Kitabı oku: «Üzeyir Hacıbəyli xatirələrdə», sayfa 3
Üzeyir danışırdı ki, 1913-cü ildə Peterburqda olduğu illərdə Bakıdan gələn sevimli həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmir yol vağzalına gedir. Şiddətli şaxtalı qış günü idi. Qatar gəlir, Məleykəni qarşılayıb vağzal meydançasına çıxarır. Belə soyuq gündə gənc xanımını piyada və ya konka ilə aparmağı öz mənliyinə sığışdırmır. Faytona oturmağa da pulu yox… Ani fikirdən sonra çıxış yolu tapıb faytonçulardan birinə yaxınlaşır, ünvanını bildirir.
– Neçəyə aparırsan? – deyib soruşur.
Faytonçu “filan qədər verərsən” dedikdə, Üzeyir təzəcə geydiyi qaloşları göstərir:
– Xoşuna gəlir?
Faytonçu işıldayan qaloşlara diqqətlə baxıb deyir:
– Gəlin oturun!
Məleykə işin nə yerdə olduğunu başa düşərək etiraz edirsə də, Üzeyir qaloşları faytonçuya verir, Məleykənin qolundan tutaraq faytona əyləşdirir. Bu hadisə o zaman baş vermişdi ki, Üzeyir Hacıbəyovun Bakıdakı “Nicat” adlı xeyriyyə cəmiyyətindən gözlədiyi qonorar gəlib çıxmamışdı. Maddi çətinliklə qarşılaşmalı olmuşdu.
Onun adını, şöhrətini, ustad sənətkar olduğunu eşidənlər həyatda, məişətdə çox sadə, dəbdəbəsiz yaşamasını görəndə heyrətə gəlirdilər. 1938-ci ilin aprel ayının birinci yarısında biz yeddi yüzə qədər incəsənət adamları ilə Moskvaya dekadaya getdiyimiz zaman bir qrup görkəmli sənətkarlarımıza “Moskva” mehmanxanasında yer düzəltmişdik. Üzeyir Məleykə xanımla ikiotaqlı sadə bir nömrə götürmüşdü. Bir gün mən tamaşanın başlanmasına bir qədər qalmış onların otağına yollandım ki, Böyük Teatrın filialına bir yerdə gedək. Üzeyir gülə-gülə dedi:
– Beş dəqiqə otur, qulaq as. Bir az səndən qabaq yanıma müxbirlər gəlmişdi. Söhbətdən sonra çıxıb gedəndə biri dedi:
– Siz niyə lüks götürməmisiniz? Axı sizin kimi sənətkarlar ən əla nömrələrdə qalırlar.
– Mən dedim ki, özümü elə burada da yaxşı hiss edirəm. Yaxşı yataq, vanna və royala qədər hər şey, hər şərait var.
– Da, vı skromnıy çelovek, paxvalnı!-deyib getdilər…
Üzeyir çox qayğıkeş, mehriban insandı. 1937-ci il dekabr ayının 31-də dekadaya bərk hazırlaşdığımız dövrdə gecə saat 12-yə işləyəndə opera teatrından bir yerdə çıxdıq. O zaman Üzeyir Ketsxoveli küçəsində, indi onun ev-muzeyi olan mənzildə yaşayırdı. Mən isə hələ Bakıda daimi mənzil almamışdım. Leninqradda aspiranturanı bitirib Bakıya qayıtdığım oktyabr ayından bir evdə kirayədə yaşayırdım. Üzeyir mənim həyatıma bələd olduğundan, sağollaşıb ayrıldığımız yerdə birdən dayandı:
– Tək hara gedirsən? Bizə gedək, Yeni ili bir yerdə qarşılayaq, – dedi.
Məleykə xanım dərhal onun təklifinə tərəfdar çıxdı və özünəməxsus müstəsna bir səmimiyyətlə məni evlərinə dəvət etdi.
Maşına oturub getdik. Ketsxoveli küçəsindəki məlum evin balaca dəhlizindən “Koroğlu”nun yarandığı böyük otağa keçən kimi Üzeyir:
– Hə, gəl səni anamla tanış edim, -deyib qolumdan tutdu və sağ əldəki qapını açıb anasını çağırdı. Yüzə yaxın yaşı olan, əriyib büzüşmüş, yumağa dönmüş, lakin ayıqlığını, diribaşlığını itirməmiş, başında yaylıq, balaca boylu bir arvad çıxdı. Üzeyir onun əlindən tutub ucadan:
– Ana, tanış ol, bu, Mirzədir, yazıçıdır, – dedi və arvadın ağlının bir şey kəsmədiyini görüb əlavə etdi: bizim naçalnikdir.
“Naçalnik” sözünü eşidən kimi arvadın gözləri açıldı, işıqlandı: “Sənə qurban olum, ay nəçəlnik, bizim bu uşaqdan muğayat ol!”-dedi.
Bu sözü eşidən kimi Üzeyir də, mən də qəhqəhə çəkib güldük.
Mən, əlbəttə, otağa girdiyim andan sehrlənmişdim, hər şeyə – oradakı qapağı açıq pianoya da, onun üstündəki notlara da, divarlara da heyranlıqla baxırdım, Üzeyirin-bu cüssəli, iri gözlü nəhəng sənətkarın yumaq kimi büzülmüş doxsan səkkiz yaşlı anası Şirin xanımı isə dörd gözlə süzürdüm. Buna görə də onun boy-buxunu da, sözləri də hafizəmə həkk olunub qal-mışdı.
Yeni ili gözləyərək oturub söhbət etdiyimiz zaman Üzeyir anasının gəncliyindən maraqlı şeylər danışdı. Demə, Şirin xanım böyük şairəmiz Natəvanla çox yaxın olub, hətta onlar ömürləri boyu bir-birinə bacı olacaqları barədə əhdü-peyman bağlayıblar. Üzeyir nağıl edirdi ki, 1897-ci ildə Şuşada Natəvan vəfat eləyən gün onun ətrafına xeyli adam toplaşıbmış, o cümlədən dindarlar da varmış və onlar ara vermədən kədərli avazla ayələr oxuyurmuşlar. Natəvan birdən gözlərini açıb yanında oturmuş Şirin xanıma baxır və işarə edir ki, qulağını mənə tut. Şirin xanım əyiləndə deyir; – Bağrım partladı, bu bayquşları buradan qov, xanəndələri, çalğıçıları çağır, qulağıma tar səsi, kaman səsi gəlsin…
Üzeyir həyatı sevən, həyatın mənasını, gözəlliyini dərindən duyan və ondan böyük mənəvi ləzzət alan ən qüdrətli, müdrik adamlardan idi. Onda gülmək, yumor duyğusu çox güclü idi ki, bunun ifadəsini biz “Arşın mal alan”, “Məşədi İbad” kimi ölməz komediyalarda görürdük. O, ömrünün axırına qədər bu nikbinliyi saxladı. Həyatda dönə-dönə ondakı bu keyfiyyətin təzahürlərini müşahidə etmişəm.
Vətən müharibəsinin ağır ayları idi. Alman-faşist orduları ölkəmizin içərilərinə soxulmuşdular. Belə günlərin birində, 1942-ci ilin təqribən yanvar ayında Üzeyir mənə – İncəsənət İşləri İdarəsinə zəng çaldı. Salam-kəlamdan sonra dedi:
– Oralardasanmı? Bir çay hazırlat, gəlim, həm çay içək, həm də sənə maraqlı bir şey danışım, gül.
Mən dedim:
– Buyurun, Üzeyir bəy, havaxt istəsəniz gəlin.
O zaman İncəsənət İşləri İdarəsi Qorki küçəsində yerləşirdi. Mən Quliyev adlı ədəbli-ərkanlı və nəzakətli qulluqçunu çağırıb tapşırdım ki, gözdə-qulaqda ol, Üzeyir Hacıbəyov gələcək. Sənə demək artıqdır, lazımi hörmət və ehtiramla bir başa kabinetə dəvət elə.
Əlbəttə, Quliyev dediyimdən də artıq hörmətlə Üzeyiri otağa gətirdi. Mən qabağa gedib onunla görüşəndən sonra “Üzeyir bəyə pürrəng, ətirli çay” – deyib Quliyevə müraciət etdim və Üzeyir Hacıbəyovla qabaqdakı stolun arxasında üzbəüz oturduq. O, konservatoriyadakı işlərdən, istedadlı cavanları ora cəlb edib musiqi sənətimizin bütün sahələri üçün yeni kadrlar hazırlamaqdan danışdıqca mən diqqətlə qulaq asır və bu qeyri-adi insandakı nikbinliyin, qələbəyə inamla bağlı olan işgüzarlığın, yaratmaq eşqinin gücünə heyran olurdum. Ağır, amansız müharibə də bu inamı, bu eşqi sarsıda bilmirdi. Mən bu fikirlərimi Üzeyirə bildirdikdə o, adəti üzrə burnunun düz altında saxladığı balaca bığını tumarlayıb gülümsədi:
– Elə mən də o barədə danışacağam, güləsən…
Demə, mənə zəng çalandan bir az əvvəl konservatoriyada işləyən müəllimlərdən biri Üzeyirin yanına gəlib demişdi:
– Üzeyir bəy, müharibə respublikanın rəhbərlərinin başını qatıb, Cəbhəyə kömək və başqa işləri çoxdur. Sən bizi onların yadına sal.
– Nəyi yadlarına salım? – deyib Üzeyir soruşdu. – Dərslərimiz normal davam edir, binamız var, maaşımızı vaxtında verirlər, ərzaq və başqa mallar üçün talonlarla təmin edirlər, daha nəyi yada salaq?
– Mən onu demirəm. Sözüm başqadır. Deyirlər bəzi idarələrin evakuasiya planı tutulub. Bəlkə, bizi də cəbhədən uzaq bir yerə köçürələr. Almanlar Qafqaza yaxınlaşıblar… Əlbəttə, belə sözlər Üzeyir Hacıbəyovun vətənpərvərlik duyğusu ilə bir yerə sığışa bilməzdi. Dərhal həmin adama deyib:
– Mən sizi tanıyıram. Sizin üçün iş, mənzil, maaş, yaxşı yaşayış şəraiti hər şeydən üstündür. Harda onlar var – ora sizə vətəndir. Mənim isə vətənim bu torpaqdır. Bu torpaqda mən hər çətinliyə dözərəm, öləndə də gərək bu torpaqda öləm…
Üzeyir gülümsəyib sözünü belə qurtardı:
– Bilirsənmi, o adam mənim bu sözlərimi necə qəbul etdi? Gözləri yaşardı, ayağa durdu: “Sizin vətənpərvərliyinizə mən heyranam!”– deyib üzümdən öpdü. Dəsmal çıxardı, gözünün yaşını sildi getdi…
Sovet xalqının qanlı düşmən üzərindəki cahanşümul qələbəsindən sonra – 1946-cı ildə ikinci çağırış SSRİ Ali Sovetinə seçkilər keçirildi. Üzeyir Hacıbəyov, Səməd Vurğun və mən də deputat seçilmişdik. Qadınlardan Çimnaz Aslanova, Bəsti Bağırova, Sona Nuriyeva və başqaları da var idi. Sonrakı illərdə sessiyaların biri mart ayında çağırılmışdı. Həmin ayın altısında deputatların çoxu, o cümlədən biz də xüsusi qatarla Moskvaya yola düşdük. Ertəsi gün Üzeyir Hacıbəyov Səməd Vurğuna dedi: Sabah 8 Martdır – Beynəlxalq Qadınlar günüdür. Sən bir şeir yaz, mən də musiqisini yazım, kişilərə öyrədək, oxusunlar, deputat qadınlarımızı təbrik edək.
Elə də oldu. 8 Mart Beynəlxalq Qadınlar günü kişilər təntənə ilə qadın deputatları təbrik etdilər və dərhal vaqonumuzun pəncərəsindən ətrafa gözəl musiqi səsləri yayıldı… Vaqonda təsəvvürə gəlməz bir şənlik vardı…
Üzeyir Hacıbəyov geniş ürəkli adam idi. O şəxslərə ki, on-lar doğrudan da, köməyə möhtac idi və bu kömək Üzeyirin imkanı dairəsində idi, o köməkdən heç vaxt boyun qaçırmazdı. Lakin başısoyuqluğu, tənbəlliyi, səhlənkarlığı, öz günahı ucundan özünü möhtac vəziyyətə salan adamlara gülərdi. Vətən müharibəsinin birinci ilində səbəbsiz yerə proqul edənləri cəzalandırmaq haqqında fərman çıxmışdı. Elə həmin günlərdə operanın heç bir səbəb olmadan işə çıxmamış işçilərindən birini akt bağlayıb məhkəməyə verdilər. O, Üzeyir Hacıbəyovun üstünə qaçıb min cür səbəb uyduraraq kömək göstərməsini xahiş etdikdə Üzeyir demişdi:
– Gedərsən, bunların hamısını məhkəmədə deyərsən…
Üzeyir Hacıbəyov dərin bilik sahibi idi. O, Şərqin də, Qərbin də nəinki musiqisini yaxşı bilirdi, ədəbiyyatının da bir sıra yaxşı əsərlərini oxumuşdu, mədəniyyəti və fəlsəfəsi ilə yaxından tanış idi. Bu tanışlıq, bu erudisiya, təbiidir ki, yaradıcılığında da hiss olunurdu. İlk tanışlıq ilimizdə söhbətlərimizdən biri Şərq ölkələrinin, xüsusən İranın həyatında feodal təfəkkür və yaşayış tərzinin zərərli qalıqlarından, dini fanatizmin xalqa vurduğu zərərlərdən düşdü. Üzeyir Hacıbəyov məndən soruşdu: “Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi”ni oxumusanmı?”
– Xeyr, – dedim.
– Keçmişdə ərəb əlifbası ilə çap olunub, tap oxu.
Mən həmin kitabı tapıb oxudum. O, realist ədəbiyyatımızın üfüqləri barədə mənim təsəvvürlərimi xeyli genişləndirməklə bərabər, mənə hədsiz estetik zövq verdi.
Təəssüf ki, Üzeyir Hacıbəyov həyatdan tez getdi. Cəmi 63 il yaşadı. 1948-ci ilin noyabr ayının 22-də axşam saat 7 çağlarında Üzeyirin ən yaxın, ən sədaqətli və vəfalı köməkçilərindən olan-indi onun ev-muzeyinin direktoru vəzifəsində çalışan Ramazan Xəlilov mənə zəng etdi və xəbər verdi ki, Üzeyir bəy ağır haldadır, dur gəl.
Bir neçə il idi ki, Üzeyir Hacıbəyov Kommunist küçəsin-dəki “Monolit” adlanan evdə yaşayırdı. Mən ora getdim. Üzeyir Hacıbəyovun yataq otağının qabağındakı otağa xeyli adam toplanmışdı. Hamı ağır kədər içində idi. Belə hallarda danışmağa söz də tapmırsan. Ramazan məni içəri, yataq otağına apardı. Otaqda üç-dörd nəfər Üzeyirin ən yaxın adamları oturmuşdu. Mən elə halda idim ki, onların heç birinə diqqətlə baxa bilmədim və indi Məleykə xanımdan başqa heç kəsi xatırlamıram. Məleykə xanım Üzeyirin solunda, baş tərəfdə oturmuşdu. Mənə sağ tərəfdə yer göstərdilər, oturdum… Üzeyir çox ağır nəfəs alırdı, sinəsi qalxıb enirdi. Amma huşu özündə idi. Otağa girib-çıxan olanda gözünü açıb bir anlığa baxır və yenə yumurdu. Başının altına bir neçə balış qoyulduğundan hündür idi. Ona görə belə idi ki, o, tez-tez balışlara dirsəklənib Məleykə xanımın köməyilə qalxır, çənəsini sağ əlinin içinə söykəyərək dərin fikrə gedirdi. Yorulduqda yenə uzanır, çox keçməmiş yenə qalxır, sağ dirsəyini dizinə söykəyib çənəsi ovcunun içində yenə dərin fikrə gedirdi…
Onun bu vəziyyəti qətiyyən mənim gözümdən çəkilmir. Görəsən, bu şirin dünyamızın hansı dərdləriydi onu düşündürən, onu bu qədər dərin fikirlərə dalmağa məcbur edən?!
İndiyə qədər mən bu müəmmalı suala yeganə doğru olan cavab tapa bilmirəm… Gah deyirəm ki, yaşamaq və yaratmaq eşqi ilə çırpınan və hələ çox gözəl operaların, mahnıların, kantataların süjetini, melodiyalarını yaratmağa qadir olan ürəyin dayanmasını təbiətin böyük ədalətsizliyi hesab edən fikirlər idi onu düşündürən. Gah da deyirəm, ölümün üz-gözünü yalamağa başlayan soyuq nəfəsi qarşısında aciz olan insanın dərdi idi onu düşündürən. Gah da deyirəm ki, gözəl, yaraşıqlı, gülüstanlar yurdu yer üzünü murdarlayan, əyrilərdən, oğrulardan, azadlıq və səadət düşmənlərindən dünyanın nə vaxt təmizlənəcəyi fikri idi gözünü rahat yummağa qoymayan… gah da deyirəm ki…
Bu “gah deyirəm ki”lərə son olmadığı üçün fikrim qayıdır böyük sənətə və ölməzliyə… O böyük sənətə ki, onu Üzeyir Hacıbəyov qanının hərarəti, ürəyinin çırpıntıları ilə yaradıb. O ölməzliyə ki, onu Üzeyir öz böyük sənəti ilə çoxdan fəth etmişdi!..
Bütün böyük insanlar kimi, Üzeyir Hacıbəyovun da həyat yolunu hərə bir cür təsəvvür edir: bəzilərinə elə gəlir ki, bu yol dümdüz olub, hamar olub, maneə, əngəl bilməyib, daim buludsuz-dumansız gədiklərlə zirvələrə qalxıb. Böyük bəstəkar və yazıçının mənəvi-ruhi aləmi isə əvvəldən axıra sevinclər, şadlıqlar içində keçib. Təəssüf ki, bu, yanlış təsəvvürdür.
Əlbəttə, başqa cür düşünənlər də var.
Şəxsən mənə onun həyatı uşaqlıqda uzun, soyuq, qaranlıq qış gecələrində kürsü başında anam Zəhradan eşitdiyim nağıllardan birinin qəhrəmanını xatırladır. Bu qəhrəmanın alnında yazılmışdı ki, o, həddi-büluğa çatmamış onu tufanlı dəryaya atacaqlar, fırtınalar, tufanlar onu qayadan-qayaya çırpacaq, sonra sahilə atacaq, sonra yeddi gur axan çaydan, yeddi uçurum dərədən, yeddi sıldırım dağdan aşmalı olacaq və nəhayət, qaranlıq tilsimi qırıb oradakı sönməz, əbədi məşəli götürüb elinə-obasına gətirəcək… Lakin əsl qəhrəmanlıq, qorxmaz ürək, böyük hünər gərəkdir ki, bu uzun yolu fəlakətə uğramadan keçə bilsin…
Üzeyirin yaratdığı əsərləri, onların rast gəldiyi maneə və müqavimətləri, ömrünün çox da asan olmamış yollarını öyrənəndə görürsən ki, o, həyat dəryasında necə fırtınalara, tufanlara sinə gərməli olub, necə ruhi sarsıntıları, mənəvi əzab və iztirabları aradan qaldırıb.
Bu sətirləri yazıram və sanki haradansa belə bir sual eşidirəm: musiqi və ədəbiyyat aləmində ilk addımlarını atandan təqdir olunan, həmişə xalqın hörmət və məhəbbətini görən, “Leyli və Məcnun”dan tutmuş “Koroğlu”ya qədər bütün əsərləri alqışlarla qarşılanan, xitabət kürsülərində, mətbuatda adı klassiklərlə bir cərgədə çəkilən bir yazıçı və bəstəkarın hansı fırtınalara, tufanlara düşdüyündən danışmaq olar?!
Bu suala cavab vermək üçün başlanğıcdakı metaforaya qayıtmağa məcburam. Böyük adamların həyatını, mənəvi aləmini çox cəhətdən dəryaya oxşatmaq olar: dəryanın sakit vaxtları da olur, fırtınalı vaxtları da. Sakit vaxtlarında belə onun dərinliklərində necə burulğanlar oynadığını heç kəs görmür.
Yüz minlərin, milyonların içərisindən seçilib qalxan, öz əməlləri və əsərləri ilə onların zövqünü oxşayan, ürəklərinə sevinc gətirən böyük adamların da zahiri sakitliyi daxili əndişəsiz olmur. Gözəgörünən xoşbəxtliyi kədərsiz olmur. Onların ən xoşbəxt, ən rahat vaxtlarında (ümumiyyətlə, belə vaxt olursa) fikirləri, ürəkləri narahatdır. Çünki heç bir həqiqi sənətkar və kəşfiyyatçı yaratdığı ilə, kəşf etdiyi ilə kifayətlənə bilmir, ürəyi, fikri yeni kəşflər, yeni əsərlər üçün çırpınır.
“Koroğlu”nun bizim M.F.Axundov adına Opera və Balet Teatrında, SSRİ Böyük Teatrının da səhnəsində görünməmiş zəfərli yürüşündən sonra müəlliflə belə bir söhbəti xatırlayıram:
– Üzeyir bəy, razısınızmı? Bizim sevinc və qürurumuzun hüdudu yoxdur!
– Sizi yaxşı başa düşürəm, – dedi, – amma mən sevinməkdən çox həyəcan keçirirəm. Qeyri-ixtiyari olaraq gözlərimdə oyanmış suala belə cavab verdi:
– Axı, xalqın, partiyanın bu uca qiymətində, bu məhəbbətində bir ümid də var. Mən o ümidə yeni əsərlə cavab verməliyəm.
Elə “Firuzə” operası barədə fikir də o zaman oyanmışdı.
Yaradıcılıq sevincdir, həm də həyəcandır, iztirabdır, bütün ruhi və cismani qüvvələrin gərgin səfərbərliyidir; elə fəaliyyətdir ki, sənətkar böyük olduqca bu gərginlik də artıq olur.
Bütün xalqlarda və dillərdə “yaradıcılıq əzabları” deyilən bir ifadə nahaq yaranmayıb. Doğrudur, bu “əzabların” hüceyrəsində sevinc gizlənir, lakin həmişə yox; çox zaman axtarışdan o sevincə qədərki yol xeyli uzaq olur və bəzən sevinc əvəzinə kədərlə qarşılaşırsan. Çünki hər bir axtarış uğurlu da ola bilər, uğursuz da. Lakin biz bilirik ki, Üzeyir Hacıbəyovun axtarışları həmişə uğurlu olub və onun “yaradıcılıq əzabları” nəhayətsiz sevinclərlə, mənəvi həzz ilə başa çatıb, yeni gurultulu alqışlarla qarşılanıb… Təəssüf ki, bu alqışlar da, bu xalq məhəbbəti də bədxahların, tərəqqi və yenilik düşmənlərinin, nəhayət, dargözlü, ürəyi paslı paxılların nifrətini, qəzəbini boğa bilməyib. Bəs buna nə deyəsən?! “Ona fikir verməyin!” – deyəcəksiniz. Müdrik məsləhətdir və Üzeyir heç vaxt o alçaqların durduğu pilləyə, daha doğrusu, bataqlığa enməmiş, onlara tam etinasızlıq göstərmişdir. O zaman ki, onlar nifrətlərini böyük meydanlara çıxarmır, dəryaya atılan xırda daşlar kimi küncdə-bucaqda, dalda büruzə verirdilər.
Bəs içi çürük, vicdanı və idrakı kor bu tərəqqi düşmənləri, bu günəş işığından qorxan yarasalar, bu paxıllar, bədxahlar, mərdiməzarlar hərəkətə gəldikdə, hücuma keçdikdə, tikilmiş, yaranmış abidəni xalqın gözündən salmaq, uçurmaq, məhv etmək istədikdə “Ona fikir verməyin!” demək olarmı? Fikir verməmək olarmı? Bəli, dostlar, Üzeyir fırtınalar, tufanlar içində yazıb-yaratmışdı. Onun uşaq çağlarından məna ilə, mündərəcə ilə dolu olan həyatı az tufanlara rast gəlməmişdi. Elə bu tufanın ilk zərbəsini o, hələ on altı yaşında bizim əsrin birinci ilindəcə hiss etmişdi. Bu barədə Üzeyirin özünü dinləsək, daha yaxşı olar. O, Qori seminariyasında oxuduğu illəri xatırlayaraq yazır: “Mən seminariyanın ikinci klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə “Mən gələcəkdə nə iş görəcəyəm” sərlövhəsi təhtində bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötrü dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri öz dilimizə tərcümə edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi. Məni çağırıb dedi: “Müəllimlər sənin yazdığına üç nömrəsi qoyubdurlar, amma mən 2 1/2 qoyuram. Çünki qanmıram ki, sən nə deyirsən”.
Seminariyada mütərəqqi müəllimlərlə yanaşı, “əlahəzrət imperator”a müti tələbələr hazırlamağı özlərinə müqəddəs borc bilən mühafizəkarlar yox deyildi və on altı yaşlı Üzeyirin bu arzusu onlara xoş təsir bağışlaya bilməzdi. Buna görə də onun yazısına “üç” qiymət vermişdilər. Lakin seminariyanın müdiri vəzifəsinin məsuliyyətindən qorxaraq, qiyməti bir az da aşağı salmışdı.
Əlbəttə, müəllimləri də, müdiri də narahat edən bu yaşda gəncin vətənpərvərlik duyğuları idi. Üzeyir də onların nə üçün belə etdiklərini yaxşı başa düşürdü… hələ ona töhmət də elan etmişdilər. Nə üçün? Utanmadan, həyasızcasına yazmışdılar ki, “Ana dilində danışdığı üçün…”
Gənc Üzeyirin seminariya həyatını və arzularını yada salıram. Çox sonralar, yəni 1937-ci ildən ömrünün sonuna qədər bir yerdə müxtəlif sahələrdə çalışdığımız illəri xatırlayıram. Müşahidələrim, söhbətlərimiz, onun fəaliyyəti, işə və insanlara münasibəti xəyalımda canlanır. Bütün bunları tutuşduranda xasiyyətinin bir cəhəti xüsusilə məni valeh edir: o da əqidəsində, inamında möhkəmlik, dönməzlik və cəsarət idi.
On altı yaşında seminariyada nümayiş etdirdiyi inam və vətənpərvərlik duyğusuna o, son nəfəsinə qədər sadiq qaldı. Bu yolda göstərdiyi qeyrət və cəsarət nəyə desən dəyər. Yadıma Üzeyirin bir yazısı, daha doğrusu, bir neçə yazısı düşür. Onlardan biri belə adlanır: “Halımıza dair” (1907-ci il). Üzeyir “sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq kimi (xərçəng kimi) getməyimizin əsas səbəbini əvvəlcədən düşünüb-daşınmadan, fikirləşmədən, yəni aydın qayəsiz, məqsədsiz meydana atılmağımızda və yalançı, zahiri cəsarət göstərməyimizdə görür. Nə üçün “camaat işinə qatışanlar” belə edir, nə məqsədlə?
Bu suala Üzeyir belə cavab verir: “Gizlətmək lazım deyildir, biz camaat işlərinə qarışıb “islahat” əmələ gətirmək istədikdə iki məqsədlə, daha doğrusu, bir məqsədlə, yəni ümumin xoşuna gələn məqsədi ancaq xalqa bəyan edib, ikinci məqsədi, yəni öz xüsusi məqsədimizi təqib edirik”.
Üzeyirə məxsus sadə xalq dili, xalq ifadələri, xalq təfəkkürü ilə açıq-aydın deyilmiş bu sözlər necə həyatidir, nə qədər doğrudur, cəmiyyətin necə yaralı yerinə vurur, xalqa zərər verən necə pis mərəzləri döyür!
Bu mərəzlərə qapılanların axırı biabırçılıq, bədnamlıqdır. “Çünki məqsədi-xüsusimiz bir çox alçaq məqsədlərdən olduğuna görə, bizə heç bir ürək-dirək vermir və bu səbəbə binaən qabağımıza çıxan birinci sədd, birinci mümaniət bizim əl-ayağımızı boşaldıb yer üzərində sürünən bir qurdcuğaza döndərir ki, gəlib-gedənə yalvarır: Ay aman, məni basıb əzmə, xəta edib sənin qabağına çıxmışam!”
Bu sətirləri o, seminariyadakı imtahan işindən altı il sonra “İrşad” qəzetindəki məqaləsində yazmışdı və o dövrdəki həmkarlarını, “camaat işinə qatışanları”, bütün ziyalıları, “iş bacaranları” yüksək qayələrlə hərəkət etməyə, xırda, kiçik, xudbin fikirlərin və ehtirasların əsiri olmamağa çağırırdı. Çünki Marksın ifadəsi ilə desək, ancaq “Böyük ideyalar böyük enerji doğurur”. Dünyanın böyük şəxsiyyətlərinin, o cümlədən Üzeyir Hacıbəyovun həyatı, fəaliyyəti, yaradıcılığı bu ali ideallara həsr olunmuşdu.
Ölməz sənətkarın əqidə yolunda sabitliyinin gündəlik işimizdə dönə-dönə şahidi olmuşam. Məlumdur ki, böyük inqilabi dönüşlər dövrü həyatın bütün sahələri, inamlar və əqidələr, insanın psixoloji aləmi, əxlaqi və zövqü imtahana çəkilir. O cümlədən təbiidir ki, ədəbiyyat və incəsənət məsələlərinə yeni münasibət yaranır. Lakin bu yeniliyin nədən ibarət olduğunu hamı eyni cür başa düşmür, hərə öz dünyagörüşünə, mədəni səviyyəsinə, biliyinə və tərbiyəsinə görə şərh etməyə başlayır.
İnqilabi çevrilişin ruhuna uyğun doğru-düzgün dialektik anlayışlarla yanaşı, tamamən səhv fikirlər irəli sürən dotələblər, solçular, “urraçılar” da meydana çıxır ki, onlar xalqın əsrlər ərzində formalaşmış əxlaqi və estetik görüşləri ilə yeni inqilabi tələblər arasındakı dialektik vəhdəti görmürlər, keçmişdən qalan nə varsa hamısını rədd edirlər; o cümlədən klassik və xalq sənətlərini də “köhnəlmiş”, “vaxtı keçmiş” elan edən “urra inqilabçılar” meydana çıxır.
Üzeyirin ömrünün və qüvvələrinin bir hissəsi bu vulqar sosiologizm nümayəndələri ilə ağır mübarizədə, onların hücumlarını dəf etməkdə keçmişdi. 20-ci illərdə milli musiqinin bəzi formalarını və bir sıra alətlərini, o cümlədən tarı az qala qadağan edənlər bu qəbildən idi. Üzeyir Hacıbəyov bu solçularla əsl fırtınaları andıran mübarizəyə girmişdi. Bu barədə əvvəlki yazılarımızda müxtəsər də olsa danışdığımızdan ancaq bircə şeyi – şəxsən Üzeyirə, onun “Əsli və Kərəm”, “Leyli və Məcnun” kimi klassik operalarına hücumları yada salacağıq. Hətta iş o yerə çatmışdı ki, bəzi “bulanıq suda balıq tutmaq” həvəsi ilə yaşayan “sənət adamları” hər yerdə bu əsərlərin inkişafa “zərəri”ndən danışır, guya “kəskin ağıllılıq” göstərərək vəcd ilə “Əsli- Kərəm-neçə kərəm?!” kimi ifadələr də işlədirdilər.
Üzeyir bu cür mənasız, axmaq, boş sözləri necə qarşılayırdı? Bu suala cavab vermək istəyəndə yadıma bir hadisə düşür. 1939-cu ildə Üzeyir Hacıbəyovla SSRİ Ali Sovetinin sessiyasına getmişdik. Necə ki, keçən yazıda göstərmişdim, o dövrdə bir qayda olaraq sessiyaya qatarla gedər, “Moskva” mehmanxanasında düşərdik. Sessiyanın iclaslarına da bir yerdə, Üzeyirin tələsmək bilməyən aram addımları ilə gedib qayıdardıq. Bir gün mehmanxanaya qayıtdıqda mərtəbə növbətçisi nömrələrimizin açarı ilə hərəmizə bir ağ zərf də verdi. Elə ayaqüstü açıb oxuduq. Hörmətli qəzetlərimizdən birinin ədəbiyyat və incəsənət şöbəsi deputat olan başqa sənət adamları kimi bizi də görüşə dəvət edirdi. Əlbəttə, müəyyən olunmuş vaxtda getdik. Şöbə müdirinin o qədər də böyük olmayan otağında Moskva, Leninqrad və başqa şəhərlərdən gəlmiş deputat sənətkarlar oturmuşdu. Onların əksəriyyəti bəstəkarlar, çalanlar, oxuyanlar – musiqi mütəxəssisləri idi. Biz keçib orta cərgədə oturduq. Görüş başlananda məlum oldu ki, skripka çalanlardan biri bu alətdə sağ əlin yalnız dörd barmağını deyil, bütün beş barmağını işlətməyi məsləhət görür. Bu barədə fikir sahibinin ətraflı izahatından sonra çıxışlar başladı. Bəziləri bunu qiymətli yenilik hesab edir, fikrini əsaslandırır, bəziləri də şübhələrini suallarla bildirirdilər. Bu zaman mən Üzeyirə baxdım ki, görüm onun üz-gözündən münasibətini bilə bilərəmmi. Nə görsəm yaxşıdır? Üzeyir başını sağ çiyninə qoyaraq ağıllı-başlı yatmışdı. Deyəsən, sədrlik edən yoldaş da buna diqqət etdi, məsələnin əhəmiyyətsiz olduğu haqqındakı fikrə bunu da əlavə bir sübut hesab edib son danışan adam susan kimi heç bir rəy bildirmədən deputatlara təşəkkürünü bildirdi, uğurlar arzuladı və iclası bağladı.
Biz redaksiyadan çıxıb maşına oturaraq mehmanxanaya yollananda, necə deyərlər, mənim dilim dinc durmadı:
– Üzeyir bəy, axı, deyəsən çox da yaxşı olmadı.
– Nə yaxşı olmadı? – deyib Üzeyir, adəti üzrə, iri eynəyinin üstündən məni süzdü.
– Siz yuxulamışdınız, Üzeyir bəy, – dedim və xətrinə dəyəcəyimi fikrimə gətirib peşman oldum.
Üzeyir isə halını pozmadan, Şərq ağsaqqallarına məxsus atayana bir əda ilə dedi:
– Mirzə, sən cavansan, bir söz deyim, yadında saxla, o yerdə ki gördün biməzmun, axmaq söz danışırlar, vecinə alma, bacarsan yuxula…
“Əsli və Kərəm”ə, “Leyli və Məcnun”a və başqa əsərlərinə olan hücumları da o beləcə təmkinlə qarşılayırdı, sanki onun arxasında dağ durmuşdu.
Bu dağ xalq idi, əsərləri oynananda teatrları dolduran və “bəh-bəh!” deyib arasıkəsilməz alqışlarla öz məhəbbətini bildirən minlərlə tamaşaçı idi…
Əməyin bütün sahələri kimi, bədii yaradıcılıq da yarış meydanıdır. Lakin buranın özünəməxsus xüsusiyyətləri var. Bura, hər şeydən əvvəl, istedadların yarışdığı meydandır, hünər meydanıdır və burada vahid meyar tapmaq o qədər də asan məsələ deyil. Çünki insanların zövqü çox müxtəlif olduğu üçün eyni əsər, eyni sənətkar, eyni xanəndə və ya çalğıçı barədə çox vaxt bir-birinə daban-dabana zidd fikirlər söylənir. Xüsusən sənətkarlar arasında bu fikir ixtilafları daha sərt olur. Bir də görürsən bir yazıçı, artist, rəssam o biri haqqında elə fikir deyir ki, əlində ixtiyar olsa, bu sənətdən onu tamamilə uzaqlaşdırar.
Mən opera və balet teatrında və incəsənət işləri idarəsində işlədiyim illərdə bir sıra belə hallara rast gəlirdim. Onlardan Üzeyirlə bağlı olan birini yad etmək istəyirəm. Operada Məhbubə Paşayeva adlı çox ədəbli, tərbiyəli və təvazökar, orta yaşlı bir aktrisa çalışırdı. Onun yaxın qohumlarından: biri – Camal Paşayev incəsənət işləri idarəsində şöbə müdiri idi. O da son dərəcə tərbiyəli, mədəni, xoşrəftar bir adamdı. Bunların Üzeyirə də hansı tərəfdənsə yaxınlığı vardı. Buna görəmi, ya başqa bir səbəbdən teatrın ictimai işlərində fəal çalışan yoldaşlardan biri tez-tez mənim yanıma gəlir və Məhbubə xanımın teatra yaramadığını, iki-üç ildə beş dəfə də çıxış etmədiyi halda, tam maaş aldığını və bunun da truppada söz-söhbət oyatdığını, əmək intizamına mənfi təsir etdiyini deyir, ixtisara salınmasını tələb edirdi. Nəhayət, mən Üzeyirlə məs-ləhətləşməyi qərara aldım və məşqlərin fasiləsində o, səhnədən ikinci mərtəbəyə, direktor otağına qalxdığı zaman çay gətirtdirib üz-üzə oturaraq bir qədər ümumi işimizdən söhbət etdikdən sonra dedim:
– Üzeyir bəy, məni yaman ağır vəziyyətdə qoyublar. Hey Məhbubə xanımın ayda-ildə bir dəfə oynamasından şikayət edirlər. Yoxlayanda da düz çıxır. Heç bilmirəm neyləyim?
Üzeyir diqqətlə mənə qulaq asdıqdan sonra azca fikrə getdi, sonra adəti üzrə çox balaca bığını tumarlayıb dedi:
– Məhbubə xanım ona görə az çıxış edir ki, repertuarda onun ampluasında rol olan əsər yox dərəcəsindədir. Olanını da üç ayda-beş ayda bir dəfə tamaşaya qoyurlar. Ancaq sən heç fikir eləmə, mən iki-üç həftəyə elə edərəm ki, sən ağır vəziyyətdən qurtararsan, Məhbubə xanım da dedi-qodudan.
Təqribən on gün sonra mən səhnədə Üzeyirin Məhbubəni yoxladığını gördüm. Məhbubə xanımı “Koroğlu”da təzə yazdığı Xanəndə qız rolunda çıxışa hazırlayırdı. Muğamat üstündə yazılmış oyun havası çox gözəl, çox ahəngdar idi və sonra tamaşaçıların alqışları ilə qarşılandı. O illərdə “Koroğlu” səhnədə çox tez-tez getdiyindən Məhbubə xanım barədə söz-söhbət də kəsilmişdi.
Üzeyir Hacıbəyovun sənətkarlara, öz həmkarlarına böyük məhəbbətinin, alicənab və həssas münasibətinin Moskvada dekadamız zamanında parlaq təzahürlərini gördüm. Dekada aprelin 5-də açılmalı idi. Biz təqribən beş-altı gün əvvəl Moskvaya getmişdik. Sənətkarlarımızın bələd olmadığı səhnədə dekorları qurmaq, məşqlər etmək lazım idi. Bütün bu işlər kollektivdən böyük fədakarlıq tələb edirdi. Bunun da ağırlığı təbiidir ki, ən çox əsas rolları ifa edənlərin, quruluş verənlərin, rəhbər yaradıcı qüvvələrin üzərinə düşürdü. Təsəvvür edirsinizmi, aprelin 4-də xəbər gəldi ki, Bülbülə soyuq dəyib, bərk xəstədir, Hidayətzadənin isə ürək ağrıları o dərəcədə şiddətlənib ki, həkimlər ona bir neçə gün yataq rejimi təyin ediblər. Sanki bizi dekada ruhunun, Moskva ab-havasının, diqqət və məhəbbətinin yaratdığı sevinclər, şadlıqlar gülzarından soyuq küləklər vıyıldayan qaranlıq bir dərəyə atdılar. Axı, sabah, aprelin 5-i dekada açılmalı idi!
Ücretsiz ön izlemeyi tamamladınız.