Kitabı oku: «Heraklın on iki qoçaqlığı»
HERAKLIN DOĞULMASI
Bu əhvalat çox qədim zamanlarda Yunanıstan ölkəsində baş verib. O vaxtlar yeri-döyü ilahlar idarə edirdilər. Doğrudur, hər şəhərin bir hakimi var idi. Ancaq ilahlar istəyəndə hakimi ağılsız və bədbəxt, adi adamı isə qoçaq edirdilər. İlahlar çox qüdrətli və ölməz idilər.
Hər ilahın bir vəzifəsi var idi. Apollon – hərb ilahı, onun bacısı Artemis – məhəbbət və ov ilahəsi idi. Dəmirçilər alov ilahı Hefestə, dənizçilər isə dəniz ilahı Poseydona sitayiş edirdilər. İlahların da arasında pisi, yaxşısı var idi. Səfehlik ilahı Ate adamları ağılsızlığa düçar edir, müdriklik ilahəsi Afina isə ən axmaq bəndəni də ağıllandıra bilirdi.
İlahların başında Zevs dururdu. O, ilahların ilahı sayılırdı. Zevs acıqlananda ildırım saçır, göyü guruldadırdı. O istədiyi adamın, ya heyvanın cildinə girə bilirdi. İlahlar Zevsdən qorxurdular, onun bir sözünü iki eləmirdilər. Zevsin iqamətgahı Olimp dağında yerləşirdi. İlahların çoxu da burada yaşayırdı.
Hərdən ilahlarda bir-biri ilə sözləşirdilər. Belə olanda çox vaxt adamların başına fəlakətlər gəlirdi. Lap bu əhvalatda olduğu kimi…
Mikena şəhərində gözəl bir qız yaşayırdı. Onun adı Alkmena idi. Bu qızı görənlər gözlərini ondan çəkə bilmirdilər. O öz gözəlliyi ilə hamını heyran edirdi. Hətta bülbüllər də Alkmenanı görəndə cəh-cəh vurub oxumağa başlayırdılar, sanki, onun gözəlliyini tərif edirdilər. Şəhərdə hamı Alkmenanın kimə ərə gedəcəyini gözləyirdi. Lakin hələ ki Mikena cavanlarından heç biri cürət edib ona evlənmək təklif etməmişdi.
Günlərin bir günü şəhər darvazası qabağında tozanaq qopdu. Dörd at qoşulmuş bir cəng arabası darvazadan keçib Mikenaya daxil oldu. Arabanı sürən boylu-buxunlu bir cəngavər idi. Əynindəki bahalı paltardan görünürdü ki, varlı nəsildəndir.
Dörd at qoşulmuş bir cəng arabası darvazadan keçib Mikenaya daxil oldu.
Qonağın adı Amfitrion idi. Arqos hökmdarının qardaşı Amfitrion bir müddət əvvəl ov zamanı nizə ilə təsadüfən qardaşı oğlunu vurub öldürmüşdü. Hökmdar bundan qəzəblənərək qardaşını vilayətdən qovmuş və Arqosa gəlməyi ona qadağan etmişdi. Arqos padşahı həlak olmuş oğlunun yasını saxlayır və ilahlara yalvarırdı ki, ona daha bir övlad bağışlasınlar.
Amfitrion isə bu hadisədən sonra Arqosdan çıxaraq öz səadətinə qovuşmaq arzusu ilə cəng arabasında şəhərləri, kəndləri gəzirdi. Beləcə, gəzə-gəzə gənc cəngavər gəlib Mikenaya çıxmışdı.
Şəhərin küçələrini gəzən Amfitrion evlərdən birinin qarşısında gözəl bir qız gördü. Günəş qüruba enirdi. Onun şüaları qızın uzun hörüklərində əks olunurdu. Gözəlin qızılı saçları sanki od kimi alışıb yanırdı. Bu əsrarəngiz mənzərə Amfitrionu məftun etdi. İlk baxışdan gözəl qıza vurulan cəngavər başa düşdü ki, çoxdan axtardığı səadətini tapıb. O, yaxınlıqdakı adamlardan bu qızın kim olduğunu soruşdu. "Onun adı Alkmenadır", deyə adamlar cavab verdilər.
Bu hadisədən bir neçə gün keçdi. Mikenalılardan Alkmena haqqında çoxlu xoş sözlər eşidən Amfitrionun məhəbbəti günü-gündən alovlanırdı. Nəhayət o, Alkmenanın atasının yanına gəlib qızını sevdiyini, onunla evlənmək istədiyini bildirdi. Gəncin kim olduğunu öyrənəndən sonra ahıl ata Alkmenanı ona ərə verməyə razı oldu. Bu xəbər şəhər əhlini də sevindirdi. Çünki qısa müddət ərzində mikenalılar bu əsil-nəcabətli, şən və qorxmaz gənci sevmişdilər.
Şəhər əhli hər iki gəncin şərəfinə dəbdəbəli toy məclisi qurdu. Şənlik bitdikdən sonra Amfitrion gənc zövcəsini öz cəng arabasına mindirib Mikenanı tərk etdi. O, Arqosa, qardaşının yanına gedə bilməzdi, buna görə də Alkmena ilə birlikdə əmisinin padşahlıq etdiyi Fiv şəhərinə yola düşdü. Onlar Fivə çatıb burada yaşamağa başladılar.
Amfitrionla Alkmena çox mehriban yaşayırdılar. Alkmenanı kədərləndirən bircə şey vardı ki, o da ərinin evdə az olması idi. Ov azarkeşi olan Amfitrion gənc arvadını evdə tək qoyaraq ova gedir, günlərlə vaxtını vəhşi heyvanları ovlamaqla keçirirdi.
Gənc qadın hər gün səhərdən axşamadək ərinin yolunu gözləyirdi. Axşamlar o yaşadığı sarayın eyvanına çıxır, intizarla gözünü yollara dikirdi. Hərdən lap uzaqlarda hərəkət edən kiçik bir nöqtə görürdü. Onun Amfitrion olduğunu zənn edən Alkmena sarayın pilləkənlərindən düşüb, ərini tez görmək üçün qaraltıya sarı qaçırdı. Amma qaraltı yavaş-yavaş əriyir, gözdən itirdi. Başı ova qarışmış insafsız Amfitrion isə gəlmirdi ki, gəlmirdi. Bəzən elə olurdu ki, Alkmena günlərlə ərinin üzünü görmürdü.
Nəhayət, intizardan təngə gəlmiş gənc qadın öz dərdini baş ilah Zevsə açmaq qərarına gəldi. Bir gün səhər ərini ova yola saldıqdan sonra o, Olimpə – ilahların yığışdığı dağa yollandı. Zevsin hüzuruna gəlmiş Alkmena onun qarşısında diz çöküb yalvardı:
– Ulu Zevs, mənə kömək elə! Ərimi mənə qaytar!
Qarşısındakı qadının gözəlliyinə heyran olan Zevs öz hisslərini gizlədib sakitcə soruşdu:
– Nə olub, ərin səni atıb?
– Yox, biz bir-birimizi çox sevirik. Ancaq o, günlərlə vaxtını ovda keçirir. Mən də evdə qalıb onun həsrətini çəkirəm. Elə et ki, o, ovdan bezsin, mənə çox vaxt ayırsın.
Zevs söz verdi ki, Alkmenaya kömək edəcək. Elə edəcək ki, bundan sonra əri onu intizarda qoymasın. Ancaq baş ilah qüdrətli olduğu qədər də hiyləgər idi. O, çoxdan bəri belə gözəl qadın görməmişdi. İlk baxışdan bu gözələ vurulan Zevs məğrur ilahə Heraya evli olsa da, Alkmenanı almaq fikrinə düşdü.
Zevs gənc qadının yuxusuna girib onu dilə tutmağa çalışdı ki, Amfitriondan əl çəksin. Lakin ərinə sadiq olan Alkmena onu eşitmək belə istəmirdi.
Alkmenanın qəlbini ələ ala bilməyən Zevs hiyləyə əl atdı. O, Yunanıstanın bütün meşələrindəki vəhşi heyvanları Amfitrionun həmişə ova çıxdığı Fiv dərəsinə toplamağa başladı. Bunu görən Amfitrion çox sevindi və yeni həvəslə ova girişdi. Günlər ötürdü, qızğın ovçu qarşısına çıxan maralları, ceyranları, qabanları nə qədər çox ovlayırdısa, onlar getdikcə daha da çoxalır, sanki yerdən çıxırdılar.
Amfitrionun başının qarışdığını görən Zevs bundan istifadə etdi, onun cildinə girib Fiv sarayına doğru yol aldı. Onun mindiyi at da eynən Amfitrionun atı idi.
At ayaqlarının tappıltısını eşidən Alkmena çoxdan bəri yolunu gözlədiyi ərinin gəldiyini zənn edib sevincək saraydan çıxdı. Və qarşısında Amfitrionu gördü. Adam cildinə girmiş Zevs onu aldatdı. Alkmena hiyləgər ilahın boynuna sarıldı və şirin sözlər pıçıldayaraq onu evə apardı. Beləliklə, əsl Amfitrion öz sarayından xeyli uzaqlarda vəhşi heyvanları təqib etməkdə ikən Zevs gözəl Alkmenanın əri oldu. Onlar bir neçə gün sarayda bir yerdə qaldılar. Alkmena elə düşünürdü ki, baş ilah onun xahişini yerinə yetirib, ona görə də Amfitrion ova getmir. Zevsin hiyləgərliyini ağlına belə gətirməyən biçarə qadın ürəyində ona dua edirdi.
Bir gün gecə əsl Amfitrionun qayıdacağını bilən Zevs saraydan yox oldu.
Alkmena şirin-şirin yatdığı zaman əsl Amfitrion ovdan qayıtdı. Səhər açılanda onu görən Alkmena heç nəyə təəccüblənmədi. Beləliklə, Zevsin kələyi açılmamış qaldı.
Olimp dağındakı məskəninə qayıdan ilahlar ilahı bilirdi ki, Alkmenanın ondan oğlu olacaq. Ona görə də öz övladının taleyi barədə düşünməyə başladı. İnsandan doğulduğuna görə bu uşaq ilah ola bilməzdi. Lakin Zevs heç cür razı olmazdı ki, onun övladı rəiyyət içində yaşasın. Baş ilah bilirdi ki, Amfitrionun qardaşı Sfenelin övladı yoxdur. Odur ki, Zevs öz oğlunu bu hökmdarın varisi etmək və Arqos səltənətini ona vermək qərarına gəldi.
Zevsin qərarı onun birinci arvadı qısqanc ilahə Heraya xoş gəlmirdi. Hera Alkmenaya nifrət edir və onun oğlunun Arqos padşahı olmasını istəmirdi. Alkmenanın Zevsdən olan oğlunu tələf etmək fikrinə düşən Hera gizlincə Sfenelin yanına gəldi və Evrisfey adlı bir oğlu olacağını ona xəbər verdi.
Zevs isə bütün bunlardan xəbərsiz idi. O, ilahları Olimpə yığıb dedi:
– Ey ilahələr və ilahlar, sizə bir sözüm var. Ay on dörd gecəlik olanda bir oğlan uşağı dünyaya gələcək. O, Arqosda hökmdar olacaq. Yadınızda qalsın: ona pislik etmək fikrinə düşməməlisiniz!
Bu sözləri eşidən Hera bic-bic gülümsəyərək soruşdu:
– Bəs həmin gün iki oğlan doğulsa necə, onlardan hansı hökmdar olmalıdır?
Heranın qurduğu əməllərdən xəbəri olmayan Zevs cavab verdi:
– Uşaqlardan hansı əvvəl doğularsa, böyüyəndə o da hökmdar olacaq.
Lakin Hera yenə də Zevsdən əl çəkmədi:
– Ey ilahlar ilahı, sən bəzən verdiyin sözü unudursan. Bütün ilahlar qarşısında and iç ki, ay on dörd gecəlik olanda ölkədə birinci doğulan oğlan Arqosda hökmdarlıq edəcək.
Zevs razı olub and içdi. İlahlar ilahı əmin idi ki, hər şey onun istədiyi kimi olacaq – o kimi istəsə, onu da əvvəl dünyaya gətirər.
Lakin Hera da kinli olduğu qədər də tədbirli idi. O, ağılsızlıq və səfehlik ilahəsi Ateni çağırıb ona əmr etdi ki, Zevsin yaddaşını bir müddətliyə oğurlasın. Baş ilah yaddaşı ilə birlikdə Alkmenanı da, onun dünyaya gətirəcəyi uşağı da unutdu.
On dördüncü gecə gəlib çatdı. Ay tamamilə bədirləndi. Alkmenanın ekiz oğlu oldu. Onlardan birinin adını Herakl, o birininkini İfikl qoydular. Hamı elə düşünürdü ki, bunların hər ikisi Amfitrionun oğludur. Yalnız Olimp dağında ilahlar bilirdilər ki, Herakl Zevsin oğludur.
Həmin gecə Arqos sarayında da bir uşaq dünyaya gəldi. Onun da adını Evrisfey qoydular. Gizlicə özünü oraya çatdıran Hera elə etdi ki, Arqos hökmdarının oğlu Evrisfey Alkmenanın oğlu Herakldan bir saat əvvəl doğuldu.
Hera ilahların məskəni olan Olimp dağına qayıdıb səfehlər ilahəsi Ateyə əmr etdi ki, Zevsin yaddaşını qaytarsın. Daha sonra Hera bütün ilahları və ilahələri çağırıb dedi:
– Atamız Zevs, ilahların şahidliyi ilə sənə bir söz deyəcəyəm. Bu gün, ayın on dördüncü gecəsi, Arqos hökmdarı Sfenelin oğlu Evrisfey başqalarından əvvəl dünyaya gəldi. İlahlar! Zevsin verdiyi söz hamınızın xatirindədir. İndi onun dediyi kimi, Arqosun taxt-tacı Evrisfeyə keçməlidir.
Zevs bu sözləri eşidib möhkəm qəzəbləndi. Lakin dərhal da başa düşdü ki, səfehlik ilahəsi Ate onu başdan çıxarıbmış. Zevs səfehlər ilahəsinin saçlarından yapışıb onu Olimp dağından aşağı atdı. O zamandan bəri Ate bir daha ilahların məskəninə qayıtmağa cəsarət etmədi, adamların arasında dolaşmağa başladı.
HERAKLIN UŞAQLIĞI
Ateyə cəza verməklə iş qurtarmırdı. Baş ilah nəyin bahasına olursa olsun, oğlunu qüdrətli etmək istəyirdi. Odur ki, Zevs üzünü ilahlara tutub dedi:
– Mən andımı pozmayacağam. Evrisfey Arqos hökmdarı olacaq. Lakin mən elə edəcəyəm ki, Herakl Yer üzündəki hökmdarların hamısından qüdrətli və güclü olsun. O böyüyüb yaşa dolanda on iki dəfə qeyri-adi qoçaqlıq göstərəcək və bunun əvəzində siz ilahlar onu ölməz edəcəksiniz. Mən belə qət etmişəm. Qərarımı dəyişmək istəyənin vay halına!
Bu sözləri deyib Zevs acıqlı-acıqlı Heraya baxdı. Hera isə bu zaman öz-özünə düşünürdü: "Hələ baxarıq, görək Herakl böyüyüb yaşa dolacaqmı. Mən ölməmişəm ki, hansısa bəndə qızının doğduğu uşaq ilahlar kimi əbədi olsun".
Zevs Heranın tutqun sifətini görüb fikrə getdi. Başa düşdü ki, kinli arvadı Herakla qarşı pis əməllərindən qalmayacaq. Odur ki, sevimli qızı Afinanı yanına çağıraraq ona tapşırdı ki, gecə-gündüz Herakla göz olsun, ona xətər yetirmək istəyənlərin qarşısını alsın.
İlahlar götür-qoy etməkdə olsun, qayğısız körpə Herakl qardaşı İfikllə yanaşı öz beşiyində mışıl-mışıl yatırdı. Onlar bir gündə, bir saatda doğulsalar da, qətiyyən bir-birinə bənzəmirdilər. Herakl qüvvətli, sağlam bir uşaq idi. Hələ anadan olduğu gün beşiyini döşəməyə bərkitmişdilər ki, yerə aşmasın. İfikl isə yatağan və sakit idi, beşikdə səssiz-səmirsiz uzanıb qalmışdı.
Gecə oldu. Müdriklik və zəka ilahəsi Afina öz sevimli bayquşunu Amfitrionun evinə göndərdi. Quşların ən ağıllısı olan Bayquş Heraklın beşiyi üzərində səssiz qanad çalır, sanki onu yelpikləyirdi. Onun qanadı Heraklın başı üzərindən keçdikcə körpənin ağlı durmadan artırdı.
İlahə Hera uşağı tələf etmək fikrindən daşınmamışdı. O qətiyyən istəmirdi ki, nifrət bəslədiyi Alkmenanın oğlu himayəyə götürdüyü Evrisfeydən güclü və qüdrətli olsun. Odur ki, hava qaralan kimi Hera zəhərli gölə gedib iki ən güclü və ən qorxunc ilanı seçdi, onları tutub səssiz-səmirsiz Amfitrionun evinə gətirdi. Səhv düşməsin deyə, Hera uşaqların hər ikisini öldürməyi qərara almışdı. İlanın biri Heraklı, o biri isə İfikli sancmalı idi.
Tərs kimi Afinanın bayquşu elə bir təhlükə görmədiyindən uçub getmişdi. Alkmena da həmin gün çox yorulduğu üçün yatmışdı. Amfitrionun tapşırığı ilə uşaqların keşiyini on iki qulluqçu çəkirdi. Amma onlardan heç birinin ağlına gəlməzdi ki, kimsə körpələrə qəsd edə bilər. Odur ki, gecədən xeyli keçmiş qulluqçular bir-birinin ardınca mürgüləməyə başladılar və bir azdan bərk yuxuya getdilər. Bəlkə də, bütün bunları düzüb-qoşan elə Hera idi. Ancaq o, bir şeyi bilmirdi ki, Herakl artıq adi körpə deyil.
Heranın gətirdiyi ilanlar sürünə-sürünə həyətdən keçərək pilləkənlərə dırmaşdılar. Onlar artıq körpələrin yatdığı otaqda idilər və yavaş-yavaş beşiyə doğru sürünürdülər. Elə bu zaman körpə Herakl yuxudan oyandı. Başqa körpələr kimi beşiyində uzanıb barmağını soran Herakl əslində yaşına görə çox ağıllı idi – Afinanın bayquşu öz işini görmüşdü.
Herakl qaranlıqda diqqətlə ətrafa qulaq asırdı. Bayaqdan bəri kandar tərəfdən nəsə xışıltı eşidirdi. Sonra səs daha da gücləndi, fit və fışıltı səslərinə çevrildi. Bu səslər döşəmənin üstü ilə getdikcə ona tərəf yaxınlaşırdı. Hər şeylə maraqlanan uşaq başını qaldırıb beşiyin kənarından boylandı. Elə bu an düz başının bərabərində yekə bir ilan başı gördü. Əvvəlcə Herakl bir qədər qorxub geri çəkildi. Bu zaman başqa bir ilanın da sürünərək balaca İfiklə yaxınlaşdığını gördü. Qorxmaz oğlan dərhal hər əlilə bir ilanın boğazından yapışıb var qüvvəsilə onları boğmağa başladı. İlanlar əlacsız-əlacsız fışıldayır, quyruqlarını daş döşəməyə çırpırdılar. Zəhərli ilanlar var qüvvələri ilə hər iki tərəfdən Heraklı sancmağa çalışsalar da, oğlan onları möhkəm tutub getdikcə daha bərk sıxırdı.
Tənbəl qulluqçular hay-küyə oyandılar. İlanları görən kimi vahiməyə düşdülər, haray-qışqırıqla evdəkiləri köməyə çağırmağa başladılar. Onların fəryadı hamını oyatdı. Saray adamları əllərində məşəl axışıb gəldilər. Amfitrionun darvazasında keşik çəkən döyüşçülər də qılınc çəkərək özlərini uşaqların otağına yetirdilər. Bu səs-küyə hövlnak yuxudan ayılmış Amfitrion da əlinə gələni əyninə geyinib cəld uşaqların otağına cumdu.
Zəhərli ilanlar hər iki tərəfdən Heraklı sancmağa çalışsalar da, oğlan onları möhkəm tutub getdikcə daha bərk sıxırdı.
Toplaşanlar heyrətə gəldilər. Balaca Herakl boğub öldürdüyü ilanları əllərində möhkəm tutaraq yatmışdı. Bir qədər əvvəl bu ilanları kim görsəydi, qorxudan bağrı çatlardı. İndi isə onlar iki qalın kəndir parçası kimi hərəsi beşiyin bir yanında sallanıb qalmışdı.
Hamı bu qərara gəldi ki, Heraklın qayğısına ilahlar özləri qalırlar, çünki təzə doğulmuş uşağın belə qüvvətli olması yalnız ilahların işi ola bilərdi. Onlar elə fikirləşdilər ki, artıq bu uşaq üçün narahatçılıq keçirməyə bilərlər. Ancaq Heraklın ətrafındakılar bilmirdilər ki, Olimpdəki ilahlar arasında Heraklı gözü götürməyənlər də var.
Heraklın ilanları boğmasından heyrətə gəlmiş Amfitrion ertəsi gün falçını yanına çağırtdırdı. Saraya gələn qoca falçı Herakla baxan kimi dərhal başa düşdü ki, beşikdəki adi uşaq deyil, ən qüdrətli ilah Zevsin oğludur. Ancaq o bu haqda Amfitriona heç nə demədi.
Falçı uşağın gələcəyindən xeyli şeylər danışdı. O dedi ki, Herakl böyüyüb yaşa dolanda nəinki bütün insanlara və yırtıcı heyvanlara qalib gələcək, hətta dünyanın kənarında yaşayan qorxunc nəhəngləri məhv etməkdə ilahlara kömək edəcək. Ağıllı falçı Amfitriona məsləhət gördü ki, oğlanlarını mümkün qədər nəzarətdə saxlasın, onların tərbiyəsi ilə yaxından məşğul olsun.
Amfitrion Heraklı öz oğlu hesab edir və onu İfikldən də çox istəyirdi. Buna görə də oğlan bir qədər böyüyən kimi, Amfitrion ən məşhur cəngavər və alimləri dəvət edib oğlunun təlim-tərbiyəsini onlara tapşırdı. Bir oxu belə boşa çıxmayan mahir atıcılar Herakla kamanla ox atmağı, pəhləvanlar güləş qaydalarını, cəngavərlər qılınc oynatmağı və mizraq atmağı öyrətdilər. Amfitrion özü isə Heraklı cəng arabasına mindirib ona dörd atlı arabanı sürməyi öyrədirdi. Bu minvalla, çox keçmədən Herakl nəinki öz yaşıdlarından, həm də təcrübəli döyüşçülərin bir çoxundan məharətli və qüvvətli oldu.
Güclü və cüssəli Herakl yaşıdları ilə oynayarkən öz qüvvəsini düzgün hesablaya bilmirdi. Beşdaş oynayanda xırda daş əvəzinə irilərini götürür və o qədər yüksəyə atırdı ki, uşaqlar başlarını tutub ətrafa qaçışırdılar. Topla oynayanda isə onun zərbəsindən top dəyən uşaq kəlləmayallaq olub yıxılırdı.
Heraklın öz qüvvəsini nəzərə almamağı ata-anasını da, qulluqçuları da narahat edirdi. Hamı deyirdi ki, bunun bir çıxacağı var, əvvəl-axır bu uşaq bir bəla törədəcək. Elə belə də oldu.
Heraklın Lin adlı bir müəllimi vardı. Lin Herakla müxtəlif elmlərdən dərs deyir, həm də kifara çalmağı öyrədirdi. Herakl elmlərə həvəslə yiyələnirdi, amma yeddi simli böyük kifarada ifa etməyi heç cür öyrənə bilmirdi. Barmaqlarını simlərə toxunduran kimi hamısı qırıq-qırıq olurdu. Heraklın yöndəmsizliyi tələbkar Lini haldan çıxarırdı. Bir dəfə bunun üstündə o, Heraklı bərk döydü. Müəlliminin hərəkətindən acıqlanan Herakl var qüvvəsilə kifaranı kənara tulladı. Tərs kimi alətin bir ucu təsadüfən Linə toxunub onu yerə sərdi. Həmişə olduğu kimi, indi də Herakl özünün qeyri-adi qüvvəyə malik olduğunu unutmuşdu. Çəlimsiz müəllim aldığı zərbədən yerindəcə öldü.
Bu hadisədən sonra Amfitrion daha da ehtiyatlandı. Qeyri-adi qüvvəyə malik olan Heraklın əlindən başqa bir xəta çıxa bilərdi. O özü də bilmədən qardaşı İfikli, ya da digər uşaqları şikəst edə bilərdi. Amfitrion qoca falçı ilə məsləhətləşdikdən sonra Heraklı şəhərdən kənara göndərdi. Uşaq atasının Kiferon çəmənliklərindəki sürülərini otarmağa başladı.
Ücretsiz ön izlemeyi tamamladınız.