Kitabı oku: «Ruh adam»

Yazı tipi:

Nihal Atsız

RUH ADAM

roman

I FƏSİL

Kamlançu ölkəsinə bahar gəlmişdi. Quşlar ötməyə, ağaclarda və yerlərdə çiçəklər açmağa başlayınca yüzbaşı Burkay yenə o böyük şam ağacının yanına gəldi. Parlaq baxışlı, ay üzlü qızı orda gördü, ürəyinə od düşdü. Yer üzü gözlərində qaranlığa döndü. Ona yaxınlaşıb belə dedi:

“Üzün aya bənzəyir.

Qaşın yaya bənzəyir.

Gözlərin ala-yaşıl.

Saçların aslan yalı…

Yerişin durna kimi,

Duruşun sona kimi.

Hansı yerdən, qaynaqdansan?

Hansı boydan, oymaqdansan?”

Parlaq baxışlı, ay üzlü qız bir söz söyləmədi. Yalnız gözlərini qaldıraraq Burkaya baxdı. Bu baxış Burkayın qanını qaynatdı. Ürəyini oynatdı, içinə od düşdü. Yer üzü gözündə qaranlığa döndü.

“Baxışların işıqmı? Saçların sarmaşıqmı?

Ulduzsan, yoxsa Günəş? Alovsan, yoxsa atəş?

Niyə səssiz baxırsan? Niyə yandırıb-yaxırsan?

Çiçəkdəndir hər yanın… Söylə nədir ad-sanın?”

Parlaq baxışlı, ay üzlü qız yenə dinmədi. Gülümsünərək Burkaya baxdı. Bu baxış onun ağlını başından aldı. Ürəyini dər-də saldı. İçinə od düşdü. Yer üzü gözlərində qaranlığa döndü. Qıza belə dedi:

“Məni niyə üzürsən?

Gözlərini süzürsən?

Kipriklərin paralar.

Baxışların yaralar.

Rəngin sanki çiçəkdəndir.

Bilmirəm, hansı çiçəkdəndir?

İstər hirslən, istərsən küs.

Bircə adını de, qız! ”

Parlaq baxışlı, ay üzlü qız gözlərini Burkayın gözlərinə dikdi. Qayalardan süzülən suların, çəmənlərdə əsən mehin, me-şələrdə oxuyan quşların səsindən daha gözəl səsi ilə belə dedi:

“Beşbalıkda doğulsam da, Qarluk qızıyam,

Neçə igidin ürəyində gizli sızıyam.

Ürəyinə od düşdüsə, zorlayıb söndür.

Bilən bilir, adım-sanım Açığma-Kündür.

Yaxınlaşma, ölmək istəmirsənsə əgər.

Bəlam çoxdur, görünmədən sənə də dəyər”.

Burkayın ürəyinə düşən oddan Yer üzü gözlərində zülmətə döndü. Gözəl qəlbli bir insan idi. Tanrıya və insanlara qarşı günah eləməmişdi. Məbədə getdi və Tanrıya yalvardı. “Tanrım, ürəyimdəki odu söndür”,– dedi.

Qırx gün böyük şam ağacının yanına getdi. Hər gedəndə Açığma-Künü orda gördü. Hər gedişində içindəki atəş daha çox alovlandı. Hər qayıdışında məbəddə Tanrıya yalvardı. Hər yalvarışdan sonra bir daha şam ağacının yanına getməməyə qərar verdi. Amma günəş hər dəfə yenidən doğanda qızın həsrətinə dözmədi. Aldığı qərarı unudub şam ağacının yanına getdi. Qızın alaca yaşıl gözlərinin sehrinə düşüb, özünü unutdu. Qırx birinci gün şam ağacının yanına gəlincə qızı görmədi. Gözləri bulandı, ürəyi yandı, içi sıxıntıyla doldu. Gün batana qədər gözlədi. Açığma-Kün gəlməyincə, onu şam ağacından soruşdu. Ağac ah çəkib ağladı. “Onu mən də gözləyirəm. Artıq gəlib mənə söykənməyəcək”, –dedi. Yarpaqları tökülüb qurudu. Uçan bir kəpənək ah çəkib ağladı: “Onu mən də gözləyirəm. Artıq gəlib məni qoluna almayacaq”, –dedi. Qanadlarını çırpmaz oldu, otlara düşüb öldü. Yaşıl otlardan soruşdu. Otlar ah çəkib ağladılar. “Onu biz də gözləyirik. Artıq gəlib bizi ayaqlamayacaq”,– dedilər. Yanıb duman oldular.

Burkay ruhdan düşüb yerinə-yurduna döndü. Açığma-Kündən başqa bir şey düşünə bilmədi. Məbədə gedib yalvardı, olmadı. Turş qımız içdi, kömək etmədi. Şirin şərab içib, özünü unutdu, faydası olmadı. Xaqan müharibəyə başlayınca, o da iş-tirak etdi. Ölmək üçün atına zirehsiz mindi. Oxlar sağından, solundan uçdu: biri də dəymədi. Qalxansız, dəbilqəsiz vuruşdu. Qılınclar sağından, solundan keçdi. Biri də ona toxunmadı. Yenə yurduna döndü. Açığma-Kündən başqa bir şey düşünə bilmədi. Çöhrəsi saraldı. Xəstə olub yatağa düşdü. Burkayın gözəl qəlbli bir qadını vardı. Kişisi yaxşılaşsın deyə baxıcılar, sehrbazlar, falçılar, şamanlar gətizdirdi. Heç bir dərman, dua, sehr fayda vermədi. Gündən-günə əridi, soldu, bitdi. Ölümcül hala düşdü. Bir gecə Açığma-Künün adını sayıqlayınca qadın işin nə yerdə olduğunu anladı. Bütün Kamlançuya adamlar göndərdi. 40 gün axtardılar, gəzdilər. Açığma-Kün tapılmadı. Bir gün yaşlı və çirkin sehrbaz qadın gəldi:

–Bunun dərdinə ancaq Kilimbi çarə tapar. O, şeytanların ən ağıllısıdır.– dedi.

      Şeytanların başçısı Madarın yanına gələn Burkay ondan çarə istədi. Madar rədd edincə Burkayı şeytan Kilimbinin yanına apardı, Burkay ona ürəyini açdı. Sevdiyi qızdan danışdı.

–Mənə onu versən, ordunda əsgər olaram, –dedi.

Kilimbi başını buladı:

–Ürəyin böyük dərdə qərq olub, xilas olmağın çətindir. Bunun çarəsini tapa bilsə, bircə şeytanların başçısı Madar ta-par”.

Burkayın içi yandı. Gözü dumanlandı.

–Heç çarə yoxdurmu?– deyə soruşdu.

Madar başını yellədi, əllərini açdı:

–Var, –dedi,– Əgər arvadını götürüb Əjdahalar Xaqanı Narantaya qurban eləsən, Açığma-Künü itirdiyin yerdə yenidən taparsan.

Burkay düşünmədən razılaşdı. Gözünü sevda bürü-müşdü, qanı coşmuşdu. Arvadını Naranataya qurban verdi. Naranta onu öldürüb yedi. Qadın ölərkən əllərini göyə qaldırıb qarğış elədi:

–Burkay! Xeyirxahlığa dönük çıxdın. Tanrı səni bədbəxt eləsin! Qiyamətə qədər dünyaya hər gəlişində ruhun iztirab içində çalxalansın!

Tanrı bu duanı qəbul elədi.

Burkay şeytan Madarın dediklərinə əməl etdikdən sonra şam ağacının olduğu yerə getdi. Qız yoxa çıxandan sonra yar-paqları tökülüb quruyan şam ağacı yenə yaşıllaşmışdı.

Açığma-Kün onun gövdəsinə söykənərək dayanmışdı. Burkay yaxınlaşıb belə dedi:

“Harda qaldın, ay baxışlı?

Niyə getdin, inci dişli?

Sənin üçün xəstə düşdüm,

Ellər gəzib, dağlar aşdım.

Artıq mənə gələrsənmi?

Dərdimə son verərsənmi?

Gəl mənim ol, çiçək üzlüm!

İpək saçlım, işıq gözlüm!”

Açığma-Kün bir söz demədi. Sehrli gözləri ilə Burkaya baxaraq gülümsədi. Burkayın ağlı başından çıxdı. Az qala qı-mız kimi ərıyib axacaqdı. Qıza yaxınlaşaraq möhkəm-möhkəm tutdu. Çiçək ətirli üzündən öpdü. Onu evinə gətirib xanımı elə-di. Amma bununla dərdi bitmədi. Açığma-Künü hər gün bir az daha çox sevdi. Öpməkdən doymadı. Sevməkdən usanmadı. Uçan quşa qısqandı. Əsən mehdən qorudu.

–Sən insan deyilsən. Pəri Xan Xatunsan! –dedi.

Sevgisi azalmadı. Arzusu qırılmadı. Öpməkdən rahat olmadı. Sevgisi sakitləşmədi.

–Sən Pəri Xan Xatun deyilsən. Tanrı Xatunumsan, –dedi.

Bir gün yaşlı, çirkin sehrbaz qadın yenə gəldi. “Bunun dərdinə ancaq Madar çarə tapar”– dedi. Birlikdə Madarın ya-nına getdilər. Madar güldü:

–Sən Nizvani cəhənnəminə düşmüsən. Əgər o da bir də-fə “səni sevirəm” desə, bu bəladan xilas olarsan.

Burkay yurduna qayıtdı. Açığma-Kündən “məni sevirsənmi?” –deyə soruşdu. Qadın onu saçlarının arasında sardı, o da nə soruşduğunu yaddan çıxardı. Bir ay keçdi. Burkay “məni sevirsənmi?” –deyə yenə soruşdu. Qadın onu öpərək nə soruşacağını unutdurdu. Beləcə aylar keçdi. Burkay sevgidən dəliyə döndü. Gündən-günə iztirabının üstünə iztirab, kədərinin üstünə kədər gəldi. Həkimlər gəldi, dərman tapa bilmədi, şamanlar gəldi, çarə olmadı.

–Səni ancaq ölüm qurtarar. Açığma-Kün Tanrıdan gələn cəzadır, –dedilər.

Burkay böyük əzablar içində öldü. Öləndə də yenə “məni sevirsənmi?”– deyə soruşdu. Qadın onu saçlarına bürüdü, qolları ilə sıxdı, öpdü. Amma heç nə demədi. Burkayın öldüyünü görüncə gözləri yaşardı. İnci kimi yaşlar axıtdı.

–Əzab çəkirəm, –deyə inildədi.

Amma yenə də “səni sevirəm” demədi.

Burkay ölməklə iztirabdan xilas ola bilmədi. Hər il bahar gələndə çiçəklər açdığı zaman Açığma-Künü görüb sevdiyi şam ağacının yanında ruhu dolaşır. “Əzab içindəyəm, məni sevirsənmi?”– deyə inildəyir. O zamandan bu günə min illər keçməsinə baxmayaraq Burkay hər bahar orda ağlayır. Yanında duran Açığma-Kün “sus, sus, mən də iztirab içindəyəm” –deyə yanıb-yaxılır. Amma “mən də səni sevirəm” –demir və beləcə illər axıb gedir.

***

Yazı stolunun arxasında oturaraq bu nağılı oxuyan qa-dın gözlərini qaldırdı. Böyük otaqda səssiz addımlarla gəzərək Uyğur nağılını dinləyən kişidən soruşdu:

–Necədir? Bəyəndin?

Geniş, işıqlı otaqdkı bütün divarlar kitab rəfləriylə dolu idi. Kiçik masanın üzərindəki saatın əqrəbləri gecə yarısına ya-xınlaşdığını göstərirdi, saatın yanında tünd içki ilə dolu billur kuzə və qədəh vardı. Kişi doldurduğu badəni içərək, rişxənd- edici bir ifadə ilə dedi:

–Nağıldır da…

İncikliyini büruzə verməməyə çalışan qadın bir də soruşdu:

–Bəli, nağıldır… Doqquzuncu əsrdə, ən geci onuncu əsrin əvvəllərində yazılmış bir nağıl.. Ancaq sən bunda ədəbi bir tərəf, bədii heç nə görmürsən?

Adam bu dəfə rişxəndi istehzaya çevirdi:

–Mənim ədəbi tərəfdən, bədii ünsürlərdən başım çıx-maz. Bir dəyəri varsa, söylə biz də bilək.

–O zaman tərcümə haqqında fikrini de....

Adam yeridiyi yerdə qəfil dayandı:

–Tərcümə? Bunun Uyğur nağılı olduğunu demişdin. Uyğur dili türk dili deyil ki?

Qadın zorla səbrini basaraq cavab verdi:

–Təbii ki, uyğur dili türk dilidir. Amma bu gün danışdığımız türkcəyə oxşamır. Sənə oxudum nağıl uyğurca mətnin müasir türk dilimizə tərcüməsidir. Tərcüməni uğurlu edib-etmədiyimi öyrənmək istəmişdim sadəcə…

Adam bir qədəh də içdikdən sonra ciddi, yoxsa lağ ol-duğunu müəyyənləşdirməyin mümkün olmadığı bir əda ilə:

–Pis deyil, –dedi,–Amma heç bir tərcümə əslində olan gözəlliyi qoruya bilməz. Əgər əslində gözəllik varsa, təbii…

Və qadını qabaqlayaraq əlavə etdi:

–Mənim belə məsələlərə münasibət bildirməyim, şüb-həsiz, həddimi bilməmək olar. Çünki romanların hansı halda dəyərli hesab edilməsi ilə bağlı ən kiçik informasiyam belə yoxdur.

Qadın ağır və ciddi bir tərzdə onun sözünü kəsdi:

–Roman yox, nağıl…

Həmsöhbəti qadına acı gülüşlə cavab verdi:

–Eləmi? Romanla nağılı eyni şey hesab elədiyimə görə üzr istəyirəm. Deməli, aralarında mühüm fərqlər var…

Qadının üzünə diqqətlə baxıb bir qədəh də içəndən sonra:

–Amma neyləmək olar? Mən qaysı ilə şaftalını da bir-biri ilə qarışdıra bilərəm. Mənim bu böyük səhvim ucbatından insanlığa ziyan dəymədikdən sonra…

Qadın bir az daha ciddiləşdi:

–Sənin üçün qiyməti olmayan bu nağılların mütəxəssislərinin yanında əhəmiyyəti böyükdür. Sən qaysı ilə şaftalını da bir-biri ilə qarışdıra bilərsən, amma meyvə satan heç vaxt qarışdırmaz.

–Deməli, həmin o meyvə satan şəxs məndən daha üstün bir şəxsiyyətdir…

Bunu deyərək bir qədəh də doldurdu. Qadına doğru uzadaraq çox ciddi bir tərzdə:

–Məndən üstün və ağıllı olan meyvə-tərəvəz satanların sağlığına, –dedi.

Və bir nəfəsə başına çəkdiyi qədəhi olduqca sərt bir şə-kildə stolun üstünə qoyub otaqda var-gəl etdi. Bir müddət bir-birilərinə tərəf heç baxmadılar da. Sonra kişi stolun yanında da-yanıb:

–Mənə bu nağılın dəyəri barədə məlumat verə bilərsən? – dedi.

Qadın heç bir inciklik əlaməti göstərmədən:

–Əvvəla, bu nağıl nadir bir uyğur mətnidir. Sadəcə əv-vəlindən bir-iki cümlə çatmır. Sonra dil baxımından uyğurcanın xarici təsirlərə məruz qalmamış bir nümunəsidir. Mühüm bir xüsusiyyəti də ondan ibarətdir ki, əsər həm buddizmin, həm maniheizmin, həm də şamanizmin izlərini eyni anda özündə daşıyır. Bir məxsusiliyi də var. Bir türk tərəfindən tapılan ilk uyğurca nümunədir. Kişi laqeydcəsinə soruşdu:

–Bundan əvvəlkilər kimin tərəfindən tapılıb ki?

–Ələlxüsus almanlar tərəfindən. Amma onların tapıb dərc etdikləri əsərlər tamamilə dini məzmunda idi. Bu əsərdə də dini izlər var, amma görürsən ki, daha çox dindənkənar, əxlaqi bir məqsədlə yazılıb.

–Nə mənada?

–Əsərin mövzusu şərin cəzalanması üzərində qurulub. Bundan başqa…

Kişi onun sözünü kəsdi:

–Düzdür, amma əxlaqi bir dərs vermək üçün bir mə-həbbət əfsanəsi uydurulub. Bu dərəcədə mümkün olmayan bir sevgini nağıla əsas mövzu seçmək mənə olduqca ibtidai bir dü-şüncə təsiri bağışlayır. Həm də bir adamın qiyamətə qədər iztirab çəkməsi… Öldükdən sonra da bu əzabın davam etməsi… Bunlar möhtəşəm yalanlardır… O qadın… O nur baxışlı qadın… Nə idi onun adı?

–Açığma-Kün.

–Hə, doğrudur, Açığma-Kün… O necə qadın idi elə? Gerçəkdə belə bir qadının, bu qüdrətli qadının olmasına imkan varmı? Bu qədər yalanı bir yerdə topladığına görə bu əsəri zibil qutusuna atmalı olduğumuz halda, siz ədəbi dəyərdən bəhs edərək zirvələrə çıxarırsız. İnsanların beynini boşboğazlıqla doldurmaq, məncə, doğru hərəkət deyil.

Çox sərt şəkildə söylənən bu sözlərə qadın yenə hirslənmədi. Eyni sakit tərzlə cavab verdi:

–Ədəbiyyat həqiqətlərin xəyallarla bəzədilməsidir. Bü-tün nağıllar və dastanlar kimi bunun da qədim bir həqiqəti özündə gizlətməsi ehtimalı var.

Kişi bu dəfə, həqiqətən də, maraqla dilləndi:

–Doğrudan? Bu uydurmanın hansı hissəsində həqiqət var görəsən?

Qadın gülümsədi:

–Nağıl ən gec 10-cu əsrin əvvəllərində yazıldığına və bəhs etdiyi hadisələrdən ən az min il keçdiyinə görə, məncə, çox qədim zamanlara aid bir məhəbbət hekayəsini bizə qədər gətirib çıxarır. Yazıldığı tarixdən öncəki min ili həqiqət kimi qə-bul eləsək, az-çox miladi illərində cərəyan edən bir hadisənin ədəbiyyatla mübaliğə edilmiş forması ilə qarşı-qarşıyayıq.

–Bu qədər mübaliğənin arasında həqiqətin zərrələrini hansı teleskopla kəşf edəcəyik, səncə?

–Teleskopa ehtiyac yoxdur. Yalnız ağıl və elm vasitəsilə baxacağıq. Nağılın ehtiva etdiyi şamanizm elementləri əsərin onuncu əsrdən öncəyə aid olduğunu göstərir. Çünki onuncu əs-rin uyğurları arasında artıq şamanizm yox idi. Nağılın qəhrəmanının yüzbaşı olması da çox qədim bir dövrün, bəlkə də Hunlar dövrünün izlərini daşıyır. Ağızdan ağıza keçəndə çox dəyişdiyi mütləqdir və buddist uyğurlar tərəfindən kitab şəklinə salındığı zaman buddizm xarakteri əlavə olunan nağılda hər şeyə rəğmən çox qədim dövrlərin xatirələri, qırıntıları qalıb. Bunların sayəsində aid olduğu dövrü anlamaq kiçik xəta ilə də olsa qəbul olunur.

Kişi masanın üstündəki içkidən bir qədəh də süzdü. Riş-xəndlə qadına baxdı:

–Amma bu sözlərdən bir nəticə çıxara bilmirəm. Bir meyvə satanın qabiliyyətlərinə malik olsaydım, şübhəsiz, mühüm həqiqətləri anlayacaq, bədii ünsürləri tapacaq və bəlkə də ədəbi düşüncələrə dalaraq bir neçə dəqiqə rahatlıq içində yaşayacaqdım. Bu yazıq, talehsiz yüzbaşı Burkay məndə maraq yaratmadı desəm, yalan olar. Yalnız bir hərbçi üçün böyük Vətən və hərbi məsələlər var ikən gözəl bir qıza bu qədər yaxınlıq hiss edib məhv olmasını qəbul edə bilmirəm. Çox xahiş edirəm, bu nağılda həqiqət payı nədirsə və yaxud nə ola bilərsə, sadə bir dillə izah et, beynimdəki suallar cavablansın.

Qadın hələ də sakit idi. Otaqda aram addımlarla gəzərək ona tərəf baxmayan kişini gözləri ilə təqib edərək anlatmağa başladı:

–Həqiqət bu ola bilər: Günümüzdən, bəlkə də, iki min il əvvəl o zamankı türk dövlətinin ordusunda tanınmış bir hərbçi bir günah işləyib və ya səhv addım atıb. Bu günahı işlətməsinə səbəb isə çox gözəl bir qadın olub. Bu hərbçi günahının cəzasını çox ağır bir şəkildə maddi və mənəvi iztirablarla ödəyib. Amma bu elə bir hadisədir ki, xalq bunu əsrlərlə unuda bilməyib. Hərbçinin çəkdiyi cəzanı ümumi vicdan üçün yetərli saymadığına görə onun ruhunun da əzab içində qıvranmasını və dünyaya hər dəfə gələndə eyni cəzanın təkrarlanmasını arzulayır. Cəzanın çox ağır olduğunu və nağılın iki min il əvvəlki bir dövrə aid olduğunu nəzərə alsaq, hadisənin Mete dövründə baş verdiyini ehtimal edə bilərik. Sənin sevgili Metenin zamanında…

Metenin adı çəkilən kimi kişinin gözləri parıldadı.

–Bu iyrənc əsrdə yaşamaqdansa Metenin zamanında dünyaya gəlməyi üstün tutardım.

Qadın onun bu saf arzusuna lağ eləməyə başladı:

–Bəlkə də o vaxtlar yaşamısan. Bu nağılda necə Mete dövrünə aid izlər, elementlər varsa, səndə də o zamana aid çox şeyin olduğu dəqiqdir… Bir fərqlə ki, nağılda o zamana aid şey-lər qırıntı olaraq yaşayır. Amma demək olar ki, sən Mete döv-rünün yaşlanmadan günümüzə gəlib çıxmış hərbçilərindən bi-risən. Reinkarnasiya üçün dəlil axtaranlar mütləq gəlib sənə baş çəkməlidirlər. Düzdür, o nəzəriyyəni də bir qələmlə rədd etmək düz deyil.

Kişi gülümsədi. İçkidən qızarmış üzündə indi bir körpə məsumluğu vardı. Qədəhini doldurub dedi:

–Ruhların yenidən doğulması ilə bağlı uydurmanı bir tərəfə qoyaq.

Sonra sərt bir hərəkətlə əsgəri duruşa keçdi. Sol əli əsgər təlimatına tamamən uyğun şəkildə şalvarına yapışmış halda, qədəh tutan sağ əlini göyə qaldırdı:

–Böyük əsgər Metenin ölməz xatirəsi şərəfinə!– dedi.

Qadın gülümsünərək zərafətlə başını əydi: “Nuş olsun!” –dedi. Son qədəh içilmişdi. Otağa uzun bir səssizlik çökdü…

II FƏSİL

Qızlar liseyinin müdiri zəngi basaraq xadimənin gəlməsini gözləyərkən, bir tərəfdən də əlindəki kağızı diqqətlə oxuyurdu. Xadiməyə birinci müavini çağırması barədə göstəriş verdikdən sonra təkrar kağıza başı qarışdı. Makiyajlı, kök, çox əndazəsiz bir qadın idi. Bu yaşa çatdığı halda ailə qurmamağın verdiyi əzab və yüzlərlə gənc, gözəl, şən qızın arasında olaraq, onların sabah evlənəcəyi fikrinin verdiyi gizli bir qısqanclıq üzündən oxunurdu. Otağa girən birinci müavinə yer göstərdi:

–Buyurun, Faiqə xanım.

Faiqə xanım da özü kimi evdə qalmış, tükənmiş qızlardan biri olduğu üçün, müdirə onu səbəbini anlamadığı duyğularla sevirdi. Narahatlıqla baxaraq:

–Nəhayət, qorxduğumuz başımıza gəldi, –dedi və birinci müavinin gözlərindəki şübhəni dağıtmaq üçün anlatmağa başladı:

–Ədəbiyyat müəllimi Ayişə Pusat təkrar gəlir. Bu qadının buraya göndərilməməsi üçün nə qədər çalışdım, amma olmadı. Deyəsən, nazirlikdə ona arxa duran biri var.

      –Mən belə düşünmürəm, xanım. Bəlkə dərslərində əldə etdiyi uğurlar səbəbi ilə təkrar bura təyin olunub.

Müdirə əsəbiləşdi:

–Canım, onun uğurundan bizə nə? Şagirdini zəhərləyəcək qabiliyyəti olandan sonra… Daşıdığı familiyanın mənfi təsiri yetərli deyilmi?

Birinci müavin çoxdan Ayişə Pusatı tanıyırdı. Onun pis qadın olmadığını, əri üzündən başına bir çox işlər gəldiyini bilirdi. Amma onun üstündə müdirlə mübahisə etməyə ehtiyac görmədiyindən susmağa üstünlük verdi. Müdirə isə Ayişə Pu-satı ömründə heç görməmişdi. O, liseyə müdir təyin olunanda Ayişə Pusat artıq işdən uzaqlaşmışdı. Amma aylarla bütün qə-zetlərin bu familiya ətrafında yazılar yazdığına görə ona nifrət edirdi. Üstəlik bu qadının liseydə müdirənin nüfüzünu sıfıra endirdiyi, özünü şagirdlərə daha çox sevdirdiyi və beləliklə də, istədiyini etdiyi deyilirdi. Müdirə bu təlqinlərin nə olduğunu dəqiq bilmirdi, amma zərərli olduğu ilə bağlı heç bir şübhəsi yox idi. Nəhayət, milli və vətənpərvər duyğuları belə, Ayişə Pusatın əleyhinə olmağı üçün yetərli səbəblər idi. Ciddi bir əda ilə birinci müavinə göstəriş verməyə başladı:

–Faiqə xanım! Ayişə Pusat burdan 3 il əvvəl getmişdi, elə deyil? Deməli, o zaman balaca olan şagirdlər indi böyüyüblər. 3 ildə onu unuda bilməzlər. Liseyə gəldiyi gün şagirdlərin sevgi nümayişi göstərərək idarəetmə nüfuzunu yerlə bir etmələrinə icazə verə bilmərəm. Bunlar sonunda uşaqdılar. Yaxşını pisi seçə bilmirlər. Gəldiyi gün Ayişə Pusatı bütün siniflərdə siz gəzdirib, təqdim edəcəksiniz. Və sizdən çox xahiş edirəm ki, bu təqdimatı çox sərt bir şəkildə edin. Nə şagirdlər, nə də nəydi onun adı – Ayişə Pusat, ürəklənib artıq hərəkət etməsinlər. Sonra daaa.... Bəli, sonra da müəllim yoldaşlara da çatdırın ki, bu qadının çox etibar ediləcək bir məxluqat olmadığını bilsinlər. Onunla həddən artıq ünsiyyət qurmasınlar.

Birinci müavin burda etiraz etdi:

–Aman, müdirə xanım, mən bunu necə deyə bilərəm? Bəlkə müəllimlərin içində qohumları və ya dostları var. Bunu sizin eşitdirməyiniz daha doğru olar. Həm də müəllimlər sizə etiraz edə bilməzlər.

–Yaxşı, yaxşı.. Bu, mənim öhdəmdə qalsın. Siz sadəcə sinif rəhbərlərinə məsələni uyğun bir dillə başa salın və Ayişə Pusat gəldikdən sonra tənəffüslərdə ciddi bir nəzarət həyata keçirin. Ələlxüsus da onun növbətçi olacağı günlərdə şagirdlərlə xüsusi şəkildə münasibət qurmasına mane olun.

–Baş üstə…

* * *

O gün ədəbiyyat müəllimi Ayişə Pusat, üç il qabaq zorla çıxarıldığı məktəbinə geri dönmək üçün yola çıxırdı. Bu dönüş onun duyğulu və romantik əhvali-ruhiyyəsi üçün çox mühüm bir hadisə idi. Zamanında özünün də şagirdi olduğu bu məktəb bütün gənclik xatirələri ilə dolu, yarı müqəddəs bir yer kimi idi. Ədəbiyyat fakültəsini bitirib orta məktəblərin birində bir il staj keçəndən sonra buraya təyin edilərək, bütün məhəbbəti və hə-vəsi ilə, bütün enerjisi və xoş niyyəti ilə işə sarılmışdı. Yaxşı ça-lışırdı, şagird yetişdirmək üçün çox uğurlu fəaliyyət aparırdı. Şagirdlərini çox sevir, onlar tərəfindən çox sevilirdi. Artıq hə-rəkətlərə yol vermədən, ciddilikdən kənara çıxmadan qura bil-diyi qədər səmimiyyət çox uğurlu nəticələr gətirirdi. Çox sıx-madan çalışdırmaq, dərsi gözəl başa salaraq şagirddə maraq oyatmaq, çox gözəl münasibət göstərərək özünə hörmət qazanmaq Ayişə Pusat kimi çox nadir müəllimlərin xüsusiyyətlərindən idi. Hər işdə soyuqqanlı hərəkət edərdi. Qızların xüsusi vəziyyətlərini öyrənir, sual verir və qiymət yazarkən bütün bunları da nəzərə alırdı. Evindəki əlverişsiz şərtlər üzündən dərsini hazırlaya bilməyən bir şagirdini başqa müəllimlər kimi sıxmır, ona daha əlverişli şərtlər tapmaq üçün çalışardı.

Liseydə bütün qadın müəllimlər arasında ən sadə geyinən, makyaj etməyən yeganə qadın o idi. Evliydi və Tosun adında kiçik, sevimli, nadinc bir oğlu vardı. Ömrünün əsas his-səsi evi ilə lisey arasında keçir, evini bacarıqla idarə etdiyi kimi məktəbdə də həm dostları, həm şagirdləri ilə yaxşı yola gedir, yaxşı çalışırdı. Enerjili və sağlam bir qadın idi. Gur və qara saç-ları çiyinlərinə tökülür, gözləri gülümsəyərək baxır, düzgün nitqi ilə dərhal gözəl bir təəssürat yaradırdı. Həyatından, işindən məmnun idi. Bu günə kimi bir dərsini də boş buraxmamışdı. Əgər böyük bir problem, müdhiş bir talesizlik, hətta fəlakət deyə biləcəyimiz bir hadisə olmasaydı, bu bəxtiyar və sakit həyat sarsıntısız davam edəcək, bu qədər maddi və mənəvi itkilərlə yanaşı üç ili boşuna getməyəcəkdi. Ayişə Pusat kin saxlamaz, ona qarşı edilən pis işləri tez bağışlayıb unudardı. Fəqət ərinə qarşı edilən hərəkəti unuda bilmirdi, onun yıxılan böyük ümidləriylə birlikdə səadətinin də təməlinin sarsıldığına inanaraq buna səbəb olan şöhrətpərəst insanları bağışlaya bilmirdi.

Ziyan olmuş üç il… Amma o da hər insan kimi təsəlli tapmaqda gecikmirdi. İnsanları daha yaxşı tanımaq fürsətini də ona bu üç il vermişdi. Həyatın axışında heç bir əhəmiyyət kəsb etməyən bir fikri genişləndirərək bütün məmləkətə aid bir mə-sələ səviyyəsinə qaldıranlar, şəxsi kin və qərəzləri ilə hərəkət edənlər, ərinin istiqbalını yıxmaya çalışsalar da, həqiqətdə onun səadətini yıxmışdılar. İnsanlardan iyrənərək hər şeyi gülünc, hər kəsi kölə görən bir adamla yaşamaq heç də asan deyildi. Bundan başqa, ətrafdakıların daim onu ürkək və şübhəli göz-lərlə süzməsi də onu narahat edirdi. Əri iki il həbsdə yatıb çıx-mışdı, amma işin mahiyyəti bir çoxları üçün hələ də aydınlaşmamışdı. Həbsə qatillər, oğrularla bərabər məzlumlar və ideya sahibləri də girir, amma kütlə bu iki zümrəni bir-birindən ayıra bilmir, yaxud da heç zaman ayırmağa ehtiyac görmür. Qəzetlərin yalan məlumatları daim onların əleyhinə olmuş, elə bu səbəbdən də Pusat adı sanki ölkənin bir nömrəli xalq düşməninə çevrilmişdi. Amma işin iç üzünü bilənlər, gəlib dostluq göstərənlər də az deyildi. Fəqət bunlar o qədər az idi ki, bu azlıqla o çoxluğu doğru yola gətirmək mümkün deyildi. Ayişə Pusat dindar idi. İlahi ədalətə daim inanmışdı. Dindar olmamaqla yanaşı, əvvəllər dini duyğularına hörmət edən əri indi buna elə də əhəmiyyət vermirdi, bu da Ayişəni bir başqa cür sındırırdı. Hər nə qədər əri açıq bir şəkildə bu məsələlərdə heç nə deməsə də, bu mövzularda söhbət gedərkən üzündə yaranan ifadələrdən və ya baxışlardan Ayişə bir istehza sezirdi sanki. İndi ərinin inandığı və hörmət elədiyi tək inanc ölüm idi. Elə əvvəllər də o, ölümə böyük rəğbət bəsləyir, işi uğrunda, fikri uğrunda ölməkdə bənzərsiz bir gözəllik və böyüklük görürdü. Artıq bu rəğbətlə yanaşı heç bir alternativ fikir qəbul eləmirdi, sanki ölümü gözləyən bir vəziyyətdə idi. Qəhrəmanlıqla ölənlər haqqında yazıları təkrar-təkrar oxuması Ayişənin gözündən qaçmırdı.

Çox maddi görünməsinə baxmayaraq mistik bir ruh ha-lında, bir ölüm çevrəsinin ortasında yaşayır, yaşayır yox, yavaş-yavaş əriyib sönürdü. Ayişə Pusat, ərini daim həddindən artıq ifratçı hesab edirdi. Evlənərkən onun bu ifratçılığı xoşuna gəlsə də, zamanla bunun bir az azalmasını gözləmişdi, lakin ümidi boşa çıxmışdı. Bu adamda gizli qaynaqlardan gələn bir atəş var idi ki, onu daim ifrata, təhlükəyə, özünü xərcləməyə sürüyürdü. Müəyyən məsələlərin xaricində bütün məsələlərdə bir uşaq kimi saf və məlumatsız olan, tez aldadılan, hər kəsə və hər şeyə inanan əri indi dəhşətli dərəcədə çoxbilmiş insana çevrilmişdi. Artıq onu aldatmağa imkan yox idi. Lakin bu xüsusiyyətin onun yavaş-yavaş həyata marağını kəsdiyini görən Ayişə Pusat dərin kədər hissi keçirir, həyatla və hər şeylə əlaqəsini kəsən ərinin özünü də unutduğunu zənn edir, bu ehtimal zamanla bir inam halına gəlirdi. Onu həyata bağlamaq üçün etdiyi bütün səylər boş idi.

Bununla yanaşı ərinin hələ də qəti qərar vermədiyini, içində qorxunc bir mübarizə getdiyini bilirdi. Daxilən hiss etdiyi bir hisslə bu mübarizənin nəticəsindən çox qorxurdu. Bütün həyatı boyunca geri dönmək və peşman olmaq nədir bilməyən bir adamın ruhundakı döyüşün sonundan ciddi olaraq qorxmaq lazım idi. Əri o qədər böyük bir düşmənlik və kin yaşamışdı ki, bu kinin sərhədləri genişlənmiş, Ayişə Pusata kimi gəlib çatmışdı. Buna görə sakitlik və zövq içində çalışdığı liseydən çıxarılmış, nazirlik əmrinə göndərilmiş, hətta istintaqa cəlb olunaraq ərinin əleyhinə ifadə verməyə məcbur edilmişdi. Bütün bu çətinliklərə böyük bir mətanətlə davam gətirmiş, maddi çətinlikləri səbirlə qarşılamış, haqqını axtarmaq üçün qanuni yollara müraciət etmiş, lakin haqqını ala bilməmişdi. Kiçik Tosunu məhrumiyyət içində yaşatması çox ağır gəlsə də, Allaha bel bağlayaraq buna da qalib gəlmişdi, nəhayət, ərinin məhkumluğu tamamlandıqdan çox sonra təkrar köhnə vəzifəsinə alınmışdı. Üç illik ayrılıqdan sonra həzin bir sevinclə işinə qayıdanda yaxşı qarşılanmayacağını bilirdi. Həyəcanlı idi.

Lakin qəlbi Allaha qarşı minnətdarlıqla dolu idi. Qatardan endikdən sonra saatına baxdı. Tənəffüs zamanı idi. Uşaqlar məktəbin həyətindəykən onların gözü qarşısında məktəbə girmək istəmədi. İndi böyümüş, bir gənc qız olmuş olan üç il əvvəlki şagirdlərinə qarşı qəribə bir utancaqlıq hissi keçirirdi. Ərinin məhkum olub, özünün kiçik uşağı ilə pulsuz və çarəsiz qaldığı günlərdə onu axtarmayan, axtarmaq və kömək etmək bir tərəfə, gördükləri zaman görməməzliyə gələn yaxşı gün dostları kimi bəlkə bu gənc qızlar da üz çevirib, hətta … hətta … bir vətən xaininin həyat yoldaşına bəlkə eyhamlı sözlər də deyə bilərdilər. Yaxud bəlkə də belə etməzdilər, liseydən çıxarıldığı gün ağlaşdıqları kimi indi də sevinclə qışqırar, yanına gələr, özünü və məktəb rəhbərliyini çətin vəziyyətə salardılar. Ayişə bunların heç birisini istəmirdi. Stansiyanın gözləmə otağında bir az yubanmağın doğru olduğunu düşündü. Payızın gözəl, hüznlü, sərin bir günü idi. Havada buludlar bir-birini qovurdu, külək Aişəyə üç il əvvəlki bir günü xatırlatdı, üzündə kinli və istehzalı bir təbəssüm olduğu halda süngülərin arasında gedən əlləriqandallı ərini sanki təkrar gördü. Xatirələr onu bu yerə qədər sürükləyəndə birdən özünü yığışdırdı. Bunun sonu gözyaşlarına gətirib çıxarar deyə düşündü. Qorxulu bir yuxu görən, lakin bunun yuxu olduğunu bilən insan hərəkəti ilə pis xatirələri başından atdı. Göydə uçuşan buludlara baxaraq stansiyadan çıxdı. Ağır addımlarla liseyə tərəf addımlamağa başladı. Həyət qapısından içəri girəndə həyəcanlı idi. Məchullar bizə daim həyəcan verir. Necə qarşılanacağı məchul olduğu üçün o da həyəcan hiss edir, hər zaman çətin zamanlarda etdiyi kimi özünü zorla mətanətli olmağa sövq edir, buna da nail olurdu. Rəhbərliyin onu yaxşı qarşılamayacağını bilirdi, amma buna o qədər üzülmürdü. Əsl məsələ şagirdinin düşəcəyi vəziyyət idi. Həyatlarının hələ baharında olan, dünyanın və həyatın çirkinlikləri ilə qarşılaşmamış qızların könüllərində vəfadan iz qalmamış olması hər halda insanı üzəcək bir məsələ idi. Yaşlı insanlar həyatda pis görə-görə dəyişirlər, könül saflığını, insan duyğusunun bütün yaxşı tərəflərini itirirlər. Bu bəlkə normal idi, amma ürəkləri yalnız xeyirxahlıqla döyünən, dünyada yalnız yaxşı şeylərin olduğunu düşünən gənc qızların da pis duyğulara qapıla bilməsi fikri qorxunc idi.

Gözətçi üç il əvvəlki gözətçi idi. Önünə baxaraq sürətli addımlarla getmək istəyən Aişəyə doğru irəlilədi. Səmimiyyətlə gülərək salamlaşdı və səmimi bir səslə ''Xoş gəldiniz Ayişə xanım'' dedi. Ayişə birdən-birə dayandı. Bu sadə, yazıq kəndlinin nəzakəti onu sanki titrətmişdi. Gözləmədiyi bir halda gələn yaxşılıq və nəzakət insanları daha çox sarsıdardı. Ayişə də eyni duyğu ilə sarsıldı. Qara gözləri parıldadı. İki damcı göz yaşını böyük bir əziyyətlə gözlərinə içirib əlini uzatdı:

–Xoş gördük, Hüseyn. Necəsən?

Gözətçi Ayşənin əlini hörmətlə sıxdı:

–Duaçıyam, xanım.

Sonra başını aşağı salaraq əlavə etdi:

–Çox kədərlənmişdim, amma əlimdən nə gəlirdi ki?

Duadan başqa …

Ayişə dərhal sözü dəyişdirdi:

–Dərs çoxdan başlayıb?

–İndicə girdilər, xanım.

Ayişə bu xoşniyyətli insana xoş nə isə söyləmək istəyir, lakin deməyə söz tapa bilmirdi. Susmağın bəzən çox gözəl söz-lərdən belə üstün olduğunu heç şübhəsiz bu gözətçi bilmirdi. Onun üçün mütləq nəsə deməli idi. Elə bu düşüncə ilə də:

–Çox sağ ol Hüseyn, Allah ürəyinə görə versin, –dedi və sürətlə məktəb qapısına doğru addımladı. Dərs təzə başlamışdı, bir çox siniflərə hələ müəllimlər girməmişdi. Ayişə sinif pəncərələrinə başların toplandığını sezdi. Astadan və pıçıltı ilə söylənən həyəcanlı söhbətlərdə öz adının bir neçə dəfə çəkildiyini də eşitdi. Müdirənin otağına girdiyi zaman artıq içindəki həyəcandan əsər-əlamət belə qalmamışdı. Eynəyini taxmış olduğu halda bir sıra sənədləri oxuyan müdirə, başını heç qaldırmadı. Ayişə belə qarşılanacağını çox yaxşı bilirdi. Heç əsəbiləşmədən, kədərlənmədən dayandı və müdirin oynadığı rolun bitirməsini gözlədi. Bir-iki dəqiqə keçdi. Müdirənin oxuduğu beş-altı sətirlik kağız nə qədər qarışıq ifadəli olursa-olsun, bu müddət ərzində bir neçə dəfə oxuna bilərdi.

Lakin o, inadla başını qaldırmırdı, çox güman ki, Ayişəni ayaq üstə gözlətməklə nüfuzunu göstərmək istəyir və ya onu alçaldırdı. Nəhayət, altı sətrin oxunması bitdi. Gözlərini kağızdan qaldıran müdir üzünü turşudaraq Aişəyə baxdı. Bir çox şəklini gördüyü üçün onu tanıyırdı. Buna baxmayaraq, sərt bir səslə:

–Nə istəyirsiniz? –deməkdən çəkinmədi.

Ayişə çox soyuqqanlı idi. Üzündə heç bir ifadə görünmədən, baxışlarında heç bir dəyişiklik olmadan cavab verdi:

–Liseyinizin yeni ədəbiyyat müəllimiyəm…

Müdir, əhəmiyyət vermədiyini göstərmək istəyən kimi Ayişənin adını guya xatırlamadı:

–Həə .. Siz osunuz, elə deyil?

–Bəli, Ayişə Pusat mənəm.

Və çox ciddi, ağır, əzici bir səslə bunu söylədikdən sonra müdirdən heç bir təklif gözləmədən masanın qarşısındakı stulu çəkib oturdu. Beləliklə, müdirənin bütün eşitdikləri doğru çıxırdı. Bu həyasız qadın Ayişə Pusat adını qürurla söyləyir və özü dəvət gözləmədən stul çəkib oturmağa cürət də edə bilirdi. Ona bir dərs, bir göz dağı vermək çox məqsədəuyğun olardı. Onu diqqətlə süzərək üzünü turşutdu və gözlüyünü çıxarıb ol-duqca sərt baxışlarla baxaraq:

–Sizin bura gəlmənizə mane olmaq üçün əlimdən gələni elədim, –deyə sözə başladı. Və sözlərinin göydən enmə təsirini göstərəcəyini ümid etdiyi üçün gözlərini Ayişənin gözlərinə zil-lədi. Lakin heyrət!… Ayişənin üzündə heç bir dəyişiklik yox idi. Daş kimi səssiz, hərəkətsiz və donuq bir ədayla dinləyirdi.

–Çünki şagirdlərə davamlı zərərli fikirləri təbliğ edərək onları mənfi yollara sürükləyən bir müəllimi bir müdir kimi istəməməkdə haqlıyam.

Müdirə bu sözdən sonra sözlərinə pauza verdi. Önündə oturanın soyuqqanlılığı qarşısında sözlərinin ardını gətirə bilməmişdi. Ədəbiyyat müəllimi qeyri-müəyyən bir gülümsəmə ilə cavab verdi:

–Bu təbliğatın nə olduğunu öyrənə bilərəm? Haqqımda rəsmi bir şikayət var?

Müdir coşdu:

–Xeyr. Haqqınızda rəsmi şikayət və ya təhqiqat yoxdur.

– Bəs elə isə?

–Siz təbliğatı o qədər ustalıqla edirsiniz ki, sizi tutmaq mümkün olmur.

–Etdiyim təbliğat nəymiş?

–Onu bir bilsəm… Onu bir bilsəm, sizi bura qoyarammı?

Ayişə Pusat, qarşısındakı yaşlı qadına üzülərək, hətta istehza ilə baxdı və ərinin məhkəmə zamanı bir sözünü –''acizləri layiq olmadıqları vəzifələrə gətirən bir dövlət batar''–deyə bağırmasını xatırladı və ona haqq verdi.

Bu qədər dayaz düşüncəli bir qadın ona rəhbərlik edəcək, dərslərində müvəffəqiyyət göstərib-göstərmədiyi haqqında gizli hesabat yazaraq onun müqəddəratını təyin edəcək və yüzlərlə gənc qızın yüksək xarakter və əxlaqla yetişməsinə yardımçı olacaqdı. İstər-istəməz gülümsəyərək:

–Müdirə xanım! Bilmədiyiniz bir şey haqqında necə hökm verirsiniz axı? –deyə soruşdu.

Bu sual müdirəni sarsıtdı. Sarsıldığı zamanda bütün rəhbərlərin elədiyi kimi yalan və mübaliğəyə baş vuracağı şüb-həsiz idi:

–Hər kəs elə deyir… Həm də, əlbəttə ki, mənim də bil-diyim bəzi şeylər var,– dedi və söz mübahisəsində bu qadına qalib gələ bilməyəcəyini bildiyi üçün bir tərəfdən zəngə basdı, bir tərəfdən də qəti əmrini verdi:

–Sizdən tək xahişim təbliğatı kəsin və əvvəlki metodunuzu dəyişdirin, ancaq dərslərinizlə məşğul olun.

III FƏSİL

Ayişə Pusat müdir müavini ilə birlikdə müəllimlər ota-ğına gəldiyi zaman artıq yorğun idi. Otaqda, pəncərənin qarşı-sında oturmuş olduğu halda qəzet oxuyan müəllimdən başqa heç kim yox idi. Birinci müavin, divardakı dərs proqramına ba-xaraq:

–Bu gün təkcə dördüncü, beşinci saat dərsləriniz var, iki saat gözləyəcəksiniz,” – dedi. Müəllimlər üçün ən çətin məsələnin boş saatları gözləmək olduğunu bildiyinə görə düşünürdü ki, Ayişə Pusat şikayət edəcək. Lakin o nə etiraz etdi, nə də şi-kayət… Birinci müavin bir müddət utancaq rəftarla Ayişəyə baxdıqdan sonra:

–Dərs saatlarınızın vaxtı gələndə sizi siniflərə təqdim edərəm –dedi və onun etirazına imkan verməmək üçün tez küncdə qəzet oxuyan müəllimə səsləndi:

–Rza bəy, baxın, Ayişə Pusat gəldi.

Cəbr müəllimi Rza bəy liseyin köhnə müəllimlərindən idi. Yası altmışı haqlayan bütün müəllimlər kimi yorğun və çox danışan bir adam idi. Vaxtilə Ayişə Pusatın müəllimi olmuşdu. Qəzetini endirib baxdıqdan sonra sevinclə yerindən qalxdı:

–Oooo… Xoş gəldiniz, qızım … Xoş gəldin, Ayişə… Val-lah darıxmışdım – deyərək ona doğru getdi. Hərarətlə əlini sıx-dı.

Birinci müavin vəziyyətdən çətinliklə çıxmışdı. Səssizcə otağı tərk etdi. Rza bəy ətrafını tələsik baxışla nəzərdən keçirdikdən sonra tək olduqlarını görüncə Ayişəyə doğru əyilib səsini qısaraq:

–Ərin necə oldu? Həbsdən çıxdımı? –deyə soruşdu.

Ayişənin gözlərində qəmli bir işıq yanıb-söndü. Ərini soruşmaq lütfkarlığını göstərənlərdən çoxu da bax belə gizlicə, tək olanda, səslərini alçaldaraq soruşurdular. Hər bir fikrə, hadisəyə diqqət edən insanlar kimi Ayişə də bundan pis olur, gizli soruşanların heç maraqlanmamasının daha düzgün hərəkət olduğunu düşünür, əsəbiləşir, lakin bunu qətiyyən büruzə vermirdi. İndi qarşısındakı adam öz müəllimi olmasa, bəlkə cavab verməzdi. Bununla birlikdə içindəki üsyanın səsini dinləməyi və üzünə qarşı daim tənqid etdiyi ərinə ürəyinin bütün səmimiyyəti ilə haqq verməkdən çəkinmirdi. Əri bir dəfə mübahisə edəndə melanxolik bir səs tonu ilə demişdi:

–Mənə insanlardan danışırsan? İnsanlar keçmişdə və tarixin vərəqləri arasında qaldılar. Bu gördüklərin bir karikaturadan başqa heç nə deyil.

Ayişə bunları düşünərkən qoca cəbr müəllimi çox danışma vərdişi ilə:

–Qızım, Ayişə, – dedi. – Sənin xətrini çox istəyirəm, bilirsən. Ərini də çox təqdir edirəm. Lakin nə edəsən ki, bir az da zamanın şərtlərinə tabe olmaq lazımdır. İnsan hər həqiqəti olduğu kimi deyə bilməz ki… Bu qədər cəsarət göstərməməli idi. Heyf deyil? Bütün gələcəyi məhv oldu.

Bunlar hər kəsin söylədiyi sözlər idi. Bunları dinləməkdən artıq yorulmuşdu. Həqiqətən, insanlar çox qəribə məxluqlardır. Öz ağıllarının üstünlüyünə inanaraq başqalarına öyüd-nəsihət verməkdən çəkinmirlər, lakin öz gülünclüklərini, zavallılıqlarını da heç cür dərk edə bilmirlər. Ayişə bu gün liseyə onsuz da bir əsəb imtahanı keçirmək üzrə gəlmiş olduğundan qoca cəbr müəlliminin qarşısında çox səbrli bir duruşla dayanırdı. Yəqin o biri də bunun fərqində idi və təhlükəli bir mövzunu qurdalamaqda olduğunu anlamışdı. Ayişə zorla gülümsədi:

–Həbsdən çıxdı, amma çıxmadı desəm də yalan olmaz. Çünki öz-özünü evə həbs edib. Evdən bayıra çıxmır.

–Niyə?

–İnsanlardan iyrənib. Heç kimi görməyə gözü yoxdur.

Yaşlı müəllim qüvvətli bir hissiyatı ilə bu sözlərdən özü-nə pay çıxarmışdı. Sözdə təəssüf hiss edən insanların etdiyi ki-mi dərin bir ah çəkərək yerinə oturdu. Qəzetini oxumağa getdi. Ayişə məmnun idi. O da heç kimin onu narahat etməyini istə-mirdi. Başqalarının onunla məşğul olmasından sıxılırdı. Bir küncə çəkilərək çantasından Əbdülhaq Hamidin “Məqbər” əsə-rini çıxardı. Bu səhər liseyə gələndə evdən çıxarkən çantasına bu kitabı qoymuşdu. Nə üçün “Məqbər”i seçmişdi? Bunu bil-mirdi. Bir neçə dəfə oxuduğu, bəlkə yarısını əzbər bildiyi bu ki-tabın məchul tərəfi qalmadığı halda şüuraltı bir hərəkətlə “Məqbər”i götürmüşdü. Kim bilir, bəlkə də bir mərsiyə olduğuna görə onu seçmişdi.

Oxumağa başladı. Lakin elə ikinci misrada birdən-birə dayandı:

“Könlüm dolu ahuzar qaldı”…

Qəflətən bu misradakı hüznün ürəyinə işlədiyini fərq etdi. “Məqbər”in ən qeyri-adi, hətta dil baxımından nahamar olan bu misrasında nə vardı ki, ona bu qədər təsir edirdi?

Yoxsa özü romantik əhvali-ruhiyyədə idi?

Şeirlərin nə zaman təsirli olduqları haqqında bir az dü-şündü. Düşüncələr onu ildırım sürətilə çox uzaqlara apararkən beynində bir nöqtənin işıqlandığını hiss etdi sanki. İnsanlar öz duyğularına uyğun bir misradan, bir beytdən zövq alırlar, qəmlənirlər, kədərli olurlar. Ayişə könlünü yoxladı. Bu könül ahu-zar ilə doluydu. Amma bir fərqlə ki, Hamid, öz ahu-zarını fırtınalı bir fəryad halında dünyaya və zamanlara bağıra bildiyi halda, Ayişənin ahu-zarı könlünün sərhədləri içində məhbus qalmağa məhkum idi. Onu bu qədər duyğulandıran da yəqin bir dərd ortağının olmaması, hətta dərdini eşidən bir insanın ta-pılmaması idi. Bunu kəşf etdikdən sonra təkrar kitaba qapıldı:

Könlüm dolu ahu-zar qaldı …

Bir qəlbin ahu-zar ilə dolmasının nə demək olduğunu könlü rahat olanlar anlaya bilməzdi. Bütün liseyi əhatə edən bir zəng səsi Ayişəni xatirələrindən ayırdı. Əlli dəqiqə necə keçmişdi? Axı o, hələ “Məqbər”in ilk səhifəsində idi. Bəzən sürətli, bəzən yavaş keçən bu zaman nə nisbi məfhumdu! Başını qaldıranda cəbr müəllimiylə göz gözə gəldi və müəlliminin bayaqdan bəri onu süzməkdə olduğunun fərqinə vardı. Yaşlı müəllim ona yəqin nə isə deyəcəkdi. Lakin o hələ sözə başlamadan öncə otaq qapısı açıldı və dərsdən çıxan müəllimlər bir-bir gəlməyə başladı. Bunların çoxu üç il əvvəldən tanıdığı müəllimlər idi. Ayişəni qarşılamalarında və salamlaşmalarında belə gizli bir sünilik var idi. Bəziləri sanki heç bir şey olmamış, üç illik bir fəlakət dövrü gəlib keçməmiş və bu qədər iztirab çəkilməmiş kimi davranırdılar, süni görünən yüksək əhvali-ruhiyyə ilə danışaraq onu üzürdülər. Əriylə tanış olanların onun haqqında ağız açıb bir kəlmə soruşmamaları diqqət çəkirdi. Şükür ki, bu cansıxıcı mərasim uzun müddət davam etmədi. Göstərdiyi rəsmiyyət, lazımsız hərəkət edənləri yanından uzaqlaşdırdı və əlində “Məqbər”ilə Ayişə, pəncərənin yanındakı kətilində tək qaldı. Həyətdən uşaqların səsləri gəlir, bəzi adlar tanış idi. Ayağa qalxıb bağçaya baxsa, bir çoxunu tanıyacaqdı, şübhəsiz. Lakin özünü göstərməkdən çəkinərək qalxmır, oturduğu yerdən göyə və üfüqlərə baxaraq, düşüncələrə dalırdı. Üç ildir sərf etdiyi zehni fəaliyyət onda şüuraltı hərəkətləri çox oyandırmışdı. İki şeyi birdən düşünə bilir, ilk əvvəl fərqinə varmadığı ikinci düşüncə bir az sonra bütün aydınlığı ilə özünü büruzə verirdi.

Ayişə üfüqlərə baxarkən ''Beynimdə nəsə var'' –deyə düşündü və çox keçmədən bunun nə olduğunu tapdı. Bir-iki dəqiqədən bəri bir çox qızlar müəllim otağına girir, guya müəllimlərdən nəsə soruşurlarmış kimi davranıb ona baxırdılar. Yeni bir müəllim gəldiyi vaxt təkcə maraqdan yaranan bu hərəkət bu gün başqa bir məna daşıyırdı. Ayişə bu məna ətrafında düşündü. Onu da tapdı. Bu, həsrət və ya nifrət ola bilərdi. Bunu analmaq üçün birdən-birə dözülməz bir istək hiss etdi. Bu istəklə başını çevirərək qapı tərəfə baxdı. Üç gənc qız bir müəllimlə danışır və guya özləri də fərqində olmadan onu süzürdülər. Ayişə həsrətləmi, nifrətləmi qarşılanacağını anlamaq istəyincə artıq bütün cəsarətini toplamışdı. Bu cəsarətlə qara önlüklü, ağ yaxalı qızlara baxdı və onlarla göz-gözə gəldi. Bu baxışları çox sevimli və sevincli idi. Könlü ahu-zar ilə dolu olan ədəbiyyat müəllimi, ruhunun qaranlıq hücrəsində bir işığın açıldığını və oradan da içəri işıq və sərinlik yükləndiyini hiss etdi. Gözlərini üç gözəl qızın üzlərində və saçlarında gəzdirdi. Sağda və solda dayananları dərhal tanıdı. Üç il əvvəl kiçik bir uşaq kimi arxada qoyub getdiyi bu şagirdlər dəyişərək incə, gözəl, mənalı, əndamlı gənc qızlara çevrilmişdilər. Adlarını xatırlamırdı, amma bütün halları, çalışqanlıqları, dəcəllikləri, hətta sinifdə oturduqları yerləri belə kino lenti kimi gözünün qabağından keçirdi. Bu iki gənc qız da sanki o dəqiqədə eyni şeyi düşünürmüş kimi yüngülcə gülümsədilər və başlarıyla Ayişəni salamladılar.

Ortadakı qız utancaq bir təbəssümlə baxır və ara-sıra ba-şını qabağa əyirdi. Ayişə onu da tanımağa çalışırdı, lakin xatırlaya bilmirdi. Zehnini yorarkən bəzən də az qala tanıyacaqmış kimi bir hiss yaranırdı, lakin kim olduğunu heç cür tapa bilmirdi. Rəngi uzaqdan aydın olmayan və bənövşələrə bənzəyən gözləriylə, gur və açıq qumral saçlı, lakin xüsusilə utancaq təbəssümüylə bir şeir kimi gözəl olan bu qızda, baxdıqca özünü müəyyən edən bir xüsusiyyət var idi. Ayişə bu xüsusiyyətin nə olduğunu anlamaq üçün ona baxarkən, daha doğrusu, onu araşdırarkən göz-gözə gəldilər. Bir az əvvəl utancaq və qaçaq baxışlar atan bənövşəyi gözlərin mənası dəyişdi. Yırtıcı bir hal aldı. Lakin üç ildən bəri ruh mütəxəssisi halına gələn Ayişə bu yırtıcılığın ona qarşı olduğunu anlamaqda gecikmədi. Bu sərt baxışlar ətrafa meydan oxuyurdu. Ayişə Pusat bənövşəyi gözlü qızın ona güldüyünü və içində utancaqlıqdan əsər olmayan bir rəftarla salam verdiyini görüncə birdən-birə bu məchul qıza qarşı bir sevgi hiss etdi. Özü də gülümsədi. Eyni açıq və səmimi rəftarla, verilən salamı aldı. Bir neçə saniyə içində gözlərlə aparılan bu gizli söhbəti təkcə cəbr müəllimi Rza bəy görmüşdü.

Qadın müəllimlərin, ətrafı unudacaq və görməyəcəkmiş kimi hərarətlə havadan, sudan danışdıqları bir vaxtda o, Ayişə Pusata və qızlara baxmışdı. Hər şeyi görmüşdü, nəticədən də məmnun olmuşdu. Bu məmnuniyyətin doğurduğu qeyri-ixtiyari bir hərəkətlə ayağa qalxaraq Ayişəyə yaxınlaşdı. Köhnə müəllimliyin verdiyi diqqətsiz bir rəftarla:

–Ayişə! Son siniflərə dərsin varmı?– deyə soruşdu.

–Var, bəli.

–Çox gözəl. Xüsusilə dəqiq elmlər şöbəsindən çox məmnun qalacaqsan.

Ayişə bütün müəllim otaqlarının bitib tükənməz çəkişmələr mövzusu olan dəqiq-humanitar elmlər iddiasını xatırlayaraq gülümsədi. Rza bəy bu təbəssümün səbəbini anlamışdı.

–Xeyr, xeyr! Ona görə demirəm, –dedi. Bu sinifdən həqiqətən məmnun qalacaqsan. On nəfərlik fövqəladə bir sinifdir. Xüsusilə içərilərində Aydolu, Güntülü və … və …

Bu adlar Ayişənin qulağına heç də yad deyildi və xoşuna gəlmişdi. Cəbr müəlliminin üçüncü adı tapmaqda bir az çətinliyə uğramasını fürsət bilərək onun sözünü kəsdi:

–Aydolu ilə Güntülümü dediniz?

–Bəli.

–Nə gözəl adları var?! Bacıdırlar?

–Yox, bacı deyillər. Lakin bacıdan daha yaxındılar. Bir yoldaşları daha var–Nurkan. Bu üçü bir-birindən heç ayrılmazlar. Bir az əvvəl burada idilər. Guya fizika müəllimindən söz soruşurdular, amma əslində səni görmək və “xoş gəldin” – demək istəyirdilər …

Birdən-birə Ayişənin yaddaşında hər şey təzələndi. Bayaqkı üç qızın ikisini, sağda və solda dayananların adlarını xatırlayaraq tanıdı. Günəş kimi sarı saçlısı Aydolu, şabalıd rəngli və hörgülü saçlısı da Nurkandı. Bəs ortada dayanan, bənövşəyi gözləri olan qız? Hər halda o da Güntülü olacaqdı.

–Ortada duran qızı yadıma sala bilmədim. Güntülü o idi?

–Həə, özüdür ki var … Tanımamağın təbiidir. Çünki sənin şagirdin olmadı. Sən getdikdən sonra gəldi və dərhal o biri ikisiylə yaxınlaşdı. Bu üçü siniflərinin və liseyin göz bəbəyi, iftixarıdırlar. Amma bütün dərslərdən belədir.

Sonra işi zarafata vurdu:

–İnşallah bunları şeir dəryasına qərq edib dəqiq fənlərə laqeyd eləməzsən …

Yeni dərsin başlanması xəbərdarlığını bildirən zəng səslənəndə Ayişə təkrarən öz daxili aləminə getmişdi. Çox dərin bir rahatlıq duyurdu. Məktəbin ən yaxşı üç şagirdinin göstərdiyi rahat münasibət necə qarşılanacağını müəyyən edirdi. Demək ki, gənc qızların könüllərində vəfa duyğusu silinməmişdi.

Güntülü, onu ilk dəfə gördüyü halda ən səmimi rəftarı ilə salam vermiş, bu salamı verərkən ətrafın nə düşünəcəyinə önəm verməmişdi, hətta ətrafa da meydan oxumuşdu. Özlərini tək və kimsəsiz hesab edənlər, ətraflarında dost gördükləri za-man necə bir fövqəladəlik hiss edirlərsə, Ayişə də onu duyur, könlünün ahu-zar ilə dolu olmasına baxmayaraq həyatdan zövq ala bilirdi. Yasamaqdan aldığı zövqü düşünmək, Ayişəyə birdən-birə ərini xatırlatdı və onun bu zövqü əbədiyyən itirdiyi fikri ilə içi sızıldadı. Fəlakətlər və kədərlər kimi xoşbəxtliklər də ötəri idi. İçində fərəh duyğusunun yaranması ilə könlünün qa-ralması bir olurdu və həmişə belə davam edib gedirdi. Görəsən, indi əri nə edirdi? Hər halda evdə bir küncdə üfüqə melanxolik baxışlara baxaraq xəyala dalmışdı. Yaxud otaqda aram-aram addımlarla gəzişirdi. Bəlkə də hərb tarixinə aid kitablara başı qarışmışdı. Ayişə birdən-birə içinin mərhəmətlə dolu olduğunu hiss etdi və

–Yazıq Səlim – deyə bildi.

Səlim Pusat üç il əvvələ kimi orduda uğur qazanmış yaxşı bir yüzbaşı idi və Hərbi akademiyanın son kursunda təhsil alırdı. Əsgərliyi bir peşə kimi yox, bir inanc kimi qəbul etmişdi. Ona atasından və babasından miras qalmış əsgərlikdən başqa heç nəyi düşünməzdi. Onun üçün insanlar əmr edənlərlə əmr edilənlərdən ibarət idi və həyat deyilən o məfhum, süngü taxıb nişangahda dayanmaqdan başqa bir şey deyildi. Səlim Pusat, görünüşə görə parlaq gələcəyə namizəd idi. İfrat düşüncələri, inandığı fikirlər uğrundaki stabilliyi üzündən özünü məhv etdi. Çünki o, monarxiya tərəfdarı idi və respublika rejimi ilə idarə olunan bir məmləkətdə monarxist olmağın doğuracağı təhlükələri vecinə almırdı. Hərb tarixini dərindən mənimsəmişdi və bu, onu kralçılığa aparmışdı. Yüzbaşı Səlim Pusat qəlbən inandığı inancını heç kimsəyə anlatmırdı. Amma heç kimdən də gizlətmirdi. Ona görə əsas məqsəd hərb sənəti idi və krallığı da hərb sənəti üçün yaxşı bir inkişaf mühiti deyə qəbul edirdi. Lazımsız yerə danışmağı, soruşulmadan fikir irəli sürməyi sevmədiyi üçün monarxist olduğunu söyləməyə imkan tapa bilməmişdi.

Amma heç kimdən də gizli bir şeyi olmadığı üçün bunu gizlətməyə də ehtiyac duymurdu. Bir əsgərə əsla yaraşmayan hərəkət kimi yalan deməli olsaydı, onda seçiləcək bir çox peşə tapılardı. Səlimin fəlakətini hazırlayan şey Hərb Tarixi dərslərinin birində istifadə etdiyi bir cümlə olmuşdu. Türkiyənin qəhrəmanı Qazi Osman Paşa haqqında danışanda onun haqqında dediyi ''Türk Hərb tarixinin son böyük simasıdır'' – cümləsi fırtınanı qoparmışdı. Müəllimləri olan polkovnik, vəzifələrin mübahisəsi edilərkən bu cümlədəki fikri şiddətlə və Qazi Osman Paşanı alçaldacaq şəkildə tənqid etmiş, bir əsgərə yox, bir siyasətçiyə, bir təriqət adamına yaraşan bir dillə bu cümləni düzəltməyini ondan açıq-aşkar tələb etmişdi. Yüzbaşı Səlim Pusat gəldiyi qənaətdə səmimi idi. Bir adamın xəbərdarlığı ilə fikir dəyişməyin nə qədər axmaq bir hərəkət olduğunu başa düşürdü. Ömürboyu heç vaxt yolundan geri dönməmiş, bəlaya doğru addımlayarkən belə peşmanlıq hiss etməmiş və hərbi əxlaq, düşüncə kimi prinsiplərə möhkəm bağlanmışdı. Onu heyrətdə qoyan şey, indiyə kimi tam bir hərbçi kimi tanıdığı polkovnikin birdən-birə dəyişməsi, bir təbliğatçı səviyyəsinə düşməsiydi. Fikrini dəyişdirməsi haqqında tələbi, hərbi tərbiyənin xaricinə əsla çıxmayan sərt bir səs və hərəkətlə rədd etmiş:

–Bəli, cənab polkovnik! Hərb sənəti baxımından son böyük əsər “Plevnənin müdafiəsi”dir–demişdi.

Polkovnik hirslənmişdi. Onu tutmaq üçün tələsik daimi taktikasını istifadə etməkdən çəkinməmişdi.

–Çanaqqala və Sakaryanı xatırlayırsanmı?

–Çanaqqala qəhrəmanların, Sakarya zabitlərin zəfəridir. Bu müharibələrdə sərkərdəlik sənətinin rolu azdır.

–Bu iki döyüşdə qalib gəlməsəydik nə olardı, heç düşünmüsən?

–Çox düşünmüşəm, pokovnik. Çanaqqala ilə Sakaryanın hərbi nəticələri yox, siyasi nəticələri mühüm olub. Dərsimiz hərb sənəti olduğuna görə hökmləri hərbi düşüncə ilə verməyin daha doğru olacağını düşündüm!

Otuz nəfərlik sinif bu mübahisəni böyük bir diqqətlə dinləyirdi. Səs çıxarmasalar da bir qisminin polkovnikə, bir qisminin də Səlim Pusata haqq verdiyi üzlərindəki mimikadan aydın oxunurdu. Yüzbaşıyla polkovnikin polemikası bir müzakirə olmaqdan çıxmışdı, söz döyüşü halına gəlmişdi. Dərs otağında elmi bir məsələ üzərində fikir yürütməyə və etiraz etməyə icazə olsa da bu qədəri hərbi intizama zidd idi. Səlim Pusat hər hücumu çəkinmədən qarşılayırdı. Hərbi liseyin şagirdi olduğu zamandan bu vaxta qədər onun sahib olduğu bu mübarizə ruhuna görə çoxları, hətta yaxınları da onun əsl adını bilmirdilər, hamı onu “Pusat” kimi xatırlayırdı. İndi qarşısındakı polkovnik müzakirəni başqa bir məcraya sürüyərkən bunu da qəbul edir, hücum hansı cəbhədən gəlirsə gəlsin, dərhal qarşı cəbhə almaqdan və əks hücuma keçməkdən çəkinmirdi.

Türkiyə ilə Çanaqqala və Sakarya savaşlarında başlayan gərgin mübahisə Mohaç, Çaldıran, Kosovo və Niybolu döyüşlərinə kimi uzandı. Sonra polkovnikin hirs və istehza içində:

–Qərargah zabiti olacaq bir müdavim padşahlıq dövrünün həsrətini nə qədər çəkirmiş. Bu quruluşa and içmiş olduğun halda tam bir monarxist kimi danışırsan, – dedi, bununla da söhbətin ən böhranlı nöqtəsinə çatdı.

Pusatın sinifdəki dostları, onun bu sözə verəcəyi cavabla məhv olacağını anlamaqda çətinlik çəkmədilər. Səlim hələ əsas vəziyyətində olduğu halda ən sərt əda ilə:

–Bəli, cənab polkovnik! Bu rejimə and içmiş olduğum halda fikirlərimlə kralçıyam. Çünki birinci sinif əsgərlər ancaq krallıqlardan çıxır. Siz də vaxtilə krallığa sədaqət andı içdiyiniz halda bu gün respublikaçı görünürsünüz, – deyə cavab verdi.

Bu cavab o ana kimi davam edən əsgəri nizam-intizamının pozulması üçün kifayət idi. Bütün sinif ayağa qalxmışdı. Şüurlar dayanmış, yerini qəzəb tutmuşdu. Qarşılıqlı sərt sözlər də söylənmişdi. Vəziyyət çox ağır idi. Bu vəziyyəti bir neçə dəqiqə sonra Hərb Akademiyasının Komandiri general da eşitmişdi, bir yüzbaşı nəzarətində olan əli süngülü dəstə sinfə gələrək hadisəni polkovnikdən dinləmişdi. Yüzbaşı Səlim Pusatla birlikdə, mübahisədə onun tərəfini tutan yüzbaşı Şərəfi də həbs edib iğtişaşda ittiham edərək, səkkiz zabiti də ev dustağı edərək məsələni rəsmi şəkildə həll etmişdi. Polkovnik, hadisəni çox şişirdilmiş bir şəkildə izah etmişdi. Ona inansaq, yüzbaşı Pusat vətən xaini hesab edilməli idi. Necə ki, ümumi fikir də bu istiqamətdə idi. O, bir həyasız, bir vətən xaini, bəlkə də bir cəsus idi. Bu qədər cürətli olması üçün mütləq bir xarici qüvvəyə arxayın olmalı idi. Sinifdəki tərəfdarlarının çoxluğu da ağıl sahibləri üçün gizli bir təşkilatın mövcud olmasını şübhəsiz edirdi. Bunların yox edilməsi milli və vətəni bir borc halına gəlmişdi …

IV FƏSİL

Yüzbaşı Pusat günlərlə sorğusuz-sualsız bir otaqda məhbus qaldı. Ay sonunda maaşını vermədilər. İğtişaşda ittiham edildiyi üçün heç kimlə görüşməyinə icazə vermirdilər. Qəzet və kitab oxumasına da mane oldular. Bunlara əhəmiyyət vermirdi. Ən çox kədərləndiyi məqam hərbi tərbiyənin azal-ması idi. Həbsxanada məmur olan zabitlər arasında rütbəcə on-dan kiçik olanlar qapını açdıqları zaman hərbi salam vermirdilər, hətta qapıda dayanan süngülü əsgərlər belə eyni hörmətsizliyi göstərirdilər. Bu qayğılar arasında yoldaşıyla oğlunu düşünəcək vaxt tapa bilmirdi. Ayişə hər gün gələrək ona bir az yemək gətirirdi, lakin görüşə imkanı olmurdu. Bir gün Ayişənin gətirdiyi paltar paketi Pusat üçün ölüm zərbəsi oldu. Paltarları üç gün əvvəlki bir qəzetə bükülmüşdü, qəzet oxuması qadağan olduğu halda keşikçilər necə olmuşdusa diqqət etməmişdilər. Qəzeti elanlarına kimi oxuyaraq gizlətmək, hətta sonundakı krossvordu da həll etmək heç də pis olmazdı. Lakin bu məşğuliyyət üçün fürsət qalmadı.

Çünki ilk səhifənin ortasında böyük hərflərlə yazılmış ''Səlim Pusat Məsələsi'' başlığı birdən-birə şiddətlə gözünə dəydi. Sətirləri oxuyarkən əvvəl çaşdı. Sonra dəhşətli dərəcədə hirsləndi. Qan beyninə vurmuşdu, üzü yanırdı. Daha sonra də-rin bir bədbinliyə düşdü. Hər halda qanı çəkilmişdi ki, bu ilıq bahar havasında üşüyürdü.

Qəzetin etibarlı mənbədən alınan xəbərlər deyə həyə-canla anlatdığı cümlələr başdan ayağa yalan, böhtan və təhrifdən ibarət idi. Pusat ömründə ilk dəfə özü özündən şübhə etdi, görəsən, səhv anladımmı? –deyə qəzeti bir daha oxudu. Xeyr, səhv anlamamışdı. Hətta az anlamışdı. Çünki bu qəzet məmləkətdə quruluşu dəyişdirmək üçün edilən xain təşəbbüsdən, xarici qüvvələrlə işbirliyindən bəhs edir və bu təşəbbüsü səbəbkarı kimi Yüzbaşı Səlim Pusatı, ən yaxın yoldaşı olaraq da kapitan Şərəfi hədəf göstərirdi. Tanıdığı və tanımadığı bir çox adlar çəkilir, bir çox evlərin axtarıldığından danışılırdı. Bundan başqa xəbərin sonunda Ayişə Pusatın da istintaqa çağrıldığı və liseydəki işindən çıxarıldığı bildirilirdi.

Pusat qəzeti yatağına ataraq kiçik otağında gəzişməyə başladı. Bir çox insan kimi o da gəzişdiyi zaman daha yaxşı dü-şünə bilirdi. Lakin bir müddət sonra anladı ki, bütün səylərinə baxmayaraq artıq bir şey düşünə bilmir, mühakimə etmək qa-biliyyətindən məhrum olub. Bu gözlənilməz zərbə onu key kimi etmiş, beynini uyuşdurmuşdu. O vaxt özünün bir qərargah namizədi olduğunu, bir zabit üçünsə çaşmağın qadağan olduğunu xatırladı və dəmir barmaqlı kiçik pəncərədən üfüqlərə dərin dərin baxdıqdan sonra:

–Ordusu bütünlüklə düşmən tərəfinə keçən bir qərar-gah rəisi nə edə bilər? – deyə düşündü.

***

Ertəsi gün səhər “nə olursa-olsun” –deyib bir təşəbbüs göstərdi. Bir nəfər tapıb, ona pul verərək o günün qəzetini gizlicə aldırdı. Bununla da zərbə tamamlanmışdı. Dünən oxuduğu sətirlərə, “həyasız bir jurnalist saxtakarlığı” deyə baxmaq ümidi, onun vətən xaini olduğu haqqında rəsmi təbliğatı gördüyü zaman tamamilə qırılmışdı. Pusat bunu oxuyunca, ən zəif yerindən ölümcül yara alan insan kimi göylərə baxaraq Allahı axtardı. Boşluqdan başqa heç nə yox idi. İçində dəlicə duyğuların baş qaldırdığını hiss etdi və milyonlarla insana qarşı təkbaşına vəhşicəsinə döyüşmək üçün qorxunc bir ehtiras hiss etdi. Təəssüf ki, döyüsə bilmək səadətindən də məhrum idi… Böyük bir uğultu eşidirdi. Bir çox mühərrikin birlikdə işləməsindən doğan bir səs kimi bu uğultu onu az qala kar edəcəkdi. Bu səsin haradan gəldiyini anlamaq üçün pəncərədən görünən tərəflərə baxdı. Heç nə görünmürdü. Bu səs-küy insanlıq, kişilik, əsgərlik kimi üç böyük məfhumun çökməsindən gəlirdi və bu yığınlar altında qalan şərəf və ləyaqət heykəlləri bir heç olaraq ortadan qalxırdı. Xəstə deyildi. Amma başında bir atəş vardı. Heç nə düşünmədən aram-aram addımlarla gəzişdi. Düşünmür, lakin beyni fasiləsiz fəaliyyətdən yorulurdu. Yatağına çox gec uzanmasına baxmayaraq, beyninin bu qızdırmalı fəaliyyəti davam etmişdi. Yuxu ilə oyaqlıq arasında, yatdıqca yorularaq saatlar keçirdi. Bu vəziyyətdə yavaşca qapı açıldı. Ayişə ağ paltar geyinmişdi, Tosunun əlindən tutub içəri girdi. Üzünə kölgə düşdüyünə görə siması aydın seçilmirdi. Pusat, içi hüznlə dolu halda gözlərini açdı. Bir anlıq xoşbəxtlik çox tez tükəndi. O zaman Ayişə ilə Tosun üçün dözülməz bir şəkildə darıxdığını anladı və dünyada bir qadınla bir uşaqdan başqa heç kimi qalmadığını düşünərək təkliyi qarşısında sarsıldı. O səhər otağa gələn inzibatçı leytenant, Pusata əsgər salamı verdiyi zaman artıq qarşısında bir yüzbaşı deyil, yaralanmış, iyrənmiş, kin ilə dolmuş bir adam var idi.

–Bir əmriniz varmı, yüzbaşı?

–Xahiş edirəm, leytenant, mənə artıq belə xitab etməyin və məni salamlamayın!.. –bunu söyləyərək qəzeti göstərdi. Leytenant onun hər şeyi bildiyini anlayaraq bir az çaşdı və deyəcək söz tapa bilmədi.

Pusat brend markalardan olan qızıl saatını leytenanta uzatdı:

–Bunu satdırmağınızı və pulunu yüzbaşı kimi yox, aqibəti aydın bir məhbus kimi mənə gətirməyinizi xahiş edirəm.

Leytenant haldan anlayırdı. Onu üzməyəcək bir cavab verdi:

–Yaxşı əfəndim! ..

–Bir də zövcəm gəldiyi zaman artıq hər gün mənə yemək daşımaq üçün zəhmət etməməsini, ehtiyaclarımın buradan təmin edildiyini bildirin.

–Yaxşı, əfəndim!

–Təşəkkür edirəm.

–Bir şey deyil, əfəndim.

Yalnız qaldığı zaman Pusat özündə bir dəyişiklik hiss etdi. Ömründə ilk dəfə idi ki, özünü düşünürdü. Vəhşi fırtınadan dənizə düşən insan kimi ümidsiz idi. Lakin özünü xain dalğalara təslim etməyəcək, çox uzaqdakı torpağa çatmaq üçün mübarizə aparacaqdı.

Bəs Ayişə? O, necə mübarizə aparırdı? Onun nə günahı var idi ki, işdən çıxarılır və kiçik bir uşaqla birlikdə səfalətin qu-cağına tərk edilirdi? Bunlar hansı haqq, hansı vicdan, hansı qa-nun, hansı məntiqlə edilirdi? Pusat yenə ömründə ilk dəfə pul haqqında düşündü. Haqsız yerə onun maaşını verməmişdilər, yoldaşını isə haqsız yerə müəllimlikdən çıxarmışdılar. Bu şərtlər içində pul ehtiyacı birdən-birə özünü göstərir və pul kimi alçaq bir şeyə möhtac olmaq da onun qürurunu zədələyirdi.

İnzibatçı leytenant qızıl saatı satıb pulunu gətirəndə ondan Ayişənin vəziyyəti barədə izahat aldı. ''Nazirliyin əmrinə verilməyin'' nə demək olduğunu və Ayişənin dörddə bir nisbətində aylıq maaş ala biləcəyini öyrəndi. Saatın pulunun bir hissəsini inzibatçı leytenanta verərək Ayişəyə aparmasını, eyni zamanda saatın satıldığını, özünün maaş ala bilmədiyini demə-məyi xahiş etdi. Lakin bu taktika də boş idi. Leytenant pulu geri gətirmişdi.

Ayişə onun pula ehtiyacı olmadığını bildirir və yenə hər gün gələcəyini deyirdi. Ayişə hər şeyi bilirdi. Pusatın maaş al-madığından da xəbəri var idi. Bu vaxt Səlim görəcəyi bir işi qalmayan və müqəddəratını gözləyən insanların səssizliyi ilə çarpayısına uzandı. İnsanların bu qədər çirkinləşdiyi bir əsrdə dünyaya gəldiyinə görə talehinə lənət edərək istirahət etmək və özünə gəlmək istədi. Qərargah rəisi kimi yetişməkdə olduğundan tez bir qərara gəlməyi bacarırdı. Necə ki, bir az sonra qərara gəlmişdi və buna görə də bir az da olsa rahatlıq tapmışdı. Kameranın qapısı açılanda və içəri bir mayor girəndə, Pusat yerində uzanaraq ayaqlarını çarpayının dəmirlərinə söykəmişdi. Xırda-xırda fit çalırdı. Mayorla göz-gözə gələndə də vəziyyətini dəyişdirmədi. Bir üst rütbəliyə qarşı edilən bu hörmətsizlik daha bir neçə gün əvvələ kimi onun əsla bağışlamayacağı, hələ şəxsən özü tərəfindən ediləcəyini ağlına belə gətirə bilməyəcəyi bir davranış idi. Amma əsgərlik məsələsi öldükdən və ölkə üçün gözünü qırpmadan ölümə getmək iqtidarında olan, onun kimi bir əsgərə “vətən xaini” damğası vurulduqdan sonra artıq hərbi intizam, üstlük, rütbəlilik deyilən məfhumlar dəyər kəsb eləmirdi.

Mayor təhqirə uğradığının fərqində idi. Lakin Pusatın gözlərindəki kinli işıq və baxışlarındakı cürət onu susmağa məcbur etdi və qısaca:

–Hazırlaşın. General gəlir, çıxacaqsınız, –dedi.

Başqa vaxt olsaydı, generalı gözlətməmək üçün ən böyük sürətlə hazırlaşıb ''Hazıram, mayor!'' –deyə cavab verərdi. İndi, bəlkə qəsdən elədiyi bir ağırlıqla hazırlanır və pencəklə papaq geyməkdən ibarət olan bu hazırlığı görə-görə Hərbi məktəb marşını ağzında oxuyurdu. Hazırlanması bitən kimi mayorla bir-birilərinə baxdılar. Bu baxışmada xoşniyyətdən bir zərrə belə yox idi. Bir-birilərinə hücum etməyə hazır iki düşmən kimi idilər. Pusat heç bir söz demədən həyasız bir rəftarla öndən getdi və mayor onu təqibə məcbur qaldı. Güllə qatarını gəzdirən və süngülü əsgərlər də onların arxasınca gəlirdi.

Ordu müfəttişinin otağına girdikləri zaman verdiyi sa-lamın içində hərbi ruh və sərtlikdən əsər qalmamışdı, özü də bu salam onun rütbəsinə deyil, yaşına verilmişdi.

Yaşlı zabit qaşqabaqlı sifəti, çatılmış qaşlarıyla onu sü-zür, topuqlarını birləşdirərək, əsas əsgəri salam vəziyyətini al-mağını gözləyirdi. Özünə qarsı hörmətsizlik görməsəydi, bu yüzbaşıya qarşı yumşaq davranacaqdı. Amma görünürdü ki, Busat sanki zorla bəlanı çağırır, davakar baxışlarla baxır, duruşunu düzəltmir, aradakı böyük rütbə fərqini nəzərə almaq istəmirdi. General, həqiqətən, hirslənmişdi. Qərargah sədrinin və mayorun yanında bir yüzbaşıdan hörmətsizlik görmək ağırına gəlmişdi. Sərt bir səslə'' Yüzbaşı! Vəziyyətini düzəlt!'' –dedi. Pusat bu xəbərdarlığı heç vecinə də almadı. Gözlərini generalın gözlərinə dikərək cavab verdi. Bəzən sözlə ifadə edilməyən şeylər gözlərlə daha aydın ifadə edilir. İndi belə bir anda idilər. Bəzən sərt baxmasına baxmayaraq hörmətli olan gözlər bəzən ən nəzakətli baxışlarla qarşısındakını təhqir edə bilər. İndi belə bir anda idilər.

General bu yumşaq, lakin israrlı baxışlardan narahat olaraq daha sərt bir səslə qışqırdı:

–Sənə deyirəm, yüzbaşı! Vəziyyətini düzəlt!

Pusat yumşaq və sakit bir səslə cavab verdi:

–Mənim vəziyyətimin düzələcək bir tərəfi qalmayıb, general! ..

Bu əda və bu cümlə ordu müfəttişini dəli elədi. Ona “general leytenant” – deyə müraciət etməli ikən “general” –deyə müraciət edir və bunu bir mülki şəxslə danışan adi vətəndaş kimi söyləyirdi.

İrəliyə doğru kəskin bir addım atdıqdan sonra üzü qıpqırmızı qızarmış vəziyyətdə qışqırdı:

–Məni təhqir edirsən! Vəziyyətini düzəlt!

–Bir vətən xainindən hörmət gözləməyin, general!

Eyni sakit səslə verdiyi bu cavabdan sonra cibindən bir dəsmal çıxardı və alnını sildi.

Bütün sakitliyinə baxmayaraq həddini aşan rəftarı qarşısında bir an nə edəcəyini çaşan, hətta tapançasını çəkib onu vurmağı belə düşünən ordu müfəttişi birdən “vətən xaini” sözlərindən sonra dayandı. O, qarşısında çox böyük günah işləmiş bir zabit görməklə yanaşı vətən xainliyini heç nəzərə almamışdı. O, qəzetlərin yazdıqlarının, hökumətin rəsmi təbliğinin nə mənaya gəldiyini düşünmürdü. Hər şey Hərbi tribunalda aydınlaşmalı idi. İndi bu gənc yüzbaşı “bir vətən xainindən hörmət gözləməyin” – deyəndə bu söz generalın diqqətini çəkdi və soruşdu:

–Hansı vətən xainliyi? Nə demək istəyirsən?

Söhbətin bu yerində Pusat soyuqqanlılığını qoruya bil-mədi. Ən dözümlü insanın belə qəbul edə bilməyəcəyi şeylər var. Bütün ömrüncə Vətən və şərəf anlayışları üçün yaşayan bir insana “vətən xaini” demək, onu dəli etmək, hər şeyin inkarına yol açmaq, bu böyük böhtan qarşısında susanlar da daxil ol-maqla hər kəsə kin bəsləməsinə səbəb olmaq demək idi.

Bəli!… Artıq soyuqqanlılığını mühafizə edə bilməzdi. Artıq əlləri şalvarının zirehinə yapışmış halda danışacağı gün-lər deyildi. Generalın stolunun üstündəki qəzetə doğru şəhadət barmağını uzadaraq sərt bir səslə:

–Qəzetləri oxumamısınızmı, general? – deyə qışqırdı. General çaşıb qalmışdı. Yola gətirə bilmədiyi tabeliyində olan bir əsgərin hərbi intizam və tərbiyə xaricində danışması onu çaşdırmışdı.

–Qəzetdən sənə nə? –deyə cavab verdi.

Pusat acı-acı gülümsədi:

–Nəəə?!… Deməli, mən öz şərəfimlə maraqlanmamalıyam?! O rəsmi təbliğatdan sonra insanlığın və şərəfin boş məfhumlar olduğunu anlamışam. Onun üçün qarşınızda istədiyiniz kimi dayana bilmirəm …

Bunu söyləyərək kobudluğunu bir az daha artırdı. Dəsmalı ilə alnının tərini siləndə sonra əllərini arxasına apararaq qovuşdurdu. General bunu görməməzlikdən gəlməyə məcbur idi. Çünki qarşısında hər şeyi qəbul etmiş, hər nəticəni gözə almış bir dəli var idi. Amma bu o demək deyildi ki, yüzbaşının içindən nələrin keçdiyi ilə maraqlanmırdı:

–Sən, şərəfinə bu qədər bağlı olduğun halda, nəyə görə monarxiyanın tərəfindəsən?

–Monarxiya şərəfsizlikdir? O halda siz və bütün yüksək rütbəlilər də şərəfsizsiniz. Çünki siz, indi əleyhinə olduğunuz krala vaxtilə sədaqət andı içmişdiniz. Ömründə bir dəfə şərəfsiz olan bir insanın sonra yenidən şərəfli olduğuna inanmıram. Mən isə bu fikrə ixtisasımın verdiyi bir nəticə ilə gəlmişəm. Bu fikrimi də sırf məndən bu barədə soruşulduğu üçün, yalan söy-ləməmək üçün bildirdim .

General, bu açıq-aşkar sözlərdən sonra hövsələdən çıxdı. Qorxunc bir səslə qışqırdı:

–Tərbiyəli ol, yüzbaşı! Qanına susamısan? Hələ də əsgər olduğunu unutma!

Pusat səsini qaldırdı:

–Əsgərlik öldü, general! Hiyləgər siyasətçilərə məhz hərbi geyimdə olduqları üçün əsgər deyə bilmərəm! Əsgər ol-duqlarını qapıda dayanan inzibatçı leytenantlara da öyrədin. Hərbi geyimli siyasətçilərdən aldıqları əmrlə mənə – yüzbaşı Səlim Pusata əsgər salamı vermirlər. Yüzbaşı Səlim Pusat da onlardan aldığı dərsi özündən rütbəcə böyüklərə tətbiq etməkdən başqa bir iş görmür.

Çox danışmaq əbəs idi. Pusat otağına göndərildi və o andan etibarən ona qarşı daha sərt münasibət tətbiq olunmağa başladı. Onu daha kiçik bir otağa, hücrə deyilən dar bir dəliyə saldılar. Bura havasız, günəşsiz, pis bir yer idi. Bu rəftar və insanların bütün şərəfsiz münasibətindən sonra artıq onun ruhu ölmuşdu. Ruhsuz bir cəsəd üçün isə kədərlənməyə dəyməzdi. Möhkəm nəzarətə baxmayaraq ara-sıra gələn qəzetlər vasitəsilə haqqında yazılanları oxuyur, bu qədər çox namussuz insan və şərəfsiz qələmin olduğunu indiyə kimi hansı bir qəflətlə anlamadığına heyrətlənirdi Bu ajiotaj, bu fırtına onun şəxsi fikrini ortya qoyduğu üçün yaranmışdı, ona böhtan atanlar çoxları tərəfindən riyakar bir jestlə alqışlanır və onu yalan, böhtan, iftira tufanında boğmaq istəyirdilər. Pusat ayaqda dimdik dayanırdı. Solğun və zəifləmiş olmasına baxmayaraq bütün bu qaragüruhla təkbaşına bir ölüm-dirim döyüşünə hazır idi. Lakin bu imkanı tapa bilmədi. Hərb Divanı məhkəməyə başlayanda, ordu müfəttişiylə arasındakı sərt danışığın cəzası kimi əllərinə qandal vurulmuşdu. Biləklərə taxılmış bir iftixar medalı kimi qandalları daşıyaraq, dodaqlarında kinli bir təbəssüm, gözlərində lənət oxuyan bir parıltı ilə məhkəmə salonuna girərkən baxışlarıyla ətrafı araşdırdı. Ayişə orda idi. Həzin baxışlarla onu süzür və ətrafı bürüyən düşmən kütləsinə qarşı göstərdiyi əda ilə onun yanında olduğunu bildirməyə çalışırdı. Yüzbaşı Şərəf, eynilə onun uğradığı təhqirlərə məruz qalmış olduğunu ifadə edən çox ağır və ciddi bir üzlə uzaqlara baxır, daha sərbəst olan o biri səkkiz zabit isə əksinə, narahat görünürdü. Çünki onların itirmək kimi qazanmaq şansları da var idi. Məhkəmə sözdə ictimai idi. Lakin məhbus zabitlərin yoldaşlarıyla analarından başqa heç kim içəri buraxılmamışdı. Dinləyici sırasını inzibatçı zabitlərlə kralçılığa düşmən serjantlar və generallar, bir də mülki polislərlə Milli Təhlükəsizlik məmurları doldururdu.

Küləkli, sərin, qəmli bir gün idi. Salonun açıq pəncərələrindən girən meh bürkülü mənəvi havanı yüngülləşdirirdi. Prokuror ağla gəlməz uydurmalar və bənzətmələrlə dolu iddianaməsini oxuduğu zaman şübhəlilər məmləkətə krallığı geri gətirmək üçün gizli cəmiyyət qurmaq və ordunu buna alət etməkdə ittiham olunduqlarını öyrəndilər. Sorğular tez aparılırdı.

Səlim Pusatla Şərəf qəti, qısa, sərt cavablar verirdilər, oyunbazlıq etmirdilər, hərbi tərbiyənin tələbinə hörmət göstərmirdilər. O biri səkkiz adam hərbi tərbiyənin şərtlərinə riayət edirdilər. Onsuz prokuror da onlar üçün yüngülləşdirici səbəblər irəli sürmüşdü. Səlimlə Şərəf üçün istənilən cəza çox ağır idi. Həftədə üç gün keçirilən məhkəmə, prokuror ilə Səlim və Şərəf arasındakı sərt münaqişələrlə davam edir, hakimlər də bitərəf olduqlarını unudaraq bu müzakirələrə prokurorun xeyrinə müdaxilələr edirdilər. Bəzən monarxiya və respublika quruluşları barədə akademik bir çıxış başlayır, o zaman iki vətən xaini yüzbaşı ittihamçılarla prokuroru ağır vəziyyətdə qoyurdular. Onlar hər şeyi qəbul edirdilər, lakin monarxiyanı qaytarmaq, gizli cəmiyyət qurmaq, düşmənlə əməkdaşlıq iddialarını şiddətlə, əsəbiliklə, qarşılarındakıları təhqiredici ədalarla rədd edirdilər. Səlim hakimlərə:

–Padşahlıq tərbiyəsiylə yetişən və sədaqət andı içən siz-lərin də ürəkdə hələ monarxist olduğundan əminəm – deyəndə Şərəf onun fikirlərini “Monarxiyaçı olmaq üçün tarixin ən möhtərəm simaları barədə bir dəfə düşünmək kifayətdir”, – deyə tamamlayırdı. Müzakirələr bəzən cığırından çıxaraq xırdalıqlara batır və hakimlərin, xüsusilə, iki yüzbaşının zəif nöqtələrindən tutmaq üçün etdikləri təşəbbüs halında uzanıb gedirdi.

Ayişə həyəcanla bunları dinləyir, lakin Səlimi fikrindən döndərməyin qeyri-mümkünlüyünü bildiyi üçün səbirli davranırdı. Hansı suallara Səlimin nə şəkildə cavab verəcəyini bilirdi.

Onu maraqlandıran cəhət məhkəmənin necə bitəcəyi idi.

Bu son təkcə onlar üçün yox, ədalət və əxlaq üçün də çox faciəvi olmuşdu: Səlim və Şərəf hərəsi on beş ilə məhkum edilmiş, digər səkkiz adamın bəziləri yüngül cəzalarla, bir-ikisi də bəraətlə bu işdən yaxalarını qurtarmışdılar. Hərbi Məhkəmə daha cəzanı təsdiq etmədən tələsik və qəsdli bir mərasimlə ikisinin də paqonları sökülmüş və zindanlara aparılmışdılar.

Lakin necə oldusa naməlum səbəbdən, (yəqin Allahın bir müdaxiləsiydi) Ali Məhkəmə, qərarı kökündən pozdu. Baş-qa hakimlər qarşısında aparılan və çox tez bitirilən məhkəmədə iki yüzbaşının həddindən artıq nizam-intizamdan kənar mad-dələr üzrə iki ilə məhkum edib, vətənə xəyanət maddəsindən bəraət etdirdi.

Lakin onların işi bununla da bitmişdi. Həbsdə iki ildən çox yatmış və zabit kimi girdikləri həbsxanadan işsiz-gücsüz bir insan kimi çıxmışdılar.

İkisi bir neçə dəfə görüşdükdən, lakin heç bir şey da-nışmayaraq dalğın baxışlarla susandan sonra yer üzündə heç kimi olmayan Şərəf bir gün Pusata qısa bir yazı göndərərək in-tihar etdi. Göndərdiyi kağızda ''Teatr bitdi. Gözləməyə ehtiyac görmürəm,'' – deyə yazılmışdı.

Pusat yoldaşı üçün heç bir mərasim keçirmədi. Pul ilə tutduğu üç adama özü də qoşularaq onun tabutunu ən yaxın qəbiristanlığa kimi şəxsən apardı. Tabut qəbrə qoyulduqdan sonra üstünə kiçik bir bayraqla bir kitab qoydu. Məzarın torpağını təkbaşına doldurandan sonra baş hissəsinə bir taxta parçası bərkitdi. Taxtanın üstündə “Dostum Şərəf” sözləri yazılmışdı …

V FƏSİL

Ayişə keçmişi bir kino filmi kimi gözlərinin qarşısından keçirən fikirlərdən ayıldığı zaman dördüncü dərsin zəngi çalınmışdı. Birinci müavin peyda olaraq məcburi bir təbəssümlə: “Gedək, Sizi sinfə təqdim edim,” –dedi.

Sonra Ayişəyə nə isə eşitdirmək ehtiyacı hiss edərək:

–İndi dəqiq elmlər şöbəsində dərsiniz var. Bu sinifdən çox məmnun qalacaqsınız. Çox yaxşı qızlardır. Dərslərindən başqa bir şeylə məşğul olmazlar, –deyə əlavə etdi.

Ayişə Pusatın bu sözləri ilə özünə padşahlıq təbliğatı et-məməsinin xəbərdarlıq olunduğunu anlayırdı. Hərçənd onun bu kimi işlərlə heç bir əlaqəsi yox idi, amma ərinə qarşı sürülən ittihamların izi ağıllardan hələ silinməmişdi, əri başqa səbəb-lərlə həbsdə olduğu halda belə hamı kor-koranə, onun əley-hinə aparılmış təbliğata inanmışdı.

Ayişə özünü birinci müavinin eyhamını anlamamış kimi göstərdi. Birlikdə son sinfin dəqiq şöbəsinə tərəf getdilər.

On qız birdən ayağa qalxdı. Hamısı şirin və ciddi qızlar idi. Lakin gözlərinin içi gülürdü. Baş müavin qaraqabaq bir rəftarla Ayişəni təqdim etdi:

–Yeni ədəbiyyat müəlliminiz … Çox çalışın və ondan is-tifadə edin …

Bu tanıtma nə qədər də soyuq və kobud idi. Yeni mü-əllimin adı belə çəkilmədi. Qızlar səssizlik içində birinci müavi-nin getməyini gözlədilər və o gedənə kimi ayaq üstə dayandılar. O zaman Ayişə oturmaları üçün işarə verdi və bayaqdan bəri gözləriylə gülən qızlar bu səfər dodaqlarıyla yüngülcə və nəzakətli bir şəkildə gülümsədilər.

Ayişə sinfə göz gəzdirdi. On şagirdin doqquzu üç il əvvəlki şagirdlər idi. Qabaqda yan-yana oturan Aydolu və Nuran təkcə gözəllikləri ilə yox, həm də çalışqanlıqları ilə də ən öndə olan qızlar idi. Digərlərinə də bir-bir baxıb adlarını xatırladıqdan sonra baxışları arxa sırada tək oturan Güntülüdə dayandı və onun gur, açıq qumral saçlarla əhatəli incə və mənalı üzünü təqdirlə seyr etdi. Bu qızın ona qarşı bir dost ürəyi olduğundan şübhəsi yox idi. Haradan, nə üçün, necə? Bunları bilmir, bilməyə də ehtiyac görmürdü. Ayişənin dost ürəklərə ehtiyacı var idi. Ona pislik istəməyən insanlara həsrət idi. Belə bir ürək daşı-yan insan, bir şagird belə olsa qəbulu idi. Yetər ki, mənfəətsiz dostluq duyğuları hiss etsin …

Güntülü utancaq gülümsəmələrlə ona baxır və üzü qı-zarırdı. Səhər bənövşələrinə bənzəyən gözləri indi qonur idi. Ayişə, bu ilk dərsdə onların dərs vəziyyətini anlamaq üçün yer-lərindən qaldırmadan ədəbiyyata aid suallar verir, həm onların məlumatlılıq dərəcəsini öyrənir, həm də çoxdandır həsrət qal-dığı liseyin bir sinfində müəllimlik zövqünü dadırdı.

Aldığı cavablar onu ən çətin anda belə məmnun edəcək mahiyyətdə idi. Bu qızlar dəqiq elmlər üzrə təhsil aldıqları hal-da ədəbiyyatı da yaxşı bilir, əruzdan anlayır, şeirin zövqünü duyur və ədəbiyyat haqqında əsaslı fikir və mövqeyə sahib olduqlarını göstərirdilər. Hələ Nurkan və sinif nümayəndəsi olan Aydolu fövqəladə idilər.

İndi sıra sonuncuya, Güntülüyə gəlmişdi. Alagözlü, utancaq təbəssümlü qız ona müraciət olunan kimi ayağa qalxdı və Ayişə bütün digərləri kimi onun da oturaraq cavab verməsini istəsə də, sırf utanıb qızarmasın deyə heç nə demədi.

–Ədəbiyyat haqqındakı duyğuların necədir, Güntülü?

Bu sual ədəbiyyat müəlliminin daimi verdiyi suallardan deyildi. Bu qızı orijinal hesab etdiyi üçün belə bir şey soruşmuşdu. Aldığı cavab xoşuna gəldi:

–Dərs kimi də, sənət kimi də çox xoşlayıram, müəllim. ''S'' hərflərini çox yüngül bir pəltəkliklə tələffüz edirdi və bu yüngül pəltəklik onun danışığına xüsusi bir gözəllik bəxş edirdi. Səsi də çox sirli və ruh oxşayan idi. Ayişə, ədəbiyyatçı olmağın verdiyi qabiliyyətlə gözəllikləri çəkib çıxarmaqda usta idi. Gülümsəyərək təkrar soruşdu:

–Nə üçün sevirsən, Güntülü?

Güntülü müəlliminə heyrətlə baxaraq bir neçə dəfə göz-lərini yumub açdı və eyni əsrarəngiz səs tonu ilə cavab verdi:

–Sevginin nə üçünü olmur axı, müəllimə… Düşünsəm, bəlkə nəsə məqbul bir səbəb tapa bilərəm. Lakin bu, həqiqi sə-bəb olmaz. Çünki biz əvvəl sevirik. Sonra sevdiyimiz şeyin gö-zəl tərəflərini tapmağa çalışırıq. Bu da xudbinliyimizdən irəli gəlir.

Qızın fikirləri Ayişə Pusatı xəyallara qərq etmişdi. Çox düz, qrammatika baxımından səhvsiz cümlələrlə danışırdı. İndi yenə gözlərinin rəngi dəyişmişdi, dalğın bir hal almışdı. Rəngi də yaşıla çalırdı. Hara baxdığı müəyyən olmasa da, lakin böyük bir ruhun qüdrətini daşıyırdı. Onu bütün sinif də heyranlıqla dinləyirdi, xüsusilə səmimi yoldaşları olan Aydolu ilə Nurkan bu gözəl sözlər qarşısındakı məmnunluqlarını üz ifadələri ilə göstərirdilər.

Ayişə, belə bir şagirdi olduğu üçün sevindi. Getdikcə ar-tan bir maraq içində sualını yenilədi:

–Yaxşı, Güntülü, bildiyin şeirlər arasında ən çox bə-yəndiklərindən bir neçəsini saya bilərsən?

Gənc qız, başını bir az qaldıraraq düşündü. Sonra mü-əlliminə baxaraq yavaş-yavaş danışmağa başladı:

–Əfəndim! Füzulinin şeirləri arasında: “Can vermə qəmi eşqə ki, eşq afəti candır, Eşq afəti-can olduğu məşhuri-cahandır”, –deyə başlayan qəzəlini bəyənirəm. Füzulinin ən gözəl şeiri, şübhəsiz, bu deyil. Lakin anlaya bildiyim və ahənginə qapıldığım üçün, bunu seçirəm. Təsəvvüf haqqında məlumatım olmadığı üçün şeirlərin bir çoxunu anlaya bilmirəm. Nədimi daha yaxşı başa düşürəm, lakin ümumi şəkildə dərk etmədiyim üçün zövq almıram.

Bir nim nəşə bu dünyanın baharını,

Bir sağəri- kəsidəyə tut laləzarını.

–Beyti ilə başlayan qəzəlini çox bəyənirəm. Namiq Kamalın məşhur “Vətən qəsidəsi” bəyəndiklərimdən olsa da, mənə elə gəlir ki, beytlər arasında bir birlik yoxdur. Hər beyt ayrı-ayrılıqda gözəldir. Lakin tərkib qüvvətli deyil. Onun üçün mən Namiq Kamalın şeirləri arasında:

“Dəyişməz bir fənnmi var, mustəqir əşyamı qalmışdır” misrası ilə başlayan rübaisini sevirəm. Həmid haqqında danışsaq onun əsərləri arasında çox azını tapıb, oxuya bildim. Bəzilərini heç anlamadım. Eşbərin İsgəndərlə danışmasını gözəl olduğunu düşünürəm…

Söz bura gəlincə Güntülü birdən-birə susdu. Halbuki Ayişə onun danışmağa davam etməsini istəyirdi. Qatarda sürətlə gedərkən bəzən gözəl mənzərələr görünür. Yolçu bir az sonra bu mənzərənin dəyişəcəyini və onun yerinə ruhsuz bir görünüşün gələcəyini bilərək kədərlənər, gözəl mənzərənin heç bitməməsini arzu edər. Onun kimi, Ayişə də bu qızın susmamasını, həmişə danışmasını istəyirdi. Bir müəllim üçün ən böyük həzz çalışqan, ağıllı və dərrakəli bir şagirdinin suallara cavab verməsidir. Bu həzzin davamı istəyi ilə yenidən soruşdu:

–Həmiddən sonrakıların şeirləri arasında bəyəndikləri yoxmu, Güntülü?

–Var, əfəndim. Seçim etmək üçün düşünürdüm. Bunların bir çoxunu oxudum. Bir çoxunu da əzbər bilirəm. Çoxluq arasından seçim etmək çətin olur. İcazə versəniz, şeir adı yox, şair adı deyərəm. Əvvəla Yəhya Kamalla, Faruk Nafizin, sonra da Əli Mümtazın şeirlərini bəyənirəm. Bunlardan başqa, tanınmış və ya tanınmamış bir çox şairlərin əsərlərindən çox xoşuma gələn parçalar da var. Bəzən fövqəladə şairlərdən birinin bir tək şeiri, bəzən bir şeirin hər hansı bir dördlüyü və ya beyti, bəzən də tək misra məndə qüvvətli bir təəssürat buraxır. Əzbərlədiyim, amma müəlliflərinin adını bilmədiyim çox misra var. Məsələn, şairinin kim olduğunu unutduğum, harada oxuduğumu xatırlamadığım bir misra var ki, çox xoşuma gəlir:

“Bizi ərzə bağlayan: yaratmaq ehtiyacıdır”.

Bəlkə bu misrada şeir sənəti baxımından bir üstünlük yoxdur. Lakin yaşamağı gözəl bir səbəbə bağladığı üçün çox xoşuma gəlir, müəllimə.

Güntülü yenə susdu. Ayişə təqdirlə gülümsəyirdi:

–Bu misra Osman Faruk Verimindir. Bizi ərzə bağlayan adındakı kiçik bir şeir məcmuəsidir, özü də ilk məcmuəsidir. –dedi.

Bu günlərə görə daha qüvvətli şagirdlərin yetişdiyini öz zamanında belə bu qədər seçmə bir qızın olmadığını düşünərək onu daha çox sevdi.

Bütün sinif diqqətlə Aişəyə baxırdı. Onda üç illik iztirabın buraxdığı izləri araşdırırdı. Gənc müəllimələrinin çiyinlərinə tökülən saçlarındaki ağ tellər gözə çarpacaq qədər çoxalmışdı. Qara saçların üzərində daha asan müəyyən olan bu ağlar üç illik əziyyətin xatirələri idi.

Ayişə, onların qəlblərindən keçən şeyləri dərhal anlayırdı. O dəqiqədə ürəyi onlar üçün o qədər böyük bir şəfqətlə dolurdu ki, bir tərəfdən suallarla məşğul olarkən bir tərəfdən də '' Ya rəbbim! Bu qızlardan heç birinin müqəddəratı mənimkinə bənzəməsin,'' –deyə dua edirdi.

Güntülü oturduğu partanın yanında ayaq üstə dayanaraq gözləyəndə əlini üzündə gəzdirərək zərif bir hərəkətlə saçlarını düzəltdi və yenə o xəcalətli təbəssümlə müəlliminə baxdı. Ayişə suallarını kəsmirdi:

–Bəs ən çox bəyəndiyin roman hansıdır, Güntülü?

–Roman barəsində bir az çətinlik çəkirəm, müəllimə. Şeirlər qısa olduğu üçün təsiri ani və qüvvətli olur. Roman uzun olduğundan hər hansı bir yerindəki axsaqlıq qüvvətli tərəflərinin təsirini aradan qaldırır və mən hislərimlə hərəkət etdiyim üçün onun gözəl və qüvvətli qisimlərini də inkar edirəm. Buna görə, ən çox bəyəndiyim roman, bir qadın romançının o qədər tanınmamış bir əsəri oldu, əfəndim.

Güntülü bir az dayandı və Ayişənin kədərlə içinin sızıldadığını hiss etdi. Güntülünün uşaq hissiyatı ilə seçim edərək şit romançılardan birinin şit bir əsərini söyləməsindən qorxurdu. Bu qızı ilk baxışdan o qədər bəyənmişdi ki, onun bilməyərək pis bir romanı sevməsini belə istəmirdi. Bu sualı soruşduğuna peşman olmuşdu. Alacağı cavabdan çəkinərək:

–O romanı söylə, Güntülü, – dedi.

–Safiye Erolun “Ciyərdələn” əsəridir, müəllimə.

Ayişə rahat bir nəfəs aldı və gülərək:

–Sənə tamamilə haqq verirəm, Güntülü. Mən də sənin fikrinə qoşuluram, –deyə cavab verdi.

Gənc qız gözəl bir təbəssüm ilə sevincini göstərdi və yenə bənövşələrə bənzəməyə başlayan gözlərini Ayişə Pusata çevirərək yeni sualları gözlədi. Ayişə məmnun idi. “Bu qız yetişdirilərsə, ədəbiyyat fakültəsi sıralarının birində otura bilərdi,” –deyə düşündü və bu düşüncədən sonra sövq-təbii ilə birdən-birə:

–Liseyi bitirəndən sonra hara getməyi düşünürsən, Güntülü? – deyə soruşdu. O, üzü yüngülcə qızararaq cavab verdi:

–Uşaq həkimi olmaq istəyirəm.

–Hər halda bu peşəni nə üçün seçdiyini izah edə bilərsən, Güntülü …

Gənc qız gülümsədi:

–Şübhəsiz. Uşaqları çox sevirəm… Onlara faydalı ola bilmək üçün uzun illər tibb təhsili almağa belə razıyam.

Ayişə də bütün müəllimlər kimi qabiliyyətli şagirdlərinin öz peşəsini seçməsini istəyirdi. Güntülüyə söyləyəcək çox-çox sözü, verəcək xeyli nəsihətləri var idi, amma elə ilk dərsdə səmimiyyəti çoxaltmaq istəmirdi. Müdirənin bu səhərki davranışını düşünüb kədərləndi. Lakin duyğuları ilə mübarizəni öyrənmişdi. Könlünə dolmaq üzrə olan kədəri məğlub edərək soruşdu:

–Fövqəltəbiət nağıl ünsürləri ilə dolu olan milli dastanların həqiqətlə bir əlaqəsi varmı, səncə?

–Hər halda var. Lakin hadisələr, şəxslər, şəxslərin xarakterləri o qədər dəyişdirilir ki, həqiqəti anlamaq çətin olur, müəllimə.

Bu arada bütün sinif Ayişə Pusatın üzündən bir kədər dalğasının sürətlə keçib getməkdə olduğunun fərqində idi. Güntülü isə davam etdi:

–Məsələn, bizim Oğuz Xan dastanındakı şişirtmələr və qeyri-adiliklər içərisindən çıxara biləcəyimiz nəticə: Dastanın Oğuz Xan adını verdiyi bir şəxsiyyətin böyük qələbələr qazanmış olmasıdır. Hətta bəlkə də bu Oğuz Xan həqiqətdə bir tək şəxs yox, bir-birinin ardınca gələn bir neçə hökmdardır. Hətta bəlkə də hökmdarlardan heç birinin adı Oğuz deyil, amma bu adı dastana dini bir səbəblə və ya ictimai bu zərurətlə daha sonrakı əsrlərin dastançıları gətiriblər. Bir də dastanlar millətlərin ideyalarının toxumlarını daşıyır axı. Bu baxımdan keçmişi izah etdikləri kimi gələcəyi də təsəvvür və təxmin edirlər. Təbii, gələcək haqqında təsəvvür və təxminlər əsassız və ağlasığmayan şəkildədir.

–Çox gözəl izah etdin, Güntülü. İndi bir az da vəznlər haqqında nə düşünürsən, onu de.

–Bugünlük əruz daha çox xoşuma gəlir. Amma bunun niyə belə olduğuna cavab verə bilərəm. Daha böyük ustadları əlində işlənib kamilliyə çatıb. Zənnimcə, gələcəkdə heca ahəng baxımından əruzu keçəcək, lakin hecanı təkamül etdirəcək böyük şair əruzun ahəngindən, musiqisindən çox istifadə edəcək. Bəlkə də heca ilə əruzun birləşib qaynaşmasından yeni bir vəzn doğulacaq və bu yeni vəzn əruzun ritmini, hecanın isə məna qüvvəsi üçün lazımlı olan sərbəstliyini özündə birləşdirəcək. Bu gün sərbəst vəzn deyilən şeyi bəyənmirəm və bu cür yazıları sərbəst vəznlə yazılan şeir yox, vəznsiz şeir adlandırmağın daha doğru olduğunu düşünürəm. Düşünürəm ki, sərbəst vəzn, yenə vəzn olmaq şərtiylə, misraların bir-birilərinə tabe olmayaraq sərbəst olmasıdır. Onun üçün oturacaq şairlərinin ustadları sərbəst vəznin ilk nümunələri sayıla biləcək Orxan Seyfinin'' Fırtına və Qar'' adlı gözəl şeiri ilə, Enis Behicin “Gəmiçilər”,”Süvarilər'' kimi şeirləri sərbəst vəznin yeni və gözəl nümunələridir. Məsələn “Süvarilər” şeirində:

Ey vətən!

Gözəl Turan!

Sənə fəda olmaq üçün biz varıq.

Düşman oğlu, meydana çıx!

Qəhrəmanlıq kimdədir, o zaman anlarıq…

– misralarında hecaların tədricən çoxalması elə-belə yox, ritmik –bir qanuna görədir. Lakin bu qanun ifadə edilməkdən çox hissi mahiyyətdədir. Sərbəst vəzn adı verilən yeni yazılan şeirlərdə isə bu ritm olmadığı üçün bunlar şeir olmaq xüsusiyyətini daşımır.

Ayişə həzlə dinlərkən bu qədər möhkəm bir ədəbi zövqə malik olan bu qızın tibb peşəsini seçdiyi üçün ciddi təəssüf duyurdu.

–Yaxşı, Güntülü, sənə bir də özün haqqında sual vermək istəyirəm. Hərçənd dəqiq elmlər üzrə təhsil alırsan, amma bu fikir son illərin sənə verdirdiyi bir qərarın nəticəsidir. Ondan əvvəl, bir çox şagirdlər kimi sənin də şeir yazmaq arzun olub? Heç şeir yazmısan, ümumiyyətlə?

–Xeyr, heç vaxt. Ədəbiyyatı çox sevməyimə baxmayaraq şeir yazmağa cəhd eləməmişəm və heç o haqda düşünməmişəm.

Ayişə qol saatına baxdı. Dərs bitmək üzrə idi:

–Son olaraq sənə əruzla yazılmış bəzi misralar soruşacam. Sən də mənə onların vəznindən tapacaqsan Güntülü.

–Yaxşı!

Ayişə bu qədər çox qanı qaynadığı qızın heç bir sualı cavabsız buraxmaması üçün ilk əvvəl sadə və asan vəznlərlə işə başlamaq istəyirdi. Yaddaşını yoxlayaraq soruşmağa başladı:

–İndi ay bir sərvi simi suda

–Failatün failatün failün.

–Gecənin bir kədərli zairiyəm.

Güntülü bir saniyə düşündü və dərhal ''Fəilatün məfailün failün'' – deyə cavab verdi.

Sanki özü imtahanda imiş kimi Aişənin içi titrəyirdi. Bununla yanaşı, şagirdlər üçün daha çətin sayılan vəznlərə keçməkdən çəkinmirdi:

–Şimşək kimi bir səmtə atıldım yeddi qoldan.

Güntülü misranı təkrar etdikdən sonra dalğın baxışlarını Ayişəyə çevirdi və yenə əli ilə saçlarını düzəldərək vəzni söylədi:

–Məf'ulü məfailü məfailü fəulün.

Ayişə məmnun idi. Artıq son vəzni də bilməsə elə də üzülməyəcəkdi. Əruzun ən çətin vəznindən soruşmaqdan da özünü saxlaya bilmədi:

–İlk həsrətiylə gəncliyimin ilk dərd-qüssəsi,

Ey paslı tellərində gülən, ağlayan əruz!

Güntülünün üzünü birdən-birə o şirin çəhrayılıq bürüdü. Öz-özünə ilk misranı bir-iki dəfə təkrarladı. Təkrarlayarkən barmaqlarını çox yüngül şəkildə partanın üstünə vururdu. O biri qızlar da öz aralarında bunu vəznini tapmağa çalışırdılar. Hətta bir neçəsi kağız üzərinə xətt, nöqtə çəkərək vəznini tapmaq istəyirdilər. Lakin Güntülü onlardan əvvəl tapdı:

–Məf'ulü failatü məfailü failün.

–Afərin, Güntülü …

Bütün sinif məmnun idi və iftixar hissi keçirirdi. Ayişə-nin artıq soruşacaq heç nəyi qalmamışdı. Lakin zəng hələ çalın-madığı üçün boş dayanmaq da istəmədi və son sualını verdi:

–İndiyə kimi mən misra dedim, sən də vəznindən tapdın, Güntülü. İndi mən vəzni söyləyəcəyəm, sən də o vəzndə bir misra tapacaqsan. Mənə “məf'ulü məfailün fəulün'' vəznindən bir misra tapa bilərsənmi?

Güntülü yenə başını yüngülcə qaldırdı. Ağlından bir çox şeirlər keçdi, şübhəsiz. Daha ilk dərsdə onu bu qədər ağır sorğuya çəkmək haqsızlıq idi, amma bununla il sonundakı qiymətini də indidən almış olacaqdı. Yoldaşları da üzlərini maraqla ona tərəf çevirmişdilər.

Güntülü bunun fərqində olmadan cavabını verdi:

–Könlüm dolu ahu-zar qaldı!

Ayişənin daim gülümsəyən üzündəki təbəssüm bir anda yoxa çıxdı. Gənc qız bunun fərqində idi. Təlaşla“Düz demədim, müəllim?” – deyə soruşdu.

Müəllim məcburən gülümsəyərək:“Xeyr, Güntülü. Çox düz dedin” – dedi və sinif qapılarında cingildəyən zəng dərsin bitdiyini xəbər verdi.

VI FƏSİL

Ayişə evə çatanda Səlim masanın başında hərb tarixinə aid kitablarla məşğul idi. Uzun müddətdir bir qəzetə başqa tə-xəllüslə hərbi məqalələr yazır, Ayişənin çiyinlərindəki ağır yü-kü, beləliklə, yüngülləşdirməyə çalışırdı. Lakin bütün bunların məcburi bir cəhdlə, özünü sıxaraq etdiyi məlum idi. Əvvəllər daha çox fəal olan Səlim indi durğun düşüncəli, qəmli bir adam olmuşdu. Pəncərədən üfüqə baxaraq öldürdüyü saatlar, həftələrcə gülmədən keçirdiyi zamanlar, ruhi bir böhranın içində olduğu kimi müdhiş bir qərarsızlığın də əlamətləri ola bilərdi. Heç bir şeydən şikayət etmir, lakin heç nəyi də bəyənmirdi Həyatdan zövq almaq hissini də itirmişdi. Heç bir yerə çıxmır, heç bir əyləncəyə getmir, heç kimi axtarmır, özünü ziyarət edənlərin üzünə baxmırdı. Çox az danışırdı.

Əvvəllər tez-tez içki içər, içdiyi zaman çox sevinər, yanındakılarla zarafatlaşardı. İndi daha çox içirdi. Lakin həddindən artıq dərəcədə içməyinə baxmayaraq üzü gülmür, əksinə daha qaranlıq və kədərli bir hal alırdı. Qəribə-qəribə xasiyyətləri yaranmışdı. Belə ki, gecə paqonları çıxarılmış zabit formasını geyir, evin ən geniş otağı olan iş otağında aram addımlarla gəzişirdi. Marşlar çalındığı zaman radionu dinləyir, içir, içir, bəzən ayaq üstə dura bilməyəcək qədər sərxoş olur, lakin kefi düzəlmirdi.

Otaqda gəzişərkən bəzən kitabların qarşısında dayanır, böyük meydan döyüşlərindən birini izah edən bir kitabı götü-rür, səhifələrindən birinə, yaxud xəritəsinə baxdıqdan sonra ye-rinə qoyurdu.

Səlim Pusat hərb tarixinə aid tədqiqatlar da hazırlayırdı. Bunlarla məşğul olanda ruhən rahat olduğu üzündən aydın olurdu. Xüsusilə Mete ilə Hannibalın apardıqları müharibələri müqayisə edən etüdü orijinal idi. Lakin onu da bitirmədən yarımçıq saxlamışdı. Sevdiyi böyük əsgərlər arasında Mete başda gəlirdi. Çünki o həm əsgər, həm də təşkilatçıydı. Ordu yox, millət yaradan adam idi. Aylarla məşğul olaraq çəkdiyi xəritələr üzərində Müdrik Tonyukuk və Kül Teginin səfərlərini araşdırmış və bu iki sərkərdəyə heyran olmuşdu.

Səlcuqlulardan Çağrı Bəyi çox bəyənir, lakin “komandandan çox qəhrəmandır” – deyirdi. Hər girdiyi döyüşü qazanan Afşin Bəy haqqında məlumatın az olmasından şikayətlənirdi. Böyük sərkərdələr və böyük döyüşlər haqqında tədqiqatlar apardıqca sərkərdəlik fəlsəfəsinə girişmiş, böyük əsgərlərin hansı şərtlər altında yetişdiyini araşdırmışdı. Gəldiyi nəticə bu idi:

–“Böyük əsgərlər krallıqlarda yetişir!”

Səlim Pusat ciddi bir hərbçi olduğu üçün siyasi bir mə-sələ olan rejim işləri üzərində fikir yürütməmişdi. Ona görə re-jim aşağı yuxarı millətlərin, cəmiyyətlərin paltarıydı. Paltarların gigiyenik və ya qeyri-təmiz olanları, yaraşanları, yaraşmayanları olduğu kimi, rejimlərin yarayanları, yaramayanları var idi. Respublika, bəlkə, çox gözəl bir rejim idi. Lakin böyük komandir yetişdirmək baxımından yetərli deyildi.

Bu, eynilə isti iqlimlər üçün çox gigiyenik olan ağ, açıq, kətan paltarların Sibir bölgəsində, zərərli, öldürücü olmasına bənzəyirdi. Gəldiyi bu qənaətə görə uğradığı haqsızlıq və böh-tanlar ağlına gəldikcə dəli bir hirslə sarsılır, gözünü qan bürüyürdü. Daim ifrata vardığı üçün özünə düşmənçilik edənlərə qarşı duyduğu nifrəti tədricən başqa insanlara da şamil etməyə başlamışdı. Pis əməllər gördükcə həyatda xeyirxah olaraq qalınmayacağını qəbul edir, özü bu yola əsla girə bilməyəcəyi üçün yaşamaqdan soyuyur, robot halına gəlirdi. Demək olar ki, Səlimin ürəyində sevgidən əsər-əlamət qalmamış, onun yerini kin və nifrət hisləri tutmuşdu. Ayişəni üzən məqam da bu idi. Könlündə sevgidən əsər qalmamış olan əri ona nə verə bilərdi axı? Onun gözlərində sevgiylə yanan köhnə işıqları əbəs yerə axtarmışdı. Vaxtilə çox canlı olan bu adam artıq bir kölgə, bir xəyal, bir ruh kimi dolaşırdı. Bununla bərabər, Ayişə hələ də bütün ümidlərini itirməmişdi. Onda ara-sıra bu dünyaya aid insanlığın izlərini, qığılcımlarını görürdü. Bir gecə radioda “Əski Dostlar” marşı çalınan zaman da gözləri əvvəlcə enerjili bir sevinclə parıldamış, sonra yüngülcə nəmlənmişdi. Başqa bir gün Ayişədən köhnə ədəbiyyatın pessimist şairləri haqqında soruşmuşdu. Pessimist şeirlərlə məşğul olmaq həyata dönməyin işarəsi kimi idi. Ayişə bunu o qədər istəyirdi ki, həyat yoldaşının qəlbində yenidən atəşin yanması üçün onun bir başqasını sevməsinə belə razı idi.

Hərdən bir onu nisbətən sakit və yumşaq gördüyü zamanlarda mübahisə açır, bir az kefinin düzəlməsi, gəzməsi üçün israr edirdi, dil tökürdü, amma səssiz və hissiz bir müqavimətlə qarşılaşırdı. Pusat artıq heç bir şeyə inanmırdı, hər kəsi iyrənc görür, hər zövqü boş hesab edir, hər şeyə incədən incə istehza ilə yanaşırdı.

O yaralı bir insan idi. Ürəkdən və qəlbdən hərb sənətinə bağlı qalmışdı, lakin bu çirkab dövrdə bəzən hətta hərbçilərdə belə hərb ruhunun öldüyünü görərək ən dərin yerindən yaralanmışdı. Ən alçaq böhtanların girdabında boğulanda, görülməmiş haqsızlıqlara məruz qalanda Tanrı ona kömək etməmiş, ümmanlar qədər olan rəhmətindən bir damlacıq belə saçmamışdı. Əxlaqı, ədaləti, insanlığı, dostluğu, hər şeyi görmüş, bunların bir ilğım olduğunu acı təcrübələrlə öyrənmişdi. Altı uçurum olan çürük bir taxta körpü üzərində özünü necə təhlükəsizlikdə hesab edə bilərdi?! Ayişə ilə Tosun olmasa …

O zaman yoldaşı Şərəfi xatırlayırdı. “Teatr bitdi, gözləməyə ehtiyac görmürəm”… Görəsən, özü nəyi gözləyirdi? İçində aydın olmayan bir duyğu var idi ki, ona nəyisə gözlədiyini deyirdi. Bunun nə olduğunu düşünürdü. Bəzən bir səsin özünə “bəlanı gözləyirsən”– dediyini eşidirdi, elə bil, sonra iradəli bir şəkildə bunun təsirindən xilas olaraq hərb tarixinə, gəzişməsinə və ya kədərinə təkrar qayıdırdı.

Ayişə otağa girəndə Səlim başını qaldırdı və onun gülümsəyən gözlərinə hüznlü baxışlarla cavab verdi. Ayişə bu gün bəxtiyar idi. Əri də bir az şən olsa, daha da xoşbəxt olacaqdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺60,28
₺120,56
−50%
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
270 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
İndirme biçimi:

Benzer kitaplar