Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məktəbə dəvət», sayfa 2

Yazı tipi:

CÜTÇÜ

 
Qaldırır kotanın qulağın cütçü,
“Hiş!” – deyib durğuzur ulağın cütçü.
Hayqırır kəlinə: “Aslanım, yeri,
Maralım, məstanım49, ceyranım, yeri,
Ümidim, öz arzum, öz canım, yeri”.
 
 
Dincəldir arabir ulağın cütçü,
Bol verir həm otun, alafın cütçü.
Şumunu qurtarıb çəkir malasın,
Arıtlar50 kötükdən, daşdan talasın
Seçib toxumunu, çəkir cəfasın.
 
 
Qızardır gül kimi yanağın cütçü,
Qalayır evində ocağın cütçü.
Traktor gəlmişdir yeri sökməyə,
Dırmıq çəkib, şuma toxum səpməyə,
Cütçülərə abadanlıq tikməyə.
Bağlamaz patava51, dolağın cütçü,
Bulamaz batdağa dolağın cütçü.
 
 
Doldurub anbarın, çardağın cütçü,
Bəsləyər əyalın, uşağın cütçü.
İgid tək bəzəyir bağı, bostanı,
Yığır, yığışdırır bağı, meyvanı,
Rahat olur qışda cütçünün canı.
Saxlayar evində bol sağın cütçü,
Yeyər-içər südlü qaymağın cütçü.
 

ƏKİNÇİ VƏLİYƏ MÜJDƏ

 
Bir cüt natəmiz quyruqlu dana
Qoşardı xışına Vəli yan-yana.
Eşərdi həftədə bir faiz yeri,
Qazırdı həm yaz, həm payız yeri.
Səpərdi toxumun, əkib talasın,
Sürərdi malasın, çəkib alasın.
Zəhmətin çəkərdi hər il əkinin,
Nəhayət, götürüb orağın, çinin
Biçərdi, bağlardı dərzini Vəli,
Salardı xırmanı, qoşardı vəli52.
Döyərdi, sovurardı… alardı ancaq,
İllik azuqəsin birə-beş çanaq.
Qazardı bu sayaq iynəylə gorun,
İndi bir siz gedin, Vəlidən sorun:
– Vəli, danış, Vəli, keyfin necədir?
İndi güzəranın, işin necədir?
Deyirlər, traktor gəlibdir sana,
Çatırmı o maşın sənin dadına?
– Alt-üstə çevirir yerin təkini,
Asana çıxarıb bütün əkini.
Hara dönsə üzü, oranı sökür,
Torpağın alt qatın üstünə tökür.
 
 
Yeri pambıq kimi eyləyir pardaq,
Göz açıb yumunca işləyir qoçaq.
Hər işin bitirib toxumun saçır,
Cütçünün hər qisim müşkülün açır.
Taxılı biçəndə belini bağlar,
Beli bağlı dərzi qırağa tullar.
Birə-yüz qat bol məhsul alınacaq,
Təsərrüfat günü-gündən artacaq.
Bu sözü söyləyib oynadı Vəli,
Belində bir əli, göydə bir əli.
 

MARAQ ƏHLİNƏ CAVAB

 
Gördü bir gün məni maraq əhli,
Dedi: “Kəşf eylə arzuyi-dili53,
Bu qədər ki, qələm yürütmüşsən,
Ölü məktəbləri diriltmişsən.
Ədəbiyyatda inqilabın var,
Nəşr olunmuş çoxlu kitabın var.
Sərf edibsən maarifə canın,
Olmusan güzgüsü hər insanın.
Olmusan dramnəvis54 və şair,
Tutmusan adət qəbiyi55 həqir56.
Nədir indi sənin mükafatın,
Nədi vicdanına müracatın?
Söylə, arzuyi-təbiətin göstər,
Biz də ondan verək maraqə xəbər”.
Şaki verdi cavabını böylə:
“Sən də əhli-maraqə get söylə.
Mənim ömrüm fənayə maildir,
Qəlbim ancaq bu fikrə qaildir.
Surətən cismi tərk edərsəmsə,
Mənəvi aləmə gedərsəmsə,
El üçün sərfi-himmət eyləmişəm,
El görən cəbrə “zülm” söyləmişəm.
Dağ başı dikdirə gömülə bədənim,
Onadır arzuyi-ruhi-tənim.
Seyr edib gözlərim cahanı görər,
Bəxtəvər ömri-cavidanı57 görər.
Bu mənim arzum, mükafatım,
Şərəfim, şöhrətim, məcazatım”.
 

NƏLƏR GÖRDÜM

 
Ayıldım baxdım ətrafa, cəhalətdən nələr gördüm,
İtirmiş izzəti-milliyyətin ali-bəşər gördüm,
Duzaği58-zülmə boğazın keçirmiş hər nəfər gördüm, Buraxmış fürsətin, hürriyyətin ziri-zəbər59 gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Cəfacu müstəbidlər zülmü darın60 hər tərəf qurmuş,
Güzərgahi61-rəyasətdə kəməndi zülmilə durmuş,
Fəqir, binəva zəhmətkeşi həm soymuş,
                  həm soydurmuş,
Əsiri-zülm olub bu binəvalar boynunu burmuş,
Dilər imdad zalim xaliqindən pürkədər62 gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Mühitimdə dolaşdım, məktəbin asari gördüm yox,
İbadətxanələr, meyxanələr hər yanda həddən çox,
Əqidə sadə, dini mövhumatdan başqa bir şey yox,
Dedim, va63 milləta, va milləta, yazıq sənə, ox, ox!
Cəhalət zülmündən hər yerdə can verən karı
                  kor gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Yanaşdım məktəbin təsisinə, səs gəldi: “Yox, olmaz,
Hökumət rus dilindən başqa dildə məktəb açmaz,
Şəriətdən savayı, başqa elmlərdən birin qoymaz”,
Mən də dərs kitabların yazıb, həm nəşr eylədim az-az.
Üsuli-sövti64 təlimi yaratdım, çox səmər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.
 
 
Durub əski fikirlərlə cihada, inqilab açdım,
Müəllimlər yetirdim, təzəliklər toxumunu saçdım,
Məni təqib edən düşmən əlindən Qoriyə qaçdım,
Orada gürcü hürriyyət pərəstarı ilə rastlaşdım.
Dağıstana, İrana, Türkiyəyə etdim çox səfər, gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Dəxi gördüm qadın, ümmül-bəşər65 xak66 ilə yeksandır,
Cəhalətdə, əsarətdə əzilmiş misli-heyvandır,
Yaşar məhbuslar tək bağlı, ev onlara zindandır,
Günü qara, əri hakim, özü məhkumi-giryandır.
Cəhənnəm atəşi büryan edən əhli-zəbər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Diyari-Şərqin əhli-dəsti istismaridən aciz,
Yemişdir zərbələr əğyaridən, həm yaridən aciz,
Əzilmişdir təpik altında, hər qəhharidən67 aciz,
Qalıbdır elmsiz, sənətsiz, karidən68 aciz.
Uçub kaşanəsi69 avarə gördüm, dərbədər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Hərə bir növ almış yanın sağmal inəklər tək,
Çıxardar şirəsin, qoymazlar balın pətəklər tək,
İşə məcbur edər, yüklər onu haşa eşşəklər tək,
Bu məzlumun asarlar başına noxta həpəndlər70 tək. Güruhi71-müftəxor zəhmətkeş qanın əmər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Xəyal etdim ki, getdikcə maarif intişar72 eylər,
Xəlayiq73 əl çəkər səmti-cəhalətdən, fərar74 eylər,
Məktəbin rövnəqinə75 pullular nəqdi-nisar76 eylər,
Bunun əksin görən düşmən bu halə iftixar eylər.
İli ildən, ayı aydan, günü gündən betər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 
 
Yazıb qoydum neçə asar mən səhnei-tamaşaya,
Sataşdım cümlə əfradi-kübara77, ərşi-əlaya78,
Ərə, arvada, əsnafa79, bəyə, məmura, mollaya,
Nə gördümsə, alıb əksin, həqiqət çıxdı ortaya.
Tamaşaçıları bizövq gördüm, bixəbər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
                  nələr gördüm.
 

MİRZƏ FƏTƏLİ AXUNDZADƏYƏ XİTAB

 
Qiyam et, gözlərin aç, bax, bu əsri axtaran Mirzə!
Səni təqdir edir, təzim edir el, kamıran80 Mirzə!
Cahan, hər yerdə tamaşgahın idi bir zaman, Mirzə!
Onun rəssamı idin, toxmi saçdın ələman, Mirzə!
 
 
Di gəl məhsulunu dər, baği-elmə, bağiban Mirzə!
Tanırmı əsri-mənhus səni, ey dahiyi-dövran,
Gözü, fikri, dili bağlı, qolu bağlı olan insan?
Təhəmmül etmədin, bar-bar bağırdın göstərib nöqsan,
Sənin yazdıqlarından istifadə etmədi insan.
Keçib indi o dövran, gəldi bambaşqa zaman, Mirzə!
 
 
Yaratdın türk üçün türkün həyatın göstərən səhnə,
Onu sadə oyuncaq məclisi sandı yetən səhnə,
Tamaşaçıları güldürdü ancaq mən görən səhnə,
Bu əsrə dərsi-qeyrət, dərsi-ibrət verən səhnə.
Vücudun güzgü tək hər kəs görür onda, inan, Mirzə!
 
 
Sənin asari-əşarın çıxıb dünyaya nəşr oldu,
Gözəl simasan, eşqin zövq ilə qəlbimizə doldu,
Vücudun heykəli el qarşısında izzətin oldu,
Təərrüz81 daşlarından söylə, ey dahi, sənə noldu?
Diz üstə çökdü istedadına əhli-cəhan, Mirzə!
 
 
Bütün Şərq aləmini çulğamışdı fikri, namusun,
Minillik yuxudan qaldırmaq idi eli məqsudun,
Səni qurşaq kimi sarmışdı cəlladınla cəsusun,
Gəlib bir öylə dövran, onlar olmuş indi kabusun.
Fəxarət eylə, ey sahibqələm, sahibzəban82 Mirzə!
 
 
Mənim tək şaki oldun, əsri-cəhlin zülmətin gördün,
Əsarət çulğamış Şərqin halını, hikmətin gördün,
Əməkçi kütləsinin zülm içində zillətin gördün,
Yaxıldın, yandın atəş tək, sən ancaq töhmətin gördün.
Ucal indi ucaldıqca, gəl al namü nişan, Mirzə!
 

BAHAR

 
Bahar odu dağı-daşı qızardıb,
Qıpqırmızı qızılgüllər açıldı.
Çəmən yaşıllaşıb hər tərəfdə
Bənövşələr, qərənfillər açıldı.
Sarmaşıqlar sarı gülə sarmaşıb,
Boğaz çəkib çox sünbüllər açıldı.
Yaşıllaşdı çəmənliklər, çayırlar,
Dağdan-daşdan aşıb, sellər açıldı.
Dərya kimi ağacların yarpağı
Ləpələndi, güclü yellər açıldı.
Gözəl-gözəl quşlar hərə bir cürə
Cəh-cəh vurdu, şirin dillər açıldı.
 

BAHARIN TƏRİFİ

 
Qış çıxıb, Novruz olub, bir görək, ayə, nə gəlir,
Yaz olur, fəsli-bahar əyyamı meydanə gəlir.
Enir ol vəqt havaya, suya və torpağa hava,
Ot, ağac dirçələnir, hər birisi canə gəlir.
Qaynayır körpə yaşıl ot, basır hər bir tərəfi,
Göy çəmən xeyli gözəl bağ ilə bostana gəlir.
Ağacın düymələri zoğluyuban yarpaq açır,
Sonra əlvan çiçəyi gör nə zərifanə gəlir.
Toxmacarlar83 açılandan sonra qurdlar dirilir,
Küm84 tutan kümçülərin işləri tüğyanə gəlir.
Sular artır, sel axır, çay daşıb ətrafı basır,
Hər yana ağzı düşərsə, ora cövlana gəlir.
Zəmiçi öz zəmisin bağlayır, ondan sonra
Dən tutur, hər taxılın sünbülünə danə gəlir.
İsti yerlərdən uçub hər yerə quşlar yayılır,
Oxuyub nəğmələnir, hər biri əfğanə gəlir.
Al-əlvan açılır güllər, olur günə-gün
Şeh düşür türfələnir, xoş ətri hər yana gəlir.
Arabir yaxşı yağışlar sulayur dünyanı,
Hər göyərti boy atır, qüvvə tapır, canə gəlir.
Arılar bal daşıyır hər çiçəyin şəhdindən85
 

BAHARİYYAT

 
Novruz gələndə hara baxsan, nə gözəldir!
Gülüzlü çəmənlərdə çırağban nə gözəldir!
Güllər aça al-qırmızı, əlvan, nə gözəldir!
Gül şaxına bülbül qona, nalan nə gözəldir!
Bu mənzərəni seyr edə insan, nə gözəldir!
 
 
Axşam tərəfi çən basa, kəm-kəm ola çiskin,
Həm güclü yağa, həm kəsilə, həm ola çiskin,
Göy cisminə candır o ki, hərdəm ola çiskin,
İllah ki, hər axşam havası nəm ola çiskin,
Hər sübh çıxa gün belə, neysan86 nə gözəldir!
Mən qılmış idim özümə bir məskəni-məva87,
Yaz fəsli idi, hali-hava xeyli dilara88,
Bir yanı şəhər, bir yan kənd, bir yanı səhra,
Bu mənzərə olmuşdu mənə canlı tamaşa,
Baxmaq belə əhvala hər erkən nə gözəldir!
 
 
Bir yanda vurur cəh-cəhini qumru və bülbül,
Bir yanda aça qönçəsini türfə89 qızılgül,
Bir yanda atır boy, çıxarır başını sünbül,
Bir yanda uçub arı edir şəhdi tənavül90,
Hər şeydə bir əhvali-nümayan nə gözəldir!
 
 
Əlvan geyinib tazələnir düz və yoxuşlar,
Qartal kimi uçmaq diləyir dağdakı daşlar,
İndi qayıdıb isti vilayətdəki quşlar,
Hər sübh çağı nəğmələnib virdini91 başlar.
Sən də ayılıb dinlə, gör heyvan nə gözəldir!
Xoş nəğmələri dinləyən insan nə gözəldir!
 

GÜL

 
Sarı gül, ağ gül, qızılgül,
Bağda-bağçada açıb gül,
Hər sabah səni dərim mən,
Ətrini dağıt, yayıl, gül.
 
 
Çəmənə zinət olan gül,
Ömrü az olub, solan gül,
Bülbülün şərqilərini
Qulaqardına vuran gül.
 
 
Gülüm, nə gözəl açıbsan,
Gözəl ətir saçıbsan.
Bürünüb kola tikana,
Hansı zalımdan qaçıbsan?
 

BƏDBƏXT BALALAR

 
Gül budağında quş yuvası durur,
Quş balası nizam ilə oturur.
Müntəzirdir, anası bir gəlsin,
Ağzına bircə-bircə yem versin.
Hifz qılsın bəladan öz balasın,
Oxusun layla, çalsın öz havasın.
Hanı bu quşların havadarı?
Bir talançı gəlir yuvaya sarı.
Balalar səslərin kəsib yatır,
Anası o zaman gəlib çatır.
Zülmə adət edən yaman bir uşaq
Dutuban92 eyləyər quşu dustaq.
Yuvada quşları qoyub ağlar,
Kim onların anasını bağlar.
Burax ol binəvayi-məzlumu,
Etmə bədbəxt böylə məsumu.
 

BƏXTƏVƏR BALALAR

 
İki quşdur: xoruzu, həm fərəsi,
Ayrı-ayrı cəfa çəkir hərəsi.
Sazlayırlar ağac budağında,
Ağacın handa baş budağında.
Yumuşaq, isti bir zərif yuva,
Eyləyib ona hər biri məva93.
Fərəsi bir neçə yumurta salır,
Gecə-gündüz yumurta üstə qalır.
Sonra yarılıb hər yumurta sınır,
Cücələr başlayıb zühura çıxır.
Bu sayaq ərsəyə gəlir quşlar,
Sifəti xeyli xoş, səsi xoşlar.
Bu iki quş: xoruz, fərə indi
Quş balalarından ötrü bil kimdi.
Fərəsidir ana, xoruzudur ata,
Gecə-gündüz durub yanında yata.
Növbə ilə əmək çəkir quşlar,
Cücəsinə yemək tapır quşlar.
 

QIRQOVUL

 
Qırqovul necə gözəl quşdu,
Biri bir gün koldan uçdu,
Camalına gözüm düşdü.
İstədim, onu səsləyim:
Qaçma, gəl səni bəsləyim.
 
 
Qırqovulum – halal heyvan,
Boynu, başı, döşü əlvan,
Dağdan qaçıb düzdə uçan.
İstədim, onu səsləyim:
Qaçma, gəl səni bəsləyim.
 
 
Qırqovulum cüt-cüt gəzər,
Dağı-düzü hüsnü bəzər,
Yerdə səkər94, göydə süzər.
İstədim, onu səsləyim:
Qaçma, gəl səni bəsləyim.
 

QURAQLIQ

 
Çox quraqlıq göyərtini qurudur,
Çox yağınlıq da aləmi çürüdür.
Bir zaman payıza yaxın yay idi,
Yağmamışdı yağış neçə ay idi.
Çox quraqlıq çəkirdi hər bir can,
Hər cücü, hər göyərti, hər heyvan.
Qurumuş yer cadar-cadar idi,
Hava hər yerdə tozlu, tar idi.
Ağacın yarpağı saralmış idi,
Quruyub meyvəsi qaralmış idi.
Yatmış idi çəmən, çiçək, lalə,
Görən ağlar idi qan bu halə.
Quşların nitqi bağlanıb lal idi,
Tövşüyənlər qoyun idi, mal idi.
Nə gülürdü gülün üzü fələyə,
Nə də salmış idi bülbülə kölgə.
Taxılın sünbülündə dən yox idi,
Kökündən yanan taxıl da çox idi.
Nagahdan bir bulud zühur etdi,
Yayılıb hər yanı tamam örtdü.
Göy üzün qapqara bulud aldı,
Göy gurladı, ildırım çaxdı.
Saçdı göydən yerə yağış rəhmət95,
Yer üzü döndü oldu bir cənnət.
 

KÜRT TOYUQ VƏ CÜCƏSİ

 
Fərəmi kürt basdırdım,
Yanını hər gün kəsdirdim,
Yaxşı qulaq asırdım.
Apardı quzğun cücəsin,
Handa yaxşısın, neçəsin.
 
 
Bir ay bizim fərə
Yumurtladı beş-on kərə,
Üç həftə yatdı bilmərrə.
Apardı quzğun cücəsin,
Handa yaxşısın, neçəsin.
 
 
Yumurtadan diri çıxdı,
Cücəsindən biri çıxdı,
Dalınca bir sürü çıxdı.
Apardı quzğun cücəsin,
Handa yaxşısın, neçəsin.
 
 
Dedim: “A kürt, başın batsın,
Apar cücən hində yatsın,
Ora fəryadına çatsın”.
Apardı quzğun cücəsin,
Handa yaxşısın, neçəsin.
 

BOSTAN SEYRİ

 
Yaz fəsli açılmış idi güllər,
Çıxmışdı xiyar, təzə nübar96.
Altı yaşım o zaman olardı,
Atam məni bostana apardı.
Yolda atam ilə ata mindim,
At minməyimə də sevindim.
Bostan çox iraqda idi kənddən,
Bostana yetişdik, endik atdan.
Bir zorba düzü salıb hasara,
Qazmışlar içini para-para.
Hər səmti tamam xiyaban idi,
Hər qisim göyərti tufan idi.
Saç-saqqalı sarı qarğıdalı,
Bəzərdi bostanı gül camalı.
Almış başını dəyirmi qalxan,
Günlə dolanırdı günəbaxan.
Əmmamə kimi hərif kələmlər,
Öz canını hər birisi bəslər.
Yandan düzülübdü xeyli ləklər,
Bostançı çəkibdi çox əməklər.
Qarpız da, yemiş də var burda,
Keşniş də, şüyüd də, hələ turp da.
Ancaq yetişib xiyar zamanı,
Göstərdi mənə atam da onu.
Gördüm xiyarı xiyabanında,
Baxdım tağına durub yanında.
Kəndir kimi zoğlu yarpaq açmış,
Yatmış yerə, torpağa bulaşmış.
Yarpaq başına töküb xiyarı,
Burnunda çiçəkdi ‒ rəngi sarı.
O gecə yatıb orada qaldıq,
Bir neçə xiyar nübar aldıq.
 

TAXIL BİTKİLƏRİ

 
Çəltik deyir:
– Taxılların başıyam,
Döyülməmiş naşıyam.
Pullunun plovuyam,
Kasıbların aşıyam.
 
 
Buğda deyir:
– Mənə “buğda” deyirlər,
Çörək yapıb yeyirlər.
Hər gün məni yeməyi
Halvatək istəyirlər.
 
 
Darı deyir:
– Darıyam xaşxaş kimi,
Buğdaya qardaş kimi.
Buğdasız təkcə məndən
Çörək bişər daş kimi.
 

QUŞ

 
Uçma, uçma, dayan, ey quş!
Gəl ol mənə həyan, ey quş!
Səni mən bağrıma basım
Səhər ertə, axşamçağı.
Sən gəl mənə inan, ey quş!
Başla, oxu, aman, ey quş!
Sevdiyin yerdə sal məskən,
Arabir uç gəl yanıma,
Mülküm sənə olsun vətən.
Qalx, qon tağ və eyvanıma,
Qorxma məndən, ürkmə məndən,
Fərəh ver qəmli canıma.
Tik özünə yuva, ey quş!
Ey bizlərə mehman olmuş!
 

BƏNÖVŞƏ

 
Qış çıxar, açar yazı bənövşəm,
Eylər bizə nazı bənövşəm,
Hər gülün sərəfrazı97, bənövşəm.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
 
 
Yer ilə yeksan eyləyir özünü,
Göstərir bizə göy, ala gözünü,
Anlayan olmaz söhbətin, sözünü.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
 
 
Ətri var gözəl, sadədir özü,
Ətrinə valeh eyləyir bizi,
Üzsələr də, heç yoxdur bir sözü.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
 
 
Ey səhralarda bitən bənövşə,
Fürsətin əgər bir əlinə düşə,
Qoymaram ola məskənin meşə.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
 
 
Dəstələr bağlaram, iylərəm səni,
Aman, ay gülüm, bəslərəm səni.
 

TƏBİƏT VƏ TORPAQ

 
Dünyaya gəl eylə yaxşı diqqət,
Seyr eylə nizamına həqiqət.
Bir başqa büsat, başqa hikmət,
Bunlar hamısı anam təbiət!
 
 
Torpaq özü nemət yaradandır,
İnsan da ondan yaranandır.
Heç vaxt demə, xak zir-zibildir,
Hər bir ovucu onun qızıldır.
Axtarma sən özgə mədəniyyət.
 
 
Bir cüt öküz ilə bir xış et saz,
Ya fəsli-payız gələndə, ya yaz,
Bir parça yeri əməlli sən qaz,
Səp hər cürə toxumu yerə bir az.
Şəksiz, verəcək bizə otuz qat.
 
 
Ya bir yerə meyvədar98 ağac ək,
Qurd və quşunu təmizlə tək-tək.
Yay fəsli sula, nə qəhri var, çək,
Məhsul olacaqdır onda, bişəkk99,
Yığ onu, apar bazarda qoy sat.
 
 
Ya bir yerə bostan ək baharda,
Ətrafını saxla bərk hasarda,
Qarpız da, yemiş də ək, xiyar da,
Məhsulu sat, apar bazarda.
Hər işinə-gücünə özün çat.
 

PAYIZ KÜLƏYİ

 
Yaz uzunu canım bişdi,
Payız girdi, qabaq qışdı,
Külək əsdi, soyuq düşdü.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
 
 
Külək əsir gün batandan,
Bulud gəlir dörd bir yandan,
Yağış verməz zərər hər an.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
 
 
Canım külək, gözüm külək,
Başımıza açma kələk,
Qoy barı-meyvəni dərək.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
 
 
Külək əsir bağa sarı,
Tökəcək heyvanı, narı,
Qalacaq yarıbayarı.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
 
 
Alma, armud, heyva, üzüm,
Ağaclarda düzüm-düzüm,
Aman, külək, eşit sözüm:
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
 
 
Dağa-daşa duman çökür,
Yarpaqları külək tökür,
Ağacları burub bükür.
Əsmə külək, əsmə külək,
Ümidimi kəsmə, külək!
 

BÜLBÜL

 
Bahar fəsli cavan bülbül,
Açıldı gülüstan, bülbül,
Gülü yada salan bülbül,
Oxu bir qədər, can bülbül!
 
 
Yazın hüsnü çəmən-güldür,
Bənövşə, lalə, sünbüldür,
Onun da hüsnü bülbüldür,
Oxu, oxu, hər an, bülbül!
 
 
Yazın divanəsi sənsən,
Gülün pərvanəsi sənsən,
Oduna onun yanan sənsən,
Gül başına dolan, bülbül!
 
 
Yaza yaşıl çəmən azdır,
Bənövşə, yasəmən azdır,
Gülün qədrin bilən azdır,
Gül qədrini bilən bülbül!
 
 
Yaz açılmaz, gül olmasa,
Gül olmaz, bülbül olmasa,
Bunlar bir, yekdil olmasa,
Çəkər ah-fəğan bülbül!
 
 
Yazın həsrətkeşi çoxdur,
Yazı yad etməyən yoxdur,
Həvəs bülbüldə nə çoxdur,
Həmən yazdır, həmən bülbül.
 
 
Bahar əyyamı hər ildə,
Çox halət var qızılgüldə,
Qanıb bu əhvalı bülbül də,
Açır dil lal olan bülbül.
 

FƏSİLLƏR

 
Qar gedər, yer açılar,
Göydən rəhmət saçılar,
Çəmən, çiçək açılar,
Bil, bu, hansı fəsildir.
 
 
Quşlar bala balalar,
Maldar ot-ələf çalar,
Sünbül çıxar, dən olar,
Bil, bu, hansı fəsildir.
 
 
Meyvə dəyib dərilər,
Xırman-taxıl döyülər,
Aləm behiştə dönər,
Bil, bu, hansı fəsildir.
 
 
Qar aləmi ağardar,
Xalq malı dama salar,
Hər evdə ocaq yanar,
Bil, bu, hansı fəsildir.
 
 
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
 

YAĞIŞ

 
Yağış gəlir yağa-yağa,
Yarəb, yağa bizim bağa,
Çəmən, gülə, dağa, düzə,
Yeri doyunca içirə.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
 
 
Hava hərdəm gözəlləşə,
Aça çiçək çəmən, meşə.
Yağmur yağıb, günəş doğa,
Çıxa əkinçilər işə.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
 
 
Bostançılar, əkinçilər
Yaz olanda yağış dilər.
Yerə, yurda toxum əkər,
Ağacların dibin qazar.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
 
 
Əkin elin süfrəsidir,
Taxıl qeybi100 xəznəsidir.
Öküz, kotan, mala, toxum.
Xalqa ruzi təknəsidir.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
 

SÖHBƏT

 
Yaz olanda yağar yağış,
Otlar uzanar bir qarış,
Qaranquş eylər sifariş:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
 
 
Yaz olanda açar güllər,
Baş çıxardar qərənfillər,
Xəbər göndərər bülbüllər:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
 
 
Yaz olanda çölün düzü,
Heyvanlara verər ruzu,
Bunu qanıb deyər quzu:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
 
 
Yaz olanda çəmən, çiçək
Çox gözəl olur, çox göyçək,
Sabah açılsın bir görək.
Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
 
 
Meylin var isə ədəbə,
Yaşayacaqsan şərəflə,
Dur get hər gündə məktəbə.
Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
 

KEÇİ

 
Başda uzun buynuzları,
Yekəsaqqal, tükü sarı
Keçim gedir dağ yuxarı.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
 
 
Keçim, qurda rast olmayasan,
Qabağında müc101 qalmayasan,
Bizi əngələ salmayasan.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
 
 
Sənsən sürünün seyizi102,
Gəzir sürü sənsiz düzü,
Cana gətirdin sən bizi,
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
 
 
Keçim gedir nə hal ilən,
Zorba, şələ saqqal ilən,
Dalda bir sürü mal ilən.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
 
 
Keçim dırmaşar qayayə,
Gəzər otun yeyə-yeyə,
Bir kəs yoxdur ona deyə:
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
 
 
Keçim, adın Qurban ağa,
Yavaş-yavaş en aşağa,
Gözəl xanım səni sağa.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
 

DURNA

 
Ey havada uçan durna,
Bizi qoyub qaçan durna.
Get, xoş gəldin, səfa gəldin,
Gələcəksən haçan, durna?
 
 
Göy çəməndə gəzən durna,
Su üstündə süzən durna.
Gəl bir, gözüm görsün səni,
Al-yaşıla bəzən, durna!
 
 
Getmə, getmə, gözüm durna,
Sənə var bir sözüm, durna.
Sən gedəndə necə sənin
Həsrətinə dözüm, durna!
 

DURNA ŞƏRQİSİ

 
Yaşılbaşlı durna quşum,
Sənsən dərdimin çarəsi.
Götür məni, ərşə uçum,
Təbiətin mahparəsi103!
Dağı-daşı aşıb keçək,
Yetir məni muradıma.
Yaylaların suyun içək,
Durnam, gəl çat imdadıma.
Səhralarda gəzəcəksən,
Mən yazığam, aman durna.
Dəryalarda üzəcəksən,
Sən gəl mənə inan, durna.
Aman, durna, canım-gözüm,
                       canım-gözüm,
Sənə budur axır sözüm, axır sözüm.
Uçur məni, uçur məni, uçur məni,
Dəryalardan keçir məni, keçir məni.
 

GÜL NƏĞMƏSİ

 
Bir tazə cavan seyrə çıxıb, gəzdiyi bağda
Gördü açılıb gülləri hər yanda, baharda.
Reyhan, qərənfil gülü, əlvan çiçəklər
Yaşıl çəmənə ətir saçıb, cənnətə bənzər.
Gül şaxına qonmuş, oxuyur bülbüli-nalan,
O bağa saçır atəşi-eşqin dili-suzan.
Bu hüsni-behişti bu təbiətdə görüb o
Əl atdı gülün bir xəzəlinə yahu.
Batdı əlinə şax gülün xar104 tikanı,
Səthi-çəmənə axdı onun qırmızı qanı.
– Qan tökmə, – dedi, – mərhəmət et,
                       qaçma, üzül gəl,
Ünsiyyətin olsun, burax o xarı, qızılgül!
 
49.Məstan – qəşəng
50.Arıtlamaq – təmizləmək
51.Patava – dolaq, ayağa sarılan, yundan və s.dən toxunma sarğı, yaxud parça zolağı
52.Vəl – taxıl döymək üçün alət
53.Arzuyi-dil – ürəyin arzusu
54.Dramnəvis – dram yazarı
55.Qəbi – ağılsız, sarsaq
56.Həqir – alçaq, qiyməti, dəyəri olmayan
57.Ömri-cavidan – ölümsüzlük, əbədi həyat
58.Duzaq – hiylə, tələ
59.Ziri-zəbər – alt-üst olma
60.Dar – məkan, yer
61.Güzərgah – yer
62.Pürkədər – kədərli
63.Va – vay, aman
64.Üsuli-sövti – səs qaydaları
65.Ümmül-bəşər – bəşəriyyətin anası
66.Xak – torpaq, yer
67.Qəhhar – qüdrətli, güclü
68.Kari – dəyərli, kəsərli, təsirli
69.Kaşanə – ev, mənzil
70.Həpənd – axmaq, başıboş, gic
71.Güruh – camaat, izdiham
72.İntişar – artma, yayılma
73.Xəlayiq (xəlaiq) – xalq, camaat
74.Fərar – qaçmaq, uzaqlaşmaq
75.Rövnəq – parlaqlıq, gözəllik
76.Nəqdi-nisar – pul tökmək, xərc çəkmək
77.Əfradi-kübar – kübar insanlar, dövlətlilər
78.Ərşi-əla – yüksək təbəqəyə məxsus olanlar
79.Əsnaf – sənətkar
80.Kamıran (kamran) – kam alan, xoşbəxt, qüdrətli
81.Təərrüz – hücum etmək, sataşmaq, təcavüz etmək
82.Sahibzəban – gözəl nitqi olan
83.Toxmacar – çoxillik bitkilərin toxumlarından alınan cavan bitki şitili
84.Küm – barama, baramaqurdu
85.Şəhd – çiçəkdən yığılan şirə, bal
86.Neysan – aprel
87.Məskəni-məva – yurd, məkan
88.Dilara – ürək açan
89.Türfə – füsunkar, qeyri-adi
90.Tənavül – yemək
91.Vird – təkrar-təkrar deyilən, dua
92.Dutuban – tutaraq
93.Məva – ev, yurd
94.Səkmək – (burada) gəzmək
95.Rəhmət – rəhm etmə
96.Nübar – ilk meyvə, yeni meyvə
97.Sərəfraz – başını dik tutan, yüksək
98.Meyvədar – barlı, bəhrəli
99.Bişəkk – şübhəsiz
100.Qeybi – gizli
101.Müc – çarəsiz, əli-qolu bağlı
102.Seyiz – qoyun sürüsünün qabağında gedən təkə
103.Mahparə – Ay parçası
104.Xar – alçaq, həqir

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
11 nisan 2023
Hacim:
21 s. 36 illüstrasyon
ISBN:
978-9952-311-23-5
Telif hakkı:
TEAS PRESS
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre