Kitabı oku: «Gələcəyə ön söz»
© «Altun kitab» MMC – 2019
* * *
Musəlman Şərqində ilk parlament li respublika – demokratik Cum hu – riy yət qurmuş, insan huquq və azadlıqlarını onə cək miş, muasir tipli universitet yarat mış, senzuranı ləğv edərək mət buat azadlığını de – mokratik də yərə cevirmiş Qurucu Babala rı mızın muqəddəs ruhuna dərin ehtiramla…
Publisist sözünün gücü
Təntənəli məclisdə masamızdakı həmkarlarımızdan biri «Jurnalistlər evi» ndə ona verilmiş mənzilin orderini alıb geri döndüyündə hamılıqla onu təbrik edib xeyli xoş sözlər söylədik. O da nəzakətlə təşəkkür edib «gün o gün olsun, sizi də eyni münasibətlə təbrik edək» dedi. Dostum Qulu Məhərrəmli də eləmə tənbəllik gülə-gülə qayıtdı ki, bizdə ki bu ağıl var, çətin belə bir şey olsun. Stol ətrafında əyləşmiş deputatlı-jurnalistli hamımız uğunub getdik gülməkdən…
Amma anladığım qədər hərə özlüyündə bir şeyə gülürdü. Şəxsən mən Qulunun sarkazmına, hələ də yumor hissini itirmədiyinə və özümə gülürdüm, o da bütün bunlarla yanaşı, görünür onun zarafatını hələ də anlaya bilənlərin mövcudluğuna sevinirdi. Amma ən dəhşətlisi o idi ki, hamı söhbətin nədən getdiyini gözəl anlayırdı. Bəlkə də, bəziləri bizim elə, doğrudan da, ağılsız olduğumuza gülür, öz aləmlərində düşünürdülər ki, belə «axmaqlar» olmasaydı, onların qılıncının dalı da, qabağı da kəsməyəcəkdi. Əslində isə Qulu bizi güldürmək yox, düşündürmək istəyirdi. Demək istəyirdi ki, gülmək yox, ağlamaq lazımdır. Həyat prinsiplərini, abrını və illərdir qazandığı hörməti itirmək istəməyənlərə artıq gülürlər. İnsanların gözünə dik baxıb sözünü deyənlərə ağılsız kimi baxırlar…
Geniş auditoriya Qulu Məhərrəmlini ekranlarda bir televiziya aparıcısı və siyasi şərhçi kimi görüb. Elmi ictimaiyyət isə onu həm də nüfuzlu jurnalistika mütəxəssisi, nəzəriyyəçi-alim, bu sahənin aktual problemlərinə dair sanballı tədqiqatların, dərslik və lüğətlərin müəllifi, ana dilimizin çağdaş problemlərini araşdıran, bu dilin təmizliyi uğrunda çarpışan ciddi alim kimi tanıyır.
Mən isə onu istedadlı jurnalist, güclü qələm sahibi, yuxarıda təsvir etdiyim epizoddakı Qulu kimi tanıyır və sevirəm. Mənim üçün etiraz etməyi bacaran insan milli ruhun və milli xarakterin daşıyıcısı, xalqın həqiqi təmsilçisidir. Buna görə də mən peşəkarlığına, istedadına, həqiqi vətəndaş mövqeyinə, diletantlığa etiraz edib mənəviyyatsızlığa «yox» deyə bildiyinə, haqsızlığa səssiz qalmadığına görə Qulu müəllimi həm də bu xalqın böyük ziyalısı sayıram.
Qulu Məhərrəmli başdan-ayağa yaradıcı adamdır və çoxşaxəli yaradıcılığında da publisistika ayrıca yer tutur. «Təkcə «Ayna» dakı sanballı yazılarını nəzərdən keçirmək kifayətdir ki, onun yaşadığımız narahat dünyanın, çağdaş dövrümüzün düşünən insanının, günümüzün mənəvi-psixoloji mənzərəsini necə ustalıqla cızmasının şahidi olasan» (Gülrux Əlibəyli). O, varlığımız və ictimai əxlaqımız üçün təhlükə yaradan meyilləri cəsarətlə tənqid etməkdən çəkinmir. Buna görə də onun yazıları təkcə bu günümüzün mənzərəsi deyil, həm də sabaha mesajlardır, gələcəyə ön sözdür…
Elçin ŞIXLI
2013…
İlin sitatı:
«Qarabağda sivilizasiyalar yox, siyasi maraqlar toqquşur»
Vətənpərvərlik, boşboğazlıq və yapon fədakarlığı
Yox, mən Ə.Əylislinin «Daş yuxuları»ndan danışmayacam. Bu əsərdəki uğursuz epizodlar, işlədilən sərt ifadələr, həqiqətin təhrif olunması və ən başlıcası milli heysiyyətə toxunan mizan-tərəzinin pozulması haqda deyilən fikirlərə şərikəm. Gərək o boyda yazıçı xüsusi şövqlə təsvir etdiyi zorakı hadisələr üzərindən ləyaqət ölçülərinə sığmayan formada bütöv bir xalqın üzərinə yeriməyəydi. Həm də hər addımda onu didib-parçalamağa hazır olanlara bu fürsəti verməyəydi.
Nə isə… olan-oldu və bəlli oldu ki, qeyzlənmiş çoxluq istedadlı yazıçının, əxlaqını qəbul etmədiyi bir cəmiyyət və rejimlə savaşına normal baxmır. Ona görə də Ə.Əylisli kimi böyük yazıçıya olan iyrənc hücumlar ara vermir. Daha çox bir barmaq işarəsi ilə idarə olunan oyuna bənzəyən bu kütləvi hücumların əsas motivi isə belə hallarda kara gələn «vətənpərvərlik» bayatısıdır. Bəli, Vətənin dar günündə onun açıq yaralarına məlhəm olmayanlar indi vətənpərvərlik şərqisinə güc veriblər, duyğuları dilə gəlib coşmaqda, bülbül kimi ötməkdədirlər. Bu saxta vətənpərvərlik adamı çox qorxudur…
* * *
Azərbaycanda xalq hərəkatı başlayanda, millətin yüzlərlə övladı torpaqları qorumaq uğrunda fanatikcəsinə döyüşlərə yollananda biz vətənpərvərliyin gerçək üzünü gördük. Mübariz İbrahimovun şücaəti sayəsində bu duyğunu yenidən yaşadıq. Yəni həqiqi vətənsevərlər şüar demir, «lazım gələrsə…» kimi səfeh boşboğazlıqlar eləmir, çünki onlar əməl adamlarıdır və vətənpərvərliyi müqəddəs missiya bilirlər. Bir də var saxta vətənpərvərlər! Onların sevgisi dildədir və bu adamlar Vətənə qazanc mənbəyi, rüşvət ocağı, mənsəb meydanı kimi baxırlar.
Bu dünyanı görə-görə gəldikcə «vətənpərvərlik yaramazların son sığınacağıdır» kəlamının nə qədər sərrast deyildiyinə adamda zərrə qədər də şübhə qalmır. Həqiqətən, insan halının hissi-emosional çaları olan vətənpərvərlik bir çox saxtakarlar üçün yaramazlığını, bacarıqsızlığını, bivecliyini, diş altında olan tamahını ört-basdır etmək, həqiqətin üzərinə pərdə çəkmək üçün bir şüardır. Elə cazibədar şüar ki, onunla kütlənin kütləşmiş duyğularını hərəkətə gətirmək, adamları hara desən yönəltmək mümkündür, çətini mexanizm işə düşənəcəndir.
«Vətənpərvərlik» bu gün Azərbaycan jurnalistikasında da sevimli mövzulardandır. Məmurlar mətbuatı vətənpərvər olmağa və ölkənin «sirlərini» yaymamağa çağırır, rəsmilər jurnalistləri vətənpərvər olmamaqda qınayır. Jurnalistikanın mahiyyətindən bixəbər, amma yaltaqlıqda saç ağartmış hansısa universitet müəllimi də gələcəyin jurnalistlərinə dönə-dönə vətənpərvər olmağı tövsiyə edir. Amma bu məmur da, vəzifəli şəxs də, heç vaxt burnuna həqiqi jurnalistika havası dəyməmiş həmin o riyakar müəllim də vətənpərvərliyin nədən ibarət olduğunu anlada bilmir. Onlara elə gəlir ki, vətənpərvərlik vacib ictimai olayları xəbərləməkdən vaz keçmək, nöqsanlara göz yummaq, dövləti zəiflədən, ictimai əxlaqı pozan məsələlərlə bağlı araşdırma aparmaqdan çəkinmək, bir sözlə, jurnalistikanın əsas missiyasını unudub buyruq qulu olmaqdır. Halbuki jurnalist vətənpərvərliyinin çox sadə formulu var: baş verən olayları dəqiq və qərəzsiz xəbərləmək, həqiqətin yanında olmaq, cəmiyyəti düzgün məlumatlandırmaq! Biz bu missiyanı vicdanla gerçəkləşdirə biliriksə, öz peşə borcumuzu yerinə yetiririk. Yox, bunu edə bilmiriksə, üstəgəl hələ bir fərsiz məmurların sınıq-salxaq təbliğat maşınına miniriksə, hətta manipulyasiyadan da çəkinmiriksə, onda bizim ağızdolusu vətənpərvərlikdən dəm vurmaqdan başqa çarəmiz qalmır…
* * *
Yaponlar bizdən xeyli irəlidədir, təkcə texnologiyada yox, həm də işgüzarlıqda, ağılda və düşüncə tərzində. Təbii ki, yapon jurnalistinin vətənpərvərlik təsəvvürü də xeyli fərqlidir və bunu dostum Elçin Şıxlı Yaponiyadakı son zəlzələdən sonra bu ölkəyə səfərindən yazdığı təəssüratlarında çox parlaq təsvir edib. Söhbət zəlzələ vaxtı dəhşətli dağıntıya məruz qalmış İsinomaki şəhərində çıxan yerli qəzetin əməkdaşlarının adamı heyrətləndirən fədakarlığından gedir.
Təsəvvür edin, zəlzələdən dağılmış şəhərdə bir həftədir ki, işıq yoxdur, qəzetlər çıxmır, televiziya və radio işləmir, təbii ki, internet də çalışmır. Zəlzələdən sarsılmış insanlar hər şeydən məlumatsızdır, ətraflarında nə baş verdiyini bilmirlər. Belə bir məqamda yerli «İsinomaki xibi simbun» qəzetinin əməkdaşları işi dayandırmırlar. Onlar ertədən qəzet redaksiyasına toplaşır, tapşırıqlarını alıb adi telefon rabitəsinin də olmadığı şəhərin müxtəlif yerlərinə səpələnərək xəbər toplayır, bu materialları əllə yazıb divar qəzeti buraxmağa başlayırlar. Bu qəzeti səkkiz nüsxə köçürüb əhalinin gur olduğu yerlərdə asırlar. Lap qədimdə Yuli Sezar dövrünün gil lövhələrini xatırladan bu gündəlik divar qəzetləri bir həftə ərzində milyonluq əhalisi olan şəhərin sakinləri üçün əsas məlumat mənbəyinə çevrilir. Halbuki bu qəzeti çıxaran jurnalistlərin heç də hamısı həmin günlərdə öz ailə üzvləri və qohumlarının taleyindən xəbərdar deyiliydi, amma onlar öz peşə borclarını yerinə yetirir, təbii fəlakətlə üzləşmiş həmvətənlərinin dərdlərinə şərik olur, onları ruhdan düşməyə qoymurdular… Və yapon jurnalistləri heç vaxt vətənpərvərlikdən danışmırlar.
05.02.2013
Qeyd: 2013–2014-cü ilə aid məqalələr «Ayna» qəzetində çıxdığı tarixlə verilmişdir. Sonrakı illərə (2015–2019) aid yazılarda isə materialın ayna.az saytına yükləndiyi tarix göstərilmişdir.
