdu209. 1510-cu ildə Şah İsmayıl Mərv yaxınlığındakı döyüşdə özbək hökmdarı Məhəmməd Şeybani xanı məğlub etməsi nəticəsində Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqlar qızılbaşların tabeliyi altına keçdi.

Qızılbaş hərəkatının ideologiyasına dair

1499-cu ildə İsmayılın rəhbərliyi altında başlanan şiə-qızılbaş hərəkatı Səfəvilərin əvvəlki çıxışlarından (Cüneyd, Heydər, Sultan Əli) əhəmiyyətli dərəcədə fərqlənirdi. İ.P.Petruşevski yazırdı: ”Əgər Şeyx Heydər yalnız Azərbaycanı birləşdirməyi qarşısına məqsəd qoymuşdusa, İsmayılın müridlərinin və tərəfdarlarının məhz qonşu ölkələrdə fəal çıxışları onun qarşısında daha geniş vəzifələr qoydu. O, Azərbaycanı birləşdirdi (1502-ci il) və öz hüdudlarına bir sıra ölkələri də daxil edə biləcək böyük şiə dövləti yaratmağa səy göstərən məsləkdaşlarının arzularını da yerinə yetirməyə məcbur oldu”210.

İsmayılın hərəkatı, Ağqoyunlu dövləti ərazisində xalqın narazılığının artmasından və hakim təbəqə daxilindəki nifaqın kəskinləşməsindən doğmuş tam dağılma dövründə başlanmışdı. Bu hərəkat əvvəlki çıxışlardan daha geniş ictimai zəminə malik olması ilə səciyyələnirdi. Bu hərəkatda qızılbaş tayfalarından başqa, yerli (oturaq) feodallar, tacirlər də fəal iştirak edirdilər. Hərəkatın xalq – kəndlilər və sıravi köçərilər tərəfindən dəstəklənməsi, onun müvəffəqiyyətini təmin edən həlledici amil oldu. Sonuncular öz ümidlərini şiəlik hərəkatları ilə bağlamağa adət etmişdilər. Hekayə üslubunda olan mənbələr qızılbaş hərəkatının ideologiyası, yəni onun iştirakçılarının ictimai və siyasi məramı haqqında mühakimə yürütməyə imkan vermir. Bu cəhətdən Şah İsmayıl Xətainin öz divanı (şeirlər külliyatı) böyük əhəmiyyət kəsb edir. V.F.Minorski yazırdı: “Yalnız “Divan”, ilk Səfəvilərin sirli bidətinə açar ola bilər. Bu dinamik, zahirən mistik və dini ideyalar bilavasitə fəaliyyətdə asanlıqla öz ifadəsini tapır. Onlar hərəkatın zərbə qüvvəsini təşkil edən həmin ünsürlərin siyasi xəttini təmsil edirlər”211. Xətainin “Divan”ında öz əksini tapmış qızılbaş nəzəriyyəsinə görə, Xəlifə Əli imamdır və kim bunu qəbul etmirsə, o, kafirdir. Məhəmməd peyğəmbərdirsə, Əli “Allah həqiqətinin təzahürüdür” (“məzhər-i həqq”dir). İsmayıl özünün Əli və Fatimədən başlanan “mənşəyi” ilə fəxr edir. O, Əlidə ilahi mahiyyətin başqa şəklə düşdüyünə inanır. Əvvəlcə o (İsmayıl), Əli ilə bir olmuş, indi isə yenidən zühur etmişdir. Peyğəmbərin və imamın keyfiyyətləri onun simasında təcəssüm etmişdir. İnsan Allahın təcəssümü ola bilər. İsmayıl – insan qiyafəsində olan Allahdır (adam donuna girmiş xuda). O, bu dünyaya “Allahın nuru” (nuri xuda), “peyğəmbərlərin möhürü” (ənbiya xətmi), “kamil rəhbər” (mürşid-kamil), “aparıcı imam” (imam-rahnema), mütləq həqiqət – Allah (həqq-i mütləq) kimi gəlmişdir. O, özünün “qazi”, “sufi”, “əxi”212 adlandırdığı tərəfdarlarından təkidlə pərəstiş, təzim, kor-koranə itaət (səcdə) tələb edirdi.

Əlinin və onun nəslindən olanların ilahiləşdirilməsi, Allahın əlamətlərinin insanda görünməsi, Allahın dönə-dönə təcəssüm etdirilməsi ifrat şiə təriqətləri üçün xasdır. Onlar istər sünnilərdə, istərsə də mötədil şiələrdə islama bidət və yad sayılır213. V.A.Qordlevski “əhl-i həqq” (“həqiqət əhli”) təriqətinin təlimini nəzərdən keçirərkən belə bir maraqlı nəticəyə gəlir ki, “mücərrəd fəlsəfi ideyalar yalnız xalq içərisində Əlinin ilahiləşdirilməsi formasında öz ifadəsini tapa bilər”214. Məlum olduğu kimi, XX əsrə qədər Kiçik Asiyada ifrat şiə “Əli ilahi” (“Əlini ilahiləşdirənlər”), yaxud “əhl-i həqq” (“həqiqət əhli”) təriqətinin tərəfdarlarını qızılbaşlar adlandırırdılar.

Deyilənlərdən aydın olur ki, qızılbaş hərəkatının yuxarı təbəqələrinin şiəliyi ifrat şiələrin (xalq kütlələri ideoloqlarının) güclü təsirinə məruz qalmışdı. Bu, sadə xalqın hərəkatda fəal iştirakının göstəricisidir. Qızılbaşlar Şah İsmayılı çox sevir və onu ilahiləşdirirdilər. Venesiya səyyahlarının təsdiq etdiyi kimi o, xalq içərisində də böyük şöhrət qazanmışdı215. Şah İsmayıla xilaskar, imam Mehdi kimi baxırdılar216.

V.Qordlevski bununla əlaqədar olaraq yazmışdı: “…XVI əsrdə xalq təfəkkürü yenə də coşqun gərginlik içərisində çırpınırdı. Şiə ideyaları yenidən ortaya çıxmışdı: xalq, həsrətində olduğu xilaskar – Mehdi, yaxud imam intizarı ilə yaşayırdı. Kiçik Asiyada güclü təşviqat aparılırdı. Dərviş dəstələri ölkəni gəzib-dolaşır, əhalini həyəcana salır və aldadırdılar”217. Səfəvi şeyxlərinin uğurla istifadə etdikləri, Azərbaycanda əlverişli zəmin tapan dini yüksəliş türkdilli tayfalarla məskunlaşmış Kiçik Asiyanın Şərq hissəsini də bürüdü.

Osmanlı feodallarının qəsdlərindən öz istiqlaliyyətini qorumaq və dövlət yaratmaq üçün bu tayfaların bir hissəsi hərbi-siyasi ittifaqlarda birləşməyə başladı. N.D.Mikluxo-Maklay yazır: ”Sonralar qızılbaşlar adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər”218.

Şiə islahatı və onun əhəmiyyəti

Məlum olduğu kimi, I Şah İsmayılın ən mühüm tədbirlərindən biri dini islahat keçirilməsi idi.

Təbrizə daxil olmanın ilk günlərindən, yəni 1501-ci ilin payızında islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər (on iki imamın – ər “isna əşəri”) təriqəti dövlət dini elan edildi.

Anonim tarixçinin məlumatına görə, tacqoyma ərəfəsindəki gecədə İsmayıl bu barədə əmirlər və şiə üləmaları ilə məsləhətləşmişdi. Onlar İsmayılı ifratçılıqdan çəkindirməyə çalışmış, Təbrizdə xalq həyəcanlarının başlana biləcəyini iddia etmişdilər. Lakin İsmayıl şiəliyə keçməyi qəti qərara alaraq cavab vermişdi: “Əgər rəiyyət bir söz belə desə, mən böyük Allahın köməyilə qılınca əl ataram və bir nəfəri də sağ qoymaram”. “Yuxarıdan” təlimat alan İsmayıl Təbrizin Cümə məscidinə gəldi və oranın tanınmış şiələrindən olan xətibinə əmr etdi ki, minbərə qalxsın və xütbə oxumağa başlasın. İsmayıl özü minbərin aşağısında, məscidə gəlmiş təbrizlilərin başları üzərində, qılıncını qaldırmış halda durmuşdu. Onun silahdaşları hər cür müqaviməti boğmağa hazır vəziyyətdə yaxınlıqda dayanmışdılar219.

Pul dövriyyəsinə şiə etiqad rəmzini bildirən yeni sikkələr buraxıldı: “Allahdan başqa tanrı yoxdur; Məhəmməd Allahın elçisidir; Əli Allahın dostudur”. Pulların üstündə on iki şiə imamın adları və “Müqəddəs Şahın (yəni Əlinin – O.Ə.) qulu” ifadəsi ilə, kiçildilmiş formada Şah İsmayılın adı göstərilmişdi220. Pul islahatı da imami şiəliyin təbliğat məqsədlərinə, onun Səfəvilər dövlətində hakim mövqeyinin möhkəmləndirilməsinə xidmət edirdi.

Müasir İran tarixşünaslığında Səfəvilər dövlətinin yaranmasında şiəliyin rolu və əhəmiyyəti məsələsi yanlış və təhrif olunmuş şəkildə təqdim edilir. Belə bir təsəvvür yaradılır ki, guya XVI əsrin əvvəlində, Səfəvilər və qızılbaşlar İranı istila etməzdən əvvəl İran əhalisinin əsas hissəsi şiəliyə gizli, yaxud aşkar surətdə etiqad edirdi və və buna görə də yeni rəsmi dini etiraz etmədən qəbul etmişdi.

Məsələn, N.Şeybaninin fikrincə, İranın siyasi və milli birliyini şiəlik təriqətinin köməyilə qaytarmaq mümkün olmuşdu, şiəliyin sayəsində “iranlıların azadlıq hərəkatı dini çalar almışdı”, şiəlik iranlıların milli və siyasi birliyinin möhkəmlənməsinə kömək etmişdi221. Tarixçinin yazdığına görə, İsmayıl Səfəvinin çıxışı guya qədim zamanlardan (ərəb istilaları dövründən) rəsmi sünnilik əleyhinə üsyan qaldırmaq istəyən İran əhalisi arasında əlverişli zəmin tapmışdı. Bu cəhət İsmayılın istilaçılıq hərəkatına və onun təsis etmiş olduğu dövlətə “milli xarakter” vermək üçün mühüm amillərdən biri hesab edilir222. Bununla təsdiq edilir ki, şiəlik islahatı keçirildikdən sonra o, iranlıların ciddi müqaviməti ilə qarşılaşmamışdı223.

Əslində tarixi mənbələrdə həmin məsələ tamamilə başqa cür təsvir edilir. İş ondadır ki, XVI əsrin əvvəli üçün İran əhalisinin əksəriyyəti İran tarixşünaslığında tez-tez təqdim edildiyi kimi şiəliyə deyil, sünniliyə etiqad edirdi. Tədqiqatçılar (İ.P.Petruşevski, V.F.Minorski, N.D.Mikluxo-Maklay və b.) göstərmişlər ki, XIV-XV əsrlərdə İranda şiələr azlıq təşkil etmişlər. Feodallar və şəhərlərin əksəriyyətinin əhalisi sünnilərdən ibarətdi. Mazandaran və Gilan şiə əmirlikləri istisna olmaqla sünnilik İranda bütün dövlət birləşmələrinin hakim dini sayılırdı224. Hətta Azərbaycanda – şiə-qızılbaş hərəkatının beşiyində də sünnilər əhalinin əksəriyyətini təşkil edirdilər. Məsələn, anonim tarixçinin məlumatına görə XVI əsrin əvvəlində əhalisinin sayı 300 min nəfərə çatan Təbrizdə sünnilər sakinlərin 2/3 hissəsini təşkil edirdilər225. Yeri gəlmişkən qeyd edək ki, S.Rəhimzadə bu dövrdə Təbrizdə yaşamış sünnilərin və şiələrin nisbətini aşkar surətdə təhrif edir: onun irəli sürdüyü 1/2 nisbəti heç bir dəlillə əsaslandırılmır226.

Məlumdur ki, Ərdəbil şeyxləri tərəfindən idarə olunan şiə təbliğatı N.Şeybaninin və S.Rəhimzadənin iddia etdikləri kimi İranda deyil, Azərbaycanda və Kiçik Asiyada, irandilli mühitdə deyil, türkdilli əhali arasında daha çox tərəfdarı və ardıcılı özünə cəlb etmişdi. Belə ki, Venesiya səyyahlarının məlumatlarına əsasən XV əsrin sonu – XVI əsrin əvvəllərində Kiçik Asiya əhalisinin 4/5 hissəsi şiəlik tərəfdarı idi227. Azərbaycanda və Kiçik Asiyada məskunlaşmış, şiə təriqətinə mənsub olan türkdilli tayfalar Ərdəbil şeyxlərinin mübariz zərbə qüvvəsini təşkil edir, onların bütün siyasi və hərbi tədbirlərini həyata keçirirdilər.

Buna görə də İranda fəthlər və şiəliyin yayılması çox zaman İran müəlliflərinin təsvir etdiyi kimi o qədər də “dinc səciyyə” daşımırdı.

Mənbələrdən məlum olur ki, İsmayıl Azərbaycandan İranın daxili bölgələrinə daha çox irəlilədikcə xeyli sünni (əsasən feodal əyanlar və ruhanilər) ölkəni tərk etmiş və qonşu sünni dövlətlərinin ərazisində məskunlaşmışdı. Bəzi yerlərdə (məsələn, İsfahanda, Şirazda, Kazerunda, Yəzddə) sünnilər şiələşdirməyə hətta açıq müqavimət göstərməyə cəhd etdiklərinə görə kütləvi edamlara məruz qalmışdılar228. Xatırlatmaq yerinə düşər ki, bu dövrdə qızılbaşlar sünnilərə tam əsasla özlərinin siyasi rəqibləri – onların devirdiyi Ağqoyunlu sülaləsinin ardıcılları, Osmanlı Türkiyəsinin və Şeybanilər dövlətinin tərəfdarları kimi baxırdılar və bu, gerçəklik idi. Bu dövrdə şiəliyə mücərrəd dini nəzəriyyə, təlim kimi deyil, daha çox Ağqoyunlulara və digər sünni dövlətlərinə müxalifət təşkil edən siyasi mübarizə vasitəsi kimi əhəmiyyət verildiyini XVI əsr tarixçisi Həsən bəy Rumlunun məlumatı da təsdiq edir. 1501-ci ildə şiəlik Təbrizdə dövlət təriqəti elan olunduğu zaman yeni təriqətin əsaslarını möhkəmləndirmək barədə məsələ qalxdı və məlum oldu ki, şiəliyin nəzəriyyəsi ilə səthi tanışlığı olan bir nəfər də yoxdur. Hətta şiə dini təliminə dair kitab da yox idi. Şiəliyə dair rəhbərlik üçün Şeyx Cəmaləddin Mütəhhər Hillinin (1250-1325) “Qəvaid-i islam” (“İslamın qaydaları”) kitabı yeganə rəsmi ədəbiyyat kimi qəbul edildi229.

Çaldıran vuruşması və onun nəticələri

Çaldıran vuruşması Səfəvilər dövlətinin hərbi-siyasi tarixinin mühüm mərhələsi oldu. Şah İsmayılın dövlətinin taleyi üçün bu vuruşmanın həlledici nəticələri olmasa da, Səfəvilərin Kiçik Asiya şiələrindən zərbə qüvvəsi kimi istifadə etmək niyyətlərinin mənasızlığını göstərdi. I Sultan Səlim hələ müharibə başlamazdan əvvəl arxadan – Anadolu şiələri tərəfdən olan təhlükəni ləğv edə bildi230.

Qızılbaş ordusunun vuruşma ərəfəsindəki hərbi hazırlıq vəziyyəti belə idi: mərkəzdə Nizaməddin Əbdülbaqinin, Məhəmməd Kəmunənin və Şərəfəddin Əlinin başçılığı altında qızılbaşların dəstəsi yerləşirdi; sağ cinaha Durmuş xan Şamlı, sol cinaha isə Diyarbəkir hakimi Məhəmməd xan Ustaclı başçılıq edirdi. Ərzincan hakimi Nurəli Xəlifə Rumlu, Təbriz hakimi Məntəşə Sultan, Fars hakimi Xəlil Sultan Zülqədər, Hüseyn bəy Lələ, Xüləfa bəy (Xadim bəy), Pirə bəy Çavuşlu və Sultanəli Mirzə Əfşar cinahlarda mövqe tutdular. Sarı Piri (qorçibaşı) və Yusif bəy Varsaq öndə duran hissəyə (çərxçiyan) təyin olundular. Şah İsmayıl özü seçmə hissələrlə sağ cinahda dururdu231.

Osmanlı ordusunun döyüş qüvvələri Avropa nümunəsi üzrə qurulmuşdu. Sağ cinaha Anadolu bəylərbəyisi Sinan paşa, sol cinaha isə Rumeli bəylərbəyisi Həsən paşa başçılıq edirdilər. Mərkəzdə artilleriyaya – 300-ə yaxın top yerləşdirilmişdi. Düşmənin topları görə bilməməsi üçün onların qarşısında xüsusi hissələr (əzablar) saxlanırdı. Artilleriyanın arxasında piyada nişançılar – yeniçərilər dururdular. İş heyvanlarını – dəvələri və qatırları bir-birinə zəncirlərlə bərkidilmiş arabalarla birlikdə yeniçərilərin qarşısında və ətraflarında yerləşdirmişdilər. Bu, müdhiş qızılbaş süvarisinin yolunda maneə olmalı idi. Elə həmin məqsədlə də topların sıraları zəncirlərlə bağlanmışdı. Sultan Səlim özünün şəxsi hərbi dəstəsi ilə yeniçəri qüvvələrinin arxasında mövqe tutmuşdu. Osmanlı ordusunun arxa hissəsində vəzifəsi düşmənin arxadan vura biləcəyi zərbəni dəf etməkdən ibarət olan Şadi bəy durmuşdu232.

Çaldıran vuruşması 1514-cü il avqustun 23-də səhər, qızılbaş ön süvari dəstəsinin – Sarı Piri Ustaclının başçılıq etdiyi qorçilərin şiddətli hücumu ilə başlandı. Türklər ağır itkilərə məruz qalsalar da, Osmanlıların ön dəstəsi Səfəvi süvarisinin hücumunu dəf edə bildi.

Salnaməçilərin məlumatlarına görə, bu döyüşdə I Şah İsmayıl və qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Məsələn, döyüşün qızğın çağında İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə tanınan Əli bəy Malquçoğlu ilə üz-üzə gəldi. İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, baş dəbilqə ilə birlikdə iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi233.

Vuruşmanın ən böhranlı anında top mərmiləri İsmayılın döyüşçülərinin sıralarını seyrəltdiyi bir vaxtda Fars hakimi Xəlil Sultan Zülqədər özbaşına döyüş meydanını tərk etdi və öz dəstəsi ilə birgə qaçdı. Lakin şah düşmənin məhvedici atəşi qarşısında geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir-birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa məcbur oldu234. Bu zaman Şah İsmayılın atı müvazinətini itirdi və üzərindəki döyüşçü ilə birlikdə yerə sərildi. Türk əsgərləri İsmayıla tərəf atıldılar. Lakin şahın həyatı üçün bu çətin anda o, şaha “zahirən və geyimi” ilə çox oxşayan Sultanəli Mirzə Əfşar tərəfindən xilas edildi. O, “mənəm şah” – deyə qışqıraraq irəli qaçdı və düşmənin əsgərlərini də öz arxasınca apara bildi. Bu zaman özünü yetirən Xızır ağa Ustaclı adlı bir qızılbaş İsmayıla başqa bir at gətirdi. Şah həmin atın üzərində döyüşə atıldı235.

Səfəvi salnaməçilərinin məlumatlarına görə, Çaldıran vuruşmasında hər iki tərəfdən 5 min nəfər döyüşçü həlak olmuşdur. Onlardan 2 min nəfərinin qızılbaş, 3 min nəfərinin isə türk olduğu göstərilir236. Lakin biz bu rəqəmin düzgünlüyünə heç cür inana bilmərik. Məsələn, Şərəfxan Bidlisi yalnız qızılbaşların itkisinin 5 min nəfər süvari olduğunu göstərir ki, bu, həqiqətə daha yaxındır237. Osmanlı tarixçiləri əksinə, bu rəqəmləri həddən artıq şişirdirlər. Onlardan bəziləri türklərin 30-40 min nəfər, qızılbaşların isə bundan iki dəfə artıq itki verdiyini göstərirlər. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı Piri Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xüləfanı itirdilər. Osmanlı sərkərdələrindən Həsən paşa, Malquç oğlu, Üveys bəy, Süleyman bəy həlak oldular238.

Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini müasirləri müxtəlif səbəblərlə izah edirlər. Burada əvvəlki qələbələrdən arxayın düşən və tərslik edərək öz sərkərdələrinin ağıllı kəlamlarını eşitməyən Şah İsmayılın cəngavər xasiyyətini, şahın gecə həmləsi fikrindən daşındırmış Durmuş xanın özünə güvənərək, keflənib lovğalanmasını və s. göstərmək olar. Bu baxımdan Sultan Səlimlə türklərin əsir aldığı Şah İsmayılın oxşarı Sultanəli Mirzə Əfşar arasında olmuş söhbət maraqlıdır. Sultan Şah İsmayıldan soruşur: “Məgər sən bilmirdin ki, mən iki yüz min döyüşkən kişi, artilleriya və yeniçərilərlə gəlmişəm, sən niyə belə miskin qüvvələrlə mənimlə döyüşə girib, öz adamlarını ölümə məhkum etdin, özün isə əsir düşdün”. Cavab belə oldu: “Mən bilirdim ki, sənin böyük ordun var, lakin bilmirdim ki, sən toplardan düzəldilən istehkama atılıb bununla da özünü bu dünyada da, o dünyada da rüsvay edəcəksən…”239 Göründüyü kimi, I Şah İsmayıl odlu silah tətbiqini insanlıqla bir araya sığışdırmır, qorxaqlıq və cəsarətsizlik təzahürü sayırdı. Şah İsmayıl yalnız canlı qüvvə baxımından deyil, texniki təchizat cəhətdən, silahlanma cəhətdən Sultan Səlimdən geri qalırdı. Səfəvilərdə artilleriya demək olar ki, tamamilə yox idi. Səfəvilərin əsas qüvvəsi olan qızılbaş tayfa süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi qarşısında aciz idi. Bundan əlavə, Osmanlı ordusu hərbi nizamın və döyüşün aparılması taktikasında Avropa sistemini də mənimsəmişdi. Deməli, İsmayılın məğlubiyyətini şəxsi səbəblərlə deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan təşkili və silahlanması, onun odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə əlaqələndirmək lazımdır240.

Çaldıran Səfəvilər dövlətinin hərbi-siyasi nüfuzuna ciddi zərbə endirdi və son nəticədə onun Kürdüstanda geniş əraziləri itirməsinə gətirib çıxardı. Kürd tayfaları və əyanları o vaxta qədər I Şah İsmayılın və onun canişinlərinin hakimiyyətini qismən tanısalar da, Çaldırandan sonra kömək üçün I Sultan Səlimə müraciət edərək, açıq-aşkar qızılbaş hakimlərinə qarşı çıxış etməyə başladılar. Kürdüstanın əsarət altına alınmasına yönəldilmiş Osmanlı ilhaqçı siyasətinin sadiq nümayəndəsi və yayıcısı İdris həkim Bidlisi kürd tayfalarının sultanın tərəfinə keçməsində çox böyük rol oynadı. Kürdlərin siyasi təmayülünün dəyişməsində onların Osmanlı türkləri ilə ümumi olan sünnilik ideologiyası heç də az rol oynamadı241.

Hicri 920-ci (1514-1515) ilin qışını Amasyada keçirən Səlim İstanbul istiqamətində hərəkət etdi. O, yolüstü Kəmaxı tutdu242. Ərzincanın qızılbaş hakimi Nurəli Xəlifə Rumlu Trabzonun Osmanlı hakimi Bıyıklı Məhəmmədin (farsdilli mənbələr onu Mustafa paşa Bığlı Çavuş adlandırırlar) qoşunları ilə döyüşdə məğlubiyyətə uğradı və həlak oldu. Ərzincan isə türklər tərəfindən tutuldu243.

Çaldıran vuruşmasından sonra Diyarbəkir əhalisi Sultan Səlimə itaətini bildirdiyinə görə I Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı (Çaldıran yaxınlığında həlak olmuş Məhəmməd xan Ustaclının qardaşı) ora göndərdi. Lakin qızılbaşlar qiyamçıların müqavimətini heç cür qıra bilmədilər. Mühasirə bir ildən artıq çəkdi. İdris Bidlisinin başçılığı altında kürd dəstələri ilə möhkəmləndirilmiş Bıyıklı Məhəmməd paşanın qoşunlarının yaxınlaşması Qara xanı məcbur etdi ki, mühasirədən əl çəksin və Mardinə geri çəkilsin. 1516-cı ilin əvvəlində Mardinin cənubunda Koçhisarın yaxınlığında tərəflər arasında baş verən qəti döyüş Osmanlı türklərinin xeyrinə qurtardı. Qara xan öldürüldü, qızılbaş qoşunu darmadağın edildi. Nəticədə, şimalda Harputdan və Bidlisdən başlayan, cənubda isə Rəqqə və Mosula qədər uzanan geniş ərazi Osmanlı türklərinin əlinə keçdi244.

Səfəvilər və Gürcüstan Şah İsmayıl və Şəki xanlığı

Sultanın barışmaz mövqeyi ilə qarşılaşan I Şah İsmayıl Cənubi Qafqaz ölkələrində, xüsusilə də Gürcüstanda öz mövqelərini möhkəmləndirmək üçün ciddi tədbirlər gördü. Səfəvilərin vəziyyəti onun hesabına yüngülləşmişdi ki, Gürcüstan XVI əsrin əvvəlində bir-birilə düşmənçilik edən bir sıra müstəqil çarlıqlara parçalanmışdı.

Qızılbaşların Gürcüstana yürüşləri üçün formal bəhanə gürcü çarlarının kömək üçün özlərinin müraciəti oldu. Mesxi (Samtsixi) çarı IV Kvarkvare (1516-1535) digər gürcü çarı “Başı Açıq” (İmeretiya) hökmdarı Mənuçöhr (?) tərəfindən məğlub edilərək İsmayılın Naxçıvandakı qış düşərgəsinə gəldi və müdafiə olunmasını xahiş etdi. Şah İsmayıl Div Sultan Rumlunun başçılığı ilə bir neçə qızılbaş sərkərdəsini Gürcüstana göndərdi245. Onlar Şuragöl yolu ilə buraya gəldilər. Yürüş nəticəsində Mənuçöhrün ordusu darmadağın edildi və o, yardım almaq üçün Ruma (Türkiyəyə) qaçdı. Kvarkvare isə taxt-tacı özünə qaytardı246.

Sonrakı ildə Mənuçöhr Qızıl Əhməd oğlunun komandası altında Osmanlı türk dəstəsi ilə Türkiyədən qayıtdı və yenidən Kvarkvarenin mülklərinə basqın etdi. Div Sultan Rumlu ikinci dəfə Gürcüstana göndərildi. Dəbil (Dvin) rayonunda baş verən döyüşlərdə qızılbaşlar Osmanlı türklərini darmadağın etdilər. Onların başçısı isə öldürüldü. Mənuçöhr meşələrə qaçmaqla canını qurtardı247.

Div Sultan Rumlunun başçılığı ilə qızılbaşların üçüncü yürüşü hicri 927-ci (1521) ilə təsadüf etmiş və Kaxetiya gürcü çarı Ləvənd xanın (Levanın – 1520-1574) Şəki xanlığına basqını ilə əlaqədar olmuşdu. Şəki hakimi Həsən bəy kömək üçün Naxçıvanda qışlayan I Şah İsmayıla müraciət etdi. Div Sultan Qanıq (Alazan) və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi. Ləvənd xan günahını etiraf edərək Div Sultanın hüzuruna gəldi. Gürcüstanın digər hökmdarları – Kvarkvare, Davud bəy248 və Mənuçöhr də bu cür hərəkət etdilər. Onlar Div Sultanla birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər. Burada gürcü çarları Səfəvilərə hər il vergi (bac-xərac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar249.

Yeri gəlmişkən qeyd edək ki, Səfəvilərlə əlaqədar Şəki hakimi barəsində daha ilkin məlumat yalnız Budaq Qəzvinidə vardır. Burada hicri 925-ci (1519) ildə Şah İsmayıl Təbrizdəki qış mənzilində olarkən onun yanına qonşu hakimlərin bütöv bir dəstəsinin gəldiyi xəbər verilir. Şirvan əhalisi Şeyxşah, Müzəffər Sultan Rəşti, Xan Əhməd Gilani, Mirəbdülkərim Mazandarani, Məlik Kavus Rüstəmdari, Məlik Bəhmən Rüstəm Abbasi, Ləvənd bəy Gürcü, Həsən bəy Şəki və Kvarkvare Gürcü “bir xalçanın üstündə əyləşmişdilər”250. Başqa sözlə, adları çəkilən hakimlər bununla I Şah İsmayıla itaət etdiklərini və ona tabe olduqlarını bildirirdilər251.

Hicri 930-cu (1524) ilin yazında İsmayıl Naxçıvandan Şirvana hərəkət etdi. Salnaməçilər yürüşün səbəbini izah etmirlər. Şah Kür çayına çatanda şirvanşah II Şeyxşahın vəfatı haqqında xəbər alındı. Şirvan taxtına onun oğlu, İsmayılın kürəkəni (qızı Pərixan xanımın əri) Xəlilullah çıxdı. Sonra şah Şəki tərəfə döndü və burada Həsən bəy və yerli əyanlar onu təntənə ilə qarşıladılar. İsmayılın Şəki ilə Gürcüstan arasındakı ərazidə təşkil etdiyi çox böyük ovda, ”qazilər” və Şəki əyanları iştirak etdilər252. Şəkidən Ərdəbilə qayıdarkən İsmayıla xəbər verdilər ki, Kaxetiya hökmdarı Ləvənd xan böyük bir qoşunla Şəkiyə hücum etmişdir. Vuruşmada şəkililər məğlub olmuşdular və Həsən bəy öldürülmüşdü. Bu xəbər I Şah İsmayılı qəzəbləndirdi və o, dikbaş gürcü çarını cəzalandırmağı qərara aldı. Lakin İsmayılın vəfat etməsi buna mane oldu253.

Bu faktlar göstərir ki, Şəki hakimi Həsən bəy Şah İsmayılın simasında öz himayədarını görür və qərb qonşuları-gürcü çarları ilə mübarizədə onun köməyinə arxalanırdı.

I Şah İsmayılın şirvanşah II İbrahim Şeyxşahla qarşılıqlı münasibətləri

Şirvanşah Fərrux Yəsar həlak olduqdan sonra Şirvanşahlar dövlətinin varlığına son qoyulmadı. Şirvan taxtında onun oğlanlarından biri, bir ilə qədər hakimiyyətdə olmuş Bəhram bəy əyləşdi. Onun vəfatından sonra isə qardaşı Qazı bəy hakimiyyətə gəldi. Bir neçə ay sonra o, taxt-tacı ələ keçirmiş oğlu Sultan Mahmud tərəfindən öldürüldü. Mənbələrin məlumatlarına görə, hakimiyyəti qəsb etmiş bu adamın qəddarlığından hədsiz əziyyət çəkən Şirvan əhalisi onun əmisinin, Gilan hakimi Hüsaməddinin254 ölkəsində olan Şeyx İbrahim Şeyxşahın ardınca elçi göndərdi. Şeyxşah 1502-ci ildən II İbrahim adı ilə taxta çıxdı. Sultan Mahmud kömək almaq ümidi ilə I Şah İsmayılın sarayına qaçdı.

I Şah İsmayıl Sultan Mahmudu müdafiə etməyi lazım bildi. Münəccimbaşının verdiyi məlumata görə, Sultan Mahmud qızılbaşlardan hərbi kömək alaraq Şirvana hərəkət etdi. Şeyxşah Gülüstan qalasına çəkildi. Qalanın mühasirəsi üç aya qədər davam etdi. Mühasirədə olanların vəziyyəti təhlükəli hal alırdı. Lakin bu zaman gözlənilməz hadisə baş verdi: Mahmud yatdığı yerdə xidmətçisi tərəfindən öldürüldü. Gecə zülmətində onun başı qalaya çatdırıldı. Bundan ruhlanan şirvanlılar gecə həmləsi təşkil etdilər və özlərini itirmiş qızılbaşları qılıncdan keçirdilər255. Münəccimbaşının məlumatında bu hadisənin tarixi göstərilməmişdir.

Qızılbaşların Şirvana yuxarıda təsvir edilən yürüş tarixinə münasibətində Y.A.Paxomov maraqlı müşahidələr aparmışdır256. 1935-ci ildə Gəncə yaxınlığında Çaykənd kəndində Şirvanşahların və I Şah İsmayılın sikkələrindən ibarət pul dəfinəsi tapılmışdır. Y.A.Paxomov tərəfindən siyahıya alınmış bu dəfinədə I Şah İsmayılın Şamaxıda və Şabranda zərb edilmiş, hicri 911-ci (1505-1506) il tarixli pullar vardır. Halbuki bu dövrdə Şirvanın hökmdarı II İbrahim Şeyxşah idi. Digər tərəfdən Y.A.Paxomovun fikrincə, istər bu dəfinədə, istərsə də Şeyxşahın pulları olan başqa məlum kolleksiyalarda hicri 911 və 912-ci (1505-1507) illərdə zərb olunmuş pulların tamamilə olmaması müşahidə edilir. Y.A.Paxomov bu faktların əsasında belə bir nəticəyə gəlir ki, göstərilən illərdə Şamaxı, Şabran və Şirvanın bir hissəsi İsmayılın tabeliyinə keçmişdi; Şeyxşah yalnız hicri 913-cü (1507-1508) ildə Şamaxını özünə qaytarmış, artıq öz adından pul zərb etdirmişdi. Tədqiqatçı deyilənlərə belə yekun vurur: “Birincisi, Sultan Mahmuda kömək etmiş Səfəvilər nəinki Şamaxını, həm də Şirvanın şimal hissələrini, məsələn, Şabranı tuta bilmişdilər; ikincisi, bu köməyin əvəzində Sultan Mahmud özünü Şah İsmayılın təbəəsi saymağı və onun adından pul zərb etdirməyi öhdəsinə götürmüşdü”257.

Y.A.Paxomovun numizmatik məlumatlara əsaslanan həmin nəticələri, əsasən narrativ mənbələrin məlumatları ilə düz gəlsə də, aşağıdakı faktlar onların bir qədər dəqiqləşdirməsini tələb edir.

İbrahim Əmini xəbər verir ki, I Şah İsmayıl Hüseyn Kiya Çəlavinin qorunduğu Usta qalasını mühasirəyə alanda Qazı bəyin oğlu Sultan Mahmud şah qərargahına gəldi və Şirvan taxt-tacına öz hüquqlarını təsdiq etdirdi258. Biz bilirik ki, Usta qalasının mühasirəsi və alınması hicri 909-cu (1504-cü ilin yazında) ildə259 baş vermişdir. Deməli, Sultan Mahmudun qızılbaş hissələri ilə yürüşü yalnız həmin müddətdən sonra ola bilərdi. Biz elə həmin hicri 911-ci (1505-1506) ildə qızılbaşların Şirvana yürüşü haqqında da məlumatlar əldə etmişik. Həsən bəy Rumlu xəbər verir ki, həmin ildə Şah İsmayıl “hökm vermişdi ki, Sultan Heydərlə döyüşdə onun düşmənlərinin tərəfində olanların hamısını öldürsünlər. O bu işi təhqiq etməyi qorçibaşı Əbdül bəy Dədəyə tapşırdı. Bu səbəbdən xeyli adam öldürüldü”260. Anonim müəllif bu hadisənin bəzi təfsilatlarını göstərir. O yazır ki, Əbdül bəy Dədə I Şah İsmayılın əmri əsasında qoşunla Şirvana yollandı, çoxlu “türkman”ı, Təbərsaran və Şirvan sakinini qırdı261. Bu haqda digər mənbələr də məlumat verirlər262.

Mənə elə gəlir ki, yuxarıda göstərilən I Şah İsmayılın adı olan pulların (hicri 911-ci ildə Şamaxı və Şabranda zərb edilmiş) məhz Əbdül bəy Dədənin başçılığı ilə qızılbaşların həmin yürüşü zamanı zərb edildiyinə şübhə etməyə əsasımız yoxdur.

Qeyd olunan faktlar Sultan Mahmudun və Əbdül bəy Dədənin Şirvana yürüşləri arasında əlaqənin olması fikrinə gətirib çıxarır. Belə güman etmək məntiqi olar ki, söhbət müxtəlif vaxtlarda olmuş iki yürüşdən deyil, Sultan Mahmudun da iştirak etdiyi bir yürüşdən gedir.

I Şah İsmayılın ilk yürüşündən sonra Səfəvilərin Şirvan hökmdarları ilə siyasi münasibətləri məsələsi hələ az öyrənilmişdir. “Azərbaycan tarixi”ndə bu münasibətlərin xarakterinə düzgün qiymət verilmişdir: “1500-1501-ci illərdə qızılbaşların yürüşündən sonra Şirvan, əsasən Səfəvilərin vassal asılılığı altına düşdü”263.

Aşağıda verdiyimiz yeni material həmin səciyyəni nəinki təsdiq edir, həm də onu mühüm təfərrüatlarla tamamlayır və bu münasibətlərin mahiyyətini dəqiqləşdirir. Bizim əlimizdə 1501-ci ildə qızılbaşlar Şirvandan getdikdən sonra, orada Səfəvilərin nümayəndələrinin qalması barədə mötəbər məlumat vardır. Məsələn, bizə məlum olur ki, İsmayılın ən nüfuzlu silahdaşlarından biri və onun tərbiyəçisi Hüseyn bəy Lələ Şamlı Şirvana canişin təyin olunmuşdu. Sonuncu, özünün xidmətçisini (“cilovdar”) – darmadağın edilmiş Şirvanlıların təqib edilməsi zamanı Fərrux Yəsara çatması, onu vurub atdan salması və şirvanşahın başını İsmayıla gətirməsi ilə fərqlənmiş Şahgəldi ağanı öz yerinə təyin etmişdi264. Sonra məlumat verilir ki, Şeyxşah Gilandan qayıtdı, boş qalmış Şirvan taxtına sahib oldu və “həmin vilayət tutulduqdan sonra oranı Lələ bəyin müavini kimi idarə etmiş” Şahgəldi ağa Şirvan hüdudlarını tərk etməyə məcbur oldu. İlk vaxtlar Şeyxşah öz adamlarını hədiyyələrlə Şah İsmayılın sarayına göndərmiş, özünün sadiq olduğuna onu inandırmış və İbrahim Əmininin sözləri ilə desək, İsmayılın “Şirvanın idarə olunmasını ona bağışlamasına nail olmuşdu”265. Şeyxşahın öz mövqeyi möhkəmlənəndən sonra Şirvan qalalarının möhkəmliyinə və qoşunların sayca çoxluğuna arxalanaraq, Səfəvilərin asılılığından tamamilə azad olmağa cəhd göstərdi. O, İsmayılın nümayəndələrinin üzünə “hörmət və ehtiram qapılarını bağlayaraq”, “bac-xərac” verilməsini dayandırdı. Elə bu vəziyyət də hicri 911-ci ilin qışında (1509-cu ilin sonu) Şah İsmayılın Şirvana təkrar yürüşünə səbəb olmuşdu266. Qızılbaş qoşunları Cavad yaxınlığında bərənin köməyilə çayı keçərək Şirvana daxil oldular. İsmayılın üstün qüvvələri ilə toqquşmaqdan ehtiyat edən Şeyxşah Buğurd qalasında gizləndi. Qoşunların bir hissəsini Şamaxıya göndərən İsmayıl Bakıya hərəkət etdi. Bakı və Şabran şəhərlərinin hərbi rəisləri şəhər və qala qapılarının açarlarını qızılbaş hökmdarına təqdim etdilər. Şirvanın digər qalalarının rəisləri də belə hərəkət edərək hədiyyələrlə İsmayılın yanına gəldilər. Yarəhməd və Ağa Məhəmməd bəy istisna olmaqla Dərbənd hakimləri qala divarlarının hündürdə yerləşməsinə və möhkəmliyinə ümid bağlayaraq, nəinki özləri şahın yanına gəlmədilər, hətta ənənəvi “peşkəşi” belə ona göndərmədilər. Belə olduqda qızılbaşlar Dərbəndə hərəkət etdilər və onu mühasirəyə aldılar. Beş gün ərzində qala divarlarının altından 12 lağım atıldı. Öz vəziyyətlərinin çıxılmaz olduğunu görən şəhər müdafiəçiləri silahı yerə qoydular. Anonim müəllif göstərir ki, “Şirvan ölkəsinin idarə olunması yenidə Hüseyn bəy Lələyə tapşırıldı”.

Deyilən şərhlərdən görünür ki, İsmayıl Şirvanşahları lap əvvəldən vassallığı qəbul etməyə məcbur etmişdi. Bizim hər il Şirvanşahların İsmayıla ödədikləri verginin – “bac-xəracın” miqdarı və xarakteri haqqında məlumatımız yoxdur. Güman etmək olar ki, Şirvanşahlar Şah İsmayıla münasibətdə öz üzərlərinə müəyyən öhdəliklər götürmüşdülər. Əks təqdirdə, Şirvanda qızılbaş nümayəndələrinin olması səbəbini izah etmək çətindir. Təəssüf ki, bizim bu barədə konkret məlumatımız yoxdur. Yəqin ki, Şirvanın idarə olunmasının Hüseyn bəy Lələyə tapşırılmasını Səfəvilərin bu vilayəti həmişə özlərinin qanuni mülkü hesab etdiklərini təsdiq edən aşkar, formal əmək kimi başa düşmək lazımdır. Səfəvi nümayəndələrinin Şirvanın daxili işlərinə qarışmasının dərəcəsi və xarakteri haqqında fikir yürütmək də bizim üçün çətindir. Ehtimal etmək olar ki, bu, Şeyxşah üçün kifayət qədər sıxıntılı olmuşdu. Onun həmin asılılıqdan qurtulmaq üçün göstərdiyi cəhdlərdən də bunu sezmək olar.

III FƏSİL
I TƏHMASİBİN DÖVRÜNDƏ SƏFƏVİLƏR DÖVLƏTİNİN VƏZİYYƏTİ

Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən görkəmli dövlət xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində əsrin ilk rübündə mərkəzi hökumətin nüfuzu kifayət qədər yüksək idi. Buna görə də hicri 930-cu il rəcəb ayının 19-u (1524-cü il mayın 23-də)267 onun 37 yaşında ikən vaxtsız və qəfil ölümü mərkəzi hakimiyyətin zəifləməsinə və tayfa başçılarının ara müharibələrinə gətirib çıxardı.

I Şah İsmayılın vəfatından sonrakı birinci onillikdə dövlətdə feodal özbaşınalığı

İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi268. Lakin on yaşlı oğlan yüksək gəlirli dövlət vəzifələri, zəngin və məhsuldar torpaqlar ələ keçirmək uğrunda bir-birilə mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div Sultan ələ keçirdi. Lakin ustaclı tayfasının Köpək Sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div Sultan özbəklərin Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa Sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca Sultan Təkəli, Məşhəd hakimi Burun Sultan Təkəli, Şiraz hakimi Əli Sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər269. Div Sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək Sultan Ustaclı əleyhinə ittifaq bağladı. Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi durmuş xan və Astrabad hakimi Zeynal xan şəxsən Div Sultana qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər270. Ustaclı tayfasından olan əmirlərin bəziləri, məsələn, Məntəşə Sultan, Div Sultanın tərəfində durdular. Mövqeyinə və sayına görə başqa qızılbaş tayfalarından üstün olan ustaclı tayfa əmirlərinin əksəriyyəti Div Sultanı tanımaqdan imtina etdi271. Hicri 931-ci (1525) ilin payızında özünü kifayət qədər güclü hiss edən Div Sultan Köpək Sultana məktub göndərərək mərhum şahın iradəsinə tabe olmağa və onun vəkalət hüquqlarını tanımağa çağırdı. Özü isə əmirlərlə birlikdə Təbriz istiqamətində hərəkət etdi. Köpək Sultan ustaclı əmirlərinin müşavirəsində münaqişəni dincliklə həll etmək ruhunda çıxış edərək Div Sultanı qarşılamağa yollandı. Görüş Türkmənkəndi adlı yerdə baş verdi. Onlar birlikdə Şah Təhmasibin Təbrizdəki sarayının yaxınlığında yerləşən Çərəndaba gəldilər. Lakin tayfalar arasında müharibə yenidən başlandı272.

Div Sultan Köpək Sultanla birlikdə paytaxta daxil olan kimi, ilk növbədə ixtilafa təhrik edənləri cəzalandırmaq bəhanəsi ilə Qərincə bəy Ustaclını və Narın bəy Qacarı edam etdirdi. Ustaclı əmirləri dövlət işlərini idarə etməkdən uzaqlaşdırıldılar. Köpək Sultan sağ-salamat Təbrizdən çıxıb getməyi “xoşbəxtlik” hesab etdi və özünün keçmiş vilayəti (ölkəsi) olan Naxçıvan və İrəvan tərəfə hərəkət etdi273. Div Sultan Rumlu və Çuxa Sultan Təkəli bütün hakimiyyəti ələ keçirdilər. Fərmanlarda Div Sultan “məlik əl-üməra” (“əmirlərin rəhbəri”), Çuxa Sultan isə “rükn əs-səltənə” (“səltənətin dayağı”) adlandırılırdı274. Köpək Sultan paytaxtdan çıxan kimi Div Sultan Çuxa Sultanla birlikdə tiyul (iqta) hüququnda ustaclı tayfasına məxsus olan torpaqların çox hissəsini öz aralarında bölüşdürdülər275.

İsgəndər bəy Münşi Azərbaycan tayfaları arasında düşmənçilik və müharibə törətmiş Div Sultanın hərəkətlərini pisləyir276. Köpək Sultan ustaclı, rumlu və təkəli tayfaları ilə mübarizə aparmaq üçün hicri 932-ci il rəcəbin əvvəlində (1526-cı ilin əvvəli) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş ustaclı əmirləri, o cümlədən Qılıc xan, Məntəşə bəy Şeyxlər qorçibaşının qardaşı Sarı Piri, Bədr bəy Qorçibaşı və Kürd bəylə birgə Köpək Sultan şah qərargahına hərəkət etdi. Div Sultan barışmağa cəhd göstərdi və vasitəçilik etmək üçün Qasım xəlifə Varsağı Köpək Sultanın yanına göndərdi. Lakin onlar Div Sultanın sözlərinə və vədlərinə inanmadılar.

Mayın 26-da (şaban ayının 14-də) Səksəncik adlanan yerdə düşmən tərəflər arasında döyüş baş verdi. Əvvəlcə ustaclı əmirləri öz rəqiblərinə üstün gəldilər. Belə olanda Div Sultan və Çuxa Sultan “əlacsızlıqdan” gənc şahı ata oturdaraq onunla birlikdə döyüş meydanına çapdılar277. Ustaclı əmirlərinə qarşı döyüşə şahın xüsusi hərbi dəstəsi (qorçilər) daxil olduqda üstünlük rumlu və təkəli əmirlərinin tərəfinə keçdi. Ustaclı qoşunu qaçmağa üz qoydu və Əbhərdən keçərək Taroma – Rəşt hakimi Müzəffər Sultanın mülklərinə gəldi278. Həmin vaxtda mərhum Qara xanın oğlu Abdulla xan Ustaclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə rumlu və təkəli tayfalarına qarşı çıxdı və Xərzavil adlı yerdə onların arasında döyüş baş verdi279. Gilanlıların köməyinə baxmayaraq, ustaclı dəstələri yenidən ağır məğlubiyyətə uğradılar və Qəzvində onların başlarından “minarə ucaldıldı”280.

Sonrakı hicri 933-cü (1526-1527) ildə Köpək Sultan öz qoşunlarını Xalxaldan keçərək, Rəştdən Ərdəbilə gətirərək yerli hakim Badəncan bəy Rumlunu məğlub etdi və öldürdü. Sonra o, Çuxursəədə, rumlu tayfasının köçdüyü yeni yerə hərəkət etdi. Bundan xəbər tutan Div Sultan, Çuxa Sultan və Məhəmməd xan Zülqədər oğlu səkkiz min nəfərlik qorçilər dəstəsi ilə Qərbi Azərbaycana yollandılar. Tərəflərin üz-üzə gəldiyi Naxçıvanda Araz çayı yaxınlığında, hicri 933-cü il ramazanın 29-da (1527-ci il iyunun 30-da) onların arasında həlledici döyüş baş verdi. Ustaclı qoşunu darmadağın edildi, Köpək Sultan isə öldürüldü281.

Qızılbaş tayfaları arasında gedən ara müharibələri nəticəsində mərkəzi hakimiyyət əslində fəaliyyətdən qalaraq iflic vəziyyətinə düşdü. Ölkədə özbaşınalıq hökm sürürdü. Məsələn, Xorasanın bir çox qızılbaş tayfaları vətəndaş müharibəsinə cəlb olundu. Hürşah məlumat verir ki, Xorasanda və Astrabadda torpaqlara (iqta) sahib olan əmirlərin çoxu öz tayfaları ilə (il-u-ulus) İraqa yola düşdülər. Məsələn, Nişapur hakimi Çərəkə Sultan, İsfərain hakimi Pirqulu Sultan, Astrabad hakimi Zeynal xan, Damğan və Bistam tiyuldarı Ələş Sultan öz vilayətlərini tərk edərək Rey və Xarda məskunlaşdılar. Özbək əmirləri budan dərhal istifadə etdilər. Hicri 933-cü ilin əvvəlində (1526-cı ilin sonu) onlar Xorasana soxuldular, maneəsiz olaraq onu ələ keçirərək qarət etdilər və viran qoydular282.

Üçüncü rəqibdən yaxalarını qurtaran Div Sultan Rumlu və Çuxa Sultan Təkəli özləri bir-birilə vəkillik (vəkalət-i əmir əl-ümərai) vəzifəsi uğrunda toqquşmağa başladılar. Hicri 933-cü (1527-ci il iyul) ilin əvvəlində Div Sultan Çuxa Sultanın təhriki ilə öldürüldü. Şərəfxan Bidlisinin məlumatlarına görə, Çuxa Sultan gənc şahı inandıra bilmişdi ki, Div Sultan tayfalararası ədavətin və toqquşmaların səbəbkarıdır və o, divana daxil olanda şah, Div Sultanı oxla vurmuş, sonra isə şahın xidmətçiləri onu qətlə yetirmişdilər283. Bununla da rumlu əyanlarının hakimiyyət dövrü sona çatdı.

Dövlət işlərinə rəhbərlik təkbaşına vəkil olmuş Çuxa Sultanın şəxsində təkəli əyanlarının əlinə keçdi. O, elə hakimiyyət sahibi olmuşdu ki, I Təhmasibə “yalnız şahın adı qalmışdı”. O, “vilayətlərin çoxunu təkəli tayfasından olan qohumlarının arasında bölüşdürmüş və (onlardan) hər birini xan rütbəsinə, sultan dərəcəsinə yüksəltmişdi”284. Lakin tezliklə Çuxa Sultanın və təkəli tayfasının nüfuzu son dərəcə azaldı. Bu, hicri 935-ci (1529) ildə, Zirabad yaxınlığında özbəklərlə vuruşmadan sonra baş verdi. Burada təkəli əmirləri döyüş meydanından qaçdıqlarına görə Səfəvi qoşunu az qala məğlubiyyətə uğrayacaqdı285.

Bu zaman özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq nümayiş etdirmiş şamlı tayfasının başçısı Hüseyn xan əvvəlki mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq çəkən Heratın286 hakimi vəzifəsini tutmuşdu. Qızılbaş qoşunu Xorasanı tərk edən kimi, Übeydulla xan yenidən bura hücum etdi və Hüseyn xanın azsaylı qızılbaş dəstəsi ilə qoruduğu Heratı mühasirəyə aldı. Çuxa Sultan qızılbaş qoşununu Heratda mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı. Çuxa Sultanın, onun özbəklərin əlinə düşməsini istədiyini yaxşı başa düşən Hüseyn xan Übeydulla xanla danışıqlara başladı. Ona maneəsiz olaraq öz dəstəsi ilə şəhəri tərk etməyə və Sistandan keçərək Şiraza geri çəkilməyə icazə verildi287. Hicr 937-ci il zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam Mirzə ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi288. Çuxa Sultan özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan xəbər tutdu. O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə Çuxa Sultanın alaçığına yollandı. Çuxa Sultan sığınacaq tapmaq ümidi ilə divanxanaya qaçdı. İş o yerə çatdı ki, vuruşma şah otağında davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki ox şahın tacına dəydi. Həmin gecə şahı mühafizə edən, zülqədər tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və onlardan biri Çuxa Sultanı ölümcül yaraladı.

