Kitabı oku: «Yaşıl mürəkkəb»

Yazı tipi:

OSMAN BALCIGİL

YAŞIL MÜRƏKKƏB

Səbahəddin Əli haqqında roman

Səbahəddin Əli başına gələcəklərdən agah olsaydı, qətiyyən həmin səfərə çıxmazdı.

Ötən günlərdəki kimi zəngli saatın təpəsinə vurar, yorğanı başına çəkər, səhər yuxusundan ləzzət alardı.

Bu dəfə əksini etdi: yataqdan sıçradı, gecə köynəyini qatlayıb əvvəldən hazırladığı çantaya qoydu. Əynini geyindi.

Hamama yüyürüb əl-üzünü yudu, dişlərini fırçaladı, ağ saçlarını səliqə ilə daradı, qızılı çərçivəli eynəyini taxdı.

Otağına qayıtdı, axşamdan hazırladığı iki zərfi və çantasını götürüb salona qalxdı.

Rasix qəlyanaltı süfrəsi hazırlayıb, onu gözləyirdi. Pürrəngi çay süzüb qardaşıtək sevdiyi Səbahəddinlə üzbəüz oturdu.

Oturan kimi parçaya bükülü əmanəti ona uzatdı.

– Yoxladım, qaydasındadır. Arxayın ol.

Səbahəddin Əlinin çöhrəsində qəribə təbəssüm oyandı.

Rasix bu təbəssümdən, “Silah nəyimə lazımdır?” – sualını oxumuşdu.

Məşhur yazıçı tapançanı özünə tərəf çəkdi, əyləşdiyi stula söykədiyi çantanı qucağına aldı.

Zərfləri stolun üstünə qoyub tapançanı götürdü.

* * *

Keçmişin gözəl xatirələrinə qarışdı.

Mavi səyahət vaxtlarında əlindəki tapançanın hekayəsi ilə birgə yaddaşına həkk olunmuş anlar zehnində canlandı.

Hərçənd ötən günləri bir o qədər yaxşı keçməmişdi, amma belə çətinliklərlə də üzləşməmişdi.

Əlqərəz, Səbahəddin hər şeyi puç etmişdi.

* * *

Nəhayət, xatirələrdən sivişdi, sağ əlinin şəhadət barmağını zərflərə uzadıb öləziyən səs tonu ilə:

– Dediyim kimi, gecə birini Aliyəyə çatdır, o birini də Məhməd Əlinin qapısının altından at. Hər ikisinin adı zərflərin üstündə yazılıb, – dedi.

Rasix başını yellədi. Üzünə Səbahəddinin xoşladığı, xüsusilə, çətin anlarda peyda olan etibarlı ifadənin işığı yayıldı.

Yazıçı düşündü ki, gənc oğlanın bu halını daha çox sevir. Onun bu görkəmini yaddaşının dərin qatlarına – əbədi xatirələrinin arasına həkk etdi.

Müşkül, hamının ondan hürkdüyü çətin günlərdə gənc Rasix hansısa təhlükədən çəkinmədən evinin qapısını ona açmış, bu müddət ərzində onun dostuna, qardaşına çevrilmişdi.

* * *

Gecə hər şeyi danışdıqları üçün səhər yeməyini hansısa ayini həyata keçirircəsinə səssizcə yedilər.

Bir neçə zeytun, bir tikə pendir, Rasixin qabığını soyub dilimlədiyi, üstünə zeytun yağı tökdüyü pomidor, armudu stəkanda pürrəngi çay. Qızardılmış çörək də öz yerində.

… Beləcə davam etsə, nə gözəl olardı.

Amma söhbət Səbahəddindən gedirsə, işlərin belə gözəl davam etməyinə nə imkan, nə də ehtimal vardı.

* * *

– Yolçu yolunda gərək! – yazıçı ayağa qalxdı.

Çantasını götürüb qarderoba tərəf addımladı, qararəngli dəri gödəkcəsini geyindi. Rasixi bərk-bərk qucaqladı.

– Başqa vaxt, başqa yerdə, Rasix… – dedi, – İki damcı göz yaşı yanaqlarına süzüldü.

Ağlamamaq üçün özünü güclə saxlayan, doluxmuş Rasix də, “Özünə yaxşı bax, qardaşım” – deyib təzədən ona sarıldı.

Rasix Səbahəddinə ilk və son dəfə, “Qardaşım” – demişdi.

Səbahəddin uzatmaq istəmədi. Yoxsa əlavə edərdi: “Vətən sənə əmanətdir, gənc dostum”.

Qəhərdən boğuldu, səsi çıxmadı. O danışmasa da, Rasix yazıçı dostunun nə demək istədiyini başa düşdü.

Məsələ ağır vəziyyətdə qıvrılan ölkəsi, bir tikə çörəyə möhtac insanlardırsa, zülmün, qəddarlığın kimdən necə gələcəyinin Rasix üçün qorxusu yox idi.

* * *

Pilləkəndə hiss etdi ki, gənc dostu onun ardınca qapını bağladı: beləcə, keçmişlə əlaqəsi qopmuş, gənc dostu ilə birgə tanıdığı dünya da geridə qalmışdı.

… Binanın ağır dəmir qapısını bağlayandan sonra necəliyi, nəticəsi haqda zərrəcə gümanı olmayan səfəri başlayacaqdı.

Tərəddüdsüz, sürətlə küçəyə çıxdı, yolun o tayına keçdi.

Son dəfə binaya – onu ən çətin zamanlarda qorxmadan qonaq edən Rasixin mənzilinə boylandı.

Gənc dostu da pəncərədən ona baxırdı.

– Əziz Rasix… – Səbahəddin öz-özünə pıçıldadı.

Dostu Rasixi və bir neçə əzizini arxada qoyub məchul yola üz tutdu.

* * *

“Bir dəfə də yola bu cür çıxmışdım”, – addımlayarkən düşündü.

İyirmi il əvvəlki səfərə bugünkündən fərqli yola salınmışdı…

BİR

1928-ci ilin dekabrında – qışın ilk günləri İstanbulun zərif tikilisi Sirkəçi vağzalında1 yenə izdiham vardı.

Pəltək Səbahəddin onu yola salmağa gələnlərin arasında həmişəkitək işıq saçırdı. Səliqə ilə daranmış saçı, eynəyi, kostyumu, paltosu, qalstuku və fedora papaqla əsl alicənaba oxşayırdı. Digərlərinə nisbətən bəstəboy olsa da, bütün nəzərlər onda idi. Həmişəki kimi hamını özünə valeh edirdi.

Keçmişdən, indidən, gələcəkdən… – nələr danışmırdı! Otuz iki hissə hamısı birdən.2

* * *

Həyəcanlı idi. Həyəcan nədir? Şövqlü idi! Möhtəşəm hədəfləri, izahımüşkül xəyalları vardı.

Gözəl xəbəri alanda, “Budur! Nəhayət, bəxtim açıldı” – demişdi.

Sirkəçi vağzalında sevincdən atılıb-düşməyinin, üz-gözündə güllər açmağının, zarafatlarının səbəbi başına qonan tale quşu idi.

* * *

Gözü bir qıza sataşdı. Deyəsən, qız da ona baxırdı, ya da Səbahəddin elə zənn etmişdi.

Göz-gözə gəlmək ümidi ilə təzədən boylandı.

Bu, Səbahəddinin adəti idi: qadınlarla ünsiyyət qurmağı xoşlayırdı. Yaşamı qadınlarsız təsəvvür etmirdi. Həmcinsləri olmasa, bəlkə, birtəhər dözərdi, amma qadınsız əsla.

Zarafatlar, söz-söhbətlər… Amma onun fikri həmin qızda idi.

İmtahanı bir yerdə vermişdilər. Deməli, o qız da qalib olub və səyahətə birgə çıxacaqlar.

Səbahəddinin ürəyi fərəhlə aşıb-daşdı.

* * *

Qatarın tərpənməyini gözləyənlər diqqətlə divardakı iri saata baxırdılar. Nəhəng əqrəb sürətlə axır, hər dövrədə kiçik əqrəbi Almaniya qatarının hərəkət saatına bir az da yaxınlaşdırırdı.

Nəhayət, qatarın dispetçeri amiranə tərzdə fit çaldı, əlindəki rəngli fənərləri qaldırıb sürətlə qatarın başına – lokomotivə sarı yüyürdü.

Vaxt idi.

Səbahəddin bir əlini Pertevin3, digərini Nihalın4 çiyninə qoydu:

– Minməsəm, mənsiz gedəcək, – başı ilə qatara işarə etdi.

Dostları bayaq qatara minən gənc qızın onun ağlını başından almasından xəbərsiz idilər.

Gənc Səbahəddin əziz dostlarına, “Salamat qalın” – dedi, filmlərdəki səhnələri təqlid edib özünü son anda qatara atdı.

Bu təlxəkliyi ilə dostlarını güldürdü.

* * *

Gözü qatar dispetçerində olan maşinist fit ipini bu dəfə gec buraxdı və yorğun lokomotiv hərəkətə başladı.

Səbahəddin digər sərnişinlər kimi pəncərədən boylandı, Sirkəçi vağzalında hay-küy salan dostlarına əl etdi.

Pertev son anda irəli atılıb əlindəki qəzeti – bu, 28 noyabr 1928-ci il tarixli “Cümhuriyyət” qəzeti idi – Səbahəddinə uzadıb:

– Bunu saxla, – ucadan dedi, – latın hərfləri ilə çap olunan ilk qəzetlərdəndir. Yüz ildən sonra çox dəyərli olacaq. İçindəkiləri də diqqətlə oxu.

– Əlbəttə, əlifba inqilabı uğurla başa çatsa! – Səbahəddin gülə-gülə qəzeti yellədi.

* * *

Taraq-turuqla şütüyən köhnə qatarda bir əlində taxta çamadan, digərində “Cümhuriyyət” qəzeti tutan gənc ətrafa göz gəzdirdi. Axtardığı qız bu vaqonda deyildi. Vaqonlararası qapılardan keçə-keçə qatar boyu irəlilədi. İki vaqon sonra hədəfinə çatdı.

Platformada rastlaşdığı qızı tanımadığı üç başqa tələbə ilə tapdı. Gənclər qızın qarşısında oturmağa çəkinmişdilər. Səbahəddin fürsəti fövtə verə bilməzdi. Ona görə də cəld tərpəndi.

Deyəsən, birlikdə Almaniyaya dil öyrənməyə gedəcəkdilər.

Beş gəncin hər biri Müəllim Məktəbinin məzunu idi və Qazinin5 istəyi ilə həyata keçirilən proqrama əsasən İstanbuldan yola çıxırdılar.

Dəsmalıyla göz yaşını silən gənc qızın qarşısında oturub əlini uzatdı:

– Adım Səbahəddindir. Sizin kimi Almaniyaya gedirəm.

Qız təəccüblənmədi. Birlikdə gedəcəklərini əvvəldən – platformadakı baxışlarından başa düşmüşdü.

O da əlini uzadıb:

– “Məlahət”6, – dedi və əlavə etdi, – Tanışlığa şadam.

Nədənsə Səbahəddin səfər yoldaşını adəti üzrə söhbət atəşinə tutmadı. Qarşıda uzun yol, danışmaqçün xeyli vaxt vardı.

Hələ vaqonun pilləkənində, “Ağır otur, batman gəl” – deyib özünü tənbeh etmişdi.

* * *

İçində “Rəsmli Ay”ın7 son sayı olan “Cümhuriyyət” qəzetini açdı.

Jurnalı yanına, latın əlifbası ilə çap olunmuş qəzeti dizləri üstünə qoydu. İlk sətirləri oxuyanda “Milliyyət” qəzetinin altı ay əvvəl başlatdığı təcrübə yadına düşdü. O vaxt “Milliyyət” öz manşetində “Bax vəqil İsmət Paxa cənablarının İstambula gəlixini” xəbər vermişdi.

Türk dilinə uyğun olmayan şriftlərlə yazılan xəbər xeyli gülüş doğurmuşdu. Yazının başlığına əlavə qeyd də qoyulmuş, latın hərflərinin necə oxunacağı izah edilmişdi.

“Milliyyət”in ardınca “Cümhuriyyət”, “İqdam”, “Son Saat”, “Hakimiyyəti-milliyyə” bu təcrübəni sınamışdı. Qəzetlərdə bir müddət ərəb hərfləri ilə yanaşı latın əlifbası ilə yazılan türk dilinin də istifadəsinə başlanmış və nəticədə, islahat tamamlanmışdı.

Səbahəddinin yola düşdüyü gündən etibarən bütün qəzetlər yeni türk dilində çap olunacaqdı.

Pertevin verdiyi qəzeti oxuyarkən bir tərəfdən də islahat üçün görülən hazırlıqların işə yaradığını düşünürdü. Yeni əlifba ilə yazılan türk dilini istifadə edən qəzetlər bu yolda xeyli əhəmiyyətli iş görmüşdü. Ölkənin hər tərəfində açılan kurslar da yeni yazının mənimsənilməsində çox faydalı olmuşdu. Bununla belə dəyişiklik üçün bir çox insanın qəzet oxumaqdan vaz keçəcəyi güman edilirdi. Avamından ziyalısına qədər – hər kəs qəzet satışının iyirmi beş-otuz faiz azalacağından bəhs edirdi.

Gənc düşünürdü: “Görək… Deyilənlər, həqiqətən də, baş verəcəkmi?”

Səbahəddin yaxşı bilirdi, gənc Türkiyə dövlətinin məqsədi müasirləşməkdir. Onun Almaniyaya göndərilməsi də elə bu məqsədin bir hissəsi deyildimi?

Şübhəsiz!

Türkiyə Respublikası Almaniya, İngiltərə və Fransaya onlarla gənc göndərirdi. Qazinin də vurğuladığı kimi, məqsəd ölkəni çağdaş mədəniyyət səviyyəsinə qaldırmaq idi.

* * *

Səbahəddin yeni əlifba ilə yazılmış bir məqaləyə də göz gəzdirib qəzeti qatladı:

– Oxumaq istəyirsiniz? – deyib yol yoldaşına uzatdı. Gənc qız gülümsündü və təşəkkür edib qəzeti götürdü.

Gənc tələm-tələsik taxta çamadanını açdı, içindən bir kitab və balaca lüğət çıxarıb dizlərinin üstünə qoydu.

Yeniqapı və Lanqa bostanları artıq geridə qalmış, solda güclə görünən dəniz tədricən gözdən itirdi. Qatar Halqalıdan8 şimal-qərbə – Frakiyanın9 mərkəzinə hərəkət edirdi.

* * *

Vaxt keçdikcə Frakiyanın soyuğu əməllicə hiss edildi.

Səbahəddin zəif lampa işığında Məlahətin əl çantasından bir cüt əlcək çıxardığını gördü. Maraqla gənc qıza yaxınlaşıb:

– Üşüyürsünüz? – soruşdu.

Gənc qız başıyla təsdiqlədi:

– Çox soyuqdur.

Səbahəddin səfərə hazırlaşdığı vaxt yol şəraiti və Almaniya haqqında məlumat toplamışdı:

– Ədirnəni keçənə qədər bu köhnə lokomotivlə gedəcəyik. İstiliyi yoxdur. Sonra bolqarların qatarına minəcəyik. Eşitdiyimə görə, o qatarlar qızdırıcılıdır; lokomotivdən vaqonlara istilik yayılır. Almaniyaya üşümədən gedə biləcəyik.

Ətraflı izaha qulaq asan Məlahət, “Olduqca bilikli adamdır” – düşündü. Gəncin yüksək diqqətini görən qız bir-iki kəlmə danışmağı lazım bildi.

– Deyəsən, bir qədər almanca bilirsiniz, eləmi? – Səbahəddinin dizi üstündəki almandilli kitaba və lüğətə işarə etdi. Beləcə, Səbahəddinin ünsiyyətqurma səyinə qarşı tamamilə səssiz qalıb kobudluq etmədi.

– Xeyr, – gənc dedi. Qızın diqqəti könlünü oxşadı. Onunla danışandan bəri büründüyü roldan çıxıb özü oldu, yenidən kəkələyə-kəkələyə gəvəzələdi, – Bu kitab keçən il əvvəl ingiliscə çap olunub və çox maraq çəkdiyindən dərhal alman dilinə tərcümə edilib. Dostum verdi. Lüğətdən istifadə edərək sözləri tapmağa çalışıram. Adı “Neft”, müəllifi Epton Sinklerdir10. Elə indiyəcən çətinlik çəkmədən tapdığım kəlmələr sadəcə kitabın və müəllifin adıdır.

Gənclər bir-birinə baxıb gülüşdülər.

* * *

Qatar Frakiyanın mərkəzinə yaxınlaşdıqca soyuq daha kəskin hiss olunurdu. Sərnişinlər gecə soyuqdan titrəyəcəkdilər.

Hamı jaket geyindi. Hətta bəziləri əyninə üst-üstə iki jaket keçirdi, adyalı olanlar yanındakılarla bölüşdü.

Sirkəçi vağzalından yola çıxmış qatar dan söküləndə Bolqarıstan sərhədini keçdi. Sərnişinləri digər qatara ötürdülər. Son model lokomotivdən vaqonlara yayılan istilik sayəsində hamı rahat nəfəs aldı.

Səbahəddin qeyd dəftərçəsinə Bolqarıstanla Türkiyə arasındakı fərqi yazmışdı. Osmanlıdan yadigar ölkənin Birinci Dünya müharibəsindən sonrakı sürətli dirçəlişinə həm heyrətlənmiş, həm də əsəbiləşmişdi.

Plovdivi11 keçəndən sonra Səbahəddini yuxu basdı. Yuxusuzluğa tab gətirə bilməyəcəyini başa düşən gənc bağa12 çərçivəli eynəyini çıxardı, yaşıl mürəkkəbli qələminin qapağını bağlayıb qeyd dəftərçəsi ilə birlikdə qalın paltosunun cibinə qoydu.

* * *

– Haradayıq? – bir neçə saatlıq fasiləsiz yuxudan sonra Səbahəddin soruşdu.

– Bazarcığı13 keçdik, Sofiyaya14 irəliləyirik, – Məlahət cavab verdi.

Səbahəddin karıxaraq həyəcanla:

– Yuxuda sayıqlayıb xoruldamadım ki? – soruşdu.

Qız ona heyrətlə baxıb:

– Xeyr, – dedi.

Səbahəddin qəfil güləndə Məlahət onun zarafat etdiyini başa düşdü. Gülüşməyə başladılar.

Səbahəddin eynəyini taxdı, cibindən qələmini, dəftərçəsini çıxarıb Məlahətin bayaq adlarını çəkdiyi qəsəbələri qeyd etdi. Sonra Məlahətdən:

– Sizə yazılarımı oxuyum? – soruşdu.

Məlahət gülərüzlü gəncin səmimiyyətlə verdiyi suala:

– Əgər şəxsi deyilsə, buyurun, – cavabını verdi.

Səbahəddin boğazını arıtlayıb oxumağa başladı.

“Müfəssəl Cərmənistan Səyahatnaməsi.15 Bismilləhir-rəhmanir-rəhim. Bu səyahətə başlamağımın, təfsilatlı yazıb nəql etməyimin səbəbi…”

İKİ

Almaniyada alman dili, ədəbiyyatı və mədəniyyətini öyrənmək Səbahəddindən ötrü qurtuluş çırağıydı.

Osmanlı İmperiyasında 1907-ci ildə doğulanlar arasında həyatı boyu əziyyət çəkməyən bir nəfər də yoxdur. Səbahəddin isə başıbəlalı Ədirnədə doğulub, ibtidai təhsilini düşmənlə burun-buruna, döyüşlərin getdiyi Ədrəmit, Çanaqqala kimi mərkəzlərdə bitirib.

Ölkənin ən çətin dövründə pulsuz internatda – Balıkəsir Müəllim Məktəbində oxuyub. 1927-ci ildə İstanbul Müəllim Məktəbindən məzun olub, dayısının köməyi ilə Yozqatda bir il müəllim işləyib. Dayısı Rüfət bəy Yozqat Dövlət Xəstəxanasında baş həkim olsa da, Səbahəddin bu şəhəri heç vaxt sevə bilməyib. Qəti qərarla Yozqatdan Ankaraya qayıdıb. Hamıya, Ankaradakı dostlarına da elə hey, “Öldürsələr də, Yozqata ayaq basmaram” – deyirmiş. Təhsil Nazirliyində işləyən dostlarından biri, “İndi nə edəcəksən? – soruşanda, “Moskvaya gedib bəxtimi orada axtaracağam” – deyib. Əslində, bu cavab Səbahəddinin fəryadı idi.

Dostu onun fəryadını sezərək həmin imtahandan bəhs edib iştirakını israrla tövsiyə etmişdi.

Beləcə, Səbahəddinin Almaniya sərgüzəşti başlamışdı.

* * *

– Çox təsirli yazırsan. Yerində olsam, həmişə yazaram, – Məlahət dedi.

Şeirlərini müxtəlif yerlərdə dərc etdirsə də, Səbahəddin özünü nə şair, nə də yazıçı sayırdı.

– Məqsədim elə budur, – dedi, – hələlik yığıram.

Həqiqətən də, yazılarını yığmaqla məşğul idi.

Qatarın keçdiyi hər kəndi, qəsəbəni, bir növ canına çəkir, insanların geyim-keçimlərini, hərəkətlərini incələyir, binaları, yolları yaddaşına yazır, suallar verir, cavabları dəftərçəsinə qeyd edirdi.

Qatarla səyahət qeyri-adi səfər yoldaşı sayəsində Məlahət üçün də əyləncəli idi.

Bir gecə də keçdi, sübh şəfəqi yayıldı.

Səbahəddin Belqrada böyük maraq, heyrət və həsədlə tamaşa edirdi.

Macar düzənliyi barədə dəftərçəsinə “Təsvirinə qələmin gücü çatmır” yazıb, belə davam etdi: “Qatar düz yolla, sağa-sola dönmədən, istiqamətini dəyişdirmədən fasiləsiz altı saat irəlilədi. Yolda zərrəcə kələ-kötürlük olmadı. Bu düzlük qatardakı hər kəsi təəccübləndirdi. Axırda sərnişinlər, “İlahi, yol ya sağa, ya sola barı barmaq boyda əyilsin” – deyə dua etdilər. Nəhayət, möhtəşəm stansiyaya – Peştə16 çatdıq”.

Beləliklə, stansiyalar stansiyaları, şəhərlər şəhərləri əvəzləyəcək, Səbahəddin Peştdən sonra Praqa və Drezdenə də vurulacaqdı.

* * *

Berlinə çatanda Səbahəddinin sanki nitqi tutuldu.

Avtomobillərin vıyıltıyla şütüyüb keçdiyi geniş küçələr, böyük meydanlar və möhtəşəm binalarıyla göz oxşayan Berlin onu özünə valeh etdi.

Səbahəddin binalardan biri haqda belə yazırdı: “Vertheym”17 adlı ticarət mərkəzi var. Bir ucundan baxsan, o biri ucu görünmür. Az qala, bir məhəllədən böyükdür. Deyilənə görə, beş min işçisi var… Maşallah!”

O dövrdə Türkiyədən Almaniyaya gəlmiş gənc müəllim üçün “Vertheym” kimi ticarət mərkəzi, həqiqətən, heyrətamiz idi. 1896-cı ildə inşa edilmiş, damı şüşə olan binada səksən üç lift vardı. Minlərlə müştəri eyni anda alver edirdi.

Şübhəsiz, 1460-cı ildə tikilmiş, minlərlə dükanı olan Qapalı çarşı da əhəmiyyətli ticarət mərkəziydi, amma “Vertheym” gənc Səbahəddinin ağlını başından aldı.

* * *

Səbahəddin dostlarıyla söhbətləşəndə Almaniyanın inkişaf səviyyəsindən dəm vurur, təkrar-təkrar məşhur ticarət mərkəzindən danışırdı.

Doğrudur, müqayisədə türk gənclərin geyim-keçimi, davranış tərzləri almanlarınkından elə də fərqlənmirdi.

İki ölkənin insanlarını qarşılaşdıranda aradakı fərqi görür, inkişaf səviyyəsini müqayisə edib kədərlənirdilər. Halbuki onlar Türkiyənin ən yaxşı yetişdirilmiş, seçilmiş gəncləriydi.

Türk müəllimlərdən ibarət kiçik qrup hər dəfə iki ölkə arasındakı fərqləri müzakirə edəndə söhbət, təbii ki, həmişə eyni nöqtəyə – Osmanlının əhəmiyyət vermədiyi, gənc Türkiyə Respublikasının isə ümdə məqsədi olan sənaye inqilabına gəlib çıxırdı.

Osmanlı imperiyasının müxtəlif bəhanələrlə ölkəyə avtomobil buraxmadığı illərdə Almaniya maşın istehsal edərək başqa ölkələrə satmağa başlamışdı. Beləliklə, “ox yaydan çıxmışdı”.

* * *

Türk hökuməti tərəfindən Almaniyaya dil öyrənməyə göndərilən beş gənc beş gün ərzində şəhəri o baş-bu baş gəzdi və Berlinin sehrinə qapılıb pullarını xərcləyib qurtardılar.

Tütün almağa belə pulu qalmayan Səbahəddin məşhur “Vertheym”dən aldığı qəlyanını doyunca işlədə bilmədi.

Səbahəddin, Məlahət və digər gənclər birlikdə səfirliyə yollandılar.

Elə o gün Səbahəddin, “Səfirliyin bizə rəhmi gəldi, dərhal Potsdama göndərdilər” – üstəlik səfirlik əməkdaşının qısa xəbərdarlığı, “Alman dilini lap tutuquşu kimi tez öyrənəsiniz!” – dəftərçəsinə qeyd etdi.

Gənc Səbahəddin və üç dostu Potsdamda18 “Deutsches Institut für Ausländer”də19 yatılı təhsil almağa başladı. Orada Türkiyədən göndərilən başqa tələbələr də vardı. Məlahət isə onlardan on dəqiqəlik məsafədə yerləşən başqa məktəbə qəbul edilmişdi.

ÜÇ

Günlər ötdü, həftələr sovuşdu, aylar dolandı…

Səbahəddin, az qala, alman dili ilə nəfəs alırdı. Əlbəttə, bunu türk səfirlik əməkdaşı, “Alman dilini lap tutuquşu kimi tez öyrənəsiniz”, – dediyi üçün etmirdi. O, təkcə çox maraq bəslədiyi alman dilini öyrənmək üçün yox, habelə ədəbi biliyini və mədəni zövqünü inkişaf etdirməkdən ötrü Almaniyaya üz tutmuşdu.

Alman ədəbiyyatının bənzərsiz əsərlərini orijinaldan oxumağa can atırdı.

Hər dəfə dostlarına, “Təsəvvür edin, bu dili öyrənəndə, nəinki Almaniyada yazılmış ədəbi əsərləri, həmçinin Avstriya, İsveçrə, Elzas20, Bohemiya21 və Sileziyadan22 çıxmış yazıçıları da oxuya biləcəyik” – deyib həyəcanını dilə gətirirdi.

Dostları Göteylə, Şillerlə təzə tanış olanda o, IX əsrdə yaşamış rahib Otfrid fon Veysenburqun adını zikr etməyə başlamışdı.

Çox keçmədən XI əsrdə qələmə alınmış Volfram fon Eşenbaxın romansı “Partsifal”dan23 və Gotifrid fon Strasburqun “Tristan və İzolda”24 əsərindən də bəhs edəcəkdi ki, Səbahəddin bu iki əhəmiyyətli əsərlə zəngin alman musiqisinə də baş vurdu.

İstirahət günlərində bəzən dostları, bəzən də Məlahətlə görüşür, əksərənsə vaxtını ütülü şalvarda, fedora papaqda, səliqəli bağlanmış qalstukla konsert zallarında təkbaşına keçirirdi. Yaşadığı yer Berlinə yaxın idi deyə tez-tez bəstəkar Vaqnerin əsərlərindən ibarət konsertlərə gedirdi.

Alman ədəbiyyatı kimi, alman musiqisini də dərindən öyrənirdi.

* * *

Qürbətdə yaşayanların nisgili səngimək bilmir. Fikirləri həmişə geridə – vətəndə qalır, xüsusən, sevgi xatirələri…

Gecə gözünü yummadı. Səhərə yaxın mürgüləsə də, yata bilmədi, çarpayıdan qalxdı. Sviterləri üst-üstə geyinib iş stolunun lampasını yandırdı.

Götür-qoy edib qərara gəlmişdi: xüsusi etinayla ərəb əlifbasında yaşıl mürəkkəbli qələmiylə yazdığı şeirlərini qarşılıqsız sevdiyi qadına hədiyyə edəcəkdi.

– İlahi, nə böyük sevgidir! – sanki inlədi.

Dəftərinin ilk səhifəsinə “Nahidə”25 yazdı.

Nahar fasiləsində məktəbdən çıxıb dəftərini o vaxtlar Ankarada müəllim işləyən böyük sevgisinə göndərəcəkdi.

Səbahəddin günəşin ilk şölələri pəncərədən süzülənədək masa lampasının işığında işlədi.

“Qurbağanın serenadası”, “Körpünün uşaqları”, “Qırışlar”, “Oyuncaqlar” başlıqları ilə dörd hissəyə böldüyü şeir dəftərini çantasına qoydu.

Nə böyük eşqdir! Qarşılıqsız, amma böyük!

Onda Nahid xanım hələ on doqquz yaşında idi. Gözəlliyi və zəkasıyla işıq saçırdı. Kişilər onun ətrafında pərvanətək dolanırdılar. Səbahəddin isə Yozqata getməzdən qabaq – İstanbulda ona vurulmuşdu. Sevgisini etiraf etmiş, amma müsbət cavab ala bilməmişdi.

Yozqatdan qalaq-qalaq məktub göndərsə də, nəticə dəyişməmişdi.

Məğlubiyyətini “Sərvəti-fünun” jurnalında “Bir macəra” adıyla dərc etdirdiyi şeirdə ifadə etmişdi.

Üzünü qırxarkən bu şeirin ilk bəndini ucadan oxudu:

Nəticəsiz məhəbbətə bağışladım gəncliyimi,

Gördüm onun nə meylini, nə mərhəmət sığalını.

Diz çökərək hüzuruna deyəndə mən sevdiyimi

Gözləri bir sillə ilə devirdi saf xəyalımı…

Bu sillənin təsiri hələ davam edirdi. Gənc qarşılıqsız məhəbbətin cənginə keçmişdi. Başına gələni lap yaxşı bilirdi, amma eşqdən kim qaça bilər ki?

Səbahəddin qəti qərar vermişdi. Səhər yeməyini bitirdi, günortadan əvvəlki dərslərinə girdi, ardınca poçta yollandı. Cidd-cəhdlə hazırladığı şeir dəftərini Nahidə göndərdi.

* * *

Zaman sürətlə axıb keçirdi.

Gənc “əldəki quşun budaqdakı quşdan faydalı olduğunu” düşünərək Məlahətlə münasibətini heç kəsmədi. Gözəllikdə, cazibədə və başqa keyfiyyətlərdə Nahidə çata bilməsə də, Məlahət daha yaxında, əlçatan idi. Hərdən xüsusi icazə alaraq qızı məktəbdən götürür, birlikdə ətrafı gəzir, Potsdam kafelərində vaxt keçirirdilər. Haçan rastlaşsalar, bir-birinə təzə öyrəndikləri şeylərdən danışırdılar. Əlbəttə, ən çox Səbahəddin danışır, Məlahət qulaq asırdı.

* * *

Səbahəddin bir gün həmişəki kimi əlində kitabla məktəbin qarşısında Məlahəti qarşıladı. Dərhal, “Dostların yaraşıqlı türklə görüşdüyünü yenə də soruşdularmı?” – deyərək marağını gizlətmədi.

