Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «General Polad Həşimov xatirələrdə»

Kollektif
Yazı tipi:

GENERAL

POLAD HƏŞİMOV

XATİRƏLƏRDƏ

“Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı

General Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.

General Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərib. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmiş, ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır.

Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

HƏYAT QƏDƏR DƏYƏRLİ ÖLÜM

ön söz əvəzi

Filosof şair Hüseyn Cavidin “Həyat var ki, ölüm qədər kədərli, Ölüm var ki, həyatdan da dəyərli” misraları sanki beynimə həkk olunub. Dəfələrlə oxuduğuma, səsləndirdiyimə baxmayaraq, məndən içəridə olan mən bu fəlsəfi mənalara pafosdan kənar və gerçəklik kimi baxmırıdı. Düşünürdüm ki, axı bu necə ola bilər: sadəcə nəzəriyyədir, ya da ilk səslənişdə xoşa gələn aforizm. Lakin bu günlərdə yaşadığımız böyük bir acı mənə bunu təcrübədə göstərdi. Bir insan dünyasını dəyişir və bir millətin ruhu oyanır, dirçəlir, varlığını sübut edən gücə qovuşur. Bu cür ölüm çox həyatdan dəyərli və işıqlıdır. Bəli, ağır fikirdir, kiminsə ölümünə “dəyərli” demək. Amma bir insan milləti, dövləti üçün şəhid olursa və bu ölümün nələrə qadir olduğunu gözlərinlə görürsənsə, o zaman yüksək ideallarla yaşayan Hüseyn Cavidin nə demək istədiyinin fərqinə varırsan. Məgər bu ölüm satqınların, xainlərin həyatından çox-çox dəyərli, çox-çox ucada deyilmi!? Şəhid General Polad Həşimov 45 illik həyatı boyu yaşamında nə qədər səssiz, sakit və faydalı olmuşdusa, xainləri qorxudan bu ölüm daha uca oldu.

General Polad Həşimov… Artıq bu ad bizim üçün əfsanədir, dillər əzbəridir. Son 30 ildə Azərbaycan milli ruhunu özünə qaytaran bir zirvədir. Birinci Qarabağ Müharibəsindəki miskin məğlubiyyətimiz bizə çox pis təsir edib. Biz nə qədər gurlasaq da, özümüzdən danışsaq da, yadımıza Xocalıda, Qaradağda vətəndaşlarımızın başına gətirilənlər düşəndə əzilmişlik psixologiyası qara çiskin kimi üstmüzə çökür və susuruq. Lakin bu 30 ildə Generalın şəhid olması üçüncü hadisə oldu ki, bizə bizi anlatdı, kim olduğumuzu sübut etdi. Biri Milli Qəhrəman Mübariz İbrahimovun şücaəti, biri Aprel döyüşləri, biri də iyul ayında Generalmızın şəhid olması. Mübariz İbrahimov düşmənin içərilərinə girərək partizanlıq etdi, təkbaşına qisas aldı, Aprel döyüşlərindəsə ordumuz ərazilərimizi geri qaytardı. Lakin İyul hadisələri – əsgərlərimizin, mayorumuzun, palkovnikimizin, Generalımızın şəhid olması bizə başqa mətləbləri andırdı. Bir millət olaraq özümüzə inamımız artdı, əmin olduq ki, ən yüksək çinli məmur belə, Vətən üçün yaşayır, döyüşür, canını fəda edə bilir. Generalın ön cəbhədə əsgərləri ilə döyüşüb şəhid olması, bu millətin içindəki səsi ucaltdı. O səs ki qısa zamanda dünyaya yayıldı, 50 milyonluq Azərbaycan xalqını dövlətinin ətrafında birləşdirdi.

14 iyul 2020-ci il… Sanki 1990-cı il idi… Əsrlərdir azadlığımızı zəbt edən ruslara, Sovet İmperiyasına qarşı azadlıq savaşına qalxmışdıq. 10 minlərlə insanın heç bir təşkilatçı olmadan, qisas hissi ilə birləşməsi, “Ali baş komandan, əmr et, Qarabağa gedək!” şüarları dünyaya bir daha sübut etdi ki, bu qisası yerdə qoymayacağıq!

