Kitabı oku: «Son mənzili Xəzər oldu »

Yazı tipi:

Qumral Sadıqzadə

Son mənzili Xəzər oldu

(Seyid Hüseyn haqqında sənədli roman)

“Xatirə Ədəbiyyatı” silsiləsindən 31-ci kitab

Seyid Hüseyn

Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә) 1887-ci ildə Bakıda anadan olmuşdur.

Çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biri çağdaş Azərbaycan nəsri, xüsusilə, onun hekayə janrıdır. Seyid Hüseynin 20-ci illərin sonundan 30-cu illərin birinci yarısınadək yazdığı hekayələr o zaman oxucuların dillərində əzbər olmuş, indi də öz təravətini saxlamış, müasirliyini itirməmiş, müəllifə şirin hekayə ustası kimi şöhrət qazandırmışdır. Hüseyn Mir Kazım oğlu “Tazә һәyat” vә “Kaspi” qәzetlәrinin mәtbәәlәrindә mürәttib olmuş, şәrikli “Bәhlul”, “Kәlniyyәt” vә “Qurtuluş” jurnallarını nәşr etdirmişdir. O, 1913-1914-cü illәrdә “İqbal”ın baş redaktoru idi.

Seyid Hüseyn bәdii yaradıcılığa 1907-ci ildә başlamışdır. Hekayә vә publisistik mәqalәlәrindә mürtәce ziyalıların әleyһinә çıxmış Azәrbaycan dilinin saflığı uğrunda mübarizә aparmışdır. Azәrbaycan әdәbiyyatı vә әdәbiyyat xadimlәri һaqda mәqalәlәr, müasir һәyatdan bәһs edәn һekayәlәr yazmış; “Yeni iqbal” vә “Azәrbaycan” qәzetlәrindә mәqalәlәrlә çıxış edirdi.

Repressiya qurbanlarından olan Seyid Hüseyn 1937-ci ildә hәbs edilmiş, 1938-ci ilin yanvarında güllәlәnmişdir…

Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata, əmək fəaliyyətinə qədəm qoyduğu ilk illərə təsadüf edir. 1908-ci ildən etibarən o, əvvəlcə ara-sıra, sonralar isə müntəzəm olaraq qəzetlərdə, jurnallarda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn” imzaları ilə ədəbi-tənqidi məqalələr dərc etdirmiş, Bakının ictimai həyatında, mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, 1927-ci ilə kimi müvəqqəti-mühərrir kimi tanınmışdır.

Seyid Hüseyn Sadiqin həyat yoldaşı Azərbaycan şairəsi Ümgülsüm Sadıqzadə (Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə) idi. O, Seyid Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi həbs edilərək Bayıl həbsхanasına göndərilmiş, bir müddət sonra 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslah Əmək Düşərgəsinə göndərilmişdir.

1945-ci ilin aprel ayında azadlığa buraxılan Ümgülsüm хanım Bakıya gəlir. 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən şairə Şamaхıya köçür, lakin burada bir neçə ay yaşayandan sonra on beş yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur…

QUMRAL SADIQZADƏ

Qumral xanım Sadıqzadə 1929-cu ildə Bakıda görkəmli yazıçı, jurnalist, naşir və maarifpərvər Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Bakıda orta məktəbi, 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1952-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-cı ildən dövri mətbuatda ruscadan tərcümələri, oçerkləri çap olunub. Uzun illər elmi-şəxsi arxivlərdən, atası ilə bir vaxtda yaşamış qohumlardan Seyid Hüseynin həyatı, fəaliyyəti, nəsli və dövrü haqqında zəngin materiallar toplayıb. Və bunun nəticəsində ikicildlik “Son mənzili Xəzər oldu” romanını yazıb. Romanın birinci cildi 1990-cı ildə “Gənclik” nəşriyyatında çap olunub.

Qumral xanım Azərbaycanın məşhur seyidlərindən biri, ilahiyyatçı və tacir, əslən içərişəhərli Seyid Sadığın nəticəsi, Məmməd Əmin Rəsulzadənin nəsil xələfi, respublikanın xalq rəssamı Oqtay və əməkdar rəssam Toğrul Sadıqzadələrin bacısı, romantik şair-mühərrir Əlipaşa Səbur Hüseynzadənin gəlinidir.

Müəllifdən

Mən Seyid Hüseynin axırıncı övladıyam. 1937-ci ilin yayında atam bizdən ayrılanda yeddi yaşım vardı. Odur ki, o vaxtlar atamı az tanıyırdım və onunla əlaqədar olan hadisələrin çoxu yadımda qalmamışdı. Atamdan az sonra anamızdan da ayrıldıq.

Biz – üç qardaş, bir bacı bibim Rübabə xanımın himayəsində böyüdük. Bibimin iyirmi bir yaşlı qızı Səyyarə Rzayeva o ağır illərdə bizə rəsmi qəyyum olmağı öz öhdəsinə götürdü.

Müharibədən əvvəl və çətin müharibə illərinin uzun qış gecələrində Rübabə xanım, adətən, bizim üçün nağıl danışardı. Başqaları nağıla maraqla qulaq asıb, hər gün təzəsini danışmağı xahiş edirdilər. Mən nağıllarla o qədər də maraqlanmazdım, bibim və nənəm Xırdaxanımın ötən günlər, olmuş hadisələr barədə söhbətlərini dinləməyi xoşlardım. On-on iki yaşım olanda artıq Seyid Sadıq nəslinin bütün nümayəndələri haqqında məlumatım vardı, kimlərlə nə dərəcədə qohumluq əlaqəmiz olduğundan, qohumlar arasındakı bir sıra hadisələrdən xəbərdardım.

Sonralar görkəmli ingilis yazıçısı Con Holsorsinin “Forcaytlar haqqında əfsanə” kitabını, daha sonra fransız yazıçısı Filib Erşanın “Bussardellər ailəsi” romanını oxuyanda məndə belə bir fikir yarandı ki, bizim nəsil haqqında da buna oxşar bir şey yazmaq olar.

1960-cı ildə uzun fasilədən sonra Seyid Hüseynin “Seçilmiş əsərləri” ədəbiyyatşünas Abbas Zamanovun geniş müqəddiməsi ilə çap olundu. O zamankı yaşıdlarım kimi mən də atamın hekayələri ilə ilk dəfə bu kitab vasitəsilə tanış oldum. Çünki məlum səbəblərə görə onun 1937-ci ilə qədər çap olunmuş kitablarını heç yerdən tapmaq mümkün deyildi. Kitabları oxuyandan sonra onu Azərbaycan ədəbiyyatının görkəmli nasiri kimi tanıdım.

1965-ci ildə həyat yoldaşım, yazıçı-jurnalist Aydın Hüseynzadə “Seyid Hüseynin publisistikası” adlı dissertasiya üçün material toplamağa başladı. O, Bakının kitabxanalarında, arxivlərində olur, Seyid Hüseynin dövri mətbuatda (1908-1937) dərc olunmuş məqalələrini, ona aid olan başqa materialları oxuyub üzünü köçürürdü. Mən atamın məqalələrini oxuduqca (onu da qeyd edim ki, ərəb əlifbası ilə sərbəst oxuya bilmədiyim üçün bu məqalələrin bizim əlifba ilə üzü köçürülməsəydi çox güman ki, heç vaxt həmin yazılarla tanış ola bilməyəcəkdim) atamın şəxsiyyəti ilə yaxından tanış olur, onun tərcümeyi-halının çoxlarına məlum olmayan cəhətlərini üzə çıxarırdım.

Seyid Hüseynin 300-dən artıq məqaləsində, demək olar ki, dövrün bütün ictimai hadisələri öz əksini tapmışdır. Bundan başqa ayrı-ayrı illər, dövrlər, bəzi hadisələr haqqında mənə lazım olan başqa materialları da şəxsi kitabxanasındakı kitablardan istifadə ilə əldə etmişəm.

Seyid Hüseyn, Aydın Hüseynzadənin atası, dövrünün mütərəqqi ziyalısı Əlipaşa Hüseynzadə (Səbur) (1885-1934) ilə yaxından dostluq etmişdir. 1911-1913-cü illərdə Əlipaşa Səbur Həştərxanda sürgündə olarkən onun Seyid Hüseynlə müntəzəm məktublaşdığı bizə məlum idi. Ancaq nə bizim, nə də Əlipaşa Səburun evində bu məktublardan heç biri qalmamışdı. Xoşbəxt bir təsadüf nəticəsində Seyid Hüseynin Əlipaşaya göndərdiyi məktubların əsli Əlipaşanın qardaşı Əlisəttarın evindən tapıldı.

Bunlar şəxsi məktubdan daha çox Seyid Hüseynin o dövr mədəniyyət, ədəbiyyat, mətbuat aləmi ilə bağlı olan hadisələrə münasibəti, həmin illərdə yaşamış bəzi sənət adamları barədə fikirləri cəhətindən də maraq doğurur. Yeri gəldikcə bu məktublardan da istifadə etmişəm.

Onu da nəzərə çatdırım ki, Seyid Hüseynin son illərə kimi yaxın qohumlarda, tanışlarda saxlanmış, eləcə də iyirminci, otuzuncu illərin dövri mətbuatında çap olunmuş nadir fotoşəkilləri tapılmışdır.

Atam Seyid Hüseynə, anam Ümgülsümə həsr etdiyim bu sənədli romanı mən 1982-ci ildən yazmağa başlamışam. O illərdə hələ otuz yeddinci il repressiyalarının adı heç yerdə çəkilmir, günahsız qurbanlar xalqa həqiqi xalq düşmənləri kimi tanıtdırılırdı.

Kitabın əvvəli Azərbaycanın sovetləşməsinə qədərki dövrünü əhatə edir. O dövrü düzgün başa düşmək və təsvir etmək üçün mənə onun tarixini öyrənmək lazımdı. Ancaq üç cildlik “Azərbaycan tarixi”ndə Azərbaycanın tarixi əvəzinə Azərbaycan Kommunist Partiyasının tarixi bütün təfərrüatı ilə verilmişdi. Sovetləşməyə qədərki son iki il (1918-1920) haqqında isə, ümumiyyətlə, heç yerdə məlumat yox idi. Elə bil istiqlaliyyət qazanmış Azərbaycan Demokratik Respublikasının mövcud olduğu həmin illər tamamilə tarixdən silinmişdi. Ona görə də həmin dövr haqqında heç bir məlumatımız yox idi.

Məhz 1990-cı illərin əvvəlində Azərbaycan tarixində ağ ləkə kimi qalmış 1918-20-ci illər, ADR, Müsavat partiyası, Müsavatın rəhbərləri haqqında saysız-hesabsız yazılarla, xüsusən, 1997-ci ildə “M.Ə.Rəsulzadə İrsini Araşdırma Fondu” tərəfindən Nəsiman Yaqublunun “Müsavat partiyasının tarixi” adlı dərin məzmunlu, çox lazımlı sənədlərlə zəngin olan kitabla tanış olduqdan sonra 1918-1920-ci illər, hadisələrlə tanış oldum.

Əgər Müsavat hökumətindən haradasa söz düşürdüsə, onun adının əvvəlinə mütləq, “mənfur”, “burjua”, “irticaçı” və başqa damğalar vurulurdu. Əvvəlki mənbələrdə Müsavat hökumətinin mənfur, Sovet hökümətinin isə ən ədalətli, ən yaxşı, bu sosialist dövlətinin başqa dövlətlərdən, xüsusən də, keçmiş Müsavat hökumətindən qat-qat üstün olduğu sovet məktəblərində təhsil almış, sovet tərbiyəsi görmüş yaşıdlarım kimi mənim də beynimə həkk edilmişdi. Ona görə də kitabın birinci hissəsini yazarkən o illərdə ADR-dən, onun rəhbərlərindən – xüsusən, qohumum Məhəmməd Əmin Rəsulzadədən, onun ailəsindən yazmaq təbii ki, mümkün olmadı…

Qumral Sadıqzadə

Seyid Sadıq Baba

1893-cü ilin yaz fəsli idi. İçərişəhərdə, Xan sarayının cənub tərəfindəki hasarı ilə üzbəüz ikimərtəbəli daş binanın alçaq, taxta qapıları taybatay açıqdı. İçəridən ağlaşma, oxşama səsləri eşidilirdi. Evin sahibəsi – İçərişəhərdə “Draz Seyid”, “Nəcib Seyid”, “Qılınc Seyid” ləqəbləri ilə məşhur olan xeyirxah, alicənab, adamlar arasında böyük hörmət qazanmış qoca Seyid Sadığa böyük fəlakət üz vermişdi: otuz beş yaşlı yeganə oğlu Mirkazım iyirmi gün əvvəl İkinci Aleksandrın adını daşıyan dənizkənarı küçədə, hürküb vəhşicəsinə qaçan konka atlarının qabağına atılmış, onların ayaqları altına yıxılmışdı. Ağır yaralanmış Mirkazım evə gətirilmiş və iki saat sonra ölmüşdü.

Bu gün mərhumun üçüncü cümə axşamı idi. Tez-tez evə yaxınlaşan faytonlardan qara çadralı arvadlar düşüb həyətə keçirdilər. Evin aşağı mərtəbəsindəki böyük otaq başdan-ayağa xalçalarla döşənmiş, divarlar boyu döşəkçələr, mütəkkələr, qoyulmuşdu. Molla şagirdi ilə yuxarı başda oturub təziyyəni başlamağa hazırlaşırdı.

Mərhumun anası Mehinbanu xanım başındakı qara örpəyi burnunun ucuna qədər çəkib, mollanın sağ tərəfində oturmuşdu. Ağlamaqdan xırıldayan səsi ilə astadan oğlunu oxşayırdı:

– Can, yaralı bədəninə anan qurban, ay Mirkazım! Yetimlərini başsız qoyan, ay Mirkazım! Qoca atanın belini bükən, ay Mirkazım! Bu nə işdi gətirdin başımıza?!

Analarının yanında cərgə ilə oturmuş üç qız – Seyidxanım, Zübeydə və Zəhra da ona səs verir, hərdən anaları kimi üz-gözlərini cırmaqlayır, saçlarını yolurdular.

Yasa gələn arvadlar maraqla, narahatlıqla yan-yörələrinə baxıb ağlayanların içərisində mərhumun cavan arvadını, evin gəlinini axtarırdılar. Mehinbanu xanım da tez-tez örpəyinin arasından qapı tərəfə baxır, gəlinin yuxarı mərtəbədən aşağı düşməsini gözləyirdi. Nəhayət, o dözməyib yanında oturmuş qızlarından birinə işarə elədi. Zübeydə anasının nə istədiyini başa düşdü. Yerindən durub xalının üstü ilə qapıya tərəf getdi, həyətə çıxıb pilləkənlə yuxarı qalxdı.

Burada böyük otağın küçəyə açılan pəncərələrindən tül pərdələr asılmışdır. Divarın bir tərəfində, qapıları şəbəkə şüşəli dörd taxçaya ipək yorğan-döşək yığılmış, üstdəki rəfə əlvan boşqablar və zər naxışlı kasalar düzülmüşdü. Otağın aşağı divarındakı taxçalara içində pal-paltar olan xara, atlas boxçalar qoyulmuşdu. Bu otaq da başdan-başa xalı ilə döşənmişdi, divar dibinə döşəklər, mütəkkələr salınmışdı. Saat ikiyə-üçə bura kişilər yığışacaqdılar.

Zübeydə qapını açıb içəri girəndə gözlərinə inanmadı. Qardaşı arvadı Xırdaxanım yuxarı başda, iki pəncərənin ortasına qoyulmuş böyük bədənnüma güzgünün qabağında dayanmışdı. Matəm münasibətilə taxçalara və güzgüyə nazik qara ipək parça çəkmişdilər. Gəlin güzgünün qara örtüyünü qaldırıb üzünə ənlik sürtdü, saçlarını sahmana saldı. Baldızlarının gəlməsindən xəbəri yoxdu. Onun qara məxmər tumanının qırçınları şux və mütənasib bədəninə xüsusi yaraşıq verirdi. Nazik, zərif köynəyinin üstündən qara məxmər don geyinmişdi. Donun ətəyi, yaxası, tumanın balaqları qızılı bafta ilə haşiyələnmişdi. Başı açıqdı. Qara örpəyi güzgünün qabağındakı döşəyin üstündə idi.

Zübeydə səssizcə gəlib gəlinin yanında durdu. Xırdaxanım güzgüdə öz qəşəng, ağ üzünün yanında baldızının ağlamaqdan qızarmış gözlərini, cırmaq-cırmaq olmuş üzünü görəndə diksindi. Tez əyilib döşəyin üstündən örpəyini götürdü. Başına salmaq istəyəndə baldızı cəld örpəyi onun əlindən aldı, cır səslə çığırmağa başladı:

– Ay utanmaz, neynirsən? Dağ boyda cavan ərinin heç üçüncü cüməaxşamısı çıxmayıb, sən burda üz-gözünü bəzəyirsən? Ağız, eşitmirsən, aşağıda molla oxuyur? Kiminçün belə bəzənib düzənirsən? Qaynanan, baldızların yanında oturub, oxşayıb ağlamaq əvəzinə bu xanım, gör, bir nə oyunlardan çıxır, aaa?! Vaxsey! Vaxsey!

Qız qəzəbindən boğulurdu. İstəyirdi əl atıb gəlinin saçını yolsun ki, bəlkə hirsi bir az soyuya. Ancaq ağlına başqa şey gəldi. Gəlinin örpəyini götürdü, cəld otaqdan çıxdı. Pilləkənlərin başından çığır-bağır salmağa, saçlarını yolmağa başladı:

– Ay camaat, gəlin bir bizim gəlinə tamaşa eləyin, gəlin görün neyniyir? Güzgü qabağında oturub üz-gözünü bəzəyir, – sonra o ucadan oxşadı, – Bacın sənə qurban, ay qardaş, qəbrində bağrın çatlasın, ay qardaş! Ay Allah, sən özün bu arsızın cəzasını ver!

Səsə aşağıdakı arvadlar həyətə çıxıb boylanır, təəccüblə bir-birilərinə baxırdılar.

– Ay qız, qışqırma, ayıbdır. Camaat nə deyər bizə? Eybi yoxdur, cavandır, başa düşməyib. Adam da belə həyasızlıq eləyər? Bəsdir deyirəm sənə, qışqırma, düş aşağı, məmə gözləyir bizi.

Zübeydə bacısı ilə pilləkəndən düşə-düşə gəlini qarğış edirdi:

– Səni görüm qardaşımın yanına gedəsən! Səni görüm ömrü boyu qara paltarını əynindən çıxarmayasan! Bir xoş gün görməyəsən.

Həyətdən eşidilən səs-küyə qonşular da damlara çıxıb qulaq asır, küçə qapısına toplaşırdılar. Nəhayət, Zübeydəni sakit edib, içəri saldılar. Mətbəxdə xörək bişirən qulluqçu qadınlar, qohumlar çıxıb küçə qapısını örtdülər, arvad-uşağı oradan uzaqlaşdırdılar.

Seyid Sadıq da səs-küyü eşidib kiçik dəhlizin qapısı ağzına çıxmışdı. Gəlinin yüngüllüyünü, qızının çığır-bağırını, həyasızlığını eşidib biləndə dərdinin üstünə bir dərd də gəldi. Dərindən ah çəkib, səssiz-səmirsiz otağa qayıtdı. Döşəyin üstündə oturub əsəbi halda təsbehini çevirməyə başladı.

Seyidxanımla Zübeydə qayıdıb öz yerində oturdular. Mehinbanu qızına acıqla baxıb gizlincə onun ayağından bir çimdik götürdü: evin gəlinini yad adamların arasında biabır eləməsindən narazı idi. Arvadlar elə bil bu hadisəyə bənd imişlər, təzədən ağlamağa başladılar. Ən çox dizinə döyən, saç-birçəyini yolan Seyidxanım idi. O çox arıq, rəngi saralmış, hündürboylu qadındır. Görkəmindən xəstəyə oxşayırdı. Yanındakı arvadlar tez-tez onu sakit etməyə çalışır, çox ağlamağa qoymurdular. Hətta axırda anası da onu məzəmmət elədi:

– Bəsdir daha, ay qız, özünü öldürməklə bəyəm qardaşın dirilib gələcək? Üzmə özünü, bala, uşaqlarına yazığın gəlsin. Allah eləməmiş xəstələnib yorğan-döşəyə düşərsən, balalarına kim baxar?

Zübeydə pıçıltı ilə yenə də qardaş arvadının dalıyca danışırdı.

– Heç gör vecinədir? O boyda həngamədən sonra genə gəlmir a, məclisə. Belə də arsızlıq olar? Elə bil ölən onun əri deyil…

Araya sakitlik çökmüşdü. Molla yasini oxuyub qurtarmış, mərsiyə deyilmişdi. Ortaya süfrə salınır, ehsan başlanırdı.

Mehinbanunun sonbeşiyi iyirmi yaşlı Zəhra Zübeydə elə pıçıldaşırdı.

– Deyirsən, gəlin məclisə gəlmir. Əlbəttə, gəlməz. Elə ki sən onu biabır elədin, indi utandığından adam arasına çıxa bilər? Sən də öz aramızdır, lap ağ elədin də… Gərək səsini çıxartmayaydın. Məclis dağılandan sonra məmə özü onu başa salardı.

– Neyniyim dözə bilmədim…

… Xırdaxanım bu evə on bir il əvvəl gəlin gəlmişdi. Qaynatası Seyid Sadıq yeganə oğlunun toyu üçün birmərtəbəli evinin üstündə ikinci mərtəbə də tikdirmiş, həyətə geniş eyvan çıxartdırmışdı. Oğlu üçün gətirdiyi gəlin yaxşı ailədəndi, atasını erkən itirdiyindən əmisinin himayəsi altında tərbiyə almışdı. Seyidxanımın əri Ələkbərin xalası qızı idi. Gözəldi, həm də əmisi onu ərköyün böyütmüşdü.

Qaynata, qaynana, rəhmətlik Mirkazım onun nazını çəkir, əzizləyirdilər. Baldızları isə əksinə, onun hər kiçik səhvini üzünə vurur, bir sözlə, gəlinlə yola getmirdilər.

Gəlin yaxşı, bahalı parçalardan paltar tikdirib geyinməyi sevirdi. Ev işlərindən bir o qədər başı çıxmırdı.

Mirkazımın Bayır şəhərdə saxsı qab-qacaq dükanı vardı. O, tez-tez Peterburqa, Moskvaya, Kiyevə, Odessaya və Rusiyanın başqa şəhərlərinə mal dalınca gedirdi. Arvadının geyinib-keçinmək həvəsini bilib hər dəfə səfərdən qayıdanda onun üçün qiymətli, yaraşıqlı parçalar, bəzək-düzək şeyləri alıb gətirirdi.

Xırdaxanımın bir qızı, üç oğlu vardı. Əri səfərdə olan vaxtlarda evdə tapılmazdı. Uşaqlardan birini götürüb əmisigilə, yaxın qohumlarının evinə gedərdi.

Bu gün baldızının camaat arasında onu belə biabır eləməsindən sonra o nə edəcəyini bilmirdi. O başa düşürdü ki, aşağı düşüb məclisdə oturmalıdır. Ancaq bilirdi ki, bayaqkı həngamədən sonra arvadlar indi ona daha çox diqqət yetirəcək, hər bir hərəkətinə – ağlamağına, danışmağına fikir verəcəklər, onu ürəklərində məzəmmət edəcəklər. Ona görə də, aşağı düşmək istəmirdi. Öz otağında otura bilməzdi, bir azdan bura kişilər gələcəkdilər. O bir az fikirləşib qəti qərara gəldi. Otağın aşağı tərəfindəki divar taxçasını açıb paltar boxçasından ürəyinə yatanını seçib götürdü. Tələsik paltarlarını dəyişdi, qara libirti çarşabını başına örtüb aşağı düşdü, həyətdəki arvadlara fikir vermədən küçəyə çıxdı və birbaş əmisigilə yollandı. Onun fikrincə yaranmış vəziyyətdən ancaq belə çıxmaq olardı.

Bu gün əl-ayağa dolaşmasınlar deyə Mehinbanu nəvələrini Seyidxanımgilə göndərmişdi. Atadan yetim qalmış balaca uşaqları Seyidxanımın qulluqçusu Gülnisə ah-ufla qarşıladı. Bir-bir üzlərindən öpüb oxşadı. Onları böyük otağa, xanımının uşaqlarının yanına gətirdi. Müxtəlif oyuncaqları – parça gəlinciyi, özünün tikib düzəltdiyi yorğançanı, balışı və sairəni ortalığa tökdü. Uşaqların içərisində hamıdan böyüyü, rəhmətlik Mirkazımın doqquz yaşlı qızı Rübabə idi. Gülnisə qızın saçını tumarlayıb dedi:

– Bu sizin bircə bacınızdır. Onun sözünə baxın, ona hörmət eləyin…

Rübabənin qardaşları – beş yaşlı Seyid Hüseyn, üç yaşlı Mirpaşa və balaca Seyid Rəhman bacılarının sözünə baxır, ona böyük adam kimi hörmət edirdilər. Ataları öləndən sonra analarının da, bibilərinin də başı başqa işlərə qarışdığından onlar Rübabəni özlərinə həm böyük bacı, həm də himayədar bilirdilər. Gülnisə indi o biri uşaqlara – səkkiz yaşlı Nisəxanımla, dörd yaşlı Səriyyəyə də Rübabənin bircə böyük bacı olduğunu başa salmağı vacib bilmişdi. O özü də Rübabəni böyük sayıb üzünü ona tutdu, ciddi şəkildə dedi:

– Hə, qızım, bunların üstündə gözün olsun, mən getdim xörək bişirməyə.

… Axşam, məclis dağılışından sonra uşaqları evə gətirdilər. Balaca Seyid Rəhman ağlayır, anasını istəyirdi. Onu güclə dilə tutub birtəhər yatırtdılar. Seyid Hüseyngil də analarının evdə olmadığını görür, ancaq onun hara getdiyini soruşmurdular. Evdəki matəm, qəm-qüssə onlara da təsir etmişdi. Hərə bir tərəfə çəkilib sakit oturur, dindirməsələr səslərini çıxarmırdılar.

Xırdaxanım ertəsi gün də gəlmədi. Seyid Rəhman axşama kimi ağlaya-ağlaya qaldı. Rübabə onu qucağından yerə qoymur, ovundurmağa çalışırdı. Evdəkilər körpənin başını qatmaq istəyir, ancaq bacarmırdılar. Hətta Seyid Sadıq da uşağı qucağına alıb həyətdə, küçədə gəzdirirdi, köməyi olmadı. Uşaq anasını axtarır, sakit olmurdu. Nəhayət, baba dözməyib arvadına dedi:

– Mehinbanu, başqa çarə yoxdur. Uşağı da götür, get gəlinin dalısıyca. Qızının əvəzinə ondan üzr istə. Deyinən, evinə qayıtsın, uşaqları başsız qoymasın.

– Ay kişi, sən nə danışırsan, oğlumun qırxı çıxmayıb, məni küçədə, bayırda görən nə deyər?

– Eybi yoxdur, daha ondan keçib. Səndən başqa kim gedə bilər onun dalıyca. Məşədi Durnısanı göndərməyəcəksən ki? – Məşədi Durnısa yaxınlıqda yaşayan dul, kimsəsiz qadındı. Səhər gəlib axşama qədər onlarda qalar, ev işlərinə kömək edərdi.

Mehinbanu deyinə-deyinə uşaqla birgə faytonda əyləşib Xırdaxanımın əmisigilə getdi. Evdəkilər səbirsizliklə onun yolunu gözləyirdilər. Bir azdan qayıdıb gəldi. Tək idi. Məzlum-məzlum böyüklərinin üzünə baxan nəvələrini bağrına basdı:

– Ay mənim əziz balalarım, atadan yetim qalmağınız bəs deyilmiş, deyəsən, anadan da yetim qalacaqsız! – dedi.

– Nə deyir, niyə gəlmir, nə istəyir bizdən? – Seyid Sadıq əsəbiliklə soruşdu.

– Deyir, hələ ərim sağ olanda baldızlarım mənə göz verib işıq vermirdilər. İndi hər gün ətimi didəcəklər. Deyir gəlmirəm, o siz, o da nəvələriniz.

Kişi ah çəkib bir söz demədi, öz otağına getdi.

Gələn cümə axşamı Xırdaxanım səhər tezdən əmisi ilə bir yerdə gəldi. Heç kimlə görüşməyib birbaşa Seyid Sadığın yanına keçdilər. Əmisi sözə başladı:

– Ağa, deyirəm ki, qoy rəhmətliyin qırxına qədər Xırdaxanım sizdə qalsın. Camaatdan ayıbdır. Sizin özünüzə görə ayıbdır. Deyərlər, əri ölən kimi gəlini qovdular. Qırx çıxandan sonra baxarıq görərik neynirik…

Qırxa qədər qalan iki həftə ərzində baldızlar gəlini dindirmədilər. Qırx verilən gün arvadlar qəbir üstündən gələndən sonra Zübeydə yenə də nəyisə bəhanə edib Xırdaxanımla sözləşdi, əməlli-başlı dava saldı. Gəlin yenə acıq eləyib əmisigilə getdi.

Hamının başı matəmə qarışdığından balaca Seyid Rəhmana baxan olmamışdı. O, soyuqlamış, xəstələnmişdi. İkinci dəfə anası evdən gedəndən sonra xəstə uşağı ovundurmaq daha da çətinləşdi. Körpə dayanmadan ağlayır, zıqqıldayırdı. Seyid Sadıq uşağın bu halına dözə bilmədi. Qara ləbbadəsinin üstündən yaşıl qurşağını bağladı, araqçının başına qoyub, bu dəfə özü gəlinin dalınca getdi.

– Ay qızım, – dedi, gəl sən bu daşı tök ətəyindən. Adam hər boş söz-söhbətdən ötrü acıq eləyib getməz. Baldızın sənə nə deyibsə qələt eləyib. Onun sözünü saya salma. Onlar bu gün-sabah çıxıb gedəcəklər ərə, bir də üzlərini görməyəcəksən… Bax, mən sənə nökər olaram, arvadım da qulluqçu. Qayıt gəl evinə, uşaqları yığ başına, o körpəyə rəhmin gəlsin. Bütün günü “memə” deyə-deyə ağlayır. Özü də bilirsən ki, xəstədir. Gəl, heç olmasa kiçik oğlunu bir az böyüt. Sonra eybi yoxdur, hara istəyirsən, get, necə istəyirsən, yaşa. O rəhmətliyin də ruhu inciməsin… – kişi ağlamaqdan özünü güclə saxladı.

Gəlin dinmədi. Sükutu əmisi pozdu:

– Ağa, qəzanın işindən fələk də baş açmaz, – dedi, – görünür, qismət beləymiş. Mən nə biləydim, min bir əziyyətlə böyütdüyüm əziz-xələf qardaşım qızı dörd yetim əlində tək qalacaq? Ağa dünyagörmüş adamsan. Özün mülahizə elə, gəlin cavandır, gözəldir. Nə vaxtacan yetim saxlayıb o dotələb baldızları ilə cəngləşəcək? Sən Allah, incimə. Quranda da buyurublar ki, cavan gəlinin ərsiz qalması günahdır… Gərək sənin insafın yol verməyə gəlinin ev dustağı olub qalmağına… Səlamətlik olsun, ərinin ili çıxan kimi verəcəyəm onu bir Allah bəndəsinə. Hələ nə yaşı var onun ki?

Qoca Seyid Sadıq elə hey kiçik nəvəsinin xəstələndiyini təkrar edir, heç olmasa, üç-dörd il uşaqlarına analıq eləməyə onu razı salmağa çalışırdı. Ancaq dedikləri əmisinin qulağına batmadı. Kişi kor-peşman evə qayıtdı. Xəstə uşağa əlindən gələni etdi: həkim gətirdi, dava-dərman verdi, gecə-gündüz Allaha yalvardı, köməyi olmadı. Uşaq sətəlcəm olmuşdu.

Çarəsiz qalan Seyid Sadıq ikinci dəfə gəlinin dalınca getdi. Bu dəfə Seyid Hüseyni də özü ilə apardı. Nə vaxtdan bəri ana üzünə həsrət qalan uşaq Xırdaxanıma qısılıb ağladı:

– Gəl, gedək evimizə, memə! – dedi, – uşaq səni istəyir, ağlayır, naxoşdur…

Lakin bu sözlərin anaya təsiri olmadı. Qayınatasının və oğlunun xahişlərinə cavab vermədən başını aşağı salıb oturdu.

Bir neçə gündən sonra iki yaşlı Seyid Rəhman nənəsinin qucağında keçindi.

Kiçik qardaşlarının ölümündən sonra Rübabə, Seyid Hüseyn və Mirpaşa bu hadisəni analarına bağışlamadılar. İndi hərdən evdə onun qayıtması haqqında söhbət düşəndə artıq hər şeyi başa düşən Rübabə əsəbi halda deyirdi:

– Lazım deyil, baba! Gəlmir qoy gəlməsin. Bir də onun dalınca getmə!

Seyid Sadıq gözlərinin yaşını arvadından, nəvələrindən gizlədərək üzünü yana çevirir, cavab vermirdi.

Qoca Seyid Sadıq səksən illik ömründə çox ölüm-itimlər görmüşdü: ata-anasının, yaxın qohum-əqrəbasının, qonşularının, dost-tanışlarının ölümünü görmüş, özünün səkkiz övladını kiçik yaşlarında, əziz Mirkazımı iki ay bundan qabaq Çəmbərəkənd qəbristanlığında torpağa basdırmışdı. Oğul dağı ürəyində əriməmiş ən çox sevib əzizlədiyi körpə nəvə dağı da onun üstə gəldi. O bu dərdi çəkə, bu ölümü heç cür yaddan çıxara bilmirdi.

Seyid Sadıq Bakıda mömin, həm də nüfuzlu şəxslərdən biri hesab olunurdu.

Əlli il bundan əvvəl Çəmbərkənddəki ata mülkündə yaşadığı zamanlar Bakıda və ətraf kəndlərdə hamı onun duasını müstəcəb hesab edərdi. Xəstələrə, əlillərə şəfa verməsi ilə məşhur idi.

1840-cı ildə ata-anasından ayrılıb Mehinbanu ilə İçərişəhərdə ev-eşik qurandan sonra işi çətinə düşən, azar-bezarı olan bütün içərişəhərlilər onun qapısına gələr, dərdlərinə əlac istərdilər. Deyilənə görə, dənizdə tufana düşüb, qəzaya uğrayan gəmilərin kapitanları belə ən ağır dərdlərdə onu köməyə çağırırdılar: “Ya Seyid Sadığın cəddi, sən özün bizə kömək ol, bizi bu tufandan xilas elə”.

Seyid Sadıq nəvəsinin bu dünyadan vaxtsız köçməsinin günahını özündə, ailəsində görürdü: “Biz ər-arvad qızımızı yaxşı tərbiyə etsəydik, gəlinlə yola gedərdi, mehriban olardı, onun hər hərəkətini, danışığını söz eləməzdi, gəlin də evində oturub uşaqlarına baxardı, yazıq Seyid Rəhman da arada qalıb xəstələnməzdi və ölməzdi”.

Bu fikrini bir dəfə o, arvadına da dedi, qızından giley elədi. Mehinbanu başını yellədi:

– Ay ağbatxeyir, bu işdə özünü də, məni də nahaq yerə günahkar sayma. Zübeydənin söz-söhbəti gəlinçün bəhanədir. Əmisi onun qulağını elə doldurmuşdu ki, evdən çıxıb getməyə məqam gəzirdi. Məni gəlindən çox onun əmisi yandırır. O boyda kişidir, danışığını bilmir. Heç balamın qırxı çıxmamışdan təzə ər söhbətini ortaya saldı. Kişi olan bəndə bir demədi ki, körpən var, heç olmasa, bir il otur evində, onu böyüt, sonra Allah kərimdir, ya qismət… Mən bilirəm, əgər əvvəldən ona belə ağıl verən olsaydı, bu oyunu açmazdı başımıza… – arvad dərindən ah çəkdi, – kişi, sən allah, ürəyini üzmə – olan oldu, keçən keçdi, indi bizim əlimizdən nə gələr?

* * *

Mirkazımın vəfatından dörd il keçmişdi. Bir gün novruzqabağı balaca Seyid Hüseyn mollaxanadan evə qayıtdıqda birbaşa babasının yanına getdi. Seyid Sadıq həmişəki kimi yerində, dəhlizdə döşəkcə üstündə oturub, təsbehini çevirirdi. Nəvəsini görcək gülümsədi:

– Gəl, otur bir görüm neynirsən, bala dərslərin necədir?

– Yaxşıdır, baba, – Seyid Hüseyn qoltuğunda tutduğu heybəsini döşəyin üstünə qoyub əyləşdi, utana-utana dedi, – molla bu gün dedi ki, sabah Quranı başa çıxırsan, get, babana xəbər elə!

– Ay bərəkallah, oğlum, – baba nəvəsini özünə tərəf çəkib fərəhlə alnından öpdü – ay çox sağ ol, yaxşı xəbər gətirdin mənə, bilirdim ki, sən fərasətli uşaqsan. Doqquz yaşında Quranı başa çıxmaq! Heç bilirsən, bu nə deməkdir? Mən özüm Quranı başa vuranda on iki yaşım vardı. Atam tanış-bilişinin yanında elə hey məni tərifləyərdi. Maşallah, sən məndən də zirək çıxdın. Afərin!.. – o, təmiz, ağ parçaya bükülmüş böyük Quran kitabını yanındakı taxçadan götürüb açdı, – gəl, bir yoxlayım səni… bu, on altıncı surəni oxu mənimçün görüm?!

Seyid Hüseyn surəni avazla oxudu, sonra mollanın dediklərindən yadında qaldığı kimi onun mənasını da izah etdi.

– Ay sağ ol, düz oxudun, indi də buranı oxu, – deyə qoca başqa bir surəni açdı.

Seyid Sadıq nəvəsinin çaşmadan, hıqqınmadan yavaş səslə oxuduqlarını başı ilə təsdiq edib, onu bir də qucaqladı, gümrah səslə arvadını çağırdı:

– Ay Mehin, hardasan, bir bura gəl, şad xəbər var…

Mehinbanu ara qapıdan boylandı:

Nə var, ay kişi, nə hay-küy salmısan?

– Sabah günortaya bir yaxşı toyuq plov bişirərsən. Hüseynimiz Quranı başa vurub. Yoldaşlarını plova qonaq eyləyərsən…

Nənə də uşağı bağrına basıb öpdü.

– Ay kişi, maşallah bu nə tez oldu? Məktəbə getdiyi heç il yarım deyil…

– Bəs nə bilmişdin arvad?! Bizim Hüseyn qoçaq oğlandır. Başqalarının üç-dörd ilə öyrəndiyini o bir ilə öyrənir. Hə arvad, yadında olsun, səhər uşağı məktəbə göndərəndə başına mənim köhnə papağımı qoy!

Seyid Hüseyn təəccüblə soruşdu:

– Ay baba, neyçün?

– Qaydadır bala, Quranı başa çıxan şagirdin yoldaşları onun papağını başından qapıb yerə atırlar. İndi yəqin sənin də papağını neçə dəfə yerə, toz-torpağın içinə salacaqlar. Bildin? Ona görə deyirəm ki, köhnə papaq qoyasan. Bir də mollana deyərsən ki, babam bu gün səfərə gedir, inşallah, qayıdanda onunla xüsusi görüşəcəyəm.

Seyid Sadıq kiçik nəvəsinin işləri ilə də maraqlanırdı:

– Ay Hüseyn, – soruşdu, – bəs Allah qoysa, Paşa nə vaxt Quranı başa vuracaq?

– Az qalıb, baba. O da bu yaxınlarda oxuyub qurtarar.

– Hə də, əlbəttə, Paşa səndən iki yaş kiçikdir. Həm də onun işi oxumaqdan çox, oynamaqdır. Hanı, heç görmürəm onu? Evə səninlə bir yerdə gəlməyib?

– Yox. Molla məni tez buraxdı ki, gəlim sənə xəbər eləyim. O da bir azdan gələr.

– Yaxşı bala, get, çörəyini ye. Yəqin ki, acmısan.

Seyid Hüseyn heybəsini götürüb pəncərənin küncünə qoydu, mətbəxə getdi. Burada böyük taxtın üstünə süfrə salınmışdı. Qonşu Məşədi Durnısa ilə on iki yaşlı Rübabə həvəngdə taqqatuqla qənd döyürdülər. Zübeydə ilə Zəhra taxtın aşağı tərəfində oturub qoz sındırırdılar. Seyid Hüseyn keçib bacısının yanında, süfrə arxasında oturdu. Bu vaxt Mirpaşa uşaqlarla qaçışmaqdan üzü qızarmış halda, təngnəfəs içəri girdi. Mehinbanu onun üçün də xörək çəkdi. Nəvəsinin pörtmüş sir-sifətinə baxıb başını buladı.

– Get əl-üzünü yu, otur sən də tez çörəyini ye. Sonra bizə kömək eləyəcəksiz. Bu gün işimiz çoxdur, – dedi.

– Hə, neynəməliyik, nenə? – deyə uşaq həvəslə soruşdu, – mən bu saat… – o cəld həyətə çıxdı, əlini dəsmalla silə-silə içəri qayıtdı, – nenə, biz qoz-fındığı sındırarıq, bibilər də içini çıxardar.

– Yaxşı, yaxşı, gəl hələ bir çörəyini ye, mən də gedim babanı yola salım.

… Mirkazımın vəfatından sonra Seyid Sadıq oğlunun qab-qacaq dükanını satmağa məcbur oldu. Qohum-əqrəba məsləhət gördülər ki, onun işini davam etdirsin. Çünki dükan yaxşı gəlir verirdi. Qoca buna razı olmadı. Həm oğlunun yerində oturmaq ona pis gəlirdi, həm də bilirdi ki, uzaq şəhərlərə gedib mal gətirməyə onun nə halı, nə də həvəsi var. Odur ki, dükanı satıb pulunu qızıla çevirdi, nəvələri üçün saxladı. Demək olar ki, onun heç yerdən gəliri yoxdu. Bəzən ona nəzir gətirirdilər:

Seyid Sadıq nəzir-niyaza etibar etmədi. Xeyli götür-qoydan sonra bu qərara gəldi ki, köhnə peşəsinin dalınca getsin: cavanlığında uzun müddət dənizdə üzmüş, əvvəllər adi matros, sonralar lap kapitan köməkçisi də olmuşdu. Yenə dənizçi oldu. Xəzər dənizinin hər yerinə bələd olduğundan ticarət gəmilərindən birində bosmanlığa başladı.

… Mehinbanu ərini küçə qapısından yola salıb dalınca yarım vedrə su atdı, dodaqaltı pıçıldadı:

– Allah köməyin olsun, sağ-salamat gedib qayıdasan! – boş vedrəni çarhovuzun kənarına qoyub mətbəxə getdi. Badam içini qaynar suya töküb qabığını çıxartmağa başladı.

Seyid Hüseynlə Mirpaşa kərpicin üstündə oturub qoz sındırıb süfrəyə tökür, Zübeydə ilə Zəhra onları arıdırdılar. Bir azdan Zübeydə qoz qabıqlarını xəlbirə yığıb Mirpaşaya verdi:

– Apar tök zibil yeşiyinə, – dedi.

Ertəsi gün səhər tezdən Mehinbanu xəmir yoğurub güllü çit yorğança ilə tabağın üstünü örtdü, mətbəxin bir küncünə, kətilin üstünə qoydu.

Həyətin sağ tərəfindəki bu böyük mətbəx hündür tağla iki hissəyə ayrılmışdı. Tağın içəri tərəfində təndir, yanında balaca kürə vardı. Kürənin yanında samovar üçün yer də düzəldilmişdi. Tağın üstünə palaz salınmış, divar dibində xırda döşəkçələr qoyulmuşdu. Adatən, burada süfrə açar, səhər-axşam yeyib-içərdilər. Orucluq ayında, hətta qış vaxtı belə isti yorğan-döşəkdən durub obaşdanlıq etməyə mətbəxə gələrdilər.

Mehinbanu taxtın üstündə qolları çirməkli əyləşib, par-par parıldayan birinci ləyəndə qoz içi qarışdırırdı. Bir az əvvəl xəmir yoğurduğundan yorulub əldən düşmüş, təndirdə çırtha-çırtla yanan odunların istisindən, mətbəxin damındakı qoşa bacadan düşən günəş şüalarından üzü qızarmışdı. O, yaylığı ilə üzünün tərini silib nəvəsini səslədi:

– Ay Rübabə, gəl bu pəncərəni aç, lap isti oldu mənə…

Məşədi Durnısa həyətdəki çarhovuzun yanında, kənarlarında Qurandan ayələr həkk olunmuş mis məcməyiləri küllə sürtüb təmizləyirdi. (Şəkərburanı, paxlavanı, şəkərçörəyini və sairə bayram şirnisini bu məcməyilərə düzüb, içinə bir qədər su tökülmüş mis qazanların ağzına qoyub təndirdə bişirirdilər). O, Mehinbanunun səsini eşitcək, yuyub pak elədiyi məcməyiləri götürüb mətbəxə getdi, qurumaq üçün onları kürənin üstünə dikinə qoydu, küçəyə baxan pəncərənin bir tayını açdı.

– Seyidxanımın nökəri gəlir bizə, – dedi:

Mehinbanu bir az qabaq istidən karıxanda başından açıb çiyninə atdığı örpəyini örtdüyü, əl saxlayıb qapıya tərəf çöndü, qızının nökəri Əlinin gəlməsini gözlədi.

Oğlan başını mətbəxin qapısından uzadıb soruşdu:

– Ağa evdədir? – sonra ortalıqdakı şeyləri görüb gülümsədi:

– Xanım, çox mübarəkdir, neçə belə bayramlara çatasınız, – dedi.

– Çox sağ ol! Xeyir ola, bala, ağanı neynirsən? Evdə deyil.

– Heç, ağam dedi ki, bizə gələsiz.

Mehinbanu təşvişlə soruşdu:

– Axı nə olub, uşaqlar xəstə-zad deyilki?

– Xeyir xanım, uşaqlar salamatdır. Neçə gündür xanımım xəstədir. Bu gün səhər deyirdi ki, sizi görmək istəyir…

Mehinbanunun dizləri əsdi. Bir müddət donub qaldı. Sonra əllərini silib qızlara dedi:

– Xəmirin üstünü açın, qıcqırar, gec gəlsəm, molla ilə başlayın bişirməyə. Gedim görüm, başıma nə daş salıram – o əllərini yaxalayıb tələsik paltarını dəyişdi, nökərlə qızıgilə getdi.

… Seyidxanım əvvəl də bərk xəstələnmişdi. Əri Ələkbər vaxtında xəbər tutub tez müalicəyə başlamış, ona yaxşı qulluq etmiş, yemək-içməyinə xüsusi diqqət yetirmiş, həkimin məsləhətlərinə dəqiq əməl etmişdi. Bütün bunların nəticəsində arvadını tez bir zamanda ayağa qaldıra bilmişdi. Ancaq yeganə qardaşının – Mirkazımın qəflətən həlak olması onu sarsıtdı. Matəm günlərində özünü döyüb ağlamaqla bir az da zəiflədi, vaxtında yeyib-içmədi. Xəstəliyi təzədən baş qaldırdı. Əri yenə həkim gətirdi, dava-dərman tapdı, uzun müalicədən sonra onu sağalda bildi. Seyid Sadıqla Mehinbanu da gecə-gündüz qızlarının şəfa tapması üçün allaha yalvarıb dua edirdilər ki, dərd-bəla tamamilə ondan uzaqlaşıb. Ona görə də Mehinbanu qızının xəstələnməsini eşidəndə qorxudan dizləri əsdi.

… Seyidxanım xalça döşənmiş təmiz, səliqəli otağın yuxarı başında, taxta çarpayıda uzanmışdı. Ana diqqətlə qızına baxdı: qız iki-üç həftə bundan qabaq gördüyündən bəri xeyli arıqlamış, zəifləmişdi. Mehinbanu özünü ələ alıb xəstəyə yaxınlaşdı, üzündən öpdü, çarpayısının ayaq tərəfində, ipək yorğanı qaldırıb oturdu:

– Bəs mənə niyə xəbər eləməmisiz? – dedi, – Allah bilir, neçə gündür yatırsan, hə?

– Səni narahat eləmək istəmədim, memə. Dedim yəqin soyuqdəymədir, keçib gedər.

– Əlbəttə! Keçib-getməyib neynəyəcək? Həkim gəlmişdi, nə deyir? – ana ürəyində ümid edirdi ki, bəlkə bu başqa xəstəlikdir, o zəhrimardan deyil, ona görə də qorxa-qorxa həkimin nə dediyini bilmək istəyirdi.

Seyidxanım bir qədər dinmədi. Anasını bu acı xəbərdən qorxuya salmaq istəmədi. Ancaq sonra başa düşdü ki, gizlətməyin mənası yoxdur, əvvəl-axır biləcək.

– Köhnə dərddir elə yenə də, ay memə. Həkim dedi ki, gərək üçüncü uşağı doğmayaydın.

– Necə yəni doğmayaydın?! Bəyəm bu səndən asılıdır? Allah-təala verən övladdır də…

– Nə bilim, deyir də…

Gülnisə balaca boşqabda toyuq suyu və bir tikə çörək gətirdi. Xəstə tamamilə iştahdan kəsilmişdi. Demək olar ki, heç nə yemirdi. İndi də üz-gözünü turşudub məcməyini əli ilə yana itələdi. Bu vaxt Ələkbər içəri girib dinməz-söyləməz qaynanası ilə görüşdü. Arvadının yemək istəmədiyini görəndə qanı qaraldı:

– Ana, sən Allah, bir onu başa sal ki, bu xəstəliyin dərmanı ancaq qüvvətli yeməkdir. Səhərdən dilinə heç nə vurmayıb. Belə olmaz axı?!

Seyidxanım üzünü divara çevirib səssizcə ağlamağa başladı. Onun ürəyinə dammışdı ki, bu dəfə xəstəlikdən xilas ola bilməyəcək. Mehinbanunun ürəyi kövrəlsə də, özünü saxladı, qızına ürək-dirək verdi.

– Ey bu olmadı ki! Ağlamaq niyə gərək? Birinci dəfədir? Fikir eləmə, Allah qoysa, yenə tezliklə sağalıb ayağa duracaqsan. Hər şey özündən aslıdır. Uşaq deyilsən ki… özün bilirsən, gərək yaxşı yeyesən ki, tez də sağalasan. Ala, toyuq suyunu xətrin istəmir, bir-iki qaşıq bal ye, üstündən də yarım stəkan isti süd içərsən. Dur, dur, otur qızım, ürəyimizi üzmə.

Anasının sözünü yerə salmamaq üçün Seyidxanım güclə bir çay qaşığı bal uddu, bir-iki qurtum da süd içdi. Onu öskürək tutdu.

Ana axşamacan qızının yanında qaldı. Onu dilə tutub iki dəfə beş-altı qaşıq yemək yedirtdi. Axşam xəstənin vəziyyəti bir az da pisləşdi, qızdırması qalxdı. O zəif səslə atasını soruşdu.

– Memə, ağa nə vaxt gələcək?

– Üç gündən sonra, qızım. Neynirdin ağanı?

– Heç, elə görmək istəyirdim onu, eybi yoxdur gələr çıxar, inşallah… Sən dur get evə daha, memə, nə var oturmusan burda, yəqin, evdə işin-gücün var, uşaqlar səni gözləyirlər. Ələkbər evdədir, bir şey lazım olsa, deyərəm ona… Memə, istəyirsən uşaqları da apar. Maxbiretdən muğayat ol, gecə öz yanında yatırt – Seyidxanımın axrıncı qızının bir yaşı hələ tamam olmamışdı.

– Uşaqlara görə narahat olma. İndi gedirəm, səhər tezdən yenə gələrəm, – deyib Mehinbanu qızını öpüb ayağa qalxdı.

Gülnisə uşaqları geyindirdi. Əli balacanı qucağına alıb Mehinbanu ilə onlara getdi.

* * *

Həştərxana ipək, pambıq, buğda, balıq və başqa mallar daşıyan “Talmud” ticarət gəmisi səhər tezdən Bakı limanında körpüyə yan aldı. Sahildə dayanıb gözləyən hamballar palanlarını dallarına alıb göyərtəyə qalxdılar. Sonra gəmi heyəti aşağı endi. Qoca Seyid Sadıq da onların arasında idi. O, çiynində balaca xurcun sahil küçəsində Olqiniskiyə (indiki Çaparidze küçəsi) döndü, üzüyuxarı qalxıb ”Qapan dibi”nə gəldi.

“Qapan dibi” adlanan yer İçərişəhərin Qala qapılarının xaricində Qoşa Qala qapısı ilə Tək Qala qapısı arasındakı düzəngahlıq idi. Ta qədim zamanlardan Bakının ətraf kəndlərindən, uzaq mahallardan bura mal gətirib satırdılar.

“Qapan dibi” Bakının mərkəzində gəlmələrin təsirinə məruz qalmayıb, özünün köhnə ruhunu, təbiətini saxlamış bir yer, avropalaşmış şəhərdə şərq bazarlarının gözəl bir nümunəsi idi. Burada gövdəsini yerə sərmiş, boyunlarını əzəmətlə dik tutmuş dəvələr mürgüləyər, iri buynuzlu kəllər, yanı üstə uzanıb kövşək vururdular. Dəvə qatarlarının zəng və zınqırov, kəl arabası təkərlərinin cırıltılı səsləri bu yerin nəğməsinə çevrilərdi, bənzərsiz, təkrarsız nəğməsinə…

Seyid Sadıq kisələrin arası ilə gəzə-gəzə meyvə, şabalıd albuxara, kişmiş, qaysı qurusu və başqa şeylər alıb xurcuna – bayram münasibətilə qızları, nəvələri üçün həştərxandan aldığı hədiyyələrin yanına qoydu. Xurcunu çiyninə qaldırmaq istəyəndə bir kəndli ona yanaşıb salam verdi:

– Ağa Seyid, – dedi, – sizə zəhmət olar, verin mən aparım, – xurcunu alıb öz çiyninə atdı, yanındakı kişiyə buyurdu, – Qulammirzə, bir yarım saatlığa malımın üstündə gözün olsun, indi gəlirəm.

Seyid Sadıq təəccüblə kişiyə baxır, onu tanıya bilmirdi.

Kişi gülümsədi:

– Ağa, siz məni tanıya bilməzsiz. Hardan yadınızda qalsın. İki il bundan qabaq, bax bu dəvəm böyük xəstələnmişdi. Onu siz sağaltdınız öz duanızla. Mən ömür boyu bunu yadımdan çıxartmaram. Özünüz bilirsiz, dəvə, mal-qara kəndlinin dirəyidir. Dəvəm olmasa arvad-uşağı dolandıra bilmərəm. Sizin sayənizdə dəvəm xilas oldu.

– Hə yadıma düşdü. Deyəsən, Novxanıdansan.

– Elədir ki, var ağa. Əgər başqa bazarlığınız yoxdursa, icazə verin xurcunu aparım evinizə.

– Zəhmət çəkmə ay kişi. Otur malını sat. Ağır deyil, özüm apararam.

– Xeyr, xeyr, heç elə şey olar? – deyib kişi yola düzəldi.

Onlar söhbət edə-edə Tək Qala qapısından içəri girdilər. Kişi evin qapısında xurcunu divara söykəyib geri qayıtdı. Seyid Sadıq həyətdə arvadını axtarırdı. Kişi dənizdən qayıdanda arvad onu küçə qapısında gülərüzlə qarşılayar, çuxasını, papağını alar, qulluq göstərərdi. O, təəccüblənib evə getdi. Evdə də heç kəs yoxdu. Nigaranlıqla ucadan çağırdı:

– Zübeydə, Rübadə hardasınız? – nədənsə o nəvəsini həmişə “Rübadə” çağırardı.

Rübabə babasının səsini eşidib mətbəxdən çıxdı:

– A, gəlmisən, baba?! Səfərin necə keçdi? – qayğıkeşliklə soruşdu.

Seyid Sadıq sualı sualla qarşıladı.

– Nə olub, niyə səs-səmiriniz gəlmir? Bəs nenən hanı?

– Evdə deyillər, bibigilə gediblər.

– Üçü də birdən? Xeyir ola? Bilmirdilər, mən bu gün gəlməliyəm?

– Bilirlər. Bibi xəstədir, ona dəyməyə gediblər.

Qocanın əhvalı pozuldu. Döşəyin üstündə oturub nəvəsini sorğu-suala tutdu. Rübabənin gətirdiyi çay, çörəyi yeməyib qızıgilə tələsdi.

… Bir həftə sonra Seyidxanım otuz yaşında ikən üç uşağını yetim qoyub vəfat etdi.

Ələkbərin evi matəm içində idi. Başsağlığı verməyə gələn qohum-əqrəba, dost-tanış yuxarı başda səssiz oturub təsbehini çevirən ağ saqqallı, beli bükülmüş qoca Seyid Sadığa ürək ağrısı ilə təsəlli vermək istəyirdilər, ancaq deməyə söz tapmırdılar.

Baba ilə nənə Seyidxanımın da uşaqlarını Mirkazımınkılarla birlikdə tərbiyə etməyə başladılar.

* * *

Seyidxanımın əri Ələkbər, yeznəsi, dövlətli Bakı taciri Ağa Cavad, Haşımovun İranla ticarət əlaqələri yaradan xüsusi agenti idi. İrana tez-tez gedib-gəldiyindən bacısı Şərəbanı xanımın məsləhətilə özü də yavaş-yavaş tacirlik edirdi. Dənizkənarı küçədə bir baqqal dükanı açmışdı.

Ağa Cavad beş-altı il əvvəl vəfat etmişdi. O, qardaşı Haci Hacıbaba ilə şərikli idi. Onlar Qoşa Qala qapısı yanındakı böyük mülkün və eləcə də Bakının başqa yerlərində yaxşı gəlir gətirən bir neçə binanın sahibi idilər. Ağa Cavadın ölümündən sonra qardaşı Hacı Hacıbaba onun uşaqlarının və cavan arvadının qəyyumu oldu. Qardaşının mal-dövlətinə başqası sahib olmasın deyə iki-üç il sonra dul qalmış Şərəbanı xanımı Hacıbabaya ərə verdilər. Hacı Hacıbabanın övladı yoxdu, ona görə də Ağa Cavadın qızı Xədicə ilə oğlu Ağa Kazım mal-dövlətin yeganə varisiydilər. Hacı Hacıbaba qardaşı uşaqlarını çox sevir, tərbiyələrinə xüsusi fikir verirdi. Onları avropalılar kimi böyüdürdü. Hər uşaq üçün ayrıca dayə, quvernatka tutmuşdu. Rus, fars, fransız dillərini öyrənmək üçün evə xüsusi müəllimlər dəvət etmişdi.

Qoşa qala qapısı yanındakı binanın birinci mərtəbəsində kontor, dəftərxana, mühasibat, ümumiyyətlə, ticarətlə əlaqədar otaqlar yerləşirdi. Yuxarı mərtəbələrdə həm bir neçə varlı kirayəşin, on dörd otaqlı mənzildə isə özləri yaşayırdılar.

Xədicəni on dörd yaşında məşhur tacir Məmmədbağırın oğluna ərə vermişdilər. Onların on iki ticarət paraxodu vardı. İlbəil gəlirləri artırdı.

Hacı Hacıbaba, anası Şərəbanı və dayısı Ələkbər Ağa Kazımı çox əzizləyirdilər. Nə desəydi, dərhal yerinə yetirirdilər. Bundan istifadə edən Ağa Kazım tez-tez Rusiyaya, Avropaya, İrana, Türkiyəyə səyahətə çıxır, hər dəfə qayıdanda xaricdə gördüyü adətləri, bəzi yenilikləri burada həyata keçirməyə çalışırdı. Ona görə də Hacı Hacıbaba demişkən gəlirlərinin çoxu boş-boş yerlərə sərf olunurdu.

… Seyidxanımın vəfatından bir neçə ay sonra Ələkbər bacısının və Hacı Hacıbabanın məsləhətilə, həm fikrini dağıtmaq, həm ziyarət və həm də ticarət etmək məqsədilə Kərbəlaya yola düşdü. İndi altı ay sürən Kərbəla ziyarətindən xeyli vaxtdı qayıtmışdı, işlərini sahmana salıb bacısıgilə görüşməyə getdi.

Şərəbanı xanım başdan-başa xalı döşənmiş, Avropa üsulunda bəzədilmiş böyük otağın yuxarı başında, divanda oturmuşdu. Əynində sumağı rəngli şəmsi-qəmərdən paltar, başında naz-naz örpək vardı. Özü ilə üzbəüz oturmuş cavan oğlu ilə söhbət edir, kiçik girdə mizin üstündəki meyvədən yeyib çay içirdi. Ağa Kazım dayısının qapıdan girdiyini görcək cəld ayağa qalxıb səmimi görüşdü, yanındakı kürüsyə oturdu. Şərəbanı xanım da onu sevinclə qarşıladı.

– Xoş gəlmisən, qardaş. Necəsən, uşaqlar neynir?

– Sağ ol, yaxşıdırlar, – Ələkbər kürsünü bacısına yaxın çəkdi, – siz necəsiz? Ağa Kazımı görürəm, maşallah, qıvraqdır.

– Biz də pis deyilik, – Şərəbanı balaca zəngi mizin üstündən götürüb çaldı. Səliqəli geyinmiş, qabağına kurjevalı önlük taxmış cavan xidmətçi qız qapıda göründü – Kəbleyi üçün bir stəkan çay gətir, Sənəm, – deyə qardaşını birinci dəfə “Kəbleyi” adlandırdığına özü gülümsədi, sonra soruşdu:

– Ələkbər, uşaqlar yenə qayınanangildədirlər? O yazıqlar nə vaxtacan yetimlərə baxacaqlar? Qoca adamdırlar. Evləri də çox sən deyən böyük deyil. Oğul nəvələri bəs deyilmiş, üstəlik səninkilər də qalıb üstlərində. Sən çox gözləyə bilməzsən. Rəhmətliyin ili çıxandan sonra gərək evlənəsən. Özü də səninçün elə arvad tapmalıyıq ki, balalarına yaxşı baxsın, onlara əsl ana olsun, – qardaşının gözlərini bir nöqtəyə zilləyib pərişan baxdığını görüb soruşdu, – hə, nə fikrə getdin?

– Vallah, nə deyim bacı, elə Ağa (Seyid Sadıq) özü də bir-iki dəfə bu barədə söz salıb. Mənə elə gəlir ki, uşaqları yad arvadın əlinə salmaq istəmirlər. Deyəsən, fikirləri var, rəhmətliyin bacılarından birini versinlər mənə. Qalmışam məəttəl. Sən, buna necə baxırsan?

– Əgər öz fikirləri varsa, gərək razılaşasan. Doğurdan da, uşaqlarçün yaxşı olar. Doğma xaladır onlara, öz balaları kimi baxar. Ancaq bir iş var: yəqin Zübeydəni nəzərdə tutublar, onun da xasiyyəti bir az tünddür. Kiçik bacı Zəhra yaxşı qızdır, ancaq böyüyünü qoyub onu sənə verməzlər. Hər halda pis olmaz. Fikir eləmə, qardaş, inşallah hər şey düzələr. Götür çayını iç, bəlkə soyuyub, bu saat deyim, təzələsinlər…

– Lazım deyil, bacı, zəhmət çəkmə, eybi yoxdur belə də içərəm. Ələkbər bir az da söhbət edib getməyə hazırlaşdı. Şərəbanı onu qapıyadək ötürdü:

– Tez-tez gəl, lap bizi yaddan çıxarmayasan, uşaqları da gətir, – dedi.

* * *

Zübeydənin ərə getmək vaxtı artıq ötmüşdü. Bir-birinin dalınca qardaşı ilə bacısının vəfatı onun ərə getməsinə xeyli mane olmuşdu. İki-üç il əvvəl onu bir-iki yerdən istəyən olmuşdu. Ancaq həmin ailələri Seyid Sadıq özünə layiq bilmədiyindən elçilərə rədd cavabı vermişdi.

Seyidxanımın ölümündən il yarım sonra Şərəbanı xanım Mehinbanu ilə Zübeydə barədə söhbət etdi. Hər iki tərəf başa düşdü ki, əgər bu evlilik baş tutmasa, Zübeydənin bundan sonra ərə getməsi bir az da çətinləşəcək. Həm də uşaqlara görə hər iki tərəf bu izdivacın tərəfdarı idi. Ona görə də tezliklə razılığa gəldilər və bir balaca məclis düzəldib Zübeydəni Ələkbərin Qız qalası yaxınlığındakı ikimərtəbəli evinə gəlin köçürdülər.

Çox təəssüf ki, həm Ələkbərgilin, həm də o baba ilə nənənin ümidləri boşa çıxdı. Zübeydə öz bacısı uşaqlarına həqiqi ana ola bilmədi. O hər xırda işin üstündə əsəbiləşir, söyüb qışqırır, uşaqları qarğıyır, deyinirdi. Özü iki dəfə doğmuşdu, lakin uşaqlar körpəykən ölmüşdülər. İndi o üçüncü dəfə hamilə idi.

* * *

Seyid Sadıq oğul nəvələrindən razı idi. Hər üçü fərasətli çıxmışdı: On yeddi yaşına girmiş Rübabə oxuyub qurtarmış, Quranı çoxdan başa vurmuşdu. Molla Zeynəbxanımla haqq-hesab çəkib yola salmışdılar. İndi qız nənəsinin köməyilə evin işini görür, tikiş tikmək, corab toxumaq, xörək bişirmək öyrənir, boş vaxtlarında kitab oxuyurdu. Babası qızın oxumağa olan həvəsini görüb, onun üçün maraqlı kitablar tapıb gətirir, kürəkənini İrana gedəndə ona kitab sifariş edirdi.

Baba, 1901-ci ildə Seyid Hüseynlə Mirpaşanı molla məktəbindən çıxardıb İçərişəhərdə açılan rus-tatar məktəbinə qoydu.

… 1903-cü ilin yayı idi. Seyid Sadığın ailəsi Ləəşdəki bağlarında istirahət edirdi. Günlərin birində günortaya az qalmış, Mehinbanu mətbəxdə yerə döşənmiş köhnə palazın üstə oturub ət döyür, Rübabə xəmir yoğururdu. Qutab bişirəcəkdilər. Hava çox isti idi. Mehinbanu qapıdan boylanıb meynəliyin arasında oynayan nəvələrini gördü, onları içəri çağırdı.

– Hüseyn, Paşa, nə eşələnirsiz günün altında? Bu saat ilan mələyən vaxtıdır. Gəlin kölgədə oturun.

Uşaqlar könülsüz gəlib mətbəxin qapısı ağzında, səkinin üstündə oturdular.

– Bəlkə, gedib quyudan bir vedrə sərin su çəkib gətirəsiz. Hə? – deyə nənə xahiş etdi.

Oğlanlar qaça-qaça quyuya tərəf getdilər. Dolamaçarxı hərləyib bir vedrə su çəkdilər, mətbəxə gətirdilər. Mehinbanu əti döyüb qurtarmışdı. Vedrəni suaxana aparıb əydi, əlini-üzünü yudu, ovcunu doldurub bir-iki qurtum içdi.

– Bəh, bəh, əcəb sudur, – dedi çox sağ olun, sucan ömrünüz olsun… Rübabə, gəl sən də sərinlən.

Bir azdan küçə qapısından Mirpaşanın səsi eşidildi:

– Nenə, Nisə ilə Səriyyə bizə gəlirlər.

– Xoş gəlib, səfa gətirirlər.

Seyidxanımın qızları içəri girib salamlaşandan sonra keçib palazın üstündə oturdular. Mehinbanu narahatlıqla soruşdu:

– Nə var, nə yox, Nisəxanım, anan necədir?

16 yaşlı Nisəxanım yoğun, uzun hörüklərinin ucunu hörüb arxaya atdı, utana-utana dedi:

– Pis deyil. Anam dedi ki, mümkün olsa bizə gəlsin. Atam da tapşırdı ki, qoy Bircəbacı da gəlib bizimlə hamama getsin, Maxrivetin başını yumağa sənə kömək eləsin.

– Necə, ananın sancısı başlayıb?

– Hə, deyəsən.

Mehinbanu əl-ayağa düşdü. Tez yerindən qalxdı.

– Rübabə, xəmirin üstünü ört, qoy qalsın bir tərəfdə. Döyülmüş ətdən beş-altı dənə tava kababı elə uşaqlarçın, baban da gəlib yeyər. Sonra hazırlaş, gedək görək, başımıza nə gəlir dedi.

Bir saatdan sonra gəlib Zübeydəgilin Şüvəlandakı bağlarına çatdılar. Həyətə girəndə birinci Gülnisəni gördülər: əlində bir vedrə isti su, çiynində təmiz dəsmal yuxarı mərtəbəyə qalxırdı. Ələkbər həyətin ortasındakı tut ağacının kölgəsində, taxtın üstündə əyləşib mütəkkəyə söykənmişdi. Mehinbanu salamdan qabaq xəbər aldı:

– Mama çağırmısız?

– Həri, içəridə, yanındadır.

Arvad çarşabını qoltuğuna vurub cəld qızının yanına getdi. Ələkbər Rübabənin salamını alıb Nisəyə dedi:

– Hə, szin burda işiniz yoxdur, tez yığışın haydı hamama.

Mama Mehinbanunu otaqdan çıxartdı:

– Ah-ufunla mənə mane olursan, – dedi, – qızının doğmağına hələ çox qalıb. Darıxma, hər şey yaxşıdır. Get otur həyətdə, kürəkəninlə söhbət elə, lazım olsan, çağırarıq səni.

Arvad ürəyində allaha yalvara-yalvara qapıdan çıxanda, sonbeşiyi Zəhranın nökəri Səmədi həyətdə gördü, ürəyi qopdu. Qorxa-qorxa onu yanına çağırdı.

– Ay uşaq, xeyir ola, nöş gəlmisən? Evinizdə nə var, Zəhra necədir? – deyə dalbadal suallar verdi. Axırıncı dəfə, iyirmi gün bundan qabaq qızıgildə olanda onu yorğan-döşəkdə görmüşdü. Ancaq sonra Seyid Sadıq xəbər gətirmişdi ki, Zəhra yaxşıdır, ayağa durub.

Səməd böyük xanımla danışmaqdan elə bil ehtiyat edirdi. Arvadın gözlərini dikib ondan cavab gözlədiyini görəndə əlacsız qalıb dilləndi:

– Zəhra xanım elə gördüyünüz kimidir.

– Bizə getmişdin, uşaqlar deyib burdayam, dalımca gəlmisən, hə?

– Yox, sizə getməmişdim. Ağa Ələsgər məni bura, Kəbleyigilə göndərdi.

Ələkbər taxtın üstündən durub gözlərini narahatlıqla nökərə dikmişdi. Oğlan işarə ilə onu çağırdı. Mehinbanu kürəkəninin Səmədlə üzümlüyə tərəf yollandığını görüb bilmirdi onların dalınca getsin, ya dayanıb gözləsin. Ürəyi tab gətirmədi, bağın içinə, gavalı ağacının yanına getdi. Nökərin dediyi axrıncı sözləri eşitdi:

– … özünüz də gələrsiz, Ağagilə də xəbər verərsiz.

Ələkbər qaynanasının narahatlığını görəndə ona yazığı gəldi. İstədi özünü şən göstərib, arvadı qorxuya salmasın.

– Qorxma ay ana, nə olub bəyəm? Rəngin ağappaq ağarıb…

Zəhranın halı bir az pis oub, Ələsgər də Səmədi göndərib ki, gedib ona baş çəkək.

Mehinbanunun təlaşı bir az da artdı.

– Sən Allah, məni aldatma, düzünü de. Mən başıdaşlı dözümlüyəm. Heç nə olmaz mənə. On övlad qoymuşam qara torpağa, üzüm bərkdir. Qorxma, düzünü de, nə xəbər var?

– Vallah, heç nə olmayıb. İstəyirsən, elə bu saat yığışaq gedək onlara.

Mehinbanu çaşıb qalmışdı. Nə edəcəyini bilmirdi. Nə içəridə bu saat canı ilə əlləşən, sancı çəkən Zübeydəni qoyub gedə bilirdi, nə də sonbeşiyinin vəziyyətindən xəbər tutmağa gedə bildi. Qalmışdı iki can arasında. Bir an fikirləşəndən sonra qərara gəldi: Onsuz da Zübeydəyə bir köməyi dəyməyəcəkdi. Onu allahın ümidinə qoyub xəstə qızının yanına getməyi vacib bildi. Evə keçib mamadan vəziyyəti öyrəndi, sonra tələsik çarşablanıb Ələkbərin gətirdiyi faytona oturdu.

… Zəhranı üç il bundan qabaq Qarabağdan Bakıya pul qazanmağa, işləməyə gəlmiş Ələsgər aldı bir cavana ərə vermişdilər. Ələsgər bir müddət Ələkbərin dükanında çalışıb əlinə balaca maya toplamış və xırda alverlə məşğul olmağa başlamışdı. Sonralar Ələkbərin köməyi ilə Nikolayevski küçəsində balaca bir baqqal dükanı da açmışdı. Zirəkdi, dilli-dilavərdi. Az vaxtda mayasını bir neçə qat artıra bilmişdi. Tez-tez Ələkbərlə görüşür, evinə gedib-gəlirdi. Seyid Sadıqla da onun vasitəsilə tanış olmuşdu. Özünü ağıllı, işbilən adam kimi göstərmişdi. Bakıya gəlməsindən üç il keçməmiş İçərişəhərdə iki otaqlı mənzil kirayə edib Zəhra ilə evlənmişdi. Yayda Seyid Sadığın anasındanqalma köhnə Ləəş bağına köçürdülər. Onların iki yaşında Əlabbas adlı bir oğlu vardı. Uşaq anadan olandan sonra Zəhra xeyli yatdı. Çox zəifləmişdi. Demək olar ki, ilin yarısını yorğan-döşəkdə olurdu. O da vərəmdi. Bu xəstəlik, deyəsən, onların nəslində vardı. Seyid Sadığın övladlarından beşi vərəmdən ölmüşdü.

… Axşamüstü Ələkbərgilin faytonu, hasarı bir neçə yerdən uçub tökülmüş balaca bağ evinin taxta qapısı qabağında dayandı. Ancaq, birmərtəbəli evin açıq qapısından bir-iki arvad girib-çıxır, əllərində aftaba, ləyən hovuza tərəf gedib gəlirdilər. Mehinbanu faytondan düşüb tez içəri keçdi. Gördüyü mənzərədən gözləri bərələ qaldı: Zəhranın saçları dağılmış, gözləri çuxura düşmüşdü. Üzündə, alnında soyuq tər damlaları vardı. Güclə nəfəs alırdı. Nazik, ipək yorğanının üstünə sarı ləyən qoymuşdular. Bədbəxt ana, ayağı dolaşa-dolaşa qızına yaxınlaşıb onu bağrına basdı, titrək səslə:

– Can bala, sənin qadovu alım, nə oldu sənə? – deyib hönkürtü ilə ağladı.

Xəstə anasını tanıyıb nəsə demək istədi, ancaq onu öskürək tutdu. Bir-iki dəfə öskürüb qabağındakı ləyənə qaytarmağa başladı. Ləyən al qırmızı rəngə boyandı…

Səhərə yaxın Zəhra anasının qucağında keçindi. Həmin günü axşamı Zübeydənin qızı oldu, uzun müddət bacısının ölümünü ondan gizlətdilər. Çünki Zübeydə özü də həmin xəstəliyə düçar olmuşdu. Tərsliyindən deyilənlərə əməl etmir, vaxtında yeyib-içmir, üstəlik gecələr də yatıb dincəlmirdi. Balaca qızı Kübranın üstündə əsirdi. Onu nə anasına, nə də Gülnisəyə, nə də Nisəxanımla Səriyyəyə etibar etmirdi. Xəstəliyi get-gedə şiddətlənirdi. Nəhayət, Kübranın yeddi ayı tamam olanda Zübeydə də – Seyid Sadıqla Mehinbanunun axrıncı övladı da bu dünyayla vidalaşmalı oldu.

* * *

Qışın sonuna az qalmışdı. Havalar soyuq keçir, tez-tez qar yağırdı. Mehinbanu nəvələrini başına yığıb böyük kürsü yorğanının ucunu ayaqlarının üstünə örtmüşdü. Otaq isti idi. Məşədi Durnısa həyətdə yanıb közərmiş kömürləri indicə çuğun qabda gətirib kürsü yerinə qoymuşdu. Uşaqlar (Zübeydənin vəfatından sonra Ələkbərin dörd qızı yenə də onlarda olurdu) kürsünün ətrafında bir-birinə sataşır, gülüşürdülər. Seyid Hüseyn pəncərə qabağında oturub nəsə yazırdı.

Rübabə Zübeydənin yekə qızı, balaca Kübranı ayaqlarının üstündə yırğaladıb yatırırdı, döşəkcənin üstünə salıb yerini rahatlatdı, gəlib nənəsinin yanında oturdu, mehribanlıqla ona baxdı. Arvadın gözləri yol çəkirdi.

– Nənə, nə fikrə getmisən? – soruşdu.

Mehinbanu böyük nəvəsini özünə tərəf çəkib çiyinlərini qurcaladı, gülümsəməyə çalışdı:

– Heç, elə-belə… – dedi, – sonra əvvəlki qara fikirlərini dağıtmaq istədi, əllərini yuxarı qaldırıb “ah” çəkdi, – a Allah, sən özün rəhm elə, indiyəcən on iki bala dağı çəkdirmisən bizə, barı nəvələrimi sağ-salamat və xoşbəxt elə! Qoy bu uşaqlar həmişə dərddən-qüssədən uzaq olsunlar, onları xata-baladan saxla!..

Bu vaxt küçə qapısı döyüldü. Seyid Sadıq hay-küylə dəhlizə keçib otağın qapısından göründü. Üzü gülürdü. Qapının iki tayını da açıb çuxasının dərin ciblərindən ovuc-ovuc qoz-fındıq ləpəsi, xurma, qaysı qurusu, konfet çıxarıb yerə, xalçanın üstünə səpələdi:

– Hə qoçaqlarım, gəlin, yığın, cəld olun, – dedi, – kim çox yığsa, ona yenə də verəcəyəm.

Seyid Hüseyn, Mirpaşa, Nisəxanım, Səriyyə, Maxviret bir-birilərini itələyə-itələyə evin ortasındakı şeyləri yığmağa başladılar. Qapaqap düşdü. Mehinbanu uşaqların hay-küyündən qulaqlarını tutub ərinə acıqlandı.

– Ay kişi, bu nə oyundur çıxardırsan? Nə var cibində, gətirib tök kürsünün üstünə, qoy sakit-sakit yesinlər də… bax, bu saat bir-birilərini yıxıb əzəcəklər.

Seyid Sadıq uşaqların qışqırığına, sevincinə ləzzətlə tamaşa edərək dedi:

– Eybi yoxdur, arvad, bir balaca əzilsələr də bunun xeyri var. Qoy indidən bərkə-boşa öyrənsinlər, zirək olsunlar, cəld tərpəsinlər.

Bir neçə dəqiqənin içərisində xalçanın üstündə heç nə qalmadı. Baba döşəyin üstündə oturub uşaqlara dedi:

– Hə, gətirin, bir-bir göstərin, görüm, kim nə qədər yığıb?

Uşaqlar kimi ovcuna, kimi cibinə, kimi də ətəyinə yığdıqlarını göstərirdilər. Hamıdan çox Mirpaşa yığmışdı. Seyid Sadıq onu təriflədi.

– Afərin, bu saat sənə əlavə pay verəcəyəm, – deyib Rübabəyə sarı döndü, – qızım, bayırda zənbil qoymuşam, gətirin onu bura. Bəs sən nə qədər yığmısan, heç göstərmədin?

– Mən istəmirəm baba, qoy uşaqlar yesinlər.

– Necə yəni istəmirəm? Get zənbili gətir, tez ol!

Zənbil ortaya gələndə baba əvvəlcə Mirpaşanın ciblərini doldurdu, qalanını kürsünün üstündəki iri məcməyiyə boşaltdı. Uşaqlar həvəslə yeməyə başladılar. Mehinbanu Nisəxanıma dedi:

– Cumaxatandakı balaca sandıqca bayram şamları qoymuşam, gətir yandıraq. Bu gün üsgü axşamıdır.

Bir azdan məcməyinin kənarlarında uşaqların sayına görə yeddi əlvan şam şölələndi.

Axşama yaxın Kəblə Ələkbər İrana növbəti səfərindən qayıdıb evinə baş çəkməmiş uşaqlarının yanına gəldi. Onu sevinclə qarşıladılar. Çəkib kürsüdə oturtdular. Bir-birilərindən hal-əhval tutduqdan sonra ona elə oradaca, kürsünün üstündə yemək, çay verdilər. Süfrə yığışılandan sonra Kəblə Ələkbər qapı ağzına qoyduğu xurcunu gətirib açdı. Oradan əvvəlcə ağ atlasdan tikilmiş bahalı bir ləbbadə çıxardıb qaynatasının çiyninə saldı. Kişi qiymətli hədiyyədən çox mütəssim oldu:

– A, kişi, bu nə zəhmətdir, çəkirsən? Allah bilir bir ətək pul vermisən buna. Mən daha qoca kişiyəm, belə bahalı ləbbadə nəyimə gərəkdir? Uşaqların üçün al gətir, qoy geyinib sevinsinlər, – dedi.

– Uşaqlarçün da var, narahat olma, Ağa! Qoca olanda nə olar? Qocaya geyinmək yaraşmır bəyəm? Sağlıqla gey!

– Çox sağ ol, oğul. Allah cibinə bərəkət versin.

– Dəyməz, Ağa.

Kəblə Ələkbər xurcunu tamam boşaldıb qaynanası, uşaqları və Seyid Hüseyngil üçün gətirdiyi hədiyyələri bir-bir payladı. Uşaqlar təzə parça və paltarlara, örpəklərə doyunca tamaşa etdikdən sonra yatmağa getdilər. Böyüklər çay içir, astadan söhbət edirdilər. Seyid Sadıq kürəkənindən soruşdu:

– İranda təzə nə xəbər-ətər?

Kəblə Ələkbər çayından bir-iki qurtum içib stəkanı nəlbəkiyə qoydu:

– Xəbər deyəndə, nə bilim, vallah, belə bir şayiə, yayıblar ki, guya İranda vəba başlayıb. Bilmirəm düz deyirlər, ya yox.

Mehinbanu tez dua etdi: “Allah, sən özün saxla bizi bu bəladan!”

Seyid Sadıq başını yırğaladı:

– Deyirlər, od olmayan yerdən tüstü çıxmaz. Camaatın dediyi həmişə doğru çıxır. Bircə, Allah eləməmiş, buralara gəlib eləməsin bu bəla!

Kəblə Ələkbər ah çəkib dedi:

– Eh, bunu bilmək olmaz. Özün görürsən də Ağa, Bakıda vəziyyət necədir. Şirin su tapılmışdır. Bu boyda İçərişəhərdə cəmisi iki-üç şirin su quyusu var. Bu quyuların da suyu hələ iyirmi-otuz il bundan qabaq yararsız hesab edilib. Evlərin, həyətlərin zir-zibili, çirkab suları birbaşa küçələrə tökülür. Elə vəba da bunlardan törəyir də…

Seyid Sadıq əlini uzun ağ saqqalına çəkdi:

– Mən bilən bir çarə tapılar. Qoymazlar xəstəlik Bakıya və başqa şəhərlərə yayılsın. Arada o boyda dəniz var…

– Bu çox çətin işdir, Ağa. Bakı limanına sən hamıdan yaxşı bələdsən. Gündə neçə gəmi yan alır körpüyə?

– On, on iki.

– Gör İrandan nə qədər mal alırıq: taxıl, qənd, çay, ipək, pambıq, quru meyvə, balıq, yun, tütün, xalça-palaz, taxta-şalban… Hələ sərnişin gəmilərini demirəm. Bunların hansını yoxlayasan? Tutalım, sərnişinləri və gəmi heyətini yoxladılar. Bəs mallar necə olsun, onları ki, yoxlamaq mümkün deyil.

Seyid Sadıq ciddi surətdə dedi:

– Onda gərək İranla tamam əlaqəni kəsək. Nə mal gətirək, nə də oranın camaatı gəlsin Bakıya. Xəstəliyin qabağını ancaq belə almaq olar.

Kəblə Ələkbər onun fikrini təsdiq etdi:

– Düz deyirsən. Ancaq bu da çox çətin məsələdir. Bir özün fikirləş, Ağa. İndi Bakıda doqquz mindən çox tacir var. Əgər İranla əlaqə kəsilsə, onlar mallarını harda satarlar? Ən yaxşı ticarət İrandadır. Hər tacirin neçə ticarət gəmisi var. İstədikləri vaxt İrana mal göndərirlər. Yolar bağlansa bəs bu yazıqlar mallarını harda satsınlar?

– A kişi, nə çoxdur başqa ölkələr, şəhərlər? Elə gərək mütləq İrana göndərsinlər? Ursiyyətin o qədər iri şəhəri var ki… Bilirsən hər şey insanın öz əlindədir. Onu de ki, bu tacir tayfası ki, var, canını güdaza verər, ancaq gəlirinin bir abbası da azalmasına razı olmaz. Xətrinə dəyməsin a, sən də xırda tacirsən. Amma bilirəm ki, sənin kimi adamlar öz arvad-uşaqlarının sağlamlığına görə hər şeylərindən keçərlər. Heyif ki, hamı sənin kimi deyil… nə deyim, vallah, Allah bilən yaxşıdır. Onun yazdığını heç kəs poza bilməz. Görək bundan sonra başımıza nə gələcək, – o üzünü Mehinbanuya tutdu, – Hə, arvad, hələ görəcək günlərimiz daldadır.

– A kişi, ağzını xeyirliyə aç, hələ heç nə olmayıb indidən başlamısan ah-ufa. Bəlkə, heç xəstəlik-zad yoxdur, bu söz-söhbət yalandır?

– Təki sən deyən olsun. Ancaq şər deməsən xeyir gəlməz. Hər halda təhlükəni qabaqcadan bilib hazırlıqlı olmaq yaxşıdır.

Ələkbər getməyə hazırlaşdı, ayağa durdu.

– Hazırlıqlı olub neyniyə bilərik, ay Ağa? – soruşdu.

– Elə demə, Allah eləməmiş, Bakıda xəstəlik baş versə uşaqları yığıb bağa köçərik.

Mehinbanu:

– Guya bağ Bakıdan çox uzaqmış… – dedi.

– Yenə bir xeyli aralıdır. Havası təmizdir. Həm də şirin suyu öz quyumuzdan işlədərik, burdakı kimi qapıya gələn sudan almarıq. Azuqəni elə indidən alıb tədarük eləmək olar. Daha bazar-dükandan evə şey gətirmərik.

Arvad onunla razılaşdı:

– Yaxşı da, nə deyirəm ki? Onda günü sabahdan başlayaq azuqə yığmağa, havalar bir balaca qızan kimi köçək bağa.

– Allah qoysa, novruzdan bir az sonra köçmək olar. Deyirlər, mart çıxdı, dərd çıxdı. Çətini bu mart ayını başa vuranadır.

Kəblə Ələkbər gecədən xeyli keçmiş qocalarla vidalaşıb evinə getdi.

Adətən, o səfərdə olanda Gülnisə ilə Əli evdə qalıb onun qayıtmasını gözlər, ev-eşiyini sər-sahmanda saxlayardılar. Nə qədər bivaxt qayıtsa da, sadiq qulluqçu və nökər onu sevinclə qarşılayıb lazım olan xidməti edərdilər. Bu gün gəmidən düşən kimi şeylərini hamballa evə göndərmişdi. Deməli, Gülnisə ağasının qayıtmasından xəbərdardı. Ancaq qapıya çatanda içəridən işıq gəlmədiyin görüb təəccübləndi və qanı qaraldı. Yorğun olduğundan evə çatan kimi isti yatağında rahatlanmaq istəyirdi.

Qapını bir-iki dəfə bərk döyəndən sonra Əli əsnəyə-əsnəyə gəlib açdı.

– Bəs bilmirsiz ki, mən gəlmişəm, nə əcəb belə tez yatmısız?

Əli tələsik ağasının kürkünü, papağını alıb ondan üzr istədi.

– Ağa, biz gözlədik, çox gec olduğundan elə bildik daha gəlməli olmadın. Dedik, yəqin uşaqların yanında gecələmisən. Bağışla, ağa, bu saat hər şey hazır olar.

Səsə Gülnisə də ayılıb əl-ayağa düşdü:

– Kəbleyi, bağışla, elə bildik bu gün daha gəlməyəcəksən. Bu saat kürsünü qalayıram… Əli, sən də tez samovar qaynat.

Ələkbər əlini yellədi:

– Samovar lazım deyil, otaqları qızdırın, – dedi.

O yataq otağına keçib soyuq yorğan-döşəyin üstündə, çarpayıda oturdu. Bir azdan Gülnisə közərmiş kömürləri gətirib kürsüyə qoydu. Qapı ağzında dayandı:

– Genə bir şey lazımsa, gətirim, – dedi.

– Yox, heç nə lazım deyil, get yat. Səhər məni tezdən oyat.

– Baş üstə, Kəbleyi, – deyib qadın otaqdan çıxdı.

Ələkbər ayaqlarını qızdırmaq üçün kürsüyə yaxın gəldi. Çarpayının üstündən yorğanını götürüb kürsünün üstünə saldı ki, qızışsın. Sonra yatağına uzanıb fikrə getdi. Yuxusu gəlmirdi. Gah, bayaq qaynatasıgildəki vəba söhbəti yadına düşür, narahat olurdu, gah da keçmişləri xatırlayırdı. Bəxtindən razı deyildi. Doğrudan da ailə məsələsində onunku gətirməmişdi. İki dəfə evlənib dörd uşaq atası olsa da, avara-sərkərdan idi. Uşaqları onunla yaşamır, evdə rahat güzəranı, qayğısına qalıb can yandıran yoxdu. Hiss edirdi ki, üçüncü dəfə də evlənmək lazım gələcək. Həm özü nisbətən cavandı, qırx beş yaşı vardı, həm də uşaqlarına ana lazımdı. Nənə ilə baba nə qədər onların nazını çəkib tərbiyə etsələr, qayğısına qalsalar da həmişə yaşamayacaqdılar. Qız uşağı böyüdükcə dərdi-səri də artırdı. Onları vaxtında ərə vermək, el adəti ilə cehiz qoşub köçürtmək üçün evin xanımı, qızların anaları olmalıydı. Digər tərəfdən də üçüncü dəfə evlənməyə qorxurdu. Bu dəfəki də xəstələnib ölsəydi, daha o buna dözə bilməzdi. Həm də gərək eləsini seçəydi ki, uşaqlarını incitməsin. Doğma xalanın – rəhmətlik Zübeydənin onları incitməsindən gözü qorxmuşdu.

Xeyli fikirdən sonra belə qərara gəldi ki, bu məsələ barədə yenə bacısı ilə məsləhətləşsin.

* * *

Kəblə Ələkbərin gətirdiyi xəbər düz çıxdı. Birinci dəfə vəba İranın Tehran və Həmadan şəhərlərində baş verdiyinə görə Xəzər dənizinin Rusiya sahilləri və Zaqafqaziya təhlükəli rayon sayılmağa başladı.

Daxili İşlər Nazirliyi Xəzərdə üzən bütün gəmilərin heyət və sərnişinlərini tibbi müayinədən keçirmək üçün 1904-cü il iyulun 22-də Zığda xüsusi məntəqə təşkil etdi. Bu günlərdə Xəzərdə xüsus keşikçi gəmilər üzürdü. Onlar limana daxil olmaq istəyən gəmiləri körpüyə buraxmır, Bakı Mərkəzi Dəniz Tibbi Müayinə məntəqəsinə göndərirdilər.

Lakin hökumətin gördüyü tədbirlərə baxmayaraq Bakını bu dəhşətli azardan qorumaq mümkün olmadı. Avqust ayında vəbaya tutulan ilk xəstələr aşkar olundu. Sonrakı günlərdə xəstələrin sayı xeyli çoxaldı. Vəziyyət o yerə gəlib çatdı ki, Bakı və Sartov təhlükəli şəhərlər elan olundu. Vəbanın Volqa sahillərinə yayılmasına səbəb quru yollarda nəzarətin zəif olması idi. Yaxşı ki, xəstəlik epidemiya halına keçmədi. Bakıda, “Asiya vəbası” adlanan bu xəstəliyə cəmi beş-altı yüz adam tutulmuş, bunun yarıya qədəri ölümlə nəticələnmişdi.

Hələ qışda, birinci dəfə bu xəstəlik barədəki söz-söhbəti kürəkənnindən eşidəndə belə qərara gəlmişdi ki, illərdən bəri nəvələri üçün yığıb saxladığı qızılları bir etibarlı yerdə gizlətsin. O, oğlunun dükanını satandan sonra əldə etdiyi pulun üstünə hər ay məvacibindən əlavə etmişdi. Odur ki, dərdi bir az yüngülləşmişdi. Təxmini hesaba görə bu pullar nəvələrinin üçünə də artıqlaması ilə çatmalıydı. İndi belə bir qorxulu vaxtda, bağa köçməmişdən qabaq qızılları bir yerdə basdırmaq istəyirdi.

Səhər yeməyindən sonra Mehinbanu qızları götürüb Şərəbanı xanımgilə getmişdi. Seyid Hüseynlə Mirpaşa, məktəbdə idilər. Evdə təkcə Rübabə qalmışdı. Fürsəti əldən vermək olmazdı. Seyid Sadıq nəvəsini çağırdı.

– Rübadə, get küçə qapısını yaxşı-yaxşı bağla, sonra bura gəl, səninlə işim var, – dedi.

Rübabə qapını bağlayıb gəldi. Babası əllərini belinə qoyub otağın ortasında dayanmışdı.

– Qızım, bu çaxçanın yorğan-döşəyini yığ bir tərəfə, – deyə o yuxarı başdakı çaxçalardan birini göstərdi, qızın təəccüblə ona baxdığını görüb gülümsədi, – sən mən deyənə qulaq as…

Rübabə, rəngbərəng şüşəli, şəbəkəli çaxça qapısını açıb ipək yorğan-döşəyi səliqə ilə evin bir küncünə yığdı. Seyid Sadıq böyük sandığı yerindən tərpətmək istədi, gücü çatmadı.

– Gəl kömək elə mənə, bunu da burdan götürək.

– Ay baba, ağırdır, gücümüz çatmaz!

– Onda ac, içindəkilərdən bir az boşalt. Özün də bir az becid ol, gələn olar.

Rübabə bir söz deməyib sandığın qapağını qaldırdı, içərisindən ipək, xara, kisəyi, satin və başqa parça toplarını, bir neçə qutu çarşabını, tiftikli dəsmal və qətfələri çıxardıb yorğan-döşəyin yanına yığdı. Seyid Sadıq bir qulpundan, Rübabə o biri qulpundan yapışıb sandığı çaxçadan çıxartdılar. Rübabə yaş əsgi gətirib onun yanlarının tozunu silmək istəyəndə babası onu yenə tələsdirdi:

– Qızım, o sonrakı işdir. Get anbardan mənimçün balaca lapatkanı gətir.

Seyid Sadıq çaxçanın yerinə düzülmüş taxtaları çıxardıb nəvəsinin gətirdiyi lapatka ilə torpağı qazmağa başladı. O tələsirdi, üzündən, boynundan tər axırdı.

– Baba, ver bir az da mən qazım, sən otur, dincini al, – dedi Rübabə irəli gəldi.

– Yaxşı, qızım. Onda mən də gedim, bir küp tapım.

– Axı ay baba, neynəmək istəyirsən ey burda?

Seyid Sadıq üzünün tərini əli ilə silib, pəncərənin qırağında oturdu:

– Qızım, bax, bu sirri təkcə sənə açıram. Heç kəsə deyib eləməyəsən ha… Qızıllarımı basdırmaq istəyirəm burda. Daha qocalmışam, bu gün varam, sabah yox. İşdir-şayəd başıma bir qəza gəlsə, bil ki, dolanmağınız üçün, Allah qoysa, xeyir işiniz üçün ehtiyatınızı bura qoyuram.

– Baba, nə qədər qızılın var? – Rübabə gülüb maraqlandı.

– Bir xeyli var. Sən mənə de görüm, boş bardaq hardan tapım?

– Nə boyda lazımdır sənə?

– İki-üç girvənkəlik.

– Bu saat gətirərəm, sən tapa bilməzsən.

Qız mətbəxə gedəndə Seyid Sadıq qalxıb yenə qazdı. Sonra bardağı, qazılmış çala qoyub dərinliyini yoxladı, işindən razı qaldı:

– Mən bilən bəsdir, boş yerə özümüzü yormayaq.

Kişi dəhlizə keçib köhnə pal-paltar yığılan sandıqdan bir pul kisəsi gətirdi. Sonra qapının dalından asılmış nimdaş qara ləbbadəsinin astarını söküb, ordan da balaca bir kisə çıxartdı. Hər iki kisədəki qızıl onluqları bardağa tökdü, yarıdan oldu. Qızılların üstündən köhnə əski-üskü qoydu. Ağzını mahud parça ilə bağlayıb çaxçanın dibində qazdıqları çuxura qoydu, üstünü torpaqla örtdü. Sonra taxtaları üstdən düzdü, Rübabə ilə köməkləşib sandığı yerinə qoydu.

Seyid Sadıq yorulub əldən düşmüşdü. Pəncərədə oturub Rübabənin, parçaları və başqa şeyləri sandığa yığmasına tamaşa edirdi. Bu vaxt küçə qapısı döyüldü. Kişi diksindi:

– Görəsən, gələn kimdir, axı bizimkilər belə tez qayıtmazlar? Qızım, sən işində ol, qapıya mən gedərəm.

O, həyətə çıxdı. Qapını açmağa tələsmirdi. Hər şeyi sahmana salmaq üçün Rübabəyə vaxt lazımdı. Bir az da həyətdə yubanıb ucadan soruşdu:

– Kimdir qapını döyən?

– Mənəm, Ağa, Ələsgərəm. Nə əcəb gündüzün günorta vaxtı qapını bağlamısız?

Kişi qapının qullabasını açanda cavab verməyə çətinlik çəkdi.

– Yəqin Rübabə bağlayıb, – dedi.

Ələsgər keçmiş qaynatasının dalınca dəhlizə getdi. Seyid Sadıq döşəyin üstünə oturub qonağa da yer göstərdi. Ələsgər oturmamışdan qabaq ara qapını aralayıb içəri baxdı, Rübabənin yorğan-döşək yığmasını görüb təəccübləndi, qocanın yanında oturmayıb otağa keçdi.

– Salam əleykim, Rübabə xanım, kefin necədir? – dedi.

Ələsgərin otağa gəldiyini görən Rübabə qorxdu, ancaq özünü ələ alıb qohumunun salamını aldı:

– Sağ ol yaxşıyam. Əlabas necədir? Çoxdandır onu bizə gətirmirsən.

– Gətirəcəyəm. Qoy havalar əməlli-başlı qızsın, gətirərəm, – sonra diqqətlə Rübabəyə baxdı, – nə əcəb bu vaxtacan yükünüz yerdə qalıb? – soruşdu.

– Sandıqcadan çıxartmalı şey vardı, yükü ona görə tökmüşdüm, – birinci ağlına gələn sözdən Rübabə özü də razı qaldı.

Gənc qız çaxçanın qapısını bağlayıb kənara çəkiləndə Ələsgərin gözü yerə tökülmüş torpağa sataşdı. Bir söz deməyib dəhlizə qayıtdı, qaynatasının yanında əyləşdi.

– Uşaqlar hardadır? – soruşdu.

– Qonaq gediblər. Oğlanlar da məktəbdədir. Çoxdandır biz tərəflərə gəlmirdin, indi nə əcəb səndən, ay Ələsgər?

– Əcəb deyəndə ki, Ağa, səninlə bir balaca söhbət eləmək istəyirəm.

– Nə barədə, danış görüm nə istəyirsən?

– Ağa, təklikdə danışmaq məsləhətdir.

Seyid Sadıq qapını araladı:

– Qızım, işin qurtarandan sonra get, bizimçün bir yaxşı çay dəmlə.

Rübabə mətbəxə gedib samovara od saldı. Süpürgə, xəkəndazı gətirib səssiz toz-torpağı süpürdü, mətbəxə qayıtdı.

Seyid Sadıq səbirsizliklə dedi:

– Danış görüm sözünü.

– Ağa, özün bilirsən ki, rəhmətlik Zəhradan sonra mənim günüm necə keçir. Uşağı saxlamağa adam tapa bilmirəm. Tez-tez xəstələnir, baxan olmur. Deyirəm, icazə versəydin, mən təzədən evlənərdim.

Seyid Sadıq təəccüblə ona baxdı.

– Ay bala, evlən də kim qoymur səni evlənməyə? Bununçün məndən icazə istəməyin artıqdı. Məlum məsələdir ki, uşağına özünə baxmaqçün sənə evlənmək vacibdir. Allah xeyir versin! Mən nə deyə bilərəm ki…

– Çox sağ ol, Ağa! Ancaq bir məsələ də var var ki, onu həll etmək səndən asılıdır.

– Nə məsələdir o elə?

– Hm… bilirsən, Ağa, mən… Rübabə xanımla evlənmək istəyirəm. Öz bibisinin uşağına təkcə o, yaxşı ana ola bilər.

Seyid Sadıq qaş-qabağını sallayıb keçmiş kürəkəninə baxdı, sərt cavab verdi:

– Bunu bir dedin, bir də ağzına alma! Rübabə sənin tayın deyil. Get, özünə başqa yerdən qız axtar.

Ələsgər fikrində tutduğu işdən tez əl çəkən oğlanlardan deyildi. Özünü o yerə qoymayıb təkidlə soruşdu:

– Niyə tayım olmur Rübabə xanım, ağa? Deyirsən yəni mən onunçün qocayam? Mənim nə yaşım var ki, Otuzum hələ tamam olmayıb. Pula görə deyirsənsə, ağa, hər halda səndən kasıb deyiləm.

Seyid Sadıq əsəbiləşdi:

– Məsələ nə yaşdadır, nə də pulda-dövlətdə. Dedim ki, bu iş baş tutmaz. Birdəfəlik bunu yadında saxla, vəssalam!

Ələsgər əyi-əyri ona baxdı:

– Yaxşı, nə deyirəm ki? Yəqin, sən deyən məsləhətdir, onda xüdahafiz, ağa, mən getdim.

– Hara tələsirsən, otur çay iç, sonra gedərsən.

– Sağ ol, ağa, mən payımı aldım, hələlik, – deyib cəld yerindən qalxdı, qapıdan çıxdı.

Bir azdan Rübabə qaynar samovarı içəri gətirdi:

– A, bəs Ələsgər hanı, çay içməmiş getdi?

– Hə, getdi. Eybi yoxdur, qoy getsin.

Rübabə narahatlıqla dedi:

– Ay baba, deyəsən, axı o nəsə hiss elədi, yerdəki torpağa baxırdı.

– Yox əşi, onda sən deyən ağıl hardaydı? Amma sən də ona yaxşı cavab verdin, yükü soruşanda…

– Təki bir şey başa düşməyəydi.

Baba, nəvə ikilikdə oturub çay içdilər. Bir azdan Mehinbanu da qızlarla qayıdıb gəldi. Süfrə arxasına keçdilər. Çay içiləndən sonra səkkiz yaşlı Maxviret stəkan-nəlbəkini yuyub yığışdırırdı, Nisəxanımla Səriyyə pəncərə qabağına çəkilib kurjeva toxumağa başladılar, Rübabə yarımçıq qalmış kitabını götürüb yuxarı çıxdı.

Seyid Sadıq arvadından soruşdu:

– Necədirlər Şərəbanıgil?

– Yaxşıdırlar. Söhbət arasında yenə Ələkbərdən söz saldı. Deyir, qardaşıma yazığım gəlir. Nə evi-eşiyi var, nə də bir güzəranı. Pul qazana bilir, deyir, amma heyf ki, bəxti gətirmir. Bilmirəm bunun axırı necə olacaq? Siz də deyir, qocalmısız, nə vaxtacan onun yetimlərinə baxacaqsız?

Seyid Sadıq narahatlıqla yerində qurcalandı:

– Necə, uşaqları bizdən almaq istəyir, ya evləndirmək istəyir onu genə?

– A kişi, evləndirməsin, bəs neyləsin? Sənə asan gəlir.

– Arvad, elə danışırsan ki, elə bil, özün də kürəkənin evinə, uşaqlarına ana gətirməyə tələsirsən!

– Sən də danışdın da… Mən ancaq uşaqlardan narahatam.

Əziz qızlarımın yerinə başqa arvadın evdə xanımlıq eləməsi indi daha ürəyimi çox sıxmır. Təki uşaqlarımız yaxşı arvad əlinə düşəydilər.

– Elə mən də onu deyirəm də… Səni bilmirəm, mənciyəz kürəkənimdən razıyam. Allah ömrünü uzun eləsin, həmişə balalarının üstə gözü olsun.

Mehinbanu cavab vermədi. Bir qədər sakit oturdular. Sonra Seyid Sadıq söhbəti dəyişdi:

– Bayaq Ələsgər gəlmişdi dedi:

– Hə? Nə deyirdi, uşaq necədir?

– Şikayət eləyirdi ki, uşağa baxmağa adam yoxdur.

– Bəlkə istəyir onu bizə versin? Yəqin fikirləşir ki, o biri nəvələrimizi saxlayırıqsa, onun bircə uşağını da saxlamalıyıq. Əslinə qalsa, elə düz fikirləşir: Zəhramın yeganə yadigarıdır. Ancaq yadındadır da, o vaxt biz ondan uşağı istədik, vermədi. Dedi, özüm baxacağam. İndi fikrini dəyişibsə, deyərdin, gətirəydi. Biz daha öyrəncəliyik. Yeddi uşağa baxan səkkizinciyə də baxar.

– Yox ey, ay arvad, məsələ başqa cürdür. Qoçaq bizim Rübabəni istəyir, deyir, icazə ver, onunla evlənim.

Arvad tərs-tərs ərinə baxdı:

– Çox qələt eləyir, istəyir. Rübabə onun tayıdır? Bəs sən nə dedin, a kişi?

– Nə deyəcəyəm, rədd cavabı verdim. Dedim bir də bu barədə söhbət salmasın.

– Lap yaxşı demisən. O heç Zəhraya da tay deyildi.

Seyid Sadıq bir xeyli sakit oturub fikrə getdi, sonra səsini alçaldıb arvadının qoluna toxundu?

– Mehinbanu, neçə vaxtdır başıma bir fikir gəlib, ancaq deməyə çətinlik çəkirəm.

– De görüm nə fikirdir?

– Deyirəm, amma bilirəm ki, sənim xoşuna gəlməyəcək.

– Xoşuma gəldi, gəlmədi, de, gəlsin.

– Deyirəm ki, Rübabə uşaqlara yaxşı baxır, elə uşaqlar da onun sözündən çıxmırlar, ona hörmət eləyirlər. Bəlkə, deyirəm, Rübabəni Ələkbərə verək, hə?

Mehinbanu özündən çıxdı:

– Kişi, deyəsən, qocaldıqca başın lap xarab olur sənin. On yeddi yaşında qız uşağını qırx beş yaşında dul kişiyə vermək?! Özü də dörd uşaq üstünə! Bunu indi dedin, bir də demə! Əvvəla, mən özüm razı deyiləm, ikincisi Rübabə ona getməz, üçüncüsü, bəlkə heç Ələkbər də onu almaq istəmədi?

Seyid Sadıq ağzını büzdü:

– Nə? Ələkbər qoy şadlığından papağını göyə atsın ki, ona o cür qız vermək istəyirlər. Rübabəyə gələndə… O ağıllı qızdır. Mən bilən babasının sözündən çıxmaz. Onu yaxşı-yaxşı başa salmaq lazımdır. Sənin razı olub-olmamağının əhəmiyyəti yoxdur. Əsas Ələkbərlə Rübabəbir. Hələlik heç kəsə bir söz demə. Ancaq yavaş-yavaş qızın ağzını ara, gör Ələkbər barədə bir insan kimi nə fikirdədir? Nə olsun ki, qırx beş yaşı var? Boylu-buxunlu, sağlam, yaraşıqlı kişidir. Nəcib ailədəndir, özü də yaxşı adamdır. Bir pis əməli yoxdur. Əsas məsələ budur ki, Allah qoysa, bu iş baş tutsa, mən gözlərimi rahat yumub ölərəm. Bilərəm ki, Seyid Hüseynlə Mirpaşaya da atalıq eləyən, onların qayğısına qalan var…

Hə, bir yaxşı-yaxşı fikirləş, gör düz demirəm?

Mehinbanu sakit oturub gözünün yaşını silirdi.

– Allah nə bizə, nə də balalarımıza bir vaxt vermədi. Axı nöşün o yazıqlar dünyadan tez getdilər ki, onların ucbatından bu yetim də bir gün görmür?

– Ərə gedəndən sonra yaxşı gün görər, inşallah. Düz deyirəm arvad, sən nəvənlə bu barədə bir danış. Deyinən bu babanın fikridir. Mən bilən o, babasının, qardaşlarının xətrinə bu işə razı olar. Onu razı salandan sonra mən özüm kürəkənimlə danışaram. Düzdür, qız atasının bu barədə birinci danışmağı yaxşı deyil, ancaq Kəblə Ələkbər elə adam deyil, o məni başa düşər. Belə güman edirəm ki, məni qınamaz.

Mehinbanu, əlində kitab yuxarıdan gələn nəvəsinə məhəbbətlə, nəvazişlə baxdı. Gizlində ağlayıb ürəyini boşaltmaq üçün durub mətbəxə getdi.

* * *

Şərabanı xanım qonaq otağında qardaşı ilə üzbəüz oturub, yenə onun ailə vəziyyəti barədə söhbət edirdi. Ələkbər fikirli idi. Axır vaxtlar çox yorğun görünürdü, bir qədər arıqlamışdı.

– Qardaş, niyə belə bikefsən? – deyə mehribanlıqla soruşdu.

– Eh… necə deyim, arvad sarıdan mənimki əvvəldən düz gətirmədi.

– Elə demə, bütün bunlar allahın işidir, səndə nə təqsir? – Şərəbanı gülümsədi, – Ələkbər, Allahın üç kərəmindən deyiblər. Üçüncü dəfə evlənəndə hər şey yaxşı olar inşallah. Heç fikir eləmə, bacın bu dəfə səninçün elə bir arvad tapsın ki, buz baltası kimi…

– Eh, deyirsən də, kimdir mənim kimi qoca kişiylə dörd uşaq üstünə qız verən?

– Qocaltma özünü, əşi! Əvvəla sənə hələ qoca demək olmaz, ikincisinə qalanda arvad adama qoca vaxtında daha çox lazım olur.

Ələkbər cavab vermədi.

– İstəyirəm bir iş görəm, ancaq bilmirəm sən buna necə baxarsan, – deyə Şərəbanı sözə başladı.

– Nə iş?

– Deyirəm, gəlsənə səninçün Rübabəni alaq? Bilirəm, deyəcəksən, o çox cavandır, babası razı olmaz…

Ələkbər gözlərini bir nöqtəyə zilləyib gülümsədi:

– Babası razı olar, – dedi və tez ürəyində özünü qınadı, sözünü bir qədər dəyişdi, – mənə elə gəlir ki, babası, bəlkə də, uşaqlara görə razı olar. Ancaq Rübabə xanım özü razı olmaz. Mən hara, o hara? O cür ağıllı, savadlı, cavan, qəşəng qıza özü kimi də ər lazımdır. Yox, yox, bu iş baş tutmaz!

– Mənə bax, bir de görüm, işdir-şayəd baş tutsa, sən özün necə, razı olarsan?

Ələkbər qızardı, bir xeyli dinmədi.

– Səndən nə gizlədim, bacım, – dedi, – mənim o qızdan xoşum gəlir. Neçə ildir fikir verirəm, hər barədə yaxşıdır. Ancaq onunla evlənmək heç vaxt ağlıma gəlməyib. Yox, yox, heç elə şey olar? O mənim qızım yerindədir. Deyəsən, Nisəxanımdan cəmisi bir yaş böyükdür. Yox, qız razı olmaz, boş yerə ağız açma!

– Qardaş, sənin işin olmasın, fürsət düşəndə mən bir Mehinbanu xanımla söhbət elərəm, Allah kərimdir, bəlkə düzəldi?

– Nahaq yerə məni qohum-əqrəba arasında pis vəziyyətdə qoyma, bacı. Birdən düzəlməz, biabr olaram. Onda gərək uşaqlarımı görmək üçün onlara gedib-gəlməyim.

– Yəni mən o qədər ağılsızam ki, bunu camaat arasında yayam? Təkcə nənəsinə deyərəm, o da qızın fikrini öyrənib mənə deyər. Əgər “hə” cavabı alsam, onda qoy hamı bilsin. “Yox” cavabı alsam, bir Mehinbanu ilə Rübabə bilər, bir də səninlə mən, vəssalam…

Kəblə Ələkbər tərəddüdlə dedi:

– Nə deyim, vallah, bax gör də neynirsən?

O daha ləngiməyib bacısından ayrıldı.

Bu məsələni həll emək üçün elə həmin gün axşam Şərəbanı İçərişəhərə getdi. İkilikdə Mehinbanu ilə söhbət edib ürəyini ona açdı. Mehinbanu ağlamsındı, titrək səslə dedi:

– Mən səninlə açıq danışacağam, Şərəbanı xanım. Bu günlərdə Seyid Sadıq da bu barədə söhbət salmışdı. O da istəyir, qızı Ələkbərə versin. Deyir, belə olsa uşaqlardan xatircəm olaram, bilərəm ki, kürəkənim o biri nəvələrimə də əsl atalıq eləyəcək… Əvvəlcə mən buna razı deyildim, ancaq sonra fikirləşib gördüm ki, kişi düz deyir, – arvad həyəcanından qabağındakı çay süfrəsinin saçaqlarını didişdirirdi.

Şərəbanı sevincək əlini arvadın dizi üstünə qoydu:

– Bax, görürsən, Seyid Sadıq əmi də yaxşı fikirləşib, – dedi, – lap yaxşı, indi qalıb qızın özü ilə danışmaq. Onu da razı sala bilsəydik, tamam xatircəm olardıq.

Mehinbanu gözünün yaşını silib dedi:

– Onunla da danışmışam… Əlbəttə, ağladı, razı olmadı, amma sonra… özün bilirsən də o babasının xətrini nə qədər istəyir. Heç vaxt bizim sözümüzdən çıxmayıb. Mən bilən bir az da təkid eləsək, razı sala bilərik onu…

– Onda Mehin xanım, icazə versəydin elə indi qızı çağırıb danışardıq, sonraya niyə qoyaq?

– Nə deyirəm, danış, görək, nə deyir…

Rübabəni çağırdılar. O utana-utana içəri girib qapı ağzında dayandı. Deyəsən, hiss etmişdi ki, bu dəfə Şərəbanı xanım onlara boş-boşuna gəlməyib.

Nənə nəvazişlə nəvəsinə baxdı:

– Gəl, otur, qızım, Şərəbanı xanımın sənə vacib sözü var.

Rübabə keçib nənəsinin yanında oturdu. Şərəbanı onu özünə tərəf çəkib qucaqladı, üzündən öpdü:

– Qızım səninçün elçiliyə gəlmişəm, – dedi, – bilirəm, qardaşım sənin kimi ağıllı, gözəl, cavan qıza layiq deyil. Amma ona ərə getməyə razılıq versən, peşman olmazsan, xoşbəxt olarsan! Cavan ərlərin gözü bayırda-bacada olur. Günü kefdə, yeyib-içməkdə keçirir. Yaşlı ər isə həmişə arvadının qədrini bilir, onu əzizləyir, qazandığını evə gətirir…

Mən bunu yaxşı bilirəm, öz başıma gəlib. Birinci ərim, rəhmətlik ağa Cavad məndən iyirmi iki yaş böyükdü. Amma onun barəsində bir kəlmə də pis söz deyə bilmərəm. Bilirsən, məni necə saxlayırdı? Yağ içində böyrək kimi… Elə Hacı Hacıbaba da iyirmi yaş böyükdür, o da onun kimi. Hə, nə deyirsən, qızım?

Rübabə başını aşağı dikib fikirləşirdi. O həmişə böyüklərin dediyi ilə oturub durmuşdu. Bilirdi ki, ərə gedən qızların rəyini çox vaxt heç soruşmurdular. Ata-anasının, ya əmi-dayısının arzusu ilə yaşına baxmadan istədikləri adama verirlər. Oxuduğu kitablardanda bilirdi ki, böyüyün sözü ilə, onun məsləhətilə bir iş tutanda axırı pis olmur. Yeniyetmə olmasına baxmayaraq vəziyyəti də nəzərə alırdı. Qardaşlarına görə babasının bu qərara gəldiyini bilirdi. Ələkbəri də bir insan kimi yaxşı tanıyır və ona hörmət edirdi. Ona görə də hələ nənəsi ilə bu barədə söhbət edəndə bu təklifə razı olmaq qərarına gəlmişdi. İndi utandığından açıq-açığına “hə” demir, susub dururdu.

Şərəbanı diqqətlə qıza baxıb gözləyirdi, elə bil onun ürəyindən keçənləri başa düşürdü. Nəhayət, o gümrah səslə dilləndi:

– Hə, susmaq razılıq əlamətidir! Ay sağ ol, qızım! – o Mehinbanuya sarı döndü, – Allah mübarək eləsin! Xoşbəxt olsun! – deyib Rübabəni, sonra da nəvəsini öpüb qucaqladı. Mehinbanu sakitcə ağlayırdı. Şərəbanı hər şeyi elə indi həll etmək istədi.

– Mehin xanım, deyirəm onda məsələni yubatmayaq. Nəyi gözləyirik? Qoy Seyid Sadıq əmi nəvəsinin toyunu, Allah qoysa, nəticəsini də görsün, qardaşım da rahatlığa çıxsın. Necə bilirsən?

– Məsləhət sənindir…

… İki həftədən sonra Rübabə üçün nişan gətirdilər. İndi Kəblə Ələkbər bu evə həm keçmiş kürəkən və uşaqlarının atası kimi, həm də təzə adaxlı kimi gəlib gedirdi. Hər dəfə uşaqları ilə, xüsusən, böyük qızı Nisəxanımla görüşəndə bir növ xəcalət çəkirdi. Səfərdən qayıdanda Rübabə üçün gətirdiyi qiymətli hədiyyələri ona verməyə utanır, Maxviretin qulağına pıçıldayırdı. “Apar bunu Bircəbacıyçün”…

* * *

1904-cü il payızın əvvəllərində Rübabə ilə Nisəxanım aşağı evi, Mehinbanu ilə kiçik qızlar yuxarıdakı otaqları yır-yığış edir, Kəblə Ələkbərin xidmətçiləri Gülnisə ilə Əli odun anbarını, mətbəxi təmizləyirdilər. Ailə dünən axşam bağdan köçüb gəlmişdi.

Rübabə yorğan-döşəyi yerinə yığmamışdan qabaq əski gətirib çaxçanın şüşələrini sildi, sonra sandığın tozunu almağa başladı. Birdən yerində donub qaldı: sandığın dalına, çaxçanın dibinə daş-kəsək tökülmüşdü, yerindən tərpənmiş divar kərpiclərinin arasından küçə görünürdü. Qız özünü itirdi, qorxa-qorxa Nisəxanımı çağırdı:

– Bir bura bax, elə bil kimsə küçədən divarı söküb!

– A… doğrudan a, bəlkə zəlzələ olub, heç xəbər tutmamışıq?

– Yox, deyəsən, oğru gəlib.

– Bu necə oğrudur ki, heç nə aparmayıb? Hər şey öz yerindədir. Bəlkə sandığın içindəkiləri aparıblar? Gəl, açıb baxaq.

Rübabə nə edəcəyini bilmirdi. Xeyli fikirləşəndən sonra babasına xəbər verməyi lazım bildi. Yavaşca dəhlizə keçdi. Babası yerində uzanıb gözlərini yummuşdu. O xəstə idi. Ayaqları ağrıyır, özünü piss hiss edirdi. Hələ bağda olarkən yorğan-döşəkdən durmuşdu. Yazda nəvəsi nişanlanandan sonra o, Ələkbərin təkidi ilə işini buraxmışdı. Özü hiss edirdi ki, son illər dənizdə işləmək getdikcə çətinləşir.

Rübabə diz üstə çöküb əlini astaca babasının çiyninə toxundurdu. Kişi gözlərini açdı.

– Baba necəsən? Bağışla, səni oyatdım.

– Yatmamışdım qızm. Nə var, nə olub?

– Bir bura gələ bilərsən, çaxçanın yanına?

– Xeyir ola, bala, nə var ki, çaxçada? – deyə Seyid Sadıq durub oturdu, nəvəsinin köməyilə ayağa durdu, o biri otağa keçdi, qorxa-qorxa açıq çaxçanın qabağına gəldi, küçədən düşən işığı o da gördü, dizləri əsməyə başladı.

Nisəxanım sandığı açıb içərisindəkiləri yoxlayırdı.

– Bircəbacı, mən bilən hər şey yerindədir, gəl bax…

Rübabə heç nə deməyib tələsik sandığı boşaltdı, Nisəxanımla köməkləşib kənara qoydu. Altındakı taxtaları da götürdü. Çuxur boşdu! Balaca bardaq yoxa çıxmışdı! Seyid Sadıq çənəsi əsə-əsə nəvəsinin hərəkətlərini izləyirdi. Bardaq yerinin boş olduğunu görəndə başına möhkəm bir qapaz vurdu:

– Vay! Evim yıxıldı, yetimlərim ac qaldı… – deyə qışqırıb tappıltı ilə yerə sərələndi.

Qızlar bərk qorxub babanın üzərinə əyildilər. Rübabə ağlaya-ağlaya dedi:

– Babacan, cəhənnəm olsun qızıllar, eybi yoxdur, fikir eləmə, dur ayağa! Bəlkə tapıldı?!

Nisəxanım həyətə çıxıb yuxarıdan nənəsini çağırdı:

– Nənə, ay nənə! Baba yıxıldı, tez ol düş aşağı!

Hamı Seyid Sadığın başına yığışdı. Onu yerdən qaldırıb dəhlizə apardılar, yatağına uzatdılar, üzünə su çilədilər. Bir azdan bədbəxt qoca gözlərini açıb ətrafına baxdı, arvadını görüb hönkürtü ilə ağladı:

– Mehinbanu evimiz yıxıldı, balalarımız ac qaldı – dedi, – mən ağılsıza deyən gərək, nəyinə lazımdır pulları basdırmaq, neçə ildi sandıqdaydı, qoy yenə qalaydı da… Yox, şeytan çıxartdı məni yoldan…

Rübabə hər şeyi – yazda babası ilə qızılları basdırdıqlarını və indi çaxça divarının küncdən sökülməsini nənəsinə danışdı. Mehinbanu əlli ildən çox bir yerdə ömür sürdüyü vaxt ərzində ərinin ağlamasını, özü də bərkdən hönkürərək ağlamasını birinci dəfə görürdü. Ona yazığı gəldi. Əlindən hirsli olsa da, yanında oturub ürək-dirək verdi:

– Kişi, bəsdir, sakit ol, uşaq-zadsan, ağlayırsan? Cəhənnəm olsun pullar. Uşaqların başına sadağa…

Seyid Sadıq hıçqıraraq elə hey təkrar edirdi: “Evimiz yıxıldı, balalarımız ac qaldı”. Onu öskürək tutdu. Rübabə soyuq çay gətirdi, yanında oturub içirtdi.

– Eybi yoxdur baba, fikir eləmə, acından ölmərik – deyə ona təsəlli verdi – Seyid Hüseyn bu gün-sabah qulluğa girəcək, dolanarıq!

Axşama yaxın qoca bir balaca sakitləşdi. Balışa söykənib oturmuşdu, öz-özü ilə danışırdı. Birdən başını qaldırıb dedi:

– Arvad, mən bilirəm bu kimin işidir! Qızılların yerini Rübabədən başqa heç kim bilmirdi. Ələsgərin işidir! Pulları basdıranda o xosdərəngi1 gəlmişdi bizə… Həm də eşitmişəm Ələkbərin dükanında dalımca deyibmiş ki, nəvəsini mənim kimi cavana vermədi, atası yaşında qoca kişinin puluna satdı, mənim ürəyimə dağ çəkdi!

– Kişi, xalxın babalını yuma, bunu bilmək olmaz!

– Babal-zad yumuram, mən bildiyimi deyirəm.

Bu zərbə əvvəldən xəstə olan Seyid Sadığın vəziyyətini bir az da ağırlaşdırdı. Kəblə Ələkbər kişinin halına acıyır, boş vaxtlarını yanında olur, başqa söhbətlərlə başını qatmağa çalışırdı. Ancaq bunların köməyi olmurdu. Kişi gündən-günə zəifləyirdi.

Bir gün Seyid Sadıq qəti qərara gəlib kürəkənini yanına çağırtdırdı.

– Oğlum, – dedi – mən yəqin bilirəm ki, qızılları Ələsgər aparıb. Deyirlər, indi o Bakıda deyil, oğlunu da götürüb vətəninə, Qarabağa gedib. Xahiş edirəm, bir adam göndər, onu tapıb gətirsin bura. Mən mütləq ondan pulları almalıyam.

Ələkbər ehtiyatla ona etiraz etdi:

– Ağa, ona necə sübut etmək olar ki, pulları o aparıb? Görən olmayıb, əlində tutan olmayıb.

– Sən mənə əməlli qulaq as: bağa köçəndə həmişəki kimi həmşəri Gülsənəmi qoymuşuq həyətdə. Bu yaxınlarda Gülsənəmin başında kənarları göy haşiyəli ağ kələğayı görüblər. Həmin bu kələğayıdan o vaxt sandıqdan bir qutu yox olmuşdu – qoca nəfəsini dərib sözünə davam etdi – mən başıdaşlı, bağa köçəndə yorğan-döşəyi məfrəclərə2 qablaşdıranda, sandığın üstün boş görüb, onun kilidini divar tərəfə çevirmişdim ki, guya onu açmaq çətin olsun. Bəlkə də, elə bilib nəsə içində qiymətli şey var… – Kəblə Ələkbər maraqla qulaq asırdı, qaynatasının bir an susduğunu görüb dedi:

– Ağa, nə çoxdur göy haşiyə kələğayı. Yayda arvadların hamısı ağ kələğayı örtürdə…

Seyid Sadıq narazılıqla onun sözünü kəsdi:

– Dalına qulaq as: Arvad bu kələğayını hardan almasını Gülsənəmdən soruşub. Əvvəl deyib dükandan almışam, amma sonra boynuna alıb ki, bunu yayda ona Ələsgər bağışlayıb. Deyib biz bağda olanda bir gün Ələsgər gəlib həyətə, tutub onu sorğu-suala ki, ağagildən gəlib-gedən olur, yay ox? Soruşur, deyib yox heç kəs gəlib-eləmir. Həmin günün sabahısı Ələsgər yenə Gülsənəmin yanına gəlib, həmin kələğayını verib ona, tapşırıb ki, onun bura gəlməsini heç kimə deməsin… İndi başa düşdün? Mənim ondan şübhələnməyimə üç əsas var: birincisi, pulları basdıranda ancaq o gəlmişdi bizə, ikincisi, kəlağayı məsələsi, üçüncüsü də, sənin dükanında evlənmək barədə dediyi sözlər. Ay oğul, bilirəm, bunu ona sübut eləmək çətindir. Amma qoy gəlsin mənim yanımda Qurana əl basın, görüm onda necə olar? İnanmıram, yalandan Qurana əl basa. – Kişi danışmaqdan yorulub balışa söykəndi, – Deyirəm, heç olmasa pullarımın yarısını qaytareydi, mən ona da razıyam, halal eləyərdim ona xərclədiklərini…

Kəblə Ələkbər kişinin axrıncı sözlərindən çox mütəssir oldu.

– Yaxşı, ağa, – dedi – tapıb gətirərəm, fikir eləmə…

Bu söhbətdən bir həftə sonra Seyid Sadıq balışa dirsəklənib təsbehini çeviridi, Ələsgər saymazyana otağa girib təəccüblə soruşdu:

– Olmasın azar, belə niyə, ağa, nə olub sənə?

– Heç bir balaca kefsizəm… Oğul, elə birdən çıxıb, bir getdin Bakıdan, bir gəlib görüşmədin bizimlə, xüdahfizləşmədin? Bilirsən ki, arvad-uşaqlar Əlabbası çox istəyirlər, heç olmasa, uşağı göndərəydin, görəydik… axı nəvədir?!

Ələsgər deməyə söz tapmadı, dodaqaltı nəsə mızıldandı. Seyid Sadıq diqqətlə keçmiş kürəkəninə baxdı:

– Sənə bir sözüm var, bala. Bu yaxınlarda evimdən qiymətli bir şey itib. Şübhələndiyim bütün tanışlar, qohumlar gəlib Qurana and içiblər ki, xəbərimiz yoxdur. Bircə sən qalmısan. İndi xahiş eləyirəm ki, zəhmət çək, sən də Qurana and iç ki, arxayın olum.

Kənarda oturmuş Kəblə Ələsgər qaynatası danışdıqca zəndlə bacanağına baxırdı. Bu sözlərin ona necə təsir etdiyini görmək istəyirdi. Ələsgər bir an, elə bil özünü itirdi, susub ətrafına boylandı. Seyid Sadıq arvadını çağırdı:

– Mehin xanım, gətir Quranı bura – dedi.

– Mehinbanu ağ parçaya bükülmüş, vərəqləri saralmış köhnə meşin cildli Quranı götürüb “bismillah” dedi, ərinə uzatdı. Kişi, Quranı öpdü, gözünün üstünə qoydu.

– Buyur, əlini qoy Quranın üstə, de ki, əgər mən sizin evdən bir şey götürmüşəmsə, qoy bu Quran mənə qənim olsun.

Ələsgər xeyli susandan sonra təmkinlə dedi:

– Ağa, mən murdaram, əlimi Qurana vura bilmərəm. İcazə ver, hamama gedib pak olum, sonra gəlim əl basım.

Seyid Sadıq onun bu gözlənilməz cavabı ilə razılaşmalı oldu:

– Yaxşı get, ancaq tez qayıt, yubanma. Günün batmağına az qalıb. Deyirlər, gün dalınca Qurana əl basmaq yaxşı deyil.

Ələsgər çıxıb getdi. Seyid Sadıq səbirsizliklə onun qayıtmasını gözləyir, heç kəslə danışmırdı. Hamama gedən iki saat sonra qayıtdı. İçəri girən kimi birbaşa qocanın yanında balaca məcməyiyə qoyulmuş Qurana yaxınlaşdı, bir dizi üstə çöküb sağ əlini onun üstünə, sol əlini sinəsinə qoydu, təntənə ilə dedi:

– Əgər bizlər bu evdən bir şey götürübsə, qoy bu Quran ona qənim olsun – sonra kişinin üzünə baxdı – indi razı qaldınmı, ağa? İcazə ver hüzurundan müxərrəs olum gedim, işim çoxdur.

O hamıya baş əyib otaqdan çıxdı.

Kəblə Ələkbər and içənin özünü cəm halında göstərməsinə bir az təəccüblənsə də, buna bir o qədər əhəmiyyət vermədi, bunu onun lovğalığına, həmişə özünü artist kimi aparmasına yozdu.

Bu hadisədən sonra birdaha onu və oğlunu görən olmadı. Hərdən Mehinbanu sonbeşiyi Zəhranın yeganə yadigarını – Ələbbası xatırlardı. Sonralar onu nə qədər axtarıb soraqlaşdılarsa, gördüm deyən olmadı.

Bir neçə ildən sonra Ələsgərin Qurana əl basarkən dediyi müəmmalı sözlərdən söhbət gedəndə təsadüfən məlum oldu ki, demə o, and içməmişdən qabaq hamam bəhanəsilə evdən çıxanda Gülsənəmin yanına gedib ondan bir-iki döşək sırıyan biz istəyibmiş. Yəqin, həmin bizləri köynəyinin altından sinəsinə sancıb ki, and içəndə əlini bu bizlərin üstünə qoysun və arxayınçılıqla desin: “Əyər bizlər bu evdən bir şey götürüblərsə, qoy bu Quran ona qənim olsun”.

Beləliklə də, Seyid Sadığın qızıllarının heç olmasa, yarısını geri almaq ümidi boşa çıxdı. Bəlkə də, onunla başqa cür söhbət etsəydilər, yaxud hədə-qorxu gəlsəydilər, kişi demişkən, pulun, heç olmasa, yarısını geri almaq mümkün olardı. Ancaq Seyid Sadığın Qurana çox böyük inamı vardı. O heç cür təsəvvürünə gətirmirdi ki, Qurana yalandan əl basmaq, yaxud başqa bir kələk işlətmək olar.

Seyid Sadıq indi nahaq yerə Ələsgərdən şübhələndiyinə görə də əzab çəkirdi. Ona elə gəlirdi ki, şübhələndiyi adam çəkinmədən Qurana əl basırsa, deməli, onun heç bir günahı yoxdur. O yatağında çox çətinliklə o tərəf – bu tərəfə çevrilərək, axşamdan öz-özünə təəccüblə deyirdi: “Axı ondan başqa pulları kim apara bilər, heç kimin o yerdən xəbəri yoxdu?..”

Xəstə kişi getdikcə zəifləyirdi.

Bir gün səhər Mirpaşanı göndərdi ki, Ələkbəri dükanından çağırsın. Ona deməli vacib sözü vardı. Hiss edirdi ki, artıq ömrünün son anlarını yaşayır. Nə qədər ağlı başındaydı, kürəkəni ilə bəzi məsələləri həll etməli idi.

Günortaya yaxın Mirpaşa Ələkbərlə gəlib xəstənin yanında əyləşdilər. Seyid Sadıq nəvəsinə:

– Məni qaldır, oturmaq istəyirəm, – dedi, – yerini rahatlayandan sonra – indi get, bala işinə, nənənə de, hələlik bizi narahat eləməsinlər…

Mirpaşa gedəndən sonra Seyid Sadıq zəif səslə sözə başladı:

– Oğul, ömrüm daha sona yetir… Allah mənə on iki övlad verdi, hamısını da bir-bir əlimdən aldı. Elə bil mənim ömrümü ona görə uzun eləyib ki, bütün uşaqlarımın müsibətini görüm, əzab çəkim… Nə isə, sözüm ondadır ki, indi ən yaxın adamım, mənə doğma övlad əvəzi olan bircə sənsən. Sən mənə kürəkən yox, oğul olmusan. Allah sənə uzun ömür versin, işini avand eləsin, balalarını xoşbəxt eləsin… o dərindən nəfəsini dərdi – sənə ərkim çatır, ona görə də bu axır günlərimdə iki arzumu, iki xahişimi sənə demək istəyirəm… vəsiyyət eləmək istəyirəm… – Seyid Sadıq ömrü boyu özünə dəyən zərbələri, nəhayət ən axırıncı zərbəni xatırlayıb acı-acı gülümsədi: mən görmüşəm ki, – dedi, – atalar, babalar ölümqabağı vəsiyyət eləyəndə pulunun, mal-dövlətinin oğul-uşaq arasında necə bölüşdürülməsi barədə sərəncam verər. Amma mənimki gətirmədi, bütün ömrüm boyu yığdığım, bircə gün içində tarmar oldu… Ona görə vəsiyyətim də tərsinədir, sizə, şəxsən sənə mal-dövlət əvəzinə əziyyət verməkdir…

Ələkbər qocanın sözlərindən mütəssir oldu, gözü yaşardı.

– Ağa, bu nə sözdür? Sənin hər bir xahişini yerinə yetirmək mənə xoşdur.

– Çox sağ ol oğul! İndi qulaq as: birinci vəsiyyətim budur ki, evini satıb bura köçüb gələsən. Uşaqlar neçə ildir, bu evdə bir yerdə böyüyüblər, qoy yenə də bir yerdə olsunlar. Allah qoysa toy elərsiz, Rübabə ilə birlikdə yuxarıdakı otaqlarda oturarsız. Uşaqlar da burda nənənləriylə qalarlar. Seyid Hüseynlə Mirpaşanı mətbəxin yanındakı evə köçürərsiz… Yayda da istəyərsiz mənim Ləəşdəki bağıma, istəyərsiz, sənin Şüvəlandakı bağına köçərsən. İki bağa baxmaq səninçün çətin olar. Ona görə məsləhət görürəm bağlardan birini satasan. Sənin Şüvəlandakı bağın böyükdür, otağı da çoxdur – beş otaq hamınıza çatar.

Ələkbər tez cavab verdi:

– Baş üstə, ağa, bunlar asan işlərdir. İkinci xahişini de!

– İkinci xahişim bir az ağırdır. Deməyinə deyirəm, ancaq mümkün olsa əməl elə, mümkün olmasa eybi yoxdur – o bir qədər susdu, balışının altından yaylıq çıxarıb üzünü, gözlərini sildi – istəyirəm mənim və dörd övladımın sümüklərini aparıb Kərbəlada basdırasan. İndi mümkün olmasa da, bir neçə ildən sonra…

– Apararam, ağa. Neçə vaxtdır Şərəbanı mənimlə Kərbəlaya getmək istəyir. O da ərini aparmaq istəyir. Allah qoysa, elə bir yerdə gedərik.

– Sağ ol oğul! – qoca yavaş-yavaş özünü sürüşdürüb yerinə uzandı, bir müddət gözlərini yumdu.

Kəblə Ələkbər səbirlə oturub xəstənin gözlərini açmasını gözlədi. Nəhayət, o dilləndi:

– Seyid Hüseynlə Mirpaşanın üstündə də gözün olsun. Onlar ağıllı uşaqlardır, səni incitməzlər. Seyid Hüseyn qulluğa girmək istəyir. Bir münasib yer tap onu işə düzəlt. Yenə nə qədər olsa da köməyi dəyər… Qızılları itirdiyimə görə də gərək məni bağışlayasan. Lap çətinə düşəndə qoy Mehinbanu bər-bəzək şeylərini satsın. Qoca vaxtında nəyinə gərəkdir onun üzük, sırğa, mirvari?…

Ələkbər etirazını bildirdi:

– Bu nə sözdür, ağa, nöşün satsın? Heç elə şeyi fikrinə gətirmə. Yəni mənim uşaqlarımı, qayınanamı dolandırmağa gücüm çatmaz? Daha başqa nə arzun varsa, de, ağa!

– Çalış, uşaqlar Xırdaxanımla barışsınlar. Doğma anadır onlara. Biz ölüb gedəndən sonra ana onlara lazım olacaq. Elə uşaqlar da Xırdaxanıma lazım olacaqlar.

– Baş üstə, ağa, çalışaram. Sən heç nədən narahat olma, inşallah hər şey yaxşı olar…

– Çox sağ ol, oğlum. İndi daha dur get işinə, mən də bir az dincəlim, – deyib Seyid Sadıq üzünü divara tərəf çevirdi.

Ələkbər sakitcə otaqdan çıxdı.

… Bir ay sonra Seyid Sadıq əynində ağ uzun gecə köynəyi, başında araqçın, dəhlizdə öz yerində sakit uzanmışdı. Axşama yaxın arıq, damarları çıxmış ağ əllləri ilə balışını götürüb Seyid Hüseyndən xahiş etdi ki, onu döşəklə bir yerdə üzünü qibləyə tərəf çevirsin. Seyid Hüseynlə Mirpaşa ehtiyatla döşəyi fırladıb otağın ortasında çəpəki qoydular. Qoca balışını düzəldib illərlə gündə beş dəfə namaz qılarkən üzünü tutduğu qibləyə tərəf uzandı. Yorulub uzun müddət gözünü yumdu. Haçandan-haçana zəif səslə dua oxudu, kəlmeyi-şəhadətini dedi, salavat çevirdi. Əlini bir dəfə üzünə çəkdi, ikinci dəfə çəkmək istəyəndə əli havada qalıd, dərindən nəfəs alıb canını tapşırdı.

Yanında oturmuş Mehinbanu sakitcəsinə ağlayaraq onun gözlərini örtdü…

Gecə ikən bütün məhəlləyə xəbər yayıldı, hamı axışıb gəldi…

Doxsan yaşlı qoca Seyidin tabutunun dalinca bütün İçərişəhərin, Bayırşəhərin və ətraf kəndlərin kişiləri gedirdi…

Seyid Sadığın qırxı çıxandan sonra 1904-cü ilin axırlarında bir balaca məclis düzəldib Rübabə ilə Kəblə Ələkbərin kəbinini kəsdilər. Bu, Seyid Sadığın son arzusu idi. Arvadına tapşırmışdı ki, onun ilini gözləməsinlər…

Ələkbər qaynatasına verdiyi sözə əməl etdi: evini satıb Mehinbanugilə köçdü.

* * *

1905-ci ilin əvvəlində Bakıda vəziyyət ağırdı. Vəba təhlükəsi tamamilə aradan qalxmamışdı, üstəlik qarın yatalağı epidemiyası başlamışdı. Qış çox soyuq keçirdi. Yanvarın əvvəllərində güclü tufan qopdu. Külək, neçə gün ara vermədən yağan qarı sovurur, uğultudan qulaq tutulurdu. Küçəyə çıxmaq mümkün deyildi. İdarələr, məktəblər bağlanmış, nəqliyyat dayanmışdı.

Tufan on-on beş gün davam etdi. Fabrik, zavod və mədənlərin çoxunda iş dayandı, fəhlələr tətilə çıxdılar.

Peterburqda baş vermiş 9 yanvar Qanlı bazar günü hadisəsinin sorağı Bakıya da çatmışdı. Son illər, 1902-ci ildən bəri keçirilən nümayişlər və tətillərin sayı get-gedə artırdı. Sosial-demokratların təşəbbüsü ilə keçirilən bu tətillərin nəticəsində mədənlərdə tez-tez yanğınlar baş verirdi. Bu dövrdə qırx milyon pud neft zay oldu. Qazılmaqda olan quyuların çoxu sıradan çıxdı. Neftin, ərzaq məhsullarının və başqa şeylərin qiyməti artdı.

… Seyid Hüseyngil neçə gündür, evdə oturub darıxırdılar. Məktəblər bağlandığı üçün dərsə getmir, elə-belə gəzməyə isə nə nənə, nə də Kəblə Ələkbər icazə vermirdi.

Bu gün tufan yatmış, külək dayanmışdı. Onlar isti kürsünün ətrafına yığışıb bayırda yağan iri, quşbaşı qara tamaşa edirdilər. Mirpaşa nənəsinin və bacısının gözündən yayınıb tez-tez həyətə çıxır, qarın altında o yana-bu yana qaçıb üst-başını, ayaqarını isladır, əl-ayağı donanda otağa qayıdıb özünü kürsü yorğanının altına verirdi. Axırda Mehinbanu narazılıqla ona baxıb acıqlandı:

– Ay Mirpaşa, qar-zad görməmisən bəyəm? Elə bil lap balaca uşaqsan, bir yerdə dinc otursana! Dəqiqədə bir çıxıb həm özünü isladırsan, həm də evi soyudursan…

– Eh, nənə, bayırda qiyamət hava var. Evdə, kürsünün dibində oturmaqdan yorulmaduz, çıxın bayıra, bir doyunca qar havası alın.

Maxviret yerindən qalxdı:

– Düz deyir Mirpaşa, vallah, hə, kim gedir həyətə? Səriyyə dur!

Nənəsi ona çəpəki baxdı:

– Otur yerində, axşamdır, soyuq olar.

Mirpaşa Maxviretə göz vurdu. Elə bil demək istəyirdi: “Hamı mənim kimi olmaz ey, istəyirəm qara girirəm, istəyirəm evə gəlirəm. Amma səni nənə qoymur…”

Maxviret pərt olub yerində oturdu:

– Yaxşı, nənə, deyirsən gecdir, onda sabah çıxarıq.

Ertəsi gün səhər tezdən Maxviret yerindən qalxıb tələsik geyindi, pəncərədən boylanıb həyətə baxdı: qar hələ də yağırdı. Hər yeri – qapının ağzını, pilləkənləri həyəti qar basmışdı.

Doqquz-on yaşlı qıvraq, sağlam qız həyətə çıxıb qarın içi ilə anbara tərəf getdi, güclə qapısını aralayıb oradan kürək götürdü, evin qabağını kürüməyə başladı. Bir azdan səsə Mirpaşa da oyanıb bayıra çıxdı, Maxviretin hıqqana-hıqqana qar kürüməsini görüb gülümsədi:

– Deyəsən, gecə gözünə yuxu getməyib, hə? Gör necə yağır ey, adama ləzzət verir. Bu saat mən də gəlirəm köməyə.

Mirpaşa və onun dalınca gələn Əli (Kəblə Ələsgər Rübabə ilə evlənib Seyid Sadığın evində məskən saldıqdan sonra Gülnisə ilə Əlini də bu evə gətirmişdi. Onlar böyük mətbəxi yerə ayıran tağın üstündən pərdə asıb hərəsi bir tərəfində yatırdı.) həvəslə qarı təmizləməyə başladılar.

Tezliklə Maxviretin əlləri dondu:

– Daha siz təmizliyirsiz, – dedi, – mən gedim samovara od salım. İndi atam yuxudan durar, qoy çay hazır olsun.

Mirpaşa ilə Əli balaca qızın bu sözlərinə mehribanlıqla gülümsədilər. Maxviret elə ciddi deyirdi ki, guya evdə hər gün səhərlər samovara od salmaq onun işidir. Əli istədi desin:

“Gülnisə çoxdan durub, samovarın da qaynamasına az qalıb” ancaq demədi, qızın soyuqdan içəri girmək istədiyini dərhal duydu və üstünü vurmadı.

Maxviret həyətdə açdıqları dar cığırla mətbəxə gedib Gülnisəyə kömək etdi: rəng çaynikini yaxalayıb qarın üstünə tökdü, içinə çay atıb dəmlədi. Bir az isti ocağın qabağında qızışıb yenə bayıra çıxdı. Seyid Hüseyn də geyinib həyətə çıxmışdı… Bir yerdə qar kürüyürdülər. Gülüşə-gülüşə həyətin qarını bir tərəfə yığır, sonra yumbalayıb küçəyə çıxırdılar, evin dalına tərəf itələyirdilər.

Bir azdan Əli başqa işlərinin dalınca getdi. Seyid Hüseyn də üşüyüb otağa qayıtdı. Mirpaşa və Maxviret evin arxasındakı böyük qar topasının içini oyub çıxardır, evcik düzəltmək istəyirdi. Bir xeyli əlləşəndən sonra ev hazır oldu. İçinə girib oturdular.

Artıq evdəkilər yavaş-yavaş oyanırdılar. Kəblə Ələkbər çiynində çuxa yuxarıdan endi, uşaqlar yatan otağa gəldi. Maxviretin yerini boş görəndə narahatlıqla soruşdu:

– Səriyyə, bacın səhər-səhər bu soyuqda hara gedib?

Çiyninə qalın yun şal salmış Rübabə içəri girdi:

– Heç yana getməz – dedi, – görəsən, harda gizlənib. Bu saat mən taparam onu.

O həyətə çıxıb nökərdən soruşdu:

– Adə, Maxvireti görməmisən?

– Görmüşəm, xanım, səhərdən bizimlə qar kürüyürdü. Küçədə olar, Mirpaşa da yoxdur. Bu saat çıxıb baxaram.

Bir azdan Ələkbərlə Rübabə də küçəyə çıxdılar. Evin dalından gülüşmə səsi eşidib böyük qar topasına tərəf getdilər. Onların qarın içində büzüşüb oturduqlarını görəndə Rübabə qıza acıqlandı:

– A, canıyanmış, azarlarsan! Heç olmasa qalın donlarından birini geyəydin?!

Maxviretin üzü, əlləri şaxtadan qızarmışdı. Hörükləri qara batmışdı. O gülə-gülə qarın içindən çıxıb:

– Qorxma, Bircəbacı, azarlamaram. Soyuq mənə kar eləmir – dedi, – üstünün qarını çırpdı. – Hə, tapa bilmirdiz bizi!

Qış səhərinin təmiz, saf havasından hamının üzü qızarmışdı, hamının kefi kökdü. Onlara baxanda Kəblə Ələkbərin də uşaqlığı yadına düşdü. O, yerdən bir ovuc qar götürüb, əlində yumaladı, qabaqda gedən Rübabə ilə Maxviretə atdı. Qar topu Rübabənin yun şalına dəydi. O geri dönüb ərini barmağı ilə hədələdi, ancaq qardaşından və Maxviretdən utandığından başqa bir söz demədi.

Artıq mətbəxin taxtı üstündə süfrə salınmış, samovar ortaya gəlmişdi. Mehinbanu çay stəkanını hazır eləyib nəvələrinin və kürəkəninin süfrə başında toplaşmasını gözləyirdi. Uşaqlar gülüşə-gülüşə gəlib oturdular. Nənə Maxviretə acıqlandı:

– Bu nə oyundur çıxardırsan? Səhərin gözü açılmamış isti yorğan-döşəkdən durub qarın altına çıxmaq olar?

Seyid Hüseyn Maxviretin yupyumru, qıvraq bədəninə baxıb dedi:

– Qorxma nənə, ona heç nə olmaz, görmürsən, maşallah o, “bütöv balqabaqdır?” – Maxviret bir yaş, yaş yarımlıq olan vaxtlarında çox kök idi. Yerdə yumru bədəni ilə ayaq altında o tərəf-bu tərəfə iməkləyən vaxtında bir dəfə Seyid Hüseyn onu balqabağa oxşatmışdı. O zamandan bu ad onun üstündə qalmışdı.

Nənə gülümsədi:

– Nə qədər balqabaq olsa da, belə soyuqda nazik paltarla küçəyə çıxmaq olmaz.

Mirpaşa çayını içib məktəbə, Seyid Hüseyn isə işə getdi.

Keçən il onlar hər ikisi üçüncü rus-tatar məktəbini bitirmişdilər. İndi Seyid Hüseyn ayda 14 manat müqabilində “Kaspi” mətbəəsində (indiki Sabir bağının yerində) naborçu şagirdi işləyirdi. Mirpaşa Nikolayevski küçəsindəki oğlanlar seminariyasının ikiillik hazırlıq kursunda oxuyurdu.

… Saat dördə yaxın Mirpaşa əllərini bir-birinə sürtərək, kürsü olan otağa gəldi:

– Mənə yaman soyuqdur, – dedi, – deyəsən, bizim otağımız yaxşı qızmır, gəldim burda sizinlə kürsüdə oturum.

Mehinbanu nəvəsini yanına çağırdı:

– Gəl otur, qızış, bala, – sonra Maxviretə dedi, – mənim qalın şalımı götür sal qardaşının çiyninə.

Şalı kürəyinə örtəndən sonra da Mirpaşa qızınmadı.

– Səhərin soyuğudur ey, canını alıb, – deyə Rübabə kürsü yorğanını onun üstünə çəkdi, – elə bilirsən qarın içində oturmaq asandır? Bu saaat sənə zoğal mürəbbəsi ilə isti çay verərik qızışarsan.

Ancaq çayın da köməyi olmadı, o əməlli-başlı titrəyirdi. Rübabə əlini qardaşının alnına qoydu:

– Paşa, deyəsən, qızdırman var, – dedi.

Kürsünün yanında ona yer saldılar. Üstünə iki yorğan örtdülər. Qızdırmasını ölçəndə Rüababə qorxdu, qırxa az qalmışdı.

Axşam Kəblə Ələkbər evə gələndə bu hadisədən çox narahat oldu. Oğlanın yanında oturub ona çay içirdir, tərini silir, canfəşanlıqla qulluq edirdi. Səbirsizliklə səhərin açılmasını gözləyirdi ki, həkim gətirsin. O bilirdi ki, şəhərdə qarın yatalağı var. Bu xəstəlikdən şübhələnsə də “yəqin soyuqdəymədir” deyib özünə təskinlik verirdi. Səhər açıldı, amma Mirpaşanın qızdırması düşmədi. Kəblə Ələkbərin gətirdiyi həkim xəstəliyin “tif”ə oxşadığını xəbər verəndə kişinin qanı lap qaraldı.

Bir həftədən sonra Rübabə, bir neçə gün sonra isə Seyid Hüseyn xəstələndilər. Kəblə Ələkbər özünü itirmişdi. Xəstələr üçün hər gün həkim gətirir, tapılmayan bahalı dərmanlar alır, onların tez sağalması üçün əlindən gələni edirdi. Arvadı aşağıda, oğlanlar yuxarı otaqda yatırdılar. Xəstələrə Nisəxanım, Səriyyə, Maxviret, Gülnisə qulluq edirdi.

Mirpaşanın xəstəliyi nisbətən yüngül keçirdi. Seyid Hüseynlə Rübabənin vəziyyəti ağırdı. İkisi də qızdırmadan sayıqlayır, heç nə yemirdi. Həkim Kəblə Ələkbəri nə qədər sakit etsə də, o çox narahat idi. Həyəcan keçirir, əsəbiləşirdi. Mehinbanu hər dəfə namaz üstə uşaqlar üçün dua edir, hər gün bir cür nəzir deyirdi. Bir dəfə Maxviret onları lap qorxutdu:

– Ay nənə, Seyid Hüseyn o qədər tərləyib ki, döşəyi də tamam yaşdır, heç bilmirik neyniyək?

Kəblə Ələkbər təşvişini, həyəcanını gizlədərək qızı sakit etdi:

– Eybi yoxdur, qızım. Bu xəstəliyin xasiyyəti belədir. Siz onun köynəyini, döşəkağını tez-tez dəyişdirin. Həkim deyir ki, tezliklə sağalacaqlar, cavandırlar, bədənləri möhkəmdir, heç nə olmaz.

Üç-dörd həftə sonra xəstələrin vəziyyəti yaxşılaşmağa başladı. Nəhayət, əvvəlcə Mirpaşa, sonra Rübabə və axırda Seyid Hüseyn yataqdan qalxdılar. Mehinbanu dediyi bütün nəzirləri payladı. Qohum-əqrəbanı yığıb allahaşı bişirdi.

İyunun ortalarında Kəblə Ələkbərgil bağa köçdülər. Ələkbər Seyid Sadığın vəsiyyətinə əməl edib Ləəşdəki bağı satdı. Ailə bu il birinci dəfə Kəblə Ələkbərin Şüvəlandakı böyük bağına köçmüşdü.

Seyid Hüseynlə Mirpaşa burada özlərini qonaq kimi hiss edir, doğma ata-babalarından qalmış Ləəş bağı üçün darıxır, onun satılmasına təəccüblənirdilər. Ancaq başqa çarə yoxdu, ailəyə ikitirəlik salmaq olmazdı. Onlar yavaş-yavaş Şüvəlanla tanış olur, buranın şəraitinə uyğunlaşmağa çalışırdılar.

Bu yay Kəblə Ələkbərin böyük qızı Nisəxanımı ərə verdilər.

“Tif”dən sağalmasından səkkiz ay keçməsinə baxmayaraq, Seyid Hüseyn bağdan qayıtdıqdan sonra özünü yaxşı hiss etmirdi. Kefi durulmur, heç kimlə danışmır, heç kimə qaynayıb-qarışmırdı. Əvvəllər də o, Mirpaşa kimi hamıyla deyib-gülən, çox danışan deyildi, adamlarla az ünsiyyətdə olurdu. Ancaq indi əhvalı əvvəlkinə nisbətən bir az dəyişilmişdi. Arıqlamışdı, iştahası pisdi. Kəblə Ələkbər onun vəziyyətindən narahat olub, bu barədə həkimlə məsləhətləşmişdi. Həkim onu əmin etmişdi ki, təhlükəli bir şey yoxdur, ancaq yaxşı olar ki, bir neçə müddətə Bakıdan çıxsın.

Bir gün Kəblə Ələkbər Seyid Hüseyngilin otağına gəldi. (Yayda uşaqların bağda olmasından istifadə edən Kəblə Ələkbər evi yaxşı təmir etdirmişdi. Hər iki mərtəbənin açıq balkonlarını şüşəbəndlə bağlatdırmış, mətbəxin yanındakı, əvvəllər nökər və qulluqçunun qaldığı köhnə evin damını düzəltdirib, yaxşıca təmir etdirmişdi. İndi Seyid Hüseynlə Mirpaşa bu evdə olurdular.) Stul çəkib qabağında yazı-pozu olan Seyid Hüseynlə üzbəüz oturdu. Diqqətlə ona baxıb soruşdu:

– Oğlum, niyə kefin yoxdur? Həkim deyir ki, maşallah, sap-sağlamsan. Bəs niyə həmişə belə fikirli gəzirsən? Bəlkə sənə bir şey lazımdır?

Seyid Hüseyn minnətdarlığını bildirdi:

– Çox sağ ol, Kəbleyi, heç nə lazım deyil. Mən yaxşıyam, kefim də pis deyil. Nə olub ki mənə? Siz narahat olmayın.

– Narahat deyiləm, ancaq görürəm birtəhərsən, – deyib Kəblə Ələkbər bir qədər susdu, sonra soruşdu, – gəlsənə səni bir yerə gəzməyə, səyahətə göndərək, hə?

Seyid Hüseyn maraqla yeznəsinə baxdı:

– Səyahətə? – deyə təəccüblə soruşdu, – məsələn hara?

– Hara istəsən, bu sənin özündən asılıdır. Fikirləşməyə sənə iki gün vaxt verirəm. Nə qərara gəldin, mənə xəbər elə, – deyib Ələkbər otaqdan çıxdı.

Seyid Hüseyn stolun arxasında oturub Kəbleyinin ona dedikləri barədə fikirləşir, götür-qoy edirdi: “Görəsən, hansı vilayətə, hansı ölkəyə getsəm, mənimçün yaxşı olar?”

Ertəsi gün axşam yeməyindən sora Seyid Hüseyn öz qərarını yeznəsinə bildirmək üçün yuxarı – bacısıgilə çıxdı. Kəblə Ələkbər pəncərənin qabağındakı taxtın üstündə mütəkkəyə dirsəklənib qəzet oxuyurdu. Qaynını görəndə qəzetləri pəncərəyə qoyub yanında ona yer göstərdi.

– Hə, nə var, nə yox? – soruşdu.

– Kəbleyi, mən dünənki təklifiniz barədə fikirləşdim. Qərara gəldim ki, İranın Məşhəd şəhərinə gedim. Necə deyərlər, bu mənimçün həm ziyarət olar, həm ticarət. Məşhəddə İran səltənətinin qədim asari-ətiqələri, tarixi abidələri çoxdur. Mən həm bu abidələrə, həm də Məşhədə ziyarətə gələn başqa islam şəhərlərinin müsəlmanları ilə, ümumiyyətlə, İran xalqının yaşayış tərzi ilə tanış olaram. Amma, Kəbleyi, qorxuram bu səyahət çox baha başa gəlsin.

– Xərcin fikrini çəkmə, neçəyə başa gəlir, gəlsin. Əvvala, sənin özünün bir xeyli pulun var. Bu iki ildə işləyib qazandıqlarını yığıb saxlamışam. Çatmayanını da mən qoyaram, – deyə Kəblə Ələkbər əlini onun çiyninə qoydu, – indi ki, qərara gəlmisən, onda uzatmaq lazım deyil. Ancaq yaxşı olardı ki, sənə bir yol yoldaşı da tapardıq.

– Deyəsən, məhəlləmizdən mənim bir tanışım da getmək istəyir. Mən onunla görüşüb dəqiq öyrənərəm. Əlbəttə, yoldaş olsa, yaxşıdır.

– Deməli, qərara gəldik. Onda yubanmayaq, bacına deyək, səninçün yol tədarükü görsün. İnşallah, gedərsən, gəzərsən, təzə adamlarla tanış olarsan, görmədiyin yerləri görərsən, kefin durular. Nə vaxt vətənin, evin üçün darıxdın, qayıdıb gələrsən.

Seyid Hüseyn gülümsədi:

– Mən razı, Kəbleyi – dedi.

– Lap yaxşı. Ancaq oğlum, səndən bir xahişim var. Əslində bu babanın tövsiyəsi, xahişidir. Gərək səfərə çıxmamışdan qabaq ananla barışasan. Yoxsa ziyarətin qəbul olunmaz. Axı nə vaxtacan doğma ananızla küsülü qalacaqsız? Bu heç yaxşı iş deyil. Nə olubsa, keçib-gedib. Adam anasıyla belə kin saxlamaz…

Seyid Hüseyn qızardı:

– Yaxşı, Kəbleyi, barışaram, – dedi, – qoy siz deyən olsun.

– Ay sağ ol!

* * *

Mirkazımın vəfatından bir-iki il sonra əmisi Xırdaxanımı dövlətli tacir, buzovnalı Hacı Gülməmmədə ərə vermişdi. Hacı on övladlı dul kişi idi. Uşaqlarının çoxusu artıq evli idi. Onun Buzovnada böyük bağı, ikimərtəbəli geniş evi (indi həmin binada 206 nömrəli Buzovna səkkizlik orta məktəbi yerləşir) şəhərdə də bir neçə yerdə evi vardı.

Xırdaxanımın Hacıdan da iki-üç uşağı olmuş, ancaq körpə vaxtlarında ölmüşdülər. Təkcə axırıncı qızı qalmışdı. Ögey uşaqları onu hörmətlə “Minabacı” çağırırdılar. Hacının kiçik uşaqları onu sayıb, hər işdə onunla məsləhətləşsələr də, Xırdaxanım daim öz doğma uşaqlarını atıb getməsinin peşmançılığını çəkirdi. O, tez-tez əvvəlki evinə, uşaqlarının yanına gələrdi. Ancaq orada onu çox soyuq qarşılayırdılar. Seyid Sadıq nə qədər xeyirxah, insanpərvər olsa da, balaca nəvəsi Seyid Rəhmanın baxımsızlıq üzündən həlak olmasını keçmiş gəlininə bağışlaya bilmirdi. Seyid Hüseyngil də babalarının analarına qarşı bu soyuq münasibətini görür, bəlkə ona görə onlar da barışmaq istəmirdilər. Xırdaxanım gələndə çox vaxt gizlənib özlərini analarına göstərmirdilər. Ana səbirlə oturub gözləyir, uşaqlarını görməmiş çıxıb gedirdi.

… Seyid Hüseyn qapıdan çıxıb İçərişəhərin dar, dolanbac küçələri ilə birinci dəfə olaraq anasının evinə tərəf getdi.

Yol boyu onunla necə görüşəcəyini, ona nə deyəcəyini ürəyində götür-qoy edirdi. Neçə ildi görüşmürdülər. Xırdaxanım onlara gələndə Mirpaşa tələsik dama dırmaşar, Seyid Hüseyn anbara girib qapını içəridən bağlar, Rübabə mətbəxdən bayıra çıxmazdı. Ana keçmiş qayınatasının yanında oturar, onunla dərdləşər, uşaqlarının belə rəftarından şikayət edərdi. Təkcə Mehinbanunun ona yazığı gələrdi. Keçmiş gəlin çıxıb gedəndən sonra uşaqları çağırıb danlayırdı:

– Sizin heç insafınız yoxdur, – deyərdi, – nə olar bəyəm, çıxıb onunla bir-iki kəlmə söz danışanda? Sizi yeməyəcək ki, kim bilir, bəlkə, gəlin ağlına gətirir ki, yəqin mən qoymuram sizi onunla görüşməyə… Bax, budur deyirəm sizə, bu dəfə gələndə yenə gizlənsəz, tapıb gətirəcəyəm, hərənizə də bir yaxşı şillə vuracağam. İndi özünüz bilin…

Seyid nənəsinin onları haqlı danlanması, əvvəldən düz hərəkət etmədiklərini indi başa düşürdü. Əgər onunla hərdənbir görüşsəydi, indi belə utanmaz, çəkinməzdi…

O, atalığının mülkünün təxminən Qız qalası yanında olduğunu bilirdi. Evin yerini dəqiq öyrənmək üçün küçədə şumaqədər oynayan uşaqlara yaxınlaşdı:

– Bilmirsiz, burada Hacı Gülməmmədin evi hansıdır? – soruşdu.

Qara, arıq bir oğlan dəstədən ayrıldı:

– Budur, bu evdir, – deyib bir divarı Qız qalasının divarına bitişmiş iki mərtəbəli evi göstərdi, – orda kimi istəyirsən? Ağa özü ikinci mərtəbədə yaşayır. Həyətdən də getmək olar, ancaq o sağ tərəfdəki qapıdan birbaşa onların mənzilinə yol var.

Seyid Hüseyn razılıq edib evin sağ tərəfinə döndü. Hündür, naxışlı, möhkəm taxta qapıya yaxınlaşdı. Yavaşca itələdi, bağlı idi. Bir qədər tərəddüd edib əlini qapının zənginə uzatdı. Nökər qapını açdı:

– Kimi istəyirsən, cavan oğlan?

– Xırdaxanım evdədir?

– Evdədir, buyur içəri.

Seyid Hüseyn nökərin dalınca pilləkənləri qalxdı. Geniş, işıqlı şüşəbəndə keçdilər. Pəncərələrindən tül pərdələr asılmış, xalılarla döşənmiş bu balkon adamın ürəyini açırdı. Nökər üstünə saçaqlı xara süfrə salınmış balaca girdə stolun yanındakı yumşaq kürsünü göstərib:

– Otur, – dedi, – bu saat çağıraram.

Seyid Hüseyn həyəcanla kürsüdə əyləşdi. Boylanıb şüşəbəndin pəncərəsindən aşağı, həyətə baxdı. Həyət tərtəmizdi. Ortadakı, ağzına qədər dumduru su ilə dolu hovuzda cavan bir gəlin paltar suya çəkirdi. Sonra o içəri otaqlara açılan dörd qapıya nəzər saldı. İndi bu qapılardan biri açılacaq, anası gələcəkdi.

Anasını o, axırıncı dəfə on üç il bundan qabaq, yeddi yaşında ikən yaxından görmüşdü. Fikrindən keçdi ki, yəqin anası artıq qocalmağa başlayıb – onun hesabına görə qırx-qırx bir yaşı olmalıydı. Yolda gələrkən fikrində əzbərlədiyi ilk deyəcəyi sözləri yenə də ürəyində təkrar etdi. Ona elə gəlirdi ki, nədənsə anası mütləq qarşısındakı iki qapıdan birindən çıxacaqdır. Ona görə də başını aşağı dikib oturmuşdu ki, o yaxınlaşana qədər özünü bir az ələ ala bilsin.

Birdən yan tərəfdən xışıltı eşidildi. O, cəld dönüb baxdı. Xırdaxanım qapı ağzında dayanıb təəccüblə ona baxırdı. Seyid Hüseyn yerindən qalxdı. O heç ağlına gətirməmişdi ki, anası onu tanımaya bilər. Özünü təqdim etmək üçün münasib söz tapa bilmirdi. Xırdaxanım xeyli baxandan sonra, nəhayət, oğlunu tanıyıb tünd-göy rəngli xara tumanı xışıldadaraq ona yaxınlaşdı:

– Sən gələn yollara anan qurban, bala, – deyə oğlunu qucaqlayıb ağladı, üzündən, alnından öpdü.

Seyid Hüseyn dinməz dayanıb durmuşdu. Nəhayət, illərdən bəri dilinə gətirmədiyi doğma bir sözü çətinlikə, utana-utana dedi:

– Bəsdir, memə, niyə ağlayırsan? Otur, sakit ol!

Xırdaxanım gözünün yaşını silərək, onun yanında oturdu. Diqqətlə sir-sifətinə, boy-buxununa, geyiminə baxdı, gülümsədi:

– Necəsiz, ay bala, Mirpaşa, Rübabə necədirlər?

– Yaxşıdırlar, hamımız yaxşıyıq, – dedi və o da öz növbəsində soruşdu: – Bəs sən necəsən, memə?

– Mən də yaxşıyam, oğlum. Çox sağ ol ki, axırı gəlib çıxdın. Nə əcəb qardaşın səninlə gəlmədi?

Seyid Hüseyn anasının qəlbini sındırmamaq üçün yalan danışmağa məcbur oldu:

– Mirpaşa evdə deyildi. Mən gəldim ki, səninlə görüşüm. Sabah, Allah qoysa, Xorasana yola düşürəm. Kəblə Ələkbər məni səyahətə göndərir. Dedim, səfərqabağı gəlib səninlə görüşüm.

– Lap əcəb eləmisən. Ziyarətin qəbul olsun, sağ-salamat gedib gələsən.

Bu vaxt qarşıdakı qapıdan dörd-beş yaşlı, qara qıvrım saçlı bir qız uşağı çıxdı, anasının yanındakı yad adamı görüb, qapı ağzında dayandı. Xırdaxanım uşağı çağırdı:

– Gəl yaxına, qızım, bax, bu oğlan sənin qardaşındır, gəl tanış ol, – dedi.

Qız utanıb, yerindən tərpənmirdi. Seyid Hüseyn bir balaca gülümsəyib, əli ilə onu yanına çağırdı. O bilirdi ki, anasının Tükəzban adlı bir qızı var, ancaq hələ indiyə kimi üzünü görməmişdi. Tükəzban yaxına gəlib anasının ətəyinə qısıldı. Seyid Hüseyn uşağı dindirmək, onunla dil tapıb söhbət etmək, qucağına götürmək istəyirdi, ancaq utandığından dinib-danışmırdı. Xırdaxanım bunu hiss etdi, qızı qaldırıb Seyid Hüseynin qucağında oturtdu:

– Bir qardaşını maç elə! – dedi.

Tükəzban gülümsəyib qollarını Seyid Hüseynin boynuna doladı, bərk-bərk üzündən öpdü. Bacısı onun xoşuna gəldi, hər ikisi bir az açılışandan sonra söhbət eləməyə başladılar.

Cavan qulluqçu qız stolun üstünə ağ süfrə salıb çay, mürəbbə, meyvə gətirdi. Seyid Hüseyn bir stəkan çay içib ayağa qalxdı.

– Mən gedim daha, hələ görüləcək işlərim çoxdur, – dedi, – istəsən, sabah günorta Tükəzbanı da götürüb bizə gəl, memə, məni ötürməyə…

– Gələrəm, nöşün gəlmirəm, əlbəttə, gələrəm, oğlum. İndi görürəm tələsirsən, səni saxlamaq istəmirəm.

Ana oğlunu küçə qapısına qədər ötürdü. Yenə onu qucaqlayıb öpdü, gözləri yaşardı. Seyid Hüseyn təzə dost olduğu balaca bacısını öpüb qapıdan çıxdı.

… Ertəsi gün axşam saat yeddiyə yaxın körpüyə, Seyid Hüseyni yola salmağa xeyli adam gəlmişdi: Kəblə Ələkbər, Mirpaşa, Seyid Hüseynin və Mirpaşanın dostları, başqa qohum-əqrəba…

Krasnovodskiyə gedən gəminin yola düşməsinə hələ bir saatdan çox qalmışdı. Əli Seyid Hüseynin şeylərini aparıb yerini kayutda rahatladı. Ötürməyə gələnlər yola düşənlərin başına toplaşıb hərə bir məsləhət verirdi. İyirmi yaşı olsa da, Seyid Hüseyn indiyə kimi belə uzaq səfərə, özü də tək getməmişdi. Kəblə Ələkbər deyirdi:

– Hər rastına çıxan tanımadığın adamla yaxınlıq eləmə. Elə yoldaşınla birgə gəz, dolan. Məktub yazıb səni qəbul etmələrini həmin adamlardan xahiş etmişəm. O adamları mən yaxşı tanıyıram… Pulundan, şeylərindən muğayat ol. İşdir şayəd, Allah eləməmiş, pulunu oğurlayıb eləsələr, tez evə teleqram vur, korluq çəkmə. Daha nə deyim sənə, maşallah, yekə oğlansan, özün hər şeyi bilirsən. Yeməyinə, istirahətinə fikir ver…

Seyid Hüseynin başına toplaşanlar hörmətlə kənara çəkilib kök, yaşlı bir kişiyə yol verdilər. Təzə gələn Seyid Hüseynin atalığı Hacı Gülməmməd idi. O yaxınlaşıb əvvəlcə Kəblə Ələkbərlə, sonra Seyid Hüseyn və Mirpaşa ilə əl verib görüşdü:

– Axır ki, sizinlə tanış olmağıma çox şadam, – dedi, sonra Seyid Hüseynə üzünü tutdu, – ziyarətin qəbul olsun, sağ-salamat gedib qayıdasan, – əlini cibinə salıb bir zərf çıxartdı, – bunu da al, yolda xırda-xuruşa xərclərsən.

Seyid Hüseyn duruxdu, pulu almaq istəmədi:

– Sağ olun, ağa, pulum var, – dedi, – sonra Kəblə Ələkbərin onu yavaşca dümsükləməsindən başa düşdü ki, rədd etməməlidir, zərfi alıb atalığına razılıq etdi.

Dünən Seyid Hüseyn üçün qapını açan nökər əlində iri bir səbət hacının yanında dayanmışdı. Ağasının söhbəti qurtardığını görüb soruşdu:

– Bunu hara aparım qoyum, ağa?

Hacı gözü ilə Kəblə Ələkbərgilin nökərini axtardı, onu görməyəndə dedi:

– Oğlum, bu səbətdəkiləri anan səninçün yola hazırlayıb. Bilirəm, səni evdən azuqəsiz yola salmazlar, ancaq doğma ananın bişirdiyi xörəyin dadı başqadır.

Seyid Hüseyn səbəti alıb təşəkkür etdi. Mirpaşa cəld onu götürüb gəmiyə apardı.

… Artıq hava qaralmışdı. Bir azdan gəminin fiti verildi. Seyid Hüseyn bir-bir hamı ilə görüşüb göyərtəyə qalxdı. Gəmi üçüncü fitini verib yavaş-yavaş körpüdən aralandı. Onlar uzaqlaşdıqca körpüdəki adamlar da getdikcə seyrəkləşirdi. Bir azdan körpü tamamilə gözdən itdi.

Bakının işıqları get-gedə uzaqlaşıb zəifləyirdi. Nəhayət, hər tərəf qaranlığa büründü. Doğma Bakısından, əziz və mehriban dostlarından ayrılmaq Seyid Hüseynə ağır gəldi. Məyusluqla göyərtədən aşağı enib kayutuna girdi. Yoldaşı bir nəfərlə söhbət edirdi. Bir azdan hərə öz yerinə uzanıb yatmağa hazırlaşdı.

* * *

Əvvəllər nökər-qulluqçuların yaşadıqları, mətbəxə yapışıq köhnə ev bir böyük, bir də balaca otaqdan ibarətdi. Balaca otağın birbaşa küçəyə açılan qapısı da vardı. Hərdən oğlanlar evə gec qayıdanda evdəkiləri narahat etməmək üçün öz qapılarını açarla açıb otağa daxil olurdular.

Seyid Hüseyn Xorasana gedəndən bəri Mirpaşa burada tək qalırdı. Bir gün o, günortadan bir az keçmiş qoltuğunda böyük bir bağlama gəlib otağının qapısını açdı, içəri keçib bağlamanı küncə qoydu, hələ soyunmamış, başını həyət qapısından çıxarıb ucadan dedi:

– Mən gəlmişəm!

Mirpaşa şən, zarafatcıl olmaqla bərabər, həm də əsəbi idi. Uşaqlıqda babası onu çox sevdiyindən bir qədər ərköyün böyütmüşdü. Bir şey xoşuna gəlməsə, qışqırıq salır, hirslənirdi.

Çox vaxt xörək üstündə dava salırdı. Xəmir xörəyindən xoşu gəlmirdi.

Bu gün onun qanı elə məktəbdə qaralmışdı. Mirpaşa seminariyada təşkil olunmuş həvəskar artistlər dəstəsinin fəal üzvü idi. Bu yaxınlarda qərara almışdılar ki, iranlıların təzə açdıqları “İttihad” məktəbinin xeyrinə Nəcəfbəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını göstərsinlər. Həmin əsərdə ona Hacı Qəmbər rolunu vermişdilər. O da neçə gündü hazırlaşır, gecə də, gündüz də özünün Hacı Qəbmər olduğunu unutmurdu. Bu gün səhər məlum olmuşdu ki, indi o mənfi surəti yox, müsbət surəti Əşrəf bəyi oynamalıdır. Ona görə də qanı qara idi. Həm də bərk acmış, yorulmuşdu. Səbirsizliklə yemək gözləyirdi.

Maxviret onun səsini eşitcək analığına dedi:

– Deyəsən, yaman hirslidir, indi düşbərəni də görəndə lap özündən çıxacaq.

– Apar süfrəsini sən düzəlt, xətrini çox istəyir, bəlkə bir təhər razı sala bildin…

– Görüm də… – deyə on bir-on iki yaşlı qız əlində süfrə Mirpaşanın otağına gəldi, küncdəki bağlamaya maraqla baxdı, – bu nədir belə, ay Mirpaşa? – soruşdu.

– Divar kağızıdır, otağımıza çəkəcəyəm. Bax, gör xoşuna gəlir?

Maxviret kağız toplarından birinin qırağını cırıb baxdı: üstündə zərif zərli gülləri olan açıq çəhrayı rəngli kağızdır.

– Lap qiyamətdir, – dedi, – mübarəkdir. Paşa, bunu özün yapışdıracaqsan? Bacararsan?

– Nöş bacarmıram, Əli ilə köməkləşib yapışdırarıq. Deyirəm Seyid Hüseyn gələnəcən otağı təzələyək.

– Hə, yaxşı olar, – Maxviret bayaqdan bəri səmimi edən qardaşını indi əsəbləşdirəcəyini yəqin bilsə də ehtiyatla əsas mövzuya keçdi. – Paşa, – dedi, – sən allah hirslənmə, ancaq Bircəbacı bu gün düşbərə bişirib. Əgər istəmirsənsə nenə bu dəqiqə beş-altı dənə qutab eləyər səninçün, yaxşı? Döyülmüş ətdə var hə…

Qızın sözü ağzında qaldı, Mirpaşa əsəbləşib qışqırmağa başladı:

– Sizi görüm düşbərə qazanınız elə bir dəfəlik dağılsın!.. Gedin düşbərəni özünüz yeyin, qutabı da üstündən. Mən burda acından ölürəm, həm bundan sonra xanımlar mənimçün qutab bişirəcəklər… – o get-gedə səsini qaldırdı. – Lazım deyil mənə qutabınız. Get bir tikə qara çörək gətir, batırım duza, yeyim. Bu evdə bir dəfə də yaxşı xörək bişirən görmədim… – o hirsini soyutmaq üçün süfrəni boşqab-qaşıqla qarışıq dartıb yerə saldı.

Bu vaxt Kəblə Ələkbər evə gəlirdi. Hələ küçədən kiçik qaynının səsini eşidib qanı qaraldı. İçəri girən kimi arvadını danlamağa başladı:

– Uşaq lap yaxşı eləyir, qışqırır. Özünüzdədir təqsir. Bilirsiniz ki, bu adamın xəmir xörəyindən xoşu gəlmir, bişirməyin də. Ya da, nə çətin işdir bəyəm onunçün ayrı, özü istəyən xörəyi bişirmək? Gör evdə neçə nəfər arvad, qız var, ancaq bir uşağı yola verə bilmirsiz! Belə də iş olar? İndi də oturmusan yerində, başını bayıra çıxarda bilmirsən. Get cavabını ver də, nə dayanmısan burda?

Rübabə gedib qardaşını sakitləşdirməyə məcbur oldu.

– Ay Mirpaşa, – dedi, – sən allah, qara-qışqırıq salma! De, nə istəyirsən, onu bişirək də… Bundan sonra səhər evdən çıxanda nə istəyirsən, xəbər elə, get dərsə.

Mirpaşa bacısının dalınca içəri girən yeznəsini görəndə hirsi soyudu, ancaq incidiyini hiss etdirmək üçün dedi:

– Lazım deyil, əşşi, nə zəhmətdir verirsən özünə, mən elə duz-çörəklə də dolanaram…

Kəblə Ələkbər vəziyyəti belə görüb gərginliyi aradan qaldırmaq üçün zarafata keçdi:

– Arvad, gəl sən bundan sonra belə elə! On günlük siyahı tut. Məsələn, ayın birində küftə-bozbaş, ikisində parça-bozbaş, üçündə yarpaq dolması, dördündə kələm dolması, beşində nə bilim səbzi-plov… Qoy Mirpaşa bu siyahıya baxsın, istəmədiklərinin üstündən xətt çəksin, əvəzində özü istədiyi xörəyin adını yazsın. Onda sən də işini bilərsən, mən də bilərəm evə necə ət göndərim, Mirpaşa da razı qalar. Düz demirəm, oğul?

Mirpaşanın hirsi tamam soyudu, gülümsədi:

– Yaxşı məsləhətdir, – dedi, – razıyam, Bircəbacı, get siyahı tut, gətir baxım, sonra da onu mətbəxin divarından asarıq.

Maxviret aranın sakitləşdiyini görüb rahat nəfəs aldı, gəlib yavaşca qardaşının qoluna toxundu.

– İndi nə düzəldək səninçün, yoxsa doğrudan da, acından ölərsən.

– Suda iki dənə yumurta bişir, sirkə-badımcanla yeyərəm. Sonra da paltarlarımı hazırla, hamama gedəcəyəm.

Maxviret mətbəxə Rübabə ilə Kəblə Ələkbər də aşağı evə getdilər. Bir azdan Mirpaşa da gəlib pəncərədə oturdu.

Yeyib doymuşdu, üzü gülürdü. Elə bil bayaqdan hay-həşir salan o deyildi.

– Paltarlarım hanı, dedim axı hamama gedirəm?!

– Ala, hazırdır, – deyə Maxviret hamam boxçasını ona uzatdı.

– Səriyyə hanı?

– Yuxarıdadır, çağırım?

– Hə çağır, sizinçün əntiqə saplar almışam, – o cibindən zərif ağ sap yumaqlarını çıxardıb ortaya tökdü, – toxuyun, təmirdən sonra bizim pəncərələrimizə də təzə kurjevalı pərdə asarsız.

– Toxuyarıq, toxuyarıq, – deyə qızlar yaxınlaşıb sevinclə saplara baxır, aralarında bölüşdürürdülər.

Mirpaşa bacılarının sevincinə gülümsəyib boxçasını qoltuğuna vurdu, hamama getdi.

Axşam yatmağa hazırlaşan vaxt Kəblə Ələkbər aşağı düşüb Maxvireti həyətə çağırdı.

– Get nenəyə de, bir yuxarı çıxsın, Bircəbacı çağırır.

Maxviret atasının sifarişini nənəsinə deyəndə arvad hövlnak yerindən durub tələsik yuxarı getdi.

Rübabə hamilə idi. Axır günlər Mehinbanu onun qayğısına qalır, onu evdə iş görməyə qoymurdu. Neçə gündü qoca, dünyagörmüş qadın nigarançılıqla gözləyirdi. Pilləkənləri tez-tez çıxdığından və qorxudan ürəyi döyündü. Qapının ağzında ayaq saxlayıb özünü ələ alandan sonra içəri girdi.

– Hə, necəsən, bala? – dedi. Bu saat Əlini göndərərəm mamayçün. Heç qorxub eləmə… Ancaq, qızım, qabaqda səni böyük imtahan gözləyir, bu gecə, ya da, Allah qoysa, səhər üzü ana olacaqsan. Gəl sən qoca nənənin sözünə bax, ananla barış! Allaha da xoş gedər, doğanda səni çox incitməz. Belə vaxtda gərək adam hər şeyi bağışlasın… Həm də mənim kimi qoca qarıdan sənə nə kömək? Belə vaxtda qızın yanında ana olsa yaxşıdır. Gəl, daşı tök ətəyindən, qoy Xırdaxanımçün xəbər göndərək, gəlsin.

Seyid Hüseyn İrana yola düşən gün anası Tükəzbanı götürüb sevinə-sevinə onlara gəlmişdi. Yazıq arvad güman edirdi ki, övladlarının üçü də artıq onunla barışmışlar. Ancaq gözlədiyi kimi olmadı: Mirpaşa onu görcək həmişəki kimi heç bir söz demədən evdən çıxıb getdi, Rüabə isə üzünə baxmadı, onu dindirmədi.

İndi ağrı çəkən Rübabə canının qorxusundan nənəsinin dediyinə razı oldu. Mehinbanu səhərin açılmasını gözləmədi, gecə ikən Gülnisəni Məşədi Durnısa ilə Xırdaxanımın dalınca göndərdi. Bu xəbəri eşidən Xırdaxanım qulluqçusunu da götürüb qızının yanına tələsdi, onunla görüşüb ağladı, əl-ayağa düşdü.

Ertəsi gün saat on ikidə Rübabənin oğlu oldu.

Kəblə Ələkbər bütün gecəni Mirpaşanın otağında var-gəl edib cavan arvadının azad olmasını nigaranlıqla gözləmişdi. Vacib işi olduğundan səhər tezdən dükana getmişdi. Saat birdə Mirpaşanı onun yanına xəbərə göndərdilər. Mirpaşa gəlib gülə-gülə dükanın dalındakı balaca otağa keçdi. Kəblə Ələkbər qaynının güldüyünü görəndə ürəyi sakit oldu, ancaq heç nə soruşmadı, gözlədi ki, Mirpaşa özü bir söz desin.

– Muştuluğumu ver, Kəbleyi, oğlun oldu!

Kəblə Ələkbər sevinclə cibindən bir qızıl onluq çıxardıb ona uzatdı, güldü. Zarafat deyil, kişi birinci dəfə oğul atası olmuşdu. Əvvəlki arvadlarından nədənsə həmişə qızı olurdu.

– Paşa, evdə bir şey lazımdır görəsən? – soruşdu.

– Bilmirəm, Kəbleyi, gərək ki, yox, lazım olseydi, mənə deyərdilər, – Mirpaşa əlindəki pulu oynada-oynada küçəyə çıxdı.

* * *

Seyid Hüseyn Məşhəd səfərindən qayıdırdı. Gəmi sahilə yaxınlaşanda o, yoldaşı ilə birlikdə göyərtəyə qalxdı, sərnişinləri qarşılamağa gələnlərin içərisində özününküləri axtardı. Əvvəlcə adamların arasında hündür boylu, iricüssəli atalığını – Hacı Gülməmmədi gördü. Körpüyə ayağını qoyanda birinci ona yaxınlaşan da atalığı oldu. Əl verib görüşdü, üzündən öpdü.

– Xoş gəlmisən, yurduna oğlum, ziyarətin qəbul olsun! Necəsən, səfərin necə keçdi? – soruşdu.

– Çox sağ olun, ağa, yaxşıyam.

Kəblə Ələkbərgil də adamların arasından özlərinə yol açıb ona tərəf gəldilər, görüşdülər. Əli cəld Seyid Hüseynin şeylərini götürdü. Hacı Gülməmmədin işarəsi ilə nökər iri, kök bir qoçun buynuzundan darta-darta çəkib gətirdi. Seyid Hüseyn qoyunu bura kəsmək üçün gətirdiklərini başa düşəndə pərt oldu.

– Ağa, neynirsiz, lazım deyil! – dedi.

Kəblə Ələkbər ona yaxın gəlib qulağına pıçıldadı:

– Qayda belədir, oğlum. Qoy kişilər işlərini görsünlər, yoxsa, atalığını təhqir eləmiş olarsan…

Qoçu onun ayağının altında kəsdilər. Bu səhnəni görməmək üçün o, üzünü yana çevirdi. Hamı dəstə ilə faytonlara tərəf getdi. Hacı öz faytonuna minəndə birdaha Seyid Hüseyn və Kəblə Ələkbərlə görüşdü:

– Bilirəm, – dedi, – indi evə tələsirsiz. Amma sabah günortaya hamılıqla bizə təşrif gətirməyinizi təvəqqe eləyirəm…

Seyid Hüseyn faytondan boylanıb doğma Bakısının küçələrinə fərəhlə tamaşa edirdi. Gəzdiyi yad şəhərlər, qürbətdə gördüyü adamlar, ümumiyyətlə İranın yaşayış tərzi onu bezikdirmişdi. Əgər əvvəllər yaşadığı mühitdən, Bakının vəziyyətindən, xalqın geridə qalmasından, cavanların savadsızlığından, qadınların asılı vəziyyətindən narazı idisə, indi yolüstü Aşqabadda olarkən türkmən xalqının acınacaqlı yaşayış tərzi ilə tanış olduğundan, İranı gəzib, ordakıların gün-güzəranını gördükdən sonra özlərinin həyatına şükr edirdi. Doğrudan da, bəzi Şərq, Orta Asiya xalqları Azərbaycana nisbətən xeyli geridə qalmışdılar.

… Onlar evin qabağında hay-küylə faytondan düşdülər. Anası, bacısı, nənəsi, bibiqızları, xidmətçilər, yaxın qohumlar onu qarşılamağa küçəyə çıxmışdılar. Seyid Hüseyn hamı ilə görüşüb balaca Tükəzbanı qucağına götürdü, həyətə girdi. Burada Kəblə Ələkbər də onun ayağının altında bir qoyun kəsdi. Sonra yuxarı evə çıxdılar. Onun qayıtması münasibətilə səliqə ilə döşənmiş otaqda, kimi döşəkçələrin üstündə, kimi stullarda əyləşdi. Hamı Seyid Hüseyni dinləmək, səfər haqqında təəssüratlarını öyrənmək istəyirdi. Kəblə Ələkbər dedi:

Maşallah, yaxşılaşmısan, Hüseyn. Bir az kökəlmisən, rəngin-ruhun özünə gəlib. Deyəsən, İranın havası düşüb sənə. Hə, indi danış görək necə getdin, nə gördün oralarda?

Seyid Hüseyn gülümsəyib dedi:

– Düzünü bilmək istəsəz, Kəbleyi, səfər mən gözədiyim, təsəvvür etdiyim kimi keçmədi. Ancaq buna baxmayaraq getməyimdən razıyam. Əvvala, İranın din xadimlərinin, alimnüma mollalarının hərəkətlərindən, işləklərindən heç baş aça bilmədim. Xorasan kimi müqəddəs bir yerdə mollalar da ən nəcib, ən ağıllı, ən namuslu, islam millətinin qeydinə qalan şəxslər olmalıdır. Ancaq heyif ki, orda gördüklərim heç məni açmadı. Məsələn, götürək elə Məşhədin özünü. O boyda imam Rzanın məqbərəsi olan bu şəhərin məscidlərində müctəhidlər, mollalar, şeyxdən tutmuş adi süpürgəçiyə qədər hamı öz qazancını güdür. Ziyarətə gələnləri hərəsi bir cür soymağa çalışırlar. Hər tərəf çirkli, zibilli… Məscidlərin həyətindəki hovuzların yanından keçmək olmur. Üfunətdən burnunu tutub qaçırsan. Əxlaqsızlığı daha demirəm. Əşi, hansını deyim ey…

Kəblə Ələkbər diqqətlə qaynının sözlərinə qulaq asıb dedi:

– Bəlkə, sən orda iki-üç nadürüst mollaya rast gəlmisən, söz yox, ancaq buna görə bütün Məşhəd mollaları barədə pis fikrə düşmək düzgün deyil, oğlum. Yəqin ki, hamısı sən dediyin kimi pis olmaz!

– Vallah, Kəbleyi, iki-üç nəfər olsaydı nə vardı ki? Elə məsələ də ondadır ki, elələri həddən artıq çoxdur…

Kəblə Ələkbər söhbəti dəyişdirmək istədi: – Yaxşı sən elə pislərdən danışırsan, yəni heç xoşuna gələn bir şey görmədin orda?

– Vallah, Kəbleyi, bir elə sən deyən yaxşı şey görmədim. Mən ümumiyyətlə götürürəm, əlbəttə, varlılar yaxşı yaşayır. Ancaq əhalinin səksən faizi yoxsuldur, onların da hamısı savadsız… Nə isə… Yaxşı, indi siz deyin görüm Bakıda nə təzə xəbər var, mən olmayan vaxtda hansı yeniliklər baş verib?

Mirpaşa hamının əvəzinə qardaşına cavab verdi:

– Bir elə tezə xəbər yoxdur, hər şey gördüyün kimidir. Əgər ev-eşiyi xəbər alırsansa, sayımız çoxalıb: səkkiz nəfərdik, indi olmuşuq doqquz. Qardaş, Kəbleyini təbrik elə, oğlu olub!

Seyid Hüseyn yerindən durub yeznəsinin əlini sıxdı:

– A, təbrik eləyirəm, Kəbleyi, böyük oğlan olsun! Bəs bayaqdan mənə niyə demirsiz? Adını nə qoyduz?

Yenə də Mirpaşa cavab verdi:

– Kəbleyinin atasının adını qoymuşuq: Məmməd Rza!

– Lap yaxşı…

Əli samovar gətirdi, süfrə saldı. Seyid Hüseynin qayıtması münasibətilə bişirilmiş şəkərbura, paxlava, şor qoğalı düzdü süfrəyə. Çaydan sonra ortaya əla toyuqplovu gəldi.

* * *

Seyid Hüseyn qayıtdıqdan sonra Kəblə Ələkbərin təkidilə bir həftə evdə qalıb istirahət etdi. Bu günlərdə o əvvəlcə anasının, sonra başqa yaxın qohumların evinə qonaq getdi. Bundan başqa Mirpaşa və yaxın dostları ilə birlikdə ədəbi məclislərə də getdi, Bakının ictimai həyatı ilə tanış oldu.

Bir gün mövlud bayramı münasibətilə (hər yerdə, hər il təntənə ilə qeyd olunan çağın anadan olan günü) parlaman binasının böyük salonunda keçirilən məclisə getdilər. Məclisin sonunda məşhur milyoçu Hacı Zeynalabdin Tağıyev xitabət kürsüsünə qalxıb salona toplaşanlara belə bir xəbər verdi:

– Ağalar bildiyiniz kimi, Bakı şəhər idarəsi, Qapan dibi bazarının yerində məscid binası tikmək üçün oranı Bakı müsəlmanlarına vermişdi. Ancaq nədənsə bu vaxta qədər məscidin tikilməsi təxirə salınıb. Qapan dibinin istifadəsiz qalması üçün bu yaxınlarda təşkil edilmiş müsəlman cəmiyyəti-xeyriyyəsi bu yerin sahibi olub, onu xırda alverçilərə icarəyə vermişdi. Bildiyiniz kimi Qapan dibi bazarı indi Şeytanbazar adı ilə məşhurdur.

Camaat, qərara alıb ki, Şeytanbazarda məscid əvəzinə cəmiyyəti-xeyriyyə üçün bir bina tikilsin. Həmin binanın xərcini bütünlüklə, bu gün bu məclisimizdə iştirak edən Musa Nağıyev cənabları öz öhdəsinə götürmüşdür. O, mərhum oğlu Ağa İsmayılın xatirəsini yad etmək üçün bu binanı müsəlmanların cəmiyyəti-xeyriyyəsinə ehsan və ianə kimi tikdirib bəxşiş verir və adını da “İsmailiyyə” qoymaq istəyir!

Məclisə toplaşanlar bu xəbəri alqışlarla qarşıladılar. Məclis dağılışanda Seyid Hüseyngil tikilməsi nəzərdə tutulan “İsmailiyyə” binasının divardan asılmış planına və şəklinə tamaşa etdilər. Bu bina öz möhtəşəmliyi, gözəlliyi və əzəmətilə Bakının bütün başqa binalarından seçiləcəkdi.

… Seyid Hüseyn köhnə işinə, “Tazə həyat” qəzeti redaksiyasına qayıtdı, həvəslə işləməyə başladı. İndi o, şagirdlikdən ustalığa keçmişdi. Maaşı ikiqat artıb iyirmi səkkiz manat olmuşdu. Cavan usta hər şeylə maraqlanır, çoxlu mütailə edir, şəhərin həyatında baş verən hər bir kiçik hadisəyə belə diqqət yetirirdi. Sorağını eşitdiyi “İsmailiyyə” binasının inşasına dair təzə xəbərləri müntəzəm izləyirdi.

Bir gün o, utana-utana işlədiyi qəzetin sahibi – imtiyazı və müdiri Haşım bəy Vəzirovun yanına gəldi. Müdir onu gülərüzlə qarşıladı.

– Buyurun, nə sözünüz var? – soruşdu.

Seyid Hüseyn qapı ağzında dayanıb tərəddüdlə müdirə baxdı, astadan dilləndi:

– Ağa, mən azsavadlı bir mətbəə işçisiyəm. Ədəbiyyat və yaradıcılıq haqqında hələ heç bir şey bilmirəm. Amma buna baxmayaraq bir hadisə məni çox mütəəssir etdiyi üçün kiçik bir hekayə yazmışam, onu sizə göstərmək istəyirəm.

Müdir əlyazmasını aldı, eynəyini taxıb oxumağa başladı. Seyid Hüseyn qapı ağzındakı stullardan birində oturmuşdu. Həyəcanla müdirin üzünün ifadəsinə baxır, səbirsizliklə onun nə deyəcəyini gözləyirdi. Nəhayət, müdir yazını oxuyub başını qaldırdı:

– Nə olar ki, azsavadlısan, ancaq hekayən pis yazılmayıb. Qəzetimizdə çap edərik. Əgər yazmağa belə həvəsin varsa, yaz, heç nədən də utanıb çəkinmə. Maksim Qorki də vaxtilə azsavadlı bir işçi olmuşdu. Amma indi bütün Rusiyada məşhur bir ədibdir, – dedi.

Seyid Hüseyn təşəkkür edib otaqdan çıxdı. Sevincək evə gəldi. Evdəkilərə hələ bu barədə bir söz demədi. İntizarla ilk hekayəsinin qəzetdə dərc olunmasını gözlədi.

Bu hadisədən bir həftə sonra, noyabrın axırlarında bir gün Mirpaşa kefi kök halda küçə qapısını döydü. Qapını açan nökərdən soruşdu:

– Əli, Kəbleyi evdədir?

– Bəli, ağa, elə indicə gəlib.

O paltosunu, papağını həyətdə soyunub Əliyə verdi, özü yuxarı çıxdı. Kəblə Ələkbərlə Rübabə yerdə oturub çay içirdilər.

– Xeyir ola, Paşa, yenə niyə gülürsən? Allah bilir, məktəbdə nə hoqqa çıxarmısan ki, kefin belə kökdür, – deyə Kəblə Ələkbər yanında oturmağa ona yer göstərdi.

Mirpaşa bardaş qurub oturdu, cibindən bir qəzet çıxartdı.

– Siz bilən bu qəzetdə nə var?

– Yəqin, nəsə yaxşı xəbər var ki, belə bic-bic gülürsən.

Rübabə qəzeti ondan alıb baxmaq istədi. Mirpaşa bacısına yox, yeznəsinə uzatdı qəzeti.

– Kəbleyi, al bu səhifəni oxu, gör nə yazıblar və kim yazıb.

Kişi qəzeti alıb eynəyini taxdı, diqqətlə başlıqları nəzərdən keçirdi, maraqlı yazı tapmayıb, təəccüblə Mirpaşaya baxdı. Rübabə qəzeti əlindən alıb, göz gəzdirdi, üzü güldü, ürəyində oxumağa başladı. Kəbleyinin hövsələsi daraldı:

– Əşi, bərkdən oxu görək, nə var orda…

– Kişi, bax gör burda nə yazılıb?

Kəblə Ələkbər kiçik hekayənin altındakı imzanı oxudu: “Seyid Hüseyn Sadıqzadə”. Güldü.

– Afərin! Gör a, bizim heç xəbərimiz yox, kişinin oğlu əməlli-başlı hekayə yazıb ki!

– Kəbleyi, bu hekayədən qabaq bir-iki dəfə məqalə də yazıb, – deyə Mirpaşa bir növ fəxrlə dilləndi.

– Haçan, harda, nədən yazıb?

– İrana getməmişdən qabaq. Onda üç-dörd yoldaş “Bəhlul” adında bir gülməli məcmuə çıxardırdılar. Orda yazmışdı, məcmuənin birinci nömrəsində…

Kəblə Ələkbər qəzeti arvadına verib dedi:

– Sən yaxşı oxuyursan, bərkdən oxu, qulaq asaq.

Qızları da çağırdılar. Hamı yerini rahatlayandan sonra Rübabə aramla, aydın tələffüzlə hekayənin sərlövhəsini oxudu: “Ata və oğul…”

Hekayə hamının xoşuna gəldi. Kəblə Ələkbər dedi:

– Daha Seyid Hüseyndən arxayınam. Deyəsən, o öz yolunu tapıb. İnşallah, axıracan da gedər bu yolla… Rübabə, indi onu evləndirmək vaxtıdır. Rəhmətlik Seyid Sadıq Səriyyəni tutmuşdu nəzərində onunçün. Deyirdi göbəkkəsməsidir… – Səriyyə bu sözləri eşidəndə qızardı, kələğayısını bir az da gözünün üstünə çəkdi, – ancaq qardaşın deyir, Səriyyə mənim bacımdır, biz bir yerdə böyümüşük, oynamışıq… Qoy deyir, məndən yaxşısına getsin xoşbəxt olsun. İndi, arvad, Səriyyə olmasın, bir başqası olsun, gərək onu evləndirək.

– Biz ona neçə dəfə qız göstərmişik, heç birini bəyənməyib, hərəsinə bir qulp qoyub. Həm də deyir, hələ tezdir.

– Tez-zad deyil, elə əsl vaxtdır, iyirmi iki yaşı var…

Mirpaşa yerində qurcalanıb söhbətə qarışdı:

– Ay Kəbleyi, vallah özünüzü cəncələ salırsız, – dedi. – Yaxşı, elə bil evləndirdin onu. Tutalım ki, bax elə mən Seyid Hüseynin arvadıyam, gəlmişəm, oturmuşam onun qabağında, – o tez rola girib özünü utancaq bir təzə gəlin kimi göstərərək döşəkcənin bir küncünə qısıldı. Rübabə ilə qızlar onun belə məharətlə özünü təzə gəlinə oxşatmasına gülüşdülər, – hə, nə olsun? Gəlin utanıb danışmayacaq, Seyid Hüseyn də bilirsiz ki, dindirməsən danışan deyil. Nə vaxtacan ağızlarına su alıb oturacaqlar, hə? Ona görə də deyirəm ki, boş yerə özünüzə zəhmət verib qız-zad axtarmayın. Ondan evlənən olmaz!

– Necə yəni olmaz? Sən allah, onun yanında belə söhbətləri eləmə! Qoy görək, onu yola gətirmək əvəzinə, belə sözlər danışsan, doğrudan da, evlənməz.

– A kişi, uşaq-zadam bəyəm? Heç elə şeyi onun yanında danışaram? Amma mən bildiyimi bilirəm. Onu hamınızdan yaxşı mən tanıyıram. Hər halda belə tezliklə evlənən deyil, bəlkə bir beş-altı ildən sonra…

– Əşi, beş-altı il nədir, indidən qulağını doldurmalıyıq ki, bəlkə, bir-iki ilə toy eləyə bilək, Allah qoysa…

– Nə deyirəm, təki siz deyən olsun, – deyib Mirpaşa ayağa qalxdı və bayaqdan bəri səssiz-səmirsiz qapı ağzında dayanıb onların özü haqqındakı söhbətlərinə diqqətlə qulaq asan Seyid Hüseyni gördü, güldü, – a, adını çək, qulağını bur… Kəbleyi, budur qabağındadır, başla qulağını doldurmağa, mən getdim.

Mirpaşa qapıda ayaq saxlayıb bacılarına dedi:

– Əgər səhv eləmirəmsə, bu gün küftə-bozbaş günümüzdür, kim verəcək bu gün xörəyimi? Maxviret, dur ayağa, sən hamıdan zirəksən. Bayaqdan başımız qarışıb Seyid Hüseynin hekayəsinə, aclıq da yadımdan çıxıb…

Hələ də qapının yanında ayaq üstə durmuş Seyid Hüseynin yanından keçəndə sifətinə ciddi ifadə verib dedi:

– Hüseyn, təbrik eləyirik, hekayəni oxuduq, bəyəndik…

Kəblə Ələkbər də onu səmimiyyətlə yanına çağırdı:

– Gəl otur, söhbət eliyək, – dedi.

Seyid Hüseyn güldü:

– Kəbleyi, bayaqki söhbətləri təkrar eləmə, hamısını eşitdim.

– Lap yaxşı, de görüm, bunlardan özünçün bir nəticə çıxartdın?

– Nə tələsiklikdir ki, vaxtı gələr, nəticə də onda çıxardaram.

– Elə vaxtı gəlib çatıb, bala. Mən ciddi deyirəm.

Seyid Hüseyn söhbəti dəyişmək üçün mövzu axtardı. Ətrafına baxıb təəccüblə bacısından soruşdu:

– Məmməd Rzanı görmürəm, hardadır uşaq?

– Aşağıdadır, nenənin yanındadır.

Seyid Hüseyn ayağa qalxdı:

– Gedim mən də aşağı, çörəyimi yeyim, – deyə otaqdan çıxdı.

* * *

1909-cu ilin payız fəsli idi. Bir dəstə arvad İçərşəhərdəki “Ağa Mikayıl” hamamından çıxdı. Bayaqdan qapı ağzında dayanıb gözləyən nökər tez xalça-boğçanı, satılı onlardan alıb yola düzəldi. Başına dama-dama çarşab örtmüş on dörd-on beş yaşlı Maxviret kiçik bacısı Kübranın əlindən tutub qabaqda gedirdi. Dallarınca Səriyyə, Rübabə, Nisəxanım və Gülnisə gəlirdilər. Onlar bir-iki döngə burulub evə çatdılar.

Mehinbanu dünən hamam yiyəsinə nökərlə xəbər göndərmişdi ki, saat ikiyəcən hamamı onların ixtiyarına versin. Səhər tezdən Əli xanımların şeylərini hamama gətirib, onun geniş səkisi üstündə xalça döşənmiş, pal-paltarı qoyub getmişdi. O, ikinci dəfə, qabaqca çimdirdikləri uşağı, üçüncü dəfə isə şeyləri aparmağa gəlmişdi.

Hamamdan qayıdanlar həyətə girib soyundular. Maxviret çar-hovuzun kənarında tanış su bardağını görüb öz-özünə deyindi: “Ey, genə gəlib!..” Sonra saymazyana hovuza yaxınlaşıb hirslə bardağa bir təpik vurdu. Bardaq sındı, suyu küçə qapısına axdı. Çarşabını təzəcə başından açmış Rübabə balkondan bunu görəndə tərs-tərs qıza baxdı, barmağı ilə onu hədələdi. Səsə içəridən ortayaşlı bir qadın çıxdı.

– Vur qızım, eybi yoxdur, vur sındır, qadovu alım… mən incimirəm, təki bardaqlarımın hamısı elə sənin əlində sınsın. Mənim üzüm bərkdir, nə qədər acığını bardağıma töksən də, yenə gələcəyəm.

Rübabə Maxviretin bu hərəkətini ört-basdır etmək istədi:

– Püstəbacı, sən allah bağışla, bilmədi, qızın ayağı ilişdi… Bu saat gedəyə deyərəm, səninçün evinə su aparar, – deyə bardağın sınıqlarını həyətdən yığışdırmağa başladı.

– Eybi yoxdur, qonşu, təki sınan elə bardaq olsun, – Püstə bacı mətbəxin qapısında dayanmış Maxviretə sarı getdi, – həmişə təmizlikdə, ay gəlinim, gəl bir öpüm səni…

Maxviret arvadın sözlərindən lap dilxor oldu, dilucu “sağ ol” deyib onun yaxınlaşmasını gözləmədən mətbəxə keçdi. Arvadın əlləri havada qaldı. O heç kefini də pozmadı.

– Yaxşı, incimə görək, çıxıb gedirəm, heç olmasa, gəl o sandığın üstündən çarşabımı ver mənə, – dedi.

Qız çarşabı gətirib onun üstünə atdı. Arvad gülümsədi, çarşabını ikiqat başına salıb həyətdən çıxdı. Rübabə qonşunun qapıdan uzaqlaşmasını gözlədi, sonra Maxvireti danladı:

– Bu nə oyundur, ay qız? Heç utanmırsan, gör neçənci bardaqdır, sındırırsan? Axı neçə ilin qonşusuyuq, ayıbdır…

– Deginən ona, bir də bizə gəlməsin, neçə dəfə demişəm ki, məndən ona gəlin olmaz! Getsin, öz tayını tapsın, elə bircə korumuz əksikdi…

Püstəbacının oğlunun bir gözünə uşaq vaxtı ağacın budağı batmışdı. İndi həmin gözü həm zəif görür, həm də zədə yeri bilinirdi. Ona görə də oğlan eynək taxırdı.

Rübabə qıza nəsihət verməyə başladi:

– Mən qonşuya necə deyim, daha bizə gəlmə?! İstəmirsən, istəmə, daha bununçün dava eləmək niyə lazımdır? Bu saat səni zorla onun oğluna vermədilər ki? Hər kimdir, səndən böyükdür, yaşlı arvaddır. O necə çarşab verməkdir? Bilmirsən ki, çarşabı gətirib hörmətlə qonağın çiyninə salarlar? İndiyəcən ondan həmişə mehribançılıq, dostluq görmüşük, həmişə aramızda hörmət olub. İndi nöşün incidək onu özümüzdən? Bir də, qoy hələ görək atan nə deyir, o da razı olmasa, onda nenə onu başa salar.

Maxviret dinmədi. Bir azdan Gülnisə qaynar samovar içəri gətirib süfrə saldı, hamı çay içməyə başladı. Rübabə altı aylıq ikinci oğlunu – Məmməd Tağını əmizdirib Gülnisəyə verdi, özü mətbəxə getdi. Qapıdan gircək təzə bişmiş təndir çörəyinin iyi onu vurdu. Təndirin yanında təmiz süfrənin üstündə qatarla düzülmüş isti çörəklərin birindən bir tikə qopardıb ağzına atdı. Həftədə bir dəfə çörək yapmağa onlara gələn qonşu qadın ərsinlə tabağın xəmirini qaşıyırdı.

– Rübabə xanım, çörəklər necədir? – soruşdu.

– Lap qiyamətdir! Çox sağ ol, Pakizə bacı. Evə gedəndə uşaqlarçün isti çörək aparmaq yadından çıxmasın.

– İki çörək kut gedib, elə onları aparsam, bəsimizdir.

– Yox, yox, yaxşılarından da apar, – Rübabə iki yaxşı bişmiş çörəyi dəsmala büküb arvadın zənbilinə qoydu, sonra otaqda qaynayan qazanın qapağını açdı, xörəyin dadına baxdı, Maxvireti çağırdı:

– Kübraya de, qaşıqları, qabları hazırlasın, özün də gəl sirkə-badımcan çıxart, göy-göyərtini düzəlt. Bu saat atan, qardaşların gələcəklər ki, vay, acından öldük…

Maxviret ona tapşırılan işi görə-görə deyindi:

– Bu saat, Kübra elə mənim deməyimə bənddir, nə lazımdır, durub hamısını gətirəcək, – o kiçik bacısının tənbəlliyini bilirdi – bilmirəm bu qız nə vaxtacan günü oynamaqla keçirdəcək?

– Fikir eləmə, o hələ balacadır, böyüyəndə eləyər. Bir də siz onu dilə tutmağı bacarmırsız.

– Ay Bircəbacı, bizi bəyəm dilə tutub iş buyurursuz? Mən ondan balaca vaxtımda da evdə iş görürdüm, nə deyirdilər, o saat eləyirdim.

Rübabə onu təriflədi:

– Səndən olmaz ey, maşallah, bir dənəsən!

…Yeməkdən sonra Rübabə ilə Kəblə Ələkbər yuxarı çıxdılar. Kişi adəti üzrə mütəkkəyə dirsəklənib özü ilə gətirdiyi qəzetləri cibindən çıxartdı:

– Gəl otur, arvad, danış görək, nə var, nə yox? Hamama getdiz?

– Hə, getdik. Bir təzə xəbər yoxdur… hə, yadıma düşdü. Bu gün Maxviret yenə də yazıq Püstəbacının bardağını vurub sındırdı. Deyir, bir də bizə gəlməsin. Sən də Ələkbər, birdəfəlik fikrini de, bu məsələni həll eləyək, qurtarsın, getsin.

– Rübabə, doğrusu, Nisədən sonra mən daha qız verməyə qorxuram. Həm də axı Maxviretdən qabaq Səriyyə var. Tələsmək lazım deyil, onun on dörd yaşı hələ təzə tamam olub. Bir də deyirəm, Seyid Hüseynlə məsləhətləşək. O vaxt Nisəni verəndə onun sözünə baxmadıq. Uşaq dedi mənə ki, Kəbleyi, tələsmə, qoy oğlanın özünü, ailəsini yaxşı-yaxşı öyrənək, sonra razılığını ver. Elə düz də deyirdi, o vaxt qulaq asmadıq ona, böyük səhv elədik, Nisənin qaynanası Meyransanın şirin dillərinə aldandıq, verdik, indi də altını çəkirik.

– Onda elə indi Seyid Hüseyni çağırım danışaq, Səriyyənin məsələsini də birdəfəlik həll eləyək. Özün deyirsən ki, Ağakazım neçə dəfə dükana gəlib səndən cavab istəyib.

– Hə,hə, get gör əlində vacib işi yoxdursa, bir yuxarı çıxsın.

…Seyid Hüseyn içəri girəndə Kəblə Ələkbər ona oturmağa yer göstərdi.

– Hüseyn, gəl görək, söhbətimiz var səninlə – dedi – Rübabə, danış qardaşınçün, yəqin ki, bu işlərdən onun xəbəri yoxdur.

Rübabə söhbətə sualla başladı.

– Hüseyn, sən Ağa Kazımın pirkeşiyi (prikazçiki) Əlipaşanı tanıyırsan?

– Hə, tanıyıram, necə bəyəm?

– Bacım Şərəbanı xanım bizim Səriyyəni onunçün almaq istəyir, – Kəblə Ələkbər onu başa saldı, – deyir, yaxşı oğlandır, çoxdan bizdə işləyir, hər xasiyyətinə bələdəm.

Seyid Hüseyn bir qədər fikirləşib dedi:

– Hə, düz deyir, yaxşı oğlandır. Savadlıdır, ağıllıdır, işgüzardır. Elə Ağa Kazım da onunla dostdur. Bir yerdə fars dilini öyrəniblər, iki il xüsusi müəllimdən dərs alıblar. Bir yerdə xaricə, gəzməyə gediblər, altı ay Parijdə qalıblar… Özü də çox oxuyur, dünyagörüşünü artırır, hərdən şer, mənzum hekayə də yazır, çap olunur…

Kəblə Ələkbər diqqətlə qulaq asırdı:

– Neçə yaşı var, bilmirsən? Ailəsi necədir, kimi var?

– Məndən iki yaş böyükdür, deyəsən. Anası yoxdur, atası, iki qardaşı ilə olur. İçərişəhərdə Ətağagilin evlərindən bir az yuxarıda mülkləri var.

– Yaxşı, bu işə sən necə baxırsan, nə deyirsən, Səriyyəni verək ona?

Seyid Hüseyn təəccüblə yeznəsinə baxdı:

– Kəbleyi, məndən nöş soruşursan? Siz özünüz nenə ilə, Rübabə ilə fikirləşin, məsləhət bilirsizsə, verin, mən kiməm ki?

– Yox, elə demə. Nisəni verəndə sənin sözünü qulaq ardına vurduq, axırda da belə oldu. Sən bu evin böyük oğlusan, özü də ağıllı, dərrakəli oğulsan. Əlipaşanı da yaxşı tanıyırsan. Əgər dediklərindən başqa onun bir pis əməli yoxdursa, mən ona qız verməyə razıyam.

– Yox, yox, heç bir pis əməli-zadı yoxdur.

– Onda qərara aldıq. Bu biri, indi, Rübabə, keç ikincisinə.

– Hüseyn, Maxvireti də qonşumuz Püstəbacı, oğlu üçün istəyir.

– Ay balam, Maxviretin neçə yaşı var ki, indidən vermək istəyirsiz? Kəbleyi, acığına gəlməsin, heç qızlara savad öyrətmək yadınıza düşmür, amma ərə verməyə tələsirsiz.

Rübabə tez dedi:

– Yox ey, biz verməyə tələsmirik. Püstəbacı özü tez-tez gəlib başımızı dəng eləyir. Maxviret də hər dəfə onu görəndə hirslənir. Neçə dəfə vurub bardağını sındırıb.

– Lap əcəb eləyib sındırıb. Əvvala, onun hələ yaşı azdır. İkincisi də, heyif deyil, o cür qızı kəmsavad, peşəsi, sənəti olmayan bir adama verəsiz?

Kəblə Ələkbər əlini qaynının çiyninə vurdu.

– Deməli, bu məsələni də həll elədik. Rübabə, Püstəbacıya birdəfəlik rədd cavabı verin, qurtarsın getsin. Hüseyn, ağıllı məsləhətin üçün çox sağ ol, oğul. Dur get işinə, vaxtını aldıq…

Bu vaxt aşağıdan döşəməni döyəclədilər. Rübabə də qalxıb qardaşı ilə aşağı düşdü. Kiçik oğlunu əmizdirmək vaxtı idi

* * *

Seyid Hüseyn ilk hekayəsinin dərc olunmasından hədsiz dərəcədə sevinmişdi. Onun yazmaq həvəsi gündən-günə artırdı. Bir tərəfdən müdiri Haşım bəy Vəzirovun onu ruhlandırması, digər tərəfdən Bakının həyatındakı mühüm hadisələr onu yazmağa həvəsləndirirdi.

İrana səfəri zamanı gördüyü yerlər, rast gəldiyi adamlar barədə də xeyli qeydlər eləmişdi. İndi, birinci növbədə həmin qeydlərini sahmana salıb nəşr etdirmək istəyirdi. Ancaq özünə inanmırdı. Yazdıqlarının nə dərəcədə maraqlı və oxunaqlı olduğunu yoxlamaq üçün onu əvvəlcə Mirpaşaya göstərdi. Qardaşı oxuyub bəyəndi.

– Lap yaxşıdır, – dedi, – ver, qorxma, çap eləyərlər. Özün bilirsən ki, səfər təəssüratlarını, yol qeydlərini oxumaq həmişə maraqlı olur. Elə bilirsən ki, özün həmin yerlərdə olmusan. Sənin xatirələrində bir kəlmə də olsun yalan, qondarma söz yoxdur…

Seyid Hüseyn Mirpaşanın sözlərindən ürəklənib “Məşhəd xatirələri”ni “Tazə həyat” qəzetinə verdi. 1908-ci ilin iyun ayından başlayaraq onu hissə-hissə qəzetin bir neçə nömrəsində çap etdilər. O, artıq özünə inanmağa başladı. Yazmağa həvəsi artdı, hiss etdi ki, bundan sonra yazacağı məqalələr stolunun üstündə yatıb qalmayacaq, hansı qəzetdəsə nəşr olunacaq.

Yaşı az olsa da, xalqının qayğısına qalır, onun hərtərəfli inkişaf edib başqa millətlərin, xüsusən, Avropa xalqlarının mədəni səviyyəsinə çatmasını arzulayırdı. Bu vaxtacan bu arzunun həyata keçirilməsi üçün əlindən bir iş gəlməmişdi. İndi qələmi ilə xalqına kömək etmək əzmində idi.

Seyid Hüseyn hər şeylə maraqlanırdı: uşaqların, gənclərin, xüsusilə, qızların təlim-tərbiyəsi, ümumiyyətlə, bütün Azərbaycan xalqının savadlanması, yoxsullara kömək, qadınların kölə vəziyyəti, din xadimlərinin avam camaatın başına açdıqları müsibətlər, Dumaya seçilən deputatların satqınlığı, qəzet və məcmuələrin imlası, tərtibatı və s… Bütün bu məsələlər barədə o, “Tazə həyat”, “Tazə xəbər”, “Yeni İrşad”, “Həqiqəti-əfkar” və başqa qəzetlərdə tez-tez öz yazıları ilə çıxış etməyə başladı.

* * *

Artıq Seyid Hüseynin əli qazanca çatmışdı. O, get-gedə mətbuat aləminə daha çox alışır, görkəmli yazıçılarla, şairlərlə tanış olurdu. Evdəkiləri narahat etməmək və bir qədər sərbəst olmaq üçün o, kənarda tək yaşamaq qərarına gəlmişdi.

1910-cu ildə Nikolayevski küçəsindəki Hacı Hacıağa karvansarasında bir otaq kirayə edib ora köçdü. Bu karvansara təkcə bakılılara yox, bütün Şərq aləminə məlumdu. Çünki Qafqazın başqa şəhərlərindən Məşhədə ziyarətə gedənlər mütləq Bakıdan keçməli və ən münasib yer olan bu karvansarada bir-iki gün qalmalı olurdular. Türküstanda, Buxara və Xivə xanlıqlarında, türkmən çöllərində yaşayan bütün hacılar buranı tanıyırdılar. Bu hacıların əksəriyyəti müsafir sifətilə Hacı Hacıağa karvansarasından qalmış, onun divarları arasındakı ocaqlarda, çuğun aftabada çay qaynatmışdılar.

Karvansaradakı otaqlar, ümumiyyətlə, üç növə ayrılırdı. Bunların bir qismi mehmanxana idi. Burada mehmanxanaya lazım olan hər növ əşya vardı. İkinci qismi Bakıda yaşayan bəzi evsizlərə aylıq kirayə verilirdi. Üçüncü qismi isə yolcu sifətilə Bakıda bir-iki gün qalmağa məcbur olan, lakin xeyli baha qiymətə verilən mehmanxanada yaşamağa imkanı olmayan kasıb zəvvarlara və müsafirlərə verilirdi.

Seyid Hüseyn aylıq kirayə verilən otaqlardan birində qaldı. Bura onun üçün hər barədə əlverişli idi. İçərişəhərə və işlədiyi yerə yaxındı, istədiyi vaxtda dost-tanışı dəvət edə bilirdi və heç kəsə mane olmadan mütaliə edib yazı-pozu ilə məşğul olurdu.

Küləkli qış axşamlarının birində Seyid Hüseyn otağının pəncərəsi qabağıda dayanıb nə edəcəyi barədə fikirləşirdi.

Məhərrəm ayı idi. Bu gün cümə axşamı olduğundan karvansaranın geniş həyətində təziyyə məclisi keçirilirdi. Bura toplaşan adamların qalmaqalından və mollanın ucadan oxuduğu mərsiyələrdən diqqətini bir yerə cəm edə bilmir, yarımçıq qalmış maraqlı kitabını belə oxumağa həvəsi gəlmirdi. Darıxdığından otaqda gəzişməyə başladı. Bu vaxt kimsə qapısını döydü.

– Buyurun, gəlin, açıqdır, – deyə o sevinclə qapıya tərəf getdi, demək axşamı tək keçirməyəcəkdi. İçəri daxil olanları görəndə sevinci bir az da artdı. Gələnlər, şəxsiyyətinə böyük ehtiram bəslədiyi, şeirlərini əzbərlədiyi, Azərbaycanın gözəl şairi Sabir əfəndi ilə mürəttib yoldaşı Mirhüseyn Abdullayev idi.

Seyid Hüseyn qonaqları hörmətlə qarşılayıb oturmağa yer göstərdi. Sabir dedi:

– Yox, biz sənin yanına oturmağa gəlməmişik, məclisə gəlmişik. Dur, sən də bizimlə aşağıdakı təziyyə məclisinə gedək.

Bugünkü təziyyəni qarabağlılar verirdilər. Onların içərisində Seyid Hüseynin heç bir tanışı yoxdu. Ona görə getmək istəmədi:

– İndi gecdir, – dedi, – oturmağa yer tapa bilməyəcəyik.

– Bəs necə olsun? Axı mən bu gecə məhərrəmlik məclisində oturmaq istəyirəm…

… Sabir Şamaxıdakı dükanını 1907-ci ildə bağlayıb, başqa bir işlə, əsasən, müəllimliklə məşğul olmaq istəmişdi. Üç ildə Şamaxıda özünə bir iş tapa bilməyib bu ilin əvvəlində Bakıya gəlmişdi. Müəllimlik vəzifəsinə keçmək üçün şəhər idarələrinə müraciət etməyə, müxtəlif adamlara yazmağa başladı. Ancaq Şamaxı kimi hər cəhətdən geridə qalan bir mühitdə deyil, Bakı kimi öz zamanı üçün maarifpərvər və ziyalıların mədəni mərkəzi olan şəhərdə də Sabiri qiymətləndirmədilər. İstədiyi vəzifəni ona vermədilər. Sabir tamamilə işsiz qalmamaq üçün məcbur olub Haşım bəy Vəzirovun mətbəəsində çalışan fəhlələrlə, mürəttiblərlə, o cümlədən, Seyid Hüseynlə də yaxınlıq etdi, onların qayğısına qaldı, Haşım bəy Vəzirovun bu gəncləri istismar etməsindən, onlara az maaş verməsindən narazı olduğunu hamıya bildirirdi.

Nəhayət, bir neçə aydan sonra Sabirə Balaxanı kənd məktəbində şərait yaradıb və fars dili müəllimliyi vəzifəsi verildi. O mətbəədəki işini buraxıb Balaxanıya getdi. Orada o, tək yaşayırdı. Ailəsi Şamaxıda idi. Hər dəfə də gələndə əvvəlki mürəttib dostları ilə görüşürdü. Bu gün birinci dəfə Seyid Hüseynin mənzilinə də gəlmişdi.

… Seyid Hüseyn hörmətli şairin arzusunu yerinə yetirmək üçün belə bir təklif irəli sürdü.

– İndi ki, siz bu gecəni təziyyə məclisində keçirmək istəyirsiz, onda gəlin iranlıların təkyəsinə gedək, – dedi.

1905-ci il inqilabından sonra Bakıda yaşayan İran tacirləri “Əncüməni-İttihadi-İraniyan” adlı bir təşkilat düzəltmişdilər. Bu adla bir məktəb də açmışdılar. Hər il məhərrəmlikdə burada 10 gün dərslər kəsilir, məktəbin binasında təziyyə saxlanırdı.

Sabir gülümsəyib soruşdu:

– Səbəbi nədir ki, sən hazırca qulağının dibindəki təziyyəni burada qoyub bu soyuqda iranlıların təkyəsinə gedirsən?

– Səbəbi odur ki, qarabağlıların, şamaxılıların, yaxud bakılıların məclisində təzə bir şey eşitmək mümkün deyil. Mərsiyaxanalar həmişə eşitdiklərimizi bir də təkrar edirlər. Amma iranlılarda təzə bir vaiz peyda olub. Çox maraqlı adamdır. Deyirlər, o oxuduğu mərsiyələrin mövzusunu dəyişib müasirləşdirir. Çox vaxt camaatı Kərbəla faciəsinə deyil, Məmmədəli şahın İranda törətdiyi zülmlərə ağladır, xalqı intibaha, məktəbə, maarifə çağırır. Eşitmişəm ki, Bakıya bu il gələn həmin vazir İranın tərəqqipərvər və gözüaçıq ziyalıları arasında böyük hörmət qazanıb. Onun minbərdən dediyi acı töhmətləri hamı həvəslə dinləyir, ondan heç kim incimir.

Sabir dostunun söylədiklərinə diqqətlə qulaq asırdı.

– Maraqlıdır. Yaxşı, gedək görək bu vaiz nə deyir…

Onlar “İttihadi-İraniyan” məktəbinə getdilər. Burada Seyid Hüseynin atası təbrizli, anası şamaxılı olan Məşədi İsmayıl Xəyyat adlı bir dostu vardı. Zarafatcıl bir gəncdi. Maarif xadimlərinə, mətbuat işçilərinə rəğbət bəsləyirdi.

Seyid Hüseyn adamların arasında Məşədi İsmayılı axtarıb tapdı, qonaqlarını onunla tanış etdi. Məşədi İsmayıl əsərlərini sevə-sevə oxuyurdu, qiyabi də olsa özünü çox sevdiyi məşhur Azərbaycan şairi ilə şəxsən tanış olmağına görə Seyid Hüseynə öz minnətdarlığını bildirdi. Onları minbərə yaxın bir yerdə, öz yanında oturtdu. Yerini rahatladıb hörmətlə Sabirə baxdı, gülümsədi, Seyid Hüseynə göz vurdu.

– Bu gecə aşnamız Ərdəbillinin atası yanacaq, – dedi.

Sabir maraqla soruşdu:

– Bu yazıq Ərdəbilli kimdir və neyləyib ki, indi də atası yansın?

Məşədi İsmayıl həvəslə Ərdəbilli haqqında məlumat verdi:

– Tacirdir, dəniz qırağındakı “Çuxur” karvansarasında ticarətxanası var. Mənim də dükanım həmin karvansaranın qapısı ağzın-dadı, onu yaxşı tanıyıram. Çox xəsisdir. Qəzetə-zada pul xərcləməz. Ya qonşularından, çox vaxt da məndən dilənir, ya da qəzetsatan uşağı küçədə saxlayıb ondan bir qəzet alır, qaçıb onu maraqlandıran İran hadisələrini nəzərdən keçirdikdən sonra qaytarır. Bu qoçağın İranda arvad-uşağı ola-ola Bakıda da axır vaxtlar bir aşna saxlamağa başlayıb. Vaiz dünən onun bu işindən xəbər tutub, indi görək nə deyəcək?

Seyid Hüseyngil məclisə gələndə adi mərsiyəxanlardan bir-ikisi növbə ilə oxuyurdular. Təziyyənin axırında həmin məşhur vaiz minbərə çıxdı. Üzünü dinləyənlərə tutub kimi isə danlamağa başladı:

– Gədə, doğrudan da, sənin qeybətin varmış, – dedi, – arvadını qoymusan vətəndə, bir parça çörək pulu qazanmaq üçün gəlmisən Badukəbəyə. Allah bərəkət versin, yaxşı da qazanırsan. Nə məktəbə-maarifə bir qəpik verirsən, nə də arvad-uşağına xərclik göndərirsən! Ayağına geymisən cırt-cırt çəkməni, başında buxara papaq, cavan arvadından da xəbərin yox. Hələ kişi tək bir sənsən! Qurban olum sənin qeyrətinə!…

Ərdəbilli taciri yaxından tanıyanlar vaizin məhz ona sataşdığını başa düşüb, ona tərəf boylanır, bir-birinə göz vurur, bu sözlərin kişiyə necə təsir etdiyilə maraqlanırdılar. Məclis dağılışmağa başlayanda haqqında danışılan tacir Seyid Hüseyngilin qabağından ötüb keçdi. O özünü elə aparırdı ki, guya deyilən sözlər ona aid deyil. Məşhədi İsmayıl Sabir əfəndinin qoluna toxunub ucadan, mərsiyə deyirmiş kimi avazla oxuyurdu.

“Ey dadi-bidad Ərdəbil, ey dadi-bidad Ərdəbil!”

Sabir yerindən qalxıb Məşhədi İsmayılın dediklərinə bədahətən əlavə etdi:

“Bir də namərdəm əgər, etsəm səni yad Ərdəbil!”

Dostlar Sabirin bu sözlərinə gülümsədilər. “İttihad” məktəbinin salonu yavaş-yavaş boşalırdı. Seyid Hüseyngil qapıda Məşədi İsmayılla xüdahfizləşib küçəyə çıxdılar.

– Sabir əfəndi, buyurun mənim mənzilimə gedək, gecəni orda qalarsız, – deyə Seyid Hüseyn şairdən xahiş etdi.

– Sağ ol. Sənin yanında qala bilməyəcəyəm. Çünki əvvəldən Mirhüseyngilə gedəcəyimə söz vermişəm, – dedi, – ancaq iranlıların məclisindən çox məmnun oldum. Yaxşı ki, sözünə baxıb səninlə bura gəldik.

… Bu hadisədən təxminən bir ay sonra Seyid Hüseyn “Molla Nəsrəddin” jurnalının onuncu nömrəsində Kərbəlayi Feyzulla, Nazimi-ağlar-güləyən imzası ilə “Altmış illik ömrüm oldu səndə bərbad Ərdəbil” adlı satirik şeri götürüb maraqla oxudu. Sabirin bütün başqa şerləri kimi, bu şeir də çox xoşuna gəldi.

Bir gün mayın axırlarında Seyid Hüseyn işdən çıxıb “Zənbur” məzhəkə məcmuəsinin redaksiyasına getdi. Redaksiya böyük Rus kilsəsinin yanında, Aleksandr Nevski pasajının ikinci mərtəbəsində yerləşirdi. Bu həftəlik məcmuənin naşiri Bakıda çox tanınmış həkim və jurnalist Əbdülxaliq Axundov idi. O, 1890-cı illərdə Derpt (Tartu) Universtetini bitirib təbabət magistri alimlik dərəcəsi almışdı. “Əvvəli hənk, sonra dəyənək” komediyasının müəllifi idi.

Gənc mürəttiblər və mətbuat işçiləri hər gün işdən sonra “Zənbur”un redaksiyasına yığışar, məcmuədə tez-tez çıxış edən Sabir, Abbas Səhhət, Əli Nəzmi, Əzim Əimzadə və başqalarının söhbətlərinə qulaq asar, mübahisə edərdilər. Bu gün Seyid Hüseyn redaksiyaya gələndə orada Sabiri və qəzetçi Mirzə Cəlal Yusifzadəni gördü.

Sabir bu yaxınlarda Şamaxıya getmək istədiyindən danışırdı. Uşaqların yay tətilinə buraxılmasına az qalmışdı. O, əllərini qoltuğunda çarpazlamış, stola söykənmişdi.

– Şamaxıda çox qalmayacağam, fikrim var, bir aydan sonra Bakıya qayıdıb özüm sağ ikən şeirlərimi bir divan şəklində çap etdirim, – dedi, sonra son vaxtlar xəstəliyinin şiddətlənib onu narahat etməsindən söz saldı, – Ölüm insandan çox da uzaqda deyil, xüsusən, vücudu mənim kimi hər xəstəliyə düçar olan bir adam üçün lap qulağının dibindədir. Kim bilir, bəlkə, mən heç Şamaxıdan qayıda bilməyəcəyəm? Əzrayil mənə bir fürsət versəydi məqsədimə nail ola bilərdim…

O zamanlar Bakıda fəaliyyət göstərən mətbəələr əsasən üç adamın Orucov qardaşlarının, Hacı Zeynalabdin Tağıyevin və Haşım bəy Vəzirovun ixtiyarında idi. Bu mətbəələrdə kitablar müəllifin hesabına çap olunurdu. Sabiri də çətinliyə salan bu cəhətdir.

O, stolun üstündəki üzü yaşıl olan qovluğu götürüb Seyid Hüseynin qabağına qoydu.

– Sən mətbəə işlərini yaxşı bilirsən, – dedi, – bir hesabla gör nə qədər xərci çıxar?

Seyid Hüseyn qovluğu açdı. Burada qəzet və məcmuələrdən kəsilmiş şerlərlə birlikdə qələmlə, mürəkkəblə yazılmış əlyazmaları da vardı. Bu əlyazmaların bəzisi şagird dəftərlərində, bəzisi də adi kağız parçalarında yazılmışdı. Sabir bu qovluğa özünün 1905-ci il inqilabından sonrakı məşhur əsərləri ilə bərabər, inqilabdan əvvəlki əsərlərinin də bir qismini toplamışdı. Seyid Hüseyn bir-bir vərəqləri nəzərdən keçirib kənara qoyur, fikrində hesab aparırdı.

Sabir dedi:

– Mən bilirəm, bunların hamısını birdən çap etdirmək mənə çox baha başa gələr. İstəyirəm birinci növbədə “Molla Nəsrəddin”də və digər məzhəkə məcmuələrində nəşr olunmuş şeirlərimi çapa verim. Gör bir nə qədər olar?

Seyid Hüseyn təxmini hesabladı: iyirmi çap vərəqinə yaxındı. Hər çap vərəqinin 20-22 manat xərci çıxırdı. O, şairi ruhdan salmamaq üçün bu məbləği bir qədər azaltdı.

– 300 manata qədər olar, Sabir əfəndi, – dedi, – əgər min nüsxə çap edilsə kitabın biri sizə 30 qəpiyə başa gələr.

Sabir dərindən ah çəkib yaşıl qovluğu Seyid Hüseyndən aldı, əlyazmalarını səliqə ilə üst-üstə yığıb bağladı.

– Görünür, mən də müəllim Hacı Seyid Əzim kimi öz kitabımı görmədən həsrətlə öləcəyəm, – dedi.

Şairin bu sözü Seyid Hüseynə çox pis təsir etdi. O, heç cür zənn etmirdi ki, Sabirin cibi bu xərci ödəyə bilməz.

Böyük şair öz-özünə təskinlik verərək dedi:

– Eybi yoxdur, Şamaxıdan qayıdandan sonra heç olmasa, beş çap vərəqəsi qədər kiçik bir kitabça buraxdıraram, inşallah…

Seyid Hüseyn “Zənbur”dan çıxıb İçərişəhərə – evlərinə gedəndə bayaq Sabirin dedikləri haqqında düşünür, belə böyük sənətkarın öz arzusuna çatması üçün ona hansı yolla kömək etmək barədə fikirləşirdi. Bu saat onun özünün də ən böyük arzusu istəkli şairin öz əsərlərini çap etdirməsinə imkan tapa bilməsi idi.

Sabirin gəliri xərcini ödəyə bilmirdi. Bütün başqa mətbuat işçiləri kimi, o da şeirləri üçün müəllif haqqı almırdı.

1910-cu ildə Sabir artıq Azərbaycanda məşhur şair hesab olunurdu. Onun şeirləri çap edilən qəzetlərin oxucusu getdikcə çoxalırdı. Sabirin şeirlərini naşirlər öz qəzetlərində tez-tez verirdilər. Orucov qardaşları Sabiri öz qəzetlərinə cəlb etmək üçün birinci dəfə olaraq ona “yüksək” qonarar təyin etmişdilər. Onlar özlərinin “Günəş” və “Məlumat” qəzetlərinə verəcəyi taziyələr üçün şairə ayda 10 manat vəd etmişdilər.

Seyid Hüseyn fikirləşirdi: “Sabirin kitabını nəşr edə bilməsi üçün ianə toplamaq istəsək, görəsən, o buna razı olarmı? Bu, şairin izzəti-nəfsinə toxunmazmı?” Sonra o özlüyündə belə qərara gəldi ki, əgər ianə toplaya bilsələr bunu Sabirdən gizli etmək olar. Kitab hazır olduqdan sonra Sabir əfəndi, yəqin ki, buna sevinər.

* * *

Kəblə Ələkbərin təzə kürəkəni, Səriyyənin əri Əlipaşa hər şeydə yenilik tərəfdarı idi. O, indi ağa Kazımın yanında işləməklə bərabər, həm də mürəttiblik edir, Bakıda nəşr olunan qəzet və jurnallarda öz mənzum hekayələri, lirik şeirləri ilə çıxış edirdi. Evlənəndən bir az sonra, ata mülkündə darısqallıq olduğundan İçərişəhərdə ikiotaqlı mənzil kirayə edib təzə avadanlıq almış, onu Avropa qaydası ilə bəzəmişdi. Bu onun çoxdankı arzusu idi. O, beş-altı il bundan qabaq səyahətə çıxan ağa Kazımı müşayiət edən zaman Avropanın böyük şəhərlərini gəzərkən, əcnəbilərin yaşayış tərzilə, onların ev əşyaları ilə tanış olarkən özünə söz vermişdi ki, evlənən kimi mənzilini Avropada gördüyü və çox xoşuna gəldiyi avadanlıqla bəzəyəcəkdir.

Səriyyə gəlin gələn gündən ərinin məsləhətilə, uşaqlıqdan adət etdiyi genbalaq tumanlarını və qırçınlı donlarını birtərəfə qoyub, onun üçün xüsusi alınmış xarici paltarlar geyməyə başladı. Bununla kifayətlənməyib Əlipaşa cavan arvadını özü ilə bərabər məclislərə, qonaqlıqlara, teatra və başqa yerlərə də aparırdı. Ancaq çadrasını başından götürməyə hələ cürət etmirdi.

1911-ci ilin əvvəllərində onların bir qızı oldu, ancaq heç qırxı çıxmamış öldü. Bu hadisə gənc anaya çox pis təsir etdi. Günlərlə evdə oturub ağladı, heç yerə getmədi, heç şeylə maraqlanmadı. Əlipaşa arvadının fikrini dağıtmaq, həlak olan körpəsini onun yadından çıxartmaq üçün əlindən gələni etdi.

Martın 15-i axrıncı üsgü axşamı idi. Əlipaşa min xahişdən sonra Səriyyəni atasıgilə gətirmişdi. Hava soyuqdu, sulu qar yağır, bərk külək əsirdi. Hamı aşağı otaqda salınmış süfrənin ətrafında yığışdı. Rübabə xanımın bişirdiyi şabalıd qovurması ilə ətli plov ortaya gəldi. Səriyyə heç nə yeməyib gözlərini bir nöqtəyə zillədi. Mehinbanu nəvəsini belə görəndə ona öyüd-nəsihət verdi:

– Ay qızım, belə olmaz, nə vaxtacan yas saxlayıb dinib-danışmayacaqsan? Olacağa çarə yoxdur… başınıza sadağa. Hələ cavansız, o qədər uşağınız olacaq ki. Adam belə bədniyyət olmaz! Onda mən gərək çoxdan özümü üzüb öldürəydim ki?! Kiçik yaşda ölən balalarımı heç demirəm, amma o boyda lay-divar oğul itirmişəm, o boyda da üç cüvənəzər gəlin… – arvad ağlamsındı, ancaq tez özünü ələ aldı, istəmirdi ki, süfrə başında bayram əhvali-ruhiyyəsinə qəmli fikirlər gətirsin. Ona görə də sözünü zarafatla qurtardı – pişik boyda uşaqçın da adam belə əldən gedər? Ağıllı ol, qızım, özünü də, ərinin də gününü qara eləmə…

Bacıları və Rübabə xanım da təkid edəndən sonra Səriyyə əlini süfrəyə uzatdı, plovdan iki-üç qaşıq götürüb ağzına apardı.

Yeməkdən sonra cavanlar qalxıb Mirpaşanın otağına getdilər. Mirpaşanın da otağını bayram münasibətilə yaxşıca təmizləyib bəzəmişdilər. Pəncərəyə, stolun üstünə iri nimçələrdə yamyaşıl səməni qoymuşdular. Mətbəxdən İsfahan halvasının iyi gəlirdi.

Seyid Hüseyn bir az qabaq oxuduğu qəzeti göstərib dedi:

– Bir bura bax, heç belə də iş olar? Hər qəzet öz istədiyi kimi yazır, hərənin ayrı-ayrı imlası və üslubu var. Bir sözün neçə yazılışı olar? Bəzən adam çaşıb qalır, sözün mənasını başa düşmək olmur. Bu hərc-mərcliyə bir son qoyulmalıdır. Başqa dillərdə bir ümumi qayda var, hamı da o qayda ilə yazır. Bəs bizim dilimizdə niyə belə qayda olmasın? – o sözünə ara verib his eləyən şamın fitilini qayçı ilə kəsib düzəltdi – hərfləri də hərə bir cür yazır. Gərək birdəfəlik qərara alınsın ki, hansı hərf bitişik, hansı ayrı yazılmalıdır. Ümumi qanunauyğunluğa heç yerdə riayət edilmir…

– Sən düz deyirsən, – Əlipaşa da onunla razılaşdı, – bizdə durğu işarələri də yerində deyil. Sual, nida işarələri, nöqtə, vergül, iki nöqtə məlum məsələdir ki, sözün axırında olmalıdır. Amma çox vaxt ya özündən sonra gələn sözün əvvəlinə düşür, ya da müstəqil kəlmə kimi ayrı yazılır…

Bayaqdan onlara qulaq asan Mirpaşa xonçadan bir-iki qoz ləpəsi götürüb ağzına atdı, dedi:

– Sətirdən-sətrə keçirməyi nöşün demirsiz? Başqa dillərdə sözü hecalara bölüb köçürdürdülər. Amma bizdə sətrin axırına söz sığışmayanda necə gəldi köçürdürlər təzə sətrə, vəssalam.

Seyid Hüseyn məcməyidən bir İsfahan halvası götürüb Əlipaşanın qabağındakı nimçəyə qoydu:

– Mən də onu deyirəm də… Bizim əlifbamızda gərək ciddi qanunauyğunluq olsun və bütün qəzet müdirləri bu qanuna əməl etsinlər. Bu yaxınlarda “Nicat” maarif cəmiyyətində Bakının mühərrir və müəllimlərindən təşkil olunmuş bir məclis açıblar. Məqsədləri bizim arzu etdiyimiz bir imla yaratmaqdır. Həftədə bir dəfə məşğələləri olur. Mən deyirəm ki, gərək belə məclislərdə mürəttiblər də iştirak etsinlər. Çünki mürəttib yarımmühərrir, yazrımmüəllimdir. Bütün qəzet və məcmuələri onlar təshih edirlər. Mühərir köhnə imlaya adət etdiyindən yanılıb səhv sala bilər. Belə olanda onun səhvini kim düzəldir? Əlbəttə, mürəttib. Ona görə də mən deyirəm ki, təzə təşkil olunmuş bu “İttihadi-imla” məclisində mütləq mürəttiblər də iştirak etməlidirlər – o özü üçün də bir halva götürüb yeməyə başladı – istəyirəm, bu barədə yazım qəzetə, – dedi, – necə bilirsiz?

– Yaz, yaz, bəlkə sənin bu fikrini bəyənib əməl edərlər…

Mirpaşa ağzındakı ləbləbi-kişmişi çeynəyərək söhbəti dəyişdi:

– Əlipaşa, Üzeyirbəyin “Leyli və Məcnun”una yəqin ki, baxmısan, necədir, xoşuna gəldi?

– Əlbəttə, çox xoşuma gəldi. Bu tamaşa Azərbaycan səhnəsində mühüm hadisədir. Dostlar, öz aramızdır, musiqili tamaşa, milli opera sahəsində biz, deyəsən, bəzi millətləri dalda qoymuşuq.

– Düzdür, Azərbaycan operası yaratmaq kiçik şey deyil, ancaq ümumiyyətlə götürsək Azərbaycan xalqı başqa xalqlardan çox geridə qalıb.

Mirpaşa qardaşına etiraz etdi:

– Naşükür olma, ay Hüseyn! – dedi, – Axı nə olub bizə, kimdən əskiyik? Mən bilən təzə başlayan bu iyirminci əsr bizə düşüb. 1905-ci il inqilabından sonrakı bu beş-altı ildə Azərbaycan çox irəli gedib, mədəniyyətimiz artıb. Gör neçə dənə təzə üsulla məktəb açılıb, hətta ən geridə qalmış kəndlərdə də məktəb var. Cavanlar savad kurslarına gedirlər. Bizim uşaqlıq vaxtlarımızda heç belə şeylər vardı? Oğlanlar, o da hamısı yox, bir-iki il molla məktəbinə gedirdilər, güc-bəla ilə ərəb əlifbasını öyrənirdilər, vəssalam. Amma indi kasıblar da uşaqlarını təzə, rus-tatar məktəbinə qoyur. Allaha şükür, bu məktəb uşağa rus, fars dilini öyrədir. Daha nə istəyirsən? Götür elə bizim özümüzü. Hə yaxşı ki, Seyid Sadıq baba uzağı görən olub, bizi molla məktəbindən çıxardıb Həbibbəy Mahmudovun təzə açdığı məktəbə qoydu. Yoxsa rus dilini hardan öyrənəcəkdik. İndiki uşaqlar da bu məktəbi bitirəndən sonra mükəmməl dil öyrənirlər, sonra da həvəsi olan o qədər kitab var ki, oxusun, dünyagörüşünü, savadını artırsın də.

– Düzdür, bu təzə məktəblərin köməyi böyükdür, ancaq yenə də hamı savadlana bilmir. Götür elə bizim yaşda olan cavanları. Çoxu molla məktəbində oxuyub, təzədən yeni məktəbdə azyaşlı uşaqlarla bir yerdə oxumaq onlar üçün mümkün olmur. Ona görə də belə etmək lazımdır ki, axşam kursları açılsın, cavanlar da bu kurslarda təhsil alsınlar.

Əlipaşa dedi:

– Var da elə kurslar, oxuyan da az deyil.

– Bilirəm, var, keçən il “Nicat” qiraətxanasında da bir kurs açılmışdı. Orada türkcə-firəngcə dərs keçilirdi. Bu çox yaxşı təşəbbüsdü. Amma bu il nədənsə o da yoxdur. Deyirəm, belə qısa müddətli kursların xeyri azdır. Müntəzəm davam edən məktəb lazımdır.

– Əlbəttə, məktəb yaxşı olardı.

– Bu yay biz də, bir qrup mürəttiblə bir yerdə, ədəbi məclis təşkil etmək istədik. Adı da “Qafqaz türk ədəbiyyatı cəmiyyəti” olacaqdı. Ancaq çox heyif ki, məclis açmaq üçün hökumətdən icazə almağa bizə yol göstərən, kömək eləyən tapılmadı. Belə cəmiyyətlərin də xeyri olardı, cavanlarımız başqa əyləncə yerlərinə getməyib bu məclislərdə toplaşar, həvəskar yazıçıların əsərlərini oxuyub, öz mülahizələrini deyər, tənqid edərdilər, özləri də yazmağa həvəslənirdilər.

Mirpaşa əlini qardaşının kürəyinə vurdu:

– Fikir eləmə, a kişi, belə ki, sən başlamısan, hər şeyin dərdinə qalırsan, inşallah, istədiyinə nail olarsan. Kurslar da çoxalar, böyüklər üçün məktəb də açılar, hələ desən qızlar üçün də məktəblər təşkil edilər…

– Eh, hardeydi o xoşbəxtlik? Hər şey düzəlsə də, qız məktəblərinin açılması bu tezliklə düzələnə oxşamır. Vallah qızlarımız haqqında düşünəndə qanım lap qaralır. İndi çox şükür ki, oğlanlarımız az-çox savadlanırlar. Bu oğlanlar evlənmək məqamına çatanda, məlum məsələdir ki, özləri üçün savadlı qız axtaracaqlar. Hanı o qədər savadlı qız Bakıda yaxud başqa yerlərdə? Belə çıxır ki, bu yazıq, oxumamış qızlara heç kəs yaxın düşməyəcək, evdə qalıb qarıyacaqlar… Düzdür, bizdə Aleksandr Nevski adına bir qız məktəbi var. Ancaq burada oxumaq üçün ildə 200 manat təhsil haqqı vermək lazımdır. Kasıb bu qədər pulu hardan tapsın?

Əlipaşa dedi:

– Niyə, o məktəbdə məccani oxuyanlar da var.

– Bilirəm. Ancaq, xəbərin var kimlərin qızıdır məccani oxuyanlar? Mən öyrənmişəm, hamısı dövlətlilərin uşaqlarıdır.

Mirpaşa başını yellədi:

– Ay balam, sənin elə yerlərdə nə işin? Gör gedib hara çıxıb a, xalqın qızlarının məktəbinə də baş çəkib. Sənin nəyinə gərəkdir, dövlətlinin qızı məccani oxuyur, ya ki, pulla? Vallah, deyəsən, sən axırda bir əngəl çıxardacaqsan. Elə bilirsən bu dövlətli köpəkoğlunun xoşuna gələr ki, gedib onun qızı oxuduğu məktəbi yoxlayasan?

Seyid Hüseyn bir az əsəbiləşdi:

– Sən belə işlərə laqeydsən, ona görə elə danışırsan. Sən qarışma, mən qarışmayım, nə vaxtacan oturub kənardan baxaq? Onda əlbəttə, irəli gedə bilmərik. Yəni dövlətlinin ildə 200 manat təhsil haqqı verməyə pulu yoxdur? Amma kasıb üçün 200 manat böyük puldur. Mən çoxdan bu haqda fikirləşirəm. Mütləq bu barədə yazmaq lazımdır. Qoy dövlətli öz qızını pulla oxutsun, kasıb isə məccani. Məktəbə ildə on-on beş nəfər kasıb qızını qəbul etsələr, o da böyük işdir.

– Yaz, yaz, axırda şəhərin bütün adlı-sanlı kişilərini özünə düşmən eləyəcksən.

– Ağıllı kişi, millətini sevən adam, gərək belə şeylərə görə mənimlə düşmən olmasın…

Əlipaşa iki qardaşın mübahisəsinə maraqla qulaq asır, Seyid Hüseyni haqlı sayırdı. Ancaq eyni zamanda hiss edirdi ki, indiki şəraitdə Mirpaşanın dedikləri doğrudur. Hazırkı dövrdə xalqının qeydinə qalan, ona kömək etmək istəyən çoxdur. Ancaq bu “çoxluq” istədiyini həyata keçirmək üçün bir iş görmür, yaxud bacarmırdı. Seyid Hüseyn kimi tək-tük adamlar isə bu yolda nəsə əməlli bir iş görməyə çalışır və çox vaxt buna nail olurdular.

Əlipaşa söhbətin bir qədər ara verməsindən istifadə edib cib saatına baxdı: on birə az qalmışdı. O, ayağa durdu.

– Daha gecdir, icazə verin mən gedim – dedi. – Paşa, zəhmət olmasa Səriyyəyə de, hazırlaşsın.

Hər üçü həyətə çıxdı. Təmiz havada dayanıb Səriyyənin geyinməsini gözlədilər. Qar kəsmiş, külək də dayanmışdı. Göyün üzündə ulduzlar görünürdü. Seyid Hüseyn ulduzları xeyli seyr edib dedi:

– Deyəsən, sabah hava yaxşı olacaq…

İki qardaş qonaqları Kəblə Ələkbərin dükanına qədər yola saldı. Seyid Hüseyn bu gün də mənzilinə getmədi, Mirpaşanın yanında qaldı.

…Ertəsi gün səhər külək tamamilə yatmışdı, gün çıxmışdı. Yeməkdən sonra Seyid Hüseyn Mirpaşa ilə evdən çıxıb Haşım Bəy Vəzirovun “Səda” mətbəəsinə getdi. Orada onun “Ağ valideyn və zavallı Məşədi Zaman” adlı birinci kitabçası nəşr olunurdu. Mətbəənin qapısı ağzında kitabçanın redaktoru Əlabbas Muznibə rast gəldi. O çox narahat görünürdü. Salamdan sonra bir qədər tərəddüdlə Seyid Hüseyndən soruşdu:

– Xəbərin var, təzə xəbərdən?

– Yox, nə xəbər, xeyir ola?

– Bu gecə jandarm idarəsi bir neçə qəzetçinin evində axtarış aparıb, bəzisini həbs edib…

– Yox əşi, sən nə danışırsan? Kimləri tutublar? Sənə kim dedi?

– İndicə mətbəədə eşitdim. Mən elə bilirdim bu əhvalatdan hamıdan qabaq sən xəbər tutmusan?

– Hardan? Evdən birbaşa bura gəlmişəm, heç kəsi görməmişəm.

– Axı, deyirlər, Əlipaşanı da tutublar, nə əcəb xəbərin yoxdur?

– Sən nə danışırsan, səhv eləmirsən ki? Əlipaşa dünən axşam saat 11-də bizdən gedib…

– Deyirəm sənə, gecə gəliblər!

– Vay, vay nə pis oldu?! – O tələsik sağollaşıb, mətbəəyə baş çəkməmiş evə qayıtdı.

Evdəkilər əhvalatdan xəbərdardılar. Səriyyənin nökəri balaca Rəşid gəlib deyibmiş. Rübabə Kəblə Ələkbərlə Səriyyəgilə getmişdi. Əvvəlcə Seyid Hüseyn də onlara getmək istədi, sonra fikirləşdi ki, ora getməyin mənası yoxdur. Yaxşısı budur Mirpaşanı tapsın, birlikdə gedib hər şeyli yerli-dibli öyrənsin.

Bu vaxt Mirpaşa özü gəlib çıxdı. Məsələdən o da xəbər tutmuşdu. İçəri girən kimi qardaşını tələsdirdi:

– Dur gedək, görək başımıza nə gəlir, – dedi.

– Hara gedək, kimdən soruşaq?

– Əvvəlcə Səriyyəgilə, sonra baxarıq…

… Səriyyə otağının qapısı ağzında oturub ağlayırdı. Evdə aləm bir-birinə qarışmışdı: yorğan-döşək çarpayıların üstündən götürülüb necə gəldi, yerə səpələnmiş, divar şkaflarının qapıları taybatay açılmış, içərisindəki qovluqlar, kitablar, kağızlar, qəzet-jurnallar yerə dağılmış, bufetdən çıxarılan qab-qacaq stolun üstünə qalanmış, neçəsi sınıb ayaq altına tökülmüşdü. Hər tərəfi ələk-vələk edib şübhəli heç nə tapmamışdılar. Ancaq Əlipaşanin bəzi qiymətli kitablarını, arxivini, sənədlərini yığıb aparmışdılar.

Son vaxtlar Əlipaşa ağa Kazımın kontorundan çıxıb qəzet və məcmulərdə mücəhhih vəzifəsində işləyirdi. Bu yaxınlarda “Yeni Füyuzat” məcmuəsini nəşr etməyə başlamışdı.

Səriyyə yanına gələn qardaşlarını görəndə bir az da ucadan ağladı:

– Gör başımıza nə oyun gəldi, ay Paşa, ay Hüseyn, – dedi,– indi biz neynəyək, hə?

Mirpaşa onu sakit etməyə başladı:

– Qorxma, ay qız, aparıb bir-iki söz soruşub, yəqin ki, buraxacaqlar. Elə bilirsən, tək Əlipaşanı tutublar? Yox, bir o deyil, “Yeni həqiqət”in müdiri Oruc Orucovu da tutublar, hələ kim bilir neçəsini aparıblar. Sən heç fikir eləmə, axı yazıqların nə günahı var?

Kəblə Ələkbər də məyusluqla qızına baxıb təsdiq etdi:

– Mən də bayaqdan onu deyirəm hələ, ancaq mənə inanmır. Dur ayağa qızım, ağıllı ol, ağlamaqdan nə çıxar. Geyin, gedək evimizə. Burda tək qalıb neyləyəcəksən? Qoy Rəşid buraları yığışdırsın, sonra da qapını bağlayıb gələr.

Bayaqdan bəri xanımının yanında ağlamsınıb dayanan Rəşid bu sözləri eşitcək tez əl-ayağa düşdü, evi öz bildiyi kimi yığışdırmağa başladı.

Seyid Hüseyn də Səriyyəyə ürək-dirək verməyi lazım bildi, çəkinərək dedi:

– Kəbleyi düz deyir, sən dur yığış, Bircəbacı ilə get evə. Biz bu saat gedib hər şeyi öyrənərik, səninçün xəbər gətirərik.

Səriyyəni getməyə razı saldılar. Rəşiddən başqa hamı geyinib çıxdı.

Seyid Hüseyngil axşama yaxın qayıtdılar. Kefləri yoxdu, hiss olunurdu ki, yaxşı xəbərlə gəlməyiblər. Onlar ancaq bunu öyrənə bilmişdilər ki, bu gecə tutulanların hamısını Bayıl həbsxanasına aparıblar. Nə vaxt buraxılacaqları məlum deyil. Kəblə Ələkbər Mirpaşanı dəhlizə çağırıb pıçıltı ilə soruşdu:

– Düzünü de mənə, ay Paşa, nədir bu fağırın günahı?

– Heç nə, Kəbleyi, məcmuəsində camaatımızın ağır güzəranından, haqsızlıqlardan yazıb. Elə o birilərin də taxsırı həmin şeydir.

– İndi necə olacaq, məhkəmə olacaq görəsən?

– Nə bilim, vallah, ağlım kəsmir ki, məhkəməyə versinlər.

Kəblə Ələkbər deyinməyə başladı:

– Bu da sözdür, sən allah, bayram günü gör camaatın qanını necə qaraldırlar də…

– Belədir neyləyək, əlimizdən nə gələr? Səriyyə necədir?

– Necə olacaq, səhərdən ağlayır. Nisəxanımın dərdi azmış, buda gəldi üstəlik.

– Eybi yoxdur, Kəbleyi, darıxma, hər şey düzələr.

Kəblə Ələkbər ah çəkib əlini yellədi, o biri otağa, qızının yanına keçdi.

Əlipaşanı altı ay Bayıl həbsxanasında saxladıqdan sonra 1911-ci ilin sentyabrında Həştərxana sürgün etdilər. Körpə qızını itirdiyinə görə ağlayan Səriyyənin dərdinin üstünə bir dərd də gəldi. O, səhərdən axşama kimi ağlayıb gah uşağını, gah ərini oxşayıb, atasıgilin gününü qara eləyirdi. Kəblə Ələkbər qızının iztirablarına dözə bilmirdi. Nəhayət, o belə qərara gəldi ki, Səriyyəni ərinin yanına göndərsin. 1912-ci ilin axırlarında onu qaynı Əlisəttara və Mirpaşaya qoşub Həştərxana yola saldı.

* * *

Əlipaşa sürgünə gedəndən sonra Seyid Hüseyn 1905-ci ildən bəri işlədiyi “Kaspi” mətbəəsindən çıxdı. Bir müddət işsiz qaldı, ancaq bekar durmadı. “Kəlniyyət” jurnalını nəşr edir, eyni zamanda çox vacib və əhəmiyyətli saydığı mühüm bir işlə – kimsəsiz uşaqların təhsili ilə məşğul olurdu.

… 1912-ci ildə Haşım bəy Vəzirovun nəşr etdirdiyi “Sədayi Vətən” axşam qəzetinin Bakıda üç-dörd minə yaxın oxucusu vardı. Bu qəzetlərin dəniz kənarında, müsəlman məhəllələrində, dükan-bazarda satmaq üçün yüzə qədər səkkiz-on yaşlı uşaq Vrankelski küçəsindəki (indiki Qarayev) “Səda” mətbəəsi qarşısında toplaşıb qəzetin çapını gözləyərkən, küçədə min bir hoqqadan çıxır, qəzet hazır olan kimi basabas salıb hay-küylə onları qapır, satmağa dağılışırdılar.

“Səda”da müsəhhih vəzifəsində işləyən, “Naşiri-maarif” cəmiyyəti ibtidai məktəbinin sabiq müəllimi Cəfər Bünyadzadəni və bu avara və səfil uşaqların teleyi çoxdan narahat edirdi. O, bu uşaqlar üçün məktəb açılması, gündüzlər oxuyub axşam qəzet satmaları, ümumiyyətlə, Bakının küçələrini dolaşan səfil uşaqları bir yerə cəm edib onlara təlim-tərbiyə verilməsi barədə böyük bir məqalə yazıb “Sədayi-Vətən”də çap etdirdi. Məsələ son dərəcə əhəmiyyətli olsa da, bu xüsusda heç kim təşəbbüs göstərmədi.

Uşaqların aqibəti Seyid Hüseyni də maraqlandırırdı. Cəfər Bünyadzadənin qəzetdə çıxışından sonra o, qeyri-rəsmi bir cəmiyyət təşkil etməyi bir neçə yaxın dostuna təklif etdi. Dostları, onun bu fikri ilə razılaşıb həvəslə çalışmağa başladılar. Bu qeyri-rəsmi cəmiyyətin üzvləri səkkiz nəfərdən ibarətdi: Cəfər Bünyadzadə, onun qardaşı Dadaş Bünyadzadə, Səməd Mənsur Kazımzadə, Əsədulla Məmmədov, Abbasmirzə Şərifzadə, Ağadadaş Həsənov, Hacı İbrahim Qasimov və Seyid Hüseyn.

Cəmiyyət səfil uşaqlarla görüşüb söhbət etməyə, onlarla dil tapmağa başladı. Ehtiyac üzündən öz ata-anasından, qohumlarından xoş söz eşitməyən, qayğı görməyən bu uşaqlar cavanların mehribanlığını, onlara xoş rəftarını görəndə məkəbdə oxumaq təklifini həvəslə qarşıladılar. Ən çox Cəfər Bünyadzadənin təbliğatı onlara yaxşı təsir bağışlayırdı.

Cəmiyyətin üzvləri öz dost-tanışları ilə birgə bir qədər pul toplaya bildilər. Birinci dəfə iclas çağırıb kitab, qələm, kağız almaq məsələsini müzakirəyə qoydular. Abbasmirzə Şərifzadənin dəftər-kitab mağazası vardı. Kağız və qələmi o ianə etdi.

İkinci vacib məsələ məktəb üçün bina tapmaq idi. Bu da düzəldi: vaxtilə “Nəşri-maarif” in Təzəpir məscidi mədrəsələrində bir sinif otağı vardı, sonralar o bağlanmışdı. İndi məscid rəislərindən icazə alıb bu otağı açacaqları məktəb üçün götürdülər. İyun ayında uşaqları bura toplayıb, müntəzəm dərs keçməyə başladılar.

Seyid Hüseyn bütün gününü cəmiyyətdə keçirir, öhdəsinə götürdüyü işləri həvəslə yerinə yetirirdi. Axşamlar Nikolayevski küçəsindəki mənzilinə gəlib çoxdan bəri nəzərində tutduğu bəzi məsələlər barədə məqalələr yazırdı. Məsələn, İçərişəhərdə – lap evlərinin yanında yerləşən Şirvanşahlar sarayının vəziyyəti onu çox düşündürürdü. Qiymətli bir tarixi abidə kimi o, həmişə Xan sarayının təəssübünü çəkmiş, onun korlanmasına, uçulub dağılmasına laqeyd baxa bilməmişdi. Uzun illərdi ki, buranı əsgər kazarmasına çevirmişdilər. Sonralar əsgərlər üçün xüsusi bina ayrıldı və onlar köçüb getdilər. Saray – o möhtəşəm bina daha bərbad hala düşdü. Məhəllə uşaqları içinə doluşub həyətində, damında oynayır, qapı-pəncərəsini sındırıb xarab edirdilər. O, sarayın beləcə tələf olub getməsinə dözə bilmirdi. Odur ki, yazdığı məqalədə təklif edirdi: ya buranı bərpa edib bir muzeyə çevirsinlər, ya da heç olmasa qapı-pəncərəsini möhkəm bağlasınlar ki, tamam uçub dağılmasın.

Başqa bir məqaləsində maarif cəmiyyətinin, xüsusən “Nəşri-maarif”in maddi cəhətdən korluq çəkməsinə heyfslənirdi. Düşünürdü ki, şəhərin bəzi dövlətliləri iki gecədə qumarda uduzduqları, kafelərdə, barlarda kefə xərclədikləri pulları cəmiyyətə versələr, küçə-bazarda ayaqyalın, başıaçıq qalan müsəlman balaları təhsil alıb ağıllanar, gələcəkdə həm cəmiyyətə xeyir verər, həm də özləri avam qalmazdılar.

Seyid Hüseyn Azərbaycan xalqının yaxın gələcəkdə tərəqqisini ancaq yeni üsulla məktəblərin açılmasında və uşaqların mükəmməl ibtidai savad almasında görürdü.

Bir gün o, “İqbal” qəzetində “Bakı xəbərləri” rubrikası altında verilmiş belə bir yazıya rast gəldi: “… Keçənlərdə vəfat etmiş Bakı milyonerlərindən Şəmsi Əsədullayevin bəqayinami üçün oğlu Mirzə Əsədullayev həzrətləri, Xilə kəndində bir məscid inşa etmək istəyir”.

Seyid Hüseyn yaxşı bilirdi ki, Xilə kəndi məscidsiz deyil, köhnə məscidləri olduğu halda bu yaxınlarda birini də milyoner Murtuza Muxtarov tikdirmişdi. Deməli, xiləlilərin yeni məscidə o qədər də ehtiyacları yoxdu. O dərhal “Məscidmi, məktəbmi?” adlı bir məqalə yazdı. Burda deyirdi: “Əgər möhtərəm Mirzə Əsədullayev həzrətləri mərhum pədəri Şəmsi Əsədullayevin nəqayinami üçün bir bina təsis etmək istəyirsə, istər xiləlilərin, istərsə də, sair cəmaətimizin ona ehtiyacı olduğu bir binayi-xeyir təsis etsə, daha münasib, daha gözəl olmazmı? Bu gün cəmaətimiz məktəbdən daha çox istifadə edə bilər. Buna görə də məscidə sərf olunan pul məktəb və maarifə sərf olunsa daha yaxşı olar. Ümid edirik ki, möhtərəm Mirzə Əsədullayev mərhum Şəmsi Əsədullayevin bəqayinami üçün hazırda məsciddən daha vacib olan bina təsisinə qərar verərlər”.

Səkkiz gəncin ona-buna əl açıb ianə toplamaqla təşkil etdikləri məktəb, əslində bir balaca sinif otaqlarından ibarətdir. Ona görə də Seyid Hüseyn hər münasib imkandan istifadə edib əsl məktəb açmaq arzusunda idi.

Onlar birotaqlı məktəbdə xeyli iş görmüşdülər. Əvvəlcə qırx uşaq qəbul edilmişdi. Sonralar şagirdlərin sayı get-gedə çoxaldı. Küçələrdə dilənmək, çəkmə silməklə məşğul olan başqa səfil uşaqlara rast gəldikcə onlara konfet, kitabça, qələm və başqa şeylər verib dilə tutur, məktəbə cəlb edirdilər. Beləliklə az bir zamanda uşaqların sayı yetmiş nəfərə çatdı. Məktəbə “Yetimlər məktəbi” adı verdilər. Çünki uşaqların çoxunun atası və ya anası yoxuydu.

Otaq kiçik olduğundan dərslər iki növbədə keçilirdi. Birinci növbə bir saat dərs oxuduqdan sonra Təzəpirin geniş həyətinə çıxıb tənəffüs edir, oynayır, ikinci növbəyə bir saat dərs deyilirdi. Sonra onlar tənəffüsə çıxıb, yenidən birinci növbə dərsə başlayırdı.

Bir müəllim üçün bu qədər uşaqla məşğul olmaq çətindi. Odur ki, məccani olaraq ikinci bir müəllim də, “Nəşri-maarif”in sabiq müəllimlərindən Mirzə Balaqardaş da Cəfər Bünyadzadəyə köməyə gəldi. Tənəffüs zamanı uşaqların həyətdə çox səs-küy salmamaları üçün cəmiyyət üzvlərindən biri növbə ilə onlara nəzarət edirdi.

“Yetimlər məktəbi”nin şöhrəti get-gedə artmağa başladı. Cavanların bu nəcib təşəbbüsündən xəbər tutan Haşım bəy Vəzirov onları alqışlayıb məktəbə mənəvi yardım göstərdi: məktəb ləvazimatları almaq üçün cəm olunan ianələrin xəzinədarlığını boynuna götürdü.

Təzəpirin mədrəsələrində köhnə üsulla dərs keçilən molla məktəbi şagirdlərindən bəziləri də “Yetimlər məktəbinə” keçməyə başladılar. Səhərdən günortayadək quru həsirnin üstündə diz çöküb oturmaqdan, ayaqları fələqqəyə salınıb döyülməkdən zinhara gələn tifillər, hər saatda bir tənəffüs edib həyətdə oynamaqla dərs oxuyan uşaqlara qoşulmaq istəyirdilər.

Beləliklə Təzəpirin həyətindəki köhnə üsullu məktəb “Yetimlər məktəbi” ilə rəqabətə başladı. Onun şagirdləri gündən-günə azaldı. Mollalar məhəllə əhalisi arasında şayiə yaymağa başladılar ki, guya “Yetimlər məktəbi”nin müəssisləri babidirlər, orada uşaq oxutmaq günahdır. Hətta elələri tapıldı ki, məktəbdən hökumətə şikayət yazdılar. Məktəb qeyri-rəsmi, hökumətdən icazəsiz açılmışdı. Onlardan icazə kağızı tələb etdilər.

Cəmiyyət üzvləri əlacsız qalıb məktəbi müvəqqəti bağlamaq qərarına gəldilər. Həm avqustun isti günləri başlamışdı, uşaqları tətilə buraxmaq lazımdır, həm də məktəb üçün rəsmi icazə almağa çalışmalıydılar.

Təzə məktəbin sorağı hər tərəfə yayılırdı. Bakının tərəqqipərvər ziyalıları onların bu təşəbbüsünü bəyənir, müəssislərə məsləhətlər verirdilər. Haşım bəy Vəzirov təklif edirdi ki, məktəbi bitirdikdən sonra yenidən küçələrə düşüb avaralanmamaları üçün bu yetim uşaqlara müəyyən bir sənət də öyrətmək lazımdır. Qoy dörd il oxuduğu müddətdə təhsillə bərabər yüngülvari bir sənət sahibi də olsunlar.

“Zənbur” məcmuəsinin naşiri Əbdülxaliq Axundov da məktəbin işi ilə maraqlanır, öz məsləhətləri ilə ona kömək edəcəyini vəd edirdi.

Cəmiyyət üzvləri bulvarda, yaxud üzvlərdən birinin evində tez-tez toplaşıb uşaqlar tətildə ikən məktəb üçün rəsmi icazə almaq məsələsini müzakirə edirdilər.

İsti yay günlərinin birində Seyid Hüseynin mənzilinə yığışan üzvlərin hərəsi bir şey təklif edirdi. Birdən Seyid Hüseynin yadına belə bir hadisə düşdü.

– Mən “Kaspi” mətbəəsində işləyəndə, iki-üç il bundan qabaq “Səfa” adlı bir cəmiyyətin nizamnaməsini çap etmişdik, – dedi, – sonralar, deyəsən onun müəssisləri heç bir fəaliyyət göstərmədiyindən nizamnamə bir tərəfə atılıb qalmışdı. Səhv etmirəmsə, bir dəfə, 1909-cu ildə “Nicat” cəmiyyətinin ümumi iclasında nəsə bir mübahisə düşmüşdü, hətta bəzi üzvləri təhqir edib cəmiyyətdən çıxarmışdılar. Bu adamlar da özləri xüsusi bir cəmiyyət təşkil etmiş və beləliklə də, “Səfa”nın nizamnaməsini təsdiq etdirmişdilər. Amma sonra bu işin dalınca getməmişdilər.

Bu məsələ hamını maraqlandırırdı. Seyid Hüseyn, deyəsən, çıxış yolu tapmışdı. O dedi:

– Gəlin gedib həmin “Səfa” cəmiyyətinin müəssislərini soraqlaşıb tapaq, onlarla görüşək, bu vaxtacan ortaya çıxarmadıqları cəmiyyəti diriltməklə nizamnamələrindən istifadə edək, məktəbimizi yaşadaq…

Onun fikrini hamı bəyəndi. Əsədulla Məmmədov dedi:

– Mən o müəssislərdən ikisini tanıyıram: Çəmbərəkənddə olurlar. Biri Məmmədhəsən Həsənovdur, o biri də Hüseynqulu Məmmədov. Onlar məhəllə əhlindən ianə toplamaqla Çəmbərkənd məscidinin dalındakı köhnə qəbiristanlığın küncündə bir otaq tikmişdilər. Eşitdiyimə görə onlar bu iki nəfərin də arasında nəsə ixtilaf düşüb, buna görə də nə cəmiyyət fəaliyyətə başlayıb, nə də tikdirdikləri məktəb otağından istifadə ediblər.

Cəfər Bünyadzadə söhbətə yekun vurdu:

– Onda günü sabah köhnə müəssislərin yanına nümayəndə göndərərik, – dedi.

Ertəsi gün köhnə müəssislər öz nizamnamələrini verməyə razı oldular.

Bu şad xəbəri Seyid Hüseyngil Haşım bəy Vəzirova və doktor Əbdülxalığa da danışdılar. “Səfa”nın tarixindən doktorun da xəbəri vardı. O dedi:

– İctimai işlərdə mənim təcrübəm sizinkindən daha çoxdur. Mən dəqiq bilirəm ki, siz bu zəhmətlə onu və məktəbi yaşadacaqsız. Hər işi öz cığırına saldıqdan sonra bir vaxt görəcəksiniz ki, hamınız kənarda qalmısız, sizin yerinizdə büsbütün başqa adamlar əyləşmişdilər. Onlar nəinki cəmiyyətin nizamnaməsini, sizin fikirlərinizi və məqsədinizi irəli aparmayacaqlar, bəlkə də sizin açdığınız cəmiyyəti fəaliyyətsiz bir hala qoyacaqlar… – doktor “Nəşri-maarif” və “Səadət” cəmiyyətinin aqibətini buna misal gətirdi. Çünki o özü vaxtilə bu iki cəmiyyətin ilk təşəbbüsünü və müəssislərindən biri olmuşdu.

Gənclər hörmətli doktorun bu xəbərdarlığına bir o qədər əhəmiyyət vermədilər. Onlar başladıqları işin düz getməsindən o qədər fərəhlənib həvəslə işləyirdilər ki, gələcəkdə də hər şeyin yaxşı olacağına inanırdılar. Həm də onlara elə gəlirdi ki, doktor hər şeyi həddindən artıq şişirdir.

Cəmiyyətçilər “Səfa” müəssisləri ilə ikinci dəfə görüşüb ümumi iclas çağırmağı qərara aldılar. Bu iclası Çəmbərkənddə tikilən məktəb otağında keçirdilər. İclasa cəmiyyət üzvlərindən başqa məhəllə əhlindən də dəvət olunmuşdu. İclas qərara aldı ki, “Yetimlər məktəbi”ni bu otağa köçürsünlər.

Həmin otağı təmir etmək, skamya, lövhə və başqa avadanlıq almaq üçün bir neçə yüz manat pul lazımdır. Bu pulu əldə etmək üçün avqustun 31-də, orucluq bayramı gecəsində Nəcəf bəy Vəzirovun təzə yazdığı “Ağakərim xan Ərdəbili” komediyasını oynamağı qərara aldılar. Bu tamaşaya, eləcə də pul toplamaq məqsədilə bundan sonra oynanılacaq tamaşalara rəhbərlik etmək üçün teatr heyəti də seçmək lazımdır. Həmin heyətə cəmiyyətin get-gedə artmaqda olan üzvlərindən və həvəskar artistlərindən bir neçəsini dəvət etdilər. Heyətə rəhbərliyi Kərbəlayi Cahangir Zeynalova tapşırdılar.

Tamaşanı göstərmək üçün üç həftə qabaqdan Tağıyevin teatrını bir gecəlik icarəyə götürdülər. Birinci teatr tamaşasından lazım olan qədər mədaxil götürmək üçün idarə üzvlərinin hamısı bilet satmağa kömək edəcəkdi.

Hazırlıq işləri başlandı. Hərə özünə bir vəzifə götürdü. Üzvlərdən çoxu artist kimi çıxış edəcək, qalanları tamaşa gecəsi nəzarətçi olacaqdı. Xəzinədar Kəblə Əliməmməd Qədirov və Səməd Mənsur kassada oturacaq, katib Hacı İbrahim Qasımov suflyorluq edəcəkdi. Bu tamaşada Mirpaşaya da rol verdilər.

…Mirpaşanın hələ uşaq vaxtlarından artistliyə həvəsi vardı. Mollaxanada oxuyanda şəbih gecələrində məharətlə iştirak edirdi. Sonralar, rus-tatar məktəbində oxuduğu vaxtlar yoldaşları üçün ədəbi parçaları, şeirləri artist kimi oxuyar, özündən meyxanalar qoşardı. Yaxın tanışlarına və qohumlarına qoşduğu meyxanaları hərdən evdə də bacısı və nənəsi üçün oxuyub onları güldürərdi. Ən çox xoşu gələn atalığı Hacı Gülməmmədə və ağa Kazımın atalığı Hacı Hacıbabaya qoşduğu meyxana idi. Ancaq Kəblə Ələkbər evdə olanda onu oxumağa ehtiyat edirdi. Ümumiyyətlə, yeznəsi-nin bu işlərdən xəbəri yoxdu. İndi o seminariyada təşkil olunmuş həvəskar artistlər dəstəsinin fəal üzvlərindəndir. Hərdən “Nicat”ın səhnəyə qoyduğu tamaşalarda kiçik rollarda çıxış edirdi. Onun artistlik etməsini Seyid Hüseyndən başqa evdə heç kəs bilmirdi.

“Ağakərim xan Ərdəbili” komediyası uğurla oynandı. Tamaşadan yığılan pulla məktəbə lazım olan bütün şeyləri ala bildilər.

Sentyabrın 16-da “Səfa” məktəbinin rəsmi açılışı oldu. Müəllim Cəfər Bünyadzadəyə maaş təyin edildi. Məktəbə maaşlı xidmətçi də tutdular.

Birinci tamaşanın sevincindən həvəslənib bir az sonra Nərimanovun “Nadir şah” faciəsini hazırlamaq fikrinə düşdülər. Nadir şahı Abbasmirzə Şərifzadə oynayacaqdı.

Ümumiyyətlə, sentyabrdan yanvar ayınadək “Səfa” beş tamaşa səhnəyə qoydu. Bunlar adını çəkdiyimiz o iki tamaşadan sonra Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”, Şəmsəddin Saminin “Kavəyi-ahəng” və “Qafqaz çiçəkləri” idi.

Noyabr ayında “Şeyx Şamil” faciəsini səhnəyə qoydular. Bu tamaşadan əldə olunan gəlir məktəb üçün bir qiraətxana açmağa sərf olundu. Həmin qiraətxanaya Seyid Hüseynin də şəxşi köməyi olmuşdu. Cəfər Bünyadzadə bu barədə “İqbal”da yazdı: “Səfa” cəmiyyəti tərəfində açılmış “Səfa” məktəbinin kitabxanasına Seyid Hüseyn 40 cild müxtəlif kitab ianə etmişdir… Cənab həqq bu kimi maarifpərvər ağaların tərəqqi uğrundakı fədakarlığını millətin üstündən əskik etməsin. Amin!

Bundan başqa “Səfa”nın artistləri iranlıların “İttihad” məktəbinin xeyrinə “Xani-sərab” və “Qırt-qırt” tamaşalarını səhnəyə qoydular.

Bəzi mübahisələr nəticəsində “Səfa”nın katibi Hacı İbrahim Qasımov “Nicat” teatr heyətinə keçdiyindən katibliyi Seyid Hüseyn öz boynuna götürdü.

Tamaşalardan hasil olan məbləğ ilə, həmçinin başqa ianələrə məktəbi bir il yaşatmaq mümkün idi. Gələn il üçün də tamaşalar göstərilməsi nəzərdə tutulmuşdu. İdarə üzvləri kassadakı pulları sayıb belə qərara gəldilər ki, məktəbin yetmiş nəfərə yaxın yoxsul, yetim oğlanlarını geyimlə, məktəb forması ilə təchiz etməyə gücü çatar. Bundan əlavə uşaqlara gündə bir dəfə pulsuz yemək də verməyə imkanları vardı.

* * *

Kəblə Ələkbər ikinci dəfə Kərbəlaya getməyə hazırlaşırdı. Bu dəfə o, həm bacısını müşayiət edəcək, həm də mərhum Seyid Sadığın vəsiyyətlərinin ən çətinini yerinə yetirəcəkdi – ölüləri Kərbəlaya aparacaqdı.

Ələkbərin ata-anası, əmisi, böyük qardaşı, Seyid Sadığın dörd övladı və özü, Şərəbanı xanımın birinci əri ağa Cavad… on iki ölünün sümükləri əmanət qoyulmuş qəbirlərdən çıxarılıb xüsusi torbalara yığılmışdı. Bircə Seyid Sadığın meyiti tam çürümədiyindən onu yeşikdə aparacaqdılar. Ölüləri qəbristanlıqda bir sərdabəyə qoyub zəvvarın çıxmasını gözləyirdilər.

Bir neçə gündən sonra evə xəbər çatdı ki, Bakıdan gedənlər dörd gündən sonra Rəştə yola düşməli, ordan da Qəzvinə getməlidirlər.

Qərara almışdılar ki, özləri ilə çoxlu yemək götürsünlər. İndiyə kimi Kəblə Ələkbər səfərə çıxanda özü ilə yemək aparmırdı. Rastına çıxan kababçı dükanlarında, çayxanalarda, karvansaralarda yeyib-içirdi. Ancaq bu dəfə bacısı ilə kababxanaya, çayxanaya gedə bilməyəcəkdi. Odur ki, indi hər iki evdə qızğın hazırlıq görülürdü: əla undan əriştə, quru xingəl, ləzgi xingalı kəsib qurudur, şəkərbura, paxlava bişirir, düyü, qənd, çay, lobya-noxud və başqa ərzaq şeylərini yeşiklərə yığıb hazırlayırdılar. Şərəbanı xanım bu azuqələrdən Azərbaycan xörəkləri bişirtdirmək üçün öz aşpazını da aparırdı. Aşpazdan başqa iki qulluqçu, iki nökər də gedirdi. Kəblə Ələkbər də Səriyyənin nökəri, Əlinin qardaşı Rəşidi aparırdı.

Rübabə xanım anbarın qapısının ağzında dayanıb şeylərin qablaşdırılmasına nəzarət edirdi. O hər şeyi yerbəyer etdikdən sonra otağa keçib döşəyin üstündə əyləşdi, Maxvireti səslədi:

– Dəhlizdən çaxçadakı yaşıl boxçanı ver mənə, – dedi, – sonra da o didilmiş yundan bir iki çəngə gətir tök bura.

Maxviret deyilənlərə əməl edib analığının yanında oturdu.

– Bunları neynirsən, ay Bircəbacı? – maraqla soruşdu.

– İndi görəcəksən, – Rübabə xanım boxcadan nimdaş bir tuman çıxartdı, qayçı ilə lifəsini kəsib qıza verdi, – apar bunu bir yaxşı ütülə, – dedi.

Maxviret parçanı ütüləyənəcən Rübabə qalxıb balaca sandıq-çadan bir pul kisəsi çıxartdı, sonra köhnə şadləngədən qolsuz cübbə və ona astarlıq kəsdi, yunun içinə bir neçə qızıl onluq düzüb arasına qoydu, sırımağa başladı. İki saatdan sonra cübbə hazır oldu.

– Bunu kiminçün tikdin? – Maxviret soruşdu.

– Bibinçün, altdan geyər, soyuq olmaz ona.

– Eh, elə bilirsən bibim belə köhnə şeyi əyninə geyər? Beyəm evimizdə təzə parça yoxdur? Gör sandıqda nə qədər cürbəcür təzə parça var, olardan nöşün tikmədin?

– Bu yaxşıdır. Deyirlər, Kərbəlaya gedən karvanların qabağına çox qaçaq-quldur çıxıb. Allah eləməmiş, bir elə şey olsa, bu köhnə cübbəyə heç kimin gözü düşməz, bildin?

– Hə, başa düşdüm. Bu hardan gəldi ağlına?

– Gəldi də. Sabah səhər aparıb verərik bibiyə, qoy paltarlarının altından geyinsin, necə olsa karına gələr.

… Körpüdə ziyarətə gedənləri təmtəraqla yola salırdılar.

Kəblə Ələkbər hamı ilə görüşüb Seyid Hüseynlə Mirpaşanı bir tərəfə çəkdi.

– Evi sizə tapşırıb gedirəm, – dedi, – maşallah, daha yekə oğlanlarsız. Bacınızda, nənənizdə gözünüz olsun. Dükana tapşırmışam bazarlığınızı eləyəcəklər. Heç nədən korluq çəkməzsiz. Özünüzdən də muğayat olun… Seyid Hüseyn, bunu sənə xüsusi deyirəm, sən allah, yazanda elə şeylərdən yaz ki, şəhərimizin hörmətli adamlarının xətrinə dəyməsin, özünə düşmən qazanma!

– Narahat olma, Kəbleyi, evin də fikrini çəkmə, arxayın get, hər şey yaxşı olar, inşallah…

Gəminin ikinci fiti veriləndə gedənlər “Bismillah” deyib pilləkənə ayaq qoydular, göyərtəyə çıxdılar.

Kəblə Ələkbərgili yola salıb evə qayıdanda Rübabə Seyid Hüseynə bir məktub verdi.

– Al, Əlipaşadandır. Ancaq sən allah, hələ açıb oxuma, get əvvəlcə nənənin yanına. Bayaqdan sizi gözləməkdən yorulub.

Hər ikisi aşağı evə getdi. Seyid Hüseyn pəncərədə, Mirpaşa Mehinbanunun yanında yerdə oturdu. Onlar içəri girəndə Məşədi Durnısa iki döşəyin üstündə uzanmış arvadın çiyinlərindən ehtiyatla tutaraq onu balışa söykəyirdi. Sonra qulluqçu qadın onun ağ batist köynəyini səliqəyə salıb, ətli qollarını çəhrayı atlas yorğanının üstünə uzatdı, yanında oturub ona çay içirtməyə başladı. Mehinbanu sağ əlini yavaş-yavaş qaldırıb armudu stəkanı əlinə aldı.

– Ver, özüm içərəm, – dedi, – çaydan bir-iki qurtum içib Seyid Hüseyndən soruşdu: – Hə, yola salduz Kəbleyigili?

– Həri, nenə, yola saldıq…

– Bircə sağ-salamat qayıdıb gəleydilər.

– Gələrlər, inşallah, nenə, sən onlardan ötrü narahat olma!

Mirpaşa nənəsini məşğul etmək üçün körpüyə kimlərin gəldiyini, kimin nə danışdığını, bir az da özündən qondarıb təfərrüatı ilə danışmağa başladı.

…Qoca Mehinbanu doxsanı haqlamasına baxmayaraq keçən ilin yayına kimi qıvraq qalmışdı. Heç kimə ehtiyacı yoxdu. Paltarlarını özü yuyar, evin yüngül işlərini görərdi. Eynəksiz iynə saplaya bilir, tikiş, yorğan-döşək sırıyırdı. Nəticələrinə də qulluq edir, onlara maraqlı nağıllar danışırdı.

Keçən yay bağda olarkən bədbəxtlik üz verdi. Seyid Hüseynin üç-dörd yaxın dostu – Əzim Əzimzadə, Mirzağa Əliyev, Səməd Mənsur onlara qonaq gəlmişdi. Cavanlar qarağacın altına xalça salıb, nərd oynayırdılar. Evin arxa səkisi üstündə kabab bişirmək üçün manqal qalamışdılar.

Mehinbanu mətbəxdə əti şişə çəkir, süfrə hazırlanması işinə nəzarət edirdi. Bir azdan o Əlini çağırdı:

– Ocağın hazırdısa, apar qoy bişməyə. Muğayat ol, yanmasın!

Nökər şişləri aparandan sonra özü də bayıra çıxdı. Əliyə etibar etmədi. Kababların qızarmasına hələ çox qalmışdı. O, quyunun yanına, ləkdən pomidor dərməyə getmək istədi. Kababın tüstüsündən üzünü yana çevirdi. Manqalın yanından ötüb-keçəndə gen tumanının balağı ilişdi, səkinin üstünə yıxıldı. Səsə hamı tökülüb gəldi. Kök, ağır arvadı çətinliklə qaldırıb içəri apardılar. Rübabə onun əllərini, dizini yoxlayıb nigarançılıqla soruşdu:

– Ay nenə, haran əzildi?

Arvadın dili söz tutmurdu. O qorxa-qorxa ətrafına baxır, nəsə demək istəyir, ancaq danışa bilmirdi. Gülnisə tələsik yer düzəltdi, onu yatağa uzandırdılar. Mirpaşa ilə Mirzağa Mərdəkana həkim gətirməyə getdilər.

Xanbacı xalaqızı Mehinbanunun yanında oturub diqqətlə üzünə baxdı:

– Necəsən, Mehin? Haran ağrıyır, bir dillənsənə, – dedi, – sonra Rübabəni çağırdı, – deyəsən, arvad yaman qorxub, gətir ona cəftə suyu içirdək.

Rübabə əli əsə-əsə qapının cəftəsini bir stəkan soyuq suya salıb quruladı, gətirib nənəsinə içirtdi. Elə bil su ona kömək etdi, qırıq-qırıq danışdı:

– Nə… yığışmısınız… bura…? Gedin… işinizə, kabablar … yanar, … uşaqlar ac… qalar…

Həkim gəlib onu müayinə etdi. Siyrilmiş dizindən başqa əzilən yeri yoxdu. Cavanlar həkimin xəstənin yanından çıxmasını narahatlıqla gözləyirdilər. Seyid Hüseyn həkimdən birinci soruşurdu:

– Necə gördüz xəstəni, qorxulu bir şey yoxdur ki, doktor?

– Var, cavan oğlan, nənənizin sol tərəfini iflic vurub. Bu yaşda onun sağalması qeyri-mümkündür. Ancaq yaxşı qulluq edilsə, bir neçə il yaşaya bilər, – o otağa keçib resept yazdı, – hələlik bu dərmanları verin, mən tez-tez gəlib baxaram, – dedi.

Mehinbanu xanım o gündən yataqdan dura bilmədi. Xalaqızı Məşədi Durnısa, Rübabə onun nazını çəkir, istədiyi xörəkləri hazırlayır, qulluq edirdilər. Ciddi xəstəlik keçirsə də, arvad ruhdan düşmürdü. Yenə də ağıllı məsləhətləri ilə bir növ evə rəhbərlik edir, uşaqlara nağıl danışırdı. Çalışırdı ki, evdəkilərə çox əziyyət verməsin.

Kəblə Ələkbərgil Kərbəlaya gedəndən sonra o bir az zəiflədi, iştahdan qaldı. Xəstə arvad səbirsizliklə kürəkəninin səfərdən qayıtmasını gözləyirdi. Əzizlərini Kərbəlada basdırdığına əmin olmaq və bundan sonra rahat ölmək arzusunda idi. Artıq üç aydı getmişdilər. Yanına gələnlərdən hər dəfə eyni sözü soruşurdu. İndi də həmin sözü Durnisadan soruşdu.

– Bilmirsən, kürəkənimdən bir xəbər-ətər yoxdur ki?

– Deyəsən, bu yaxınlarda kağız gəlməyib, xanım. İstəyirsən, Rübabə xanımı çağırım, özün ondan soruş.

– Çağır, qadovu alım, çağır.

Rübabə gəlib onun yanında oturdu. Arvad nəvəsini qaşqabaqlı görüb qorxdu.

– Ay qızım, nə xəbər var, kefin yoxdur, deyəsən?

– Kefim yaxşıdır, nenə, nə olacaq ki?

– Bəlkə dilim-ağzım qurusun, Kəbleyigildən bir pis xəbər eşitmisən, hə?

– Yox, ay nenə, əksinə Şərəbanı xanımdan ağam Kazıma kağız gəlib, yazıb ki, bir az ləngiyəcəyik, nigaran qalmayın.

– Onsuz da, elə ləngiyirlər də… Allaha şükür, birinci dəfə deyil ki, Kərbəlaya adam yola salmışıq. Ələkbər özü bu yolu iki dəfə gedib-gəlib. Həmişə də altı aya qayıdıb. İndi nöş ləngiyirlər, görəsən?

– Ay nenə, əvvəla getdikləri hələ üç aydır, ikincisi də Ələkbər əvvəllər tək getmişdi, indi amma gör neçə nəfərdilər. Özü də ki, Şərəbanı xanımı tanımırsan? Hər yeri gəzib dolanmayınca, bütün pullarını xərcləməyincə qayıtmaz. Narahat olma, Allah qoysa, iki-üç aya gəlib çıxarlar.

Mehinbanu təsbehini istədi, onun bir ucunu dişinə tutub sağ əli ilə çevirməyə başladı, yavaşca dodağını tərpətdi: “Əlhəmdülillah, sübhanallah, vəla…” sonra təsbehini öpüb gözünün üstünə qoydu.

– Şükür allaha, yaxşı gəldi. İnşallah, sağ-salamat qayıdıb gələrlər. Ancaq geci-tezi var… – dedi, – allahdan bircə şey arzulayıram, kürəkənim gəlib çıxanacan ölməyim, o gələndən sonra…

Rübabə onun sözünü kəsdi:

– Nə danışırsan, ay arvad, ölmək nədir, sən hələ inşallah nəticənin də toyunu görəcəksən!

O güldü:

– Sən də söz danışdın də! Heç mən razı olaram ki, o qədər yaşayım, sizə əziyyətə salım?

Kəblə Ələkbərgildən teleqram almışdılar, ancaq bunu nənəndən gizlədirdilər. Bağdaddan vurulan teleqramda yazılmışdı: “Quldurlar karvanın qabağını kəsdilər, hamımızı qarət etdilər, burada bir alverçinin evində qalırıq, təcili pul göndərin”. Dünən pul yola salınmışdı. İndi onlar həmin pula at, dəvə, pal-paltar alıb səfərlərinə davam etməli idilər.

Bir azdan Seyid Hüseynlə Mirpaşa da gəldi. Yeznəsi gedəndən sonra Seyid Hüseyn evin böyük kişisi sayıldığından hər axşam evə gəlib bacısına, nənəsinə, uşaqlara baş çəkməyi özünə borc bilirdi. Çox vaxt əlində vacib işi olmayanda orda gecələyirdi. İndi də hər ikisi yeməkdən qabaq gəlib nənənin yanında oturdular, xəstə ilə söhbət etdilər. Mirpaşa həmişəki kimi Mehinbanu üçün bir məzəli əhvalat danışıb onu güldürdü. Seyid Hüseyn o biri otağa keçib bacısından soruşdu:

– Kəbleyigildən daha bir xəbər yoxdur?

– Yox. Teleqramdan sonra məktub yazıblarsa da, bu tezliklə gəlib çatmaz.

– Hə, düz deyirsən.

– Lap yadımdan çıxacaqdı, Hüseyn, sənə Əlipaşadan məktub var. Yuxarıda taxtın üstündədir, bu saat gedib gətirərəm.

– Sən zəhmət çəkmə, özüm gedərəm, – deyə Seyid Hüseyn həyətə çıxdı.

Əlipaşa ilə Seyid Hüseyn müntəzəm məktublaşırdılar. Həştərxandan göndərdiyi ilk məktublarında o, taleyindən şikayətlənirdi, evi, ailəsi üçün, doğma Bakısı üçün darıxdığı hər kağızında hiss olunurdu. Hələ üstəlik getdiyindən iki-üç ay sonra Əlipaşa orada bərk xəstələnmişdi. Ona görə də Seyid Hüseyn dostuna yazdığı məktublarında ona səbirli olmağı məsləhət görürdü.

Axır vaxtlar xüsusən Səriyyə onun yanına gedəndən sonra Əlipaşanın məktublarının məzmunu yavaş-yavaş dəyişməyə başladı. O, Həştərxanda özünə həmyoldaş, həmfikir tapmış, vəziyyətə uyğunlaşmış, həm də tamamilə sağalmışdı. O zamanlar Nəriman Nərimanov və İbrahim Əbilov da siyasi cəhətdən təhlükəli sayılan adamların sürgün yeri olan Həştərxanda idilər. Əlipaşa Azərbaycanın bu görkəmli şəxsiyyətləri ilə yaxından tanış olub, onlarla birgə yerli əhalinin ictimai-siyasi, mədəni-maarif işlərində fəal iştirak edirdi.

O, hər məktubunda öz işlərindən ətraflı yazır, Seyid Hüseynlə, Bakıdakı başqa dostların taleyi ilə maraqlanırdı. Son məktubunda “Şəlalə” məcmuəsinin Seyid Hüseyn barədə yazdığı cəfəngiyyatdan hiddətləndiyini yazır və məcmuənin baş redaktorunun şəxsiyyəti haqqında məlumat almaq istəyirdi.

Seyid Hüseyn məktubu oxuyan kimi Mirpaşanın stolu arxasına keçib ona cavab yazmağa başladı:3

“Möhtərəm qardaşım Əlipaşa!

…Ola bilər ki, bu axırlarda sizə bir qədər seyrək məktub yazım. Çünki qəzetə yazmaq üçün bir-iki fəqərə vardır. Onlardan birisi yarımçıq qalmış “İmla məsələsi”dir. Digəri isə mənim üçün hər bir şeydən əhəmiyyətli olan “Şəlalə” məcmuəsinə cavab yazmaqdır. Çünki bu məcmuə mənim yazmış olduğum “dil məsələsinə” cavab deyil, şəxsiyyətimdən bəhs açaraq küçə söyüşü ilə məni təhqir etmişdir. Əlbəttə, bu kimi şəxslərə cavab vermək özü bir növ rəzalətdirsə də fəqət “Şəlalə” kimi ədəbi bir məcmuənin başına keçib mütəkəbbirlik və xudpəsəndliklə hər kəsə bir zərbə vurmaq, onların şəxsiyyətinə toxunmaq aləmi-mətbuata böyük bir zərbə olduğundan cavab yazmağa özümü məcbur hiss edirəm. Bununla bərabər “Şəlalə”nin sərmühərririni layiqincə tanıdığım üçün onun necə bir “türk” olduğunu bilirəm. Bu zatın şəxsiyyəti haqqında bu qədər kifayət edir ki, İstanbulda onu Bayazid deyilən bir kənd müəllimi təyin etmişlər. Orada bir qədər məktəbdarlıq etdikdən sonra pul qazanmaq məqsədilə övladi-vətəni məktəbsiz və başsız buraxaraq məxfi surətdə qaçıb İrəvana gəlmişdir. İravanda rus komandasına xidmət edən arkadaşı vasitəsilə pasport almış, bir neçəsinin qulağını kəsdikdən sonra Bakıya gəlmişdir. Burada bir neçə müddət mənim təfti-himayəmdə yaşamışdır. Sonra məndən 25 manat, bir o qədərdə İsmayıl Cəfərzadədən, bir o qədər də bir çapcı var, ondan qopardıqdan sonra bir müddət xüsusi dərslər demiş və “Şəlalə” məcmuəsində sərmühərrir olmuşdur. Etmiş olduğumuz yaxşılıqlara müqabilən bizə qarşı şiddətli qələm yürütmüşdür.

…Mənim yazığım “Şəlalə” məcmuəsinə gəlir. İbtidai o çıxanda, bütün Qafqazın cavan mühərrirləri və müəllimləri iştirak etməyə qalxmışdılar. Bu hərif məhz meydanda yalnız qalmaq üçün bu yazıçıların yazdıqlarını səliqəmizə “müvafiq etməyir” deyərək küşeyi-nisvana atdı. Bəzilərini “altun qələm” altında tənqid edərək, bəzisi Hüseyn Cavid əfəndinin şeiri kimi təshih edərək fəna bir hala qoydu. Zatən mənim də “Şəlalə”yə qarşı yazdığım bu nöqtədən irəli gəlmişdir. Hüseyn Cavid kimi möhtərəm bir zata yazdığı cavabında deyir ki, “məqsədinizi əvvəldən bizə qandırmış olacaqdınız, nə şeriniz “Şəlalə”də dərc edilərdi, nə də “Şəlalə”miz çağlardı”. Başqa bir yerdə deyir ki, “biz məhz sizi yazıçılığa təşviq etmək üçün şerinizi dərc etdik. Vəilla şeiriniz “Şəlalə”də dərc edilməzdi. Bu kimi mütəkkəbbiranə və xudpəsəndanə ləflər işlətməklə “Şəlalə”yə müdhiş zərbələr vurmaqdadır. Əgər “İqbal”da Hüseyn Cavid əfəndinin cavabı – ədibanəsini oxumuşsunuzsa Cavidin necə alicənab, necə nəzakətli bir mühərrir olduğunu kəsdirərsiz zənn edirəm. Belə ədib bir kəsə o cür cavab verən bir hərif mənə qarşı “mətbəələrdə çalışıb tökmə hüruf qarşısında ikmali-təhsil edib və ilaxır” deməsi bir o qədər də təəccüblü deyildir.

Bununla bərabər mən dediyim sözdən çəkinməyəcəyəm. Mən “Şəlalə”nin xeyirxahı olduğum üçün öz tövsiyəmdən əl çəkməyəcəyəm. Bizim dilimiz yoxdur. Bizə türk dili (azərbaycan dili), türk ədəbiyyatı lazımdır. “Od” sözünün yerinə “atəş”, “qara” yerinə “siyah” yazmaq türk dilinə müdhiş zərbə vurmaqdır.

Əgər müvəffəq olarsam həftəlik bir məcmuə intişarına çalışacağam. Məqsədim türk dilinə və imla məsələsinə çalışmaqdır.

Bacım Səriyyə xanımın tövsiyəsini oxudum. Onun səmimi-qəlblə söylədiyi sözlər mənə artıq dərəcədə təsir etdi. Haqqı var, düz söyləyir. Mənim dilimdən ona izhari-təşəkkür etməklə salamımı ərz et və söylə ki, mən sədaqətlə ona söz verirəm ki, qəzetəyə mövcubi şübhə və xof bir şey yazmaram, mənim adım heç vaxt hökümətin nəzəri-diqqətini cəlb etməz.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺112,78
₺225,57
−50%