Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Xiyabani»

Yazı tipi:

1

…Məhəmməd dünyaya gələndə atası Hacı Əbdülhəmid Xamnədə deyildi. O, Petrovskidə (indiki Mahaçqalada) ticarətlə məşğul idi.

Uşağın dünyaya gəlməsindən bir saat keçməmişdi ki, Təbrizə tərəf bir atlı çapırdı. Bu atlı körpə Məhəmmədin dayısı Əli Ağa idi. O, birbaşa Təbrizdəki Hind-Avropa teleqrafxanasına gedərək oğlanın atasına şad xəbər yollayacaqdı…

2

Aradan illər keçdi. Məhəmməd altı yaşına qədəm qoydu.

Novruz bayramı başlamışdı. Yaz girəcək, il təhvil olacaq, adamlar köhnə ili sağ-salamat başa vurduqları üçün bir-birinə gözaydınlığı verəcəkdilər.

Balaca Məhəmməd isə təzə ildən məktəbə gedəcəkdi.

Böyük şəhərlərdə Novruz bayramı çox uzun sürür. Lakin Xamnə qəsəbəsində üç gündən artıq çəkmir.

Bayramın ilk günü xan sübh tezdən çiyinlərini, sinəsini ata-babasından miras qalmış nişanlarla bəzəmişdi. Qızıldan şir-xurşid ordeni taxılmış qara papağını başına qoymuşdu. Pəncərə qabağında oturub sulu qəlyan çəkirdi. Günortaya yaxın onun bayramını təbrik etməyə gələnlərin qabağı açıldı. Əyan, əşrəf, qəsəbənin ağsaqqalları, tacirlər hamıdan qabaq xanın qapısından içəri keçdilər. Sonra qəsəbə camaatı böyükdən kiçiyə xanın evinə tərəf axışmağa başladı. Günorta vaxtı xanın həyətində artıq böyük bir izdiham yaranmışdı…

Məhəmməd də təzə paltar geymiş, atasının göndərdiyi çəkmələri dizə kimi çəkib evlərinin qabağında dayanmışdı. Uzaqdan dayısı oğlu Qasımağa göründü. Məhəmməd onun qabağına yüyürdü. Qolundan tutdu. Çəkə-çəkə evə gətirdi. Məhəmmədin anası Zəhra xanım qardaşı oğlunun bayramını təbrik etdi, üzündən öpdü və ona bir dənə qırmızı yumurta verdi. Əyninə geydiyi təzə, məxmər arxalığının cibini yemişlə doldurdu. Uşaqlar sevincək həyətə düşdülər.

– Xanlıq evini görmüsən? – deyə Qasımağa Məhəmməddən soruşdu.

– Yox, görməmişəm.

– Onda gedək. Bu saat camaat oradadır, xanın təzə ilini təbrik eləməyə gediblər.

Beləliklə, onlar atıla-atıla xanın evinə tərəf getməyə başladılar.

3

Xanın böyük darvazalı qapısının qabağındakı meydan sulanıb süpürülmüşdü. Çoxlu adam yığılmışdı. Onlardan bəziləri silahlı idi. Qapının o tərəf – bu tərəfində duran iki nökər xanın görüşünə gələn köhnə, cırıq paltarlı adamları kənara itələyir, içəri buraxmırdı. Bu arada, bir dəstə kəndli gəldi. Qabaqda gedən kəndxudadan başqa hamısı keçə papaq qoymuş, çarıq geyinmişdi. Onlar qoynundan üç-dörd qumrov asılmış bir ağ qoçu əlvan rənglərlə boyayıb gətirmişdilər.

Xan qonaqları ilə söhbətlə məşğul olsa da, fikri həyətdə idi, gəlib-gedəni gözdən qoymurdu. Altı yaşlı oğlu da yanında oturmuşdu. Xanın gözü kəndxudaya və onun dalınca gələn bəzəkli qoça sataşanda gülümsəyib oğluna dedi.

– Gör, Fərəc kəndxuda sənə necə qoç gətirib!

Oğlan tez pəncərənin qabağına yüyürdü. Xanı pəncərədən görən kəndxuda iki əlini sinəsinə qoyub təzim etdi, kəndlilər də ikiqat oldular. Onların arxasınca gələn Qasımağa ilə Məhəmməd də xanı və oğlunu gördülər. Xan oğluna dedi:

– Bax, kəndxudanın oğullarıdır. Get onlarla oyna.

Sonra xan kəndlilərə işarə edərək qulluqçuya əmr verdi:

– Hərəsinə bir stəkan çay ver, qoy pəncərə qabağında içsinlər. Kəndxudanı isə çağır, dəhlizdə otursun.

