Kitabı oku: «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr »
HACI ZEYNALABDİN TAĞIYEV
HAQQINDA XATİRƏLƏR
“Xatirə Ədəbiyyatı” silsiləsindən 36-cı kitab
ÖN SÖZ
Hacı Zeynalabdin Tağıyev haqqında sağlığında da, adının yasaq olunduğu və əsasən mənfi çalarla çəkildiyi sovet illərində də, yenidən müstəqillik qazandığımız dövrdə də çox yazılıb və çox deyilib. Yaşadığı zamanda “millət atası” adını qazanmış, şəksiz nüfuza və hörmətə malik, xeyriyyə işləri ilə Azərbaycandan çox uzaqlarda şöhrətlənmiş bu insanı tanımayan azərbaycanlını çətin ki tapmaq olar. Maraqlıdır ki, müqəddəs həcc ziyarətinə gedən minlərlə həmvətənimizin olmasına baxmayaraq, bu günün özündə də “Hacı” deyəndə əksəriyyətimiz məhz onu – Azərbaycanın böyük oğlu Hacı Zeynalabdin Tağıyevi xatırlayırıq.
H.Z.Tağıyev milli sahibkarlığın təməlini quranlardan biri, XIX əsrin sonu-XX əsrin əvvəlləri dövrünü təcəssüm etdirən parlaq, koloritli şəxsiyyətdir. Azərbaycanın o dövrkü tarixində elə bir mühüm hadisə olmayıb ki, H.Z.Tağıyev orada ya birbaşa, ya da dolayısı yolla iştirak etməsin. Diqqəti çəkən məqam budur ki, dövlət xadimi, məşhur siyasətçi və ya ziyalı olmayan bu insan XIX–XX əsrin əvvəlləri tarixinin təsvir olunduğu kitab və dərsliklərdə öz müasirlərindən daha çox xatırlanır.
H.Z.Tağıyevin populyarlığını çoxları anlamağa çalışıblar, çünki xalqın içindən çıxmış, zəhməti hesabına sərvət sahibi olmuş, lakin var-dövlətini bütə çevirməyərək həmvətənlərinin xoş güzəranına sərf etmiş, özü təhsil almasa da millətinin savadlanması üçün pul əsirgəməmiş bu insan, həqiqətən bir fenomendir. Həmin fenomen hələ uzun müddət marağa səbəb olacaq və araşdırılacaq. Ancaq yüz il əvvəl “Баку” qəzetində Hacıya verilən qiymət bu fenomenin qismən də olsa anlaşılmasına kömək edər: “Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxri idi. Onun adı hörmət və məhəbbətlə əhatə olunmuşdu. O, müsəlmanların məxfi hökmranı idi. Nədir sirri bu hökm və əzəmətin, bu böyük populyarlığın? Var-dövlətmi? Amma müsəlmanlar arasında ondan da qat-qat zəngin adamlar var və olublar. Lakin onlar deyil, məhz Tağıyev Qafqazda müsəlmanlar üçün mərkəz olmuşdur. Başqası yox, məhz o, könüllü olaraq onların başçısı qəbul olunub. Bəlkə intriqanlıq, biclik, gözə kül üfürmək istedadı, kütləni, onun ruhunu incəliklə duymaq bacarığı. Ola bilər ki, bu da olub. Lakin təkcə bununla cənab Tağıyevin özünə yaratdığı mövqeni qurmaq mümkün deyil. Şübhəsiz, onda nə isə elə bir şey var idi ki, xalq kütlələrinin rəğbətini oyadırdı, Tağıyevin adı və cazibədarlığı onları valeh edirdi. İntriqalar və bicliklə uzun müddət xalqı aldatmaq və onu öz təsiri altında saxlamaq olmaz. Bu adi bənna, savadsız tatar (azərbaycanlı – F.C.) xalqın içindən, onun lap aşağılarından çıxmış və zirvəyə ucalmışdır. H.Z.Tağıyev – nəhəng, parlaq, orijinal simadır. Böyük zəka, böyük enerji sahibidir”.1
Oxucuların diqqətinə təqdim edilən bu kitabda Hacı Zeynalabdin Tağıyevin müasirləri olmuş müxtəlif insanların – dövlət və ictimai xadimlərin, yazıçıların, müəllimlərin, həkimlərin, fəhlələrin onun haqqında yazıları və xatirələri toplanıb.
Hacı o qisim insanlardandır ki, onlar haqqında sağlıqlarında yazıblar. 1900-cü ildə Nəriman Nərimanov, daha sonra 1903-cü ildə bir anonim müəllif H.Z.Tağıyevin tərcümeyi-halını yazıb çap etdiriblər. 1904-1906-cı illərdə Bakıda çıxan “Himəm ər-rical” (“Kişilərin himməti”) adlı ikicildlik kitabda “millət atası”nın xeyriyyə işlərini əks etdirən sənədlər, məktublar, ona həsr edilmiş şeirlər toplanmışdır. Bu nəşrlərin həm o dövrdə, həm də indi böyük əhəmiyyəti var. Təkcə ona görə yox ki, onlar əsasında biz H.Z.Tağıyevin həyat və fəaliyyətini öyrənə bilirik. Əsasən ona görə ki, həmin əsərlərdə rast gəlinən faktlar Azərbaycan tarixinin Hacı Zeynalabdin Tağıyev səhifəsinin zənginliyini və parlaqlığını, xeyriyyəçinin fitri istedadını, bacarığını, vətənpərvərliyini, insansevərliyini əyani nümayiş etdirir. N.Nərimanov yazırdı ki, “…Hacı kimi dövlətli müsəlmanlardan mini qara torpağa gedibdir və gedəcəkdir, amma vətənə və millətə Hacı edən xidmətlərin mindən birini etməyiblər”. Deməli, müəlliflər H.Z.Tağıyevin tərcümeyi-halını yazmaqla onu başqalarına bir nümunə kimi göstərir və onları da millət üçün xeyirli işlər görməyə çağırırlar. İllər keçib, amma indiki zamanımızda da H.Z.Tağıyev yeganə nümunədir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev onu bu günün sahibkarlarına örnək kimi göstərir: “Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük işlər görmüşdür. Onun xatirəsi bizim üçün çox əzizdir. Mən şəxsən onun gördüyü işlərə çox yüksək qiymət verirəm. Onun kimi şəxsiyyətlər Azərbaycan xalqını o dövrdə lazımi səviyyədə təmsil etmişlər. Əlbəttə, o, zəngin adam idi, öz zəhməti hesabına böyük maliyyə imkanlarına da nail olmuşdu. Ancaq o imkanlardan xalqın güzəranının yaxşılaşdırılması üçün istifadə etdi… Onun xeyriyyəçilik missiyası Azərbaycan xalqının inkişafına xidmət edib… Mən müasir dövrün sahibkarları ilə dəfələrlə görüşürəm və onlara da dövlət tərəfindən dəstək verilir. Mən istəyirəm ki, sahibkarlıq inkişaf etsin, insanlar daha da zəngin olsunlar. Hər dəfə onlara tövsiyə edirəm ki, sosial məsuliyyət məsələlərinə də diqqət göstərsinlər. İmkanlı, varlı adam elə etməlidir ki, kimin imkanı yoxdursa ona əl uzatsın, ona kömək göstərsin. Bu, onun Allah qarşısında da, vicdan qarşısında da xidməti olacaqdır”.2
Azərbaycanın 1920-ci ildən başlayaraq bütün sovet dövrü ərzində millətin bir çox layiqli insanları kimi, Hacının da adı rəsmi ideologiyanın sərt qadağasına məruz qalmışdır. Sovet ideologiyası H.Z.Tağıyevin şərəfli adını unutdurmağa, ləkələməyə çalışdığı vaxtda bununla mübarizə aparan, həqiqəti bərpa etməyə çalışan yeganə insan Hacının qızı Sara xanım Tağıyeva-Sarayeva (1899-1991) idi. İosif Stalinin ölümündən sonra SSRİ-də cərəyan edən “mülayimləşmə” dövründə Sara xanım bəzi məşhur şəxslərdən, atası ilə ünsiyyətdə olmuş insanlardan H.Z.Tağıyevlə bağlı xatirələri toplamağa başladı. Uzun illər boyu H.Z.Tağıyevin adının rəsmi bəraəti uğrunda çalışan Sara xanım öz xatirələrində qeyd edirdi ki, onun mübarizəsi bir övladın atasının bəraət alması uğrunda deyil, H.Z.Tağıyev kimi böyük şəxsiyyətin ictimai fəaliyyətinin obyektiv işıqlandırılması uğrunda idi. Keçmiş Sovet İttifaqının arxivlərindən sənədlər, Hacının köməyi ilə təhsil alan insanlardan, ziyalılardan xatirələr toplayan Sara xanım buna görə hökumət orqanları tərəfindən təqiblərə məruz qalmış, gözünün nurunu itirmişdir. O, bu sənədlərlə partiya məmurlarının, alimlərin, ədiblərin qapılarına düşərək, həqiqətə nail olmağa və ədaləti bərpa etməyə çalışırdı. Təqiblər nəticəsində sənədlərin itməsindən qorxan Sara xanım onların bir neçə nüsxədə surətini çıxarmışdı. Həmin sənədlər və onların surətləri sonralar bir çox tədqiqatçılar tərəfindən istifadə olunmuşdur, lakin bu sahədə birincilik yazıçı Manaf Süleymanova məxsusdur. Məhz onun 1987-ci ildə çıxan “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında bu xatirələrin bir qismi ilk dəfə dövriyyəyə gətirilmiş və Azərbaycan oxucusunu Hacının tam fərqli, əsl obrazı ilə tanış etmişdir.
Sara xanımın topladığı və bu kitabda işıq üzü görən xatirələr Milli Azərbaycan Tarixi Muzeyində və S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Muzeydə qorunan həmin xatirələrin fotosurətləri Tarix Muzeyinin qocaman əməkdaşı, Sara xanımı şəxsən tanıyan Musa Nəsirov tərəfindən çəkilmişdir. Xatirələrin digər bir hissəsini Sara xanım görkəmli ziyalı Vəli Məmmədova vermiş, Vəli müəllimin vəfatından sonra isə həyat yoldaşı Xalidə xanım Əlizadə onları Ədəbiyyat və İncəsənət Arxivinə bağışlamışdır.
Kitab doqquz müstəqil bölmədən ibarətdir. Birinci və ikinci bölmədə 1900 və 1903-cü illərdə, yəni Hacının yaşadığı dövrdə yazılan iki bioqrafik oçerk təqdim olunub. Üçüncü bölmədə Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən Nağı bəy Şeyxzamanlının 1957-ci ildə, mühacirətdə olarkən H.Z.Tağıyev haqqında yazdığı xatirələr verilib. Sonrakı bölmələrdə S.Tağıyeva-Sarayeva tərəfindən 1956-1957-ci illərdə yığılan xatirələr toplanıb. Sonuncu bölmədə Hacıya həsr olunmuş şeirlər yer alıb. Bölmələr quruluşlarına və mövzularına görə fərqlənsələr də, onları H.Z.Tağıyevlə ünsiyyətdə olan, onu görən və tanıyan müasirlərinin bu böyük insana ehtiram və sevgisi birləşdirir.
Kitaba daxil olan materialların tərtibi zamanı onların dil üslubu dəyişilməz saxlanılmışdır. Yalnız bəzi hallarda sənədlərin ümumi məzmununa toxunmadan mətndə orfoqrafik və stilistik dəyişikliklər edilmişdir. S.Tağıyeva-Sarayevanın topladığı sənədlərin əksəriyyəti rus dilində idi. Onların Azərbaycan dilinə tərcüməsi mətnin əsas məzmununa toxunulmadan sərbəst, bəzi ixtisarlarla təqdim edilib.
HACI ZEYNALABDİN TAĞIYEVİN İLK BİOQRAFI
Hacı Zeynalabdin Tağıyev haqqında ilk bioqrafik məzmunlu əsərin müəllifi Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist, həkim Nəriman Nərimanov (1870-1925) olmuşdur. O, H.Z.Tağıyevin maddi köməyi və Bakı Şəhər İdarəsinin təqaüdü ilə 1902-1908-ci illərdə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsində təhsil almışdır. Universiteti bitirəndən sonra Bakıya qayıdan N.Nərimanov şəhər xəstəxanasında, eyni zamanda H.Z.Tağıyevin 1901-ci ildə açdırdığı Aleksandra rus-müsəlman qız məktəbində həkim vəzifəsində çalışmışdır.3
H.Z.Tağıyev N.Nərimanovun ictimai və yaradıcılıq fəaliyyətinə hərtərəfli dəstək vermişdir. N.Nərimanovun “Nadir şah” tarixi dramı H.Z.Tağıyevin vəsaiti ilə çap edilmiş və onun xahişi ilə 1905-ci ilin fevralında fars dilinə tərcümə olunmuşdur.4 Həmin əsərin teatrda səhnələşdirilməsi uzun müddət Rusiyanın hökumət senzorları tərəfindən qadağan olunsa da, nəhayət, 1906-cı ilin yanvarında pyes ilk dəfə məhz Tağıyev teatrının səhnəsində rus dilində oynanılmışdır.5
1905-1907-ci illər rus inqilabı dövründə N.Nərimanov H.Z.Tağıyevin maliyyələşdirdiyi “Kaspi” və “Həyat” qəzetlərində mövcud ictimai-siyasi quruluşa qarşı tənqidi, bəzən isə hətta radikal xarakterli məqalələrlə çıxış etmişdir.
1906-cı ilin martında N.Nərimanov H.Z.Tağıyevin fəxri sədri olduğu “Nicat” xeyriyyə cəmiyyətinin idarə heyətinin üzvü seçilmişdir.
N.Nərimanovla H.Z.Tağıyev arasında 1906-cı ilin avqustunda Bakıda keçirilən müsəlman müəllimlərinin qurultayında baş vermiş insidentə baxmayaraq, onların sonrakı münasibətləri yenə də qarşılıqlı hörmətə söykənirdi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra N.Nərimanov yeni hökumətin başçısı təyin olunmuşdu. Məhz onun səyi nəticəsində H.Z.Tağıyev bolşeviklərin təqiblərindən xilas edilmişdi. H.Z.Tağıyevin bütün varidatı sovet rejimi tərəfindən müsadirə olunsa da, N.Nərimanov ona və ailəsinə Mərdəkandakı bağ evində qalmağa imkan yaratmışdı.
Nəriman Nərimanovun 1900-cü ildə Bakıda Axundov mətbəəsində Azərbaycan dilində çap etdirdiyi “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı böyük xeyriyyəçinin uşaqlıq illərindən başlayaraq, XX əsrin əvvəllərinədək keçdiyi həyat yoluna yığcam bir baxışdır. Adından göründüyü kimi, əsər H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyətinin 50 illiyi münasibətilə və 1901-ci ilin sentyabrında keçiriləcək yubiley tədbiri ərəfəsində yazılıb. Kitabın xeyli hissəsi millətə xitabən deyilən nəsihətamiz və ibrətamiz sözlərdən ibarətdir. N.Nərimanov H.Z.Tağıyevin palçıq daşıyandan milyonçu-sahibkara qədər keçdiyi yolu, qazandığı nailiyyətləri, rastlaşdığı çətinlikləri ətraflı təsvir edərkən onu digər zənginlərə bir nümunə kimi göstərir.
Əsərdə müəllifin tez-tez işlətdiyi pafoslu epitetlər N.Nərimanovun H.Z.Tağıyevin maddi köməyi ilə oxumasına cavab olaraq öz qəhrəmanını həddindən artıq mədh etməsi kimi başa düşülə bilər. Lakin bu, kökündən yanlış fikirdir, çünki əsər nəşr olunanda N.Nərimanov hələ ali təhsil almırdı və yuxarıda deyildiyi kimi, Novorossiya Universitetinə 2 il sonra – 1902-ci ildə daxil olmuşdu. İkincisi isə, N.Nərimanovun kitabda sadaladığı faktlar H.Z.Tağıyevin, həqiqətən, gördüyü işlərin təsviridir və burada heç bir şişirtməyə yol verilməyib.
N.Nərimanov H.Z.Tağıyevin Azərbaycan milləti və bütövlükdə müsəlmanlar üçün gördüyü xeyirxah işlər haqqında bəhs edərkən bir vacib məqama da toxunur. Əslində bu məqam əsərin aktuallığını, ideya xəttini, onun təkcə H.Z.Tağıyevin yubileyinin keçirilməsi xətrinə yazılmadığını əyani nümayiş etdirir. Müəllif yazır ki, H.Z.Tağıyevin varlığı azərbaycanlıların və bütün müsəlmanların başqa millətlər yanında başlarını uca edir: “…Qeyrətli Hacının vətənə, millətə və insana olan səxavətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar nadan, vəhşi, ictimai və dövlət işlərinə yaramayan tayfadır?”
N.Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı ikinci dəfə 1993-cü ildə filologiya elmləri namizədləri Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və Paşa Əlioğlunun tərtib etdikləri “Hacı Zeynalabdin Tağıyev” məcmuəsində işıq üzü görmüşdür.6 1994-cü ildə isə əsər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun redaktorluğu ilə ayrıca broşür şəklində çap olunmuşdur.7 Hazırkı mətn adları çəkilən iki nəşr əsasında hazırlanaraq, cüzi redaktə edilmiş və müasir Azərbaycan dilinə uyğunlaşdırılmış variantda təqdim olunmuşdur.
Nəriman Nərimanov
Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri
Ey gənc, ixtiyari zair!
Ey aqilü biqərari zair!
Manəndi-kab söylə-söylə:
Bilməm haraya gedirsən öylə.
Yüz dəxi eyləsən siyahət
Bir kərə düşün ki, ən nəhayət:
Aramkəhin bu yer deyilmi?!
Bu qəbri bəqa əsər deyilmi?!
Doğrudur! Yüz səyahət etmək, yüz dolanmaq, yüz çalışmaq: axırımız qara torpaqdır… İnsanın başında yüz min qara yazılar, yüz min fikirlər! Həyatda yüz min dərələr, yüz min quyular, hesabsız açılmayan düyünlər, ruzigarın yüz min oxları, gündə min dəfə nəfsini satmaq, pərvanə kimi özünü odlara yapmaq, səadətdə dəfələrlə ölüb dirilmək, tək nəfsin üçün min nəfsi puç etmək – bunlar hamısı nədən ötrüdür? Həyatdan ötrü deyilmi? Həyat nədən ötrüdür? İnsanın dəyirmanı boş qalmamaqdan ötrümü? Heyif! Təəssüflər olsun! Hərgah belədirsə.
Yırtıcı heyvan şikarını edib, qarnı tox olanda qeyri-şikar dalınca getmir. Yoxsa insan yırtıcı heyvan insafında da olmadı? Çox heyif!
“Gər qara daşı qızıl qanilə əlvan edəsən!
Rəngi təğyir tapar, ləli-Bədəxşan olmaz!”
Elə də biz: ha çalışaq özümüzü tərif etməyə, ha çalışaq murdar sifətlərimizi pünhanda tutmağa – insaf məqamında yırtıcı heyvandan alçaq, biinsaf, bimürvət görünürük. Həmin məsələ bizim üçün nəhayətdə ağırsa da, nə xeyri, belədir, əzizim.
Hərgah insanın həyatı həqiqət bir yemdən ötrü olsaydı, onda nə lazım olmuşdu bizim üçün aləmi xəlq eləyənin gözəl və birinci bəxşişi ki, şüur olsun? Bəli, insan ancaq şüurla heyvandan ayrılıbdır. Belə olan surətdə demək olarmı ki, insan həyat edir dəyirmanı buğdasız qalmamaqdan ötrü? Hərgah belə olsaydı, nə lazım düşmüşdü milyonlarla adamlar şan-şövkətindən əl çəkib xalqı düz yola gətirirdilər və meydani-hərbdə həqiqəti tapmaq üçün canlarını fəda edirdilər. Həqiqət meydanında can fəda edənlər gözləri görüb ağılları qəbul etmirdi ki, bunlarla bir cinsdə olan insan zülmətdə qalıb əqli paslansın və ürəyi daş olsun! Bu insanlar öz həmvətənlərini nadan görüb, onları nadanlığın zindanından xilas etməyə çalışırdılar! Bu fədakarlar Böyük Allahın gözəl olan nemətini öz vətəndaşlarında uyğun gəlmədiyini görüb, həmin nemətin cilalanmasına çalışırdılar. Bu şəxslər öz məqsədlərinə çatmaq üçün şan-şövkətdən, mal və dövlətdən, həyat yoldaşlarından və övladlarından keçirdilər. Həqiqət! Hərgah yaşamaq hər şəxsin yalnız öz nəfsinin xoş keçməyindən ötrü olsaydı, bu adamlar dünyanın ləzzətindən üz çevirməzdilər.
İndi məlum olur ki, Xudavəndi-aləm insanı heyvandan şüurla ayırıb, onun boynuna bir təklif qoyubdur. Böyük təklifdirmi? Bəli, çox böyük, çox ağır təklifdir… Bu təklif həmin o təklifdir ki, cəmi peyğəmbərlər onun yolunda can fəda ediblər, həmin bu təklif dinləri və məzhəbləri birləşdirir və insanı zülmətdən xilas edir. Bu təklif aləmlərin Rəbbinə yaxın olmaq deyilmi? Bəli… Hərgah insan ancaq həyatından ötrü yaranmış olsaydı, aləmlərin Rəbbi ona ağıl bəxş etməzdi və ağıl olmasaydı, həmin təklif insana borc olmazdı, necə ki, heyvanata borc deyil!…
Bu məsələdə cəmi üləmaların təsəvvürləri birdir: insan gərək cəhd edib böyük Allaha yaxınlaşsın, yəni onu tapsın, bilsin, tanısın… Görək, yaxın olmağa səbəb vardırmı? Əvvəlinci səbəb və düz yol ancaq “yaxşılıqdır”, yəni insanın yaxşı və gözəl əməlləri. İnsan ancaq yaxşı əməlləri və gözəl sifətlərilə aləmlərin Rəbbinə yaxınlaşa bilər: onu tapar, bilər, tanıyar.
“Yaxşılıq” insanın sifətlərindən biridir. Ancaq bu sifətə cürbəcür mənalar verib anlayıblar. Məsələn: bir nəfər zəngin şəxs çox çörəklidir, yəni evinə qonaq gələndə canü-dildən qulluq etməyə hazırdır, qonaqsız nahar etmir – bu şəxsə “yaxşı” deyirlər. Və ya külfəti çox olan şəxs gecə və gündüz çalışıb dövlət qazanır ki, külfəti nəinki ac qalmasın və hətta öləndən sonra övladı üçün çoxlu dövlət qoysun – buna deyirlər “yaxşı” adam idi, çünki vəfatından sonra külfətini ac qoymadı. Və ya dövlətli şəxs dövlətliyə yaxşılıq edir – onlar da bir-birinə “yaxşı” deyirlər. Və ya bir şəxs dövlət içində bir kəsə nə yamanlıq və nə yaxşılıq edib, ibadətlə məşğuldur – buna da adətən “yaxşı” deyirlər. Və ya abid yüz il ömrünü ibadətdə çürüdüb xurma ilə dolanır, öləndən sonra ona “yaxşı” deyib rəhmət oxuyurlar…
Görək, yuxarıda zikr olunan şəxslərin “yaxşılıqları” onlar üçün Xudavəndi-aləminin zat-pakını tanımağa, yəni ona yaxın olmağa yol açırmı? Xeyr! Bu “yaxşılıqlar” məxsus nəfs üçündür, bir şəxs üçündür, nəinki Allah üçün. Həmin adamların adları ancaq ölən günü dillərdə zikr olunur, ancaq ölən günü deyirlər: “Allah rəhmət eləsin, yaxşı kişi idi, qonaq sevən idi, övladına böyük məbləğ qoydu, abid idi, saleh idi…” Çox az vaxtdan sonra bunların adları nəinki qeyrilərin, hətta öz övladlarının dillərində zikr olunmur, çünki həmin şəxslər ancaq öz nəfsləri tox olmaqdan ötrü yaxşılıq etmişdilər.
Hərgah bu biçarələr həyatlarında öz yaxşılıqlarını cəmaətə, millətə, dinə sərf etsəydilər, əlbəttə, öləndən sonra onların adları cəmaətin, millətin və dindarların qəlblərində kök salıb əbədi qalardı. Gündə yüz dövlətli basdırıb öz-özümüzə deyirik: “Ey biçarə, bu qədər çalışdın, vuruşdun, axırda özünlə nə apardın? İki arşın bez, iki arşın qara torpaq.” Qoyduğun dövlət öz tərbiyəsində olan uşaqlarına keçib axırda fani olar. Təəccüblüdür! Bəs nədən ötrü bu bədbəxt çalışırdı? Bununla belə, min ildən bəri ölənlərin adları bu vaxtadək dillərdə zikr olunur və olacaqdır? Bəs bunların adlarının dillərdə zikr olunmağının səbəbi nədir? Bunlar nə ediblər ki, yaddan unudulmayırlar? Bunlar öz cinslərinin yolunda can fəda ediblər: yoxsullara əl uzadıb, onları aclıqdan xilas ediblər – çünki hər millətin əzab-əziyyətdə yaşamasına ümdə səbəb kasıblıqdır, susuz yerdə su çıxardıblar, yetim uşaqlara xidmətçi olub, onlara lazımi tərbiyəni veriblər, elmləri insana asan edib, həmin vaxt millətin dərdlərinə dərman axtarmaqda ömürlərini sərf ediblər. Bizim təsəvvürümüzə görə, bu cins şəxslər aləmlərin Rəbbinin zat-pakını biliblər. Ancaq bu şəxslər millətin bəzəyi olub dinə rövnəq veriblər. Bu şəxslərin millətə olan xidmətlərini millət hiss etmirmi? Millətin bu şəxslər barəsində olan dua və təriflərini böyük Allah eşitmirmi? Vay o şəxsin halına ki, həyatı öz nəfsi üçün keçibdir! Afərin o şəxslərə ki, insanın yaxşılığından ötrü çalışıblar! Həmin şəxslər hansı millətdə olsa, o millətin gülü hesab olunurlar. Bunların ətri sonradan dünyaya gələn cavanları ətirləndirir, yəni onların qeyrəti gələcəkdə millətin balalarını qeyrətləndirir, onlara bir növ tərbiyə verir ki, onlar da bu dünyada cəmiyyət xeyrindən ötrü can qoysunlar, özlərini heyvana oxşatmayıb Allah-təalanın verdiyi neməti puç etməsinlər…
Mədəniyyətli millətlər bu şəxslərin vəfatından sonra nişangahlar tikirlər, onların həyatı ilə bağlı hadisələri yazıb, tərcümeyi-hallarını uşaqlara oxudurlar. Bu cins şəxslərin isimləri hörmətlə dillərdə zikr olunub, nəsilbənəsil millət balalarının arasında intişar tapır. Yeni nəsil bunların barəsində oxuyub və eşidib, özünü onlara oxşadır və vaxtında millətin bəzəyi olur. Bu minvalla qeyrət, şərəf və comərdlik artır…
Bunların bədənləri bir zamandan sonra torpaq olursa, ruhları onların gözəl əməllərindən ləzzət çəkir… Həqiqət! Yüz ildən sonra bu şəxslərin məzarlarını açsaq, ancaq torpaq görərik. Bununla belə, adları dillərdə söylənəndə fikirləşirsən ki, bu şəxslər ölməyiblər, əbədidirlər. Nə mal, nə şan, nə şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz. İnsanın xoşbəxtliyi onun həyatından sonra isminin hörmətlə dillərdə zikr olunmağındadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır, yəni tək nəfsinə görə yaşamayıb, bədəndən və ruhdan zəif həmmillətə gərək kömək edəsən…
Müsəlmanlardan bu qeyrətdə olanları görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də varmış. Bu möhtərəm şəxslər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümumi xeyirdən ötrü indiki əsərimizdə insafımız rəva görmür ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana xas comərdliyini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun.
Həqiqət hal! Bu möhtərəm şəxs bir başqa insandır ki, ruzigar bizlərə bəxş edibdir! Millətin bəzəyi, ruzigarın qiymətli əsəri olan bu şəxsin adını tarixə salmaya bilərikmi?
Bəli, 62 yaşında hörmətli Hacı ruzigarın bəlalarına sinə gərib, milyonlar qazanıb, özü ilə qəbir evinə nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarmı adını tarixdə əbədi qoyacaqdır? Xeyr! 50 ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruhuna qida verməklə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürəklərində həkk edəcəkdir.
Bu möhtərəm şəxsi tərif etməkdən qabaq lazım görürük oxucularımıza onun müxtəsər tərcümeyi-halını yazaq, ta görək, hörmətli Hacı milyonları necə qazanıb və millətə, insana nə xidmətlər göstəribdir. Görək, bu cins şəxsin hörməti bizlərə vacibdir, ya yox? Hərgah vacibdirsə, qeyrətli din qardaşlarımız, mədəniyyətli millətlər cənab Hacı Zeynalabdin Tağıyevə öz hörmətlərini, məhəbbətlərini 1901-ci il sentyabrın 20-də göstərə bilərlər. Həmin bu ayda cənab Hacının məişətinin, millətə və insanlara xidmətlər göstərməyə başlamasının 50 illiyi tamam olur (1). Həmin gün hörmətli Hacının ömründə gözəl və böyük bayramlardan biridir, hansı ki, mindən bir adama görməyə müyəssər olur. Həmin bu gün bu möhtərəm şəxsin ruhu fikrə gəlməyən ləzzəti hiss edəcəkdir! Həmin bu gün onun nəsli pərvərdigari-aləmə əl götürüb razılıq edəcək ki, bu şəxsin nəslindən dünyaya gəlib! Həmin bu gün məşhur, mərifətli, qeyrətli din qardaşlarımız və vətəndaşlarımız bu cür şəxsin varlığının daimi olmasını Xudavəndi-aləmdən yalvaracaqlar. Həmin bu gün ədəbiyyat əhlinin qələmləri tarixlər səhifəsində işləyəcəkdir! Həmin bu gün ürəkləri daş, ağılları pas, dilləri pis kəslər həsədlə bayram sahibinə baxacaqlar. Həmin bu gündə yaxşılığın əbədi olmağı və yamanlığın faniliyi gün kimi aşkar olacaqdır! Bəli, bu bir başqa gündür! Başqa bayramdır! Başqa səadətdir insanın ömründə! Bu bir başqa aləmdir! Başqa haldır! Başqa hissiyyatdır insanın həyatında! Xudavəndi-aləm əmr əta etsə, biz – çox kiçik millət qulu bugünkü günü görüb axırıncı sözümüzü deyərik və vaxtında cənab Hacının ətraflı tərcümeyi-halını yazmaqla məşğul olarıq.