Çuxa Sultanın ölümündən sonra təkəli əmirləri vəkil vəzifəsinə onun böyük oğlu Şah Qubadın namizədliyini irəli sürdülər. Təkəli əmirlərinin öz hökmranlığını qoruyub saxlamaq üçün etdikləri bu cəhd təkəli feodallarının zülmünə çox dözmüş digər qızılbaş tayfaları – ustaclı, rumlu, zülqədər və əfşar əmirləri tərəfindən narazılıqla qarşılandı. Həmədandan bir qədər aralıda tərəflər arasında toqquşma baş verdi. I Şah Təhmasibin əmri ilə təkəli tayfası tamamilə məhv edilmək təhlükəsi qarşısında qaldı. Tayfadan bir çoxları qırıldı, sağ qalanlar isə onların öz tayfalarından olan Məhəmməd xan Şərəfəddin oğlunun idarə etdiyi Bağdada qaçdılar. Sonuncu, özünün şaha olan xeyirxah münasibətini bildirmək əlaməti kimi onlardan bəzilərini edam etdirdi və başlarını saraya göndərdi289.

Hicri 937-ci (1530-1531) ildə təkəlilər Azərbaycanın cənub hissəsinin hakimi (əmir əl-üməra) Üləma bəy Təkəlinin şəxsində vəkil vəzifəsini tutmaq üçün daha bir uğursuz cəhd etdilər290. Müqavimətə rast gələn Üləma şaha qarşı üsyan etdi, Təbrizi çapıb taladı və tayfasının bir hissəsi ilə Türkiyəyə getdi. Sonralar, Üləma bəy Sultan Süleymanın Azərbaycana yürüşlərində iştirak etmişdir.

Təkəli əyanlarınıın hökmranlıq müddəti (1527-1531) şamlı feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa Sultanın ölümündən sonra Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu, vəkil və əmir əl-üməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq “ən yaxşı vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb” şaha dövlət işlərinə qarışmaq imkanı vermədi291.

Hüseyn xan hicri 940-cı (1533-1534) ilədək dövlət işlərini idarə etmiş, elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək edam olunmuşdu. Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I Şah Təhmasibi zəhərləmək məqsədilə sui-qəsd hazırlanmaqda təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi) olduğu qardaşı Sam Mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam Mirzənin xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı292. Hüseyn xandan məmləkətə soxulmuş türklərlə əməkdaşlıq etməkdə, düşmənin tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər. Həsən bəy Rumlunun göstərdiyi kimi, Hüseyn xanın hazırlanmaqda olan xəyanəti barədə şaha xəbər veriləndə Hüseyn xan onun əmrilə saraya çağırılmış və “parça-parça doğranmışdı”293.

Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il müddətində – 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmış digər tayfa əyanlarının narazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibin özü artıq böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi. Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.

1.Bu əlyazmaların saxlandığı yerlər üçün baxın: Ч.А.Стори. Персидская литература. Био-библиографический обзор. Перевел с англ., перераб. и доп. Ю.Э.Брегель, ч. I, II, III. М., 1972.
2.И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Л., 1949, стр.19.
3.Каталог восточных рукописей Академии наук Таджикской ССР, т. I, Душанбе, 1960, стр. 141-144.
4.M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №301.
5.А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”. “Проблемы востоковедения”, 1960, №4, стр. 112-121.
6.Tarix-i Həbib əs-siyər fi əxbar əfrad-i bəşər, təlif-i Qiyasəddin b. Hümməddin əl-Hüseyni əl-mədov ben Xondəmir, с. IV, Tehran, 1333, səh.434. (Hədsiz mərhəmət mənbəyi olan “Fütuhat-i şahi”də yazılmışdır ki…)
7.Tarix-i aləm aray-i Abbasi, təlif-i İskəndər bəy Turkman, с. I, Tehran, 1334, səh. 14, 18, 20.
8.Xülasət ət-təvarix. Tehranda Mehdi Bəyaninin kitabxanasındakı əlyazma, vər. 3a.
9.Ghulam Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939, pp.3-6.
10.Həbib əs-siyər, с. IV, səh.326-328; А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр. 113-116. Xondəmir, Əmininin doğulduğu tarixi göstərmir. Əmininin özünün Xorasanı hicri 927-ci ildə, həyatının 45-ci ilində tərk etməsi barədə məlumatı əsasında A.M.Mirzoyev müəyyənləşdirir ki, müəllif hicri 882-ci (1477-1478) ildə anadan olmuşdur.
11.Birinci cilddə, girişdə Əmini göstərir ki, o hər cilddə Şah İsmayılın həyatının 12 ilini bəyan etmək fikrindədir. Biz yuxarıda qeyd etdik ki, “Fütuhat-i şahi”nin bizə qədər gəlib çatmış yalnız iki cildinin hər biri I Şah İsmayılın həyatının 12 ilini, yəni üst-üstə 24 ilini əhatə edir (1487-1514). İbrahim Əmini belə olan halda şahın ömrünün sonuncu 12 ilini (1513-1524) təsvir etməli olan üçüncü cildi də yaza bilmişdirmi? Bu hələlik naməlum qalır. Bax: А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр. 117-118.
12.А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр.121.
13.Müəllif və onun İranda mövcud olan əsərlərinin nüsxələri barədə bəzi əlavə məlumatlar haqqında bаx: Ч.А.Стори. Персидская литература, ч. II, стр.850-852; ч. III, стр. 1467.
14.D.Ross. The Early Years of Shah Ismail, Founder of the Safawy Dinasty, JRAS, 1896, vol. 29, pp.249-340.
15.C.Rieu. Supplement to the Catalogue of the Persian Manuscripts in the British Museum. London, 1895, p.34, or. 3248.
16.A discriptive Catalogue of the Oriental MSS belonging to the late E.G.Browne. By E.G.Browne. Completed and edited… by R.A.Nicholson. Cambridge, 1932, p.147, add. 200.
17.Bu nüsxənin mikrofilmləri ingilis tarixçi-şərqşünası prof. Bemar Lüis tərəfindən lütfkarlıqla bizə göndərilmişdir (bundan sonra – Anonim tarix)
18.London nüsxəsi, vər. 277a, D.Ross (səh.250) bunu interpolyasiya (mətnə sonradan əlavə) hesab edirdi.
19.D.Ross, pp.249-250. Mir Mahmudun əsəri Xorasanda baş verən hadisələrə üstünlük verməklə I Şah İsmayılın və I Təhmasibin hicri 957-ci (1550) ilədək hakimiyyətləri xronikasını verir. Bax: Ч.А.Стори. Персидская литература, ч. II, стр.854-855.
20.G.Sarwar, р.ТО.
21.C.Rieu, p.34.
22.D.Ross, рр.251-252.
23.G.Sarwar, рр.9-10.
24.“XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması” kitabı yazıldığı vaxt bu əsərin mikrofilmləri əlimizdə yox idi.
25.Anonim tarix, vər. 2b-23b.
26.Yenə orada, vər. 53b.
27.Yenə orada, vər. 20b-50a.
28.Yenə orada, vər. 62a-64a.
29.Yenə orada, vər. 77b-78b.
30.Yenə orada, vər. ll9a, 152b-154b.
31.Bibliya çarı Solomon.
32.Saray münəccimlərinin nöqteyi-nəzərincə ulduzların üfüqdə “xoşbəxtlik” üzrə yerləşməsi nəzərdə tutulur.
33.Anonim tarix, vər. 73a, 89a, 113a, b, 119a, 221a və s.
34.Вax: Anonimdə vər. 94b-95a., Əminidə 99a və s.
35.Rəy Rusiya Arxeologiya Cəmiyyətinin Qərb-Şərq bölməsinin əsərlərində dərc olunmuşdur, с. VI, СПб, 1892, səh.377-383.
36.Die Denkwurdigkeiten des Shah Tahmasp I von Persien, Von P.Hom, ZDMG, Bd. 4, 1890.
37.M.Y.Saltıkov-Şedrin adına DKK-nın bizim də istifadə etdiyimiz əlyazması, B.Domun kataloqu, №302, tarixi hicri 1010-cu (1601-1602) ildir.
38.V.Jukovski, səh.382.
39.И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв., стр.26-27.
40.К.Г.Табатадзе. Тбилисская рукопись “Тезкире” шаха Тахмасиба I, Воет. сб. I, Тбилиси, 1960, стр. 169-182.
41.M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №302, vər. 22b.
42.Yenə orada, vər. 22b.
43.Yenə orada, vər. 30a.
44.Yenə orada, vər. 52a.
45.Yenə orada, vər. 71a.
46.Həmin əsərin bu, həm də aşkar edilmiş digər nüsxələri, əsər müəllifinin tərcümeyi-halı ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı əsərləri nəzərdən keçirməyi məsləhət bilərdik: О.А.Эфендиев. О малоизвестном источнике XVI в. по истории Сефевидов. “Изв. АН Азерб. ССР, серия обществ. наук”, 1964, №2, стр.61-68; Əbülfəz Rəhimov. Əbdi bəy Şirazi. Bakı, 1970; Ч.А.Стори. Персидская литература, ч. I, стр.404-406, ч. Ill, стр.1400.
47.Tarix-i elçi-i Nizamşah. Britaniya muzeyinin əlyazması, vər. 58b, 59a; C.Rieu. The Catalogue of the Persian Manuscripts of the British Museum, London, 1879, vol.l, p.110a.
48.Yenə orada, vər. 59a.
49.Yenə orada, vər. 43b, 44a.
50.Əsərin əlyazma nüsxələri haqqında bax: Ч.А.Стори. Персидская литература, ч. I, стр.406-407.
51.C.Schefer. Chrestomatie Persane, t. II, Paris, 1885.
52.B.Dornun kataloqunda əlyazmasının №-si 288-dir.
53.И.П.Петрушевский. Иранские источники по истории Азербайджана XVI-XVIII вв. ССИА, вып. I, Баку, 1949, стр.303.
54.П.И.Петров. Об одном редком источнике по истории Сефевидов. “Сов. востоковед”, 1956, №1, стр. 111.
55.Cəvahir əl-əxbar, vər. 315a.
56.Beləliklə, о (930-14=916), təxminən hicri 916-cı (1510-151 l) ildə doğulmuşdur.
57.Cəvahir əl-əxbar, vər. 315a-316a.
58.Yenə orada, vər. 284 b.
59.Yenə orada, vər. 296a-297a.
60.İndiyə kimi belə hesab edilirdi ki, Həsən bəy Rumlunun əsəri 12 cilddən ibarətdir, bizə qədər gəlib çatan ikisi isə 11 və 12-ci cildlərdir. Lakin “Əhsən ət-təvarix”ə xüsusi tədqiqat həsr etmiş Ş.F.Fərzəliyev sübut edir ki, əsər on cilddən ibarətdir və deməli, bizə gəlib çatanlar 9 və 10-cu cildlərdir. Bax: Ш.Ф.Фарзалиев. Относительно томов “Ахсан ат-таварих” Хасан-бека Румлу. “Уч. зап. АГУ им. С.М.Кирова, серия востоковед”, 1972, №1.
61.A Chronicle of the Early Safawis Being the Ahsan ut-tawarikh of Hasan-i Rumlu, vol. I-II, Persian text and Engl, transl. by C.N.Seddon. Baroda, 1931-1934.
62.Əhsən ət-təvarix, səh.496-505.
63.Yenə orada, səh.455-457.
64.W.Hinz. Eine neuendeckte Quelle zur Geschichte Irans im 16 Jahr hundert, ZDMG, Neue Folge, Bd. IV (Bd. 89), Ht. 3/4, Leipzig, 1935, s. 315-328.
65.Bu əsər hələ aşkar edilməmişdir.
66.Кази Ахмед. Трактат о каллиграфах и художниках. Введ., перев. и коммент. проф. Б.Н.Заходера. М.-Л., 1947.
67.Xülasət ət-təvarix, vər. 3a. Mehdi Bəyaninin kitabxanasında saxlanan əlyazmasının fotosurətlərini alman iranşünası Valter Hints lütfkarlıqla bizə təqdim etmişdir. Nüsxə 536 vərəqdən (1072 səhifə) ibarətdir. Burada olan kolofona görə, hicri 1050-ci (1640) ildə Əbu Əli əd-Damğani üzünü köçürmüşdür. Nömrələmə heç də hər yerdə aydın deyildir. Biz daha sonrakı redaksiyanı əks etdirən Berlin əlyazmasından da istifadə etmişik. Sonuncunun mikrofilmlərini lütfkarlıqla istifadəmizə vermiş O.F.Akimuşkinə dərin minnətdarlığımızı bildiririk. Əsərin digər nüsxələri haqqında bax: Ч.Стори. Персидская литература, ч. II, стр.864; ч. III, стр.1469 (bundan sonra: Tehran nüsxəsi – T. Berlin-В.).
68.Xülasət ət-təvarix (T), vər. 5a.
69.Erika Glassen. Die fruhen Safawiden nach Gazi Ahmad Qumi. Freiburg im Breisgau, 1970.
70.Die Chronik Hulasat at-tawarih des Qazi Ahmad Qumi (Der Abschnitt über Shah Abbas I). Herausg. und übers. von Hans Müller, Wiesbaden, 1964.
71.Əsərin tarixşünaslıq təhlili üçün bax: O.Ə.Əfəndiyev, Ş.K.Əsgərova. Qazi Əhməd Qumi və onun “Xülasət-ət-təvarix” əsəri haqqında. Azərb. SSR EA-nın xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1976, №3.
72.Nəqavət əl-asar fi-zikr əl-əxyar, təlif-i Mahmud b. Hidayətullah Afuşte-i Nətənzi, beehtemam-i doktor Ehsan Əşraqi. Tehran, 1350.
73.Nəqavət əl-asar, səh.22-24.
74.Ч.Стори. Персидская литература, ч. II, стр.865-867.
75.Scheref-nameh ou Histoire des Kourdes par Scheref, prince de Bidlis publiee… par V.Veliaminof-Zemof. Texte persan, t. I-II, St. Pbg. 1860-1862 (bundan sonra – “Şərəfnamə”). Hər iki cildin rusca tərcüməsi çapdan çıxmışdır. Шараф-хан ибн-Шамсаддин Бидлиси. Шараф-наме. Перевод, предисл., прим., прил. Е.И.Васильевой, т. I, M., 1967; т. II, M., 1976.
76.Шараф-наме, т. II (предисл. Е.И.Васильевой), стр.22.
77.Yenə orada, səh.231-232.
78.Şərəfnamə, с. II, səh.246.
79.Müəllif və onun əsəri haqqında ətraflı məlumat üçün bax: А.А.Рахмани. “Тарих-и азем арай-и Аббаси” как источник по истории Азербайджана. Баку, 1960.
80.Tarix-i aləm aray-i Abbasi, с. I, səh. 188-191.
81.Travels of Venetians in Persia (A Narrative of Italian Travels in Persia in the XV and XVI centuries). Hakluyt Society, vol. 49, London., 1873, pp.221 -229 (bundan sonra – Venesiyalılann səyahətləri).
82.Venesiyalıların səyahətləri, səh.218.
83.Yenə orada, səh.219.
84.Yenə orada, səh.226.
85.Minadoi da Ravigo. Historia della Guerra fra lurch! et Persiani, Venezia, 1588.
86.John R. Walsh. Giovanni Tommaso Minadoi's History of the Turco – Persian Wars of the Reign of Murad III. Труды XXV Международного конгресса востоковедов, т. II, М., 1963, стр.448-454.
87.Nəşrlər və tərcümələr haqqında bax: J.R.Walch, pp.451-452.
88.Burada və sonra qeydlər Abraham Hartvellin ingilis nəşri üzrə verilir: The History of the Warres betweene the Turks and the Persians transl. into Engl, by Abraham Hartwell. London, 1595, pp.38-81 (bundan sonra – Minadoi).
89.Əsərin məzmunu və mənbəşünaslıq dəyəri üçün bax: О.А.Əфендиев. Минадои и его “История войн между турками и персами”. Изв. АН Азерб. ССР, (серия истории, философии и права), 1967, №1, стр.59-66.
90.J.R.Walsh, р.453.
91.Bu barədə aşağıda danışılacaqdır.
92.Biz əsərin Q. Le-Strencin ingiliscə nəşrindən istifadə etmişik. Don Juan of Persia a Shi'ah Catholic, 1560-1604, transl. and ed edit. With introduction by G. Le Strange, London 1926 (bundan sonra – Oruc bəy.)
93.Oruc bəy, səh.191-193, 198-199, 203-205.
94.Yenə orada, səh.223.
95.Yenə orada, səh.45-46.
96.Oruc bəyin tərcümeyi-halı, onun səyahətləri və əsərinin təhlili barədə ətraflı məlumat üçün bax: О.А.Эфендиев. Дон Хуан Персидский или Орудж-бек Баят. Изв. АН Азерб. ССР (серия истории, философии и права), 1966, №2, стр.62-70. Oruc bəyin əsəri son illərdə rus dilində nəşr edilmişdir: Книга Орудж бека Байата – Дон Жуана Персидского. Пер. с англ., введение, комментарии и указатели Октая Эфендиева и Акифа Фарзалиева, Баку, 1988.
97.Early Voyages and Travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen. Edit, by Delmar Morgan and C.H.Coote, vol. I-II. London, 1886; Английские путешественники в Московском государстве в XVI в. Перев. с англ. Ю.В.Готье, Л., 1937; Путешествия венецианцев; G.B.Vechietti. A. Report on the conditions of Persia in the year 1586 (in Italian) published by H.F.Brown. English Historical Review, 1892.
98.Аракел Даврижеци. Книга историй. Пер. с арм. предисл. и коммент. Л.А.Ханларян. М., 1973, стр.464-475.
99.Histoire de la Georgie, trad, par M.Brosset, II partie, I livrasion. SPb., 1856; Materiaux pour servir a l’histoire de la Georgie, par M.Brosset Mdmoires de l’Academie Imperiale des Sciences, VI serie. Sciences polit. etc., t. V, SPb., 1841.
100.Персидские документы Матенадарана. Указы, т. I, вып.I (XV-XVI вв.). Сост. А.Д.Папазян. Ереван, 1956; т. I, вып. II (1601-1650), Ереван, 1959; Персидские исторические документы в книгохранилищах Грузии, кн. 1, вып. 1, изд. В.С.Путуридзе. Тбилиси, 1961; кн. 1, вып. 2, Тбилиси, 1962; T.M.Musovi. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965; yenə onun: Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967; yenə onun: Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, 1977.
101.V.Minorsky. A Soyurghal of Qasim b. Jahangir Aq-Qoyunlu (903/1498). BSOS, vol. IX, p.4, London, 1939; Zwei Erlasse Shah Tahmasps I. Von Heribert Horst. ZDMG. Bd. 110, Ht. 2, 1961; H.Horst. Ein Immunitatsdiplom Schah Muhammad Hudabandas vom Jahr 989/1581. ZDMG. Bd. 105, Ht. 2, 1955; J.Aubin. Archives persanes commentees-2. Note preliminaire sur les archives du Tchima-rud. Teheran, 1955; H.Busse. Untersuchungen zum islamischen Kanzleiwesen (An Hand turkmenischer und safawidischer Urkunden). Kairo, 1959; B.G.Martin. Seven Safavid Documents from Azerbaijan. Documents from islamic Chanceries. First series. London, 1965.
102.Şah İsmayıl Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1347; Şah Təhmasib Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1350.
103.И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв.
104.Б.Н.Заходер. История восточного средневековья. Халифат и Ближний Восток. М., 1944; Н.Фильрозе. К вопросу о формах земельной собственности в государстве Сефевидов. Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951.
105.А.А.Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв., Баку, 1956; И.П.Петрушевский. Земледелие и аграрные отношения в Иране в XIII-XIV веках. M.-JL, 1960.
106.К.З.Ашрафян. Падение державы Сефевидов (1502-1722). Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951; С.Б.Ашурбейли. Очерк истории средневекового Баку. Бжу, 1964; А.П.Новосельцев. Города Азербайджана и восточной Армении в XVII-XVIII вв. “История СССР”, 1959, №1; М.Х.Гейдаров. Ремесленное производство в городах Азербайджана в XVII в., Баку, 1967; К.К.Куция. Из истории социальных движений в городах Сефевидского государства (движение нуктавиев). “Народы Азии и Африки”, 1966, №2.
107.“Təzkirət əl-mülük” nəşrinə V.F.Minorskinin yazdığı giriş və geniş şərhlər nəzərdə tutulur: Tadhkirat al-muluk. A Manual of Safavid Administration. Transl. and exp. by V.Minorsky, G.M., vol. XVI, London, 1943.
108.A.Lambton. Landlord and Peasant in Persia. London, 1953.
109.Tağı Bəhrami. Tarix-i keşaverzi-i İran, Tehran, 1330.
110.И.П.Петрушевский. Государства Азербайджана в XV в., ССИА, вып. 1, Баку, 1949; yenə onun: Азербайджан в XVI-XVII вв., ССИА, вып. 1; yenə onun: Восстание ремесленников и городской бедноты в Тебризе в 1571-1573 гг., ССИА, вып. I; yenə onun: Ислам в Иране в VII-XV вв., ЛГУ, 1966.
111.Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в. Крат, сообщ. ИВАН СССР, т. IV, 1952; yenə onun: Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв., Памяти акад. И.Ю.Крачковского. ЛГУ, 1958.
112.Ə.N.Quliyev. Azərbaycan XVI əsrdə. “Azərbaycan tarixi”, с. I, VIII fəsil. Bakı, 1958; Ə.N.Quliyev. Azərbaycan-Rusiya münasibətləri tarixindən. Bakı, 1958.
113.C.İbrahimov. Səfəvilərin Ərdəbil hakimiyyəti tarixinə dair. Bakı, 1958.
114.Э.М.Шахмалиев. К вопросу о дипломатических отношениях первых Сефевидов с западными странами. Тр. АГУ, сер. истор., вып. 1. Баку, 1950; yenə onun: Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI в. “Уч. зап. АГУ”, 1955, №7; И.П.Петров. Данные источников о составе воинских контингентов шаха Исмаила I. “Народы Азии и Африки”, 1964, №3; А.П.Новосельцев. Русско-иранские политические отношения во второй половине XVI в., Международные связи России до XVII в. М., 1962; А.Н.Гусейнов. Азербайджанско-русские отношения в XV-XVII вв. Баку, 1963; B.Əhmədov. 1579-1581 -ci illər ekspedisiyası və İngiltərə-Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri. ADU-nun elmi əsərləri, tarix və fəlsəfə seriyası, 1967, №3.
115.Е.А.Пахомов. Монетные находки Азерб.ССР в 1924 г.: “Изв. Азерб. археолог, ком-та”, вып. 1. Баку, 1925; yenə onun: Чайкендский клад 1935 г. Баку, 1941; Ə.Ələsgərzadə. Ağbil türbələrinin kitabələri. “Azərb. SSR EA məruzələri”, №10; M.X.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair. Bakı, 1959; Rahnema-i asar-i tarix-i Azərbaycan-i şərqi, gərdavərənde İsmayıl Dibac, Təbriz, 1334; А.В.Рагимов. О Бакинском кладе XV-XVI вв., “ДАН Азерб.ССР”, т. V, 1949, №1; yenə onun: Бакинский клад (находка 1948 г.). Материальная культура Азербайджана, вып. III. Баку, 1953; А.М.Раджабли. Атеркский клад. “ДАН Азерб. ССР”, т. XVII, 1961, №6 və Ь.
116.G.Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939.
117.W.Hinz. Schah Esmail II. Berlin, 1933; H.R.Roemer. Der Niedergang Irans nach dem Tode Ismail’s des Grausamen, 1577-1581. Wurzburg- Aumuhle, 1939.
118.V.Minorsky. The Supporters of the Lords of the Ardabil “Tadhkirat al-muluk” kitabında; Shaykh Bali-efendi on Safavids. BSOAS, vol. XX, London, 1957.
119.J.Aubin. Etudes Safavides. I Shah Ismail et les notables de l’lraq persan. “Journal of Economic and Social History of the Orient”, Leiden, 1959, vol. 2, p.l; R.M.Savory. The Principal Offices of the Safawid State during the Reign of Ismail I. BSOAS, vol. XXIII, p.l, 1960; The principal Offices of the Safawid State during the Reign of Tahmasip I. BSOAS, vol. XXIV, p.l, 1961; Some Notes on the Provincial Administration of the Early Safawid Empire. BSOAS, vol. XXVII, p.l, 1964; The Consolidation of Safavid Power in Persia. Der Islam. Bd. 41, Berlin, 1965; Klaus-Michael Rohrbom. Provinzen und Zentralgewalt Persiens im 16 ind 17 Jahrhundert. Berlin, 1966.
120.F.Sümer. Safevi Devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1976; Azerbaycanın türkleşmesi tarihine ümumi bir bakiş. Türk Tarih Kurumu. Belleten, cilt XXI, sayi 83, Ankara, 1957; B.Kütükoğlu. Osmanlı-İran siyasi münasebetleri. I. 1578-1590, İstanbul, 1962.
121.Əhməd Kəsrəvi Təbrizi. Şeyx Səfi və təbareş. Tehran, 1324; Nəsrulla Fəlsəfi. Cəng-i Çaldıran. Məcəlle-i daneşkədə-i ədəbiyyat, şumare-i 2, sal-i əvvəl, Tehran, 1332; yenə onun: Zindəgani-i Şah Abbas-i əvvəl, cild-i əvvəl. Müqəddəmat-i səltənət-i u əz vəladət ta padşahi. Tehran, 1334 (bundan sonra – N.Fəlsəfi, с.1).
122.Əhməd Tacbəxş. İran dər zaman-i Səfəviyyə Təbriz, 1340; Rəhimzade-i Səfəvi. Şərh-i cəngha və tarix-i zindəgani-i Şah İsmail-i Səfəvi. Tehran, 1341; Nizaməddin Mücir Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə. Ehya-i vəhdət-i milli. Tehran, 1346.
123.Bastani Parizi. Siyasət və iqtisad-i əsr-i Səfəvi. Tehran, 1348.
124.В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира. Соч., т. И, ч. I, М., 1963, стр.748; yenə onun: Халиф и Султан. Соч., т. VI, М., 1966, стр.54; А.Е.Крымский. История Персии, ее литературы и дервишской теософии, т. III. М., 1914-1917, стр.148.
125.История Азербайджана (краткий очерк). Изд-во Аз. ФАН. Баку, 1941.
126.История Азербайджана. Баку, 1946.
127.İ.A.Hüseynov. İsmayıl Səfəvi. Bakı, 1943.
128.Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в., стр.16.
129.Б.Н.Заходер. Государство Сефевидов в кн.: “Всемирная история”, т. IV (гл. XXII). М„ 1959, стр.558.
130.История СССР, т. II. М., 1966, стр.542.
131.N.Fəlsəfi, с. I, səh.“he”, “ze”, “ye”.
132.Yenə orada, səh. 169.
133.F.Sümerin bu əsərinin ətraflı təhlili aşağıdakı rəydə verilmişdir: О.А.Эфендиев. Новый труд по истории Сефевидского государства. Изв. АН Азерб. ССР, “Серия истории, философии и права”, 1979, №4, стр.133-138.
134.В.В.Бартольд. Сочинения, т. II, ч. 1, М., 1963, стр.748.
135.В.В.Пигулевская, А.Д.Якубовский, И.П.Петрушевский, Л,В,Строева, А.М.Беленицкий. История Ирана с древнейших времен до конца XVIII века. Л., 1958, стр.252; И.П.Петрушевский. Государства Азербайджана в XV в., стр.205.
136.Ə.Kəsrəvi. Şeyx Səfi, səh.35-37.
137.Rəhimzade-i Səfəvi. Şərh-i cəngha, səh.26.
138.N.Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə, səh.46-48.
139.Məhəmməd Cavad Məşkur. Nəzəri be tarix-i Azərbaycan. Tehran, 1349, səh.242-243 (bundan sonra – M.Məşkur).
140.M.Məşkur, səh.253.
141.Z.V.Togan. Sur l’origine des Safavides. Melanges L. Massignon, vol. III, Damas, 1957.
142.Yenə orada, səh.352.
143.Yenə orada, səh.353.
144.Yenə orada, səh.356.
145.Bu barədə Azərbaycan ədəbiyyatşünası M.Abbaslı özünün “Səfəvilərin mənşəyi məsələsinə dair” məqaləsində yazmışdır: Azərb. SSR EA Xəbərləri (ədəbiyyat, dil və incəsənət), 1973, №2, səh.40.
146.Biz “Səfvət əs-səfa”nın çox gözəl əlyazmasına istinad edirik. M.Y.Saltıkov-Şedrin adına DKK (B.Dornun kataloqu, №300, vər. 30a, b, 37b, fotosurətlərdəki nömrələmə aydın deyildir).
147.Yenə orada, vər. 357.
148.Yenə orada, vər. 348.
149.Z.V.Toqan belə hesab edir ki, “Səfvət əs-səfa”nın azərbaycanca tərcüməsində (hicri 942-ci (1542) il) Şeyx Səfiəddinin özünün əsəri kimi qələmə verilən türkcə şeirlərdən və zərb-məsəllərdən bəziləri doğrudan da ona məxsus ola bilər. O razılaşır ki, Şeyx Səfi dövründə Ərdəbil əhalisi türklərdən ibarət idi. “Ərdəbil sakinlərinin əksəriyyəti və xüsusilə də Qızıl Ordaya və Krım vilayətinə səfər etmiş Şeyx Səfi şagirdləri, həqiqətən, türkcə danışırdılar” (Z.V.Togan, p.356).
150.Persia in A.D. (1478-1490). An abridged translation of Fadlullah b. Ruzbihan Khunjis Tarikh-i Alam Ara-yi Amini, by V.Minorsky. London, 1957, pp.62-63 (bundan sonra – Tarix-i Əmini).
151.Anonim tarix, vər. l6b-17a.
152.Şeyx Hüseyn pesər-i Şeyx Abdal Pirzade-i Zahidi. Silsilat ən-nəsəb-i Səfəviyyə. Əz intişarat-i İranşəhr. Berlin, 1343, səh.48.
153.Cüneyd Ərdəbildən getdikdən sonra şəhərdə hakimiyyəti əslində onun əmisi Şeyx Cəfər ələ keçirdi. Bəzi məlumatlara görə, o, cavan qardaşı oğlunun qəyyumu olmuş, digər məlumatlara görə isə təriqətin mənəvi rəhbəri (mürşidi) rütbəsinə sahib olmaq iddiasına düşmüşdü. J.Obenin ehtimalına görə Cüneydlə Cəfər arasında ixtilaf ona görə baş vermişdi ki, onlardan birincisi aşkar şiə idisə, sonuncu sünniliyə tərəfdar çıxırdı (J.Aubin. Etudes, Safavides, p.46). Ehtimal etmək olar ki, Cüneydin oğlu Heydər təqribən 1460-cı ildə Diyarbəkirdə doğulmuşdur. Kiçik yaşlarından dayısı Uzun Həsənin himayəsi altında böyümüş və tərbiyə almış, sonralar isə onun qızı (adı Aləmşah bəyim, həm də Martadır) ilə evlənmişdi. Heydər müridlərin əksəriyyəti tərəfindən “Səfəviyyə” təriqətinin şeyxi və mürşidi kimi tanınsa da, Ərdəbildə hələ də Cahanşahın müdafiə etdiyi Cəfər hakimlik edirdi. Uzun Həsənin düşərgəsində olan doqquz yaşlı Heydər onun Teymuri Əbu-Səidlə müharibəsinin (1468-1469) şahidi olmuşdu. Cahanşah vəfat etdikdən və Qaraqoyunlu dövlətinin süqutundan sonra, 1470-ci ilin əvvəlində Uzun Həsən Ərdəbilə gəlmiş və Şeyx Heydəri təntənəli surətdə təriqətin irsi başçısı vəzifəsinə təyin etmiş (W.Hinz. Irans Aufstieg zum Nationalstaat im fiınfzehnten Jahrhundert, Berlin, 1936, s.48-49, 72, 73), Şeyx Cəfəri onun qəyyumu kimi saxlamışdı. Beləliklə, Şeyx Cəfər 1449-cu ildən 1470-ci ilədək Ərdəbilin faktiki hakimi olmuşdu.
154.Tarix-i Əmini, səh.64.
155.Yenə orada, səh.71.
156.Вax: О.А.Эфендиев. Образование Азербайджанского государства Сефевидов в начале XVI в. Баку, 1961, стр.80-83.
157.Anonim tarix, vər. 25a-26b; D.Rossun nəşri, səh.258-259.
158.Anonim tarix, vər. 29 b.
159.Nə qədər ki Eybə Sultan Ərdəbildə idi, İsmayılın olduğu yeri hətta anası Aləmşah bəyimə belə bildirməmişdilər. Belə ki Eybə Sultan Aləmşah bəyimi incitmək və işgəncə vermək fikrinə düşsəydi də, ondan oğlu İsmayılın harada olması barədə bir söz öyrənə bilməzdi, çünki o özü bu barədə heç nə bilmirdi (Anonim tarix, vər. 30a).
160.Anonim tarix, vər. 30a.
161.Anonim tarix, vər. 30b; W.Hinz. Irans Aufstieg, s. 96-98; G.Sarwar, pp.30-31.
162.Sonralar Əmirə Nəcm Zərgər təxəllüsü ilə Səfəvilər dövlətində yüksək vəzifələrə irəli çəkildi.
163.Anonim tarix, vər. 31a-32a; W.Hinz. Irans Aufstieg, s. 98-99; G.Sarwar, p.41.
164.İsmayılın qardaşı İbrahim ögey qardaşı Süleymanla birlikdə bir neçə aydan sonra Ərdəbilə – anasının yanına qayıtmışdı. Qardaşlarının getməsi gənc İsmayılı çox kədərləndirmiş və uzun müddət onun xəstə yatmasına səbəb olmuşdu (Anonim tarix, vər. 30 b).
165.Anonim tarix, vər. 32 a. Lakin Qara Dədənin işə qarışması və 30 min təngə cərimə vermələri nəticəsində Rüstəm onların günahından keçmişdi.
166.Yenə orada, vər. 32 b.
167.Anonim tarix, vər. 45a; D.Rossun nəşri, səh.315.
168.Yenə orada, vər. 45b; D.Rossun nəşri, səh.317.
169.Yenə orada, vər. 49b; D.Rossun nəşri, səh,326.
170.Fütuhat-i şahi, vər. l8a.
171.П.И.Петров. Данные источников о составе воинских контингентов шаха Исмаила I. Bu məqalədə müəllif həmin dövrün əsas mənbələrindən – “Anonim tarixdən” və “Fütuhat-i şahi”dən istifadə etməmişdir. F.Sümer. Safevi devletinin kuruluşu ve gelişmesində Anadolu türklerinin rolu, s.12, 20.
172.Anonim tarix, vər. 52b.
173.“Təkmilət əl-əxbar”, vər. 243 a.
174.Anonim tarix, vər. 53b. “Təkmilət əl-əxbar”da 12 min qızılbaş göstərilir.
175.Anonim tarix, vər. 53b-54a; Fütuhat-i şahi, 26a-28b; İ.P.Petruşevski düzgün olaraq göstərir ki, İsmayıl Gilanı 1499-cu ilin yayında tərk etmişdir (Азербайджан в XVI-XVII вв„ стр.229-230; Ислам в Иране, стр.370), lakin İsmayılın Ərzincanda olması tarixini yenə də 1499-cu ilin sonu kimi göstərərkən səhvə yol verir, yəni hicri 905-ci ilin qışını İsmayıl Astara yaxınlığındakı Ərcüvanda keçirmiş və yalnız 1500-cü il yazın əvvəlində Qarabağ-Çuxursəəd-Doqquz Ulam-Sarıqaya yolu ilə hərəkət edərək, 1500-cü ilin yayında Ərzincana çatmışdır. Deməli, Ərzincanda heç bir xüsusi yubanmadan söhbət gedə bilməz. Çünki elə həmin 1500-cü ilin payızında İsmayıl geriyə – Azərbaycana hərəkət etmişdir (G.Sarwar, pp.34-35).
176.Fütuhat-i şahi, vər. 43a-43b.
177.Anonim tarix, vər. 56b-60a; Fütuhat-i şahi, vər. 34b-49b; Həbib əs-siyər, с. IV, səh.457-459.
178.“Şəhri nov” farsca “Yeni şəhər” deməkdir. Şəhərin yeri dəqiq məlum deyildir.
179.Anonim tarix, vər. 60a, b; Fütuhat-i şahi, vər. 50a-53b.
180.Həbib əs-siyər, с. IV, səh.461.
181.Anonim tarix, vər. 61b.
182.Fütuhat-i şahi, vər. 56a.
183.Nəzərə almaq lazımdır ki, İsmayılın yaşı bu vaxt 14-dən artıq deyildi və əslində bütün göstərişləri və sərəncamları qızılbaş əmirlərinin razılığı və məsləhəti ilə verirdi.
184.İ.P.Petruşevski belə hesab edir ki, Bakı bu zaman Qazi bəyin atası Fərrux Yəsarın ona verdiyi mülk payı idi (Азербайджан в XV1-XVII вв., стр.232).
185.Anonim tarix, vər. 62a.
186.Yenə orada. Həsən bəy Rumlu yalnız Qazi bəyin arvadını Bakı hakimi adlandırır, Qazi bəyin özünün Bakıda olması barədə söhbət açmır (Əhsən ət-təvarix, səh.46). Anonim tarixçinin “Qazi bəyin arvadı Şirvanşahın qızı idi” yazması da aydın deyil.
187.“Əhsən ət-təvarix”də darğa Əbülfəttah bəy adlanır.
188.Bürhan-i Qati, səh.256. “Qalanı almaq üçün onun ətrafında qazılan qum təpələrinə (qalaqlara) murçal deyirdilər”.
189.Anonim tarix, vər. 62a-63b; Fütuhat-i şahi, vər. 58b-59a; Əhsən ət-təvarix, səh.46; Həbib əs-siyər, с. IV, səh.460-461.
190.Həbib əs-siyər, səh.461; Anonim tarix, vər. 63b-64a; Həsən bəy Rumlu xəbər verir ki, şəhər əyanları “qan bahasının” hesabına İsmayıla 1000 tümən vermişdilər (Əhsən-ət-təvarix, səh.47).
191.Fütuhat-i şahi, vər. 61a, b.
192.Əhsən ət-təvarix, səh.47.
193.Anonim tarix, vər. 63b. 1946-cı ildə Bakının qala hissəsində – Şirvanşahlar sarayının ərazisində sərdabələrdə aparılan arxeoloji qazıntılar mənbələrin bu məlumatlarını təsdiq edir. Gözlənildiyi kimi, Şirvanşah I Xəlilüllahın məzarını tapmaq mümkün olmadı. Sərdabənin taxta döşəməsinin altındakı zirzəmidə içərisində insan cənazələri olan beş toxunulmamış qəbir tapılmışdır ki, bunlar da, güman edildiyi kimi, I Xəlilüllahın ailə üzvlərinə məxsusdur. Yazıları olan başdaşıları saxlanmamışdır. Ehtimal etmək olar ki, onlar məhv edilmişlər. Bax: Н.В.Минкевич-Мустафаева. Гробницы в усыпальнице ширваншахов. “ДАН Азерб. ССР”, 1947, т. III, №1, стр.42-43.
194.Anonim tarix, vər. 64b-65a; Əhsən ət-təvarix, səh.47; А.А.Рахмани. “Тарих-и алем арай-и Аббаси” как источник по истории Азербайджана, стр.34-35.
195.İbrahim Əmini xəbər verir ki, İsmayıl Mahmudabadda qışlayarkən qızılbaşları silah və ləvazimatla təchiz etmək üçün Şeyx Heydərin müridi Musa xəlifəni Təbrizə göndərmiş və oradan silah gətirtmişdi (Fütuhat-i şahi, vər. 55a).
196.Fütuhat-i şahi, vər. 62b-63a.
197.Bu ləqəb ona igidliyinə görə verilmişdi.
198.Anonim tarix, vər. 65b-67a; Fütuhat-i şahi, vər. 63a-67b. G.Sarwar p.37.
199.Həmin məktubların məzmunu anonim tarixdə verilir, vər. 67b-68a.
200.Başqa sözlə, nisbət şirvanşahlarla döyüşdə olduğu kimi idi: bir qızılbaş dörd düşmənə qarşı döyüşürdü ki, bu da çox şübhəlidir.
201.Anonim tarix, vər. 69a, b. G.Sarwar, p.38.
202.Anonim tarix, vər. 70a-72a, Fütuhat-i şahi, vər. 68a-74a. Həbib əs-siyər, səh.463-466.
203.Mənbələr İsmayılın Təbrizə daxil olması tarixini dəqiq göstərmirlər. Xondəmirin və İbrahim Əmininin göstərdikləri hicri 906-cı il tarixi səhv hesab edilməlidir. Anonimin tarixi hicri 907-ci il həqiqətə daha yaxındır, çünki İsmayıl hicri 907-ci ilin əvvəllərində (1501-ci ilin ortaları) baş vermiş Şərur döyüşündən dərhal sonra Təbrizə daxil olmuşdur. Salnaməçilər göstərirlər ki, İsmayıl hicri 907-ci ildə qışı (1501-ci ilin sonu 1502-ci ilin əvvəli) Təbrizdə keçirmişdir. Bunun əsasında təsdiq etmək olar ki, qızılbaşlar Təbrizi elə həmin 1501-ci ilin payızmda tutmuşlar (Anonim tarix, vər. 75a-76b; Təkmilət əl-əxbar, vər. 244a; Həbib əs-siyər, səh.467-468; G.Sarwar, pp. 38-39, bax: qeyd №18). 1501-ci ilin İsmayılın Təbrizdə taxta çıxması ili olmasını Şah İsmayılın özünün hicri 907-ci il 23 cüməda əs-səni (1502-ci il 5 yanvar) tarixli, Azərbaycanın cənub hissəsində Dizmar mahalına aid fərmanı ilə də təsdiq edilir (T.M.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər, səh. 188-189).
204.Anonim tarix, vər. 82a-83b.
205.Yenə orada, vər. 81b.
206.Anonim tarix, vər. 84a-87b; Fütuhat-i şahi, vər,90b-94b; Həbib əs-siyər, səh.470-472; G.Sarwar, p.44-45.
207.Həbib əs-siyər, səh.473; Əhsən ət-təvarix, səh.73.
208.G.Sarwar, pp. 45-50; R.Savory. The Consolidation, pp.71-74.
209.G.Sarwar, pp. 51-55; О.А.Эфендиев. Образование Азербайджанского государства Сефевидов в начале XVI в., стр.91-93; R.Savory, The Consolidation, рр.75-77.
210.И.П.Петрушевский. Азербайджан в XVI-XVII вв., стр.288.
211.V.Minorsky. The Poetry of Shah Isma’il, BSOAS, vol. X, p.4, 1942, p. 1025a.
212.Yenə orada, səh. 1026a-1027a; 15, 101, 168, 194, 204, 211, 237, 249 №-li şeirlər. V.A.Qordlevskidə “Şah İsmayılın qoşunlarının sıralarında vuruşmuş” qızılbaşların nəslindən olan Kiçik Asiyanın qızılbaş təriqətçilərinin təlimlərinin şərh olunması maraqlıdır: Избранные сочинения, т. 1, стр.252-253.
213.И.П.Петрушевский. Ислам в Иране, стр.276-277.
214.В.А.Гордлевский. Избр. соч., т. Ill, М., 1962, стр.400.
215.Venesiyalıların səyahətləri, səh. 115, 206.
216.О.А.Эфендиев. Образование…, стр.94.
217.В.А.Гордлевский. Избр. соч., т. I, М., 1960, стр.256.
218.Н.Д.Миклухо-Маклай. Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв., стр.224.
219.Anonim tarix, vər. 73a-74a. İstifadə olunmuş əlyazmanın 74a vərəqində həmin səhnəni əks etdirən miniatür vardır.
220.Anonim tarix, vər. 74b.
221.N.Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə, səh.4-5.
222.Yenə orada, səh.74.
223.Yenə orada, səh.90.
224.И.П.Петрушевский. Ислам в Иране, стр.351-352; Н.Д.Миклухо-Маклай. Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв., стр.221.
225.Anonim tarix, səh.74а.
226.Rəhimzade-i Səfəvi. Şərh-i cəngha, səh. 147.
227.F.Babinger. Marino Sanutos Tagebücher als Quelle zur Geschichte der Safawijja, Cambridge, 1922, s. 34-35.
228.И.П.Петрушевский. Ислам в Иране, стр.373-374; Н.Д.Миклухо- Маклай. Шиизм и его социальное лицо в Иране на рубеже XV-XV1 вв., стр.226-229.
229.Əhsən ət-təvarix, səh.60-61.
230.О.А.Эфендиев. Образование…, стр.112.
231.Anonim tarix, vər. 247a; G.Sarwar, p.79; N.Fəlsəfı. Cəngi Çaldıran, səh.97-98.
232.G.Sarwar, p.80; N.Fəlsəfı. Cəngi Çaldıran, səh.96-97.
233.Anonim tarix, vər. 248b-249b. Əlyazmanın 249a vərəqinin üstündə İsmayılın Malquçoğlu ilə təkbətək döyüşünü təsvir edən miniatür vardır.
234.Anonim tarix, vər. 251a, b.
235.Anonim tarix 252a; Əhsən ət-təvarix, səh. 149. Хусейн. Беда-и ул-векаи. Изд. текста введ. и общая редак. А.С.Тверитиновой. Аннотирован, оглавл. и указат. Ю.А.Петросяна ч. I, II, М., 1961, л. 438б-439а. Sultanəli Mirzə Əfşar tutulmuş və Sultan Səlimin hüzuruna gətirilmişdir. Şah İsmayılın döyüş meydanında mübarizəni davam etdirdiyini biləndə Səlim onun oxşarının edam olunmasını əmr etmişdi.
236.Anonim tarix, vər. 253a.
237.Şərəfnamə, с. II, səh. 158.
238.Çaldıran vuruşması haqqında bax: Anonim tarix, vər. 245b-253a; Həbib əs-siyər, səh.545-548; Хусейн Беда-и ул-векаи, л. 436а-439б; G.Sarwar, рр.78-82; N.Fəlsəfı. Cəngi Çaldıran, səh.98-106; R.Savory. The Consolidation, pp.87-90.
239.Anonim tarix, vər. 25 lb-252a.
240.Şərəfnamə, с. I (Giriş Y.İ.Vasilyevanındır), səh.50-51.
241.Anonim tarix, vər. 257a, b.
242.Yenə orada, vər. 259b-260b.
243.Anonim tarix, vər. 264b-267b; Хусейн Беда-и ул-векаи, ч. I, л. 449а-459а; Şərəfnamə, с. I, səh.417; Вах: həmçinin М.И.Шамси. Сочинение Шереф-хана Бидлиси “Шереф-наме” как источник по истории курдского народа. Автореф. канд. дисс., Баку, 1967, стр.8-11.
244.Çerkin Həsən Təkəli, Narın (yaxud Nazənin) bəy Qacar, Qazan bəy Rumlu, Həsən bəy Çota.
245.Anonim tarix, vər. 271a-277a; Əhsən ət-təvarix, səh.162-163.
246.Anonim tarix, vər. 277b; Əhsən ət-təvarix, səh.167.
247.VIII David (1505-1525) – Kartli çarı.
248.Anonim tarix, vər. 288b-289a; Həbib əs-siyər, səh.571-572; Əhsən ət-təvarix, səh. 173.
249.Cəvahir əl-əxbar, vər. 293.
250.“Əhsən ət-təvarix”də yalnız Şeyxşah, Müzəffər Sultan (Əmirə Dubac), Xan Əhməd Gilani (Karkiya Sultan Əhməd Lahicani) və Kvarkvarenin adları çəkilir, həm də Təbriz qışlamasının tarixi hicri 924-cü (1518) il göstərilir. “Təkmilət əl-əxbar”da (vər. 251 a) Mazandaran, Rustəmdar, Həzarcərib hakimləri, Karkiya Sultan Əhməd və Əmirə Dubac göstərilir, Təbrizdə qışlamanın tarixi hicri 924-cü ilin sonu – 925-ci ilin əvvəli (1518-ci ilin sonu – 1519-cu ilin əvvəli) verilir.
251.Anonim tarix, vər. 303a.
252.Үепө orada, vər. 303b.
253.О.А.Эфендиев. Образование Азербайджанского государства Сефевидов в начале XVI в., стр.125-127.
254.В.Ф.Минорский. История Ширвана и Дербенда. Kitabın əlavələrində Münəccimbaşının “Cəm-i əd-düval” əsərinin ərəb mətninin bir hissəsi rusca tərcüməsi ilə dərc edilmişdir (bundan sonra – Cəm-i əd-düval), ərəb mətni, səh.32-33, rusca tərcümə, səh. 173.
255.E.A.Пахомов. Чайкендский клад. 1935 г., стр. 17-19.
256.Yenə orada, səh.18.
257.Fütuhat-i şahi, vər. L18a.
258.Anonim tarix, vər.102b-106a; G.Sarwar, p.48.
259.Əhsən ət-təvarix, səh.88.
260.Anonim tarix, vər. l 19a.
261.Təkmilət əl-əxbar, vər. 245b-246a və s.
262.Azərbaycan tarixi, с. I, səh.225.
263.Anonim tarix, vər. 59a-59b; G.Sarwar, p.36.
264.Fütuhat-i şahi, vər. l8la.
265.Anonim tarix, vər. l53a.
266.Anonim tarix, vər. l53a-154b; Fütuhat-i şahi, vər. l81a-184a; Həbib əs-siyər, səh.501-503; Lübb ət-təvarix, vər. 163a-163b; Əhsən ət-təvarix, səh. 108-109.
267.Əhsən ət-təvarix, səh.181. “Tarix-i cahan ara”ya görə, I Şah İsmayıl hicri 892-ci il rəcəb ayının 25-i (1487-ci il iyulun 17-də) anadan olmuşdur. Tehran, 1343, səh.263.
268.Şah İsmayılın dörd oğlu qalmışdı: Təhmasib Mirzə, Əlqas Mirzə, Sam Mirzə və Bəhram Mirzə.
269.Təkmilət əl-əxbar, vər. 253a.
270.Məhəmməd Mehdi ibn Şirazi. “Tarix-i Təhmasibiyyə”. P.Hornun nəşrindən parça (P.Hom. Die Denkwürdigkeiten des Shah Tahmasp I von Persien) ZDMG, Bd. 45, 1891 farsca mətni, səh.246. (bundan sonra Məhəmməd Mehdi Şirazi).
271.Tarix-i elçi-i Nizamşah, vər. 33a, 33b.
272.Təzkire-i Şah Təhmasib, P.Homun nəşri, səh.577-578.
273.Məhəmməd Mehdi ibn Şirazi, səh.247; Tarix-i elçi-i Nizamşah, vər. 43a; Əhsən ət-təvarix, səh. 189. Göstərilir ki, Köpək Sultan ustaclı tayfası ilə Gürcüstana basqında iştirak etmişdir.
274.Təzkire-i Şah Təhmasib, səh.578.
275.Əhsən ət-təvarix, səh. 189; Şərəfnamə, с, II, səh. 171.
276.Tarix-i aləm aray-i Abbasi, с. I, səh.47.
277.Məhəmməd Mehdi Şirazi, səh.248.
278.Təzkire-i Şah Təhmasib, səh.579.
279.Yenə orada. Tarix-i cahan-ara, səh.283.
280.Təkmilət əl-əxbar, vər. 254a; Əhsən ət-təvarix, səh.191-194.
281.Əhsən ət-təvarix, səh.198-200; Təzkire-i Şah Təhmasib, səh.581. Həsən bəy Rumluya görə, döyüş Şərur adlı yerdə baş vermişdir.
282.Tarix-i elçi-i Nizamşah, vər. 35a, 35b.
283.Şərəfnamə, с. II, səh.172-173; Əhsən ət-təvarix, səh.205.
284.Məhəmməd Mehdi ibn Şirazi, səh.252; Tarix-i elçi-i Nizamşah, vər. 35b.
285.Əhsən ət-təvarix, səh.216-219.
286.Əhsən ət-təvarix, səh.220.
287.Yenə orada, səh.221-222.
288.Təkmilət əl-əxbar, vər. 255b.
289.Əhsən ət-təvarix, səh.235-236; Tarix-i cahan-ara, səh.285. Təkmilət əl-əxbar, vər. 255b-277a; Məhəmməd Mehdi ibn Şirazi, səh.269-271.
290.Təzkire-i Şah Təhmasib, səh.587; Əlyazmasından 3b-4a vərəqlərini müqayisə edin. Xəbər verilir ki, I Şah İsmayılın dövründə Üləma yasavulların sıralarında olmuş, sonra əmir rütbəsini alaraq eşikağası təyin edilmişdi. O, həmtayfası Çuxa Sultan Təkəlinin naibliyi vaxtında Azərbaycanın cənub hissəsinin hakimi vəzifəsinə yüksəlmişdi.
291.Məhəmməd Mehdi ibn Şirazi, səh.272; Tarix-i elçi-i Nizamşah, vər. 43a.
292.Şərəfnamə, с. II, səh. 185.
293.Əhsən ət-təvarix, səh.253-254.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
474 s. 8 illüstrasyon
ISBN:
978-9952-8052-1-4
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar