Kitabı oku: «Zamanın əsirləri», sayfa 2
Mağara ayısı
Yırtıcı heyvanların çoxu insanı güclü hesab edərək ondan uzaq gəzir. Bu, indi də belədir, o dövrlərdə də belə idi. Yırtıcılar yalnız çox ac və ya təhqir edilmiş olanda insanlara hücum edirlər. Xüsusilə də qəbiləsindən ayrı düşmüş insanlara…
Uşaqların, demək olar ki, iyirmi addımlığında nəhəng, tüklü bir heyvan durmuşdu. Onun aşağıya doğru ensizləşən iri başı, ağır, amma qıvraq, əyri və qısa ayaqları, qabarıq alnı və donuq-donuq baxan xırda gözləri vardı. Bu, böyük bir ayı idi. Uşaqlar onu qarşılarında görcək dəhşətdən yerlərindəcə donub-qaldılar.
Əslində, bu güclü və nəhəng heyvan sakitcə öz mağarasında və onun ətrafında yaşayır, kimsəyə dəyib-dolaşmır, ət yemir, bitkilərlə və balla qidalanırdı.
Bəlkə, heç ayı uşaqları izləməmiş, təsadüfən onlara rast gəlmişdi.
Bəlkə, o, çoxdan orada imiş, təzə otlardan yeyib mağarasına qayıtmağa hazırlaşırmış ki, uşaqlar onu görməyərək özləri cığırı tutub ona tərəf getmişdilər.
Bəlkə, kimsə ayını mağarasından qovub onu acıqlandırmışdı.
Bunları heç kim bilmir və bilməyəcək. Əsas odur ki, ayının gözlərində qəddarlıq sezilməsə də, o dönüb getmədi. Başını qaldırıb havanı qoxladı və… arxa pəncələri üstə qalxdı. Uşaqlar qorxudan içlərini çəkdilər. Bu vəziyyətdə nəhəngin boyu üç metrdən çox olardı. O, ayaqları qısa, gövdəsi isə uzun olan tüklü, bədheybət insana bənzəyirdi.
Ayının sadəlövh və bir qədər də küt heyvan olduğunu Rüstəm bilirdi. Bundan istifadə eləmək, onu aldadaraq təhlükədən qurtarmaq mümkün idi, amma Rüstəm plan qurmağa macal tapmadı. Hər şey gözlənilmədən baş verdi
Ayı yırğalanaraq bir neçə addım irəli gəldi. Bu zaman… qəflətən Kənanın titrəyən əlində sıxıb tutduğu telefondan gurultulu bir musiqi səsi ucaldı. Zərb alətlərinin qulağı deşən guppultusundan hamı diksindi: Kənan da, Rüstəm də, ayı da.
İndiyə kimi dəfələrlə insanlarla rastlaşmış, amma ömründə belə şey eşitməmiş ayı çaşıb-qaldı. Kənan özündən asılı olmayaraq birdən var gücü ilə telefonu ayıya tərəf tullayıb qışqırdı: “Rüstəm, qaç!” Uşaqlar var qüvvələri ilə yerlərindən götürüldülər.
Telefon zərblə ayının kəlləsinə dəyib yerə düşdü. O hələ də oxuyurdu. Bu zərbədən ayıya bir xətər gəlmədi, amma o gözləmədiyi bu hərəkətdən incidi. Onun gücü, mənliyi təhqir olundu və indi artıq o, uşaqlar üçün güclü bir düşmənə çevrilmişdi.
Ayı telefonun səsi kəsilənə qədər onun ətrafında fırlandı, sonra yaxınlaşıb onu qoxuladı. O, arada başını qaldırıb cığırla qaçan uşaqların ardınca baxır, sanki onların hara getdiyini yadında saxlamağa çalışırdı. Nəhayət, ayı öz tərəddüdlərinə son qoydu və pəncəsi ilə telefona möhkəm zərbə vurub onu uzağa tulladı, sonra isə yırğalana-yırğalana hərəkət edərək uşaqların ardınca yollandı.
