Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Səməd Vurğun xatirələrdə», sayfa 4

Kollektif
Yazı tipi:

Mən evdə atama dedim ki, ata, səni məktəbə çağırırlar. Onun sifəti çox ciddi görkəm aldı, başını bulayıb dedi: "Məktəbdə neyləmisən?". Mən cavab verdim ki, heç bir pis iş görməmişəm, yalnızdərslərlə bağlı məsələdir.

Səhərisi gün atam məktəbə gəlib, müəllimlər otağında bütün müəllimlərlə çox mehriban görüşdü, hal-əhval soruşub onlara xoş sözlər dedi. Sonra Sadıq müəllim əhvalatı atama başa saldı. Sinifdə qalacağım barədə fikir atamın xoşuna gəlmədi… Bir az fikirləşəndən sonra: "Ay Sadıq müəllim, görürsünüz də, təqsir Xavər xanımdadır. Mən ona dedim ki, bu uşaqların üçünü də musiqi məktəbinə vermə. Bu da nəticəsi. Doğrudan da, orada bu fənlərə çox fikir verilmir, əsas musiqi fənləridir. Mən sizi də başa düşürəm. Lakin gərək bir çıxış yolu tapaq. Əgər müəllim tutub Aybənizi evdə çalışdırsam necə olar? Dərs ili qurtarana qədər əgər xeyri olmasa, onda, neyləməli, sinifdə qalar…" dedi.

Sadıq müəllim atamla razılaşdı. Fizika müəllimimiz Bəhram Sultanov Azərbaycan Pedaqoji İnstitutunda da dərs dediyindən Şəfiqə adlı bir tələbəni atama məsləhət gördü. Şəfiqə hər dərsdən sonramənimlə demək olar ki, iki saat məşğul olurdu. III və IV rüblərdə artıq mənim qiymətlərim düzəldi və məni sinifdə saxlamadılar. Təəssüflə qeyd edirəm ki, kamal attestatımda qiymətlərimin hamısı "5",riyaziyyat, fizika, kimya fənlərindən "3" olmuşdu.

İllər ötdü… Atamın yubileyi ilə bağlı məktəblərdə keçirilən görüşlərdə mən bu xatirəni söyləyib, o zamanlar mənəvi dəyərlərimizin necə saf olduğunu vurğulayıram. Təhsilə münasibət o qədər ciddi idiki, valideynlərə heç bir fərq qoyulmurdu. O zaman heç kəs təsəvvürünə belə gətirə bilməzdi ki, Aybəniz Vəkilova adlı şagirdə Səməd Vurğunun qızı olduğuna görə layiq olmadığı yüksək qiymət yazılsın.Bunu nə atamın özü, nə mən, nə də ki, sinif yoldaşlarım başa düşə bilməzdilər. Yalnız müəllim və şagird münasibətləri var idi.Mən indi, artıq, 70 yaşa qədəm qoyuram. Həyatımda nəsə yaxşı bir iş görürəmsə,o məktəb illərini, atamı, müəllimlərimi xatırlayıram. Valideynlərimə və müəllimlərimə xəyalən müraciət edib deyirəm: "Çox sağ olun! Nə yaxşı ki, həyatımda sizin kimi insanlar olub!".

S.Vurğun ev-muzeyinin arxivi.

VAQİF SƏMƏDOĞLU

ATAM SƏMƏD VURĞUN HAQQINDA

Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitseprezidenti, ovçu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çerçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev muzeyinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatirə muzeyinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk məskəninə nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niyə? Bəlkə ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adları ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarizm vaxtında isə təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar babalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında ədəbi məntiq var. Səməd Vurğun Puşkinin “Yevgeni Onegin” poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqları var.

Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bir vəzifəsi yadımdan çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamıya məlumdur. Və Azərbaycan nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın kim bilir neçənci müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.

Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyimə arxalanıb deyirəm? Xeyir, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi Səməd Vurğundur. Böyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər tamamilə aktyorluqdan uzaqda duran, bir özünu təqdim edə bilmək, sevilmək yadda qalmaq, alqış doğurmaq bacarığı. Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin… Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanların.

Yaxşı, bəs belə bir istedadla, böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?

– Səməd filankəsi satıb, özü aradan çıxıb.

Bu bir versiya.

– Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.

Bu da başqa bir versiya.

Anam Xavər xanımın versiyası:

– Mircəfər Bağırov “Kpacныe Партизаны” təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.

Bir başqası tamamilə səmimi deyir:

– Səmədi tutub güllələsəydilər, bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!

O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı…

– Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.

Yalandır. Böyük bir bəşər, insan faciəsinin adi məişət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də səmimi, fəqət tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir. Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov… nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmən Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da həmçinin Hüseyn Cavid, Mikayıl Müşfiq kimi sənətkarlar tələf edildilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı hər iki gözü gözyaşları ilə dolub düz gələrdi. Bəlkə də birə-bir…

Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur Sovet şairi-yazıçısı Konstantin Simonov dedi:

– Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mircəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal-əhval tuturmuş. Səmədi fəlakətdən yəqin elə bu qurtardı.

Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibəti ilə keçirilən bayram təntənələri günlərində. Və orada Stalinin hüzurunda onun şərəfinə yazdığı məşhur “Rəhbərə salam!” şeirini oxumuşdu. Elə buradaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab almışdı.

Elə-belə, rəhbər “marağı”, “məzələnməyini” nümayiş etdirən sözlər…

– Самед это твое имя, а Вургун фамилия?

– Нет, товорищ Сталин, это мой псевдоним.

– А что означает слово Вургун?

– Влюбленный!

– В кого, в девушку?

– Нет, товарищ Сталин, в Родину!

Bax, belə bir söhbət Kremldə. Bunun stenoqramması atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə məhz ilk uğursuz məhəbbətindən sonra götürübmüş atam. Stalini aldadıb… Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərilərin siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Ancaq Stalin öz əli ilə “Lenin” ordeni yazıb, o birini pozub… Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib. Belə ki, Simonovun dediyində böyük məntiq var. Həmçinin mənim yaddaşımdan respublikamızın o zamankı yerli diktatoru Mircəfər Bağırovun öz məhkəməsində dediyi sözlər də çıxmır. Hakim Almaniya faşizmi üzərində qurulmuş Nürinberq məhkəməsində SSRİ adından ittihamçı kimi çıxış edən Rudenko müttəhim Bağırovdan soruşdu:

– Siz xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs etdirmək istəyirdiniz?

– Mən bunu istəsəydim, çoxdan edərdim.

Bağırovun sözləri də zənnimcə, həqiqət idi. Görünür, həyatda hər bir tarixi hadisənin bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin repressiyaları da bir nöqtədən çəkilmiş cəhənnəm mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər, xüsusilə sovetoloqlar öz mötəbər fikirlərini deməlidirlər, mənim amacım yalnız atamla bağlı bu haqda oğul sözünü demək idi…

Səməd Vurğun əsasən 1926-ci ildən müntəzəm şeirlər yazmağa başlayıb və 1932-də kitabı “Fanar” işıq üzü görüb. Kitabdakı şeirlər Mayakovski poetikası ruhuna və formasına yaxın yazılardan ibarətdir. Ümumiyyətlə, otuzuncu illərin əvvəlində çoxmillətli böyük bir ölkənin çoxdilli poeziyası forma etibarilə bir-birinin eyni idi. Mayakovski pafosu, sərbət cümlələr pillələri, ritm və bu ənənə dahi rus şairi özünü tapança ilə öldürənə qədər davam etdi. “Fanar” kitabı ilə şair Səməd Vurğun başlandı.

Bəs haralarda təhsil almışdı? Anadan olduğu Salahlı kəndinin məktəbində 5 sinif oxumuşdu. Nənəsi Ayişə xanım onu Qazağa, orada yenicə, 1918-ci ildə açılmış seminariyaya gətirəndə həmən təhsil ocağının rəhbəri böyük maarifçi Firidun bəy Köçərli zəif, raxit bədənli 12 yaşlı uşağı süzüb, deyibmiş:

–  Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz yazığın.

Bunu eşidən Səməd ağzını açıb, Qurani-Kərimdən birnəfəsə surələr deməyə başlayıb, parlaq yaddaşını nümayiş etdirib və sonrakı illərdə seminariyanın 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən savayı, riyaziyyat, coğrafiyadan başqa Qazax seminariyasında saz, tar, hətta skripka çalmaq da öyrənib, dram dərnəyinin fəal iştirakçısı olub. Sonralar Səməd Vurğun Bakı Pedaqoji İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq inanmıram ki, oxuduğu məktəblər, institut, hətta Moskva Universiteti ona nə isə verib, simasını şəxsiyyət kimi formalaşdırıb. Çünki təbiəti etibarilə atam auditoriya və kitabxana adamı deyildi. Mən onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə konspektlər tutan tələbə kimi təsəvvürümə belə gətirə bilmirəm. O, özü özünü savadlı insan etmişdi. Fitri istedadı və kitab oxumağı ilə, bəli, çox geniş mütaliəsinin hesabına Səməd Vurğun dünya fəlsəfəsindən, ədəbiyyat və mədəniyyətindən, tarixindən xəbərdar idi. Onun haqqında yaranmış yanlış miflərdən birinə görə, Səməd Vurğun yalnız istedadı hesabına böyük ədəbi sima ola bilib, guya savadı olmayıb. Yalandır. Atam Kant, Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar idi, marksizm-leninizmi də bilirdi. Rus dilində çap edilmiş dünya ədəbiyyatının nümunələrinin əksəriyyətini də oxumuşdu. Rus dilində tamamilə sərbəst danışır, bir vergül səhvi belə buraxmadan yazırdı. İlya Erenbruq kimi intellektualı bu bacarığı ilə hətta bir dəfə heyrətə gətirmişdi. Fəqət yazının əvvəlində demişdim: atam haqqında miflər çoxdur, indinin özündə də yaranmaqdadır. Qoy olsun. Bu miflərdən, şəxsən mənə görə Səməd Vurğun poeziyasına nə xeyir dəyir, nə zərər. Bu poeziya isə poeziya məfhumunun özü qədər sehrkar və sirlidir. Niyə?

1989-90-91-ci illərdə Bakıda keçirilən çoxminli Milli Azadlıq hərəkatının mitinqləri azəri türklərinin oyanışı, sovet imperiyasının süqutu, millətin öz doğma torpağı Qarabağa qarşı qonşu Ermənistanın təcavüzünə sinə gərməkçün qalxması amilləri ilə yanaşı, həm də neçə dəfə atamla bağlı da narahat hislər kecirmişdim. O zaman Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin heykəlləri uçurulurdu. Və bu anlarda, nə gizlədim, mənim övlad qəlbimdə xəfif, fəqət dəhşətli bir xof, qorxu var idi ki, birdən beyinləri qızmış gənclər “sovet şairi”, “sovet bəstəkarı”, “sosializm ideoloqları” fitvası altında Səməd Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl qaldırarlar, onları da dağıdarlar. Bununla da, Çində baş vermiş “mədəni inqilabın” başqa variantını təkrar edərlər. Bu mənim şəxsi faciəm və əlbəttə ki, bütün Azərbaycana vurulmuş, ölkənin nüfuzunu bütün dünyada ən aşağı pilləyə endirən bir aksiya olardı. Xoşbəxtlikdən xalqımız mənim xofumdan qat-qat müdrik çıxdı, doğrudan da poeziya məmləkətinin övladları olduğunu sübut etdi. Mitinqlərdə ən çox şeirləri səslənən şairlərdən biri məhz Səməd Vurğun oldu. Qəribədir ana torpaq uğrunda şəhid olmağa hazır olanlar da Səməd Vurğunun şeirlərindən misralar deyirdilər, meydanda yüz minlərlə insanı dağıtmaq məqsədi ilə oraya gələn kommunist partiyasının rəhbərləri də, vətənpərvərlər və təxribatçılar, türkçülər və islamçılar, demokratlar və ifrat radikallar da. Belə də olmalı idi. Əsil poeziya, hətta hansısa konkret bir ideologiyanın tərənnümçüsü kimi çıxış edəndə belə, öz bədii muxtariyyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redvard Kiplinq İngiltərədə… Unutmayaq ki, məşhur “Qırmızı papaq” nağılını Şarlz Pyerro bir royalist ideoloqu kimi yazmış və bu nağıl Fransada bir müddət yasaq elan edilmişdir. Amma bu gözəl, müdrik nağılın bədiiliyi bütün ideologiyalardan qüvvətli, yaşarı çıxıb və bugünə də ayaq basdı, gələcəyə də yönəlib. Görünür, Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti altında saxlayır. Ona təşəkkür edək.

Mən Allaha bir işinə görə də minnətdaram. 1933-cü ildə Səməd Vurğunu bir gənc qızla – Xavər Mirzəbəyovayla görüşdürdüyünə görə. Mənim atamla anamı…

1935-ci ildə qardaşım Yusif Səmədoğlu dünyaya gəldi. Yazıçı idi. Azərbaycan parlamentinin üzvü olmuşdur.

1937-ci ildə bacım Aybəniz dünyaya göz açmışdı. Atamın ən çox sevdiyi övladı. Onun bacıma olan böyük, kövrək məhəbbəti məndə nədənsə heç bir vaxt qısqanclıq doğurmayıb və bunun səbəbini sonralar anlamışam. Axı atam ata da görmüşdür, qardaşı da var idi. Anasını lap uşaqkən itirmiş, bacısı isə olmamışdır. Və Səməd Vurğun bu həsrətini məhz Aybənizlə söndürmüşdü. Bacım anam Xavər xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu yaşatmışlar.

