Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Molla Nəsrəddin lətifələri», sayfa 2

Kollektif
Yazı tipi:

BƏS NƏ VAXT ELƏSİNLƏR?

Deyilənlərə görə, bir dəfə Molla Nəsrəddini öz yaşadığı şəhərə hakim təyin eləyirlər. Elə Molla işə başlayandan iki gün sonra qaraullar iki nəfər oğru tutub onun yanına gətirirlər. Oğruların biri gecə, biri də gündüz oğurluq etdikdə tutulmuş imiş. Molla işi yoxlayıb gündüz oğurluq eləyəni həbsə alır, gecə oğurluq eləyəni azad edir.

Azad edilmiş oğrunun yardığı evin sahibi Mollanın əlindən Teymurləngə ərizə yazıb işi düz aparmadığından şikayət edir. Teymur Mollaya əmr göndərir ki: "Gecə filankəsin evini yarmış filan oğrunu tutub cəza verərsən!"

Molla əmri alıb oxuyur, öz-özünə fikirləşir ki, yəqin, qanunlar dəyişib, mənim xəbərim yoxdur. Bu oğrunu tutub həbs eləyir, gündüz oğurluq edəni isə azad edir, oğurladığı şeyləri də ev sahibindən alıb ona qaytarır. Bu dəfə də bu ev sahibi Teymurləngə şikayət edir. Teymur hirslənib Mollanı hüzuruna çağırıb deyir:

– Sən nə eləyirsən? Bu oğrunu niyə azad eləyibsən?

Molla deyir:

– Sənin əmrinə görə.

Teymur hirslənir ki:

– Necə mənim əmrimə görə? Mən nə vaxt yazmışam ki, onu azad eləyəsən?

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Bu oğruların biri gecə ev yarıb, biri gündüz. Ata-babadan biz görmüşük ki, oğurluğu gecə eləyərlər, gündüz eləməzlər. Ona görə də mən o gündüz oğurluq eləyəni qanuna və adətə uyğun olmadığına görə həbsə alıb gecə oğurluq eləyəni azad eləmişdim. Sonra sizin imzanızla bir əmr aldım ki, gecə oğurluq eləyən adamı həbsə almaq lazımdır. Ona görə mən də dedim ki, yəqin, qanunlar dəyişib, gecə oğrusunu təzədən həbs eləyib gündüz oğrusunu azad elədim.

Teymur hirslənir ki:

– Bu saat gedib onu da tutarsan.

Molla deyir:

– Qurbanın olum, axı bu, ədalətsizlikdir. Yaxşı, bu yazıqlar gecə oğurluq eləməsinlər, gündüz eləməsinlər, bəs nə vaxt eləsinlər?

ƏDALƏTİNDƏN DANIŞIRAM

Günlərin birində Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:

– Yenə, kim bilir, yalandan nə basıb-bağlayırsan?..

Molla heç özünü sındırmadan baş əyib deyir:

– Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram.

DÖRDQIÇLI OLARDIN

Günlərin birində bir nəfər Teymurləngə bir qaz gətirir. Teymur Mollaya tapşırır ki, qazı bişirtdirsin. Aşpaz qazı qızardır. Molla qazı Teymur üçün aparanda nəfsini saxlaya bilməyib bir budunu özü yeyir. Teymur baxır ki, qazın bir budu yoxdur. Üzünü Mollaya tutub soruşur:

– Molla, bəs bu qazın bir qıçı hanı?

Molla halını dəyişməyib cavab verir:

– Necə yəni bir qıçı hanı? Qaz birqıçlı olar də…

Teymur hirslənir ki:

– Nə sarsaq-sarsaq danışırsan? Necə yəni qaz birqıçlı olar?

Molla:

Başın üçün, qaz birqıçlı olar, – deyib Teymuru inandırmağa çalışır.

Teymur Mollanın bu hərəkətindən bərk qəzəblənir. Molla görür iş şuluqdur. Birdən gözü sataşır pəncərəyə. Baxır ki, çayın kənarında bir dəstə çöl qazı var, hamısı da birqıçlı durub, özlərini günə verirlər. Tez üzünü Teymura tutub deyir:

– Sən elə salmısan padşahlığına, nıx dediyini deyirsən. Odu ha… Bax o qazlara, gör hamısı birqıçlıdı, ya yox?

Teymur lap hirslənir, əlini atıb yay-oxunu götürür, elə pəncərədən qazların topasına bir ox atır. Qazlar qaçmağa başlayır. Teymur deyir:

– Hanı? Bir bax, gör, birqıçlıdılar, ya ikiqıçlı?

Molla heç halını pozmayıb deyir:

– O oxu ki sən onlara atdın, mən sənə atsaydım, ikiqıçlı nədir ki, lap dördqıçlı olardın.

ƏDALƏTİNDƏN DANIŞSINLAR

Teymurləng bir gün Molla Nəsrəddini qorxutmaq və utandırmaq məqsədilə saray adamlarının içində birdən-birə üzünü ona tutub hirsli-hirsli deyir:

– Aldığım məlumata görə, dünən bir məclisdə camaat məni tərifləyirmiş, mənim ədalətli bir padşah olduğum barədə danışırmışlar. Sən də orada imişsən. Mənim yaxşılığım barədə heç bir söz deməyibsən.

Molla heç halını pozmadan cavab verir:

– Xeyr, qibleyi-aləm sağ olsun! Yalan sözdür. Mən nəinki dünən, hətta bütün ömrümdə heç elə bir məclisdə olmamışam ki, orada sənin ədalətindən danışsınlar.

DƏVƏDƏN BÖYÜK OLMAZ

Bir gün bir məclisdə Teymurləngin böyüklüyündən söhbət düşür. Məclisə yığılmış adamlar onun qüvvəsindən, gücündən danışıb tərifləyirlər. Axırda şəhərin hakimi deyir:

– Teymur bu dünyaya gəlib-getmişlərin hamısından böyükdür.

Bu vaxta qədər bir tərəfdə oturmuş Molla söhbətə qarışıb deyir:

– Çox da basıb bağlamayın! Nə qədər böyük olsa, dəvədən böyük olmaz.

YA EŞŞƏK ÖLƏR, YA TEYMUR

Bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Teymur üzünü Mollaya tutub deyir:

– Molla, sənin eşşəkdən yaxşı başın çıxır. Bu eşşəyə bir qiymət ver.

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Bu çox zəkalı heyvandır. Əgər bunu mənə versəniz, mən ona adam kimi danışmaq öyrədərəm.

Temur çox maraqlanıb deyir:

– Yaxşı, verirəm. Şərtini de!

Molla deyir:

– Gərək mənə beş il möhlət verəsən. Hər gündə bir qızıl verəsən.

Teymur razılaşır. Molla hesablayıb günə bir qızıldan beşillik maaşını Teymurdan alır, eşşəyin də noxtasından tutub gətirir evə. Arvad görür ki, Molla yenə bir eşşək gətirib. Soruşur:

– Ay kişi, bu nədir?

Molla deyir:

– Dinmə, arvad. Bu pulları al xərclə, görək başımıza nə gəlir? – Sonra əhvalatı arvada danışır.

Arvad deyir:

– A kişi, dəli deyilsən ki? Başına at təpməyib?.. Eşşək də danışar?..

Molla deyir:

– Arvad, mən elə bilirdim bircə Teymur sarsaqdır ki, mənim sözümə inanıb. Demə, elə sən də onun tayı imişsən. Əlbəttə, eşşək danışmaz.

Arvad hirslənir:

– Bəs indi ki danışmaz, niyə boynuna götürübsən?

Molla deyir:

– Qəribə sual verirsən? Görmürsən, bir anbar pul gətirmişəm?!

Arvad deyir:

– Yaxşı, bəs beş ildən sonra ki, vədə tamam olacaq, onda nə cavab verəcəksən?

Molla bir az fikirləşib deyir:

– Arvad, sarsaq olma, götür pulları, evə şey-mey al!.. Allah kərimdir. Beş ilə kimi ya eşşək ölər, ya Teymur. Elə ikisi də dünyanı tutub durmayacaq ki?..

MOLLA NƏSRƏDDİNİN OĞLU

Deyirlər ki, günlərin birində Teymur Mollanın oğlunu saraya gətirtdirir. Baxır ki, uşaq lap atasına oxşayır. Boy-buxunu, sir-sifəti, ağız-burnu lap Molla Nəsrəddindi ki, durub. Fikirləşir ki, görəsən, uşaq sözdə-söhbətdə də atasına çəkib, yayox? Çıxarıb ona bir qızıl bağışlayır. Mollanın oğlu qızılı əli ilə itələyir. Teymur soruşur:

– Niyə almırsan?

Uşaq deyir:

– Anamdan qorxuram. O mənə tapşırıb ki, küçədə tanımadığım əmilərdən pul almayım.

Teymur deyir:

– Ay sağ ol, ancaq mən ananın dediyi o küçələrdəki əmilərdən deyiləm. Mən padşaham.

Uşaq deyir:

– Mən görürəm ki, sən padşahsan. Ancaq anam inanmaz ki, sən padşahsan.

Teymur soruşur:

– Niyə inanmır?

Uşaq deyir:

– Ona görə inanmaz ki, padşah pul bağışlayanda bircə dənə bağışlamaz, çoxlu-çoxlu bağışlar.

MOLLA və CAVAN

Qış axşamlarından birində Molla məhəllədəki çayçı dükanına gedir. Fikir verib görür ki, dükanın küncündə bir cavan oğlan oturub, amma elədi, elədi ki, elə bil qəm dəryasına batıb. Molla maraqlanıb cavana yaxınlaşır, bir az ordan-burdan söhbət eləyəndən sonra soruşur:

– Qardaş, de görüm, sənə nə dərd üz verib ki, belə qəm dəryasına batmısan?

Cavan bir ah çəkib başlayır ki:

– Molla əmi, səndən ayıb olsa da, mən filan tacirin qızına aşiq olmuşam. Qız da məni sevir. İkimiz də bir- birimizə söz verib əhd-peyman bağlamışıq. O, dövlətli tacir qızıdı, amma mən, necə ki görürsən, yoxsul bir oğlanam. Çox götür-qoy eləyəndən sonra axırı dünən getdim tacirin yanına ki, bəs qızını ver mənə. Tacir bir altdan-yuxarı mənə baxıb dedi:

– Qızımı nə qədər sevdiyini gərək sübut eliyəsən. O da belə olar ki, gərək çayda buzu sındırıb girəsən soyuq suyun içinə. Ta səhərə qədər orada qalasan. Əyər bunu eləsən, onda qızı sənə verərəm.

Mən məhəbbətin gücündən "baş üstə" deyib oradan çıxdım. Gözlədim qaranlıq düşdü. Gəldim çayın kənarına. Buzu sındırıb boğazacan girdim soyuq suyun içinə. Qar yağırdı, külək vıyıldayırdı, bir soyuq var idi ki, day nə deyim. Düz sübhə qədər qaldım suyun içində. Elə ki səhər açıldı, sudan çıxdım, üz qoydum tacirin evinə. İçəriyə girib dedim: "Tacir, əl-əhdü minəl-vəfa. Mən şərti yerinə yetirdim, sən də vədinə əməl eylə". Tacir yenə də bir altdan-yuxarı mənə baxıb dedi:

– Yalan deyirsən. Sübut elə ki, sən, doğrudan da, səhərə qədər suda qalıbsan.

Mən and-aman eləyib dedim:

– Vallah, billah, qalmışam. Hətta o uzaq kəndlərin birində bir pəncərədə bir şam da yanırdı.

Tacir gülüb dedi:

– Demək, şərtimiz pozulub. Sən gözünlə işığa baxıb qızınıbsan.

Mən nə qədər elədim ki, "ay canım, iki ağaclıqdan da şam işığına baxmaqla adam qızına bilərmi?" – kar eləmədi ki, eləmədi. Mən işi hakimə verdim. Bilmirəm hakimlə gedib nə çuğullaşdı, nə çuğullaşmadı, hakim də onun dediklərini təsdiq eyləyib məni çıxardıb qovdu. İndi işim olub belə ahü-zar.

Molla əvvəldən axıra kimi diqqətlə qulaq asıb cavana deyir:

– Sabah axşam mənə qonaqsan. Gəlməmiş olma!

Molla durub oradan birbaş Teymurləngin hüzuruna gedir. Baş əyib deyir:

– Qibleyi-aləm, sabah axşam mənə qonaqsınız.

Oradan gedib həmən hakimi, həmən taciri də çağırır. Bəli, sabah olur. Teymur, hakim, tacir və başqa dəvət olunmuşlar gəlirlər. Molla bunları yaxşıca qəbul eləyir, əyləşdirir, özü haraya isə çıxıb gedir. Teymur ətrafa göz gəzdirib görür ki, nə ocaq yanır, nə qazan qaynayır. Qalır məəttəl ki, bu necə qonaqlıqdır… Qərəz, bir-iki saat gözləyirlər, Molla gəlmir. Axırda Teymur arvadı çağırıb soruşur:

– Ay bacı, bəs Molla hara getdi?

Arvad deyir:

– Bağçanın dibində sizin üçün plov bişirir.

Teymur qonaqları da götürüb gedir bağçanın dibinə. Baxır ki, Molla uca bir ağacın başından bir putluq qazan asıb, ağacın dibində də bir şam yandırıb, oturub gözləyir. Teymur soruşur:

– Molla, bu nədir? Burada nə qayırırsan?

Molla çox sakit deyir:

– Qibleyi-aləm sağ olsun! Su asmışam, gözləyirəm qaynasın, sizin üçün plov bişirim.

Teymur hirslənib deyir:

– Adə, sən özünü dolamısan, ya bizi? Buradan da oraya isti dəyib su qızar?

Molla ondan də bərk hirslənib deyir:

– Bəs iki ağaclıqda yanan şama baxmaqla da bədən qızar ki, sənin hakimin o hökmü çıxarıb?

Teymur soruşur: "bu nə məsələdir?" Molla əhvalatı danışır, Teymur qızı alıb oğlana verir.

MÜNƏCCİMLİK

Günün birində Teymurləng Mollaya deyir:

– Molla, saraya bir münəccim lazımdır, tapa bilmirik. Sənin əlindən munəccimlik gəlməz?

Molla deyir:

– Gələr, amma arvadla birlikdə.

Teymur soruşur:

– Bu nə deməkdi?

Molla deyir:

– Bizim arvadın sözü ilə mənim sözüm həmişə tərsinə olur; məsələn, mən axşam havaya baxıb deyəndə ki, sabah yağış yağacaq, arvad hökmən baxıb deyir yağmayacaq. Özü də sözü ki dedik, üstündə möhkəm dururuq. Öldü var, döndü yoxdur. O deyəndə ki, məsələn, bu il taxıl yaxşı gələcək, mən deyirəm gəlməyəcək. Neçə ildir ki, fikir vermişəm, həmişə ya onun dediyi olur, ya da mənim. Üçüncü cür olmur. Odur ki arvadla mən ikimiz bir münəccim ola bilərik.

BAŞ-GÖZ QALMAZDI

Molla bir gün bir qaba üç qoz qoyub Teymurləngə aparır. Yolda nəfsini saxlaya bilməyib qozların ikisini sındırıb yeyir, birini aparıb Teymura verir. Teymur bundan çox xoşlanıb Mollaya bəxşiş verir. Bir neçə vaxtdan sonra Molla yenə də Teymurdan bir şey qoparmaq məqsədilə bir pud çuğundur götürüb saraya gedir. Yolda dostlarından biri ona rast gəlib soruşur:

– Molla, hara belə? O nədir?

Molla deyir:

– Vallah hamı deyir ki, Teymurləng pis adamdı. Amma mən ondan yaxşılıqdan başqa bir şey görməmişəm. Keçən dəfə ona bir dənə qoz aparmışdım. Mənə filan qədər bəxşiş verdi. İndi bir pud çuğundur aparıram. Bilirəm, indi mənə o qədər bəxşiş verəcək ki, sayeyi mərhəmətində kasıblığın daşını atacağam.

Dostu Mollaya deyir:

– Kaş sən fikirləşən kimi olsun. Amma mən qorxuram tərsinə ola. Hər halda, mən dünyagörmüş adamam. Sən gəl ona çuğundur aparma. Heç olmazsa, əncir apar. Əncir nübardır.

Dostunun sözü Mollanın beyninə batır. Gedib var-yox pulunu verib bir səbət yaxşı əncir alır, aparır Teymura. Teymur əncirləri görcək əmr edir ki, hamısını Mollanın başına vursunlar. Fərraşlar əncirləri bir-bir Mollanın başına vururlar. Hər əncir dəyəndə Molla bir dəfə şükür eləyir. Axırda Teymur soruşur:

– Kişi nə şükr eləyirsən?

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Mən sizə bir pud çuğundur gətirirdim. Yolda bir dostum rast gəlib əncir gətirməyi məsləhət gördü. İndi şükür eləyirəm ki, nə yaxşı o adam mənə rast gəldi. Yoxsa səbətdəki çuğundur olsaydı, sənin sayeyi-mərhəmətində məndə baş-göz qalmazdı.

MOLLA və ŞƏHƏR HAKİMİ

HAMINIZIN DƏRDİNİ ÇƏKİRƏM

Şəhərin hakimi Molla Nəsrəddinə özünün ən qorxulu düşməni kimi baxarmış. Bütün fikri-zikri bu imiş ki, bir fürsət tapıb Mollaya pislik eləsin. Amma hər nə hiylə qurarmışsa, Molla işin içindən elə məharətlə çıxarmış ki, hakim özü axmaq vəziyyətdə qalarmış.

Günlərin birində Mollanın eşşəyi ölür. Hadisə Mollaya o qədər təsir eləyir ki, kişinin yuxusu ərşə çəkilir. Nə dinir, nə danışır, elə dərd çəkir. Şəhərin hakimi məsələdən xəbərdar olur. Heç olmazsa, Mollaya sataşmaq üçün yaxşıca fürsət düşdüyünə sevinir. Adam göndərib Mollanı hüzuruna çağırtdırır. Salamdan sonra yalandan qaşqabağını sallayıb deyir:

– Bu nə bədbəxtlikdir, sənə üz verib, ay Molla!? Deyirlər, canından artıq istədiyin, özünə layiq bir eşşəyin var imiş, ölüb… Bəs bizim kimi dostlara niyə xəbər verməmisən?

Molla başa düşür ki, hakim onu təhqir eləmək məqsədilə çağırıb. Heç halını pozmayıb deyir:

– Siz haqlısınız, hakim ağa! Mən, doğrudan da, o eşşəyi çox istəyirdim. O mənə həm eşşək idi, həm at, həm də, sizdən yaxşı olmasın, gözəl bir dost idi. Yazıq elə birdən-birə azarladı, ömrünü bağışladı sizə.

Hakim baxır ki, Molla yenə də onu üstələdi. Yanına çağırmağına da peşman olur. Birtəhər başdan eləmək üçün deyir:

– Çox da fikir eləmə! Dünyanın vəfası budur. Hamımız o yolun yolçusuyuq da… Nə etmək olar ki?

Molla deyir:

– Əşi, siz sağ olun! Allah onun ömründən kəssin, calasın sizin kimi dostların ömrünə. O necə deyərlər, torpağı sanı yaşayasan. Ancaq mən də elə tək bircə eşşəyin dərdini çəkmirəm ki?.. Bilirəm ki, siz hamınız o yolun yolçularısınız, odur ki elə hamınızın dərdini birdən çəkirəm.

BALTA İLƏ DƏ DÜZƏLTMƏK OLMAZ

Bir gün Molla belinə bir böyük behbud bağlayıb mədrəsəyə gedir. Yolda külək bunun paltarını yelləndirir, altdan behbud görünür. Hökumət də yaraq gəzdirməyi yasaq eləyibmiş. Bunu tutub hakimin yanına aparırlar. Hakim soruşur:

– Sən padşahın əmrini eşitməmisən ki, yanında silah gəzdirirsən?

Molla deyir:

– Hakim ağa, bu, silah deyil, bıçaqdır. O mənə məd-rəsədə dərs deyəndə lazım olur.

Hakim soruşur:

– Nəyə lazım olur?

Molla deyir:

– Mən onunla kitabların qələtini düzəldirəm.

Hakim hirslənir:

– Bu boyda behbudu bağlamısan belinə ki, qələt düzəldirəm. Heç behbudla da qələt düzəldərlər?

Molla bir ah çəkib deyir:

– Bəzən kitab yazanlar elə yekə qələt eləyirlər ki, onları nəinki beybudla, heç balta ilə də düzəltmək olmur.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺36,37
Türler ve etiketler
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
4 s. 8 illüstrasyon
ISBN:
9789952240702
Telif hakkı:
Altun Kitab / Алтын Китаб

Bu kitabı okuyanlar şunları da okudu