Kitabı oku: «Həyat işığı»
RUS YAZIÇILARININ HEKAYƏLƏRİ
HƏYAT İŞIĞI
c i b k i t a b l a r ı / 3
İÇİNDƏKİLƏR
1. Fyodor Dostoyevski – Gülməli adamın yuxusu (Tərcümə: İlahə Ucaruh)......................................................7
2. İvan Turgenyev – Yalquzaq (Tərcümə: Nailə Muradəliyeva).....................................................................47
3. Lev Tolstoy – Üç sual (Tərcümə:
Nərmin Musayeva).............................................................67
4. Maksim Qorki – Dankonun qəlbi (Tərcümə: Novruz Bəylərzadə)..........................................................................79
5. Mixail Bulqakov – Mərhumun macəraları (Tərcümə: Səbinə Muradova, Cavid Cəfərov)..................................87
6.Vladimir Nabokov – Gənc şair (Tərcümə: Kənan Hacı).....................................................................................95
7. Sergey Dovlatov – Poplin köynək (Tərcümə: Azad Yaşar).................................................................................107
8. Viktor Pelevin – Nika (Tərcümə: Ramil Rahiboğlu)........................................................................129
9. Vladimir Sorokin – Geoloqlar (Tərcümə: Ramil
Rahiboğlu)...........................................................................159
10. Andrey Platonov – Həyat işığı (Tərcümə: Kənan Hacı).....................................................................................171
FYODOR DOSTOYEVSKİ
GÜLMƏLİ ADAMIN
YUXUSU
(Tərcümə: İlahə Ucaruh)
Mən gülməli adamam. İndi, mənə dəli deyirlər. Onlara hələ də gülməli görünməsəy-dim, dəli sayılmağım rütbəmin qalxması olar-dı. Amma daha heç acıqlanmıram, indi onla-rın hamısı mənə əzizdir, üstümə güləndə də nədənsə lap əziz gəlirlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim, əlbəttə, özümə yox – onları sevdiyimdən gü-lərdim. Kədərimin səbəbi budur ki, mən hə-qiqəti bilirəm, onlar isə yox. Ooh, həqiqəti tək bilmək adama necə də çətindir! Amma onlar bunu başa düşməz. Yox, başa düşməz.
Əvvəllər isə, gülməli göründüyümə görə yaman sıxılırdım. Yox, gülməli görünmür-düm, elə gülməliydim ki, var. Mən həmişə gülməli olmuşam, bunu bəlkə də doğuldu-ğum gündən bilirəm. Ola bilsin, artıq yeddi yaşımda ikən gülməli olduğumu bilirdim. Sonra məktəbdə oxudum, daha sonra univer-sitetdə oxuduqca gülməli olduğumu daha çox aşkarlayırdım. Axırda bütün universitet elmi, elə bil ona görə mövcud idi ki, onun dərinlik-lərinə vardıqca gülməli olduğumu mənə daha çox anlatsın. Həyatda da belə idi. İldən-ilə gülməliliyim haqda fikrim hərtərəfli artıb möhkəmlənirdi. Mənə hamı və həmişə gülüb, amma onların heç biri bilmir və ağlına da gə-tirmirdi ki, dünyada gülməli olduğumu ən çox bilən adam varsa, o da elə özüməm. Bax, mənə ağır gələn də bu idi ki, bunu bilmirdilər, ancaq günah özümdə idi: hər zaman o qədər qürurlu olmuşam ki, bunu heç kimə açmaq is-təməmişəm. Bu məğrurluğum ilbəil artırdı, birdən kiminsə yanında da gülməli olduğumu təsadüfən boynuma alsaydım, məncə, onda oradaca, elə o axşam başımı tapança ilə dağı-dardım. Ooh, yeniyetməlik çağlarımda dözə bilməyib qəflətən yoldaşlarıma etiraf edə-cəyimdən necə də əzab çəkərdim. Gəncləşdik-cə bu dəhşətli xüsusiyyətim haqda getdikcə daha çox öyrənsəm də, nədənsə bir az sakit-ləşdim. Məhz nədənsə, iş orasındadır ki, bu-nun nədən belə olduğunu hələ indi də tapa bilməmişəm. Bəlkə də buna səbəb, məni son dərəcə üstələyib qəlbimə yığışan qorxunc bir kədər idi. Dünyanın hər yerində hər şeyin ey-ni olduğu fikri ağlımı sarmışdı. Çoxdan bunu hiss etmişdim, amma axırıncı il birdən-birə buna tamam əmin oldum. Dünyanın mövcud olub-olmamağının mənə fərq etmədiyini hiss etdim birdən. Bütün varlığımla ətrafımda heç nəyin olmadığını duymağa başladım. İlk əv-vəl mənə elə gəlirdi ki, bunun əvəzində əvvəl-lər çox şey olub, ancaq sonra başa düşdüm ki, heç o vaxtlar da heç nə olmayıb, ancaq elə gə-lib ki, guya nəsə var. Yavaş-yavaş yəqin etdim ki, heç vaxt da heç nə olmayacaq. Bundan sonra birdən-birə adamlara acıqlanmağımı yerə qoyub, demək olar, heç kəsə fikir vermə-dim. Doğrudan da bu, hətta lap boş şeylərdə özünü büruzə verirdi: məsələn, yolda adam-larla toqquşurdum. Fikirli olduğumdan yox: nə haqda düşünə bilərdim ki, o vaxt düşün-məyin daşını tamam atmışdım: heç nəyin fər-qi yoxu idi mənə. Öz suallarıma cavab axtar-sam yaxşı olardı, eh, onlar o qədər idi ki, am-ma heç birini də həll etmədim, mənə fərqi olmadığından suallar da yoxa çıxdı.
Sonra da həqiqəti tapdım. Həqiqəti keçən noyabrda, özü də üç noyabrda tapdım, o vaxt-dan da hər bir anım yadımdadır. Çox tutqun, zülmət qaranlıq idi. Axşam saat on birdə evə qayıdırdım, dəqiq yadımdadır, fikirləşdim ki, görəsən, bundan da ürəksıxıcı qaranlıq olar-mı? Hətta fiziki cəhətdən. Yağış bütün gün ya-ğırdı, bu, ən soyuq və zülmətli yağışı idi, hətta vahiməli idi, yadımdadır, sanki adamlara qar-şı aşkar bir düşmənçiliklə yağırdı. Saat on bir-də yağış birdən-birə kəsdi, əvvəlki nəmişlik və soyuğu daha betər rütubət əvəzlədi. Hər şeydən də – hər küçədəki daşdan, hər görü-nən döngədən buğ qalxırdı. Birdən ağlıma gəldi ki, hər yanda qaz sönsəydi, bundan yax-şı olardı, axı qaz hər şeyi işıqlandırıb ürəyi sı-xır. O gün, demək olar ki, nahar etməmişdim, axşamdan da bir mühəndisgildə idim, mən-dən başqa ora iki səfeh qonaq da gəlmişdi. Elə hey susduğumdan, deyəsən, camaatı da bez-dirmişdim. Onlar nədənsə mübahisə edir, hət-ta birdən-birə özlərindən çıxırdılar da. Amma gördüm ki, onlara fərqi yoxdur, elə-belə qı-zışırlar. Elə birdən bunu onların üzünə dedim:
– “Cənablar, axı sizə fərqi yoxdur,” – dedim. Küsmədilər, eləcə gülüşdülər. Ona görə ki, tənəsiz-filansız dedim, sadəcə, mənə fərqi olmadığından dedim. Onlar da bunu gö-rəndə sevindilər.
Küçədə qazı düşünərkən göyə baxdım. Göy dəhşət tutqun idi, param-parça bulud-ların arasından da aydınca çox tünd ləkələr görünürdü. Bir qara buludun üstündə gözü-mə xırda ulduz dəydi. Diqqətlə ona baxdım. Səbəb bu idi ki, ulduz ağlıma bir fikir saldı: bu gecə özümü öldürməyi qət etdim. İntihar et-mək fikrinə hələ iki ay öncə gəlmişdim. Nə qədər kasıb olsam da, əla bir tapança alıb, elə həmin gün də içini doldurmuşdum. Amma üstündən iki ay keçsə də, o hələ də qutuda idi. Hər şeyə o qədər biganə olmuşdum ki, axırda biganə olmadığım heç olmasa bircə dəqiqə tapmaq istəyirdim. Niyə – heç özüm də bilmi-rəm. Beləliklə, bu iki ayda hər gecə evə qayı-darkən, özümü güllələyəcəyimi düşünürdüm. Elə hey o dəqiqələri gözləyirdim. Bu balaca ulduz isə, indi ağlıma fikir saldı, mən də qə-rara gəldim ki, məsələ hökmən elə bu gecə olacaq. Balaca ulduzun bunu ağlıma salma sə-bəbini isə bilmirəm.
Həə, göyə baxdığım vaxt birdən bu qız-cığaz dirsəyimdən yapışdı. Küçə artıq boşal-mış, demək olar ki, heç kəs yox idi. Uzaqda dayanan arabada bir faytonçu yatırdı. Qızın səkkiz yaşı olardı, başında kiçik yaylıq, əynin-də də don. Tamam islanmışdı, yadımda isə əsasən, onun cırıq yaş başmaqları qaldı, hələ indi də yadımdadır. Onlar xüsusi gözümə dəydi. O, qəfildən dirsəyimdən dartıb məni çağırmağa başladı. Ağlamırdı, amma qızdır-ma içində tir-tir titrədiyindən düzəməlli tələf-füz edə bilmədiyi sözləri qırıq-qırıq qışqırırdı. O, nəyəsə görə vahiməyə düşüb “anacan! ana-can!” deyib çığırırdı. Bir istədim üzümü ona tərəf çevirim, amma heç nə deməyib yoluma davam etdim, o isə arxamca qaçıb məni dartır, səsində də ürkək uşaqların dilindəki çarəsizlik duyulurdu. Bu səsi tanıyıram. Sözləri qırıq-qırıq desə də, anladım ki, haradasa anası ölür, ya da orada başlarına bir iş gəlib, o da kimisə anasına yardıma çağırmağa, nəyisə tapmağa cumub. Lakin onun dalınca getmədim, tər-sinə, birdən onu qovmaq istədim. Əvvəl, ona dedim qorodovoyu tapsın. Qızcığaz isə, bala-ca əllərini büküb hıçqıra-hıçqıra, tövşüyə-töv-şüyə hey böyrümcə qaçır, məni buraxmırdı. Bax, onda ayağımı yerə vurub üstünə çığır-dım. O, yalnız “cənab, cənab!” deyərək qışqır-dı, sonra da birdən-birə məndən əl çəkib cəld küçəni keçdi: yolda bir başqası görünmüşdü, yəqin məndən ona qaçdı.
Beşinci mərtəbəyə qalxdım. Kirayə evdə yaşayıram. Otağım kasıb, balaca, pəncərəm də çardaqlı, yarımdairəvidir. Mənim müşəmbə divanım, üstü kitablı masam, iki oturacağım və lap köhnə olsa da, rahat bir volter kürsüm var. Əyləşdim, şamı yandırıb fikirləşməyə başladım. Yanımdakı o biri otaqda, arakəsmə-nin dalında mərəkə davam edirdi – ayın üçündən davam edirdi. Orda istefaya çıxmış bir kapitan yaşayırdı, yanında da altı avara qonağı var idi. Onlar araq içib köhnə kartlarla ştoss oynayırdı. Keçən gecə aralarına dava düşmüşdü, bilirəm, iki nəfər saçyolmaya da qalxmışdı. Sahibə qadın şikayət etmək istəyir-di, amma kapitandan yaman qorxur. Bizdən başqa bu kirayə evlərdə alçaqboy, arıq bir hərbçi xanımı yaşayır, üç balaca uşağı burda xəstələnmişdi. Bu qadın da, uşaqları da kapitandan elə qorxur ki, bütün gecə əsir, xaç çevirirlər. Körpəsinin isə qorxudan tutması tutmuşdu. Bu kapitan, dəqiq bilirəm, hərdən Nevskidən keçənləri dayandırıb pul istəyir. Onu xidmətə götürmürlər, amma qəribə işdir (elə buna görə danışıram), kapitanın burda yaşadığı cəmi bir aydır, amma mənə heç bir dilxorçuluq yaratmayıb. Tanışlıqdan, əlbəttə, lap əvvəldən boyun qaçırdım, elə onun özü də ilk gündən mənimlə darıxdı, arakəsmədən nə qədər bağırışsalar da, neçə nəfər olsalar da, mənə heç vaxt fərq eləmirdi. Bütün gecə otu-ruram, inanın, o dərəcədə hamını unuduram ki, heç kəsi eşitmirəm. Axı, artıq bir ildir ki, gecələr səhərədək yatmıram, bütün gecə ma-sanın yanında kürsüdə boş-bekar otururam. Kitabı yalnız gündüz oxuyuram. Oturub heç nə də fikirləşmirəm, sadəcə beynimdə cürbə-cür düşüncələr fırlanır, mən də onları azadlığa buraxıram. Gecə şam tamamilə əriyir. Sakitcə masanın arxasına keçib tapançanı çıxartdım, qarşıma qoydum. Onu qoyarkən, yadımdadır, öz-özümdən “Eləmi?” – soruşdum, özümə qə-ti cavab da verdim ki, “Elə!”. Yəni özümü gül-lələyəcəyəm. Bilirdim ki, özümü dəqiq bu ge-cə öldürəcəyəm, amma masanın arxasında hə-lə nə qədər oturacağam – bunu bilmirdim. Əl-bəttə, özümü güllələyərdim də, bu qızcığaz ol-masaydı.
II
Fikir verin: mənə heç nəyin fərqi olmasa da, ağrını ki, hiss edirdim. Bir adam məni vursaydı, ağrını hiss edərdim. Beləcə, mənəvi cəhətdən: ürəkağrıdan bir hadisə baş versəy-di, heç nəyə biganə olmadığım çağlarımdakı kimi narahat olardım. Yazığım da gəldi: kimə də eləməsəm, uşağa hökmən yardım edərdim axı. Onda qıza niyə kömək eləmədim? Ağlıma gələn bir fikrə görə: o qız məni dartıb çağı-randa, qəflətən qarşıma bir sual çıxmışdı, mənsə onu həll edə bilmirdim. Boş sual idi, amma hirsləndim. Ona görə hirsləndim ki, bu gecə öz-özümlə vidalaşacağıma qərar ver-mişəmsə, onda, deməli, başqa vaxta nisbətən indi mənə heç nəyin fərqi olmamalıdır. Bəs, mənə fərqi olduğunu və qıza yazığım gəldiyi-ni niyə hiss etdim? Yadımdadır, yaman yazı-ğım gəldi ona, hətta öz çətin və qəribə vəziy-yətimdə dözülməz bir ağrı yaşadım. Doğ-rusu, içimdəki ötəri duyğuları daha yaxşı dilə gətirə bilmirəm, amma o hiss evdə də, masa-nın arxasında oturanda davam edirdi, çoxdan belə acıqlı olmamışdım. Fikir fikrə qoşulurdu. Aydın olurdu ki, hələ ki, insanamsa, hələ sıfır deyiləmsə və sıfıra dönməmişəmsə, deməli, yaşayıram, beləliklə, öz hərəkətlərimə görə əzab, xəcalət çəkib, hirslənə bilərəm. Qoy ol-sun. Lakin özümü öldürəcəyəmsə, məsələn, iki saatdan sonra, onda qız nədir, utanmaq nə-dir? Mən sıfıra dönürəm, mütləq sıfıra. De-məli, bir azdan tamamilə yoxa çıxacağımın, heç nəyin də, daha mövcud olmayacağının dərki, nə qızcığaza qarşı mərhəmət hissinə, nə də etdiyim əclaflıqdan sonrakı xəcalət hissinə təsir etməmişdimi, görəsən? Axı, mən elə bu səbəbdən ayağımı yerə döyüb, bədbəxt uşağın üstünə vəhşi səslə bağırdım: “yəni, nəinki ya-zığım gəlmir, zalımlıq da eləsəm, elə indi edə-rəm, çünki iki saatdan sonra hər şey sönəcək”. İnanırsınızmı, buna görə qışqırdım? İndi, de-mək olar, buna əminəm, indi həyatın, dünya-nın sanki tək məndən asılı olduğunu aydınca görürəm. Hətta belə deyək, dünya indi, elə bil tək məndən ötrü yaradılıbmış: özümü öldü-rüm – dünya da olmayacaq, hər halda mənim üçün. Hələ onu demirəm ki, bəlkə həqiqətən də məndən sonra heç kim, heç nə olmayacaq və yalnız mənim şüuruma mənsub bir şey ki-mi, bir kabus tək bütün aləm də yoxa çıxacaq, sönəcək, çünki bəlkə də bütün bu dünya və bütün bu insanlar tək elə mən özüməm. Ya-dımdadır, oturub düşünərkən, ard-arda yı-ğışan bütün bu yeni sualları tamam bir tərəfə qoyub, lap yenisini uydururdum. Məsələn, birdən ağlıma qəribə fikir gəldi ki, görəsən, əvvəllər Ayda və yaxud Marsda yaşasaydım nə olardı, qorxulu yuxularda yalnız təsəvvür edilə bilən həyasız və şərəfsiz iş görsəydim orada, ona görə də orada söyülüb rüsvay ol-saydım, sonra da yerə qayıdıb başqa planetdə etdiklərimi idrak etsəydim, bundan da əlavə, oraya artıq bir də heç vaxt qayıtmayacağımı bilsəydim, Yerdən Aya baxanda mənə fərqi olardı, ya yox? O hərəkətə görə xəcalət çəkərdim, yoxsa yox? Suallar mənasız və artıq idi, çünki tapança gözümün qabağında idi, mən də bütün varlığımla bilirdim ki, bu müt-ləq olacaq, amma suallar məni qızışdırır, mən də cinlənirdim. İndi, sanki nəyisə əvvəlcədən həll etməmiş ölə bilməzdim. Bir sözlə, bu qızcığaz məni xilas etdi, çünki suallarla atəşi gecikdirdim. Bu arada kapitanın da otağı sa-kitləşməkdə idi: onlar kart oynamaqlarını biti-rib yatmağa hazırlaşır, hələlik isə mırtlana-mırtlana, ərinə-ərinə söyüşmələrini başa vu-rurdular. Bax elə burada, (məndən çıxmayan iş) birdən masanın arxasında, özümdən xəbər-siz kürsüdə yuxuya getdim. Məlumdur, yu-xular çox qəribə olur: bəzən bir şeyi zərgər də-qiqliyi ilə, olduqca aydın görürsən, bəzən də sanki məkan və zamanın üstündən tullanır-san. Deyəsən, yuxuları zəka yox – istək, baş yox – ürək yönləndirir, amma bununla belə ağlım hərdən elə hoqqalar çıxarır, gəl gö-rəsən! Bəzən yuxuda elə şeylər baş verir ki, lap mat qalırsan. Misal üçün, qardaşım beş il bundan öncə rəhmətə gedib. Hərdən onu yu-xuda görürəm: o işlərimdə iştirak edir, başı-mız nəyəsə qarışır, bununla bərabər, onun öl-düyünü və basdırıldığını bütün yuxu boyu bi-lirəm, unutmuram. Onda o, ölü olsa da bu-rada, yanımda mənimlə birgə çalışmağına ni-yə təəccüblənmirəm? Ağlım niyə bunlara yol verir? Ancaq daha bəsdir. Keçirəm yuxuma. Hə, bu yuxunu onda gördüm, üç noyabrdakı yuxumu! Onlar, indi bunun, sadəcə yuxu ol-duğunu deyib, mənə sataşırlar. Bu yuxu mənə həqiqəti açıbsa, onun yuxu olub-olmamasının nə fərqi var axı? Bir dəfə həqiqəti görüb tanıdınsa, bilirsən ki, yuxu və ya gerçəklikdə nə olur-olsun, bu həqiqətdir və bundan baş-qası yoxdur. Yuxudursa – qoy yuxu olsun, an-caq siz tərifini göyə çıxartdığınız bu həyatı, mən intiharla söndürmək istəyirdim, yuxum isə, mənim yuxum – ah, o mənə yeni, böyük, təzələnmiş, güclü həyat xəbərini verdi!
III
Dinləyin.
Demişdim, yuxuya birdən-birə getdim, elə bil həmin o materiyalar haqda yuxuda da düşünürdüm. Birdən yuxuda gördüm ki, ta-pançanı götürüb oturduğum yerdəcə düz ürə-yimə tuşlayıram, başıma yox – ürəyimə. Axı, mən əvvəldən gülləni hökmən başımdan vur-mağı düşünmüşdüm, özü də sağ gicgahım-dan. Tapançanı döşümə dirəyib sonra bir ya iki saniyə gözlədim, birdən şamım da, masam və divar da qarşımda tərpənib yırğalanmağa başladı. Dərhal çaxmağı basdım.
Hərdən yuxuda hündürlükdən yıxılırsı-nız, ətinizi kəsir, ya da sizi döyürlər, amma heç vaxt ağrı hiss etmirsiniz, həqiqətən, çar-payıda zədə almamısınızsa: onda ağrıdan oya-nırsınız. Mənim də yuxumda belə oldu: ağrını hiss etmədim, ancaq mənə elə gəldi ki, atəşim içimi yerindən oynatdı, hər şey də birdən sön-dü, hər tərəfimi dəhşət qaranlıq bürüdü. Elə bil lal-kor oldum, bir bərk şeyin üstündə uzanmışam, gözüm heç nə görmür, kiçik bir hərəkət belə edə bilmirəm. Ətrafımda gedib-gəlirlər, qışqırırlar, kapitan bağırır, sahibə ci-yildəyir, sonra ara birdən sovuşur və artıq – budur – məni örtülü tabutda aparırlar. Tabu-tun yırğalanmağını da hiss edirəm, o haqda düşünürəm, bu vaxt öldüyümə qəfildən təəc-cüblənirəm, öldüyümü bilirəm, buna şübhə də etmirəm, heç nə görmür və tərpənmirəm, amma bununla belə hər şeyi duyur və dü-şünürəm. Lakin tezliklə bununla razılaşıb, yu-xuda adət edildiyi kimi həqiqəti dinməzcə qə-bul edirəm.
Budur, indi məni yerə basdırırlar. Hamı gedir, tək qalıram, tamam tək. Tərpənmirəm. Qəbirdə necə basdırılacağımı əvvəllər təsəv-vür edəndə qəbri həmişə rütubət və soyuqla bağlayırdım. İndi də hiss etdim ki, üşüyürəm, əsasən də ayaq barmaqlarımın ucu donur, am-ma başqa heç nə hiss etmədim.
Uzanmışdım, qəribədir ki, ölünün heç nə gözləməyə lüzum olmadığını mübahisəsiz qə-bul edib, heç nə gözləmirdim. Amma nəmiş-lik idi. Nə qədər vaxt keçdiyini – bir saat, bir neçə gün, yoxsa daha çox – bilmirəm. Birdən tabutun qapağından örtülü sol gözümə bir su damcısı düşdü, bir dəqiqədən sonra onun da-lınca ikincisi, daha bir dəqiqədən sonra üçün-cüsü və sair və ilaxır, hər dəqiqədən bir. Qəf-lətən, ürəyimdə dərin hiddət alışdı və bu hid-dətimdə fiziki bir ağrı duydum: “Bu mənim yaramdı, – fikirləşdim, – bu atəşdi, orda da güllə…” Damcı isə elə hər dəqiqə örtülü gö-zümə damırdı. Birdən, hərəkətsiz olduğum-dan səslə yox, bütün varlığımla başıma gələn bütün bunların Hökmdarını çağırdım: “Kim olursan ol, gerçəkdən də varsansa və olan-lardan daha ağıllı bir şey varsa, onun burda da olmasına izin ver. Yox, gələcək varlığımın eybəcərliyi və yöndəmsizliyi ilə səfeh intiha-rımdan qisas alırsansa, onda bil ki, mənə veri-lən bu işgəncə heç vaxt və heç cür, lap milyon il davam etsə də, nifrətimə bərabər ola bilmə-yəcək!..”
Çağırıb susdum. Dərin sükut bir dəqiqə davam etdi, hətta yeni damcı da düşdü, amma bilirdim, sonsuz dərəcədə bilir və inanırdım ki, indi mütləq hər şey dəyişiləcək. Budur, bir-dən-birə qəbrim aralanır. Daha doğrusu, onun qazılıb açılmasını bilmirəm, amma bir qara naməlum məxluq məni götürüb, fəzaya qal-dırır. Birdən, gözlərim görməyə başlayır. Ge-cədən xeyli keçmişdi, heç zaman, heç vaxt da belə qaranlıq görməmişdim! Artıq yerdən çox uzaqlarda idik. Məni aparan varlıqdan heç nə soruşmur, gözləyib fəxr edirdim. Özümü qorxmamağıma inandırırdım, qorxmadığıma da heyrətlənirdim. Yadımda deyil, nə qədər uçduq, təsəvvür də edə bilmirəm: hər şey yuxudakı kimi məkan-zaman, varlıq-şüur qa-nunlarından adlayıb, yalnız ürəyin arzuladığı nöqtələrdəki kimi baş verirdi. Yadımdadır, qaranlıqda bir kiçik ulduz gördüm. “Bu Siri-usdur?” – heç bir sual vermək istəməsəm də özümü saxlaya bilməyib soruşdum. “Yox, bu, sən evinə qayıdarkən buludların arasında gör-düyün ulduzdur,” – məni aparan cavab verdi. Bilirdim ki, o, bir növ insanabənzərdir. Qəri-bə işdir, bu məxluqdan xoşum gəlmirdi, hətta ona dərin nifrət bəsləyirdim. Gülləni düz ürə-yimə vurmağımın səbəbi, mütləq bir yoxluq həsrəti idi. İndi isə, bir canlının, əlbəttə, insan yox, amma mövcud olan bir məxluqun əlində-yəm. “Elə çıxır ki, qəbirdən sonra da həyat var!” – adətən yuxuda keçirilən yüngül təəc-cüb hissiylə fikirləşdim, qəlbimin mahiyyəti isə bütün dərinliyiylə mənimləydi: “Bir də ol-maq lazımsa, – düşündüm, – yenə də kiminsə dəfedilməz idarəsi ilə yaşamalıyamsa, məni yenildib alçaltmalarını istəmirəm!” “Bilirsən ki, səndən qorxuram, ona görə də mənə nifrət edirsən,” – alçaldıcı sualdan özümü saxlaya biləyib, birdən yol yoldaşıma bunu etiraf edib ürəyimdə aşağılanma sancısı keçirdim. O, su-alıma cavab vermədi, amma duydum ki, heç kəs mənə nifrət etmir, gülmür, hətta yazıqları da gəlmir, yolumuzun da naməlum, sirli və tək mənə aid məqsədi var. Ürəyimdəki qorxu artırdı. Bilinməz bir bilgi səssizcə, lakin əzab-la, susqun yoldaşımdan mənə ötürülür, sanki içimə yayılırdı. Tutqun və əsrarəngiz fəzada uçurduq. Tanış bürclər artıq çoxdan gözümə dəymirdi. Göyün dərinliklərində şölələri yal-nız min və milyon illərdən sonra yerə gəlib ça-tan ulduzların olmasını bilirdim. Bəlkə, bu fəzaları da uçub keçmişdik. Müdhiş və haldan düşmüş ürəyimdə nəyisə kədərlə gözləyir-dim. Qəflətən bir tanış və olduqca çağırıcı bir hiss məni silkələdi: birdən günəşimizi gör-düm. Bilirdim, bu bizim yerimizi yaradan gü-nəş ola bilməz, günəşimizdən hədsiz uzaqda-yıq, ancaq bunun bizim günəşin təkrarı və ox-şarı olduğunu nədənsə bütün varlığımla anla-dım. Qəlbimdə şövqlə bir şirin, çağırıcı duyğu coşdu: məni də yaratmış bir işığın doğma gü-cü ürəyimi diriltdi və həyatı, keçmişdəki hə-yatı, qəbrimdən sonra ilk dəfə duydum.
– Lakin bu günəşdirsə, bu tamamilə bizim günəşdəndirsə, – qışqırdım, – bəs Yer hanı? – Yoldaşım da qaranlıqdakı zümrüd işığı saçan balaca ulduza işarə elədi. Düz ona sarı uçur-duq.
– Kainatda belə təkrarlar mümkündürmü, təbiətin qanunu, doğrudanmı beləymiş?.. Ora-da da yerdirsə, görəsən, o da bizim yer ki-mi… tamamilə bədbəxt, yazıq, lakin əziz və həmişə seviləndir? Görəsən, bu Yer də bizim Yer kimi ən nankor övladlarında da özünə məşəqqətli sevgi yaradan Yerdirmi?.. – tərk et-diyim əvvəlki doğma yerə olan heyrət dolu coşqun məhəbbətimdən həyəcanlanıb qışqırır-dım. İncitdiyim o fağır qızcığazın surəti keçdi ağlımdan.
– Hər şeyi görəcəksən, – kədərli səslə yol-daşım cavab verdi. Sürətlə planetə yaxınlaşır-dıq. O, gözlərim önündə böyüyür, indi oke-anı, Avropa çevrəsini seçirdim, birdən-birə ürəyimi qeyri-adi böyük, müqəddəs qısqanc-lıq hissi ürəyimi bürüdü: “Belə təkrarlıq necə və nədən ola bilər? Mən, nankor mən, gülləni ürəyimə çaxıb həyatımı söndürərək, qan dam-cılarım tökülən o yeri sevirəm və sevə bilə-rəm. Heç vaxt, heç zaman o yeri sevməkdən əl çəkməmişdim, hətta bəlkə də, o gecə, onunla ayrılan məqam, ola bilsin, onu əvvəlkindən də güclü sevirdim. Bu yeni yerdə əzab varmı? Bizim yerdə yalnız əzab var və fəqət əzabdan dolayı əsl sevə bilirik! Başqa cür sevməyi ba-carmırıq, başqa cür sevgi də tanımırıq. Əzab çəkmək istəyirəm ki, sevim. Qoyub gəldiyim o yeri, elə bu an göz yaşlarımla sulayıb, öpmək istəyirəm. İstəmirəm, başqa yerdəki həyatı qə-bul etmək istəmirəm!”
Yoldaşım isə artıq məni tərk etmişdi. Bir-dən, elə bil özümdən gizli, cənnət kimi günəş-li, füsunkar parlaq gün işığına düşdüm, bu başqa yerdə. Bizim yerdə, sanki Yunan Ar-xipelaqını təşkil edən adaların və ya Arxipela-qa bitişik qitənin sahilboyu sahəsində dur-muşdum. Ah, hər şey bizdəki tək idi, amma hər tərəf elə bil bir bayram yaşayır, böyük, müqəddəs bir zəfər saçırdı. Mülayim, züm-rüdvari dəniz sahilə ləpə vurur və elə bil şü-urlu surətdə sevərək sahili yalayırdı. Olduqca gözəl hündür ağaclar bütün zənginliyi ilə da-yanmış, saysız-hesabsız yarpaqları isə, əmi-nəm, məni öz asta mülayim səsi ilə salamlayır və sanki sevgi sözləri söyləyirdilər. Yaşıllıq-dan ətirli çiçəklər saçırdı. Quşlar dəstə-dəstə havada uçur, qorxmadan çiyinlərimə, əlləri-mə qonur, öz yumşaq, titrək balaca qanadla-rıyla sevinə-sevinə mənə çırpınırdılar. Nəha-yət, bu bəxtəvər torpağın insanları ilə tanış ol-dum. Onlar özləri yanıma gəldi, başıma yığış-dı, məni öpdülər. Ah, onlar necə də gözəl idi-lər – günəş övladları, öz günəşlərinin övladla-rı! Bizim yerdə, insanda belə gözəllik heç vaxt görməmişdim. Bəlkə yalnız uşaqlarımızda, yaşlarının ən ilk çağlarında, bu gözəlliyin zəif də olsa, uzaq inikasını tapmaq olar. Bu xoş-bəxt insanların gözləri nur, sifətləri şüurlu ar-xayınlıqla dolu bir məna saçırdı. Amma fə-rəhli idilər: bu insanların sözlərində, səslərin-də uşaq sevinci duyulurdu. Ah, mən elə o an-daca ilk baxışdan hər şeyi anladım! Bu torpaq çirkinliklərlə murdarlanmamış torpaq idi, onun üstündə günaha batmamış insanlar ya-şayırdı. Onlar bəşər rəvayətinə görə günah et-məmişdən öncə yaşayan əcdadlarımızın cən-nətinə bənzər cənnətdə yaşayırdı, bir fərqlə ki, burdakı torpağın hər qarışı cənnət idi. Bu üzü gülər insanlar mənə yaxınlaşır, məni oxşayır-dılar; öz yanlarına aparıb hər biri məni sakit-ləşdirməyə can atırdı. Ooh, onlar məni sorğu-suala tutmur, amma elə bil artıq hər şeyi bilir, üzümdəki iztirabı da tezliklə silmək istəyirdi-lər.
IV
Bilirsiniz nə var? Yenə də deyirəm, yuxu idisə, qoy yuxu olsun! Lakin bu məsum və gözəl insanların məhəbbəti içimdə əbədi ola-raq qaldı və hiss edirəm ki, onların məhəbbəti indi də oradan mənə saçılır. Onları özüm gör-müş, tanımış və inanmışdım ki, onları sevi-rəm, onlara görə sonralar əzab çəkmişdim. Ooh, elə həmin an, hətta orada ikən anlamış-dım – bir çox məsələdə onları qətiyyən başa düşməyəcəyəm. Onlar çox şey bilsələr də bi-zim elmimizə malik olmamaqları, məsələn, müasir rus tərəqqipərvər və əclaf peterburqlu olan mənə həlledilməz gəlirdi. Amma tezliklə başa düşdüm ki, onların biliyi, bizim yerdən fərqli olaraq, başqa təsirlərdən qidalanır, arzu-ları da bizimkilərdən tamamilə fərqlidir. On-lar heç nə arzulamır və rahat idilər. Həyatları dolğun olduğundan, həyatı bizim kimi dərk etməyə can atmır. Amma bununla belə bilik-ləri bizimkindən dərin və ali idi; bizim elmi-miz isə başqalarına yaşamağı öyrətmək üçün həyatın izahını axtarır, onu dərk etməyə çalı-şır. Onlar isə elmsiz də necə yaşamağı əla bilirdi, bunu anladım, o biliklərini isə anlaya bilmədim. Onlar mənə ağaclarını göstərir, mən isə o ağaclara sevgi dolu baxışlarının gü-cünü başa düşə bilmirdim: onlar sanki özlə-rinə bənzər canlılarla danışırdılar. Bilirsiniz-mi, desəm ki, onlar ağaclarla danışırdı, yəqin, səhv etmərəm! Bəli, onlar ağacların dilini tap-mış və əminəm, ağaclar da insanları anlayırdı. Onlar bütün təbiətə də bu cür baxırdı: insan məhəbbəti ilə fəth edilən canlılar insanlarla sülh içində yaşayır, onlara hücum etmir – on-ları sevirdi. Bu insanlar ulduzları göstərib on-lar haqda dərk edə bilmədiyim bir şeylər söy-ləyir, amma əminəm, onlar göy ulduzlarıyla xəyalən yox, bir növ canlı təmasda idilər. Ooh, bu adamlar onları anlamağıma çalışmırdı, on-suz da məni sevirdi, ancaq buna müqabil bilir-dim ki, onlar da məni heç vaxt başa düşməyə-cəklər, bu səbəbdən də bizim Yer haqqında onlara, demək olar, danışmırdım. Yalnız üs-tündə yaşadıqları o torpağı gözləri önündə öpür, onlara sakitcə pərəstiş edirdim, onlar da bunu görür, pərəstiş etməyimdən utanmadan buna imkan verirdilər, çünki özləri də çox se-virdilər. Hərdən göz yaşları içində onların ayaqlarını öpəndə, əzab çəkmirdilər, mən isə mənə güclü məhəbbətlə cavab verəcəklərini ürəyimdə sevinclə bilirdim. Arabir təəccüblə öz-özümdən soruşurdum: bunlar indiyə qədər mənim kimi bir adamı necə təhqir etməyib və mənim kimisində qısqanclıq və həsəd hissləri-ni necə oyatmayıblar? Bir neçə dəfə özümə su-al vermişəm – necə olub ki, lovğa və yalançı mən bunların bilmədiyi, təsəvvür belə eləmə-dikləri şeylərdən danışmamışam, lap elə onla-rı sevdiyimə görə, bildiklərimlə necə təəccüb-ləndirmək istəməmişəm? Onlar uşaq kimi şən və şux idi. Gözəl ağaclıq və meşəliklərində dolaşır, öz gözəl mahnılarını oxuyur, yüngül yeməklər yeyir, ağaclarının barı, meşələrinin balı və onları sevən heyvanların südü ilə qi-dalanırdılar. Yemək və geyim üçün az çalışır-dılar. Onlar da sevir və uşaq doğurdular, am-ma bizim başımıza gələn və yer üzündəki bə-şəriyyətin bütün günahlarnın yeganə mən-bəyi olan o şiddətli şəhvət ehtirasını onlarda heç vaxt görmədim. Onlar dünyaya gələn uşaqlara səadətlərinin yeni iştirakçısına sevi-nən kimi sevinirdilər. Aralarında inciklik və qısqanclıq yox idi, hətta bunların nə olduğunu da anlamırdılar. Hamı bir ailə təşkil etdiyin-dən, uşaqları hamının uşağı idi,
Onlarda ölüm olsa da, xəstəlik, demək olar ki, yox idi, qocaları da sakit ölürdü, onun-la vidalaşanların əhatəsində sanki yuxuya ge-dir, yerdə qalanlara xeyir-dua verərək gülüm-səyir, əvəzində də nurlu təbəssümlərlə yola salınırdı. Bu zaman nə kədər, nə göz yaşları deyilən şey gördüm, yalnız sanki artırılmış, lakin sakit, seyrçi bir heyrətlə dolu məhəbbət var idi. Adama elə gəlirdi ki, onlar ölənləri ilə, hətta ölümdən sonra da ünsiyyətdə olur, dün-ya ilə əlaqə ölümlə kəsilmirdi. Əbədi həyat haqqında soruşanda, məni, demək olar, anla-mırdılar, lakin görünür, əbədi həyata əmin olduqlarından bu onlarda sual doğurmurdu. Məbədləri yox idi, amma Kainat Bütövlüyü ilə gündəlik canlı və ardıcıl əlaqələri var idi. İnamları yox idi, ancaq əvəzində dəqiq bilir-dilər ki, dünyəvi sevincləri təbiətin hüdudla-rını ötəndə həm yaşayanları, həm də ölənləri üçün Kainat Bütövlüyü ilə təmasları daha da genişlənəcək. Onlar bu anı sevinclə, lakin tə-ləsmədən, iztirabsız gözləyir, sanki bunu ön-cədən duyur və bu haqda bir-birlərinə xəbər verirdilər. Axşamlar, yatmaqdan öncə birlikdə ahəng mahnılar oxumağı xoşlayırdılar. Bu şər-qilərdə onlar arxada qalan günün verdiyi bü-tün duyğuları əks edir, onu alqışlayıb onunla vidalaşırdılar. Təbiəti, torpağı, dənizi, meşələ-ri öyürdülər. Bir-biri haqda mahnı qoşmağı sevir və uşaq kimi bir-birini tərifləyirdilər. Mahnılar olduqca sadə idi, amma ürəkdən sü-zülüb gəlir, axır və ürəklərə yayılırdı. Təkcə şərqilərində yox, elə bil, bütün həyatları bir-birilərinə baxıb ləzzət almaqla keçirdi. Buna bir-birinə vurğunluq demək olardı. Digər heyrət dolu və təntənəli mahnılarını isə qətiy-yən anlamırdım. Sözlərini başa düşsəm də, mənaya tam vara bilmirdim. Amma məna mənə əlçatmaz qalsa da, get-gedə artaraq, sanki qeyri-şüuri olaraq içimə dolurdu. Tez-tez deyirdim ki, bunların hamısını hələ çox öncələr hiss etmişdim, bütün bu sevinc və fə-rəh mənə hələ bizim yerdə, hərdən dözülməz kədərə dönən, haralarasa səsləyən həsrətlə özünü büruzə verirdi. Deyirdim ki, onların əzəmətini ürəyimin yuxularında və ağlımın xülyalarında duymuşdum. Deyirdim ki, gü-nəşimizin qubarına çox vaxt gözü yaşsız baxa bilmirdim… Deyirdim ki, bizim yerdəki in-sanlara qarşı nifrətimdə həmişə bir kədər var-dı: niyə onlara olan nifrətimin içində onlara sevgim də var idi, niyə onları bağışlamaya bil-mirdim, onlara bəslədiyim məhəbbətim niyə bu qədər kədərlidir? Onlar mənə qulaq asırdı, görürdüm ki, dediklərimi təsəvvür edə bilmir-lər, amma dediklərimə peşman deyildim: bi-lirdim, tərk etdiyim adamların qüssəsini çək-mə gücünü duyurdular. Bəli, onlar mülayim, sevgi dolu baxışlarıyla mənə baxanda, mənim ürəyimin də onların ürəyi tək məsum və dürüst olduğunu hiss edəndə onları anlama-dığımdan təəssüflənirdim. Həyat dolğunluğu nəfəsimi kəsir, mən də dinməzcə onlara dua edirdim.
Ooh, indi hamı mənə gülür və məni inandırır ki, söylədiyim bu təfsilatları yuxuda da görmək mümkünsüzdür, sayıqlayarkən yuxumda ürəyimin yaratdığı bir duyğunu görmüş, ya da dərindən hiss etmişəm, detal-ları isə, yalnız oyanandan sonra uydurmu-şam. Ürəyimi açıb onlara deyəndə ki, ola bil-sin ki, gerçəkdən də belə olub – ilahi, məni ələ salıb necə də sevinirdilər… Bəli, əlbəttə, mən yalnız bir yuxu duyğusuyla məğlub edilmiş-dim və yaralı qəlbimdə tək o duyğu sağ-sala-mat qalmışdı: ancaq bununla belə yuxumun gerçək obraz və biçimləri, həqiqətən, yuxum-da gördüklərim o qədər ahəngli, valehedici və gözəl, o qədər doğru idi ki, yuxudan oyanan-da onları bizim zəif sözlərimizlə ifadə etməyə, əlbəttə, gücüm çatmırdı. Ona görə də onlar ağlımda zəifləməli idi və deməli, həqiqətən, ola bilsin, təfərrüatları sonra qeyri-şüuri ola-raq özümdən uydurmalı idim, onları tezliklə və necə olur-olsun ifadə etmək istədiyim üçün. Lakin bunlara necə inanmayım ki? Bəl-kə nağıl etdiklərimdən min dəfə yaxşı, saf və fərəhli idi? Yuxudursa – qoy yuxu olsun, an-caq bunlar olmaya bilməzdi. Qoy sizə bir sirr açım: ola bilsin, bunların heç biri yuxu deyil-di! Çünki sonra elə dəhşət həqiqi bir olay baş verdi ki, adamın yuxusuna da girməz. Bu yuxunu ürəyim uydurmuşsa uydursun, lakin sonra başıma gələn dəhşəti uydurmağa ürəyi-min gücü çatardımı? Tək mən onu necə uydu-ra ya da ağlıma gətirə bilərdim? Cılız ürə-yimlə qərarsız, dəyərsiz ağlım həqiqət izharı-na yüksələ bilərmiş?! Ooh, özünüz fikirləşin: bu vaxtadək gizlədirdim, amma indi bu həqi-qəti də axıradək nağıl edəcəyəm. İş orasında-dır ki, mən… onların hamısını yoldan çıxart-dım!
V
Bəli, bəli, hər şey onları pozmaqla bitdi! Bunun necə baş verdiyini bilmirəm, ancaq aydın xatırlayıram. Yuxu minilliklərdən keçib məndə yalnız bütövlük hissini saxladı. Bircə onu bilirəm ki, günaha batmanın səbəbkarı mən idim. Bütün ölkələrə yoluxan, bulaşan murdar trixin xəstəliyi kimi, taun atomu kimi mən də mənə qədər xoşbəxt, pak olan bu tor-pağı özümlə yoluxdurdum. Onlar yalan da-nışmağı öyrənib yalanı sevdi, yalanın gözəl-liyini tanıdı. Ooh, bu, bəlkə də məsumanə, za-rafatdan, nazdan, sevgi oyunlarından, ger-çəkdən də, ola bilsin, atomdan başladı, amma bu yalan atomu onların ürəklərinə girmiş, xoşlarına gəlmişdi. Sonra tezliklə şəhvət baş qaldırdı, şəhvət qısqanclıq doğurdu, qısqanc-lıq da qəddarlıq… Oh, bilmirəm, yadıma gəl-mir, ancaq tezliklə, çox tezliklə ilk qan tökül-dü: onlar təəccübləndi, dəhşətləndi və ayrıl-mağa başladı. İttifaqlar yarandı, amma bir-bir-lərinə qarşı. Narazılıqlar, tənələr başladı. Hə-ya tanıdılar, həyanı da ləyaqət saydılar. Qey-rət məfhumu əmələ gəldi, hər ittifaqın da öz bayrağı qaldırıldı. Heyvanları incitməyə baş-ladılar, heyvanlar da onların əlindən meşələrə çəkilib düşmən kəsildi. Ayırma, ayrılma, şəx-siyyət, “mənimki-səninki” uğrunda müba-rizəyə yol açıldı. Fərqli dillərdə danışmağa başladılar. Kədəri tanıyıb kədəri sevdilər, əzab həsrətilə yaşadılar, həqiqətin də yalnız əzabla əldə edildiyini dedilər. Bu ərəfədə elmləri ya-randı. Acı ürəkli olandan sonra qardaşlıq və insaniyyətdən danışmağa başlayıb, bu ideya-ları anladılar. Cinayətkar olandan sonra əda-lət kəşf etdilər, onu qorumaq üçün özlərinə bir sürü qanun müəyyənləşdirdilər, kodekslərin mühafizəsi üçün isə gilyotin quraşdırdılar. Nələri itirdiklərini çox az xatırlayır, bir vaxt-lar pak və xoşbəxt olduqlarına inanmaq da istəmirdilər. Əvvəlki səadətlərinin mümkün-lüyünə, hətta gülüb onu xəyal adlandırırdılar. Bunu heç cür təsəvvür edə bilmirdilər, amma – qəribə və möcüzəli işdir – keçmiş bəxtəvər-liklərinə inamlarını bütünlüklə itirərkən, onu nağıl adlandırarkən, bir daha məsum və xoş-bəxt olmaq arzusuna yenidən elə düşdülər ki, ürəklərindəki arzularını uşaq kimi ilahiləşdi-rir, məbədlər tikib öz ideyalarına, öz “istəklə-rinə”, bunların gerçəkləşməsinin mümkün-lüyünə inanmasalar da, göz yaşları içində onu sevib, ona səcdə edib dua etdilər. İtirdikləri o məsum və sevincli günlərə qayıtmaq imkanı olsaydı da, kimsə o səadəti onlara göstərib ona yenidən qayıtmaq istəyib-istəmədiklərini soruşsaydı, çox güman ki, onlar imtina edərdi. Mənə cavab verirdilər ki, “yalançı, acıqlı və ədalətsiz oluruq qoy olaq, bunu bilirik, buna görə ağlayır, özümüzü üzürük, özümüzə əzab veririk, bəlkə də gələcəkdəki mühakiməmiz, adını da bilmədiyimiz o mərhəmətli Hakim-dən də çox özümüzü cəzalandırırıq. Lakin bizim elmimiz var, onun vasitəsiylə də yeni-dən həqiqəti axtarıb tapacağıq, amma bu dəfə onu şüurlu qəbul edəcəyik. Bilgi duyğudan üstündür, həyatı dərketmə də – həyatdan üstün. Elm bizlərə hikmət verəcək, hikmət də qanunlara yol açacaq, xoşbəxtliyin qanunları-nı bilmək isə xoşbəxtlikdən üstündür”. Görün, onlar nə deyirdi, bu sözlərdən sonra da hərə özünü o birilərindən daha çox sevdi. Başqa cür edə də bilməzdilər. Hər kəs özünə o qədər vuruldu ki, digərlərinin ləyaqətini var gücü ilə alçaltmağa, əksilməyə çalışır, bunu da hə-yatının mənası sayırdı. Köləlik yarandı: zəiflər məmnuniyyətlə güclülərə tabe olurdu, bir şərtlə ki, güclülər zəiflərin özlərindən də zəif-ləri əzməyə kömək etsin. Gözü yaşlı möminlər peyda oldu, bu adamların yanına gəlib onlara, onların qürurundan, hədlərini aşdıqlarından, ahənglikdən və utanmazlıqlarından danışırdı-lar. Adamlar onları daşa basır, ya da onlara gülürdü. Kilsə kandarlarında müqəddəs qan axıdılırdı. Əvəzində, bəziləri baş sındırmağa başladı: yenidən necə birləşək ki, hər kəs özü-nü sevməyə davam etsə də, başqalarına mane olmasın, beləliklə də yekdil cəmiyyətdə yaşa-maq mümkün olsun. Bu fikir böyük savaşlara yol açdı. Savaşanların hamısı elmin, müdrik-liyin və özünüqoruma hissinin insanı yekdil və ağıllı birliyə, nəhayət ki, məcbur edəcəyi-nə qətiyyətlə inanırdı. Buna görə də hələlik, işin sürətləndirilməsi naminə “müdriklər” on-ların fikirlərini anlamayanları və bu ideyanın zəfərinə mane olan bütün “namüdrikləri” qırmağa çalışdı. Lakin özünü-qoruma hissi sü-rətlə zəifləməyə başladı, kinli və şəhvətpərəst adamlar ortaya çıxıb ya – hər şey, ya heç nə – açıqca tələb etdi. Hər şeyi ələ keçirmək üçün cinayətə əl atır, o da alınmayanda – intihar edirdilər. Heçlik və əbədi sakitlik naminə yox-luq və özünüməhvetmə kultlarını ehtiva edən dinlər yarandı. Nəhayət, bu adamlar mənasız işdən yoruldu, sifətlərində əzab göründü. Elan etdilər ki, yalnız əzabda məna olduğu üçün əzab gözəllikdir. Mahnılarında əzabı tə-rənnüm etdilər. Mən onların arasında çarə-sizcə gəzir, ağlayır, amma onları sevirdim, bəlkə də sifətlərində əzab olmadığı, məsum və gözəl olduqları vaxtdan da çox sevirdim. Bura bədbəxtlik gəldiyinə görə bu murdarladıqları torpaqlarını cənnət olduğu vaxtdan da çox sevdim. Əfsuslar olsun ki, həmişə dərdqəmi sevmişəm, ancaq yalnız özüm üçün, özümə görə, onların bu gününə isə ağlayırdım, yazı-ğım gəlirdi. Çarəsiz qalıb onlara yalvarırdım, özümü təqsirləndirir, lənətləyir, özümə nifrət edirdim. Deyirdim ki, bunların hamısını mən eləmişəm, yalnız mən; deyirdim – əxlaqsızlığı, çirkinlik və yalanı onlara mən gətirdim! Yal-varırdım ki, məni çarmıxa çəksinlər, onlara xaç düzəltməyi öyrədirdim. İntihar edə bil-mirdim, buna gücüm çatmırdı, amma onların əlində əzab çəkmək istəyirdim, əzab həsrətin-də idim, son damcısınadək qanımı bu əzab-larda axıtmaq istəyirdim. Onlar isə sadəcə, mənə gülürdülər, axırda da məni dəli sayma-ğa başladılar. Mənə haqq qazandırırdılar, yalnız öz arzuladıqlarına çatdıqlarını, olub ke-çənlərin hamısının mütləq olası olduğunu de-yirdilər. Nəhayət, mənə elan etdilər ki, onlara təhlükəli oluram, ağzımı yummasam dəlixa-naya salacaqlar. O an, kədərdən ürəyim elə sı-xıldı ki, indicə öləcəyimi hiss etdim və bu vaxt… bax, buradaca oyandım.
Artıq səhər açılmışdı, hava hələ işıqlan-masa da saat altı radələri idi. Həmin kürsüdə oyandım, şamım əriyib təmiz qurtarmış, kapi-tangil də yatmış, mənzilimizdə nadir hal olan bir sakitlik ətrafı bürümüşdü. Fövqəladə təəc-cüb məni cəld yerimdən qaldırdı; hətta cüzi dərəcədə heç vaxt başıma belə şey gəlməmiş-di: məsələn, hələ heç vaxt mən kürsüdə beləcə yuxuya getməzdim. Ayağa qalxıb özümə gə-lənədək birdən tapançam gözümə sataşdı, ha-zır vəziyyətdə doldurulmuşdu – amma cəld onu özümdən itələdim! Ooh, indi yaşamaq və yaşamaq! Əllərimi qaldırıb əbədi Həqiqəti səs-lədim, yox, səsləmədim ağladım. Fərəh, həd-siz bir fərəh bütün varlığımı sarırdı. Bəli, hə-yat və xütbə! Xütbə haqda elə o dəqiqə qərara gəldim və əlbəttə ki, – ömürlük! Vəz etməyə gedirəm, vəz etmək istəyirəm. Nəyi? Həqiqəti, çünki onu görmüşəm, öz gözlərimlə görmü-şəm, onun bütün əzəmətini görmüşəm!
O vaxtdan da vəz edirəm! Bundan başqa – hamını sevirəm, mənə gülənləri isə hamıdan çox sevirəm. Niyə belə? Bilmirəm, izah da edə bilmirəm, ancaq qoy belə də olsun. Onlar de-yir ki, mən artıq indi də çaşıram, yəni, indi də belə çaşıramsa, get-gedə nə olacaq? Doğrudur: çaşıram, ola bilsin, vəziyyət getdikcə də pislə-şəcək. Əlbəttə, necə vəz etməyi tapıb öyrənə-nə qədər bir neçə dəfə çaşacağam da, çünki ona əməl etmək olduqca çətindir. Bunun ha-mısı mənə elə indi də gün kimi aydındır, amma baxın – kim çaşmır, kim səhv etmir ki?! Amma yenə də hamı eyni şeyə can atır, aqil-dən tutmuş son qulduradək, sadəcə, fərqli yollarla. Bu köhnə həqiqətdir, içində yeni olan isə budur ki, çox yanlışlıq da edə bilmərəm. Çünki həqiqəti görmüşəm, görmüşəm və bili-rəm ki, insanlar Yerdə yaşamaq qabiliyyətləri-ni itirməmiş gözəl və xoşbəxt ola bilər. Pis-liyin insanların normal halı olmasına inana bilmirəm, inanmaq istəmirəm də. Bax elə bu inamıma da hamı gülür. Bəs necə inanmayım axı: mən həqiqəti görmüşəm, uydurmamışam – görmüşəm və onun canlı obrazı, surəti qəl-bimə həmişəlik həkk olub. Mən onu elə bütöv, kamil görmüşdüm ki, insanlarda onun olma-mağına inana bilmirəm. Deməli, necə çaşa bi-lərəm? Kənara çıxacağam, əlbəttə, hətta bir neçə dəfə çıxacağam, bəlkə özgə sözlərlə də danışacağam, amma çox az: gördüyüm o canlı surət həmişə mənimlə olacaq və səhvimi həmişə düzəldib, mənə yol göstərəcək. Ooh, mən gümrah və təravətliyəm, gedirəm, gedi-rəm, lap min il getməyə hazıram. Bilirsinizmi, hətta əvvəlcə onları mən yoldan çıxartdığımı gizlətmək istəyirdim, ancaq bu yanlışlıq idi, artıq ilk yanlışlıq! Həqiqət isə yalan danışdığı-mı pıçıldadı mənə və məni qorudu, düz yola yönəltdi. Amma cənnəti necə təşkil edim – bilmirəm, çünki onu sözlə ifadə edə bilmirəm. O yuxumdan sonra sözləri itirmişəm. Hər halda, bütün əsas, zəruri sözləri. Amma olsun: gedib yorulmadan hey danışacağam, çünki necə olmasa da axı öz gözlərimlə görmüşəm. Mənə gülənlər də elə bax bunu başa düşmür, deyirlər: “Yuxu görmüsən, sayıqlama, qara-basma imiş”. Eh, guya bunlar ağıl dəryasıdır. Elə də öyünürlər ki! Yuxu? Nə deməkdir yu-xu? Həyatımız bəs yuxu deyil? Bundan da ar-tıq deyəcəyəm: qoy, qoy bu heç vaxt həyata keçməsin və yer üzündə heç vaxt cənnət ol-masın (axı bunu ki, daha anlayıram!) – yenə də vəz edəcəyəm. Halbuki bu o qədər də çətin deyil: bircə gündə, bircə saatda hər şey dərhal düzələ bilər! Əsas məsələ – başqalarını özün kimi istə, bax, əsas şey budur, vəssalam, artıq heç nə lazım deyil – o saat hər şeyin yolunu tapacaqsan. Halbuki bu – milyon dəfə tək-rarlanıb oxunulan, ancaq baş tutmayan köhnə həqiqətdir! “Həyatı dərketmə həyatdan üstün-dür, xoşbəxtlik qanunlarını bilmək – xoşbəxt-liyin özündən üstündür” – bax, bu fikirlə sa-vaşmaq gərək! Savaşacağam da! Hamı istəsə, elə indi hər şey düzələr.
O balaca qızı isə axtarıb tapdım… Gedə-cəyəm də! Gedəcəyəm də!
İvan Turgenyev
YALQUZAQ
(Tərcümə: Nailə Muradəliyeva)
Axşamüstü ara yolla, tək-tənha, arabada ovdan qayıdırdım. Evə səkkiz verstə qədər yol qalırdı. Qüvvətli madyanım tozlu yolla yortur, arabir fınxırır, qulaqlarını oynadırdı; yorğun tulam arabaya bağlanmış kimi, dal tə-kərlərdən bir addım belə geri qalmırdı. Tufan yaxınlaşmaqda idi. İrəlidə tünd göy rəngli bir bulud meşənin ardından ağır-ağır ucalırdı; ba-şımın üstündən və qarşımdan isə uzun boz buludlar axışmaqda idi. Söyüd ağacları təlaşla yırğalanır, pıçıldaşırdılar. Boğucu bürkünü birdən-birə rütubətli bir sərinlik əvəz etmişdi; kölgələr sürətlə qatışırdı. Mən cilovla atı vu-rub dərəyə endim, hər tərəfini kol basmış, su-yu qurumuş çaydan keçib, təpəyə çıxdım və meşəyə girdim. Qarşımdakı yol burula-burula sıx fındıq kolları arasından keçirdi. Kollar üzərinə artıq qaranlıq çökmüşdü; çətinliklə irəliləyirdim. Arabam təkər izlərindən əmələ gəlmiş uzun çuxurları bürüyüb basmış palıd və cökə ağaclarının möhkəm rişələrinin üzəri-lə silkələnə-silkələnə gedir, atım büdrəməyə başlayırdı. Birdən şiddətli külək uğuldadı, ağaclar silkələndi, iri yağış damlaları ağır zər-bələrlə yarpaqları qamçıladı, şimşək parladı və tufan qopdu. Yağış sel kimi tökürdü. Mən atı addım-addım sürürdüm, bir az sonra da-yanmalı oldum: at palçığa batmış, özüm isə heç bir şey seçə bilmirdim. Birtəhər qalın bir kolun dibində dal-dalandım. Mən büzüşüb tufanın keçməsini gözləyirdim ki, birdən şim-şək işığında, yolda gözümə ucaboylu bir adam dəydi. Diqqətlə həmin səmtə baxmağa başladım, həmin adam, yerdən bitmiş kimi, arabanın yanında göründü.
Ücretsiz ön izlemeyi tamamladınız.