Uşaqlar talanı keçib meşənin içərilərinə tərəf buruldular. Rüstəm yorulub geri qalmağa başladı. Kənan qarşıya keçib onu gözləyir, tələsdirirdi. O tövşüyə-tövşüyə soruşdu:
– Səncə, o, arxamızca gələcək?
Rüstəmin nəfəsi qaralmışdı, danışa bilmirdi. Əli ilə artıq qaranlığa bürünmüş meşəni göstərib işarə etdi ki, ağaca çıxmaq lazımdır, başqa yol yoxdur.
Onlar yollarına davam etmək istəyirdilər ki, birdən əcaib bir məxluq kolların arasından sıçrayıb onların qarşısına çıxdı. Uşaqlar qışqırıb dayandılar.
Bu, dərisi mis rənginə çalan, pırpız saçları çiyninə tökülmüş arıq bir oğlan idi. Onun əlində ağır daş balta vardı, amma baltasını aşağı sallamışdı. Kəl gönündən olan libası möhkəm bədəninin bir hissəsini örtürdü. Belinə irili-xırdalı bir neçə bıçaq və nazik ağac qabığından hörülmüş torba bərkidilmişdi. Onun ensiz alnı, iri çənəsi üzünə sərt ifadə versə də, qonur gözləri hərarət saçırdı. Ala-toranın çiskinində uzun ayaqlarını aralı qoyub vüqarla dayanmış bu oğlanın silueti uşaqlara böyük və qeyri-adi gəlirdi. Maraq və heyrətdən onlar hər şeyi, hətta ayını da unutmuşdular.
Dostlar ibtidai insana rast gəlmişdilər!
Hər iki tərəf maraqla bir-birini nəzərdən keçirirdi. Bu, çox mühüm, həlledici anlar idi. Bundan sonra nələr olacağı bircə sözdən, hərəkətdən asılı ola bilərdi. İbtidai oğlanın nə düşündüyünü, özünü necə aparacağını bilməyən uşaqlar ona yaxınlaşmağa cürət etmir, səssizcə durub gözləyirdilər. Birdən oğlan başını çevirib harasa diqqətlə baxdı, sonra bir neçə əl hərəkəti edərək qısa sözlər söylədi. Bu gözlənilməz görüşdən özlərini itirmiş uşaqlar heç nə anlamadılar. Oğlan baxdığı istiqaməti göstərdi və əllərini qaldırıb dizlərini azca bükərək ayı kimi böyürdü. Uşaqlar ayıldılar: ayı onların arxasınca gəlir – oğlan bunu demək istəyirdi. Onlar göstərilən səmtə baxıb heç nə görməsələr də, meşəyə tərəf cumdular. Amma ibtidai insan övladı onların qarşısını kəsib gölə tərəf olan yolu göstərdi. O dayanmadan nəsə deyir, əl işarələri ilə nəyisə başa salmağa çalışırdı. Aydın idi ki, o, kömək etmək istəyir, ayıdan qurtulmaq üçün başqa yol göstərirdi. Çarəsiz uşaqlar onun ardınca getməyə qərar verdilər. Beləliklə də, bu qəribə oğlanla əməlli-başlı tanış olmağa macal tapmamış onun arxasınca yola düzəldilər.
***
Oğlan tez-tez gedirdi. O hər kola, hər cığıra bələd olan ovçu kimi inamla addımlayırdı. Ayağındakı ağac qabığından toxunmuş səndəllər təkcə pəncəsini tuturdu, dabanı və enli barmaqları açıq qalmışdı. Uşaqlar ona çatmaq üçün, demək olar ki, qaçırdılar. Talanı keçib dikdirə qalxdılar. Gölü haşiyələyən qayalığa çatanda ayının kəsə yolla yorğa addımlarla onlara tərəf gəldiyini gördülər. Rüstəm təlaşlandı: “O bizi hara aparır?! Qurtula bilməyəcəyik…” – dedi. “O buraları beş barmağı kimi tanıyır”, – Kənan səsinin əsdiyini özü də hiss elədi. Ayının böyürtüsü onları lap qorxutdu.
Oğlan qayaların üstündən keçi kimi bir göz qırpımında keçdi. Kənanla Rüstəm bir qədər ləngidilər. Rüstəm sürüşüb dərin yarğana yıxılanda Kənan ona kömək etmək üçün geri qayıtdı. Bu zaman onların bələdçisi ayını ləngitmək məqsədi ilə dikdirə qalxıb əlini ağzına tutaraq uzun bir qıy çəkdi. Onun hayqırtısı ayını bir qədər təşvişə saldı. Uşaqlar qayaların çıxıntısından yapışaraq irəlilədilər, bir neçə aşırım da keçib iri bir qaya parçasının altında dayandılar. Daha getməyə yer yox idi, qarşıda sıldırım yamac və göl vardı. Onun suları aşağıda yamacın ətəklərini yuyurdu.
Qaranlıq düşürdü. Gölün arxasında, üfüqdə közərərək sönən aydın çevrəli alovlu al günəşə gözünü qıymadan rahat baxmaq olurdu. Gölün sonsuz, sakit suları vahiməli görünürdü. Oğlan arxaya çevrilib qayaların arasında adam boyu hündürlüyündə olan qara dəliyi göstərdi. Sonra pişik kimi dırmaşıb dəlikdən içəri keçdi, qaranlıqda əriyib yox oldu.
Lap yaxında ayının böyürtüsü eşidildi. İçəri girməyə tələsmək lazım idi. Kənan bir dizini yerə qoyub Rüstəmə baxdı: onlar bir-birini başa düşdülər.
…Neçə vaxt idi ki, məktəbdə idman yarışları keçirilirdi. Oğlanlar arasında ikinəfərlik komandaların yarışması məktəblilər tərəfindən, nədənsə, daha böyük maraqla qarşılanırdı. Rüstəmin fiziki hazırlığı zəif olduğundan heç kim onunla tərəf-müqabil olmaq istəmirdi. Dostunun tək qaldığını görən Kənan öz qərarını verdi: “Yarışa Rüstəmlə bir yerdə çıxacağıq!” Rüstəm onu fikrindən döndərmək üçün çox çalışdı, “Sən idmançısan, özünə güclü bir tərəfdaş seç. Mən səni ləngidəcəm”, – deyə israr etsə də, Kənan fikrindən dönmədi. Dostunu pis vəziyyətdə qoymamaq üçün Rüstəm ciddi şəkildə hazırlaşıb əlindən gələni elədi. Hər səhər tezdən idman zalına gəlir, məşq eləyir, yarışa hazırlaşırdı. Kəndirə dırmaşmağı, paralel qollarda gəzməyi, turnikdən sallanaraq o üzə tullanmağı öyrəndi. Təkcə hündür maneədən aşmağı bacara bilmədi. Boyu balaca olduğundan tullanıb hündürə dırmaşa bilmirdi ki, bilmirdi. Bunu Kənana deyəndə o, Rüstəmi sakitləşdirdi. “Maneənin qarşısına çatan kimi mən bir dizimi yerə qoyacam, sənsə ayağını o biri dizimin üstünə qoyub cəld yuxarı qalxarsan, vəssalam”. Elə də elədilər. Üstəlik, yarışmanın qalibi oldular. Həmin gün Kənan dostunu boynuna mindirərək bütün stadion boyu qaçdı, sonra bayrağa bürünüb qucaqlaşdılar. Necə xoşbəxt anlar idi…
Bütün bunları Rüstəm bir an içində fikrindən keçirdi. Dinməzcə ayağını Kənanın dizi üstünə qoyub dəliyi aşdı. Ardınca Kənan bir göz qırpımında qalxdı. Çiyinləri enli olduğundan dəlikdən çətinliklə keçdi, qayanın iti çıxıntısı gödəkcəsinin qolunu cırdı.
Sığınacaq
Onlar balaca bir mağaraya düşdülər. İçəri qaranlıq idi. Dəlikdən düşən zəif işıq mağaranın yalnız bir hissəsini işıqlandırırdı. Gözləri qaranlığa alışandan sonra uşaqlar ortalıqda ocaq yeri gördülər. Yastı daşların üstündəki külün içində yeməkdən qalan sümüklər ağarırdı. Ətrafda quru ot, irili-xırdalı budaqlar, daş və qaya parçaları, ağac kötüyü gözə dəyirdi. Rüstəm:
– Dostumuz əvvəllər də burda olubmuş, onun səliqəsi hiss olunur, – dedi.
Dəliyin arxasından hənirti və ayının donqultusu eşidildi. Uşaqlar qorxub susdular. Onların qoxusunu alan ayı gəlib qayaya dirənəcəyini heç gözləmirdi. Bu onun əhvalını korladı. O, arxa pəncələri üstə oturub key-key baxdı. Bu qənaətə gəldi ki, səhv eləyib. Təzədən yerindən qalxanda dəliyi aşkar elədi. İki ayağı üstə qalxaraq burnunu dəliyə soxub işığın qarşısını kəsdi. Bir an hər şey zülmətə büründü. Ayının nəfəsinin xışıltısı və sulu dodaqlarının marçıltısı aydınca eşidilirdi. Uşaqlar mağaranın divarına qısılıb yerə çökdülər. Acıqlı heyvan başını dəlikdən içəri salmağa cəhd edirdi, amma görünür, burnunu içəri soxduqca qayanın iti çıxıntısı onu yaralayırdı. O başını geri çəkib donquldana-donquldana dəliyin arxasında yerə oturdu və pəncələri ilə başına döyməyə başladı.
– Mən ayının belə nəhəng olduğunu bilmirdim, – deyə Kənan pıçıldadı.
– Bu bizim tanıdığımız ayılardan deyil, onların əcdadı olan mağara ayısıdır, – Rüstəm astadan cavab verdi. – Mağara ayıları daha böyük və bədheybət olur. Arxeoloqlar onların sümüklərini və daşlaşmış qalıqlarını, adətən, mağaralardan tapdıqları üçün onlara mağara ayıları deyirlər.
Uşaqlar ayının içəri girə bilməyəcəyinə əmin olub rahatlaşdılar və dəlikdən düşən solğun işıqda bir-birinə baxdılar. Oğlan daş baltasını əlindən buraxmamışdı, görünür, nədənsə ehtiyat edirdi. Kənan ona müraciət etdi:
– Sənin adın nədir?
Rüstəm tərs-tərs dostuna baxdı:
– Hə, bu saat cavab verəcək! O sənin dilini bilir bəyəm?
O, əli ilə özünü göstərib bir neçə dəfə təkrar etdi: “Rüstəm! Rüstəm! Rüs-təm!” Sonra Kənanı göstərdi: “Kənan! Kə-nan!” Uşaqlar zənn ilə oğlana baxdılar. O, əlini sinəsinə vurub cır səslə bərkdən dedi: “A-xo! A-xo!” Uşaqlar onu göstərib təkrar etdilər: “Axo!” Rüstəm sevindi: “Dərrakəli imiş!” Axo əvvəl Rüstəmi, sonra Kənanı, daha sonra özünü göstərib ”Sam! Kam! Axo!” dedi. Kənan hirsləndi:
– Bizə qoyduğu adlara bax! Sən də deyirsən dərrakəlidir.
– Eybi yoxdur, qoy necə istəyir elə də çağırsın. Sənin üçün nə fərqi var?
Axo bir tərəfdə oturub əşyalarını yanına yığdı. Kənan da çantasını açıb içindəkiləri çıxardı. Çantadan çıxan hər bir şey uşaqlar üçün çox qiymətli idi: dərsdən çıxanda Kənanın marketdən aldığı bir torba çips və alma şirəsi, məşqdən sonra duş almaq üçün götürdüyü dəsmal, sabun və şampun. Köynəyi Rüstəmin əynində olan kimononun şalvarını isə yerə salıb üstündə oturdular.
İçəridə soyuq və nəmişlik hiss olunurdu. Haradasa su şırıldayırdı. Bu, gölə axan çayların səsi ola bilərdi. Susuzluqdan yandığını hiss edən Rüstəm bunu Axodan soruşub dəqiqləşdirmək istədi.
– Su! Su! – o, ovuclarını dodaqlarına dayayıb su içirmiş kimi hərəkət etdi.
Oğlan, deyəsən, onu başa düşdü, bərkdən “va” qışqırıb hansısa heyvanın kəllə sümüyündən olan qabını qaparaq mağaranın qaranlıq ucunda gözdən itdi. Bir neçə saniyədən sonra əlindəki qab ağzınacan su ilə dolu vəziyyətdə qayıtdı.
– Su! – Rüstəm qışqırdı.
– Sən əminsən ki, o, içməli sudur?
– Əlbəttə! Burada qayalardan süzülən su təmiz olmalıdır.
– Yoxsa ölü heyvanın kəlləsindən su içəcəksən?
Rüstəm duruxdu. Axo suyu ona uzadıb “va” dedi, sonra özü əyilib sudan içdi.
– Suyu haradan götürüb? Yaxşısı budur, bunu öyrən, – deyə Kənan məsləhət verdi. Qısa sorğu-sualdan sonra hər şey aydın oldu.
Qayalardan süzülüb gələrək gölə tökülən suyun bir qolu mağaranın aşağı tərəfindən keçirmiş. Uşaqlar mağaranın getdikcə daralan və tamamilə qaranlıq olan o biri ucuna keçib əl-üzlərini yuduqdan sonra doyunca su içdilər. Buz kimi soyuq ləzzətli su, Rüstəmin fikrincə, “ölünü də dirildə bilərdi”.
Tanışlıq
Vahiməli sakitlik idi. Sükutu yalnız bayquşların çığırtısı, bir də o biri tərəfdə yatmış ayının xorultusu pozurdu. Külək qalxmışdı, dəlikdən içəri soxulub uşaqları daha da üşüdürdü. Təkcə Axo üşümürdü. Onun arıq bədəni soyuğa alışmışdı.
Axo nazik işıq zolağında oturmuş uşaqları uzun-uzadı nəzərdən keçirəndən sonra torbasından iki quru ağac parçası çıxardı. Onlardan biri qısa və qalın idi, ortasında oyuq vardı. Həmin ağacı ayaqları altına qoyub möhkəm sıxdı, o birinin bir ucunu oyuğa keçirib o biri ucunu ovucları arasında bərk-bərk fırlatmağa başladı. Uşaqlar onu diqqətlə izləyirdilər. İbtidai insanların odu necə əldə elədiyi haqqında eşitmişdilərsə də, heç vaxt gözləri ilə görməmişdilər. Bir azdan oyuqdan tüstü çıxmağa başladı və altdakı quru ot alovlandı. Oğlan cəld alovu ocaq yerinə – daşların üstünə keçirib üstünə quru çubuqlar qoydu. Bir anın içində mağara işıqlandı. Uşaqlar sevinib qışqırdılar. Bu səs ayını yuxudan oyatdı. O donquldanıb elə o dəqiqə təzədən yuxuya getdi.
Rüstəm ocağa yaxın oturub əllərini qızdırdı.
İndi onların çırtıltı ilə yanan isti ocaqları vardı.
Uşaqlar möhkəm acmışdılar. Kənan çantasındakı çipsi və alma şirəsini çıxarıb ortaya qoydu. Axo maraqla onlara baxırdı. O, həyatında heç vaxt maye şüşəsi və parıltılı əlvan torbada yemək görməmişdi. O da torbasından öz yeməyini çıxarıb ortaya qoydu. Bunlar 5-6 iri cövüz, bir neçə yeməli bitki kökü və çöpə taxılmış iri bir soxulcan idi. Rüstəm dilxor oldu.
– Bu indi soxulcanını bizim yanımızda yeyəcək?
Kənan yeməyi bölüşdürdü. Axonun sümükdən olan qabına şirə tökdü və qabağına bir neçə çips qoydu. Onun yeməyindən isə hərəsinə bir şirəli bitki kökü və iki cövüz götürdü. Rüstəm tez onları aparıb yaxşı-yaxşı yudu. Cövüzlərin yaşılaçalan yumşaq qabığını dişləri ilə təmizləyib yağlı ləpələri ləzzətlə yedilər. Şirin bitki kökü də Rüstəmin xoşuna gəldi. Axo isə çipsləri çox bəyəndi: xırçıldadaraq içəri ötürdü. Soxulcandan başqa nə varsa yedilər. Ən axırda Axo onu kömürün üstündə qızartdı. Cız-bız iyi Rüstəmi birtəhər elədi. Axo bişmiş soxulcanı onların hər ikisinə təklif edəndən sonra özü yeməli oldu.
Ocağa Axo nəzarət edir, sönməsin deyə vaxtaşırı içinə quru budaqlar atırdı. Hərdən dinməzcə altdan-altdan qonaqlarına baxırdı. “Onunla söhbət etmək lazımdır”, – deyə Rüstəm oğlanın yanına keçdi.
Rüstəm əvvəl Axonun ov alətləri ilə maraqlanıb onları diqqətlə nəzərdən keçirdi və adlarını öyrəndi. Ağır daş balta və bıçaqlar kobud yonulmuşdu, amma ağızları iti idi. Axo da, öz növbəsində, onun eynəyinə, sonra isə köynəyinə, şalvarına, xüsusilə də ayaqqabılarına maraqla baxaraq heyrət bildirən səslər çıxardı. O bunların hansı heyvanın dərisindən və necə tikildiyini əsla başa düşmürdü.
Rüstəm ibtidai insanların dilində öyrəndiyi sözləri köynəyinin döş cibindən sevinə-sevinə tapdığı qələmlə cib dəftərçəsinə yazır və əzbərləyirdi. Sən demə, Axonun adının mənası varmış: itiqaçan. Antilop kimi sürətlə qaçmağı bacardığı üçün qəbilə başçısı ona bu adı vermişdi. Tezliklə Rüstəm Axonun dilində iyirmidən çox söz və otuza yaxın işarə öyrəndi və ona da bəzi sözlər öyrətdi: əlini göstərib “əl”, ayağını göstərib “ayaq” deyir və bunları hey təkrar edirdi. Kənan ona baxıb əsəbiləşirdi.
– Sənin başqa işin-gücün yoxdur?!
– Yox! Mənim bu saat işim bunların dilini öyrənməkdir. Sənə də məsləhət görürəm.
– Deyəsən, sən bütün həyatını burada keçirmək fikrindəsən, ona görə də dil-zad öyrənirsən.
– O bizə kömək edə bilər. Bunun üçünsə gərək bir-birimizi yaxşı tanıyaq, onun dilini başa düşək. Hə, Axo, davam edək. Demək, “baş”, – o, başını göstərib təkrar etdi, – “baş”, siz necə deyirsiz?
Kənan üzünü çevirib ufuldadı.
***
“Dərs” qurtardıqdan sonra Kənan bəzi məsələləri aydınlaşdırmaq qərarına gəldi, üzünü Rüstəmə tutdu:
– Sən daha onun dilini bilirsən, soruş gör niyə təkdir, ailəsi, qəbiləsi haradadır?
Bunu öyrənmək o qədər də asan olmadı. Axonun fikri Rüstəmin qələmində qalmışdı deyə suallara cavab vermirdi. Rüstəm məcbur olub qələmi ona verdi. Axo bu əşyanı diqqətlə nəzərdən keçirib qolunda cızlar çəkdi, sonra geri qaytardı. Uzun izahatdan sonra aydın oldu ki, Axo kiçik qardaşını itirib, onu tapmamış evinə qayıtmaq istəmir. O, əl hərəkətləri ilə uşağın boyunu, gözlərinin uzunsov, saçlarının qısa olduğunu başa saldı. Əli ilə meşəni göstərib hər yerdə onu axtardığını söylədi. Oğlan səmanı göstərib əlinin səkkiz barmağını bükdü və kədərlə: “Nako! Nako!” – dedi. “Uşağın səkkiz yaşı var, adı da Nakodur”, – deyə Rüstəm Kənana tərcümə etdi. Öz yaşını bildirmək üçün o özünün on və Rüstəmin dörd barmağını bükdü. “O bizimlə yaşıddır”, – deyə Rüstəm qeyd etdi. Onlar Axoya ürək-dirək verib qardaşını tapmaqda ona əllərindən gələn köməyi əsirgəməyəcəklərinə söz verdilər. Onların dediklərindən Axo nə anladı – bunu heç kim bilmir, amma razılıq əlaməti olaraq o, əlini ürəyinin üstünə qoyub baş əydi.
Gecədən xeyli keçmişdi. Kənan və Rüstəm ayaqqabılarını soyunub ocağın qırağında yerlərini rahatladılar. Amma çox yorğun olsalar da, yata bilmir, cürbəcür fikirlərlə əlləşib-vuruşurdular.
– Qardaşını niyə tək axtarır? – deyə Kənan fikirli-fikirli sükutu pozdu, – ailəsinə desə, hamı birlikdə axtarsa, daha yaxşı olmazmı?
– Uşaq Axo ilə birlikdə meşədə imiş, necə olubsa, itib.
– Onun da öz problemləri var, amma buna baxmayaraq bizə kömək eləyir.
Uşaqlar dönüb üzündə alovun kölgəsi gəzən ibtidai insana baxdılar.
– O niyə yatmır? Heç yuxusu da gəlmir.
– Nə bilim, yəqin, ocağa baxır ki, sönməsin. Sönsə, soyuq olar.
– O, başdan-ayağa çirk içindədir, – deyə Rüstəm pıçıldadı, – saçlarının içində çör-çöp, torpaq, nə desən var. Özündən də pis iy gəlir.
Kənan oğlana qarşı daha yumşaq mövqe tutdu:
– Bu onun günahı deyil. İnsanlar hələ sabun icad eləməyiblər.
– Bir azdan biz də vəhşiləşib ona oxşayacağıq.
– Fikir eləmə, mənim çantamda sabun, şampun, daraq və dəsmal var.
– Nə danışırsan? Çantanı gərək bərk saxlayaq.
Axonun yerindən qalxdığını uşaqlar görmədilər. O, pişik kimi asta və səssiz hərəkət edirdi.
Rüstəm birdən dik atıldı. İbtidai insanın alovun işığında qorxunc görünən kobud üzü düz onun qarşısında idi. Axo iri dişlərini göstərib gülə-gülə nəyəsə işarə edir, “ayaq, ayaq” deyirdi. Az sonra üçü də bir-birinə qoşulub gülməyə başladı: oğlan Kənanın iri ayaqqabılarını geyinmişdi. Sonra Rüstəmin qatlayaraq döş cibinə qoyduğu eynəyi bir göz qırpımında qapıb əyri vəziyyətdə gözünə taxdı. Eynək ibtidai oğlanın gözündə çox gülməli görünürdü. Onun gözləri qarşısında hər tərəf bulandı, ətrafındakılar başına fırlanmağa başladı və o, müvazinətini itirib yerə oturdu. Kənan ayının qorxusundan ağzını tutaraq uğunmuşdu. Eynəyinin sınacağından ehtiyat edən Rüstəm isə onu geri tələb edirdi. Axo tələsik eynəyi dartıb çıxardı, tanış olmayan əşyanın insanda doğurduğu şübhə və qorxu hissi ilə onu Rüstəmə qaytardı.
Xeyli keçdi. Heç kim yatmamışdı. Hər üçü isti evini, ocağını, ailəsini, doğmalarını düşünürdü. Onların nə qədər əziz, nə qədər qiymətli olduğunu anlayırdılar. Kənan pıçıltı ilə soruşdu:
– Yatmamısan?
– Yox.
– Biz burda çox qalmayacağıq, elə deyilmi, Rüstəm? Sən, yəqin, qayıtmağımız üçün bir şey fikirləşəcəksən.
– Əlbəttə, fikirləşəcəm, – Rüstəm yalnız dostunu sakitləşdirmək üçün belə dedi, ürəyində isə “mən heç nə eləyə bilməyəcəm” düşündü.
– Görəsən, Aysel bizim Daş dövrünə düşdüyümüzü bilir?
– Haradan bilə bilər ki? – Rüstəm təəccübləndi.
– O, partlayışı gördü, qapının ağzında idi.
– Doğrudan?! – sevincdən Rüstəmin səsi titrədi, – bu, əla xəbərdir ki! Bu məsələ vəziyyəti dəyişir!
– Bir şey də soruşacam. Sən mənə 100 il sonranı göstərmək istəyirdin. Necə oldu ki, biz gələcəyə deyil, keçmişə, özü də Daş dövrünə düşdük?
Rüstəm qalxıb oturdu.
– Zaman maşını ilə səyahət edəndə gərək əsrləri səhv salmayasan – Elxan müəllim həmişə belə deyirdi.
– Sən əsrləri səhv saldın?
– Yox. Mən əqrəbi düz yüz il sonraya qoymuşdum, vaxtı təyin edəndə isə… Deyəsən, burada səhv elədim. Gələcəkdə nə qədər vaxt qalmaq istədiyimizi pultdan daxil eləyəndə qısaqapanmaya bənzər bir şey baş verdi. Əqrəb boşalıb geri fırlanmağa başladı. Mən onu saxlaya bilmədim, əsrlər bir-bir geri döndü. Sonra nələr olduğunu anlamadım, artıq hər şey mənim nəzarətimdən çıxmışdı.
– Kaş səhv etməyəydin, – Kənan ah çəkdi, – gələcəyə düşmək bizim üçün daha yaxşı olardı.
Rüstəm hələ uzun müddət yata bilmədi, Ayselin hansı addımlar atacağını hesablamağa çalışdı.
Gecənin bir aləmində Kənan yuxudan oyandı. Mağara əməlli-başlı qızmışdı, amma içəri tüstü ilə dolu idi. Tüstünün bir hissəsi dəlikdən bayıra çıxıb havaya qarışsa da, içəridə nəfəs almaq mümkün deyildi. Kənanı öskürək tutdu, gözü bərk acışırdı. Axonun isə heç nə vecinə deyildi, dinməzcə oturub ocağa nəzarət edirdi.
– Axo! – deyə Kənan onu çağırdı, – bəs sən yatmırsan? Bəlkə, bu ocağı söndürək?
Oğlanın sual dolu baxışlarını görüb o, əl hərəkətlərinə keçdi:
– Ocaq, – deyə ocağı göstərdi, – söndürək, – əllərini çarpazlaşdırıb ocağın üstündə tutdu.
Axo onu başa düşdü. Başı ilə razılıq işarəsi verib yatmaq üçün öz küncünə çəkildi. Başlı-başına qalan alov yavaş-yavaş öləziyib söndü, amma hələ uzun müddət tüstülədi.
Ücretsiz ön izlemeyi tamamladınız.