Kitabı oku: «Səlahəddin Əyyubi», sayfa 2
Dəməşq qaynayır
Bu o vaxt idi ki, Nəcməddin Əyyub Dəməşq hakimi Unar Müanəddinin xidmətində idi. Müanəddin yaxşı bilirdi ki, əsas düşmənlərindən olan İmadəddin Zəngi ilə Nəcməddini dostluq münasibətləri birləşdirir. Eyni zamanda onu da bilirdi ki, Nəcməddinin qardaşı Şirkuh İmadəddin Zənginin oğlu Mahmud Nurəddinin (1116–1174) baş sərkərdəsidir.
Buna baxmayaraq Nəcməddin Dəməşq hakiminə sədaqət andı içmişdi və Unar Müanəddin də ondan sonra Dəməşqin müdafiəsini təşkil etməyi Səlahəddinin atasına etibar eləmişdi. Yəqin, belə fikirləşirdi ki, Nəcməddin içdiyi sədaqət andını heç vaxt pozmaz.
Səlahəddinin atası üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməkdə idi. O, şəhərin müdafiəsini hərb elminin qaydalarına uyğun şəkildə gücləndirir, daha da möhkəmləndirirdi.
Bəli, taleyin hökmü iki qardaşı fərqli cəbhələrə atmışdı. Onlar əvvəl-axır üz-üzə gələcəkdilər. Bəs bir-birinə əl qaldıracaqdılarmı, qılınc çəkəcəkdilərmi? Bunu zaman göstərəcəkdi.
Qeyd etmək lazımdır ki, 1146-cı ildə İmadəddin Zənginin ölümündən sonra ətraf əraziləriylə birlikdə Mosul onun böyük oğlu Seyfəddinin, Hələb isə kiçik oğlu Mahmud Nurəddinin ixtiyarına keçdi. Atasının həlak olduğu ilk günlərdən Mahmud Nurəddin Şirkuhu daim öz yanında görmüş, onun dəstəyini, köməyini hiss etmişdi.
Məsələ burasındadır ki, Nurəddinin hakimiyyətə gəlməsi olduqca gərgin hadisələrlə bir vaxta düşdü. Onlardan biri xüsusilə diqqət çəkir: belə ki, Edessanın məğlub hakimi qraf İoslen şəhəri geri almağı bacarmışdı. Bununla da Zənginin qazandığı ən böyük nailiyyətin üzərindən faktiki olaraq xətt çəkilmişdi. Nurəddinlə Şirkuh anlayırdı ki, Edessanın əldən çıxması müsəlmanlara ağır zərbədir. Odur ki İoslenə şəhərdə güclənmək, möhkəm müdafiə yaratmağa imkan verməmək üçün dərhal hərəkətə keçdilər. Bu birgə yürüş uğurla nəticələndi: müsəlman süvariləri hələ şəhərə girmədən qraf qaçdı. İoslenin tərəfdarları qılıncdan keçirildi. Bu ildırımsürətli qələbə Nurəddinin şöhrətini bütün Suriyaya yaydı. Şirkuhun dəstəyi ilə Nurəddinin mövqeləri get-gedə güclənir, nüfuzu günbəgün artırdı. Nəticədə Dəməşq hakimi ilə münasibətlər belə yoluna qoyuldu, hətta Hələb hakimi Unar Müanəddinin qızıyla nişanlandı.
1147-ci ildə II Səlib yürüşü başladı. Lakin bu yürüş alman və fransız cəngavərlərinin öz aralarında çəkişməsi üzündən tam məğlubiyyətlə başa çatdı.
II Səlib yürüşü zamanı xaçlılar güclü müdafiəyə malik Dəməşqi də mühasirəyə almışdılar. Axı bu şəhərin ələ keçirilməsi onlara zəngin qənimət vəd edirdi. Ancaq Nəcməddin Əyyub şəhərin müdafiəsini çox gözəl təşkil etmişdi. Digər tərəfdən Unar Müanəddin vəziyyətin ciddiliyini nəzərə alıb Zəngi qardaşlarını köməyə çağırmışdı. Həmçinin o, saxta qızılların köməyi ilə Qüds kralı III Balduini öz tərəfinə çəkmişdi. Nəticədə cəmi dörd gün sonra xaçlılar Dəməşqin mühasirəsindən imtina etməli oldular.
Bundan sonra isə hadisələr çox sürətlə inkişaf etdi: 1148-ci ildə Unar Müanəddin qarın yatalağı xəstəliyindən dünyasını dəyişdi. Dəməşqdə hakimiyyət onun qanuni varisi on altı yaşlı Abak Mücirəddinə keçdi. Fəqət yaşının azlığına baxmayaraq Abak eyş-işrətə, kef-damağa çox meyilli idi. Dəməşq kimi bir şəhərin hakimliyinə onun nə ağlı, nə təcrübəsi, nə də istedadı çatışırdı. Atasının yerinə keçən kimi vergiləri artırdı, xoşu gəlmədiyi hər kəsi edam etdirməyə başladı. Bununla da Dəməşqin həm kübar, həm də sadə təbəqəsini özünə qarşı qaldırdı.
Belə bir vaxtda Nurəddinin şöhrəti isə get-gedə artmaqda idi. Onun haqda sadə, vicdanlı və islam inanclarına sadiq biri olduğunu deyirdilər. Əslində, bu deyilənlərdə heç bir şişirtmə yoxdur: atasından fərqli olaraq Nurəddin nəinki özü şərab içirdi, hətta əsgərlərinə də bunu qadağan eləmişdi. Hələbdə bir-birinin ardınca ruhani məktəblər tikdirir, eyni zamanda sadiq sərkərdəsi Şirkuhla birgə Qüds və digər müqəddəs torpaqları xaçlılardan azad etmək üçün planlar qururdu. Onların fikrincə, bu planı həyata keçirmək üçün öncə Misirdən Suriyaya qədər böyük bir ərazi nəzarət altına alınmalı idi. Hələb onsuz da Nurəddinin əlində idi. Qalırdı Dəməşq və Mosulu tutmaq; yalnız bundan sonra Misir barədə düşünmək olardı.
Beləliklə, Mahmud Nurəddinin ordusu iki dəfə Dəməşq qapılarında zühur etdi. O hər dəfə məqsədinin şəhər əhalisini firəng özbaşınalıqlarından qorumaq və onlara qarşı vuruşmaq üçün müsəlman qüvvələrini birləşdirmək olduğunu söylədi. Lakin hər ikisində də Abak Qüds kralı III Balduini köməyə çağırdı. Bu isə Dəməşqin müsəlman əhalisinin kəskin narazılığına səbəb oldu. Tezliklə Mahmud Nurəddinin adamları belə bir şayiə yaydılar ki, şəhəri onlara təslim etmək istəməyən Abakın yaxın ətrafı dar ayaqda Dəməşq hakiminin özünü aradan götürmək istəyir. Nəticədə gənc hökmdar ən sadiq adamlarını edam etdirdi, böyür-başında bir nəfər də inanılmış adamı qalmadı. Ancaq qəribədir ki, Abak Nəcməddinə toxunmamışdı. O, əvvəlkitək şəhərdə qalabəyi idi.
Hadisələrin sonrakı gedişində Nəcməddinin oynadığı rol barədə tarixçilərin fikri müxtəlifdir. Lakin bir məsələ çox az şübhə doğurur ki, Dəməşqin Mahmud Nurəddinə təslim edilməsində həlledici rolu məhz şəhərin qalabəyi oynamışdı. O, qəti olaraq bu fikirdə idi ki, nəyin bahasına olursa olsun, müsəlmanların bir-birinin qanını tökməsinə yol verilməməlidir. Görünür, Dəməşqi mühafizə edən əsgərləri də buna inandıra bilmişdi…
Beləliklə, 1154-cü il aprelin 18-də Nurəddinlə Şirkuh növbəti dəfə Dəməşq qapılarına yaxınlaşdılar. Abak kömək üçün yenidən III Balduinə üz tutdu. Ancaq Qüds kralı yardıma gecikdi. Aprelin 25-də Mahmud Nurəddinin əsgərləri heç bir müqavimətə rast gəlmədən Dəməşqin qala divarlarına dırmaşdılar. Elə buradaca – qala divarlarının üstündə Nəcməddinlə Şirkuh görüşüb qucaqlaşdılar.
Şəhər əhalisi Nurəddini Dəməşq qapısının girişində sevinclə qarşıladı. Nurəddin camaatın gözündəki ədalətli və mərhəmətli hökmdar obrazına xələl gətirməmək üçün Abaka toxunmadı. Hətta ona qarşı çox səxavətli davrandı: ailəsini və var-dövlətini götürüb şəhəri tərk etməsinə icazə verdi.
Nəcməddin isə tezliklə Nurəddinin əsas məsləhətçisinə çevrildi və onun yaxın çevrəsinə daxil oldu.
Ən maraqlısı isə o idi ki, Dəməşqin yeni hakiminin ətrafında Nəcməddinlə yanaşı, onun oğlu və varisi 26 yaşlı Səlahəddin də vardı.
Səlahəddinin yüksəlişi başlayır
Saray həyatı, əmisi və atasıyla birgə Mahmud Nurəddinin yığıncaqlarında iştirak etməsi, şübhəsiz, Səlahəddin üçün əsl dövlət idarəçiliyi məktəbi oldu. O, gündən-günə artan saray ixtilaflarından belə çox şey öyrənirdi. Tarixdə bu cür qarşıdurmaların, intriqaların yaşanmadığı saray göstərmək mümkünsüzdür.
Bir müddət sonra Səlahəddinin ixtiyarına böyük bir hərbi bölük verildi. O bu bölüyü daim döyüş vəziyyətində saxlamalı idi.
Tədricən Mahmud Nurəddinin ciddi təsiri altına düşən Səlahəddinin dini düşüncələri güclənməyə başladı. O, qatı mühafizəkar müsəlmana çevrilirdi. Bu həmin dövrün müsəlman ziyalılarının çoxu üçün xarakterik idi. Belə ki, çoxları xaçlılar üzərində qələbə qazanmağın həlledici yolunu Quranda yazılanlara qeydsiz-şərtsiz əməl etməkdə görürdü.
Dəməşqi ələ keçirəndən sonra Nurəddin bütün Suriyanı birləşdirmək üçün öz səylərini davam etdirdi, hətta Qüds üzərinə hücumun ilk hazırlıqlarına başladı. Ancaq ağır xəstəliyə tutulması, eləcə də hadisələrin sonrakı gedişi ortaya müəyyən əngəllər çıxardı. Xüsusilə 1163-cü ildə Misirdə yaşananları vurğulamaq lazımdır. Həmin prosesləri diqqətlə izləyən Nurəddinlə Şirkuh qəti qərara gəldilər ki, Misiri Suriyaya birləşdirmək üçün bundan yaxşı fürsət ola bilməz.
Bir az irəli gedib qeyd edək ki, elə Səlahəddinin görkəmli sərkərdə və dövlət xadimi kimi yüksəlişi də məhz o vaxtdan başladı.
Bəs Misirdə nə baş verirdi
1163-cü ildə Fatimilər xilafətinin vəziri Şavir özünün Dilqəm adlı rəqibi tərəfindən taxtdan salındı. Bundan sonra o, Qahirədən Dəməşqə gəldi. Əvvəldə də qeyd etdiyimiz kimi, o vaxtlar xilafət ikiyə parçalanmışdı, nəticədə Bağdadda sünni məzhəbli, Qahirədə isə şiə məzhəbli xəlifə otururdu. Hər ikisində də real hakimiyyət vəzirlərin əlində idi. Odur ki saray çevrilişləri zamanı əsas hədəf vəzirlər olurdu: onlar təkcə vəzifələrini deyil, həyatlarını belə itirə bilirdilər. Lakin Şavirin bəxti gətirib sağ qalmışdı. Özünə sadiq olan bir bölük əsgərlə Dəməşqə gəlib çıxa bilmişdi. Şavir özü ilə Nurəddinə qiymətli hədiyyələr gətirmiş və kömək üçün yalvarmağa başlamışdı. Bunun müqabilində isə Dəməşq hakimindən asılı olmağı qəbul edəcəyinə söz verir, eyni zamanda Misir xəzinəsinin üçdə biri qədər xərac ödəməyi boynuna götürürdü. Xəzinənin illik gəliri isə iki yüz min dinar idi. Bu cür təklifdən imtina etmək çətin olsa da, Şavir Nurəddinə etibarlı adam təsiri bağışlamadı. Odur ki «yox» cavabı verdi. Tezliklə Dəməşqə bu dəfə Fatimilərin yeni vəziri Dilqəmin elçiləri gəldi. Onlar özləri ilə gətirdikləri bahalı hədiyyələrin müqabilində Nurəddindən Şavir ilə tərəfdarlarının Qahirəyə təslim edilməsini istəyirdilər. Nurəddin məsləhət üçün Şirkuhla Nəcməddini yanına çağırdı. Səlahəddinin əmisi Şaviri dəstəkləmək və Misirə qoşun göndərmək tərəfdarı idi. Şirkuh hətta bu qoşuna şəxsən özünün başçılıq etməyə hazır olduğunu da bildirdi. O hesab edirdi ki, əvvəla, Misirin illik gəlirinin üçdə biri Dəməşq hakiminin xəzinəsini azı iki dəfə artıracaq. Bu isə vergiləri azaltmaq, xalqın sevgisini qazanmaq, eyni zamanda ordunu əhəmiyyətli dərəcədə gücləndirmək üçün yaxşı fürsət deməkdir. İkincisi (və ən əsası!), Allah özü imkan yaradır ki, onlar özlərinin çoxdankı planını həyata keçirsinlər: Misiri Suriyaya birləşdirsinlər və bununla da firənglərə qarşı daha güclü mübarizə apara bilsinlər!
Əslində, Nurəddin də elə Şirkuh kimi düşünürdü, lakin o bu plandan ehtiyatlandığını gizlətmədi. Dəməşq hakimi təkcə Şavirin öz vədinə xilaf çıxacağından yox, həm də ordusunun məğlubiyyətə düçar ola biləcəyindən çəkinirdi.
İşi belə görən Şirkuh dedi: «Şavir deyir ki, tərəfdarlarını bir araya toplamaq üçün ona müəyyən qədər vaxt lazımdır. Bundan sonrası isə asandır: Şavirin tərəfdarları bizim orduya qoşulduqdan sonra ruhlanacaq və şücaətlə döyüşəcəklər. Belədə biz öz əsgərlərimizin həyatını təhlükəyə atmarıq. Öndə Şavirin tərəfdarları vuruşar, biz isə yalnız dar ayaqda döyüşə girərik».
Şirkuhun dedikləri Nurəddinin ağlına batdı. Qərara aldı ki, elə sadiq sərkərdəsinin başçılığı altındaca Misirə iki minlik qoşun göndərilsin. Nurəddin Şirkuhdan soruşdu ki, özünə köməkçi olaraq kimi götürmək istəyir? Bu sualın cavabında Şirkuh qardaşı oğlunun – Səlahəddinin adını çəkdi. Onun belə bir seçim etməsi olduqca qəribə idi. Çünki həmin vaxtadək Səlahəddin heç bir hərbi yürüşə çıxmamışdı, üstəlik, ixtiyarında ordu bölüyü olsa da, indiyəcən bir dəfə də döyüş meydanında sərkərdəlik etməmişdi…
Səlahəddinlə bağlı az qala bütün tarixi qaynaqlarda belə iddia edilir ki, əmisinin bu seçimini eşitdikdən sonra elə bil onun «ürəyinə bıçaq saplandı». Hətta belə deyirlər ki, guya Səlahəddin Şirkuha elə bu cür də deyibmiş: «Allaha and olsun, bütün Misirin var-dövlətini mənə versələr də, ora getmək istəmirəm!»
Əslində, Dəməşqin ən nüfuzlu və zəngin adamlarından birinin 25 yaşlı oğlunu başa düşmək olar. Gənc Səlahəddin saraydakı dəbdəbəni və rahatlığı qoyub çətin bir səfərə çıxmağı istəməyə bilərdi. Başqa iddialara görə isə, o, ruhani həyat sürmək fikrində idi. Ona görə də hərbi və siyasi məsələlərə, demək olar, maraq göstərmirdi. Lakin eyni zamanda artıq atası da, əmisi də belə düşünürdülər ki, ağlına, cəsarətinə çox güvəndikləri Səlahəddinin özünü təsdiqləmək zamanı yetişib. Hər halda, fakt budur ki, o, dərhal səfər hazırlığına başladı. Elə hərbi yürüş üçün gərəkli olan çox şeyi də bu zaman öyrəndi: bir neçə minlik ordu üçün nə qədər azuqə və su ehtiyatı, onları daşımaq üçün neçə dəvə lazımdır, ya da bu cür uzun səfərlər zamanı neçə ehtiyat at, nə qədər çadır bəs eləyər…
Səlahəddin xaçlıları tələyə salır
Beləliklə, 1164-cü ilin payızında Şirkuhla Səlahəddinin başçılıq etdiyi iki minlik qoşun Misirə doğru yola düşdü. Onlara bədəvi8 ərəblər bələdçilik edirdilər. Ordu bütün gün yol gedib gecə dincəlir, bu zaman Şirkuhun döyüşçüləri nəhəng tonqallar çatır, ət bişirir, döyüş mahnıları oxuyurdular. Çox keçmədi ki, Misir səfərinə könülsüz yollanan Səlahəddinə bu hərbi yürüş saray həyatı qədər maraqlı görünməyə başladı. Gənc sərkərdə adi döyüşçülərin arasında olmağı sevir, onların söhbətlərinə, səmimi zarafatlarına diqqətlə qulaq asır, bir növ, onları daha yaxşı tanımağa və anlamağa çalışırdı. Bu gün topladığı təcrübələr, heç şübhəsiz, gələcəkdə Səlahəddinin işinə yarayacaq, ordunun idarə edilməsi, yaxud müharibələr zamanı onun köməyinə yetişəcəkdi.
Misir səfəri iki həftədən çox çəkdi. Şirkuh bilərəkdən yolunu uzatmışdı. Bu isə ona qəfil hücuma keçmək imkanı yaratdı. Vəzir Dilqəm çətin vəziyyətə düşdü: gizli yollarla gələn düşmən ordusunu qəfil qarşısında görüb çaşbaş qaldı. Müdafiə tədbirləri görməyə belə macal tapmadı. 1164-cü il aprelin 24-də Səlahəddinin başçılığı ilə ön dəstə liman şəhəri Bilbeysi ələ keçirdi. Qardaşı oğlunu buraya şəhər hakimi təyin edən Şirkuh özü isə mayın 1-də artıq Qahirənin on kilometrliyinə çatdı.
Dəməşq ordusunun sayından və gücündən xəbərsiz olan Misir qoşunu Dilqəmdən üz döndərdi. Xəlifə – on üç yaşlı xəstəhal əl-Ədid Şaviri vəzirliyə qaytardı. Dilqəm isə qaçmağa cəhd edərkən ələ keçirildi. O öldürüldü, cəsədi isə küçə itlərinin qabağına atıldı.
Aradan iki həftə keçməmiş məlum oldu ki, Nurəddin haqlıdır: Şavir vədinə əməl etmək istəmir. Üstəlik, o, Şirkuha və əsgərlərinə Qahirəyə girməyi qadağan elədi. Bu da azmış kimi, eyham vurdu ki, dəməşqlilər Misiri nə qədər tez tərk etsələr, o qədər yaxşıdır. Şirkuh qəzəbləndi. Bəyan etdi ki, vəd olunmuş xəracı – Misirin illik gəlirinin üçdə birini almadan heç yana tərpənən deyil.
İşi belə görən və öz gücünə bir o qədər də inanmayan Şavir Qüdsə – firənglərin III Balduindən sonra taxta çıxan kralı I Amoriyə elçi göndərdi. Baş verənləri həyəcanla izləyən I Amori Misirə öz vassalı kimi baxırdı. Eyni zamanda yaxşı başa düşürdü ki, Misirin Suriya nəzarətinə keçməsi Qüds krallığına baha başa gələ bilər. Odur ki 1164-cü ilin iyulunda öz ordusunu Qahirənin köməyinə yolladı. Bundan sonra qüvvələr nisbətinin düşmən lehinə dəyişdiyini görən Şirkuh tələm-tələsik Bilbeysə çəkildi. Atasından aldığı dərslər həmin vaxt Səlahəddinin dadına çatdı: o, şəhərdə uzunmüddətli mühasirə üçün hazırlıq gördü. Sonrakı 20 gün ərzində Şirkuh firənglərin Bilbeysə bir neçə hücumunu dəf etdi. Şəhər mühasirə vəziyyətində idi və hələ ki düşmən qarşısında tab gətirə bilirdi. Buna baxmayaraq həm Şirkuh, həm də Səlahəddin əndişə içində idilər; onlar yaxşı başa düşürdülər ki, Bilbeysin mühafizəsi nə qədər yaxşı təşkil olunsa da, gec-tez şəhərdə aclıq başlayacaq, müdafiəçilərin gücü zəifləyəcək, növbəti hücumlara tab gətirmək çətinləşəcək, hətta mümkünsüzləşəcək.
Mahmud Nurəddin təlim görmüş göyərçinlərin köməyi ilə Şirkuhdan tez-tez məktub alır, bu məktublar vasitəsilə hadisələrin gedişindən xəbər tuturdu. Baş verənləri təlaşla izləyən Dəməşq hakimi Şirkuha necə kömək edəcəyini bilmirdi. Misirə doğru yola çıxması doğru olmazdı, bu həm özünü, həm də Suriyanı təhlükəyə atmaq deməkdi. Yeganə yol Qüds üzərinə hücuma keçməkdi. Belədə firənglər Misirdən geri çəkilə, öz krallıqlarının qeydinə qalmalı olardılar. Bu planı çox bəyənən Nurəddin bütün Suriya əmirlərinə məktub yollayıb onları firənglərə qarşı cihada9 – müqəddəs savaşa çağırdı. Çox keçmədən isə öz ordusunun başında Antioxiya yaxınlığında yerləşən Xarim qalasına hücum etdi. Xaçlılar dərhal müsəlmanlara qarşı birləşdilər. İki tərəfin ordusu qarşı-qarşıya gəldi və bu döyüş Nurəddinin möhtəşəm qələbəsi ilə başa çatdı. Firənglər iki min əsgər itirdilər, onlarla cəngavər isə əsir düşdü. Onların arasında tanınmış knyazlar da vardı. 1160–1233-cü illərdə yaşamış məşhur ərəb tarixçisi İbn-əl-Əsir yazırdı: «Döyüşdən dərhal sonra Nurəddin xaçlı bayraqlarını yığmaq və həlak olan firənglərin bir neçəsinin başını kəsmək barədə əmr verdi. Sonra onların hamısını bir kisəyə yığdırıb özünün ən tədbirli adamlarından birinə verib dedi: «Yubanmadan gedərsən Bilbeysə, nəyin bahasına olursa olsun, girərsən şəhərə. Bu kisəni Şirkuha verib deyərsən: «Allah bizə qələbə nəsib elədi!» Sonra da deyərsən ki, «bu kafir bayraqlarını və kəllələrini qala divarlarından assın. Düşmənlər bunu görüb qorxuya düşəcəklər».
Nurəddinin bu psixoloji gedişi öz bəhrəsini verdi. Onun göndərdiyi «qənimət» şəhər müdafiəçilərini ruhlandırdı, firəngləri isə mənəvi baxımdan əməlli-başlı sarsıtdı. Xarim qalası yaxınlığındakı məğlubiyyətdən xəbər tutan xaçlılar başılovlu şəkildə Qüdsə tələsdilər. I Amorinin gözünə artıq Qahirə görünmürdü, o, indi ancaq öz krallığını xilas etmək haqqında düşünürdü. Odur ki Qüds kralı vaxt itirmədən Şirkuhla danışıqlara başladı.
I Amori təklif edirdi ki, xaçlılar və suriyalılar Misiri eyni vaxtda tərk etsinlər. Şirkuhun ətrafındakı əmirlərin bir çoxu bu təklifə müsbət cavab verilməsi tərəfdarı idi. Şirkuh isə başqa fikirdə idi: o əmin idi ki, onsuz da Qüds kralı əvvəl-axır Misirdən rədd olub gedəcək. Çünki indi I Amori ancaq öz krallığının hayına qalmışdı. Belədə isə Qahirənin Suriyadan asılılığı qəbul etməkdən başqa yolu olmayacaqdı. Bir çox sərkərdələr də firənglərin təklifi ilə razılaşmaq tərəfdarı idi. Bunu görən Şirkuh böyük hərbi şura çağırdı. Şurada Səlahəddin həmin sərkərdələrə dəstək verdi. Bildirdi ki, ən doğru qərar I Amorinin təklifini qəbul etməkdir. Beləliklə, Şirkuh əksəriyyətin fikri ilə razılaşmalı oldu. Nəticədə 1164-cü ilin oktyabrında Qüds kralı öz ordusunu Fələstinə çəkdi, bundan bir qədər sonra – noyabrın 6-da isə Şirkuh öz qoşunu ilə birgə Dəməşqə qayıtdı. Bununla belə, o, Misirin maddi və mənəvi zənginliklərini yaxından gördüyü üçün gec-tez bu ölkənin hakimi olmağa qərar vermişdi. Eyni zamanda onu aldatdığı üçün Şavirə qarşı hədsiz qəzəbli idi və əvvəl-axır Fatimilərin vəzirini cəzalandıracağına and içmişdi. Bütün bunlar isə Şirkuhun nə vaxtsa yenidən Misirə dönməsini qaçılmaz edirdi. Odur ki Dəməşqə qayıtdıqdan sonra tez-tez Qahirənin fəth edilməsinin vacibliyini dilə gətirirdi. Nurəddin bir müddət Şirkuhun bu sözlərini qulaqardına vurdu. Onun fikrincə, Misir üzərinə yenicə başa çatan hücumla kifayətlənmək daha doğru idi. Çünki bu yürüş Dəməşq hakiminə yetərincə baha başa gəlmişdi.
Şirkuhun Misirlə bağlı niyyətindən xəbər tutan Şavir önləyici tədbirlərə əl atmaq məcburiyyətində qalmışdı. O, I Amoriyə məktub yollayıb müttəfiqlik barədə müqavilə bağlamağı təklif etdi. Nurəddin həmin təklif barədə eşidincə əsəbiləşdi. Fürsətdən istifadə edən Şirkuh onu inandırmağa çalışdı ki, bu müttəfiqlik gerçəkləşərsə, Misir qısa vaxtda tamamilə firənglərin əlinə keçəcək. «Onda Qüdsü azad etmək yaddan çıxacaq, Dəməşqlə Hələbin hayına qalmalı olacağıq», – Şirkuh deyirdi. Bu sözlər Nurəddinin ağlına batdı. Dəməşq hakimi 1166-cı ilin sonunda Şirkuhu böyük bir qoşunla Misir üzərinə yollamaq qərarına gəldi. Bu səfər zamanı da Səlahəddin əmisinin köməkçisi vəzifəsini yerinə yetirəcəkdi.
1167-ci il yanvarın 6-da Şirkuhun ordusu Dəməşqdən yola çıxdı. Bu xəbər dərhal Şavirə çatdı. O da, öz növbəsində, I Amorini məsələdən agah elədi. Qüds kralı dərhal Qahirənin köməyinə xaçlı qoşunu göndərdi.
Yolda Şirkuhun ordusu səhradan qalxan qum fırtınası ilə üzləşdi. Nəticədə xeyli əsgər həlak oldu, eyni zamanda azuqə ehtiyatının və digər zəruri şeylərin çox hissəsi yararsız vəziyyətə düşdü. Şübhəsiz, bu da Suriya ordusunu zəiflətdi, ancaq Şirkuhu qətiyyən ruhdan salmadı. O, həqiqətən də, mahir sərkərdə idi. Düşmənin gedişlərini dərindən ölçüb-biçir və çevik, eyni zamanda ağıllı qərarlar qəbul edirdi. Bu zaman I Amori Şirkuhun qoşunlarının şərq istiqamətindən gələcəyini zənn edib Qahirədə mövqe tutmaq fikrinə düşdü. Bunu eşidən Şirkuh dərhal ordusunu qayıqlarla Nil çayının digər sahilinə keçirdi. Qısa müddət sonra isə Qahirənin qərbində – Amorinin arxa cəbhəsində peyda oldu. Bundan sonra Şavirə son şans verdi. Ona aşağıdakı məzmunda məktub göndərdi: «Firənglər ayağımızacan gəliblər. Belə fürsət bir də ələ düşməz. Səhvindən nəticə çıxar və din qardaşlarının tərəfində ol». Şirkuhun planı sadə idi: suriyalılar misirlilərlə birləşərək xaçlıları mühasirəyə ala və onları son nəfərinə qədər məhv edə bilərdilər. Bundan sonra isə Qüdsü də, bütün Qüds krallığını da xaçlılardan azad etmək asan məsələ idi.
Şirkuh məktubu Nəsiri adlı gənc bir döyüşçü ilə yolladı. Şavir məktubu aldı, oxudu, ancaq Şirkuha inanmadığı, onu kafirlərdən də qorxulu hesab etdiyi üçün xaçlılarla ittifaqı möhkəmləndirmək yolunu seçdi. Hətta Qüds krallığı ilə müttəfiqliyə sadiq qalacağına dair gənc xəlifəyə and da içdi. Ardınca elə xəlifənin gözü qarşısında Nəsirinin boynunu vurub kəlləsini suriyalıların düşərgəsinə göndərməyi əmr etdi.
Elçisinin kəsik başını görən Şirkuh bərk hirsləndi. Lakin qəzəbini boğub əlində Nəsirinin kəlləsi ordusunun qarşısına çıxdı. Əsgərlərinə xitabla dedi: «And içirəm ki, Nəsirinin qisasını almayınca qəlbim soyumayacaq. İndi onun kəlləsini tutduğum əlimdə tezliklə öz müsəlman qardaşını qətlə yetirən satqının kəsilmiş başını görəcəksiniz».
Şavirin başı firənglərlə danışıqlara qarışdığından Şirkuh və ordusu dincəlmək, qum fırtınasının vurduğu yaraları sağaltmaq üçün vaxt qazandı. Nəhayət, xaçlı ordusunun üstünə gəldiyini eşidən Şirkuh düşməni tələyə salmaq qərarını aldı. O, ölkənin dərinliklərinə çəkilməyə başladı. Məqsədi onu təqib edən xaçlıları ərzaq və su mənbələrindən uzaqlaşdırmaq idi. Suriya qoşunu Əl-Babində dayandı. İki ordu arasında döyüş də elə bu yerdə baş verdi. Bir çox tarixi qaynaqlarda yazılanlara inansaq, həmin döyüşdə həlledici rolu məhz Səlahəddin oynamışdı. Belə ki, əmisi mərkəzi bölüyə başçılıq etməyi ona tapşırmışdı. Bu bölük türklərdən ibarət əsgərlərdən təşkil olunmuşdu. Səlahəddin mərkəzdən hücuma keçib əvvəlcədən müəyyənləşdirilmiş məqamda isə geri qaçmalı idi. Firənglər onun bölüyünü təqib etməyə başlayacaq, bu zaman Şirkuhun digər bölükləri sağ və sol cinahlardan I Amorinin qoşununu əhatəyə alacaqdı. Hər şey planlaşdırıldığı kimi oldu. Suriya ordusunun mühasirəsinə düşən firənglər başlarını itirdilər. Onların çoxu qılıncdan keçirildi, Qüds kralının özü isə ona sadiq olan cəngavərlərin köməyi ilə canını zorla qurtardı.
Düzdür, Səlahəddinin bölüyü də daxil olmaqla suriyalılar bu döyüşdə firənglərdən daha çox itki verdilər. Lakin savaş meydanında qalib gəlməyi bacardılar.
Onu da deyək ki, Səlahəddin sonralar həmin döyüşdəki taktikadan dəfələrlə istifadə edəcəkdi: guya düşmən qarşısından qaçdığını göstərməklə rəqib ordunu tələyə salmaq, yəni öz üzərinə çəkmək, uyğun məqamda isə cinahlardan hücuma keçərək onu pərən-pərən salmaq və məhv etmək! Qədim vaxtlardan türk sərkərdələrinin sevimli fəndi olan bu hərbi taktika Səlahəddinə çox qələbələr qazandıracaqdı…
Ücretsiz ön izlemeyi tamamladınız.