Kitabı oku: «Türk hekayələri»

Kollektif
Yazı tipi:

Məmduh Şövkət Əsəndal

KƏLƏŞ

Günorta idi. Yay günəşi hər tərəfi yandırıb-yaxırdı. Ucsuz-bucaqsız çöldə nə bir kənd, nə də bir ağac görünürdü. İki arıq, qoca at sınıq-salxaq arabanı çəkib aparırdı. Arabanı iyirmi beş yaşında dəlisov Kələş sürürdü. Altmış yaşlı bir kişi arabanın içində yatırdı. O, kaftarlı Hacı Hüseyndi. Qızdırma xəstəliyinə tutulmuşdu. Quru otun arasına girib titrəyir, hərdən də inildəyirdi:

– Vay, anam, ölürəm, anam, ölürəm…

Kələş dönüb Hacıya baxdı, gülümsədi. Sonra da atların yüyənini yellətdi, qamçını havada oynadaraq, günün istisindən yanan düzənliyə göz gəzdirdi. Hacı yenə inildəməyə başladı:

– Kələş, ölürəm, Kələş!

Kələş səsini çıxartmadı.

– Kələş gədə, eşitmirsən?

Kələş qanrılıb:

– Həəə, nə var? – dedi.

– Ölürəm, gədə!

Kələş yenə düzənliyə baxıb saymazyana dedi:

– Qorxma, sənin canın asanlıqla çıxmaz, sən çox işlər görmüsən.

Hacı bir az susandan sonra soruşdu:

– Gədə, mən nə iş görmüşəm?

– Özün gördüyün işləri məndən soruşursan?

Hacı səsini kəsdi. Mətləbi uzatmaq istəmədi. Amma Kələşin ağzı açılmışdı:

– Sənin gördüyün işlər məgər birdir, ikidir? Sənin o qədər zibillərini bilirəm ki…

– Gədə, keçəl köpək oğlu, mənim hansı işimi bilirsən?

– Çox fırıldaqlarını bilirəm. Bir mən yox, hamı bilir. Öməri dama soxduran sən olmadınmı? Sürüsünü ələ keçirmək üçün…

– Gədə, əclaf, mən onun sürüsünü Sultan hərrac bazarından almadımmı?

– Həəə, amma sürünü hərraca qoyduran kim oldu? Ömər hərbi tribunaldan qurtarmışdı. İngilislərə pul basıb, sən onu təzədən tutdurmadınmı?

– O dəyyus məni öldürmək istəyirdi. Bəs onu niyə demirsən, keçəl qurumsaq?

– Ömər öldü, sənin canın qurtardı. Qalsaydı, atanı dalına şələyəcəkdi. Necə olsa, yenə bir gün səni gəbərdəcəklər. Rəcəbin arvadını yalan nikahla aldığın yadından çıxıb? Sən yaman əclafsan, yaman!

– Gədə, keçəl əclaf, Rəcəb əsgərlikdən qayıdanda mən onun arvadını özünə qaytardım, axı. Arvad öz ərinin yanına getmədimi?

– Qardaşların qıpıqlı Bəkirin xırmanını yandırdılar. Sonra kişini də arxadan vurub öldürdünüz. Bunu hamı bilir. Bəkirin dul arvadının qarğışı tutsa, sənin iki gözün də kor olacaq.

Hacı səsini çıxartmadı. Kələş təzədən başladı:

– Sən Əlinin arvadını da yoldan çıxartdın. Kişi kosa mollanın oğlu Quyucaqlının yanına işləməyə gedəndə sən özünü verirdin onun arvadının yanına. Özüm dəfələrlə görmüşəm.

Hacı bağırdı:

– Gədə, vələdəzzina, sənə demirəmmi kəs səsini? Ayağa dursam…

Kələş dönüb qorxu ilə Hacıya baxdı. Amma yenə dilini kəsmədi.

– Hələ dur, səni çölün düzündə atıb gedərəm, onda görərsən.

Kötək yeməyə alışmağın da yaxşı cəhətləri var. Kələş lap uşaqlıqdan diliuzunluq edər, hamıya ağzına gələni deyərdi. Ona görə də gücü yetən onu döyərdi. Döyülməyə öyrəşmişdi. Hacı da onu az döydürməmişdi. Bəlkə də Kələş bunu yadına salıb dedi:

– Məmmədəlini niyə qovdun? Sənin arvadının ona gözü düşmüşdü, ona görə, həəə? O gün sənə yalan demişdim? Məni nə üçün döydürdün? İt sürüsü qədər oğul-uşağın var, amma heç biri səninlə olmur. Bilirsənmi niyə? Çünki səndə din-iman yoxdur. Ağına-bozuna baxmırsan. Demirsən ki, bu gəlindir, bu qızdır…

Hacı yaralı şir kimi yerindən sıçradı. «Gəbərdəcəm səni, dəyyus» deyib Kələşin çənəsinə bir yumruq ilişdirdi. Kələş ehtiyatlı oturmuşdu. Lakin zərbədən qoruna bilmədi. Atlarla arabanın arasına yuvarlandı. Tez sürünüb oradan çıxdı. Arabadan dörd-beş addım aralandı:

– Acığın niyə tutur? Bəyəm yalan deyirəm?

– Yenə çərənləyir, atasından bixəbər köpək oğlu…

Hacı arabadan düşmək istəyəndə Kələş bir az da qabağa qaçdı. Dayandı.

Kələş arabadan yıxılanda atlar dayanmışdı. Hacının araba sürmək halı yox idi. Yenə uzandı. Kələş də çöməldi. Əlinə çöp alıb qumu eşələməyə başladı. İyirmi dəqiqəyəcən beləcə dayandılar. Hacı gördü ki, Kələş yerindən tərpənmir. Qorxdu ki, birdən Kələş arabanı qoyub gedər.

– Ay Kələş! – deyə səslədi.

– Həəə! Nə var?

– Gəl, gədə, sür arabanı gedək!

– Döyərsən axı…

– Döymərəm, ədə, ağzını yum… Gedək!

Ömər Seyfəddin

DİKDABAN AYAQQABILAR

Xədicə xanım çox gənc yaşından dul qalmış bir qadın idi. On üç yaşında ikən altmış altı yaşlı bir kişiyə ərə getdiyi üçün indi nikahın adını belə eşitmək istəmirdi. Az qala on il olardı ki, kişi surəti onun zehnində revmatizm, bəlğəm, pambıq, banka, yod yığınlarından ibarət iyrənc, cansıxıcı məlun bir xəyalat şəklində canlanırdı. «Gənc kişilər başqa cür olurlar» deyən olanda:

– Yox, yox… Məgər onlar bir gün qocalmayacaqlarmı? Onların dərdini sonra kim çəkəcək? – çığırıb həşir salardı. Xədicə xanımın fikri-zikri təmizkar və namuslu olmaq idi. O, hər səhər özünün Göztəpədəki mülkünü xidmətçisi Elen və qızlığı Gültərlə bərabər təmizləyər, aşpazı Məhmədi hər gün üzünü qırxmağa, başdan-ayağa ağ geyinməyə məcbur edərdi. Hələ Məhmədin qeyrətinə söz ola bilməzdi. Danışanda başını qaldırıb adamın üzünə belə baxmazdı. Mülkündən bayıra çıxmadığı üçün Xədicə xanımın işi-gücü adamlarına nəzarət etmək idi. Tez-tez otaqları gəzər, çardağa çıxar, mətbəxə girərdi. Hey deyərdi:

– Mənim kimi olun! Mən kiminlə görüşürəm? Ehtiyatlı olun. Siz də qonşuların xidmətçiləri və nökərləri ilə danışmayın. Onlar adamı yolundan azdıra bilərlər.

Xədicə xanımın bu nəsihətinə Məhməd can-başla əməl edirdi. Məhmədin dal həyətdəki mənzilinə həmşərisi-zad qonaq gəlməzdi. Hətta yad pişik də ora girmirdi. Xədicə xanım gündə, bəlkə on dəfə mətbəxə düşər və hər dəfə Məhmədi qazanın başında yalqız görərdi. Xədicə xanım yalnız təmizkarlıq və namusa aludə deyildi, o bir də dikdaban ayaqqabı hərisi idi. O, gözəl, ətli-canlı və qıvraq bir qadın idi. Lakin boyu çox qısa olduğu üçün evin içində dabanı az qala bir qarış olan ayaqqabı geyərdi. Bu ayaqqabılarda o, adətən, akrobata bənzəyirdi. Dikdaban ayaqqabılarla pilləkənləri birnəfəsə taqqataqla enər, ayağı burxulmadan gah aşağı, gah da yuxarı qaçardı. Xədicə xanım axırda başgicəllənməsinə tutuldu. Amma çağırdığı həkim ona dərman-filan vermədi.

– Bütün narahatlığınızın səbəbi bu ayaqqabılardır, xanım, – dedi, – onları çıxardın. Yumşaq və rahat yun sürüncəklər geyin. Ağrılarınız keçib gedəcək.

Xədicə xanım həkimin məsləhət gördüyü yun sürüncəkləri aldırdı. Doğrudan da rahatlandı. İki günün içində başağrısı keçib getdi. Dizlərində, baldırlarında sızıltı qalmadı. Lakin bütün vücudu rahatlıq tapsa da, qəlbi dərin bir sarsıntıya düçar oldu. Doqquz ildən bəri yaxşı hesab etdiyi adamların əxlaqı iki günün içində gözlənilmədən pozuldu. Xədicə xanım Eleni onun diş fırçası ilə dişlərini yuyanda, Gültəri anbarda mürəbbə bankasını açanda görmüşdü. Məhmədi ət günü olmadığı halda bir tava ət bozartması yeyəndə yaxalamışdı.

– Bunlara nə olub, yarəb? Nə oldu, niyə belə edirlər? – deyə şikayətlənirdi.

Bir həftə içində adamlarının yüzdən artıq oğurluğunu tutdu. Hiyləsini gördü. Hələ Məhmədi qonşudakı generalın adamları ilə bir məcməyi plov aşırarkən görəndə dəhşətə gəldi. Hər şeyi açar-qıfıla saldı:

– Görək indi nə oğurlayacaqlar, – dedi.

Doğrudan da, oğurlamağa şey qalmamışdı.

Ertəsi gün Xədicə xanım yuxudan bir az gec durdu. Aşağıya düşdü. Gültərlə Elen gözə görünmürdü. Gəzdi. Mətbəxə doğru getdi. Nəzərləri yarıaçıq qapıya ilişəndə az qaldı dəli olsun. Məhməd mətbəxdəki balaca skamyada yayxanıb bir dizinin üstündə Eleni, bir dizinin üstündə də Gültəri oturtmuşdu. Qollarını qalın kəmər kimi hər ikisinin belinə sarımışdı. Bu lövhənin rəzalətini görməmək üçün Xədicə xanım gözlərini yumdu. Lakin qulaqlarının qapağı olmadığı üçün danışılanları eşitməyə bilmədi.

Məhməd soruşdu:

– Ağız Gültər, daha niyə şəkərdən-zaddan gətirmirsən?

Gültər:

– Neynəyim olmur, hər yer qıfıllıdır, – dedi.

Məhməd qəribə bir marçıltı içində dilləndi:

– Ağız Elen, gecə yanıma niyə gəlmirsən? Sənə halva bişirib saxlayıram.

Elen pıçıldadı:

– Yavaş! Axırı bizi tutacaqlar! Sonra xanım bizi qovar.

Bu minvalla şirin söhbət edirdilər. Xədicə xanım gözlərini açmır, ürəyi döyünə-döyünə maraqla onlara qulaq asırdı. Arada Gültər dedi:

– Zəhrimara qalsın o sürüncəklər. İşimizi korladı. İndi xanımın gəldiyini hiss etmirik. Nə iş görsək, tutuluruq. Qabaqlarda yaxşı idi. Dikdaban ayaqqabıların taqqıltısı bizi duyuq salırdı. Xanım yuxarı mərtəbədə qımıldananda da bilirdik.

Söhbət uzandıqca, Xədicə xanım o vaxta qədər bilmədiyi və görmədiyi əhvalatların geniş hekayətini eşidirdi. Dayana bilmədi. Gözlərini açdı:

– Alçaqlar, oğrular, namussuzlar! Hamınız rədd olun mənim evimdən! – bağırdı.

Xədicə xanım özünün doqquz illik sadiq xidmətçilərini evindən qovdu.

Evə nə qədər qulluqçu, nökər qəbul edirdisə, hamısı arsız, oğru, namussuz çıxırdı. Tam iki il düz-əməlli adama rast gəlmədi. Malı, mülkü olduğu halda, heç nəyə ehtiyacı yox ikən, bu xidmətçilərin üzündən arıqlayır, saralıb-solurdu. Xədicə xanım gördü ki, halı daha da pisləşəcək, yenə də dikdaban ayaqqabılarını geyinməyə məcbur oldu. Xidmətçilərin arsızlıqlarını, bəd hərəkətlərini, namussuzluqlarını daha görmədi. Bənizinə qan gəldi. Bir müddətdən sonra yenə başı hərlənməyə başladı. Amma özünü həkimə göstərmədi. Bildi ki, həkim ona yenə səsi eşidilməyən dabansız sürüncək geyməyi məsləhət görəcək.

– İndi, heç olmasa, ürəyim rahatdır, – deyirdi.

Haliqarnas Balıqçısı

YAŞASIN DƏNİZ

Böyük Sali adasının Bodrum yarımadasına baxan tərəfində geniş bir körfəz var. Onun ayparaya bənzəyən sahili qat-qat bəyaz, yaşıl, tünd-yaşıl, mavi və bənövşəyi rəngli göy qurşağı kimi idi. Xəfif-xəfif əsən külək körfəzin göy qurşağı üzərində yasəməni xətlər cızır, dənizin içərilərində isə tünd mavi ləpələr gəzdirirdi. Dəniz körfəzdə köksünü ötürür, gah pıçıldayıb susur, gah da həzin bir nəğmə oxuyurdu. Ətraf istidən od tutub yanırdı.

Üç nəfər balıqçı toru dənizə atıb, gecələmək üçün körfəzə gəldilər. Günəş batan zaman sahil qumları üzərində iki daşı yanaşı qoyub ocaq qaladılar. Balıq şorbası bişirməyə başladılar. Günəş batanda balıqçıların ən yaşlısı vadilərdən yüksələn mavi kölgələri göstərərək dedi:

– Buna günün «vida vaxtı» deyərlər. Eh… Biz də artıq yaşa dolmuşuq. Həyatla vidalaşmaq vaxtımız çatıb…

Qocanın səsi qırılan kimi oldu. «Eh… Dünyada biz nə gün görmüşük ki!» dedi. Yenə yorğun-yorğun sözünə davam etdi.

– Uşaqlığımı kənddə keçirmişəm. Bir otaqlı evimiz vardı. Onun yeganə pəncərəsi dənizə baxırdı. Saatlarla orda durub dənizi seyrə dalardım. Gəmi kapitanı olan atam mənə deyərdi: «Oğlum dənizə elə baxma. Çünki o, dənizdir. Dəniz hər şeyi qırar. Taxtanı da, dəmiri də, sənin sümüklərini də, ümidlərini də qırar, oğul! Onu isə heç kim məğlub edə bilməz».

Günlər keçir, mən böyüyürdüm. Qoluma qüvvət gəlirdi. Dəniz ehtirası ürəyimə dolduqca, atamın sözləri yel kimi qulağımdan çıxırdı. Nəhayət, mən gəmidə işə girdim. Gəminin arxa tərəfinə keçmişdim. Onun suda buraxdığı izlərə baxırdım. Həyatımın izlərini xatırladım. Uzanıb gedən o izlər görəsən harada qurtaracaq? Göz işlədikcə görünən ənginliklər nə idi? Bütün bunları düşündüyüm zaman boynuma ağır bir yumruq endirildi. Gəmi çavuşu:1

– Sən burda nə gəzirsən? Yoldaşların işləyir, – dedi.

Bundan sonra bütün həyatımı dənizə bağladım. Dənizin suları, dalğaları, üfüqləri və göy qurşağı kimi rəngləri mənim həmdəmim oldu. Günəşin, ayın izi ilə cənuba, şimala getdim. Dənizlərdən dənizlərə keçdim. Gün oldu ki, iliklərimə qədər dondum… Gün oldu ki, bədənimin bütün suyu tərə dönüb axdı. Dəniz məni gah yuxarı tulladı, gah aşağı çökdürdü. Get dedikcə getdim. Hər gün yeni yerlər gördüm. Gəmilər dəyişdim. Səfərlərdə oldum. Limanlara girib-çıxdım. Fürsət düşdükcə gedib uşaqlıq röyalarımın xatirə yuvası olan tək otaqlı kənd evimizin pəncərəsində oturdum. Oradan dəniz başqa şəkildə görünürdü. Anam hələ sağ idi. Amma mən boy atmış, o kiçilmiş, mən canlanmış o isə incəlmişdi. Anam bir dəri, bir sümük qalmış, beli əyilmişdi. Birdən anam dedi:

– Oğul, sən dənizçilikdən başqa bir iş görə bilməzsənmi?

Mən dinmədim. Bayıra çıxıb qapının qabağında oturdum. Fikrim dağınıq idi. Nəzərlərimi dənizdən ayıra bilmirdim. Ürəyim çırpınırdı. Durub yenə içəri girdim. Anam həmişə ocağın yanında dayanırdı. Mən də orda durdum. Anam həmişə atama verdiyi sualı indi mənə verdi:

– Yəqin ki, hələ bir neçə həftə evdə qalacaqsan?

Mən də atam kimi:

– Yox, sabah gedəcəyəm, – dedim.

Anam yol torbamı hazırladı. Kör-köhnə corablarımı torbaya qoyanda sanki ürəyini yırtıb ana məhəbbətini də ora qoyurdu. Atam kimi mən də ertəsi gün səfərə çıxdım. Anamın hönkürtüsü hələ də qulaqlarımdadır. Getdiyim yerlərdə özümü tənha hiss edirdim. Könlüm sanki buz kimi donmuşdu.

Bir ildən sonra anam uzaq səfərə, heç kimin qayıtmadığı bir yerə getdi. O, artıq getdiyi yerdə mənim hansı dənizdə olduğumu fikirləşib əzab çəkməyəcək, geri qayıtmağımı gözləməyəcəkdi.

Anamdan sonra getməyə evim yox idi. Bundan belə tamamilə mənə yad olan böyük şəhərlərdə sahilə çıxar, tanımadığım uça və böyük binaların arasında dolaşardım. Günlərin birində bir qadına rast gəldim. Mənə baxıb gülümsədi. Mən də gülümsədim. Onun kim olduğunu bilmirdim. Bunun nə əhəmiyyəti vardı. Mənə ki, gülümsəyirdi… Pul üçün gülümsəyirmiş. Qoy olsun. Puldan ötrü deyilsə, bəs nə üçün o mənə gülümsəməli idi? O gülümsəyərək:

– Konyak için, qızınarsınız, – dedi.

Doğrusu, qəlbimi konyak deyil, onun təbəssümü qızdırırdı. Mənə elə gəlirdi ki, onun dodaqlarında bütün insanlar gülümsəyirdi. O təbəssümlər könlümün buzlarını əridirdi. Onunla mənim dilim deyil, ürəyim danışırdı. Könlüm dil açmışdı. Bəli, mən ilk dəfə o gecə isindim. Bütün gecəm ayla, ulduzla, günəşlə istilik və rahatlıq içində getdi. O gecə dərin yuxuya getdim. Dəniz suları sanki gurhagurla beynimdən axıb tökülürdü. O gecə mən planlar tərtib etdim, sonra cırıb atdım, öz-özümə güldüm, qəhqəhə çəkdim, mahnı oxudum. Həmən qadınla evlənməyi fikrimdən keçirdim. Qadın pəncərəyə yanaşıb dənizə baxdı, köksünü ötürdü.

– Yenə gəl, – dedi.

– Bir də gəlməyəcəyəm, – dedim.

– Bilirəm, sən dənizçisən…

Oradan limana getdim. Bir kapitanla danışdım. Yanında işə girdim. Gəmidəkilərin biri gördüyü kök sarışın gözəldən, biri qara bibərdən, o biri heybətli dəniz quldurundan danışdı.

Dənizlərdən dənizlərə, limanlardan limanlara getdik. Mən buralarda vətən həsrəti çəkirdim, darıxırdım. Evlənmək istədim. Mənə «səfeh» deyib güldülər. İçki içdik, mahnı oxuduq. Dənizə lənətlər etdik. «Dəniz, dəniz, qanlı dəniz!» dedik, Dənizi sevdiyin qədər sevməyə də bilərsən.

Nə isə, evləndik. Əlimizdə ayrı nə sənətimiz var? Dənizçiyik. İndi qayıq kirələyib, balıq tuturuq…

Artıq günəş batırdı. Kiçik Sali adaları tünd polad rəngli bir dənizin üzündə məşəllər kimi yanırdılar.

Qoca balıqçı dedi:

– İndi iyirmi ildir ki, mən balıqçılıq edirəm. Bu balıq möhtəkiri Qazdağlı Süleymana olan borcumu ödəyib qurtara bilmirəm. Balıqçılığa başlayandan bəri bəlkə on min dəfə dənizə çıxmışam, beş yüz min mil avar çəkmişəm. Ən azı üç min fırtınaya sinə gərmiş, dənizin müxtəlif şıltaqlıqlarına müqavimət göstərmişəm. Bu müddət ərzində heç olmasa beş-altı min okka2 balıq tutmuşam. Bütün bunların xeyrini Qazdağlı Süleyman görüb. Artıq qollarım gücdən düşüb, gözlərim bir şey seçmir. Ömrümüz sona çatır.

– Əlvida, hey gidi dəniz, hey!

O biri balıqçılar da «hı, hı» eləyib onun dediklərini təsdiqlədilər.

İndi də orta yaşlı balıqçı danışmağa başladı:

– O gördüyünüz Torba sahillərinə baxanda rəhmətlik Qara Yusufu xatırladım. Bir gün onunla qayığa minib Güllükdən Torbaya gəldik. Qayığı sahilə bağladıq. Bodruma gedirdik. Yoxuşbaşına doğru əncir ağacları yoxdurmu? Ora çatanda yazıq Qara Yusufun gözləri yaşla doldu. Dərdi açıldı:

– Dörd yaşında oğlumla burdan keçirdim, – dedi, – əncir ağacları qurumuş kimi idi. Uşaq yerdən bir əncir tapdı. Ağzına qoydu. O saat gözləri böyüdü. Boğulurdu. Barmaqlarımı ağzına saldım. Ənciri çıxarda bilmədim. Uşağı qucağıma alıb yüyürdüm. Amma hara çata bilərdim?! Körpə boğulub öldü. Ona kömək edə bilmədim.

Balıqçılardan ən cavanı soruşdu:

– Sonra, Yusuf əmi, bəs necə oldu?

– Güllükdə öz qayığında sərnişin aparır, yük daşıyırdı. Bir gün onu qızı ilə toya çağırdılar. Toy dəniz kənarındakı Qazıqlı kəndində imiş. Ata, gecə kimi qara, qız isə, əksinə, günəş kimi qızılı-sarı idi. Uşaq anasına çəkmişdi. Qızın küləkdən uçan saçları hələ də gözümün qabağındadır. Qız dənizi atasından pis bilmirdi. «Ya allah» deyib kürəklərdən yapışanda otuz-qırx mil üzə bilirdi. Qız:

– Ata, bu gün hava çox pisdir, getməyək, – deyir.

Yusuf:

– Yox, qızım, heç nə olmaz, – deyib inad edir.

Ata və qız qayığa minib dənizə çıxırlar. Lakin o gedən gedirlər. Bir daha onları görən olmur. Sirr olub dənizdə yoxa çıxırlar. Nə qayıq tapıldı, nə də Qara Yusufla qızının meyitləri.

Qoca balıqçı:

– Dəniz böyükdür, onun hələ çox sirləri var, – dedi.

Artıq gecə idi. Əngin bir Egey gecəsi… Ancaq göyün üzü yığın-yığın ulduzlar üçün dar kimi görünürdü.

Balıqçılar ocağa çırpı atırdılar. Hər atılan çırpıdan havaya alov sıçrayırdı. Balıqçıların üzü alaqaranlıq içində əsrarəngiz skelet kəlləsi kimi görünürdü. Onların qapqara köz yuvaları çırpı atdıqca ocaqdan sıçrayan alovun qığılcımı ilə işıqlanıb bərq vururdu.

Balıqçılar yeməklərini yedilər. Ocağın kənarında uzanıb yatdılar. Ocaq sönüb külə döndü. Balıqçılar yarıqaranlıq ləkə kimi görünürdülər. Dəniz ləpələndikcə yarı fısıltı, yarı köks ötürməyə bənzər xəfif səslər çıxarırdı.

Gecə vaxtı dənizdən buğ qalxmağa başladı. Bu buğ dənizdən çıxan insan kölgələri kimi idi. Yoxsa əngin gecə öz sirlərini açıb göstərirdi? Kölgələrdən biri Qara Yusufa, o biri qızına bənzəyirdi. Onlar cavan balıqçıya yanaşdılar. Qız gülümsəyərək dedi:

– Mənim üçün fikir çəkməyin. Mən boğulan zaman qətiyyən əzab çəkmədim. Məndən qabaq ölən qardaşıma yardım edə bilmədiyini görən atam, qayıq çevrilib boğulacağımızı anlayar-anlamaz, uzun dənizçi bıçağını çıxarıb, ildırım kimi ürəyimə sapladı. Öldüyümü heç hiss etmədim.

Qız bunu deyib güldü, cavan balıqçının alnından öpdü.

Qara Yusuf da xoşhal görünürdü:

– Cənnətə getməkdənsə, dənizdə qaldıq, – dedi.

Bundan sonra ikisi də qeyb oldular. Balıqçılar oyanan kimi cavan balıqçı onlara:

– Qara Yusufla qızını yuxuda gördüm, – dedi.

Onlar da «allah xeyirə calasın» dedilər.

Balıqçılar şəfəqdən qabaq qayığa minib dənizə çıxdılar. Qaranlıqdan qurtarmaqda olan dənizlər, dağlar, böcəklər, çiçəklər, ağaclar kainatla səs-səsə verdilər. Üç balıqçının titrəyən dodaqlarından eyin vaxtda bir nəğmə yüksəldi. Onların da səsi oyanan işığa qarışdı.

Qoca balıqçı üzünü o birilərə tutub dedi:

– Hər halda dəniz hər şeydən yaxşıdır.

O, dərindən bir də nəfəs alaraq «Salam, dəniz!» deyə coşdu.

O biri balıqçılar da var səsləri ilə:

– Yaşasın dəniz! – dedilər.

Uçurumlardan qopan əks-səda qayalara yayıldı:

– Yaşasın dəniz!

Yaqub Qədri Qaraosmanoğlu

ON DÖRD YAŞLI KİŞİ

…Arabaçı bizdən iyirmi – otuz metr qabaqda bizimlə eyni səmtə gedən bir adamı hayladı. Yolçu dayandı. Üzdən ona səkkiz və ya on yaşdan artıq vermək olmazdı. Çox arıq idi. Özündən iki dəfə ağır çuval götürmüşdü. Ayaqqabılarını əlində tutmuşdu. Biz ona yaxınlaşanda arabaçı soruşdu:

– Oğlum, şəhərə gedən yol hansıdır?

Uşaq əlini qarşıdakı yamaca tərəf uzadıb dedi:

– Bax odur, o ağarıb batan yol… Mən də ora gedirəm.

O, çox göyçək uşaq idi. Olduqca təmiz geyinmişdi. Onun işlətdiyi «ağarıb batan yol» ifadəsi xoşuma gəldi.

– Şəhərə gedirsənsə, gəl arabaya min, bir yerdə gedək, – dedim.

Sözümə inanmadı. Çuvalını yerə qoyub üzümə baxdı. Təklifimi təkrar etdim:

– Gəl, çuvalını arabanın içinə qoy, özün də burda otur.

Qarşımda yer göstərdim. Əlindəki ayaqqabılarını səliqə ilə cütləyib çuvalın üstünə qoydu. Dalı arabaçıya, üzü mənə tərəf oturdu. Onun hərəkəti və danışığı get-gedə daha çox xoşuma gəlirdi. Ədəbli, tərbiyəli görünürdü. Ağıllı və parlaq gözləri vardı. Məni diqqətlə süzürdü. Onun baxışlarından mən utanan kimi oldum. Onda lap yaşlı adam baxışı vardı. Əslində bu cür baxış və kişi hərəkəti Anadolu uşaqları üçün nadir xüsusiyyət deyildir. Onlar da bəzi canlılar kimi sanki anadan olan dəqiqədən yeriməyə, işləməyə və həyatı dərk etməyə başlayırlar. Onların uşaqlığı heç olmur. Səkkiz-on yaşına çatar-çatmaz məişət qayğısı şiddətlə əsən qızmar səhra küləyi kimi onların vaxtsız qovrulan, qabıq bağlayan zəif vücudlarını sarsıtmağa başlayır. Yəqin bu körpə də həmin Anadolu uşaqlarından biri idi. Soruşdum:

– Sənin neçə yaşın var, oğlum?

– On dörd yaşım var, – deyib qəribə bir qürurla irəliyə baxdı.

– Hansı kənddənsən?

– Qara İşıq kəndindən.

– Bəs şəhərə niyə belə gec gedirsən?

Başı ilə arxa tərəfindəki çuvalı göstərdi:

– Bir az quru meyvə aparıram. Sabah bazar var. Oranın bazarı çox tez açılır. Yola səhər çıxsam, çata bilmərəm, – dedi.

Bir müddət danışmadıq. O yenə diqqətlə mənə baxırdı. Soruşdum:

– Sizin kənddən şəhərə neçə saatlıq yoldur?

– Ağır-ağır yerisən, düz altı saatlıq.

– Altı saat!.. Çox uzaq deyilmi? Yorulmursanmı?

Sualımı sanki başa düşmədi. Üzünün ifadəsindən anlamaq olurdu ki, «yorulmaq» sözü ona qəribə gəlir.

– Mən bu yolu hər həftə gedirəm, – dedi. – Şəhərdə İsmayıl ağanın karvansarasında qalıram. Yəqin İsmayıl ağanı tanıyırsan. O mənim dayımdır. Günortaya qədər işimi görüb qurtarıram. Satacağımı satır, alacağımı alıram. Vaxtım qalanda hamama da gedirəm. Aşpaz Rəcəb ağanın dükanında bir kabab da yeyirəm. Amma pul çatsa…

– Qazandığın pulu neynəyirsən?

– Ayın-oyun alıram. Hərdən duz, hərdən şəkər lazım olur. Anama kəlağayı, bacıma corab alıram. Düşəndə özümə də bir şey alıram…

Çuvalın üstündəki ayaqqabılarını göstərdi:

– Bunlara keçən həftə bir üçlük vermişəm. Necədir? Baha almamışam ki? – deyib, gözlərimin içinə baxdı.

– Afərin, ucuz alıbsan, – dedim və maraqla soruşdum: – Atan varmı?

Məhzunluq3 duyulmayan bir hərəkətlə başını bulayıb:

– Xeyr, atam səfərbərlik zamanı4 əsgərliyə gedib, – dedi.

– Demək, atanın əvəzinə evə indi sən baxırsan, eləmi?

Başının hərəkəti ilə iki dəfə «bəli» dedi və qarşımda daha rahat bir vəziyyət aldı. Ona bir siqaret uzatdım. Alıb başına doladığı sarığın arasına qoydu.

– Mən çəkən deyiləm. Dayıma aparacağam, – dedi.

Getdikcə özünü daha sərbəst aparır və daha sərbəst danışırdı:

– Atam çox çəkərdi, amma mən çəkmirəm. Bir də papiros çəkməyə vaxt haradadır? İş başımdan aşır. Anamın ayaqları tutulandan bəri qoyunlara da, əkinə də mən baxıram. Oduna tək mən gedirəm. Böyük bacım ancaq su daşıyır və yemək işinə baxır. Həm də o bizə qonaqdır. Başqa kəndə gedəcək. Bildir, nişanlanıb.

Çox ciddi şəkil alan söhbətimizi bir az dəyişdirmək üçün gülərək dedim:

– Sən də nişanlansana. Pis olmaz. Arvadın da sizə kömək edər.

Qəmli-qəmli üzümə baxdı:

– Nişailanmışdım, amma olmadı. Daha baş tutmayacaq… Qızın başına qəza gəldi. Düşmən5 kənddən çıxan zaman…

Özümdən asılı olmayaraq səsimi qaldırdım:

– Neçə? Doğrudanmı? Nə qəza?

Utanaraq başını aşağı saldı. Səsində ağırlıq hiss olunurdu:

– Namusuna toxundular… Mənim gözümün qabağında. Kəndin başqa qızları ilə bərabər onu zorla dərəyə sürüklədilər. Biz çığır-bağır saldıq. «Aman, etməyin, eləməyin» dedik. Qulaq asmadılar. Mən arxalarınca getmək istədim. Anam qoymadı. Ağlaya-ağlaya «səni öldürərlər» dedi. Anamdan keçə bilmədim. Mən onun yeganə oğluyam.

Mən oğlanın üzünə baxa bilmirdim. Həyatın ən müdhiş hadisələrini görmüş, bu kəndli balasının qarşısında mən dünyadan bixəbər və heç nə anlamayan bir uşaq vəziyyətində idim. Otuz dörd yaşlı uşaq… Bir küncə qısılıb sanki qorxulu nağıl dinləyirdim. Tüklərim biz-biz olmuşdu.

Rəşad Nuri Güntəkin

TƏCRÜBƏLİ JURNALİST

«Yeni xəbər» qəzetinin sahibi Mühiddin bəy maliyyə müfəttişi Müqbil bəylə söhbət edirdi. Qapı yavaşca açıldı. İçəri bir müxbir girdi. Onun dalınca başqa müxbir, yenə də biri… Bütün redaksiya işçiləri bura yığışdı.

Mühiddin bəy axının səbəbini başa düşmüşdü. Lakin özünü bilməməzliyə vurub, saxta bir təəccüb ifadəsiylə gözlərini bərəltdi:

– Xeyir ola?.. Nə var?

Müxbirlər bir-birinin üzünə baxıb susurdu. Heç kəs ağzını açmağa cürət etmirdi.

Qəzet sahibi sualını təkrar etdi. Müxbirlərin ən qocamanı Nadir əfəndi qabağa gəldi və hörmətkaranə bir tərzdə dedi:

– Müxbirlər heyəti sizinlə vidalaşmağa gəlib.

– Vidalaşmağa? Nə münasibətlə?

– Özünüz bilirsiniz. Hamımız işdən getmək qərarına gəlmişik.

– Əzizim, Nadir əfəndi. Buna bir növ «tətil etmək» deyərlər.6

– Doğru buyurursunuz, bu tətil kimi bir şeydir. Nə edək, vəziyyətimiz çətindir…

– Yaxşı, tətil etməyinizin səbəbi nədir?

– Səbəb sizin özünüzə yaxşı məlumdur, icazə verin, təkrar edim… Əsas məsələ budur ki, biz maaşımızla dolana bilmirik. Bununla belə, iki aydır maaş da vermirlər. Həm qalan maaşlarımızın verilməsini, həm də əmək haqqımızın artırılmasını xahiş etdik. Amma bizə cavab verən olmadı. Axı biz də çoluq-çocuq sahibiyik…

Nadir əfəndi, getdikcə qızışır, səsini pərdə-pərdə qaldırırdı. Müxbirlər bir-birinə baxır və gözləyirdilər ki, müdir yəqin özünü itirib qorxuya düşəcək. Lakin Mühiddin bəy bişmiş adam idi. Nadir əfəndinin dedikləri onun halına qətiyyən təfavüt etmədi. O, saatının zəncirini oynadaraq, qoca müxbiri səbirlə dinləyirdi. Nadir əfəndi sözünü deyib qurtarandan sonra Mühiddin bəy sakit-sakit danışmağa başladı:

– Sözünü deyib qurtardınmı? Çox gözəl… indi siz də mənə qulaq asın. Siz maaşlarınızın artırılmasını istəyirsiniz. Haqlı tələbdir! Amma sizin maaşlarınızı nə üçün artırmalıyam? Mənim qəzetimi nüfuzdan saldığınıza görəmi? Məlumunuz olsun ki, sizin kəramətinizdən «Yeni xəbər» bu gün Türkiyədə ən az satılan qəzetdir. İşi-gücü buraxıb gecə-gündüz qəhvəçi dükanlarında gəzir, nargilə çəkir, kart və nərd oynayırsınız. Sonra da başqa qəzetlərdən köçürdüyünüz bir-iki hadisəni mənə gətirirsiniz ki, nə var, nə var iş bilmişik… İstanbulun ən hörmətli qəzeti olan «Yeni xəbər» sizin sayənizdə indi tamamilə nüfuzunu itirib. Elə vəziyyətə düşmüşük ki, sizin aylıq maaşınızı da verə bilmirik… Çox təəssüf… Vaxtlı-vaxtında maaş vermək imkanımız yoxdur. Belə bir halda maaşları artırmaq haqqında tələbiniz mənə çox gülünc görünür.

Nadir əfəndi cavab tapa bilmədi. Yoldaşlarının üzünə baxdı. İndi də Nəcib adlı cavan və cəsarətli bir müxbir sözə başladı:

– Bizi səhərdən axşama qədər qəhvəçi dükanında oturduğumuza görə təqsirləndirirsiniz… İnsafınız olsun. Dünyanın vəziyyətini öyrənmək üçün qəhvəçi dükanından yaxşı yer varmı? Ölkəmizdə baş verən bütün siyasi, iqtisadi, ictimai və ədəbi məsələlərin müzakirə və həll edildiyi ən yaxşı yer qəhvəçi dükanları deyilmi?! Biz ora əylənmək üçün deyil, dövlətin gördüyü tədbirlər barədəki əks-sədanı bilmək üçün gedirik. Gətirdiyimiz xəbərlər köhnə olur deyirsiniz… Əgər qəzetlərdə yazılmağa layiq hadisə olmursa, bizim günahımız nədir? Biz özümüzdən xəbər uydura bilmərik ki?!

Müdir qəti cavab verdi:

– Əlbəttə, uydurmalısınız! Bəs necə fikirləşirsiniz? Əsil jurnalist ona deyərlər ki, qəzetinə münasib hadisə tapa bilməyəndə uydurmağı bacarsın. Olmayan yerdən əhvalat icad etsin.

– Olmayan şeyi özündən uydursun?

– Bəli, bəli! Siz jurnalistliyi bəs nə hesab edirsiniz?

Qəzetdən biabırçılıqla qovulmağı gözünün altına alan Nəcib istehzayla dedi:

– Guya siz özünüz jurnalistsiniz? Siz jurnalist sənətində təsadüfi adamsınız. Hamı bilir ki, bu peşəyə başlayanda sizin yük daşımaq üçün bir neçə qarış ipdən başqa sərmayəniz olmayıb… İndi ki özünüzü jurnalist hesab edirsiniz, bir hadisə uydurun, biz də sizdən öyrənək.

Nəcibin həyəcanı o biri müxbirlərə də sirayət edirdi. Onlar da Nəcibin dediklərini təsdiq edirdilər.

Mühiddin bəy yenə də arxayın-arxayın cavab verdi:

– Doğru deyirsiniz. Mən müxbirliyə başlayanda bütün sərmayəm bir hambal ipindən ibarət idi. Amma bu da bir sərmayə hesab olunur… Mənə bu cür meydan oxumağınızı gülünc sayıram. Mən dediyimi etməyə qadir adamam. Heç nədən sütunlar dolusu hadisə uydurmağı bacarıram. Nəyə gülürsünüz? Mən dediyimi isbat etməyə hazıram. İstəyirsiniz mərc gələk. Beş dəqiqə içində ən həyəcanlı bir əhvalat düzəldə bilsəm, almamış olduğunuz iki aylıq maaşın birindən imtina edəcəksiniz. Mərci mən uduzsam, onda iki aylıq pulunuzu da alacaqsınız, maaşınızı da artıracağam. Söz verirəm. Nədir? Gülürsünüz?

Doğrudan da, müxbirlər qəhqəhə çəkib gülürdülər: Bəli, təklifinə razıyıq. Sözümüz sözdür, – deyirdilər.

Bu zaman Mühiddin bəyin gözü küncdəki kresloda oturub, hadisəni qımışa-qımışa seyr edən maliyyə müfəttişinə sataşdı:

– Tutaq ki, bunların ağlı yoxdur, bəs sizə nə olub? Siz niyə gülürsünüz? Siz ki, özünüzü ağıllı adam hesab edirsiniz. Həm də mənim dostumsunuz. Onların avara danışıqlarını bəyənən bir adam kimi hırıldamağınıza nə ad vermək olar?

Bu gözlənilməz töhmət qarşısında Müqbil bəy pərt oldu. Bir təhər özünü ələ aldı:

Siz nə deyirsiniz, Mühiddin bəy? Niyə bu cür haqsız ittiham irəli sürürsünüz? Necə olur ki, siz məndən belə bir hərəkət gözləyirsiniz? Hadisə mənə bir az qəribə göründü…

– Belə çıxır ki, siz bura dostunuzu ələ salmağa gəlibsiniz… Təəssüf edirəm.

– Həddi aşmayın, Mühiddin bəy. Qonaqla belə rəftar…

– Bir adam ki, qonaq olduğu yerdə ev sahibini təhqir etmək kimi tərbiyəsizliyə yol verir…

Maliyyə müfəttişi ayağa durdu:

– Sizə deyirəm danışığınıza fikir verin.

Mühiddin bəy ağzını açıb, gözünü yummuşdu. Ağzı köpüklənə-köpüklənə deyirdi:

– Bir adam ki, qonaq olduğu yerdə ev sahibini haqsız çıxardır… Bir insan ki…

Məgər yalandır? Həm camaatın maaşını vermə, həm də…

Mühiddin bəy gurultulu bir qəhqəhə ilə qonağın sözünü kəsdi:

– Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Dediklərini eşidən zənn edər ki, Müqbil bəy tərtəmiz, vicdanlı bir qulluq adamıdır… Ömründə heç kimin haqqını yeməyib. Əlinə haram pul dəyməyib… Rüşvət almaq nə özgə malını yemək nədir, bilməz. Kaş ki, maliyyə kassalarının dili olaydı. Tez-tez onlara uzanan qara əlin…

Mühiddin bəy sözünü deyib qurtara bilmədi. Üzünə bərk bir şillə dəydi. Dalınca ikinci, üçüncü zərbə… Qəzet sahibi ilə qonaq əlbəyaxa oldu. Müqbil bəy buğa kimi qüvvətli idi. Mühiddin bəyi ayaqları altına salıb, bağırda-bağırda döyməyə başladı.

Muxbirlər yaxşıca həzz aldılar. Onlar dalaşanları aralamaq və müdirlərini xilas etmək istəyən adamlar kimi vurnuxurdular, amma ciddi təşəbbüs göstərmirdilər.

Müqbil bəy qəzet sahibini əməlli-başlı əzişdirəndən sonra çəliyini və şlyapasını götürüb, söyə-söyə qapıdan çıxdı.

Nadir əfəndi və Nəcib müdirin qolundan tutub, onu yerdən qaldırdılar. Mühiddin bəy inildəyə-inildəyə masanın arxasına keçdi. Bir əli ilə ağzının qanını silib, o biri əliylə qələmi götürdü:

– Mən mərci uddum. İki sütunluq yazı üçün mövzu icad etdim. Əvvələn, böyük sərlövhə altında yazın: «Qəzetimizin sahibinə qarşı sui-qəsd». İkinci sərlövhə belə olacaq: «Şübhəli bir maliyyə müfəttişi müdirimizin və baş redaktorumuzun bəzi tənqidlərindən narazı qaldığı üçün onu vəzifə başında öldürmək istədi… və s.»

ÜZRLÜ SƏBƏBLƏR

Rıfqı əfəndi vəqf idarəsində7 katib idi. Özünə görə ağlı və biliyi vardı. Gələcəkdə onu yaxşı vəzifə və mühüm işlər gözləyirdi. Amma, heyf ki, düzəlməz bir nöqsanı, daha doğrusu, xəstəliyi var idi; iş yerində oturmaqdan xoşu gəlmirdi. Nə müdiriyyətin xəbərdarlığı, nə töhmət, nə maaşının tutulmağı, nə də işdən qovulma hədələri ona təsir edirdi. İdarə müdiri ona tez-tez nəsihət verəndə Rıfqı əfəndi boynunu büküb yazıq-yazıq deyərdi:

– Ah, bəy əfəndi, mənim ixtiyarımda olsaydı işə vaxtlı-vaxtında gəlməzdimmi? Zati-alinizin bu cür əsəbiləşməyinə, özümün də bu qədər sərt rəftara düçar olmağıma heç yol verərdimmi?

İdarə müdirinin işdən çıxarıldığı haqda xəbəri Rıfqı əfəndi böyük sevinclə qarşıladı. Təzə müdir onu yaxından tanıyana qədər Rıfqı əfəndi istədiyini edə bilərdi.

Təzə müdir kabinetinə gələn kimi bütün katiblər onu təbrikə getdilər. Hamı kabinetdən çıxandan sonra Rıfqı əfəndi müdirə yaxınlaşıb, ertəsi gün üçün işdən icazə istədi.

– Bacım oğlu nikahlanacaq, – dedi.

Müdir yaxşı adam idi. Etiraz etmədi:

– Buyurun, buyurun əfəndim, sabah işə gəlməyin! – dedi.

O gündən sonra Rıfqı əfəndi üçün dalbadal nikah, toy, sünnət məclisləri başlandı. Qohumlarından bir çoxuna toy və ya sünnət edildi, çoxu da kürəkən yaxud gəlin oldu. Təbiidir ki, bu hadisələrlə əlaqədar olaraq Rıfqı əfəndi işə getmədi.

Toylar qurtarandan sonra «anadan olmalar» başlandı. Təzə gəlinlərin hamiləlik müddəti çatmamış uşaqları olmağa başladı. Bu səbəblərə görə, əlbəttə, Rıfqı əfəndi işdən əkilirdi.

Dünya bitib-tükənməyən hadisələrlə doludur. Hər yaranan axırda ölməlidir. Bu, təbiətin dəyişməyən qanunudur.

Rıfqı əfəndinin ailəsində də toylar, anadan olmalar qurtaran kimi ölümlər başlandı. İki-üç gün fasilə ilə əmilər, dayılar, dayı uşaqları bir-bir ölüb gedirdilər. Elə bil onların içinə taun, vəba, İspaniya epidemiyası düşmüşdü. Amma yeni müdirin hümməti-müdaxiləsi nəticəsində bu ölümlərin qarşısı tez alına bildi. Katibin hər yeni matəminə səmim-qəlbdən şərik olan müdir bir gün qaşqabağını sallayıb dedi:

– Əzizim, işimiz tökülüb qalır. Sizin ailəniz çox qəribə ailədir… Baxırsan ki, qohumlarınız dalbadal toy etmək həvəsinə düşdülər. Təzə gəlin və kürəkən olan qohumlarınızın on beş-iyirmi gün içində uşaqları olur. İndi də ölməyə başlayıblar. İşə gəlməmək üçün göstərdiyiniz səbəblər əslində üzrlü səbəblərdir. Ancaq işimiz çox olduğuna görə bundan sonra sizə icazə verə bilməyəcəyəm. İcazə o zaman veriləcək ki, allah göstərməsin, ata, ana, arvad, uşaq kimi yaxın qohumlarınızdan birinin başına müsibət gəlmiş olsun.

Rıfqı əfəndi qərara gəldi ki, adətini tərgitsin. Özünü ancaq üç gün saxlaya bildi. Dördüncü günün sabahı uşaqlarından birini fəda etdi. Ondan üç gün sonra ikinci, beş gün sonra üçüncü uşağı da öldü. Şübhəsiz ki, uşaqların anası bu dərdə dözə bilməzdi. Dörd-beş gündən sonra o da sevgili balalarına qovuşdu. Növbə Rıfqı əfəndinin atasına çatdı. Onun dalınca Rıfqı əfəndinin anası vəfat etdi.

Rıfqı əfəndi dərin fikrə getdi:

– Ailədə məndən başqa sağ qalan adam yoxdur. İndi mən nə edim? Olmazmı ki, onlardan sonra özüm də rəhmətə gedəm?

Amma Rıfqı əfəndi buna cəsarət etmədi. O bilirdi ki, idarələrin özlərinə məxsus qaydaları var. Qohum öləndə işdən getməyə icazə verirlər. Amma işçinin özü öləndə onun yerinə təzə işçi götürürlər. Uzun fikirdən sonra Rıfqı əfəndi başqa qərara gəldi: «Müdirin o qədər də huşu yoxdur. Matəm hadisələri dalbadal baş verdiyinə görə qohumlarımızdan kimin ölüb, kimin ölmədiyini yadında saxlaya bilməz. Qoy atamla anamı bir də öldürüm.»

Yazıq qocanı ikinci dəfə öldürdü. Amma anasını təkrar öldürəndə müdir Rıfqı əfəndinin yaxasından yapışdı, nə yapışdı:

– Ədə, bura bax! Nə dedinsə, hamısını qəbul etdim. Üç uşaqla arvadın öldü, bir söz demədim. Sonra atanla anan öldü. Bunu da təbii sandım. Ötən gün atan ikinci dəfə rəhmətə getdi. Bu gün də anan ölüb. Tutaq ki, çoxları kimi sənin də iki atan varmış. Bəs bir adam iki anadan necə doğula bilər?

Sədri Ertəm

ŞAMÇININ SİÇANI

Şamçı Sabih əfəndi siyirtməni çəkdi və təşvişlə bağladı; cəmi on quruşluq alver eləmişdi.

– Yaxşı ki, subay paltarı yuyan dul qadınlar varmış. Yoxsa siyirtməyə ömür billah bu on quruş da girməzdi.

Sabih əfəndi on quruşu jiletinin cibinə atdı.

– Allah bərəkət versin, yaya da yetər, qışa da. Oğul-uşağı da dolandırar. Hey dədəm, hey! – deyə dükanı bağlayıb deyinə-deyinə şər vaxtı evinə getdi. Sabih əfəndinin atası şamçı idi. Babası, hətta ulu babası da şamçı olub. Sözün qısası, Sabih əfəndi xalis şamçı oğlu şamçı idi.

Sabih əfəndinin bu gün on quruş qazandığını görüb onu kasıb adamlardan hesab eləməyin. Doğrudur, bu gün üçün Sabih əfəndini çox da varlı saymaq olmazdı. Sabih əfəndinin atası ondan daha varlı idi. Ulu babası İstanbulun şam kralı olmuşdu. Amma bu şam kralının nəticəsi indi gücsüz idi. Onun ulu babasının İstanbulda işıq kralı olduğu dövrlərdə dünyanın neft kralları lüt gəzirdilər. O zaman qaz kralları küçələrdə tumansız dolaşan bic məhəllə uşaqları kimi idilər. Elektrik kralları hələ analarının qarnında belə yox idilər.

Sabih əfəndinin ulu babası altı qollu şamdan dövründə atlı arabası, kəli-məli olan, adı hər yerdə dollar kimi yad edilən həşəmətli bir şəxsiyyət idi. İstanbulda ilk lampa mağazası açılan gün Sabih əfəndinin babasının ürəyi partladı. Sabih əfəndinin atası o böyük, o möhtəşəm şam dükanını kiçiltməyə məcbur oldu.

Sabih əfəndi bir tərəfdən neft, bir tərəfdən qaz, bir tərəfdən elektrik hücumuna məruz qaldı. Sabih əfəndi bu üç zırpının hücumu qarşısında satdığı şamlar kimi əridi, əridi. Müştərilər də getdikcə azaldı. İndi bayram gecələrində küçələri bəzəmək üçün şam yandıran yoxdur. Bütün türbələr bağlanıb. Şam alan yalnız və yalnız bu qabaqdakı binada yaşayan bir neçə dul qadındır. Bu qadınlar ona-buna paltar yuyub ütüləyirlər. Ütünün altı nəmdən, sudan paslanmasın deyə ona mum sürtürlər. Sabih əfəndinin bugünkü halı belədir.

Sabih əfəndi evə gedəndən sonra dükanda siçanların həngaməsi başlandı. Dükanın bu başından girib o başından çıxdılar, haray-həşir saldılar. Yuxarıdan aşağıya taq… taraq… taraq… taq… Gurultu aləmi bürüdü. Böyük bir siçan Sabih əfəndinin oturduğu yerdə əyləşdi. Qalın bir məscid şamı içində qucaq-qucağa yatan iki cavan siçan başını dəlikdən çıxardıb ətrafa boylandı. Dükanı sahibsiz görən siçanlar bir-birilərinə diş ağartdılar.

Sol küncdən yekə quyruqlu iri bir siçan çıxdı. Yavaş-yavaş qabağa gəldi. Yalnız böyük məscid şamını özünə layiq bildi. Mumu Gəmirməyə başladı. Xart, xart… Bir dişlək, daha bir dişlək. O boyda şam başı üstə dəydi yerə. Şamın oyuğu içində məzələnən cavan siçanlar bir-birlərini qıdıqlayarkən zəlzələyə düşmüş kimi təpəsi üstə getdilər. Siçanların Şerloq Xolmsu olan uzun bığlı, yekə bədənli bir pişik bu gurultunu eşidib pəncələrini heybətli-heybətli açıb hücuma keçdi. Lakin Arsen Lüpenlər qaçdılar. Sabih əfəndinin heybətli polis rəisi ağzı boş qayıtdı.

Gurultudan qorxuya düşən siçanların hərəsi bir deşiyə girdi. Gənc və cəsarətli bir siçan divardan aşıb qonşu evə keçdi, oradan da başqa evə soxuldu. Çardaqda ala pişiklə əlbəyaxa oldu. Nəhayət, beton divarlı və yoluq qanadlı köhnə yel dəyirmanına oxşayan elektrik stansiyasına girdi.

Cəsarətli siçan təzəcə girdiyi bu yerdə üst-üstə qoyulmuş iri sarğılar gördü. İncə və iti dişlərini uzatdı. Xırdaca burnuyla ətrafı imsilədi. Bura şamçı dükanı kimi iylənmirdi. Bir dişlək vurdu. Bunun başqa dadı vardı, mum dadı deyildi. Yenə dişlədi:

A! Bu ipək nə dadlı, nə yumşaq şeydir… – Bir dişlək, daha bir dişlək aldı. Cavan siçan yedikcə yedi. Elektrik nəql edən tellərin ipək və kauçuklarını qarnı doyana qədər yedi. Mis tel dilini acışdıranda dərhal yerini dəyişdirdi. Telin başqa yerini gəmirməyə başladı.

Cavan siçan teli gəmirdikcə on min evin və iyirmi küçənin aydınlığını su içən kimi içdi. Axşamdan bir az keçmiş elektrik lampaları birdən-birə kömür kimi oldu. Bəyazitdən Fatihə qədər hər tərəf qaranlıqlaşdı. Avtomobillərin işığı qaranlıqda çaxılan çaxmaq kimi işıldayırdı. Şəhərin böyük bir hissəsinin – Bəyazit, Fatih məhəllələrinin ramazan gecəsində qatı qaranlıq içində qalması nə qədər qorxunc şeydir!

Hamı: «şam, şam» deyə küçələrə düşdü. Şam bir anda böyük səhrada bir stəkan su qədər qiymətə mindi.

– Bu necə işdir? – Camaat söylənir, qəhvə dükanlarında oturanlar hirslənirdilər.

Vaxt keçirdi, amma işıqdan xəbər verən yox idi.

– Şam… Şam…

Şam axtaran qəhvəçi, dükançı və ev sahibləri Sabih əfəndinin dükanı qarşısına yığışdılar. Sabih əfəndini evindən çağırdılar. Qoca şamçı dükanı açdı. On ildən bəri dükanda yatıb qalan şamlar yarım saatda satıldı. Sabih əfəndi gözləmədiyi bu hadisədən son dərəcə şad oldu. Axırıncı şamı axırıncı müştəriyə verəndən sonra:

– Yetimin payını allah yetirər, – dedi və axşamüstü evə gedəndə yadından çıxartdığı tələləri qurdu. Dükanı bağlayıb getdi.

Səhər dükana gələndə Sabih əfəndi gördü ki, tələyə cavan bir siçan düşüb. Siçanın ağzında ipək və kauçuk qırıntıları vardı. Sevindi:

– Bir düşməndən qurtardım, – dedi.

Nəticə:

Dünyada çox insanlar tanıyıram ki, onlar da şamçı Sabih əfəndinin siçanı kimidirlər.

Rəşad Ənis Aygen

ÖLMƏYƏN İNSANLIQ

Gecə yarısıdır.

Ay getdikcə saralır, yastı-yapalaq evlərin arxasına girib qeyb olurdu… Səma yavaş-yavaş qaralmaqda idi. Ulduzlar göylərə mıxlanmış qəndillər kimi bir yerdə durub səyrişirdilər.

Qüdrət heysiz ayaqlarını zorla sürüyürdü. Cırıq pencəyinə bərk-bərk bürünmüşdü. Üşüyürdü. Dişi dişinə dəyirdi.

Qüdrət ağlayırdı, amma gözlərindən yaş gəlmirdi. Ağlamaqdan göz yaşları qurumuşdu, çünki…

Qüdrət ac idi. Neçə gündən bəri onun dilinə yemək dəyməmişdi. Son dəfə nə vaxt yediyini xatırlamırdı. Bəlkə on gün bundan əvvəl? Xeyr! İyirmi gün… Xeyr… Bir ay… Bəlkə daha çox.

İnsan acından asanlıqla ölmür…

Qüdrət kimsəsiz məhəllələrdə, dalanlarda qapılara qoyulmuş zibil qablarını ehmal-ehmal eşələyərək tapdığı qaralmış və kif basmış çörək qırıntıları ilə gününü keçirirdi.

Bir gün yenə zibil qabını eşələyəndə bir sümük tapdı. Az qala insan olduğunu yaddan çıxarıb sümük parçasını gəmirmək istədi…

Qüdrətin heç kimi yox idi. Nə atası… Nə anası… Nə qardaşı… Nə də dostu! Ağlı kəsəndən bəri bir varlı evində nökərçilik edirdi. Sözdə onu övladlığa götürmüşdülər. Amma gecə-gündüz işlədirdilər. Evləri süpürür, beşik yırğalayır, qab-qacaq, paltar yuyurdu.

Qüdrət on altı yaşına çatanda da evin kiçik xanımları zərrə qədər utanıb-sıxılmadan özlərinin ən kirli, ən iyrənc paltarlarını hırıldaya-hırıldaya onun qabağına atırdılar. «Yu!» deyirdilər.

Bir gün Qüdrətin «ana» deyə hörmət etdiyi evin yaşlı xanımı paltar yuyarkən onu sıxışdırmışdı. Əvvəlcə qollarını sıxmış, yanaqlarını çimdikləmiş, sonra da güclə dartıb nökərin yataq otağına aparmışdı…

Üstündə ehtirasla tövşüyən, bədəni tuluqlaşmış bu yaşlı qadından Qüdrət diksinmişdi.

O gündən sonra Qüdrət həmin evdən qaçdı. Bir müddət küçələrdə qəzet satdı. Sonra baqqal şəyirdi oldu… Müharibə başlayanda əsgərliyə getdi…

İki aydır ki, əsgərlikdən qayıdıb…

Lakin indiyə qədər iş tapa bilməyib. Ən adi bir iş üçün müraciət etdiyi qapılardan təhqir edib qovurdular.

Vətənə xidmət etmiş bir adamın mükafatı bu idimi?

Qüdrət insanlığa nifrət edirdi…

Qüdrət özünün insan doğulmuş olduğuna lənət yağdırırdı.

Başını əyib yerdə yem axtaran bir köpək, bir həşərat, hər halda, ondan daha bəxtiyar idi.

Qüdrət gedirdi…

Küçədə ondan başqa heç kim yox idi. Yalnız o və onun kölgəsi vardı; gah div boyda uzanan, gah ayaqları altında qeyb olan, sağa düşən, sola qıvrılan, divara dəyən oynaq bir kölgə.

Qüdrət bir yeməkxananın vitrini qarşısında durdu. Dükan hələ bağlanmamışdı. İçəridən yemək qoxusu gəlirdi. Qapıya sinib içəri baxdı. Yeməkxana boş idi. Yalnız şişman bir adam küncdəki masalardan birinin arxasında oturub iştahla yemək yeyirdi.

Qüdrətin gözləri qaraldı. Başı hərləndi. Səndələdi. Ayağı, yanındakı zibil qabına ilişdi.

Stulda mürgüləyən aşpaz «Qıss!» deyib yola bir parça çörək tulladı…

Qapı ağzında qulaqlarını şəkləyib duran bir neçə köpək daşa dəyib taqqıldayan quru çörəyin üstünə cumdu. Qüdrət daha cəld tərpəndi. Çörək parçasını qapıb götürdü. Başını çiyinləri arasına qısıb, sürətlə aradan çıxdı.

Ac köpəklər onlara atılan çörəyi alıb qaçan insanın dalınca mırıldadılar, hürdülər.

Bu hürüşmə bir az mərhəmət qarışmış istehzaya bənzəyirdi…

 
Qüdrət gedirdi.
Və mızıldanırdı.
 

Küçədə ondan başqa heç kim yox idi. Yalnız o və onun kölgəsi görünürdü, gah div boyda uzanan, gah ayaqları altında qeyb olan, sağa düşən, sola qıvrılan, divara dəyən oynaq bir kölgə…

Küçənin ən tənha yerində bir dalana dönərkən qabağına bir neçə qaraltı çıxdı. Sinəsinə tapança dayadılar:

– Tərpənmə!.. Əllər yuxarı!

Dayandı. Əllərini yuxarı qaldırdı. Qorxub eləmirdi.

Daldan boğuq bir səs:

– Oyan-buyan eləmə, pulları çıxart! – dedi.

Qüdrət qeyri-ixtiyari güldü. Bir an içində yanıb tez də sönən əl fənərinin işığı Qüdrətin gözlərini qamaşdırdı. İndi məchul qaraltılar da gülürdü…

Üzünün yarısını qara parça ilə gizlədən soyğunçu tapançanı cibinə qoydu. Qüdrətin çiynindən tutub onu silkələyə-silkələyə hırıldadı:

– Adə, sən də bizdən imişsən ki!

Soyğunçu o qədər bərk silkələyirdi ki, Qüdrət müvazinətini güclə saxlayırdı.

– Bah atonnan, adə, üfürsələr yıxılarsan ki, sən…

Qüdrət mızıldandı:

– Acam!

Üçü də güldü:

– Acsan?

– Onda sən avara adamsan…

– Bivecsən!

Onlardan biri Qüdrətin saralmış üzünə yaxından baxdı, yazığı gəldi:

– Gəl bizimlə gedək. İndi biz bir iş görəcəyik. Sən bayırda gözləyərsən. «İt» görünsə fit verərsən. Sənə də çörək çıxar bu işdən. Başa düşdünmü!.. Çalış ki, qarnın doysun. Yoxsa vallah-billah acından gəbərərsən. Sənə yazığı gələn olmasa, leşini də köpəklər didər.

Qüdrət heç nə demədi, divarlara sinə-sinə onların dalınca getdi.

– Al bu da sənin payın!

Qüdrət ovcunda iki lirəliyi görəndə heyrətdən, sevincdən nə edəcəyini bilmədi. Himayədarlarının ayaqları altına döşənmək istədi… Təcrübəli quldur onu danladı:

– Dil-ağız etmək üçün sən də vaxt tapıbsan? Hələ başın salamatkən əkil get burdan. Get, isti şorba iç. Yallah!.. Yaxan ələ keçsə, özünü dama girmiş bil, atanı yandırarlar.

Qüdrət gücsüz ayaqlarını sürüməyə çalışdı.

Qüdrət gedirdi…

Küçədə ondan başqa heç kim yox idi. Sadəcə o və onun kölgəsi vardı.

Qüdrətin qulağına acı bir hıçqırıq səsi gəldi. Qorxdu. Qaçmaq istədi, lakin ayaqları sözünə baxmadı.

Adam öldürən bir canini qan necə tutarsa, yaralı qəlbdən qopan bu qışqırıq da Qüdrəti eləcə tutub saxladı. Ovcunda bərk-bərk sıxdığı pul əlini yandırırdı. Yuxuda gəzən adamlar kimi qorxa-qorxa geri qayıtdı. Bir az əvvəl soyulan evə yaxınlaşdı.

Divardan aşıb, üzüm çardağına dırmandı.

Səs gələn yerə yaxınlaşdı. Bir dəqiqədən sonra boş və xaraba bir dəhlizə girdi. Yavaş-yavaş irəli getdi. Ən axırdakı sınıq qapıdan zəif işıq gəlirdi.

Qudrət qapını yavaşca açdı. Gördüyü mənzərə onu sarsıtdı. Bu böyük və boş otaqda kiçik lampa yanırdı. Xəstə balasının üstünə əyilmiş bir ana dərdli-dərdli hıçqırırdı.

– Get!.. Gedin. Bəsdir artıq. Allah eşqinə, get! Bizə dəyməyin…

Qüdrətin tükləri biz-biz oldu. «Mən quldur deyiləm, mən cani deyiləm!» demək istədi. Lakin boğazı qurudu. Səsi çıxmadı.

Dərdli qadın hey hıçqırırdı:

– Qalmayıb… Heç nəyim qalmayıb… Hamısını aldınız… Uşağımın dərman puluna qədər…

Qüdrət də ağlayırdı. O da hıçqıra-hıçqıra ağlayırdı.

Dərdli qadın hönkür-hönkür ağlayan pərişan geyimli bu «quldurun» halına baxıb təəccübləndi…

Qüdrət ovcunu od kimi yandıran pulu xəstə uşağın yatağına qoyub evdən çıxdı. Çardaqdan sürüşüb küçəyə tullandı. Qəlbində elə rahatlıq hiss etdi ki…

Ay batmışdı. Ulduzlar qaranlıq göylərə sancılmış qəndillər kimi titrəşirdilər.

Bir evin alt mərtəbəsindəki divar saatı gecə yarısını vurdu.

O biri küçədə dolaşan qarovulçu yoğun əl ağacını on iki dəfə səkiyə vurdu…

Qüdrət gedirdi.

Küçədə ondan başqa heç kim yox idi. Təkcə o və kölgəsi vardı. Gah div boyda uzanan, gah ayaqları altında qeyb olan, sağa düşən, sola qıvrılan, divara dəyən oynaq bir kölgə. Gedə-gedə bir az əvvəl köpəklərin qabağından qapdığı çörək parçasını gəmirirdi…

Elə xoşbəxt idi ki!.. Mədəsinin boş olduğunu, quru çörəyi gəmirərkən qaynayan diş ətinin sızıltısını duymurdu…

Said Faiq Abasıyanıq

SİNAQRİT BABA

«Cəhənnəm nişanı» deyilən yerdə beş balıqçı qayığı vardı. Gözəl yanvar axşamı idi. Gilavar əsirdi. Dənizin üzündə yeddi rəngin hər çeşidini görmək olurdu. Bərk qaynadılmış cökə çayı rəngində dalğalar oynaşırdı. Qayıqlar ağır-ağır tərpənir, tilovlar gözləyir, adamlar susurdular.

Kim bilir, suyun otuz səkkiz qat dərinliyində, kələ-kötür qayalar arasında bu rənglər görünürmü? Görəsən Sinaqrit8 baba ovdan qayıdıbmı? Göy qurşağı kimi par-par parıldayan pullarını göstərərək, qədim dövr kralları kimi ağır-ağır, möhtəşəm, varlı, əliaçıq, alicənab və müstəbid ədası ilə gəzirmi? Bəlkə də qızıl, zümrüd, inci, mərcan, sədəf içində alışıb-yanan sarayı üçün darıxdığına görə tələsir?

Sinaqrit baba ömründə danışmamış, ömrü boyu evlənməmiş, həmişə tək yaşamışdı. Sinaqrit baba qovuğunun zümrüd pəncərəsindən nə qədər faciələr seyr etmişdi, nə qədər tilovlar qırmışdı!

Bu axşam Sinaqrit baba kiminsə tilovunu seçməli və bu yorucu ömrü bitirməli idi. Hələ ki, onun hər yeri par-par parıldayır, hələ ki, əti öz ləzzətini itirməyib, ömrü qurtarmaq lazımdır. Sonra günlərin birində dərisi yapışqanlı, murdar bir vəhşinin dişinə keçə bilərdi. Yaxşısı budur ki, sulardan kənar dünyada yaşayan ağıllı bir məxluqa özünü təslim etsin, böyük bir süfrəyə qoyulsun, zəfərlə dolu ömrünü ağ şərabla başa vursun.

Sinaqrit baba gedib tilovlardan birini imsilədi. Bu, balıqçı Xristonun tilovudur. Xristonun eyibləri çoxdur. O, acgözdür, xeyir güdəndir. Kasıb olmağına kasıbdır, amma mənliyi yoxdur. Sinaqrit baba belə hesab edir ki, insan kasıb olsa da, öz qürurunu itirməməlidir.

Sinaqrit baba o biri tilova yaxınlaşdı. İmsilədi. Bu, balıqçı Həsənin tilovudur. Keç! Onun hap-gopuna baxma! Qorxaqdır. Sinaqrit babanın cəsarətli adamlardan xoşu gəlir… Başqa tilova yanaşdı. Balıqçı Yaqub yaxşı adamdır. Xoşsifətdir, mülayimdir, amma qısqancdır. Sinaqrit baba qısqancları sevmir… O biri tilov xəsis adamındır. Sinaqrit baba əliaçıq adamları xoşlayır. Bir zərbəylə xəsisin tilovundakı qarmağı dümdüz etdi. Ucundakı yemi alıb çeynəməmiş uddu. Xəsis tilovunu tez yuxarı çəkdi:

– Bay atonnan… Nikoli, qarmağı gör nə hala salıb, – dedi.

Sinaqrit baba quyruğunu indi də Nikolinin tilovuna toxundurur, onun sahibində bir eyib axtarırdı. Onda eyib nə qədər desən vardı. Əvvəla, əyyaş idi. İkinci, əxlaqsız idi. Ancaq öz xeyrini düşünən adam idi. Buna baxmayaraq Nikoli cəsarətlidir, əliaçıqdır, qətiyyən qısqanc deyil. Kasıbdır, həm də qürurludur. Sinaqrit baba qürurlu kasıbları sevirdi. Lakin Nikolinin qürurunu bəyənmirdi. O, insan oğlunda əsil qürur – öz yerində, öz vaxtında görünən qürur axtarırdı. O da deyil; insan oğlunun hərəkətindən, davranışından, hətta tilov tutmağa qədər bütün halından bəlli olan qürur görmək istəyirdi. O, Nikoli kimi adamın salladığı tilovu kəsməz, qarmağını sındırmaz, yemini də qapıb aparmaz.

Sinaqrit baba beş qayıqdan sallanan tilovların hamısını imsilədi. Heç birini bəyənmədi.

Sinaqrit baba öz qayasının kənarında durmuşdu. Fosforlu tilovların, civəli qırmaqların lacivərd aləmdə işıqlandırdığı saray meydanını seyr edirdi. Mərcanlar şəhərinin düz ortasında on beş dənə gözəl-qəşəng fənər yellənirdi. Qonşu qovuqlardan çıxan mərcan balıqları fənərlərə hücum edir və axmaqcasına tora düşürdülər. Gözləri böyümüş halda yuxarı çıxarılan zaman dönüb yenə aşağıya gəlir, elə bil yuxarıdakı həyatı görməkdən vahimələnirdilər. Sinaqrit babaya baxıb, böyüyən gözləri ilə sanki: «bizi qurtar» deyirdilər. Sinaqrit baba fikirləşirdi. Gedib bir dişlək vursa, o işıq saçan ipin işini bitirə bilər. Amma getmirdi, onların heç birini xilas etmək istəmirdi. Sinaqrit baba onları qurtarmağın bu qədər asan olduğunu bilirdi, amma onun bildiyi başqa şey də vardı. O, başa düşürdü ki, nə suda, nə quruda, nə havada, nə heyvanat, nə də nəbatat aləmində tək bir adamın ağlı ilə müşkül məsələləri həll etmək mümkün deyil. Tilova ilişən həmcinslərini qurtarmaq üçün o işıq saçan ipi bərabər qırmaq zərurətini bütün balıqların dərk etmələri lazımdır. Yoxsa Sinaqrit babanın tilovu təkbaşına kəsməyindən nə çıxacaq? Bəs bir azdan sonra Sinaqrit babanın özü tutulanda necə olacaq? Onda tilovu kim kəsəcək? İşıqlı ipi kəsmək kimin ağlına gələcək?

Sinaqrit baba bu fikirdə ikən parlaq işıqlar saçan bir tilov aşağı endi. Sinaqrit baba sevincək ora qaçdı. Bu tilovu da imsilədi. Tanıya bilmədi. Yemi ağzına alanda zənn etdi ki, bu tilovun sahibi onun axtardığı adamın lap özüdür. Bunu fikirləşməyi ilə qarmağa keçməyi bir oldu. Çəkilib qayığa düşən zaman gözləri böyümüş Sinaqrit baba onu tutan adama sevinclə baxdı. Sinaqrit baba kənarları qırmızı, içi şəffaf, qara gözlərini çevirib balıqçıya bir də baxdı, yenə baxdı. Birdən diksindi. Hiddətindən ayaqlarını yerə döyən gənc qız kimi qayığın döşəməsini təpiklədi. Sinaqrit baba onu tutan tilovun sahibində bəlkə də, bizim sezmədiyimiz bir xüsusiyyət görmüşdü. Bu adam indiyə qədər təcrübədən keçirilməmişdi. Ömrü boyu hamı onu cəsarətli, mərd və məğrur bir adam kimi tanımışdı, Amma Sinaqrit baba bu balıqçıda bizim sezmədiyimiz bir xüsusiyyət olduğunu anlamışdı. Onu tutan tilovun sahibi özünün mərd və qürurlu olduğunu indiyə qədər sübuta yetirməmişdi. Bu vaxtacan Sinaqrit babanın da onu tanımaq imkanı olmamışdı. İndi Sinaqrit baba onun toruna düşməsəydi, bəlkə də həmin balıqçı imtahandan keçməyəcək, ömrünün sonuna qədər mərd, cəsarətli və qürurlu bir adam hesab ediləcəkdi. O nəkarə idi, necə adam idi? Sinaqrit baba belə bir adama hələ rast gəlməmişdi. Ölümqabağı həmin adama bir də baxdı. Namuslu, mərd və cəsarətli adam kimi tanınan və dünyadan bu adla getmək imkanı olan bu balıqçı əslində qorxaqların ən qorxağı, namussuzların ən namussuzu idi. Sinaqrit baba bunları onun alnından oxudu. Bu adamın ikiüzlü olduğunu öyrənmək üçün Sinaqrit baba macal tapmamışdı. Yoxsa Sinaqrit baba onun tilovuna keçərdimi? Sinaqrit baba hirsindən çırpındı. Bağırmaq üçün ağzını açdı. Yumdu. Sinaqrit baba insanlıq sınağından keçməmiş bir adamın qayığında peşmançılıq və məğlubiyyət hissi ilə can verdi.

XƏRİTƏDƏ BİR NÖQTƏ

Uşaqlığımdan bəri xəritəyə baxanda gözüm ada axtarır. Şəhər, vilayət, mahal adlarını oxuyandan sonra nəzərlərim yenə mavi sahillərə yönəlir. Əlbəttə, Robinzon Kruzonu oxumuşam. Lakin xəritənin mavi rəngləri üstündə tənha bir ada görəndə xəyala dalmağım bu kitabdan deyil. Adaları, oxuduğum romanların təsiri ilə sevdiyimi deyə bilmərəm. Amma belə bir təsirin olduğunu inkar etmək də olmaz. Xəritədə gözüm adaya ilişər-ilişməz qəlbimdə dostluq, sevgi hissləri baş qaldırır. Həmin dəqiqə, gözlərimin içinə baxan bir köpək, az danışan, təmkinli, çalışqan bir balıqçı, yan taxtaları qaralmış qayıq, qayığın dalınca uçan bir quş, pul-pul sədəflər, sahildə duran məlahətli uşaqlar, balıqçı komaları, balıq şorbası, kərəviz ətri, buğlanan qara bir qazan, üfüqlərini duman sarmış bir dəniz canlanır nəzərlərimdə.

Çox zaman təbiət insana dost olur. Düşmən kimi görünən vaxtlarda belə o, insan oğluna öz qüdrət və qüvvətini sınaqdan keçirmək imkanı verən ciddi bir ataya bənzəyir. Fırtınalar adamın qayığını batıranda ona üzməyi, küləklər daxmasının damını uçurub aparanda daha qüvvətli, daha hünərli olmağı öyrədir; vəhşi heyvanlarla qarşı-qarşıya gələn insana cəsarət və əzm verir; orda, dörd tərəfi su ilə əhatə olunmuş yerdə insanların iradəli və namuslu olmalarını, bir-birlərinə arxa olmalarını tövsiyə edir; küləklərə, fırtınalara, dəniz heyvanlarına, günlərlə, həftələrlə qayalara çırpılan dalğalara ancaq təbiət qanunlarının müəyyən etdiyi şəkildə yanaşmağın mümkün olduğunu öyrədir; qüvvətli və sağlam əzələlərin zəiflərə yardım üçün, iti ağlın daha korş, daha süst ağla, hətta ağılsıza kömək üçün verildiyini təlqin edir; şorbanın şorbasızlar arasında bölünəndə ətir iyi verdiyini öyrədir. Belə düşüncələrlə xəritələrdəki maviliyin ortasında, böyük qitələrin kənarındakı böyük dənizlərin bir tərəfinə düzülmüş adalara baxa-baxa qalırdım.

Yataq otağımdan da bir xəritə asmışam. Gecə oxuduğum kitaba inanmayanda, yorulub gözümü kitabdan ayıranda həmin xəritəyə baxıram. Xəritəni görən kimi bir ada, ada görəndə isə fırtınaları, küləkləri, uğultuları, köpək balıqlarını, sonra da adanın namuslu sakinlərini xatırlayıram.

Gecələrin birində motorlu qayıq gözlənilmədən qatranlı körpüyə yan alır. Xəritədə nöqtə şəklində gördüyüm adaya çıxıram. O saat orta yaşlı, saqqalı çoxdan qırxılmamış bir adam gülə-gülə mənə yanaşır:

– Gəldin, qardaş?

– Gəldim, qağa.

– Daha getməyəcəksən ki?

– Ah… İstəmirəm… Bəsdir…

– Adamızdan yaxşı yer yoxdur.

– Yox imiş, qağa.

– Atam ömrünü sizə…

Gözlərimiz yaşardı. Taxta hasarlı həyətə girdik.. Üzüm çardağının altından keçdik. Həyətin aşağısında bir çeşmə vardı. Suyu sərin, dupduru… Çeşməyə tərəf getdim.

– Mən əl-üzümü yuyum, – dedim. Həyəcan, kədər və utancaqlıq duyurdum. Bədənim əsirdi. Əl-üzümü yudum. İki-üç adam boynuma sarıldı. Qonşular gəldilər. Ürküdülmüş toyuqlar qaqqıldaşır, anam ağlayır, qardaşım çörək doğrayır, mən divardan asılmış balıqçı torlarını seyr edirdim.

Qardaşımdan soruşdum:

– Bu gün gilavar əsirdimi, qağa?

– Başlayanda gilavar başladı, axşama doğru qərbə döndərdi. İndi şimal-qərbdən əsir, amma dəyişəcək, xəzriyə çevirəcək.

– Xəzri qar gətirərmi, qağa?

– Sən gəldiyin yerlərə qar gətirər, amma biz tərəflərə çox yağmaz… De görək, sən necəsən? Maşallah, rəngin yaxşıdır!

– Çox şükür, qağa!.. Kənddə nə var, nə yox?

Gördüyün kimidir! Elə o cürdür… Uşaqlar karta dadanıblar. Başqa pis işləri yoxdur.

– Kartı pullamı oynayırlar?

– Yox, canım. Pulları haradadır ki, pulla oynayalar? Şey-meydən oynayırlar: balıqdan, çəngəldən, iynəcikdən… Elə bir o qalmışdı ki, puldan oynasınlar. Atalarını yandıraram.

Mən ziyanın yarısından qayıtmış kimiyəm. Yatağımda uzanaraq israfçılıqdan, dəlilikdən, sərsərilikdən ayrılıb doğru yola düşdüyümü fikirləşirəm. İşığı söndürməyimlə yuxumun başlanğıcı arasına günəşli bir sabah, qayıqlar, bir kəndin camaatı dolur. Böyrünə çiçək və balıq rəsmi çəkilmiş cüt kürəkli qayıqlar bir an içində uzaqlaşırlar.

Bu gün dəniz mehriban bir ana kimidir. Dəniz bu qədər sakit, bu qədər nəvazişli, işıqlı, rezin çəkmə kimi parıltılı olmamalıdır. Bu günün sabahı da var. Dalğanın qırıq şüşə kimi kəskin və soyuq olduğu zamanlar da gələcək; o qorxulu su başımızdan girib, ayağımızdan çıxacaq…

Budur, uşaqlıq və ilk gənclik xatirələrim məni həsrətini çəkdiyim bir adaya təsadüfən gətirib çıxartdı. Ömrün yarısı keçəndən sonra əsil yuvama qayıtmışdım. O vaxt, on dörd yaşında, sarışın bir oğlan ikən motorlu bir gəmi məni götürüb böyük şəhərlərə aparmışdı. Orda yaxşı ömür sürmüşdüm: cibim pul görmüşdü; qadın görmüşdüm, şəhvət dadmışdım; qumar oynamışdım; oğurluq etmiş, həbsxanaya düşmüşdüm; fahişəxanalarda olmuşdum; cibgirlərlə, oğrularla yoldaşlıq etmişdim; mənə sataşmışdılar, mən sataşmışdım, ac yatmışdım; pul oğurlamışdım; namusa toxunmuşdum; sevmiş, sevilmişdim. İndi, budur, hamısını, hamısını itirib, həmin getdiyim motorlu qayıqla yenə geri qayıtmışam.

İndi mən ömrümün sonunu burda, bu namuslu insanların arasında, heç vaxt gülməyən, əylənməyən, hər şeyə laqeyd olan və başına vuranda əlindən çörəyini verən bir adam kimi balıq ovuna getməli, yaxşılıq həsrəti ilə yaşamalı idim.

Payız uzun və gözəl keçdi…

Adamların arasına gec-gec çıxmağa çalışırdım. Atamızdan qalan evi anam idarə edirdi. Mən isə bu evdə başını qara soxmuş qırqovul kimi idim. Ətrafımdakı adamları özümdən xeyli yaxşı, xeyli namuslu bilirdim. Onları maraqla seyr edirdim. Amma onların haqqında yazmaq niyyətim yox idi. Balıq ovuna çıxmaq istəyirdim. On quruşa qəhvə içəcək, iyirmi quruşluq siqaret çəkəcəkdim. İtirmiş olduğum hər şeyi – insanlığı, əsarəti, səhhəti, yaxşılığı, saflığı, dostluğu, alın tərini, tənhalığı yenidən əldə edəcək, yeni bir adam olmasam da, təmiz həyat içində, heyranlıq, məyusluq və utancaqlıq içində ömrümün son gününü gözləyəcəkdim. Bilirdim ki, burda adamlar məni çox da sevməyəcəklər. Çünki mən onlar kimi deyiləm. Balıqçılığa gedəsi olsam, onların nə deyəcəklərini də bilirdim. Deyəcəkdilər ki: «Əməlli-başlı ev-eşiyi ola-ola bunun balıqçılıqda nə azarı var? Dəli olub nədir? Ona pay da düşməz… Fərsiz övladdır. Yaxşı ki, anası var, yoxsa ata malını satıb sovurar». Onlar heç zaman bilməyəcəkdilər ki, mən ağır keçən dəqiqələrimi sayıram, küləyin, balığın, dənizin, balıq torunun həsrətini çəkə-çəkə son dəqiqəmi gözləyirəm.

Nə eybi var? Mən onları öz xəyalımdakı adanın sakinləri ilə müqayisə edəcək, onları sevəcəyəm. Günümü bir siqaret, bir ada çayı, bir kart oyunu ilə bitirəndən sonra həyata yenicə gəlmiş adam kimi yatağıma uzanacaq, yaxşı, namuslu və qəhrəman insanları, özgə haqqını yeməyənləri, çörəklərini alın təri ilə çıxardanları, bir-birlərinə fədakarcasına həyan durub yaşayanları seyr etməkdən duyduğum həzlə dərin və röyasız bir yuxuya dalacağam. Sabah yenə küləklə və yağışla oyanacaqdım. Günümü yenə şüşələri tərli bir qəhvə dükanında əlləri qabarlı, üzləri günəşdən və küləkdən zolaq-zolaq olmuş insanlar arasında günah və pislik etmədən başa vuracaqdım.

Bir seyrçi sifətiylə onların arasında məsud yaşayırdım. Şəhərə getmirdim. Hər şey xəyal etdiyim kimi idi. Yalnız pay məsələlərində bəzi nalayiq sözlər danışılırdı, onda da özümü eşitməməzliyə vururdum.

Bir səhər tezdən xülyalarımda gördüyüm kimi, qayıq ovdan qayıtmışdı. Yükü boşaldılmışdı. İndi torları yuyurdular.

Balıq bazarında pula getməyən on-on beş dülgər9 balığı qayığın dibində qalmışdı. Onlar hələ ölməmişdilər: incə, zər qanadları tərpənirdi. Bir azdan balıqçılar işlərini qurtaracaq və hərə bir dülgər balığı götürüb evinə gedəcəkdi.

Qayığı təmizləyənlər səkkiz nəfərdi. Yeddisi bizim adadan idi. Zəif, sarı, xəstə sifətli səkkizincini tanımırdım. Çox ürəklə, səylə işləyirdi.

Balıq bol olanda adaya kənardan da adam gəlirdi. Kənardan gələnlərə pay düşmürdü. Balıqçılarla rəis onlara lazım bildikləri qədər balıq verirdilər.

Həmin adam bir dülgər balığı qazanmaq üçün əlindən gələni edirdi.

Nəhayət iş qurtardı. İki dülgər balığını rəis özü üçün ayırdı. Balıqçılardan birinə:

– Bunu bizə apar, sonra da o birilərini paylaşdır, – dedi.

Kənardan gələn adam gözləyirdi ki, ona da bir balıq verəcəklər. Üzündə xoş təbəssüm, xəfif bir qızartı vardı. Pay bölənin əlində axırıncı balıq qalana qədər bu qızartı həmin adamın yanağından çəkilmədi. Sonra birdən-birə rəngi avazıdı. Təbəssümü üzündə donub qaldı. Kiminsə ona baxdığını gördü və üzündəki təbəssüm elə bil birdən-birə əriyib yoxa çıxdı. Gözləri böyüdü. Qayıqdakı adam sonuncu balığı dənizin qırağına fırlatdı. Kənardan gələn adamın üzü təzədən işıqlandı. İki addım irəli getdi. Balığı götürmək üçün əyildi. Amma əlində dülgər balığı olan balıqçılardan biri çəkməli iri ayağını yerdəki balığın belinə basdı.

– Nə edirsən, həmşərim? Hələ bir dayan görək. Bu yersiz gəldi, yerli qaç oldu, axı.

Yad adam əlini geri çəkdi. Bir söz demədi. Söz deyəcək halı yox idi. Sahildəki qəhvəxanaya tərəf getdi. Bu hadisəni görən yerli adamlardan biri səsləndi:

– Qoysana götürsün! O kişi də işlədi. Nə olar, bir dənəsini də ona ver. Durub haralardan bura gəlib.

– Mənə nə? Gəlməsin! Yalvarıb çağırmamışıq ha. O balığın iki lirə yarım qiyməti var. Balıq olmayanda, toru təmizləməyə heç yaxın durmurlar. Elə şey yoxdur, həmşərim, verən deyiləm.

Qayıqdakıların heç biri dillənmədi.

Bir-iki nəfərə ümidim gəlirdi. Düşünürdüm ki, indi onlardan biri öz payına düşən balıqdan bir dənəsini, heç olmasa ən kiçiyini gəlmə adama verəcək.

Rəis qəhvəçi dükanının qabağında qəhvə hortuldada-hortuldada qayıqçılara baxırdı.

– Eyibdir, eyib! – dedi.

Paylarına düşən balıqlardan ən balacasını gəlmə adama verəcəklərinə ümid bağladığım qayıqçılardan biri dedi:

– Sən bu işə qarışma, usta! Eyib nə deməkdir? Eyib yorğan altında olar.

– Bu dəniz sizin atanızındır?

– Bəs onun atasınındır?

– Yox, amma gəlib, bizim qayığımızda iş görüb.

– Onu kim çağırmışdı? Gəlməyəydi.

Yad adam qəhvəçi dükanındakı stollardan birinin arxasında oturmuşdu. Qəhvəçi başının üstünü kəsmişdi. O, qəhvəçiyə:

– Qalxıb gedəsiyəm, qalxıb gedəsiyəm, – dedi.

Ayağa durdu. Onun üstündə danlanmış adama:

– Zərər yoxdur, həmşərim, zərər yoxdur, – dedi.– Qoy verməsinlər, istəməz.

Kiçik addımlarla gəmiyə doğru getdi.

Özümə söz vermişdim ki, yazmayacağam. Yazmaq da ehtiras deyilmi? Burada, namuslu insanlar arasında sakitcə yaşayıb öləcəyim günü gözləyəcəkdim. Ehtiras və hiddət nəyimə lazım idi? Özümü saxlaya bilmədim. Qaçıb karandaş, kağız aldım. Oturdum. Adanın kimsəsiz yollarında gəzərkən darıxmayım deyə çubuq yonmaq üçün cibimdə gəzdirdiyim bıçağımı çıxartdım. Karandaşı yondum. Sonra götürüb öpdüm. Yazmasam, dəli olardım.

Sabahəddin Ali

ARABA

Tarla məsələsi üstündə Savruqların Hüseyni arx başında Sarı Məhmədi vurub öldürdü.

Otuz evdən ibarət olan kənd bir-birinə dəydi. Adamlar özlərini itirdilər. Hamı qorxu içində jandarmların gəlməyini gözləyirdi. Jandarmlar gəlib çıxmaq bilmirdi; halbuki polis məntəqəsindən bura altı saatlıq yol idi. Kənd camaatından onlara xəbər çatdıran olmasaydı jandarmlar hələ on beş gün buraya ayaq basmazdılar. Bu fikir kəndlilərin ağlına sonradan-sonraya gəldi. Kəndin ağsaqqalları qəhvə dükanında Hüseynin atası Məvlud ağanın ətrafına toplaşdılar. Sarı Məhmədin, qoca anasından başqa heç kimi yox idi. Şikayətçi olmasın deyə ağsaqqallar gedib ona məsləhət verməyə başladılar. İmam deyirdi:

– Ay qarı, şikayət edib nə qazanacaqsan! Mevlud ağanın oğlunun adam öldürməyinə kim şahid duracaq? Lap şahid tapsan da ayda iki dəfə qəsəbəyə gedib, hər səfərdə dörd-beş gününü havayı itirəcəksən. Bəs sənin tarlanı kim becərəcək, işini kim görəcək? Qəsəbə iki günlük yoldadır. Bir dəfə deyəcəklər şahidlərin gəlməyib o biri həftə gəl, məhkəmə təxirə salınır. Bir dəfə günü yaddan çıxardıb özün vaxtında gedə bilməyəcəksən. Dalınca jandarm göndərəcəklər ki, gəl. İstəsən də yaxanı onların əlindən qurtara bilməyəcəksən. Evin-eşiyin dağılacaq. Bir qəzadır başına gəlib. Bu, allahın işidir. Allahın əmrinə qarşı məhkəmə ilə çıxacaqsan? Nə etsən də oğlun geri qayıtmayacaq. Gəl, bu işin üstünü ört-basdır edək. Əslində Sarı Məhmədin sənə bir xeyri də yox idi, pulunu arvadlara yedizdirirdi. Bax, Mövlud ağa bundan sonra sənə kömək duracaq. Nə deyirsən?

Bütün bu sözləri oturduğu yerdə başını sallayaraq dinləyən, irinli və ağlamaqdan qızarmış gözlərini ağac budağına oxşayan iri damarlı, dərisi çatlaq-çatlaq olmuş əlləri ilə silən qoca qarı, imam sözünü bitirəndən sonra da əvvəlki kimi dərdli-dərdli yırğalanmaqda davam edirdi. O, başındakı yamaqlı və kirli örtüyünün altından çıxan xınası solmuş ağ saçlarını bir çəngə quru ot kimi üzündən və yaş yanaqlarından çəkdi, Anlaşılmaz sözlər mızıldadı.

Orada oturanlardan bir neçəsi də qoca qarının qarşısında çöməlib yarı məsləhət, yarı hədə ilə: «Elə deyilmi, hə? Tez cavab ver, sözünü tez desənə! Ağlın haradadır? Tez cavab versənə!» deyib ona dil tökürdülər.

Meyit qəhvə dükanı olan həyətə qoyulmuşdu. Üstünə köhnə və çirkli keçə salmışdılar. Başı üstündə üç çibin vızıldayırdı. Əllərində uzun dəyənək tutan bir dəstə uşaq günəşdən qamaşan gözlərini tez-tez qırpa-qırpa ölünün keçə altından çıxan ayaqlarına baxırdı. Altı və dabanı yırtıq, qalın corab içindəki bu hərəkətsiz ayaqlar və onların üzərində uçuşan yamyaşıl çibinlər, deyəsən, uşaqları əyləndirirdi. Ara-sıra uşaqlardan biri onu çağıran anasının səsinə gedir, bir azdan sonra yenə yüyürüb gələrək həmənki yerini tuturdu.

Qəhvə dükanındakılar yavaş-yavaş oradan çıxdılar. Qarı gedib oğlunun meyitinin yanında oturdu. Bir əli ilə çibinləri qovmağa, o biri əliylə qocalıqdan və xəstəlikdən kiçilib noxud boyda olmuş gözlərini silməyə başladı. O, elə bil xəstənin başı üstündə oturmuşdu. Əlini ağır-ağır tərpədərək, milçəkləri qovlayırdı. Boğuq səslə bağıran bir qoca kişi uşaqları evlərinə qovdu. Başqaları da yavaş-yavaş dağılışdılar. Cavanlardan bir neçəsi cənazəni götürüb evə apardı. Axşama doğru hər şey öz qaydasına düşdü. Ağır xəstəlikdən sonra öz əcəliylə ölmüş adam kimi onu yuyub, sakitcə dəfn etdilər. Mövlud ağa, Sarı Məhmədin anasına iki sağmal keçi, bir torba un və bir torba qənd yolladı.

Bu əhvalatdan təxminən bir ay sonra kəndə iki süvari jandarm gəldi. Qəhvə dükanının qarşısında atdan düşdülər. Bunları görəndə Muxtarın ürəyi qopdu. Çünki bunlar məntəqənin jandarmları deyildilər. Hər halda vilayətdən gəlmişdilər. Jandarmlardan biri o saat kağız-qələm çıxartdı. Qəhvə dükanında oturub, bir-bir adamlardan ifadə almağa başladı. O biri jandarm isə kənd meydanında aşağı-yuxarı dolaşmaqda idi.

Bu xəbər dərhal kəndə yayıldı. Savruqların Hüseyni ilə ədavəti olan və qəsəbədə çəkməçilik edən Qərib Məhməd kəndlilərdən eşitdiyi cinayət işini dərhal hökumətə bildirmişdi. Prokuror əvvəlcə özü həkim götürüb gəlmək istəyirdi. Sonra avqustun istisində at üstündə günlərlə yol getməyi özünə rəva bilmədi. İşi təhqiq etmək üçün kəndə iki diribaş jandarm yolladı. Həkim ehtiyat üçün jandarmlara bərk-bərk tapşırdı ki, əgər bir cinayət varsa, cəsədi çıxarıb qəsəbəyə gətirsinlər.

Sarı Məhmədin anası ifadəsində heç nə söyləmədi. Yalnız: «Mən heç kimdən şikayətçi deyiləm» dedi. «Oğlum öz əcəli iləmi öldü, yoxsa onu vurdular?» sualına da eyni cavabı verdi. Qarı, oğlunun dərdini yadından çıxarmamışdı, amma hökumət qapısına düşmək ona oğlunun ölümündən də qorxunc gəlirdi. Otuz il bundan qabaq kəndlilərdən birisinin qəsəbə bazarında bir torba yarmasını oğurlamışdılar, kəndli də onu şahid göstərmişdi. İndi Məhmədin anasının o zaman düz altı ay məhkəməyə gedib-gəldiyi və əkinin başlı-başına qaldığı yadına düşdü. Halbuki onda daha gənc idi…

Həm də Məhməd geri qayıdası deyildi. Mevlud ağa ilə düşmənçilik etməyin faydası yox idi. Kənddə acından ölərdi. Onun üçün də qarı, oğlunun qəsdən öldürüldüyünü danırdı.

Axşam tərəfi jandarmlar qəbiristanlığa gedib kəndlilərin yardımı ilə Məhmədin ölüsünü qəbirdən çıxartdılar. Ancaq yarım metrə qədər torpağa basdırılmış cəsəddən indi üfunət qoxusu gəlirdi. Hamı beş-on addım geri çəkildi. Jandarmlar Məhmədin anasını çağırıb dedilər: «Arabanı qoş! Oğlunu qəsəbəyə aparmalısan. Həkim müayinə edəcək!»

Qarı: «Balamı qəbrində də rahat qoymadılar!» deyib əllərilə dizlərinə döyür və bütün Anadolu qadınları kimi səs çıxarmadan, arabir hıçqıraraq ağlayırdı. Mütəmadiyən bədəni əsirdi. O, dərisi çatlamış quru əllərini tez-tez ağzına və gözlərinə aparırdı. Jandarmlardan biri ayağı ilə ona yavaşca toxunub dedi: «Qalx gedək!»

Qadın arabasını qoşdu. Oğlunun qurd basmış ölüsünü cırıq-cındır bir yorğana bürüdü. Arabanın içinə köhnə döşək sərdi və ölünü onun üstünə uzadıb kəndirlə bağladı. O, bəzən dayanıb bir müddət ağlayır, sonra öz-özünə söylənib təzədən işə başlayırdı. Gecə düşəndə qarı təkbaşına yola düzəldi. Jandarmlar ondan əvvəl muxtarı10, imamı11 və Savruqların Hüseynini bir-birinə cələkləyib12 qəsəbəyə aparmışdılar.

İxtiyar qadın iki sısqa və cansız öküzün çəkdiyi arabanın arxasınca əlində dəyənək yalın ayaqları daş-kəsəyə dəyə-dəyə yeriyirdi. Ağlamaqdan tutulmuş səsiylə hərdən öküzləri haylayırdı. Yay gecəsinin parlaq ay işığında, çaqqalların səsini batıran bir qıcırtıyla ağır-ağır irəliləyən bu araba ölü aparan arabaya oxşamırdı. Öküzlərin belinə düşən ay işığı onları canlı və qüvvətli göstərirdi. Yamaqlı yorğan da, köhnə araba da təptəzə, gözəl və yaraşıqlı görünürdü. Əlində dəyənək tutmuş qadının kölgəsi bəyaz daşların və kolların üzərindən adlayaraq rəqs edirmiş kimi sıçrayıb uzanırdı.

Arabadan yayılan ağır qoxunun təsirindən keyləşmiş altmış yaşlı bu qadın səndələyə-səndələyə yüyürür, bəzən sürətini artıran öküzlərdən geri qalmamağa çalışırdı. Qarı ayaqlarını zorla sürüyürdü. Göz yaşlarını içəri axıda-axıda ağlamaqdan onun sinəsi daralır, nəfəsi təngiyirdi.

O, arabanın cağından tutub bir az da yeridi. Ayaqları bir-birinə dolaşırdı. Öküzlərə «oooha» demək, bağırmaq istədi. Amma səsi çıxmadı. Əlləri arabadan ayrıldı. Yerə yıxıldı. Toz içində ayağa durub yüyürməyə başladı. Qarşıdan əsən sərin külək onun gen donunu və şalvarını13 yellədir, başındakı yırtıq örtüyü qara bayraq kimi dalğalandırırdı. Arabaya çatmamış o, yenə yıxıldı. Üzü yolun ağappaq və gül kimi narın tozuna bulaşdı.

Araba daşlara dəyərək içindəki ölünü atıb-tutur, yanıqlı-yanıqlı cırıldayır, ay işığında və gecə səssizliyində arxasınca xəfif toz buludu qaldıraraq, özü bildiyi səmtə doğru ağır-ağır gedirdi.

BİR MEŞƏ HEKAYƏSİ

Yanımda oturan qoça kişi danışmağa başladı.

– Meşə bizim hər şeyimiz deməkdir, cavan oğlan, o, bizim anamız, atamız, evimizdir…

Qaranlıq qarışırdı. Bir azdan sonra günəş tamam qeyb oldu. O andan etibarən hər şey dəyişildi. İndiyə qədər yaşayan, qımıldanan, səslənən oba artıq ölmüş, incə bir dumana bürünmüşdü. Bunun əksinə olaraq arxamızdakı meşə canlanırdı. Səhərdən bəri ancaq pıçıldaşan ağaclar indi danışır, gurultu salır, yellənir və əllərini bir-birinə uzadırdılar. Yalnız ağaclar deyil, otlar, quru yarpaqlar, ağacların gövdəsinə sarılan sarmaşıqlar, hətta qəhvəyi mantar və tünd-yaşıl yosunlar belə canlanmışdı. Meşədən dərin bir uğultu və qarma-qarışıq səslər gəlirdi. Zənn edirdim ki, arxa tərəfimizdə böyük bir şəhər gərnəşib oyanır. Birdən bu ahəngə heyvanlar da qarışdılar. Bayquş səsləri, ulamalar… Hərdən obaya qədər çatan, oradakı daimi sükutu pozan acı və kəskin bir inilti, onun dalınca da boğuşma və uzun xırıltılar qaranlığın düşməsi ilə canlanan meşəyə qorxunc bir mahiyyət verirdi.

Bir az irəlidə, əsəbiləşirmiş kimi qabaq ayağı ilə yeri eşələyən atım kişnədi, başını mənə tərəf çevirərək, iniltiyə bənzər səslər çıxartdı. Sonra yenə də otlamağa başladı.

Yanımdakı qoca dirsəklərini dizinə dayayıb oturmuşdu. Siqaret çəkirdi. Bürüşmüş dodaqlarının bir kənarından aşağı sallanan siqaretin gözü qocanın saqqalına qəribə bir qırmızılıq verirdi. Gözlərini qırpıb gah öz ayaqlarının ucuna, gah da mənim üzümə baxırdı.

Cavan oğlan, bizim hər şeyimiz, bütün varımız-yoxumuz meşədir, – deyə söhbəti davam etdirdi. – Meşəni biz öz evimizdən yaxşı tanıyırıq. Meşə bizim qayğımızı anamızdan çox çəkmişdir. Kəndimiz meşənin ortasında idi. Ağaclar kəndin ətrafına çəkilmiş divara bənzəyirdi. Uşaq vaxtı burda çubuqlardan araba qayırıb, içinə xəzəl doldurardıq. Daha sonralar atalarımıza kömək həvəsinə düşüb, itmiş köşəkləri axtarmaq üçün meşənin ən sıx yerlərinə gedərdik. Azmaqdan qorxmurduq. Heç tanımadığımız yerlərdə belə yolu asanlıqla tapırdıq. Qırılmış budaqlar və yıxılmış kötüklər bizə yol göstərirdi. Həm də insan öz evində heç azarmı? Böyüdükcə başa düşürdük ki, meşənin bizim üçün daha artıq əhəmiyyəti var. O bizim əynimizə paltar, qarnımıza yemək, evimizə taxta-şalban verirdi. Meşəsiz yaşamaq!.. Bunu heç ağlımıza da gətirmirdik.

Qoca mənim qolumdan tutdu. Əlləri titrəyirdi. Xırda və nursuz gözləri yaşarmışdı. Üzündəki qırışlar daha da artmışdı. Nəsə demək istəyirdi, amma boğazı tutulurdu. Onun üzündən, ağzından, gözlərindən, hətta vücudunun hər sarsıntısından tökülən acı kədər məni bürüyür, öz ağuşuna alırdı. Nəhayət, boğazına tıxanan bir şeyi çıxarıb atmağa müvəffəq olmuş kimi bağırtıya bənzər səslə dedi:

– Cavan oğlan, meşəmizi əlimizdən aldılar, bizi meşəsiz qoydular!.. Bir ağacımız da qalmadı…

Sonra əlini başına apardı. Papağını geri itələyib, ağ saçlarını qamarladı. Bir müddət beləcə qaldı. Mən onun qəlbində baş qaldıran həyəcanları duyur və dayanmaq vaxtı çatan bir divar saatının rəqqası kimi yavaş-yavaş necə sükunətə gəldiyini görürdüm.

Dodaqlarını yandırmağa başlayan siqareti tulladı. Saqqalına tökülən külü çırpdı. Üzümə baxmadan sakit-sakit danışdı:

– Atalarımız babalarımızdan, biz də atalarımızdan necə görmüşüksə elə işləyir, lap onlar kimi də yaşayırdıq. Güzəranımızdan razı idik. Axı, dünyada başqa şeyin olacağını bilmirdik ki, narazı da qalaydıq. Zənn edirdik ki, bütün vəzifəmiz bizə verilən əmanətləri oğullarımız üçün qoymaq, onlara da bizim kimi yaşamağı tövsiyə etməkdən ibarətdir. Kənardan uzanan bir əlin bunların hamısını alt-üst edəcəyini fikrimizə də gətirmirdik.

Bir gün eşitdik ki, hökumət meşənin o başında bir şirkətə işləmək icazəsi verib. Bunun nə demək olduğunu anlamadığımız üçün şirkətin orada işə başlamasına əhəmiyyət vermədik. Amma bir də gördük ki, meşənin o başında ağacları qırırlar, meydançalar əmələ gəlir. Təhlükə qarşısında qaldığımızı anladıq. Bu bəlanı özümüzdən uzaqlaşdırmağa çalışdıq. Lakin meşəyə düşən bu yara yavaş-yavaş kök atıb yayılmağa başladı. Ən qədim, ən böyük ağacları, qarşısında səcdə etdiyimiz, əcdadlarımız qədər sevdiyimiz qoca gövdələr bir-birinin dalınca yıxılır, çılpaq meydançaların sayı günü-gündən artırdı. Uşaq vaxtı aralarından güclə keçdiyimiz, günəşin belə girə bilmədiyi qalın və qaranlıq yerlər indi yoluq bir meydana dönmüşdü. Sonra bu yara yayılaraq, böyüyərək bizim kəndin yanlarına qədər gəlib çatdı. Burda yad balta səslərinin eşidilməməsi üçün hamımız müqavimət göstərdik. Söz vermişdik ki, pula aldanmayaq, hədələrdən qorxmayaq, ağaclarımızı qoruyaq. Lakin şirkət elə fırıldaqlar, elə kələklər işlətdi ki, axırda biz odunumuzu sata bilmədik, taxta-şalbanımızı su qiymətinə şirkətə verdik. Hətta cavanlarımızın çoxu işsiz qaldığı üçüi şirkətə odunçuluq eləməyə məcbur oldu. Biz bunu istəmirdik. Lakin axırda meşəmizi parça-parça əlimizdən aldılar. Razılaşmaqdan başqa çarəmiz qalmadı.

Cavan oğlan, biz kəndçi babayıq. Nə biləydik? Şirkət bizə: «bu meşələri təzə qaydada becərəcəyik» dedi. Müasir meşəçilik bunu tələb edir. Siz bacarmırsınız dedi. Bəlkə də o doğru deyirdi. Amma bu işdə bizim avamlığımızdan istifadə edərək, bizi əli qoynunda qoymaq allaha rəvadırmı? O öz pul kisələrini doldurmaq üçün bizim avamlıq və acizliyimizdən istifadə etdi. O bilirdi ki, biz onunla rəqabət apara bilmərik. Heç insaf etmədi, əlimizi boşda qoydu.

Uşaqlıq və cavanlığımızın keçdiyi yerlərdə gəzəndə ürəyimiz qan ağlayırdı. Gəncliyimdə qız qaçıran zaman dalına girib dörd adamla atışdığım bir ağac vardı. O vaxtdan gövdəsində qalan güllə yaraları hələ də dururdu. Onu kəsib yıxanda uzaqdan durub baxırdım. Elə bil mənim qollarımı kəsirdilər. Amma əlimdən nə gəlirdi? Gözlərimin yaşını silib, ayaqlarımı sürüyə-sürüyə oradan uzaqlaşdım.

Hər şey, hər şey məhv olmuşdu. Heç birimizin üzü gülmürdü… Kəndimiz əvvəlki kənd deyildi. Biz qocalar da onu zorla tanıya bilirdik. Bir vaxtlar ətrafını ağacların divar kimi tutduğu, dünyadan uzaq kənd deyildi bu kənd. İndi o kənd qəsəbə yolu kənarında, bir daxmada şirkət fəhlələrinə yemək-içmək satan yad adam kimi idi. Fəhlələr də kənd küçələrində yıxıla-yıxıla dolaşırdılar.

Əlimizdə beş-altı yüz ağaclıq bir sahə, qoruq qalmışdı. Ölsək də bunu satmamaq, əldən buraxmamaq qərarına gəlmişdik. Biz bununla dolanmalı idik. Ataların qoyub getdiyi qədim, böyük və sirlər yuvası olan meşəni uşaqlarımız burda tapmalı idilər. Bu, kənd üçün keçmiş günlərdən bir yadigar idi. Heç birimiz, heç birimiz buranı əldən vermək niyyətində deyildik. Görünür ki, şirkət də çox baş aparmaqdan və bizi qəzəbləndirməkdən qorxduğu üçün buranı almağa o qədər həvəs göstərmirdi. Lakin bunun çox davam edəcəyinə inanmırdıq. Düşündüyümüz kimi də oldu. Eşitmişdik ki, son günlərdə şirkətin ağaclarına qurd düşüb və şirkət bundan böyük ziyan çəkib. Yəqin ki, şirkət işin içindən çıxmaq üçün çarə axtaracaqdı. Bir sabah şirkətin odunçuları bizim qoruğa girdilər. Adamlar küçələrdə vurnuxmağa başladılar, hamını narahatlıq və pərişanlıq bürüdü. Hamımız səngərdə son gülləsini atıb, sonra həmin yerdə mütləq öləcəyini bilən bir əsgər kimi sükunət içində idik. Həmin əsgər kimi dodaqlarımızda acı bir istehza vardı. Bunlar tülkü ağzındakı bir cücənin yaxud boğazına bıçaq çəkilən bir qoyunun çırpınmasına bənzəyirdi…

Qoca susdu. Sərt külək əsməyə başlamışdı. Ağacların budaqları səslənirdi. Bu səslər fırtınalı dəniz gurultusunu andırırdı. Ağaclar böyük dalğalar kimi enib-qalxırdılar. Meşənin üstümüzə yıxılacağını zənn edirdim. Ara-sıra yüksəlib-alçalan, daim yerini dəyişən bu qüvvətli uğultu qocanın sözlərini böyüdür, yumaq kimi yuvarlayıb gəzdirirdi. Onun danışıqlarını orkestr içində başqa alətlərin səsinə qarışan bir fleyta səsi kimi eşidirdim. Qoca söhbətini davam etdirdi:

Uzun zamanlardan bəri səsimizi çıxartmayıb, ürəyimizə saldığımız şeylər birdən-birə üzə çıxdı. Hamısının acısını birdən duyduq. Bu acı gəncləri, qocaları, qadınları və uşaqları birdən-birə canavar sürüsünə çevirmək üçün bəs oldu. Əlimizə balta, zopa götürüb meşəyə cumduq. Fəhlələr işə başlamaq üzrə idilər. Əllərini bir ağaca vursalar, analarını ağladacağımızı dedik. Dayandılar. Onlar az idilər. Belə bir şey gözləmirdilər. Dərhal şey-şüylərini yığışdırıb meşənin kənarına çəkildilər. Biz də onların qarşısında, ağacların altında oturduq. Adamlarımızdan bir nəfərini qəsəbəyə, meşə işinə baxan hökumət məmurunun yanına göndərib, onun gəlməyini gözlədik. O gələnəcən ağzımızı açıb danışmadıq. Handan-hana hökumət məmuru gəldi. Şirkətin məmurunu da özü ilə gətirmişdi. Bizim yanımızdan keçib getdilər. Fəhlələrin böyüyü ilə danışdılar. Sonra hökumət məmuru bizi yanındakı jandarmlara göstərib: «Onları meşədən sürüyüb çıxardın» deyə əmr verdi. Şirkətin 1 məmuru isə fəhlələrə: «işinizdə olun» dedi. ]

Bu zaman böyüklü-kiçikli bütün kənd camaatı ayağa qalxdı. Onlar bir-biri ilə sözləşməmiş və heç kimdən göstəriş almamışdılar. Buna baxmayaraq sanki onları bir əl idarə edirdi. Gözlərini yumub qabaqlarına çıxanı vururdular. Odunlar, balta sapları enib qalxırdı. Meşənin alaqaranlığında bir-biri ilə tutuşmuş, bir-birinin üstünə atılan kölgələr görünürdü. Kəsik və iniltiyə bənzər səslərdən başqa bir şey eşitmək mümkün deyildi. Çox keçməmiş şirkət işçiləri bir-bir qeyb oldular. Geri qalanlar da qaçıb canlarını qurtardılar. Yekəqarın hökumət məmuru ancaq kəndə qədər qaça bildi, orada kənd muxtarının otağına girib, qanını bağladı. !

Ertəsi gün əlavə qüvvə ilə gələn jandarmlar kənddə nə qədər kişi və qadın var idisə, hamısını iplə bir-birinə bağlayıb qəsəbəyə apardılar. Məmuru azad etdilər. Sonradan eşitdim ki, cavanlar və qadınlar məmurun gizləndiyi otağı səhərə qədər daşlayıblar. Elə bil şeytan yuvasına daş atırlarmış. Bədbəxtlər qəzəblərini bu yolla söndürməyə çalışıblar. |

Qoca susdu. Külək dayanmışdı. Meşə xəfif-xəfif uğuldayırdı. Yarpaqlar bir-birindən seçilməyən qəribə, əcaib səslər çıxarırdı. Meşə div boyda uşaq kimi xorul-xorul yatırdı və bu səslər sanki onun nəfəsi idi.

Qoca siqaret yandırıb ayağa qalxdı. Mənim bələd olmadığım səmtə üz tutub ağır-ağır getdi. Mən də atımı minib bu yatan meşənin zil qaranlığına qarışdım.

İDRİSİN TALEYİ

İdrisi tutmuşdular. Onu iki jandarm aparırdı. İdris ayaqlarını yerə basa bilmirdi. Jandarmlar onu yaman döymüşdülər. İdris bayram namazı vaxtı məscidə basqın edib, oradakıları soyduğunu, axırı ki, boynuna almışdı. Halbuki onun bu işdən xəbəri yox idi. Ancaq neynəmək olardı? Döyülmək zarafat deyil… Adama nə desən söylədər.

İndi İdrisi ən azı yeddi il həbs cəzası gözləyirdi.

İdris axsaya-axsaya yeriyirdi. Hərdən ayağı daşa dəyib büdrəyəndə jandarmlardan biri onun qolundan yapışırdı. Arabir İdrisə siqaret də verirdilər. Əslində bu jandarmlar pis adam deyildilər. Onlar nə edə bilərdilər? Vəzifələri belədir. Onları göndərəndə rəis demişdi ki, müqəssiri tapmamış gəlsəniz, gözümə görünməyin. Əsil müqəssir çoxdan aradan çıxdığına görə, hər halda bir müqəssir tapmaq lazım idi.

İdrisin özü də az aşın duzu deyildi. Neçə ildi ki, bu tərəflərdə avara-avara gəzir, min cür fırıldaqdan çıxırdı. Onu bir neçə dəfə siqaret kağızı və çaxmaqdaşı satan yerdə yaxalayıb həbs etmişdilər. Kəndlilər də ondan şikayətçi idilər. İlk zamanlar kənd mollası olan rəhmətlik atasının xətrinə ona hörmət edən adamlar indi onun kənddən rədd olub getməyini istəyirdilər. Ona görə də jandarmlar onu tutan kimi muxtarla kənd baqqalı söylədilər ki, onlar hadisədən bir gün əvvəl İdrisi İmamgöy tərəfə gedən görüblər.

Bu məlumat jandarmlar üçün kifayət idi. Gerisini İdrisə özləri söylətdilər.

İdris bayram namazı vaxtı İmamgöy məscidindəkiləri necə soyduğunu izah etdi…

İndi İmamgöyə gedirdilər.

İdris fikrə getmişdi. Onu düşündürən nə yediyi kötək, nə də məhkum ediləcəyi yeddi illik həbs cəzası idi. O, tamamilə başqa şey haqqında fikirləşirdi. Bu fikir ona döyülməkdən və həbsdə qalmaqdan daha ağır gəlirdi. İdrisin çox işləməyə alışmamış beyni bir çıxış yolu tapa bilmirdi.

İdris döyülməyə tab gətirməyib, camaatı soyduğunu boynuna almışdı. Amma məsələ bununla qurtarmırdı. Dəlil də lazım idi. Pulları və gümüş saatları hara qoyduğunu da deməli idi.

Nə pul? Nə gümüş saat? Nə soyğun? Amma demək lazım idi. Yumruq, tüfəng qundağı və çəkmə zərbəsinə dözmək mümkün olan şey deyildi. Başı partlayırdı: nə desin?

«İmamgöy camaatını mən soymuşam» demək asandır, amma pulları və gümüş saatları ortaya çıxartmaq çətin…

Həm də çox çətin…

Yumruq, təpik, tüfəng qundağı… İdris bayılmaq dərəcəsinə gəldi. Gözləri qaraldı. Əlini yavaşca yuxarı qaldırdı:

– Qoyun deyim!

Jandarmlar dayandılar. İdrisin üzünə su səpdilər. Bir siqaret verdilər. İdris ağlına gələn ilk adamın adını dedi:

– Pullar İmamgöyündə qəhvəçi Süleymandadır.

Daha İdrisi döymədilər. İdrisin də istədiyi elə bu idi. Lakin İmamgöyünə tərəf yola çıxanda onu fikir götürdü:

«Yazıq Süleymanın evi yıxıldı!».

Süleyman həmişə İdrisə arxa duran yeganə adam idi. Süleyman öz qəhvəçi dükanında ona yatacaq verir, doğru yol göstərir, məsləhətlərini ondan əsirgəmirdi.

Bu yazığın adı onun ağlına haradan gəldi?

İndi jandarmlar hər şeydən xəbərsiz qocanı dama salıb döyəcəklər. Ölənə qədər döyəcəklər.

Süleyman «bilmirəm» deyəcək, and içəcək, amma yenə döyəcəklər. Titrək səslə yalvaracaq, inandırmağa çalışacaq, ağrıdan qıvrılacaq, amma döyəcəklər.

Ağsaqqal kişinin ağlamağını, saqqalından axan göz yaşlarını İdris təsəvvürünə gətirdi. Qocanın ikiqat olmuş belinə vurulan təpiklər, tüfəng qundaqları gəlib gözlərinin qabağında durdu. Ona elə gəldi ki, Süleymanın nuru getmiş gözləri qalın qaşlarının altından məhzun-məhzun baxır və «Əməlini bəyəndinmi, İdris?» – deyir.

İdris belinə yeni bir qundaq zərbəsi dəymiş kimi inildədi.

Jandarmlardan biri ona nəzər saldı. Bir siqaret çıxarıb verdi…

İdris qandallı əlləri ilə siqareti tutub dodaqlarının arasına qoydu. Bir-iki dəfə dərin qullab vurdu.

Beş-on addım getdilər…

Siqaret İdrisin ağzından düşdü…

Yox! İdris bunu edə bilməyəcək…

Qabaqda İmamgöy görünürdü… Əvvəlcə yoluq ağaclar… Sonra bir neçə kərpic ev… Beş-on çılpaq uşaq… Yüz addım gedəndən sonra kəndə çatacaqlar… Və Süleyman…

İdris yan-yörəsinə baxdı… Şose yolunun sağ tərəfi kol-kosluq idi. Jandarmlara baxdı: silahlarını əllərində tutub gedirdilər.

İdris birdən sıçrayıb yolun kənarındakı xəndəyin o biri tərəfinə atıldı. Yıxıldı. Qalxıb qaçmağa başladı. Jandarmlar avtomatı şaqqıldatdılar. Havada qısa və kəskin bir vıyıltı eşidildi… İdris yerə yıxıldı.

Jandarmlar İdrisin yanına qaçdılar. Ağzından nazik zolaqla qan gəlirdi. Gözlərini açdı: «Süleymanın bundan xəbəri yoxdur…» – dedi. Başı yana düşdü. Ağzından yenə qan gəldi. Təkrarən gəzlərini açıb: «Mənim də…» dedi.

Gözlərini bir daha yuma bilməyib, xəfifcə gərildi. Quruyub yerində qaldı.

Kamal Tahir

ARABAÇI

O, Çərkəşdən çıxanda arabanı saxladı. Yerə düşdü.

Arabanın döşəmə taxtaları yox idi. Arxa təkərlərin oxunu geri çəkdi. Araba öz oxu boyunca uzandı. Oğlan toyuq lələyini yağdandan çıxardıb, təkərləri yağladı. Arpa və saman çuvallarını daldakı oxun üstünə çəkdi. Yaxşı-yaxşı bağladı. Atların yem torbalarını, çullarını və öz yorğanını qabaq tərəfə qoyandan sonra, yenə arabaya mindi. Cilovları əlinə yığdı. Qamçısını ehmal-ehmal atların sağrısına toxundurdu.

– Dəh… dəh… Mənim pəhləvan atlarım! – dedi.

Günəş batmaq üzrə idi. Ağacların başı qızarmışdı. Dumanlı axşam qaranlığı içində şose yolu hamar görünürdü. Yolun kənarlarında bəzən qovaq ağacları gözə çarpırdı. Tarlalardan çox uzaqlarda boz təpələr başlayırdı.

Sağdakı at (Dəliqız) bərk gedirdi, soldakı at (Pambıqqız) da ondan geri qalmamağa çalışırdı.

Arabaçı yaxşı bəslənmiş cavan atlarına məhəbbət və iftixarla baxdı. Atların ikisi də təlim görmüş əsgər kimi qulaq-qulağa gedirdilər. Arabaçı oxa dayadığı çəkməli ayaqlarını altına çəkib, siqaret yandırdı. Təkər qıcırtıları atların boynundakı zınqırov səslərinə qarışmışdı. Alışdığı bu səslər arabaçıya ləzzət verirdi. Siqaret tüstüsü üzünə yayıldıqca gözlərini qıyırdı. Arabaçının almacıq sümükləri çıxıq, bığı sallaq olduğuna görə üzü həmişə təbəssümlü görünürdü.

Eşşəklə gedən üç kəndlini ötüb keçməyi arabaçıya ləzzət verdi.

– Hey, mənim qoçaqlarım, haydı igidlərim! – qamçısının ucu ilə atları oxşadı.

Şosenin yanındakı gölməçədə, qamışların ortasında leylək durmuşdu, dimdiyini döşündə gizlədib, bir ayağı üstdə dincəlirdi. Arabaçı barmağının ucu ilə siqaretini çırtmalayıb leyləyə tərəf fırlatdı.

– Buyur, Hacı baba, qəlyanı yandır! – dedi.

Arabaçı lap uşaqlığından leyləklərin dimdiyini qəlyana bənzədirdi.

Dirəkləri tərpənən taxta körpüdən gurultu ilə keçib şose yoluna dönəndə xeyli qabaqda gedən iki qadın gördü. Ətəklərini yellədərək yeyin-yeyin gedirdilər. Hava qaranlıq olsa da, qadınlardan birinin çiynində xurcun olduğu görünürdü.

Arabaçının fikrinə arxa oxun üstünə qoyduğu çuvallar gəldi. «Onları arabaya götürüm, yazıqdırlar, dua edərlər» dedi. Arabaçı qadınların cavan ya qoca olduqlarını uzaqdan seçə bilməsə də, qara şlyapasının yağışdan əyilmiş kənarlarını düzəltdi. Bığını sığalladı.

Araba yaxınlaşanda qadınlar dönüb ona baxdılar.

Arabaçı atların cilovunu çəkdi.

– Ay xala, Suhizarına yol burdandırmı?

Çiyni xurcunlu qadın kişi səsi ilə güldü:

– Müftə deyə bilmərik, oğul. Bizi arabana götürsən, sənə yolu göstərərik. Dua edərik.

– Sizi arabaya götürmək çətin deyil. Amma oturmağa yer yoxdur. Arabanın döşəməsini çıxartmışıq. Araba çılpaq qalıb. Arxadakı çuvalların üstündə oturarsınızmı?

– Oturarıq, əskik olma, təki ayağımız yerdən götürülsün.

– Onda çıxın arabaya!

Arabaçı o biri qadının yaşını müəyyən etməyə çalışdı, lakin yaxşı görmədiyi üçün bir şey başa düşmədi. Qadın üz-gözünü bərk-bərk bağlamışdı. Arabaçı söhbətə başlamaq xətrinə atları qamçılayıb soruşdu:

– Burdan Suhizarına getməyimiz neçə saat çəkər?

– Piyada getsək, beş-altı saat.

– Onda yaxşıdır, bizim atlar üç saata gedə bilərlər.

– Gedərlər, əlbəttə, maşallah olsun.

– Amin, xala!

Danışan yalnız o səsi yoğun arvad idi.

Bir az susdular.

Arabaçı Suhizarına qaçaq taxta yükləməyə gedirdi. Çərkəşdən ora üç saat yarımlıq yol olduğunu ona demişdilər. Bunun doğru çıxmasına sevindi.

Yoğun səsli qadın sükutu pozdu:

– Sən suhizarlısanmı, arabaçı?

– Xeyr.

– Yəqin kirə daşımağa gedirsən.

– Bəli, kirə daşımağa gedirəm.

– Daşpınardan sonra yolu dönəcəksən. Dönəcəyim yeri göstərərik.

– Allah qoysa… Amma Suhizarına bir saat qalmış atları sulamalıyam.

– Yolda su çoxdur. Daşpınarda sulayarsap.

O biri qadın ilk dəfə söhbətə qarışdı; arabaçını xəlvətcə güldürəcək qədər kəkələyirdi:

– Taxtamı daşıyacaqsan, oğul?

– Bəli.

– Taxtaları Çərkəşə aparacaqsan?

– Oradan da uzağa. Qurşunlu nahiyəsinə. Dəmir yolu salınan yerlərə…

– Hə, dəmir yolu salınır deyirlər. Deyilənə görə buralara da gələcək.

– Bura nə var ki?.. Qarabükə, Zonquldağa gedəcək.

Yoğun səsli qadın:

– Bizim rəhmətliyin qardaşı o tərəflərdə olur,– dedi, – bilmirəm tanıyırsanmı. Sarıyanız bir adamdır. Ayağı da bir az topal. Adı Əbdürrəhmandır.

– Tanıya bilmədim.

– Arvadının kəndi İlqazın yaxınlığındadır. O danışırdı ki, dəmir yolu qıtlıq gətirir. Dəmir yolu ilə gələnlərin hamısı pis adamlardır. Allah özü saxlasın.

– Onlar boş danışıqlardır, ay xala… Dəmir yolu niyə qıtlıq gətirir? Qağam da mənim kimi arabaçıdır, amma varı mənimkindən çoxdur. Dörd cüt atı, iki arabası var… Dəmir yolunu o da xoşlamır. Deyir ki, dəmir yolu bir gün çörəyimizi əlimizdən alacaq.

– Allah göstərməsin, arabaçı tayfasının çörəyini heç kim ala bilməz.

– Mən də onu deyirəm. İki ildir yollarda kirəylə yük daşıyıram. Dolanırıq. Dəmir yolu çəkiləndə arabaya niyə iş qalmasın? Bir zaman yük maşınlarından da belə şikayət edirdilər. Fikir vermə. Yalandır. Suhizarına… – «Qaçaq taxta yükləməyə…» demək istədi. Amma vaz keçdi:

– Suhizarına taxta yükləməyə də qatar gələsi deyil ha…

– Əlbəttə gələ bilməz, nə həddi var.

Arabaçı atlarına dost kimi baxdı. O, Dəliqızı dayça vaxtından alıb böyütmüş, şumluqda sürə-sürə miniyə alışdırmışdı.

Qadınlar öz aralarında qatar haqqında danışırdılar. Yoğun səsli qadın dedi:

– Otaqları bir-birinin dalına bağlayırmışlar, ev kimi imiş. Yepyekə… Deyirlər bizim kəndin camaatını içinə doldursan Bulğurlunun, Dəyirman arxasının əhalisinə də yer çatar. Gələndə elə bağırırmış… Camış sürüsü kimi.

O biri qadın kəkələdi:

– Bəs necə, kafir işidir… Əlbəttə, elə bağıracaq…

– Qoy bağırsın.

Arabaçı siqaret yandırmaq üçün kibrit çəkəndə yoğun səsli arvad soruşdu:

– Oğul, atan-anan varmı sənin?

Arabaçı yaşlı kənd qadınlarının ürəyini kövrəldən sözləri yaxşı bilirdi:

– Nə anam var, nə atam… Yer üzündə tək qalmışam.

– Bah… Bah! Heç qohum-qardaşın da yoxdur, ay oğul?

Arabaçının bir az bundan qabaq qağasından danışdığını deyəsən, arvad unutmuşdu. Arabaçı bundan razı qaldı.

– Heç kimim yoxdur, xala.

– Əslin haradandır?

«Çanqırının Şabanözü nahiyəsindən» demək əvəzinə qamçısı ilə uzaq yeri göstərdi:

– Burdan çox uzaqdır… Yozqat tərəfdənik!

– Evlisənmi?

Arabaçı lap kədərlənmiş kimi danışdı:

– Adamsız adam neçə evlənər? Evlənə bilmədik.

– Heyf sənə.

– Əlbəttə, heyf. Bədbəxtəm, mənim anam! Bədbəxtəm mən…

– Əsgərliyini çəkib qurtarıbsanmı?

Yaş kağızında yaşı az yazıldığı üçün əsgərliyə iki ildən sonra çağırılmalı idi. Lakin yenə yalan dedi:

– Əsgərliyimi çəkdim. İşim yaxşı oldu. Hələ çavuş rütbəsinə də çatdım.

– Allah səni dövlətə, millətə artıq görməsin!

– Amin, xala!

Bir müddət danışmadılar. Bir az gedəndən sonra kəkələyən arvad:

– Araba özünündürmü? – deyə soruşdu.

– Atlar da, araba da özümündür.

– Hər halda, mal sahibi olmağın yaxşıdır.

– Qulluq edib aylıq maaş almağı xoşlamıram. Bax, bu gördüyün Dəliqızı dayça ikən özüm bəslədim. Ona tay tapana qədər iyirmi gün gəzdim. Lakin indi ikisinə iki yüz lirə versələr, satmaram, həvəskarıyam.... Arabanı Amasyada xüsusi olaraq qayırtdırmışıq. Təkər taxtaları quraşdırma deyil, bütövdür. Arabaya atların necə qoşulduqlarını gərək gündüz görəsən. Qayış halqalarını, muncuqları, gülləri, zınqırovları, bəzəkləri Çanqırının ən məşhur sərracına başının üstündə durub hazırlatdırmışam.

– Maşallah, maşallah! Həvəslisən.

Tamam qaranlıqlaşmışdı. Hava isti və küləksiz idi.

Arabaçı, arvad tayfasının yaxşı atdan, yaxşı arabadan, yaxşı qoşqudan heç bir şey anlamayacağını düşünərək, kədərli-kədərli ah çəkəndə yoğun səsli qadın:

– Nə var, çavuş ağa, ürəyin doludur, yoxsa kiməsə vurulubsan? – dedi.

– Yox, canım!

– Hələ cavansan, eyib deyil. Sevib-sevilmək vaxtındır. Neçə yaşındasan?

– İyirmi dörd yaşımızı bitirdik, iyirmi beşə girdik.

– Görürsənmi, evlənmək vaxtındır, hələ bir az da keçib… Bəxtin üzdə deyilmiş, çavuş ağa.

Arabaçı qaranlıqda rahat-rahat gülürdü. Üç ay olardı ki, nişanlı idi. Yazda toy edəcəkdi.

– Adamsızlığın üzü qara olsun, xala… Qürbətdə qalmaq belimizi bükdü.

– Vay, yazıq!

Qadınlar pıçıldaşmağa başladılar. Arabaçı diqqətlə qulaq assa da, onların danışıqlarını başa düşə bilmədi. Qamçısını şaqqıldadıb atları tələsdirdi.

– Məni adi arabaçı hesab etməyin… Cütçülük, rəncbərlik işindən də başım çıxır. Atlarla elə işlər görürəm ki, məəttəl qalarsınız. Amma kotan lazımdır.

Qadınların ikisi də birdən qəribə bir sevinclə sual verdilər:

– Doğrudan da, rəncbərlik bacarırsan?

Arabaçı arxaya qanrıldı:

– Bacarırsan da sözdür? Mən cüt əkəm, siz də baxasınız.

Yoğun səsli qadın o birinin kəkələməsinə macal vermədi:

– Rəncbərlik çox ağır işdir. Adamı əldən salır. Arabada oturub, bu cür gəzməyə bənzəməz.

– Hər sənət çətindir, xala! Arabaçılığın da özünə görə çətinlikləri var. Birdən yolda araba qırıldı. De görüm onda neynərsən? Hələ bunun qürbətdə dolanmağını demirəm. Evin yox, adamın yox. Ömrün karvansaralarda çürüyür.

Qadınlar yenə pıçıldaşdılar.

Arabaçı pəltək qarının bir neçə dəfə: «heç elə şey olarmı, aaz?» dediyini eşitdi. Böyük qardaşının arabasını sürəndə müştərilərin danışıqlarına qulaq asmağa alışmışdı. Bu əyləncəli iş idi. İnsanın başı söhbətə qarışanda yolun uzunluğu yaddan çıxar. Amma arabanın gurultusu danışıqları eşitməyinə çox mane olurdu. Arabaçı saatına baxdı:

– Xala, nə qədər yolumuz qalıb? Çatmağımıza bir saat qalmış atları sulamalıyıq.

– Suhizarınımı soruşursan?

– Bəli!

– Aaz, bura haradır? Taxta körpüdürmü?

Pəltək arvad təsdiq etdi:

– Taxta körpüdür. Suhizarına yaxınlaşmışıq.

– Burdan dönəcəksən, oğlum.

– Hə, gərək dönəm. Dönəndən sonra nə qədər yol qalır?

– Yarım saatlıq…

Arabaçının yarım saatla bir saat arasında fərq görməyən adamlardan acığı gəlirdi. Uyuşan ayaqlarını oxun üstünə uzatdı. Taxtaları arabaya yüklədikdən sonra meşəbəyilər tutsalar, arabanı da, atları da müsadirə edib satılmağa verərlər. Bir gün Şabanözündə böyük qardaşının yüklü arabasını tutmuşdular. Qardaşına qalsaydı atları da əldən verəcəkdi. Yaxşı ki, arabaçı qayışları kəsib atları aradan çıxartmışdı. Arabanı satışa çıxartmışdılar. Satış on lirədən başlamışdı, amma kəndlilərin araba sahibinə yazıqları gəldiyi üçün qiyməti artırmamışdılar. On bir lirəyə araba yenə qardaşında qalmışdı.

Arabaçı adəti üzrə yavaşdan:

– Kəndli tayfası özünün, ya özgənin malına qəsd eləməz – deyərək bir siqaret yandırıb qadınlara üz tutdu: – Belə də işlər var, xalalarım… Bir təhər sürünürük.

Yoğun səsli qadın astadan güldü:

– Bizim kəndə yolun düşsə, yaxşı olar… Başa düşdünmü, arabaçı?

– Sizin kəndiniz çoxmu uzaqdır?

– Xeyr, uzaq deyil… Suhizarından bir az o yandadır… İki saat… lap çoxu üç saatlıq yoldur.

– Çox uzaq deyilmiş. Allahın izniylə bir gün o tərəflərə də yolumuz düşər, gəlib qonağınız olarıq. Kəndinizin adı nədir?

– Hə… Bəli… Bizim kəndə gələsi olsan… Bizim kəndin adına Aslanlar deyirlər.

– Aslanlara gəlsəm, məni bir stəkan ayrana qonaq edərsənmi, ay xala?

– Ayran da sözdür?.. Gələsi olsan… Bir söz soruşmaq istəyirəm, amma sən allah, doğru danış, çavuş ağa!

– Soruş görək.

– Evlənmək niyyətin varmı?

– Neçin olmasın? Bir halal süd əmmiş arvad tapa bilsəm, heç fikirləşmərəm.

– Yaxşı deyirsən… Bizim kəndə gəlsən, axtardığını mütləq taparsan.

– Doğrudanmı?.. Sizin kənddə halal süd əmmiş arvad tapmaq olarmı?

Çevrilib arvadlara baxdı. Araba onları atıb tuturdu. Üzləri görünmürdü.

– Bir layiqli adam tapa bilsəm, gələrəm… Vallahi ki, atları çapa-çapa sizın kəndə gəlib çıxaram.

– Orası səndən asılıdır, oğlum. Mən ancaq bunu deyə bilərəm ki, sənə layiq bir qız var… Gözəl desən, gözəldir. İşgüzar desən, səhərdən axşama qədər çalışandır. Namus tərəfinə gəlincə, bütün kənd onu yaxşı tanıyır…

– Çalışqan və namusludursa, bu mənə bəsdir. Gözəllik gəldi gedərdir, adama qalan namusdur. Kişi dediyın baca tüstüsü kimi bir şeydir, xala. Kişi səhər tezdən evdən çıxıb gedir, gərək onun gözü arxada qalmasın.

– O tərəfındən narahat olma. Qızımız lap körpədir. Amma bir eybi varsa, o da dul olmağıdır. Dula da razısanmı, arabaçı?

– Əlbəttə, razıyam. Hər şey allahın əmri ilə olur. Əri onu pis işinə görə qovmayıb ki?..

– Pis iş? Heç elə şey olarmı? Tövbə de… Yola gedə bilmədilər.

Arabaçı güldüyünü bildirməmək üçün içini çəkdi. Bir taxta körpüdən də keçdilər. Yolun iki tərəfində qurbağalar quruldaşırdı. Əvvəlcə vaxt keçirmək üçün söhbətə başlayan arabaçı işin gəlib gənc bir dul arvada bağlandığını görəndə atları sulamağı belə yadından çıxartmışdı.

Yoğun səsli qadın yanındakı arvadla pıçıldaşandan sonra soruşdu:

– Bu gecə tələsik bir işin varmı?

– O qədər tələsik işim yoxdur. Ora sabah da gedə bilərəm.

– Onda gəl bir xeyir iş görək.

– Nə iş?

– Bax sənınlə açıq danışıram, çavuş ağa. Biz iki bacıyıq. Dediyimiz qız mənim bacımın qızıdır. İstəyirsənsə, gəl biznən kəndə gedək, qıza bax. O da səni görsün. Bir-birinizi xoşlasanız, allah xeyir versin. Kənddə qızımızı istəyənlər çoxdur. Amma nə bilmək olar, bəlkə sənin qismətindir! Allahın işini nə bilmək olar?.. Ev-eşik sahibi olarsan. Eşitdinmi?

Arabaçı birdən-birə cavab verə bilmədi. Özünü itirən kimi oldu. Qadın bir də təkrar etdi:

– Qızımıza baxarsan, əgər bəyənməsən, yol xərcini verərik.

– Yol xərci sözünü danışma… Tutaq ki, işimizi qoyub sizin kəndə getdik, bəs gecənin bu vədəsində atı-arabanı harada saxlayacağıq?

– Harada saxlayacaqsan, qızın həyətində.

– Atası, qardaşı nə deyər buna?

– Atası, qardaşı yoxdur… Təkcə anası var. Mənim evim ayrıdır.

– Onda mümkündür… Çox yaxşı, gəlin gedək.

Arabaçı tənəli bir təbəssümlə ürəyində: «Ya bəxt, nə olar olar!» deyib arabanı bərk sürməyə başladı. Yola çıxanda elə bil qız bəyənməyə gedəcəyini hiss etmişdi. Təzə paltar geyinib, çəkmələrini Çərkəşdə sildirmişdi. Bu tərəflərə dəmir yolu çəkilməyə başlayandan bəri həmişə səfərdə olurdu. Subaylıq onu cana doydurmuşdu. Kənarda bir arvad saxlamaq pis olmazdı. Kənddə molla nikahı kəsdirib, lazım olanda da qoyub getmək mümkün idi. Yozqatlı yetim arabaçını kim tapa bilərdi? Bu, saman anbarında iynə axtarmaq kimi bir şey idi. Arabaçının kefi duruldu. Mahnı oxumaq istədi. Lakin düşündü ki, «qayınananın» yanında tərbiyəli görünmək lazımdır. Ona görə də oxumaq fikrindən daşındı. Həmişə atları sulayanda olduğu kimi qısaca fıştırıq çaldı.

Yoğun səsli qadın izahata başlamışdı:

– Evlərində kişi yoxdur… Sən onlara böyük olarsan… Əlbəttə, qızımız ürəyinə yatarsa.

– Daha ürəyinə yatarsa nədir? Namusludur, ya yox?

– Namuslu olduğunu bütün kənd sənə deyər. Sənin rəncbərlik edə bilməyin yaxşıdır. Dərənin aşağı tərəfində onun noxud tarlası var, arpalığı var. İşləyən olsa, torpaqları boldur.

– İşləmək sarıdan heç qorxma. Arvadım qoçaq olsa, iki il keçməz ki, bir cüt öküzü iki cüt edərəm. Qoyun sürümüz, inəklərimiz olar. Gecə-gündüz demərəm, işləyərəm vallah. Bizim arabaçı olmağımıza baxmayın. İçkidən, qəhvədən tövbəliyik. Atam mömin adam idi. O, vəsiyyət edib.

– Yaxşı adam imiş, nur içində yatsın.

– Amin, xala.

Şosenin solunda, boş torpaqların o tərəfində zəif bir işıq göründü. Arabaçı təlaşa düşdü:

– Xala, o görünən Suhizarının işıqlarıdırmı?

– Yox, ora İlıca deyilən yerdir. Kənddir, üç evi var. Yoxsul kənddir.

Arabaçı qəm-qüssəyə batdı. Nıçıldaşan qadınlara qulaq verdi. Onlar da kasıb idilər. Varlı-hallı adam da küçədə kürəkən axtararmı?

Lazım olmadığı halda arabaçı atları qamçıladı. Öz-özünə «Əşi, qoy getsinlər! Suhizarına çatan kimi onlardan ayrılaram. Yalvarıb-yaxarsalar da, qohum-qardaşım olduğunu, nişanlımın toy gözlədiyini boynuma alaram» dedi və bu qərara gələr-gəlməz ürəyi rahat oldu.

O, pəltək arvadın qızını düşündü. Gözlərinin qabağına Qurşundakı dəli Əminə gəldi. Birdən onun kimi bəyaz, ətli-canlı olar?.. Əminə işə yarayan, qoçaq arvaddır; gövdəsi yoğun, boyu ucadır. Lap yataq malı… Amma belə bir arvadı əri niyə boşasın? Hərif yoxsa ölüb gedib? Zarafata salıb bu barədə soruşmaq istədi. Fikrini dəyişdi. Bəlkə də qara-quru bir şeydir… «Anasını gör, qızını al» deyiblər.

Pəltək arvadı qaranlıqda görə bilmədiyi üçün təəssüfləndi. Bu əsnada yoğun səsli qadın dedi:

1.Bosman
2.1 okka – 1 kq 150 qramdır
3.Qəmginlik
4.Birinci dünya müharibəsi zamanı deməkdir
5.Qərb işğalçılarının silahlandırıb, Türkiyə milli-azadlıq hərəkatını boğmaq üçün göndərdikləri yunan işğalçıları
6.O zaman tətil etmək Türkiyədə qadağan idi.
7.Xeyriyyə üçün bağışlanmış mal və mülkü idarə edən müəssisə.
8.Sinaqrit—mərcan balığına bənzəyən bir balıq növüdür.
9.Dorada. Başı böyük, ağzı geniş, vücudu yastı dəniz balığı. Əti ağ olur.
10.Koxa
11.Kənd mollası
12.Qandallamaq mənasında
13.Anadolu qadınları donun altından aşağısı büzməli uzun və gen şalvar geyirlər

Ücretsiz ön izlemeyi tamamladınız.

₺55,53
₺111,06
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
330 s. 1 illüstrasyon
ISBN:
978-9952-8450-1-6
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar