Kitabı oku: «Xatirələrim»
“Xatirə Ədəbiyyatı” silsiləsindən 3-cü kitab
© Ömər Faiq Nemanzadə / Xatirələr
© “XAN” nəşriyyatı / Bakı / 2020 / 184 səh.
Üz qabığının dizayneri / Teymur Fərzi
* * *

Ömər Faiq Nemanzadə
Azqurdan «Molla Nəsrəddin»ə
“Bütün düşüncələrin din mövhumatına, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid və qayğıların cənnət və cəhənnəmə, bütün yad və xəyalların köhnəliyə bağlandığı bir vaxtda bir məmləkətdə ilk açılan milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.
O, hələ uşaqkən iki seçim qarşısında qalmışdı: ya molla məktəbində oxuyub atasının dediyi kimi “Quran” oxuyaraq ölü yuyacaq, ya da ki yeni tipli məktəbdə təhsil alıb gələcəkdə sənət sahibi olacaqdı.
O, iki yolun ayırıcında çabalayırdı. Uzaqdan Çar Rusiyasının ucsuz-bucaqsız qoşunu Osmanlı ilə savaş üçün yola çıxmışdı və onların kəndinə yaxınlaşmaq üzərə idi.
Bütün kənd sakinləri isə əsgərləri, onların atlarını həyəcanla izləyirdi, belə bir məqamda Ömər də bu həyəcandan məhrum qalmamaq üçün molla məktəbindən qaçır. Qaçmağın cəzası kimi ertəsi gün falaqqa cəzasına nəsib olacağına görə dostu İsmayılla birlikdə hökumət məktəbinə gedir.
Onun bu hərəkətini atası dəstəkləyir, anası isə qarşı çıxır: “Ömərim, sən onun-bunun sözünə baxma, o kafir məktəbini burax, yenə müsəlman məktəbinə get, “Quran” oxu, adam olmağa çalış, oğlum”.
Ömər isə öz seçimini edir: falaqqanın, saatlarla yerdə əyləşmənin, zorakı şəriət dərslərinin olmadığı, şən uşaqların oxuduğu, əyləncəli, qorxusuz dərslərin keçirildiyi hökumət məktəbini seçir. Ruscası zəif olduğundan atası onu erməni keşişinin yanına dərs almağa göndərir.
Uzaqgörən ata bir neçə ildən sonra Öməri Qori məktəbinə qəbul etdirmək fikrinə düşür, məktəbə ərizə yollayır. Ömər Qoriyə qəbul olsa da, anasının israrı və atasından gizli işləri nəticəsində orada oxuya bilmir. Atası onun molla olmağına qarşı idi: “Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq, namaz qıldırmaq, ölü çimdirmək. Müsəlmanlar üçün bundan böyük sənət yoxdur, deyəsən”.
Lakin anası oğlunun İstanbuldan gələn əfəndilər kimi olmasını, orada molla olub, sonra kəndə qayıdıb böyük adam olmasını istəyirdi. Ona görə də əri Ömərin xəstə bibisini görmək üçün Qori kəndinə gedərkən oğlunu qardaşı Osman əfəndi ilə birlikdə İstanbula yollayır.
“Xatirələr”i ilə tanış olacağınız bu adam XX əsrin əvvəllərində Azərbaycanda çağdaşlığın, maarrifçiliyin kəskin təbliğatçılarından olan Ömər Faiq Nemanzadədir.
“Xatirələr”də Ömər Faiq “Molla Nəsrəddin” jurnalını yaradana qədər uşaqlıqdan keçdiyi böyük bir həyatı təqdim edir. İstanbulda oxuması, oradakı hökumət əleyhinə fəaliyyəti sonucu zindana atılması, vətəninə qayıtdıqdan sonra ana dilində məktəb uğrunda mübarizə aparması, ilk müəllimlik fəaliyyəti və nəhayət, “Qeyrət” mətbəəsini satın alaraq Azərbaycan mətbuatında hələ də aktual olan “Molla Nəsrəddin” jurnalını təsis etmələrinə qədər geniş şəkildə hadisələri təqdim edir.
Həmçinin, Azərbaycanın şəhərlərində dönəmin ab-havasını, Tiflisdəki erməni-türk qırğınını faktlarla geniş, həmçinin tərəfsiz formada təqdim edir.
…Beləliklə, Ömər Faiq Qori əvəzinə İstanbula yola düşür…
“Anacan! İstanbul çox böyük və gözəl şəhərdir… Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum”.
İstanbuldan anasına yazdığı bu məktubda yazılanlara baxmayaraq, Ömər anasının istədiyi adamlardan olmur. Çünki Fateh mədrəsəsində də eynilə Azqurdakı mollaların keçdiyi üsulla dərs deyilirdi. “Xatirələr”də yazılır: “Çox vaxt əlimdə kitab: nəsərə, nəsəra, nəsəru, nəsərat, nəsərəta, nəsərnə… əzbərlərkən yuxuya tutulur, saatlarca öylə qalırmışam ki, dərsdən gələn dayım ayağı ilə acıqlı-acıqlı vurub məni zorla oyandırırdı”.
Bu cür əzablı günlərin birində Osman əfəndi ilə birlikdə Sultan Səlim məscidinə gedərkən “Darüşşəfəq” məktəbi, oradakı sevincli uşaqlar gözünə sataşır. Dayısı məktəbdə olarkən evdən çıxaraq oraya qaçır, uşaqlarla, müdirlə danışır, burada oxumaq istədiyini bildirir, lakin dayısının icazəsi olmadan oxumasının mümkünsüz olduğu deyilir.
Ömərin oxumaq eşqi, dayısının öyrətdiklərini istəməməsi nəticəsində Osman əfəndi məcbur qalaraq Darüşşəfəqdə oxumasına razılıq verir.
Darüşşəfəq məktəbi
Ömər Faiqin 1883-1891-ci illərdə təhsil aldığı bu məktəb Altunbuynuz adlanan yerdə yerləşirdi. Burada dördüncü sinifdə oxuyarkən atasının ölüm xəbərini eşidir. Anasına ünvanladığı məktubda Ömər yazır: “Atamın ölümü məni də ölü halına qoydu. Gözlərim qaralmış, ürəyim sönmüş, beynim donmuş kimidir”.
Bu məktəbdə artıq şəriət dərsləri ilə yanaşı fizika, kimya, kosmoqrafiya dərsləri alır, həftədə bir dəfə məktəbdən kənara çıxdıqlarında əldə etdikləri qəzet və dərgilərdən, ədəbiyyat nümunələrindən Namiq Kamalın sultan istibdadına qarşı yazdıqlarını oxuyub dünyagörüşlərini zənginləşdirirdilər. Darüşşəfəq artıq sultana qarşı üsyan ocağına çevrilirdi.
Nəhayət, yenilikçi görüşlü tələbələrlə məktəb rəhbərliyi arasında qarşıdurma baş verir, tələbələr rəhbərliyə hücuma keçir, lakin qiyam yatırılır, əsas iştirakçılar həbs olunur, digərləri isə zopa ilə cəzalandırılır. Ömər Faiqə 30 zopa və bir ay həbs qismət olur. Quru taxtanın üzərində yatmaqla, quru çörəyə möhtac olmaqla keçən həbsxana həyatından sonra iki ay xəstəxanada yatmalı olur.
Məktəbi bitirdikdən sonra Ömər Faiq Qalata poçt və teleqrafxanasının “Morid” şöbəsinə təyin edilir. Burada işləyərkən Avropadan gələn qəzetləri mütaliə edərək dünyagörüşünü xeyli zənginləşdirir, xarici qəzetləri oxuması qadağan edilsə də, gizli yolla Avropadan gələn xəbərləri oxuyur, dostları ilə birlikdə toplantılar keçirir. Lakin bütün bu etdiklərinin nəzarət altında olduğunu, həbs olunmaları üçün fürsət axtarıldığını, tutulduqları təqdirdə dənizə atılacaqlarını bilirdilər, ona görə də təhlükə anında qaçırlar. Qalata limanından xarici bir gəmiyə minirlər. Batumda gəmi yoxlanılarkən heç bir sənədi olmadığından Ömər həbs olunur. Bir ay həbsdən sonra batumlu Osman əfəndinin zəmanəti ilə azad olunur, Azqura qayıdır.
Gavur Ömər
Anası və qohumları onu molla qiyafəsində gözlədikləri, tanınmış ruhani olmasını istədikləri halda, o, kənddə elmi mübahisələr aparmağa, dünyəvi və şəriət məsələlərini müzakirə etməyə başlayır. Bütün bunlara görə ona kənddə “Gavur Ömər” adı verirlər. Azqurda məktəb açmaq istəyinə razılıq verilmədiyinə görə Tiflisə gedir, lakin orada da iş tapa bilmədiyi üçün 1894-cü ildə Şəkiyə yollanır. Şəkidə isə böyük sürprizlə qarşılaşır. Çünki Şəki sakinləri Qafqazda ilk dəfə olaraq üsulicədid üzrə nizamlı bir türk məktəbi açmışdılar. Ömər Faiq bu məktəbdə müəllimliyə başlayır, türk dili, tarix, coğrafiya, hesab və imladan dərs verir. Xüsusən, imla dərslərində şagirdlərə modern həyatın üstünlüklərini izah edən Ömər Faiq az da olsa, bu yolla cəhalətlə mübarizə aparmağın mümkün olduğunu yazırdı: “Bütün düşüncələrin din mövhumatına, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid və qayğıların cənnət və cəhənnəmə, bütün yad və xəyalların köhnəliyə bağlandığı bir vaxtda bir məmləkətdə ilk açılan bir milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.
Bu məktəbi sünni müsəlmanlar açdığına görə şiə uşaqları az gəlirdi, ona görə də sünnilərdən ayrı yaşayan şiələr də tezliklə öz məktəblərini açırlar, Qorini bitirmiş Təhmasib adlı müəllimi məktəbə dəvət edirlər. Daha sonra Şəkidə üçüncü bir məktəb də açılır.
Şəkidəki fəaliyyəti müddətində Ömər Faiq Axundovun “Məstəli şah” pyesini tamaşaya qoyur, “Müsyo Jordan” rolunu özü oynayır.
İnsanların aşırı cəhalətinə etiraz olaraq bir dəfə müəllim Abdulla bəy Ə f əndizadə ilə birlikdə Zəy z i d k əndinə gedərkən yolları “Öskürək” pirinin yanından düşür. Burada bir ağacın üstündəki ipləri görən Ömər Faiq kibrit yandıraraq onların üzərinə atır və pir yanmağa başlayır. Alovun yüksəldiyini gördüklərində cəld qaçırlar. Kəndə çatdıqlarında isə iki müəllim itlərin hücumuna məruz qalır, bunu öz aralarında zarafata salaraq pirin qəzəbi kimi yozurlar.
Şəkidə olduğu müddətdə Ömər Faiqi düşündürən əsas problemlərdən biri qadın hüquqları ilə bağlı idi: “Hər yanda olduğu kimi burada da qadın hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idilər”. Ömər Faiqə görə şəriətin və kişi istibdadının buxovlarından yalnız qadınlar öz iradələri ilə çıxa bilərlər, çünki başqa cür heç kim onlara kömək etməyəcəkdi.
1896-cı ilin yazında Şəkidə xəstələndiyinə görə Ömər Faiq Gəncəyə gəlir, Gəncədəki durum onu dərindən sarsıdır. Həmin dövrün Gəncəsini belə təsvir edir: “Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir… Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Burada cavan, qoca, oxumuş, oxumamış – hamısı yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!”.
Ömər Faiq ümid arxasınca ye nidən Tiflisə gedir, lakin burada da heç nə edə bilmir: “Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyruqları idilər”.
1898-ci ildə Ömər Faiq yenidən Şəkiyə gedir. 1900-cü ildə isə ilk dəfə Bakıya gəlir. Bakıda yeganə uğurun Qızlar məktəbi olduğunu görən Ömər Faiq kapitalizmin geniş vüsət aldığı bu şəhəri belə təsvir edir: “Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idilər”.
Bakını tərk edən Ömər Faiq Şamaxıya gəlir, 1900-1902-ci illərdə burada qalır, təriqət mollalarının fanatik kütləni talaması, kütlənin ruhanilərin əlini, ayağını, bu “qismət olmadıqda” isə atının ayağını öpən insanlardan iyrənərək gələcək yazıları üçün materiallar toplayır. Ömərin buradakı müəllimliyi 1902-ci il zəlzələsinin baş verdiyi dövrə qədər davam edir. Zəlzələdə dağıntılar altında qalan, hər şeyini itirən Ömər Faiq xanımı ilə birlikdə Axalsıxa dönür.
“Şərqi-rus” qəzeti
Nəhayət ki, Ömər Faiq arzusuna yetir. Məhəmmədağa Şahtaxtlının sahibi və redaktoru olduğu türkcə dərc olunan “Şərqi-rus” qəzetində yazmağa başlayır. Lakin tezliklə redaktorla onun arasında konfliktlər başlayır. O, qəzetdə daha çox yenilikçi fikirlərin, ruhaniliyin əleyhinə yazdığına, Şahtaxtlı isə mollaların yazılarını dərc etdiyinə görə aralarında qarşıdurmalar yaranırdı. Ömər Faiq yazır ki, “bütün bunlara rəğmən o mənsiz, mən isə onsuz ola bilmirdim”. Çünki səhərdən axşamadək pulsuz işləyəcək birini tapa bilməyəcəkdi.
Ömər Faiqin bu dövrdəki bir xidməti Tiflisdə əldə satılan kitablar arasından “Kəmalüddövlə məktubları”nı alması və onun çapı ilə məşğul olması olur. Onun əldə etdiyi nüsxə əsasında sonralar “Kəmalüddövlə məktubları”nı Ağamalıoğlu çap etdirir.
“Şərqi-rus” qəzetində işləyərkən Ömər Faiqin toxunduğu mövzular mollaların məscidlərdə ərəbcə deyil, xalqın başa düşəcəyi türkcə xütbələrin oxuması ilə, qadınlara edilən zülmün aradan qaldırılması, türk dilinin inkişafı ilə bağlı idi. Bu barədə o yazırdı: “Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz”.
M.Şahtaxtlı sahibi olduğu mətbəəni borclandırdığına görə satmaq qərarına gəlir. Bunu görən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə alverçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır, adını “Qeyrət” qoyurlar.
Mətbəədə ilk kitab Ömər Faiqin “Nəşri-asara dəvət” adlı rus inqilabından bəhs edən əsəri olur. Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Lakin Ömər Faiqin “Torpaq” jurnalına Türkiyə təhsilli olduğuna görə çap icazəsi verilmir. Mirzə Cəlilin “Novruz” qəzetinə də razılıq olmur. Lakin nəhayət, Azərbaycan jurnalistikasının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının çapına nail olurlar. Ömər Faiq yazır: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı”.
Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər aydınlar kimi Ömər Faiqi də hiddətləndirirdi: “Ey qafqazlı türk, sən çoxdan İslam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən İslam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən”.
Molla Nəsrəddin jurnalı Ömər Faiqin şəriətlə mübarizə aparması üçün geniş bir meydan idi. “Bir neçə günlüyə” adlı məqaləsində yazırdı: “Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır”.
Ömər Faiq xatirələrini “Molla Nəsrəddin” jurnalı ilə bitirir. Artıq onun qarşısında 1937-ci ildə güllələnməsinə qədər davam edən aydınlıq bir yol vardı.
«Xatirələr» də olmayanlar
Təəssüf ki, Ömər Faiqə xatirələrini bitirməyə imkan vermədilər. “Xatirələr”, “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlaması mövzusu ilə bitir. Ömərin yaşadığı hər bir detalı ətraflı izah etməsi onu göstərir ki, istər “Molla Nəsrəddin” dönəmini, istərsə də 1937-ci ilə qədər olan həyatını daha ətraflı şəkildə yazacaqdı.
“Molla Nəsrəddin”in yaranmasından 6–7 il sonra işlər Mirzə Cəlillə onun planlaşdırdığı şəkildə getmir. 1912-1915-ci illərdə Ömər Faiq imzası mətbuatda görünmür. Bu dövrdə həm Ömər Faiq, həm də Mirzə Cəlil xəstələndiyi üçün, həmçinin jurnala basqılar artdığı üçün “Molla Nəsrəddin” əvvəlki kimi çap oluna bilmirdi. Nəhayət, 1915-ci ildə Ömər Faiq yenidən məqalələrini yazmağa davam edir. Və 1915-ci ildə “İqbal” qəzetində öz məqaləsi ilə çıxış edir. Toxunduğu mövzu isə I Dünya savaşı və onun doğurduğu acı nəticələr idi.
Fevral burjua inqilabından sonra Axalsıxda sovetlərin nəzdində yaradılmış milli komitələrin rəhbərlərindən biri də Ömər Faiq olur. Bu komitə çərçivəsində Ömər Faiq maarifçiliklə məşğul olur, müsəlman əhalisinin inkişafı üçün çalışırdı. Onun təşəbbüsü ilə müəllimlər kursu açılmışdı. Gürcüstanın müstəqilliyindən sonra Ömər Faiqlə gürcü milli qüvvələri arasında anlaşılmazlıqlar yaranır, ona qarşı təzyiqlər başlayır. 1918-ci ildə ev dustağına çevrilir, bir il sonra yanvarda isə kəndlilər arasında siyasi təbliğata görə həbs edilərək üç ay Tiflisdə Metex qalasına salınır. Lakin onun həbsi həm Gürcüstanda yaşayan ziyalıları, həm də Azərbaycandakı qələm dostlarını hiddətləndirir, bu barədə yazılar yazılır.
1920-ci ildə Ömər Faiq “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, “Yeni fikir” qəzetinin redaksiya heyətinin üzvü, 1921-22-ci illərdə Gürcüstan inqilab komitəsində yaradılmış müsəlman sektorunun sədri işləyir. 1920-ci illərin axırlarında isə Gəncə kənd təsərrüfat texnikumunun direktoru işləyir. 1927-ci ildə xidmətləri və xəstəliyi nəzərə alınaraq ömürlük təqaüd kəsilir.
Və ömrünün qürub çağında Ömər Faiq oxuyacağınız bu xatirələri yazmağa başlayır. Başı qalmaqallardan açılmayan Ömər Faiq, bəlkə də, son günləri olduğunu hiss etmişdi. Ona görə də gələcək üçün gördüyü işləri detallı şəkildə yazmağı düşünürmüş. Amma Sovetin ziyalı qırğını ondan da yan keçmədi. 1937-ci ilin iyulunda Axalsıxda həbs olunur, üç ay sonra güllələnir.
Beləcə, xatirələr yarımçıq qalır. Amma zəngin materiallarla dolu yarımçıq…
Dilqəm Əhməd
Xatirələrim
1878-ci ilin yazı. Günorta zamanı idi. Axalsıx uyezdindəki Azqur molla məktəbində diz üstə oturub yırğalana-yırğalana: “rəbb yəsurr vəla tuassir səhl aleynə ya müyəssər…”i əzbərləyirdim. Diz üstə otura-otura bacaqlarım ağrımış, ayaqlarım əzilmişdi. Bir az rahatlanmaq üçün su içmək bəhanəsi ilə çölə çıxdım. Çöldə kəndlilərin böyük yola doğru getdiklərini, orda yığışdıqlarını gördüm. Ancaq yolda nə olduğunu, nə üçün yığışdıqlarını bilmədim. Mən tez içəri girib arkadaşlarıma1:
– Kənddə tamaşa var, nə durursuz, gəlin qaçaq, – dedim.
Mən çıxmağa tələsirdim. Arkadaşlarımdan bir neçəsi mənə uymaq istəyirdi. Lakin fələqqənin qorxusundan, yerlərindən tərpənə bilmirdilər. Mən uzun səbr etməyib bu səfər “ayaqyolu”na çıxmaq bəhanəsi ilə özümü çölə atdım. Pəncərədən arkadaşlarıma gizli işarə edərək, onları azdırmağa – qaçırmağa çalışdım. Qabaqca yaxın yoldaşım İsmayıl da bir bəhanə ilə çıxdı. Buna baxaraq iki arkadaş sonradan gəldi.
Dörd arkadaş bir-birimizə uyub məktəbdən qaçdıq, düz bizim bağçaya getdik. Oradan nərdivanla evin bacasına çıxdıq. Yüksək bir yerdə durub ətrafı tamaşaya başladıq. Bu gün Azqur kəndi ayaqlanmış, bizim evin arxasından keçən kəndi ikiyə bölən böyük yolun hər tərəfini doldurmuşdu. Qadınlar, qızlar da ehramlarına (çarşablarına) bürünüb damlara çıxmış, buxarı və divarların arxalarında yığışmışlardı.
Uzaqdan kəndə doğru axan qorxulu və uzun qaraltı getdikcə yaxınlaşırdı.
Kəndlilər dodaqlarını dişlərinə sıxaraq, gözlərini qaraltıya doğru axıdırdılar. Heç kəs qorxulu bir gurultu ilə sel kimi gələn qaraltının nə olduğunu, haraya getdiyini bilmirdi. Hamı sükut və təlaş içində, həyəcan və heyrətdə idi. Ortalığın bu dərin durğunluğu arasında altı şər2 at qoşulu toplar və bunların yanlarında heybətli əsgərlər, böyük hay-küylə keçməyə başladı.
Bir yandan top təkərlərinin pıcırtıları, iri kök atların ayaq tapıntıları, bir yandan itlərin hov-hovları bir-birlərinə qarışmış, kəndi yerindən oynatmışdı.
Bu keçiş bir saata qədər sürdü.
Bu uzun və maraqlı tamaşada bizim üçün hər şeydən artıq tərləyib buğlayan atların ayaq tappıltıları, pınxıldamaları, gülməyə oxşayan kişnəmələri xoşumuza gəlir, bizi də güldürürdü. Atların pınxıldamalarını bir az daha artırmaq üçün, əlimdəki uzun ağacı qarşımdan keçən dür ata uzatdım. At şahlanıb o biri yana döndü və topun gedişini də o səmtə çevirdi. Bunu görən əsgərlər tez yetişib atları düzəltdilər, sonra biz tərəfə dönüb, bir-iki qamçı ilə də məni düzəltmək fikrində oldular. Lakin mən onların niyyətlərini qanıb tezcə aradan sivrildim. Acıqlanmış əsgərlərin qamçılarımənim yerimə, qaça bilməyən arkadaşlarımın bacaqlarına ilan kimi sarıldı. Yazıqlar qamçı yerlərini əlləri ilə tutub yana-yaxıla ağladılar.
* * *
Topçu alayı keçib qurtulmuş, kəndlilər arasındakı durğunluq artıq pozulmuş, dodaqlar pıçıldaşmaya başlamışdı:
– Nə var, nə olmuş, bunlar hara gedir?
Heç kəs doğrusunu bilmirdi. Hamı maraq və qayğı içində yavaş-yavaş dağılırdı.
Bir az sonra naxır yerinin yanındakı furunun önündə böyük bir yığıncaq gözümə sataşdı.
Şərif bəy Muxranskinin nökəri Qurban yığıncağın ortasında durub qorxa-qorxa yavaşca anladırdı:
– Bizim bəydən duydum ki, ruslarla osmanlılar arasında qovğa açılmış, bu toplar kəsə yolla Kars üstünə gedir. Naçalnikdən bizim bəyə kağız var. Axalkələk bəylərindən Məmmədəlibəy, Mustafabəy Palavandov, Axalsıxdan Feyzullabəy Atabəyov zabit çini almışlar. Osmanlıya qarşı qovğaya gedirlər. Bizim bəy də getməyə hazırlaşır. Kiçik bəy sevinirdi ki, bəy babama nişan və çin verilmiş.
* * *
O gün axşama qədər arkadaşlarımla əsgərləri, atları yamsılayaraq onlarla vaxt keçirdik. Ertəsi gün arkadaşlarım bizə gəldilər k i, m əktəbə birlikdə gedək. Yolda gedərkən arkadaşım İsmayıl:
– Öncə kim içər i gi r ərsə, birinci fələqqəni o yeyəcək, bax, indidən sizə deyirəm; mən ən sonda girəcəyəm.