Azərbaycan elmi: göydə və yerdə
Ötən həftə mediada elm aləmi ilə bağlı bir neçə xəbər dolaşdı: Azərbaycan ilk dəfə kosmik orbitə rabitə peyki qaldırıb, Rusiya paytaxtında XIX əsr Azərbaycan tarixinə dair oçerklər kitabının təqdimatı olub, Moskva Dövlət Universiteti öz tarixində ilk dəfə azərbaycanlı müəllifin – riyaziyyatçı professor Nadir Süleymanovun kitabını nəşr edib. Ölkənin iki böyük aliminin – akademik Rafiq Əliyevin və professor Cəmil Həsənlinin Avropa və ABŞ-da dəyərli kitabları çap olunub. C.Həsənli həm də Almaniyanın nüfuzlu universitetlərində silsilə mühazirələr oxuyub. Bu xoş xəbərlərlə yanaşı bir üzücü hadisə də var: AMEA-nın prezidenti, gözəl alim və unudulmaz insan Mahmud Kərimov dünyasını dəyişib. Hər halda, ağlı-qaralı bu xəbərlər axıb gedən zaman içərisində elmin hələ də müəyyən işartılar verdiyinə sübutdur. Və bu işartılar elm və onun qüdrəti ilə bağlı köhnə əyyamlardan beynimdə ilişib qalmış bəzi fikirləri oyatdı…
Azərbaycanın orbitə telekommunikasiya peyki buraxmasına şadlananlar da oldu, dodaq büzənlər də. Təbii ki, hərənin də öz arqumenti var. Doğrusu, elmi-texniki mahiyyətə varmadan, bu məsələdə fantaziyalara güc vermək istədim. Adımızın kosmos ölkələri sırasına yazılması nəsə bir sevinc ilğımı yaşatdı mənə (balaca ölkədə yaşamaq belədi də…). Düzdür, bu peyki amerikalılar düzəldib və onu Fransadan fəzaya qaldırıblar, amma bütün hallarda burada Azərbaycanın intellektual payı və böyük maliyyə gücü iştirak edir. Üstəgəl, peykin orbiti dolaşması sahə elminin dirçəlməsinə, yeni texnoloji sahələrin yaranmasına təkan verə bilər. Amma təbii ki, göyə peyk uçurmaq hələ bütövlükdə elmimizin inkişafı demək deyil. Elmin gerçək vəziyyəti barədə danışmaq üçün mütləq göydən yerə enmək lazımdır.
Əlbəttə, bu gün ortada bir neçə adlı-sanlı alimin olması, ayrı-ayrı istedadlı alimlərin epizodik uğurları, «Elm fondu» nun yaradılması «Azərbaycanda elm ölüb» deyənlərlə razılaşmamaq üçün bəzən tutarlı dəlillər verir. Lakin bütövlükdə ölkə elminin bir çox səbəblərdən uçuruma getməsini də danmaq olmaz. Tədricən fundamental araşdırmalardan və müasir tədqiqat metodlarından uzaqlaşaraq publisistik çalarlarla «zənginləşən» humanitar elm sahələri ilə (tarix, ədəbiyyat, sosiologiya, fəlsəfə və s.) işim yoxdur. Bu sahənin getdikcə sayları və mənasız kitabları artan savadsız, sönük «alimlər» ini də bir yana qoyuram. Önəmli olan, bəşəriyyəti daim irəli aparan dəqiq elmlərdir, zatən elm deyəndə də çox vaxt bu sahələr nəzərdə tutulur. Şübhəsiz ki, Azərbaycanın bu sahədə parlaq ənənəsi olub və bu gün də bəzi elmi mərkəzlərdə, institut və universitet laboratoriyalarında maraqlı layihələr gerçəkləşdirilir. Lakin ayrı-ayrı fərdlərin fədakarlığına baxmayaraq bütövlükdə bu sferanın problemlərinə yanaşmada konseptuallıq yoxdur. Deyəsən, heç ölkə özü də elmdən bir şey gözləmir. Belə olmasaydı, Azərbaycanda elmin inkişafına ümumi büdcənin cəmi 6 faizi qədər cüzi vəsait ayırmazdılar. Halbuki bəzən hansısa şirkətin ofisinin tikintisinə bundan 4 dəfə çox vəsait buraxılır. Bəlkə də, maliyyə, bəlkə də, təşəbbüssüzlük və ruh düşkünlüyü səbəbindəndir ki, bu gün elm əhlinin əksəriyyətini bir süstlük və ümidsizlik bürüyüb, sanki onlar elmin məhsuldar qüvvə olmasına daha inanmırlar.
Təxminən bir ay əvvəl AMEA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunda olmasaydım, artıq bizdə elm gəmisinin tamamilə dəryalara qərq olduğunu düşünərdim. Amma burada gördüklərim həqiqi elmin sabahı ilə bağlı ümidlərimi artırdı. Sözün həqiqi mənasında çox müasir, zamanla ayaqlaşan, ölkədə gedən texnoloji quruculuğa təkan verən bir elm ocağı gördüm. İnstitutun profili ilə bağlı ən müasir istiqamətlər əhatə olunub, burada yüksək texnoloji ab-hava duyulur, hər şey avtomatlaşdırılıb və kompüterləşdirilib. Lokal şəbəkələri, nadir texnoloji qurğuları gördükcə, müasir tədqiqat laboratoriyalarını, bir növ, kosmik aura yaradan və bütün dünya ilə təmasa imkan verən videokonfrans zalını və interaktiv tədris mərkəzlərini gəzdikcə insan bir anlığa özünü «Sehrli xalat» filmində gələcəyə uçmuş uşaqların yerində hiss edir.
İnstitutun direktoru, akademik Rasim Əliquliyev sahə elminin mükəmməl bilicisi, texnoloji bilikləri populyar, anlaşıqlı bir dildə təbliğ edən müasir təfəkkürlü alimdir, üstəgəl ədalətli, çevik, təşəbbüskar və yüksək təşkilatçılığı olan rəhbərdir. Həm də beynəlxalq miqyasda tanınan mütəxəssisdir. İnstitutda daxili televiziya şəbəkəsi fəaliyyət göstərir, İKT ilə bağlı yeniliklər barədə davamlı məlumatlar verilir. Ayrıca nəşriyyatı olan institut iki elmi jurnal buraxır. İnformasiya cəmiyyəti və İKT ilə bağlı hamını maarifləndirə biləcək seriya kitabçalar nəşr edilir, əməkdaşların məqalələri xaricdəki nüfuzlu elmi jurnallarda çap olunur. Görünür, 2012-nin informasiya texnologiyaları ili adlandırılması təsadüfi deyilmiş…
Elm intellektual sərvətdir. Bu sərvəti və onu yaradanları dünya tanımalıdır, amma bizim dünyaya çıxışımız zəifdir, yaxud sadəcə, yaratdıqlarımız elm deyil. Görkəmli Azərbaycan alimi Azad Mirzəcanzadə elm adamlarından, daha doğrusu, yüksək alim adına iddia edən səviyyəsizlərdən narazı idi. Həmişə deyərdi ki, ölkədə alimlərin sayı artır, amma dünya elmində Azərbaycan alimlərinə istinad yoxdur. Deməli, stəkanda fırtına yaratmaqdan, saxta və gərəksiz elmi istiqamətlərdən qurtulmalı, dünya elminin nəbzini tutmalıyıq. Bu həm də o deməkdir ki, biz yalançı akademiklərə, elmə arxa qapıdan soxulan dil pəhləvanlarına deyil, bizi dünyada tanıdan və dünyanın tanıyıb-qəbul etdiyi həqiqi alimlərə istinad etməli, onlara dəyər (və pul) verməli, onları qorumalıyıq. Çünki yavaş-yavaş dünya da bizi tanıyır. Axı bizim göydə peykimiz var…
16.02.2013
İntriqa mərəzi, yoxsa ekspert qərəzi?
Bu günlər ölkənin gündəmini təkcə siyasət fantaziyaları məşğul etmir. Arada şou əhlinin duzsuz söhbətləri də bu fantaziyalara «rəng» qatır. Pis odur ki, indi təhsil adamlarının dərslik mübahisələri də cəmiyyətə təxminən bu havada təqdim olunur. Cida çuvaldan çıxarılıb və ölkənin eyni amala xidmət etməli olan iki qurumu sanki qaydasız döyüşə başlayıb. Biri dərslik yazır, o birisi deyir ki, sənin kitabların mənim xoşuma gəlmir. Söhbət tədrisdən və dərslikdən gedəndə isə mövzuya biganə qalmaq olmur…
Təhsil Nazirliyi (TN) ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında münaqişənin qədim tarixçəsi və dolaşıq səbəbləri var. Amma son qarşıdurmanın süjet xətti çox sadədir: ölkə başçısı TQDK-ya orta məktəb dərsliklərinin monitorinqini aparmağı həvalə edir. O da yoxlayır və nazirliyə rəsmən bəyan edir ki, dərsliklərin böyük əksəriyyəti məktəblərdə istifadəyə yaramır. Nazirlik isə bu davranışı təkcə pis başlanğıc yox, həm də qərəzli, təkəbbürlü və ədalətsiz yanaşma hesab edir. Belə məlum olur ki, birinci ələ düşmüş fürsətdən, ikinci tərəf isə impulsiv verilmış qərarların boşluqlarından bəhrələnməyə çalışır.
Əlbəttə, belə «incə» məsələlərdə hakimlik etmək, bu situasiyada kimin haqlı olduğunu müəyyənləşdirmək çətindir. Ağacın hansı başını çevirsən, subyektiv görünmək duyğusu yaranır. Lakin tərəflərdən birinin qırmızı xətti keçdiyini də deməmək olmur. Mediaya verilən məlumatlar, rəylərdə ifadə olunan iradlar, müsahibələrdə göstərilən bəzi detallar belə bir təəssürat yaradır ki, dərsliklər ən ideal səviyyədə yazılsaydı belə, indiki halda hər şeyə qadir TQDK onu alt-üst edəcəkdi.
Mən bu məmləkətdə qapısı rüşvətə bağlı olan azsaylı qurumlardan biri kimi TQDK-ya da, uzun illərdir ki, burada ciddi işgüzar və mənəvi mühit yaratmış sədr Məleykə Abbaszadəyə də rəğbət bəsləyən adamlardanam. O bizim mühitdə dəyərli mütəxəssis və vicdanlı məmur keyfiyyətlərinin bir-birinə zidd olmadığını təkcə testlərdə yox, həyatda da bacarıqla sübut edib. Bu səbəbdəndir ki, Məleykə xanımın ədalətli, obyektiv və məntiqli çıxışları çoxlarında ona rəğbət yaradıb. Amma nə qədər qəribə olsa da, mən TQDK-nın mənfi rəy verdiyi «Azərbaycan dili» (1-ci və 3-cü siniflər üçün) dərsliklərini vərəqləyərkən məhz bu üç keyfiyyətin – ədalətin, obyektivliyin və məntiqin çatışmadığını gördüm. Dildən, dərslikdən, təhsildən və metodikadan başı çıxan bir adam kimi monitorinq tələsi ilə üz-üzə qalmış dərslik müəlliflərinin indi hansı hisslər keçirdiyini yaxşı anlayıram.
Dərslik, xüsusən orta məktəblər üçün yazılan dərslik, predmetə xüsusi yanaşma, həssaslıq, dil bilgisi, metodik incəlik və psixoloji duyum tələb edir. Aşağı sinif dərsliklərini yazmaq isə bir cəhənnəm əzabıdır, uzun illər, səbir, hövsələ, ciddi axtarış lazımdır. Müqayisələr aparmaq, psixoloqla, şıltaq rəssamlarla işləmək, az qala hər detalı, hər işarəni, kitabın hər vərəqinin hər kvadrat santimetrindəki semantikanı yüz dəfə ölçüb-biçmək də öz yerində… Və birdən TQDK-nın əliqılınclı ekspertləri peyda olur və səni tənbeh eləməyə başlayırlar. Onların «bu cümlələri niyə biz istəyən formada yazmamısınız» sualı adama sıyrılmış qılıncdan da qorxulu gəlir.
İstənilən mübahisəyə, o cümlədən dərslik kimi həssaslıq tələb edən məsələyə vicdanlı və qərəzsiz yanaşma vacibdir. Həm də vicdanı ildə bir-iki dəfə epizodik oyananların yox, bütövlükdə böhranlı məqamlarda söz deməkdən çəkinməyən adamların danışması vacibdir. Bu baxımdan səviyyəsinə inandığım bir çox təhsil ekspertləri dərslik monitorinqinin obyektivliyinə ciddi şübhə ilə baxır, «burada açıq şəkildə maraqlar toqquşmasına yol verilib», «vaxtilə dərslikləri keçməyən şəxslərin mətbuatda söylədikləri iradların əksəriyyəti yekun rəyin nəticə hissəsində öz əksini tapıb», «burada müasir monitorinq metodikasından əsər-əlamət yoxdur» deyirlər.
Müasir proseslər bizi sistemli düşüncə sərhədlərinə gətirib çıxarıb. Məncə, TQDK indiki monitorinqin məhz sistemini və formatını düz tapmayıb. İkincisi, dəsliklərə yanaşmada dəqiq kriterilərin olmaması da çox aydın görünür. Məsələn, konkret olaraq 1-ci sinif «Azərbaycan dili» dərsliyinə hansı meyarlarla yanaşmaq lazımdır» sualı havadan asılı qalıb. Elə bu səbəbdəndir ki, konseptual məsələləri əks etdirməli olan ekspert rəyində «qarpızın yerdə qalan dilimləri hardadır», «filan yerdə vergül qoymayıblar», «niyə kukla yox, gəlincik yazıblar», yaxud «şəkildə adamın ağzı niyə açıqdır» kimi qeyri-ciddi, TQDK-nın nüfuzunu aşağı salan lətifəvarı «iradlar» yer almazdı.
İndi ya zəlzələdən, ya vəlvələdən dərsliklərlə bağlı yaranmış vəziyyət təhsillə maraqlanan hər kəsi düşündürür. Sanki hücum əmri almış TQDK ekspertləri qılıncı qına qoyana oxşamırlar, Təhsil Nazirliyinin təmkinli görünən nümayəndələri də geri çəkilmək fikrində deyillər. Yaxşı ki dərslik müəllifləri də danışıb və xeyli ciddi arqumentlər səsləndiriblər. Bir şey də məlum olub ki, məmləkətdə intriqa mərəzi şiddət etməkdədir. Şiddət çanağının kimin başında çatlayacağını proqnozlaşdırmaq çətindir, amma indiki halda dərsliklərin ekspert qərəzinə və monitorinq tələsinə tuş gəldiyini demək çətin deyil…
23.02.2013
Qərib ölkədəki əsgərin ağrıları
Harada olursa-olsun, o, fevralın 26-da mütləq məni axtarır, Rusiyanın müxtəlif şəhərlərindən zəng edir. Hal-əhvaldan sonra Xocalıdan, həlak olmuş döyüş dostlarından, qətlə yetirilmiş qocalardan və uşaqlardan, bir də Azərbaycanın bugünkü dərdlərindən danışırıq. Bir qayda olaraq, söhbətin sonunda vətən üçün darıxdığını və fürsət düşən kimi Bakıya qayıdacağını deyir. Deməyinə deyir, amma gəlmir, bəlkə də, gəlmək istəmir…
* * *
Bu il zəngi gecikmişdi, adətən, məni səhərlər arayırdı, amma indi günortadan keçsə də, bir xəbər yoxuydu. Şəhidlər Xiyabanına yaxınlaşarkən vücudumu bürüyən qeyri-adi hisslərin təsiri altında onu bir də xatırladım. Hətta «bəlkə, başında bir iş var» deyə düşündüm. Amma Xiyabanda Xocalı qurbanlarının sıra ilə düzülmüş məzarlarına tərəf burulanda telefonum «dilləndi», onun zəngi idi. Həmin əzəmətli və bir az da hüznlü səs idi. Hal-əhval tutub, sanki dayandığım yeri görürmüş kimi «Haradasan?» deyə soruşdu:
– Düz Aqilin məzarının yanındayam, – dedim. Sualından hiss etdim ki, o, məzarın ətrafındakı qadınların xəfif-xəfif ağlamasını aydınca eşidir.
– Allah komandirə rəhmət eləsin, biz ölməliydik, o yox! Axırıncı sözlərdə səsi bir az titrədi, ani pauza verdi. Hiss olundu ki, telefonu kənara tutdu, bir anlığa xəttə sükut çökdü, amma mən bu sükutda nəbz kimi vuran və bir kişi iradəsi ilə güclə boğulan hıçqırtını duydum.
Onların adı Milli Ordunun ilk əsgərləri siyahısına yazılıb. Həqiqi vətənsevərlər, milli heysiyyəti yaşadan fanatiklər idilər. 1991-ci ilin sonlarında Xocalıya gələndə hansı odun içinə düşdüklərini gözəl bilirdilər. Əvvəl 12 nəfər idilər, sonra 9 nəfər də əlavə olunmuşdu. Komandirləri Aqil Quliyev (Azərbaycanın Milli Qəhrəmanı) Belarusda hərbi məktəb bitirmişdi. Qarabağ hadisələri başlayanda rus ordusunu tərk edib Azərbaycana gəlmişdi. Ağıllı, bilikli, cəsur bir zabit idi. «Milli ordu» adının özü yerli əhalini xeyli ürəkləndirmişdi, xocalılılar əsgərlərin simasında dövlətin gücünü görürdülər. Doğrudur, bu güc hələ çox zəifiydi, avtomatdan başqa heç bir silahları yoxuydu, amma onlarda başqa bir ruh varıydı. 1992-ci ilin yanvarında Xocalıda olarkən kazarmalarında çəkdiyimiz solğun lentlərdə bu ruh hələ də yaşamaqdadır.
Cabbar həmin əsgərlərdən biriydi. Boy-buxunlu, cüssəli, bir az qaradinməz, qorxunun nə olduğunu bilməyən qıvraq bir əsgər idi. Uzun qolları və iri əlləri baxanın diqqətini o dəqiqə cəlb edirdi. «Kalaşnikov» avtomatı onun uzun barmaqları arasında balaca tapançaya oxşayırdı. Əfqanıstanda vuruşmuşdu, müharibədən heç qorxusu yoxuydu, deyirdi, döyüşmək üçün silahdan çox, ürək lazımdı. Hansısa zavodda işini atıb milli orduya könüllü yazılmışdı. Ən çətin tapşırıqları boynuna götürürdü. O da diqqətimi cəlb edirdi ki, Cabbarın üzü az-az gülür. Soruşanda deyirdi ki, «müharibə qurtarsın, nə qədər desən gülərik».
Fevralın 26-da, həmin qətliam gecəsində Cabbar əsgər qardaşları ilə birlikdə dinc əhaliyə mümkün olan köməyi edib. Onların çoxu, o cümlədən hələ bu hücumdan əvvəl yaralanmış taqım komandiri Aqil Quliyev həlak olub. Cabbar yaralansa da, ölümdən qurtula bilib, amma mənəvi əzablardan, ürək ağrılarından qurtara bilməyib. «Biz camaatı qoruya bilmədik, meyitləri çöllərə səpələnmiş qocaları və körpələri tez-tez yuxuda görürəm» sözləri dilindən düşmür. Təbii ki, bunlar bir döyüşçünun vicdanının səsidir.
* * *
Cabbar üçün müharibə bitməyib, ona görə hələ də üzü gülmür. Üzü həm də ona görə gülmür ki, keçmiş döyüşçülərin məmləkətdə adam kimi yaşaya bilməməsindən gileylidir. Qərib məmləkətdə ömür sürməyə məhkum edilmiş keçmiş əsgəri ağrıdan başqa səbəblər də var. «Bura gələnlər vətəndən yaxşı xəbərlər gətirmir, deyirlər, dolanışıq yox, iş yox, hər yerdə də rüşvət və ədalətsizlik var. Bunlar da bizi çox ağrıdır». Belə xəbərlərdən üzülən, ağrıyıb-sıxılan təkcə Cabbardırmı?
02.03.2013