Xanın oğlu lələsi1 ilə həyətə düşən kimi Məhəmmədlə Qasımağanın yanına yüyürdü. Şəhər uşaqları kimi geyinən oğlanlar xanın oğlunu çox təəccübləndirdi. Məhəmmədin çəkmələrindən o vaxt nəinki Xamnə qəsəbəsində, hətta bütün İranda belə tapılmazdı. Xanın oğlu gözlərini Məhəmmədin qəşəng, yaraşıqlı çəkmələrindən ayıra bilmirdi.

– Bunları haradan almısan?

Məhəmməddən qabaq Qasımağa dilləndi:

– Ağası Urusiyyətdən göndərib, – dedi. Sonra isə Məhəmmədə dönərək əlavə etdi: -Çıxar, zurnanı da görsün.

Məhəmməd qoltuğundan zurnasını çıxardı və püflədi. Xanın oğlu bu ala-bəzək zurnanı görən kimi ilan vurmuş adamlar təki qapqara qaraldı:

– Nə yaxşıdır?! Mən heç beləsini görməmişəm… Ver mən də çalım.

– Burada ayıbdır, gedək o tərəfdə çalaq, – deyə Məhəmməd camaatdan uzaqlaşaraq həyətin xəlvət bir yerinə çəkilib zurnasını çalmağa başladı. Hələ də özünə gələ bilməyən xanın oğlu yalvarıcı səslə Məhəmmədə dedi:

– Ver, mən də çalım.

Məhəmməd etiraz etmədi. Xanın oğlu böyük bir həvəslə zurnanı çala-çala pəncərənin altında cərgə ilə oturub çay içən kəndlilərə tərəf getməyə başladı. Məhəmməd onu səslədi:

– O tərəfə getmə, ayıbdı

Lakin xanın oğlu ona əhəmiyyət vermədi. Məhəmməd vəziyyəti belə görəndə zurnanı xanın oğlunun əlindən qapdı. Ərköyün böyümüş xan oğluna bundan böyük təhqir ola bilməzdi. O dəqiqə gözləri doldu. Pillələri yeyin-yeyin çıxaraq atasının yanında özünü yerə vurdu. Ömründə, bəlkə də, oğlunu ilk dəfə bu halda görən xan əl-ayağa düşdü:

– Sənə nə oldu? Sənə nə oldu?

– Kəndxudanın oğulları… – deyə boğula-boğula danışan uşaq sözünün ardını gətirə bilmədi.

– Kəndxudanın oğulları səni vurdu? – deyə xan gözlərini qulluqçuya ağartdı. Sonra hirslə yerindən qalxıb kəndxudaya tərəf irəlilədi. Heç bir şeydən xəbəri olmayan kəndxuda dəhlizdə ləzzətlə çay içirdi.

– Axmaq oğlu, axmaq, bu nə cür qoduq böyütməkdir?! Uşaqların Əlixan ağanı döyüblər…

Bundan sonra qulluqçular da kəndxudanın başına yumruq yağdırdılar.

– Baba, vallah mənim qoduqlarım kənddədir, – deyə kəndxuda yalvarıb-yaxarmağa başladı. Lakin qulluqçular onun sözlərinə əhəmiyyət verməyib vurmağa davam edirdilər. Axırda xanın oğlu məsələni açıb söylədi. Dedi ki, kəndxudanın uşaqlarında olan zurnanı istəyir.

Xan tez nökərlərini çağırdı.

– Tez gedib o qoduqlardan zurnanı alıb gətirin!

Nökərlərdən biri hamıdan tez həyət qapısına tərəf qaçdı.

Bu zaman Məhəmmədlə Qasımağa xanlıqdan çıxıb evlərinə doğru yola düzəlmişdilər. Nökər gəlib onlara yetişdi. Uşaqların qabağını kəsərək soruşdu:

– Siz bayaq xanlıqda idiniz?

Məhəmmədlə Qasımağa bir-birinin üzünə baxdılar. Məhəmməd yavaşdan dedi:

– Oradaydıq, nə olsun?

– O çalınan şeyi Əlixandan alıb qaçırdan hansınızdır?

– Zurna mənimdir, vermirəm! Ağam Urusiyyətdən göndərib, vermirəm!

Nökər Məhəmmədi itələyib yerə yıxdı, zurnanı onun əlindən aldı. Sonra isə «Ağam Urusiyyətdən göndərib» – deyə onu yamsıladı. – Ağan qələt eləyib!

Məhəmməd yerdən qalxınca nökər iti addımlarla oradan uzaqlaşdı. O, Qasımağa ilə birlikdə nökərin ardınca götürüldü və xanın həyətinə gəldi.

Bir qədər sonra xan oğlunun pəncərə qabağında oturub zurnanı çalmağa başlaması Məhəmmədlə Qasımağanı hövsələdən çıxardı. Onlar xanın adamlarını söyməyə başladılar. Xan nökərlərinə əmr etdi ki, uşaqların qulaqlarından tutub həyətdən eşiyə atsınlar…

…Günlər ötüb keçir, o hadisəni heç bir şey Məhəmmədin xatirəsindən silə bilmirdi. Xanın oğlunu təklikdə görmək, döymək üçün girəvə axtarırdı…

4

Yazın ən gözəl vaxtı idi. Məhəmməd dayısının dükanı qabağında çardağın dirəyinə söykənmişdi. Gözlərini müştərilərlə danışan dayısından çəkmirdi.

Axırıncı müştəri də çıxıb gedəndən sonra dayısı yerdəki döşəkçələrdən birinin üstündə bardaş quraraq oturdu. Ardınca da Məhəmmədi yanına çağırıb diqqətlə süzdü. Uşağın yaşına görə çox yekə olan uzunsov başını sanki birinci dəfə idi ki, görürdü.

– Nə var, xeyir ola?

– Buyurmuşdunuz ki, bayramdan sonra məni məktəbə qoyacaqsınız, ona görə gəlmişəm.

– Hə, demişdim. Bərəkallah! Demək oxumaq istəyirsən?

– Bəli, dayıcan.

Dayı oturduğu döşəkçənin üstündən qalxdı. Dabanıyatıq ayaqqabılarını geydi. Sonra satmaq üçün yığdığı kitabların arasından birini çıxarıb Məhəmmədə uzatdı.

– Ala, bu da sənin dərs kitabın, diqqət elə ki, cırmayasan ha!… Gedək.

Dayısı bunu dedikdən sonra Məhəmmədin qolundan yapışıb məscidə tərəf yollandı.

Məhəmməd içəri girəndə Qasımağanı, qonşuları Böyükağa, Kiçikağa adlı iki qardaşı da burada görüb sevindi. Keçib mollanın göstərdiyi yerdə oturdu.

Uşaqlar növbə ilə dərslərini oxuduqdan sonra molla üzünü Məhəmmədə tutdu:

– İndi növbə sənindir, gəl görüm.

– De ki, bismillahirrəhmanirrəhim.

– Bis… mil… lahir… rəhmanir… rə…him, – deyə Məhəmməd səsini uzatdı.

– İndi keçək o birisinə… De ki hüvəl fəttahül əlim.

Məhəmməddən səs çıxmadı.

Molla təkrarladı:

– Ay uşaq, səninləyəm, de ki: hüvəl fəttahül əlim.

Məhəmməd axunda, onun eynəyinə, əlindəki çubuğa baxıb susurdu. Sonra birdən soruşdu:

– Axund əmi, mən haradan bilim ki, bu «hüvəl fəttahül əlim» nə deməkdir?

Oğlanın bu sualından mollanın qaşları çatıldı, eynəyinin altından xırda gözləri ilə tərs-tərs ona baxdı, udqundu. Otuz illik məktəbdarlıq dövründə ilk dəfə idi ki, bir şagird ona dərs zamanı belə bir sual verirdi. Doğrudan da, hələ əlif-beyi bilməyən bir şagirddən «hüvəl-fəttahül əlim»i soruşmaq qəribə iş idi!

Məscidə sükut çökmüşdü. Deyəsən, uşaqlar da Məhəmmədin sualından heyrətə gəlmişdilər. Haçandan-haçana molla boğazını arıdıb dedi:

– Yaxşı, sən əlif-beydən başla.

Günorta azanı verilən kimi dərs bitdi. Uşaqlar taxçaya tərəf yüyürdülər. Buraya onların yeməkləri qoyulmuşdu…

5

Məhəmməd ertəsi gün məktəbdən dükana gələndə dayısı gülə-gülə onu qarşıladı.

– Qaç, anana müjdə apar. Atandan teleqraf almışam, gedib Xorasana, ağanı2 ziyarət edib bura gələcək.

Məhəmmədə elə bil qanad verdilər. İldırım sürəti ilə qaçıb özünü təngnəfəs evə çatdırdı:

– Ana, ay ana, müjdəmi ver, – deyə elə həyət qapısından çağırdı.

– Nə olub, bala? Xeyirdirmi?

– Xeyirdir, xeyirdir! Atam bir-iki aya kimi gəlir.

Bunu eşidən nənəsi Fatı anası Zəhra xanımdan qabaq əlini göyə qaldırdı.

– Sənə çox şükür, Allah! Zəhra xanım isə kimsənin eşidə bilməyəcəyi bir səslə:

– İnşallah, oğlum, inşallah! – deyə gözünün yaşını saxlaya bilmədi.

Məhəmməd növbəti bir ayda, demək olar ki, vaxtının çoxunu dayısının qurbanlıq üçün aldığı toğlu ilə keçirdi. Toğlunu Məhəmmədin atası gələndə kəsəcək, ətini yoxsullara paylayacaqdılar. Toğlu da Məhəmmədə öyrəşmişdi. Uşaq hara gedirdisə, o da başını bulaya-bulaya dalınca düşürdü.

Bu gün evdəkilər həmişəkindən tez oyanmışdılar. Məşhəd zəvvarları günortaya kimi qəsəbəyə varid olacaqdılar. Səhər yeməyindən sonra kənd camaatı atlara minib zəvvarların pişvazına çıxdılar. Qasımağa ata tək minmişdi. Məhəmmədi isə dayısı tərkinə almışdı.

Piyada gedənlər gəlib bağların qurtaracağındakı kölgəlikdə dayandılar. Atlılar isə daha da qabağa getdilər. Yarım saat keçməmişdi ki, atlılardan biri çığırdı:

– Gəlirlər!

Ziyarətdən gələnlər başqalarından seçilmək üçün papaqlarının bir tərəfinə barmaq enində ağ parça tikmişdilər. Məhəmməd atasını dərhal tanıdı. «Mənim atam o qırmızı ata minən qarasaqqal kişidir» deyib irəli can atdı. Ata da oğlunu tanıdı. Qüvvətli qolları ilə onu dayısının tərkindən alıb bağrına basdı. Heç kəs eşitməsin deyə yavaşcadan dedi:

– Maşallah, böyük oğlan olmusan!

Məhəmmədin atası öz qapılarında atdan düşdü. Elə oradaca qoyun kəsildi. Həftələrdir dalınca dolanan qoyuna yazığı gəlsə də, Məhəmməd heyifsilənmədi. Axı onu atasına qurban kəsirdilər…

Ertəsi gün səhər Məhəmmədin atası xana gətirdiyi sovqatları bir boxçaya büküb oğlunun qoltuğuna verdi. Bərabər yola düzəldilər. Yalnız xanlıq qapısına çatanda Məhəmməd atasının məqsədini anladı, yerində mıxlanan kimi oldu. Ata dönüb baxdı:

– Niyə durdun, oğlum?

– Hara təşrif aparırsan, ata? – deyə oğlan dəqiqləşdirmək üçün soruşdu və gözlərini atasının üzünə zillədi.

– Xanın hüzuruna.

– O, pis adamdır, ata, oraya getmə.

– Nə üçün pis adamdır, oğlum?

Məhəmməd zurna əhvalatını atasına yerli-yataqlı danışdı. Bu eşitdiklərindən atanın bütün bədəni lərzəyə gəldi. O, bir anlığa fikrə getdi. Görüşə getməsə, ata-baba adətincə ona sovqat aparıb verməsə, xanın qəzəbi tutardı.

– Eybi yoxdur, oğlum, xan adamı döyər də, söyər də, sevər də! – Ata bunu deyib xanın həyətinə girmək istəyəndə Məhəmməd keçib onun qabağında dayandı:

– Qoy o məni heç sevməsin. Ancaq söyməsin də… Getmə, ata! Mən onu görmək istəmirəm.

Uşağın belə təkidindən sonra ata yenidən ayaq saxladı. Öz-özünə: «Çörəyim ondan gəlmir, çırağım ondan yanmır! Qoy cəhənnəm olsun, xan da, onun xanlığı da!» – deyərək oğlunun biləyindən tutub geri döndü.

Axşam Məhəmmədin dayısı onlara gələndə Zəhra xanım dəhlizdə əhvalatı ona danışdı. Dayısı bu işdən narazı qaldı.

– Əlbəttə, yaxşı iş görməyib, – dedi. – Mən Əbdülhəmidi razı salaram ki, sabah getsin.

Sonra da bacısının əri ilə qabaq-qənşər oturub onu dilə tutmağa başladı. Hacı Əbdülhəmid qaynını diqqətlə dinlədikdən sonra qəti səslə dedi:

– Onları yavaş-yavaş adam olmağa alışdırmaq lazımdır. Mən xanın görüşünə getməsəm, o qanar ki, pis iş görüb. Bir də belə eləməz.

– Amma əvəzində sənə də ağır oturar ha!

– Ağır oturar deyəndə ki, mənə nə olacaq? Mülkədar deyiləm, mülkümdən qorxam, vur-tut bir həyətim var, satıb gedərəm Təbrizə.

– Sən nə danışırsan, Hacı qardaş? – Məhəmmədin dayısı bunu eşitcək çiyinlərini təəccüblə çəkərək dedi.

Hacı təmkinini pozmadı:

– Söz odur ki mən xanın görüşünə getməyəcəyəm! Qoy nə bacarır eləsin. Dərziyə dedilər köç, iynəsini yaxasına sancıb yola düşdü. Mənim üçün Təbriz, Petrovsk, İstanbul – hamısı birdir. İşləyən adam hər yerdə keçinəcək.

6

Bir axşam Məhəmmədgili dayısı evlərinə çağırmışdı. Axşam azanından yarım saat keçmiş yola düşəndə ata dedi:

– Məhəmməd, fanarı götür. Fatı xala, sən də qapını bağla, yat. Biz gələndə qapını döyərik.

Onlar getdilər. Fatı nənə bir qədər ev işləri ilə məşğul olandan sonra yerini salıb uzandı. Gözünə yuxu getmədi.

Bir müddət xəyallara daldı, keçmiş günlərini xatırladı. Ər evi, qayınatası, qayınanası yadına düşdü. Vəba xəstəliyi hamını çöl-biyabana salmışdı. Ailədən bircə qayınanası ilə o sağ qalmışdı. Çox keçmədi ki, qayınana da çayda boğulub öldü. Günlərin bir günü isə Fatı xala Əbdülhəmidin atasına rast gəldi. O vaxtdan bu ailəyə bağlandı…

Axşamdan xeyli keçdi. Birdən Fatı xala dəhlizdən hənirti eşitdi. O, çırağı yandırmaq üçün hər zaman yastığının altına qoyduğu kibrit qutusunu götürüb çəkdi. Qarşısında durmuş üzübağlı iki kişini görüb çığırdı:

– Siz kimsiniz?

Həmin kişilər heç nə deməyib Fatı xalanın ağzını dəsmalla bağladılar. Sonra adamlardan biri əlindəki bıçaqla onu hədələyib hərəkət etməməsini tapşırdı. Digəri isə çırağı yandırıb qonşu otağa keçdi. Yarım saatadək ondan xəbər çıxmadı. Qarının nəfəsi daralsa da, gözlərini o biri otağın qapısından çəkə bilmirdi. Yanında duran kişi yorğanı onun başına atdı. Haçandan-haçana kişi qayıdıb gəldi və yoldaşına dedi:

– Mən getdim, sən də bir azdan gəl.

Tezliklə digər kişi də evdən çıxdı. Lakin Fatı nənə onun otaqdan necə çıxdığını hiss etmədi. Xeyli gözlədi. Səs-səda yox idi. Oturduğu yerdə qurcalandı. Dinən-danışan olmadığını görüb ağzındakı dəsmalı açdı. Sonra da yorğanı başından atdı. Ətrafı gözdən keçirdi. Otaqda heç kəs yox idi. Çıraq astanada işıldayırdı. Sandıqxanadakı sandıqların üçünü də açmışdılar. İçindəkiləri töküb-dağıtsalar da, Zəhra xanımın paltarlarından başqa heç nəyə, hətta qızıllarına da dəyməmişdilər. Belə məlum olurdu ki, naməlum adamlar oğurluq məqsədi ilə gəlməyiblər. Fatı nənə məsələni anladı: gələnlər demək istəmişdilər ki, özündən güclülərlə hesablaşmayanın arvadının tumanını apararlar…

7

Xanın mirzəsinin oğlu Məcidlə Məhəmməd həmişə dalaşırdı. Səbəbkar da məktəbdar molla idi. Mirzənin oğlu Məhəmməddən iki il qabaq dərsə başlamışdı. Lakin Məhəmməd gəlib onu da keçmişdi. Molla bunu hər gün Məcidin üzünə vurur, başına çırpırdı. Buna görə də mirzənin oğlunun Məhəmmədi görməyə gözü yox idi. Məcid neçə dəfə müxtəlif bəhanə tapıb savaşmaq istəsə də, Məhəmməd ona baş qoşmamışdı.

Məhəmmədgilin evindən oğurluq olduğu barədə söhbəti bir gün Məcid də eşitdi. Onun fikrincə, həmişə başına qaxınc olan bu oğlandan intiqam almaq vaxtı gəlib çatmışdı. İndi o, anasının paltarlarının yad əllərdə olduğunu Məhəmmədin üzünə vurub onu utandıra, qisasını ala bilərdi.

Məhəmməd məktəbdən çıxarkən Məcidin bir az aralıda durub onu gözlədiyini gördü. Oğlanın fikrini başa düşdüyü üçün dərhal da yolunu dəyişdi. Məcid işi belə görüb onun dalınca addımladı. Bir tin keçməmişdilər ki, özünü Məhəmmədə çatdırdı.

– Necəsən? – deyə Məscid istehza ilə gülümsədi. – Adamın dədəsini yandırıb anasının tumanını belə apararlar ha!

Məcidin sözü ağzında qaldı. Məhəmməd heybəsini qaldırıb hirslə nə vaxt Məcidin başına vurduğunu özü də bilmədi. Oğlanın başı gicəlləndi, kitabları qoltuğundan yerə səpələndi. Məhəmməd vəziyyəti belə görüb götürüldü. Təngnəfəs evə çatanda atası qollarını çirməyib həyətdə dəstəmaz alırdı.

– Nə olubdur? – deyə o, Məhəmmədi pörtmüş halda görüb təəccüblə soruşdu.

Məhəmməd atasına cavab vermək əvəzinə divara söykənib başını qolları üstünə qoydu və hönkürtü ilə ağlamağa başladı.

Dəstəmazını yarımçıq qoyan ata oğlunun yanına gəlib:

– Nə olub axı, yoxsa axund vurub? – deyə nəvazişlə Məhəmmədin başını sığalladı.

– Xeyr.

– Savaşıbsan?

– Bəli.

– Kiminlə?

– Mirzə Qəhrəmanın oğlu ilə.

– O səni döydü?

– Yox, mən onu döydüm. Amma… – Məhəmməd bunu deyib içini çəkdi və sözünün dalını deyə bilmədi.

– Əcəb oğlansan!.. Özün döyüb özün də ağlayırsan?

– Axı o mənə başqa söz dedi.

– Nə dedi?

Məhəmməd ağzını açıb nəsə söyləmək istədi, ancaq hıçqırıb susdu. Bu zaman səsə Zəhra xanım da otaqdan çıxıb Məhəmmədin yanına gəldi. Ata təkrar, özü də bu dəfə daha qətiyyətlə soruşdu:

– Axı nə dedi? Danışsana!

– Mənə dedi ki, adamın atasını yandırıb anasının tumanını belə apararlar!

Zəhra xanım bu sözləri eşidincə başını aşağı dikib susdu. Hacının isə hirsindən əlləri əsməyə başladı. Ortaya ağır sükut çökmüşdü. Və bu ağır sükutu elə Hacının özü pozdu:

– Bu, bəlkə də, xeyirliyədir… – Sonra isə üzünü arvadına tutub sözünə davam etdi. –Bu saat gedib yır-yığışa başla, amma səssiz, heç kəs bilməsin! Bunlar o qədər alçaqdırlar ki, qabağımıza adam göndərib yolda soydura da bilərlər.

Zəhra xanım ərinin niyyətini anlayıb gözünün yaşını axıda-axıda otağa qayıtdı.

…Nəinki xan və xanın adamları, hətta bütün xamnəlilər Hacı Əbdülhəmidlə ailəsinin şəhəri tərk eləməsindən onlar Təbrizə yetişəndən sonra xəbər tutdular.

Hacı Əbdülhəmidin ailəsi Xiyaban məhəlləsinə, atasının dostugilə düşdülər. Həmin adam Məhəmmədin atası kimi hacı kişi idi. Yeganə oğlu Məhəmmədəli sarışın, arıq bir oğlan idi. Yaşda Məhəmməddən böyük olsa da, boyca Məhəmmədlə bir idi. Onların dostluğu elə ilk gündən tutdu. İkisi də məşhur məktəbdar Ədibinin yanında oxumağa başladı.

Bir həftədən sonra Məhəmmədin atası Xiyaban məhəlləsində bir ev satın alıb oraya köçdü. Uşaqlar dərsdən azad olan kimi birlikdə bazara gələr, hər kəs öz atasının alver elədiyi hücrəyə gedər, vaxtlarını atalarının yanında keçirərdilər. Məhəmmədəlinin atası badam taciri idi. Hacı Əbdülhəmid isə, əvvəl dediyimiz kimi, Rusiya ilə ticarət edirdi. O, İran mallarını Mahaçqalada olan qardaşına göndərir, o da həmin malları satıb müqabilində Təbrizə rus malı yollayırdı…

8

Günlər ötür, hər ötən gün Məhəmmədin həyatında dərin iz buraxırdı. O, on beş-on altı yaşlarına gəlib çatmışdı. Məhəmmədəli ilə dostluğu daha da möhkəmlənmişdi. İndi onlar yalnız görüb eşitdikləri ilə kifayətlənmir, biliklərini artırmaq üçün səylə çalışırdılar. Bir gün Məhəmmədəli (Atası badam taciri olduğuna görə ona «Badamçı»da deyirdilər) gəlib Məhəmmədi hücrədən çağırdı:

– Qəribə bir kitab ələ keçirmişəm, gedək oxuyaq.

– Nə kitabıdır?

– Mirzə Fətəli Axundzadənin təmsilləridir.

– Mən onun əsərləri barədə eşitmişəm, – deyə Məhəmməd fikrə getdi. – Bizim mirzə deyir ki, bu əsərlər nədənsə müctəhid3 ağanın xoşuna gəlməyib. Ona görə də dərslərdə oxumağa icazə vermir. Gərək özümüz oxuyaq.

9

Bir dəfə isə Məhəmməd sevinə-sevinə Badamçının yanına gələrək dedi:

– Ağam məni İstanbula göndərir.

– İstanbula?! Doğrudan? Bəh-bəh, kef çəkəcəksən ha! Ancaq səndən bir xahişim olacaq. Tiflisdən keçəndə o təmsilləri yazan adamın qalan əsərlərini də əldə edib bura gətirərsən.

– Təəssüf olsun ki, Tiflis yolu ilə getməyəcəyik. İnşallah, qayıdanda həmin yoldan qayıdarıq. Biz gedəndə malları müşayiət eləməliyik. Heç bilmirəm bu xəbəri anama necə verəcəyəm.

– Niyə, bu, pis xəbər deyil…

– Doğrudur, ancaq sən bilirsən ki, mənim anam burada qəribdir, heç kəslə get-gəli yoxdur, ürəyi çox sıxılır. Üstəlik, iki aydan çoxdur ki, azarlayıb.

– İndi ki belədir, getmə.

– Getməsəm də olmaz… Bu zəhrimar malları burada kim alar?

10

Nəhayət, səfər günü gəlib çatdı. Yola çıxanların hamısından kiçiyi on yeddi yaşlı Məhəmməd idi. O, bığ yeri təzəcə tərləmiş, arıq, ucaboy bir gənc olmuşdu. Gözünə taxdığı eynək uzunsov sifətini bir az dəyirmi göstərirdi. Ovaxtkı İran tüccarlarına xas qara mahuddan papaq qoymuş, uzun ətəkli əntəri geyinmişdi.

Məhəmmədgil yola düzəldilər. Xoydan keçib Seydava kəndinə gəldilər. Bir saat sonra isə buradan çıxıb Qurdik dərəsinə endilər. Otuz kilometr uzunluqda olan bu dərənin lap ortasındakı çayxana heç vaxt adamsız olmazdı.

Onlar gəlib çayxanada oturdular. Çayçı çay gətirəndə tacirlərdən biri Mir Hadı ağa ondan soruşdu:

– Səkmənabad mahalına çoxmu qalıb?

– Bir saat gedəndən sonra dərə qurtarır. Dərədən çıxan kimi isə Səkmənabad mahalı bir şəkil kimi qarşınızda açılacaq, – deyə çayçı sağ əli ilə böyük bir dairə cızıb izahat verdi.

– Bu gün Qaraeyniyə çata bilərikmi?

– Güman etmirəm. Bu səhər keçən dəvələr sizinki idimi?

– Dəvələr yox, yükləri bizim idi, – bu dəfə Məhəmməd dilləndi.

Çayçı başı ilə onu təsdiqləyib əlavə etdi:

– Düzdür, dəvələr Paşa bəyindir. Onlar bəyin yurduna düşəcəklər, siz də atlarınızı birbaş oraya, Paşa bəyin çadırlarına sürün. Ora sizin üçün karvansaradan daha rahat olar. Süfrəsi açıq adamdır.

Onlar çayçının dediyi yerə çatanda günün batmasına iki saatdan da çox qalmışdı. Paşa bəy evdə yox idi: şikara getmişdi. Arvadı Bahar xanımla qızı Dürdanə irəli çıxaraq müsafirlərə xoşgəldin etdilər. Paşa bəyin qırx yaşlı, ancaq xeyli cavan görünən arvadı ilə gözəlliyinə və mərifətinə görə el içində ad çıxarmış on beş-on altı yaşlı qızı qonaqlara gülərüz göstərdilər. Başlarına ipək kəlağayı bağlasalar da, üzləri açıq idi. Məhəmməd Təbrizdə yaşadığı müddətdə bir-iki dəfə gördüyü xarici qadınlardan başqa üzüaçıq qadın görməmişdi. Üstəlik, Bahar xanımla Dürdanənin utanmadan, çəkinmədən söhbət edirdilər. Odur ki Məhəmməd indi bu qadınlara lap mat qalmışdı. Utandığından başını qaldırıb nə qıza, nə də anasına nəzər yetirə bilmirdi. Arada qeyri-ixtiyari olaraq göz qapaqlarını qaldırıb istər-istəməz qıza baxdı. Qızın da gülümsəyərək ona baxması Məhəmmədi daha çox utandırırdı.

Bahar xanımla Dürdanə qonaqlara təzəcə çay vermək istəyirdilər ki, ev sahibi ilə iki nəfər gəldi. Onlar yekə bir dağ keçisi vurub öküzün üstünə bağlamışdılar. Əyin-başları tökülmüş elat uşaqları öküzü araya almışdılar. Uşaqların bir yandan dağ günəşinin, bir yandan da küləyin və yağışın altında qaralan dəriləri polad kimi bərkimişdi.

Çadırlardan kənar dörd yəhərli atın hörükləndiyini görən Paşa bəy evində qonaq olduğunu hələ çox uzaqdan anlamışdı. Bu adama otuzdan çox yaş vermək olmazdı. Əslində isə, yaşı qırx beşi keçmişdi. O, gülərüz, çevik və xoşqılıq bir adam idi.

Paşa bəy çadırlara çatıb birbaşa qonaqların yanına yollandı. Onlarla mehriban salamlaşıb söhbət eləməyə başladı. Bu zaman Bahar xanımla qızı isə böyük sacı üç iri daşın üstünə qoyub elat arasında ən ləziz xörək sayılan sacqovurması tədarükündə idilər.

Bahar xanımın qonaqlara həvəslə qulluq elədiyini görən elat qızları qonaqxanaya işarə ilə Dürdanəyə pıçıldadılar:

– Elçiyə gələnə oxşayırlar ha!

– Çaşmayın! Adamın evinə qonaq gələr.

Qızlardan biri söz atdı:

– Mən bayaqdan göz qoyurdum, o cavan oğlan arada sənə yaman həsədlə baxır. Özü də çox utancaq oğlana oxşayır.

– Nə yaman bicsən, ay qız! Gör nələrə göz qoyur ha! – deyə Dürdanə dilləndi. – Yəqin, şəhərdəki oğlanların hamısı elə belədir, utancaq.

– Bax, beləsi yaxşı olar. Yoxsa o nədir, keçən dəfəki xan oğlu adamı, az qala, gözü ilə yeyəcəkdi.

– Yaxşı, nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, qonaqlarınız, həqiqətən, elçi olsalar, daha o birilər kimi qovmayasan.

Qızlar bu cür söhbətdə ikən Məhəmməd də Əli adlı yol yoldaşı ilə birgə atların hörüyünü dəyişmək üçün qonaqxanadan çıxdı.

Qızla anasının özlərini xeyli sərbəst aparması Məhəmmədi hələ də təəccübləndirməkdə idi. Elə buna görə də atların hörüyünü dəyişib çayın kənarında oturanda Əliyə dedi:

– Ev sahibinin arvadı ilə qızı heç müsəlmana oxşamırlar…

Əli təəccüblə soruşdu:

– Nə üçün?

– Görmürsən üzüaçıq gəzirlər.

– Hələ bu nədir ki! Deyilənə görə, onlar lazım gələndə tüfəng götürüb kişilərlə çiyin-çiyinə vuruşurlar da. Yoxsa bizimkilər kimi… Deyir getmə gözümdən, gedərəm özümdən. Mənimki isə lap betərdir!

– Məgər sən evlisən, Əli?

– Evlisən də sözdür, hələ bir yaşında oğlum da var. – Əli bunu deyib ani sükutdan sonra əlavə etdi: – Babalını sal mənim boynuma, evlənmə, əgər evlənsən də, beləsi ilə evlən, həm sənə arvad olsun, həm də qardaş…

Əli sözünü qurtardıqdan sonra araya səssizlik çökdü. O öz arvadı ilə oğlunun, Məhəmməd də burada görüb bəyəndiyi qızın, yəni Dürdanənin xəyalı ilə fikrə getdi.

Çox çəkmədi ki, hamı çadırlara çəkildi. Qonaqlar da yatdılar. Səhər yenə yol gedəcəkdilər.

1.Lələ – keçmişdə kübar və varlı ailələrdə uşağın tərbiyəsi ilə məşğul olan adam
2.Şiələrin səkkizinci imamı olan İmam Rzanın məqbərəsi nəzərdə tutulur (red.).
3.Müctəhid – dini qanunları və ehkamları təfsir və şərh etmək səlahiyyətinə malik baş ruhani (red.)

Ücretsiz ön izlemeyi tamamladınız.

₺56,38