Kitabı oku: «Şah Abbasın nağılı»

Народное творчество (Фольклор)
Yazı tipi:

Şah Abbasın nağılı

Azərbaycan nağılları

BOSTANÇI VƏ ŞAH ABBAS

Bir bostançı var idi. Bu bostançı külfətini qarpız-yemişlə saxlayırdı. Hər il qarpız, yemiş, xiyar əkirdi, taxıla verib dolanırdı. Bir il bostan çox yaxşı bəhrə gətirdi. Bostançı arvadına dedi:

– Bu il bostanımız çox yaxşı bəhrə gətirib, qarpızın lap yaxşısından bir eşşək yükü tutub şıx oğlu Şah Abbasa aparacağam.

Arvadı dedi:

– Lap yaxşı olar.

Bostançı qarpızın lap yaxşısından bir xurcun yığdı, eşşəyin belinə aşırıb, toşhatoş İsfahana yola düşməkdə olsun. Şah Abbasla vəzir Allahverdi xan da dərviş libası geyinib yol ilə gedirdilər. Onlar kişinin qabağına çıxdılar. Şah Abbas ondan soruşdu:

– A kişi, yükün nədi?

Bostançı dedi:

– Ağa dərviş, qarpızdı.

Padşah soruşdu:

– Hara aparırsan?

Bostançı dedi:

– Ağa dərviş, bu il bostanım çox yaxşı bar gətirib. Bunu Şah Abbasa aparıram.

Şah Abbas dedi:

– Rəhmətliyin oğlu, camaat Şah Abbasa ləl, cavahir aparır, qızıl aparır, sən də qarpız aparırsan. Qarpız şahın nəyinə lazımdı?

Bostançı dedi:

– Ağa dərviş, onların gücü lələ, cavahirə, qızıla çatır. Mənim də gücüm ancaq qarpıza çatır.

Şah Abbas dedi:

– Nahaq əziyyət çəkirsən, axı, şah onu götürməz.

Bostançı dedi:

– Ağa dərviş, canın sağ olsun, götürər götürər, götürməz eşşəyi yüklü-zadlı soxaram onun gözlərinə, çıxıb gələrəm.

Allahverdi vəzir istədi kişini vursun, şah onun əlini tutdu. Kişidən ayrıldılar. Başqa kəsə yolla geri qayıtdılar. Şah Abbas qırmızı geyinib taxta çıxdı. Əmr elədi, eşşəyi yüklü bir kişi gələcək, onu eşşəkli-zadlı yanıma gətirərsiniz. Bəli, yolları kəsdilər, kişi gəlib çıxanda, onu eşşəkli zadlı padşahın barigahına apardılar. Şah Abbas ondan soruşdu:

– A kişi, yükün nədi?

Bostançı dedi:

– Qadan alım, şah, qarpızdı. Bu il bostanım çox yaxşı bəhrə gətirib. Bir yük sənə hədiyyə gətirmişəm.

Şah Abbas dedi:

– A kişi, dəli-zad olmamısan, sən məni kim hesab eləyirsən? Xalq mənə ləl, cavahir, qızıl gətirir, sən də qovun, qarpız gətirirsən?

Bostançı dedi:

– Şah sağ olsun, onların gücü cavahirə, lələ, qızıla çatır, mənim də gümanım, gücüm yemiş, qarpıza çatır.

Şah Abbas dedi:

– Qarpız mənə lazım deyil, qaytar, get, yoxsa səni boğazından asdıraram.

Bostançı dedi:

– Şah, ta niyə acığın tutur. Götürürsən, götür, götürmürsən, yolda dediyim olsun.

Şah Abbas dedi:

– De, görüm, yolda nə demisən?

Bostançı dedi:

– Şah, heç nə, söz idi, ağzıma gəldi, dedim.

Şah Abbas dedi:

– Kişi, əgər yolda nə demisən, düzünü desən, ciqqam haqqı, sənə heç zad eləməyəcəyəm. Əgər düzünü deməsən, vayındı.

Bostançı o saat başa düşdü ki, dərviş bu özü imiş, dedi:

– Şah sağ olsun, yolda bir nəfər dərviş məndən sən soruşduğun sözləri soruşdu. Deyəndə ki, şah yemiş-qarpızı götürməz, dedim, gümanım elə buna gəlir, götürməz eşşəkli-zadlı soxaram şahın gözlərinə, qayıdaram.

Padşah xəzinədarı çağırıb dedi:

– Apar bu kişinin qarpızını boşalt, yerini qızılla doldur, ver, aparsın.

Xəzinədar bostançını xəzinəyə apardı, yemiş-qarpızını boşaltdı, yerini qızılla doldurub ona verdi. Padşahın bu hərəkəti Allahverdi xanın xoşuna gəlmədi, dedi:

– Şah, sənin bu hərəkətin heç xoşuma gəlmədi. Kəndlinin biri sənə söyür, sən onun arabasını qızılla doldurub, buraxırsan.

Şah Abbas dedi:

– Vəzir, o kişinin gümanı qarpıza çatır, ondan da mənə nübarlıq pay gətirir. Mən ondan cavahir, ləl istəyəndə onun mənə ağır söz deməsi yerindədi.

Vəzir dedi:

– Mən gedib, ondan qızılı alacağam.

Padşah dedi:

– Allahverdi vəzir, o, sən ağılda adam deyil, çox ağıllı adamdı, yüngülsaqqal olma, ala bilməzsən.

Vəzir dedi:

– Mən alım, sən tamaşa elə.

Padşah dedi:

– Yaxşı, get, al, görək ala biləcəksənmi?

Allahverdi vəzir atını mindi, başqa yolla gedib bostançının qabağını kəsdi, dedi:

– Kişi, sənə bir neçə sual verəcəyəm, bildin – canın qurtardı, bilmədin – qızılını alacağam.

Bostançı dedi:

– Vəzir, buyur, de.

Allahverdi vəzir dedi:

– Göydə neçə ulduz var?

Bostançı dedi:

– Eşşəyimin tükünün sanı qədər.

Vəzir dedi:

– Düz demirsən.

Bostançı dedi:

– Eşşəyin tükünü də say, ulduzları da say, əgər düz olmasa, boynumu vur.

Allahverdi vəzir gördü nə eşşəyin tükünü saymaq olar, nə də göydəki ulduzu, dedi:

– Yaxşı, bunu bildin. İndi o biri sualıma cavab ver. Allah hardadır?

Bostançı dedi:

– Çox asan sualdı. Ancaq eşşəyin üstündə onu deyə bilmərəm, atdan düş minim, deyim. Eşşək üstündə Allahın yerini demək biədəblikdi.

Vəzir o saat atdan sıçrayıb yerə düşdü, dedi:

– Di, min.

Bostançı eşşəkdən düşdü, tez sıçrayıb ata mindi, əyilib cəld eşşəyin üstündən ləl-cəvahiri götürdü, atı mahmızlayıb dedi:

– Vəzir Allahverdi xan, Allah, bax, o tağın dalındadı.

Vəzir ha qışqırdı, bağırdı, kişi dayanmadı, atı çapıb gözdən itdi.

Allahverdi vəzir eşşəyin yanında qaldı. Şah Abbas külafirəngidən baxırdı, o qədər güldü ki, az qaldı, qarnı yırtılsın. Bir neçə adam göndərib dedi:

– Gedin, Allahverdi xana deyin ki, utanmasın, gəlsin.

Adamlar getdilər, padşahın sözünü Allahverdi xana dedilər. Allahverdi xan kor-peşman adamların yanına düşüb getdi. Şah Abbas bir az güləndən sonra dedi:

– Allahverdi xan, gördün, ala bilməzsən? Mən ədalətsizlik eləmişdim, qızıl vermişdim, at verməmişdim. Atı da sən verdin, çox sağ ol.

HƏSƏN QARA VƏ ŞAH ABBAS

Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət-məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.

Günlərin bir günündə, sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan. Bir gün Şah Abbas oturub vəzir Allahverdi xanla şam eləyirdi. Birdən xörək boğazında qaldı. Üzün tutub vəzir Allahverdi xana dedi:

– Ey vəzir Allahverdi xan, nəysə mənim şəhərimdə bir iş var, ya ac qalan, ya da bir çətin işə düşən var, xörək boğazımdan getmir. Dur ayağa, dərvişlibas olaq, bir şəhəri dolanaq.

Hər ikisi durub padşahlıq, vəzirlik paltarını çıxardıb bir dəst dərviş libası geyindilər. Kəşküllərini qızılla doldurub düşdülər şəhərə gəzməyə. İsfahan – nisfi-cahan (Dünyanın yarısı) deyirlər, çox böyük şəhərdi. Şah Abbasla vəzir Allahverdi xan gəzə-gəzə gəlib çıxdılar bir küçəyə. Burda bir imarət var idi. Şah Abbasın öz imarətindən yaxşı idi. Şah Abbas imarətə yaxınlaşanda, üzünü vəzir Allahverdi xana tutub dedi:

– Ey vəzir Allahverdi xan, bilirsən nə var?

Vəzir Allahverdi xan cavab verdi:

– Xeyr, qurbanın olum, bilmirəm.

Şah Abbas dedi:

– Vəzir, bu imarət işsiz deyil, gəl, bir bura baxaq!

Vəzir Allahverdi xan cavab verdi:

– Qibleyi-aləm, fərmayiş sənindi, necə buyurursan, elə də eləyək.

Şah Abbasla vəzir Allahverdi xan imarətə tərəf yaxınlaşıb gördülər ki, bu imarətdə çilçıraqlar yanıb, aləmi işıqlandırır. Bir oğlanla bir qız oturub, yastıqlara təkiyə verib, söhbət edirlər. Şah Abbas yavaşca vəzir Allahverdi xanın qulağına dedi:

– Vəzir Allahverdi xan, yaxşı gəlmişik, hər nə əngəl var, burda var. Gərək gözləyək.

Çəkilib pəncərənin qabağında bir küncdə durdular. Bir də gördülər, vallah, bu oğlan, bu qız o qədər gözəldi ki, deyirsən, Allah-taala xoş günündə, xoş saatında bunları xəlq eləyib. Oğlan olar iyirmi beş yaşında, qız da olar iyirmi yaşında, özləri də bir-birinə elə oxşayırlar ki, deyərsən, bir almadılar, ortadan tən bölünüblər. Qız oğlanı bir qədər öpəndən sonra dedi:

– Mənim canım, başını qoy dizimin üstə, yat, mən də gül camalına baxım!

Oğlan başın qoydu qızın dizinin üstə, qız da başladı onun başını tumarlamağa.

O qədər tumarladı ki, oğlan yuxuya getdi. Qız baxıb gördü, oğlan yatıb. O saat oğlanın başın dizinin üstündən üsullu götürüb qoydu yerə. Ayağa qalxıb, göydən xəncəri aldı, qəfildən oğlanın başını kəsib, bədənindən ayırdı. Bu işi qız elə cəld gördü ki, oğlan hərəkət eləyə bilmədi. Oğlanın gözündən bir damcı yaş çıxıb yanağında durdu. Vəzir Allahverdi xan bunu görən kimi əl atıb əbasının altından qılıncı çəkdi, istədi, içəri girsin, qızı öldürsün. Şah Abbas onu dayandırıb, yavaşca qulağına dedi:

– Tələsmə, gizlən, bu işi elətdirəni tapmalıyıq.

Vəzir Allahverdi xan başı ilə razılıq verdi, çəkilib bir yanda gizləndilər.

Gördülər, qız oğlanın başını bir qızıl xonçaya qoyub üstünə də sərpuş çəkdi. Əl-üzünün qanını yuyub təmizlədi. Yeddi qələmlə özünə zinət verib, tovuzquşu kimi bəzəndi. Oğlanın bədəninin üstünə bir palaz çəkib, xonçanı da əlinə alıb evdən çıxdı. Düşüb başladı küçə ilə bir tərəfə getməyə. Şah Abbasla vəzir Allahverdi xan da düşdülər bunun dalına, başladılar qarabaqara getməyə. O qədər getdilər ki, gördülər, qız şəhərdən kənara çıxdı. Gethaget, gedib çıxdı qəbiristanlığa. Bir tərəfdən altı qəbir sanadı, yeddinci qəbirin üst daşın qalxızdı, girdi içəri. O saat həmin daşı qalxızdılar, bir yırtıq altından bir pilləkən açıldı. Şah Abbasla vəzir Allahverdi xan pilləkəndən düşdülər aşağı, gördülər ki, paho, bura böyük bir zirzəmi imiş… O yan-bu yana gəzməyə başladılar. Bir tərəfdən çalğı səsi eşidib ora tərəf getdilər, yetirib gördülər, elə qız da təzəcə bir qapını açıb girdi içəri. Bunlar da haman qapını açıb qızın dalınca girdilər içəri, bir tərəfdə gizləndilər.

Gördülər, bir az aralı işıq gəlir, həmin çalğı da ordadı. Qız gedib həmən işıq gələn qapını açıb, girdi içəri. Şah Abbasla vəzir Allahverdi xan da o saat yetirib qapının arasından baxmağa başladılar, gördülər, paho, burada qırx hərami oturub kef eləyir. Həramibaşı da yuxarı başda bir taxt üstə əyləşib, qıçını-qıçının üstündən aşırıb, bığını eşib aparıb qulağının dibinə. Qız elə ki həramibaşına yaxınlaşdı, əl-əl üstə qoyub dayandı. Həramibaşı başını qalxızıb qızı görəndə dedi:

Ücretsiz ön izlemeyi tamamladınız.

Народное творчество (Фольклор)
Metin
₺19,08
₺38,16
−50%