Kitabı oku: «General Polad Həşimov xatirələrdə», sayfa 3
– Həyatdan necə, razı idi, yoxsa narazı?
– Yox, çox ümidli idi, heç vaxt narazılıq etməzdi. Öz işini çox sevirdi. Düzdür, deyirdik, “bəsdir, sənin yoldaşların təqaüdə çıxıb, sən də çıx”. Amma işinə vurğun idi, bundan yorulmurdu. O, ailədən tez ayrıldı, on yeddi yaşından getdi hərbə. Arada deyirdi, yorulmuşam, bezmişəm, amma bezmirdi. İşini sevirdi, uğurları da olurdu, uğursuzluqları da. Polad hər şeyi Azərbaycanın mənafeyinə görə edirdi, onun üçün rütbənin əhəmiyyəti yox idi. Rütbəsinin qalxan vaxtı da olub, aşağı salınan vaxtı da. Polad bunların heç birinə fikir vermirdi. Özü qərar verəndə ki, düzgün edirəm, deməli, o işi etməli idi. Özünü təhlükəyə atırdı, amma yoldaşlarını da fikirləşirdi. Dostları çoxdu, heç kimin xətrinə dəyməzdi. Arxasından iş görənlər də vardı. Bəzən özünə deyirdim ki, bu adam belədir, deyirdi, bilirəm, xəbərim var. O, yola verməyi bacarırdı, mənsə yox. Ona görə, Poladı mülayim kimi tanıyırlar, mənisə sərt xarakterli. Amma Polad da ağıllı adam idi, arxasından iş görənləri bilirdi, onlarla münasibətini buna görə qururdu.
– Məlum xəbəri ilk eşidəndə hansı hissləri keçirdiniz?
– Polad Bakıya gəlməli idi. Beş ay idi ki, onu görmürdük. Həmişə telefonla o bizə zəng edirdi, biz ona zəng edə bilmirdik, çünki telefonunu bağlı saxlayırdı. Axırıncı dəfə biz danışanda ayın 12-si idi. Soruşdum ki, necəsən, dedi, gələsiyəm Bakıya. Ayın 14-ü səhər tezdən telefonuma gələn zənglərə baxdım, gördüm ki, hər deyəndə mənə zəng edən adamlar deyillər. O anda insan hisslərini sözlə ifadə etmək olmur, sanki bir boşluq doldu içimə…
Söhbətləşdi: Şəmil Sadiq, Səbuhi Şahmursoy
“ATAMIN PORTRETİNİ ÇƏKMƏYƏ ƏLİM GƏLMİR…”
Aybəniz Həşimova
Polad Həşimovun qızı
– Aybəniz, neçənci sinifdə oxuyursan?
– 11-ci sinifdə.
– Sənə Aybəniz adını kim qoyub?
– Babam, atamın atası.
– Gələcək planın nədir, hansı ixtisası seçmisən?
– Həkim olmaq istəyirəm, məni ağ xalatda görmək atamın ən böyük arzusu idi. Özümün də marağım var.
– Həkimliyin hansı sahəsi haqda düşünürsən?
– Ümumi terapiya – can həkimi…
– Niyə can həkimi?
– O sahəyə güclü marağım var. İnsan anatomiyası maraq sahəmdir, o da bu sahəylə üst-üstə düşür.
– Həkimliyə maraq hardan yarandı?
– İki xalam həkimdir, belə mühitdə böyümüşəm. Həm də biologiya, kimya, fizika fənlərini çox sevirəm.
– Tibb sahəsi – həkimlik çox çətindir. Tibbə hansısa yenilik gətirə bilmək barədə düşünmüsənmi?
– Bəzi xəstəliklərin müalicəsini tibbə qazandırmaq istəyərdim. Düzdür, mənim sahəmə aid olmasa da, şəkər, parkinson və s. kimi xəstəliklərin köklü müalicəsini tapmaq istəyərdim.
– Başqa yaradıcılıq qabiliyyətin varmı?
– Mən incəsənəti çox sevirəm, rəsm çəkməyi xoşlayıram.
– Atanız da şəkil çəkməyi sevərdi…
– Bəli. O, fotoaparatla şəkillər çəkərdi. Bir neçə dəfə onun təbiət şəkilləri çəkdiyini görmüşəm.
– Onun yaxşı əl yazısı vardı. Atanla məktublaşırdınmı?
– Mən ona heç vaxt məktub yazmamışam, telefonla əlaqə saxlayırdıq.
– Hərbçi qızı olmağın çətinlikləri nələrdir?
– Hərbçi qızları daha çox analarına bağlı olur, məncə. Düzdür, atalarına da sevirlər, amma onu gec-gec gördükləri üçün bütün qayğılarını anaları çəkir.
– Sənin atan indi bizim hamımızın atası olub. İndiyə qədər bircə sən tanıyırdın, bir də qohumlarınız. İndisə bütün gənclər, xalqımız tanıyır. Bu, necə hissdir?
– Atasız qaldığımız üçün üzülürük, bir yandan da fəxr edirik. Yaxşı insanlar dünyadan köçəndə adam özünü haqsızlığa düçar olmuş kimi hiss edir. Belə bir şey çox insana nəsib olmur. İnsanlar yanımızdadır, bizə dəstək verirlər, mən fəxr hissi yaşayıram.
– Atan səni necə çağırırdı?
– “Qara qız” deyə çağırırdı, bəzən də “Qaraca qız” deyərdi.
– Bəs sən atana nə deyərdin?
– Bizdə bir az ciddiyyət vardı. Elə də yaxın olmamışıq. Amma qardaşlarım ona “Babalıq” deyərdi.
– Atanın qardaşlarına daha çox yaxın olması səni qısqandırırdımı?
– Mən ibtidai sinifdə oxuyanda bir aralar elə bilirdim ki, atam qardaşlarımı məndən çox sevir. Qısqanırdım, onun gözünə xoş görünmək istəyirdim, daha çox dərs oxuyurdum, ona çay süzürdüm.
– Bir az böyüdükdən sonra səninlə söhbətlər edirdimi?
– Universitet seçimi haqqında danışmışdıq… Bir də mən tarixi romanlar oxuyurdum və sonra atamla həmin kitabları müzakirə edirdik. Atam həmişə deyirdi ki, kitab oxumaq lazımdır. Kitab oxuduqca insan özü hər şeyi öyrənə bilir. Kitab oxumaqla insanın nitqi də inkişaf edir və fikrini daha aydın çatdıra bilir.
– Hansı kitabları oxumusan?
– Lev Tolstoyun “Hacı Murad”, Fərman Kərimzadənin “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında”… Bundan başqa da xeyli kitab.
– Adətən, tibbə, texniki elm sahələrinə yönələnlərin humanitar elmlərlə arası olmur, sən necə fikirləşirsən?
– Atam bizi buna uyğunlaşdırıb. Biz görürdük ki, o, əlində kitab tutub oxuyur, bizdə də maraq yaranırdı. Anam deyirdi ki, o bununla sizə göstərmək istəyir ki, baxın, mən oxuyuram, siz də oxuyun.
– Axırınıcı görüşünüz nə vaxt olub?
– Axırıncı dəfə bizi Qəbələyə yola saldı, əşyalarımızı yığmağa kömək etdi, bizi maşına oturtdu və “Sağ ol, qızım” – deyib getdi… İşə tələsirdi. Mən həmin gün çox kövrəlmişdim, maşında ağladım, amma o bunu görmədi.
– Uşaq vaxtı xatirələrindən nə yadında qalıb?
– Atamla biz Sumqayıtda parklara, dənizə gedirdik, hətta atam maaşını almağa da mənimlə gedərdi, dostlarıyla görüşə də məni apararadı. Çox xoşuma gəlirdi onunla gəzmək, biz sanki bir-birimizə uyğun idik.
– Atan boylu-buxunlu, enlikürək idmançı bir insan olub, amma deyəsən, sən idmanla məşğul olmursan?
– Atama deyirdim ki, sənin boyun 1,80 sm.-dir, mənimki isə 1,62 sm. Niyə mən qısayam? Deyirdi ki, uzanacaqsan, qızım.
– Tibbə getməyi planlaşdırırsan: yerli, yoxsa xarici universitetləri seçəcəksən?
– İlk dörd il burada oxuyacam, sonra xaricə gedəcəm, bəlkə, Türkiyəyə getdim.
– Fizikanı niyə sevirsən?
– Riyaziyyata yaxın olduğu üçün.
– Doğum günündə atan sənə nə hədiyyə alırdı, yadında qalanı varmı?
– Ən son 16-cı ad günümdə atam təlimdə idi, ad günümə gecikmişdi. Dağdan sünbül yığıb gətirmişdi. Bu mənim üçün çox dəyərli idi, mənəvi dəyəri çox böyükdü.
– Heç olubmu, sizin ad günlərinizdə atanız işdə olub və gələ bilməyib. O anda nə hisslər yaşamısan?
– Uşaq yaşlarımda inciyirdim, amma böyüdükcə anladım ki, atamın boynunda çox böyük məsuliyyət var, o, vətən üçün çalışır. O bizim burada rahat yaşamağımız üçün oradadır. Mən anladım ki, bu onun bizə qarşı laqeydliyi yox, vətənə qarşı sevgisindən irəli gəlir.
– Hərbçi geyimində olan Polad Həşimovla geyimi çıxarandan sonrakı Polad arasında fərq vardımı?
– Uçurum qədər fərq vardı. Hərbçi geyimli atam ciddi, zəhmli idi. Geyimi çıxarandan sonra zarafatcıl və səmimi olurdu.
– Sənin çiyninə çox ağır bir yük düşür: artıq indidən sonra sənin hər bir hərəkətin göz önündə olacaq və nə etsən, deyəcəklər ki, bu, Polad Həşimovun qızıdır. Bunun fərqinə vara bilirsənmi?
– Atam həmişə bizə fikir verirdi: necə hərəkət etməyimizə, necə danışmağımıza, geyimimizə, əlimizdə telefon, yoxsa kitab saxlamağımıza. Atam fiziki cəhətdən yanımızda olmasa da, mənəvi cəhətdən yanımızdadır. İndi özü olmasa da, qoyduğu qaydalar olduğu kimi qalır və mən həmişə bu qaydalara əməl edəcəyəm.
– Qarşıda səni tələbəlik illəri gözləyir… Bir tərəfdən də, sənin rəssamlığa meylin var. Bəs bu sahəni hobbi olaraq davam etdirmək istəyirsənmi?
– Anamla atam demişdi ki, sənin üçün atelye açarıq, orada rahat məşğul olarsan. Əlbəttə, Allahın verdiyi qabiliyyətin üstündən xətt çəkmək olmaz.
– Atanın portretini çəkmisənmi?
– Xeyr… Atamın portretini çəkməyə əlim gəlmir. Amma bir gün mütləq çəkəcəyəm!
– Bu hadisələrdən sonra Azərbaycan xalqına, millətimizə münasibətin nə dərəcədə dəyişdi?
– Mən birdən-birə bu qədər gəncin ayağa qalxdığını, coşduğunu görəndə fəxr hissi yaşadım. Bildim ki, bu gənclər mənim zənn etdiyim kimi, əlində telefon oturan gənclər deyilmiş – onların da saf vətənpərvərlik hissləri var imiş. İstəyərdim ki, bu ruh ölməsin, davam etdirsinlər: axı biz Koroğlunun, Xətainin, Nadir şahın qanını daşıyırıq.
Söhbətləşdi: Şəmil Sadiq
ƏSRİMİZİN POLADI: ŞƏHİD GENERALI TANIMAQ
Cavid Qədir
jurnalist, yazıçı
Uşaqkən ən ümdə arzumuz böyümək olur. Amma yaşa dolduqca kontekst dəyişir. Böyümək yox, böyük adam olmaq istəyirik. Bunun üçün təkcə yaşın üstə yaş gəlməsi yox, şəxsiyyətimizi kərpic-kərpic tikmək, ilmə-ilmə toxumaq lazımdır. Böyümək fiziki, bizdən asılı olmayan prosesdirsə, böyük adam olmaq birbaşa bizdən, bir qədər də düşdüyümüz mühitdən, ətrafımızdakı adamlardan asılıdır. Böyük adamlar həmişə tarixdə qalırlar. Bəziləri həmişə ulduz kimi işıq saçır, qaranlıqda mayak olurlar. Bəzilərini də kəşf etmək lazım gəlir. Dərin qatlardakı almaz yatağı, qızıl mədəni təki. Külün altındakı köz kimi görünməsələr də, öz missiyalarını həyata keçirir, dünyamızın daha yaxşı, daha yaşanılan hala gəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Üstəlik, böyük adamlar təkcə elmlə məşğul olmayıblar, olmurlar. Böyük adamlardan biri Nizami Gəncəvidən sitat gətirək:
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Aralarında hər peşədən, sənətdən adam var. Siyasətçi də, şair də, yazıçı da, bəstəkar da, memar da, neftçi də, mühəndis də, hətta hərbçi də.
Azərbaycanın hərb tarixi minilliklərlə ölçülür. Sanatürk, Atropatdan üzü bəri tariximiz böyük sərkərdələrin zəfərləri ilə yazılıb. Cavanşirimiz, Babəkimiz, Uzun Həsənimiz, Şah İsmayıl Xətaimiz hərəsi ayrılıqda bir tarix yazıb. Özlərindən sonra böyük bir irs qoyublar.
Günümüzdə müharibələrin konteksti, qaydaları dəyişsə də, qəhrəmanlar elə eyni cürdür. Fədakar, özünü yox, vətənini düşünən… Ən yeni tariximizdə bunu Aprel döyüşlərində qəhrəmanca həlak olan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəxsində görmüşdük. Raquf Orucov da almaz yatağı kimiydi. Böyük kütlələr onu şəhidlik zirvəsinə ucalandan sonra tanıdı, sevdi. Ölümündən sonra nəhəngləşdi, zirvələşdi. Cəmi 4 il sonra elə onun döyüş yoldaşı general-mayor Polad Həşimov Aprel döyüşlərində yazdığı qəhrəmanlıq dastanına yaraşacaq sonluq diqtə etdi. 2020-ci ilin iyul ayının 13-dən 14-nə keçən gecə Tovuz döyüşlərində qəhrəmanca şəhid oldu.
Elə bir general düşünün ki, sağkən adına post olsun. 2016-cı ildə Talış kəndi istiqamətində azad etdiyi posta adı verilib – “Polad postu”. Adı kimi polad sərkərdəmiz həmin döyüşdə xəsarət də alıb. Hətta bu qəhrəmanlığa görə vaxtından əvvəl general rütbəsinə layiq görüldüyü deyilir. Polad Həşimov, həm də öz ölümüylə bütün streotipləri dağıtdı. “Qərargahda oturub əmr verən general”lardan olmadığını sübut etdi. Həmişə can atdığı ön xətdə, düşmənlə üzbəüzdə həlak oldu. Əsl qəhrəman kimi…
Polad Həşimov təkcə qəhrəman zabit kimi yox, əsl insan təki də xatırlanır. Əsgərləri, tabeliyində olanlarla ata kimi davranıb – yeri gələndə sərt, yeri gələndə həlim, qayğıkeş…
Hətta dövlət tərəfindən ona bağışlanan evi şəhid ailəsinə bağışladığı deyilir.
Bir general təsəvvür edin. Rütbəsini döyüşlərdə göstərdiyi rəşadətlə artıran. Evini yox, səngəri üstün tutan. Kirayədə yaşayan general…
Xidməti maşınını ancaq iş üçün istifadə edən, şəxsi qayğılarının ardınca metro ilə gedən general.
Kredit götürüb, maşınını satıb post düzəltdirən, kazarma tikdirən, öz cibindən əsgərlərinə bayram sovqatı aparan general.
“Yastığı Vətən daşı, yorğanı qar olan” general.
Əsgərlərindən arxada yox, irəlidə olan general.
Qərargahda oturub əmr vermək əvəzinə əsgərlərlə bir səfdə döyüşən, onlarla bir qan töküb can verən general.
O general ki, heç vaxt unutmayacağıq.
O general ki, heç vaxt yeri dolmayacaq.
O general ki, itkisi bizi həmişə yandıracaq.
O general ki, sağlığında tanımadığımıza görə həmişə peşmanlıq duyacağıq.
O general ki, qoruya bilməməyimizin yanğısını ürəyimizdə gəzdirəcəyik.
* * *
Polad Həşimov kiminlə münasibət qurub, kiminlə tanışlıq yaradıbsa, böyük göy cisimləri kiçikləri öz cazibə qüvvəsinə tabe edib peykinə çevirən kimi, onları öz təsirinə salıb.
Sinif yoldaşı Rövşən Məmmədov deyir ki, dostu, qardaşı, general Polad Həşimov haqqında danışmaq həm məsuliyyətli, həm şərəfli, həm də çətindir: “Onunla sözün həqiqi mənasında qürur duyuram, sağlığında da qürur duyurdum, ömrümün sonuna qədər də qürur duyacağam. Poladla 1988-ci ildə, 6-cı sinifdə oxuyanda tanış olmuşuq. Bir sinifdə oxuyurduq. 4 il bir parta arxasında oturmuşuq. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli məktəbdən məzun olduqdan sonra yollarımız ayrılsa da, imkan tapdıqca görüşürdük. Hər zaman səmimi münasibətimiz olub. O, xaraktercə yeri gələndə ciddi, yeri gələndə gülərüz, vətəninə, xalqına, dövlətçiliyə sadiq insan idi. Həmişə fikri səngərdə, əsgərlərin yanında olurdu. Deyirdi ki, səngər evim, sığınacağım, əsgərlər övladlarımdır. Vətənini canından çox sevirdi. Xalqına, millətinə bağlı insandı. Hər zaman inamla, qürurla deyirdi ki, tezlikə o torpaqlar yenidən bizim olacaq. Qısa zamanda düşmən tapdağından azad edəcəyik”.
Rövşən Məmmədov əmin olduğunu vurğulayıb ki, şəhid generalımız həmişə özünə layiq zirvədə olacaq.
Vəfa Məmmədova Polad Həşimovla 11 il bir sinifdə oxuyub: “Yuxarı siniflərdə dost olmuşuq. 10-11-ci sinifdə mən sinif nümayəndəsi, o da müavinim idi. Jurnalları birlikdə işləyirdik. Mən, rəfiqəm Vəfa, Hüseyn və Polad pəncərə tərəfdən arxadakı iki partada əyləşirdik. Mən Hüseynlə, Polad da Vəfayla. Aşağı siniflərdə Polad da, mən də ön partalarda əyləşərdik. Son siniflərdə isə hərdən söhbət edək deyə, arxada əyləşirdik, çünki qabaqda müəllim imkan vermirdi. Jurnalları yazanda sinifdə baş verən hadisələri müzakirə edirdik. Polad çox gözəl məsləhətçiydi, əla danışıq qabiliyyəti vardı. Bütün fənləri yaxşı oxuyurdu, xüsusilə, dəqiq elmləri çox sevərdi, əsasən də riyaziyyatı. Riyaziyyat dərslərində dərsin əvvəlindən sonunadək lövhədə olurdu. Bütün fənlərdən qiymətləri əlaydı. Həmişə bizə kömək edirdi. Hansısa misalı, məsələni başa düşməyəndə izah edirdi. Səbirlə izah etməyi xoşlayırdı. Köçürməyə verməyi yox, izah etməyi sevirdi. Mən də ona lazım olanda ingilis dilindən kömək edirdim. Elə özü də yaxşı oxuyurdu. Bütün sinif yoldaşlarıyla münasibəti gözəldi. Hamıyla mehriban, səmimi… Təbiətən sakit, ciddi insandı. Ondan bir az çəkinirdim. Nəsə xoşuna gəlməyəndə mənə deyirdi. Bütün müəllimlər onu çox istəyirdilər. Hamı onu qiymətləndirir, hörmət edirdi. Polad hüquqşünas olmaq istəyirdi. Sonra fikrini dəyişdi. O, hərbçi olmaq istədiyini deyəndə kədərləndim. Çünki həmin vaxtlar müharibə gedirdi. İstəmirdim ki, ona müharibədə nəsə olsun. İstədim, fikrindən daşındıram. Dedim, bəs, axı, sən hüquqşünas olmaq istəyirdin. Nə oldu?
Gözləri güldü:
– Hərbə o getməsin, bu getməsin, bəs kim getsin?
Dedim:
– Düz deyirsən. Mən səninlə fəxr edirəm.
Onu məktəbi bitirəndən sonra bircə dəfə gördüm. Rəfiqəm Vəfagildə ev telefonu vardı. Ora gedəndə hərdən Poladın evinə zəng vurub, onu soruşurduq. Adətən, evdə olmurdu. Anasından, bacısından necəliyini öyrənirdim. 3-cü kursda oxuyurduq. Dedi ki, sizin məktəbinizə gələcəyəm. Fonetika dərsiydi. Qapı açıqdı. Gördüm, qapının ağzında iki hərbçi var. Poladı tanıdım. Vəfaya dedim ki, bax, Polad gəlib bizi görməyə. Dərsdən sonra görüşüb söhbət etdik.
Poladın şəhid olduğunu oğlumdan eşitdim. Ayın 14-ü, ya da 13-ü axşam idi. Oğlum telefonda sosial şəbəkələrə baxırdı. Şəhid verdiyimizdən çox narahatdım, pis olmuşdum. Oğlum dedi ki, generalımız yaralanıb. Çox narahat oldum, kefim pozuldu. Amma onun Polad olduğu ağlıma da gəlmədi. Çünki general olduğunu bilmirdim. Soruşdum ki, başqa nə yazıblar? Dedi ki, başqa heç nə. Yazılıb ki, general Polad Həşimov yaralanıb. Kim olduğunu soruşdum. Bir də təkrar etdi. Onda başa düşdüm ki, bizim Poladdır. Televizora baxdım. Ancaq həmin vaxt bu barədə heç nə vermədilər. Səhv etmirəmsə, səhəri günü oğlum Poladın şəhid olduğunu dedi (kövrəlir)…
Mən Poladı sonuncu dəfə hardasa 25 il əvvəl görmüşdüm. İllər sonra onu televizorda, 45 yaşlı şəhid general kimi görəndə qəribə hisslər keçirdim. Daha böyük vəzifələrdə görmək istəyərdim, amma təəssüf… Adının əbədiləşdirilməsi çox yaxşı olardı. İstərdim, oxuduğu məktəbə, universitetə adı verilsin, həmin məktəbin qarşısında heykəli ucaldılsın, Bakıdakı küçələrdən biri adını daşısın…”
Daha bir sinif yoldaşı Mail Hümbətov deyir ki, Polad Həşimov çox tərbiyəli, aktiv, savadlı, öz üzərində çalışan, zəhmətkeş şagird olub: “Qiymətləri həmişə əla olurdu. Bütün fənlərdə aktiv idi. Xüsusən, dəqiq fənlərə üstünlük verirdi. Hamı da bilirdi ki, Polad hərbi sahəyə can atır. Sinif yoldaşları ilə çox yaxşı münasibəti vardı. Həmişə deyib-gülürdü, gülərüzdü. Qızlarla da rahat ünsiyyət qururdu, anlaşırdı. Xüsusi rəğbətlərini qazanmışdı. Dərsə gəlməyəndə darıxırdıq. Onun kimi gülərüz şagirdin hərbçi olacağını təxmin etmək çətindi. Amma yaxından tanıyanlar bilirdilər ki, məğrur, adı kimi polad iradəyə malik, vətənpərvər, doyüş əzmi olan insandır. Hərbçi olacağını həmişə qürurla deyirdi: “Mən general olum, siz də baxın”.
Məktəbi bitirəndən sonra bir-iki dəfə görüşmüşük. Ali məktəbə daxil olan gün təbrik edəndə “bildiyini elədin” dedim. Sumqayıta gələndə tanışlar zəng edirdilər ki, Polad gəlib, dur, gəl. Amma mən çox vaxt yarışlarda olduğumdan vaxt tapa bilmir, telefonla əlaqə saxlayırdım. Poladın göstərdiyi şücaəti öz dilindən eşitməzdik. Həmişə şahidi olanlar danışardılar. Hətta Aprel döyüşlərində etdiyi qəhrəmanlıqdan da bir kəlmə danışmayıb”.
Rütbəsini və adını vermək istəməyən döyüş yoldaşı generalla tanışlığını belə xatırlayır: “Şəhidimizlə 2005-ci ildə tanış olmuşam. O vaxt gənc leytenant idim, general Həşimov isə mayordu. N saylı hərbi hissəmiz ön xətdə yerləşirdi. Həmin hissəyə yeni təyin olunmuşdum. Polad Həşimov komandir müavini idi. Məni yanına çağırıb xidmətə necə başlayacağımla bağlı məsləhətlər verirdi. Deyirdi ki, xidmətə ön xətdə başladığıma görə çox sevinir. Hər gün hərbi biliklərimi yoxlamaq üçün silah və texnikaya aid müxtəlif suallar verir, mən də öz növbəmdə sevə-sevə cavablandırırdım. Daha sonra idman hazırlığımı yoxlayırdı. Heç yorulmaz, bezməzdi.
General haqqında hamı gözəl fikirdə idi. Məndən rütbəcə böyük zabitlər Həşimova komandirlikdən əlavə, xüsusi hörmət göstərirdilər. Çünki xidmətini ağır cəbhələrdə keçirmişdi. Bu isə hərbçilər arasında xüsusi nüfuz qazandıran xüsusiyyətdir.
Hərbçi peşəsini seçməyimin əsas səbəbi ailəmizdə bir neçə şəhidin olmasıdır. 1996-cı ildən başlayan hərbçi həyatımın məqsədi onların qısasını almaq idi. Bu peşədə hərənin öz idealı olur. Mənim də ideal seçimimdə Həşimovun tələbkar, səmimi, məsuliyyətli davranışı, hərbi libasa yaraşan komandir olması böyük rol oynayıb. Açığı, onun haqqında danışmaq mənimçün çox ağırdır (susur)…
Bir ildən sonra Polad Həşimovun vəzifəsi artırıldı və başqa hərbi hissəyə təyin edildi. Yollarımız hələlik ayrıldı. Sonrakı görüşümüz isə Aprel döyüşləri zamanı oldu.
Döyüşə girəcək əsgərlərə özü şəxsən təlimat verirdi. Generalımın döyüşə atılmaq istəyi heç zaman azalmır, əksinə artırdı. Elə bil, şəhid olmaq üçün fürsət gəzirdi. Nəhayət, istəyinə çatdı…”
Polad Həşimovun əsgəri olan Pərviz Sadıqov deyir ki, hərbi xidmət keçdiyi dövrdə Polad Həşimov briqada komandiri olub. “Həmin vaxt polkovnik-leytenant rütbəsində idi. Əsgərlər xətrini istəyirdilər, zabitlər ondan daha çox çəkinirdi, nəinki əsgərlər. Ailəli əsgərlərin problemləri ilə tez-tez maraqlanırdı. Hərbi hissə gediş-gəliş üçün rahat ərazidə olmadığına görə ailəsini görə bilməyən əsgərlərə şərait yaradırdı. Bir dəfə Qurban bayramında ona hədiyyə gətirilən 3 qurbanlıq qoyunu əsgərlər üçün kəsdirib yeməkxanada paylatdırmışdı. “Hədiyyədir” demişdi, amma bəlkə də, özü almışdı.
Ücretsiz ön izlemeyi tamamladınız.