Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «On bir gecə», sayfa 2

Yazı tipi:

2
Gecəyarı rəqqasəsi

Samirin hekayəti

Mənim qadınla ilk tanışlığım Ukraynada olub. Günlərin bir günü, məndən 3 yaş böyük olan əmim oğlu Zamin mənə birlikdə Ukraynaya getməyi təklif etdi. Bir il olardı əsgərlikdən gəlmişdi, kənddə avaralanıb dururdu, heç bir işin qulpundan yapışa bilmirdi. Soruşanda, “buralar ürəyimi sıxır, onsuz da çıxıb gedəcəm” deyərdi. Ukrayna qızlarıyla çəkdiyi keyflərdən mənə bol-bol danışardı.

–Əmoğlu, orda bilirsən necə qızlar var… Bu tərəfindən baxanda o tərəfləri görünür…

–Necə görünür? – soruşurdum.

–Şüşə kimidirlər də, yemək yeyəndə boğazlarından yemək görünür.

Ukrayna haqqında fantastik xəyallarım vardı, bu ölkəyə yollanmaq mənə yuxu kimi görünürdü. Məktəbi yeni qurtarmışdım, payızda onsuz da əsgərliyə gedəcəkdim, qismət olarsa Zaminin dediklərini öz gözlərimlə görəcəkdim. Ancaq o vaxta qədər gedib Rusiyanı görmək mənim üçün göydəndüşmə idi.

Avqustun axırlarında əmioğlumla Ukraynaya hazırlaşmağa başladıq. Getmək pulumuz düzəlmişdi, ancaq orada bir həftə qalmağın və geri qayıtmağın yolunu tapmalıydıq. Zamin bağçalarındakı narı toplayıb Ukraynaya aparmağı təklif etdi, bu işdə varsanmı dedi, varam dedim. Qərara gəldik, narları yığmaq üçün qutular tapdıq. Bu işə əmioğlu rəhbərlik edirdi, necə, hansı yolla, hara gedəcəyimizə o qərar verirdi. Əvvəlcə “malı” Bakıya aparmaq, ordan Kiyev qatarıyla yollanmaq istəyirdik. Sonra məlum oldu, Abxaziyada ruslar körpünü partlatdığına görə Tiflis-Kiyev qatarı Azərbaycan ərazisindən keçməyə başlayıb. Bu yeni reysdən çox adamın xəbəri yox imiş və buna görə də qatar demək olar ki boş olurmuş. Zamin gecə-gündüz vurnuxurdu, Göyçay stansiyasıyla kənd arasındakı yolu demək olar hər gün debib-gəlir, məlumat toplayırdı. Bir anda plan dəyişdi, əl yükü nar aparacağımız halda, çəki bir tona yüksəldi. Kənddən özümüzlə apardığımız bir dəstə uşağın köməyilə yeşikləri sərnişin qatarına yüklədik, bütöv bir kupeni doldurduq, qonşu kupeni isə özümüz üçün tutduq. 1990-cı il, sentyabr ayının 2-si idi. Həyatımda ilk dəfə Azərbaycanın sərhədlərini aşacaqdım.

Vaqon bom-boş idi. Qonşu kupedə Volodya adlı bir Bakılı rus vardı. Tezliklə onunla dostlaşdıq. Yemək sırası gələndə süfrələrimiz birləşdi, Volodya masaya bir şüşə araq qoydu. Yeyib içib keflənəndən sonra Volodya danışmağa başladı. Qırx yaşlarında bir adam idi. Danışdıqlarından başa düşdüyümə görə arvadı arxasından bir təpik vurub qapıdan bayıra itələmiş, get pul qazan demişdi. Mənə çox yaşlı görünən bu adam Rusiyaya öz bəxtini sınamağa gedirdi. O da elə bizim günümüzdəydi: qayıtmağa pulu yoxdu, ancaq satmaqdan ötrü özüylə bəzi şeylər aparırdı. Bir balon tomat və arvadının hördüyü yun jaket.

Zamin rusca yaxşı bilirdi, Volodya ilə çənə vurur, mənsə tambura çıxıb pəncərədən geriyə axan təbiət mənzərələrinə baxırdım. Qatarla getmək xoşuma gəlmişdi. Getdiyim yerlərdə məni çox maraqlı əyləncələrin gözlədiyini bilirdim. Bayırda yağış yağırdı, üşüyüb içəri keçdim, bunu görən Volodya toxunma jaketi mənə uzatdı, geyinib onların yanında oturdum. Canıma istilik yayıldı. Bir azdan məni yuxu tutdu.

Ertəsi gün artıq Rusiya ərazisində idik. Vaqonumuz yeni sərnişinlərlə dolmuşdu. Volodyanın kupesinə girib jaketi qaytarmaq istədim, qalsın, hava soyuqdur dedi. İçəridə əsgərliyini bitirib evlərinə qayıdan cavan oğlanlarla yeyib-içirdi, danışıb-gülürdülər. Onlarla oturmaq təklifini qəbul etmədim, koridora çıxdım. Burada sarışın bir qız dayanıb pəncərədən çölə baxırdı. Son dərəcə gözəl idi. Deyəsən Zaminin dediyi həmin qızlardan biri idi, həqiqətən də mənə elə gəldi bu qızın bu tərəfindən baxanda o tərəfi görünürdü. Məndən saatı soruşdu. Beləcə tanış olduq. Adı Lena idi. Dərin ruscam yox uidi, ancaq Lena ilə ordan-burdan söhbət etdik, sən demə artıq ərə gedib, boşanıb, bir uşağı da var. Mən də bizneslə məşğul olduğumu, Ukraynaya nar apardığımı söylədim. Lena Ukraynanın Vinnitsa şəhərində yaşayır. Telefonunu verdi, Vinnitsaya gəlsən mənə zəng et, dedi. Sonra öz kupesinə çəkildi. Mən də şirin xəyallar içərisində öz kupemə çəkildim. Zamindən Vinnitsa şəhərinin harada olduğunu, oraya gedib-getməyəcəyimizi soruşdum. Biz elə Vinnitsaya gedirik, sözünü eşidəndə sevincimdən az qala qışqırdım. Lena haqqında Zaminə danışdım. Eh, darıxma hələ, o qədər Lena görəcəksən ki, dedi.

Qatar Kiyevə çatanda dan yeri ağarmağa başlamışdı. Mən Volodyanın kupesinə keçib onu oyandırdım, jaketi qaytardım, çox sağ ol dedim. Yaddaşımda nəcib bir insan kimi qalıb Volodya… Yuxulu gözlərini ovuşdurub, key kimi oturdu, cavab olaraq nəsə mızıldadı. Sonra birdən diksinən kimi oldu, tez sıçrayıb pencəyini qapdı, ciblərini yoxladı və ağır zərbə almış kimi zarıdı. Axşam yeyib-içdiyi əsgərlər cibindəki olan-qalan pulunu da oğurlamışdılar. İndi Volodyanın avtobusa verməyə belə pulu yox idi.

Nar yeşiklərini perrona boşaltdıq. Bir az sonra baş verən hadisə Ukrayna haqqındakı bütün xoş xəyallarımı qara pərdəyə bürüdü. Bir dəstə cavan oğlan bizə yaxınlaşdı. Mallar kimindir, soruşdular. Bunlar reket idi. Zamin irəli yeriyib onlarla “razborkaya” girdi. Kənara çəkildilər. Nəylə qurtaracağını bilmədiyim bu söhbətlər məni çox qorxudurdu. Zamin qayıdıb gəldi, pox yeyirlər, dedi, bir köpük də verən deyiləm. Sonra məni yükün yanında qoyub Vinnitsaya gedən qatarları axtarmağa getdi. Ən xoşagəlməzi də elə bu idi. Yad yer, hava soyuq, cavan oğlanlardan biri 20 metr aralıda dayanıb gözlərini mənə zilləyib. Öldürücü təsiri vardı bu baxışların. Bu bir cüt gözdən qurtulmaqdan ötrü bütün “mal”dan əl çəkməyə hazırdım. Zamin isə görünmək bilmirdi. Bir az aralıda Volodya məzlum-məzlum səkinin üstündə oturmuşdu. Bu ağır saatda nar qutularından aralanıb Volodyanın yanına getmək böyük təsəlli idi. Birlikdə siqaret çəkdik. Volodya Kiyev ətrafındakı bir qohumugilə getməkdən ötür elektriçka biletinə yetəcək qədər pul istədi məndən. Öz kasıb büdcəmdən ona 1 rubl verdim. Yaşarmış gözlərində təbəssüm vardı, nəsə demək istəyirdi, ancaq minnətdarlıq hissi deyəcəyi sözlərdən daha güclü idi. Pulu almağa bənd imiş kimi, çantasını götürüb uzaqlaşdı.

Bundan sonrakı günlərdə də bir neçə dəfə bu hal təkrar oldu: Zamin məni yükün yanında qoyub harasa yox olur, o gəlib çıxanacan o dünyanı görüb qayıdırdım. Nəhayət qayıdıb gəldi, yanında kürən bir xoxol vardı. Reketçilərin başçısı deyəsən bu adam idi. Artıq mənzərə dəyişmişdi; bayaqdan bizi hədələyən cavan oğlanlar yeşikləri qonşu platformaya daşımağa başladılar. Əmoğlum allahın bəlası idi, onlarla necə dil tapmışdısa canla-başla qulluğumuzda hazır idilər. Ən qəribəsi bundan sonra oldu. Vinnitsaya başqa sərnişinlər kimi getmirdik. Yükümüz qatarın əks tərəfindəki lokomotivin kabinəsinə yüklənmişdi. Biz də maşinistin yerində oturub sürətlə uzaqlaşan qatarın geridə buraxdığı yollara baxırdıq. Sevincimizdən bağırırdıq, mahnı oxuyurduq, sanki bütün dünya bizim olmuşdu.

Vinnitsada Vera Nikolayevnanın evinə gəldik. Vera Nikolayevna Nadejdanın anası idi. Nadejda Zaminin köhnə sevgilisi. Nadya özü də qonşuluqda yaşayırdı. Təsadüfən Şimaldan məktəb rəfiqəsi – Lyüdmila qonaq gəlmişdi. Birdən-birə böyük bir şənliyin içinə düşmüşdük. Lüdmila hırhırının biriydi, tez-tez adamı qucaqlayır, sürtüşürdü. Pivə içməkdən çəlləyə dönmüşdü, qırmızı yanaqları, dombalan gözləri vardı. Lüdmila Vinnitsada doğulmuş, ancaq Arxangelskə ərə getmişdi. Düzdür orada maaşlar yüksək idi, ancaq bir ayağı buradaymış, gec-tez Vinnitsaya qayıdacaqmış. Elə ilk saatlardan bir-birimizi çoxdan tanıyırmış kimi olduq. Zamin mənə göz vurub, “hə necədir, xoşuna gəlir, istəsən…” deyirdi, ancaq mənim ağlım Lenanın yanında idi.

Zaminlə birlikdə onun tanıdığı yerli kooperativlərə gedir, gətirdiyimiz malı təklif edirdik. İşlərimiz yaxşı getmirdi. Pulumuz qurtarmaq üzrəydi. Ertəsi gün Zamin qatara minib Çernovtsı şəhərinə yollandı. Rumın-ya ilə sərhəddə yerləşən bu şəhərdə böyük baraxolka (bit bazarı) vardı. Zaminin coğrafiyası şəhərlərə görə deyil, sevgililərə görə dəyişirdi. Sevgilisi olan şəhərlər onun vətəni idi. Mən Vera Nikolayevna ilə tək qalmışdım. Son dərəcə təmizkar olan bu qadının zəif damarı vardı. Masamızın üzərindəki araq butulkasına gözücu baxırdı. Ürəyindən keçəni anlayıb ona içki təklif edirdim. “Yox, yox, olmaz” deyirdi, ancaq tərəddüdü üzündən oxunurdu.

–Bəlkə bir damcı içəsiniz?

–Hə, bir damcı olar…

Sonra bu bir damcı bir qədəh olurdu. İradəsini toplayıb:

–Artıq bu qədər yetər – deyirdi.

Həqiqətən də azacıq içki ona yetirdi, kefi yaxşılaşır mahnı oxuyurdu.

Axşam Lena ilə görüşdüm. Ukraynada, gözəl bir qızla parkda dolaşıram, nə edəcəyimi bilmirəm, ruscam zəifdir, cibimdə qəpik-quruş var. Onunla nə söhbət etdiyim yadımda qalmayıb. Yadımda qalan budur ki, Lenanın pula ehtiyacı vardı, Türkiyəyə işləməyə getmək istəyirdi, ancaq bunu necə edəcəyini bilmirdi. Mənim düşüncələrim daha romantik idi, parkda onunla qucaqlaşmaq, öpüşmək istəyirdim. Lena istəklərimi geri qaytarırdı. Yalnız indi başa düşürəm, ona yardım etməliydim, bir qafqazlıyla yaxınlıq etməsinin başqa səbəbi ola bilməzdi. Tək körpəsi ilə ehtiyacın son həddinə gəlmişdi. Ancaq o zaman bunu başa düşmürdüm, başa düşsəydim belə, Lenanın axtardığı qafqazlı mən deyildim, yəqin ki sabah pulum olacaqdı, ancaq bu gün, bu axşam yoxsul idim. Həm də, Lenayla pul qarşılığında sevgi yaşamaq istəmirdim. Bəlkə də həyatımı ona bağlaya bilərdim, qal desəydi onunla orada, Vinnitsada qalardım, ancaq Lenanın düşüncələri başqaydı.

Dükandan yeyəcək bir şeylər və içki aldıq, Lenanın evinə yollandıq. Kiçik jurnal masasında süfrə açdıq, tanışlığımızın şərəfinə yarım qədəh “qrilka” içdik. Plastinkada musiqi qoydu, rəqs etməyə başladıq. Köynəyinin altından əlimi çılpaq kürəyinə toxundurdum. Qeyri-adi bir yumşaqlıq vardı bədənində. Lena bu tərəfindən baxanda o tərəfi görünən həmin o qızlardandı…

Qapı döyüldü. Lena gözlükdən baxıb:

–Ərimdir, – dedi.

Necə dəhşətli qorxu hissi keçirdiyimi təsəvvür edin. Artıq hər şey bitdi, bu iş qanla qurtaracaq deyə düşündün. Bir anda nə edəcəyimi götür-qoy etməyə başladım. Gözümün ucuyla masanın üstündəki bıçağı işarətlədim. Ayaq üstə dayanıb gözləməyə başladım.

Lena soyuqqanlı idi. Üstünü qaydaya saldı, tələsmədən gedib qapını açdı. Cavan oğlan içəri girdi, demək olar ki üzümə də baxmadan:

–Bağışlayın, narahat etmək istəməzdim…

– deyib, soyuducuya yaxınlaşdı, içki şüşəsini götürüb sağollaşıdı, qapını arxasınca çəkib yox oldu. Lena da gedib qapının zəncirini keçirtdi.

Bu hadisə ovqatımı korladı. Bəlkə bir az içsəm özümə gələrəm dedim. Ancaq Lena daha içmək istəmirdi. Əlindən tutmaq istədim. Yenə könülsüz idi. Balaca çarpayıda uşaq yuxudan oyanıb ayaq üstə qalxmışdı, çarpayının kənarlarından yapışıb dartınır, sanki idman edirdi.

Ərindən yenicə boşanmışdı, hələ rəsmi işləmlər tamamlanmamışdı. Ağlıma gəldi, bəlkə də yad bir kişini evinə gətirməklə ərindən qisas almaq, “bax, mən heç də bədbəxt deyiləm” demək istəyirdi. Artıq bu vəzifəni tamamlamış kimiydi. Çünki, tamamən süstləşdi, öpüşlərimə cavab vermədi, əlinin yüngül hərəkətiylə məni özündən kənarlaşdırdı.

Metin, ses formatı mevcut
₺66,11
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
ISBN:
978-9953-8068-2-2
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,3, 7 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 5 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre