Kitabı oku: «Məlikməmmədin nağılı»

Народное творчество (Фольклор)
Yazı tipi:

Məlikməmmədin nağılı

Azərbaycan nağılları

MƏLİKMƏMMƏDİN NAĞILI

Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gün çiçəyini tökərmiş, üçüncü gün bar verərmiş. Bu almanı kim yesəymiş, on beş yaşında oğlan olarmış.

Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:

– Ata, sənə fəda olum, mənə görə qulluq?

Atası dedi:

– Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, almanı oğurlayanı tutasan ki, tənbeh oluna.

Oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürdü, dava libasını geyinib bağa getdi.

Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh alma yetişən vaxt yuxu onu tutdu. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdu, dərilibdi. Padşahın böyük oğlu kor-peşman evə qayıtdı. O biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi:

– Belə də iş olarmı? Mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, alma oğurlayanı tutasan ki, tənbeh oluna.

Ortancıl oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürdü, dava libasını geyib bağa getdi. Bu da bir saat gözləyib, iki saat gözləyib axırda alma yetişən vaxtı yuxuya gedib yatdı. Bir zaman ayılıb gördü alma dərilib. Kor-peşman evə qayıtdı.

Bu xəbəri padşahın balaca oğlu Məlikməmməd eşitcək, atasının yanına gəldi, ədəblə baş endirib dedi:

– Ata, izn ver, bu səfər də alma ağacının keşiyini mən çəkim.

Atası dedi:

– Səndən böyük qardaşların deyirdilər alma ağacının keşiyini çəkib oğrunu tutacağıq, amma tuta bilmədilər, kor-peşman geri qayıtdılar. İndi sən gedib nə qayıracaqsan?

Məlikməmməd əl çəkməyib, atasından təvəqqe elədi ki, ona izn versin. Atası çar-naçar izn verdi. Məlikməmməd kefi kök, damağı çağ, qayıdıb öz otağına gəldi. Elə ki gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyindi, ox-kamanını götürüb bağa getdi. O biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Xəncərini çıxarıb, barmağının başını yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağının ağrısından yata bilmədi.

Sübhə yaxın gördü ki, bir gurultu, bir nərilti gəlir, ta nə təhər… Durub ağacın dalında gizləndi ki, görsün bu nədir. Bir vaxt gördü ki, bir div gəlir, boyu minarə kimi, adam baxanda bağrı yarılır, elə bilirsən, bir dağ qopub gəlir.

Məlikməmməd o saat barmağını dişləyib dedi:

– Aha, almanı aparan bu imiş.

Div gəlib alma ağacına yaxınlaşanda Məlikməmməd birdən onun başına elə bir qılınc vurdu ki, qılınc zərbdən iki parça olub əlindən yerə düşdü. Div o saat qayıdıb, nərə çəkə-çəkə qaçdı.

Sabah olan kimi Məlikməmməd almaları yığıb bir məcməyiyə qoydu, üstünə də bir örtük çəkib atasına apardı. Padşah almaları görcək çox şad oldu.

Məlikməmməd dedi:

– Ay ata, izn ver, qanın iziynən gedib o divi öldürüm.

Padşah razı oldu. Məlikməmmədə bir qədər də qoşun verib, o biri oğlanlarını da ona qoşdu və yola saldı. Az gedib, üz gedib, dərə, təpə, düz gedib bir quyuya rast gəldilər. Bildilər ki, div bu quyuya giribdi. Quyunun ağzına bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər daşı götürüb içəri girsinlər. Əvvəl böyük oğlan daşdan yapışdı, nə qədər çalışdı, yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdı daşa gücü çatmadı. Növbə Məlikməmmədə yetişdi. O, daşa yapışdı, bir dəfə güc verib daşı götürdü, kənara atdı. Daşı atandan sonra divin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyib dedi:

– Gərək məni sallayasınız.

Dedilər:

– Yaxşı.

O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar.

Bir az sallamışdılar ki, bərk çığırdı:

– Ay yandım, çəkin!

Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan qabağa yeriyib dedi:

– Məni quyuya sallayın, divin dalınca gedim.

Yenə razı oldular, kəndiri belinə bağlayıb, onu quyuya salladılar. Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, quyudan səs gəldi:

– Ay yandım, çəkin!

Yenə çəkdilər.

Axırda növbə Məlikməmmədə yetişdi. Məlikməmməd qabağa yeriyib dedi:

– Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın.

Məlikməmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çığırmağa başladı:

– Ay yandım, çəkin!

Bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi, gördü ki, yavaş-yavaş isti azalır. Quyunun tərkinə çatan kimi, bir o yana, bir bu yana baxıb gördü ki, bir yol var. Belindən kəndiri açıb yolnan getməyə başladı. Məlikməmməd az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içindən də bir qapı var, bu qapını açdı, bir ayrı otağın içində də bir qapı var, bu qapını açdı, bir ayrı otağa girdi. Onun da qapısını açdı… Belə-belə Məlikməmməd yeddinci qapını açdı. Gördü, burda taxtın üstündə elə bir nazənin əyləşib ki, yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə. Qızın dizi üstə bir div başını qoyub yatmışdı.

Qız Məlikməmmədi görcək dedi:

– Ey cavan, kimsən, nəkarasan? Heyfsən, qaç gizlən. Div yaralanıb, acığı tutub. Ayılıb, səni bir dəqiqə də sağ qoymayıb yeyəcək.

Məlikməmməd dedi:

– Mən elə bu divi öldürməkdən ötrü bura gəlmişəm.

Məlikməmməd xəncərini çıxarıb, divin ayağını dəlməyə başladı. Div gözlərini açıb qıza dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlikməmməd bir az sakit olub, yenə başladı divin ayağını dəlməyə.

Div gözlərini açıb çığırdı:

– Qoyma, ayağımı milçək yedi.

Üçüncü dəfə Məlikməmməd divin ayağını dələndə div yerdən qalxıb qıza bir şapalaq vurdu, dedi:

– Sənə demirəm ayağımı milçək yedi?!

Bu halda Məlikməmməd yerindən şir kimi sıçrayıb, divnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşdilər. Heç biri o birisini yıxa bilmədi. Axırda hər ikisi gücdən düşdü. Div dedi:

– Hər kəssən, buraya gəlmisən, bir az möhlət ver, yatım, sonra yenə güləşərik.

Məlikməmməd razı oldu. Div başını yenə qızın dizi üstünə qoyub yatdı. Durdu, yenə başladılar güləşməyə. Bu minvalnan yeddi gün, yeddi gecə güləşdilər. Axırda qız Məlikməmmədə dedi:

– Ey cavan, o taxçada bir şüşə var, bu divin canı o şüşədədi. Onu sındırmasan, divə güc gələ bilməyəcəksən.

Məlikməmməd sıçrayıb taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir quş çıxıb uçmaq istəyəndə Məlikməmməd o saat onu tutdu. Div yerindən qalxıb yalvarmağa başladı:

– O quşa dəymə, dünyada nə istəyirsən, sənə verim. O quşu öldürmə, o mənim canımdı.

Məlikməmməd qəbul etməyib dedi:

– Mənim elə axtardığım bu idi.

Sonra quşun başını üzüb yerə atdı; o saat div gurultu ilə taxtdan düşüb öldü.

Məlikməmməd divi öldürdükdən sonra başını qızın dizinin üstə qoyub doyunca rahat oldu. Bir qədər keçdi, durub o biri otağa keçdi. Məlikməmməd gördü ki, burda əvvəlkindən də gözəl bir qız oturubdu, bunun da dizi üstə bir div başını qoyub yatıb. Qız Məlikməmmədi görəndə dedi:

– Ey cavan, yazıqsan, qayıt, qaç. İndicə div oyanar, səni parça-parça elər.

Məlikməmməd dedi:

– Qorxma, ay qız, bunu da öldürəcəyəm.

Məlikməmməd qılıncını çıxarıb divin ayağını dəlməyə başladı. Div gözlərini açıb qıza dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlikməmməd bir az sakit olub, yenə başladı divin ayağını dəlməyə. Div gözlərini açıb qıza dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlikməmməd üçüncü dəfə divin ayağını dələndə, div yerdən qalxıb qıza bir şapalaq vurdu, dedi:

– Sənə demirəm ayağımı milçək yedi?!

Məlikməmməd yenə sıçrayıb divlə güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşib bir-birini yıxa bilmədilər. Axırda Məlikməmməd divi yuxuya verdi, taxçadakı şüşəni sındırıb quşu tutdu, başını üzən kimi div gurultuynan yıxılıb öldü.

Ücretsiz ön izlemeyi tamamladınız.

Народное творчество (Фольклор)
Metin
₺18,88
₺37,76
−50%