Kitabı oku: «Mir Cəlal xatirələrdə»
Mir Cəlal xatirələrdə
“Xatirə Ədəbiyyatı” silsiləsindən 39-cu kitab
Mir Cəlalın xatirələri
BAKI GÖRÜŞLƏRİ
İyirminci illərin axırları, mülayim payız günləri idi. Rayon şəraitindən yenicə ayrılmış, pedaqoji institutda təhsilimi artırmaq üçün Bakıya gəlmişdim. Şəhər mühiti mənim üçün həm yeni, həm də maraqlı idi. Bakıda tanış olduğum ilk ev – Kiçik Qala küçəsindəki 16 nömrəli ev, balaca həyətin sağındakı dar pilləkənlərdən yuxarıda, ikinci qapıdakı mənzil Ədalətin mənzili olmuşdur.
Ədalət bizim institutda, yuxarı sinifdə oxuyan yoldaşımız idi. Atasının tələbələrə otaq kirayə verdiyini bizə dedi. Biz də həmin evin qapısını döyməli olduq.
Ədalətin atası idarələrin hansındasa hesabdar işləyirdi. Ancaq özü əhvallı, məlumatlı, ünsiyyətli adam idi. Biz kirayə elədiyimiz otağın qiymətini danışmaq istəyəndə bənd olmadı:
– Otaqdı, – dedi, – yaşayarsınız, eləcə hökumətə verdiyimiz kirəni, işığı, suyu ödəsəniz, bəsdir. Sizdən bir şey tələb olunmur. Ədalətin yoldaşlarısınız.
Biz öz aramızda belə danışdıq ki, üç yoldaş, hərəmiz on-on beş manat versək, ev sahibi razı qalar. Elə də elədik.
Ədalətin atası hesabdar Mirzə Qasım, doğrudan, əhvallı adam idi. Bizə kirəkeş, qonaq kimi yox, lap doğma övlad kimi baxırdı. Hər gün yoxlayırdı: işıq qaydasındadırmı, su gəlir, soba yanır, otaqlar təmizlənirmi? Cavanların bişmişinə, çayına baxan varmı? Məktəbə necə gedib-gəlirsiniz, nəqliyyatdan korluq çəkmirsiniz? Mirzə Kazım bizi xalqının yeniyetmə cavanları kimi əzizləyir, hər ehtiyacımız ilə maraqlanırdı.
Söhbət zamanları bir də görürdün ki, Mirzə Kazım tələsik qalxdı, yeyin addımlarla o biri otağa keçdi, iki dəqiqə sonra qayıdıb, sözünə davam etdi. Əvvəl buna təəccüb edirdik, soruşmağa da cəsarət eləmirdik.
Görünür, bunu hiss etmişdi. Bizim marağımızı görüb sözü açdı:
– Uşaqlar, – dedi, – mən lap qədimdən atalar sözü ilə məşğul olmağı sevirəm. Hacının (Hacı Zeynalabdinin) idarəsində çalışan zaman hesabdar dəftərimin altında ümumi dəftər saxlardım, istədiyim misalları dərhal qeyd elərdim. Sovet qurulandan sonra həmin misalları nəşriyyata verdim, çap elədilər! İndi o kitab əllərdədir.
Mirzə Qasım bütün danışıqlara, söhbətlərə diqqət yetirirdi. Özünün söz-söhbətlərində də bu nümunələrdən gətirirdi. Müsahiblər eşitdiklərinə bənzər təzə misal əlavə edəndə kişinin gözü işıqlanırdı. Qızıl tapmış kimi, təşvişə düşür, istədiyi misalı dönə-dönə təkrar edirdi:
Əzizinəm hər aylar,
Hər ulduzlar, hər aylar.
Başım cəllad əlində,
Dilim səni haraylar!
Mən bunu deyəndə kişi cəld qalxıb dəftər, qələm gətirdi, yazdı. Yenə təkrar etdi. Sonra valeh kimi dizinə döydü:
– Sözə baxın, siz Allah! Bir görün məhəbbəti belə od ilə deyən olubmu? Başım cəllad əlində, dilim səni haraylar! Yanan qəlbin alovunu, tonqalını bundan yaxşı necə demək olar?..
Mirzə Qasım ürəyini tərpədən misalı hər yetirənə, hətta, qoca nənəsinə bir şair eşqi ilə deyərdi. Deyərdi, sonra da izah edərdi:
– Bunu lap böyük şair, azəri xalqı deyib. Gör necə atəş ilə, necə məlahətlə deyib. Belə nümunələrin hər biri böyük xalqın məhəbbət dastanıdır. Biz nahaq yerə etinasız oluruq, toplayıb nəşr etmirik…
Mirzə Qasımın şifahi ədəbiyyata marağı bizi də qızışdırmışdı. Sinifdə yeri gələndə suallar verir, ədəbiyyat müəllimlərinin rəyini soruşurduq:
– Tanıyıram, – deyirdi, – Mirzə Qasım ilə mənim də söhbətim olub. O kişi ədəbiyyat həvəskarıdır.
Biz Mirzə Qasımın evində yalnız ədəbiyyatdan yox, ümumən şəhər həyatından, Bakının məişəti, adət-ənənələrindən də məlumat alır, öyrənirdik. Əli qələm tutan, yazmaq istəyənlərə redaksiyaların ünvanını öyrədir, istiqamət verirdi.
Mirzə Qasım ünsiyyətli kişi idi və bu ünsiyyət yalnız ailə-məişət çevrəsində qalmırdı. O, hadisələr, yeniliklər haqqında öz fikrini açıq deyən, müsahiblərini öz hökmlərinə inandırmağı bacaran adam idi. Mirzə Qasımın evinə qonaqlar, qonşular, qohumlar gəlib-gedirdi. Ev sahibi bizi də onlar ilə tanış etməyə çalışırdı.
– A filankəs, bunlar bizim ali məktəb tələbələridir, tanış olun!
Biz məmnuniyyətlə bu yeni, hörmətli adamlarla tanış olur, onların söhbətini maraqla dinləyirdik.
O zaman Bakıda ali məktəblərin sayı az idi. Aspirantura yalnız bir yerdə – Elmlər Akademiyası filialının yanındakı Dövlət Elmi Tədqiqat İnistutunda açılmışdı. Buraya həvəslənən ədəbiyyatçılar içərisində Heydər Hüseynov, mən, Mehdi Hüseyn, Səməd Vurğun var idik. İmtahanlardan çıxandan sonra məni, Mehdini, Heydəri qəbul elədilər. Səməd də bəzi çətinliklərdən sonra ədəbiyyat şöbəsinə daxil oldu.
Aspiranturanın müdirliyinə Ali Sovetdə sədr vəzifəsində olan Soltan Məcid Əfəndiyev təyin olunmuşdu. Qəbul haqqında əmri alandan, dərs cədvəlini öyrənəndən sonra yaşamaq yeri hayına qalmalı olduq. Aspiranturanın yataqxanası yox idi və buna təminat da verilmirdi.
Biz Soltan Məcidin yanına gedib yer xahiş edəndə bir qəbz yazıb, kəndli evindən bizə yer istədi. Həmin kağız ilə bizi (məni və Səmədi) ümumi yataqxanaya buraxmalı oldular. Aspiranturada təhsil alarkən mərkəzi təşkilatlar bizi tez-tez çağırır, müxtəlif tapşırıqlar verib işlədirdilər. Bir gün bütün aspirantları təbliğat şöbəsinə yığdılar. Kolxozlarda gəlir bölgüsünü keçirmək üçün göndəriləsi briqadalara qoşdular. Məni Göyçaya, İsmiyev deyilən bir raykom katibinin birqadasına salmışdılar. 40 gün Qaraməryəm rayonunda, Qarabaqqal, Bığır kəndlərində gəlir bölgüsü kampaniyasını keçirməklə məşğul olduq.
Qışın qarlı-çovğunlu günlərində bizi bu kənddən o biri kəndə qoşur, hesabdarların bütün kağız-kuğuzlarını yoxlayıb, qiymət verirdik. Həmin səfərdən topladığım təəssürat əsasında mən ilk oçerklər kitabının mühüm bir hissəsini (“Sağlam yollarda”) yazıb çapa verdim (1932). Həmin aylarda təzəcə yaz açıldığı, bağ-bağça çiçəkləndiyi bir zamanda sahil bulvarında gəzdiyim bir gündə ortaboy, qarayanız, qıvrım saçlı bir oğlanın mənə yaxınlaşdığını gördüm. Oğlan, görünür, nəsə mənə bir söz deməyə tələsirdi. Yaxınlaşan kimi, əlini mənə uzatdı və ərkyana bir səslə müraciət etdi:
– Tanış olaq, yoldaş Mir Cəlal!
Mən əl verdim, soruşmamış adını dedi:
– Mən Mehdi Hüseynovam. Sizi yaxşı tanıyıram. “Kommunist” qəzetinin redaktoru Əminbəyli yoldaş məndən bir komsomol üzvü, ədəbiyyatçı istəyir. Qəzetdə ədəbiyyat işlərini idarə eləmək lazımdır. Xahiş edirəm, sabah saat 10-da Az.App-a gələsiniz.
– Haradır ora?
– İsmailiyyədə, birinci mərtəbədə oluruq. Kimdən soruşsanız, yazıçıların otağını göstərərlər.
Səhərisi mən İsmailiyyəyə (indiki akademiyaya) getdim. Mehdi ilə görüşdüm. Mehdi mənim yanımda Əminbəyliyə zəng etdi və məni onun yanına göndərdi.
“Kommunist” qəzeti o zaman indiki mətbuat komitəsinin binasında olurdu.
Əminbəylini mən Gəncədən tanıyırdım. O, Maarif şöbəsinə, yaxud Maarif Xadimləri İttifaqına rəhbərlik edirdi.
Burada məsul redaktor olduğunu bilmirdim. Məni görən kimi, salamlaşıb yer göstərdi. Savadımı yoxlamağa başladı. Müəllimlər seminariyasını bitirdiyimi bilib sevindi və bir vərəq verib, işə girmək üçün ərizə yazmağımı tələb etdi.
Mən yazdım, diqqətlə oxudu, görünür, səhv axtarırdı, axtardı, tapa bilmədi. Kənarına nəsə yazdı, zəngi vurub kimisə çağırdı:
– Ədəbiyyat şöbəsinə məsul icraçı axtarırsınız, savadlı oğlandır. Götürün, qoyun işləsin!
Həmin gündən məni redaksiyaya işə götürdülər!
– Mən aspiranturada oxuyuram, mane olmazlarmı?
Əminbəyli əlini tovaladı:
– Xulufluya deyərəm, oxumağına mane olmarıq, işində ol.
Mənim aspirantura təhsilinə olduğu qədər “Kommunist” kimi hörmətli bir qəzet idarəsində işləməyə də həvəsim vardı. Cavadov Fərhad adlı bir kök adamı mənə göstərdilər ki, şöbə müdirinizdir. Bütün göstərişləri o verəcək!
Cavadov otağındakı şkaflarından birini açdı, bir neçə toz bağlamış məktub bağlaması çıxardı.
– Bunlar, – dedi, – rayonlardan göstərilən həvəskar müxbir məktubları, bir-bir oxu, yararlıları seç, hazırla, çapa verək, amma çox ixtisar elə, məktubdan bir neçə cümlə götürsən, bəsdir.
Mən nə zamandansa burada “həbs olunmuş” yazıq məktubların qatını açıb diqqətlə oxumağa, yoxlamağa başladım. Bunların içində şeir, hekayədən başqa xəbər, şikayət də var idi.
Məktubları düzəltməyə yox, əvvəlcə bir-bir oxuyub başa çıxmağa, məzmunlardan xəbərdar olmağa çalışırdım. Nə qədər qəribə və gözlənilməz olsa da, burada vaxtilə özümün Gəncədən, Gədəbəydən yazdığım məktub, oçerkləri, hekayələri tapdım və sevinclə onları təkrar oxuyub düzəltdim. Öz məktublarımı şöbə müdirinə yox, birbaş Əminbəyli yoldaşa oxuyub, çapına icazə istəməyi lazım bildim.
Əminbəyli əsasən Gəncədən olan bu məktubları maraqla dinləyir, səhifə başa çatmamış hökmünü verirdi:
– Yaxşıdır, ədəbiyyat səhifəsində ver, getsin çapa.
Bu qayda ilə unudulmuş, tərk edilmiş ilk yazıların çoxu həyat işığı görməyə imkan tapdı. Mənim sevincimin hüdudu yox idi.
Bir gün qəzetimizdə müsabiqə elanı verildi. Pambıq yığımından yazılan yaxşı oçerklərə mükafat təyin olunmuşdu. müsabiqə qapalı idi. Çoxları buraya əsərlər yazdılar, mən də gizli imza ilə “Qələbənin açarı” adlı bir oçerk yazdım. Bir neçə gün keçməmişdi ki, müsabiqə materialları yoxlanıb saf-çürük edildi. Bir gün məni baş redaktorun yanına çağırdılar. Əminbəylinin otağına girəndə qabağında öz yazımı gördüm.
O, əsəri yazı manerasından, materialın məzmunundan tanımışdı. Mülayim və xoş əda ilə soruşdu:
– Bu oçerki sən yazmısan?
Redaktorun zənnini çaşdırmaq istəmədim:
– Bəlim, – dedim, – mənimkidir!
– Yaxşı yazmısan, – dedi, – sağ ol!
Həmin oçerki qəzetdə nəşr etdirdi və mükafata da təqdim etdi.
“Kommunist”də iki, “Gənc işçi”də dörd illik həvəsli işim müasir, canlı, operativ, ayıq mühakiməyə hazırlaşmaqda mənə mühüm təsir göstərirdi. Mətbuatın bu gözəl tərbiyə məktəbini mən heç vaxt unutmaram.
İbrahim Əminbəyliyə, görünür, işim xoş gəlmişdi. Məni tamam təhsildən ayırmaq, redaksiyada saxlamaq fikirində idi. Mən isə oxumaqdan ayrılmaq istəmirdim. Aspiranturada qalmaq istəyirdim. Bu ixtilaf üzündən o kişi ilə danışmalı oldum. Sonra “Gənc İşçi” qəzetinə keçdim.
İxtilafın təfsilatı belə oldu…
Əminbəyli məni bir aylığa Bərdə rayonuna pambıq yığımı kampaniyasına səfərbərliyə göndərmişdi. Həmin ayı səy ilə işlədim, rayon həyatından çox yazılar yazıb çap etdirdim.
Səfərbərlik vaxtını qurtarandan sonra Bakıya qayıtdım. Maaşımı almaq üçün redaksiyaya gələndə Əminbəyli acıqlandı:
– Niyə gəlmisən?
– Vaxtım qurtarıb.
– Çox da qurtarıb, nahaq gəlmisən.
– Nə üçün?
– Hələ Bərdə rayonu planı ödəməyib.
– O məndən aslı deyil.
– Sən get rayona, maaşını da oraya göndərərik!
– O halda məni aspiranturadan kənar eləyərlər, mən akademiyanın icazəsi olmadan gedə bilmərəm.
Əminbəylinin deməyə sözü qalmadı. Ancaq mənim maaşımı verməyə də qol çəkmədi.
– Yazın maaşımı versinlər.
– Maaşı rayonda gedib alarsan!
– Mən rayonda işə girməmişəm.
– Get oraya, göndərərik!
Yoldaşlarımdan birinə, Mehrab adlı bir hüquqşünasa bu əhvalatı danışanda dedi:
– Maaşı saxlamağa sovet idarələrində heç kəsin haqqı yoxdur. Ver məhkəməyə, dərhal alsınlar.
Tənbəllik eləmədim, balaca bir ərizə ilə məhkəməyə müraciət etdim.
O vaxta qədər güman eləməzdim ki, məhkəmə sıravi bir əməkçinin ixtilafında yüksək vəzifəlilərə töhmət eləyə.
Məhkəmə iclasına gedəndə gördüm ki, redaksiya öz nümayəndəsini – məsul redaktorun müavinini, bir nəfər də kimi isə bu iş üçün göndərib. Məni vahimə bürüdü.
Məhkəmə sədri Rəsizadə familiyalı sadə bir qadın idi. Mənim ərizəmi oxudu və redaksiyanın nümayəndəsindən soruşdu:
– Bu oğlanın maaşını niyə vermirsiniz?
Redaktor müavini tribunada nitq deyən kimi, başladı nağıl danışmağa.
– Mir Cəlal yoldaş özü komsomol təşkilatının məsul katibi ola-ola (mən, doğrudan da, redaksiya komsomol özəyinin katibi idim), özü pambıq kampaniyasının əhəmiyyətini bilə-bilə, işin bu qızğın vaxtında…
Məhkəmə sədri onun sözünü kəsdi:
– A kişi, nağıl açma! De görüm, oktyabr, noyabr aylarında bu oğlan sizdə işləyib, ya yox?
– İşləyib!
– Maaşını alıb, ya yox?
– Zaddı…
– Alıb, ya yox, cavab ver!
– Maaşını rayona göndərmişik.
– “Kommunist” qəzeti rayondadır, ya Bakıda?
– Bakıda.
– Maaşı niyə rayonda alsın?
– …
Sədr bir az da hirslə nümayəndəyə acıqlandı.
– İşçi sənin redaksiyanda işləyir, maaşını da redaksiyadan alacaq, vəssalam!
Üzünü katibə tutub əmr elədi:
– Yazın, günü sabah bu oğlanın maaşını ödəsinlər!
Məhkəmənin icra vərəqəsini təqdim edib, maaşımı alandan sonra məni Mərkəzi Komsomol Komitəsinə çağırdılar. “Gənc işçi”yə məsul katib təyin etdilər.
Mən də çox həvəslə komsomol mətbuatının canlı, maraqlı və çoxcəhətli işinə girişdim. Bütün yazıçı, ədəbiyyatçıları, əli qələm tutan cavan yoldaşları qəzet işinə cəlb etməyə çalışdım və az bir zamanda burada yaxşı, maraqlı müzakirələr, məclislər keçrildi.
“Gənc işçi” o zaman da canlı, hörmətli, fəal qəzet idi.
Xoşbəxtlikdən mətbuatda çox çalışmalı olmadım. Aspiranturanı qurtaranda, ali məktəbdə, tələbələr ilə işləməli olduğumu görəndə qəzetdən çıxdım. Canlı aditoriyanı üstün tutdum.
Gəncədə ilk müəllimlərimdən olan Vəli Xuluflu məni akademiyaya çağırdı. Hələ filial halında olan ictimai elmlər bölməsində işləməyi təklif etdi.
Vəli Xuluflu hələ o zaman Azərbaycan qamusu (ensiklopediyası) nəşr etmək üçün lazımi tədbirlər görmüşdü. Hətta, sözlüklər də nəşr olunmuşdu.
Respublikanın görkəmli ziyalı qüvvələri bu yeni və maraqlı işə cəlb olunmuşdu. Mən ictimai elmlər üzrə bütün sözlükləri və məqalələri hazırlayırdım. İşin ağırlığı və həcmcə böyüklüyünü görən rəhbər yoldaşlar bu şöbəni bir neçə şöbəyə ayırmağı lazım bildilər və yeni ştatlar aldılar.
İctimai elmlər: ədəbiyyat, fəlsəfə, musiqi dili, folklor və s. şöbələrə bölündü, bunlar üçün münasib adamlar axtarıldı.
Ədəbiyyat şöbəsini, şübhəsiz, özümdə saxlamalı idim. Musiqi şöbəsinə böyük bəstəkarımız Üzeyir bəyi, fəlsəfə şöbəsinə o zaman Aİİ-də fəlsəfə dərsi deyən Heydər Hüseynovu çağırdıq.
Heydəri mən aspiranturadan, həm də “Gənc işçi”də məqalələrini çap etdiyim illərdən tanıyırdım. Namizədliyini verən kimi təsdiq etdilər, o da həvəslə enisklopediyada işləməyə başladı.
O zaman mədəniyyət, məfkurə aləmində işləmək üçün savad, bilikdən başqa, bəlkə, bunlardan vacib partiya üzvü, ya komsomolçu olmaq tələb olunurdu. Ziyalılar arasında komsomolçu kifayət etsə də, kommunist olduqca az idi. Çünki partiyaya qəbul şəraiti çox çətin və ciddi idi. Beş nəfər köhnə kommunist zəmanəti vacib idi. Heydər Hüseynov isə partiya üzvlüyünə namizəd idi. Ona görə də Heydərin akademiyada işləməyi yerinə düşdü.
Əhəd Yaqubov (akademiyanın prezident müavini idi) Mərkəzi komitədə katib sifətilə işləməyə gedəndə yerinə Heydəri cəlb elədilər. O da həvəslə müavinliyi öhdəsinə götürüb həvəslə işə girişdi.
Respublika Elmlər Akademiyası SSRİ Elmlər Akademiyasının fillalı olanda imkanı da, nüfuzu da çox idi. Milli mədəniyyətə, milli respublikalara, elmi idarələrə diqqət, qayğı çox idi.
Akademiya mərkəzindən ayrılandan, yerli büdcəyə tabe olandan sonra yerlərdə vəziyyət xeyli dəyişdi. Heydər Hüseynov cavan, həvəsli, enerjili, qeyrətli oğlan idi. Kitab nəşr etməyə, cavan alimlər hazırlamağa, İnstitutlar açmağa, qonşu respublika alimlərilə yarış aparmağa çox səy edirdi. Gecə-gündüz akademiyada, öz otağında əyləşir, kitab-dəftərilə əlləşirdi.
Kəskin və haqsız tənqid onu sarsıtdı. O, özünü faciəli surətdə həlak etdi.
Mənim hələ Gəncə seminariyasında ikən əlaqədar olduğum, inandığım və hörmət bəslədiyim kommunistlərdən biri, sonralar Respublika Maarif Kommisarı işləyən Məhəmməd Cuvarlı idi. O, vücudca balaca, arıq, bir az da xırdagöz, zahirən qaş-qabaqlı olardı. Ancaq mənəvi cəhətdən əksinə, fəal, çevik, ayıq, dərrakəli, təşəbbüskar kommunist idi. Onunla tanışlığım tələbəlik skamyasından, seminariyada oxuduğum illərdən başlamışdı. O zaman Cuvarlı Gəncə vilayət komitəsində təbliğat üzrə katib vəzifəsində çalışırdı. Seminariya tələbələrinin tərbiyəsi, inkişafı ilə ciddi məşğul olurdu.
Görünür, bilik, məslək eşqi, işə həvəsindən başqa, Cuvarlıda təşkilatçılıq bacarığı və təmkini də güclü idi. Seminariyada olduğum, təşkilatda çalışdığım müddətdə (mən tələbə təşkilatının sədri vəzifəsində idim) Cuvarlının mənə qarşı rəğbətini hiss etməmişdim.
Sonuncu kursda və təhsil ilinin son aylarında bir axşam yoldaşlarımla əl-ələ verib gəzməyə getdiyim zaman çiynimə bir əl endiyini duydum.
Dönəndə gördüm Cuvarlıdır!
Güldü və mənə təsəlli verdi:
– Deyəsən, səni diksindirdim?
Mən dinmədim. O, mənim kürəyimə əl vura-vura dedi:
– Sabah Vilayət Komitəsinə gəl, səninlə işim var.
– Saat neçədə gəlim?
– Saat 9-dan sonra mən ordayam. Ha vaxt istəsən, gəl. Dərsdən çıxanda gələ bilərsən!
– Baş üstə, – deyib getdim.
Getdim, ancaq bu çağırış məni çox narahat elədi.
Cuvarlı məni nə üçün çağırır? Görəsən, nə deyəcək? “Səninlə işim var?” Görəsən, bu nə işdir. Bəlkə, mənə təzə bir iş tapşıracaq, qulluq təklif edəcək! Bəlkə də, tələbə həyatı ilə əlaqədar tapşırıq verəcək.
Cuvarlının evi seminariya olan küçədə (28 Aprel küçəsi), məktəbin qabağında idi. Mən dərsə gedəndə, o da işə gedirdi. İşə getməzdən əvvəl mənimlə görüşəndə içəri çağırdı və sözünü açıq dedi:
– Seminariya məzunlarının təyinatı gedir. Anketində gördüm ki, sən kəndə getmək istəyirsən. Gədəbəy məktəbinə müdir lazımdır. Səni oraya məsləhət görmüşük. Necə baxırsan?
– Müdirlik çətin olmazmı?
– Çətin olmaz, komsomolda yaxşı işləmisən, yerli təşkilatlar da sənə kömək edəcək!
– Gədəbəyin raykom katibi Ramazanov yanıma gələcək. Ona da xüsusi tapşıracağam, sənə kömək eləsin. Ora dağ yeridir, səfalıdır, həm də fəhlə rayonudur. Məktəbi də böyüdüb yeddiillik eləyirik. Cavan oğlansan, seminariyada aldığın bilik və tərbiyə fəhlə balalarına vacibdir. Sən orda çox xeyir verərsən. Fəhlələr də qədirbilən camaatdır. Sənin inkişafına kömək edərlər.
Mənim sükut və razılığmı görəndə Cuvarlı sevinclə əlimi sıxıb xeyir-dua verdi:
– Mübarək olsun! Sənə yaxşı yol. Sabah siyahını maarif şöbəsinə göndərəcəklər. Əmrini alıb, yola düşərsən! İki aylıq maaş da qabaqcadan verilir.
İndi mən daha aşkar və yəqin görürdüm ki, bizi xalis hazır, məsul maarif işçisi kimi müəyyənləşdirib əməli işə göndərirlər.
Gədəbəyi görməmişdim. Təsəvvürüm də ibtidai və yanlış idi. Kakor deyilən bir gödək, zirək kişinin məftil təkər faytonu, zınqırovlu, gümrah atları ilə bizi Yasamal yolundan yoxuşa doğru aparanda güman edirdim ki, məktəbə dərs deməyə yox, dumanlı, əsrarlı dağlarda cəhalət, qaranlıq, zülmət ilə vuruşmağa gedirik.
İyriminci illərin ortaları və axırlarında bizim respublikada maarif və mədəniyyət adamları az idi. Xüsusilə, Sovet dövlətinin və Kommunist Partiyasının böyük miqyaslı gələcək tədbirlərini – “mədəni inqilab” şüarını nəzərə alsaq və bu baxımdan maarif qüvvələrinə yanaşsaq, çətinlik daha da aydın görünər.
Gədəbəy kimi məşhur fəhlə rayonuna ilk qədəm qoyan seminarist mən idim. Bəlkə, ona görə Cuvarlı məni xüsusi hörmət, hazırlıqla yola salır, rayonun adlı-sanlı adamları ehtiramla qarşılayırdılar.
Mülayim sentiyabr axşamında mənim mənzilim – mədən komitəsinin binasındakı otaq qonaqlarla dolmuşdu. Adətən, qonaqları çay-çörək süfrəsilə qarşılayırlar. Bizdə belə imkan yox idi. Bizim üçün ayrılan otağın təchizatı da sahmanda deyildi. “Biz” deyirəm, ona görə ki, mənimlə bərabər qonşu, yaxın kəndlərin (Qumlu, Söyüdlü) müəllimləri də var idi. Onlar bir-iki günlüyə də olsa, rayon mərkəzində, bizim otaqda qalmaq istəyirdilər.
Rayon işçiləri, qocaman fəhlə kommunistlər bizə “xoş gəldin” eləmək üçün yığışmışdılar. Buna baxmayaraq, biz yerlilərin açıq dedikləri arzu və tələbləri eşidirdik. Həmin günlərdə mən 19 yaşlı cavan bir seminarist idim. Görünür, yerlilərin “bu təzə müəllimdən” gözləri su içmirdi. Çünki onların aləmində qalustuk, yaxşı qatdama köynək, komsomol qayışı “ bu yerlərə” o qədər də münasib deyildi, birtəhər gəlirdi.
60-70 yaşlı qocaman mədən fəhləsi Əlihüseyn əmi masaya dirsəklənərək diqqət və ərk ilə mənə baxıb deyirdi:
– Oğlum, arxayın ol, fəhlə camaat müəllimin qədrini biləndir. Nə qədər ki biz varıq, bir köpək oğlu müəllimə deyə bilməz ki, gözün üstə qaşın var! Müəllim bizim əzizimiz, uşaqlarımızın tərbiyəçisidir. Bu şərt ilə ki, bəzi-bəzi işlər gərək bizim yerlərdə görünməsin.
Əlihüseyn əmi ətəklərini yığışdırıb ayağa qalxdı, bir də oturub dedi:
– Mən nəyi deyirəm: mən iki babətdən deyirəm, mültəfit ol!
Biri budur ki, müəllim gərək içki sarıdan özünü gözləsin, biri də əxlaq sarıdan, qadın babətindən, abır-həya babətindən özünü gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa salıram ki, bunlardan özünü gözlə! Bura rayon yeridir, fəhlə yeridir. Burada gərək özünü gözləyəsən. Camaat sənə uşaqlarını etibar eləyir! Bu təmizlik ki oldu, gözüm üstə yerin var. Bütün mahalda bir kişinin sənə dolaşmağa cürəti yoxdur…
Qoca fəhlə bir ata nəsihəti ilə danışır, mənim gözümün içinə baxırdı. Əyləşənlərin Əlihüseyn kişinin nəsihətinə diqqətlə qulaq asmağı o demək idi ki, bu tapşırıqlar tək bir adamın yox, rayon camaatının hamsının adındandır.
Mən dillənməmiş məktəbin köhnə müəllimi Əli Qara qocaman fəhləni arxayın elədi:
– Əlihüseyn əmi, Mir Cəlal seminariyanın özündə tələbə təşkilatının sədri idi, 500 tələbə onun öhdəsinə tapşırılmışdı. İçki-filan, əxlaq, ədəb-ərkan məsələsi onun öz nəzərindəndir. Bir də ki, bizim məqsədimiz burada dərs-tərbiyə, mədəni-inqilab yolunda çalışmaqdır. Firqəmizin tapşırığı yolunda can qoymaqdır. Əl-ələ verib işləyəcəyik. Tək əldən səs çıxmaz. Sizin köməyiniz, fəhlə sinifinin rəhbərliyi olmadan kənd müəllimi nə eləyə bilər?
Əli Qaranın bu sözləri, görünür, Əlihüseyn əminin ümidini təmin edirdi. Kişi təsbeh dənəsi kimi kiçik göz bəbəkləri ilə gülərək, müəllimi arxayın salırdı:
– Rəhbərlik bizdə, mədən fəhlələri məktəb üçün heç nəyi əsirgəmirlər. Raykom da, zavkom da məktəbin qayğısını çəkəcək, arxayın olun!
Əlihüseyn əminin sözləri bir onun yox, bütün valideynlərin sözü idi.
Müəllim heyətini abırlı görəndən sonra fəhlələr məktəb üçün xüsusi can yandırmağa, raykomun, ispalkomun, ukomun (qəza komitəsi) yanında tez-tez danışmağa, tərif etməyə başladılar. Bu diqqət və hörmət sayəsində məktəbə kəndlərdən gələn uşaqlar üçün 25 nəfərlik pansion açdıq. Musiqi komitəsi düzəltdik, piano gətirtdik. Neçə hektarlıq bir bağçanı məktəb təcrübə tarlasına çevirdik. Bütün rayon məktəbləri üçün istinad məktəbi yaratdıq. Ayda bir dəfə müəllimlərin rayon müşavirsi, təcrübə mübadiləsini təşkil etdik.
Bərpa dövründən sonra mətbuatda, müzakirə, mübahisələrdə rekonstrukasiya dövrü və bu söz ilə əlaqədar mətləblər dəbdə idi. Mən də həvəslənərək, bir məqalə yazmışdım: “Rekonstrukasiya dövrünün müəllimi!” Bu məqaləni Xalq Maarif Komissarlığının jurnalı dərhal çap elədi və rayon müəllimlərinin çoxuna oxumağı məsləhət gördü. Redaksiyanın xeyirxah münasibəti (o zaman komissarlıqda çalışan Ələkbərli Məhəmməd sonralar Maarif naziri oldu) məni həvəsləndirmişdi.
Məktəblilər üçün “Ədəbiyyat nəzəriyyəsi” kitabı yazmaq iddasına düşmüşdüm. Bu kitabın ilk qaralama nüsxəsini, hətta, tədris pedaqoji şurasına, o zaman orada çalışan Hənəfi Zeynallıya təqdim etmişdim.
Sonralar başım təhsilə qarışdı, aqibətilə maraqlana, izləyə bilmədim.
Vəli Xuluflu Gəncədə məşhur “Mədrəseyi-ruhani” deyilən yeni tipli orta məktəbdə müəllim, həm də məktəb kitabxanasının müdiri idi. O zaman həmin məktəbə xüsusən Şərqdən – Türkiyə, Misir, Tehrandan xeyli kitablar gətirilmişdi. Bu zəngin mirasın həm istifadəsi, həm həm də səliqə ilə qorunması Vəli Xulufluya, Qasım Qənbəroğluna və məktəbin müdiri Pişnamazzadəyə tapşırıldı.
Məktəblərdə oxuya marağı artırmaq üçün ən münasib kitablar seçilib, onlara verilir, oxunan kitab haqqında rəy soruşulurdu. Mən Tolostoyun bir çox hekayələrini həmin kitabxanada oxumuşdum.
Qarşıqlıq illərdə həmin kitabxananın aqibəti və fondu necə oldu, bilmədim.
Gəncədə Sovet hökuməti qurulan günlərdə mən müəllimimiz Xuluflunu izdihamlı yığıncaqlarda görürdüm. Şah Abbas məscidinin həyətində və məktəb qabağındakı bağda onun çıxışlarını, hərarətli, həm də sadə nitqlərini eşidirdim.
Vəli Xuluflu sonralar akademiyanın filialında tarix, dil, ədəbiyyat işlərinə rəhbərlik edirdi. Lüğətlər institutunun direktoru olanda cavan mütəxəssisləri işə dəvət edirdi. “Gənc işçi”də işlədiyimi, aspiranturada oxuduğumu biləndən sonra məni çağırdı. İnstitutda işləməyi təklif etdi, mən də razı oldum.
Çox hazırlıqlı və fəal kommunist, mədəniyyət xadimlərindən idi. Ağamalı oğlu, Ruhulla Axundov, Müzəffər Nərimanov ilə yaxın idi. Çox mühüm məsələlərdə, məsləhət, müzakirələrdə iştirak edirdi. Azəri dilinin təmizliyi, inkişafı haqqında çox ciddi-cəhd edən kommunistlərdən idi.
Hələ Gəncədə, seminariya təhsili illərində mən mətbuat ilə əlaqədar idim. Aşqabadda çıxan “Zəhmət” qəzetində (böyük qardaşım orada çörəkçi işləyirdi və yerli qəzetləri mənə göndərirdi), Tiflisdə çıxan “Yeni fikir” qəzetində Gəncənin mədəni-təsərrüfat həyatını əks etdirən yazılarım nəşr olunurdu. Bunlar yalnız müxbir məktubları, adi xəbərlər xarakterində yox, mühərrir yazıları mahiyyətində idi: “Məhərrəmlik mövhumatı kimin əsəridir?”(1926), yeni əlifba, dərsliklər, maarif məsələləri haqqında yazdıqlarımın çoxu təbəddülatsız nəşr olunurdu.
Bakıya köçənə qədər riyyaziyat həvəskarı idim. Seminariyada bu dərsdən yoxlama yazılarını sinifdə hamıdan əvvəl mən həll edər, əla qiymət alardım. Riyaziyyatdan bir kitaba tənqid yazıb, “Yeni fikir”də çap etdirmişdim. “Riyaziyyatçı” imzası ilə qəzetdə satirik şeirlərim də çap olunurdu.
Əla, ya əyyühəssaqi tutub dünyanı sərxoşlar!
Buraxmır çarşıdan keçsin gecə insanı sərxoşlar.
Satirik şerlərimdən biri belə başlanırdı. Buradakı imzalarımın da maraqlı tarixi var. Satiralarımdan birinə Şəhab (Ulduz) imzası qoymuşdum. Köhnə əlifba ilə “Şəhab” sözünü düz oxumamışdılar, ya nəsə, “Şöhrət” vermişdilər. Sonrakı yazılarımın çoxunda da bu imzanı saxlayıb, təkrar etdilər.
O zaman Maarif Komissarlığının məktəblərə nəzarət və təlimatı geniş, müntəzəm idi. Komissarlığın müfəttişi qocaman tarixçi, dilşünas Məhəmməd Xəlifəzadə Gəncə məktəblərində bir ay yoxlama aparmışdı. Redaksiyanın xahişilə mən o yoxlamaları ətraflı yazıb nəşr etdirdim. Xəlifəzadə işlərinin sonunda məni seminara müdriyyətinin yanına çağırıb, təşəkkür etdi. Komissarlıqdakı hesabatında da bu barədə danışdı.
Mətbuat səhifələrini, xüsusi ədəbiyyata aid yazıları diqqətlə izləyirdim. O zaman Leninqrad türkoloji seminariyasında oxuyan Əli Nazimin mərkəzi mətbuatda maraqlı, geniş və bir qədər də alovlu məqalələri çıxırdı. Bu məqalələr ədəbiyyat aləmində həm maraq, həm də təşvişə səbəb olmuşdu.