Bundan sonra bizim də borcumuz cənab Generalı xatirələrdə yaşatmaq, gələcək nəsillərə öyrətməkdir. Çünki Generalımız Polad Həşimov şəhid olan kimi, onun haqqında o qədər statuslar yazıldı, o qədər xatirələr danışıldı ki, biz sadəcə bir hərbçi, bir general itirdiyimizin yox, bir qayğıkeş ata, bir mərhəmətli müəllim, bir şəxsiyyət, bir İNSAN itirdiyimizi anladıq.

Bir-neçə ildir ki, tanınmış şəxslər, ictimai-siyasi xadimlərin həyatı ilə bağlı “Xatirə ədəbiyyatı” adı altında silsilə kitablar nəşr edirik. İyul hadisələrini özündə cəmləşdirən, şəhidlərimizin xatirələrini əbədiləşdirmək məqsədi ilə bu kitabı nəşr edib oxuculara hədiyyə etmək istədik. Ürəyimdən keçən arzumu yazandan sonra, onlarla insan bu işdə yardım etməyə, dəstək verməyə hazır olduqlarını bildirdilər. Bu, sadəcə könül işi idi, hər kəs könüllü, ürəklə yardım etmək niyyətini bildirdi. Fikrimizi məktub vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də bildirdik və lazımi dəstəyi aldıq.

Generalımızın ailəsi, dostları, silahdaşları, əsgərlərinin xatirələri, düşüncələri yer olan bu kitab, ümid edirəm ki, gənclərə töhfəmiz olar. Bəzilərinin hazır xatirlərini, bəzilərini isə müsahibə farmatında hazırladıq. Mənim üçün ən çətin görüş – Generalın 11-ci sinifdə oxuyan qızı ilə söhbətimiz oldu. Çünki uşaqla necə və nədən söhbət edəcəyimizi planlaşdıra bilmirdim. Amma ayaqüstü söhbətimizdə sanki bu gənc mənə dərs verdi. “Niyə belə həyəcanlısan, niyə narahatsan!” deyirdi hər cümləsində, o qədər mətin, o qədər güclü, o qədər sərbəst, o qədər müdrik duruşu vardı ki… Söhbətimizin hər anında ürəyimdə “Atasının balasıdır” deyirdim.

Və budur, artıq dediyimiz kimi, kitab hazırdır və sizin əlinizdədir. Oxuduqca qürur göz yaşlarınız sizi böyüdəcək, böyüdükcə özünüzü, kimliyinizi tanıyacaqsınız.

Kitabın ərsəyə gəlməsində dəstəyi olan hər kəsə minnətdarlığımı bildirir, gücümüzə güc qatdıqları üçün hamısını bağrıma basıram!

Kitabı tərtib edən və layihə rəhbəri:

filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq

POLAD HƏŞİMOV

XATİRƏLƏRDƏ

Həşimov Polad İsrayıl oğlu

Həşimov Polad İsrayıl oğlu 1975-ci il yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1995-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirib.

1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.

2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub.

2017-ci ilin aprel ayından Şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qiyabi dinləyicisi olub, Hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

Xidmət etdiyi dövrdə bir çox mükafatlara və təltiflərə layiq görülüb. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli əmri ilə “Hərbi xidmətlərə görə”, 25.06.2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları, 24.06.2014-cü il tarixli əmri ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 19.04.2016-cı il tarixli əmri ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

Polad Həşimov həmçinin, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” (1991-2001) yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Həşimov Polad İsrayıl oğluna “general-mayor” hərbi rütbəsi verilib.

2020-ci ilin iyul ayının 14-ü Tovuz istiqamətində gedən döyüşlər vaxtı qəhrəmancasına şəhid olub.

Ailəli olub, 3 övladı var.

Xidməti Xasiyyətnamə

“Verilir, 02.01.1975-ci ildə Qəbələ rayonu Vəndam kəndində anadan olmuş, azərbaycanlı, evli, ali hərbi təhsilli, 01.08.1992-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan Həşimov Polad İsrayıl oğluna.

P.Həşimov xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, savadlı, işgüzar və tələbkar bir zabit kimi göstərib. O, hərbi hissə komandirinin müavini kimi şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı, tərbiyəsi, hərbi intizamı və mənəvi vəziyyəti, daxili qayda-qanuna riayət edilməsi, silahların, döyüş texnikalarının qorunub saxlanması və döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyib. Verilən bütün əmr və tapşırıqları dəqiq və vaxtında yerinə yetirib, mühüm əhəmiyyət kəsb edən tapşırıqları nəzərə alaraq hərbi hissələrin döyüş qabiliyyətinin yüksədilməsi üçün öyrətmə prosesinin məqsədyönlüyünə nail olmasını təşkil edib. Zabit və gizirlərlə məşğələlərin keçirilməsini təşkil edib. İşgüzar, bacarıqlı və savadlı bir zabit kimi öz vəzifəsinin öhdəsindən gəlib. İşinə məsuliyyətlə yanaşıb, daim öz üzərində çalışıb. Tabeliyində olanlara qarşı tələbkar, eyni zamanda qayğıkeş olub.

Həşimov Polad İsrayıl oğlu 1-5 aprel 2016-cı il tarixlərdə Talış istiqamətində gedən döyüş əməliyyatlarında tabeliyinə verilmiş bölmələrin yüksək hərbi peşəkarlıqla idarə olunmasını təşkil edərək, düşmənin mövqelərinə sarsıdıcı zərbə vurmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi üçün fədakarlıq və igidlik göstərmiş və nəticədə düşmənin əsas müdafiə mövqelərinin ələ keçirilməsinə nail olmuşdur. Bununla da o, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmişdir.

Hərbi libası sevib, onu tələblərə uyğun daşıyıb, xidmətə münasibəti müsbət olub, təşəbbüskar və vətənpərvər olub.

Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən saf olub.

Dövlət sirrini qorumağı bacarıb.”

“HƏM ANAM, HƏM ATAMSAN”

Səmayə Həşimova

Polad Həşimovun anası

– Bir ana olaraq Poladın uşaqlığını necə xatırlayırsınız?

– Polad doğulanda çox fikirləşdik ki, adını nə qoyaq. Axırda babası dedi ki, onun adını Polad qoyuram. Altı aylıq olanda biz Poladı da götürüb gəldik Sumqayıta. Burada mən işə gedirdim, buna görə onu bağçaya qoymuşdum. Bir gün işdən gələndə Poladın bağça müəllimi dedi ki, razılıq verirsinizsə, şəkil çəkdirəcəyik: uşaqların qabağına oyuncaqlar qoyulacaq, kim hansını seçsə, onunla şəkil çəkdirəcək. Mən də razılaşdım. Sonra gəlib dedilər ki, Polad əlinə oyuncaq silah aldı, şəklini silahla çəkdik. Müəllimi dedi ki, siz görəcəksiz, bu ona gələcəkdə də təsir edəcək. Özüm də bunu hiss edirdim: biz mağazaya gedəndə Polad həmişə silah oyuncaqların üstünə qaçırdı.

Bayaq onun bağça müəllimi gəlmişdi bura. Poladın həmin şəklini görüb dedi ki: “Polad necə də dəcəl uşaq idi?! Onu həyətə düşürəndə bir yerdə dayanmırdı, ora-bura qaçırdı, çox hərəkətli idi”.

Amma dəcəllikləri şirin dəcəlliklər idi. İnsana xoş gəlirdi. Lap körpəliyində, hələ bizim kənddə bir adət vardı – körpəni bələyirdik, sarıyırdıq. Ayaqlarını sarğının altında saxlamaq mümkün olmurdu. Bələyirdim, sonra gəlib görürdüm ki, ayaqları ilə çəkib çıxarıb. Çox maraqlı, insana xoş gələn dəcəllikləri var idi onun.

– Kaprizləri nə idi?

– Bayağı hərəkətləri sevmirdi, toyda oynamağı xoşlamırdı. Hətta öz toyunda belə, qolunu qaldırıb oynamadı.

Məsələn, işləyən vaxtlarında evə gəlirdi. Hər dəfə qapıdan çıxanda arxasınca bir stəkan su atırdım. Deyirdi ki, ana, sən köhnə adətlərlə məşğul olursan… Bu sözləri ciddi şəkildə deyib, gedirdi. İki pillə düşdükdən sonra geri dönüb soruşurdu: “Küsmədin ki?” Deyirdim: “Yox, küsmədim”. Gəlirdi, boynumun arxasından əlini qoyurdu və deyirdi: “Sən küsməzsən, sən mənim həm anam, həm atamsan”. Düzdür, bu sözləri böyüyəndən sonra deyirdi, ancaq uşaq vaxtı… Nə deyim sənə, ay Polad?!

– Onun əsgərlərə hədsiz qayğı göstərməsi artıq əfsanəyə çevrilib. Sizcə, Poladın belə olmasının səbəbi nə idi?

– Deyirdi, ana, sən məni istəyirsən? Deyirdim, hə, dünyalar qədər. O da deyirdi ki, ora gələn əsgərlərin də valideynləri onları o qədər istəyir, bizə arxayın olub göndərirlər. Əsgərlərinə bir şey olanda, hansısa xəstələnəndə Polad özünü pis hiss edirdi. Evə gələndə qohumlarımız haqqında soruşurdu. Kiminsə kasıb olduğunu eşitməsi ona qəribə təsir edirdi.

Bir dəfə mən Daşkəsəndə olanda onun əsgərləri qışa tədarük üçün odun kəsirdilər. Mən onlara çay vermək istəyirdim, bilirdim ki, əslində, qaydalara görə, belə şey etmək olmaz. Yenə də çay süzüb gətirdim, əsgərlərə verdim. Onların başında duran adama tapşırdım ki, mənim çay verməyimi heç kimə deməsin, bilməsinlər. O da gedib Polada demişdi ki, anan da elə özün kimidir, əsgərlərə qayğı göstərir, ürəyi yanır.

– Hansı yeməkləri sevirdi?

– Dovğanı, yarpaq dolmasını və aşı (plov). Bizim tərəflərdə aşı xüsusi üsulla bişirirlər – şabalıdı-filan çox olur. Polad onu hədsiz sevirdi. Hətta ad da qoymuşdu – “Ana aşı” deyirdi ona.

– Uşaq vaxtı məktəbdən çox şikayət etmirdilər?

– Yox… Oxumağından heç vaxt şikayət eşitməmişəm. Valideyn iclaslarına gedəndə müəllimləri deyirdi ki, niyə gəlmisən? Deyirdim, “Valideyn iclası üçün gəlmişəm”. Deyirdilər, “Bizə lazım olan valideynləri tapıb gətirə bilmirik bura. Sizin gəlməyinizə ehtiyac yoxdur. Polad elə şagirddir ki, ürəyimizdə yer olsa, açıb qoyarıq içinə”. Belə oxuyub Polad.

Bütün sinif yoldaşları həmişə onun başına toplaşardı. Riyaziyyatdan misalları gözüyumulu həll edərdi. İngilis dilini o qədər yaxşı bilirdi ki, bəlkə, indi də ingilis dilindən dərs keçənlər onun kimi danışa bilmirlər. Dərs oxumağına, savadına söz ola bilməzdi. Onun dərsindən heç vaxt şikayət eşitməmişəm.

– Hər yay tətilində rayona gedirdilər?

– Bəli, hər yay, may ayının 31-i mütləq rayona gedirdilər.

– Eşitdiyimə görə, babalarından çox ciddi tərbiyə almışdılar…

– Elədir, babalarından çox ciddi tərbiyə alıblar. Babaları köhnə müharibə veteranı olub. Uşaqlar gedirdi rayona, bir həftə sonra ataları gedirdi yanlarına, o biri həftə mən gedirdim. Hər ikimiz işləyirdik deyə, bir həftə o gedirdi, bir həftə mən. Sonra bir ay məzuniyyət götürürdüm, gedib yanlarında qalırdım, sentyabrda gəlirdik.

– Ailədə ən çox kimə bağlı olub? Qardaşından, bacısından hansı ilə ən çox əlaqə yaradıb, danışıb?

– O, uşaqların hamısı ilə əlaqə yaradırdı. Amma ən çox bacısı Kəmalə ilə söhbət edirdi. Həmişə birinci mənə zəng edir, sonra bacısıyla danışırdı.

– Poladda hərbi sahəyə maraq haradan yarandı?

– O, orta məktəbdə yaxşı oxuduğu üçün hüquqşünas olmasını arzulayırdım. 1992-ci il idi. Müharibənin çətin vaxtları… Bir gün Polad gəldi ki, fikrimi dəyişdim, hərbçi olacağam. Çünki Habil müəllim (tarix müəllimi) deyir, kişi o adama deyərəm ki, hərbçi olsun. Mən hərbi məktəbə gedəcəyəm. Dedim ki, sənin üçün bu qədər əziyyət çəkmişik, yaxşı oxuyursan. İcazə vermirəm. Cavabında qayıtdı ki, atama demişəm, o da icazə verib: “Mən hərbçi olacağam”. Sonra dedi ki, əgər hərbi məktəbə daxil ola bilməsəm, sənin istədiyin yerə imtahan verəcəyəm. O da gedən kimi, yaxşı oxuyan uşaq olduğu üçün qəbul olundu.

– Maraqlı tərəfi odur ki, əsgərləri, yoldaşları, dostları onun hərbi səriştəsindən, bacarığından daha çox onun insanlığından danışırlar. Hətta bir əsgəri danışırdı, mən elə bir səhv etmişdim ki, bu səhvimə görə məni ağır cəza gözləyirdi. Amma o adam üstümə qışqırmaqla, başa salmaqla səhvimi bağışladı.

Onun rüşvətə maraq göstərməməsi, bu qədər ədalətli olması ilə bağlı deyilir ki, bu cür generalın yetişməsində Türkiyənin böyük rolu var. Bəs siz necə baxırsınız bu məsələyə? Bir insan olaraq aldığı bir neçə illik təhsil nə qədər təsir edə bilərdi, yoxsa ailənin əmanətləridir bu?

– O, üç dəfə Türkiyəyə kursa gedib. Hətta bir dəfə toyuna az qalırdı, gününü də danışmışdıq. O dedi ki, nə toy?! Mən gedirəm Türkiyəyə iki aylıq kursa. Getdi, kursunu keçib gəldi, sonra toyunu elədik. O, hərbçiliyi hər şeydən üstün tuturdu.

Bir də babasının söhbətlərindən həvəs yaranmışdı. Polad 9-10-cu siniflərdə oxuyanda kəndə – babasının yanına gedərkən, ona deyirdi ki, sən müharibə veteranı olmusan, müharibədə nə etmisən? Babası deyirdi, düşmən öldürmüşəm, vuruşmuşam. Deyirdi ki, necə vuruşmusan? Babası deyirdi, Berlinə qədər vuruşa-vuruşa getmişəm. Deyirdi, baba, necə sürünürdün? Babası uzanırdı yerə, əllərini, ayaqlarını yerə qoyub göstərərək deyirdi ki, bu formada sürünmüşəm, ölülərin üstündən sürünərək Berlinə getmişik. Bax, bu cür söhbətlər ona həmişə güclü təsir edirdi.

Bir dəfə mən etirazımı bildirdim ki, oğul, bəsdir daha. Sən də yorulmusan, mən də yolunu gözləməkdən yorulmuşam, işdən çıx. Bir hadisə olanda gözlərim qapıda qalır. Ürəyim rahat olmur, bu xəstəlikləri buna görə tapdım mən. O, Murovda olanda deyirdim ki, Polad indi soyuqda saman üstündə yatıb, mən burada isti yorğanda necə yata bilərəm?! İndi mənim üçün bunları danışmaq, bu dərdə dözmək çox çətindir.

– Dünən onun bir əsgəri ilə danışırdım. Soruşdum ki, onunla bir şəklin varmı? Dedi, sən nə danışırsan?! Biz ona yaxın düşə bilməzdik. Biz ona Allah kimi baxırdıq. Həmişə onun pəncərəsinə boylanırdıq ki, ordan keçəndə görə bilək.

– Qonşumuzun oğlu Poladın komandir olduğu yerə – Murova düşmüşdü. Oğlan sonradan danışırdı ki, bizi düzmüşdülər sıraya, paltarımıza, səliqəmizə baxırdılar. Mən Poladı görəndə ürəklənib ona söz demək istədim. Üzümə elə sərt baxdı, səsimi də çıxarmadım. Sonra məni otağına çağırdı. Getdim, içəri girib salam verdim. Dedi ki, çıx çölə. Çıxdım, yenə qayıdıb girdim. Bu səfər üzümə baxıb daha sərt dedi ki, sənə deyirəm, çıx çölə. Çıxdım çölə. Nə olduğunu anlamırdım. Qapıdakı əsgər mənə dedi ki, içəri girərkən papağını çıxar, əsgər salamı ver. Mən də elə etdim. Yalnız bundan sonra Polad salamımı alıb oturmağımı söylədi. Yəni işinə bu qədər ciddi yanaşırdı. Hətta öz övladlarına qarşı da elə idi. Bəzən deyirdim ki, elə etmə, onlar sənin əsgərlərin deyillər. Deyirdi ki, onlar əsgər ruhunda böyüməlidirlər.

Arzuları nə idi?

– O haqda nəsə dediyini xatırlamıram.

– Uşaqlarını öz yolunun davamçısı kimi görmək istəyirdimi?

– İstəyirdi ki, uşaqları da özü kimi oxusun. Böyük qızı çox yaxşı oxuyur, o biri oğlunun da qiymətləri yaxşıdır. Polad hər dəfə gələndə mənə şikayət edirdi ki, balaca oğlum tənbəldir, oxumur… Hər dəfə uşaqlarının oxuması üçün hər şey alırdı. Əlindən gələn hər şeyi edirdi ki, uşaqları yaxşı oxusun.

– Son dəfə onunla nə vaxt danışmışdınız?

– İyulun 10-u. 10-da danışmışdım, 11-də danışmadıq. Ürəyimə gəldi ki, yəqin, nəsə işi var, çünki hər gün danışırdıq. 12-i eşitdim ki, Tovuzda atışma olub. Öz-özümə düşündüm, yüz faiz nəsə baş verib. Ayın 14-ü vəziyyətim lap pisləşdi, ürəyim sıxıldı, dayana bilmədim. Sonra onun qara xəbəri gəldi… Mayın əvvəlindən ona demişdilər ki, səni Bakıya gətirəcəyik. O da hazırlaşmışdı. Vaxtı uzatdılar, gələ bilmədi.

– Çox üzr istəyirəm, bir az çətin sual olacaq. Övladınızın şəhid olaraq vəfat etməsi sizin acınızı az da olsa, yüngülləşdirirmi?

– Mən onun ölümü ilə hələ də barışa bilmirəm, hələ də inana bilmirəm ki, Polad artıq yoxdur. İstənilən halda övladın ölümü ana üçün böyük dərddir, bəladır. Şəhid analarının dərdini ancaq şəhidi olanlar bilər, o anaların nə hiss etdiyini başqa heç kim bilməz. Şəhid balam!

₺29,20

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
160 s. 1 illüstrasyon
ISBN:
978-995-256-616-1
Telif hakkı:
Hədəf nəşrləri
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre