Kitabı oku: «Torpağın nağılı», sayfa 2
Yenə dəliqanlı igidlər hiddətlənib bağırdılar:
– Biz cəng istəyirik!
Böyük ata sakitləşdirdi onları:
– Bu cəngdə öləcək igidlərimiz mənim bir oğlumdan heç də əskik deyil, – dedi.
Elçilər Böyük atanın tək oğlunu qabaqlarına salıb qul kimi apardılar. Böyük ata sevindi ki, bununla qan-qada sovuşub getdi, sakitlik yarandı mahalda. Ancaq heç də belə olmadı. Səhər elçilər yenə Böyük atanın qapısını kəsdirdilər. Böyük ata özünü zorla ələ aldı və hiddətlə soruşdu:
– Daha nə istəyirsiniz?
Elçilərdən biri dedi:
– Ulu xaqanımız bir parça torpaq istəyir mahalınızdan, məskən salmaq üçün.
Hamının nəzərləri Böyük ataya dikildi. Onun gözləri qəzəbdən alışıb-yandı. Ayağa qalxaraq:
– Haydı, mənim igidlərim! – dedi. – Düşmən həddini aşdı! Düşmənə verdiyim xəraclar mənə məxsus idi. Ancaq torpaq mənim yox, xalqındı. Düşmənə aman verməyin!
Böyük atanın bir kəlmə sözü ilə dəliqanlı igidlər atlandı. Cəng başlandı, nə başlandı! Qılınclardan şimşək qopdu. Yer-göy dilə gəldi qoç igidlərin nərəsindən. Analar da, bacılar da kişi paltarı geyinib, qılınc götürüb döyüşə atıldılar. Bircə günün içində tar-mar etdilər düşmən qoşununu. Mahaldan öləni də oldu, yaralananı da. Yas saxlamadılar ölənlərə.
– Yasla qələbə bir yerə sığmaz, – dedi Böyük ata.
Mahalda hamı şadlıq etdi. Böyük atanın şərəfinə söz söylədi ozanlar.
– Ən böyük sərvət bir parça torpaqdır, elin sərvəti olan bir parça torpaq, – dedi Böyük ata.
O gecə Vətənin bir parça torpağına dastan qoşdular. Beləcə, həmin gündən müqəddəsləşdi mahalın bir qarış torpağı.
LOĞMANLA ŞƏYİRDİNİN NAĞILI
Günlərin bir günü Loğman ilə şəyirdi səyahət eləyə-eləyə bir şəhərə gəldilər. Onlar mənzil tutub rahatlanandan sonra, Loğman şəyirdini bazara göndərdi ki, çörək, yağ, şor alıb gətirsin. Şəyird bazara gedib yağın qiymətini xəbər aldı. Ona dedilər:
– Batmanı yüz dinardı.
Soruşdu:
– Çörək neçəyədi?
Dedilər:
– Onun da batmanı yüz dinar.
Soruşdu:
– Bəs şoru neçəyə verirsiniz?
Dedilər:
– Batmanı yüz dinara.
Şəyird bazarda nəyin qiymətini soruşdu, “yüz dinardır”– dedilər.
O, sevinə-sevinə ustanın yanına gəlib dedi:
– Nə yaxşı şəhərə gəlmişik. Yüz dinardan baha qiymət yoxdu.
Loğman diqqətlə şəyirdə qulaq asıb dedi:
– Elə isə burda qalmaq olmaz, tez çıxıb getməliyik.