Məlahət bunu əvvəlki görüşlərin birində söyləmişdi. Həqiqətən də, haçan küçəyə çıxsa, “Yaraşıqlı türk gəldimi?” – soruşurdular. Qızın ağzından səhvən çıxan bu ifadə gəncin ürəyinə elə yatmışdı ki, dilindən düşmürdü.

– Eh, kaş heç deməzdim, – Məlahət deyindi, – hə, “yaraşıqlı türklə” görüşüb-görüşmədiyimi yenə soruşdular.

Halbuki qız indi çox ciddi idi: Səbahəddinin lovğalanmağına imkan verməyəcəkdi.

– Hansı kitabı oxumağa başlamısan? – deyib mövzunu tez dəyişdirdi, gəncin “yaraşıqlı türk” sözündən həzz almağına mane oldu.

– Rilkenin26 bir kitabı, – Səbahəddin bu suala məcburən cavab verdi.

* * *

Kafedə əyləşdilər. Səbahəddin papağını yandakı stula qoydu, qəlyanını səliqə ilə doldurub alışdırdı. Kəkələyə-kəkələyə danışmağa başladı:

– Rilkeni mütləq oxumalısan, Məlahət. Oxuyarkən həyatı da müşahidə etməlisən. O möhtəşəm insan mənə elə fikir aşıladı ki, o fikri həyat fəlsəfəmə çevirdim. Bu haqda danışmağımı istəyirsən?

Məlahət dostunun üzündəki ifadədən başa düşdü ki, çox ciddidir. Bəzən “etmə”, “demə”, “soruşma” söyləyərək zarafat etməsinin həmin an işə yaramayacağını düşündü.

– Qulağım səndədir, – deyib əlindəki qəhvə fincanını stolun üstünə qoydu.

– Məlahət, yalnız möhtəşəm həyat yaşayan insanlar ortaya möhtəşəm əsər qoya bilərlər. Rilke məhz belə şəxsiyyətlərdəndir. Ailəsinin, xüsusilə, anasının təsiri, Praqada keçən uşaqlıq xatirələri, sevgilisi ilə birlikdə Rusiya, Skandinaviya səyahətləri və Rodenlə27 Parisdə keçirdiyi günlər…

Səbahəddin bu məqamda susdu.

Məlahət düşündü ki, o özünü Rilkenin yerində təsəvvür edir, sanki Rilkenin həyat təcrübəsini mənimsəməyə çalışırdı.

Səbahəddin sönmüş qəlyanını yenidən alışdırdı, soyumuş qəhvəsindən bir qurtum içdi və stolun üstündəki kitabı göstərərək söhbətinə davam etdi.

– Məsələn, bu “Das Stunden-Buch” əsərini “Saatlar kitabı”, yoxsa “Dua saatları” kimi tərcümə etməliyəm? Qərar verə bilmədim. Şair kitabın ilk hissəsində tanrı obrazı yaratmağa çalışır. Deyir ki, Allahı kainatın xaricində deyil, zərrələrdə axtarmalıyıq…

Həmişəki kimi bir xeyli danışdı. Vəhdəti-vücuddan başlayıb təsəvvüfdə qurtardı. Ardınca cibindən başqa kitab çıxarıb “Das Stunden-Buch”un üstünə qoydu, qəlyanından qullab aldı. Məlahət kitabın adını oxudu:

– Tomas Mann28 “Buddenbroklar” – nə deməkdir?

Səbahəddin:

– Ailənin soyadıdır, – deyərək gülümsədi. Qəlyanından bir neçə dərin qullab alıb sözə davam etdi, – yazıçının Lübekli29 ailəsinin macərasıdır. Başdan-ayağa satiradır. Mann bu kitabda Buddenbrokların dörd nəslinin addım-addım varlanması və dağılmasını təsvir edir. Bir yandan burjuaziyanın uğur qazanma əzmi, qazanılan pula yiyə durmaq istəyi, digər yandan amansızca biliyi qorumaq həvəsi… Tomas Mann hər şeyi necə də sadə, səmimi nəql edib… Aristokratiyanın başa çatmağı ilə ortaya çıxan bu yeni sinfin sənətə verdiyi dəyəri nə qədər tərifləyibsə, onun pis vərdişlərini, cah-calalını, tərbiyəsizliyini də o dərəcədə ifşa edib. İfşa da sözdü? Ağ yuyub, qara sərib…

Söhbətin bu yerində gəncin səsi yavaşıdı, sonra maraqla:

– Mann niyə belə uğurludur, bilirsən, Məlahət? – soruşdu.

Qız aydın tərzdə:

– Xeyr, – deyəndə Səbahəddin səbəbi açıqladı.

– Hadisələrə elə nüfuz edir ki, sonradan öyrənilən, yaxud kiminsə çatdırdığı məlumatı təkrarlamış kimi görünmür.

Səbahəddin danışdıqca danışdı. Məlahət imkan versə, hələ davam edərdi. Qız cəsarətini toplayıb qol saatını göstərdi: məktəbə qayıtmaq vaxtı gəlmişdi.

Hesabı ödəyib kafedən çıxdılar.

Səbahəddin yol boyu danışdı:

– Bax, Məlahət, Almaniya və digər ölkələrin bədii əsərlərini keçmişdən gələcəyə doğru bir xətt üzərində düzsək, görərik ki, Tomas Mann alman ədəbiyyatının son dayanacağıdır. O sağdır, bizdən cəmi otuz iki yaş böyükdür. Müasirimizdir, – deyib həyəcanla əlavə etdi, – niyə mən də onlardan biri olmayım?

Məlahət dostunun nə demək istədiyini çox gözəl başa düşdü. Ciddiyyətlə:

– Eləysə sən yaz, Səbahəddin, – dedi.

Səbahəddin:

– Yazacağam, amma hələ tezdir, – cavab verdi və Almaniyaya gələndə qatarda dediyi sözü təkrarladı, – hələlik çox mütaliə etməli, təcrübə yığmalıyam.

* * *

Ayrılıq vaxtı çatdı. Hər iksi susurdu, amma qəfil baxışları toqquşdu.

– Nədir? – qız soruşdu. Gözləmədiyi cavab aldı:

– Deyəsən, sənə vurulmuşam, Məlahət.

Qız təəccübləndi, özünü itirdi:

– Hə-ə? Vurulmusa-an? – qırıq-qırıq kəkələdi. Sonra susdu… Səbahəddini incitmək istəmirdi, astaca, – Ailə qurmaq fikrim yoxdur, – dedi.

Əslində, Məlahət dil öyrənmək üçün Avropaya gələn başqa birini gözaltı etmişdi. Səbahəddin onun istədiyi xüsusiyyətlərə malik deyildi. Düzdür, yaxşı insan idi, amma Məlahət Səbahəddinlə birgə yaşamağı ağlına da gətirmirdi.

* * *

Məlahəti məktəbə ötürüb uzun müddət təkbaşına küçələrdə dolandı.

Nahidə bəslədiyi hislərinə qarşılıq ala bilsəydi, əlbəttə, o sözləri deməzdi.

Sanki Nahiddən sonra başqasına ehtiyac duyaraq Məlahətə sevgi etirafı etmişdi.

– Necə axmağam! – özünü dəfələrcə danladı.

Üstəlik rədd cavabı almışdı.

Ayaqları şişənəcən qaranlıq küçələrdə veyilləndi və çarəsiz məktəbə qayıtdı.

* * *

Dərindən sarsılsa da, kitablardan ibarət dünyası onu gözləyirdi.

Məktəbin ən sakit yerinə – kitabxanadakı guşəsinə çəkildi.

Qarşısında böyük lüğət, əlində özündən iyirmi dörd yaş böyük Kafkanın30 “Der Prozess” kitabı vardı.

“Təəssüf, nəşrini görə bilməyib” – kitabı vərəqləyərkən düşündü. Kafkanın bir çox əsərinin bu kitab kimi ölümündən sonra işıq üzü gördüyünü hələ bilmirdi.

Müqəddimədə əsərin 1914-1915-ci illərdə yazıldığını oxudu. “Kafka kimi yazıçının kitabının nəşri on il sürübsə, deməli, bir kitabı insanlara çatdırmaq elə də asan iş deyil…” – düşündü. Yadına düşdü ki, bu on il ərzində Almaniya müharibə və böyük xaosla üzləşmişdi.

Kafka yəhudi olduğu üçün əsərlərinin Almaniyada uzun müddət qadağan edildiyinisə növbəti günlərdə öyrənəndə lap təəccüblənəcəkdi.

“Der Prozess”i oxuyarkən dəftərçəsinə Vertheymdən aldığı yaşıl mürəkkəblə “cinayət, azadlıq, yadlaşma, məsuliyyət, hakimiyyətə qarşı çıxma” kimi məfhumları qeyd etdi. Hər birinin türkcə qarşılığını tapıb əlavə etdi.

DÖRD

Səbahəddin yanvarın on beşi sevinclə oyandı.

Nəhayət, bütün gecə düşünüb İstanbula göndərəcəyi məktubun son cümləsini tapmışdı.

Dağınıq otaqdakı qarışıq masanın arxasına keçdi, yaşıl mürəkkəbli qələmini götürüb o cümləni yazdı: “Bu hesabatı kimin oxuyacağı Pertev Naili Mollanın qərarından asılıdır…”

Məktubun başına qayıtdı və yazdıqlarını yoxladı. Bu məktubu on beş gün əvvəl qələmə almağa başlamış və o gündən bəri şirin bir sərxoşluğa qapılmışdı.

Yeni ili gözləmədiyi qonaqlıqda qeyd etmiş, təsirindən hələ çıxmamışdı.

* * *

1929-cu ilin 31 dekabrında Berlindəki səfirlikdən Potsamdakı məktəbə qayıdanda kafelərin, barların, restoranların tünlük olduğunu görmüş, hamının axşamkı bayram tədbirinə hazırlaşdığını öyrənmişdi.

Şəhərin bütün zəngləri eyni anda çalmağa başlamışdı. Sonralar bunu on üç səhifəlik “Müfəssəl Cərmən Səyahətnaməsi”ndə belə təsvir edəcəkdi: “Gurultuya bax!…

İzahı qələməgəlməzdir. ““Sahibinin səsi”31 qrammafonu lazımdır”.

Bu dəm evlərin, kafelərin, restoranların qapıları açılmış, sakinlər, az qala, yarıçılpaq və sərxoş halda yürüşə çıxmışdılar. Səbahəddin də marağına güc gələ bilməyib izdihama qoşulmuşdu.

Onun kimi macərapərəst insanın əsla qaçırmayacağı hadisə idi.

Məlumat toplamaq üçün ətrafdakılarla birlikdə sanki qiyamət yürüşünə çıxmışdı.

Hər şeyi, xüsusilə, qadınları diqqətlə müşahidə edirdi.

Həmin anları belə təsvir edəcəkdi: “Bu qiyamət mənzərəsində elə qızlar vardı ki, seyr etməkdən doymurdum. Havaya rəngbərəng fişənglər buraxılırdı…”

Davranışlarına və geyimlərinə əsasən zadəgan ailədən hesab etdiyi bir dəstə kefli qızın qəhqəhə çəkdiyini görüb mat qalmışdı: “Avam camaatı başa düşdük, bunların yüksək zümrəsi də qəribədir”.

Aram-aram yağan qar altında qızların çılpaq qollarını qaldıraraq gəzdiyini izləyib məst olmuşdu. Potsdam cavanlarının, qızları, harda gəldi, öpüb-qucaqlamağı da Səbahəddini büsbütün valeh etmişdi.

Birdən kimsə onu arxadan dürtmələyib almanca, “Yeni ilin mübarək” – demişdi. Səbahəddin geriyə qanrılanda qumralsaçlı, parlaq gözləri ətrafa işıq saçan huritək gözəl qızı görüb heyrətlənmişdi. Qız Səbahəddinin karıxdığını sezib təbrikini təkrarlamışdı.

Səbahəddin bir də ayılmışdı ki, bu gözəl qızla yanaşı addımlayır. Başını itirən Səbahəddin həyəcanla:

– Voz is it daz?32 – soruşdu.

Gözəl qız və yanındakılar gülüşdülər:

– Yeni ildir!

Anlayanda ki Səbahəddin əcnəbidir, xəbər aldılar:

– İtalyansınız?

Aralıdan onun türk olduğunu öyrənən biri qaçıb boynunu qucmuş, yanağından öpmüş:

– Biz birlikdə döyüşmüşük, – demişdi.

Tezliklə qızlar parkların birində Səbahəddinin dizinə oturmuş, hərəsi ondan üsulluca öpüş almışdı. Gənc də qeyri-ixtiyari kəlmeyi-şəhadət gətirmişdi. Özünü yığışdırıb:

– Çox içmisiniz, – pıçıldasa da, qızlar onun sözünü qulaqardına vurmuşdu. Səbahəddin, “Bütün keflilər kimi bunlar da elə bilirlər, sərxoş deyillər” – fikirləşmişdi.

İçkidən havalanan qızlara özünün “mükəmməl” alman dili ilə əbəs yerə başa salmağa çalışmışdı ki, spirtli içkilər zərərlidir. İşvəli qızlar isə yanaqları allanmış gənci öpərək qaqqıldaşmışdılar.

Ayrılıq vaxtı çatanda Səbahəddin qızlardan bir də harada görüşəcəklərini xəbər almış, qızlar bir-birinə baxıb katolik kilsəsini işarə etmişdilər.

Səbahəddin arvadbaz kişilərtək yeri öyrənməklə kifayətlənməmiş, saatı da soruşmuşdu. Qızlar yenə baxışıb hırıltıyla:

– Sabah axşam, – cavabını vermişdilər.

Gənc növbəti görüşü səbirsizliklə gözləsə də, qızlar gəlməmişdi.

* * *

Bir müddətdir, arxasınca düşdüyü Mariya Puder olmasaydı, bəlkə, bu məğlubiyyəti həzm edə bilməzdi.

O günlərdə “İyirmi səkkiz” ləqəbli qəşəng alman qızı Mariya ilə görüşürdü. Odur ki, kefini çox pozmadı.

Həmin gecə soyuq yatağına əliboş qayıdanda sevimli Mariyanı fikirləşib “Mahnı oxuyan səfeh”33 (“The Singing Fool”) adlı filmdən mahnını zümzümə edirdi:

When there are gray skies,

I don’t mind the gray skies.

You make them blue, Sonny Boy.34

Növbəti gün xanım Puderlə görüşdülər və yenə həmin film barədə söhbətləşdilər:

– Sonni Boyun anası nigarandır ki, küsdüyü əri uşağı qaçırıb aparacaq. Bu narahatlığını bacısıyla bölüşür. Bacılar vəziyyətə çarə axtaranda qorxduqları başa gəlir: uşaq yoxa çıxır. Axırda aydın olur ki, uşaq heç kimə demədən kinoteatra gedib.

* * *

Xeyir və şər, gözəllik və çirkinlik, güclülük və zəiflik, ümid və məyusluq bir-biri ilə əkiz qardaşdır.

Sonni Boydan təsirlənən dünya bir tərəfdən də yeni, qorxunc müharibəyə hazırlaşırdı.

Almaniya aramla qaynamağa başlamışdı. Böyük hərbdə məğlubiyyətə uğramış alman xalqı ölkənin dağılmış iqtisadiyyatını – bu rəzil vəziyyəti qətiyyən qəbul edə bilmirdi.

Versal müqaviləsinə görə, silahlı qüvvələrin sayı yüz minə salınmış, ağır və strateji silah istifadəsinə qadağa qoyulmuşdu. Bu təkcə hərbi deyil, həmçinin iqtisadi çətinlik idi. Məcburi tərxisdən sonra işsizlərin sayı artmışdı. Üstəlik Almaniya böyük ərazi itirmişdi. Bu da iqtisadiyyatın günbəgün ağırlaşacağından xəbər verirdi.

Qalib dövlətlər müharibə itkilərinin hesabını da məhz Almaniyanın boynuna qoymuşdu. İlkin hesablamaya əsasən Almaniya başda ABŞ olmaqla bütün qalib ölkələrə iki yüz altmış doqquz milyard qızıl pul ödəməli idi. Bu, iqtisadiyyatı batmış Almamaniya üçün ölüm hökmü idi.

Əsasən, hər şey iqtisadiyyat kitablarında yazıldığı şəkildə baş verirdi. Müharibənin ardınca inflasiya, sonra isə işsizlik…

“Böyük böhran” nəticəsində Almaniyanın ictimai və iqtisadi həyatı zülmətə qərq olmuşdu.

Müharibədən qabaq borc verən Almaniya indi borclu dövlətə çevrilmişdi.

Alman gəncləri hər şeyə, xüsusilə, qeyri-milli, əcnəbi olan hər şeyə büsbütün nifrət qusurdu.

BEŞ

Məsuliyyətli, zəhmətkeş Səbahəddin bir ilin necə keçdiyini bilmədi.

Alman dilini qısa müddətdə öyrəndi və dördillik təhsilini bitirmək üçün Berlinin Vilmersdorf məhəlləsindəki Yoaximstal Gimnaziyasına qəbul edildi.

Bu təhsil ocağı Prussiya ənənəsinə sadiq qalan, alman əsilzadə və hərbçi övladlarının oxuduğu son dərəcə intizamlı məktəb idi. Ciddi nizam-intizamdan dolayı gimnaziya Səbahəddinə kazarmanı xatırladırdı. Təyin olunmuş vaxtda yatmaq, təyin olunmuş vaxtda durmaq və ciddi dərs mühiti onu bezdirsə də, ruhdan düşmədi. Elm, bilgi vurğunu Səbahəddin üçün günlər ildırım sürəti ilə keçirdi.

* * *

Təhsil aldığı gimnaziya Almaniya cəmiyyətinin güzgüsü idi. O dövrdə bu məktəb də bütün Almaniya kimi yavaş-yavaş çalxalanırdı.

Qısa və uzun tənəffüslərdə, şənbə-bazar məşğuliyyətlərindən sonrakı asudə vaxtlarda, məktəbin hər küncündə iqtisadiyyat, siyasət və ölkənin vəziyyəti haqda müzakirələr başlayırdı.

Gənclər “Bəşərin ən yüksək dəyəri irqdir”, “İrqlər bərabər deyil” fikirlərini tez-tez təkrarlayırdılar.

Məktəbdəki almanəsilli tələbələr belə qənaətdə idilər ki, mənsub olduqları xalq böyük sivilizasiya tarixinə sahibdir və yalnız üstün irqin nümayəndələri böyük sivilizasiya qura bilər. Gənclər bu fikirləri hər yerdə çəkinmədən, ucadan dilə gətirirdilər.

Belə söhbətlərin nələrlə nəticələnəcəyi məlumdur. Çıxış yolu tapmaq üçün tezliklə işə başlamaq lazımdır!

Bütün Almaniya kimi gimnaziya tələbələri də ölkənin acınacaqlı dövrdən necə qurtulacağı barədə müzakirə edir, çarə gəzirdilər. Diskussiyalar tədricən qızışır, maddi və mənəvi çətinliklər haqqında söhbətlər cəfəngiyyata çevrilməyə başlayırdı. Səbahəddin və digər əcnəbi tələbələr hadisələri sakitcə müşahidə etsələr də, yaxşı bilirdilər, hadisələrin bir ucu onlara toxunacaq.

* * *

Almaniyada təkcə universitetlərdə yox, fabriklərdə, küçələrdə, kafelərdə də vəziyyət eyni idi.

Qeyri-ixtiyari yaranan hər söhbət məclisi bir ləhzədə alovlanır, iş, çörək, ədalətli maaşa dair tələblər ucalırdı. Nəhayətdə tələblər siyahısı hökumətin qarşısına qoyulurdu.

Dünənəcən Avropanın ən qüdrətli ölkəsi olan Almaniya gücünü qorumaq naminə əzm göstərirdi. Məhz belə mühitdə cəmiyyətdə Beynəlxalq Sosialist Partiyası təşəkkül tapdı.

Alman millətçilər görürdü ki, partiyanın təklifləri qarşısında ən böyük əngəl yəhudilərdir. Əslində, bu, çoxdankı qənaət idi.

Nasional Sosialist Partiyası tək düşmənlə kifayətlənmir, sosial demokratları, kommunistləri, başqa xalqları, daxili və xarici rəqibləri özünə hədəf sayırdı. Gənclər ümid qapısı saydıqları partiyanın ətrafında günbəgün daha sıx birləşirdi.

* * *

1921-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının sədri olan Adolf Hitlerin “nasizm ideologiyası”nı almanlar hər gün daha çox mənimsəyirdi. İdeologiyanın əsasını etnik millətçilik, yəni qeyri-almanlar üçün təhlükə təşkil edirdi.

Əvvəl-əvvəl yəhudi düşmənliyi kimi yayılan hərəkat vaxt keçdikcə anti-kapitalist, anti-marksist xarakter aldı ki, bunu, xüsusilə, orta sinif dəstəkləyirdi.

28 may 1928-ci ildə səslərin 2,6 faizini yığan partiya 1930-cu il sentyabrın 14-də keçiriləsi parlament seçkilərinə böyük həvəslə hazırlaşır, universitetlər də daxil olmaqla cəmiyyətin bütün təbəqələrində təşviqat aparırdı.35

* * *

Bir gün nümayişdən qayıdan nasist gənclər məktəbin həyətinə girəndə Səbahəddin bir neçə türk tələbə ilə aprel ayında Almaniyada az-az təsadüf edilən günəşin hərarətindən həzz alırdı.

Məktəbin əsas qapısından qəzəblə içəri soxulan gənclərdən biri türk tələbələrin yanından keçəndə:

– Bu parazit türkləri buradan qovmaq lazımdır! – dedi.

Bu söz Səbahəddini bərk əsəbiləşdirdi:

– Biz sizin hökumətinizə bizim hökumətin verdiyi pulla oxuyuruq. Sözünü geri götür!

Səbahəddinin cəsarətli cavabından sonra hamı bayaqkı alman gəncə çevrilib həyəcanla onun cavabını gözləyirdi.

– Geri götürmürəm! – gənc lovğalandı. Səbahəddin dözmədi, oğlanın üstünə şığıdı və onu yaxşıca əzişdirdi.

Aləm qarışdı. Məktəbin intizam komitəsi gənclərin davasından xəbər tutdu. Gözlənildiyi kimi, komitə Səbahəddinin əleyhinə qərar verdi. Qaydaları pozduğuna görə müdiriyyət Səbahəddinin məktəbdən çıxarılması haqda hökumətə tələb göndərdi.

Nəhayət, Səbahəddinin ilk qatara bilet almaqdan başqa çarəsi qalmadı…

Beləliklə, 1928-ci ilin dekabrında başlayan Almaniya macərası 1930-cu ilin mayında sona çatdı.36

ALTI

Səbahəddin, güman etdiyi kimi, Pertevi İstanbul Universitetində, ədəbiyyat fakültəsinin bufetində tapdı. Dostlar qucaqlaşdılar.

– Sən hara, bura hara? – Pertev maraqla soruşdu.

Səbahəddinin ağzından bircə kəlmə çıxdı:

– Müsibət!

Səsi elə titrədi ki, toxunsan, ağlayacaqdı. Həqiqətən, böyük müsibətlə üzləşmişdi: həyatını dəyişəcəyini düşündüyü Almaniya təhsili ani qəzəb nəticəsində puç olmuşdu. Peşmanlıq çəksə də, daha gec idi, gələcəyini öz əliylə məhv etmişdi.

Dostlar bufetdə oturub, dava haqqında uzun-uzadı danışdılar. Səbahəddin bəzən:

– Bir şillə ilişdirdim ki! – deyərək qürrələnsə də, daxilən çəkdiyi iztirab simasında əks olunurdu.

Pertev onun kədərləndiyini görüb:

– Olan olub, keçən keçib. Gələcəyə baxaq, – pıçıldayıb ayağa qalxdı. – İki çay alıb gəlirəm, – deyib söhbətin havasını dəyişdi.

Səbahəddin çayı gözləyərkən, “Bax buna görə ona “molla” deyirəm də” – düşündü.

Yaxşı ki, Pertev çay dalınca getmişdi, çünki başına gələn hadisə haqda artıq bir kəlmə belə danışmağa taqəti qalmamışdı.

Onda hətta unutmuşdu ki, Pertev də, özü də vur-tut iyirmi üç yaşındadılar. Bununla belə fikirləşirdi ki, böyük ömür sürür, bir yığın dərdlə mübarizə aparır.

Qabaqda onu hələ nələr gözləyirdi!

* * *

Pertev çayı gətirəndə Səbahəddin:

– Sənin işlərin necədir? – soruşdu.

Pertev həmin il məzun olacağını deyib əlavə etdi ki, İstanbul Universiteti Türk dili və ədəbiyyatı şöbəsində Fuad Köprülünün37 assistenti olmaq istəyir.

İstanbul Liseyindən məzun olduğu üçün şansı böyük idi. Çalışqanlığı ilə də yerini hər gün möhkəmlədirdi.

Səbahəddin ona qibtəylə qulaq asdı. Əlbəttə, istəyirdi, dostu üçün hər şey yaxşı olsun. Amma öz vəziyyəti ilə dostlarının vəziyyəti arasında qeyri-ixtiyari müqayisə aparıb lap kədərləndi: zərrəcə ümidi qalmamışdı.

Pertev öz işlərindəki irəliləyişdən danışanda Səbahəddini də nəzərə aldığı məlum oldu. Sözünü qurtaran kimi dedi:

– Gedək, Ali Müəllim Məktəbinin müdiri Həmid bəylə görüşək. Bir neçə dəfə söhbətləşmişik. Görək sənin üçün nə edə bilər?

* * *

Dostlar Həmid bəyin yanına gedərkən yol boyu Türkiyənin, xüsusən, İstanbulun ədəbi mühiti barədə söhbətləşdilər. Söhbətin əsas nöqtəsi Pertevin, haçan fürsət tapsa, Almaniyaya göndərdiyi “Rəsmli Ay” və Nazim Hikmətin bu jurnalda dərc edilən yazıları idi.

Gənc Nazim “Rəsmli Ay”a yazılar göndərəndən şöhrət qazanmışdı. Bütün məclislərdə onun şeirləri oxunur, qələminin necə güclü olduğundan danışılırdı.

Pertev birdən dostunu saxlayıb, “Qulaq as” – dedi:

Cokondanın qolların üç addım qala

Yetişdi Çan Kayşinin cəlladı,

parladı pala38…

Kəsilən ət, qırılan sümük səsi.

Diyirləndi ayağının yanına

Qan bulaşan sarı bir günəş kimi

Si-ya-unun kəlləsi…”39

Səbahəddin nəsə demək istəsə də, nitqi tutuldu. Çətinliklə:

– Bunu oxumamışdım, – pıçıldadı.

– Çünki… Bu sayı hələ sənə göndərməmişdim. Elə göndərəcəkdim, sən gəldin, – dostu dedi.

Səbahəddin:

– Təkrar oxu, – xahiş etdi. Pertev poemanın həmin hissəsini yenidən söylədi. Səbahəddin ucadan şeiri təhlil etməyə çalışdı, – Leonardonun məşhur əsəri “Cokonda”dan40 bəhs edir. Çan Kayşi41 isə Çində kommunistlərə qan udduran millətçi liderdir. Bəs Si-ya-u nədir? Bir qədər fikirləşib, – Yox… Bunun mütləq izahı olmalıdır, – dedi.

Dostlar yenidən yola düzəldilər.

Bir ara Səbahəddin utancaq tövrlə:

– Mən də Almaniyada bir-iki cızma qara etmişəm, – söylədi.

Dostunun sorğu-sualından sonra vaxt tapıb “Rəsmli Ay”a gedəcəyini, yazılarını Nazim Hikmətə göstərəcəyini bildirdi.

Səbahəddin dostundan heç nə gizlətməzdi. Almaniyaya getməmişdən qabaq ona yazmaq həvəsindən dəfələrlə söz açmışdı. Bəzi məktublarında üzərində işlədiyi mövzuları, yazdığı şeirləri bölüşmüş, bir neçəsini onun vasitəsilə “Rəsmli Ay”a göndərmişdi.

Halbuki həmin şeirlərdən heç biri hələ dərc olunmamışdı. Yəqin, dərc etməyə münasib saymamışdılar. Səbahəddin ümidini kəsməmişdi: yaxşı bilirdi ki, əsərlərinin on illərlə işıq üzünə çıxmağını gözləyən xeyli şair, hekayəçi, romançı olub.

* * *

Ali Müəllim Məktəbinin müdiri Həmid bəy xoşniyyətli, gənclərə dəstək duran insan idi. Xudmani otağında Səbahəddinə diqqətlə qulaq asdı. Onun təhsilinin yarımçıq qalmağına sidqi-dildən kədərləndi. Maddi çətinlik çəkdiyini, hökmən işlə təmin edilməli olduğunu öyrənəndə məsələyə xüsusi ciddiliklə yanaşdı.

Əvvəla, yay maaşını ala bilməsi üçün dərhal bir məktəbdə müəllimliyə başlaması fikri ağlına gəldi, “Uşaqlar, siz azca gözləyin” – deyib otaqdan çıxdı.

Dostlar Həmid bəydən xəbər gözləyərkən Səbahəddin bu otaqla Almaniyadakı müdir otağını qarşılaşdırdı: “Oxuduğum məktəbdə müdir otağı bu otaqdan min dəfə əzəmətli idi”.

Haqlı idi: Ali Müəllim Məktəbi müdirinin otağı yeni respublikadakı əksər vəzifə sahiblərinin otaqları kimi əldəqayırma mebellərlə təchiz edilmişdi. Təkcə təhsildə deyil, dövlət xidmətində, ədliyyədə, orduda – ümumiyyətlə, bütün sahələrdə fədakar insanlar ölkənin inkişafı üçün əzmlə çalışırdı.

Səbahəddin mühüm bir məsələnin fərqinə varıb, fikrini Pertevlə bölüşdü:

– Almaniya da müharibəylə üzləşib, biz də. Onda ölkənin belə yoxsulluğu nədəndir?

Pertev səbəbi birbaşa bildirdi:

– Onlar müharibədən qabaq müasir mədəni səviyyəyə yüksəlməyə can atanda biz əlimizdəki sərmayəni tezbazar yelə sovurmaqla məşğul idik!

Haqlı idi.

Çox keçmədi, Həmid bəy sevincək qayıtdı. Dostları ilə məsləhətləşib Səbahəddinin işinə çarə tapmışdı:

– Hazırda ən uyğun, ən yaxın yer Bursadakı Orxanelidir. Yerində olsam, tez yola düşərdim”.

* * * 

Həmid bəyin qəbuluna kefsiz girən dostlar gülə-gülə çıxdılar. Pillələri iki-iki enərkən çox gözəl bir xanımla rastlaşdılar. Pertev ayaq saxlayıb əlini uzatdı, “Necəsən, Ayşə42?” – soruşub ardınca Səbahəddinlə tanış etdi. Almaniya da daxil dostu barədə yadına gələnləri qıza nəql etdi.

Ayşə barədə də Səbahəddinə məlumat verdi: o, 1928-ci ildə Ərənköy Qızlar Liseyini bitirmişdi. Ali Müəllim Məktəbinin birinci sinfində oxuyur, çalışqanlığı ilə seçilirdi.

Pertev danışarkən Ayşə rəng alıb rəng verdi. Qızın utancaqlığı Səbahəddinin xoşuna gəldi.

Ayşə ilə sağollaşandan sonra Səbahəddin sorğu-suala başladı:

– A molla, de, görüm bu qızı haradan tanıyırsan? Əsas məsələ, onunla yaxınsanmı?

Pertevdən eşidəndə ki qızla münasibəti yoxdur, gənc rahatlaşdı. Ağlından keçəni o dəqiqə etiraf etdi:

– Deyəsən, ona vurulmuşam. Günü sabah məktəbinə gedib ünvanını öyrənəcəyəm. Ona ayaqüstü çətin nəsə deyə bilim. İcazə versə, ona məktub yazacağam.

Pertev təəccüblənmədi: dostunun həmişəki xasiyyəti idi. Yozqata təyin olunduğu ərəfədə də Ərənköy Qızlar Liseyindən başqa qıza – Nahidə aşiq idi; ona bəslədiyi sevgi ilə bağlı bir şeirlər yazmışdı, gəl görəsən! Almaniyadan yazdığı məktublarda isə, “Məlahət” – deyə-deyə inildəyirdi. Habelə Mariya Puderə də məhəbbətini izhar etməkdən birtəhər olmuşdu.

İndi isə – İstanbula addım atdığı birinci gün rastına çıxan ilk qıza vurulmuşdu. Pertev dostunun kürəyini oxşayaraq, “Dostum, mənə qalsa, sən aşiq olmağı sevirsən” – dedi.

YEDDİ

Səbahəddinin İstanbuldan Bursaya yola düşməmişdən qabaq bir neçə vacib işi vardı. Əvvəla, “Rəsmli Ay”a baş çəkəcək, Nazimlə tanış olub, ona yazılarını göstərəcəkdi.

Nazimin yazdıqlarını çox bəyənir, onun şöhrət tapmasına şad olurdu. Ən əsası, şairin üsyankar xasiyyətinə heyran qalmışdı. Onun əyilməzliyinə, dürüstlüyünə böyük dəyər verirdi.

Nəşriyyatda, bəlkə, Sərtəl cütlüyü ilə də tanış ola bilərdi. O, Səbihə və Zəkəriyyə Sərtəlin fədakarlıqla dolu həyatına həmişə qibtə duyardı.

Səbahəddin, həmçinin Saleh43 əmisi və Xeyrünnisə bibisinə baş çəkəcəkdi. Haçan İstanbula gəlsə, onları mütləq ziyarət edirdi. Ərənköydə malikanələri vardı. Səbahəddin gələndə çox sevinirdilər.

* * *

İlk gün dostu Pertevin evində gecələdi. Ertəsi səhər Almaniyada yazdığı hekayəni qovluğa qoyub ustadı Nazim Hikmətin redaktəylə məşğul olduğu dəftərxanaya getdi.

Dəftərxana eynilə ötən gün gördüyü Ali Müəllim Məktəbinin müdiri Həmid bəyin otağı kimi idi. Əldəqayırma əşyalar: taxta stullar, iki sınıq-salxaq yazı masası, düz-əməlli rəf tapılmadığı üçün ora-bura yığılmış kitablar…

Səbahəddin fikrə daldı: “Almaniyada “Rəsmli Ay”a bənzər jurnalları nəşr edən redaktorlar, kim bilir, necə rahat şəraitdə yaşayırlar”.

* * *

Səbahəddin özünü təqdim etdi.

Otaqda məşhur şairlə yanaşı jurnalın rəhbərlərindən biri – Səbihə xanım da vardı. Gənc “bir daşla iki quş vurmuşdu”.

Hər şeyi birnəfəsə danışdı; alman dilindən tərcümələr edir, şeirlər yazırdı:

– Bir də sizə hekayəmi gətirmişəm.

Qovluğu Nazimə uzadanda ürəyi əsdi, əlləri titrədi.

Həyəcanını Səbihə xanım və şairdən gizlətmək üçün qovluğu masanın üstünə qoyan kimi əlini cəld çəkib ütülü şalvarının cibinə saldı.

“Görəsən, böyük şair onun meşəçilərdən bəhs edən hekayəsini oxuyacaqmı?” – soruşmağa cürət etmədi. Təşəkkür edərək dəftərxanadan çıxdı.

Yol boyu özünü danladı: “Hələ Si-ya-unun əhvalatını soruşacaqdım, dilim tutuldu”.

* * *

Nazim ondan beş yaş böyük olsa da, bütün Türkiyədə məşhur idi. Səbahəddin çıxan kimi şair qovluğu açdı, “Meşə əhvalatı” adlı hekayəni diqqətlə oxudu.

– Çox gözəl! – sanki inci tapmışdı. Qovluğu götürüb Səbihə xanıma, – Bunu gərək Zəkəriyyə bəyə göstərəm, – dedi. – Bayaq gələn gənc vardı ha, qələmi çox yaxşıdır. – Zəkəriyyə bəyə, həm də Səbahəddinin əvvəllər göndərdiyi, ancaq çap olunmayan şeirlərindən bəhs edib ardınca qovluğu göstərdi, – Bu başqadır. Hekayədə alman romantizminin təsiri sezilir; mövzu və məzmun etibarilə türk ədəbiyyatında yenilikdir. Təkcə bu hekayəni oxuyanda görürük ki, Səbahəddin Əli istedadlı yazıçıdır.

Təcrübəli jurnalist və yazıçı Zəkəriyyə bəy də hekayəni oxuyub cədvəldə jurnalın yeni qələmi Səbahəddin Əlinin ilk hekayəsi üçün uyğun yer axtardı.

Səbahəddinin xəbəri olmasa da, ilk hekayəsi jurnalın növbəti sayında – sentyabr ayının 7-də oxucularla görüşəcəkdi.

SƏKKİZ

Cümə günü Səbahəddin taxta çamadanını da götürüb Pertevin evindən ayrıldı. Həftə sonunu Ərənköydə – qohumlarının evində keçirəcək, oradan da Bursaya yollanacaqdı.

– Yaz! – Pertev onun dalınca çığırdı.

– Sən də!

* * *

Axşamüstü Ərənköydəki malikanənin qapısını döydü.

Saleh əminin evində həmişəki kimi böyük hörmət, izzətlə qarşılandı.

Almaniyadakı hadisəni eşidən Saleh əmi də, Xeyrünnisə bibi də üzüldü, üstəlik onlar Səbahəddini yaxşıca tənbeh etdilər. Yaxşı ki, Bursada müəllim işləyəcəkdi, yoxsa lap çox danlanardı.

Saleh bəy ciddi insan idi, ona görə Səbahəddini evin oğlu sayılan Mühiddinə tapşırdı. Dəniz zabiti olan Mühiddin, əslində, Xeyrünnisə xanımın qardaşı idi. Hər həftə olduğu kimi icazə alıb qaynına, bacısına baş çəkmişdi.

İki gənc həftəsonunu birgə keçirəcəkdilər.

Mühiddin ətraf malikanələrdə yaşayanları çox yaxşı tanıyırdı. Şənbə-bazar günlərində bacısıgildə qaldığından oranın cavanları ilə tanış idi.

* * *

Hərçənd may ayı idi, lakin çimərlik paltarlarını, dəsmallarını götürüb çıxmışdılar. Mühiddin bir neçə evin qapısını döyüb, “Çimməyə gələn var?” – soruşdu.

… Onlar ağaclığın arasıyla irəliləyib sahilə çatdılar. Səbahəddin dənizə, günəşə, iki həftə sonrakı yarışlara hazırlaşan yelkənli qayıqlara valeh oldu. Şəhərin bu hissəsi, həndəvərdəki insanlar Almaniyanın sosial-iqtisadi inkişafına, nəinki yetişmiş, hətta üstələmişdi.

Hərə bir küncə çəkilib çimərlik paltarını geyindi.

İdmançı bədənli, üzməkdə mahir Mühiddin qızların sevimlisi idi.

Səbahəddin də bir az üzdü, ancaq sonra dənizdən çıxıb kitab oxumağa başladı. Gözəl qızlarla yaraşıqlı oğlanlardan ibarət şən dəstədə o sanki alaq otu idi. Onun kənara çəkilməyi Mühiddinin nəzərindən yayınmadı. Yaxınlaşıb hansı kitabı oxuduğunu xəbər aldı. Səbahəddin, “Bir alman yazıçının romanıdır”, – dedi, amma üzündəki ifadə sanki, “Sənlik deyil!” – deyirdi.

Gənc zabit bu laqeydliyi sezsə də, fikir vermədi. “Əşi, kitabı boşla!” – dedi. Aydındır ki, Səbahəddini kitabdan aralamağı evdəkilər tapşırmışdı. Səbahəddin bunu xoşniyyətli xahiş sayıb cavab qaytarmadı. Kitabı qırağa qoyub dəstəyə qoşuldu. Çimdi, əyləndi, deyib-güldü.

Saleh bəyin balaca malikanəsini icarəyə götürmüş ailənin qızı nə gözəl idi! Vur-tut on beş yaşı vardı. Əlbət, onun da nəzəri bütün qızlartək Mühiddinə tuşlanmışdı. Gözünün içinə baxırdı. Baxmaq da sözdür? Gözünü bir an da ondan ayırmırdı.

Gənclər hava qaralanacan əyləndilər.

Əl fənərinin işığında qonşu qızı Aliyənin tünd-mavi gözlərini görüncə Səbahəddinin ürəyi titrədi, amma sarışın gözəlin Mühiddinə meyil etməyi… Kaş ki qız ona da diqqət göstərəydi…

* * *

Həftə sanki bir göz qırpımında bitdi.

Bazar ertəsi Səbahəddin qulluqçunun səliqəylə qatladığı ütülü şalvarlarını, şax köynəklərini çamadana yığıb yola düşdü.

DOQQUZ

Nəhayət, Bursaya çatdı.

Beləliklə, müəllim maaşı alıb yayda pulsuz qalmayacaqdı.

Bursada Qazi Təhsil İnstitutunun təşkil etdiyi alman dili imtahanını uğurla verdi. Nazirliyin planına əsasən 1930-1931-ci tədris ilində Aydında alman dili müəllimi işləyəcəkdi.

* * *

Yay tətilində Bursadan qaçıb özünü İstanbula verdi.

Pertevdən yenə onun evində qalmağı xahiş edəndə dostu razılaşdı.

“Rəsmli Ay” jurnalına gedib-gəlir, oradakılarla qaynayıb-qarışmışdı.

İmkan tapan kimi Nazimə:

– Si-ya-unun əhvalatı mənə çox maraqlıdır. Bilirəm, bəlkə, min dəfə danışmısan, mənə də qısaca danışarsan? – sual verdi.

Nazimin gözlərində kədər işıldadı:

– O, Moskvadan dostum idi, – dedi, bir anlıq duruxub Cokonda və Si-ya-unun əhvalatına başladı: “Çinli Si-ya-u yaxşı dost idi. Moskvada gözəl günlər keçirdik, sonra yollarımız haçalandı; mən Türkiyəyə gəldim, o isə Parisə getdi. Cokonda ilə Luvrda tanış olmuşdu. O gözəl qadına günbəgün daha çox vurulmuşdu. Eşqi cavabsız qalmamış, Cokonda da Si-ya-uya könül vermişdi.

Parisdə keçirilən 1 May mərasimlərində inqilabçı Si-ya-u saxlanılmış, Çinə deportasiya edilən Cokonda ayrılığa tab gətirə bilməmiş, çərçivədən çıxıb birölçülü halda Si-ya-unun dalınca Çinə qaçmışdı…”

Nazim danışdıqca kədərlənir, səsinin tonuyla əhvalatı həqiqətə bir az da yaxınlaşdırırdı. Səbahəddin də özünü inandırdı ki, Cokonda, doğrudan da, çərçivədən sıçrayaraq sevgilisinin sorağına düşüb.

Sonra o acı hadisə!

Zalım Çan Kayşinin cəlladı Nazimin əziz inqilabçı dostu Si-ya-unun boynunu vurmuş, gənc çinlinin başı sevgilisi Cokondanın ayaqları altına yumbalanmışdı.

Səbahəddin əhvalatın davamından agah idi. Nazimin nəql etdiyi kimi hadisədən sonra Cokondanın yeni görkəm qazandığını, sevgilisi Si-ya-unun mübarizə yolu ilə addımladığını bilirdi.

– Axırda… – şair söhbətə nöqtə qoydu, – Cokondanı da yandırdılar.

Bir müddət susdular. Ardınca Nazim söhbəti dəyişmək istədi:

– Həmişəkitək çalışdım, ənənəvi şeir anlayışından qurtulum. Bilmirəm, bacarmışammı, ya yox. Bir onu bilirəm, sənətdə, şeirdə gözəllik özlüyündə məna kəsb etmir. Ona məna qatmaq lazımdır”.

* * *

Səbahəddin Nazimlə söhbətini günlərlə çək-çevir etdi.

“Rəsmli Ay”ın dəftərxanası ona artıq daha böyük təəssürat bağışlayırdı.

Həftənin ən az üç gününü orada Nazimin də daxil olduğu yazıçılar heyəti ilə birlikdə keçirir, işlərdə onlara kömək edirdi.

Beləliklə, yavaş-yavaş İstanbulun ziyalı mühitinə daxil olurdu.

Qərbdə yaşayıb xarici dil öyrənmiş, yazıları təqdirəlayiq, xoşagəlimli insan idi. İstiqanlı, ünsiyyətcil xasiyyəti ilə seçilirdi. Daim təmiz, səliqəli geyimi, tel çərçivəli eynəyi, ağzından yerə qoymadığı qəlyanı və yaşıl mürəkkəbli qələmi ilə olduqca xoş, gənc, intellektual görkəmi vardı.

* * *

İlk görüşdə Zəkəriyyə bəyə Epton Sinklerin “Neft” romanından çox təsirləndiyini bildirib əlavə etmişdi ki, bircə səhifəsi belə doğrudursa, kapitalist sistem mühakimə edilməli, hətta mümkündürsə, axırına çıxılmalıdır.

Dünyada da, Türkiyədə də bu cür söhbətlər gedirdi. Rusiyada Oktyabr çevrilişi baş verən gündən dünyanın dörd tərəfində bu fərqli siyasi sistem rəğbətlə qarşılanır, xəbərləri ağızdan-ağıza gəzirdi.

Böyük müharibənin cəmiyyətlər üzərində yaratdığı boz buludlar dağılmağa başlayır, sosial siniflər və onları təmsil edən siyasi məfkurələr üzə çıxırdı.

Ziyalılar öz mövqelərini, məsələlərə baxış bucaqlarını aydın göstərirdilər. Parlaqzəkalı Səbahəddin də Almaniyada başına gələn acı hadisənin təsirilə özünə ən uyğun yolu seçməkdə gecikmədi. Zəkəriyyə bəyə dediyi dörd sözdən ibarət, amma mənası böyük cümlə də buna işarə idi.

Həmin günlərdə “Rəsmli Ay” jurnalında da dəyişikliklər başlamışdı. Jurnal Nazimin təsiri ilə Səbihə xanım və Zəkəriyyə bəyin başlanğıcda qəbul etdikləri mövqedən uzaqlaşır, dünyaya siyasi mənada “soldan baxmağa” başlayırdı.

* * *

Səbahəddin başa düşürdü ki, jurnalda Nazimin əsasını qoyduğu yeni fikir yolu Zəkəriyyə bəy və Səbihə xanımın istəyi daxilində həyata keçir.

Səbihə xanımın “Liderin psixologiyası”44 adlı yazısına görə iyirmi il cəza ilə təhdid olunduğunu hələ Almaniyada eşitmişdi. Səbahəddini bu ailəyə və onların əhatəsinə çəkən, əslində, taleyüklü məfkurəni mənimsəməkləri, həmin ideologiyanı tətbiq cəhdləriydi. Çox dəyərli bu iki insan, qərbdəki kimi jurnalı fərqli fikirlərdən ötrü açıq elan etmişdilər. Öz yazılarından əlavə jurnalda yazan başqa qabaqcıl yazıçıların da məsuliyyətini çəkinmədən daşıyırdılar.

Gənc Səbahəddin özünə məktəb saydığı jurnalın ictimai hadisələrə və hakim siyasi düşüncəyə qarşı tutduğu mövqeyilə fəxr edir və şeirlərində Nazimin yolunu tutmağa çalışırdı.

* * *

Jurnalın iclaslarından birində Nazim ona:

– Səbahəddin, şeiri boşla, romana keç, – dedi.

Özünə böyük qardaş bildiyi Nazimin sözü üstündə gecə-gündüz baş sındırdı: görəsən, roman yazmaq əlindən gələrdimi?

1930-cu ilin yayı Səbahəddinin zehninə ənginlik bəxş etmişdi.

“Rəsmli Ay”ın dəftərxanasında, Nazimlə söhbətlərdən, Zəkəriyyə bəyin məclislərindəki müzakirələrdən yeni-yeni mətləblər əxz edir, sənət və ədəbiyyat biliyinin gözünə siyasi məlumatlar da qatır, solçuluq sevgisi yavaş-yavaş şiddətlənirdi.

* * *

Səbahəddin köks ötürərək Pertevə:

– Çox dilxoram, bir-iki aya İstanbulu tərk edib Aydına gedəsiyəm, – dedi.

“Rəsmli Ay”ın dəftərxanasına, digəri Bəyazidə – Ədəbiyyat Fakültəsinə gedirdi.

Pertev gördü ki, Səbahəddin ciblərini eşələyib Qalata körpüsünü keçmək üçün qəpik gəzir. Dedi:

– Özünü yorma, artıq körpünü keçərkən pul verməyəcəyik.

– Doğrudan ha, – gənc cavab verdi, – yetmiş il bir sürü vergi ilə yanaşı hər keçəndə körpüyə də pul ödəyən istanbullular artıq Qalata körpüsünü ata malı kimi istifadə edə biləcəklər. Eşq olsun!

Pertev dostunun sözlərindəki eyhamı sezmişdi. Əslində, onu tanıyandan bəri Səbahəddinin xasiyyəti belə idi. “Rəsmli Ay” mühitinə girəndən sonra tənqidçi ruhu lap qabarmışdı. Müşahidəsində yanılmadığını Pertev çox keçmədən anlayacaqdı.

ON

İstanbuldan – “Rəsmli Ay”dan ayrılmaq istəməsə də, məktəblərin açılmağı münasibətilə Səbahəddin Aydına gəldi. Gəldi və məktəbdən, həmkarlarından, şagirdlərindən dördəlli yapışdı.

Hələ uşaq kimi görünsə də, dünyagörüşü, zəngin bilik xəzinəsi ilə məktəbdə xoş təsir oyatdı. Həmkarları “Rəsmli Ay” kimi məşhur jurnalda hekayəsi dərc edilən Səbahəddinlə dostluq etməkdən həzz alır, şagirdlərsə onlara öz yaşıdı kimi yanaşan qeyri-adi gənc müəllimin gözünə girmək üçün əldən-ayaqdan gedirdilər.

Səbahəddin məktəbdəki xoş ab-havadan faydalanıb qərara aldı ki, fikirlərini tərəddüdsüz, açıq-aşkar bölüşsün.

Hərçənd bilirdi, “Rəsmli Ay” üzvlərinin və Nazimin başındakı bəlalara şahid olan, üstəlik dövlət qulluğunda işləyən adam ehtiyatlı davranmalıydı, amma o qorxmurdu. “Zəncirlərimdən savayı itirəsi nəyim var?” – şüarı ilə düşüncələrini ürəyi istəyən kimi dilə gətirirdi. Beləcə, tezliklə özünə qarşı diqqət oyadacaqdı.

O günlərdə Türkiyə böhranı adlamağa çalışırdı. Hamı yaxşı bilir, belə mərhələlərdən keçmək asan başa gəlmir: İqtidardakılar və onlara quyruq bulayanlar ona-buna hakim kəsilir, yerdə qalanlar da canlarının hayında idilər…

* * *

İmperiya yanmış, külündən yeni türk dövləti yaranmışdı. Böyük fədakarlıq və səylərlə meydana gələn gənc Türkiyə Respublikası Mudanya və Lozannada imzaladığı müqavilələrlə xarici düşmənlərə qarşı mübarizəsini əhəmiyyətli dərəcədə tamamlamışdı.

Adı tarixə qızıl hərflərlə yazılan İstiqlaliyyət müharibəsinin ardınca Anadolu xalqı ilə boğuşmağa tab gətirə bilməyəcəyini başa düşən ingilislər tezbazar İstanbul və Frakiyadan silah-sursatı yığışdırıb öz ölkələrinə qaçmışdılar.

Dövlət daxili düşmənlərlə, başqa sözlə, daxildəki bədxahlarla işini bitirməmişdi.45 Təkcə Mənəmən hadisəsi46 göstərdi ki, dövlətə düşmən kəsilənlər “əllərindəki küt mişarlarla hazır dayanıblar”. Odur ki, yeni respublikanı quran heyət öz siyasi xəttindən, ictimai intizam planından bircə millimetr də kənara çıxmamaqda qətiyyət göstərirdi. Bu qətiyyətini lazimi məqamda şiddətlə göstərir, hökumət əleyhinə yüksələn hər səsi ibrət olsun deyə, amansızca kəsirdi. 1920-ci ildə təsis edilən, bağlanılıb, təzədən açılan İstiqlal məhkəmələri, iqtidarın kəskin mövqeyinə işarə idi. Respublika yaranandan yeddi il sonra baş vermiş Mənəmən hadisəsinə qarşı sərt reaksiya da “daxili müharibə”nin hələ qurtarmadığından xəbər verirdi.

Başqa sözlə, respublika liderləri özlərini inqilabçı, hakimiyyəti də “inqilabi hökumət” sayır, istənilən əleyhdar addımı “əks-inqilab” kimi qiymətləndirirdilər.

İqtidar müxalif qarğaşanı normal hesab etsə də, müxaliflərə görə, gənc respublikada anti-demokratik həbsxanalardan ibarət diktatura rejimi hökm sürürdü.

Yeni idarə üsuluna diş qıcayanlar təkcə on il qabaq ləğv edilən şəriətin təəssübkeşləri yox, həm də SSRİ-dəki idarəetmə sistemini doğru hesab edənlər idi.

* * *

Səbahəddin Aydında tamamilə sosialist şəxsiyyətə bürünmüşdü. Həmkarları ilə söhbət əsnasında özünü məhz belə qələmə verir, yaxın hesab etdiyi şəxslərə öz fikirlərini aşılayırdı. Təkcə dərs dediyi məktəbin müəllimlərinə yox, rastlaşdığı hər kəsə sosializmin fəzilətindən danışır, hazırkı siyasi sistemin məzlum sinfin həyat şəraitini dəyişdirməyəcəyini vurğulayırdı.

Səbahəddin sanki “Rəsmli Ay”ın Aydındakı “şöbəsi” idi. İstanbulda qalan dostları ilə müntəzəm məktublaşır, fikirlərini onlarla da bölüşürdü.

* * *

Məktublaşdığı dostlarından biri Almaniya qatarında tanış olduğu, qürbətdəki günlərinin böyük qismini birgə keçirdiyi Məlahət idi. O, xəstələndiyi üçün vətənə qayıtmış, İzmir Qızlar Liseyində alman dili müəllimi işləməyə başlamışdı.

Səbahəddin onu tez-tez düşünürdü; Almaniyada məktəbinin qarşısına getdiyi, birlikdə kafedə oturub şirin-şirin söhbətləşdikləri günləri yada saldıqca kədərlənirdi. Belə anlarda sevgi etirafını dəyərsiz, hətta kobud hesab edirdi.

Aydında hələlik heç bir qadınla münasibət qurmamışdı.

Məktub yazdığı digər qadın Nahid idi; o da elə təzə tanış olduqları vaxt, “Mənimlə birgəliyi ağlının ucundan da keçirmə!” – demişdi.

İstanbulda təhsilinə cidd-cəhdlə davam edən Ayşə də sevgidən söz düşəndə dərhal söhbəti dəyişirdi.

Yaxşı ki, Məlahət qayıtmışdı. Səbahəddin Aydınla İzmir arasındakı məsafənin qısalığını da nəzərə alıb onu görməyə qərar verdi:

– Mümkündürmü? Mümkündür!

Məlahətə teleqraf göndərdi: “Həftəsonu gəlirəm. Səbahəddin”.

Həftəni səbirsizliklə başa vurdu. Xoşbəxtlikdən, günlər tez ötüşdü. Kiçik çanta hazırlayıb İzmirə üz tutdu.

ON BİR

Məlahəti görmək eşqi ona Berlin və Potsdam günlərini xatırladırdı.

Əslində, qız çox gözəl deyildi. Almaniyada münasibətləri sadəcə dostluq səviyyəsində qalmışdı. Bir gün Səbahəddin ona qarşı olan hisslərini dilə gətirmiş, amma fikrini dəqiq çatdıra bilməmişdi. Nə dediyini yaxşı xatırlayırdı: “Deyəsən, sənə vurulmuşam, Məlahət”.

Nə axmaq cümlə idi! Təkrarladıqca qızarırdı. Heç belə etiraf edilərmi? Qəflətən və yersiz…

İndi həmin sözləri özünə yaraşdırmırdı.

Almaniyanı məcburən tərk etdiyi gündən bəri onunla əlaqəsi də kəsilmişdi. Yaxşı ki, Məlahət də Türkiyəyə geri dönmüş, beləcə, yenidən tapışmışdılar. Bəzən bir-birinə yazır, özləri ilə bağlı məlumat verir, fikirlərini bölüşürdülər.

* * *

İzmir yolunda Səbahəddin təzədən Almaniyanı – Məlahətin oxuduğu məktəbə velosipedlə getdiyini xatırladı.

İndi sakit başla götür-qoy edəndə fərqinə vardı ki, Məlahət necə başıbəlalalıdır. Atası siyasi cinayətə görə on beş il həbsə məhkum edilmiş, anası isə atasının vəkili ilə evlənmişdi. Məlahətin internat məktəbinə gedib müəllim olmaq arzusunun əsas səbəbi də bu idi: atasının anasına xəyanəti.

O çox çalışqan idi. Pianoda ifa etməyi də bacarırdı.

Səbahəddin onunla birgə konsertə getdiyi günləri xatırlayırdı.

Məlahətin xəstələnib Türkiyəyə dönməyini də məhz onun tənhalığı ilə əlaqələndirirdi. Fikirləşirdi ki, Məlahət alman qızlarla ünsiyyət qura bilməmiş, məktəbdəki, yataqxanadakı soyuq, darıxdırıcı atmosferə uyuşmamış, özünü tənha, kimsəsiz hesab etmişdi.

* * *

Səbahəddin Məlahəti İzmir Qızlar Liseyində tapdı. Köhnə dostlar bir-birini görcək doluxsundu, bərk-bərk qucaqlaşdılar.

Birlikdə “Sevim” şirniyyat evinə47 getdilər. Sirkəçi vağzalından çıxan qatarda Berlinə səfərləri barədə bir xeyli söhbətləşib keçmişi yad etdilər. İlk gecə qatarda necə də üşümüşdülər.

Berlini küçə-küçə gəzdikləri günləri xatırladılar. Səbahəddin cibindən qəlyanını çıxarıb, “Bax, bunu Vertheymdən almışdım” – göstərdi. Səliqə ilə doldurub alışdırdı. İlk qullabı vurub, “Burada Almaniyadakı kimi keyfiyyətli tütün tapılmır, amma eybi yox” – dedi. Ətrafa boylanaraq, “Bu nədir? Nə sənətkar var, nə siyasətçi!” – güldü.

Məlahət onun nə demək istədiyini başa düşmüşdü. O vaxt “Sevim” şirniyyat evi tanınmış insanların getdiyi məkanlardan idi. Bura, nəinki şəhərdə, hətta ölkədə seçilirdi. İstanbulda, Parisdəki şirniyyat evləri kimi bir növ görüş yeri idi. Üstü mərmərli döymə dəmir masalar, nəfis döşəkçələrlə bəzədilmiş döymə dəmir stullar… – bir sözlə, Qərb atmosferi.

Dostlar şıq ofisianta iki tort dilimi və limonad sifariş edib söhbətə davam etdilər.

Səbahəddin sözləri seçib danışır, növbəti səhvə yol verməmək üçün ehtiyatla davranırdı. Ağlına gəldi ki, bir qədəh içki içsə, daha rahat danışar.

– Görəsən, burada kokteyl içməyə yer varmı? – Məlahətdən soruşdu.

* * *

Beləliklə, növbəti dayanacaq Kordondakı48 “Turkuvaz” oldu.

Səbahəddin dərhal iki kokteyl sifariş verib söhbətə başlamaq istəyirdi ki, Məlahət həyəcanla:

– Sənə sözüm var, – dedi, yadındadırsa, Almaniyada dəniz inşaatı mühəndisi vardı. Onunla nişanlanmışam.

Qız, yəqin, Səbahəddinin könlündəkini duymuş, onu qabaqlamışdı.

Səbahəddin daxilən sarsılsa da, özünü o yerə qoymadı:

– Yaxşı eləmisən, – dedi.

Məlahət təəccüblənib:

– Zarafat deyil, nişanlanmışam! – təkrarladı.

Səbahəddin də yenə rişxəndlə pıçıldadı:

– Yaxşı eləmisən.

Məlahət əsəbiləşdi, hətta ondan incidi. Növbəti dəfə ürəyi parçalanan Səbahəddin özünü güclə cilovlayırdı ki, kövrəlməsin. İçində fırtına qopdu! Yolda hazırladığı cümlələrin daha əhəmiyyəti yox idi.

Məlahəti görməyi, ona ürəyini açmağı necə arzulamışdı. Budur, arzusu ürəyində qaldı…

* * *

Məlahət onun “Yaxşı eləmisən” sözündəki rişxənddən, həqiqətən, incimiş, dolmuşdu. Səbahəddin vəziyyəti düzəltmək xatirinə dilxoşluq edib, nəhayət, onu güldürməyi bacardı. Sonra Məlahətin çənəsi qızışdı:

– İzmirə gələndə elə pis vəziyyətdə idim ki, qorxurdum, sağalmaram. Yaxşı ki, xəstəlik səngidi, özümə gəldim. Bilirsən, İzmirə təzə gələndə istədim, səndən də kömək istəyim. Yazacaqdım, amma…”

Məlahət başına gələnləri kədərli-kədərli danışırdı. Bu dəm Səbahəddin onun sözünü ağzında qoydu:

– Mənə nə yazacaqdın?

Məlahət susdu. Səbahəddin nə qədər dil-ağız etsə də, cavab vermədi.

* * *

Ayrılıq məqamı yetişmişdi.

Ofisiant hesabı gətirəndə Səbahəddin, az qala, huşunu itirəcəkdi: çünki “Turkuvaz”da bir kokteylin qiyməti bir lirə iyirmi beş quruş idi.

Çıxanda zarafatla, “Bu pulla İstanbulda rakı içib yanında yemək də yeyirik!” – dedi.

Məlahətlə sağollaşan kimi üz-gözünün rəngi qaçdı. Bayaqdan cilovladığı qəhər boğazına yapışdı.

Aydına qayıdarkən yol boyu Məlahəti, Almaniyadakı uğursuz sevgi etirafını və İzmirdə düşdüyü acınacaqlı vəziyyəti uzun-uzadı düşündü.

Qəhərdən boğulurdu.

ON İKİ

Səbahəddin məktəblərin tətilə çıxmasından faydalanıb İstanbula yollandı.

Əşyalarını Saleh əmisinin Ərənköydəki malikanəsinə qoyub xəstəlik xəbərini aldığı əziz Məlahətə Validəbağda yerləşən Müəllim Xəstəxanasındakı49 profilaktoriyada50 baş çəkdi.

– Niyə belə oldu? – Səbahəddin soruşdu.

Məlahət dinmədi. Səbahəddin əl çəkməyib sualı təkrarlayanda qız hönkürdü.

Hey:

– Üç yol var, – söyləyir, ağladığı üçün davamını gətirə bilmirdi. Axırı sakitləşərək izah etdi: – Ya dəli olacağam, ya özümü öldürəcəyəm, ya bu bəla keçəcək…

– Əlbəttə, keçəcək, – Səbahəddin ümidlə söylədi.

Bağçaya çıxdılar. Hündür ağaclar altında – qapıya yaxın skamyaların birində əyləşdilər. Yan-yörədə vərəmlə boğuşan müxtəlifyaşlı müəllimlər vardı. Hamısı da Məlahət kimi sınıxmış və sapsarı idi.

Dəhşətli müharibə zamanı insanlar təkcə düşmənin ağır zərbələrinə yox, aclığa da qatlaşmışdı. Beləcə, aclıqdan, səfalətdən doğan vərəm ölkəni çulğamışdı. Hökumət, əsasən, kasıb-kusubu caynağına keçirən bu xəstəliyə qalib gəlmək naminə cidd-cəhdlə əlləşirdi.51

* * *

Səbahəddin dostunu ziyarətə gələrkən yazdığı pyesdən bir neçə hissəni də gətirmişdi. Hərçənd Məlahət düz-əməlli eşitmirdi, amma ona ilk iki pərdəni oxudu.

Çox keçmədən Məlahət:

– Səndən bir şey istəsəm, edərsən? – söyləyib onun sözünü kəsdi.

– Əlbəttə, – Səbahəddin qızın səmimi sualına cavab verdi.

– Bir gün yanına gəlib, “Məni öldür” – desəm, öldürərsən? İntihar üçün özümü gücsüz hiss edirəm.

Səbahəddinin qeyri-ixtiyari dodağı qaçdı. Ağlına gələn min fikirdən birini seçib Məlahətlə bölüşdü:

– Gəl birlikdə xaricə, məsələn, Suriyaya gedək. Bu, Türkiyə üçün bizim mənəvi ölümümüz olar. Bəlkə, orada həyat səndən ötrü təzədən çiçəklənər. Xəstəliyin səngiməsə, belə edərik.

Məlahət bu planın həyata keçməyəcəyini bilirdi. Kinayə ilə, “Olar” – dedi.

Səbahəddin onun intihar meylindən narahat idi:

– Axı niyə özünü öldürmək istəyirsən, Məlahət?

– Bunu dünyada bircə insana söyləmək mümkün olsaydı, o sən olardın.

Səbahəddin mat qaldı:

– Kimdənsə hamilə qalmısan? Nişanlınmı səni incidib? Sağalmaz xəstəliyə düçar olmusan? Ya hazırkı xəstəliyinə görə məyussan?

Qız bütün suallara, “Yox!” – dedi.

– Bəlkə, kiməsə aşiqsən? Məsələn, mənə.

Məlahətin dodaqları yenə bircə sözlə tərpəndi:

– Yox!

* * *

Səbahəddin həm heyrətləndi, həm də kədərləndi. Saleh əminin evinəcən onun söylədiklərini çək-çevir etdi.

Növbəti gün bir qədər özünə gəlib xatırladı ki, İstanbulda görüləsi çox işi var. Bir neçə dostuyla görüşmək istəyirdi. Pertevi tapıb söhbətləşəcək, “Rəsmli Ay”ın dəftərxanasında Nazimə baş çəkəcək, imkan tapsa, Zəkəriyyə bəyi də görəcəkdi.

Bəlkə də, yayda çimərliyə birgə getdiyi sarışın qızla da rastlaşacaqdı.

ON ÜÇ

Tətildə İstanbula gələn Səbahəddin səhər qarşısında polisləri görəndə mat qaldı. Elə karıxdı ki, “Ayaqqabını geyin, gedirik!”52 – əmri veriləndə, “Hara gedirik?” – soruşa bilmədi. Başına gələn hadisə sanki gündəlik işlərdən biri idi: sakitcə qarderoba sarı addımladı, ayaqqabısını geyinib:

– Gedək, – dedi.

– Yox! Aydına gedəcəksən. Məhkəmə orada olacaq. Çantanı da götür, – polis dedi.

Səbahəddin çantasını yığdı, şübhəli şəxs qismində Aydına göndərildi. Onu müşayiət edən polislərdən dəfələrlə, “Təqsirim nədir?” – soruşdu, amma onlar da Səbahəddinin günahını bilmirdilər.

* * *

Gecəni nəzarətdə keçirdi.

Səhər hakimin qarşısına çıxarılanda donub qaldı: müəllimlərdən Bəha bəy, şagirdlərdən İzzət, məzunlardan Musa Oğuz, əməkdaşlardan Hüseyn və makinaçı Əli Cavad da orada idilər.

Onlar Aydın Oğlanlar İncəsənət Məktəbindəki şkaflara “Qırmızı İstanbul”53 adlı jurnalın nüsxələrini qoymaqda və kommunizm təbliğatı aparmaqda ittiham olunurdular.

Səbahəddinin nitqi qurudu.

* * *

Həqiqət üzə çıxanacan – üç ay Aydın həbsxanasında qaldı.

Boşa keçən üç ayın əvəzini kim verəcəkdi? Kimsə, ya da kimlərsə səhvən, bəlkə də, qəsdən ömrünün qiymətli aylarını oğurlamışdı. İndi bu puç olan vaxtı kim necə qaytaracaqdı? Heç olmasa, qaytarmağı düşünəcəkdimi?

Yuxarı baxdı, bığ, aşağı baxdı, saqqal gördü.

Beləliklə, öyrənmişdi ki, məhbəs həyatı çox ağırdır.

* * *

Vətənpərvər müəllim, məsuliyyətli ziyalı kimi başladığı mübarizənin dərinliyini və dünyada belə işlərin necə dövran etdiyini gec-tez dərk etdi.

İnsanlara yeni həyat tərzinin nemətlərindən bəhs edən insan indiki şəraiti müdafiə edənlərdən qorxmalıdır. Səbahəddin isə özünə, dostlarına qarşı haqsızlıq edildiyini düşünür, qorxmaqdansa lap coşurdu.

Aydın həbsxanasındakı dövrü özü üçün məktəb hesab edirdi. Qatı cinayətkarlar da daxil, ətrafındakı hər kəsi diqqətlə müşahidə etmiş, bəzilərinin inanılmaz həyat hekayələrini yaddaşına həkk etmişdi.

* * *

Səbahəddin məhbusların əhvalatlarını dinlədikdən sonra qəti qənaətə gəlmişdi: problem ziddiyyətdən qaynaqlanır. Pislə yaxşının, varlı ilə kasıbın, kəndli ilə ağanın, müdirlə fəhlənin ziddiyyəti…

Düşünürdü ki, qanun keşikçiləri ziddiyyətləri dəqiq görməyəndə, lazımi tədbirləri vaxtında həyata keçirməyəndə qarşıdurma başlayır. Məsələn, işçinizin arvadına göz dikmək və həmin kişini müxtəlif bəhanələrlə evindən aralaşdırmaq öz ölüm əmrinizi imzalamağa bərabərdir.54

Həbsxanadan çıxıb evə qayıdanda bu cür əhvalatları, dustaqları düşünürdü.

Məlahət məktub yazmışdı. Əziz dostunun məktubunda nigaranlıq, hətta qorxu sezilirdi:

– Məhkəmə necə oldu, nə yerdə qaldı? Çox narahatam. Allah xatirinə, mənə məlumat ver. Ürəyini sıxma, qardaşım. Nə edək, inşallah, bu da keçər…

Məktubda narahatlıq, təlaş, qorxu ifadə edən sözlərdən ziyadə “qardaşım” xitabı Səbahəddinə bərk toxundu.

ON DÖRD

Səbahəddin martda həbs edilmiş, mayda buraxılmış, bircə ay keçmədən məktəblər tətilə çıxmışdı.

Aydında işləməyinə icazə verməsələr də, 1931-1932-ci tədris ili üçün alman dili müəllimi kimi Konyaya göndərdilər. Xoşbəxtlikdən, Pertev də oraya gələcəkdi: Səbahəddinin əziz dostu da eyni şəhərə təyin edilmişdi.

* * *

Səbahəddin ləngimədən Konyaya gəldi, məktəbə yaxın bir yerdə ev tapdı. Həmin evdə anası və bacısı ilə yaşamaq istəyirdi.

Ədrəmitə – ailəsinin yanına getdi. Anası və bacısı onun arzusunu eşitcək sevindilər. Köçmək üçün hazırlaşmağa başladılar.

Qadınlar yeni evi səliqəyə saldılar. Səbahəddin də Ədrəmitdən gətirdikləri masalardan ən münasibini seçib öz otağına qoydu. Anası:

– Oğlum, gərək əvvəlcə çarpayını səliqəyə salaydıq. Nə xəbərdir? – dedi.

Yazmaq üçün lazımi şəraiti qurandan sonra gənc yazıçının kefi açıldı. İl faydalı, məhsuldar keçsin deyə özü və şagirdləri haqda plan qurmağa başladı. Ən azı bir roman, beş-altı hekayə və Nazimin tövsiyəsinə baxmayaraq xeyli şeir yazmalı idi.

Masanın üstünə ağ vərəq qoyub qələminə yaşıl mürəkkəb doldurdu.

* * *

Keçmiş sevgilisi Nahid, hələ də, xəyalında dolanırdı.

Ağ vərəqin başında “Əvvəlki kimi”55 yazdı:

İltək ötüb keçir gündüzüm-gecəm,

Bu təklik əlindən bitabam necə…

Düşünmə, küskünəm, darğınam sənə,

Vurğunam yenə də, vurğunam sənə…

Özgə gülüşlərə qatılsam belə,

Gözündən irağa atılsam belə,

Qəlbində qaralan od olsam belə,

Vurğunam yenə də, vurğunam sənə…

Təkrar oxudu. Xüsusilə, “Özgə gülüşlərə qatılsam belə” çox xoşuna gəldi.

Həqiqətən də, beləydi: Nahidə vurğun olsa da, Məlahətə də, Mariyaya da, hətta Ayşəyə də gülmüşdü. Bir də İstanbulda çimərlikdə gördüyü tünd-mavi gözlü, sarısaçlı gözəl qıza da…

* * *

Yazdığı şeirdən iki nüsxə çıxardı. Birinin üzərinə, “Göndərdiyim bu şeirin kimə yazıldığı məlumdur” – qeyd etdi, zərfə dayısı arvadı Müfidə xanımın adını yazıb poçta verdi.

İkinci nüsxəni də “molla” Pertevə verəcəkdi. O da şeirin kimə yazıldığını dərhal biləcəkdi.

* * *

Səbahəddin Konyada kimlərlə fikir mübadiləsi aparacağını düşünəndə şəhərin ən çoxtirajlı qəzeti “Yeni Anadolu” yadına düşdü.

O hamıyla dostyana davranardı.

Qəzetin qapısını da böyük inamla döydü. “Yeni Anadolu”nun sahibi və yazıçısı Camal bəyə56 özünü təqdim etdi.

Camal bəy onun adını eşitmişdi. “Rəsmli Ay”da hekayəsi çıxan birini tanımamaq olarmı? Camal bəy, əlbəttə, həmin hekayəni çox bəyənmişdi. Özündən cəmi iki yaş böyük Səbahəddinə hörmətlə yanaşıb iş təklif etdi:

– Yazı yazarsınız, tərcümə edərsiniz. Ürəyiniz istəyəni yaza bilərsiniz…

Səbahəddin redaksiyadan çıxanda, “Artıq Quyucaqlı Yusif”ə başlamalıyam” – qərar verdi.

Qapıdan girən kimi yaşıl mürəkkəbli qələmi qapıb yazı masasının arxasına keçdi. Başlığa yolda fikirləşdiyi adı yazdı: “Quyucaqlı Yusif”.

Nazimin ona roman yazmaq barədə tövsiyəsini yada salaraq əsərə aid ilk qeydlərini kağıza köçürdü.

* * *

Səbahəddin Konyada həm müəllimlik edirdi, həm də “Yeni Anadolu” qəzetində işləyirdi, amma İstanbulla da əlaqəni kəsmirdi.

Sevimli dostlarından biri olan Nihalın, “Bütün türklər ordudur, qoşulmayan qaçaqdır” – şüarı ilə dərc etdiyi “Atsız Məcmuə”yə57 də yazı göndərməliydi.

Əslində, bu barədə götür-qoy etmişdi; Nihalın “türk” məsələsini vurğulamağı onu narahat edirdi, amma ondan israrla məqalə istəyən köhnə dostundan bir şüara görə ayrılmaq istəmirdi.

Yarımçıq yazılarından ibarət qovluğu açdı. “Dağlar” adlı şeirini dönə-dönə oxudu, redaktə etdi. Başqa vərəqə köçürüb bir də oxudu, nahəyət, bəyəndi:

Başım dağ, saçlarım qardır,

Dəli ruzigarım vardır,

Ovalıqlar mənə dardır,

Məskənimdir dağlar mənim…

Dəhlizə çıxanda anası düyü arıtlayır, bacısı əşyaların tozunu alırdı:

– Bir dəqiqə əlinizi saxlayın. Şeir oxuyacağam. Görün necədir?

Şeiri intonasiya ilə ucadan oxudu. Anası da, bacısı da çox bəyəndi.

Otağına qayıdıb şeirlə birgə göndərmək üçün bir məktub yazdı. Bir az özündən, bir az ordan-burdan bəhs etdi. Maraqlandığı mövzulara dair bir-iki sual əlavə etdi.

Nəhayət, zərfi hazırlayıb poçta yollandı.

Beləliklə, “Dağlar” şeiri 15 dekabr 1931-ci ildə “Atsız Məcmuə”nin yeddinci sayında çap edildi.

* * *

“Quyucaqlı Yusif” əsəriylə bərabər yeni şeirlər, hekayələr də yazırdı. 8 mayda “Yeni Anadolu” dərgisində “Qadın fitnəsi”58 adlı hekayəsi dərc olundu.

Gənc yazıçı Aydındakı kimi Konyada da düşündüyünü söyləməyə, istədiyini yazmağa davam edirdi.

Hekayəyə belə başlamışdı: “Bu şəhər nizamsız, kələ-kötür, çirkli mənzərəsilə sanki Orta Anadolu çöllərində uzanan yaraya bənzəyir.

Aşınmış kərpic evlərdən, yarpaqsız budaqlarını iri hörümçək ayaqları kimi tarımlayan ağaclardan, yaşamlarıyla məni heyrətə gətirən, həyatla bağı qopmuş insanlardan savayı bu şəhərin səciyyəvi xüsusiyyəti yox idi”.

Yazdıqları, əlbəttə, doğru idi: Konya onun təsvir etdiyi kimi əsl Orta Anadolu şəhəri idi. Halbuki o, buraya qonaq gəlmişdi. Qonağın ev yiyəsinə, “Nə pis evdə qalırsan! Bu xaraba yerdə necə yaşayırsan? Bilirsən, əzizim, sən heç yaşamırsan da!” – deməyi yaxşı deyil.

Şübhəsiz, uşaqlar doğulduğu şəhəri seçmək haqqına malik deyil. Dəyişmək imkanı isə hamıya qismət olmur.

1930-cu illərdə Konyada Səbahəddin kimi İstanbulda yaşamış, Almaniyada olmuş bircə nəfərlə rastlaşmaq, az qala, müşkül iş idi.

Əlbəttə, həqiqətləri dilə gətirmək məsuliyyət, hətta fəzilətdir. Habelə hamı bilir, “doğru danışanı doqquz kənddən qovarlar”. Hərçənd Səbahəddin Konyadan da qovulmaqdan çəkinmirdi.

* * *

Hekayə sərt başlasa da, konyalılar gənc müəllimə hörmət edirdilər. Çünki Səbahəddin şəhərin adını açıq yazmamışdı; dərc edilən də şərh, müsahibə yox, hekayə idi. Üstəlik hələ ilk hissəsi çap olunmuşdu. Hekayənin ikinci hissəsi isə əyalət ziyalılarının cəhaləti, əyalətə işləməyə gələn bir qadın və bir kişi müəllimin saxta, çirkin münasibəti haqda idi.

* * *

Şübhəsiz, o, sakinləri yox, məsul şəxsləri günahlandırırdı. Fəqət ziyalılar iti qələmin, ağır sözün hədəfini təxmin edirdilər.

Anadolu camaatının belə maraqlı xasiyyəti var. Avropalı nəyisə bəyənməyəndə dərhal söyləyir; Anadolu insanı isə bəyəndiyini bildirir, bəyənmədiyini “hələlik” kənara qoyub gözləyir. Üstəlik bu xüsusiyyətilə fəxr edir.

Səbahəddin sonralar Anadolunu ən yaxşı təsvir edən yazıçı kimi məşhurlaşsa da, indi naşılığından törəyən bəlaya addım-addım yaxınlaşırdı.

“Qadın fitnəsi”nin növbəti hissələrində əyalət ziyalılarının oxlarına tuş gələcəkdi…

* * *

Gənc yazıçı bəzən qələminə nəzarəti itirirdi. Hədsiz həyəcanlıydı. Bu həyəcan təkcə qələmində deyil, münasibətlərində də əks olunurdu.

Avropalı kimi bəyəndiyini də, bəyənmədiyini də ağına-bozuna baxmadan deyir, çölün düzündə elə yaşayır, danışır, yazırdı, sanki Avropanın göbəyindədir. Almaniyada açıq-aydın, dürüst danışmağa vərdiş etmiş, lakin diplomatiya məsələsini nəzərdən qaçırmışdı. Yəqin, bu səbəbdən ona yol göstərənlərə “Qadın fitnəsi” hekayəsindəki “Nurullah müəllim” obrazı kimi qəzəblə cavab verirdi. Məsləhətlərə qulaq asmır, tənqidləri qulaqardına vururdu.

Qısası, Səbahəddin “iki ayağını bir başmağa dirəyirdi”. Görəsən, nə vaxtacan?

ON BEŞ

Nahid xanımın xəyalı onu məşğul etsə də, Səbahəddinə məhəbbət hava-su kimi lazım idi. Sevgisiz yaşaya bilmir, hər günə yeni sevgi ümidiylə başlayırdı.

Necə deyərlər, axtaran tapar, yoğuran yapar.

* * *

Səbahəddin bu dəfə şagirdlərindən birinə – on beş yaşlı Məlahətə59 bənd olmuşdu. Təzə sevgisi haqda ilk dəfə “Yeni Anadolu” qəzetində “Qadın fitnəsi”nin oxucularına xəbər verdi. Əlbəttə, oxucular hekayədəki on beş yaşlı “Bəriə”nin Məlahətin prototipi olduğunu bilməyəcəkdilər. Əslində, bircə adı dəyişmişdi…

* * *

Başda Pertev olmaqla yaxın dostlarına, bəzi qohum-əqrəbasına yeni sevgilisi haqda danışanda həyəcanlanır, Məlahəti “zərif, ağbəniz, qıvrım-qıvrım qumralsaçlı qız” kimi təsvir edirdi. Ona şeirlər həsr edir, yaşıl mürəkkəbli qələmi indi ondan ötrü titrəyirdi:

Çöhrəndir şeirimin ilhamı artıq,

Dizindir canımın əbədi taxtı.

İçmişik, əzizim, səadət andı

Səmadan süzülən yadigar kimi…60

Yeniyetmə sevgilisi ilə bağlı yazdıqlarını digər işlərini yığdığı qovluqda saxlayırdı. Kimə məktub yazsa, Məlahətdən söhbət açırdı.

Bir dəfə Pertevə yazdığı məktubda həyəcanlandığını, sevgisinə qarşılıq gördüyünü qeyd etmişdi: “Yenə dəlicəsinə aşiqəm. O, keçən cümə axşamı İstanbula getdi…”

Üstəlik dostundan xahiş etmişdi ki, İstanbulda Məlahətlə görüşüb göndərdiyi şeiri ona çatdırsın.

* * *

Hamıya Məlahət haqda danışırdı. Almaniyadan qayıdanda Pertevin tanış etdiyi Ayşəyə də; Növbəti gün Ayşənin məktəbinə getmiş, çəkinmədən ünvanını soruşmuş, Bursaya gedən kimi ona məktub yazmağa başlamışdı. Əlbəttə, Ayşəyə də sevgidən söz açmış, lakin müsbət cavab almamışdı.

Bu dəfə də “İki gözüm Ayşə” xitabıyla başladı: “Sənə on gün qabaq yazacaqdım, amma gecikdim. Səbəbi sadədir; həmişəki xəstəliyim: yenə aşiq olmuşam. Ah Ayşə, vallah, özüm də mat qalmışam, on beş-on altı yaşımdan bəri bir həftə sevgisiz qaldığımı xatırlamıram. Ürəyim eşqlə doludur. Güman etmə, bayağı şeyləri “sevgi” adlandırıram. Mənim sevgim od-alov saçmaqda Verteri61, məsumluqda Romeonu üstələyir. Qəribədir ki, hər sevgidə sanki ilk dəfə vuruluram, həyəcanlanıram, ehtirasa qapılıram”.

Eşq barədə uzun-uzadı yazandan sonra mətləbə keçdi: “Sizə yeni sevgilimi necə tərifləyim? “Gözəl” demək azdır. Məncə, o dünyada sevilməyə layiq yeganə insandır. Özü onu necə sevdiyimi bilməsə də, mən ondan ötrü hər şeyimi, canımı da qurban verərəm. Tezliklə fotosunu göndərəcəyəm, özünüz qiymət verərsiniz”.

* * *

Səbahəddin yaxın hesab etdiyi adamları elçiliyə göndərdi. Onlar da Məlahətin ailəsinə Səbahəddinin məqsədini, hisslərini çatdırdılar, fəqət ailə razılaşmadı. Onların fikrincə, qızın yaşı hələ az idi…

Xəbərsiz Məlahət bu hadisədən sonra müəllimindən soyudu…

Səbahəddinin oxu yenə daşa dəydi…

* * *

Həmin günlərdə Ayşəyə və digər dostlarına göndərdiyi “Melanxoliya”62 adlı şeirində yenə Məlahətdən, daha doğrusu, könül yarasından söz açmışdı. Şeirin son bəndi belə idi:

Nə dostam, nə sevgili,

Dünyadan uzaq dəli…

Boğur məni kədərim,

Zehnimə zülmət dolur…

ON ALTI

“Qadın fitnəsi” hekayəsini “Yeni Anadolu”da hissə-hissə dərc etdirir, həmçinin “Quyucaqlı Yusif” üzərində işləyirdi. Hekayənin ardınca bu romanı çıxarmaq istəyirdi.

Evdən yalnız məktəbə görə çıxır, vaxtının çoxunu romana həsr edirdi. Bacısı çayını gətirir, anası da nahar vaxtı amiranə səslə boylanırdı:

– Süfrə başına!

Qadın yaxşı bilirdi, təpinməsə, Səbahəddin öz xoşuyla yeyən deyil.

* * *

5 may axşamı “Zabitlər evi”ndə təşkil olunmuş bala getmiş, üç gün sonra “Yeni Anadolu”da “Qadın fitnəsi”nin yeni hissəsində oxşar bal səhnəsini uzun-uzadı təsvir etmişdi (Bu, təxəyyül məhsulu deyil, balda baş verənlərin təsviri idisə, deməli, “Zabitlər evi”ndə heç də ürəkaçan vaxt keçirməmişdi).

Həyat davam edir, “Bəriə” adlandırdığı Məlahətdən, İstanbuldakı Ayşədən söz açdığı hekayəsi hissə-hissə çap olunur, eyni zamanda “Quyucaqlı Yusif” üzərində işləyirdi.

Gənc yazıçı ilk romanına vasvası yanaşır, dəfələrlə əsərin əvvəlinə qayıdır, oxuduqlarının altını cızır, bəyənmədiyi yerləri düzəldirdi. Nazimin tövsiyəsinə əsasən, roman üzərində çox ciddi çalışırdı. Oxucuların və ustadı Nazimin qabağına üzüağ çıxmaq istəyirdi.

* * *

Səbahəddin yay tətilində bütün gücünü romanına verdi, bitirdiyi hissələri hazırlayıb “Yeni Anadolu”ya yollandı.

Səbahəddinin yazılarından sonra qəzetin satışı artmışdı. Camal bəy xeyli razı idi. Haqqında nə qədər dedi-qodu çıxsa da, gənc müəllim onun gözündə misilsiz nemət, hətta “qızıl yumurta yumurtlayan toyuq” idi.

“Rəsmli Ay”, “Atsız Məcmuə” kimi ölkəmiqyaslı jurnallarda dərc olunan şöhrətli müəllif Konyanın az oxunan, tanınmayan “Yeni Anadolu” qəzetinin reytinqini qaldırmışdı.

* * *

Odur ki, qəzet sahibi Camal bəy roman haqda eşidəndə sevindi. Hissələri oxumadan:

– Əlbəttə, dərhal çapa verəcəyəm. Siz dayanmadan davam edin! – dedi və Səbahəddinlə sağollaşdıqdan sonra sürətlə oxumağa başladı. Oxuduqca heyrətləndi, həyəcanlandı… Əsas qəhrəmanlar – Yusiflə arvadı Müəzzəz bir anlıq canlandı. Roman haqqında əvvəlcə özünə pıçıldadı, ancaq sonra müəllifin özüylə də təəssüratını bölüşəcəkdi.

“Quyucaqlı Yusif” mükəmməl, məhəbbət dolu roman idi. Hadisələr yenə Anadoluda cərəyan edirdi.

Bu nə adi naturalist roman idi, nə də sevgi dramı. Yusif qəsəbənin ağalarına qarşı üsyan qaldıran, onlardan çəkinməyən əsl xalq qəhrəmanı kimi təsvir edilmişdi.

Romandakı Səlahəddin bəyin hiylə ilə qumara cəlb edilib var-yoxunu itirməyinin, Əlinin öldürülməyinin, namus davalarının səbəbi qadın yox, güc sahiblərinin, pulla hamını tabe edəcəyinə inanan alçaq qəsəbə hakimlərinin, zalım zadəganların cəhaləti və təkəbbürü idi. Yəqin ki, bədxahlara boyun əyməyən quyucaqlı Yusif romanın sonlarında üsyan qaldıracaq.

Camal bəy hiss etdi ki, Səbahəddin öz fikirlərini romanda Yusif obrazının dili, əməlləriylə gerçəkləşdirir. Oxuduqca müəllifə qibtə edirdi!

“Quyucaqlı Yusif” nə adi sevgi əhvalatı, nə fantastik macəra, nə də Anadoluda baş verənləri nəql edən adi roman idi. Səbahəddin bu romanda ictimai məsələləri fəlsəfi, siyasi müstəvidə ifşa edirdi.

* * *

Camal bəyin gümanı özünü doğrultdu: roman hissə-hissə çapa verilən gündən səs-küy yaratdı, ağızdan-ağıza dolaşdı və məşhurlaşdı. “Qadın fitnəsi”nin əksinə bu dəfə Səbahəddin konyalıların rəğbətini qazandı. Rastlaşanlar onu canfəşanlıqla salamlayır, təbrik edirdilər.

Gənc yazıçı bəzən məsləhət istəyənlərlə söhbətləşir, onlara yol göstərirdi.

* * *

Pis və yaxşı, xüsusən də, insan həyatını ifadə edirsə, müvəqqətidir. Çünki bu zidd məfhumlar əl-ələ gəzən gəzən qardaşdırlar.

Səbahəddin ilk romanı ilə əlaqədar təriflənib alqışlanarkən onu gözləyən müsibətlərdən xəbərsiz idi.

Bir ara imkan tapıb, Nazim və Zəkəriyyə bəyi görmək üçün İstanbula getdi.

Əlbəttə, Almaniyada dostlaşdığı Məlahəti də yad edəcəkdi. Elə birinci ona zəng vurdu. Yaman səs-küy idi. Hiss etdi ki, onun yanında kimsə var. Məlahət, “Yaxşısı budur, məktub yaz” – dəfələrlə təkrarladı, duz-çörək kəsdiyi əziz dostuna macal vermədi ki, ona İstanbula gəldiyini, görüşmək istədiyini desin.

Gənc yazıçının qanı qaraldı, incidi.

Dostlarına baş çəkib Konyaya qayıtdı.

* * *

Konyadan Məlahətə məktub yazdı. Zərfin içinə Məlahətin ailə qurmaq arzusunda olduğu vaxt ona bağışladığı kitabla bərabər ağ kağız da qoyub:

– Mənə yazmaq istəsən, yaz! – əlavə etdi.

Dostundan uzun cavab məktubu gəldi:

– Mümkün deyil ki, bir-birimizdən inciyək, – Məlahət yazmışdı.

Səbahəddin hər şeyin dəyişdiyini başa düşdü: onların birvaxtkı zərif ülfəti, göyərçintək qaynayıb-qarışmaları necə də adiləşmişdi. İndi nə utancaq Məlahət qalmışdı, nə də dərin duyğularla dilə gətirilən pak cümlələr…

* * *

İstanbuldaykən təkrar Məlahəti görmək istəmişdi. Üstəlik məktubunda yaşadığı ünvanı da qeyd etmişdi, fəqət on gün qapı döyülməmiş, poçtalyonun yolunu gözləsə də, Məlahətdən xəbər çıxmamışdı.

Həftəsonu səkkiz-on nəfər: Cahidə, Şərif, Nəzahət, Pertevin qohumu alman Cəmil, İlxan və Şövkətlə yığışıb Sarıyerə gəzməyə getdilər.

Səbahəddin Məlahəti orada gördü. Qolları çılpaq idi, həsir tufli geyinmişdi. Nişanlısı sürücü ilə qiymətdə razılaşmağa çalışırdı. Qızla göz-gözə gələndə Səbahəddin qəzəblə başını çevirdi, lakin peşman oldu.

Konyaya gedən kimi Məlahətə məktub yazıb üzr istəyəcəkdi.

ON YEDDİ

Qapını bacısı açdı:

– Bildiriş gəlib, imzan lazımdır!

– Xeyirdir, inşallah!

Üstünə “Xəbərdarlıq” yazılmış zərfi açdı, təhsil naziri S.Zəkinin imzasını görəndə kefi pozuldu. Başlığa “6 iyul 1932-ci il” qeyd edilmişdi.

Poçtalyonu gözlətməmək üçün lazımi yeri imzaladı. Qapını örtüb xəbərdarlığı oxudu: “5 may 1932-ci ildə sərxoş halda bala getmiş, Qızlar Müəllim Məktəbinin fransız dili müəlliməsi Tirajə xanıma rəqs təklif etmiş, rədd cavabından qəzəblənmiş, ona söz atmış, masasına zillənərək cib bıçağı ilə oynamış…”

Səbahəddin dondu: “Aman, Allah!”

Yazılanların hamısı böhtan idi. Onun heç vaxt cib bıçağı olmayıb. Üstəlik o bu vaxtacan heç kimə xəbərdarlıqdakı kimi davranmamışdı.

Məktubun davamı da ürəkbulandırıcıydı: “Məlum olub ki, Tirajə xanımı “Şükufə”, özünüzü “Nurullah” obrazı kimi “Yeni Anadolu” qəzetindəki hekayəyə salmısınız”.

Əlbəttə, təhsil nazirinə bal gecəsi barədə şişirdilmiş məlumat ötürülmüş, üstəlik o, hekayədəki əhvalatı da həqiqət kimi qəbul etmişdi.

Doğrudur, “Qadın fitnəsi”ndə Səbahəddin iki müəllimdən bəhs edirdi, lakin nə qadın qəhrəman Tirajə xanım, nə də kişi obraz özü idi. Hansısa hadisədən ilhamlanmaq mümkün idi, ancaq nazirin bunu fakt sayması…

“Deməli, kimlərsə baş verənləri nazirə başqa cür çatdırıb”, – fikirləşdi. Xəbərdarlıq mətnini təkrar-təkrar oxuyub müdafiə məktubu yazmağa başladı. Əmin idi ki, həqiqəti biləndən sonra təhsil naziri S.Zəkinin qərarı dəyişəcək.

* * *

Dərd də azar kimi gələndə batmanla gəlir.

“Quyucaqlı Yusif” hissə-hissə çap olunur, amma Camal bəy Səbahəddinin qonararını vermirdi.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺112,92
₺225,84
−50%
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
250 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
İndirme biçimi:

Benzer kitaplar