Kitabı oku: «Dörd şair, qırx dua»

Yazı tipi:

VAQİF SƏMƏDOĞLU

RAMİZ RÖVŞƏN

VAQİF BAYATLI ODƏR

RÜSTƏM BEHRUDİ

DÖRD ŞAİR

QIRX DUA

ULU SÖZƏ SALAM OLSUN!

Təbiətin minlərlə rənginin dörd ümumi mənzərəsi var. Dörd mənzərə dörd fəsildir: yaz, yay, payız, qış. Yaz – oyanış, yay – yetişmə, payız – bərəkət, qış – müdriklikdir. Bu bir yozumdur. Əslində, insanın hər anı dörd fəsli birdən yaşaya bilər. Bəzənsə illərlə bir fəsildə məskən salır. Dəyişən insan dəyişən təbiətin özü kimidir.

Bu dörd fəsil yaddaşımda dörd Azərbaycan Türk şairini bir daha canlandırdı.

Qarşımda şeirlər var. Bu tale şeirləri çoxdan mənim ürəyimdə, tərcümeyi-halımda, canımda, qanımdadır. Ancaq indi anladım ki, bu dörd şair bir yerdə tamam başqa bir mənzərə imiş. Çiyin-çiyinə, omuz-omuza dörd şair – XX yüzilliyin bizə tanıtdığı dörd böyük söz ustası – Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi.

Bunların hansı qışdı, hansı yazdı, hansı payız, hansı yay… Yox! Bu şairlər bir fəslə sığmaz. Bu şairləri sıraya qoymaq dayanlış. Şeir idman zalı deyil ki!..

… Gecənin bir vaxtında oyanırsan. Aylı bir yaz gecəsində dünyanın gözəlliyi içərisində əriyirsən və səni Ramiz Rövşənin şeirləri alıb özü ilə aparır və yavaşca pıçıldayır: "Bu yaz gecəsində ölməyə nə var!"

… Dərd içində boğulursan. İçində buramburam qaynayan kədər içini yeyir. "Millət, dövlət zirvəsindən insana enmək vaxtıdır" deyən Vaqif Səmədoğlu pənahına çatır. Əlindən tutub dərdsizliyin Vətəni dərd ölkəsinə aparır. Səni özündən xilas edir.

… Unudulursan. Kimsəsizləşirsən. Dünya öləziyən işıq kimi qeyb olur. Rənglərin itdiyi, səslərin öldüyü bir məqamda yaşıl köynəkli oğlan gözəl gözləri ilə sənə baxır. Sənə dualarını oxuyur. "Dünya söndükcə sən görünürsən, İlahi" deyəndə gözünü açırsan. "Şükür Allahım", – deyib göz yaşını silən arıq barmaqları görürsən.

… Vətəndə vətənsiz qalarsan. İtirdiyin torpaq itirdiyin can kimi səni yanım-yanım yandırar. Doğmaların əlçatmaz, ünyetməz qəbri səni özünə çağırar. "Bu qosqoca şəhərdə ruhum," yaltaqlar, satqınlar içində özünə ölüm hökmü kəsərsən, "Şaman duası"nı eşidərsən. "Dar ağacı" səni bu dünyanın əzabından qurtarar. Gözünü açarsan göylərə baxarsan. Göy üzündə Rüstəm Behrudinin Sözün görərsən.

Şeirin bir adı da xilasdır. Bir adi həyatdan, bir adi ölümdən xilas. İnsan adi ölümdən xilas olduğu kimi, adi həyatdan da xilas olur. İnsan düşməndən xilas olduğu kimi, dostdan da xilas olur. İnsanın xilas olmadığı tək Varlıq, tək Zaman və tək Məkan Allahın özüdür. Bütün yollar Allahla başlayır, Allahla bitir.

Və Allah özü şairlərdə dincəlir. Tanrı şairlərdə öz zərrəsini tapır. Tapdığına sevinir.

… Çağdaş Azərbaycan şeirinin Füzulidən gələn yolu Füzuliyə gedir. Titrək şamın işığında bu yolun ucu-bucağı görünmür. Uzaq və qərib yolun dörd şairi bizim müasirimizdir. Bu dünyada dörd şairin dörd Sözü qalacaq.

… Vaqif Səmədoğlu şeiri yenə gündəlik kimi yazacaq. Hər kəsin gördüyünü heç kəsin yaza bilməyəcəyi dildə yazacaq. Gecə boyu yazılan şeirlər sabah üçün duadır.

… Ramiz Rövşən Sözünü Allahla böləcək. Allahın göydə dediyinə yerdə cavab verəcək. Allahın yerdə dediyini göydə dinləyəcək.

… Vaqif Bayatlı Odərin dupduru gözlərinin dilində yazdığı müqəddəs sözlər tənhalığın, yalqızlığın duası kimi yaşayacaq.

… Rüstəm Behrudinin Tanrının özünə də müxalif olan şeirləri Tanrıya bakirə sevginin özü kimi qalacaq.

Sözün urvatdan düşdüyü bir zamanda yaşayırıq. Vətən qürbət olub, doğmalar yad. Sözün ucuzlaşdığı, sözün satıldığı, qul kimi bazara çıxarıldığı bu ağır dövrdə Allahın bizə yazığı gəlib. Millətin çörəklə, ocaq həsrəti ilə sınağa çəkildiyi bu ağır günlərdə Tanrı bizə təsəlli kimi, xilas kimi Söz verib, Dua verib. Bu müqəddəs Sözü, bu ilahi Duanı söyləyən Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri, Rüstəm Behrudini verib. Tanrı onları vermədiklərinin əvəzinə verib.

İlin dörd fəsli, Azərbaycanın dörd şairi var. Şükür ki, var!

Nələrsə başlayacaq, nələrsə sona çatacaq. Söz qalacaq. Söz yaşayacaq. İlkin söz olub, son ucda da Söz olacaq.

ULU SÖZƏ SALAM OLSUN!

Kamil Vəli Nərimanoğlu

Vaqif Səmədoğlu

Mən burdayam, ilahi!

Vaqif Səmədoğlu qəribə insan olduğu qədər də qəribə şairdir. Hərdən mənə elə gəlir ki, Vaqif bəy üçün dünyada ən ağır şey şeir yazmaqdır. Şeir yazmaq ölümü yaşamaqdır. Yasaqları keçməkdir. Zamansızlığa sığınmaqdır. Şeir yazmaq Əzab-dır. Xilas əzabı. Özünü hissə-hissə, qəlpə-qəlpə, əza-əza öldürüb ətrafdakıları yaşatmaq əzabı.

Bu, mənim Vaqif Səmədoğlunu oxuyarkən duyduqlarımdır. Bəlkə də, yanlışdır. Ancaq bu mənim üçün belədir ki var.

Kamil Vəli Nərimanoğlu

Adın nədir, ev yiyəsi?

Səsin – anamın səsi…

Başım üstdən ağ buludlar,

qara buludlar keçir.

Ağ durnalar başım üstdən

qara yurdlara köçür.

Başım üstə cin oturub

səhər-axşam mey içir.

Zəmiləri qılınc ilə

sərxoş şeytanlar biçir…

Adın nədir, ev yiyəsi?

Səsin – anamın səsi…

Ev yiyəsi, Allah göydən

yerə nə ələyibmiş?

Anam məni çağa ikən

kəfənə bələyibmiş?

İllər tozuna batıram,

burda artıq yer tuturam,

eşiyə qoyun məni.

Ölsəm, dostlar, tabuta yox,

Beşiyə qoyun məni…

Adın nədir, ev yiyəsi?

Səsin – anamın səsi…

                                          1996

Bir gün dəli olacağam.

İcazə versələr əgər.

Gedəcəyəm, baş götürüb,

Evimizdən səhər-səhər…

Söysələr də, öz-özümə

Ürək verib susacağam.

Söyüşləri yaxam üstdən

Orden kimi asacağam.

Səni deyib, yer üzünü

qapı-qapı gəzəcəyəm.

Qürbətə, qapısız vətən,

Görən necə dözəcəyəm?

Yox, görürəm bu dünyada

Mənə bir səs gülməyəcək.

Qorxu tutmuş əllərimdən

Dəlilik də gəlməyəcək.

Bu otaqda qalacağam,

Vicdanımla təkbaşına.

Bircə ümid bəsləyərək

Dost-aşnanın göz yaşına.

Ana yurdum, torpağında

Bir ləpir izim qalmadı.

Doğuldu, öldü şairin,

Sənin xəbərin olmadı…

                                          1971

Sol əlimlə sağ əlimin

arasında duman, dağ,

hansı ölüm qürbətdədir,

hansı ölü, hansı sağ?

Sol əlimlə sağ əlimin

arasıyla çay axır,

Hansı əlim batır suda

hansı sahildən baxır?

Sol əlimlə sağ əlimin

arasında yağar qar,

hansı əlim istidədir,

hansı çöllərdə donar?

Sol əlimlə sağ əlimin

arasında qapı var,

hansı əlim döyər onu,

hansı, görəsən, açar?..

            1985

Elə şirin yatmısan ki,

Hay qaçıb, haray gedib.

Elə bil, oxunan yerdə

Yuxuyla lay-lay gedib.

Köksündən çıxan nəfəslə

Beynimdən ağıl çıxır.

Yaddaşımın hər küncündən

İndi bir nağıl çıxır.

Bu gün məndən kədər nədir,

Qorxu da qorxub qaçır.

Bu yaşacan görməmişəm

Yuxu da çiçək açır.

İndi bu sakit yuxuda

Nə görürsən, sevgilim?

Məni görsən, sərxoş görmə,

Təmiz, ayıq gör, gülüm…

      1996 / Nüşabəyə

Gəlişinə lap az qalıb,

Cəmi ikicə saat.

Gəlmə, qurban olum, gəlmə,

Bu gün də məni aldat…

Unut verdiyin vədəni,

Ya da xəstələn yenə.

Ancaq gəlmə, qurban olum,

Sevinmək düşmür mənə.

Hər gün nəyisə gözləmək,

Ömür, gün dirəyimdir.

Mənim sevinc, məhəbbət yox,

Ayrılıq çörəyimdir…

            1983

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb,

Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,

Ağla, heyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla,

Gözlə, gecə düşəndə,

Yorğan-döşəkdə ağla.

Qulaq asma aləmin

Sözünə bircə kərə,

De Vaqif ölməliydi,

Gəl öldü nahaq yerə..

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla…

                              1980

Ömrün pəncərəsi bağlı,

Vətən mülkü bir otaqlı,

Göylər sözsüz, yer soraqlı,

Nə oldu dözümə bu gün,

Neçin səbrim düşdü ölgün?

Uşaqlar niyə sevinir,

Uşaqlar niyə sevinir?

Bir nağılam, tilsimlərdən

Qurtulsam da, qaçım hara?

Bu nağılın axırını

Oxumayın uşaqlara…

      1982

Göyün sözü göydə qalar,

Yerin sözü – sinəsində.

Deyilməmiş sözlər vardır,

Bəlkə, quyu nənəsində.

Getmədik cin səsləyəndə,

Hay vermədik harayına.

Ağ qoçdan ayrılıb getdik,

O bir yana, biz bir yana.

Damdabaca tək ağladı,

Ay göydə bədirlənəndə.

Görmədik başımız üstdə,

Simurq quşu hərlənəndə.

Odunsuz qaldı meşədə,

Bir qış küpəgirən qarı.

Vərəm tutub, öldü fağır,

Görə bilmədi baharı.

Ağ gəldi, qara su gəldi

Təpəgözün tək gözünə.

Kor olub düşdük ömürlük

Bir başqa korun izinə.

Nağıl böyüyə bilmədi

Bizimlə çiyin-çiyinə.

Viran qalan uşaqlıqdan

Bayquş səsi gəldi yenə…

      1996

Yenidən başlayıblar

Yer üzünü bölməyə.

Guya yerlər az imiş

Bircə kərə ölməyə.

Çoxaldıqca yollarda

Əlil, şikəst izləri,

Cırıldayır içimdə

Ümid protezləri…

Tərs kimi yağışlar da,

Günbəgün soyuqlaşır.

Allah düz vurur bizi,

Böləndə yaman çaşır.

Göylərin yazısında

Nöqtə yeri görünür.

Orda süzən qağayı

Hələ diri görünür…

1995

İndi gileydən, güzardan

Baş alıb qaçmaq vaxtıdır…

Qapıları döyülməmiş,

Taybatay açmaq vaxtıdır…

İndi hər səsdən, hər küydən,

Sükuta dönmək vaxtıdır.

Millət, dövlət zirvəsindən

İnsana enmək vaxtıdır…

İndi nə dua, nə qarğış,

Nə nəzir demək vaxtıdır.

Dünya susmalıdır artıq

Allaha kömək vaxtıdır…

      1995

Ramiz Rövşən

Burax gedim, ay işığı

…Onun şeirləri qəbul olunmuş bütün çərçivə-ləri, dar qəlibləri, daşlaşmış kanonları vurub-da-ğıtdı. Əsl söz adamları səksəndi, şair işləyənlər qorxuya düşdü.

…Onun şeirləri çox şeyi alt-üst elədi, çox mifləri puça çıxartdı, ehkam buzunu öz istisində əridib bulanıq suya döndərdi.

"Azadlıq" qəzeti

Gözümüzün qabağında Ramiz Rövşənin yaz-dıqları onun yaratdıqlarına çevriləndə biz dün-yanı bir daha sevirik və dünyada təkrarsız oldu-ğumuzu duyanda ürəkdən nəfəs alırıq.

Kamil Vəli Nərimanoğlu

NƏFƏS

Mənim bu dünyayla bir alverim var;

adlığım-verdiyim nəfəsdi, nəfəs.

Daha özgə bazar açan deyiləm,

ölüncə bu alver mənə bəsdi, bəs.

Ücretsiz ön izlemeyi tamamladınız.