Məktəb qapısına yaxınlaşınca, hamımız dayandıq. O sırada içəridən çıxan bir şagird bizə yaxınlaşıb:
– Hey, dəlilər, hara gəlirsiniz? Müəllim and içdi ki, dördünü də fələqqəyə çəkəcəyəm.
Bundan sonra kim içəri girə biləcək?
Hamımız qayıtdıq. Mən arkadaşlarıma dedim ki, gəlin, molla məktəbinə daha getməyək, gedək, hökumət məktəbində oxuyaq. Eşitmişəm, orada nə fələqqə var, nə də dəyənək. Diz üstə oturub sallana-sallana başımız ağrıyır, bacaqlarımız əzilir. Həftələrcə “rəbb yəsurr” əzbərləyirik. Deyirlər, orada qəribə-qəribə nağıllar oxuyurlar. Mən özüm gördüm, rahat sıralarda otururlar, saatda bir çölə çıxıb oynayırlar. Hətta müəllim özü də uşaqlarla bərabər gəzir, oynayır, gülür. Mən sabahdan təzə məktəbə gedəcəyəm.
Arkadaşım İsmayıl bir az düşünüb:
– Mən də səninlə gedərəm, – dedi.
Ertəsi günü ikimiz də molla məktəbi yerinə hökumət məktəbinə getdik. Qalan iki arkadaşım atalarının qorxusundan ağlaya-ağlaya, molla məktəbinə getdilər.
Mən təzə hökumət məktəbinə getdiyimi anama birdən söyləyə bilmədim. Bacılarıma, qardaşlarıma yalvardım ki, onlar açıb desinlər və mənə yardım etsinlər.
Axşam bacılarım işi anama açdılar. O, mənə acıqlanıb:
– Orada mırt-mırtdan başqa nə var, nə oxudurlar? “Quran” yox, dua yox, – dedi.
Atam isə bir söz demədi. Anladım ki, o, ürəkdən mənə tərəf idi. Ertəsi səhər anamın turş üzü dəyişmiş, mənə qarşı səmimi görünürdü. Mən bunun səbəbini birdən anlamadım. Anladığım bu idi ki, anam rusca oxumağı heç istəməzdi. Ancaq bu fikrində anam evdə tək qalmışdı. Anamdan başqa hamısı mənim tərəfimdə idi.
Səhər tezdən anam büzməli arxalığımın ciblərini püskürlü konfet, şəkərləmə və armud qaxı ilə doldurdu. Məktəbə gedəcəyim vaxt: “Ömərim, sən onun-bunun sözünə baxma, o kafir məktəbini burax, yenə müsəlman məktəbinə get, “Quran” oxu, adam olmağa çalış, oğlum”. Mən anama qarşı heç bir şey demədim. Evdən uzaqlaşınca əlimi cibimə uzatdım, konfetdən, şəkərləmədən dadmağa başladım. Bunları yeyə-yeyə həm gedir, həm də düşünürdüm: molla məktəbinəmi, rus məktəbinəmi? Molla məktəbində bundan sonra mənim qorxduğum fələqqə, anamın ismarladığına görə, mənim üçün olmayacaq, müəllim mənə hörmət göstərəcək. Bunlarla bərabər ciblərim tez-tez dadlılar, meyvələrlə dolacaq. Rus məktəbində isə şən və azad oxumaq, “Tülkü və qarğa” nağıllarını eşitmək, bol-bol gəzmək və oynamaq. Bunları düşünə-düşünə iki məktəbin ayrılığına çatdım. Ürəyimdə öz-özümə düşünürdüm: Hara? Köhnəyəmi? Təzəyəmi? Bir dürlü kəsdirəmədim. Anamın dadlı yeməklərini düşündükcə məndə köhnəyə qarşı meyil artırdı. Axırda molla məktəbinə tərəf döndüm. Məktəbə yaxınlaşdım, gördüm ki, molla bu gün gecikmiş, çocuqlar bir-birlərini yeyir, məktəb toz-torpaq içində. Düşündüm: yenə axşama qədər diz üstə otura-otura bacaqlarım əziləcək. Anlamadığım sözləri əzbərləyə-əzbərləyə başım ağrıyacaq. Burada nə var? Əlbəttə, təzə məktəb yaxşıdır. Orada həm yüngül oxumaq, nağıl eşitmək, həm də bol oynamaq var. Yox, mən buranı istəmirəm deyərək təzə məktəbə doğru qaçdım. İçəri girməyə utandım. Pəncərədən içəri həsrətlə baxmağa başladım. Müəllim məni görən kimi içəri çağırdı. Bu məktəbdə oxumaq istəyib-istəmədiyimi soruşdu. Mən “ istəyirəm” deyən kimi məni oxşayıb ön sırada oturtdu. Burası canıma isindi, mən də qaldım. Məktəbdən qayıdanda utandığımdan daha evə gedə bilmədim, xalamgilə getdim. Həm xalam, həm də yeznəm mənim tərəfimi saxlayıb söz verdilər ki, anama söz anlatsınlar və təzə məktə-bə getməyə kömək etsinlər.
Anam mənim evə gəlmək istəmədiyimi, qohumların qınamasını eşitdikcə daha məndən əl çəkdi. Mən də rahat-rahat təzə məktəbə davam etdim.
Məktəbə gec girdiyim üçün ruscadan arkadaşlarımdan geri qalırdım. Buna görə ruscadan hazırlaşmaq lazım idi.
Atam məni kəndin o tayındakı erməni keşişinin yanına qoydu ki, günortadan sonra oraya gedib rusca öyrənim. Mən də hər gün məktəbdən sonra o taya keçib rusca oxuyurdum.
Bir gün anam mənə böyük bir güvəc dolu bal verdi ki, keşiş babaya peşkəş götürüm. Yolda qollarım ağrıdı. Güvəci yerə qoyub rahatlandım. Bu arada beynimə düşdü ki, balı açıb dadına baxım. Açdım. Barmaqlarımı yal aya-yalaya ləzzətl ə yedim. Bal çox saf və xoş idi. Anamın bu comərdliyinə şaşdım.
Bir gün böyük bacım Rüxsarəyə dedim ki, bu qədər balı birdən keşişə göndərmək olurmu? Anam bizə qaşıqla vermir, oraya güvəclə göndərir. Həm də nə ləzzətli idi!
Bacım tələsik soruşdu:
– Yoxsa, sən də mi yedin?
Yolda açıb bir az dadına baxdığımı deyincə bacım qəhqəhələr qopardı və yenə məndən soruşdu:
– Gerçək yedinmi?
– Nə matına gəlir, sənə dedim ki, yedim.
Bacım daha artıq qəhqəhəyə başladı. Mən bacımın belə yersiz gülməsinə acıqlanıb, küsməyə başladım.
– Nə var, nə olmuş, sən də yenə gülüb durursan? Nə etdim ki, bir az dadına baxdım.
Bacım küsdüyümü görüncə:
– Canım, o murdar bal da yeyilərmiydi?
– Heç murdar-zad deyildi. Mən özüm baxdım və yedim, çox təmiz və ləzzətli idi.
Bacım yenə gülməyə başlayınca mən işin içində bir şey olduğunu sezib soruşdum.
– Bacı, qadan alım, düzünü söylə, nə var, nəyə gülürsən?
– Heç bir şey.
– Heç bir şeyə bu qədər gülünməz, əlbəttə, bir şey var. Düzünü söylə, can bacı.
Bacım ağzını qulağıma uzadıb:
– Kimsəyə deməsən, deyərəm.
– İnan, demərəm.
– O bal güvəcinin ağzı açıq qalıb, siçan girib balı murdarlamışdı. Ona görə biz yeməyib keşişə göndərdik. Kimsəyə demə ha.
– Kimsəyə deməm, amma yaxşı eləməmişsiniz.
Bir gün keşişin yanından evə gəlirdim. Kəndi iki yerə bölən Kür çayının üstündəki uzun körpünü keçib bu taya çatmışdım ki, körpünün başında sivrilib suya düşən bir çocuğun boğulmaq üzrə olduğunu gördüm. Tez suya girib çocuğu qurtardım. Üst-başım islandı, təzə fəsimi su apardı. Fəsi tutmaq istəyəndə az qala su məni də aparacaqdı. Tez geri döndüm, körpünün başındakı qala divarına yaslanıb paçalarımı süzməyə, üstümü qurutmağa çalışdım. Bir az rahatlanıb özümə gələndən sonra uzun körpünün bürclərini döyüb oynadan, qonşu qalanın təməlini oymağa çalışan Kür çayına doğru baxmağa başladım. Hər il daşıb kəndimizin ətəklərini dağıdan çay bu il keçən illərdən daha artıq coşqun və azğın görünür, xışıltısı da uzaqlara qədər gedirdi. O, görünür, bu il Kars tərəflərində keçdiyi qan gölləri ilə bir qat daha şişmiş, qabarmış idi. O, yüz illər boyu ətrafa qaravulluq edən qonşusu ulu qalanın büküklərinə şiddətlə çırpır, bu çarpışlar onu sanki oyandırmaq, qovğalardan gətirdiyi faciələri, xəbərləri dinlətmək istəyirdi. O, gah peşman olmuş kimi dala çəkilir, gah hirslə qabarıb qonşusu ilə qucaqlaşır, öpüşür, pıçıldaşır, sonra birdən-birə həyəcana gələrək qəh-qəhələr qoparırdı. O, bu qəhqəhələrlə qabarmış dalğaların gətirdiyi qara xəbərləri hər yana dağıdır, ətrafı qorxuya salırdı. Bunlar bitirmiş kimi, o, Axalsıx meyvə bağlarının kənarlarından yolub gətirdiyi yekə ağacları körpünün bürclərinə qatır, körpünü daha artıq havalandırırdı.
Ağac uzun körpünü qıcırdadıb, inildədib can çəkişdirirdi. Mən başıaçıq, ayaqyalın, islaq paltarda titrəməyə başlayınca orada daha uzun dayanmadım. Dağılmış, palçıqlanmış dəftər-kitabı toplayıb evə doğru üz qoydum…
Təzə məktəb molla məktəbinə görə bir cənnət idi. Həvəslə həm oxuyur, həm də oynayırdım. Nə bacaqlarım əzilirdi, nə də yırğalana-yırğalana belim ağrıyırdı. Azad, şən, ümidli həyat keçirirdik. Qışda cümləmiz xizəklərimizə minib yarışa çıxırdıq. Yarışda bir-birimizi keçmək üçün yoxuşun çökək çıxıntılarına baxmayıb xizəklərimizi var gücümüzlə sürür, aşağılara doğru quş kimi uçurduq. Çox vaxt yolda xizəklərimizi saxlaya bilməyib qar yığınlarına gömülür, buzlardan sıçrayır, daşlara çarpır, yuvarlanırdıq. Qışda yoxuşlar bizim ən əyləncəli yerimiz, xizəklərimiz isə ən sevgili atlarımız idi.
Yayda isə çay qıraqları, adalar bizim birinci oynağımız idi. Çayda üzmək, axarları yarıb o biri yana keçmək, arxası üstə uzanıb suyun gedişinə uymaq, ördək kimi bir yerdən batıb uzaqda birdən çıxmaq, sonra isti qumların üzərində uzanıb rahatlanmaq bizim ən xoş oyunlarımızdan idi.
Günortadan sonra top və çələng oyunları bizi su kənarlarından alıb düz və geniş meydanlara tullayırdı. Axşamçağı kəndə doğru gələn naxırı qarşılayıb eşşəklərimizə minir, çərid oynaya-oynaya evlərimizə gedirdik…
Təzə məktəbdə bir neçə il oxuyandan sonra atam məni Qori seminariyasına vermək fikrinə düşdü. Bunun üçün birlikdə Axalsıx şəhərinə getdik. Atam oradan Qoriyə ərizə göndərib Azqura qayıtdı. Mən şəhərdə dayım Qazi Əbdülhəmid əfəndinin yanında qaldım, ərizənin cavabını gözlədim. Çox keçmədi, qəbul cavabı gəldi.
Mən sevincimdən bir yerdə otura bilmir, bu böyük müjdəni bacılarıma, arkadaşlarıma xəbər vermək üçün kəndə getməyə can atırdım. Geydiyim uzun ətəkli, beli büzməli arxalığımın geniş ciblərini püsküllü konfet ilə doldurdum ki, Qori səfəri uğrunda kiçik bacılarıma, arkadaşlarıma paylayım.
Şəhərdə bir saat da dayanmayıb o gündən Azqura uçdum. Mən Qoriyə getmək xəyalı ilə o qədər sevinirdim ki, hər gün tumarladığım boz eşşəyimə, ovçu tazıya daha baxmaz oldum. Kənddə lovğa-lovğa gəzərdim.
Qoriyə getmək vaxtı artıq yaxınlaşmışdı. Hər şey yerində idi. Ancaq bircə hal məni rahatsız edirdi. Mən Qoriyə hazırlaşırkən evdə atamla anam arasında hər gün söz-sov olurdu. Evimizdə ilk dəfə gördüyüm bu halın səbəbini anlaya bilmirdim. Qoriyə getməmə az qalmışdı ki, bir iş meydana çıxdı: məgər anam məni Qoriyə, kafirlərin içinə göndərməyə razı olmur, atam isə bu zamanda rusca bilmək lazım olduğunu irəli sürərək Qoriyə göndərmək üstündə bərk dayanırdı. Mən i s ə nə olur olsun, Qoriyə getmək istəyirdim.
Son vaxtlarda anamın dəyişdiyini, məni tovlamaq istədi yini a ydın duyur dum. Ana m hər gün ciblər i mi konfetlə, şəkərləmələrlə doldurur, mən də bol-bol, ləzzətlə yeyirdim. Anam bir tərəfdən dadlılarla ağzımı şirinlədir, o biri tərəfdən də Qorini, o xristian, kafir şəhərini pisləyir, İstanbulu tərifləyirdi. Mən bir yandan anamın verdiyi bol-bol şəkərləmələri, o biri yandan İstanbulun bəzəkli ulu camelərini görəcəyimi düşünərək iki yolun arasında qalmışdım: İstanbulamı? Qoriyəmi? Atam Tiflis şəhərinə gedən kimi anam mənə təzə molla paltarı tikdirib geydirdi. Məni bu təzə paltar ilə İstanbuldan gələn azqurlu əfəndilərin dalınca hər gün cameyə göndərdi. Arkadaşlarım mənim bu qiyafəmi görüb çaşıb qalırdılar. Çünki mən hamıya yaymışdım ki, bu gün-sabah Qoriyə gedirəm. Məndən başqa atam da bütün qohumlara demişdi ki, Öməri yaxında Qoriyə göndərirəm. Halbuki, indi nə Qori sözü var, nə də rusca.
Bir gün atamla bağımız və dəyirmanımız olan Aqara kəndinə gedirdik. Yolda xalamın əri Əli ağaya rast gəldik. Xoş-beşdən sonra o gülərək atamdan soruşdu ki, nədən ötrü Öməri daha Qoriyə göndərmirsən?
– Of, burasını daha soruşma! Bu əfəndilər İstanbuldan gəlməz olaydılar. Bunları bir neçə dəfə yeməyə çağırdıq. Söhbətləri nə idi: İstanbulun böyüklüyü və gözəlliyi, sultanın təntənəli salamlıq rəsmi, mübarək camelərinin bəzəyi, namaz qılanların çoxluğu… Baldızın bunları həm qardaşı Osman əfəndidən, həm də gələn qonaqlardan eşidib “mən də oğlumu o mübarək yerə göndərəcəyəm, ruhani alim edəcəyəm” deyib durur. Mən nə qədər deyirəm, anladıram ki, bizim üçün Qori xeyirlidir, qanmır, söz keçmir, gecə-gündüz başımı yeyir, rahatsız edir. Beş-on gün evdə yox idim, Tiflisə getmişdim. Gəldim, gördüm ki, çocuğu molla qiyafəsinə soxmuş, ruscadan, Qoridən tamamilə uzaqlaşdırmış, indi çocuq da dayısı ilə İstanbula getmək həvəsinə düşmüş. Ay bacanaq, mollalıq bizim nəyimizə lazım? Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq – namaz qıldırmaq, ölü çimdirmək. Müsəlmanlar üçün, deyəsən, bundan başqa sənət yoxdur. Yerindən duran molla olmaq üçün oxuyur. Biçarələr, bir Tiflisə gedib oradakı yaşayışı görəsən, əqlin gedər. Tiflisdə yoldaşımız Akop ağanın evində qalırdım. O ki, bizdən çox əqillidi, bacarıqlı deyil. Oğullarından başqa, qızlarını da gimnaziyaya qoymuş, oxudur. Bu gün-sabah məktəbi qurtaracaqlar. Əlbəttə, onlar keşişlik deyil, atalarının sənətini də bəyənməyəcəklər. Barı övladlarımız oxuyub adam olsunlar.
Aqardan gəldiyimiz gecə qurdlar qonşumuzun inəyini kəndin qırağında yemişdilər. Bu axşam bizim boz eşşək də evə gəlməmişdi. Anam erkəndən qalxıb, qonşumuz Şərif İzini oyandırıb, eşşəyi aramaya göndərmək istəyirdi.
Anamın səs-küyünə oyandım. Şərif İzi ilə birlikdə mən də boz eşşəyimi aramaya getmək istədim. Tez paltarlarımı geyindim. Gözlədim ki, Şərif İzi çarıqlarının bağlarını sarısın. Şərif İzi bağları çəkdikcə qopur, qopduqca ucqurundan söküb çarıqlarına bağ qayırırdı.
Bizim gecikdiyimizi görən anam darıxıb:
– A… yenəmi getməmisiniz! Yazıq eşşəyi axırda qurd yeyəcək. Barı mən Molla Üzeyirgilə gedib qurdun ağzını bağladım – deyərək yanımızdan acıqlı-acıqlı keçdi. Anamdan utandıq, tez qalxıb yola düşdük. Kəndi keçib Qalanı aşdıq, “Dəmirli bulaq”a yaxınlaşdıq. Üz-gözümüzü yuduq. Qonşumun mənə yazığı gəlib dedi:
– Sən burada rahatlan, mən bir az daha irəli gedib axtarım.
Mən bulağın olduğu yamaca gəlib aşağıları tamaşaya daldım. Yamacın ətəklərini, kəndin böyrünü yalayıb keçən Kür çayı coşğunluğunu artıq keçirmiş, kiçilmiş, durulmuş, gözəlləşmişdi.
Kəndimizin sığındığı böyük və əski qalaya can verən bu gözəl çay yuxarılarda sakit axır, xəfif dalğalar ilə gülümsəyir, aşağıdakı axarda isə qəhqəhələr qoparırdı.
Hər iki tərəfin yaşıl tarlaları, al bəzəkli bağçaları gümüştənli bu gözəl çayı aralarına almışdı.
Günəş yatağından qalxıb ətrafı süzür, ipək kimi incə, parlaq kirpiklərini uzadaraq sevdiyi çiçəklərin torpaqlara düşməsinə razı olmurmuş kimi o cicili-bicili qulaqlarında parıl-parıl parlayan inci sırğalarını oynadır, havaya, yüksəklərə qaldırırdı, Günəşin çıxdığını görən gəlinlər, qızlar da evlərindən çıxıb, hənəkləşə-hənəkləşə çay kənarına enir, kuzə və güyümlərini doldururdular.
Mən bu tamaşa ilə məşğul ikən birdən “hey… hacı… çi” səsi qulaqlarımda cingildədi. Tez səs gələn tərəfə döndüm, gördüm ki, bizim qonşu boz eşşəyin üstündə gəlir. Sevinib yerimdən qalxdım. Evə doğru döndük. Evə yaxınlaşınca bizim boş eşşək bizdən daha tez yeyin getməyə başladı. Biz eşşəyə acıqlanıb dayandırmağa çalışır, anamdan salamat müjdəsi almaq istəyirdik. Biz onu dayandırmağa çalışdıqca o, daha artıq yeyinləyir, başı ilə bizi itələyirdi. Axırda gur səsilə gəldiyini elana başladı. Çoxdan bəri evimizin çəpəri arxasında durub bizi, daha doğrusu, eşşəyi gözləyən anam anqırtı səsindən onun salamat olduğunu anladı və bizim xəbərimizə ehtiyacı olmadı. Anam bizi görüncə:
– Yenə mənə şükür edin ki, qurdun ağzını bağlatdım. Yoxsa eşşək tapılacaqmı idi? – dedi və bizi dindirmədən ev tərəfə çevrildi.
* * *
Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı. Atam isə əsla razı olmurdu. Ona görə evimizdə uzun-uzadı durğunluq, soyuqluq görünür, anam atamdan, atam isə hamımızdan küsmüşdü. Axırda anamın bəxti gətirdi. Atam azarlı bacısını görmək üçün Qori kəndinə getdi. Anam daha fürsəti qaçırmaq istəmədi. Məni tez hazırlayıb qardaşı Osman əfəndi ilə İstanbula yola saldı.
Azqur-Batum
Səhər tezdən Azqurdan çıxdıq.
Faytonumuzun atları Borjoma doğru dördnala gedirdi. Gün batana yaxın Xaşura çatdıq. Orada dəmiryol qatarını görüb şaşdım. Şaşğınlığım qatara girəndən sonra daha çox artdı. Bir-birinin arxasınca uzun-uzadı düzülmüş, gözəl rəngli otaqların atsız, öküzsüz özbaşlarına getmələrinə bir dürlü inanmadım.
Qatarımız bərk kişnəyib pıxıldayandan sonra yola düşdü. Mən pəncərənin yanında oturub çölə baxırdım. Teleqraf dirəkləri, ağaclar, dağlar bizim tərsimizə doğru axır, hey axırdı. Axşam olunca, mumlar yandı. Bir neçə saat sonra hər kəs öz yerində xoruldamağa başladı.
Mən isə düşünürdüm. Bu qədər çox və ağır otaqları çəkib aparan və belə bərk qaçıran nədir? Bu qaranlıq gecədə nə cür görüb gedir? Qatarın beşik kimi yırğalanmağı da məni yormuş, yuxulatmış, həm də eylə dərin yuxulatmış ki, səhər güclə oyandım.
Batum-İstanbul
Artıq Batuma çatdıq. Vaqondan enib müsafir evinə getdik. Üçüncü günü biletlərimizi alıb bir Avstriya gəmisinə mindik. Qarnına yüzlərcə adam və minlərcə put yük dolduran dağ kimi böyük əjdahanın balıq kimi suda üzüb getməsi məni daha artıq şaşırdırdı.
Hələ bir gün sonra gəmimizin Qara dəniz ənginliklərini yarıb keçməsi, yolda iri balıqların bizimlə yarışa çıxmaları, günbatan çağı üfüqün al rənglərə boyanması, gecə aydan tökülən nur parçalarının dəniz üzərində dalğalanıb göz qamaşdırması mənim üçün birər təzə və təəccüblü hal idi.
Üçüncü günü gəmidən arkadaşlarımın:
– Fosfor, Fosfor, iştə Fosfor! – deyə qopardıqları sevinc səsləri İstanbula çatdığımızı müjdələyirdi.
Fosforu yavaş-yavaş keçirdik. Gəmimiz irəlilədikcə qarşımıza çıxan gözəlliklər keçənləri unutdurur, hər yeni saat, hər yeni dəqiqə tamaşaçıları heyrətə salırdı. Lakin mən bu təbii gözəlliklərdən artıq dayımın anama öyə-öyə qurtara bilmədiyi böyük cameləri, incə, yüksək minarələri görmək istəyirdim. Gəmimiz Fosforu qurtarıb sağa döndüyü vaxt gözlədiyim minarələr gözümə sataşdı.
Gəmidən çıxıb şənlikli yollardan, uzun körpüdən keçdik. Gah düz, gah yoxuşlu küçələrdən keçib Fatehdəki Başqurşunlu mədrəsəsinə düşdük.
İstanbula gələndən dörd-beş gün sonra anama aşağıdakı məktubu yazdım:
“Anacan! Azqurdan çıxan axşamı Xaşura yetişdik. O axşam da dəmiryol qatarına minib sabahnan Batuma çatdıq. Batumda gəmiyə minib, üçüncü günü İstanbula vardıq.
Anacan! İstanbul çox böyük və gözəl şəhər. Hələ ulu cameləri ni görəsən, nə qədər xoş və nə qədər b əzəkli. Cameyə namaz qılmağa gələndə hər vaxt sən yadıma gəlirsən. Dayım hər gün cameyə dərsə gedir. O gedəndə mən odada yalqız qalıram. Sənə, babama, bacılarıma, qardaşlarıma, qohumlarıma çox həsrətləndim. Gələndə atamla görüşməməyim, hələ ondan iznsiz gəlməyim heç ürəyimdən çıxmır.
Anacan! Mənim üçün marağınız olmasın. Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum. Dayım mənim üçün bir qat təzə paltar və fəs aldı. Mən çox yaxşıyam. Anamın, atamın, dayılarımın, əmilərimin, bibi və xalalarımın əllərindən öpürəm. Bacılarıma, qardaşlarıma, dayı, xala və əmi oğullarına, qızlarına, qonşulara çoxlu-çoxlu salam.
Oğlun Ömər
İstanbul, 15 avqust 1882”
Bizdən sonra bizim kənddən İstanbula gələnlərdən aldığım xəbərə görə mənim bu birinci məktubum anamı yalnız maraqdan deyil, atamın hər gün üstünə tökdüyü minnət və sözdən də qurtarmış. Atam bu məktubumdan sonra bir az yumşalmış, anamı danlamaqdan azçox əl çəkməyə başlamış.
Anam sevincindən məktubu alıb qardaşlarına, bacılarına, qonşularına göstərib oxutdurur, qoltuqlarını qabardırmış: “Bundan sonra ölsəm də, qəm yeməm, oğlum oxuyub böyük molla olacaq, dinə, padşaha qulluq edəcək” – deyirmiş. Gələnlərin sözünə görə, mən Azqurdan çıxandan iki gün sonra atam evə gəlmiş, anam qardaşıgilə qaçıb gizlənmiş, atam evdə məni görməyincə işi sezib acıqlanmağa başlamış. Evdə heç kəs ona getdiyimi deyə bilməmiş. Axırda bacanağı Əliağa işin üstünü açıb onu sakitliyə dəvət etmişsə də, atam dinləməyib, böyük qardaşım Yusifi Batuma qədər göndərib ki, məni tutub gətirsin. Yusif Batuma çatan vaxt mən Qara dənizdə gəmidə imişəm. O, məni tapa bilməyib qayıtmış, anam mənim məktubum gedincəyə qədər atamın gözünə görünməmiş, qardaşıgildə qalmış.
Çox keçmədən anamdan məktubumun cavabını aldım:
“Nuri-didəm Ömər! Məktubu dəstimizə vüsul oldu. Doçeşm həsrətlə qiraət edib dərəceyi-nəhayədə məmnun və məsrur olduq. Nuri-eynim! Əgər bizdən sual edərsən, əlhəmdülillah, cümləmiz sağ və salamat olub səndən başqa bir fikir və əndişəmiz yoxdur. Bizim xüsusumuzda heç bir gün qəm və kədərin olmasın. Pədərin də orda təhsili-elm etməyə imdi daha razıdır. Sənə xeyir-dua edir. Əfəndi dayıların, Ağa əmin, xanım bibi və xanım xalaların cümləsi doçeşm həsrətindən busə edirlər. Bəradər və həmşirələrin, bibi və xalazadələrin, cümlə qonşuların xatiri-şərəfini sual edirlər. Cümləsinin salamları var…
Validən Həmidə xanım.
Azqur, təşrini əvvəl 1883”
İstanbul: Fateh mədrəsəsində (1882)
İstanbulun mərkəzinə yaxın hündür bir yerdə sultan Fatehin yapdırdığı dörd minarəli böyük bir came var ki, Fateh camesi deyirlər. Özgə böyük camelərin ətrafında olan kimi bunun da hər gün iki tərəfində camelərdə oxuyan tələbələrə məxsus mədrəsələr vardır. Bu mədrəsələr vaxtilə elmi məqsəd üzrə yapılmış olsalar da, hazırda bütün mənası ilə birər tənbəl, əsgər qaçağı, əxlaqsızlıq ocağına dönmüş. Hər kim istərsə gələr, birər vasitə ilə bura girər, istərsə, oxuyar, istərsə, oxumaz, pozuq bir halda kefi istədiyi qədər qalar, hökumətdən hər gün yeyəcək alar, axırda mədrəsədən mədrəsə elmlərini oxuyub qurtardığına dair icazənamə alar, Anadolu və ya Rum elini gəmirməyə gedər.
İştə belə bir yerdə oxuyanlardan biri də məni bura gətirən dayım Osman Əfəndi idi. Ancaq dayım Qafqazdan məxsus oxumaq məqsədilə gəldiyi üçün özgələrə nisbətən az-çox oxuyurdu. Bu mədrəsədə dayımla bərabər bir ilə yaxın qaldım. Dayım hər gün fateh camesinə gedib dərs oxuyurdu. Mən otaqda tək qalırdım. Burada birlikdə gəzəcək, oynayacaq nə bir arkadaşım, nə də bərabər oxuyacaq bir yaşıdım var idi. Bir az sonra anama aşağıdakı məktubu yazdım:
“Dayım mənə hər gün ərəbcə hərfdən dərs verir və tapşırır ki, camedən gəlincəyə qədər onu əzbərləyim.”
Dayımın əzbərləməyə məcbur etdiyi dərs isə mənim üçün anlaşılmaz bir bəla idi. “Nəsərə yənsürü, nəsirün, nəsirün, mənsurun, ləmyənsür” kimi ərəbcə bir sürü sözləri hər gün əzbərləmək məndə heç bir maraq oyandırmırdı. Bir il qabaq öz kəndimizdə oxuduğumuz rusca da ərəbcə kimi yad bir dil idi. Lakin heç olmasa:
"Петуuıoк, nemyıuoк,
3oлomoü гребешок” – nəzmini anlar, sevə-sevə oxuyar, həvəslə əzbərlərdim.
Bu ərəbcələrdən isə heç bir şey anlamırdım. Bütün günü axşama qədər yalnız oturub anlamadığım və sevmədiyim dərsləri əzbərləməyə, yalnız əzbərləməyə çalışırdım.
Çox vaxt əlimdə kitab: nəsəra, nəsəru, nəsarət, nəsərəta, nəsərinə… Əzbərlərkən yuxuya tutulur, saatlarca öylə qalırmışam ki, dərsdən gələn dayım ayağilə acıqlıacıqlı vurub məni zorla oyandırırdı.
İlboyu nə bir dürlü dərs, nə bir dürlü iş, hələ zorla əzbərləmə, bir yerdə büzüşüb axşama qədər oturma, oyunsuz, işıqsız, yoldaşsız yaşamaq məndə mədrəsə həyatına qarşı son dərəcə nifrət və üsyan oyandırdı. Bu nifrət yavaş-yavaş məni buradan qaçmaq, qurtulmaq xəyalına düşürdü. Lakin nə yolla və nərəyə qaçmaq? Heç bir yol, heç bir yer bilməyirdim. Dərsimi əzbərləyəndən sonra uzun-uzadı düşünür, iştə mənim buraya gəlməyimə razı olmayan atama yazmaq, geri getmək istəyirdim. Amma anamın ümidini, zəhmətini, qohumqonşuların yanında utanacağını fikirləşib geri getməyi ürəyim çəkməyirdi. Bu, mənə də ağır gəlirdi.
Bir gün dayımla bərabər Sultan Səlim camesinə gedirdik. Yolun kənarında, geniş, gözəl bir bağçanın ortasında böyük, yüksək, dördqatlı bir yapı3 gözümə sataşdı. Bunun bağça qapısı barmaqlığından qorxa-qorxa içəri baxdım, gördüm ki, mən boyda və daha böyük bir çox çocuqlar gülüşür, oynaşır, qaçışırdılar.
Ah, bu nə gözəl yer, tam mənim istədiyim! Məgər burası “Darüşşəfəq” məktəbi imiş.
Ertəsi günü dayım cameyə dərsə gedən kimi mən də bir gün əvvəl gördüyüm məktəbə doğru can atdım. Qapısında saatlarca durub içərisini tamaşaya daldım. Çocuqların oyunlarını qurtarıb məktəbə girincəyə qədər oradan ayrılmadım.
Mənim uzun-uzadıya durub həsrətlə baxmağım mürəbbinin gözünə sataşmış olmalı ki, mənə:
– Yavrum, nə çox baxdın, qohumun, kimsən yoxdur ki?
– Yox, əfəndim! Bizim köy4 məktəbində də böylə oynuyurduq, qaçırdıq. Bunları görüncə arkadaşlarım, məmləkətim xatırıma düşdü.
– Yavrum, məmləkətin nerəsidir?
– Qafqaz!
– Qafqazmı? Buraya səni kim gətirdi, nerədə olursan?
– Dayım gətirdi, oxumaq üçün. Fatehm ədrəsəsində oluruq.
– Oxuyursanmı?
– Əvət, mədrəsədə ərəbcə oxuyuram. Lakin orasını heç sevmirəm. İstəyirəm yenə məmləkətə geri gedəm.
– Neçin məmləkətə gedirsən, dayınıza deyin, səni buraya versin! Burada oxumağı istərsinmi?
– İstərim, neçin istəməm. Lakin dayım buraya verməz. Versə də, heç məni buraya alırlarmı?
– Neçin almasınlar, burası sənin kimi yetimlər, qəriblər üçündür, yavrum!
Mürəbbinin son sözü beynimdə bir ümid və sevinc oyandırdı. Düşünə-düşünə mədrəsəyə döndüm, amma gec gəldiyim üçün dayımın yanına necə gedəcəyimi, nə deyəcəyimi bilməyirdim. Qorxa-qorxa qapını yavaşca araladım. Dayım məni görən kimi:
– İndiyə kimi hankı cəhənnəmdə idin? – deyə bağırdı.
Mən dayımı acıqlı görüb özümü dişarı atmaq istərkən, o, daha tez əlini qulağıma atdı və bir-iki şillə də endirdi.
Mən bundan sonra daha nə dərs əzbərləyirdim, nə də mədrəsədə dururdum. Dayım cameyə gedən kimi mən də o məktəbin qapısına gedir, içərisinə yana-yana baxırdım və sonra tezcə dönüb gəlirdim ki, dayım duymasın.
Bir cümə axşamı günü yenə oraya getmişdim. Birdən nə gördüm: şagirdlər koma-koma, sevinə-sevinə qapıdan çıxırlar. Həpsinin üstlərində təzə qara paltar. Qollarında yaşıl şərid danışa-danışa evlərinə gedirdilər.
Mən bir komanın arxasınca mədrəsə yaxınlığına qədər getdim, ayrılacağım vaxt şagirdlərdən biri:
– Arkadaş, nə çox baxdın, bizi kimsənəmi bənzətdin?
– Xeyr, burada kimsəm yoxdur. Sizin paltarlarınız, danışmanız xoşuma getdi də…
– Burada niyə kimsən yoxdur, dışarılımısan?
– Əvət, qafqazlıyam.
– Qafqazlımı, kimsəsiz necə buraya gəldin?
– Dayımla gəldim.
– Harada oxursan?
– Mədrəsədə, ancaq heç sevmirəm. Oradan çıxmaq istəyirəm.
– Gəl bizim məktəbə!
– Məni heç oraya alırlarmı?
– Necə almazlar. Bizdə qafqazlı, türküstanlı da var. Sizi daha tez alırlar. Dayına de, bir ərzi-hal yazsın, müdirə versin.
– Dayım məni mədrəsədən buraxmaz. O, məktəbə girdiyimi heç istəməz.
– O halda, sabah sən özün gəl, müdiri gör, qafqazlı yetim olduğunu söylə, yalvar, bəlkə, qəbul edər.
Beş-on dəqiqəlik söhbətdən sonra ayrıldım. Lakin xəyalım onlardan ayrılmırdı. O gecə səhərə qədər yuxumda da məktəbi sayıqlayırdım. Onsuz da, ortada boş ümid və sayıqlamadan başqa nə ola bilərdi? Bununla bərabər, bu boş ümid və sayıqlama gözümə bayquşlar yuvası kimi görünən mədrəsədə mənim üçün xoş və dadlı bir xəyal idi.
Səhər açılan kimi dayım cameyə, mən də məktəbə tərəf uçdum. Qapıda dayanıb həsrətlə baxmağa başladım ki, dünənki şagirdlərdən biri məni tanıyıb:
– A qafqazlı! Nə durursan, ərzi-halın hazırmı?
– Xeyr, kimə yazdıracaqdım!
– Öylə isə burada dur, məni gözlə, görəyim müdir bəy məktəbdəmi? – deyib getdi.
Bir az sonra gəlib gülə-gülə:
– Bəxtin varmış, müdir bəy bağçada gəzir, – dedi.
Dəftərindən bir yarpaq cırıb mənim, atamın adını, haralı və neçə yaşında olduğumu, harada yaşadığımı yazıb getdi. Beş-on dəqiqə sonra yazdığı ərzi-halı mənə uzadıb:
– Sıxılma, utanma, düz götür müdirin özünə ver, – dedi.
Mən də götürüb müdirə verdim. Müdir ətraflı oxuyandan sonra gülərək:
– Demək, bizim həmşərisən? Burada heç kimsən yoxmu?
– Təkcə dayım var.
– Nəçidir, nerədə olur?
– Tələbədir, Fateh mədrəsəsində olur.
– Yaxında imiş, get çağır yanıma gəlsin.
– Dayım bilsə, məni məktəbə qoymaz ki.
– Ya ondan izinsizmi gəldin?
– Nə edim, o, mədrəsədən buraxmaz.
– Yox, ondan izinsiz eyi5 deyil. Sən get çağır, mən razı edərəm.
– Baş üstə, – deyib getdim, amma dayıma necə deyəcəyimi bir dürlü kəsdirəmədim. Uzun düşünüb daşındım. Axırda cürətə gəlib məktəbə girmək istədiyimi, müdirə ərizə verdiyimi qısıla-qısıla anlatdım. Dayım başını sallayıb, “La hövla vəla qüvvətə illa billahi” oxuya-oxuya:
– Hələ bunun etdiyi qələtə bax, anan səni mədrəsəyə molla olmağa göndərdi, məktəbə girib oynamağa, gavur olmağa yox! – deyə bağırdı. Mən isə daha utanmayıb üzünə durdum:
– Nə olsa, daha mədrəsədə durmayacağam, ərəbcə oxumayacağam, məktəbə verirsiniz, oxurum, yoxsa qaçıb məmləkətə gedəcəyəm. Bu saat müdir bəy sizi çağırır və gözlüyür. Bəlkə, rəhmə gəlib məni qəbul edəcək, yalvarıram ki, mane olmayasınız.
Bu ilk və kəskin duruşum dayımı düşündürməyə, yumşaltmağa başladı. Bu səfər əvvəlki kimi acıqlanmadı. Başını bir az o yana, bu yana sallayandan sonra qarşı otaqdakı yoldaşının yanına girdi. Xeyli oturdu. Mən isə böylə gözəl fürsəti itirəcəyimə heyifsilənib acığımdan nə edəcəyimi bilmirdim. Gecdən-gec dayım yoldaşı ilə çıxdı və mənə:
– Gedək görək, müdir bəy nə yumurtlayacaq.
Gedib müdirin yanına girincə, o:
– Xoş, əfəndi, yegəniniz6 burada oxumaq istəyir, razı olsanız, qafqazlı və yetim olmasına görə qəbul edəriz. Madam ki, oxumağa həvəsi var, qoyunuz oxusun.
– Bəy əfəndim, yegənim İstanbula mədrəsədə oxumaq, molla olmaq üçün göndərilmişdir. Amma mədrəsədə oxumağa heç həvəsi yox. İlla bu son günlərdə heç qulaq asmır. Vallah, mən də çaşıb qalmışam, bilmirəm, nə edim.
– Onu qoyunuz, burada oxusun.
Dayım az-çox fikirləşəndən sonra:
– Nə deyim, bəy əfəndi, bizdəki oxuyana bənzəmir, buyurursunuz, burada oxusun, mən də əhvalatı məmləkətə yazaram.
Ücretsiz ön izlemeyi tamamladınız.