Kitabı oku: «Göyçək Fatmanın nağılı», sayfa 2
– Torpaqlar səndən uca olsun, niyə gec gəldin?
Fatma başına gələn macəranı danışdı. Arvad öz-özünə dedi: “Sabah öz qızımı göndərərəm inəyi aparar”.
Səhər açıldı. Arvad durub plov bişirdi, bir az da pambıq verdi öz qızına. İnəyi də çıxartdı ki, aparsın çölə. Arvad qızına dedi:
– İnəyi apar, Fatma aparan yerə.
Qız getdi, inəyi apardı çölə, yatıb yuxuladı. Yel gəlib pambığı götürüb apardı. Qız durub yelin dalınca düşüb getdi, dedi:
– Ay yel baba, qanadların sınsın, mənim pambığımı ver.
Yel pambığı apardı həmin qarının evinə. Qız yetişib dedi:
– Köpək, imansız, mənim pambığımı ver.
Qarı dedi:
– Yaxşı, gəl, otur, qızım, ədəbin olsun, gəl, mənim başıma bax, gör, mənim başım təmizdir, ya sənin ananın başı.
Qız baxıb dedi:
– Ay sənin başına kül olsun! Anamın başı təmizdi.
Qarı dedi:
– Gəl, bu da sənin pambığın, gedərsən, qabağına üç cür su gələcək – ağ, qara, qırmızı. Qara suda çimərsən, qırmızı sudan başına çəkərsən, ağ suyu qaşlarına çəkərsən. Elə ki, eşşək anqırdı, dönüb dalına baxarsan.
Qız qayıtdı, gəldi, gördü qabağına üç cürə su gəlir. Qarı dediyi kimi qara suda çimdi, ağ suyu qaşlarına çəkdi, qırmızı suyu başına tökdü, eşşək anqıranda dönüb dalına baxdı, eşşəyin başı ona yapışdı. Bədəni oldu qap-qara, bir qara itə oxşadı. Gəldi, gördü ki, sarı inək bir iş görməyib. Sarı inəyi götürüb gəldi kəndə. Anası çıxmışdı qızının yoluna, gördü on dörd gecəlik ay əvəzinə bir qara heybətli meymun gəlir. Arvad vurdu başına, huşu getdi. Elə ki huşa gəldi, qızı ilə birlikdə gəldilər evə, Fatmaya kötək vurmağa ki, günah səndədi. Arvad dedi:
– Hər nə varsa, bu sarı inəyin əlinin altındadı.
Arvad özünü vurdu mərizliyə, nıq-nıq nıqqıldadı, üz-gözünə sarı kök sürtüb yıxılıb yatdı. Axşam oldu, kişi gəldi, dedi:
– Arvad, nə işdi?
Arvad dedi:
– Kişi, ölürəm, getdim həkimin yanına, dedilər, tövlədəki inəyin əti sənin dərmanındı.
Kişi dedi:
– Bu ki bir şey deyil, başını kəsərəm, sən yeyərsən.
Fatma ağlayıb dedi:
– Mənim nənəmin yadigarıdı, gəl, bu inəyi öldürmə.
Kişi dedi:
– Olmaz, gərək sarı inəyin başını kəsim.
Fatma gəldi sarı inəyin yanına, dedi:
– Səni öldürəcəklər.
İnək dedi:
– Eybi yoxdu, əvəzində ətim sənin ağzında şirin olacaq, onların ağzında isə zəhər kimi. Fəqət sən sümüklərimi gətirib, mənim axurumda quylarsan, hər işin bərkə düşəndə gəlib mənə deyərsən, mən sənin istədiyini verərəm.
Elə ki sarı inəyin başını kəsdilər, dərisini soyub, ətini bişirdilər, şam vaxtı olanda gətirib tökdülər qablara, qoydular qabaqlarına. Hansı qoydu ağzına, ət oldu zəhər. Amma Fatma ağız ləzzətilə doyunca yedi. Anası öləndən bəri doyunca çörək yeməmişdi. Arvad ətlərin hamısını Fatmanın qabağına qoyub dedi: