Kitabı oku: «Makedoniyalı İsgəndər», sayfa 2
III FƏSİL
Filippion niyə ucaldılmışdı?
Beləliklə, İsgəndərin məktəb həyatı başa çatdı. İndi gənc şahzadəni qarşıda olduqca çətin və məsuliyyətli günlər gözləyirdi.
Filip Bizansa hərbi yürüşə çıxmağa macal tapmamış, Trakiya və Peoniyanın sərhədlərində yaşayan tayfalar arasında üsyan baş qaldırdı. İsgəndər kiçik bir qoşunla şimala yollanıb, üsyançıları darmadağın etdi, onların şəhərini tutdu və oranı Makedoniyanın hərbi forpostu11 elan etdi. O, yeni məntəqəni Aleksandrupolis adlandırdı. Bu, Filip üçün həyəcan siqnalı idi: aydın görünürdü ki, İsgəndərin hakimiyyət iddiası artıq qəyyumluğun hüdudları ilə məhdudlaşmır. Deməli, gec-tez ata ilə oğul arasında taxt-tac uğrunda ziddiyyətlər yarana bilərdi. Hələliksə onlar dost və silahdaş idilər. Filip tez-tez gənc qəyyumla məktublaşırdı. Plutarxın sözlərinə görə, «o, İsgəndərə nüfuzlu adamların arasında yaxşılığına, pisliyinə baxmadan dost qazanmağı, sonralar yaxşıların xidmətindən yararlanmağı, pislərdən isə hiyləgərcəsinə istifadə etməyi məsləhət görürdü».
Bir müddət sonra İsgəndərin nüfuzlu makedoniyalıları pulla öz tərəfinə çəkmək istəməsi xəbəri atasını əsəbiləşdirməyə başladı. Filip oğlundan soruşurdu: «Hardan ağlına gəldi ki, pulla ələ aldığın adam sənin dostun ola bilər?»
Miladdan öncə 339-cu ildə Filip daha çətin vəziyyətlə qarşı-qarşıya qaldı: yunan şəhərlərinə qarşı bir neçə il «parçala və hökm et» siyasətini uğurla həyata keçirsə də, indi həmin şəhərlərin hakimləri ona qarşı birləşmək ərəfəsində idilər. Halbuki Filip İranla müharibə eləmək istəyirdi; bu savaşda Afina, Fiv və Sparta könüllü və ya məcburi şəkildə onun tərəfində olmalıydı. Ancaq yunanlar Artakserkslə birləşmişdilər və əgər Filip tez hərəkət etməsəydi, qarşı tərəf onu qabaqlayıb Makedoniya torpaqlarına soxula bilərdi.
Filip düşmənlərinin gözlədiyindən də cəld davrandı: Makedoniya ordusu tezliklə Mərkəzi Elladaya çatdı. Ancaq ordunun buradan hara üz tutacağını heç kim əvvəlcədən deyə bilməzdi. Filip diplomatik bacarığını işə salıb, ellinlilərin sayıqlığını itirməsinə çalışır, həqiqi məqsədini onlardan gizlədir, Afina və Fiv kimi iki qüdrətli şəhərin birləşməsinə imkan verməmək üçün elçilərini ora göndərirdi. Filip, xüsusilə Afina ilə hər şeyi sülh yolu ilə həll edəcəyinə ümidini hələ də itirməmişdi. Bu şəhərlə ittifaq həm şərəfli, həm də ciddi əhəmiyyətə malik idi. Bu ittifaq Filipə hələ mövqeyini müəyyənləşdirməmiş bəzi dövlətləri öz tərəfinə çəkməyə imkan verərdi. Əgər buna nail olmasa, Afina qoşunu ilə döyüşə girmək, bütün dünyanın gözü qarşısında onları məğlub etmək lazım gələcəkdi.
Bir sentyabr axşamı Afinadakı xalq yığıncağının təlaşa düşmüş üzvləri eşitdilər ki, Filip əvvəlcədən planlaşdırdığı kimi Amfissanı mühasirəyə almaq əvəzinə, Fivlə Attikanı birləşdirən yolda əsas məntəqə olan Elateyanı tutub.
Məhz belə bir məqamda Filipin qorxduğu baş verdi və Demosfen afinalıların gözündə qəhrəmana çevrildi: məşhur natiq öz nüfuzundan istifadə edib Afina ilə Fiv arasında ittifaqa nail oldu. Yeni müttəfiqlər Mərkəzi Yunanıstana gələn yolların müdafiəsini möhkəmləndirməyə başladılar. Afinalılar dənizdə Filipdən güclü idilər. Demosfen isə makedoniyalıların hücumunun qarşısını qurudan almağı təklif etdi. Bu da Filipi tamamilə qane edirdi. İndi yunanları hansı yollasa öz müdafiə mövqelərindən aldadıb çıxarmaq və döyüşə çəkmək qalırdı. Sonra atlı qoşun və falanqalar12 öz işlərini görəcəkdilər. Filip qərbdəki yunan muzdlularına yalan məlumat göndərdi ki, guya Trakiyada üsyan qaldırıldığına görə qoşununu geri çəkir. Bundan sonra yunanlar sayıqlıqlarını itirdilər, Filip isə gecə qəfil hücum edib onları məğlubiyyətə uğratdı. Yunan ordusunun qalıqları dağ keçidlərindən geri çəkilib, müdafiə xəttini Xeroneyada qurdular. Qüvvələr nisbəti, demək olar, bərabər idi. Bu şəraitdə Filip danışıqlara girmək üçün daha bir cəhd etdi, ancaq Demosfen bu barədə eşitmək belə istəmirdi. M.ö. 338-ci ildə iki ordu qədim tarixin ən böyük döyüşlərindən birində üz-üzə gəldi. Filip yeganə ciddi düşməninin fivlilər olduğunu bilirdi. Onlar əvvəllər faktiki olaraq müttəfiq olmuşdular. Fivlilərin qoşunu makedoniyalılardan heç də pis təlim keçməmiş təcrübəli döyüşçülərdən təşkil edilmişdi.
Filip döyüş zamanı sağ cinaha rəhbərliyi öz üzərinə götürdü. Mərkəzə falanqanı yerləşdirdi, sol cinahdakı atlı qoşuna rəhbərliyi isə İsgəndərə tapşırdı. Bu, on səkkiz yaşlı bir gənc üçün çox böyük məsuliyyət idi.
Filipin güman etdiyi kimi də oldu: afinalılar əvvəlcə çox həvəslə hücuma keçdilər. Makedoniya qoşunlarının geri çəkildiyini görəndə, Afina sərkərdəsi Stratokl cuşa gəlib qışqırmağa başladı: «İrəli! Onları Makedoniyaya qədər qovaq!»
Ancaq Filipin «geri çəkilməyi» heç də qorxudan deyildi, bunun arxasında hiyləgərcəsinə düşünülmüş plan dayanırdı. Belə ki, afinalılar qışqıraraq irəli atıldılar, bu isə Filipin ürəyincə idi. Elə ki makedoniyalılar Qemus («qanlı» deməkdir) çayının sahilinəcən nizami şəkildə geri çəkildilər, onları təqib edən yunan və Fiv alayı bir-birindən uzaq düşməyə başladı. Gənc şahzadə İsgəndər işi belə görüb, atlı qoşunla Fiv ordusunun lap mərkəzinə soxuldu, həmin vaxt başqa süvari hissə isə cinahlardan hücuma keçdi. Beləliklə, fivlilər mühasirəyə düşdülər, Filip isə «geri çəkilmə»ni dayandırıb, çayın hündür sahilindən əks-hücuma keçdi. Atlı qoşunun başladığı işi falanqa sona çatdırdı. Qızğın döyüşdən sonra fivlilərin «müqəddəs dəstə» adlandırdığı üç yüz nəfərlik qoşundan başqa, yunanların qalan müttəfiqləri qaçmağa başladılar. Üç yüz spartalı kimi, bu üç yüz fivli də döyüş meydanında vuruşaraq həlak oldu (yalnız 46 döyüşçü əsir götürülmüşdü). Onların dəfn edildiyi yer çox sonradan, qazıntılar zamanı aşkar edildi. Həmin yerdə keşikçi kimi hələ də Xeroneya şirinin heykəli dayanır.
Döyüş qələbə ilə bitəndən sonra Filip tanrılara qurban kəsdi, igidliyə görə sərkərdələrinin və əsgərlərinin çoxunu mükafatlandırdı. İndi Elladanın gələcəyi onun əlində idi, ancaq Filip bilirdi ki, qələbədən sonra da Afina ona müxtəlif problemlər yarada bilər. Doğrudan da, bir gün sonra Xeroneyaya xəbər çatdı ki, afinalılar qulları və sadə camaatı silahlandırıb, öz şəhərlərini sona qədər müdafiə etməyə hazırlaşırlar. Bu xəbər Filipi narahat elədi. Məsələ burasındadır ki, quru qoşunları ilə müqayisədə Afina donanması öz döyüş qabiliyyətini tamamilə qoruyub saxlamışdı. Bu səbəbdən də Xeroneyadakı qələbəyə baxmayaraq, Filip ehtiyatlı davranmaqda haqlı idi. Onun Afinaya təklif etdiyi sülh şərtləri qarşı tərəf üçün çox əlverişli idi: həlak olan döyüşçülərin cəsədləri dəfn olunmaq üçün Afinaya qaytarılır, 2000 əsir pul alınmadan buraxılırdı. Bundan başqa, Filip Attikanın dəniz və quru sərhədlərinin toxunulmazlığına zəmanət verirdi. Afina Egey dənizindəki bəzi adalar üzərində nəzarəti də əlində saxlayacaqdı. Bunun əvəzində isə onlar Makedoniyanın müttəfiqi olacaqlarına dair öhdəlik götürməliydilər.
Afina rəhbərləri Filipin şərtlərini qeyd-şərtsiz qəbul etdilər. Başqa yolları da yox idi: indi onlar yalnız Makedoniya hökmdarının mərhəmətinə bel bağlaya bilərdilər. Hər halda, afinalılar fivlilərlə müqayisədə daha yaxşı şərtlər əsasında sülh anlaşması imzaladıqlarına görə təsəlli tapa bilərdilər…
Mərkəzi Yunanıstanda möhkəmlənmək üçün Filip Fiv şəhər-dövlətini tamamilə məhv etməli idi. Bu məqsədlə Fivdə oyuncaq hökumət quruldu və orada Makedoniya qarnizonu yerləşdirildi. Afinalılardan fərqli olaraq, fivli əsirlər pul müqabilində azadlığa buraxıldı. Filip lazım gələndə alicənab olmağı bacarırdı, elə bu səbəbdən də «müqəddəs dəstə»yə abidə qoyulmasına etiraz etmədi. Özü döyüşçü olduğundan, igid düşmən əsgərlərinə hörmətlə yanaşırdı.
Beləliklə, yunan dövlətlərində əvvəlki müstəqilliyin yalnız kölgəsi qalmışdı. Filip öz böyük qələbəsini əbədiləşdirmək üçün Olimpdə Filippion adlandırılan dairəvi bina ucaltdı. Orada Filipin, atası Amintanın, anası Evridikanın və oğlu İsgəndərin heykəltəraş Leokarın qızıl və fil sümüyündən düzəltdiyi heykəlləri var. Bunda məqsədi nə idi? Filip sülalə hakimiyyəti yaratmaq istəyirdi, bu yöndə ilk addım da məhz Filippion sayıla bilər. Çünki Filippion tikiləndən sonra məlum oldu ki, Filipin hakimiyyətin ötürülməsi planı təxminən iyirmi ildir dəyişməz qalıb: onun əsas varisi İsgəndərdir! Heykəllərdən birinin gənc şahzadəyə qoyulmasının başqa izahı ola bilməzdi…
Xeroneya yaxınlığındakı döyüşdən sonra
Təxminən həmin vaxtlarda İran hökmdarı III Artakserks özünün baş vəziri Baqoas tərəfindən öldürüldü. İranda qarışıqlıq yaranmışdı, paytaxtda qanlı intriqalar baş alıb gedirdi. Rəqiblərin bir-birini öldürərək sıradan çıxarmağa çalışdığı bir vaxtda, Baqoas hökmdarın kiçik oğlunu taxta çıxardı.
Bu hadisələr Filipin diqqətindən yayınmadı. O, Yunanıstanı özünə tabe etdikdən və İranda hakimiyyət zəiflədikdən sonra indi ancaq Asiyaya soxulmaq barədə düşünürdü. Bu o demək idi ki, İran hökmdarı I Daranın oğlu Kserksin 150 il əvvəl Yunanıstana hücumunun əvəzini çıxmaq üçün münbit zəmin yetişib. Filip öncə yunan şəhər-dövlətlərinin belə bir müharibədə iştirak etməyə nə qədər həvəsli olduğunu öyrənmək qərarına gəldi. O, xüsusilə Afinanın tutacağı mövqedən narahat idi.
Filip Afina ilə sülh əldə edildikdən sonra oraya elçilərini yolladı. Elçilər guya afinalı döyüşçülərin nəşini müşayiət eləyirdilər. Əslində isə məqsəd Afinanın aparıcı siyasi xadimlərilə görüşüb Filipin planları barədə müzakirə aparmaq idi. Elçilər arasında İsgəndər də vardı. Onlar Makedoniyanın rəhbərliyi altında İrana hücumla yanaşı, yunan şəhərləri arasında sülhün bərqərar olması və Ellin ittifaqının yaradılması kimi məsələləri də müzakirə etməliydilər.
Nəticədə Filip özünün sevimli «parçala və hökm et» prinsipinə sadiq qalaraq hər yunan şəhər-dövləti ilə ayrıca müqavilə bağladı. Yalnız Sparta bundan inadla boyun qaçırdı. Filip sülh bağlamaq üçün Korinfdə qurultay çağırdı və ora bircə spartalılar gəlmədilər. Qurultayda qaldırılan əsas məsələlər bunlar idi: yunan dövlətləri öz aralarında sülh bağlayır və federasiya – Ellin ittifaqı yaradırdılar. Eyni zamanda, Ellin ittifaqı Makedoniya ilə xüsusi ittifaq müqaviləsi bağlamalıydı. İttifaq Filipin varislərinin hakimiyyəti dövründə də öz mövcudluğunu qorumalı idi. Filip Ellin ittifaqının rəhbəri – hökmdarı sayılırdı. Bu vəzifə özündə ittifaq dövlətlərinin təhlükəsizliyini təmin etmək üçün hərbi və mülki hakimiyyəti birləşdirirdi. Formal olaraq hesab edilirdi ki, Şuranın qəbul etdiyi qərarları hökmdar həyata keçirməlidir. Ellinlilər kiminləsə müharibə aparanda, Makedoniyadan kömək istəyə bilərdilər, eyni zamanda hərbi yardıma ehtiyacı olduğu təqdirdə Filip də ittifaqın hərbi gücündən yararlanmaq hüququna malik idi. O, hərbi əməliyyatlar zamanı nəinki hökmdar, həm də ittifaqın bütün silahlı qüvvələrinin ali baş komandanı olacaqdı. Filip öz təkhakimiyyətliliyini nə qədər pərdələməyə çalışsa da, indi bütün ellinin hətta xarici siyasətini belə müəyyənləşdirə bilirdi. Bunu ittifaqa daxil olan dövlətlərin rəhbərləri çox yaxşı başa düşürdülər. Lakin etiraz edəcək vəziyyətdə deyildilər: Xeroneya döyüşündəki məğlubiyyətdən sonra buna məcbur idilər, lakin sonralar elə ilk fürsətdəcə onlar Makedoniya boyunduruğundan qurtulmağa çalışacaqdılar…
Qurultay bitdikdən sonra Filip Pellaya qayıtdı. Bundan bir qədər sonra isə Makedoniyada hakim sülalə daxilində nifaq baş qaldırdı. İxtilaf günbəgün gücləndi və dünənəcən hökmdarın hədsiz sevdiyi, inandığı əsas varisinin – ilk oğlu İsgəndərin saraydan uzaqlaşmasınacan böyüdü…
Məsələ burasındadır ki, Filip zadəgan nəslindən olan Kleopatra ilə evlənmək qərarına gəlmişdi. Belə ki, o, gözlənilməz şəkildə arvadı Olimpiadanı xəyanətdə təqsirləndirib özündən uzaqlaşdırdı. Bununla da belə şayiələr yayılmağa başladı ki, Olimpiada İsgəndəri Filipdən dünyaya gətirməyib, ona görə də onun qanuni varisi ola bilməz!
Filipin Kleopatra ilə toyu, gözlənildiyi kimi, olduqca gərgin keçdi. İsgəndər süfrədə öz fəxri yerini tutduqdan sonra atasına dedi: «Anam təzədən ərə gedəndə, səni onun toyuna dəvət edəcəyəm”. Bu da azmış kimi, məclisin sonunda yeni gəlinin yaxınlarından biri olan Attal ayağa qalxıb arzuladı ki, Filiplə Kleopatranın izdivacından taxt-tacın qanuni varisi doğulsun. Şərab beyinləri dumanlandırmışdı. Bu səbəbdən də Attalın dedikləri İsgəndəri lap cin atına mindirdi, o, hirslə yerindən sıçrayıb qışqırdı: «Nədir, məni qeyri-qanuni oğul sayırsan?!» – və əlindəki badəni Attalın sifətinə çırpdı. Hamıdan çox içmiş Filip qılıncını çəkib Attalın yox, İsgəndərin üstünə atıldı. Ancaq kefliliyi və axsaqlığı ucbatından (Trakiya döyüşündə ayağından yaralanmışdı) stula ilişib yıxıldı. «Görürsünüz, möhtərəm qonaqlar, – İsgəndər nifrətlə dedi, – Avropadan Asiyaya yürüş etmək istəyən adam heç stuldan-stula adlaya bilmir».
Bütün bu baş verənlər onunla nəticələndi ki, ertəsi gün anayla oğul ölkəni tərk etdilər. Bundan sonra onlar bəzi tayfaları Filipə qarşı qaldırmaq üçün xeyli tər tökdülər.
O ki qaldı hökmdarın davranışlarına, düzünü demək lazımdırsa, həmin hərəkətlərin hər hansı birini normal məntiqlə izah etmək çox çətindir. Bəziləri belə fikirləşir ki, Kleopatraya olan məhəbbətdən başını itirən Filip nə etdiyinin fərqində deyildi. Ola bilər. Lakin bir həqiqət dəyişməz qalır: hansı səbəblə olursa-olsun, hökmdarın nə arvadı Olimpiadanı, nə də iyirmi il öz varisi kimi hazırladığı İsgəndəri təhqir etməyə heç bir tutarlı əsası yox idi.
Bir çoxlarının fikrincə, Filipi özündən bu qədər çıxaran İsgəndərlə Olimpiadanın ona qarşı qəsd hazırladığı barədə deyilənlər olub. Əgər doğrudan da belədirsə, yəqin ki, İran üzərinə hücumu yubatması da elə bununla bağlı imiş: görünür, Filipin oğluna etibarı tamamən sarsılmışdı və bu səbəbdən də hakimiyyəti ona tapşırıb hərbi yürüşə çıxmağa tərəddüd edirdi… Üstəlik, sadiqliyindən şübhələndiyi adama Makedoniyada qalacaq hərbi qüvvələrin rəhbərliyini necə etibar edə bilərdi? Düzdür, tarix elmi yuxarıdakı fərziyyənin həqiqiliyini hələ ki sübuta yetirə bilməyib, bununla belə, fakt faktlığında qalır: Filip Olimpiadanı və İsgəndəri Kleopatraya qurban vermişdi…
Belə fikirlər də var ki, Olimpiada lap əvvəldən İsgəndəri hökmdar gözündə görürmüş. Bu, ata ilə oğul arasında söz-söhbətin yaranmasına səbəb olur, Olimpiada isə həmin vaxt daim İsgəndərin tərəfini saxlayırdı. İsgəndərlə atası arasında rəqabət Xeroneyadakı döyüşdən sonra lap qızışıbmış. Hətta belə fikir yayılıbmış ki, bu qələbənin memarı Filip yox, İsgəndərdir. Bu deyilənlər hökmdarın qulağına çatmaya və onu daha da qıcıqlandırmaya bilməzdi.
Olimpiada bir gün hökmdar olacağını uşaqlıqdan İsgəndərin beyninə yeritmişdi. Ancaq hökmdar olmaq üçün gərək şücaət göstərib qələbələr qazanaydın. İsgəndərin qarşısını isə atası kəsirdi. Filipin qırx altı yaşı vardı, gücü hələ aşıb-daşırdı, üstəlik, oğlundan daha şöhrətpərəst, daha təcrübəli idi. İrana qarşı yürüşdə qələbə qazanacağı təqdirdə əbədi şöhrətə İsgəndər yox, məhz o çatacaqdı…
İsgəndər həqiqətən atasını hakimiyyətdən kənarlaşdırmaq istəyibsə, bunun üçün ciddi səbəbləri olub. Ancaq dediyimiz kimi, bütün bunlar sadəcə fərziyyələrdir və yəqin ki, əsl həqiqəti biz bundan sonra da öyrənə bilməyəcəyik. Ola bilsin, saraydakı bəzi nüfuzlu şəxslərin gənc, dikbaş şahzadədən və onun hökmlü anasından bezməsi də ailədaxili nifaqı alovlandırmışdı. Onlar aranı qızışdırıb Olimpiada ilə İsgəndərdən canlarını qurtarmaq istəyə bilərdilər.
Beləliklə, ana ilə oğul sürgün həyatı yaşamağa başladılar, Filip isə bu zaman İran üzərinə hücumla bağlı ciddi hazırlıq işləri görürdü. Bir müddət sonra hökmdarın yeni arvadı Kleopatranın hamilə olduğu xəbəri yayıldı.
Lakin hadisələr heç kimin gözləmədiyi halda, qəfildən tamamilə başqa istiqamətdə cərəyan etməyə başladı…
İttifaqın hökmranı
Miladdan öncə 338–337-ci ilin qışında Ellin ittifaqı quruldu: yunan dövlətlərinin təmsilçiləri bir araya gələrək «əbədi sülh»ə imza atdılar. Hər şey Filipin planına uyğun gedirdi.
İttifaqa daxil olan dövlətlərin nümayəndələrinin qatıldığı ilk iclasdaca Filip hökmran seçildi. Bununla həm də avtomatik şəkildə İttifaq Şurasının sədri olan Filipin ilk imzaladığı qərar heç kim üçün gözlənilməz deyildi: o, bir zamanlar Kserksin müqəddəs yunan məbədlərini dağıtdığını əsas gətirərək intiqam məqsədilə İrana müharibə elan etdi! İttifaq üzvlərindən bu qərara qarşı çıxan olmadı.
Həmçinin, fərman verildi ki, indən belə İran taxt-tacına xidmət edən hər bir yunan satqın sayılır.
Belə bir vaxtda xəbər yayıldı ki, Misirdə İran hökmdarına qarşı qiyam baş qaldırıb. Bu xəbər, şübhəsiz ki, Filipi sevindirdi. Bu sevincə bircə şey kölgə salırdı: Kleopatra dünyaya körpə gətirdi, di gəl, yeni doğulan uşaq oğlan deyildi. Filip bundan özü üçün dərhal nəticə çıxardı: Makedoniyanı hamı tərəfindən qəbul edilən varissiz qoymaq təhlükəli idi, üstəlik, onun hakimiyyətinə qarşı bir sıra təhdidlər meydana çıxmışdı, bunların başında isə saraydan uzaqlaşdırdığı arvadı idi. Belə ki, Olimpiadanın qardaşı Epirdəki sarayında Filipə qarşı müxtəlif qisas planları üzərində baş sındırırdı. Belə bir vaxtda Asiyaya yürüşə çıxmaq olmazdı. Bircə yol qalırdı: İsgəndəri qaytarıb onun varislik hüququnu bərpa etmək! Filip özünün məharətli diplomatik gedişləri ilə bu müşkül məsələni yoluna qoymağı bacardı. O, İsgəndəri inandırdı ki, özündən sonra hakimiyyətdə məhz onu görür, bu səbəbdən də keçmişdə baş verənləri unutmaq lazımdır. Lakin Filip arvadının saraya qayıtmasını istəmədi, çünki Olimpiadanın İsgəndəri yenidən öz təsiri altına alacağından, beynini qara-qura fikirlərlə dolduracağından narahat idi. Beləliklə, Olimpiada Epirdə qaldı, İsgəndər isə Makedoniyaya qayıtdı. Lakin Filiplə oğlu arasında əvvəlki qarşılıqlı inam, etimad heç vaxt bərpa olunmadı…
Yunan şəhərlərinin «azad olunması»
Nəhayət, M.ö. 336-cı ilin yayında Filipin təşkil etdiyi 10 min nəfərdən ibarət ordu Kiçik Asiyaya soxuldu. Onun başlıca məqsədi İranın nəzarətindəki yunan şəhərlərinin azad olunması idi. Orduya Parmenion rəhbərlik edirdi. İlk vaxtlar hərbi yürüş olduqca uğurlu şəkildə davam edirdi, belə ki, Xios və Eritreya şəhərləri onun tərəfinə keçdilər. Parmenion Efesə yaxınlaşanda isə şəhər sakinləri üsyana qalxdılar, İranın hakim təyin etdiyi müstəbidi yıxaraq makedoniyalıları salamladılar. Onlar həm də M.ö. V yüzillikdə inşa edilmiş, qədim dünyanın yeddi möcüzəsindən biri sayılan Artemida məbədində Filipin heykəlini də qoydular. Bunu öz təşəbbüsləri, ya Filipin istəyilə etdiklərini demək çətindir, hər halda, həmin addım Makedoniya hökmdarının ürəyincə olmalı idi: axı o, rəhbərə sitayişi və pərəstişi vacib sayırdı!
Hadisələrin bu cür gedişi Filipi gələcəyə dair xeyli ümidləndirmişdi, üstəlik, İranda növbəti saray çevrilişi baş vermiş və şahın öldürülməsilə nəticələnmişdi. Bu dəfə də çevrilişdə həlledici rolu baş vəzir Baqoas oynamışdı. Sonuncu qətldən sonra faktiki olaraq Əhəmənilər sülaləsindən birbaşa varis qalmadı. Bu isə o demək idi ki, İranı yenə daxili ixtilaflar, qarmaqarışıqlıq gözləyir. Lakin belə gözləntilər özünü doğrultmadı: Baqoas taxta sülalənin yan şaxələrindən birinin nümayəndəsi olan Kodomanı əyləşdirdi. III Dara adı ilə taxta çıxan Kodomanın ilk işi isə Baqoasın başqalarına qarşı istifadə etdiyi zəhərlə elə onun özünü öldürmək oldu. Bununla da saray çəkişmələri bir müddət səngidi.
Həmin günlərdə Makedoniyanın qədim paytaxtı Eqada şıdırğı toy hazırlığı gedirdi. Belə ki, İsgəndərin bacısını ərə verirdilər, özü də dayısına – Epir çarına! Filip bu münasibətlə dəbdəbəli bayram düzəltmək, bir hökmdar kimi öz böyüklüyünü nümayiş etdirmək istəyirdi. Hazırlığın qızğın çağında Kleopatra bu dəfə oğlan uşağı dünyaya gətirdi. Sanki yeni dünyaya gələn varisin Makedoniya taxt-tacı üçün nə qədər önəmli olduğunu nəzərə çarpdırmaq üçün, Filip ona Argeadlar sülaləsinin əsasını qoyan əfsanəvi Karanın adını verdi.
Beləliklə, İsgəndərin başının üstünü yenidən qara buludlar aldı. Atasının vədinə baxmayaraq, o, hakimiyyətə gələ bilməyəcəyindən çəkinirdi. İndidən başına bir çarə qılmalı idi. Hökmdarın ətrafındakılardan isə yalnız Antipatr İsgəndərin potensial müttəfiqi ola bilərdi. Lakin bircə onun köməyi ilə nəyə nail olmaq mümkündü?
Belə bir vaxtda Filipin cidd-cəhdlə etiraz etməsinə baxmayaraq, Olimpiada Makedoniyaya qayıtdı. O, toya təşrif buyuran Epirdəki qohumlarla birgə geri dönmüşdü. Bu, İsgəndərin ürəyinə su səpdi: anasının ağlı və sərtliyi saray daxilində vəziyyəti onun xeyrinə dəyişə bilərdi. Toy münasibətilə təşkil edilən bayramın ikinci günü müxtəlif oyunlar keçirilməli idi. Səhər tezdən teatr ağzınacan dolu idi. Tamaşaçılar təntənəli mərasimi maraqla izləyirdilər. On iki tanrı heykəlinin arxasınca Filipin heykəli gətirilirdi. Ellindən gələn qonaqlar bunun boş yerə olmadığını başa düşmüşdülər. Filip artıq özünü tanrılarla bir sırada görməyə başlamışdı. Nəhayət, oğlunun və yeni kürəkəninin arasında Filipin özü də göründü. O, saray mühafizəçilərinə aralıdan getmələrini tapşırmışdı: bununla hər kəsə göstərmək istəyirdi ki, onu ellinlilərin duaları qoruyur, bu səbəbdən də silahlı əsgərlərin müdafiəsinə qətiyyən ehtiyacı yoxdur.
Hökmdar meydanın girişinə çatanda, gənc mühafizəçilərdən biri paltarının altından qısa qılıncını çıxarıb irəli atıldı və Filipin köksündən vuraraq elə oradaca öldürdü. Daha sonra qatil onu atların gözlədiyi şəhər darvazasına tərəf qaçdı. Bir anlığa hamı donub-qaldı, sonra bir dəstə makedoniyalı zadəgan gənc mühafizəçinin dalınca götürüldü. Qatil üzüm tənəyinə ilişib yıxıldı. Bu zaman təqib edənlər arxadan çatıb onu nizə ilə öldürdülər. Məlum oldu ki, Filipin qatilinin adı Pavsanidir.
Çoxları qətlin arxasında Filipin arvadı Olimpiadanın və oğlu İsgəndərin olduğunu güman edirdi. Bunun da səbəbi vardı: əksəriyyət düşünürdü ki, Kleopatranın yeni doğulan ikinci övladı – oğlu bir varis kimi İsgəndərin gələcəkdə taxt-taca yiyələnməsinə təhlükə yaradır. O da maraqlıdır ki, Pavsanini təqib edib öldürən zadəganlar İsgəndərin dostları idilər. Qatili məhz onların aradan götürməsi çoxluğun şübhələrini bir az da qüvvətləndirmişdi: necə olsa da, həddindən artıq çox şey bilən Pavsaninin ölümü ən çox İsgəndər və yoldaşlarının işinə yarayırdı…
Təbii ki, İsgəndər taxta çıxan kimi atasının qətlində məhz onun günahkar olduğuna dair söz-söhbətlərin də arası kəsildi. Necə deyərlər: «Kral öldü – yaşasın kral!»
Ücretsiz ön izlemeyi tamamladınız.