Kitabı oku: «Bir tərəddüdün romanı»
Peyami Safa
Bir tərəddüdün romanı
roman
Peyami Safa
Peyami Safa (1899 – 15 iyun 1961) İstanbulda doğulub və məşhur şair İsmayıl Safanın oğludur. Nizamlı təhsil görə bilməyib. On üç yaşında həyata atılıb və öz-özünü yetişdirib. Poçt işçisi, müəllim (1914-1918), jurnalist (1918-1961) işləyib. Yazıları ilə rəğbət qazanıb və İstabulda vəfat edib.
Qardaşı İlhami ilə “XX əsr” adlı axşam qəzeti nəşr edib. Bu qəzetdə ilk imzasız hekayələrini yayımlayıb (1919). Əlavə “Mədəniyyət həftəsi” (21-ci say, 15 yanvar-3 iyun 1936) və “Türk düşüncəsi” (63-cü say, 1953-1960) adlı iki jurnal çıxarıb. Vəfat etdiyi vaxt “Son havadar” qəzetinin baş redaktoru idi.
Peyami Safa xalq üçün yazdığı ədəbi dəyəri olmayan romanlarını “Server Bedi” imzası ilə yayımlayıb. Sayları 80-nə çatan bu əsərlər arasında “Cumbadan Rumbaya” (1936) romanı ilə “Cingöz Recai” detektiv hekayələr seriyası ən məşhurudur. Əlavə olaraq, dərs kitabları da yazıb. Peyami Safanın lətifə və məqalələrində sağlam məntiq xarakteri və inandıcılıq var. Romanlarında hadisədən daha çox təhlilə əhəmiyyət verir. Cəmiyyətdəki əxlaq çöküntüsünü, mədəniyyətin yaratdığı tərəddüdü, nəsillər və ictimai çevrələr arasındakı ziddiyyəti dilə gətirib. Zidd anlayışlar, duyğu və düşüncə təzadını ustalıqla yazılarında əks etdirib.
Romanları; “Şimşək” (1923), “Sözdə qızlar” (1923), “Məhşər” (1924), “Bir axşam idi” (1924), “Süngülərin kölgəsində” (1924), “Bir gənc qızın qəlbinin günahı” (1925), “Canan” (1925), “Doqquzuncu cərrahiyyə palatası” (1930), “Fateh-Hərbiyyə” (1931), “Atilla” (1931), “Bir tərəddüdün romanı” (1933), “Xanım Noraliyanın kreslosu” (1949), “Yalnızıq” (1951), “Biz İnsanlar” (1959).
Hekayələri: “Hekayələr” (Xəlil Açıqgöz toplayıb) (1980).
Pyesləri: “Gün doğur” (1932).
Tədqiqatları: “Türk inqilabına baxışlar” (1938), “Böyük avropa anketi”(1938), “Fəlsəfi böhran” (1939), “Millət və İnsan” (1943), “Mahutlar (1959), “Mistisizm” (1961), “Nasionalizm” (1961), “Sosializm” (1961), “Şərq-Qərb sintezi” (1963), “Sənət, ədəbiyyat, tənqid” (1970), “Osmanlıca-Türkçə uyğunlaşdırma” (1970), “Sosializm, Marksizm, Kommunizm” (1971), “Din, inqılab, irtica” (1971), “Qadın, eşq, ailə” (1973), “Yazarlar, sənətçilər, məşhurlar” (1976), “Təhsil, gənclik, universitet” (1976), “XX əsr – Avropa və Biz” (1976).
Dərs Kitabları: “Cümhuriyyət məktəblərinə millət əlifbası” (1929), “Cümhuriyyət məktəblərinə əlifba” (1929), “Cümhuriyyət məkəblərinə qiraət” (I-IV, 1929), “Yeni tələbə məktubları” (1930), “Böyük məktub” nümunələri (1932), “Türk qrammatikası” (1941), “Dilçilik” (1942), “Fransız qrammatikası” (1942), “Türkcə izahlı fransız qrammatikası” (1948).
Mualla ona tövsiyə edilən bu kitabı oxumaqda hələ də tərəddüd edirdi. Səhifələrini çevirdi. Gözləri “Məni yalnız buraxmayın!” – sözləriylə başlayan səhifədəki sətirləri iki-iki, üç-üç adlayaraq yuxarıdan aşağıya qədər düşdü. Neçə yerdə eyni cümlə təkrarlanırdı: “Məni yalnız buraxmayın!”
Yenə o səhifələrdə baş hərlənmələr, titrəmələr və bayğınlıqlar; yarı qaranlıqda ovuclarıyla yanaqlarını örtmüş və dəhşətə düşmüş qadınlar, başı dizlərinin arasına doğru sallanmış bir adamın kölgəsi, boğulmalar, çırpınmalar və getdikcə süstləşən insan izdihamı, zənglər, hay-küy…
Səhifələri çevirdi. Gözlərinə ilişən sətirlərin oyandırdığı qırıq-qırıq xəyalları bir-birinə əlavə edir və kitabla özü arasındakı yadlığı azaltmaq üçün mövzunu bir az qavramağa, ümumi fikri əldə etməyə çalışırdı. Fəqət, parçalardan bütövə doğru ilk cəhddə getmək istəyən təcəssüm birdən-birə öz sürətini dayandıra bilməmişdi. Gözləri başqa bir səhifənin ortalarına ilişdi: “Bax! Bu işıqlar birdən-birə sönsə… Budur ölüm!”
Parlaq günəş ortalığı ikiyə bölürdü və düşündü ki, ölüm günəşin mənfi tərəfidir, ona görə gecəyə oxşadılır.
Başqa bir səhifə açdı: “… ölümə və günəşə, deyir, sabit gözlə baxmaq olmaz”.
Həmişə ölüm. Gözlərini yumdu. Öz daxilinə baxanda ağ və çox parlaq bir maddəni görür, gözləri qamaşırmış kimi sıxılan ruhunda bu kitabı oxumaq üçün duyduğu ilk arzunun bürüşdüyünü hiss edirdi.
Gözlərini açıb kitabı örtdü. Amma barmağı səhifələrin arasında qaldı. Bir az dayandı və yenə kitabı açdı. Səhifələri qarışdırarkən, bəlkə də, bir hissənin başında olduğu üçün tez-tez eyni yerindən açılan kitabın o cümləsinə təsadüf etdi: “Məni yanız buraxmayın!”
Bu üç kəlmədən yüksələn imdad fəryadı Muallanın kiçik və mübhəm parçalara bölünən diqqətini artıq əməllicə özünə çəkdi. Sətirləri geriyə doğru tez-tələsik adlayaraq, bir hadisə nəql edən səhifənin başını tapdı və oxumağa başladı:
“Bir-iki dəfə yarımçıq oyanmışdı. Parlaq dərinliyin içində, qaranlığa doğru yanıb-sönərək kürə şəkilinə düşən bir parıltı görür, nə olduğunu bilmirdi. Yalnız bir dəfə bunun pəncərədən gələn və paltar dolabının qaranlıq güzgüsündə boğulan gün işığı olduğunu başa düşmüşdü. Amma bu qaranlıq və parıltıların təsirindən dolab və pəncərəni seçə biləcək hala gələndə bayılır, özündən gedirdi. Bir neçə dəfə bu cür yarımçıq ayılmalarla özünü itirdi.
Nəhayət, gözlərini yaxşıca açdı. Bu səfər tam oyanmışdı. Rəng və cizgiləri yaxşıca yelləndikdən sonra yerinə dayanıb formasının qabarıqlıqları meydana çıxan böyük əşyanı tanımış, adlarını xatırlamış və oyandığını başa düşmüşdü. Amma hələ də harda olduğunu bilmirdi. İçində bir xatırlama qorxusu vardı. Bütün keçmiş bir təhlükədən uzaqlaşırmış kimi şüurundan qaçırdı.
Ətrafa göz gəzdirdi və pəncrənin yanında gördüyü əlüzyuyan ona birdən-birə harda olduğunu xatırlatdı: hotel. Amma yalnız bu qədər. Bura niyə gəldiyini düşünməyinə icazə verməyən, qorxuqarışıq ağır bir hiss içindən çölə çıxaraq havada ağırlaşır, gözə görünməyən böyük maddənin təzyiqilə sinəsinə çökür, nəfəsini kəsirdi. Bədəni yataqla yorğan arasındakı boşluqda incə cizgi halında, heç bir yerə dəymədən sallanırmış kimi yüngül idi… Bir yerini tərpətmək istəyir, amma buna nail olub-olmadığını anlamırdı. Sanki bütün vücudu ondan qaçırdı. Sanki əllərinin yorğanın üstündə olduğunu düşünürək tapırdı. Vəhy aldığından şübhə edirmiş kimi fikrini cəmləyə bilmirdi. Yalnız dərin qorxu içində yoğrularaq əmələ gələn zəif iradəylə əl barmaqlarını sıxır, dırnaqlarının ovcuna xəfifcə batdığını hiss edirdi. Bir az tərpənməyə çalışdı. Bu, çətin deyildi. Yastığın üzü ilə yorğanın toxunuşunu hiss etmədən rahatlıqla çevrilə bildi. Sanki vücudu yeni soyumuş isti su içində üzürdü. Yenə arxası üstə uzandı. Bu anda su içində olduğunu hiss etməyə başladı. Su yavaş-yavaş çəkilir və yatağın içi quruyurdu. Amma bu dəfə də yastıq və yorğanda yapışqanlıq vardı.
Çox tərlədiyini başa düşürdü. Hələ də vücudunda, hətta sümüklərinin və qarnının içində qəribə bir titrəyiş, keyimə, kədərli ürpərmə vardı. Və tər, tər, tər… Sanki nəfəs alarkən içinin titrədiyini qulaqları ilə eşidirdi. Gecəni mübhəm olaraq xatırlamağa başladı. Hotelin böyük qapısında üç kölgə… Sonra bu, dördə qalxır və ikiyə enirdi.
Bəzən bunların yalnız gözlərini və səslərini xatırlayırdı. Biri “Çay iç!” – deyirdi. Sonra şüuru dumanlandı. Bütün bu xatirələrin yerini cəmi bir duyğu, bəd bir duyğu – “Pisəm, pisləşirəm, özümü çox pis hiss edirəm” duyğusu tutdu. Gözləri bir nöqtəyə zillənib qalır, yavaş-yavaş korlaşır və aydınlıqdan qaranlığa enən yoxuşun sonunda görmə qabiliyyətini itirirdi. Sonra böyük qorxu içində gözlərini açdı. Mənliyini canına bağlayan yeganə duyğu üstündə bu qorxunun nəhəng bir ağırlığı vardı. Sinəsində, qarnında, harasındasa gəzən bir şeylə bərabər, sanki köhnəlmiş hava formasında bu bəd hiss də ağzından çıxır, amma bitmirdi. Bu hal çox uzun, saniyələrlə, bəlkə də, üç dəqiqə davam etdi.
Başını sola doğru çevirdi. Özündən çöldə kömək axtaran, imdad istəyən baxışları cansız və quru əşyaya sürtünərək yorulur və təsadüfi bir nöqtəyə zillənib olduğu kimi qalırdı: bir ara yatağının başındakı dolabın üstünə tuşlanmışdı. Əvvəlcə heç bir şey görmədən ora baxıb durdı. Yavaş-yavaş sürahi, stəkan, külqabı kimi şüşə əşyaların parıltıları gözlərini ayıldırdı. Fəqət, bunları bir-birindən ayıra bilmirdi. Sonra bir qəzetin ağını mərmərdən yaxşıca seçmək üçün yavaş-yavaş, amma israrla cəhd göstərməyə başladı. Get-gedə nail olurdu və nəhayət, hamısını görə bildi; sürahi, stəkan, külqabı, siqaret, qəzet, kitablar və bu şeylər arasında ağzına qədər dolu bir çay fincanı. Bunu görən kimi içində bir səs parlayıb söndü: “Çay iç!” Sonra yenə hotelin qapısı… Uzanıb yığılan, çoxalıb azalan qaraltılar. Kimsə “Çay iç!” – deyirdi. Gözləri böyüyərək, heç qırpılmadan üzünə doğru yaxınlaşır və təkrar edirdi: “Rahatlayarsan, – deyirdi, – çay iç, çay iç, rahatlayarsan!
Qulağında qalan və dirilməyə başlayan bu səsləri mənasından daha güclü tonunda, ədası və “Ç” hərfinin bu sözlərdə çox olması dəlalətiylə xatırlayırdı. Həmişə o səs. Hələ bəzən iki nöqtə qədər kiçilib uzaqlaşır və qulağında səslənirdi: “çay iç, çay iç, çay iç!
Xadiməyə də əmr etmişdilər;
– Otağına çay aparın.
“Çay iç. Çay, çay, rahatlayarsan, çay iç.”
Boynu uzandı və baxışları fincanı ağzına qədər dolduran soyumuş çayın dərinliklərinə dalıb çıxdı. Amma bu məqamda gözlərini yumdu. Birdən-birə bütün vücudunu alt-üst edən şiddətli bir sarsıntı, bir titrəmə, göz qaralması, ürəkbulanma… Alt çənəsi daha çox titrəyirdi. Qorxu ilə gözlərini açdı və yenə o soyuq çayı gördü. Üstündə siqaret külləri üzürdü. Qara-qırmızı su. Dibində qətl edilmiş kərtənkələ və ilan parçaları varmış kimi, ürəyini bulandırdı. Gecənin pis havasını – əsnəmələri, nəfəsləri, gəyirtiləri və bütün bunların zəhərini içinə çəkərək ağır-ağır soyuyan bu çaydan o qədər iyrəndi ki, sürətlə yatağın içində dikəlmək istədi. Amma birdən-birə ağzından…”
Mualla kitabı örtdü. Yox! Oxumayacaq. Bir roman qəhrəmanı hər şeydən əvvəl onunla birgə qocalacaq dost olmalıdır. Muallanın nə qədər bu cür dostları var! Ona görə də, əksərən romandan daha çox məşhur adamların bioqrafiyalarını oxumuşdu. Bu kitabın da adı elə bir şey vəd edirdi: “Bir adamın həyatı.” Nə həyat! Müəllif kimdir? Bu adam kimdi? Müəllif olar. Türk. Niyə bir hotel otağında eləcə qıvranıb durur? Eh, o çay.
Mualla bundan əvvəl Vaqnerin həyatına dair bir kitab oxumuşdu. İndi içində ondan qalan dadı axtarırdı. Bu kitabı əlindən qoydu və yanından ayırmadığı digər əsəri götürdü, sevdiyi və ətrafını yazdığı səhifələri açdı:
“Boğucu yuxular arasında xariqüladə gözəl donquldanma və alnında isti dodaqların toxunuşunu hiss edərək oyanan Vaqnerin həyat yoldaşından ayrılması… Gündüzlər susan, gecələr qondolların1 uzaqdan gələn mahnılarıyla ahəngləşən boğuq səsli köhnə Venesiyanın ruhu. Ora-bura səpilmiş, sonsuz bir cızıq üstünə düzülən yastı adalar.”
Tristanın ikinci pərdəsini yazanda Vaqnerin keçirdiyi anlar hardadır?
Göydə parıldayan ulduzlar və ətrafımda dəniz – keçmiş harda, gələcək hardadı? Həmişə çəhrayı və saf aydınlıq içində ulduzlar görürəm, qayığımın avarları şirin su səsləri arasında itib gedir.
Fəqət, bu iki əsərin oyatdığı xəyallar bir-birinə qarışmağa başlamışdı. Venesiya gecələrinin uğultuları arasında bir hotel qapısı. Uzanıb-qısalan kölgələr. Qondollardan gələn mahnıların içində kəskin bir səs “Çay iç, çay, çay iç!” deyir və üstündə siqaret külləri üzən qara-qırmızı su… Çəhrayı və təmiz bir aydınlıq içində ulduzlar görünür. Bəli, hotel yatağında niyə belə qıvranır? O kölgələr kimindir?
Mualla təzədən türkçə olan həmin kitab əlinə aldı, dayandığı yeri tapdı və oxumağa davam etdi:
“Yatağın kənarına oturub bir əlinin dırnaqlarını digər əlinin biləyinə keçirərək şiddətli əsməcəylə mübarizə aparırdı. Vücudu ikiqat olmuşdu. Uzanmaqdan qorxurdu. Elə bilirdi ki, başını yastığa qoysa, yenə uçurumda itəcək. Ayağa qalxaraq üç addım irəlidəki əlüzyuyana qədər getməyə başladı. İkinci addımda yerə yıxılmamaq üçün qollarını uzatdı və əlüzyuyanın çöl tərəfindən tutdu. Başı qabağa doğru sallanmışdı və birdən-birə şiddətlənən titrəmə içində gözləri qaraldı, özünü yatağa atdı. Yaxşılaşmalı olduğu halda daha da pisləşirdi. Ovuclarıyla yorğanı didikləməyə başladı. “Kaş, gələn olaydı” – deyə düşündü, amma səsinin çöldən eşidilməyəcəyini və nə qədər özünü məcbur etsə də, daha çox qışqıra bilməyəcəyini başa düşürdü.
Ağlına xidmətçini çağırmaq üçün nəzərdə tutulmuş elektrik zəngi gəldi. Yatağa üzüqoylu qapandı. Bu zəng düyməsinin harda olduğunu xatırlamağa çalışdı və başını azca qaldırdı. Çarpayının başında bir telefon sallanırdı. Bu? Gözlərini bu telefon naqilinin sonuna qədər yavaş-yavaş endirərək bir düymə gördü. Qolunu o tərəfə doğru uzatdı. Amma gözləri qaraldı və barmaqları düyməni tuta bilmədi. Böyük güc sərf etdi və nəhayət, düyməni basdı. Amma zəng çalmaq əvəzinə, dolabın üstündəki gecə işığının lampası yandı. Zəng düyməsi deyilmiş. Başı yenə yastığın üstünə düşdü. Zəng düyməsi. İndi bütün ümidlərini ona bağlamışdı. Sümük düymənin kiçik, ağ yuvarlaq şəkli təxəyyülündə bütün başqa xəyalları söndürən hakim və parlaq bir nöqtə formasında sərtləşirdi. Hardadı bu düymə? Ora qədər gedə bilərmi? Yerini xatırlayaraq tapa bilməyəcəyini başa düşəndə, düyməni gözlərilə axtarmağa qərar verdi. Bir tərəfdən xəyalən düyməni tapır və ona var gücüylə basırdı. Gözləriylə otağın içini yaxşıca qavraya bilmək üçün arxası üstə uzanmalıydı. Vücudunu böyük sarsıntılara dözmədiyini anlayanda yavaş-yavaş çevrildi. Amma gözlərini otağın divarlarında gəzdirmək çətin idi. Göz bəbəklərinin kiçik bir qövs cızması belə, başını hərləndirirdi. Bir neçə dəfə gözlərini yummağa məcbur oldu. Təxəyyülündə o düymənin kiçik, parlaq və ağ yuvarlaq forması təkrarlanırdı.
Nəhayət, gözlərini açıb otaq qapısının sağ üstünə tuşladı. Bir az da sağa doğru meylləndi və orda sümük düymənin xırda, ağ yuvarlağını gördü. Həqiqət olub-olmadığını başa düşmək üçün gözlərini ağ nöqtənin üstünə diqqətindən bir damla köçürmək istəyirdi. Sonra əmin oldu: düymə ordadır. Bədəni o nöqtənin üstünə atılmaq üçün gərilib süstləşdi. Yataqla qapı arasındakı məsafə qorxusunun artdığı qədər uzanır və ağ, xırda nöqtə uzaqlaşır, duman və zülmət içində itirdi. Ora qədər gedə bilmək üçün bir təcrübəyə əl atmağa qərar verdi. Özünü heç incitmədən bir qıçını çarpayının yanından salladı, arxasınca digərini aşağı atdı və bir ayağını lazımı qədər uzatdı, yerə basmağa çalışdı. Hərçənd, barmaqları yerə toxunan kimi şiddətli bir reflekslə qıçı sıxıldı, dizləri bükülərək bədəni qıc oldu. Titrəmə artdı və vücudu iradəsinin əmrlərindən tamamilə çıxdı. O məqama qədər gizli və mübhəm bir formada içində gəzən ölüm qorxusu bu səfər soyuq parıltı kimi şüurunu ələ aldı. “Ölürəm!” – deyə düşündü. Əlləri və ayaqlarının soyuduğunu duydu. Fəqət, bu “ölürəm” fikri ilə birdən-birə yerindən atıldı. Heç düşünmədən yataqdan hoppandı. Qapıya doğru iki addım atanda gedə bilməyəcəyini anlayıb təkrar əlüzyuyanın kənarından tutdu. Əlüzyuyanın kənarında qırmızı rəng gördü: qan. Mədəsindən qan gəlirdi.”
Mualla sanki uzaqdan bir səs eşitmişdi. Yaxşı eşitməmişdi. Gözlərinin içində əsən şiddətli küləklə birgə qaranlıq hotel otağında səslər, qaraltılar və kölgələr sovrulurdu.
Çöldən gələn səs içindəki səs və kölgəyə qarışır, bəzən hamısını dağıdaraq bir alov kimi yayılır, daralır, xatırlanmasıyla unudulması bir olan qısa bir anlayış formasında qalırdı. Bu səs yavaş-yavaş güclənməyə və əvvəlcə qulaq sinirləriylə idrakı arasında gəzən buxar halında, xəfif bir duyğuykən şişməyə və sərtləşməyə başladı. Yaxınlaşır və böyüyürdü.
Nəhayət, Muallanı kitaba bağlayan bütün xəyallar kəsildi:
– Mualla xanım, Mualla xanım!
Qız birdən-birə silkəndi və başını kitabın səhifələrindən qaldırdı. Xidmətçi yanında dayanıb təkrar edirdi:
– Mualla xanım, yemək hazırdı, kitaba çox dalmısız, buyurun!
Mualla masada danışmadı. Yemək də yemədi. Buna diqqət edən anası səbəbini soruşdu. Muallanın boynu bir az irəli uzandı, qaşları iki incə hərəkətlə yuxarı qalxdı. Onun boynu ilə qaşları arasındakı münasibətin mənasını anası əksərən hiss edirdi. Bu, təvəkkülə qarışan bir məmnuniyyətsizliyin ifadəsi idi. Bəs Muallaya özündən, yoxsa anasının sualından səksənmişdi? Bu, evin xanımına maraqlı gəldi.
– Xəstəsən? – deyə soruşdu.
Bu dəfə anasının səsində hakimiyyətdən daha çox şəfqət olduğu üçün Mualla cavab verdi:
– Yox, kitab oxuyurdum.
Bacısı Məlahət soruşdu:
– Raifin gətirdiyi kitabı?
– Hə.
– O, çox təriflədi, necədi?
Mualla bir hotel otağında niyə qıvrandığını hələ də başa düşmədiyi və maraqlı gələn romandakı adamı düşünərək:
– Qəribədi! – dedi.
Sonra bir sıra əsnəmələr, nəfəslər, qan və soyuq bir çayı xatırlayaraq deyindi:
– Amma iyrəncdi…
Həmişə ölüm düşüncəsi verən xeyli qırıq-qırıq fikirləri də yadına saldı:
– Daima ölüm, – dedi, – içində ölüm söhbəti çoxdu.
– Bu kitab səni yeməkdən kəsəcəksə… – deyən xanımın səsi qabardı.
Amma Muallanın könülsüzcə bir meyvəni ikiyə bölməyə çalışdığı bıçaq qəfildən kəskin səslə boşqaba dəydi. Gurultu Muallanın bu xatirələrə qarşı içindən gələn reaksiyanı ifadə etdiyi üçün anasının sözünü yarıda kəsdi. Meyvənin bir parçası boşqabın lap kənarına düşdü. Böyük çəyirdəyin də ikiyə bölündüyü görünür və bıçağı sıxan əldəki əsəbi qərarsızlığın dərəcəsi hiss edilirdi.
Mualla o hissəni boşqabın kənarından ortaya çəkməyə cəsarət edə bilmədi. Onu masadakıların baxışları ilə ağırlaşdığını güman edirdi. Sakitcə bıçağı əlindən qoyub ayağa durdu.
Hoteldəki adamın nə olduğunu öyrənməyə gedirdi. Kitabı oxumağa davam etdi:
“Bu qanı görən kimi gözlərini yumdu. Əlüzyuyanın kənarını tutan əllərindən çiyninə qədər vücudunun bir parça ağırlığını daşıyan qolları titrəyir və başı qabağa sallanırdı. Yenə və daha güclü “ölürəm” fikri…
Birdən-birə dikəldi, bu səfər iki böyük addımla özünü qapının yanına atdı, titrəyən əlini düymə tərəfə uzatdı və nəhayət, düyməni basdı.
Əlüzyuyanda bir dayanacaq seçərək yatağına qayıtdı. Zəngə xidmətçinin etinasızlığını sarsıdacaq qədər güclü basıb-basmadığını düşünərək ayaq səsləri gözləyən bütün diqqətilə gözlərini qapıya dikdi. Açar dəliyinin üstündəki açarı görəndə çöldən gələcək adama qapını açmaq üçün yataqdan bir də qalxmağa məcbur olacağı qorxusuyla gecəni xatırlamağa çalışdı.
Qapını kilidləmişdi? Heç nə xatırlamırdı. Bir də qapıya getməyə nail olacaqdımı? Ayaq səsi gözləyən qulağı uğultular içində otağın çölündəki bütün səsləri ayırd etmək üçün canlanırdı, amma həmişə kor düyün formasına gələn səslərin qarışıqlığı başını ağrıdacaq qədər çoxalırdı. İsti və tozlu bir günün günorta günəşi altında əriyərək bir-birinə qarışan bu səslər arasında maşın siqnalları və tramvay zəngləri də sərtliyini itirərək marmalad kimi qulaq pərdələrinə yapışırdı. Pəncərədən gələn bu şəhər səslərini belə, təyin edə bilmirdi. Gözlərini qapının dəstəyi ilə açar dəliyinə zilləyib dayanmışdı.
Qəhrəmanın ölüm qorxusu şiddətlə artırdı. Hayqırmaq istədi. Ona səs və can eyni şeymiş kimi gəlir və əgər bağırsa ağzından, bu qışqırıqla bərabər canının da çıxacağından qorxdu. Ən sevdiklərini xatırladı. İndi biri burda olsaydı… Hotel otaqlarında aşinasız və səssiz can verənlərə ağlamağı tövsiyə edən lirik bir misra ağlından keçdi.
İnsanlardakı yalnızlıq qorxusunun bütün həyat boyu şüurlu və əksərən şüursuz olaraq hiss etdikləri ölüm təhdidi qarşısında birləşmək ehtiyacıyla olan əlaqəsini başa düşür, cəmiyyətlə ölüm arasındakı münasibətin sirrinə agah olurdu. Bir anda ölüm ona cəmiyyətin yaradıcısı kimi göründü; milyonlarla insanın üstündə bir qara işıq kimi uzanan ən böyük qorxunun altında hamının bir-birinə yaxınlaşmasındakı ehtiyacın əhəmiyyətini hiss etdi. Vəziyyəti anlayan bəşəri əlaqəylə insan gözünün bir baxış anında yığılan imdad diləməyin gücünü başa düşdü. Həmişə açılmağını gözlədiyi qapının aralığından görməyə can atdığı şey bir an davam edəcək məhz bu baxış idi.
Aşağı mərtəbədə bir gurultu eşidildi. Ora qədər ox kimi yayılan diqqətiylə bu gurultunu tutdu və izləməyə başladı. Ayaq səsinə bənzəyirdi. Ağır-ağır və taxtalar arasında boğulan əks-sədalarla yüksəlirdi. Bir ara dayandı və səs kəsildi. Qapı açılıb örtüldü… Qıcırtılar. Sonra yenə ayaq səsi. Otağın qapısına yaxınlaşırdı.
Yatağın içində dikəldi. Qapı döyülürdü.
– Girin! – dedi.
Amma qapı yenə döyüldü. Səsini eşitdirə bilmədiyini başa düşərək daha qüvvətlə təkrar etdi:
– Girin!
Dəstək çevrildi və qapı açıldı. Hotelə başqa vaxt gələndə ondan hər səhər qəhvə gətirməyini istədiyi, saatı soruşduğu və həmişə hər şeyə qarşı dərin şikayətini böyük bir sükut içində gizləməyə çalışan, fəqət, üzündə bunun qışqırıqları eşidilən xidmətçi – yaşlı qadın kandardan ona yorğun və boş gözlərlə baxdı. Başında bir əmr gözləyən qulaqlarından başqa heç bir yerinin işləmədiyi və gözlərinin görmək istəməyərək baxdığı bəlli idi.
Xəstə ağzını açdı, əllərini uzatdı, havada yellədi və aldığı bir neçə kəsik nəfəsdən alarkən topladığı güclə:
– Tez ol, – deyə bildi. – Həkim!
Ondan böyük hərəkətlər gözləyən xidmətçi yerindən tərpənmədi. Ölümlə onun bu əsrarəngiz hərəkətsizliyi arasında bir əlaqə olduğunu sezən xəstə qollarını havada yellədi, bir də:
– Tez olun, həkim, həkim çağırın! – dedi.
Sonra arxası üstə yatağa düşdü. Qaralan gözləri qarşısında yaranan zülmət tuneli içində qoca xidmətçinin açıq rəngli paltarı parıldayıb söndü. Ayaq səsləri, ağır-ağır uzaqlaqşdı. Xəstə bu səsləri daha da sürətləndirmək üçün xəyalında itələyirdi. Hər addımın pilləkən pilləsindəki boğuq gurultusu qulağında qırıq-qırıq bir əks-səda ilə üzürdü. Sonra təkrar uğultular, əks-sədalar, hansı istiqamətdən gəldiyi bəlli olmayan zəng, insan səsləri, qışqırıqlar, fəryadlar, satıcı bağırtıları…
Başını yastığa qoyandan sonra, sanki bədəninin aşağı hissəsi öz-özünə yuxarı qalxır, başı ağırlaşır və bütün vücudu sürətlə hündürdən boşluğa enirdi: ara-sıra güclü titrəyişdən özünə gəlir və bir barmağıyla qulağının arxasındakı sinirə qeyri-ixtiyari, bütün gücüylə basırdı. Həkim gələnə qədər sağ qala bilsəydi… Ölümcül ürək infarktının bəzən saatlarla davam edə biləcəyini çox yaxşı bilirdi. Amma bilmək olmazdı. Ən pis formada zəhərləndiyini də hiss edirdi. Onda gecənin bir məqamını xatırladı: böyük qapının dəmir barmaqlıqları qarşısında açdığı kağızın içindəkiləri əlinə boşaldarkən qaranlıqda parıltıyla baxan bir cüt göz qəflətən bir boşqab qədər böyüyərək üzünə yaxınlaşır, alçaq və kəskin bir səs iynə kimi içinə bataraq ona, “Ölərsən, ölərsən, öləcəksən!” – deyirdi. Sonra xatirələri qarışdı: çox parlaq, hərçənd, heç aydınlatmayan işıqlar, tərsinə çevrilərək ox kimi torpağa saplanan mağaralar və alov təki yandıran zülmətin ortasından sıçrayan qırmızı gurultular, “Öləcəksən, əmin ol ki, öləcəksən!” deyən səs və böyük dairənin içində parıldayan ağ baxışlar…
Titrəyərək silkindi. Gecəni xatırlamaq istəmirdi. Əlini nəbzinə apardı, amma qəfildən çəkdi: bilirdi ki, sinirlərə və qəlbə aid əks-sədanın təzahürləri üstündə qatılaşan diqqət şübhələri artırır və pis fikir aşılayaraq böhranı çoxaldır. Yaxşı olduğunu zənn etməyə çalışdı. Hərçənd, ürək bulantısı bu təlqini yarıda qoyurdu.
Qəflətən yeni və böyük bir naxoşluq keçirməyə başladı. İçində qəribə sıxıntı, əzilib-büzülmə duyurdu. Hər yeri büzüldü. Qıçları qıc olmuş, dizləri gərilmiş, bükülmüş və qarnına yaxınlaşmışdı. Döyüntünün səsi yüngül olsa da, tez-tez və uzaqdan gəlirdi. Əlini nizamsız döyünən ürəyinin üstünə apardı. Dərhal ümidi kəsildi, öləcəyini başa düşdü.
Gözləri qapıda, yumruqları sıxılmış, ağzı açıq, nəfəsi sürətli, başı sağa düşmüş, alnında soyuq tər, qulaqları uğultulu və tıxalı, alt çənəsi titrək, dodaqları sallanan, ağzının içi qupquru, dili hissiz və damağına yapışıq, sinəsinin içi dar və büzülmüş, əzələlərində ürpərmələr, damarlarında keyimə, sümükləri ərimiş və ətləri səs çıxarırmış kimi, ayaqları soyuq…
Qulağının diqqəti hotelin içindəki anlaşılmaz və qarışıq səslər arasında ümidsiz və yorğunluqla fırlanırdı. Axtardığı şey həmişə yaxınlaşan bir ayaq səsi və qapının dəstəyində bir tərpənişdi. Bir anlıq düşündü: “Həkim nə edəcək? Şprisini özüylə gətirərmi? Xidmətçi qadın ona vəziyyəti başa sala bilibmi? Birdən izah edə bilməsə? Ya həkim adi xəstə zənn edib tədarüksüz gəlsə?”
İnildəməyə başladı. Qorxudanmı? Ürəyinin ətrafındakı narahatlıq artır və can ağrısından daha böyük iztirab verirdi. Əlini ürəyinin üstünə basdı, üzüqoylu çevrildi və qıvranıb çırpınmağa başladı. Can verdiyini zənn etdi. Şüuru birdən-birə aydınlanmışdı; o gecə yatağında yox, məzarda və torpağın içində olacağını düşündü. Torpağın içində olmaq fikri onu yerindən sıçratdı. Yataqda birdən-birə dimdik oturdu və barmaqlarını saçlarının arasına soxdu.
Gözləri həmişə qapıdaydı. Gələn yoxdu… Ölüm qarşısında insanın yalnızlığı… Boğulurdu. Saçlarını çəkdi. Gəlmirdilər. Bir hörümçək torunun içindən baxırmış kimi, qapıya zillənən gözləri bulanır, keyiyir və hər şeyi titrək görürdü. Sanki qapının dəstəyi fırlanır, amma açlımırdı. Gələn yoxdu. Yalnız öləcəkdi! Bütün həyatı boyu yalnız qalmışdı. Yalnızlığın qorxunc üzünü dadırdı, ona bir az isinişmiş və çox öyrəşmişdi. Fəqət bu səfər daha nəhəng, daha qorxunc, daha dəhşətdi! Səsi çıxdığı qədər hayqırmaq istədi. Amma artıq səsinin çıxacağından əmin deyildi. Bəzən ürəyinin yüngül və sürətli çırpıntıları arasında qəflətən toxmaq kimi döyüntülər vardı. Dərindən nəfəs almaq ehtiyacıyla titrəyərək havanı çətinliklə içinə çəkmək istəyir, amma bu tənəffüz yarıda qalırdı.
Boğulmaq üzrə olduğunu anlayırdı. Nə olur-olsun, tələsik bir şey etmək lazımıydı. Özünü yenidən yataqdan aşağı atdı və qapı istiqamətinə doğru yeridi. Birdən-birə gözləri qaraldığı üçün heç bir şey görmürdü. Zaman qəribə formada uzandı. Yataqdan enməsindən iki saniyədən çox vaxt keçmədiyi halda özünü saatlarca yeriyirmiş kimi sandı. Bu qədər yorğun… Və dumanlar arasından gedən bir gəmi hissiylə irəlləyirdi. Qəflətən bir yerə çırpıldı və sarsıldı. Gözlərinin içindəki hörümçək toru bir az açılmışdı. Qabağını görə bildi. Çarpaynın taxtasına dəymişdi. Müntəzəm yeriyə bilməyəcəyini başa düşərək özünü irəliyə doğru atdı. Bu səfər çənəsini və bir çiynini kəskin bir şeyə vurmuşdu və əlləri sürüşkən bir maddəyə sürtünərək aşağıya doğru sürüşdü. Gözlərinin qarşısında yuxarından aşağı qədər enən kəskin bir cızıq var idi. Nə olduğunu başa düşmürdü. Gözlərini yaxşıca açdı: güzgülü dolabın küncünə düşmüşdü. Qapı sağ tərəfdəydi. Dolaba toxunaraq özünü qapıya atdı və barmağını zəngə basdı. Əlini çəkmirdi. Basdı, basdı…
Bədənin ayaqda güclə saxlayırdı. Qapıya və divara tutunan əlləri yuxarından aşağı, boydan-boya sürüşürdü. Yerə yıxılsa öləcəyini sanırdı. Həmişəki özünüqoruma instinkti ilə böyük bir səy sərf etdi və yatağa qaçdı. Üzüqoylu yıxıldı.
Dəhlizdəki ayaq səsləri ona yeni bir ümid verdi. Ağır, ağır dikəldi. Yatağın kənarında əyilərək oturdu. Qapının kandarında xidmətçini görəndə daha uzun nəfəslər almağa başladı. Sinəsinin hərəkətlərilə məramını başa salmağa çalışdı. Fəqət, xidmətçidə yenə heç bir hərəkət yoxuydu. Yenə o pərdələnmiş gözlərindən təhrikedici bir mənasızlıq fışqırırdı.
Xəstə inildədi:
– Həkim hardadı? Harda? Tez… Pisəm…
“Ölürəm” deyə bilmirdi. Qorxurdu. Bir şeydən, bəlkə, hotelin nizamlarından, bəlkə də, öz-özünə mənfi hiss təlqin etməkdən qorxurdu. Bir dəfə də:
– Pisəm… Çox… – deyə inildədi.
Bu qadın niyə kandardan içəri girmirdi? Niyə orada dayanmışdı? Həkim hardaydı?
Xidmətçi qadın başını qabağa doğru bir az uzatdı:
– Gedir, – dedi. – Müsyo indi.
“Bu müsyo kimdir, nədir, hara gedir, nə deyir bu qadın?”
– Müsyo?
– Bəli, gedir indi, həkim çağıracaq!
Xidmətçi qadın dərhal uzaqlaşdı. Xəstənin başı qabağa düşdü. “Gəl də getmə!” – deyə bağıra bilmirdi. Fəlakət… Hələ həkim çağırmağa gedən olmamışdı, hələ gedəcəkdilər.”
Mualla dərindən nəfəs alıb-verdi və kitabı örtdü. Heç bir şey düşünmədən bu kitabın oyatdığı xəyalları əhəmiyyətsiz sayırdı.
Əlavə olaraq, oxuduqlarının təsirindən qurtulmaq üçün güldanların yerlərini dəyişdirdi və çiçəkləri düzəltdi. Onların iç açan rəngləriylə ruhunu yumaq və kitabdakı hotel otağının qaranlıqlarını çölə çıxarmaq istəyirdi. Bir neçə dəfə dərin-dərin nəfəs aldı. Ancaq sanki qəlbinin üstündə bir təzyiq vardı.
Hələ də romandakı adamın hoteldə niyə qıvrandığını başa düşə bilməmişdi. İyirmi səhifə içində eyni hekayə elə davam edirdi.
Saata baxıb yan otağa keçdi. Böyük bacısı ordaydı. Bir az sonra gələcək qonaqlar barədə danışdılar. Mualla əlini ürəyinin üstünə qoydu. Bacısının buna diqqət etdiyini görən kimi izahat verməkdən qaçırmaq üçün çevrilib pəncərəyə doğru getdi. Amma bu həkərətiylə masadakı vəziyyəti arasında bir əlaqə olduğunu sezən bacısı kitabı xatırlayaraq soruşdu:
– Yenə oxudun?
– Hə.
– Necədir?
– Başa düşmədim. Amma həm maraqlıdı, həm də deyil. Belə bir şey. Oxuduqca ürəyim sıxılır.
– Niyə? Qorxuludu?
– Demək olar ki… iyirmi səhifə oxumuşam, amma romandakı adam bir dəfə rahat nəfəs ala bilməyib. Öləcəkmi, qalacaqmı, başa düşülmür. Yarı fizioloji, yarı psixoloji təhlil kimi bir şeydi.
Sonra yenə qonaqlardan bəhs etdilər.
İki saat sonra qonaqlardan biri masanın üstündəkı kitabı əlinə götürüb Muallaya sual verdi:
– Bu necədi?
– Hələ başa düşməmişəm. Siz oxumusunuz?
– Yox. Amma müəllifini tanıyıram. Heç bir kitabını oxumamışam.
– Mən bir-ikisini oxumuşam. Hər kitabda xəstəlikdən bir az mövzu var. Amma burda qəribə bir qəlb tutmasından danışır. Və uzun-uzun. Belə getsə, bütün kitab bir adamın yarım saatlıq həyatını danışmaqla keçəcək. Fəqət, adını “Bir adamın həyatı” qoyub. Mən “bioqrafik roman”ları sevirəm. Bunu də elə zənn etmişdim.
Mualla çox kitab oxumazdı. Çoxunun səhifələrini qarışdırar, daima tərəddüd içində qalar və bəyənməyəndə kitabı əlindən qoyardı. Amma bir dəfə bəyənsə onu təkrar-təkrar oxuyar, əlindən yerə qoymazdı. Qonağın kitabxanasında cildləri qopmuş, səhifələri kirlənmiş və köhnəlmiş, küncləri bükülmüş, ora-burasına işarələr qoyulmuş, səhifə kənarları və sətir altları qələmlə yazılmış kitablar Muallanın sevdikləriydi; xeylisi romandan daha çox, məşhur adamların həyatlarına aid əcnəbi əsərlərdi. Bu kitabların yaşanmış olmaları, başqalarının təcrübələriylə Muallanın ruhunun hiss, təcrübə və təəssürat tərəflərini zənginləşdirirdi.
– Mən, – dedi, – oxuduğum kitabların qəhrəmanlarını sevmək istəyirəm, onları dostum kimi fərz edirəm, həmişə onlarla bərabər yaşayıram və yanımdan ayrılmalarını istəmirəm. Onun üçün bir kitabın qəhramanını… Hətta çox-çox sevməliyəm. İllərlə eyni kitabı təkrar-təkrar oxuduğum olub. Elə bir kitab axtarıram ki, bütün həyatımda bezmədən həmişə onu oxuyum.
– İfratçısız.
– Bəlkə də. Məncə, kitab bir dəfə oxumaq üçün yazılan bir şey deyil. Bəzi tanışlarım həftədə üç-dörd kitab oxuyur. Onlara heyrət edirəm. Kitab, necə deyim, içində yaşadığımız ev kimi, vətən kimi olmalıdı, ona öyrəşməliyik, bağlanmalıyıq, künc-bucağını çox yaxşı tanımalıyıq, hər nöqtəsinə xatirələrimiz qarışmalıdır. Elə deyil? Bir musiqi parçası kimi… Həmişə başqa-başqa əsərlər oxuyanlar iki-üç gündənbir dostlarını, evlərini, vətənlərini dəyişdirən insanlara oxşamırlar? Bəlkə, bunun üçün hər yerdə çox kitab çıxır, amma yaxşıları necə də azdı.
– Bəli, kitab oxumaq bir sənətdir; bəlkə də, yazmaq qədər çətin bir sənət. Ona görə də müəlliflər, yalnız müəlliflərin oxuması üçün yazmalıdır. Oxucu ilə müəllif arasındakı səviyyə eyni dərəcədə olmasa razılaşmaq mümkün olar?
– Tamamilə belə düşünürəm.
Mövzu ümumiləşdi. Hamı bu kitabın müəllifinə dair bildiyini deyirdi. Onun həyatında səfalət, xəstəlik və əyləncə kimi üç ünsürdən başqa heç bir şey olmadığını iddia edənlər oldu. “Əsərləri də elədir” – dedilər. Əldən-ələ dolaşan bu kitab bir həkimin əlində qalmışdı:
– Bilirsiz? – deyə sözə başladı və belə xəstəlikdən kitab yazan müəlliflərə təşəkkür etdi, – çünki belə kitabları oxuyanlar xəstələnir və bizə gəlirlər. – Sonra kitabların oxucu üzərindəki təlqini haqqında fikirlərini dedi, – Məncə, bədbin bir kitabın mikrobdan fərqi yoxdur, insanı xəstə edər.
Sonra misallar gətirdi. Birinci, məlum “Verter” misalı. Arxasınca ixtisarla “Nə qədər insan Verteri oxuduğu üçün intihar etmişdi” misalı. Hekayədən hissə kimi “Gənc qızlarımızın kitabxanalarına diqqət etməliyik” deməsi. Və:
– Mualla xanım, – həkim dedi, – sizə həyat enerjisi verəcək kitablar tövsiyə edirəm. – Sonra əlavə etdi, – Mən özümü belə yetişdirmişəm.
Və əlavə nə qədər misallar, nə qədər hekayələr nəql etdi… Amma onu dinləyənlər arasında Mualla yox idi, salondan mübhəm bir tərzdə çıxmış və dəhlizlərdə məqsədsiz, səbəbsiz yeriyərkən, sanki bir insan səsi qulağına; “Məni yalnız buraxmayın!” – deyə bağırırdı. Mualla dərhal düşünmüşdü: “Görəsən, həkim hotelə gəldi?” Kitabı dərhal oxumağa davam etmək istəyirdi. Amma salona qayıtdı.
O gün qonaqlar elə kitablardan bəhs etdilər, həkim həmişə həyat enerjisi verən əsərləri mədh etdi.
Mualla durmadan: “Görəsən, həkim hotelə gəldi?” – deyə düşünürdü və qonaqlar gedən kimi kitabı açdı:
“Hava, hava! Boğulurdu. Nəfəs almaqda əməllicə çətinlik çəkməyə başlamışdı. Kiçik dolabın üstündəki qəzeti alaraq üzünə yelləmək istədi. Amma başı hərləndi və qəzet əlindən düşdü.
Ölüm bahasına hərəkətlər etmək məcburiyyətində olduğunu başa düşürdü. Çılpaq ayaqlarını tuflilərinə keçirmək və şalvarını çəkmək üçün böyük bir güc sərf etdi.
Son gücünü topladı və özünü otaqdan çölə atdı. Qaranlıq dəhlizdə heç bir şey görmədən, məsafə qət edib-etmədiyini başa düşmədən qollarını irəli uzadaraq yeriyirdi. Əlləri harasa dəydi. Gözlərini yaxşıca açaraq olduğu nöqtəni görməyə çalışdı. Başqa bir otağın qapısında idi. İçəridə bir adam ola biləcəyi ehtimalı ilə qapıya yavaşca yumruq vurdu. Amma gözləmirdi. Pilləkəndən divara sürtünərək düşdü. Aşağı mərtəbənin dəhlizində əynində şalvar, qurşaqdan yuxarısı çılpaq bir adamla qarşılaşdı. Bu adam hərəkətsiz dayanmış və ona qaranlıqda mənası görünməyən qəribə nəzərlərlə baxırdı.
Xəstə yerə yıxılmamaq üçün arxasını divara söykəyib inildədi:
– Tez… Həkim!
– İndi gedirəm.
Xəstə yenə divarlara sürtünərək özünü aşağı mərtəbənin pilləkənlərinə atdı. Vəziyyətini başa düşmədiklərini görür, nə olur-olsun, özünü küçəyə, insanların arasına atmaq istəyirdi. Qurşaqdan yuxarı çılpaq olan adamsa arxasınca gəlirdi.
– İndi, – deyirdi, – gedirəm həkimə… Belə aşağı düşməyin, üşüyəcəksiniz.
Bəlkə də, onun adi zökəm olduğunu zənn edirdi, tələsgənliyə lüzum görmürdü və bir-neçə dəfə ard-arda:
– Üşüyəcəksiniz! – dedi.
– Otağınıza çıxın, yatın. Yaxşıca örtünün! – dedi, – Mən indi həkimi götürüb gəlirəm, indi, elə indi!
Fəqət, özünün və xəstənin “indi”ləri arasındakı fərqi bilmirdi.
Xəstə alt mərtəbədəki salona qədər getdi və divanın üstünə yıxıldı. Başı dizlərinin arasına sallanaraq inildəyirdi. Üzünə vurulan su ilə bir az dikəldi. Ətrafında, ovuclarını üzünə örtmüş və qorxuya düşmüş qadınlardan biri:
– Nə olub sizə? – deyə soruşdu.
Xəstə sadəcə inildəyirdi. Ağzının ətrafında köpüklər yaranmağa başlamışdı. Qulağına yaxınlaşan ağızlardan gələn səsləri çətinliklə eşidirdi.
– Nolub sizə?
Sonra o böyük sözü dedi:
– Ölürəm!
Və divanın üstünə uzununa yıxıldı. Artıq heç səs eşitmir və ətrafında heç bir hərəkət hiss etmirdi. Bir ara başını qaldırdı və:
– Hava! – deyə inildədi.
Yarıqaranlıq salonda heç kim qalmamışdı, qorxur və onun yanında dayana bilmirdilər. Hotel, nizam-intizam, polis, qanun, məsuliyyət.
Yerindən qalxdı və sürünərək otağının qapısına gəldi. Hələ ovucları üzlərində duran qadınlar ona və bir-birlərinə baxır, susur və heç tərpənmirdilər.
Xəstə qollarını uzatdı:
– Məni yalnız buraxmayın! – dedi və salona qayıdaraq özünü qapının yanındakı divana atdı.
Ətrafında yenə heç kim yox idi. Gəlmirdilər. Qaçırdılar.
Boğuq səslər çıxardı.
Qadının biri başını qapıdan uzatdı, içəri girmək istəmirdi.
– Müsyo, indi getdi, indi həkim gətirəcəklər, narahat olmayın! – dedi.
Fəqət xəstə, özünü bir dəfə də – son dəfə toplamaq, küçəyə atılmaq istəyirdi. Dəhlizə çıxıb, küçə qapısına doğru irəllədi.
Qadınlar qışqırdılar:
– Üşüyəcəksiniz, hara? Üşüyəcəksiniz!
Bir anda soyuqdəymədən gələ biləcək ən təhlükəli xəstəliklərin ona xilas olmaq və yaşamağa nail olmaq üçün, ən azı üç-dörd günlük bir mübarizə fürsəti təqdim edəcəklərini düşündü və elə bir vəziyyətdə olmağı çox istədi.
Qadınlardan biri digərinə:
– Yuxarıdan pencəyini gətirin! – deyə qışqırdı.
Böyük qapının kandarına gələn xəstə küçənin izdihamını görən kimi bütün qorxularını ona hakim olan ictimai bir narahatlıq ilə paltarını düşünməyə məcbur oldu; çılpaq ayaqlarına keçirdiyi tüflilər, şalvarı, flanel və qarışıq saçlarla cəmiyyətin qarşısına çıxmaq! Başqalarına zərər verməyən bir qüsur və səfalətlik onun nəzərində ancaq görkəmin görünüşünü mühafizə etmək şərtiylə qaydaya uyğun ola bilərdi; ara-sıra bu gözəllikdən uzaqlaşmağa məcbur olmağın daima əzablarını çəkmişdi, fəqət heç birində özünü belə bir mənzərəylə təşhir vəziyyətində qalmamışdı. Geri qayıtdı, arxasını bir divara söykədi, gözlərini yumub dayandı. Bir tərəfdən də böhranın bu qədər uzun davam etməsinə təəccübləndi və ümidləndi. Yenə saatlarla davam edən tutmadan sonra çox sevdiyi bir adamın boğularaq necə öldüyünü xatırladı və ümidləri zəiflədi. Amma bir tərəfdən də keçmişə doğru assosiasiyaları zənginləşən şüurundan və ruhi qabiliyyətlərinin artmasından yeni bir ümid aləmi doğdu. Həm də o yaşlıydı. (Saatlarla davam edən bir ürək tutmasından sonra boğularaq ölən adam) Qoca və ürəyi xəstə idi.
– Pencəyiniz! – deyirdi xidmətçi qadın.
Və nəhayət, pencəyini ona geyindirdi. Yeni məlumatlar və qırıq-qırıq görmək qəribəydi. Heç bir şeyi tam görə bilmirdi. Yarı-qaranlıq içində, bir an yalnız pencəyinin ətəyini, sonra bir qapını, daha sonra bir qadının çiynini, ardınca divardakı lövhəni və pilləkənin sürahisini görən gözləri əməllicə bir nöqtəyə ilişib qalaraq kölgələnməmişdən əvvəl, kiçik qövslər içində hərəkət edərkən yönlərini qarışdıran bulanıqlıq içində yavaş-yavaş sönürdü. Nəhayət, yalnız bir hərəkətin və sarsıntının mübhəm idrakı içində sallandığını və səndələdiyini az-az hiss edərək, fərqində olmadığı bir müddətdən sonra gözlərini açdı və özünü salondakı divanın üstündə gördü. Qarşısında bir az əvvəlki kişi:
– Həkim indi gələcək! – dedi.
O və yanındakı qadınlar – hamısı uzaqda, gözləri ona dikilmiş halda və daim hərəkətsiz formada dayanmışdılar.”
Masada Muallanın yenə səssiz və iştahsız olduğunu görən xanım böyük qızından Raifin nə vaxt gələcəyini soruşdu.
– Sabah! – Məlahət dedi.
Və xanım Raifdən soruşmaq istədiyi şeyin ən nəzakətli üsulunu düşünməyə başladı: bir gənc qıza tövsiyə ediləcək əsərlərdə gözəllikdən başqa bəzi şərtlər axtarmaq lazım deyildi? Yox, bu sual Raifi incidə bilərdi.
Xanım bu üsulun ən münasibini növbəti gün Raiflə danışarkən tapdı:
– Muallaya verdiyiniz kitab necədi? – deyə soruşdu.
Raif tərəddüdsüz cavab verdi:
– Çox qəşəng!
– Mən bu kitabı bir az vərəqlədim. İçində bədbin hissələr var. Daha çox səfehlik. Bilmirəm, siz nə fikirdəsiniz, Raif bəy. Klassik tərbiyə almış bir qız üçün belə əsərlərin faydalı olduğunu qəbul edirsiz?
– Əxlaqi nöqteyi-nəzərindənmi?
Xanım gənclərin və sənətkarların səslərində bu “əxlaq” kəlməsinin aldığı dəyərsiz titrəyişə növbəti dəfə və yaxşıca diqqət etdikdən sonra, “bəli, əxlaq nöqteyi-nəzərindən” cavabını vermək istədiyi halda:
– Xeyir, – dedi. – Əxlaq nöqteyi-nəzərindən deyil. Çünki məncə, siz əxlaqın nə olduğunu bilmirsiniz.
Və əxlaq mövzusuna keçdilər. Kitabı unutdular. Mualla içəri girdi, Raifə dedi:
– Verdiyiniz kitab qəribədir.
– Fövqəladə.
– Bəli, amma məni xəstə edəcək. Dünən yemək yemədim və gecə az yatdım. Hələ də mövzunu yaxşı başa düşməmişəm. Müəllif bir əyləncə gecəsinin səhəri gününü nəql edir?
– Bəli.
– Öz həyatı olar.
– Təbii ki…
– Bu, o qədər də yaxşı deyil, amma…
– Mualla xanım, vallah, mən bu müəllifi bir neçə ay əvvəl tanımışam, amma elə bil, biz onunla illərdən bəri tanışıq; əslində, özü çox səmimi adamdı.
– Bəli… Yox… mən indidən tənqid etmirəm, onsuz da onun iki-üç əsərini oxumuşdum, amma bu kitabın… Necə deyim, daha gedişatını başa düşə bilməmişəm.
– Onu tanımaq istəyirsinizmi?
Mualla başını əydi və çiyinlərinin laqeydliyini ifadə edən çox xəfif bir hərəkətlə arzusu arasında müvazinətini qorumağa çalışaraq, alçaq səslə:
– Təbii ki, istəyərəm, – dedi.
– Bu cümə bizə gələcək, siz də buyurun.
Gözləri anasıyla pəncərə arasında qərarsız yarımdairə cızdıqdan sonra Mualla cavab verdi:
– Bir maneə olmasa…
Xanım kitabın müəllifi üçün fikrini dedi.
– Axıcı üslubu var, bəzi hiss və fikir nüanslarını çox dəqiq və yaxşı təsvir edir. Amma… bilmirəm.
Raif, xanımın sözlərini səmimi və nəzakətli təbəssümlə təsdiq etdikdən sonra Muallaya tərəf çevrildi.
– Cümə günü, mütləq gəlin.
* * *
Mən “Bir adamın həyatı” kitabının müəllifiyəm. Kitabımın ətrafında cərəyan edən bu hadisələrdən xəbərim olmadan və Mualla adlı heç kimi tanımadan bir cümə günü dostum Raifin evinə getdim.
Əvvəlcə mənim üçün orda yad adam yoxuydu. Evlənməkdən söz düşdü. Deyəsən, fikrimi soruşdular. Nə cavab verdiyimi bilmirəm. Amma yəqin ki, evlənmə haqqında həmişə düşündüyüm şeyi təkrar etmişəm.
Məsələn:
– Evlilik, – demiş ola bilərəm, – evli olan fərqli adamlara, hətta hər evlinin müxtəlif yaşayış sevinclərinə görə dəyişən bir tərkibə malikdir; bu məsələdə ümumi fikirlər və təcridlər xüsusi vəziyətləri ehmal etdikləri üçün yanlış olmaq təhlükəsinə məruzdurlar. Məsələn hidrogenlə oksigenin birləşməsindən su yaranır, amma bunların birinin tamamilə başqa bir ünsürlə birləşməsindən də ayrı tərkib əmələ gələr. Kimya elmi kimi, evlilik nəzəriyyəsi üçün yüz minlərlə fərdi ünsürlərin vücuda gətirdikləri tərkibləri təsbit və təsnif etmək, ordan da evlənməyin qanunlarına varmaq lazımdır ki, bu da bir evlilik elmi karikaturası meydana gətirir.
Sonra yaxşı xatırlayıram ki, zövcə-xidmətçi, zövcə-sevgili, zövcə-dost, zövcə-qulluqçu, zövcə-məşuqə, zövcə-dişi ilah… tipləri arasında fantaziya formasında müqayisələr etmiş və demişdim ki:
– Mənə qalanda, evlənmək istəsəydim, ya özümə çox yaxın, yaxud çox uzaq bir qadın seçərdim.
– Necə uzaq? – deyə soruşanlar oldu.
– Bunu ilk kəşf edən mən deyiləm, – dedim, – əsrlərdən bəri özündən çox uzaq, yəni çox bəsit qadınlarla evlənən tarixi şəxsiyyətlər var. Bu ehtiras adamları, evləndikləri bəsit bir kəndli qızının boş və saf gözlərində, özlərini yandıran böyük və güclü həyəcanların alovunu söndürərlərmiş. Bəlkə də, hər təcrübədə eyni dəyəri mühafizə etməyən bu fikir mənə mülayim gəlir. Fəqət, bunda da evlənməyin qorxularıyla yanaşı, zövqlərini azaltmaq da var. Bütün yollar Romaya aparır. Evlilikdə də ideal tərkib yoxdur. Hər cüründə fayda və zərərlərini görəcək qədər realist olaq.
Məclis iştirakçısı və maddi fikirləri, bir sıra sərgüzəşt xəyalları qurmağına mane olmayan şorgöz tacir:
– Adabazarından bir Çərkəz qızı qaçırın! – dedi.
Və silah səsləri arasında dördnala qaçan bir atla dumanlı dağlar aşarkən, insanın qollarında sıxdığı bir Çərkəz qızıyla nə qədər məsut olacağını danışdı:
– Mən, – dedi, – zövcə ilə cariyə arasındakı fərqi hələ də başa düşməmişəm.
– Bizdən iki-üç nəsil əvvəlkilərdən biri həyatda və burada olsaydı, şübhəsiz, bu fikirlərinizdə sizi tək qoymazdı. Mən bəsit qadınların cariyə olmaqları üçün deyil, ruhi durğunluqlarını mənə bir az ötürmələri üçün yaxşı zövcə ola biləcəklərini dedim. Amma bunların hamsı bir fərziyyədir. Sonra beyinləri qan püskürən, qırıb dağıdıcı bir coşğunluğuna müvəqqəti hakim ola bilən ağıllı, əzmli və azğın Çərkəz qadınlarından qohumlarım arasında olanlarını düşündüm. Ara-sıra ən incə ruhi məstlikdən əsəbin ən kobud dərəcələrinə sürətlə gedən bu ibtidai dişi həssaslığının cazibəli və dözülməz tərəflərini ağılmda götür-qoy etməyə başladım. Nənələrim…
Amma uzaqdan Raifin bir işarəsi fikirlərimi yarıda qoydu. Məni çölə çağırırdı. Çıxdım.
Qonşu otağın yarıqaranlığında kölgəmə doğru ağır-ağır əyilən böyük kölgəsindən məhrəm bir səs çıxdı:
– Bir qız var, – deyə, – pıçıldadı.
Gülməyə başlamışdım. Dostumun ruhunda ən çox bəyəndiyim müdriklik və yetkinlik keyfiyyətləri həmişəki şirin ağırlığından sıyrılaraq onu mənə sanki bir məzhəkə qəhrəmanı kimi göstərdi, çünki aylar əvvəl məni həyatda yalnız buraxan böyük bir fəlakətdən əvvəl də, sonra da evlənməyimi çox istəyirdi və mənə “Bir qız var…” cümləsiylə başlayan tövsiyələr etmişdi. Hamısı ciddi, sadə, ağıllı və ziyalı qızlar… Deyəcəyim heç nə yoxdu, amma evlənməyin məndən daha çox onda qaçılmaz bir ehtiyac halına gəlməsindəki könüllülük ifratının gülünc tərəfini görməkdən zövq alır və bəlkə də, beləcə, yumor hissimin pərdəsi altında, özümdən belə gizləmək istədiyim doyumsuzluqlarımı örtürdüm. Bəlkə, o da hər şeyi başa düşür, incimir və israr edirdi. Yenə israr etdi:
– Gülmə, – dedi, – Bu, heç biri kimi deyil. Çox qəşəngdi! Vallah… Əzizim, tapılmayan qızdı.
Və mənə xalis, saf keçmişini nəcabətli köklərindən alan ailəyə mənsub, ciddi və özünə güvənə bilən, anlayışlı və səbirli mədəniyyət sahibi, amma ictimai zərurətlərdən deyil, müəmmalar qarşısında doymaq bilməyən fərdi təcəssümünün sövqüylə oxumaq və başa düşmək istəyən mükəmməl bir qız təsvir etdi.
– İndi bura gələcək! – dedi.
Məndə axtardığı ciddiyyətin nə qədər davam edəcəyini başa düşmək istəyirmiş kimi üzümə xeyli baxdıqdan sonra, heç bir şey əlavə etmədən, ağır-ağır otaqdan çıxdı.
İçimdə oyanan ümidləri həmişə istehza ilə qarşılayaraq xəyalımı ölçüyə və ehtiyata dəvət edən mənliyimin nəzarətindən bir an üçün qaçdım və evlənməyin bayağı romantizmini tərənnüm edən fransızca bir hissə xatırladım:
– Evlənin, balam… Mənim yaşımda yalnız yaşamağın nə olduğunu anlaya bilməzsiniz. Axşamüstü, evdə, buxarının qarşısında, yalnızlıq. Onda mənə elə gəlir ki, yer üzündə yalnız, məchul şeylər, naməlum təhlükələrlə əhatələnmiş, tanımadığım qonşumdan məni ayıran divar, pəncərəmdən gördüyüm ulduzlar qədər onu məndən uzaqlaşdırır.
Məni titrəyişqarışıq dərin bir qorxu çulğalayar və divarların sükutu dəhşət gətirər. İçində yalnız yaşanılan otaqların səssizliyi nə qədər dərindir və nə qədər qorxunc! Bu, yalnız vücudun deyil, ruhun ətrafını da saran sükutdur və mebellərdən biri çırtıldasa, insan iliklərinə qədər titrəyər, çünki bu naməlum otaqdan heç bir gurultu gözlənilmir.
Yalnızlıq qorxusunun bu əzəli ədəbiyyatına qarşı darıxdırıcı münasibətlərdə hiss etdiyimiz təkbaşına qalmaq ehtiyacını mədh edən ədəbi hayqırışları da unutmamaq lazım gəldiyini düşündüm. Hər məsələdə iki zidd qütb arasında çırpınan insan ruhunu tərəddüddən hərəkətə keçirmək üçün, özümə yenidən istiqamət vermək məcburiyyətində olmaq xoşuma gəlirdi. Beləcə, o andakı fəlsəfi şəxsiyyətimi yaradan bütün yatmış və durulmuş fikirlərimi çalxayaraq oyandıracaq, hamısına bir-bir baxacaq və onlardan yeni bir tərkib və sistem çıxarmaq üçün, yeni bir zəka oyunu sərxoşluğu içində başımı qatacaqdım. Bir evlilik hekayəsi, hər şeydən əvvəl mənə yeni sistemlər axtarmağın təzə ehtirasını vədd etdiyi üçün əhəmiyyətli və gözəliydi. Saysız-hesabsız imkan və aləmlərə doğru edəcəyim xəyali səyahətlərin ümidi və nəşəsi içində qonşu salona girdim və bir qadının qulağına əyilərək, arxasında böyük bir ciddiyyətlə gizlənən şübhəli sevinclə:
– Evlənin, balam… Mənim yaşımda yalnız yaşamağın nə olduğunu anlaya bilməzsiniz, – dedim.
Məni bir neçə aydan bəri və olduqca az tanıyan bu ziyalı qadın, yeniyetmələrə məxsus adı bir dekolamasiya2 həyəcanı içində olduğumu zənn etdi və estetik zövqümü tənqid etmək istəyən çəpəki baxışla:
– Bu nədir? – deyə soruşdu.
Gülərək:
– Heç, – dedim, – evlənin, evlənin, balam… Mənim yaşımda yalnız yaşamağın nə olduğunu anlaya bilməzsiniz!
Bu xanım evliydi və təkrar etdiyim cümlənin bəsit mənasına cavab olaraq çiyinlərini çəkdi. Mən də Çərkəz qızı qaçırmaq xülyasını kəşf edən tacir dostumun yanında oturdum və qulağına əyilərək soruşdum:
– Niyə evlənməzsiniz, dostum?
– Gözəl, təmiz saf bir qadın tapsam tərəddüd etmərəm, evimdə ikisi var, pis deyil, amma daha gözəllərini axtarıram.
Bu uydurmanın tacir dostumun içində gizlənən həqiqi ehtiyaclarla nə dərəcədə əlaqəsi olduğunu sezməyə çalışaraq üzünə baxdım. Anidən hamıyla bərabər ayağa qalxmağa məcbur oldum və yerimi salona girən Mualla xanıma verdim.
Raif mənə onun adını deməmişdi, amma etdiyi məhdud təsvirə nəzərən başa düşdüm ki, həmin qızdır. Yadlar ona təqdim edilərkən, qayğısını hamıya bərabər dərəcədə bölüşdürməyi bacaran Mualla xanımın bu bölgülərini həm bəyəndim, həm də bir az narahatlıq ilə qarşıladım. Nizamlı hislərin kəskinliyinə qarşı duyduğum şübhə də anındaca ayaqlandı. Düzünü desəm, mən “qapalı” deyilən ruhların müəmmadan paltarlar içində böyük və dərin görünməklərinə etimad göstərmərəm və bu ayaqyolunun müəmmasından adi ruhların da bəsit bir məharətlə istifadə etdiklərini bilirəm. Onun görə də, bəzən bizdə bu şübhəni oyandırmayan açıq qalblərə qarşı meylim artar, amma onların da ehtiyacımızdan çox hərarətimizi söndürən bol alqışları və coşğunluqlarına baxanda, qanunlarını yaxşıca bilmədiyimiz bir dəyişikliklə zaman-zaman bağlanıb-açılan və bizə bir fürsət kimi yaxınlaşıb uzaqlaşan ruhlarını axtararam.
Salonda göründüyü andan verdiyim yerdə oturana qədər Mualla xanımın görünüşündə ortaya çıxan bütün inqilabları gözlərimlə təqib etmək istəmədim, çünki bir gecə əvvəl yenə səhəri dirigözlü açdığım üçün, iradəmlə digər ruhi güclərim arasındakı uyğunluqdan əmin deyildim və Mualla xanıma ayıracağım diqqətin ölçüsünü tapa bilməyərək, hamının – xüsusilə bəzi qadınların çox təsirli olmasından şikayət ediyi baxışlarıma uyğun olmayan diqqətdən hörmətsizliyə doğru keçməkdən çəkinirdim. Yalnız biri salonun qapısından ortasına doğru yeriyərkən, biri məni narahat etmək təlaşıyla verdiyim yerə oturmaqda tərəddüd edərkən, biri də başqalarına özünü təqdim edərkən – üç qısa müşahidə ilə Mualla xanımın bir anda üç vəziyyətini zehnimə çəkdim. Əvvəlcə bədəninin kölgəsini görmüşdüm: incə və zərif, rahat, xəfif dalğalı, uzun parçadan paltar içində kənar cizgiləri örtülən və maddiliyi itən titrək bir vücud.
Sonra verdiyim yerdə oturarkən gözlərinin qərarsız baxışlarını gördüm. Amma o anda elə həyəcanlanmışdım ki, meh kimi əsən zehnimdə bu gözlərdən gələn təsir mübhəm işıqlar kimi titrəyərək dağıldı və onlara daha çox baxa bilmədim.
Nəhayət, məndən başqaları ona təqdim edilərkən onu profildən gördüm. Mənə dərhal itaətkarlıq və inad hissi vermişdi. Yalnız müdafiə halında olduğunu və “passiv” mübarizəni sevdiyini zənn etdim. Bu təbiətiylə Qandini xatırlatdı. Ümumi görünüşündən daha çox Mualla xanımın orqanizmi və şəxsiyyətindən heç bir şey zəbt edə bilməyərək, ilk anlarda ona baxmamaq qərarıyla oturdum. Amma bu qızla mənim münasibətimə aid minlərcə ehtimal arasında bir də evlənmək olduğu üçün marağım çox idi, hətta elə bir an gəldi ki, ona yaxınlaşmaq və saçının hər telindən, hər məsaməsinə çatana qədər vücudunun və hərəkətlərinin bütün təfərrüatını görmək istəyirdim.
Bu yaşıma qədər evlənməyi daima tərəddüdlə qarşıladığım halda, günün birində mütləq evlənəcəyimi mənə xəbər verən güclü bir hiss daşıdığım üçün, zövcə olacaq məchul insan ətrafında illərdən bəri cürbəcür xəyallar qurmuş və ehtimallar yürütmüşdüm. “Bu qadın kimdi? – deyirdim, – Əlbəttə, indi o da mənim kimi yer üzündədir, hətta daha çox ehtimalla deyərdim ki, Türkiyədədir və daha çox ehtimalla təkrar edərdim ki, İstanbuldadır. O da mənimlə bəxtini və həyatını birləşdirəcəyini bilmədən, öz-özünə gələcək həyat yoldaşının kim ola biləcəyini soruşur. Necə təsadüf, necə hadisə və ya məcburiyyət, hansı yollarda, harda və nə vaxt bu iki insanı qarşılaşdıracaq və bir-birinə yaxınlaşdıracaq? Qazzalinin məchul sevgilisi üçün öz-özünə sual etdiyi kimi, “Niyə indi o? Sarışınmı, qaraşınmı və görəsən, gecənin sehirli şeiri içində, indi nə düşünür?”
Raif, Mualla xanımla mənim aramda söhbətə şərait yaratmaq üçün, onun son kitabımı oxumaqda olduğunu xəbər verdi. Ən böyük məsələm budur. Kitablarımla qadın oxucularım arasında, maraqlı gələn ən kiçik təfərrüatı mənə əbədiyyən məchul qalacaq gizli münasibəti anlamaq ehtirasıyla dəli olan əldə etmək hissim, bir gün zövcəm olmaq ehtimalı olan insan qarşısında özündən çıxa bilərdi. Xeyli şeylər yazırıq və bunları çox insan oxuyur. Mən hər kitabımın hər səhifəsini, hər sətirini və hər kəlməsini oxuyarkən minlərcə qadın oxucumun ayrı-ayrı yanında olmaq istəyirəm; hətta yanında yox, ruhunun içində. Və yazımın hər hissəsinin, hətta hər kəlməsinin o ruhda oyandırdığı xəyalları, assosiasiaları, təsirləri, həyəcanları bir-bir görmək və bir kitabla oxucu arasındakı saysız təsir və əks təsirlərin ən bölünməz, kiçik və incə parçalarına nüfuz etmək ehtiyacıyla yanardım. Bu qədər gözəl bir hərarəti söndürmək üçün kitablarım haqqında bir tənqidçinin və ya bir neçə adamın dedikəri qısa və daima səthi qalmağa olan məhkum sözlərin nə hökmü var? Ona görə çoxdandır bu mövzuda susqunluqlarını danışmaqlarına dəyişərəm. Amma bəzən fikirlərini soruşmaq zəifliyindən da xilas ola bilmirəm. Ən hərarətli mədhlərin belə həqiqətinə qarşı duyduğum şübhənin əzabına bu incə maraq da qarışır. Belə olduğu halda, bir neçə əsərimi oxuduğunu deyən Mualla xanıma o vaxta qədər məni çox utandıran bir sualı soruşmaqda əngəl görmədim:
– Bəyəndiniz?
Gülərək:
– Xeyr! – dedi.
Nədənsə bu cavabın tamamilə əksini qəbul etdim, çünki bir gənc qızın nəzakətindən dolayı bu qorxunc tənqidi gözləməmək lazımdı, hərçənd, mənim belə düşünəcəyimi bilərək həqiqəti iki zidd ehtimal içində gizlətmək istəməyi də mümkün idi. Bir gecə əvvəl səhərə qədər yatmadığıma görə belə bir şübhəni qaldıra bilməyəcək qədər yorğun olan anlamaq marağım keçib getdi və yeni işarələrin zühuruna qədər məsələnin həllini başqa bir vaxta buraxdı. Fəqət Mualla xanım dedi ki:
– Son kitabınızı oxuyuram. Həyatını yazdığınız adam sizsiz? Hoteldə o böhranı siz keçirmisiniz?
– Bəli.
Gülümsədi və məni yeni şübhələrə aparan bir duyğusunu gizlətmək istəyirmiş kimi gözlərini qarşısına dikdi.
– Məmnun oldum, – dedi, – həyatınızı iyirmi səhifə oxuduğum halda ölümdən xilas olub-olmadığınızı başa düşmədim.
Təbəssümünü geri qaytardım və mövzunun fantaziya tərəfinə nəzərən dedim:
– Nə yaxşı. Sizi tanıdıqdan sonra həmişə qaranlıqda qalan və mənim üçün məchul minlərcə qadın arasından bir nəfərin üzü aydınlandı. Mən yazı yazarkən, hara və kimə göndərəcəyimi bilmədiyim, naməlum ünvana bir məktub yazırmış kimi oluram. Kim oxuyur, kim oxuyacaq bunu? Və içindən nə cavab verəcək? Hər nə olur-olsun, mən bu cavabı əsla öyrənə bilməyəcəyəm. Qadınlardan bəziləri məktubla bu qaranlıqları parçalamağa çalışırlar. Bəs bu qədərinin nə əhəmiyyəti var? Bəziləri həyatlarının bir roman halına gətirilməsini istəyərlər, onlara fövqəladə görünən sərgüzəştlərinin çox bəşəri olmasına görə adi olduğunu hiss etməzlər.
Bir məclisdə hər yazıçıdan peşəsinə aid bəzi hekayələr danışmağı gözlədikləri üçün, ətrafda oyanan ümumi arzuya tabe olaraq başıma gələn bir hekayəni nəql etdim:
– Bir gün, – dedim, – qadın imzası olan bir məktub aldım. Böyük bir eşq böhranı keçirdiyini yazan bu xanım mənim ruhi məsələlərdə bir mütəxəssis olduğumu fərz etmişdi. Gizli ünvan verir, ora bir məktub yazaraq görüş təyin etməyimi istəyirdi. Macərasını danışacaqdı. Maraqlı gəldi. Beşiktaşda yaşayan bu qadını Karaköydə və tramvayların dayandığı yerdəki bir şirniyyat evinə dəvət etdim. Vaxtında gəlmədi. Dərhal şirniyyat evindən çıxdım və dayanmaq üzrə olan tramvayın qarşısına nəzər yetirdim. Vatmanın yanında sarışın bir qız diqqətlə şirniyyat evinin vitrininə baxırdı. Düşən kimi yanına getdim və özümü təqdim etdim. Gəzişdik. Onu başqa bir şirniyyat evinə apardım və üçüncü mərtəbədəki salonda qarşı-qarşıya oturduq. Olsa-olsa on səkkiz yaşı olardı və onu baxışlarımın mütləqiyyətindən mümkün qədər xilas etməyə çalışdığım halda qızarmaqdan özünü saxlaya bilmirdi.
Sinəsinin böyük hərəkətlərlə qalxıb-düşdüyünü və rahat nəfəs almadığını görürdüm. Bu həyəcanına son vermək üçün dərhal mövzuya keçdim:
– Sizi dinləyirəm, – dedim, – Sıxılmayın, danışın.
Dərin bir nəfəslə sinəsi şişdi, çiyinləri yuxarı qalxdı, boynunun damarları qabardı və üzü yaxşıca qızardı. Gözlərimi qarşıma endirəndə təxmin etdiyim şey olmuşdu: hıçqıraraq ağlayırdı.
Əl yaylığını axtardı, tapa bilmədi. Ona öz cib dəsmalımı verdim və gözlərini sildi. Masamıza yaxınlaşan ofisiant qız mənə “yazığı niyə ağladırsan?” deyən və məzəmmətlər fışqıran gözlə baxırdı. O, uzaqlaşandan sonra mən qıza tərəf əyildim və xahişlə əmri birləşdirən (məncə, təlqin üçün ən uyğun üsul budur) bir səslə:
– Yaxşı, – dedim, – rahatlanın.
Və tərddüdlərini parçalamaq üçün təlqinimi tamamlayan sabit baxışlarla bir neçə dəfə təkrar etdim:
– Yaxşı, sakitləşin, danışın, yaxşı, danışın!
Və danışdı.
Bostancıdamı, ya hardasa, bir gün qatar yolu üstündə dostlarından biriylə yorğun və dalğın halda gəzirmiş. Birdən-birə olduqca güclü iki qol onu arxasından və belindən tutub, havaya qaldırıb və yolun üstündən kənara çəkib. Arxasına çevrilib baxanda, əvvəlcə bütün sürəti və əzəmətiylə yaxınlaşan qatarı, sonra da onu əzilməkdən xilas edən yad adamı görüb; rəsmi paltarda hərbi həkimlik tələbələrindən bir gənc imiş.
Birinci fəsil bu qədər.
Aylar keçib. Refet Paşanın İstanbula gəldiyi gün. Qız xalasıyla birgə Karaköydə və əzici izdiham arasında dayanıbmış. Aylar əvvəl onu bir qatarın altında parçalanmaqdan xilas edən gənc əlində kiçik fotoapartla yanına yaxınlaşıb, deyib:
– Tərpənməyin, şəklinizi çəkəcəyəm!
Gənc uzaqlaşıb, amma o izdiham içində qızın xalası da itib. Şəkildən daha çox xalasına əhəmiyyət verən qız xalq arasında onu axtararkən təkrar gənclə qarşılaşıb və birlikdə axtarmağa başlayıblar.
Xala yoxa çıxıb. Artıq onu tapmaq mümkünsüzləşib. Şəkil də çəkə bilməyiblər. Olduqca da yorulublar. Gənc oralarda bir diş həkimi dostunun müayinəxasından izdihamı daha rahat seyr etmək mümkün olduğunu deyib və qızı ora aparıb. Və nəhayət, müayinəxana eyni məqsədlə gələn izdiham dağıldıqdan sonra, həkim də, gənc də qızı orda tək qoyublar.
Vaxt axşam olub, hava qaralıb. Gənc işıqları yandırmaq və bəzi arzularına qızı təhrik etmək xüsusunda qaranlığa bir şüşə kanyak da əlavə edib. Nəticə, əksərən olduğu kimidir: sevgi etirafı, evlilik vədləri, altı ay kinoteatrlarda və Ada şamları altında sevişmələr. Nəhayət, gəncin ortadan yoxa çıxmağıyla bitib.
Aradan yeddi ay keçdiyi halda, bu xanım qız yalançı sevgilisini unutmamışdı. Hər gecə ağlayırmış. (Bunu deyərkən də gözləri yaşarırdı.) On bir kilo arıqlayıb. (Nə xoş təsadüf, çünki vücudu ideal görünürdü.) Özünə bir dağınıqlıq və unutqanlıq gəlibmiş. (Məlumdu, çünki əl yaylığı görtürməyi belə unutmuşdu.) Bir sözlə, bu yazıq qız mənə sual verdi ki, onu düşünməkdən xilas olsun, artıq onu heç xatırlamasın, onu sevməsin deyə nə etməlidir?
Əvvəla, ona başa salmağa çalışdım ki, bu cür xəstəliklərin müəyyən bir müalicəsi yoxdur. Əgər qızdırmanı tez-tələsik keçirən bir dərman ki bir əlacı olsaydı, iş mənə qədər gəlib çıxmazdı, çünki bu məlum dərmanı ona başqaları tövsiyə edərdilər. Bundan başa düşməlidir ki, vəziyyəti olduqca ağırdır və aradan qaldırmaq xeyli vaxta alacaq. Ona güclü səy lazım olduğunu dedim.
Gənc qız içində gizlətdiyi cümləni sözlərə çevirmək üçün yaşlı gözlərini açaraq:
– Hazıram! – deyə qışqırdı.
Bəs ona nə tövsiyyə edə bilərdim? Mən avropanın puritan rahibləriylə rəqabət edən cadügərlərdən deyildim. Freyd kimi, kilsələrdəki tövbə otaqları yerinə klinikanı iqamətgah edən bir həkimin üsullarını istifadə edə bilməzdim, amma xəstənin iradəsinə istinad edən bir təlqindən fayda gələ biləcəyini ümid edərək, ona belə bir tövsiyyə etdim:
– Onu unutmaq istəyirsiniz? Bu dəqiqədən etibarən şüurunuzu, başa düşürsünüzmü, şüurunuzu bir kinoteatr pərdəsi fərz edin və elə hesab edin ki, cihazın dəstəyini çevirən və pərdədə film göstərən əl sizin iradənizdir. Başa düşürsünüz?
– Başa düşürəm, mən on birinci sinifə qədər təhsil almışam.
– Baxın, pərdədə, yəni şüurunuzda ona aid xatirələrin şəkilləri görünməyə başlayan kimi dərhal əliniz, yəni iradəniz əvvəlcə cihazı dayandırsın. Sonra o film yerinə başqasını taxsın. Yəni, başqa şeylər düşünməyə çalışın. Bu, olduqca çətindir, amma çalışsanız, nail olacaqsınız. Gözlərinizi heç pərdədən ayırmayın, baxın, sevgilinizin xəyalı orda yavaş-yavaş üzə çıxmağa başlayan kimi, məsələn, əvvəlcə başı, üzü, çiyinləri, hərbi paltarının yaxası və paqonları görünəndə, dərhal cihazı dayandırın, olmasa yerinizi dəyişin: böyük hərəkətlər edin, məsələn, gedib pəncərəni açın, yaxud da bağlayın, ağır bir şey qaldırın. Və bir həftə bu təcrübəni yoxladıqdan sonra yenə görüşərik.
Bir həftə sonra, qızla eyni şirniyyat evində görüşən kimi mənə:
– Təlqininiz heç bir fayda vermədi, – dedi.
Bu nəticəni təxmin etdiyim halda:
– Ola bilməz! – deyə qışqırdım.
– Əmin olun, – dedi, – bütün dediklərinizi etdim, faydası olmadı. Pərdənin üstündə daima ona aid xatirələr…
– Dayanın, – dedim, – daxili diqqətinizi şüurunuza yaxşıca hopdura bilmək üçün bəzi şərtlər var. Əvvəlcə həftəniz yaxşı keçməlidir. Əgər ürəyinizi sıxan başqa şeylər olubsa…
– Bəli, – dedi, – xalam xəstə idi: ona baxmağa məcburdum, baş tərəfində oturarkən ürəyim sıxılır və başqasını düşünməkdən özümü saxlaya bilmirdim.
– Gördünüzmü? Əlbəttə, bir səbəb olmalıdır. Yoxsa mən reseptimin düzgünlüyündən əminəm.
Ancaq on gün sonra özündən aldığım bir məktubda sevgilisinin xəyalı ilə mübarizəsinə nail olduğunu və belə getsə, tamamilə qələbəyə ümid etdiyini xəbər verir, mənə təşəkkür edirdi. Bu qədərini kifayət etdiyini düşündüm və onu bir də görmədim. İki il sonra göndərdiyi bir məktub mənə sevgilisini tamamilə unutduğunu və başqa biriylə evləndiyini bildirdi. “Bəlkə, sizə bir roman mövzusu verərək zəhmətinizi ödəmiş ola bilərəm!” – deyirdi. Bir məktubla səadətini təbrik etməkdən başqa bir şey etmədim.
Tacir dostumun cır səsli bir gülüşüylə mənə işarə etmək istədiyi nöqtəyə cavab vermək üçün ona çevrildim:
– Bəli, – dedim, – gözəl qızıydı; ona ilk məşuqunu unutdurmaq üçün daha təcrübəli bir tərzdə hərəkət edə bilərdim. Bəlkə, o da məndən nəsihət deyil, belə bir vəkalət gözləyirdi. Bilmirəm, amma belə kiçik fürsətlərdə məni təmin edə biləcək heç bir şey tapa bilmirəm.
– Pisdi ki? İstədiyi romanın əsl qəhrəmanı siz olardınız.
– Günün birində qadın oxucularımdan biriylə aramda qəribə bir ruhi ticarət başlasa bunu roman mövzusu edib-etməyəcəyimi bilmirəm, fəqət, müəlliflə oxucu arasındakı məchul və qaranlıq münasibəti aydınlaşdıran belə bir kitab yazmağı əvvəllər çox düşünmüşdüm.
Məclisdə Raiflə məndən başqa heç kim belə bir roman hadisəsinin yarım saatdan bəri artıq başladığını bilmirdilər. Mualla xanım da xəbəri olmadan çəkilən filmdə ən mühüm rolu oynadığının fərqində deyildi. Amma yeni tanıdığı bir kişi qarşısında hər ehtimala qarşı oyanan xüsusi bir diqqətlə məni dinlədiyini bilirdim.
Hələ də onu yaxşıca görməmişdim. Məclisdə hərarətin artdığı anda ehtiyatlı səssizlik və hərəkətsizliklə dayanan Mualla xanıma qarşı iki-üç addım irəlləmişdim. Yaxınlaşdıqca böyüyən şəklinin müxtəlif formaları mənə ayrı-ayrı hislər və təəssüratlar verirdi; əvvəlcə dik, incə qaşları altında getdikcə iriləşən gözləri heyrət içində yayılan sadə ruhun saf suyu ilə parıldayırdı. Amma bir az da yaxınlaşanda bu heyrəti özünə pərdə edən zarafatcıl və lazımsız bir diqqətin gizli olmağından şübhə etməyə başladım; daha yaxından baxanda, alnının geniş və ağıllı təşəkkülünü heç təkzib etməyən incə dodaqların ətrafındakı xəfif bir rişxəndli kölgə, bəlkə də, ağır mülahizələrin faydasızlığına qapılaraq nəzərə çarpır və itirdi. Daha çox yaxınlaşdıqca həm gizli, həm də aşkar – müxtəlif təzadlarla dolu başın bir-birini tamamlayan və pozan parçaları arasındakı nisbətləri görə bilmirdim. Geri çəkilib ona yenə uzaqdan baxdım: həmişə irəli doğru meyl edən boynundakı dincliklə, incə dərisi və cızıqları bariz bilinən, üzdən təcavüzkar bir uzanışla ayrılan burnundakı inadkarlıq arasındakı təzad alına doğru yüksəldikcə incə təfəkkürün leyhinə itirdi. Quzunu, dovşanı, tülkünü və dişi bir aslanı xatırladan bu başın gizli iddialarına, sanki yavaş-yavaş nüfuz edirdim.
Nəhayət, yanında oturdum və onunla məclisdəki ümumi söhbətə aid olmayan mövzulardan danışmağa başladıq. Zəif və titrək vücudunun ümumi xarakteriylə incə səsi arasındakı təbii ahəng məcazının sərt və vəhşi tərəflərini o qədər örtürdü ki, artıq yavaş-yavaş itməyə başlayan klassik və ruhani gənc qız tipinin ölümdən sonra yenidən dirilmiş xəyalını canlandırırdı. Bir anlıq onun mənə verdiyi bu təsiri xəyalımda yaxşıca götür-qoy edərək həqiqətlə əlaqələrindən, maddi və canlandırılmış bər-bəzəkdən təcrid etməyə başlamışdım. Bu xəyal müasir qadınlara xas kişi sərtliyindən getdikcə sıyrılır və keçmişə doğru sürətlə qaçaraq on səkkizinci əsr Avropasının gənc qız tiplərindən birinə çevrilirdi. Təxəyyülüm tərəfindən aldadılmaq ehtimalının fərqindəliyini əsla itirmədən, bu qızın şəxsiyyətilə bir limon boyda böyümüş çiçəyin həssaslıq arasındakı oxşarlıqlarını axtaracaq qədər köhnə şeirlərin məzmunlarına yaxınlaşdım.
Və onu köhnə bir şərq şairinin təsəvvüründə canlandırdığı məna ilə düşünmək məni bugünkü şəxsiyyətimdən ayıraraq bəzən həsrətini çəkdiyim köhnə dünyalarda yaşatması xoşuma gəlirdi. O gündən sonra Mualla xanımın məndə buraxdığı təsiri ağ gül, saf və ləkəsiz zanbaq xəyalı ilə qarışdırır və gənc qızlara qarşı xalq ədəbiyyatının ən ibtidai hislərini də özümdə oyandırmağa çalışırdım.
O günlərdə bütün ənənəvi şərtləri ehtiva edən bir ailə yaratmaq məndə hakim arzuya çevrilmişdi. “Müasir ailə” formasına nifrət edirdim. Əvvəlcə bu xüsusda məndən fikrimi soruşanda buna bənzər cavablar vermişdim: “Yalnız ailənin müasiri ola bilməz. Minillik keçmişi olan bu evlilik məsələsi radio və ya çarliston kimi bir kəşf deyil ki… Müasir rəqs salonu, müasir qadın, bərbər, bar başa düşülən şeylərdir: bəs müasir ailə? Yox! Müasir namaz, müasir qiblə və müasir imam olmayacağı kimi.” Daha doğrusu, bir musiqili kafe və ya bar təqlidi halına gələn rəqsli məclislərlə bugünkü ailə və qırx dəfə böyüdülmüş daxmadan fərqi olmayan evlilik həyatıyla gülünc tərəflərini ataraq, nənənin xoşuna gələn tərəflərinə istinad edən bir ailə həyatı xəyalı içində yaşamağa başladım.
Mualla xanım haqqında mənim müşahidələrimlə başqalarının sonradan verdiyi məlumatı bir-birinə qarışdıraraq, onda ənənəvi və müasir məziyyətlərin toplanmış olduğunu fərz etdim. O vaxtlar əxlaq və ailə haqqındakı fikirlərimi ən bəsit və ən adi bir fəlsəfəyə icra edərək düşünməklə özümü rahat hiss edirəm.
Köhnə ailələrin böyük qüsurları var – qapalı olmaq, köhnə ailələrin böyük məziyyətləri var – yenə qapalı olmaq. Bu qapalılıq onların zehinlərini sərhədləməklə qüsura, amma səciyyələrini mühafizə etdirməklə məziyyətə çevrilir. Yeni ailələrin də böyük məziyyətləri var – açıq olmaq, böyük qüsurları da var – yenə açıq olmaq. Bu açıqlıq onların zehinlərini açmaqla məziyyətə, amma səciyyələrini pozmaqla qüsura çevrilir. Onda bu gün üçün mükəmməl bir zövcənin xüsusiyyətlərini təyin etmək yüngülləşir: əvvəlki ailələrin qapalı əxlaqi tərbiyəsiylə yeni ailələrin açıq fikiri tərbiyəsini ehtiva edən bir gənc qız. Mənim təsəvvür etdiyim Mualla xanım beləydi. Bu kobud və səthi təsəvvürümün xəyal olduğunu bildiyim halda “mümkünsüz”ləri yaratmaqdan zövq alan təsəvvürümün fəaliyyətlərinə tamamilə müstəqillik verdim. Zövcəmi özüm yaratmaq istəyirdim və onun ayaqları yer üzünə basmayan xəyali bir məxluq olduğunu başa düşəcəyim günə qədər, öz-özümə ixtira etdiyim bu gəlinciklə oynamaq istəmişdim.
Ücretsiz ön izlemeyi tamamladınız.