Kitabı oku: «Abbas Mirzə Şərifzadə haqqında xatirələr »
ABBAS MİRZƏ ŞƏRİFZADƏ
HAQQINDA XATİRƏLƏR
“Xatirə Ədəbiyyatı” silsiləsindən 42-ci kitab
1
MÜQƏDDİMƏ ƏVƏZİNƏ
Mən həmişə 20-ci illər teatrından danışanda bəzi aktyorlar təəccüblə: “Sənin məgər neçə yaşın var?
– deyə soruşurlar. Əlbəttə, onlar haqlıdırlar, çünki mənim xatırladığım şeylər, necə deyərlər yaşıma görə deyildir. Ancaq bu bir həqiqətdir ki, 8-9 yaşlarından mən teatra getməyə başlamış və teatrın ömürlük “xəstəsi” olmuşam. Bunun sirri isə çox sadədir, o zaman mənim yaxın qohumlarımdan biri teatrda texniki işlərdə çalışır, məni də özü ilə teatra aparırdı, mən həm ona kömək edir, həm də
tamaşalara baxırdım. Təxminən 30-cu ilə qədər belə oldu, sonra mən məktəbi bitirib kəndə müəllimliyə
getdim.
İlk dəfə hansı tamaşaya baxdığım yadıma gəlmir. Ancaq bir tamaşa vardır ki, o mənim teatrla tanışlığımın vaxtını dürüstləşdirməyə kömək edə bilər. 1923-cü ildə “Bakı qoçularının toy məclisi” adlı yığma bir tamaşa göstərilirdi. Mən bu tamaşanı görmüşəm. İki hissəsi yaxşı yadımdadır. Bunlardan birincisi Məmməd Əli şahın və Nikolayın taxtdan salınmasından, digəri isə məşhur Bakı qoçuları Teymurbəy və Nəcəfqulunun sovet dövründə büsbütün iflas olub həbsxanada həyət süpürmək və sairə
fiziki işlərlə məşğul olmasından bəhs edirdi. Ancaq, “Bakı qoçularının toy məclisi” mənim teatrda gördüyüm ilk tamaşa deyildi. Bu zaman artıq mən teatra çoxdan alışmışdım, bir çox aktyorları səhnədən tanıyırdım. Demək, mənim teatra getməyə başladığım vaxt bir az da əvvəldir, təxminən 1922-ci ildir.
Bu zamandan da mən Abbas Mirzə Şərifzadəni tanımağa başlamışdım. Doğrudur, ilk dəfə onu hansı tamaşada gördüyüm xatirimə gəlmir. Ancaq o illər Abbas Mirzə, demək olar ki, hər gecə
oynayırdı, hətta onun üçün səciyyəvi olmayan tamaşalarda belə bəzən, çoxlu tamaşaçı toplamaq bəhanəsilə çıxış edirdi. Yadımdadır “Qanlı qələ” tamaşasında əksərən Sidqi Ruhullanın oynadığı Buridən rolunu bir gecə Abbas Mirzə oynadı və özü də, deyəsən, yaxşı oynamadı. Abbas Mirzəni o illər ən çox Aydın, Şeyx Sənan, İblis, Karl Moor, Ağa Məhəmməd şah Qacar, Otello və sairə rollarda görmüşəm. Ancaq onun yaradıcılığında mənim üçün ən şöhrətli dövr, “Hamlet”i oynadığı 1926-cı il idi. Bu zaman artıq teatr aləmində mən özümü xeyli “təcrübəli” hesab edə bilərdim, nəinki tamaşalar, hətta teatrın daxili işləri, planları, məşğələləri ilə tanış idim və öz məktəb yoldaşlarım içərisində ən görkəmli teatr “mütəxəssisi” sayılırdım. Yadımdadır, həmişə başıma toplaşar, teatr haqqında söhbətlərimə maraqla qulaq asardılar. Mən artıq bilirdim ki, teatr “Hamlet”i hazırlayır. Hamleti isə
Abbas Mirzə oynayır, ümumiyyətlə teatr aləmində böyük bir hadisə gözlənilirdi. Bu belə də oldu.
“Şərq üslubunda oynanan “Hamlet” fövqəladə bir müvəffəqiyyət qazandı. Tamaşaçı “Hamlet”ə axına gəlirdi, çox maraqlıdır ki, bu mürəkkəb əsəri hamı asanlıqla başa düşür, onun dərin məzmununu, fəlsəfi mahiyyətini dərk edirdi. Olsun ki, burada “Şərq” üslubunun da müəyyən rolu olmuşdur. Ancaq mənə qalarsa, tamaşanın müvəffəqiyyəti başlıca olaraq Şərifzadənin məharətinə bağlı idi. Məsələ
burasındadır ki, Şərifzadəyə alışmış tamaşaçı artıq bilirdi ki, onun oynadığı hər bir rol məna etibarilə
həmişə çox mürəkkəb, dərin və cazibəlidir; onun qəhrəmanları bir insan olaraq nə qədər sadə olsalar da, heç bir zaman səthi və dayaz adamlar deyildir, onun hətta mənfi qəhrəmanları belə həmişə
ağıllıdırlar, istedadlıdırlar, cəmiyyətdə mühüm bir qüvvəni – ya mənfi, ya müsbət – təmsil edirlər, onların hərəkətləri, rəftarı, sözü, mübarizəsi və idealı böyük ictimai mənaya malikdir: Qəhrəmanların taleyində həmişə ümumbəşəri problemlər, faciəli tarixlər, inqilabi hadisələr öz əksini və ifadəsini tapır; bu və ya digər qəhrəmanın dililə bəzən böyük bir xalq, bütün bəşəriyyət danışır; onun görüşlərində
fəlsəfələrin mübarizəsi, dinlərin münaqişəsi, siniflərin çarpışması öz ifadəsini tapır; Abbas Mirzənin qəhrəmanları ədalətsiz cəmiyyətlə, mürtəce mühitlə, şahlarla, xaqanlarla, din naşirlərilə, hətta “allahın”
özü ilə üz-üzə gəlir, vuruşur, öz mənliyini, öz idealını müdafiə edir və bununla da geniş kütlələrin, demokratik təbəqələrin mənafeyini qoruyur, onların arzu və istəklərinə tərcüman olaraq bütün bir nəslin havadarına və bayraqdarına çevrilir.
“Hamleti” də hamı üçün anlaşıqlı edən məncə bu keyfiyyətlərdir. Abbas Mirzə öz tamaşaçılarını
“Hamletə” hazırlayırdı.
2
“Hamlet” göstərilən illərdə mən çox gənc idim və bu yazdıqlarım əlbəttə, sonrakı idrakın məhsuludur. Ancaq mən qəti deyə bilərəm ki, o zaman biz uşaqlar belə, Abbas Mirzə qəhrəmanının romantik cazibəsi dairəsində idik, bir qəhrəman olmaq, ictimai adam olmaq, xalqın, cəmiyyətin, bəşəriyyətin taleyilə vuruşmaq istəyirdik. Bu halda olsun ki, çoxumuz gülünc görünürdük, qabağımızdan yemədiyimiz üçün qəribə vəziyyətə düşürdük. Lakin bunu da inkar etmək olmaz ki, qəhrəmanlıq, mübarizlik, odlu, alovlu ehtirası əməlpərvərlik yeni həyat quran sovet adamı üçün tanamilə qanuni idi, Abbas Mirzənin də aşıladığı ruh bizim həyat təcrübəmiz, tərbiyəmiz və idealımız üçün səciyyəvi idi və bizə təsirsiz qala bilməzdi. İllər keçdikcə Abbas Mirzəyə məftunluğumuz daha da artır və möhkəmlənirdi, onun tamaşaçı üzərində hökmü, təzyiqi daha da qüvvətlənirdi, “Hamlet” öz humanist fəlsəfəsi, ümumbəşəri mühakimələri, öz kəc taleyilə bizi cəlb edirdisə, Elxan artıq bilavasitə
bizim həyatımıza müdaxilə edir, ictimai ideallarımıza, azadlıq və səadət haqqındakı təsəvvürlərimizə, nəhayət dinə qarşı münasibətlərimizə toxunur, bir çoxlarını açıq döyüşə təhrik edir, qəti bir sual qarşısında qoyurdu: hər kəs deməlidir, Allah vardırmı, o dinə inanırmı, peyğəmbərlərin müqəddəsliyini qəbul edirmi? Bu böyük və əlamətdar bir hadisə deyildirmi ki, aramızda dindarlar hələ
çox olduğu halda mühitdə qaranlıqlar hələ büsbütün çəkilmədiyi bir zamanda sinfi, dini, mövhumi təsəvvürlər hələ xeyli güclü olduğu bir dövrdə Allahı inkar edən, dinlərin heçliyini göstərən, peyğəmbərlərin yalançılığını sübut edən bir qəhrəman ən geniş tamaşaçı kütləsinin dərin məhəbbətini qazanmışdır?! Təsadüfi deyildi ki, “Od gəlini” tamaşasının müəllifləri C. Cabbarlı və rejissor A. A.
Tuqanov çox ehtiyat edirdilər; onlar qorxurdular ki, tamaşaçı, daha doğrusu, dindar camaat, avamlar, mövhumatçılar Elxanı bəyənməsin, ona nifrət eləsin.
Mən məşqlər zamanı “Od gəlini” tamaşasının ayrı-ayrı səhnələrinə baxmışdım, yadımdadır, bir növbəti tamaşanın başlanmasına bir-iki saat qalmış, Tuqanov, Sidqi, Yeva Olenskaya səhnəyə gəldilər və “Od gəlini”ndən bir parça yarım səslə məşq etməyə başladılar. Görünür, onlar nəyi isə yoxlayır, dürüstləşdirmək istəyirdilər. Bu çox mümkün idi, çünki “Od gəlini” üzərində teatr olduqca ciddi işləyirdi, əsəri yığcamlaşdırır, ayrı-ayrı səhnələrini təkrar-təkrar yoxlayırdılar. O da yadımdadır ki, bir gecə Rza Əfqanlı teatrın aşağı sağ foyesində paltarasanın qabağında durub texniki işçilərə “Od gəlini”ndən danışır, Rəbi rolundan razılığını bildirir və hətta bir az qürurlanırdı ki, tamaşada onun rolunun mövqeyi çox əlverişlidir: Rəbi hamıya hökm edir, hətta Abbas da, – diqqət edin: O, Elxan demir, Abbas deyirdi,-onun əlindədir, ona tabedir.
Mən bir az kənarda durub Əfqanlının sözlərinə qulaq asırdım və artıq başa düşürdüm ki, “Od gəlini” nə isə başqa bir aləm olacaqdır. Tamaşanın nə qədər böyük ehtiyatla hazırlandığı bir də ondan məlum oldu ki, baxış tamaşası gecəsi heç kəsi salona buraxmadılar. Mən teatrda işləyən iki qardaşımla birlikdə oğrun-oğrun dördüncü yarusa qalxıb bolkonun lap axırıncı sırasında yerdə gizləndik. Parterdə
ilk cərgədə cəmisi üçmü, ya dördmü adam oturmuşdu, məsul yoldaşlar idi. M. Quliyev də, deyəsən, onların içərisində idi. Tuqanov özü amfiteatrda tək oturmuşdu, çox həyəcanlı idi, boynundan bir parça kəndir asılmışdı, – indi də anlaya bilmirəm ki, o kəndir nə üçün idi və hansı bir təsadüf nəticəsində
Tuqanovun boynundan asılmışdı.
Qərəz, baxış tamaşası başlandı, heç bir təntənə hiss olunmurdu, əksinə çox böyük bir gərginlik duyulurdu. Hətta bir süstlük, soyuqluq da hiss etmək olardı; rəssamın, bəstəkarın, tamaşanı idarə edən mərhum Ə.R.Rzayevin işindəki nöqsanlar nəticəsində tamaşa ləng gedirdi. Yadımdadır, axırıncı pərdədə bəstəkar və dirijor Əfrasiyab musiqini vaxtında başlamamışdı, Tuqanov amfiteatrdan gur bir səslə: “Muzıka!” – deyə çığırdı. Tamaşa çox gec qurtardı, səhv etmirəmsə, saat üçə yaxın idi.
Etiraf etməliyəm ki, böyük həsrətlə gözlədiyimiz tamaşa bizə o qədər güclü təsir bağışlamadı, yalnız evə gəldikdən sonra tamaşanın Oddamdı ilə bağlı səhnələrini xatırlayıb xeyli gülüşdük. Biz tamaşanı həzm edə bilməmişdik, camaat isə tamaşanı çox yaxşı qarşıladı. Premyeradan başlamış iki-üç il müddətində “Od gəlini”nə axının arası kəsilmirdi. Ərəb istilasına, islam dininə, zülmkarlığa və
ədalətsizliyə qarşı çevrilən azadlıq və səadətə çağıran “Od gəlini” şüurlara hakim oldu, hamını öz təsiri altına aldı, öz bədii cazibəsilə ən dindar tamaşaçını da məğlub etdi. Mən belə güman edirəm ki, burada əsərin öz məsuliyyəti ilə yanaşı ifanın qüdrəti böyük rol oynayırdı. Elxanı başqa bir aktyor oynasaydı, 3
tamaşanın təsiri bəlkə də bu qədər güclü olmazdı. Məsələ burasındadır ki, tamaşaçı Abbas Mirzəyə
inanırdı, ona böyük rəğbət bəsləyirdi, o bilirdi ki, Abbas Mirzənin müsbət qəhrəmanı həmişə haqlıdır, o, ən böyük doğruçudur, o yalan deməz, kimsəni aldatmaz, o ən təmiz, ən ləyaqətli, namuslu və
vicdanlı məxluqdur. Abbas Mirzənin Elxanına şübhə etmək mümkün deyildi, öz ideyası uğrunda bu qədər səmimiyyət və fədakarlıqla vuruşan, döyülən, təqib olunan, həbsxanalara düşən, istəkli qardaşına düşmən kəsilən, sevimli Solmazı əli Quranlı gördükdə rədd edən bu qədər faciəli bir təbiətə
“böyük insan dostuna” inanmamaq mümkün deyildi. Abbas Mirzəni xatırlayan qocaman neftçi Gülbala Əliyev yaxşı deyir ki, Abbas Mirzə ən böyük bir təbliğatçı idi. Bədii bir dillə, böyük bir istedadın ağzı ilə deyilən söz düz hədəfə dəyir və adamın necə deyərlər yeddi qatından keçirdi.
“Od gəlini” oynayan ildə mən Abbas Mirzəni artıq çox yaxşı tanıyırdım, onu nəinki səhnədə, hətta həyatda da tez-tez görürdüm, küçədə rast gəlirdim. O, Çadrovaya küçəsində yaşayırdı, teatra gedəndə
nədənsə həmişə Persidskaya (Poluxin) küçəsində deyil, Spaskaya (Qasım İsmayılov) küçəsilə gedərdi, mən onu bu küçədə görmüşəm.
Bir müddət sonra mən onunla şəxsən də tanış oldum. Bu belə oldu. 1928-ci ildə Mərziyə Davudova Tiflisdən Bakıya köçdü, bizim yaşadığımız evdə bir otaq tutdu, nəticədə ailəmizlə çox yaxınlaşdı və
mənim teatr eşqimin güclənməsinə xeyli təsir göstərdi. Abbas Mirzənin Mərziyə xanımla münasibətləri məlumdur, ona görə də mən onu tez-tez ailə mühitində, hətta öz evimizdə görərdim. Axşamlar teatrdan qayıdarkən evə Abbas Mirzə və Mərziyə xanımla birlikdə gələrdim. Abbas Mirzə faytonda getməyi sevərdi. Tamaşadan yorğun çıxdığı üçün yol boyu çox az danışar, ya da heç danışmazdı, ancaq faytonçuya “Sağa! Sola!” deyə amiranə bir şəkildə yol göstərərdi. Bir gün yolumuz teatrdan piyada düşdü, xeyli adam var idi, Sona xanım da bizimlə idi. Söhbət əsasən onun gələcək səhnə taleyindən gedirdi. Oxucuların yəqin çoxusu bilmir ki, Sona xanım bir neçə il operada Əsli, Sənəm, Leyli rolları oynamışdır, balaca, lakin şirin bir səsi var idi. Abbas Mirzə çox böyük bir qayğıkeşliklə məsləhət görürdü ki, Sona xanım öz yolunu qəti müəyyən etsin. Və o, o fikirdədir ki, Sona xanım operanı atıb dramanı tutmalıdır. Bu belə də oldu, Sona xanım opera səhnəsini ömürlük tərk etdi. Bütün bu yol söhbətlərindən, eləcə də evimizdə olarkən rəftarından, danışığından, adamlara münasibətindən mənim üçün aydın olurdu ki, Abbas Mirzə ancaq böyük bir sənətkar deyil, eyni zamanda çox yaxşı, çox mehriban, çox sadə bir insandır. Əlbəttə, onun öz zəiflikləri var idi, lakin buna baxmayaraq o, çox xoş
təsir bağışlayırdı, heç kəs onda qüsur görmək istəmirdi, əksinə hamı, xüsusən gənclər, onun dəlisi idi, ona bənzəməyə, onu təqlid etməyə can atırdı. Etiraf etməliyəm ki, mən də onun dəlilərindən birisi idim. Mənim öz “ev teatrım” var idi, özüm pyes yazar, məhəllə uşaqları ilə tamaşa hazırlayırdım;
“səhnədə” Abbas Mirzə kimi danışmağa çalışardım. Bir gün Abbas Mirzə evə gəlib Mərziyənin otağını bağlı görür və açarın bizdə olduğunu güman edərək həyətdən qalxıb pəncərəmizi döymək istədikdə əl saxlayır: mən içəridə Abbas Mirzənin səsilə hansı bir monoloqu isə söyləyirdim, – o, səsimi eşidib bir qədər qulaq asmış və məni öz “aləmimdən” ayırmamaq üçün açarsız qayıdıb getmişdi. Bu əhvalatın təfsilatını sonra mənə Mərziyə xanım danışmışdı.
Bütün bunları mən yalnız ona görə xatırlayıram ki, Abbas Mirzənin gəncliyə nə qədər böyük təsir göstərdiyi nümunələrlə, canlı dililə aydın olsun. Həm də mən onu da dərk edirəm ki, nağıl etdiyim səhnələr bu təsirin ən cüzi və ən zəif bir əlaməti kimidir, əslində isə bu təsir ölçüyəsığmaz dərəcədə
güclü və geniş idi. Aktyor öz zamanının, öz nəslinin sərkərdəsinə çevrilə bilər və Abbas Mirzə, doğrudan da, belə aktyorlardan biri idi. Bunun səbəbi, bir tərəfdən istedadın fitri qüdrəti, xarakteri, digər tərəfdən aktyorun humanist dünyagörüşü, demokratik ruhu, dərin xəlqiliyidir. Böyük idealar aktyoru Abbas Mirzə yeni həyat quran, inkişafın zirvələrinə qalxan bir xalqın ürəyindən xəbər verirdi.
Abbas Mirzə klassik repertuarda parlamış, Cavid və Cabbarlı dramaturgiyasından qidalanmış, zamanın qabaqcıl ideyalarından ruhlanmış bir sənətkar olduğundan onun səhnə fəaliyyəti böyük ictimai əhəmiyyət kəsb edir, tamaşaçıları həyəcana gətirir, ruhlandırır, öz arxasınca aparırdı.
Buna görədir ki, xalq Abbas Mirzəni sonsuz bir məhəbbətlə sevirdi, ona dərin bir ehtiram bəsləyirdi. Mən burada onun 1928-ci ildə keçirilən səhnə fəaliyyətinin 20 illik yubileyini xatırlatmaq istəyirəm. Yubileyin təfsilatı mətbuatda vardır və təkrar etməyə ehtiyac qalmır. Mən ancaq bir cəhəti 4
qeyd edəcəm. Bunu yalnız teatrda işləyənlər bilə bilərlər. Yubiley gecəsi mən vaxtından xeyli qabaq özümü teatra salmışdım. Saat 7 olardı. Qulağıma çatdı ki, bu saat Abbas Mirzəni gətirəcəklər. Onun dalınca Mirzəağa və bir neçə yoldaş avtomobil aparmışlar. O zaman avtomobil nadir bir şey idi. Bu, Abbas Mirzəyə məhəbbət və hörmətin nişanələrindən biri idi. Teatr köhnə binasının aşağı sol foyesi izdihamla dolu idi. Foyenin küçəyə açılan qapısının qabağında “hərbi” bir nizam var idi, daha doğrusu, təntənəli bir sükut, bir intizar hakim idi. Nəhayət, avtomobil qapıya yan aldı. Abbas Mirzə və
onu müşayiət edənlər qapıdan keçdilər. Elə bu an camaat Abbas Mirzəni çiyninə qaldırıb xatırlayan bir dəstgah başlandı. Aktyorlar, texniki işçilər dövr vurub oynamağa başladılar, teatrda bayram havası hiss olunurdu, bütün üzlər, bütün şeylər, dindarlar belə gülür, sevinir, fərəhlənirdi. Yubiley gecəsi başlandı. “Oktayın” ilk səhnəsində Abbas Mirzənin arxadan “Yox, yox, yox”-deyə səsi eşidildikdə
salon ayağa qalxdı, gurultu aləmi bürüdü. Abbas Mirzə səhnəyə girib baş əydikdə isə yaxın lojalardan üzərində təbrik sözləri yazılmış rəngbərəng kağızla səhnəyə yağmağa başladı. Səhnədəki aktyorlar Abbas Mirzənin çiyinlərinə alıb bir neçə dəqiqə alqış və təbrik tufanı içində saxladılar.
Oxucular inanmalıdırlar ki, bu adi bir yubiley, bir bayram deyildi, bu ümumxalq təntənəsi idi, böyük bir etibarın, dərin bir məhəbbətin, sonsuz bir iftixarın təntənəsi idi; hamı özünü ülviyyət aləmində hiss edirdi. Halbuki Abbas Mirzə bir həqiqət idi.
Biz onu sevirdik, biz ona məftun idik və çox hayıf ki, şəxsiyyətə pərəstiş dövrünün ağır günlərində
Abbas Mirzə bizim əlimizdən getdi.
Lakin Abbas Mirzə sənəti həmişə nikbin bir ruha malik idi. O, bizi daim həyata, mübarizliyə, gələcəyə çağırmış, parlaq əməllərə sövq etmişdir. Bu ruh bu gün də yaşayır. O, indi daha qüvvəlidir, çünki Abbas Mirzənin vətəni, onun xalqı div addımları ilə irəliləyərək kommunizmə doğru gedir. Bu isə Abbas Mirzənin ən böyük arzusu idi.
Biz Abbas Mirzəni itirdik, lakin onu unutmadıq, o bizim ürəyimizdədir. Bu kitabçada toplanan xatirələr, onun dostlarının yoldaşlarının, tamaşaçıların Abbas Mirzəni unutmadıqlarını, onunla bağlı kiçik bir hadisəni, sevilməz bir epizodu belə əziz tutduqlarını göstərir. Bu xatirələr hələ ilk xatirələrdir.
Onlar Abbas Mirzə haqqında deyiləcək sözün, yazılacaq kitabın bəlkə də bir başlanğıcıdır. Lakin bu xatirələri böyük bir təşəkkür hissilə nəşr edərkən biz inanırıq ki, yaxın gələcəkdə bu xatirələr daha da genişləndiriləcək, Abbas Mirzə haqqında təsəvvürün zənginləşməsinə kömək edəcəkdir.
Cəfər Cəfərov
5
Süleyman Rüstəm
Abbas Mirzə üçün
Ey səhnəmizin şöhrəti, ey sevgili ustad,
Hörmətlə, məhəbbətlə səni eyləyirik yad.
Qəlbində vətən sevgisi, el sevgisi vardı,
Ustad kimi şöhrət sənə, hörmət sənə yardı.
Sən səhnəmizin ülkəri, dan ulduzu oldun,
Çiynində ağır yük… nə bəzikdin, nə yoruldun.
Sən səhnədə tapdın özünü, səhnə sevindi,
Yoxsan demək olmaz sənə, varsan, yenə varsan,
Sənətdə xəzansız, əbədi canlı baharsan,
Ən sevgili övladlarımızdan birisən sən,
Torpaqların altında da sağsan, dirisən, sən!
Sentyabr. 1963.
6
Cəfər Cabbarlı
… Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin və
ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və
məntəqənin irəliyə doğru yürüməsində addım başı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə yerdə heç bir şey qalmır. Belə adamlardan biri də Abbas Mirzə
Şərifzadədir.
Biz hələ dünən Azərbaycan dram teatrının 50 illiyini bayram etdik. O (səhnəmiz) bütün ömrünün tən yarısını kimsəsiz bir cocuq kimi iməkləmişdir. Ona əl verən, kömək edən çox azdı və yox kimi idi.
O, əsrlərdən bəri yatmış və yenicə göz açmağa başlamış bir xalqın mühitində qanunsuz doğulmuş bir cocuq kimi idi. Kimsə ona baxmaq, əl yetirmək istəmirdi. Bütün əski mühit ona qarşı silahlanmış, onu əzmək, yox etmək istəyirdi. Çünki o, bütün əski qanun və qaydaların xilafinə olaraq doğulmuşdu.
Onun başına nə qədər daşlar, təpiklər yağdırılırdı! Bu zavallı cocuq ölümcül bir halda sürünür, iməkləyirdi. Bu gün yaşayırdısa, sabahına ümid yoxdu.
Qarşıdakı yol yoxuş, sərt, ağır idi. İrəlidən ağır məşəqqət daşları yağırdı. Tam bu aralıq ortaya bir-birinin ardınca iki mübariz çıxdı. Onlar bu ayaqlara dolaşan, yerdə iməkləyən, sürüklənən və
tanınmayan kimsəsiz cocuğa yanaşdılar, iki qüvvətli əl onun əllərindən tutdu, cocuq bir körpə sevinci ilə gülümsəyib ayağa qalxdı. Bu iki qüvvətli əli uzadanların biri Hüseyn Ərəblinski, o biri isə Abbas Mirzə Şərifzadə idi. Cocuq bu iki qüvvətli ələ söykənmiş olaraq artıq öz mini-mini ayaqları ilə
yürüyürdü.
Yol yoxş və ağır idi. İrəlidən üst-üstünə daşlar yağırdı. Bunları atanlar kimlərdi? Məhəmmədin şəriətini qoruyan mollalar, əsrlərdən bəri yuxuya qalıb namazdan başqa bir şey bilməyən hacılar, məşədilər və onların ardında duran avamlar, cahillər və bütün əski çürümüş şəriət mühiti idi. Onlar bu cocuğu məhv etmək istəyirlərdi. Çünki bu çocuq Məhəmmədin şəriətinə xilaf olmaq üçün doğulmuşdu…Bicdi. Onun atası mühitimizdə xoruz banı eşidib birinci baş qaldıran tək-tək ziyalılar –
Mirzə Fətəlilər, Nəcəf bəylər, Haqverdiyevlər, anası isə kəbinsiz, nikahsız evə soxulan Avropa mədəniyyətli idi. Odur ki, bütün bu donmuş, kiflənmiş əski şəriət dünyası bu cocuğu daşqalaq edirdi.
Lakin bu iki əl onu buraxmayır, atılan daşlara qarşı öz kökslərini gərir, ağır yoxuş yolu addım-addım irəliləyir və cocuğu yüksəldirdilər.
Mənzil başına hələ çox qalmışdı. Qarşıdan bir cəlladın sapandından atılan amansız bir daş
Ərəblinskini bu cocuqdan ayırdı. Cocuq bir an üçün ayaqdan-ayağa səndələdi, bu gözəl yavrunun yürüşünə baxanlar onu sevən, onun yüksəlməsinə sevinənlər birdən-birə çaşdılar, qorxdular və
cocuğun bütün ağırlığı ilə yerə çevrilib parçalanacağını gözlədilər. Elə də olacaqdı. Bir əldən səs çıxmazdı. Tam bu aralıq əllər yenə də ikiləndi. Yandan baxanlar yenə də cocuğun iki tərəfindən tutan iki kamil əl gördülər. Bu əllərin hər ikisi Abbas Mirzə Şərifzadənin idi. O, cocuğu götürüb ağırlığna baxaraq qoynuna qoydu və qüvvətli addımlarla irəli atıldı.
Abbas Mirzəni şəxsən tanıyanlar onun bədəncə nə qədər zəif olduğunu bilirlər. Hamı elə bilirdi ki, bu gücsüz umuzlar bu ağırlığa dözməyəcək, bu incə ayaqlar bu sərt yoxuşu, bu daşlı, kəsəkli yolu çıxa bilməyəcəkdir. Lakin umuzlar saxlayır, yürüyürdü. Hamı heyrət edirdi. Heyrət ediləcək bir şey isə yox idi. Onlar Abbas Mirzənin yalnız zahiri görünüşünə baxır, onun içərisində çırpınan, coşan mənəvi qüvvət və qüdrəti görməyirdilər. Halbuki onu yürüdən ancaq bu coşqun mənəvi qüvvət, qüdrət və
temperament idi. Bəzən umuzlər əyilir və umuzdakı yükün ağırlğı altında kəmiklər belə yerindən oynayırdı. Lakin içəridə qaynaşan, coşan sənət sevgisi, mənəvi qüvvət və qüdrət onu yenə də dikəldir, yenə də irəliyə doğru itələyirdi. Ətrafı bürüyən qaranlıq içərisində tam mənası ilə tək bir qəhrəman yol açır, sarsılmaz addımlarla öz gözəl yavrusunu irəli aparırdı. Yavaş-yavaş bu cocuğun gözəlliyini sevənlər onun başına toplaşırdı. Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir məhvəri idi. Özü-özlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçı idi. O, səhnənin həm oğlu, həm də atası idi. O
zaman artistə “arsız” deyirlərdi. Arsızı isə evdən qovur, qız verməyir, çörək satmayırdılar. Artist nişanlısının, yalnız artist olduğu üçün gözüyaşlı özgəyə verildiyini kim görməmişdir? Teatr tamaşına 7
gedənlərin belə üzünə qapılar bağladığını kim görməmişdir? Ac və muzdsuz çalışan səhnə işçisinin başına söyüşlər, töhmətlər, yağdırıldığını kim görməmişdir? Lakin bunların heç biri Abbas Mirzəni qorxutmamışdır. Qara qüvvələrin quduzlanmasına qarşı sustalıb çəkilmək istəyənlər, qarşıda Abbas Mirzənin enməz bir dağ, sarsılmaz bir qala kimi durduğunu görüncə ruhlanır və onun mətanətindən qüvvə alır, yenidən mübarizəyə atılırdılar. Abbas Mirzə məktəb görməmiş, sənəti və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O, öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.
Zatən məktəb sənətkar yetişdirməyir. O, sənətkara öz təbii istedadını genişləndirmək və əlverişli işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır. Lakin o, yalnız sənətkar olmaqla qalmayır. O, eyni zamanda bir təşkilatçı bir mübarizçidir. O, sahənin künclərdə, bucaqlarda sürüklənən ayrı-ayrı qüvvələrini min yerdən toplamış, bir yerə quraşdırmış, bu dağınıq, sökük parçalardan güclü mədəni bir maşın yaratmışdır. Abbas Mirzənin bu gözəllik və sənət yavrusuna uzatdığı iki əldən biri yüksək qüvvətli bir sənətkar, biri isə qorxmaz bir mübarizəçi, yorulmaz bir təşkilatçı əli idi.
Bu uzun mübarizə yollarında Abbas Mirzə Şərifzadə nə qədər əzablar, faciələr, ağırlıqlar keçirmişdir! Yoxu var etmək, yoxdan bir səhnə yaratmaq! Abbas Mirzənin getdiyi yol belə olmuşdur.
Səhnəmizin bu mübarizə yolu xalqımızın ümumi mübarizə cəbhəsinin bir qazmasıdır.
Bu qazmada başçı və komandan Abbas Mirzə Şərifzadə olmuşdur. Bu cəbhə başında uyumadan vuruşmuş, çarpışmış və 20 illik bu şanlı mübarizə yolunu qəhrəmanlara layiq bir şərəflə keçmişdir.
Sovet hakimiyyəti qurulandan bəri artıq səhnəmiz körpəlikdən, cocuqluqdan çıxmış və inqilabın sürətli addımları ilə mədəni inqilab uğrunda çarpışmaqdadır. O, artıq bir körpə deyildir. O, indi sağlam ruhlu, gülər üzlü, şən baxışlı, oynaq təbiətli bir gəncdir. O, indi bütün qonşudakı sənət yurdları ilə qardaşlıq yarışı aparan bir idmançı, bütün Şərq teatr sənətinin avanqardında gedən bir başçıdır.
Mədəniyyət dünyasında addımlayan bir gənc bu gün də öz arxasında və öz başı üzərində Abbas Mirzənin bu sevimli, bu mehriban atanın möhkəm iradəsini və güclü qolunu hiss etməkdədir.
Lakin Abbas Mirzə bu yolda tək deyildir. İndi onun ardınca böyük bir sənət ordusu, onun köməyində böyük bir əməkçi xalq durmuşdur. Bu gəncin yürüşünə toxunmaq üçün uzadılacaq qara bir ələ minlərlə əməkçilərin birləşmiş ağır yumruğu cavab verə bilir.
Bu gənc Azərbaycan dram teatr səhnəsidir. İndi onun oynaqlığına yalnız Abbas Mirzə deyil, bütün xalqımız sevinir, ona görə də Abbas Mirzənin bu günkü 20 illik şanlı mübarizə və qələbə bayramı yalnız onun deyil, bütün Azərbaycan səhnəsinin bayramıdır.
Yol hələ bitməmişdir və çətini irəlidədir. Abbas Mirzə Şərifzadə də vəzifə başındadır.
“Səmimi, sevimli sənətkarımıza alqışlar!
1928
8
Mustafa Quliyev
… Şura hökuməti bir neçə il içərisində Türk (Azərbaycan) Akademik teatrosu yaratmışdır. Hazırda bu teatro bədii əhəmiyyət cəhətcə bütün yaxın Şərqdə yeganə teatrdır. Aprel inqilabına qədər Azərbaycanın dövlət teatrosu yox idi, ayrı-ayrı həvəskarlar dərnəkləri var idi. Bu dərnəklər öz gücləri ilə işləyir və heç bir yardım görmürdülər. Bu dərnəklər dayanılmaz bir şərait içərisində işləyirdi.
Müsəlman ruhaniləri və “ali cəmiyyət” teatro fəaliyyətini təqib edir, ona nifrətlə baxır, bekar adamların bir əyləncəsi hesab edirdilər. Türk mədəniyyəti qurmaq istəyən müsavat “quruluşçuları” dəxi teatro və
sənətə heç bir əhəmiyyət vermirdilər. Bu ağalar türk səhnəsini bircə addım belə irəlilətmək üçün heç bir iş görməmiş və əllərini əllərinə vurmamışdılar.
Azərbaycan şuralaşdıqdan sonra türk teatrosu işçi kəndli kütlələrinin yardımı ilə misli görünməmiş qədər yüksəlmişdir.
Bu müddət içərisində möhkəm aktyorlar kollektivi düzəlmiş və bu heyət içərisində istedadlı sənətkar aktyorlar yetişmişdir.
Türk səhnəsi – Şekspir, Şiller, Qoqol, Molyer və Qorki kimi dünya miqyasında məşhur olan klassiklərin əsərlərini oynamaqla, ümumi mədəniyyətə qovuşmuşdur. Hazırda türk səhnəsində bu günün mühüm məsələləri həll olunmaqdadır. Türk teatrosu, din, mövhumat, köhnə yaşayış və mənfur çadra ilə aktiv mübarizə aparır. Türk səhnəsi müasir pyeslərinin quruluşu ilə kütlələrimizi yeni mədəniyyət nailiyyətləri ilə tanış edir və kütlələri bu mədəniyyətə doğru aparır. Doğrudan da, türk teatrosu kütlələri tərbiyə edən, yeni məfkurə uğrunda təşviqat aparan, yeni mədəniyyət saçan böyük bir məktəb halını alır. Türk teatrosunun bu müvəffəqiyyətlərinin böyük səbəblərindən biri də bütün varlığı ilə teatro və sənəti uğrunda çalışan ayrı-ayrı istedadlı aktyorlardır.
Hazırda türk teatrosu tərəfindən 20 illik yubileyi keçirilən Abbas Mirzə Şərifzadə öz həyatını türk səhnəsi ilə əlaqədar edən istedadlı aktyorlardan biridir.
Hələ məktəbli ikən Abbas Mirzə həvəskar tamaşalarında iştirak etmişdir. Abbas Mirzə bütün varlığı ilə teatro işinə atılmış, türk səhnəsini sevən, köhnə alətlər ilə amansız mübarizə aparan bir aktyor olaraq bütün ömrünü teatroya sərf etmiş və teatronun qarşısında duran maneələri aradan qaldırmağa çalışmışdır.
10-cu ildə Şərifzadə teatro işi təşkilinə başlamış və “Səfa” cəmiyyətindəki teatro dərnəyinə
rəhbərlik etmişdir. O, “Səfa” cəmiyyətində birinci dəfə olaraq sənətkar türk aktyorları truppası təşkil etmişdir. 16-cı ildə Şərifzadə türk aktyorları kollektivinə rəhbərlik və rejissorluq etmişdir. O, qəzalara qastrola getmiş və teatro sənətinin türk kütlələri içərisində iştirak etməsinə çalışmışdır.
Şərifzadənin Şura hökuməti zamanındakı fəaliyyəti daha böyük və daha səmərəli olmuşdur. Yeni yaradıcılıq vəziyyəti, şura cəmiyyətinin teatroya xüsusi diqqət verməsi teatro həvəskarı olan Abbas Mirzəyə böyük artist, sənətkar və rəssam olmaq imkanı vermişdir.
Hazırda Şərifzadə “Otello”, “Hamlet”, “Qaçaqlar”, “Yurdsuz insanlar”, “Aydın”, “Oktay”, “Od gəlini”, “Şeyx Sənan” kimi pyeslərə böyük müvəffəqiyyətlə iştirak edir.
Şərifzadə öz məharətini “Hamlet”də xüsusilə göstərdi. O, böyük istedada malik bir aktyor olduğunu isbat etdi.
Xalq Maarif Komissarlığı kollegiyası Şərifzadə yoldaşın türk teatrosu qarşısındakı böyük xidmətlərini nəzərdə tutaraq son iclasında Abbas Mirzə Şərifzadəyə cümhuriyyətin əməkdar aktyoru adını verməyə qərara almışdır.
A. M. Şərifzadə hələ cavandır, gələcək fəaliyyəti və öz üzərində çalışması ilə daha da yüksələcəkdir. Biz onun istedadının daha da parlayacağına inanırıq.
Ona gələcək müvəffəqiyyətlər arzu edirik.
1928
9
Hörmətli Abbas Mirzə Şərifzadə yoldaş!
Sənə çox nadir bir xoşbəxtlik üz vermişdir. Sən Şura hakimiyyətinin Azərbaycanda yaratmış
olduğu birinci Azərbaycan Dövlət Akademik Teatrosunun səhnəsində 20 illik yubileyini bayram edirsən.
Sənin keçirmiş olduğun yol çox ağır və tikanlı idi.
Köhnə Azərbaycan yaşayış və dini mövhumatları tərəfindən təqib edildiyinə baxmayaraq, sən bütün maneələri qaldırıb bu mübarizəyə qalib gəlməyə müvəffəq oldun.
Teatroya qarşı səndə olan məhəbbət, təbii istedad və möhkəm iradə səni bu tikanlı yoldan çıxarıb qalibiyyət yoluna saldı. Bu yol isə səni böyük oktyabrın parlaq işığı ilə işıqlanmış olan gənc şura teatrosunun səhnəsinə gətirib çıxardı. Öz rəğbətini gizlində saxlamağa məcbur edilmiş kiçik səhnə
həvəskarı olduğu halda sən qabiliyyət və istedadın nəticəsində böyük bir sənətkar, bir artist yerinə
çatıb türk teatrosu səhnəsində Şekspir, Şiller, Qorki, Qoqol kimi cahan klassiklərinin verdiyi simaları yaratmağa müvəffəq oldun.
Xalq maarif komissarlığı türk teatrosu yolundakı əmək xidmətlərinə qarşı sənə ASŞÇ əməkdar artisti namını verməyi qərar almışdır.
Sənə belə yüksək nam verərək xalq maarif komissarlığı ümid bəsləyir ki, sən gələcək fəaliyyətində
öz sənət istedadını daha da yüksəldib uzun illər gənc akademik teatromuzu zinətləndirib onun iftixarına səbəb olacaqsan.
10
Hüseyn Cavid
… Abbas Mirzə Şərifzadə sadə… pək sadə bir insandır. Fəqət o, sadəlikdə bir böyüklük var ki, sənət feyzindən məhrum olanlar onu idrakdan acizdir. Abbas Mirzənin özünəməxsus pək mümtaz bir zəkası və kəskin bir istedadı var. O istedad yalnız səhnə üfüqlərində parlar.
Abbas Mirzə səhnə tarixində unudulmaz qəhrəmanlıq göstərdi. O, bir heçdir ki, böyük varlıqlara səbəb oldu. O, xaraba bir şəhərin1 övladıdır ki, sənət dünyasına möhtəşəm qazanalar yapdı. Sənətkarın böyüklüyü yaşadığı mühitin mədəniyyəti ilə ölçülür.
Mən sənətdən aldığım zövqü heç bir şeydən almam.
Buna görə də o atəşin zəkaya qarşı pək dərin və səmimi hörmətlər bəslərəm.
1928
1 Şamaxıya işarədir
11
M.A.Əliyev
SSRİ xalq artisti
… Abbas Mirzə Şərifzadəni cocuqluq vaxtından tanıyıram. O, ta cocuqkən “Nadir şah” və “Otello”
pyeslərini elə əzbərləmişdi ki, hər ikisinin baş rollarını mahir bir artist kimi söyləyirdi. Teatra gəlib
“Həmiyyət” truppasının və rus aktyorlarının məşqinə tamaşa edərdi. Qardaşı bundan çox narazı idi.
Narazılığı aktyor olduğuna görə deyil, oxuyub elmli olmadığı üçün idi.
Bir gün Abbas Mirzənin qardaşı Qulam Rza mənə dedi ki, “qalmışam məhəttəl, nə edim, Abbas Mirzə məktəbdən qaçıb; daha oxumur. Sən gəl ona nəsihət et, aktyor olduğun üçün sənin xatirini çox istəyir. Bəlkə sözlərinə baxıb oxumağa gedə…”.
Həqiqətdə Abbas Mirzə mənim xatirimi başqalarından əziz tutardı.
Mən Abbas Mirzəni çağırıb təhsilini davam etdirməsi barəsində bir qədər danışdım. O, “mənim həvəsim səhnəyədir, aktyor olmaq istəyirəm” deyə cavab verdi. Mən çox dedim, o, az eşitdi. Lakin axırda gətirib gimnaziyada müəllimə tapşırdım. İki-üç il bu sayaq ilə oxumağa məcbur oldu.
Bakını məcburiyyət qarşısında qalıb tərk etdiyim üçün 1911-ci ildən 1914-cü ilə kimi Abbas Mirzədən ayrıldım.
1914-cü ildə Bakıya gələndən sonra Abbas Mirzəni “Səfa” maarif cəmiyyəti” teatr heyətinin baş
rejissoru və qəhrəman bir aktyoru kimi gördüm.
Abbas Mirzə 1908-cu ildən başlayaraq (1928-ci il-Red). Türk səhnəsində böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün bu qəhrəmanlıqlara görə bu gün ona təntənəli yubiley verdilər.
Ona uzun zamanlar səhnəmizdə böyük fəaliyyətlər göstərməsini arzu edirəm.
1928
12
Üzeyir Hacıbəyov
…Elm və məktəb yolu deyil, öz cidd-cəhdi ilə həvəs və görüb-götürmək qabiliyyəti sayəsində Türk səhnəsi xadimləri arasında mühüm bir mövqe qazanmış olan Abbas Mirzə Şərifzadənin aktyor və
rejissorluq xidmətlərini təqdir edən zaman başlıca olaraq dramımızın irəliləməsi rolundakı səy və
qeyrətini qeyd etməliyik. Abbas Mirzə Şərifzadə opera tamaşası quruluşlarının zənginləşdirilməsi yolunda da çox xidmətlər göstərmişdir.
Kino və teatro işlərində çalışmaqla Abbas universal səhnə xadimi olmaq dərəcəsinə çatmışdır.
Böyük sənətkara alqışlar.
1928
13
A.A.Tuqanov
Azərbaycan SSR xalq artisti
…Aktyor-ustad Abbas Mirzə Şərifzadənin istedadının diapozonu Maksim Qorkinin “Həyatın dibində” pyesindəki Barondan, Molyerin, Don Juanından, Vilyam Şekspirin Otello və Hamletinə qədər genişdir.
Cəfər Cabbarlının Aydını, Oktayı, Elxanı, Hüseyn Cavidin Şeyx Sənanı, İblisi Abbas Mirzə ifasında artıq teatronun tarixində həkk olunmuş və yazılmış obrazlardır.
Onun teatr sənətkarlığının başlıca qüvvəsi-hakimlik, həqiqilik və hərəkətdir.
1928
14
M.Ə.Sidqi
Abbas Mirzə bütün ömründə səhnəmizin hər bir əziyyətinə qəhrəmanlıqla davam edən və daima qəhrəman rollar oynayan qəhrəmanımızdır.
15
Əzim Əzimzadə
… Abbas Mirzə Şərifzadə Türk səhnəsinin bütün varlığını təmsil edən bir istedad, incəsənətin heyəti mücəssəməsidir.
16
Ə.Haqverdiyev
Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət.
17
T.Şahbazi
Abbas Mirzə Türk səhnəsini, Türk səhnəsi də Abbas Mirzəni yüksəltdi.
1928
18
Ə.Haqverdiyev
C.Naxçıvanlı
B.Brdender
Babaxanov
… Aktyor ömründə 20 illik yol uzun bir yoldur. Türk aktyorunun ömründə isə bu yol iki və üçqat uzundur.
Türk aktyorunun yolunun iki tərəfi istehzadan, həqarətdən yapılmış, sərac yol özü isə iti tikanları ilə döşənmiş çuxurlardan və uçurumlardan ibarətdi. Abbas Mirzə ətrafını çulğalayan bir belə
maneələrə baxmayaraq müstəqim, mətin, ümid ilə dolu bir ürəklə bu uzaq yolu qəhrəmanlıqla keçib türk səhnəsində parlaq bir məkan tutmuşdur. Səhnəyə qədəm qoyandan indiyədək Abbas Mirzə
Şərifzadə rol arxasınca gəzməmiş, həmişə rol onu axtarmış, tədric ilə bir məktəb uşağıtək xırdaca rollardan başlamış, axırda bu mövqeyə çatıb türk səhnəsinin zinəti və Avropa miqyasında tanınan aktyor olmuşdur. Nadir şah, Ağa Məhəmməd şah, Pərviz, Nəcəf bəy, Aydın və axırda Otello və Hamlet rollarını məharətlə yaratmışdır. Türk aktyoru heç vaxt aristokrat və burjuaziya sinfinə xidmət etməmişdir. Teatromuzun həyatının dahiləri onu təsdiq edirlər. Aktyorun xidməti həmişə kütləyə
olubdur.
Aristokratlar və burjualar aktyordan həzz aparırlarsa, o həzzi lotu Cabbarlardan apardıqları həzzdən ayırmamışlar. Kütlə isə həmişə aktyoru özünə oğul, ata və müəllim bilibdir. Odur ki, zəhmətkeş sinfi hökuməti öz əlinə alarkən aktyora layiq olduğu məqamı verdi və öz aktyorlarını vaxtlı-vaxtında ürəkdən təbrik etməkdədir. Aprel inqilabından sonra Abbas Mirzə səyini on qat artırıb zəhmətkeş sinfə xidmət etmiş, xalqın sevimlisi olmuşdur.
19
Ş.Mahmudbəyov
Azərkinonun sabiq rəisi
Abbas Mirzə Şərifzadə ilk Azərbaycanlı kino rejissorudur. O, Azərbaycan kino idarəsində, dinin ifşasına həsr edilmiş “Bissimillah”, M.F. Axundovun eyni adlı komediyası əsasında yazılmış “Hacı Qara” (“Sona”) bədii filmlərini və Azərbaycan Sovet Sosialist Respublikası” adlı sənədli film çəkmişdir.
“Bismillah” filmi böyük siyasi əhəmiyyətə malikdir. Məişət materialları əsasında çəkilmiş bu film xarici ölkələrin fəhlə nümayəndələri tərəfindən də bəyənilmişdir.
“Hacı Qara” sözsüz ki, yalnız Azərbaycanda deyil, bütün şərq ölkələrində böyük müvəffəqiyyət qazanacaqdır. Bu filmdə Azərbaycanın keşmiş həyatı öz əksini tapmış, fəhlə və kəndlilərin mülkədarlar və kapitalistlər tərəfindən istismarı, feodalizm dövrünün yaramazlıqları göstərilmişdir.
Filmin ekrana buraxılışı Abbas Mirzənin yubiley gününə təsadüf edir. Həmin gün (25.XII.1928-ci il-Red) filmə ictimai baxış keçirilmişdir.
1928.
20
H.M. Qafqazlı
Azərbaycan SSR əməkdar artisti
… 1920-ci ildə Bakının 3-cü beynəlmiləl adına mərkəzi işçi klubu yanında N. Nərimanov adına birinci işçi-kəndli türk dram dərnəyi rejissorluğuna Abbas Mirzə Şərifzadə dəvət olundu. Abbas Mirzə
Şərifzadənin ciddi çalışqanlığı sayəsində dərnəyin işləri öz yoluna düşmüşdü. Mətbəə işçilərindən ibarət olan dərnək üzvləri böyük həvəslə çalışıb öz vəzifələrini layiqincə yerinə yetirdilər. Abbas Mirzə
dərnəyin repertuarını”Nadir şah”, “Əlmənsur”, “Ağa Məhəmməd şah” və başqa bu kimi pyeslərlə
zənginləşdirib dərnək işlərini yüksəltmiş; tamaşaçıların rəğbətini qazanmışdı.
Abbas Mirzə Azərbaycan xalqının savadlanması və mədəniləşməsi üçün var qüvvə ilə çalışırdı.
Dərnəkdə oynanılan pyeslərdən əldə edilən pulla “zəhmətkeş səhnəsi” adlı bir jurnal nəşrinə
başlamışdı.
Abbas Mirzə Şərifzadənin ən yaxşı xidmətlərindən biri də ondan ibarət olmuşdur ki, o mətbəə
işçilərini – dəzgah arxasından incəsənətə gələn adamları hazırlamış və səhnəyə çıxarmışdır. Həmin yoldaşlardan bir neçəsi sonralar teatr texnikumunu bitirmiş, bu günə qədər respublikamızın teatrlarında müvəffəqiyyətlə çıxış edirlər. Abbas Mirzənin bir müəllim və aktyor kimi incəsənətə etmiş
olduğu xidmətləri heç bir zaman unudulmayacaqdır.
21
Məmməd İsgəndərov
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri
… 1928-ci ildə mən pedtexnikumda oxuyurdum. Həmin ildən Abbas Mirzə Şərifzadə istedadının ünvanına xoş sözlər eşitmişdim. Texnikum tələbələri arasında Abbas Mirzənin müdirləri çox idi. Tez-tez sənətkarın adı çəkilir, uzun-uzadı onun istedadından söhbət gedirdi.
Mən A. M. Şərifzadənin iştirak etdiyi iki tamaşanı daha çox xoşlardım. Bunlardan biri “Od gəlini”, o biri “Hamlet” idi.
“Od gəlini” tamaşasında Elxan-Abbas Mirzə həm aşiq, həm qəhrəman idi. Bu iki sifət aktyorun yaradıcılıq süzgəcindən keçərək elə birləşmişdi ki, biz, aşiq və qəhrəman Elxanın vurğunu olmuşduq.
Abbas Mirzə Elxanı elə aydın, elə bacarıqla yaradırdı ki, adam onun mübarizəsinin iştirakçısı olmaq istəyirdi.
Mübarizənin çətinliyi və ağırlığı artistin nəzərindən bir an qaçmırdı. Tamaşaçı çox vaxt aktyor ifasını unudar, həqiqi, real Elxanın dalınca gedər, onun hissinə, onun sözünə qulaq asmaq istəyərdi.
“Od gəlini” tamaşasında Elxanın son monoloqunda A. M. Şərifzadə əvəzedilməzdi. Kiçik bir əhvalatı yada salmaq istəyirəm. “Od gəlini” quruluşunun səhnəyə qoyulması bir qədər ləngimişdi.
Deyirdilər ki, buna əsərin qəhrəmanı Elxanın intihar etməsindən sonra tamaşanın bədbin təsir bağışlaması səbəb olmuşdu. Guya, Aqşin qardaşını islam dinini qəbul etməyə çağırdığı monoloqdan sonra Elxan öz etirazını bildirib kəndiri boğazına keçirirdi. Ondan sonra pərdə örtülməli və tamaşa qurtarmalı idi. Belə bir sonluq isə bir növ məyusluq və bədbinlik doğururdu. İndiki kimi yadımdadır, bunu texnikumun bütün kollektivi dəhlizdə, qapı ağzında durub danışırdı (belə söhbəti küçədə də
eşitmək olurdu).
Deyirdilər ki, A. M. Şərifzadə yaradıcılığına böyük məhəbbət bəslədiyi, çox yaxın dost olduğu C.Cabbarlıya təklif etmişdir ki, Elxanın intiharından sonra bayaqdan Elxanı tövbə edib islam dinini qəbul etməyə çağıran qardaşı Aqşin kədər və şübhələr içərisində “görəsən Allah varmıdır” – deyə öz-özünə sual versin. Cəfər bu təklifi qəbul etmiş və tamaşanı Aqşinin “doğrudan da, Allah varmıdır?”
sözləri ilə qurtarmağı qərara gəlmişdi.
Bəlkə də söylədiyim bu fakt bir qədər təhrif edilmişdir. Bəlkə də hadisələr eyni ilə belə olmamışdı, lakin bu geniş tamaşaçı kütləsinin öz sənətkarına – onun bacarığına, qaynar yaradıcılığına inam və
ümid bağladığına sübutdur. Bunu hamının çox böyük fərəh və məhəbbətlə danışdığı yaxşı yadımdadır.
“… Doğrudan da, Allah varmıdır” cümləsi böyük və dərin fikri ifadə edir. Elxan intihar edəndən sonra Aqşində tərəddüd hissi doğur. Tamaşaçı Elxanın intihar etməsinə dərin təəssüf edir və onun fikirlərinin ardınca getməyə can atır. Demək, Elxan ölməmişdir, onun mübarizəsi davam edir.
Mən, Abbas Mirzənin oynadığı tamaşalardan, yaxud iştirak etdiyi müsamirələrdən sonra uzun zaman onun təsiri altında olardım. Onun sənəti sarsıdıcı bir qüvvəyə malik idi. O, monoloqlarını elə
real, elə bədii və tutarlı deyərdi ki, tamaşaçı valeh olardı. Onun bir çox monoloqlarını hamımız əzbər bilirdik. Yoldaşlarımızın heç biri, o cümlədən mən də o monoloqları kitabdan oxumamışdıq, yalnız Abbas Mirzənin ifasında eşitmiş, əzbərləmişdik.
Abbas Mirzənin el arasında nüfuzu böyük idi. Onun müsamirə, tamaşa təşkil etməsini, qəzet çıxarmasını, təbliğat briqadasında, hərbi hissələrdə çıxış etməsini, fəhlə klublarınının dram dərnəklərinə yardım göstərməsini, gənc aktyorların yetişməsi üçün studiya yaratmaq təşəbbüsünü gənc vaxtlarımda çox eşitmişəm.
Dünya miqyasında böyük sənətkarlardan söhbət düşəndə mən ağızdolusu Abbas Mirzə
Şərifzadədən danışıram.
22
Hənifə xanım Şərifova
1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra bacım Esmira və onun əri Əliabbas Məhərrəmovla birlikdə Bakıya gəldim.
1921-ci ilin qış ayları idi. Bir gün bacım mənə dedi ki, “Otello” tamaşasına bilet almışam, Azərbaycan səhnəsinin ən yaxşı aktyorlarından biri olan Abbas Mirzə Şərifzadə baş rolda çıxış
edəcəkdir. Mən bu xəbərdən hədsiz dərəcədə sevindim. Şekspirin bu ölməz əsərini oxumuşdum, onu səhnədə görmək mənim çoxdankı arzum idi. Axşam tamaşaya gəldik, mən diqqətlə səhnəyə baxır, Otellonun və digər iştirakçıların hər bir sözünü, hər bir hərəkətini mənimsəməyə çalışırdım. Mən səhnədə həqiqi Otellonu gördüm. Bütün hisləri, məhəbbəti, kədəri ilə bərabər bir insan gördüm. Uzun müddət tamaşanın təsirindən qurtara bilmədim. Böyük aktyorun həyəcanlı səsi qulaqlarımda səslənirdi.
Bacım, yenicə təşkil olunmuş Əli Bayramov adına qadınlar klubunda katibə işləyirdi. Bir gün
“kluba gəl, – dedi – dram dərnəyinin məşğələsi olacaq, Otello rolunu oynayan artisti görə bilərsən”.
Mən ilk dəfə Abbas Mirzəni orada gördüm. Kənarda oturub kitab oxuyurdu. Dərnək üzvləri toplaşdı. Abbas Mirzə danışmağa başladı. Onun səsini eşidən kimi Otello obrazı yenidən xəyalımda canlandı. Gözlərim önündə Otello, Dezdemona, Yaqo durdular. Mən Kipr adasını, Venesiyanı, Senat sarayını görürdüm. Otellonun həyəcanlı sözlərini eşidirdim.
Məşğələdən sonra bacım məni Abbas Mirzə ilə tanış etdi. Çox keçmədi ki, biz evləndik.
Abbas Mirzə olduqca sadə və mehriban insan, yaxşı dost və yoldaş idi. Evimizdə həmişə çoxlu adam olardı. Artistlər, yazıçılar, şairlər, bəstəkarlar, musiqiçilər, bir sözlə bütün sənət işçiləri tez-tez onun yanına gələr, sənət haqqında söhbət edər, mübahisə aparardılar. İsmayıl Talıblı, İsmayıl Dağıstanlı, Əfrasiyab Bədəlbəyli, Ağarza Quliyev, Süleyman Rüstəm, Mustafa Mərdanov, Əbdürrəhim Haqverdiyev və bir çox başqaları onun yaxın dostları idilər.
Bülbül İtaliyaya oxumağa getməzdən əvvəl bizimlə bir evdə yaşayırdı. Abbas, İsmayıl Dağıstanlıya böyük ümid bəsləyirdi. O, deyərdi: “Mənim oğlanlarım artist olmasalar da, İsmayıl mənim oğlumdur. O, artist olacaqdır”.
C. Cabbarlı , H. Cavid, İ. Hidayətzadə, Maqomayev Abbas Mirzənin ən yaxın dostları idilər.
Onların dostluğu gözəl və incə idi. Nə qədər sadə və mehriban insanlardılar. Həmişə bir yerdə
olardılar. Çox qonaqpərvər idilər. Cəfər Cabbarlının evinə gələndə onun vəfalı arvadı, ağıllı məsləhətçisi Sona xanım əl-ayağa düşər, qonaqları layiqincə yola salardı. İsmayıl Hidayətzadənin arvadı Sultan xanım mehribançılıqda ondan geri qalmazdı. Dostlar hər dəfə məsləhətləşər, tamaşadan sonra birinin evinə qonaq gedərdilər.
Əvvəlcədən söz verərdilər ki, kinodan, teatrdan danışmayacaq, istirahət edəcəklər. Ancaq bu hal beş dəqiqə davam edərdi. Özləri də hiss etmədən sənətdən danışmağa başlardılar. Onlar elə qızğınlıqla mübahisə edərdilər ki, kənarda qalmaq mümkün olmazdı. Onlar sənəti, teatrı bütün varlıqları ilə
sevən zövqlü insanlar idilər.
Abbas Mirzə öz rolları üzərində çox diqqətlə, səbrlə işlərdi. O, zərgər kimi hər sözü, hər hərəkəti bircə-bircə seçərdi.
Abbas Mirzə A.A. Tuqanovla da yaxın idi. Onun Azərbaycan teatrındakı xidmətlərini yüksək qiymətləndirərdi. “Od gəlini” tamaşaya hazırlanarkən C.Cabbarlı, A.A.Tuqanov demək olar ki, hər gün növbəti məşqdən sonra ya bizə, ya da C. Cabbarlıgilə yığışıb ayrı- ayrı rolları, mizanları, səhnələri müzakirə edərdilər. Azərbaycan səhnəsinin istedadlı aktyorlarından biri olan Ülvi Rəcəb də Abbas ilə
birlikdə Aqşin rolunu hazırlayırdı. İki qardaşın zindanda görüşdükləri səhnəni ən azı bir ay ikilikdə
məşq etmişdilər. C. Cabbarlı ilə birlikdə Abbas Mirzə “Oktay El oğlu” pyesindəki Oktay rolunu hazırlayırdı. Bu vaxt Cəfər Firəngiz rolunu oxumağa başladı. Abbas zarafatla dedi: “Cəfər, əgər sən çeşməyini çıxarıb ətrafına diqqətlə baxsan, Firəngizdən yaxşısını tapa bilməyəcəksən”. Cəfər isə
cavabında “Əgər sən Firəngizi belə təsəvvür edirsənsə, onda səhnəyə çeşməksiz çıxma”.
23
Abbas Mirzə öz sevimli rollarından biri olan Şeyx Sənanı da çox diqqətlə hazırlayırdı. Bu vaxt o, Hüseyn Cavid ilə birlikdə gecə yarısına qədər, bəzən səhərə qədər küllü miqdarda qəhvə içib işlərdi.
Moskva Akademik Bedaje teatrı sənətkarlarının da Abbas Mirzəyə böyük təsiri olmuşdur. Onların qastrolundan sonra Azərbaycan teatrı Qorkinin “Həyatın dibində” pyesini hazırladı. Abbas bu tamaşada Baron rolunda çıxış etdi. O vaxt bizdə qonaq olan, rus səhnəsinin görkəmli sənətkarları Moskvin və Kaçalov Abbas Mirzə ilə tez-tez bu haqda söhbət edərdilər.
Abbas Mirzə musiqiçi deyildi; heç bir musiqi aləti çalmağı bacarmırdı. Lakin buna baxmayaraq,
“Od gəlini” tamaşasının musiqisini yazmış Əfrasiyab Bədəlbəyli ilə oturub ayrı-ayrı melodiyaları seçər, öz düşünülmüş məsləhətləri ilə ona kömək edərdi. Abbas Mirzə musiqini çox sevirdi. İşinin çox və ağır olmasına baxmayaraq biz tez- tez opera teatrına və filarmoniyaya gedərdik. Bəstəkar Offenbaxın
“Qofanın nağılı” və Çaykovskinin “Qaratoxmaq qız” operalarını çox sevərdi. O, Puşkinin German obrazının vurğunu idi, bu rolu oynamağı çox arzulayırdı. Dostu İsmayıl Hidayətzadə ilə “Qaratoxmaq qız” əsərini dram teatrında tamaşaya qoymaq istəyirdilər. Lakin bu ona qismət olmadı. 1937-ci ildə o, heçsiz ləkələnərək həbs edildi.
Abbasın musiqiyə həvəsindən danışarkən bir hadisəni qeyd etməyi lazım bilirəm. 1924-cü ildə biz Saratov vilayətinə getmişdik. Doktor Rüfət paşa Səfərov da bizimlə idi. O, gözəl tar və skripka çalırdı.
Abbas Mirzə “Qarabağ şikəstəsini” tarda eşitməyi xoşlardı. Çox vaxt o, dostunun yanında oturub ağzı ilə onu müşayiət edirdi. Necə oldusa Rüfət paşanın tar səsi kəsildi. Abbas da daha ağzında çalmırdı.
Ancaq sözləri deklamasiya kimi deyirdi. Bütün ətrafımızdakılar ruslar idi. Bizim dili başa düşmürdülər. Buna baxmayaraq, camaat bağın ətrafına toplaşıb Abbasın deklamasiyasına diqqətlə
qulaq asırdı. Demək istəyirəm ki, Abbas Mirzənin səsi, intonasiyası böyük cazibə və təsir qüvvəsinə
malik idi.
Abbas Mirzə balıq tutmağı da çox sevərdi. Yaşadığımız ev demək olar ki, dəniz kənarında idi.
Abbas səhər tezdən hələ gün çırtlamamış saat – 4-5 radələrində durar, lazım olan şeyləri götürüb çaya gedər, saatlarla balıq tutmaqla məşğul olardı. Balıq tutduqda: “Təzə balıqdır, tez onu qızardın, yoxsa geriyə qaçar!” deyə uşaq kimi sevincək bütün həyət boyu qaçardı. Buzovnada olduğumuz zamanlarda da Abbas bu sevimli məşğələsindən əl çəkməzdi. Oğlumuz Ərtoğrul bu işdə onun ən yaxın köməkçisi idi.
Abbas Mirzə olduqca mərhəmətli və əliaçıq yoldaş, qonaqpərəst insan idi. O, dəfələrlə gənc artistlərə maddi yardım göstərərdi.
Abbas Mirzə yoldaşlarına məsləhət edərək deyərdi:”Aktyor əməyi çox faydalı və çətin əməkdir.
Yaxşı artist olmaq üçün hər şeydən əvvəl yaxşı insan olmaq lazımdır”. Bunu o, öz uşaqlarına da öyrədərdi. Doğrudur, onun oğlanları aktyor olmadılar. Böyük oğlu Ərtoğrul hüquqşünas, kiçiyi Qaratay mühəndisdir. Qızı Firəngiz isə öz atasının yolu ilə getdi.
Abbas Mirzə haqqında – o gözəl insan, o böyük sənətkar haqqında çox danışmaq olar. Bunun üçün xeyli vaxt lazımdır; bir də ki aradan uzun illər ötmüş, bir çox hadisələr unudulmuşdur. Lakin ürək ağrısı ilə onu qeyd etməliyəm ki, o böyük sənətkarın həyatı çox tez sona yetdi.
24
Rza Təhmasib
Əməkdar incəsənət xadimi
… Abbas Mirzə Şərifzadənin Azərbaycan teatrının yaranması və inkişafında nə qədər böyük rol oynadığı və sarsılmaz bir mövqe tutduğu hamıya bəllidir. Abbas Mirzənin aktyorluq fəaliyyəti şəbehdən başlamışdır. İlk çıxışı müvəffəqiyyətsiz olmuşdur. Onun 1905-ci ildə, üçüncü gimnaziyada olduğu zaman etdiyi ikinci çıxışı da müvəffəqiyyət qazanmadı. 1906-cı ildə Abbas Mirzə məktəblərdə
düzələn gecələrə getməyə başladı. Eyni zamanda ev tamaşaları düzəldir, orda iştirak edirdi. 1908-ci ildə Abbas Mirzənin aktyorluq həyatında qəti rol oynadı. O günlərdə Abbas Mirzə bir çoxlarına üz tutub səhnəyə qəbul olunmasını xahiş etdi. Lakin heç kəs ona bu sənəti məsləhət görmədi.
1910-cu ildə Abbas Mirzə Səməd Mənsurla tanış olub onun vasitəsilə “Səfa” maarif cəmiyyətinə
gəlir. Burada Abbas Mirzə Teymur ağa (“Lənkəran xanının vəziri”), Süleyman bəy (“Dağılan tifaq”), Ağabala (“Dövləti bisəmər”), Dursunəli (Dursunəli və Ballıbadı” rollarını ifa edir. Bu aralıq Abbas Mirzənin aktyorluq şəxsiyyəti artıq müəyyən bir şəkil və mahiyyət almışdı. 1911-ci ildən sonra Abbas Mirzə oynadığı Ağa Məhəmməd şah, Nadir şah rolları üçün paltar, rekvizit və başqa şeylər hazırlamağa başlamışdı. Abbas Mirzənin ictimai həyatımızda da böyük rolu olmuşdur.
Abbas Mirzə “Səfa” cəmiyyətində çalışdığı zaman artıq hər kəsi özü ilə hesablaşmağa məcbur edə
biləcək bir qüvvəyə malik olmuşdur. Hətta böyük və qüvvətli sənətkar Hüseyn Ərəblinski də onunla hesablaşmağa başlamışdı.
Abbas Mirzənin oynadığı rolların əksəriyyəti İran həyatından olduğu üçün onda həmin həyatı yaxından görmək həvəsi oyanmışdı. O, yeddi nəfər yoldaşını götürüb İrana gedir, Ənzəli, Rəşt, Qəzvin və Tehran şəhərlərində tamaşalar göstərir.
1916-1917-ci illərdə Abbas Mirzə Hacıbəyovlar truppasına dəvət olunur və orada aktyor və rejissor kimi çalışır. 1918-ci ildə isə Azərbaycan aktyorlarını bir yerə toplayıb birinci “Müsəlman aktyorları ittifaqı”nı yaradır, özü də sədr seçilir.
Azərbaycanda sovet hakimiyyəti qurularkən Abbas Mirzə Azərbaycan aktyorlarının ön cərgələrində birinci idi. Sonralar o, qəzalarda, işçi dairələrində, fəhlə klublarında yorulmadan çalışırdı.
Abbas Mirzəni tanıyan hər kəs onu çox sevirdi. O, heç bir zaman özünü öyməz, çalışar, çalışardı. Abbas Mirzə hamımızın böyük ustadı olmaqla bərabər, həm də hər kəsi sənət zirvələrinə doğru getməyə
həvəsləndirən bir müəllim idi.
Abbas Mirzə yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən biri onun ilk günlərdən başlayaraq bütün proses boyu tamaşa üzərində ciddi çalışması idi. Bu cəhət onda bəzən fanatik dərəcəyə varardı.
Adi həyatda, teatr içərisində, aktyor otaqlarında həmişə deyib gülən, zarafatcıl Abbas Mirzə yaradıcılıq prosesi başlanan kimi tamamilə dəyişir, başqa adam olurdu. Əslində gözəl olmayan Abbas Mirzə
üzünə tam ciddilik verib heç bir zarafata, kənar söhbətə imkan verməzdi; üzünün sərtliyinə
baxmayaraq qəribə bir məlahət saçardı. Misal bir qədər qaba olsa da, o, belə vaxtlarda barama toxumaq üçün kola qalxan barama qurdunu andırırdı. Onun üzündə eyni şəffaflıq, hərəkətlərində eyni yumşaqlıq, ipək zərifliyi müşahidə olunurdu. Bəzən hələ yaradıcılıq aləminə girməyə hazırlaşan yoldaşların üzündəki şux təbəssüm ehtirama, hörmətə çevrilərdi. K.S.Stanislavski yazır ki, xaricdən gələn dahi artistlərin və Rusiyanın dünya şöhrəti qazanmış artistlərinin məşqlərdə və tamaşalarda yaradıcılıq işlərini müşahidə edərkən, öz yüksək talantlı yoldaşlarının yaradıcılığını tədqiq edərkən o, bir xüsusiyyətin böyük artistlərin hamısına xas olduğunu dərk etmişdir. Bu xüsusiyyət, yaradıcılıq zamanı bütün aktyor varlığının tam birliyindən istifadə etmək, onun bütün fikri və diqqətinin səhnədə
cərəyan edən həyatın üzərində mərkəzləşdirmək bacarığıdır. Bu xüsusiyyət Abbas Mirzə yaradıcılığına da xas idi.
Abbas Mirzə yaradıcılığının digər xüsusiyyəti ondan ibarətdir ki, o, səhnədə dediklərinə, elədiklərinə dərin inamla yanaşar və ona bütün varlığı ilə inanardı. O, rolu dərindən öyrənər, öz malı edərdi; obrazla birləşərdi, vəhdət təşkil edərdi. Obrazın bütün hislərini, həyəcanlarını, müsbət və mənfi ehtiraslarını haqlı sanardı və onları bütün artist talantı ilə müdafiə edərdi. O, Ağa Məhəmməd şahın, 25
İblisin, Aydının, Oktayın, Karlın, Otellonun, Hamletin və başqa obrazların qabarıq ehtiraslarından doğan romantik pafosu öz yaradıcılıq varlığı ilə qəbul edər, onları tam inamla göstərərdi. Buna görədir ki, Abbas Mirzə pafosu boş, yalançı pafos deyil, dərin, yüksək, alov püskürən ehtirasların ifadəsi üçün sinfonik orkestrin poetik yüksəlişi kimi səslənirdi. Tamaşaçını dönə-dönə sarsıdırdı. Onda obraza qarşı ya sönməz məhəbbət, ya da barışmaz nifrət oyadırdı. Abbas Mirzə yaratdığı obrazları “aktyor priyomları” vasitəsilə qaldırmağı, ya da gözdən salmağı bacarırdı. O, özünün dərin realist sənəti ilə, romantik yaradıcılıq metodunun qabarıq üsulları vasitəsilə o qədər bariz, o qədər aydın ifa edirdi ki, onları tanımaq, sevmək, ya nifrət etmək üçün tamaşaçının başqa bir köməyə ehtiyacı qalmırdı. Abbas Mirzə yaratdıqlarının doğruluğuna inanırdı, onları sevirdi. Tamaşaçı da Abbas Mirzəyə inanırdı, onu dərin məhəbbətlə sevirdi. Ona öz minnətdarlığını bildirirdi.
Abbas Mirzə çox səmimi adam idi. Teatrdakı dedi- qodulara qarışmazdı. Kin saxlayan deyildi.
Pislik etməyi bacarmazdı. Çox sadə və xeyirxah idi. Peşəkar rəqabəti, qısqanclığı, paxıllığı bilməzdi.
Cavan aktyorlara kömək etməkdən onlara, xüsusilə dublyorlarına meydan göstərməkdən rollarını hazırlatmaqdan xüsusi zövq alardı. Məni İblis roluna Abbas Mirzə hazırladı.
Bir hadisəni heç bir zaman unuda bilməyəcəm.1925-26-cı il mövsümündə müəyyən bir fasilədən sonra teatra qayıtdım. Tuqanov mənə Arif (“İblis”) rolu verdi. Teatrda mürəkkəb bir vəziyyət vardı.
Mən çox ciddi çalışmaq sayəsində özümü göstərə bilmişdim. Cəfər, Cavid, Tuqanov məni xeyli təriflədilər. Axşam tamaşa başlandı. İblis – Abbas Mirzə ilə rastlaşan kimi nədənsə birdən dilim tutuldu. Sözlər ağzımda böyüdü. Bir anlığa müdhiş bir gərginlik yarandı. Hiss edirdim ki, bu hal bir az da davam etsə, tamaşaçı məni günahlandıracaq. Lakin İblis rolunda çıxış edən böyük artist Abbas Mirzə mənim səssiz haraylarımı eşitdi və dadıma çatdı. O, gözlənilməz bir çevikliklə dalını tamaşaçıya çevirdi (belə mizan verilməmişdi) plaşını geniş açdı, sərbəst əli ilə mənim titrəyən əlimi tutdu, bərk sıxdı və pıçıltı ilə dedi: – “Özünü ələ al, neyləyirsən?”. Bu pıçıltıda nə qədər dərin yoldaşlıq qayğısı vardı! Bir anlığa başımı qaldırdım. Abbas Mirzənin – İblisin “kin püskürən, atəş sovuran” gözlərində
nə qədər mehribanlıq, ürəkdirək verən bir keyfiyyət vardı. Elə bil mənə can verdilər. Tamaşada mənim rolum da böyük müvəffəqiyyət qazandı. Bu cür hadisələr Abbas Mirzə üçün tək-tək baş verən hal deyildi. Onun səciyyəvi xüsusiyyəti idi.
26
Mirzə İbrahimov
… Abbas Mirzə Şərifzadə haqqında mənim xatirələrim ancaq bir tamaşaçının xatirələridir. Mən ona yaxın olmamışam, onunla şəxsən oturub durmamışam və dostluq etməmişəm. Mən onu sehrkar bir aktyor olaraq çox yaxından, bir insan olaraq çox uzaqdan tanıyırdım. O, böyük sənətkar kimi məşhur olduğu, adı dillərdə dolaşdığı zaman bizim nəsil hələ gənclik illərinə qədəm qoyurdu. Biz orta təhsili qurtardığımız, ali məktəblərdə oxuyaraq ilk şeir və hekayələrimizi çap etdirdiyimiz illərdə Abbas Mirzə səhnəmizdə dağ kimi yüksəlmişdi, öz şöhrətinin zirvəsində idi. Mən “bizim nəsil” deyəndə
yalnız yaş fərqini nəzərdə tutmuram. İnsanın sənət aləmindəki mövqeyi yaşadığı və çalışdığı illərin sayından çox yaratdıqlarının keyfiyyətindən asılıdır. Abbas Mirzə həqiqi böyük istedad idi. O, elə ilk addımlarından nəzəri cəlb etmiş və bizim gözümüzün qabağında səhnədə heykəl kimi ucalmışdı.
Buna görə də biz onun sənətinə valehlik duyğusu ilə yanaşırdıq. O, sənət məbədinin seçilmiş
kahinlərindən idi, biz isə bu məbədin minlərlə sadə pərəstişkarlarından. O, məbədin yuxarı başında durub hər sözü, hər hərəkəti ilə zövqləri oxşayırdı, biz ürəyi əsə-əsə min bir həyəcan və tərəddüdlə
məbədin astanasına ayaq basıb qabağa boylanır, onun bir sözünü, bir hərəkətini də buraxmaq istəmirdik. Şəxsən tanış olmasaq da, biz onu özümüzə çox yaxın və doğma bilirdik. Onun sözü düşəndə mədəndə işləyən teatr həvəskarları gənclər arasında qeyri-adi bir canlanma əmələ gəlirdi. Biz onu o qədər ehtirasla sevirdik, onun sənətinə o qədər valeh idik ki, yanımızda bir adam cəsarət edib onun haqqında pis fikir deyə bilməzdi.
Ümumiyyətlə 20-30-cu illərdə teatr ictimai fikri özünə çəkmişdi, geniş xalq kütlələri arasında teatr həvəskarları olduqca çox idi. Yadımdadır, mədənlərdə fəhlələr arasında teatr tamaşalarına böyük həvəs vardı. O zaman Bakı teatrlarının neft rayonlarına gəlməsi böyük bir bayrama, camaatın hafizəsində dərin iz buraxan ictimai hadisəyə çevrilirdi. Belə tamaşalara bilet tapmaq çox çətin idi. Hələ
tamaşa başlamamış teatra gedən binanın qabağı adamla dolu olardı, necə deyərlər iynə atsan, yerə
düşməzdi. Teatr tamaşalarına həvəs o qədər güclü idi ki, məktəblərdə, fəhlə klublarında çoxlu dram dərnəkləri fəaliyyət göstərirdi. Əlbəttə, neft rayonlarından Bakıya gəlib xüsusən opera və dram teatrının tamaşalarına baxanlar da çox idi. Bu tamaşaçılar mədənlərdən qayıdanda uzun zaman ağız ləzzəti ilə tamaşadan aktyorların oyunundan danışardı. O zaman adı çəkilən aktyorlar arasında Abbas Mirzə Şərifzadə birinci yeri tuturdu desəm, – səhv etmərəm. Hamı onun misilsiz dərəcədə gözəl və
təsirli oyunundan danışırdı. Xüsusən Oktay El oğlu və Şeyx Sənan rolunda lap möcüzə göstərdiyini deyərdilər. Beləliklə mən hələ Abbas Mirzəni səhnədə, rolda görməmiş adını eşidib qiyabi olaraq ona qarşı ürəyimdə isti bir duyğu oyandığını hiss etmişdim. Əlbəttə, bu həqiqi sənətkara olan ümumxalq məhəbbətinin təsiri idi. Bu təsirdən olmalıdır ki, onu səhnədə görmək arzusu mənim ürəyimin ən şirin arzularından biri olmuşdu.
O zaman mən Lenin rayonunda işləyib orada da yaşadığımdan Bakıya gəlib tamaşaya baxmaq və
Ücretsiz ön izlemeyi tamamladınız.