Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sufi hekayətləri», sayfa 2

Народное творчество (Фольклор)
Yazı tipi:

BİLMİRƏM

Diyarbadiyar gəzən buxaralı dərviş Nazinda ona verilən suallara tez-tez “Bilmirəm” deyə cavab verərdi.

Onun bu özəlliyi Allahabadda mübahisə mövzusuna çevrilir. Müzakirədə iştirak edənlərin bir qismi müəllimin istənilən suala münasibətdə cahillik göstərməməli olduğunu deyir, digər qismi elə bu nöqteyi-nəzərin özünün cahillik olduğunu təsdiqləyir. Bu məsələylə bağlı çoxlu sayda başqa fikirlər də səslənir.

Sonda məlum dəlillər hind panditi Ram Lalın mühakiməsinə təqdim olunur və alim brəhmən belə cavab verir:

– O, “bilmirəm” deyəndə, bəlkə də, cavabı heç kəsin bilmədiyini nəzərdə tutur. Ya da, bəlkə, bunu məhz sizin bilmədiyinizi qabardır və həmin an sizə “mən”inizi nümayiş etdirir. Yaxud sualın cavabını “bilmək” lazım olmadığına işarə edir, çünki sualda, ya da cavabda nəsə yanlış fikir gizlənir.

Birisi yenə sual verir:

– Bunu daha aydın şəkildə ifadə edə bilməzmi?

Pandit cavab verir:

– Belə etməklə yürüdülən fikirlərin və müzakirələrin qarşısını almış olar.

SİLAH

Hakim əl-Mənsuri Orta Asiyanın böyük müdriklərindən sayılırdı.

Hakim nadir hallarda və çox az danışardı. Ağzını açandasa sanki söylədiklərinin ilahi dəyərlərlə heç bir əlaqəsi yox idi.

Bir dəfə adlı-sanlı bir din xadimi Hakimi fəlsəfi yarışmaya çağırır. O belə hesab edirdi ki, əl-Mənsuri nadan olduğu üçün az danışır.

Beləcə, əl-Mənsuri din xadimi Kvari Muxtarın yaşadığı və dərs dediyi Herat şəhərinə təşrif buyurur. Mübahisə tərəflərinin hər birini yüzlərlə şagird dəstəkləyir.

Kvari nitqinə aramla, səylə düşünüb-daşındığı kəlmələrlə başlayır, amma görüşün başlanmasından bircə dəqiqə keçməmiş Hakim ayağa sıçrayır və barmağı ilə din xadimini göstərir. Kvarini sanki ildırım vurur və o bundan belə bir söz də söyləyə bilmir.

Yolda şagirdlərindən biri soruşur:

– Müəllim, rəqibinin dəlillərini təkzib eləmək əvəzinə niyə onu iflic etdin ki?

Hakim cavab verir:

– Əlində qılınc varsa, düşmənə niyə palçıq atırsan ki? Hətta meymun daha çox şey edə bilsəydi, cırnatmaqdan əl çəkərdi. Bu adam həqiqət axtarmırdı, onun niyyəti mənə qalib gəlmək idi.

ƏHMƏD HÜSEYN

Bir gün sultan Mahmud Qəznəvi ilə sufi Əhməd Hüseyn gəzintiyə çıxırlar. Deyilənlərə görə, Əhməd insanların fikirlərini oxuya bilirdi. Sultan sufinin məharətini göstərməsini istəyirdi, amma Əhməd hər dəfə etiraz edirdi. Onda sultan hiyləyə əl atır və elə şərait yaradır ki, müdrik bilaixtiyar qabiliyyətini üzə çıxarsın.

– Əhməd, – sufiyə müraciət edir.

– Bəli.

– Səncə, orada dayanan kimdir?

– Dülgər.

– Adı nədir?

– Əhməd.

– Necə bilirsən, o, çoxdan yemək yeyib?

– Yox, bir az əvvəl, özü də şirniyyat.

Sultan həmin adamı çağırtdırır və məlum olur ki, müdrikin söylədiklərinin hamısı düz imiş.

– Görürsən, – sultan sevincək dillənir, – öz gücünü gizlədirsən. Amma boynuna al ki, bu dəfə dilini aça bildim. Olanları camaata danışsam, səni dərhal müqəddəs elan edəcəklər. Görüm onda necə kölgədə qalacaqsan.

– Sultan, – Əhməd cavab verir, – mən, həqiqətən, fikirləri oxuya bilirəm, amma bunu necə etdiyimi heç kəs bilmir. Bildiyimi əyləncəyə xərcləyənlərdən deyiləm, ona görə də sirrim açılmamış qalacaq.

– Amma axı elə indicə qabiliyyətindən istifadə elədin?

– Nədən belə düşündün?

– Yaxşı, onda suallarımı necə düzgün cavablandırdın?

– Çox sadə. Sən məni çağıranda o da çevrildi, deməli, adı Əhməddir. Meşədə onu təkcə dülgər üçün lazım olan ağaclar maraqlandırırdı, deməli, bu adam dülgərdir. Dodağına qonan arıları qovandasa düşündüm ki, şirniyyat yeyib.

BƏHAƏDDİN VƏ SƏRSƏRİ

Nəqşbəndi qardaşlığının dahi ustadı Bəhaəddin əl-Şah2 Buxaranın böyük meydanında həmfikri ilə rastlaşır. Bu, Məlamət qardaşlığından3 olan sərsəri dərviş (qələndər4) idi.

– Haradan gəlmisən? – o, sufilərin ənənəvi sualını verir.

– Bilmirəm, – dərviş səfehsayağı gülümsünür.

Bəhaəddinin bir neçə şagirdi bu hörmətsizliyə ağız büzür.

– Hara gedirsən? – Bəhaəddin əl çəkmir.

– Bilmirəm, – dərviş çığırır.

– Yaxşılıq nədir?

Onların ətrafına artıq xeyli adam yığışmışdı.

– Bilmirəm.

– Pislik nədir?

– Bilmirəm.

– Ədalət nədir?

– Mənim üçün yaxşı olan hər şey.

– Ədalətsizlik nədir?

– Mənim üçün pis olan hər şey.

Dərvişin davranışından narazı qalan kütlə onu qovur. O, inamlı addımlarla oradan uzaqlaşır. Dərvişin belə qətiyyətlə yönəldiyi istiqamətə aparan bircə yol da yox idi. Bunu hamı bilirdi.

– Səfehlər! – Bəhaəddin Nəqşbəndi dillənir. – Bu adam adi insanın rolunu oynayır. Siz onu saya salmadığınız halda, o, bilərəkdən diqqətsizlik nümayiş etdirir. Halbuki siz hər gün fərqinə varmadan belə edirsiniz.

MİNDƏ BİR

Ustad sufilərdən birinin yanına olduqca mömin, amma adət-ənənələrə sadiq adam gəlir. Məqsədi ustad dünyasını dəyişməmiş onu görmək və bu görüşdən qiymətli nəsə əxz etmək olur. Lakin çox həyəcanlı olduğundan baş verənlərin məğzinə düzgün vara bilmir. O deyir:

– Sufizm məni sərxoş edir! İşləriniz heyrətamizdir! Demə, hələ öyrənəsi o qədər şey varmış!

Sufi deyir:

– Əgər təkcə “sufizm” anlayışının özü sizi bu qədər vəcdə gətiribsə, nə yaxşı ki elə onun mində birini görə bilmisiniz.

– Bu necə olur ki? – mömin soruşur.

– Bilirsiniz, – sufi deyir, – sufizm bütünlükdə biliyin təkcə mində biridir. Yerdə qalanını isə yalnız sufi öyrənə bilər; sizin kimilərsə onun təkcə mində birini hiss etməyə qadirdir.

– Necə gözəl sözlər! Əla fikirlər! – mömin çığırır.

