Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hekayələr», sayfa 2

Yazı tipi:

İSTEHKAMIN ALINMASI

Neçə il bundan əvvəl Yunanıstanda qızdırmadan ölən dostlarımdan biri şəxsən özünün iştirak etdiyi ilk döyüş əməliyyatından mənə bir əhvalat danışmışdı. Onun hekayəsi məni elə valeh eləmişdi ki, vaxt tapan kimi həmin əhvalatı olduğu kimi qələmə aldım. Hekayə belədir.

Mən öz alayıma sentyabr ayında, gecə vaxtı gəlib çatdım. Polkovniki düşərgədə tapdım. Məni əvvəlcə çox könülsüz qarşıladı, ancaq general B-nin zəmanət məktubunu oxuyandan sonra səsinin ahəngi dəyişdi və mənə bir neçə ürəkaçan söz dedi.

O, məni kəşfiyyatdan yenicə qayıtmış kapitana təqdim etdi. Bu kapitan (onu sonralar lap yaxından tanımaq mənə müyəssər olmadı) hündürboylu, qarabuğdayı, sərt xasiyyətli, eybəcər sifətli bir adam idi. Əvvəllər adi, sıravi əsgər olmuş, sonralar çiynindəki rütbəni və döşündəki xaç nişanını döyüş meydanında qazanmışdı. Onun xırıltılı və zərif səsi nəhəng bədəni ilə qətiyyən uyuşmurdu. Deyilənlərə görə, İena döyüşündə bir tərəfdən dəyib o biri tərəfdən çıxan güllə onun səsini bu hala salmışdı.

Fontenblo hərbi məktəbini qurtardığımı bilən kimi onun sifətinin ifadəsi dəyişdi. Dedi:

– Mənim leytenantım dünən həlak oldu…

Mən onun: “Onu siz əvəz etməlisiniz, siz isə bunu etmək iqtidarında deyilsiniz” demək istədiyini dərhal başa düşdüm. Dilimin ucuna kobud bir söz gəldi, ancaq hövsələmi basıb özümü saxladım.

Bizim düşərgədən iki top gülləsi məsafəsində yerləşən Şövörino5 istehkamının arxasında iri, narıncı ay doğmuşdu; həmişə doğduğu kimi. Ancaq bu gecə o mənə təsəvvürəgəlməz dərəcədə böyük görünürdü. İstehkam ayın haləsində bir neçə anlığa qara rübəndə büründü. O, püskürmə zamanı vulkanın konusşəkilli kraterini xatırladırdı.

Mənim yanımda dayanan bir nəfər yaşlı əsgər ayın rənginə diqqət yetirərək dedi:

– Gör nə qırmızıdır! Bu o deməkdir ki, bu məşhur istehkam bizə baha başa gələcək!

Mən həmişə mövhumatçı olmuşam və əsgərin bu falçılığı belə bir anda məni xüsusilə təşvişə saldı. Mən uzandım, ancaq yata bilmədim. Qalxdım və bir müddət Şövörino kəndinin hüdudlarındakı təpəlikləri ağuşuna alan nəhəng, ucu-bucağı görünməyən tonqal sırasına tamaşa etməyə başladım.

Gecənin sazağı iliyimə işləyəndə gəlib tonqalın yanında uzandım, əsgər şinelimi səliqə ilə üstümə çəkdim və dan yeri sökülənə qədər yatmaq niyyətilə gözlərimi yumdum. Yuxum ərşə çəkilmişdi. İlan vuran yatdı, mən yatmadım. Bu boyda düzəngaha yığışmış minlərlə adamın içərisində bir nəfər dost-tanış olmadığını öz-özümə fikirləşdim. Əgər yaralansaydım, xəstəxanaya, savadsız, kütbeyin həkimlərin əlinə düşəcəkdim. Cərrahiyyə əməliyyatları haqqında nə eşitmişdimsə, hamısı bütün təfərrüatı ilə gəlib gözlərimin qabağında dayandı. Ürəyim tez-tez, həyəcanla döyündü. Döş cibimdəki yaylığımı və pul kisəsini sipər kimi cəld sinəmin üstünə qoydum. Yorğunluq məni əldən salmışdı; hər an, hər dəqiqə ötdükcə bədənimin ağrıları yavaş-yavaş sakitləşir, sonra nədənsə beynimdə nəhs fikir yenidən təkidlə baş qaldırır və yerimə qor doldururdu. Nəhayət, yorğunluq öz işini gördü. Sübh tezdən qalxma işarəsi veriləndə mən daş kimi yatmışdım.

Biz sıraya düzləndik, adlar oxundu, sonra tüfəngləri baş-başa çatdıq. Bütün bunlar bir günü də sakit keçirəcəyimizdən xəbər verirdi.

Saat üçə yaxın adyutant6 xüsusi əmrlə gəldi. Silahlarımızı yenidən götürməli olduq, atıcılarımız çölə səpələndilər və hər kəs öz yerini tutdu; biz də yavaş-yavaş onların ardınca getdik və iyirmi dəqiqə keçəndən sonra rusların bütün ön dəstələrinin arxaya çəkildiklərini və istehkama girdiklərini gördük.

Bir topçu dəstəsi gəlib bizim sağ tərəfimizdə, digəri isə sol tərəfimizdə yerləşdi; hər ikisi də güclü dəstə idi. Onlar düşmən üzərinə sıx atəş açmağa başladılar, qarşı tərəf də var gücü ilə cavab zərbəsi endirdi və çox keçmədi ki, Şövörino istehkamı qatı tüstü-duman içində görünməz oldu. Çala-çuxur bir yer bizi rusların atəşindən mühafizə edirdi. Nadir hallarda üstümüzə gələn düşmən qumbaraları (ruslar, əsasən, bizim topçularımızı nişan alırdılar) ya başımızın üstündən sovuşub keçir, ya da ki, yaxınlıqda düşüb partlayaraq toz-torpağı, xırda daş-kəsəyi üstümüzə sıçradırdı.

Hücuma keçmək əmri verilən kimi kapitanım mənə elə mənalı baxdı ki, istər-istəməz əlimi iki-üç dəfə təzəcə düzəltdiyim bığıma çəkdim. Açığını deyim ki, mən qorxmurdum və istəmirdim ki, kimsə mənim qorxduğumu ağlına gətirsin. Bu qumbaralar isə əksinə, məni dəyanətimi daha da möhkəmləndirməyə sövq edirdi. Hiss edirdim ki, üstümü almış təhlükə sovuşub. Məni öz şəxsi inamım valeh etmişdi və kefim də elə kök idi ki, Parisdə, madam B.-nin Provans küçəsindəki salonunda Şövörino istehkamının alınması barədə necə həvəslə danışacağımı düşünürdüm.

Polkovnik bizim alayın qarşısından keçdi. O, mənə müraciətlə dedi:

– Hə, sizin üçün bu, ilk döyüş olduğundan, deməli, möhkəm vuruşmalısınız.

Otuz addımlıq məsafədə partlayan qumbaranın zərbindən qoluma sıçrayan toz-torpağı çırpıb təmizləyərək əsl cəngavər görkəmilə gülümsədim.

Deyəsən, qumbaralarının hədəfə dəymədiyini rusların özləri də hiss etdilər. Çünki onlar qumbaraları minomyot mərmilərilə əvəz etdilər. Bunlar da, yəqin ki, yerləşdiyimiz xəndəkdə bizi tuta bilərdi. Lap yekə bir qəlpə mənim papağımı başımdan aldı və yanımdakı adama dəyib öldürdü.

– Təbrik, edirəm! – Papağımı yerdən təzəcə qaldırmışdım ki, kapitan mənə müraciətlə dedi. – Siz bütün günü rahat ola bilərsiniz, payınızı aldınız!

Məhkəmə salonunda olduğu kimi, döyüş meydanında da özünü doğruldan “heç ola bilməz ki, güllə eyni yerə iki dəfə dəysin” aksiomunun nə demək olduğunu yaxşı başa düşürdüm. Mən papağımı yenidən başıma qoydum, təşəxxüslə, özümü sındırmadan cavab verdim:

– Yanındakıları, heç olmasa, bir nəfər salamlamalıdır, yoxsa yox?

Bu sarsaq zarafat, görünür, lap yerinə düşdü.

– Sizi təbrik edirəm, – kapitan mənə müraciətlə yenidən sözə başladı, – daha sizə ölüm yoxdur və bu axşam bölüyə siz komandanlıq edəcəksiniz, çünki əlimin içi kimi bilirəm ki, indi mənim növbəm çatıbdır. Hər dəfə mən yaralananda yanımdakı zabit güllədən ölür. – O, astadan, demək olar ki, utana-utana əlavə etdi: – Nədənsə onların adları həmişə “P” hərfilə başlayırdı.

Özümü ağıllı, təmkinli apardım, mənim yerimə kim olsaydı, belə hərəkət edərdi. Kim olsaydı, peyğəmbərcəsinə deyilmiş bu sözlərdən mənim kimi heyrətlənərdi. Hərbi xidmətdə təzə adam olduğum üçün öz hisslərimi hələ heç kimlə bölüşə bilməzdim və heç kimə etibar da edə bilməzdim. Buna görə də həmişə soyuqqanlı, təmkinli görünməyə çalışmalı idim.

Yarım saatdan sonra rusların atəşi nəzərə çarpacaq dərəcədə zəiflədi. Belə olduqda biz istehkama doğru irəliləmək üçün sığındığımız yerdən çıxdıq.

Bizim alay üç bölükdən ibarət idi. İkinci bölüyə istehkama arxadan hücum etmək əmri verilmişdi. Qalan iki bölük isə qarşıdan hücum etməli idi. Mən üçüncü bölükdə idim.

Sığındığımız divarın arxasından çıxarkən gülləbarana düşdük və bu, bizim bölükdə cüzi miqdarda itkiyə səbəb oldu. Güllələrin vıyıltısı məni heyrətləndirirdi. Başımı tez-tez arxaya çevirir və beləliklə, güllə vıyıltılarına alışmış, belə səsləri adi səs kimi qarşılayan yoldaşlarımın zarafatlarına qoşulurdum.

Öz-özümə dedim: “Ümumiyyətlə götürsək, döyüş o qədər də təhlükəli şey deyil”.

Biz düşməni qabağımıza qatıb sürətlə irəliləyirdik, atıcılar isə ardımızca gəlirdilər. Birdən ruslar üç dəfə “Urra!” çəkdilər, bu səslər apaydın eşidilirdi. Sonra rusların səsləri kəsildi və onlar atəşi dayandırdılar.

Kapitan:

– Bu sakitlik nəsə mənim ürəyimcə deyil, – dedi. – Bundan yaxşı şey gözləmək olmaz.

Mənə elə gəldi ki, bizimkilər bir az çox haray-həşir qoparırlar və istər-istəməz onların hay-küyünü düşmən tərəfin sakitliyilə müqayisə etdim.

Biz tez bir zamanda gəlib istehkamın hüdudlarına çatdıq. İstehkamın ətrafına çəpər kimi düzülmüş ağaclar dağılmış, bizim atdığımız qumbaralar torpağı qazıq-qazıq eləmişdi. İndiyə kimi də hər addımda qışqıran əsgərlər bu dəfə gözlənildiyindən daha da bərk: “Yaşasın İmperator!” – deyə qışqıraraq, xarabalıqlara tərəf döyüşə atıldılar.

Yuxarı baxdım… Gördüyüm bu səhnəni heç vaxt unutmayacağam… Qalın tüstü qatı havaya qalxmışdı və istehkamın üstündə iyirmi metr hündürlükdə asılmış talvarı xatırladırdı. Yaşılımtıl rəngə çalan tüstü-dumanın içərisində, yarıdağılmış çəpərin arxasında rusların qumbara atanları tüfəngləri əllərində yuxarı qalxmış vəziyyətdə, heykəl kimi yerlərində qalmışdılar. Sanki mən həmin əsgərləri – sol gözü ilə bizə baxan, sağ gözünü isə üstümüzə tuşladığı tüfəngin arxasında gizlədən döyüşçüləri indinin özündə yenə görürəm. Bizdən bir neçə addım aralıda, mazğalların7 birindəki döyüşçü topun yanında, uzun taxtaya sarınmış fitili əlində tutmuş vəziyyətdə yıxılıb qalmışdı.

Bədənim ürpəşdi və son nəfəsimin çatdığını hiss etdim.

– Hə, bax, indi əsl oyun başlayacaq! Axşamın xeyir!

Bu, həmin adamdan eşitdiyim son sözlər oldu.

İstehkamda təbil gurultusu qopdu. Bütün silahların aşağı salındığını öz gözlərimlə gördüm. Gözlərimi yumdum, dəhşətli gurultu, atəş, onun ardınca isə qışqırıq və fəryad səsləri eşitdim. Gözlərimi açdım, özümü sağ-salamat görəndə məni təəccüb bürüdü. İstehkam yenə tüstü-duman içində idi. Dörd bir tərəfim ölülər və yaralılarla dolmuşdu. Mənim kapitanım düz ayaqlarımın yanında yerə sərilmişdi: başını top gülləsi dağıtmışdı. Dağılmış beyni və axan qanı üst-başımı bulamışdı. Bütün bölüyümdən cəmi-cümlətanı, mənim özüm də daxil olmaqla, altı nəfər adam qalmışdı.

Bu qırğından sonra cansıxıcı bir sükut başladı. Papağını qılıncının başına keçirən polkovnik çəpəri hamıdan qabaq keçib istehkama atıldı, onun ardınca isə sağ qalanların hamısı: “Yaşasın imperator!” – deyə qışqırdı və irəli cumdu. Daha sonra nə baş verdiyini demək olar ki, xatırlaya bilmirəm. İstehkama necə girdiyimiz yadımda deyil. Göz gözü görməyən tüstü-duman içərisində biz əlbəyaxa vuruşduq. Zərbəm kimisə bərk tutmuşdu, buna şübhə yoxdu, çünki qılıncım qanlı idi. Nəhayət, mən kiminsə “Qələbə!” – deyə qışqırdığını eşitdim və yalnız bundan sonra tüstü-dumanın yavaş-yavaş çəkildiyini, istehkamda həlak olanların qan içində yan-yana sərildiklərini gördüm. Həlak olanlar o qədər idi və onlar bir-birinin üstünə elə sıx qalaqlanmışdı ki, torpaq görünmürdü. Toplar meyit qalaqlarının altında qalmışdı. Təxminən iki yüzə qədər fransız geyimində olan əsgər pərakəndə halda orda-burda toplaşmışdı; kimisi tüfəngini doldurur, kimisi də süngüsünü silirdi. Onların arasında on bir nəfər də rus əsiri vardı.

Polkovnik qanına qəltan olmuş vəziyyətdə istehkamın girəcəyinin lap yaxınlığında, sınıq güllə yeşiyinin üstündə qalmışdı. Bir neçə əsgər onun ətrafına toplaşmışdı, mən də yaxınlaşdım.

– Hanı sizin keçmiş kapitanınız? – o, bir serjantdan soruşdu.

Serjant çox mənalı tərzdə çiyinlərini çəkdi.

– Bəs leytenant hanı?

Serjant təmkinlə:

– Dünən gələn müsyö buradadır, – dedi.

Polkovnik acı-acı gülümsəyib mənə müraciət elədi:

– Hə, müsyö, komandanlığı qəbul edin. Siz başçı təyin olunursunuz. İstehkamın ağzının müdafiəsini təcili möhkəmləndirin, yoxsa düşmən güc gələr. General K. sizə kömək göndərəcəkdir.

Ondan soruşdum:

– Polkovnik, siz ağır yaralanmısınız?

O, son dəfə dedi:

– Ölürəm, əzizim, amma eyib etməz, istehkamı ki aldıq!

ETRÜSK VAZASI

Bu gen dünyada Oqüst Sən-Kler hələ heç vaxt sevilməmişdi. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Sən-Kler yalnız özünün bəyəndiyi adamlara xoş gəlməyə can atırdı. Ürəyincə olanlarla dostluq edir, xoşuna gəlməyənlərdən isə bacardıqca uzaq gəzirdi. Burası da vardı ki, Sən-Kler etinasız və dalğın adam idi. Bir gecə Parisdəki “İtaliya teatrı”nda tamaşaya baxandan sonra markiza A. ondan: “Hə, madmuazel Zontaq8 necə oxudu?” – deyə soruşduqda, o gülümsəyərək tamam başqa bir şey haqda düşünmüş və “Bəli, markiza” demişdi. Sən-Klerin bu qəribə cavabını onun tərəfindən utancaqlıq kimi qələmə vermək düzgün olmazdı, çünki o, lap mötəbər cənabla, adlı-sanlı əsilzadə ilə, son dəbdə geyinmiş bir xanımla, hətta özü səviyyəsində olan başqa bir adamla da elə belə danışardı. Markiza Sən-Klerin son dərəcə təkəbbürlü və ədabaz olduğunu özlüyündə yəqin etdi.

Bir bazar ertəsi günü madam B. onu nahara dəvət etdi. Madam onunla çox söhbət elədi və Sən-Kler vidalaşarkən bildirdi ki, heç vaxt belə füsunkar qadına rast gəlməmişdir. Madam B. adətən, bir müddət ərzində başqalarının təcrübəsindən öyrənər, sonra öz evində təşkil etdiyi ziyafətlərdə topladığı təcrübədən ağılla istifadə edərdi. Sən-Kler madam B. ilə həmin həftənin cümə axşamı günü yenidən görüşdü. Budəfəki görüşdə Sən-Kler bir az sıxıldı. Başqa bir dəfə isə madam B. ilə görüşdükdən sonra Sən-Kler onun salonunda bir daha görünməmək qərarına gəldi. Bundan sonra madam B. hər yerdə ağzına gələni deyirdi ki, Sən-Kler son dərəcə ədəbsizdir və üstəlik, danışığının yerini də bilmir.

Sən-Kler incə və sevən qəlblə dünyaya gəlmişdi; ancaq gənclik yaşlarında – təəssüratların ömürlük yadda qaldığı bir dövrdə onun həddindən artıq çılğınlığı yoldaşları tərəfindən gülüş hədəfinə çevrilmişdi. Sən-Kler məğrur və şöhrətpərəst idi. Bununla belə o, uşaq kimi başqalarının təsiri altına tez düşürdü. Elə həmin vaxtdan etibarən özündə ən zəif cəhət hesab etdiyi nə vardısa, məharətlə hamıdan gizlətməyə başladı. O, məqsədinə nail oldu, ancaq bu qələbə ona baha başa gəldi, çünki hamının qarşısında qəlbinin ən incə hisslərini də gizli saxladı. Burası da vardı ki, Sən-Kler bu hissləri nə qədər gizli saxlayırdısa, bir o qədər daxilən əzab çəkir və duyğuları onun qəlbində daha da coşurdu. Sən-Kler camaat içərisində etinasız və laqeyd adam kimi tanındı. Təklikdə qalanda isə narahat düşüncələri ona elə əzab-əziyyət verirdi ki, o, öz dərdini heç kimlə bölüşə bilmirdi.

Həqiqətən də əsl dost tapmaq çətindir. Nəinki çətindir, daha doğrusu, mümkün deyil. Görəsən, dünyada elə iki adam varmı ki, onların bir-birindən gizli sirri olmasın? Sən-Kler dostluğa ömründə inanmırdı, bunu hamı hiss edir və görürdü. O, özünü cavanlar arasında soyuq və təmkinli aparar, onlardan heç vaxt heç nə soruşmazdı. Sən-Klerin bütün fikirləri və hərəkətlərinin çoxu yaxın dostları üçün müəmma olaraq qalırdı. Fransızlar, ümumiyyətlə, özləri haqda danışmağı sevirlər. Məhz buna görə də Sən-Kler başqalarının səmimi etiraflarını istər-istəməz dəfələrlə dinləməli olmuşdu. Dostları – söhbət burada həftədə iki dəfə görüşdüyü adamlardan gedir – Sən-Klerin inamsızlığından narazılıq edir, şikayətlənirdilər. Doğrudan da, birisi təklifsiz-filansız öz sirrini bizə açıb danışırsa və biz ona öz sirlərimizi etibar etmiriksə, təbii ki, onun qəlbinə toxunmuş oluruq. Deməli, belə çıxır ki, naqqallıq da, boşboğazlıq da qarşılıqlı olmalıdır.

Yaraşıqlı eskadra komandiri, Alfons de Temin bir gün söhbət əsnasında bildirdi:

– Onun pencəyi həmişə aşağıdan yuxarıya qədər düyməli olur. Bu lənətə gəlmiş Sən-Klerə bir damcı da etibar edə bilmərəm.

Jül Lamber:

– Mənə elə gəlir ki, o, yezuitdir9, – dedi. – Tanışlardan kimsə mənə and içərək bildirdi ki, onu iki dəfə Sən-Sülpis kilsəsindən çıxan görmüşdür. Onun nə düşündüyündən, nə fikirlə yaşadığından heç fələk də baş açmaz. Onun olduğu yerdə mən özümü sərbəst hiss etmirəm.

Onlar ayrıldılar. Alfons de Temin “İtaliya bulvarı”nda başını aşağı dikib heç kimə baxmadan gedən Sən-Klerə rast gəldi. Onu saxlayıb qoluna girdi və Sülh küçəsinə qədər gedə-gedə kobud və qısqanc əri olan madam N. ilə keçirdiyi məhəbbət macəralarını təfsilatı ilə danışdı.

Jül Lamber həmin gecə bütün pullarını kartda uduzdu. O, rəqs etməyə başladı. Rəqs edərkən elə həmin gecə son qəpiyinə qədər uduzmuş başqa bir qanıqara cənaba təsadüfən toxundu. Hər iki tərəf bir neçə təhqiredici söz işlətdi. Nəticədə duelin yeri, vaxtı təyin edildi. Jül Sən-Klerdən onun sekundantı10 olmağı xahiş etdi və buna görə ondan borc pul aldı, ancaq sonralar da qaytarmadı.

Bütün bunlarla yanaşı Sən-Kler tez ünsiyyət yaradan adam idi. Onun nöqsanları yalnız özünə baha başa gəlirdi. İltifatlı, çox vaxt isə xeyirxah idi, nadir hallarda bikef görünərdi. O, çox səyahət etmiş və çox oxumuşdu. Səyahətləri, oxuduğu kitablar haqda yalnız onu məcbur edəndə danışardı. Onu da deyək ki, o, boylu-buxunlu, yaraşıqlı idi. Sifətinin alicənab və ağıllı ifadəsi var idi. Həmişə təmkinli görünərdi, eyni zamanda təbəssümü çox xoş idi.

Onun gözəl bir keyfiyyətini unutdum: Sən-Kler bütün qadınlara qarşı diqqətli olmağı ilə seçilirdi və kişilərdən çox qadınların söhbətini xoşlayırdı. Sevirdimi? Bunu demək çətin idi. Hər halda, əgər zahirən bu qədər soyuq olan adam məhəbbətin nə demək olduğunu duyurdusa, hamı bilirdi ki, onun sevgi hədəfi yalnız gözəl qrafinya Matilda de Kursi ola bilər. Bu, cavan, dul bir qadın idi. Sən-Kleri tez-tez onun yanına gedib-gələn görərdilər. Onların bir-birinə yaxınlaşmasını aşağıdakı fərziyyələrlə əsaslandırırdılar: Sən-Klerin qrafinya ilə son dərəcə nəzakətli rəftarı və eyni rəftarın qrafinya tərəfindən Sən-Klerə göstərilməsi; qadının adını camaat içində çox nadir hallarda çəkməsi; məcbur qalıb ondan danışmalı olanda belə, onu zərrə qədər tərifləməməsi. Bundan başqa, Sən-Kler qrafinya ilə tanış olmamışdan əvvəl musiqinin vurğunu idi, qrafinya isə daha çox rəssamlığı sevirdi. Onlar görüşüb tanış olandan sonra zövqləri də dəyişdi. Nəhayət, keçən il qrafinya müalicə məqsədilə yola düşdükdən altı gün sonra Sən-Kler də onun dalınca yollanmışdı.

***

Tarixçi olmaq vəzifəm məni vadar edir sizə deyəm ki, günlərin bir günü, iyul gecələrinin birində, günəşin doğmasına az qalmış bağ-bağatlı malikanələrdən birinin qapısı açıldı. Oradan bir adam, başqalarını şübhələndirməkdən qorxurmuş kimi, oğruya xas olan ehtiyatla yola çıxdı. Bu bağ-bağatlı malikanə madam de Kursinin idi, oradan çıxan adam isə Sən-Kler idi. Kürkə bürünmüş qadın onu həyət qapısına qədər ötürdü və malikanənin divarboyu cığırı ilə uzaqlaşan adama tamaşa etmək üçün başını qapıdan çıxarıb onun arxasınca xeyli baxdı. Sən-Kler dayandı, ehtiyatla ətrafına nəzər saldı və əli ilə həmin qadına işarə etdi ki, qayıdıb evə getsin. O, yay gecəsinin şəffaf ala-toranında həyət qapısının yanında hərəkətsiz dayanmış qadının solğun sifətini görə bilirdi. Sən-Kler yenidən qadının yanına qayıtdı və onu nəvazişlə qucaqladı. O, qadının evə getməsi üçün onu dilə tutmaq, yola gətirmək istəyirdi, ancaq deməyə hələ nə qədər sözü vardı! Onların söhbəti on dəqiqə idi ki, davam edirdi. Evindən çıxıb işə yollanan bir kəndlinin səsi eşidiləndə, tələsik öpüşdən sonra qapı örtüldü və Sən-Kler cəld oradan uzaqlaşdı.

O, tanış yolla irəliləyirdi. Sən-Kler sevindiyindən az qala tullana-tullana gedirdi. Gah əlindəki əsanı yol boyu kollara çırpır, gah dayanır, gah da yavaş addımlarla irəliləyərək, şərq tərəfdə təzəcə allanmağa başlayan üfüqə diqqətlə tamaşa edirdi. Başqa sözlə, onu azadlığa çıxmış xoşbəxt bir dəliyə oxşatmaq olardı. Yarım saat yol getdikdən sonra o, yay ayları üçün xəlvət, sakit bir guşədə kirayələdiyi balaca evin qapısına gəlib çatdı. Qapını öz açarı ilə açıb içəri daxil oldu, sonra özünü böyük bir divanın üstünə saldı. Gözlərini tavana zilləyərək, xoş təbəssümlə dodaqlarını büzüb xəyal aləminə qapıldı. Təxəyyülü onun gözləri qarşısında tam xoşbəxtliyi təsvir edir, yalnız xoş mənzərələri canlandırırdı. “Necə də xoşbəxtəm! – deyə öz-özünə düşünürdü. – Nəhayət, məni duyan bir qəlbə rast gəldim!… Bəli, mən öz idealımı tapdım… Mən eyni vaxtda özümə həm dost, həm də məşuqə tapdım… Necə bir varlıq!… Necə ehtiraslı bir qəlb! Xeyr, o mənə qədər heç vaxt heç kimi sevməmişdir və bundan sonra da məndən başqa kimsəni sevməyəcəkdir…” Və bu dünyanın işlərinə özünəvurğunluqla müdaxilə edərək “Bu, Parisin ən gözəl qadınıdır”, – deyə fikirləşir və qadının üzünün bütün cizgilərini incəliklərinə qədər xəyalında canlandırırdı. “O, hamının içindən məni seçib. Cəmiyyətin ən ləyaqətli cavanları onun ayaqları altına döşənməyə hazırdırlar. Elə birisi bu qusar11 polkovniki. Özü də necə gözəl, boylu-buxunlu, cəsur, ədabazlıqdan tamamilə uzaq bir adamdır. Yaxud tamaşa salonlarında məharətlə oynayan və gözəl akvarelləri12 ilə hamını heyran qoyan o gənc rəssam. Hələ mən Balkan döyüşlərində Dibiçin13 komandanlığı altında vuruşan o rus əyyaşını demirəm; alnında qılınc zərbəsinin yeri hələ də qalır… O, bunların hamısına rədd cavabı verib. Mən isə…” Sən-Kler yenə əvvəlki fikrinə qayıtdı: “Mən necə də xoşbəxtəm! İlahi! Necə də xoşbəxtəm!” O, yerindən qalxır, otaqda gəzişir, sanki havası çatmırmış kimi pəncərəni açır və yenidən yumallanıb özünü divana salırdı.

Xoşbəxt aşiq də bədbəxt aşiq kimi qüssəli və darıxdırıcı olur. Hər iki vəziyyətdə olan dostlarımdan biri məni dinləməyə məcbur etməyin üsulunu tapmışdı; o, mənə dadlı-ləzzətli yemək verib başımı qatar, özü də başına gələn məhəbbət macəralarından ağızdolusu danışardı. Ancaq qəhvədən sonra, mən mövzunu dəyişdirməyə təcili ehtiyac hiss edirdim.

Bütün oxucularıma dadlı xörək vermək imkanım olmadığından, mən onları Sən-Klerin romantik məhəbbət xəyalları ilə bezdirmək niyyətində deyiləm. Çünki həmişə xəyala qapılıb göylərdə uçmaq olmaz. Sən-Kler yorulmuşdu. O əsnədi, qollarını geniş açıb arxası üstə divana uzandı. Havanın tamam işıqlandığını görəndə yadına düşdü ki, yatmaq lazımdır.

Sən-Kler oyanıb saatına baxanda gördü ki, olan-qalan vaxtı geyinməyə, Parisə gedib dostları ilə nahar etməyə ancaq çatar.

Yenə bir şampan şüşəsinin ağzını təzəcə açmışdılar. Hər halda, oxucular təxmin edə bilər, belə məclislərdə indiyə qədər neçə şüşə şampan içilir. Təkcə bunu demək kifayətdir ki, cavan və subay adamların tez-tez təşkil etdikləri belə nahar zamanı adətən, vaxt tez keçir. Həm də bu məclis indi elə vəziyyətə gəlib çatmışdı ki, nisbətən ayıq başların tamam sərxoş başlar üçün narahat olduqları anda hamı birdən danışmaq istəyirdi.

Harada olursa-olsun, İngiltərə haqqında danışmaq imkanını heç vaxt əldən verməyən Alfons de Temin bu dəfə də sözə başladı:

– Yaxşı olardı ki, Londonda olduğu kimi, Parisdə də hər kəs öz məşuqəsinin şərəfinə sağlıq desin və bu, adət halını alsın. Belə olsa, biz, nəhayət, dostumuz Sən-Klerin kimin ucbatından qəm dəryasına qərq olduğunu biləcəyik. – Bu sözləri deyəndən sonra o özünün və yaxın oturanların qədəhlərini şampanla doldurdu.

Bir az pərt olmuş Sən-Kler cavab verməyə hazırlaşırdı ki, Jül Lamber onu qabaqladı:

– Mən bu gözəl adəti qiymətləndirir və onu qəbul edirəm, – deyib qədəhini təntənə ilə yuxarı qaldırdı. – Parisin bütün modabaz qadınlarının sağlığına. Otuz yaşında olan çəpgözlər, axsaqlar və sairlər istisna olmaqla.

– Ura! Ura! – Gənc ingilispərəstlər qışqırışdılar.

Sən-Kler qədəhini yuxarı tutaraq ayağa qalxdı:

– Cənablar, – deyə sözə başladı, – mənim qəlbim dostumuz Jülün qəlbi kimi geniş deyil, ancaq mənim qəlbim daha sadiqdir, çünki mənim sədaqətim, dəyanətim o dərəcədə tərifəlayiqdir ki, ürəyimdə gəzdirdiyim, xəyalı ilə yaşadığım bir qadından çoxdandır ki, ayrılmışam. Buna baxmayaraq, əminəm ki, mənim seçimimi siz də təqdir edəcək, bəyənəcəksiniz. Əlbəttə, əgər siz artıq mənim rəqibim deyilsinizsə. Cənablar, Jüdit Pastanın14 sağlığına! Avropanın ilk faciə aktrisasını tezliklə görə biləcəyimizin şərəfinə!

Temin deyilən sağlığı tənqid etmək istədi, ancaq alqışlar ona imkan vermədi. Bu atmacadan yayınan Sən-Kler vəziyyətdən çıxdığına əmin oldu və sakitləşdi.

Sonra məclisdəkilər bir qədər teatrdan danışdılar. Dram mövzusu siyasətdən danışmaq üçün imkan yaratdı. Söhbət lord Vellinqtondan15 ingilis atlarına, ingilis atlarından qadınlara keçdi, çünki cavan və subay kişi üçün əvvəlcə gözəl at, sonra isə gözəl qadın dünyada ən çox arzulanan şeylərdir.

Daha sonra belə arzulara çatmaq yolları haqqında mübahisə etdilər. Atlar da arvadlar da alınırlar. Gəlin bu haqda daha danışmayaq. Bu cür incə məsələlərdə təcrübəsi az olduğunu təvazökarlıqla etiraf edən Sən-Kler qeyd etdi ki, qadına xoş gəlmək üçün birinci şərt başqalarından fərqlənmək və seçilməkdir. Ancaq orijinal olmaq üçün ümumi bir qayda mövcuddurmu? Onun fikrincə, belə bir qayda yox idi.

Jül dilləndi:

– Belə çıxır ki, qadınlara xoş gəlmək məsələsində axsaq, beli donqar bir adamın bəxti qədd-qamətli, boylu-buxunlu adamın bəxtindən daha çox gətirir, hə?

– Siz ifrata varırsınız, – Sən-Kler etiraz etdi. – Bununla belə, mən öz fikrimdə qalıram. Məsələn, əgər mən qozbel olsaydım, dərddən tapançanı beynimə sıxıb özümü öldürməzdim, əksinə, gözəl qadınları özümə məftun etməyə çalışardım. Hər şeydən əvvəl mən iki cür təbiətli qadınlarla maraqlanardım: ürəyi həssas, insanı qəlbdən duyanlarla, ya da orijinallıq axtaranlarla. İngiltərədə deyildiyi kimi, qeyri-adi qadınlarla. Belələri isə çoxdur. Birincilərə öz vəziyyətimi bütün dəhşətilə danışardım və təbiətin mənimlə amansız rəftarını bütün çılpaqlığı ilə ortaya qoyardım. Mən onları vadar edərdim ki, mən qarabəxtə rəhm etsinlər; ehtiraslı məhəbbətə qadir olduğumu onlara hiss etdirərdim. İstənilən rəqibi dueldə öldürər, özümü isə zəif dozalı tiryəklə zəhərləyərdim. Bir neçə aydan sonra mənim donqarıma daha diqqət yetirməzdilər və mənimlə maraqlanan qadınlardan hansını seçmək məsələsi mənim özümdən asılı olardı. Özlərini orijinal, qeyri-adi aparan qadınlara gəldikdə isə onlar üzərində qələbə çalmaq asan olardı. Əsas məsələ odur ki, onları inandırasan. Guya hər şey öz düzgün və mütləq yerini tapıb, nə bilim, qozbel də insandır, o da mənsəb sahibi ola bilər. Bax, bu halda qadınlar zahiri eybəcərlik barədə fikirləşməz, ümumi qaydanı qəbul edərlər.

– Sən bir Don Juana bax! – deyə Jül qışqırdı.

Polkovnik Boje dedi:

– Cənablar, axsaq doğulmaq xoşbəxtliyinə nail olmadığımız üçün gəlin qıçımızı sındıraq!

– Mən Sən-Klerin fikrinə tamamilə şərikəm, – vur-tut iki-üç qarış boyu olan Hektor Rokantən yerindən cavab verdi. – Bir də görürsən, ən gözəl, ən modabaz qadınlar elə adamlara təslim olurlar ki, heç adamın ağlına da gəlməz… O adamlara ki, elələrini siz yaraşıqlılar heç də özünüzə təhlükəli rəqib hesab etməzsiniz.

Temin çox təmkinlə dedi:

– Hektor, zəhmət olmasa, ayağa qalxın və zəngi basın ki, bizə şərab gətirsinlər.

Cırtdan yerindən qalxdı və məclisdəkilər ona baxaraq “Quyruğu kəsik tülkü təmsilini”16 xatırlayıb gülümsədilər.

– Mənə qalsa, – Temin söhbətinə davam etdi, – mən başqa cür düşünürəm. Nə qədər çox yaşayıramsa, bir o qədər də əmin oluram ki, gözəl zahiri görkəm, – bunu deyərkən o, divarda onunla üzbəüz vurulmuş güzgüyə özündən razı halda diqqət yetirdi, – və zövqlə geyinmək bacarığı ən təkəbbürlü qadınlara da qalib gəlməkdə orijinal üsuldur.

O, paltarındakı çörək qırıntısını çırtma ilə vurub kənara atdı.

– Bah! – Cırtdan qışqırdı. – Gözəl sifətlə və Ştaubun17 tikdiyi paltarla siz ancaq bir həftəlik qadınların diqqətini cəlb edə bilərsiniz və onlar da sizi ikinci görüşdən sonra darıxdırarlar. Özünü sevdirmək üçün başqa nə isə lazımdır… Əsl mənada sevilmək o deməkdir ki… Lazımdır ki…

– Bura baxın! – Temin cırtdanın sözünü yarımçıq kəsdi. – Əsaslı dəlil, misal istəyirsiniz? Siz hamınız Masinini tanıyırdınız və onun necə adam olduğunu da bilirdiniz. Hərəkətlərində ingilis nökərlərini, danışığında isə onların atlarını xatırladırdı… Lakin o, Adonis18 qədər gözəl idi, Brümel19 kimi də qalstuk taxardı… Əslinə qalsa, o, mənim tanıdıqlarım arasında ən məhzun, ən cansıxıcı adam idi.

– Elədir, – polkovnik Boje söhbətə qarışdı. – Təsəvvür edirsinizmi, bir dəfə necə oldusa, mən onunla min kilometrə qədər yol getməli oldum. Dilxorluqdan az qala öləcəkdim…

– Bilirsinizmi, hamınızın tanıdığı bədbəxt Riçard Torntonun ölümünə o bais olubdur? – Sən-Kler əlavə etdi.

Jül dedi:

– Axı mən biləni, Tornton Fondi yaxınlığında quldurlar tərəfindən öldürülüb.

– Əlbəttə, elədir. İndi siz görəcəksiniz ki, Masininin bu cinayətdə, az da olsa, əli olmuşdur. Bir neçə səyahətçi, o cümlədən, Tornton quldurlardan ehtiyat etdiklərindən Neapol şəhərinə birlikdə getmək qərarına gəlirlər. Masini də həmin dəstəyə qoşulmaq istəyir. Tornton bundan xəbər tutan kimi onlardan ayrı, hamıdan tez yola düşür. Çünki o, Masini ilə yol yoldaşı olmaq istəmirdi. O, tək-tənha yola çıxır və işin də necə qurtardığını siz özünüz artıq bilirsiniz.

– Tornton haqlı idi; o, iki ölümdən yüngülünü seçdi. Axı Masini ilə yol getmək ölümdən betərdir. – Temin azacıq pauza verdi.

– Mənimlə razılaşırsınızmı ki, Masini dünyanın ən bezdirici adamı olmuşdur?

Hamı bir nəfər kimi dilləndi:

– Razıyıq!

Temin söhbətinə davam etdi:

– İndi, bax, elə bu saat mənimlə razılaşarsınızmı ki, madam de Kursi ən ağıllı qadındır?

Araya bir anlıq sükut çökdü. Sən-Kler başını aşağı salmışdı, bununla belə, bütün nəzərlərin ona dikildiyini təsəvvüründə canlandırırdı.

– Buna kim şübhə edə bilər? – Nəhayət, başını qarşısındakı boşqaba tərəf əymiş Sən-Kler dilləndi. Gözlərini ora elə dikmişdi ki, deyərdin, qabdakı çiçək şəkillərinin bütün məna və rəng çalarlarını öyrənmək istəyir.

– Mən təsdiq edirəm, – Jül səsini qaldırdı, – təsdiq edirəm ki, o, Parisin üç ən gözəl qadınından biridir.

Polkovnik dedi:

– Mən onun ərini tanıyırdım, o, arvadının şanlı məktublarını tez-tez mənə göstərərdi…

– Oqüst, – Hektor Rokantən polkovnikin söhbətini yarımçıq kəsdi, – məni qrafinyaya təqdim edin. Deyilənlərə görə, siz onun sarayında böyük hörmət sahibisiniz.

Sən-Kler dodaqaltı mızıldandı:

– Payızın axırında… o, Parisdən qayıdanda… gərək ki, kənddə heç kimi qəbul etmir.

– İmkan verin sözümü bitirim. Məni eşitmək istəyirsiniz, ya yox? – Temin qışqırdı.

Sakitlik yenidən bərpa olundu. Sən-Kler stulda məhkəmə salonundakı müttəhim kimi oturmuşdu.

Alfons de Temin qəddar soyuqqanlılıqla:

– Siz qrafinyanı üç il əvvəl görməmisiniz, Sən-Kler, o vaxt siz Almaniyada idiniz, – dedi, – və deməli, qrafinyanın o vaxtlar necə olduğunu deyə bilməzsiniz… Gözəl, çiçək kimi təravətli, cazibədar, deyib-gülən, kəpənək kimi qayğısız, şən… hə, yaxşı! Saysız-hesabsız pərəstişkarlar içərisində qrafinyanın kimə daha çox hüsn-rəğbət bəslədiyini bilirsinizmi? Masiniyə! Hamıdan başıboş və qanmazın birisi ən ağıllı bir qadını yoldan çıxarmışdı. Bundan sonra da deyəcəksiniz ki, qozbel adam da bax, bu cür uğur qazana bilərdi? Mənə inanın, buna yalnız gözəl simanız, səliqəli tikilmiş kostyumunuz olarsa, müvəffəq ola bilərsiniz.

Sən-Kler lap çıxılmaz vəziyyətdə qalmışdı. O, danışan adamın dediklərini təkzib etmək, yalana çıxarmaq istədi, ancaq qrafinyanı gözdən salmaq, ləkələmək qorxusu onun qabağını kəsdi. Qrafinyanın xeyrinə bir neçə söz demək istədi, ancaq elə bil, dili tutulmuşdu. Qəzəbindən dodaqları əsirdi, savaşmaq, dalaşmaq üçün bəhanə axtarırdı.

– Necə?! – Jül heyrətlə qışqırdı. – Madam de Kursi özünü Masiniyə təslim edib?! Frailty, thy name is women.20

– Qadın haqqında şayiə yaymağa nə var! – Sən-Kler quru və nifrətamiz bir ahənglə dedi: – Hər kəs özünü göstərmək üçün onu ləkələyə bilər.

5.Şövörino – Merime rus kəndlərindən olan Şevardinonun adını təhrif olunmuş formada verir. Borodino vuruşunda (1812) Şevardino istehkamı qızğın vuruşlarda gah bu, gah da digər tərəfin əlinə keçirdi, belə ki, bu istehkam rus ordularının bütün istiqamətlərdə möhkəmlənməsi üçün əsas mövqe olmuşdur.
6.Adyutant – hərbi rütbə (praporşik).
7.Mazğal – qala divarlarında, istehkamlarda atışmaq üçün qoyulmuş dəlik (red.).
8.Zontaq – Zontaq Henrietta (1805-1854) – alman müğənnisi, Parisdəki italyan opera səhnəsində müvəffəqiyyətlə çıxışlar edib.
9.Yezuit – mürtəce katolik ruhanilərin cəmiyyətinin üzvü, katolik rahibi. Yezuitlər 1764-cü ildə Fransadan qovulublar. Lakin, "İsa Cəmiyyəti"nin bərpası zamanı onlar yenidən önə çıxıblar. Sonuncu Burbonlar sülaləsi hakimiyyətinin əks-inqilabi siyasətində əhəmiyyətli rol oynayıblar. Onları dəstəkləyənlər fransız cəmiyyətin bütün təbəqələrindən olublar. Lakin böyük səylə təşkilata bağlılıqlarını gizli saxlayıblar.
10.Sekundant – 1) duel iştirakçılarını müşayiət edən şahid və vasitəçi; 2) idmanda (boks, şahmat, qılıncoynatma və s.) vasitəçi və köməkçi tərəf.
11.Qusar – çar ordusunda və bəzi başqa ölkə ordularında macar forması geyinən süvari əsgər və ya zabit.
12.Akvarel – 1) su ilə qarışdırılmış rəng; 2) bu rənglərlə işlənmiş rəssamlıq əsəri.
13.Dibiç İvan İvanoviç (1785-1831) – Rus feldmarşalı, 1828-1829-cu illərdə baş vermiş Rusiya-Türkiyə müharibəsində xüsusilə fərqlənmişdir.
14.Jüdit Pasta – (1798-1865) – məşhur italyan müğənni qadını. 1820-30-cu illərdə Parisin opera teatrında çıxış etmişdir.
15.Lord Vellinqton – (1769-1852) – hersoq, ingilis komandiri, Vaterloo döyüşündə Müttəfiq qüvvələrin komandiri olmuşdur.
16.Quyruğu kəsik tülkü təmsili” – Fransa təmsilçisi Ləfontenin (1621-1695) təmsili nəzərdə tutulur. Quyruğu kəsilmiş tülkü, heyvanlara quyruğun yararsız olduğunu deyir və onlara quyruqlarını kəsdirməyi məsləhət görür.
17.Ştaub – o zamanın kübar cəmiyyətinə xidmət göstərən dərzi, moda mütəxəssisi.
18.Adonis – Yunan mifologiyasının qəhrəmanlarından biri; o dərəcədə yaraşıqlı oğlan olub ki, baş tanrı Zefsin qızı, Gözəllik İlahəsi Afrodita ona aşiq olub.
19.Brümel – Corc Brümel (1778-1840) – ingilis modabazı, kübar cəmiyyətdə modalar qanunvericisi.
20.(İng. Ah qadınlar, xəyanətdir sizin adınız!) İngilis şairi U. Şekspirin “Hamlet” əsərində Hamletin anasına söylədiyi ifadə.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952241723
Telif hakkı:
Altun Kitab / Алтын Китаб

Bu kitabı okuyanlar şunları da okudu