Qardaşımla bacımın dünyaya gəlməklərini dedim, özümü isə az qala unutmuşdum. Mən bu dünyaya 1939-cu ildə gəlmişəm. Mən doğulandan cəmi bir neçə saat sonra atam doğum evinə anama qısaca bir məktub, şeir çatdırıb. İlk misraları belədir:

Demək oğlumuzun Vaqifdir adı,

O da olacaqdır şeirin ustadı.

Göründüyü kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoyan və tanıdan adam Azərbaycanın Xalq şairi Səməd Vurğun olub. Əlbəttə ki, bu sözlərim zarafatdır. Mənim də həyatım təsadüflərdən yoğrulmuş bir insan taleyidir. Genetik amilləri mən kənara qoymuram. Bu da var…

Mənim yazım Səməd Vurğun yaradıcılığının təhlili, onun tam bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm tutan bir oğulun ata haqqında və dar çərçivə daxilində yazdığı bir esse sayağı məlumatdır. Bununla belə deməliyəm ki, Səməd Vurğun ən tanınmış Azərbaycan dramaturqlarından biridir. İndinin özündə də onlarla, bəlkə də yüzlərlə adamlar var ki, onun mənzum “Vaqif” dramının ilk misrasından sonuncusuna qədər əzbərdən deyirlər! 1938-ci ildə yazılmış bu əsər hələ də unudulmayıb, çoxdan bəri səhnədə qoyulmasa da. “Fərhad və Şirin”, “Xanlar”, “İnsan” dramları da var Səməd Vurğunun.

Səməd Vurğunun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri, onun indiki ədəbi azəri türkcəsinin formalaşmağında apardığı mübarizədir. Dilimizin ifrat ərəb və farsçılıqdan qurtarmasında. Qələbə ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki, bu dil var, Səməd Vurğun adlı şair oxunacaq. Seviləcək və sevilməyəcək. Yəni yaşayacaq.

Atam Səməd Vurğun haqqında.Vaqif Səmədoğlu.

Şair və zaman. B.,“RS Poliqraf” MMC, 2010, səh.6-12.

Vaqif Səmədoğlu

İstəyirmiş ki, biz sürgün edildikdən sonra intihar etsin…

Mən indi Səməd Vurğundan 14 yaş böyüyəm. O, rəhmətə gedəndə mənim hələ 17 yaşım tamam olmamışdı. Yaşımı nəzərə alsaq, Səməd Vurğun mənim yadımda şair, dramaturq, alim kimi yox, əlbəttə ki, bir ata kimi qalıb. Çox təəssüflər edirəm ki, nə ömür ona möhlət verdi, nə də mənim yaşım o yaş deyildi ki, atamla ədəbiyyat haqqında ciddi söhbətlər edə bilim.

Şair, şəxsiyyət Səməd Vurğunun böyüklüyünü isə mən uşaqlıqdan hiss etmişəm. Ətrafdakıların ona olan münasibətini, hörmətini, müəyyən mənada dastana, mifə çevrilməsini gözlərimlə görmüşəm.

Deyim ki, qardaşım mərhum Yusifin bir nasir, mənim bir şair, dramaturq kimi formalaşmağımda Səməd Vurğunun ata müdrikliyini indi hiss eləyirəm. Mən onun bizə verdiyi tərbiyəni nəzərdə tuturam. Səməd Vurğun ata kimi son dərəcə demokratik adam idi. Məsələn, o heç vaxt bizim mütaliəmizə qarışmazdı. Yaxud, bilirdik ki, caz musiqisindən zəhləsi gedir. Amma, Bakının cazmenləri, o sıradan Vaqif Mustafazadə də daim bizə yığışar və caz ifa edərdik. Bir dəfə də etirazını bildirmədi.

Musiqini çox sevirdi, yaxşı saz çalırdı, tar çalırdı. Qazax Müəllimlər seminariyasında təhsil almışdı, orada skripka çalmağı da öyrənmişdi, tütək çala bilirdi. Bir sözlə musiqiyə aludə bir insan idi. Muğamlarımızı, aşıq havalarını çox yaxşı bilirdi. Otuz üç əsas aşıq havası var, onların hamısını ifa edirdi.

Klassik musiqiyə də həvəsi var idi. Üzeyir Hacıbəyovla və başqa bəstəkarlarla dostluğu təsadüfi deyildi. Böyük rus bəstəkarı D. Şastakoviç ilə də dost idilər. O, nə vaxt Bakıya gəlirdisə, atamla görüşürdülər. R.Qliyerlə də yaradıcılıq əlaqələri, dostluqları var idi. O, atamın Moskvada Stanislavski teatrında oynanılan “Fərhad və Şirin” tamaşasının musiqisini yazmışdı.

SSRİ Yazıçılarının İkinci Qurultayında Sovet poeziyası haqqında məruzə, məlum olduğu kimi, S.Vurğuna tapşırılmışdı. 1954-cü ildə oxuyacağı bu məruzəyə o, xeyli əvvəldən hazırlaşır, Moskvaya gedib gəlirdi. 1953-cü ildə məni özü ilə aparmışdı.

Məlumdur ki, o zaman belə rəsmi məruzələr yoxlanılırdı və o dövrün məşhur yazıçıları, intellektləri onlara rəy verirdilər. Rus dilində yazdığı məruzəsinin bir nüsxəsini də mənə verdi ki, İ.Erenburqa, onun evinə aparım. O zaman mənim 14 yaşım var idi. Məruzəni gətirdim və o, elə mənim yanımdaca onu diqqətlə oxumağa başladı. Mənim isə gözlərim onun evinin divarlarında idi – bütün divarlar qəlyan kolleksiyalarından ibarət idi.

Məruzəni oxuyub qurtardıqdan sonra İ.Erenburq məndən soruşdu ki, o, Moskva Universitetini bitirib? Dedim ki, xeyr o, Moskva Universitetində oxuyub, amma bitirməyib. Təkrar soruşdu ki, Bəs haranı bitirib? Mənim yadımdan çıxıb, cavab verdim ki, heç haranı. Doğrudan da atamın ali təhsil diplomu yox idi. Yenə soruşdu ki, bəs, bu, rus dilini hardan belə bilir?– soruşdu və o andaca əlavə etdi ki, elə mən özüm də dördsinifli gimnaziya bitirmişəm.

“Moskva” mehmanxanasına qayıtdıqdan sonra bu söhbəti atama danışdım. O da qayıtdı ki, ə, bəs bizi nə bilmişdin?!

Ovla bağlı da xatirələrim çoxdur. Məni tez-tez ova aparardı. Mənə ilk tüfəngi 9 yaşımda almışdı. Amma, anam qorxdu, o tüfəngi qaytartdı. Sonra ova aparanda, əlbəttə mənə də tüfəng tapıb verirdi.

Atam həyatım boyu mənə bircə dəfə əl qaldırıb, o da ovda olub. Ümumiyyətlə isə o, nə Aybənizə, nə Yusifə, nə də mənə əl qaldırmazdı. Onun zəhmli baxışları vardı, o, bizə kifayət edirdi. Mənə əl qaldırmağı, yüngülvari şillə vurmağı isə belə oldu: təxminən iki kilometr uzaqda adamlar vardı və mən onları görürdüm. Onu da bilirdim ki, ov tüfənginin öldürə biləcəyi məsafə 40-50, ən yaxşı tüfənginki isə 60-70 metrdir. Həmin istiqamətdə quş qalxdı və atdım. Gəldi ki:

– Adamları görmədin?

– Gördüm.

– Bəs, adam olan səmtə tüfəng atarlar?! – deyib mənə bir şillə vurdu və bu mənə dərs oldu.

Son illərə qədər ova gedirdim və lap uzaqda insan, mal-qara görürdümsə, o səmtə tüfəng atmırdım…

Səməd Vurğun haqqında yaranmış miflərdən biri odur ki, guya o, ova ancaq təbiətlə ünsiyyətdə olmaq, dağlarla, meşələrlə, göllərlə… söhbət etmək üçün gedirmiş və s. Xeyr, bu, yanlışdır. Doğrudur, ovçuların 90 faizi, o sıradan Səməd Vurğun da ən incə qəlbli insanlardır. Çünki, həmişə təbiətlə ünsiyyətdə olurlar. Amma, təbiətə sevgi onların, sözün həqiqi mənasında ovçuluğuna heç vaxt mane olmayıb.

Səməd Vurğun şəhər adamı yox, kənd adamı olub; kənddə anadan olub, kənd mühitində boya-başa çatıb. O, çox mahir və çox ehtiraslı, sərrast atıcı idi. Ovçuluq – qəddarlıq deyil. Düzdür, qəddar ovçular, brokonyerlər var. Amma o, brokonyer olmayıb. Məsələn, quşlar–kəklik, turac, qırqovul yumurta üstə olanda heç vaxt ova getməzdi. Ov etməyin vaxtını bilib. Mən bu mifə qarşı həmişə çıxmışam. Yəni S.Vurğun, şübhəsiz, təbiətlə ünsiyyətdə olmağı çox sevirdi, amma ovu da sevirdi…

Biz, yəni mənim mənsub olduğum nəsil S.Vurğun dramaturgiyası tipli, pafoslu, açıq ehtiraslar tipli dramaturgiyanın təsiri altında böyümüşük. Mən 60-cıların nümayəndəsiyəm. Biz 60-cıların dünyaya gözümüz açıldı və Avropa, Amerika dramaturgiyasının müəyyən nümunələri ilə tanış olduq. S.Vurğunun, o sıradan C.Cabbarlının da, M.İbrahimovun da, İ.Əfəndiyevin də 60-cı illərə qədərki dramaturgiyası öz dövrünün təzahürü, aynası idi. O əsərlərə indi əldə etdiyimiz müstəqillik zirvəsindən iradlar tuturlar. Mən bunu düzgün saymıram. Çünki, o əsərlər o dövr dramaturgiyasının ən parlaq nümunələrdir.

Məsələn, biz indi bilirik ki, “Vaqif” dramında tarixilik baxımından nöqsanlar az deyil. Amma, nəzərə almaq lazımdır ki, “Vaqif” tarixi əsər yox, poetik əsərdir. Yəni, 1938-də yaranmış bir sovet nağılıdır. Burada əsərin bədii keyfiyyətinə fikir vermək lazımdır. Bədii keyfiyyət nöqteyi-nəzərindən mən “Vaqif”i və xüsusilə də “Fərhad və Şirin”i Azərbaycan poeziyasının ən yüksək nümunələrindən biri sayıram.

Mənim ən ağrılı xatirələrimdən biri “İnsan” əsəri ilə bağlıdır. Atamın dilindən dəfələrlə eşitmişdim ki, “hayıf, hayıf “İnsan”dan”. “İnsan” tamaşasının müzakirələri S.Vurğun üçün çox ağrılı keçmiş və bu əsər səhnədən götürülmüşdü. İllər keçdikdən sonra mərhum rejissorumuz, böyük sənətkar Mehdi Məmmədov onu bərpa etdi. Mənə bu quruluşda tamaşanı görmək nəsib oldu. Bu əsər də S.Vurğun romantizmi ilə yazılıb. Əgər, atam sağ olsaydı, bir dramaturq kimi onunla “İnsan” ilə də, “Vaqif” ilə də, “Xanlar” ilə də, “Fərhad və Şirin” ilə də bağlı mübahisələr edə bilərdim. Amma “İnsan” pyesini bizim bir zamanlar Böyük Vətən müharibəsi adlandırdığımız müharibənin mahiyyətini poetik və fəlsəfi dil ilə izah etməyə çalışan bir sənətkarın yaradıcılıq uğuru hesab edirəm. Orada qoyulan “Qalib gələcəkmi cahanda kamal?!” ədəbi sualı S.Vurğunun çox böyük tapıntısıdır. Mən də bu saat o sualı dünyaya verirəm və cavab tapmıram.

“Xanlar” pyesinə də tamaşaçıların reaksiyası mənim indiki kimi yadımdadır. İndi teatr salonlarında elə reaksiya yoxdur. Xanların evində gəlib Kobanı–Stalini axtarır və xanların anasından “qonağ”ın yerini soruşurlar. Qadın cavab verir: “Qonağın yerini istəyirsiniz? Yarın ürəyimi, ürəyimdədir”. Burada bütün zal, o cümlədən mən ayağa qalxıb, əl çalırdıq.

Deməyim odur ki, bu əsərlər öz dövrünün əsərləridir və vaxt gələcək ki, o dövrün dramaturgiyasının, o cümlədən S.Vurğunun pyeslərinin Azərbaycan səhnəsinə yeni gəlişi olacaq. Eləcə də o əsərlərə tamaşaçıların və teatrşünasların yeni münasibəti meydana çıxacaqdır. Məsələn, “Vaqif” tarixi əsər kimi yox, Azərbaycan tarixinin bir parçası kimi qəbul ediləcəkdir…

S.Vurğunun istedadı, ünsiyyətcilliyi, özünü sevdirmək bacarığı, xalq içərisində nüfuzu, yumoru, əliaçıqlığı və başqa bu kimi keyfiyyətləri Moskvaya təbliğat üçün lazım idi. Amma, o da bundan istifadə edib, milli dəyərləri təbliğ edirdi.

Moskva şair və yazıçıları A.Fadeyev də, K.Simonov da, M.Şoloxov da, Ukraynadan Korneyçuk, Özbəkistandan Q.Qulam da, Gürcüstandan G.Leonidze və bir çox başqaları S.Vurğunu özlərinə bərabər bir insan və böyük sənətkar kimi qəbul edir, ona çox böyük hörmət və məhəbbət bəsləyirdilər.

S.Vurğun Nazim Hikmətlə yaxın münasibətdə olub, onun Pablo Neruda, çex şairi Vanslav ilə görüşləri olub.

S.Vurğunun dəvəti ilə Azərbaycan poeziyası antologiyasını tərcümə etməkdən ötrü Moskvanın bir neçə tanınmış şairi Bakıya gəlmiş və S.Vurğunun hesabına burada bir neçə ay yaşamışlar. Nəticədə antologiya işıq üzü gördü və rusdilli oxucu onunla tanış oldu. Bunlar S.Vurğunun avtoriteti hesabına başa gələn və xalqımız üçün lazımlı işlər idi.

S.Vurğun o vaxtlar bütün Sovetlər İttifaqında və Şərqi-Avropa ölkələrində çox tanınır və sevilirdi. O ölkələrdə də adına mədəniyyət müəssisələri var.

Demək istəyirəm ki, S.Vurğunun əlaqələri çox geniş idi və üstəlik onun Moskvada böyük şəxsiyyət kimi qəbul edilməsi Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyəti və elminə çox şey verdi.

Mənim atam haqqında xatirələrim çoxdur. Yumoristikləri də var, ciddi, dramatik olanları da var. Mənim də gördüyüm və yaşadığım dramatik xatirələr 1950-ci illərin əvvəllərində baş verənlərdir.

…1952-ci ildə Səməd Vurğunun həbs olunması haqqında artıq Respublika prokuroru order imzalamışdı. Hətta, bizim ailənin sürgün ediləcəyi Qazaxıstanın Kustanay vilayətindəki kəndin adı da məlum idi.

İstintaqda Səməd Vurğun dəfələrlə dindirilmişdi. Səməd Vurğunun kitabları kitabxanalardan yığışdırılmış, tamaşaları səhnədən götürülmüşdü. Bu ağır günlər, nigarançılıq 4 aya qədər davam etdi. Özümüzlə götürməyə cəmi 2 çemodan icazə vermişdilər. Səməd Vurğun o vaxt Azərbaycan Elmlər Akademiyasının prezidenti işləyən Musa Əliyevə deyibmiş ki, 3 aydır mən pencəkdə, ayağımda ayaqqabı yatıram, bu cür yaşamaq çox ağırdır. Bilmirəm necə edim ki, məni tutmazdan əvvəl ailəmi sürgünə göndərsinlər. Sonra anam balışının altından tapançasını tapdı. İstəyrmiş ki, biz sürgün edildikdən sonra intihar etsin.Tapança da marşal Rokosovskinin hədiyyəsi idi…

Məhkəmədə Mircəfər Bağırovdan Rudenko soruşdu ki, niyə Səməd Vurğunu həbs etmək və öldürmək istəmisiniz? Mircəfər Bağırov dedi ki, əgər bunu istəsəydim, edərdim…

Səməd Vurğunun əmiləri, Mustafa ağa Vəkilov, Rəhim ağa Vəkilov, Məmmədrza ağa Vəkilov Müsavat Partiyasının Mərkəzi Komitəsinin 21 üzvündən 3-ü olub.

Rəhim ağa Vəkilov qaça, adlaya bilmədi, Tiflisdə Fətəli xan Xoyski kimi özünü öldürdü. Mustafa ağa Vəkilov da Məhəmməd Əmin Rəsulzadə ilə Polşada, Türkiyədə bir yerdə olublar. Məmmədrza ağa Vəkilov da həbsxanalarda ölüb. Digər tərəfdən, Müsavat Partiyasının fəal üzvləri, Üzeyir bəy Hacıbəyov və Abdulla Şaiq də tutulmayıb. Müsavat Partiyasına dəxli olmayan Hüseyn Cavid, estetik, ancaq ədəbiyyatla, gözəlliklə, fəlsəfə ilə məşğul olan bir insan tutuldu, gedib zülmlər içərisində öldü. Yaxud, yaş nöqteyi-nəzərindən Mikayıl Müşfiq. 28 yaşında həbs olunub. Bunlara rəğmən S.Vurğunun 1937-də həbs edilməməsi mənə möcüzə kimi gəlir.

Səməd Vurğunun 1937-ci ildə sağ qalması ilə bağlı ən ağlabatan sözü mənə bir dəfə Moskvada Konstantin Simonov dedi. Atamın dostu, böyük insanlardan biridir. O, dedi ki, diktatorların, böyük sərkərdələrin xasiyyətləri fərqli olsa da, onları birləşdirən bir cəhət var. Bu da onların öz yaddaşlarını nümayiş etdirməsidir. Bütün diktatorlarda olduğu kimi, Stalində də bu xüsusiyyət olub. 1935-ci ildə Kremldə Səməd Vurğun və digərlərini Stalin qəbul etmişdi. Səməd Vurğun da tirbunadan “Rəhbərə salam”ı oxuyub. Şeiri oxuyandan sonra Stalin ondan soruşur ki, “A çto oznaçayet Vurqun?”. Səməd Vurğun da deyir ki, “Vlyublyonnıy, tovariş Stalin”. Stalin deyir ki, “V koqo, devuşku?”. Səməd Vurğun deyir ki, “Net, tovariş Stalin, Rodinu i na vas”.

Stalin də qayıdır ki, “Ne vıdumıvay, tı toqda menya ne znal”. Stalin soruşur ki, “Eto psevdonim?”. Səməd Vurğun deyir ki, “Da”. O da soruşur ki, “A familiya kak?”. Deyir ki, “Vekilov”. Stalin bu familiyanın Azərbaycanda necə olduğunu soruşur. Səməd Vurğun da deyir ki, Vekilzade. Stalin də qayıdır ki, “Vot tak i nado qovorit”.

Simonov mənə dedi ki, ola bilməz ki, dəhşətli yaddaşı olan Stalinin yadında bu qalmasın. 1937, 1938-ci ildə Mircəfər Bağırov Stalinin yanına gələndə Stalin, yəqin ki, öz yaddaşını nümayiş etdirməyə başlayırmış. Mircəfər Bağırovdan pambıqyığan Bəsti Bağırovanı, Bülbülü, Üzeyiri, Səməd Vurğunu soruşurmuş. Simonov deyir ki, ola bilər, məhz bu, Mircəfər Bağırovu saxlayıb. Doğrudan da 1935-ci ildə Azərbaycan mədəniyyəti günlərində Stalinlə görüşdə iştirak edən insanlardan heç biri həbs olunmayıb…

 1952-ci ildə – o ağır günlərdə bizim evə yazıçıların gəlib-getməsi yox idi. Mən heç kimi də burada qınamıram. Ancaq 3 adam həmişə atamın yanına gələrdi. Bunlardan ikisi atamın ovçu dostları – Allahyar əmi Cavanşirov, bir də Allahyar əmi Behbudov idi. Onların biri uzun, biri qısa idi. Atam da bunlardan birinə “ uzun”, o birinə də “gödək” deyirdi. Bir də evimizə Xan Şuşinski gəlib. Xan Şuşinski ağır günlərdə, dekabrın 25-də, Yusifin ad günündə də gəlmişdi. Evdə plov və s. bişirilmişdi. Bir də gördük ki, Xan Şuşinski dəstəsiylə, dəfiylə gəldi. Dedi ki, ay Səməd, ürəyini yemə. Oturdu, yedi-içdi, oxudu. Gecə saat 3-4-də çıxıb getdi…Amma yazıçıları qınamayın. Biz o imtahandan heç vaxt keçməmişik, amma indi asan qiymət veririk. Mən bilmirəm ki, bizim nəsil, bizdən sonra gələn nəsil 1937, 1948 və 1952-ci illərdə özlərini necə aparardılar.

Bir xatirəni də qeyd etmək istəyirəm. Səməd Vurğun Qobustan qayaüstü rəsmlərini də xilas edib. Mirzə İbrahimovun “ZİM” maşınını götürdü, mən də yanında idim, oturduq. Prokurorluqdan da bir nəfər, Qobustana gəldik. İsaq Cəfərzadə ilə Yampolski orada idilər. Qobustanda bir neçə qayaüstü rəsmlər əldən getdi. Uçurdular, kəsdilər. Bütün Qobustanı kəsirdilər. Ora gələndə atam prokurordan tapançasını aldı, maşından düşən kimi başladı atmağa. Söydü, dedi ki, nə edirsiniz?! Səməd Vurğunun Qobustan qayalarının qalmasında rolu oldu. Sonra oranı qoruq etdilər…

“Vurğun ocağı” sənədli filmində V.Səmədoğlunun çıxışından

götürülüb(S.Vurğun ev-muzeyinin videotekası).

Abdulla Şaiq

ELLӘR ŞAİRİ

O zaman mәnim diqqәtimi cәlb edәn istedadlardan, özü dә adi olmayan istedadlardan biri Sәmәd Vurğun olmuşdu. Pәrişan saçlı, dalğın baxışlı, mәnalı vә zәһmli bir simaya malik olan bu gәnci ilk dәfә Yazıçılar Cәmiyyәtinin tәşkil etdiyi şeir gecələrindən birindә gördüm. O, özünün bir neçә şeirini oxudu. Dinlәyicilәr cavan şairi tәkrar – tәkrar kürsüyә çıxmağa mәcbur etdilәr. Oxunan şeirlәrә mәn dә valeһ oldum. Yanımdakından bu gәnc şairin kim olduğunu soruşduqda o: “Sәmәd Vurğundur”, – dedi, – “һansı kәnddәsә müәllimlik edir”.

₺77,97