– Bu konsepsiya məni tar-mar etdi!

Sufi söyləyir:

– Müşahidəçinin pərəstiş obyektinə çevirdiyi hikmət mənadan xali olur. Əgər şaftalını dadmaq iqtidarında deyilsinizsə, ona həddən ziyadə pərəstişdən ehtiyatlanın. “Öyrənməyi öyrənin” deyənlər məhz bunu nəzərdə tutublar.

SİNCAB

Mövlana Bəhaəddin nişapurlu Ələddinlə çəmənlikdə gəzirmiş. Ələddin deyir:

– Niyə insanları zövq aldıqları bir çox sufi ənənəsindən məhrum edirsiniz? Bu məşğuliyyətləri bayağı saymaqda, bəlkə də, haqlısınız. Amma yoldaşlığın adamlar üçün sevinc mənbəyi olmasının qarşısını almaqla onları heç nəsiz qoyursunuz.

Bəhaəddin cavab verir:

– Bir ora bax, qanuni ləzzətlərin möhtərəm müdafiəçisi, müşahidə et. Vəziyyəti anlaya bilsən, cavabını alacaqsan.

Bir neçə oğlan tutduqları sincabın pəncələrini bağlayıb bir-birinə atırdı. Ora-bura qaçışan uşaqlar bolluca əylənirdilər. Bir neçə dəqiqədən sonra yaşca daha böyük oğlan yaxınlaşıb sincabı əllərindən aldı. Biçarənin ayaqlarını açıb azadlığa buraxdı. Dəcəllər qəzəblənib xilaskarı söyməyə başladılar.

Ələddin sonralar deyirdi:

– Bu səhnə olmasaydı, vəziyyətlər arasındakı yaxınlığı heç vaxt duya bilməzdim, üstəlik, qanuni ləzzət saydığımız şeylərin arxasında gizlənən təhlükələri dərk etməzdim. O zamandan bəri və bütün həyatım boyunca insanın arzu olunana nəyinsə itməsi hesabına çatdığını tez-tez müşahidə etdim. Bir də adamlara zövq verən şeylərin onlarda heç gözləmədikləri nöqsanlara istək yaratdığını gördüm.

LOĞMANIN AZAD EDİLMƏSİ

İsrail oğulları tayfasından bir adam Loğmanı müəyyən məbləğ pula satın aldıqdan sonra o həmin adamın yanında işləməyə başlayır. Loğmanın ağası marağa nərd oynamaqla məşğul olurdu. Onun evinin yanından çay axırdı. Bir dəfə o, yenə də bir nəfərlə nərd oynayırdı. Uduzan ya evin yaxınlığındakı çayı bütünlüklə içməli, ya da fidyə verməli idi. Loğmanın sahibi uduzur və udan tələb edir:

– Ya çayı iç, ya da fidyə ver!

Loğmanın sahibi nə fidyə verəcəyini soruşur.

– Ya hər iki gözünü çıxaracağam, ya da var-dövlətinə sahib olacağam.

Uduzan bir gün möhlət istəyir, udan razılıq verir. Ev yiyəsi bütün gecəni qəm-qüssə içində keçirir. Sahibinin qəm dəryasına batdığını görən Loğman kürəyindəki yükü yerə qoyub ona yaxınlaşır. Adətən, Loğmanı görəndə ağası ona atmaca atar, əvəzində eşitdiyi müdrik kəlamlardan isə mat-məəttəl qalardı. Loğman sahibinin yanında əyləşib soruşur:

– Niyə kədərlisən?

Ev sahibi onunla söhbətə baş qoşmaq istəməyib üzünü çevirir. Onda Loğman deyir:

– Başına gələnləri danış, bəlkə, vəziyyətdən çıxış yolu tapdım.

Ev sahibi, nəhayət, olanları danışır. Loğman deyir:

– Narahat olma, çıxış yolu var. O adam gələndə de ki, çayı içə bilərəm, amma necə edim: köndələninə olan suyu içim, yoxsa uzununa olanı? O deyəcək: “Köndələninə olanı”. Onda sən deyərsən: “Mən köndələninə olan suyu içənəcən sən də çayın uzununa axan suyu tut saxla”. Beləcə, qurtulmuş olacaqsan.

Loğmanın haqlı olduğunu anlayan ağasının kefi kökəlir. Səhəri həmin adam gəlir:

– Şərti yerinə yetirəcəksən?

– Əlbəttə, amma de görüm, köndələninə olan suyu içim, ya uzununa axanı?

– Köndələninə, hər iki sahil arasında olanı.

– Elə isə mən köndələninə olan suyu içənəcən sən də çayın uzununa axan suyu tut saxla.

– Axı mən bunu necə edim?

Beləliklə, ev sahibi həm malını, həm də canını qurtarmış olur. Loğman əl-Hakimsə müdrikliyinin sayəsində azadlığına qovuşur.

FAYDASIZLARIN ÖYRƏDİLMƏSİ

Yazılı mənbələrdən belə məlum olur ki, Sinddən olan şeyx Əbu-Əli, adətən, olduqca cahil adamlara mühazirə oxuyar və lal-karlarla meditasiya edərdi.

O deyirdi:

– Siz təkcə ona görə öyrənə bilirsiniz ki, müasir müəllimlər və keçmişdə dərs deyənlər biliyi ağıllı adamlara, bitkilərə, heyvanlara, axmaqlara və cansız əşyalara, həmçinin özündənrazı şagirdlərə ötürürdülər və ötürməkdə davam edirlər.

Məsaməli gil bardaqdakı su onu necə faydalı və məmnun edirsə, üstəlik, yolçunun susuzluğunu aradan götürüsə, sizin fəaliyyətsiz və faydasız qab saya biləcəyinizin sayəsində illərlə yığılan və ötürülən işimiz də eyni şeyi edir.

AZAD OLUNMUŞ

Gürzlə soyuq dəmiri döyməkdən nə fayda

(zərbi-məsəl)

Böyük Ustad Həzrət Nuriyə sufinin kim olduğunu sual edirlər. O deyir:

– Sufi azad olunmuş və başqalarının köləliyinə aidiyyəti olmayan bir insandır. Sufizmi nə nəzəriyyə terminləri, nə də ayinlərin sayəsində izah edə bilərsən.

Nəzəriyyələr lazım oldu-olmadı insana nəyisə aşılayır, ayinin əsasında isə təkrarlanan hərəkətlərin təcrübəsi durur. Sufizm yaranmaqda olandır, artıq yaranmış olana isə tətbiq edilməyən bir şeydir.

OXUDAN MƏHRUM GÜL DƏSTƏSİ

Birisi ustad Nurəddindən Sufi yolunun şəfa verə biləcək qabiliyyətindən, sehr dolu gücündən və insana bəxş elədiyi daxili rahatlıqdan danışmağı inadla xahiş edir.

Nurəddin deyir:

– Qardaş, sən düşərgə tonqalımızın ətrafında dolaşırsan. Canavar tamahkarlığından imtina et və bizi yemə, sadəcə, bizimlə birlikdə ye. Sənin sufizm barədə təsəvvürlərin kökündən yanlışdır. Əvvəlcə birinə çatmaq lazımdır, digəri sonra gələcək.

Adam Nurəddindən əl çəkmir:

– Onda özün və dostların barədə elə bir şey danış ki, sizə qoşulmaq fikrinə düşüm.

Ustad deyir:

– İndi beynində olan fikirlərini boğmaqla bizi qiymətləndirmək günəşə his bağlamış pəncərədən baxmaq kimi bir şeydir. Bu cür yanaşmanla özünü vadar edəcəksən ki, bizi məlum fikirlərinlə, dostlarının və ya düşmənlərinin fikirləri ilə əlaqələndirəsən. Haqqımızda qırıq-qırıq məlumat toplamağa başlasan, bu üsul bizim gül dəstələrinin bağlanma üsulundan fərqli olacaq. Belə olan halda gül dəstəmiz kənardan qəşəng görünə bilər, amma ehtiyacın olan qoxudan məhrum olacaq və bu, son məqsədə çatmaqda maneçilik törədəcək.

BİRCƏ XALA BUXARA

Sufi şairi Hafiz Şirazi məşhur misralarında belə deyir:

 
Şirazlı türk gözəli, ürəyimi ələ alsan,
O qara xalına Səmərqəndlə Buxaranı bağışlaram.
 

Topal Teymur şairi hüzuruna çağırtdırır və qeyzlə səslənir:

– Bir zənən naminə Buxara ilə Səmərqənddən necə keçmək olar? Bir də ki bu şəhərlər mənə məxsusdur və mən bunun əksini düşünənin bir andaca boynunu vurduraram!

Hafiz cavab verir:

– Yəqin, hakimiyyətinizi xəsisliyiniz sayəsində əldə etmisiniz. Əvəzində səxavətim məni sizin əlinizə verdi. Yəqin, sizin simicliyiniz mənim səxavətimdən qat-qat yararlıdır.

Topal Teymur qəhqəhə çəkir və sufiyə xələt verir.

USTADIN İMTİNASI

Suriyadan olan yəhudi, xristian, müsəlman dərviş və məzhəbi məlum olmayan insanlardan ibarət dəstə əsrin ustadı Əhməd Yasəvini görmək üçün İraqı keçib Türküstana gəlir. Ustad onları şəhər darvazasının ağzında qarşılayır, xeyli diqqət nümayiş etdirir. Onlar üçün ayrılmış otaqlara başdan-başa xalı döşənmiş, istənilən arzularını yerinə yetirmək üçün qulluqlarında xidmətçilər durmuşdu.

Çərşənbə axşamı, xüsusi təmrinlərin zamanı gəlib çatanda qonaqlar ustad Yasəvinin təkyəsinə dəvətolunma anını böyük həyəcanla gözləyirlər. Gözlənilən an, nəhayət, gəlib çatanda səksən iki zəvvardan yalnız dördünə təkyəyə girməyə icazə verilir. Qəzəbindən zəncir çeynəyən dəstə rəhbəri Yasəvinin nümayəndəsindən bu ayrı-seçkiliyə aydınlıq gətirməsini tələb edir:

– Ustadınız bizi az qala zərxaraya bürüdü, açdığı süfrədə bircə quş südü əskik idi. Bəs indi niyə bizi yanına buraxmır, axı bu anı ömrümüz boyu gözləmişik?!

Nümayəndə deyir:

– Siz bəxşişləri qəbul edəndə özünüzü təhqir edilmiş saymadınız, bunu yalnız indi, sizə nədəsə imtina ediləndə hiss edirsiniz. Bu lap körpə davranışına bənzəyir. Təkyə – Özgə dünyaların sərvət xəzinəsidir. Dükana girib şirniyyatdan gözü qamaşan uşaq hamısını birdən istəyə bilər. Yetkin adamlarsa nümayəndələrinin təkcə bir hissəsinin içəri buraxılıb lazım olanı götürməsindən və onlara gətirməsindən məmnundurlar.

BƏHAƏDDİNİN SƏHVİ

Bəhaəddin dövlət işləri ilə məşğul olan qüdrətli hökmdar idi və başqa işlər onu maraqlandırmırdı. Bir dəfə o, çiçəklənən məmləkətinə axışan çoxsaylı sərsəri və fırıldaqçıların qarşısını almaq üçün tədbir görməyi qərara alır.

Hökmdar əsgərlərə bir ay ərzində bütün dilənçiləri və sərsəriləri tutub sarayına gətirtməyi əmr edir. Sarayda yaşayan bir sufi həmin arada şahdan ezamiyyət istəyir və səyahətə yollanır.

Bəhaəddin bir ay sonra qəsrinin qarşısına yığışan sərsərilərin çoxluğunu görüb qəzəblənir və onların hamısının şallaqlanmasını əmr edir. Onda cındırından cin ürkən saray sufisi kütlənin arasından çıxıb deyir:

– Ey peyğəmbər ailəsinin varisi! Əgər öz əyanınız geyimi ucbatından cani hesab edilərək tutulubsa, məncə, buna diqqət kəsilməyinə dəyər. Əgər bizi üst-başımıza görə arzuolunmaz sayırsınızsa, qorxuram ki, rəiyyət də bundan nümunə götürə və hökmdarları daxili keyfiyyətlərinə görə deyil, təkcə geyimlərinə görə qiymətləndirə. Onda bəs ədalətli idarə hara getsin?

Bəhaəddin bu hadisədən sonra taxt-tacdan əl çəkir. O, tarixdə ən böyük sufi şeyxlərindən sayılır. Onun sərdabəsinin yanından ötüb-keçən hər kəs atdan düşür və bu dərs yaddaşlardan heç silinmir.

BƏRƏÇİ

Birisi bərəçinin Ustad Xızır olduğunu anlayır.

Xızır onun fikirlərini oxuyub deyir:

– Əgər adamları küçənin ortasında tutub onlara nə etmək lazım olduğunu desəydim, ya mənim dəli olduğumu, ya da öz maraqlarım naminə çalışdığımı düşünər və heç nə etməzdilər. Yox, əgər alim, ya da varlı adam libasına bürünüb sağa-sola məsləhət verməyə başlasaydım, onlar ya dediklərimi qulaqardına vurar, ya da, sadəcə, mənə yarınmağa çalışardılar. Amma mən kütləyə qarışıb sözümü gah burda, gah da orada deyirəm. Arada sənin kimi səsimi eşidənlər də tapılır.

BİLİYİN ÖTÜRÜLMƏSİ

Birisi Ərdəbiliyə deyir:

– Ustadların şagirdləri ilə söhbətləri barədə danışılan heyrətamiz şeylər aydınlanmağıma sirayət edir. Amma bir şey mənim üçün müəmmalı qalıb.

– Nə? – sufi soruşur.

– Siz əməllərdən danışdığınız halda, nədənsə çox vaxt onları meydana çıxaran şəraitin üzərindən keçirsiniz. Bəzən şəraiti qabartdığınız halda, iştirakçıların adını gizli saxlayırsınız. Bu cür yanaşma salnaməçilərin ənənəvi dəqiqliyindən olduqca uzaqdır.

Ərdəbili deyir:

– Əziz dost! Qarşınıza mələk çıxarsaydım, onun məhz haradan peyda olduğu sizin üçün əhəmiyyətli olardımı? Ya da sizə qədəhdən su içməyi öyrətsəydim, bu sözləri mütləq deməliydimmi: “Baxın, Xorasan sultanı suyu bu cür içir”. Suallarınızın cavabları mövcuddur, amma onlar diqqətsizlər üçündür.

BİRİ DİGƏRSİZ

Türküstandan olan sufi Əhməd Yasəvinin yanına birisi gəlib deyir:

– Öyrənmək istəyirəm, amma nə kitabların, nə də müəllimlərin köməyini istəyirəm. Çünki mənimlə Həqiqətin arasında dayanacaq istənilən müəllim müvəqqəti, istənilən kitabsa boşdur.

Yasəvi cavab verir:

– Görürəm, ağzını açmadan yemək, mədəni işə salmadan həzm etmək istəyirsən. Yoxsa könlündən ayaqların olmadan gəzmək, pulunu ödəmədən almaq keçir?.. Bəlkə də, sənə kömək edə bilərəm, amma bu təkcə sadaladığım bədən üzvlərindən ayrıldığın təqdirdə baş verə bilər! Bir təsəvvürünə gətir, həzm sistemi olmadan necə yeyə bilərsən? Yaxud bir heç saydığın sözlər olmadan sufini necə taparsan? Həqiqət istəyirsən, amma sənə uyğun mənbədən imtina edirsən? Kitablar olmadan nəzəriyyə, müəllim olmadan dərs arzulamaq, bəlkə də, çox əyləncəlidir. Yəqin, eyni uğurla möcüzə və sehrin xəyalını yaşamaq olar. Amma əyləncəni bir kənara qoyaq, bəs bilavasitə nəticə necə olsun?

O, AĞ DEYİL

Nəqşbəndi deyir:

– Bizə pənah gətirən, amma əsl ehtiyac duyduqları şeyləri almayanlar, əslində, bizə heç pənah gətirməyiblər də. Üstəlik, onlar heç vaxt kifayət qədər dolu olmayacaqlar. Nə danışmaq istəyənlərdən eşidiləsi bir sözümüz var, nə də təkcə qulaq asmaq istəyənlərə deyiləcək bir kəlməmiz.

Aldığını qəbul edən və heç nə almadığını düşünməyən kəslərə daha çox veriləcək. Burda təklif olunanlardan fərqli bir şey istəyənlər heç yerdə heç nə ala bilməyəcəklər.

Gümüş istəyən, amma gümüşün olmaması səbəbindən qızıl təklifi ilə qarşılaşan adamı xatırlayırsınızmı? O deyir: “Mən bunu xərcləyə bilmərəm, çünki o, ağ deyil”.

SUFİNİN CAVABI

Bəyazidin şagirdlərindən olan çox mömin bir nəfər ona deyir:

– Anlamıram, Allahın varlığına inanan ona təzim etmək üçün məscidə necə getməyə bilər?

Bəyazid cavab verir:

– Mənsə Allahın varlığına inanan birisinin ona təzim etməsini və dualarının gərəksiz olduğunu etiraf edərək ağlını itirməməsini heç cür anlamıram.

İXTİYARİNİN QAZANINDAKI BUXAR

Şeyx Əbu-Əli əl-İxtiyari Hindistana yola düşməzdən öncə Bağdadın şeyxlərini bir yerə yığıb onlardan xahiş edir:

– Uzaqdan Yol axtarışında olanlar gəlsələr, məni tanımadığınızı söyləyin. Ya onlara qonaqpərvərlik nümayiş etdirin, ya da başınızdan eləyin, çünki onları təkcə müəyyən məqsəd üçün axtarışlara ruhlandırmışam.

Sonra Hindistana gedib Yol barədə moizələr oxuyur.

Dinləyicilər onun haralı olduğunu soruşanda Bağdaddan gəldiyini söyləyir.

Tezliklə Bağdada adamlar axışmağa başlayır. Sufilər onlara İxtiyarini tanımadıqlarını deyirlər.

Şeyx Mustafa İxtiyarini tanımadığını söyləməklə ona yardımçı olmasından məmnun qaldığını qeyd edir. Sufilərdən biri deyir:

– İxtiyarinin mövcudluğundan xəbərdarıq. Onu tanımadığımızı söyləməklə işinə necə yarayırıq ki?

Şeyx Mustafa cavab verir:

– Bu adamlar, sadəcə, İxtiyarinin qazanının buxarıdır. Onlar şeyxin qaynatdığından buxarlanıblar və elə zənn edirlər ki, başqa yerə axtarışa getməklə dəyişə bilərlər. Biz İxtiyarini tanıdığımızı söyləsək, qayıdıb zəhləsini aparacaqlar, çünki doğma şəhərində hörmət sahibi olduğunu biləcəklər. Əksinə, tanımadığımızı söyləsək, ya faydasız olduğunu düşünüb ondan əl çəkəcəklər, ya da, sadəcə, zəhləsini apara biləcəkləri bir başqasını tapacaqlar. İstənilən halda İxtiyari yaxasını qurtarmış olacaq.

MƏN HÜZURUNUZDA DEYİLƏM

İnsanlıqda məskunlaş.

(Həriri)

Sufi ustadı Halkaviyə meydan oxuyurlar: şahın hüzuruna gedib elə kandardaca ona həyatı bahasına başa gələ biləcək təhqiramiz bir söz deyə bilərmi?

Halkavi çağırışı düşünmədən qəbul edir. Şahın hüzuruna gəlməsiylə dalaşqan xasiyyəti ilə fərqlənən hökmdarın dillənməsi bir olur:

– Hər kəs səni ağıllı sayır. Bu meydan, bu da şeytan: əylənməyim üçün elə bir söz de ki, hüzurumda heç kəs buna cürət etməsin.

Sufi duruxmadan söyləyir:

– Mən hüzurunuzda deyiləm.

BƏHAƏDDİNİN MÜSTƏBİDƏ MƏKTUBU

Özünü alim sayan bir müstəbid Bəhaəddinə məktub yazır: “Yazdıqlarınızdan qəzəblənmişəm və onların həm tarixi, həm də həqiqi mənada ədəbsiz olduğunu düşünürəm”.

Bəhaəddin cavab verir: “Sizə acıdığımdan düşündüklərimin dörddə birini yazdım. Buna görə də elə hesab edin, bəxtiniz gətirib, çünki imkanlarımı sona qədər işə salmamışam. Amma bilin ki, şagirdlərimin rifahını tələb edən zaman yetişərsə, sizi təhqir edən bu mətnin yerdə qalan dörddə üç hissəsini də yazacağam. Çünki kefi istədiyi kimi hərəkət edən şəxsə, – fərq eləməz, istər şah olsun, istər din xadimi, istərsə də alim, – hörmət ucbatından adamları yalnız müəyyən həddəcən həqiqətsiz qoymaq olar.

TƏHSİL HAQQI

Yusif ibn Cəfər əl-Əmudi şagirdlərindən pul götürürdü. Təhsil haqqı bəzən hətta kifayət qədər böyük məbləğdə olurdu. Onun yanına gələn mötəbər bir hüquqşünas deyir:

– Öyrətdikləriniz məni heyran edir. Üstəlik, şagirdlərinizi düzgün yolla apardığınızı düşünürəm. Amma biliyə görə pul götürmək ənənəyə uyğun gəlmir. Bundan savayı, belə əməllər düzgün anlaşılmaya bilər.

Əl-Əmudi cavab verir:

– Mən biliyi heç vaxt satmamışam, onun qarşılığını ödəmək üçün yer üzünün bütün pulları belə çatmaz. O ki qaldı yanlış yozmaya, onların qarşısını heç bir halda almaq mümkün deyil. İnsanlar pis tərəfə yozmaq üçün həmişə bəhanə axtarıb tapırlar. Ondansa qulaqlarınızda sırğa edin: pul götürən birisi tamahkar da ola bilər, gözütox da. Amma başqalarından pul almayan birisinin daha ağır günaha batdığını – şagirdlərinin ruhunu qarət etdiyini düşünmək olar. “Mən heç kəsdən heç nə almıram” deyənlər, bəlkə də, qurbanlarını iradəsindən məhrum etməkdə günahkardırlar.

2.Xacə Bəhaəddin Məhəmməd Buxari (1318–1389) – nəqşbəndilik təriqətinin yaradıcısı, islam alimi, övliya.
3.Məlamət qardaşlığı, Məlamətilik – təsəvvüf anlamı çərçivəsində əsas ideyası “yaxşını gizlətmək, pisi ifşa etmək” olan təriqət.
4.qələndər – Şərqdə dünyadan əl çəkib sərsəri həyat keçirən dərviş; dünyanın zövq və nemətlərinə inanmayaraq həqiqət axtaran filosof.

Ücretsiz ön izlemeyi tamamladınız.

Народное творчество (Фольклор)
Metin
₺46,05

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952242805
Telif hakkı:
Altun Kitab
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre