Kitabı oku: «Uzaq planetin sirri», sayfa 2
Rüstəm
Ölü sükut insanın qulağını batırırdı. Bu qərib məkanda nə külək vardı, nə də otların xışıltısı.
Rüstəm gül kollarının altında bərk-bərk gizlənmişdi. Ətrafda heç kəsin olmadığını bilsə də, hələ tərpənmirdi. Aerobusun göyə qalxıb uzaqlaşdığını boğuq uğultudan anlamışdı. Dostlarının da həmin maşında getdiyini zənn edirdi.
Tək qaldığı üçün qorxurdu. Vahimə onu basmışdı.
Kiborqlar haqqında az bildiyindən qorxusu daha da artırdı. Onun üçün naməlum olan bu obyektlərin, yəqin ki, zəif yerləri vardı, amma Rüstəm onları bilmirdi. Əgər kiborqların əlinə düşsə, özünü necə aparmalıydı? Təəssüf ki, bu sualları Lemiyə verməyə fürsət olmamışdı.
Rüstəm dostlarından da narahat idi: görəsən, başlarına nə gəlib?
Nəhayət, o, qorxusuna üstün gəldi. Gözünü açıb ətrafa baxdı. Sonra arxası üstə dönüb gözlərini yad səmaya dikdi. “Qəribədir, səma bomboşdur. Quşlar da yoxdur, səsi, cikkiltisi eşidilmir”, – düşündü.
Sanki insanlarla birlikdə başqa canlılar da planetdən sürgün edilmişdi.
Planetə yaraşıq verən canlılar yox idi.
Rüstəm ovcunda sıxdığı ağ rəngli karta baxdı. “Ağıllı ev” barədə Leminin dediklərini ürəyində sözbəsöz təkrarladı. Bundan sonra nə edəcəyini qərarlaşdırdı: axşam düşməmiş özünü evə çatdırmalı idi. Ətrafda heç kimin olmadığına əmin olandan sonra o, ayağa qalxıb evə tərəf yollandı.
***
Rüstəm şüşə kimi hamar səki ilə sürətlə gedirdi. Kolların arası ilə getmək daha düzgün olardı, amma o tələsirdi.
Yoldan bir qədər aralıda ikimərtəbəli ev göründü. Rüstəm ehtiyatlanıb səkidən kənara, kolların arasına keçdi. Bir müddət gizlənib hərəkətsiz qaldı. Hənirti gəlmirdi. Bir azdan yenə yola düzəldi. Yolun bu hissəsini əyilərək getdi.
Az sonra başqa bir ev göründü. Bu dəfə Rüstəm qorxmadı, evin yanından sürətlə ötüb-keçdi.
Nəfəsi təngiyirdi. Dincəlmək üçün ayaq saxladı. “Onlar robotdur, maşındır, biz isə insanıq. Onlar nə qədər ağıllı olsalar da, biz onlardan ağıllıyıq. Biz hər cür şəraitdə – standart olmayan vəziyyətlərdə qərar qəbul edə bilirik. Biz onları aldada bilərik”, – deyə Rüstəm özünə ürək-dirək verirdi.

Solda döngə görünəndə Rüstəm sevindi: “Birinci döngədən sola burulsan, düz evin üstünə çıxırsan. Lotos çiçəyini xatırladan ağ evdir, – Leminin dediklərini artıq neçənci dəfə ürəyində təkrar etdi. – Niyə məhz lotos? Lotos çiçəyi çirkabın içərisindən baş qaldırsa da, öz təmizliyini, bəyazlığını saxlayır”, – öz-özünə qeyd elədi.
Ətraf mühitlə, təbii landşaftla həmahəng olan ev fantastik dərəcədə gözəl idi. Ən üst qatda, lotosun ləçəkləri şəklində qurulmuş damın ortasında sarı daşlarla haşiyələnən dairəvi hovuz vardı. “Damdan necə də yaxşı istifadə ediblər”, – Rüstəm düşündü.
O, vaxt itirmədən qapıya yaxınlaşdı, ürəyi bərk-bərk döyünürdü. Ovcunda sıxdığı ağ kartı ekrana yaxınlaşdırdı…
Həbsdən qaçış
Kiborq qadını aparan liftin səsi kəsilən kimi Kənan ətrafı yoxlayıb dəhlizin o biri başında aşağı mərtəbələrə aparan pilləkən aşkar etdi. Bu, ehtiyat çıxış olmalı idi. Yan tərəfdəki qapının yanından keçib pəncərədən baxdı – kifayət qədər hündür idi. Qulaq verib tam sakitlik olduğuna əmin olandan sonra o cumub qapını döyəclədi:
– Lemi! Lemi!
İçəridən səs gəldi:
– Sakit, Kənan, qapıya vurma. Səs onların diqqətini cəlb edər.
– Kart burdadır! Mən qapını açım…
– Yox! Tələsmə. Hər şeyi yaxşı-yaxşı düşünüb sonra hərəkətə keçmək lazımdır.
– Yaxşı, qaçış planını quraq!
– Kameradan məni izləyirlər. Qapı açılan kimi biləcəklər. Onlar gələnə qədər mən binadan çıxmalıyam, bu isə çox çətin işdir. Hər an başımın üstünü kəsdirə bilərlər.
– …
– Liftə minmək axmaqlıq olar. Sən pilləkənlə düşərsən, mənsə pəncərədən çıxaram.
Kənan etiraz etdi:
– Çox hündürdür. Pəncərədən tullana bilməzsən.
– Mənim üçün çətin deyil. Əsas problem başqadır. Pəncərədən qaçdığımı biləndə həyəcan siqnalı veriləcək və ardımca hər tərəfdən kiborqlar axışacaq. Onlar məndən bərk qaçır. Bir tədbir görməsək, ələ keçəcəm.
– Bəs necə edək?
– Sən onları iki dəqiqə ləngidə bilsən…
– Eləyərəm! – Kənan qışqırdı. – Mən onları ləngidərəm!
– Bu o qədər də asan olmayacaq, – Lemi dedi.
Kənan bütün ağlını, bacarığını səfərbər edib yol axtarırdı. Baxdığı filmlərdən birini yadına salıb qışqırdı:
– Tapdım! Qəsdən yanğın törədim! Yanğın siqnalı veriləndə başları qarışacaq, sən də qaçıb aradan çıxarsan.
– Yox, alınmayacaq, – Lemi izah etdi. – Yanğınsöndürən kiborqlar ayrı, gözətçilər ayrıdır. Hərəsi öz işini görür.
Kənan ora-bura gəzinir, düşünürdü. Necə, necə eləsin? Bu həlledici məqamda Lemiyə necə kömək etsin? Həm də təkcə ona yox… özünə, Rüstəmə, bu planetin insanlarına – hamıya!
Birdən onun ağlına dahiyanə bir fikir gəldi:
– Lemi, deyirsən, onlar məni və mənim əşyalarımı görmürlər?
– Hə, elədir.
– Sən mənim paltarlarımı geyinsən necə? Səni görməyəcəklər?
– Dayan, bir dəqiqə, – Lemi götür-qoy etdi. – Doğru deyirsən! Sənin paltarlarında olsam, məni görməzlər!
Hər ikisi sevincdən atılıb-düşdü, deyəsən, çıxış yolu tapılmışdı. Ümid insanlara güc, qüvvət verir. İndi artıq detalları danışmaq olardı.
Kənan çantasını açıb rəngi qaralmış kimononu çıxardı. Eninə-uzununa göz yetirib Lemiyə məlumat verdi:
– Qolları uzundur, əllərini örtəcək. Şalvar da topuqlarını tutar.
– Əla! Bədənim örtülür. Qalır başım və pəncələrim.
– Çantanı başına keçirərsən və mənim ayaqqabılarımı geyərsən! O zaman səni heç bir kiborq görməz! – Kənan başının belə sürətlə işlədiyinə özü də təəccüb etdi.
O, çantanı boşaldıb içini çırpdı:
– Hazır! Əməliyyata başlayırıq! Bir, iki, üç!
Xoşbəxtlikdən hər şey onların istədiyi kimi oldu.
Kənan kartı götürüb qapını açdı.
Həyəcan siqnalı ilə ətrafdakı bütün işıqlar yanıb-sönməyə başladı.
Lemi bir göz qırpımında kimononu və Kənanın idman ayaqqabılarını geyindi.
O, çantanı başına keçirən an lift açıldı və kiborqlar göründülər. Onlar otağı, sonra bütün binanı və həyəti axtardılar. Tapdıqları yalnız Leminin ayaqqabıları oldu.
Evdə tək
Qapı yana sürüşüb açıldı. Qısa tərəddüddən sonra Rüstəm içəri girdi və bir baxışla olduğu yeri qiymətləndirdi.
Bu, futuristik dizayna malik geniş bir salon idi. Rüstəmin ilk fikir verdiyi o oldu ki, salonun küncü yox idi, döşəmə, divarlar və tavan tədricən bir-birinə keçirdi. Ağ-mavi rənglərin üstünlük təşkil etdiyi salonun arxa divarı şəffaf olduğundan arxa bağçaya gözəl bir mənzərə açılırdı.
Rüstəm nəyin necə olduğunu aydınlaşdırmağa macal tapmamış giriş qapısı sürüşüb bağlandı. Gözə görünməyən lampaların soyuq, ağ işığı bir an içində söndü, jalüzlər örtüldü və evdəki bütün hənirtilər kəsildi.
Rüstəm qaranlıqda tək qaldı və qorxdu. Nə baş verdiyini anlamadığından qışqırıb özünü ora-bura vurdu. Əvvəl əlini divarlara sürtərək işığı yandırmaq üçün düymə axtardı. Sonra bayırdan işıq düşsün deyə jalüzləri dartıb açmağa çalışdı. Gözü qaranlığa alışandan sonra da çırpındı, amma onun bütün səyləri əbəs idi.
Rüstəm əli ilə jalüzləri kənara çəkib bərkidəndən sonra içəri zəif işıq düşdü. O, salonu nəzərdən keçirdi.
Salon geniş və demək olar ki, boş idi. O biri başda mətbəx stoluna oxşayan stol görüb ora cumdu. Yaman ac idi: “İşə bir bax, axırıncı dəfə Daş dövründə yemişəm”. Amma yeməyə bir şey tapmadı. Divara vurulmuş rəflərdəki qəribə əşyaları nəzərdən keçirdi. “Əcəb rəngbərəng daşlardır. Yemək əvəzinə rəfləri nə qədər mənasız şeylərlə doldurublar!” – o deyindi. Sonra burada yaşayanların Lemi və onun yaxınları olduğunu nəzərə alıb susdu. Yan tərəfdə vanna otağı aşkar edib ora girdi. Qaranlıqda diş fırçaları və maye sabun tapdı. Sevindi. Əlini-üzünü sabunlamaq istədi, amma su yox idi.
Nəhayət, Rüstəm yoruldu. Salonun ortasındakı geniş, yumşaq söykənəcəyi olan ağır divanda oturdu. Divanın bədən quruluşuna uyğun və çox rahat olduğuna fikir verdi. Düşünməyə başladı: “Nə qəribə evdir? Sanki hər şey var, amma əslində heç nə yoxdur. İşıq yandırmaq üçün düymə yoxdur, hətta gecə lampaları da yanmır. İstilik boruları buz kimidir. Kranı açırsan, su gəlmir. Jalüz çəkilmir… Bu evin nəyi ağıllı oldu? – O əsəbiləşdi: – Ağıllı yox, dəli evdir bu!” Öz-özünə deyinib bir az sakitləşəndən sonra Rüstəm ev haqqında Leminin dediklərini yadına salmağa başladı: “Ev, doğrudan da, ağıllıdır, intellektual sistemlərlə quraşdırılıb. Qərarlar verir, özünü və sakinlərini qoruyur…” Rüstəm: “Deyəsən, mən bu evin dilini bilmirəm, intellektual sistemləri işə salmaq üçün nəsə olmalıdır”, – qənaətinə gəldi. Amma nə? Yox, Lemi bu barədə heç nə deməmişdi.
Birdən Rüstəmin gözü salonun küncünə sataşdı. Dəhşət onu bürüdü…
Küncdə elə Rüstəmin özü yaşda bir oğlan dayanmışdı. Aralı qoyduğu jalüzün işığında Rüstəm onu aydın görürdü. Səliqəli geyinmişdi. Qəhvəyi saçları, mavi gözləri vardı. Gözləri şüşə kimi parıldayırdı. Azacıq gülümsəyən oğlan tərpənmir, sakitcə dayanıb Rüstəmə baxırdı…
Dəqiqələr keçdi. Oğlan hərəkətsiz idi. Onun üzünün gülümsər ifadəsi Rüstəmi bir qədər sakitləşdirdi. “Sən kimsən?” – o, boğuq səslə soruşdu. Rüstəm sualını bir neçə dəfə təkrar edəndən sonra cəsarətlənib yaxına getdi. “Kaan, bu sənsən?” – birdən onun ağlına gəldi. Əlbəttə, Lemigilin evində onun qardaşı Kaandan başqa daha kim ola bilərdi ki? Amma oğlanın cavab vermək fikri yox idi. Elə sakitcə baxır və gülümsəyirdi.
Hava qaralır, jalüzlərin arasından düşən işıq getdikcə zəifləyirdi.
Rüstəm oğlanla üzbəüz dayanmışdı. Onun mavi gözlərinə baxırdı. Artıq qorxmur, onu diqqətlə nəzərdən keçirirdi. Birdən-birə yadına düşmüşdü ki, bu planetdə insanların gözü mavi deyil, yaşıl olur. Bu oğlanın insana həddən artıq çox bənzəyən bir oyuncaq olduğunu anlamışdı.
Rüstəm ah çəkib ayaqlarını sürüyə-sürüyə divana tərəf getdi. Uzanmağı ilə bərk yuxuya getməyi bir oldu.
Başının altına kiminsə yastıq qoymağından, üstünü örtməyindən Rüstəmin heç xəbəri də olmadı…
Yuxu, yoxsa gerçək?
Rüstəm yumşaq divanda daş kimi yatmışdı. Zaman maşınında fizika laboratoriyasını tərk edəndən bəri ilk dəfə idi ki, belə rahat yerdə yatırdı. Amma narahatlığı şüuraltı təsir edir, o, qarışıq yuxular görürdü. Budur, Daş dövründəki dostları Axo və Nako ilə tonqalın ətrafında oturmuşlar. Dizində, biləklərində bəzək əşyaları asılmış, uzun saçlarına rəngbərəng çöl çiçəkləri düzmüş Meyra rəqs edir. Onun qızılı dərisi günəş şəfəqlərini əks etdirən su kimi işıq saçır. Birdən şimşək çaxır, göy üzü alışıb-yanır. Haradansa qəbilə başçısı peyda olur. Onun əlində daş ucluqlu nizə var. Sonra Qunn gəlir, onlara hücum edir. Yenə dəhşətli uğultu, partlayış səsi, sonra ucsuz-bucaqsız burulğan… Ulduzlar, planetlər, günəşlər burulğanı… Bir-birini əvəz edən qaranlıq, işıq, gecə, gündüz…
Rüstəm hövlnak yuxudan ayıldı. Arxası üstə çevrilib gözlərini açdı.
Əvvəl harada olduğunu başa düşmədi. Sonra bütün başına gələnlər yadına düşəndə gözlərini yumub hər şeyin yuxu olmasını arzuladı. “Kənan, hardasan?” – pıçıldadı. O dikəlib üstündəki örtüyü kənara ataraq oturdu. Ətrafa göz gəzdirdi.
Otaq Rüstəmin gözünə başqa cür göründü. Hər yerdə ağcaqanada oxşar həşəratlar uçuşurdu: pəncərələrdə, yerdə, mebelin üstündə. Otağa daraşmış bu qəribə məxluqlar vızıltıya oxşayan səs də çıxarırdılar. Sonra birdən-birə onlar hamısı yox oldular, sanki sorulub getdilər.
Otaq işıqlı və isti idi. Elektron saat işləyir, işıqları yanıb-sönürdü. Rüstəm tez küncə baxdı: oyuncaq oğlan yerində yox idi.
Rüstəmi tər basdı.
Üstündən kənara atdığı örtüyə, yastığa fikir verəndə isə lap birtəhər oldu.
O, yalın ayaqlarının ucunda oğrun-oğrun gəzib oğlanı axtarmağa başladı. Vanna otağı boş idi. Rüstəm yan tərəfdə yuxarı – ikinci mərtəbəyə aparan pilləkən aşkar etdi. Ehtiyatla üst qata qalxmağa başladı.
Binanın ikinci qatı dairəvi dəhliz və qapıları bu dəhlizə açılan otaqlardan ibarət idi. Qapılardan birinin açıq olduğunu görən Rüstəm iki əli ilə qapının çərçivəsindən tutub ehtiyatla içəri baxdı. Ürəyi bərk-bərk döyünürdü.
O, gözlərinə inanmadı!
Kənan! Geniş çarpayıda üzüqoylu yatmışdı!
Gözlərini bərk-bərk yumub bir də açdı. Yoxsa onu qara basırdı?
Bəlkə, bu da bir oyun, ya da oyuncaqdı?
Səssizcə yaxınlaşdı. Kənan kəsik-kəsik nəfəs alırdı. O, xeyli arıqlamışdı, qabırğalarını saymaq olardı. Əlini uzadıb dostuna toxundu.
– Nə baxırsan? Mənəm! Düz görürsən.
Onun zarafatları üçün çox darıxmışdı. Bərk-bərk qucaqlaşdılar. Bir-birinin çiyninə vurub gülür, sevinirdilər. Həyat onların gözündə yenə də gözəl idi. Gözəl və möcüzələrlə dolu.
Lemi
Qaranlıq olsa da, onlar evə çox rahat gəlib çatmışdılar. Kiborqlar üçün görünməz olmaları böyük üstünlük idi. Kart-açarı dəhlizdə görəndə isə bir daha sevinmişdilər – demək, Rüstəm sağ-salamat evdə idi.
Lemi yorğunluqdan ayaq üstə dayana bilməyən Kənanı ikinci mərtəbədə Kaanın otağına ötürüb atasının iş otağına girdi və səhərə qədər oradan çıxmadı.
Qəribə idi ki, atası kompüterin parolunu götürmüşdü. Nə üçün?
Bəlkə, nədənsə şübhələnmiş, kompüteri Lemi üçün açıq qoyub getmişdi? Son anda, doğma planetindən köçürülən anda, görəsən, o harada imiş: evdə, yoxsa işdə? Bəs anası və Kaan? Necə olub ki, hamını birdən Y planetinə köçürə biliblər? Necə olub ki, insanlar buna imkan verib, heç bir tədbir görməyiblər? Axı bu hadisə bir anın içində baş verə bilməzdi!
Leminin bilmək istədiklərindən biri də bu idi ki, bu planetdə onlardan başqa da insan varmı? Bəlkə, ”ağıllı ev”lərin içində qalanlar var? Varsa, neçə nəfərdir və niyə səsləri çıxmır?
Qızcığaz üzərinə düşən böyük məsuliyyəti yaxşı anlayırdı. O, əvvəl bütün kosmik fəzaya həyəcan siqnalı göndərdi və kömək istədi. Sonra səhərə qədər atasının son məktublarını oxuyaraq özü üçün bəzi şeyləri aydınlaşdırdı.
Son yazışmaların əsas mövzusu robotlar idi. Atası robototexnikanın qanunlarının mükəmməl olmadığını iddia edir, bunu həmkarlarına sübut eləməyə çalışırdı. O, robotların yaxın vaxtlarda üsyan edəcəyindən ehtiyatlanır, onların nəzarətdən çıxacağından qorxurdu. Bunun qarşısını almaq üçün atası bütün planetdə süni intellekt sistemini söndürməyi təklif edirdi.
Sonuncu mesaj yarımçıq qalmışdı. Atası məlumat verirdi ki, robotlar öz aralarında indiyə qədər mövcud olmayan yeni bir dildə danışmağa başlayıb: “Robotların bizim anlamadığımız bir dildə ünsiyyət qurmaları onları tamamən müstəqil edir və mütəxəssislərin nəzarətindən çıxmalarına səbəb olur. Bu da planetimizdə həyatın başqa bir formata keçməsinin ilk siqnallarıdır. Məncə…”
Lemi başını tutdu: “Ata, səncə, nə? Kaş ki sənin fikirlərini biləydim. Nə qədər haqlısanmış! Kaş səni eşidəydilər, məsələnin ciddiliyini başa düşəydilər! İndi biz nə edək?” Qız dolmuş gözlərini pəncərədən o yana – səmaya dikdi: “Haradasan, ata?”
Atasının ailə üzvlərinə mesajları Lemini lap kövrəltdi: “Evə qayıdın! Təcili evə qayıdın! Bura gəlin! Lemi, ümid edirəm ki, sən hələ planetə dönməmisən!”
Leminin ürəyi bərk-bərk döyündü. Atası son anda onları düşünmüşdü! Hücum vaxtı o, evdə imiş! Bəs sonra nə olub?!
Ümidsizliyə qapılmaq olmazdı! Bu, məğlubiyyət demək idi. Lemi məğlub ola bilməzdi. O öz planetini və buraya aid olan insanları xilas etməli, ailəsinə qovuşmalı idi. O verdiyi sözü tutub Rüstəm və Kənanı öz planetinə qaytarmalı idi. Hökmən düşünüb bir yol tapacaqdı, çünki o tək deyildi. Dostları ilə birlikdə idi.
Lemi hələlik göndərdiyi sorğulara cavab gözləməyi qərara aldı. Cavab olacaqdı – o bunu hiss edirdi.
Yeni gün
Hava işıqlaşır, yeni gün başlayırdı.
Bu çox vacib və həlledici bir gün olmalıydı. İnsanlar və kiborqlar qarşı-qarşıya idilər.
Taleyin istehzasına bax! İnsanlar və onların özlərinin yaratdığı robotlar!
Bu gün planetin taleyi həll olunacaqdı.
Lemi kompüterin arxasından qalxanda artıq səhər idi. Qonşu otaqdan səs gəldi. Kənanla Rüstəm gülürdülər. Bir-birini tapdıqları üçün sevinirdilər.
Lemi qapının çərçivəsinə söykənib onlara baxırdı. Bu kiçik qələbə onu ruhlandırmışdı. O, qoltuğuna vurduğu kağız torbadan iki şüşə südəbənzər meyvəli içəcək çıxarıb uşaqlara verdi. Ləzzətlə içdilər.
− Onların əlindən necə qaçdınız? Burada nə olub? Adamlar haradadır? Sənin ata-anan, qardaşın?.. − Rüstəm sualları yağdırdı.
− Kiborqlar insanları başqa planetə köçürüblər. Hamını. Bunu necə ediblər – hələ bilmirəm…
− Demək, ona görə küçələr belə boş, adamsızdır…
– Zaman maşınımız da onların əlindədir… – Kənan Rüstəmin nəzərinə çatdırdı.
Qəflətən Lemi öz-özünə danışırmış kimi uşaqların başa düşmədiyi anlaşılmaz sual verdi:
− Otaqların vəziyyəti necədir?
Haradansa, sanki divarlardan cavab eşidildi:
− Normal. Toz yığışdırılıb. Hava təmizdir. Temperatur 27 dərəcə, rütubət 65%.
− Çox yaxşı. Hər iki otağın hamamını hazırlayıb idarəni mənə ver.
Rüstəm ətrafa baxıb pıçıltı ilə soruşdu:
− O kiminlə danışır?
Kənan çiyinlərini çəkdi.
− Yaxşı, uşaqlar, hamama! – Lemi dedi.
Fasad tərəfdən çiçəklərlə haşiyələnmiş böyük pəncərələri olan otaqlardan ikisi Lemi və Kaana aid idi. Rüstəm və Kənan bu otaqlarda həssas sensorlarla işləyən intellektual tualet və duş kabinələrindən böyük həvəslə istifadə etdilər. Divara vurulmuş şüşə qabdan çıxan ətirli şampun və sabun, lif, daraq, avtomatik fırlanaraq dişləri təmizləyən əla diş fırçası… Gündəlik həyatda istifadə olunan əşyalar üçün onlar nə qədər darıxmışdılar. Hərəsi bir duş-kabinədə yaxşıca çimib Daş dövrünün hisini-pasını tökdülər.
Qətfə-xalata bürünüb qurulanandan sonra Rüstəm eynəyinin çatlamış şüşəsini silib gözünə taxdı. Qapının yanına vurulmuş, yumru, içinə baş yerləşə bilən çihazın fen olduğunu başa düşsə də, başı ilə risk eləmədi. Dəsmalla saçlarını qurulayıb küncə atdığı çirkli paltarlarını götürdü və Kənanın yanına gəldi.
– Bilirsən, mən başımı dörd dəfə şampunladım, – Kənan dedi.
– Mənsə beş dəfə. − Rüstəm əlindəki çirkli paltarları göstərdi: – Bunları neyləyək?
– Nə bilim?
– Məncə, zibilə atmaq lazımdır.
– Nə danışırsan?! Onlar bu planetdə çox qiymətlidir. Kiborqların gözünə görünmür.
– Necə yəni? – Rüstəm gözlərini döydü.
– Sən axı əsas şeyi bilmirsən! Kiborqlar bizi görmür: səni və məni. Onlar nə bizi, nə bizim əşyalarımızı görür, çünki biz başqa planetdənik.
– Bu barədə sonra danışarıq, − haradansa Leminin səsi gəldi. – Aşağı düşün. Gəlin yeməyə!
Çox ac idilər. Aşağı cumdular.
Qalın divarın bir hissəsi yana çəkilmişdi. Divarın içində mətbəx ləvazimatları, ərzaqla dolu rəflər görünürdü. Həm adi, həm də soyuducu rəflər vardı.
– Demək, mətbəx divarın içində imiş… – Rüstəm mızıldandı. Axşam mətbəxi necə axtardığını dilinə gətirməyə utandı.
Yemək stolunun üstü zövqlə bəzədilmişdi. Nəfis çiçəklərin arasında iri qablarda rəngli, kövrək çörək, bənövşəyi rəngdə ətirli göyərti qatılmış meyvə və tərəvəz salatları, şirniyyat, termosa oxşayan şüşə çayniklərdə müxtəlif bitki çayları vardı. Lemi oğlanların hər birinə konserv şəklində dəmir qab verdi. Məlum oldu ki, içərisində souslu bişmiş ət var. Üstəlik, üstündə qaşığı olan qab yeməyi özü qızdırır.
Uşaqlar neçə vaxtdan bəri ilk dəfə doyunca yedilər. Kənan təşəkkür etdi:
− Çox sağ ol, Lemi! Hər şey ləzzətli idi.
− Siz hər gün belə dadlı yeməklər yeyirsiniz? − Rüstəm şokoladlı zərif keksdən dişləyib soruşdu.
Lemi onlara baxıb gülürdü.
− Bir isti yemək və bir neçə salat kifayət eləyir. Desert də öz yerində. Bu gün mən sizin öyrəşdiyiniz yeməklərə oxşar menyu seçmişəm. Üstəlik, son günlər yaxşı qidalanmadığınızı nəzərə alıb çeşidi çox eləmişəm, − Lemi dedi. − Əslində, yemək məsələsi bizim planetdə problemə çevrilib. Təəssüf ki, yeni innovasiyaların tətbiqi kənd təsərrüfatında istehsal zəncirini məhv elədi. Əkib-becərmək üçün torpaq sahələri azdır, hər yerdə şəhərlər və meqapolislər salınıb. İndi təbii ərzaq az tapılır, insanlar süni ərzaq və vitamin həblərdən istifadə edirlər.
− Yer kürəsində bilirsən nə qədər becərilməmiş torpaqlar var? – Rüstəm heyifsiləndi. – Torpaqlarımı-zın qədrini bilmirik.
– Qərara almışam ki, fermer olacağam! – Lemi qətiyyətlə dedi. – Yer planetində olanda başa düşdüm ki, təbii yolla, sağlam qidalanmaq lazımdır. Neçə vaxtdır vitamin və yemək həblərindən imtina etmişəm. Bizim planetdə az tapılan təbii məhsullar yetişdirmək istəyirəm. Gələcəkdə şaquli ferma qurmaq planım var.
– Şaquli ferma? O nə deməkdir? – Rüstəm soruşdu.
– Çoxmərtəbəli kənd təsərrüfatı kompleksi. Burada mərtəbələrin və ya yarusların sayı yüzlərlə ola bilər. Hər yarusa torpaq tökülür, lazım olan istilik saxlanır və müvafiq məhsul becərilir. Az torpaq sahəsi tutaraq böyük əkin sahələri yaratmaq, məhsul becərmək olar. Üstəlik, planetə ekoloji ziyan vurmursan. Alt qatda mal-qara saxlayacam, ət, süd, yağ, pendir istehsal edəcəm. Yuxarı qatlarda dirrik və meyvə bağlarım olacaq. Şaftalının növlərini isə hökmən Yer planetindən gətirəcəm!
– Əla fikirdir! – Kənan az qala qışqırdı. – Planetlərarası ticarət!
– Gözəl səslənir! Səninlə tərəf-müqabil olarıq!
Möhtəşəm planlar qurdular.
***
– Rüstəm, sənin zaman maşını ilə maraqlandığını bilmirdim, – Lemi dedi.
− Maraqlanmaq nədir?! O, zaman maşını düzəldib və bizi Daş dövrünə aparıb çıxarıb! Az qalmışdı axırımıza çıxsın! − Kənan məzəmmət elədi.
– Əslində, biz gələcəyə getmək istəyirdik… − Rüstəm mızıldandı.
– Bizim Eynşteyn hesab edirdi ki, yüksək texnologiyaların olduğu gələcəkdə səni tapmaq asan olacaq. O səni axtarırdı!
Rüstəm qızardı. Lemi gülümsəyib söhbəti dəyişdi.
− Mənə Daş dövründən danışın, − o dedi. Əslində, Lemi Daş dövrü və Orta Paleolit haqqında çox bilirdi, amma canlı şahidləri dinləmək daha maraqlı idi. − İbtidai insanlar necə yaşayırdılar?
− Bilirsən, Lemi, bizim əcdadlarımızın həyatı heç də asan deyilmiş. Yer planetinin ən yaxşı yerində onlara heykəl qoymaq lazımdır.
Rüstəm dostunun sözlərini təsdiq elədi:
− Biz orada əsl sərt təbiəti gördük. Çox gözəl və çox təhlükəli. Hər daşın altından, hər kolun arxasından ilan-çayan çıxırdı. Yeməyi özümüz tapırdıq. Vəhşi heyvanlardan odla qorunurduq. Bunları bizə Axo öyrətmişdi.
− Axo qəbilə başçısının oğlu idi, dost olmuşduq. Mərd və güclü oğlan idi. Bizə çox köməyi dəydi, − Kənan boynundan asılmış ayı dişini sığalladı, − görürsən, bu, Axonun hədiyyəsidir.
Lemi çoxlu sual verdi, təfərrüatları soruşdu. Uşaqlar danışdıqca Lemi özünü Daş dövründə hiss elədi. Gah mağara ayısından qaçdı, gah şirlər ailəsinin, gah da canavar sürüsünün hücumlarından qorundu. Savannada dolaşdı, mamontlarla dost oldu. Vəhşi təbiətin nəfəsini duydu, dağ çayının şırıltısına qulaq asdı. Xəyalən qəbilə üzvləri ilə birlikdə tonqalın başında təcrübəli ovçuların söhbətlərinə qulaq verdi.
Qəbilə başçısının qızı haqqında eşitdikləri onu daha çox maraqlandırdı:
− Qəbilə qızının adı nə idi?
− Meyra.
− Deyirsiz Meyra gözəl idi?
− Çox gözəldi! − Kənan ağızdolusu təriflədi. − Gözləri qonur rəngdə, kirpikləri qapqara. Üzü həmişə gülürdü. Dərisi isə… işıq saçırdı.
− Yox a? − Leminin ağzı açıq qalmışdı. Təəccüblə dönüb Rüstəmə baxdı.
− Düz deyir, gözəl idi, − Rüstəm təsdiq elədi. − Uzun saçları pırtlaşıq olsa da, ona yaraşırdı. Saçlarını sarmaşıqla sarıyıb çiçək taxırdı.
− Görürəm, ona diqqətlə baxmısınız, − Lemi eyham vurdu.
− Özü də Kənandan xoşu gəlirdi, − Rüstəm qəsdən əlavə elədi.
− Bəlkə, əksinə, Kənanın ondan xoşu gəlirmiş? − Lemi sual dolu nəzərlərini Kənana çevirdi.
− Mənə şər atmayın. Düzünü bilmək istəsəniz, Meyranın Rüstəmdən xoşu gəlirdi. Onun üçün bitki kökləri, sünbül dənləri yığıb gətirmişdi.
− Xəstələnmişdim, ona görə! − Rüstəm qışqırdı.
Onlar mübahisə etdilər. Lemi gah Kənana, gah da Rüstəmə baxırdı. Nəhayət, mübahisəni kəsdi:
− Dalaşmayın. Onsuz da Meyra orada − Orta Paleolitdə qalıb. Bir də onu çətin görəsiz.
Onun səsindəki inciklik Rüstəmin diqqətindən qaçmadı:
− Düz deyirsən! Həm burada daha gözəl qızlar var…
Nazlanıb gözlərini süzdürən Lemi hələ bir müddət qəbilə qızı Meyra haqqında düşündü.
***
Qəflətən yuxarıdan tappıltı eşidildi. Getdikcə artan səslər Kənanla Rüstəmi təşvişə saldı:
− Lemi, orada kimsə var!
− Qorxmayın, bu, Kibodur.
− Kibo?! − oğlanlar xorla soruşdular. − O kimdi?
− Kibo, bura gəl! − Lemi bu sözləri sanki havaya dedi. − Düşünürəm ki, vaxt çatdı. Mən sizi onunla tanış etməliyəm.
İkinci qatdan addım səsləri eşidildi. Kimsə aramla pillələri enməyə başladı. Uşaqlar gözlərini o səmtə zilləyib intizarla gözləyirdilər.
Pillələrin başında qısa vurulmuş qəhvəyi saçları olan mavigözlü oğlan göründü.
Rüstəm sıçrayıb stulu aşırdı. Kəkələdi:
− O-o-odur! Bu odur!

Ücretsiz ön izlemeyi tamamladınız.