Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hekayələr»

Yazı tipi:

DEQUSTATOR

Həmin axşam Mayk Skofildin Londondakı evində şam süfrəsi arxasında altı nəfər idik: Mayk, arvadı və qızı, mən və arvadım, bir də Riçard Pratt adlı birisi.

Riçard Pratt ətrafda ağzının dadını bilən adam kimi tanınmışdı. «Epikureyslər» adlı kiçik bir cəmiyyətin prezidenti olan bu şəxs hər ay onun üzvlərinə yemək və şərab haqqında broşürlər göndərirdi. Onun təşkil etdiyi nahar ziyafətlərində təmtəraqlı yeməklər və nadir şərablar verilirdi. O, ağız dadını korlamamaq üçün siqaret çəkmirdi və hər hansı bir şərabın keyfiyyəti müzakirə olunanda həmin içki haqqında sanki canlı məxluqmuş kimi rəy bildirirdi, bu da çox məzəli səslənirdi. «O son dərəcə xırdaçıdır, – Riçard Pratt deyirdi, – kifayət qədər utancaq, amma, sözsüz ki, xırdaçı». Ya da: «Mehriban və gümrah şərabdır, bəlkə, bir az kəskindir, amma yenə də mehribandır».

Maykın evində bu vaxtadək artıq bir neçə dəfə Riçard Prattla birgə nahar etmişdim və hər dəfə də Maykla arvadının məşhur qurmanı hər hansı bir xüsusi yeməklə təəccübləndirməsi üçün dəridən-qabıqdan çıxdıqlarının şahidi olmuşdum. Aydın məsələdir ki, onlar bu gün də istisna etmək niyyətində deyildilər. Ayağımızı qonaq otağına basar-basmaz bizi ziyafət gözlədiyini anladım. Hündür şamlar, sarı qızılgüllər, par-par parıldayan gümüş dəstlər, hər qonağın qarşısında şərab üçün üç qədəh və üstəlik, mətbəxdən gələn qızardılmış ət qoxusu, – bütün bunlar ağzımı sulandırdı. Biz süfrə arxasına keçdik və mən Maykın evində bundan əvvəl də olanda onun iki dəfə Prattla bir yeşik şərabdan mərc gəldiyini xatırladım. Qonaq uduşun qarşılığında həmin şərabın növünü və ilini təyin etməli idi. Prattsa söhbətin məlum ildən getdiyi halda bunun heç də çətin olmadığını söyləyir, mərcin şərtləri ilə razılaşır və hər dəfəsində udurdu. Onların bu dəfə də mərc gələcəklərinə və Maykın bu mərci uduzmaq istəyəcəyinə adım qədər əmin idim, belə ki o, şərabının nə qədər yaxşı olduğunu sübut etmək istəyi ilə alışıb-yanırdı, Prattsa öz növbəsində biliyini nümayiş etdirmək fürsətindən son dərəcə məmnun qalırdı.

Nahar yağda xırt-xırt qızardılmış snetoklardan1 başladı, onun yanında mozelveyn2 verdilər. Mayk ayağa qalxıb şərabı özü süzdü, o öz yerini alandan sonra isə Riçard Prattı müşahidə etdiyini gördüm. Şərab şüşəsinin etiketini görə bilməyim üçün mənim qarşıma qoymuşdu. Onun üzərində yazılmışdı: «Qayersley Oliqsberq, 1945». Mayk mənə tərəf əyilib pıçıldadı ki, Qayersley Mozeldə kiçik bir kənddir və bu kənd Almaniya hüdudlarında, demək olar ki, tanınmır. O dedi ki, hazırda içdiyimiz şərab o qədər də adi deyil. Həmin yerlərdə o qədər az şərab istehsal edirlər ki, kənardan gələn birisi onu əldə edə bilməz. Bu şərab növünü əldə etmək üçün ötən yay şəxsən özü Almaniyaya gedib və çətinliklə də olsa bir neçə düjün ala bilib.

– İngiltərədə bundan daha kimdəsə olduğuna şübhə edirəm, – o bunu deyib Riçard Pratta baxdı. – Mozelveyni fərqləndirən cəhət, – o, səsini ucaldıb sözünə davam etdi, – onun klaretdən3 əvvəl yaxşı getməsidir. Çoxları klaretdən əvvəl reynveyn4 içirlər, amma onlar daha yaxşının dadından xəbərsiz olduqları üçün belə edirlər. Heç bilirsiniz ki, reynveyn klaretin zərif ətrini öldürür? Reynveyni klaretdən əvvəl içmək, sadəcə, cahillikdir. Mozelveynsə başqa məsələ.

Mayk Skofild ortayaşlı xoşagəlimli adam idi. O, birjada makler işləyirdi. Daha dəqiq desək, fond birjasında komisyonçu və bu peşənin bəzi nümayəndələri kimi, deyəsən, elə bir əhəmiyyət kəsb etməyən bacarığı qarşılığında yaxşı pul qazanması onu azacıq, bəlkə də, lap çox utandırırdı. Qəlbinin dərinliyində adi broker olduğunu dərk edirdi və bunu dostlarının da bildiyindən şübhələnirdi. Odur ki indi mədəni insan olmağa, ədəbi və estetik zövqünü inkişaf etdirməyə, tablo, not, kitab və bu cür şeylər yığmağa can atırdı. Maykın reynveyn və mozelveyn haqqında kiçik moizəsi onun can atdığı mədəniyyətin tərkib hissəsi idi.

– Gözəl şərabdır, sizə də elə gəlmir ki? – o soruşdu.

Mayk yenə Riçard Prattı izləyirdi. Mən onun hər dəfə ağzına balıq atmaq üçün süfrəyə sarı əyiləndə masanın o biri başına gizlicə nəzər saldığını görürdüm. Mən sözün əsl mənasında bütün vücudumla hiss edirdim ki, o, Prattın ilk udum edib gözlərini qaldıracağı, bu baxışlarda təəccüb, bəlkə də, heyrət oxunacağı anı gözləyir. Sonra müzakirə açılacaq və Mayk ona Qayersley kəndi haqqında danışacaq.

Lakin Riçard Pratt heç şərabın dadına baxmaq niyyətində deyildi. Onun başı Maykın on səkkiz yaşlı qızı Luiza ilə söhbətə qarışmışdı. Qıza sarı yanakı oturan Pratt üzündə təbəssüm ona Paris restoranlarından birinin baş aşpazı barədə danışırdı. O, söhbət əsnasında vəcdə gələrək get-gedə Luizaya yaxınlaşır və az qala qızın üstünə yıxılırdı. Prattdan mümkün qədər uzaq durmağa çalışan biçarə qız başını nəzakət xətrinə tərpətsə də, eyni zamanda ümidsiz baxışlarını onun üzünə deyil, smokinqinin yuxarı düyməsinə dikmişdi.

Biz balığı yeyib-qurtaran kimi otağa girən qulluqçu qadın boşqabları yığışdırmağa başladı. O, Pratta yaxınlaşanda boşqabın dolu qaldığını gördü və nə edəcəyini bilmədi. Qadını sezən Pratt əlinin işarəsi ilə onun getməsini əmr etdi və söhbətini kəsib yeməyə başladı. O, çəngəli tələsik balığa batırır və elə həmin sürətlə ağzına ötürürdü. Yeməyini bitirəndən sonra qədəhi götürüb şərabın dadına baxdı və söhbətinə davam etmək üçün Luiza Skofildə sarı çevrildi.

Mayk bunların hamısını görürdü. Mən ev sahibinə baxmadan hiss edirdim ki, o, sakitliyini saxlasa da, buna çətinliklə müvəffəq olur və gözlərini qonaqdan çəkmir. Onun mehriban sifəti uzanmış, yanaqları sallanmışdı, amma yenə də özünü tutub saxlayır, nə qımıldanır, nə də bir kəlmə söyləyirdi.

Qulluqçu qadın tezliklə ikinci yeməyi gətirdi. Bu, iri qızardılmış mal tikəsi idi. O, yeməyi masaya Maykın qarşısına qoydu. Ev sahibi ayağa qalxıb əti çox nazik dilimlərə bölməyə və qulluqçunun paylaşdırdığı qablara ehmalca qoymağa başladı. Özü də daxil olmaqla hər kəsə ət kəsib bıçağı qaba qoydu və hər iki əli ilə masanın küncünə dayaqlandı.

– İndi isə, – o, Riçard Pratta baxa-baxa hamıya müraciət etdi, – indi isə klaretə keçək. Üzr istəyirəm, amma mən onun ardınca getməliyəm.

– Mayk, onun ardınca getməlisiniz? – mən təəccübləndim. – O hardadır ki?

– Kabinetimdə. Mən şüşənin ağzını açmışam və indi şərab nəfəs alır.

– Niyə bəs kabinetdə?

– Əlbəttə ki, otaq temperaturunda olması üçün. O artıq bir sutkadır ki ordadır.

– Amma niyə məhz kabinetdə?

– Bu mənim evimdə ən yaxşı yerdir. Ötən dəfə Riçard mənə onu seçməyə kömək etdi.

Öz adını eşidən Pratt çevrildi.

– Düz demirəm? – Mayk soruşdu.

Hə, – ciddi ifadə ilə başını tərpədən Pratt cavab verdi. – Düz deyirsiniz.

– O, kabinetimdə yaşıl yazı masamın üstündədir, – Mayk dedi. – Biz məhz o yeri seçdik. Yaxşı yerdir, külək tutmur və temperatur dəyişmir. Üzr istəyirəm, amma onun ardınca getməliyəm.

Mərcə layiq daha bir şərabı olduğunu düşündükcə kefi düzəldi və o, tələsik otaqdan çıxdı. Heç bir dəqiqə keçməmiş yenidən peyda olan Maykın əlində şərab səbəti vardı. Tündrəngli butulka səbətə elə qoyulmuşdu ki, etiketi görünmürdü.

– Hə! – o, masaya yaxınlaşıb uca səslə dedi. – Riçard, bu şərabdan mərc gələkmi? Onu heç vaxt tapan deyilsiniz!

Riçard Pratt yavaş-yavaş çevrilib Mayka baxdı, sonra nəzərlərini balaca hörmə səbətdəki şəraba dikdi. Yuxarı qaldırdığı qaşları və aşağı uzatdığı nəm dodağı onun üzünə o qədər də xoş olmayan təkəbbürlü ifadə verirdi.

– Ömrünüzdə tapan deyilsiniz, – Mayk dedi. – Lap yüz il fikirləşin.

– Klaret? – Riçard Pratt lovğa-lovğa maraqlandı.

– Əlbəttə.

– Yəqin ki, hansısa balaca üzümlükdəndir.

– Bəlkə də, haqlısınız, Riçard. Amma, bəlkə də, yox.

– Lakin söhbət ən məhsuldar ildən gedir, elə deyilmi?

– Hə, buna başımla cavabdehəm.

– Onda cavab vermək o qədər də çətin olmayacaq, – Riçard Pratt sanki darıxırmış kimi sözləri uzada-uzada dedi.

Hərçənd mənə sözləri bu cür uzatması və üzünə verdiyi cansıxıcı ifadə bir az qəribə gəldi; sonra gözlərində nəhs kölgə sayrışdı, üzündə isə əcaib bir dalğınlıq peyda oldu və bu məni ürkütdü.

– Bu dəfə tapşırıq gerçəkdən də çox çətin oldu, – Mayk dedi. – Mən hətta heç mərcə də israr etməyəcəm.

– Yox bir. Nəyə görə ki? – Riçard Prattın qaşları yenə yavaş-yavaş qalxdı, baxışlarından isə soyuqluq və sayıqlıq yağdı.

– Çünki çox çətindir.

– Mənə münasibətdə o qədər də iltifatlı davranmırsınız.

– Əzizim, – Mayk dedi, – könlünüzdən keçirsə, sizinlə məmnuniyyətlə mərc gələrəm.

– Bu şərabın adını çəkmək o qədər də çətin deyil.

– Deməli, siz mərc gəlmək istəyirsiniz?

– Buna tamamilə hazıram, – Riçard Pratt dedi.

– Yaxşı, onda həmişəki kimi mərc gəlirik. Bir yeşik bu şərabdan.

– Yəqin, düşünürsünüz ki, mən onun adını tapmayacam.

– Sözün düzü, bir şərab bilicisi kimi sizə nə qədər hörmət etsəm də, bəli, bu cür düşünürəm, – Mayk dedi.

Ədəb qaydalarından kənara çıxmamağa çalışan ev sahibi özünü boğub saxlayırdı, əvəzində Pratt baş verənlərə nifrət dolu münasibətini gizlətməyə belə çalışmırdı. Bununla yanaşı, nə qədər qəribə olsa da, növbəti sual, deyəsən, onun mərcə bir qədər maraqlı olduğunu aşkara çıxartdı:

– Bəs siz şərabların sayını artırmaq istəmirsiniz ki?

– Yox, Riçard. Bir yeşik kifayət edər.

– Bəlkə, əlli yeşikdən mərc gələk?

– Bu, səfehlik olardı.

Əlində şərab səbəti masanın başında, öz stulunun arxasında dayanan Maykın burun pərləri sanki yüngülcə ağardı və o, dişlərini möhkəm sıxdı.

Pratt stula yayxanıb oturmuşdu – gözləri xumarlanmış, dodaqlarının kənarında isə istehza dolu təbəssüm gizlənmişdi. Və mən yenidən gördüm ki, bəlkə də, mənə elə gəldi ki, onun üzündə qayğılı bir ifadə sayrışdı, baxışlarında isə qəribə bir dalğınlıq peyda oldu, elə həmin gözlərində, düz bəbəklərində isə qığılcımlar oynaşıb gizləndi.

– Deməli, şərabların sayını artırmaq istəmirsiniz?

– Əslində, mənim üçün heç bir fərqi yoxdur, – Mayk dedi. – Nədən istəsəniz mərc gəlməyə hazıram.

Üç qadınla birgə onları sükut içində izləyirdik. Bütün bunlar Maykın arvadını qıcıqlandırmağa başladı. O, qaşqabağını sallayıb oturmuşdu və mən hiss edirdim ki, söhbətə hər dəqiqə müdaxilə edə bilər. Boşqablarımızdakı rostbif5 soyuyurdu.

– Deməli, siz mənimlə nədən gəldi mərcə girməyə hazırsınız?

– Yenə deyirəm. Əgər bu sizin üçün belə mühümdürsə, kefiniz istəyən şeydən mərc gəlməyə hazıram.

– Hətta on min funtdan?

– Əgər belə istəyirsinizsə, əlbəttə.

İndi Mayk sakit idi. O, yaxşı bilirdi ki, Prattın söyləyəcəyi istənilən məbləğlə razılaşa bilər.

– Deməli, deyirsiniz mən istədiyimi dilə gətirə bilərəm?

– Məhz bunu demək istəyirəm.

Ortaya sükut çökdü və Pratt həmin arada baxışlarını masa arxasında oturanların üzərində süzdürdü – növbə ilə əvvəl mənə, sonra qadınlara baxdı. Sanki o bizə bu razılaşmanın şahidləri olduğumuzu xatırladırdı.

– Mayk! – missis Skofild dedi. – Mayk, gəlin bu axmaq söhbətə son qoyaq və yeməyə davam edək. Ət soyuyur.

– Amma bu, axmaq söhbət deyil, – Pratt təbirini pozmadan dedi. – Biz, sadəcə, biz az mərc gəlməyi qərara aldıq.

Mən fikir verdim ki, əlində tərəvəzli yemək bir qədər kənarda dayanmış qulluqçu qadın masaya yaxınlaşmağa cürət etmir.

– Nə deyirəm ki, – Pratt söylədi. – Sizə nədən mərc gəlmək istədiyimi açıqlayaram.

– Buyurun, – Mayk kifayət qədər cəsarətlə dedi. – Ağlınıza nə gəlirsə gəlsin, mən razıyam.

Pratt razılıqla başını tərpətdi və yenidən dodaqlarının kənarlarında təbəssüm oynadı, sonra baxışlarını Maykdan çəkmədən mümkün olduğu qədər yavaş-yavaş dedi:

– İstəyirəm ki, mənə qızınızı verəsiniz.

Luiza Skofild dik atıldı.

– Dayanın! – o çığırdı. – Bu lap ağ oldu və heç də gülməli deyil! Ata, bu heç gülməli deyil.

– Əzizim, sakitləş, – anası dedi. – Onlar, sadəcə, zarafat edirlər.

– Mən heç də zarafat etmirəm, – Riçard Pratt dəqiqləşdirdi.

– Bütün bunlar mənasız səslənir, – Mayk dedi.

Deyəsən, o, yenə çaşqınlıq içində idi.

– Siz ki dediniz, nədən gəldi mərcə girməyə hazırsınız.

– Mən pulu nəzərdə tuturdum.

– Amma siz pulun adını çəkmədiniz.

– Amma mən məhz bunu nəzərdə tuturdum.

– Onda heyif ki bunu birbaşa söyləmədiniz. Hərçənd sözünüzü geri götürmək istəyirsinizsə…

– Əzizim, məsələ sözü geri götürüb-götürməməkdə deyil. Əslində heç bu vəziyyətdə mərc də alınmır, axı siz uduzduğunuz təqdirdə mənə öz qızınızı verməyəcəksiniz – olmayan şeyi necə vermək olar ki? Üstəlik, olsaydı belə, çətin ki onunla evlənmək istəyərdim.

– Bunu eşitmək çox xoş oldu, – arvadı söhbətə müdaxilə etdi.

– Mən nədən istəsəniz mərcə girməyə hazıram, – Pratt bəyan etdi. – Məsələn, evimdən. Hə, necədir?

– Hansı evinizdən? – Mayk söhbəti zarafata çevirməyə çalışdı.

– Şəhər kənarındakı.

– Bəlkə, üstünə o birini də gələsiniz?

– Yaxşı. Sizə belə xoşdursa, hər iki evimdən mərcə girirəm.

Bu vaxt Maykın fikrə getdiyini gördüm. O, masaya yaxınlaşıb şərab səbətini ehmalca onun üzərinə qoydu. Sonra duzqabını bir tərəfə, istiotqabını digər tərəfə çəkib bıçağı götürdü, hardasa bir dəqiqə dalğın-dalğın onu nəzərdən keçirdi, sonra yerinə qoydu. Qız da atasının qərarsızlığını sezdi.

– Ata! – o çığırdı. – Bu ki axmaqlıqdır! Bu, sözlə ifadə olunmayacaq axmaq fikirdir. Məndən mərcə girmənizi istəmirəm.

– Sən tamamilə haqlısan, əzizim, – anası dedi. – Mayk, dərhal bu söhbətə son qoy və yerinə oturub yeməyini ye.

Mayk ona məhəl qoymadı. O, qızına baxıb gülümsündü – yavaş-yavaş, atasayağı, onu himayə edirmiş kimi gülümsündü. Amma eyni zamanda gözlərində qalibiyyət qığılcımları parıldadı.

– Bilirsən, – o, üzündə təbəssüm dedi, – bilirsən, Luiza, məncə, fikirləşməyinə dəyər.

– Ata, bəsdir! Həyatımda bundan axmaq heç nə eşitməmişəm!

– Yox, əzizim, bir dinlə gör nə deyirəm.

– Heç nə eşitmək istəmirəm.

– Luiza! Səndən xahiş edirəm! Məni dinlə. Riçard bizə ciddi mərc təklif elədi. Buna mən deyil, o israr edir. Və əgər uduzarsa, o boyda mülkündən keçməli olacaq. Əzizim, dayan, sözümü kəsmə. Məsələ burasındadır ki, onun udmaq şansı yoxdur.

– Amma o, deyəsən, tamam başqa fikirdədir.

– Sənə deyirəm qulaq as, mən nə dediyimi bilirəm. Klareti dadan mütəxəssis, əgər bu, lafit və ya latur kimi hər hansı bir məşhur şərab deyilsə, üzümlüyü olsa-olsa təxmini müəyyənləşdirə bilər. O, şübhəsiz ki, şərabın Bordonun hansı rayonunda, – istər Sent-Emiyon olsun, istər Pomrol, istər Qrav, istərsə də Medok, – hazırlandığını ümumilikdə deyə bilər. Amma axı hər bir rayonda icmalar, kiçik qraflıqlar, hər qraflıqda isə çoxlu balaca üzümlüklər var. Onları təkcə şərabın dadı və ətrinə görə bir-birindən fərqləndirmək mümkün deyil. Bircə onu deyə bilərəm ki, bu şərab digər üzümlüklərlə əhatələnmiş balaca bir üzümlükdən hazırlanıb və Riçard Pratt bunu heç vaxt tapan deyil. Bu, mümkün deyil.

– Bundan necə əmin ola bilirsən ki? – qızı ondan soruşdu.

– İnan ki, əminəm. Öyünmək istəmirəm, amma şərablardan başım çıxır. Bir də ki, qızım, mən sənin atanam və Allah şahiddir ki, ömrümdə səni istəmədiyin bir şeyə məcbur etmərəm. Sadəcə, elə etmək istəyirəm ki, sənin pulun bir az da çox olsun.

– Mayk! – arvadı söhbətə müdaxilə etdi. – Lütfən, bu söhbətə son qoy!

O yenə arvadına məhəl qoymadı.

– Əgər mərcin şərti ilə razılaşsan, – Mayk qızına dedi, – onda on dəqiqədən sonra iki böyük evin sahibəsi olacaqsan.

– Amma, ata, mənə iki böyük ev lazım deyil.

– Onda onları satarsan. Elə onun özünə satarsan. Mən bunu təşkil edərəm. Əzizim, bir düşün, necə də varlı olacaqsan! Ömrün boyu müstəqil yaşayacaqsan!

– Ata, bütün bunlar mənim heç xoşuma gəlmir. Zənnimcə, bu, axmaqlıqdır.

– Mən də eyni fikirdəyəm, – anası dedi. Qadın başını qəfil geriyə dartıb toyuq kimi qabardı. – Mayk, bunu ağlından keçirmək belə ayıbdır! Axı o sənin qızındır!

Mayk heç ona tərəf baxmadı da.

– Razılaş! – qızının düz gözünün içinə baxıb coşqunluqla dedi. – Tez ol, razılaş! Uduzmayacağına zəmanət verirəm.

– Amma, ata, bu mənim xoşuma gəlmir.

– Qızım, uzatma. Razılaş!

Mayk Luizanın lap yaxınlığına gəldi. O, sərt baxışlarını qızına zillədi və Luiza atasına etiraz etməkdə çətinlik çəkdi.

– Uduzsam necə?

– Bir daha deyirəm, uduzmayacaqsan. Sənə zəmanət verirəm.

Ata, bəlkə, lazım deyil.

– Bu mərc sənə var-dövlət bəxş edəcək. Luiza, razılaş. Hə?

Qız sonuncu dəfə tərəddüd etdi. Sonra ümidsiz halda çiyinlərini çəkib dedi:

– Yaxşı. Bircə and iç ki, uduzmayacağıq.

– Əla! – Mayk çığırdı. – Əla! Deməli, mərc gəlirik!

Mayk butulkanı qamarlayıb əvvəlcə öz qədəhinə bir az şərab süzdü, sonra həyəcanla masa ətrafında gəzib digər qədəhləri doldurdu. İndi hər kəsin baxışları Riçard Pratta dikilmişdi. Bu, əlli yaşlarında, o qədər xoşagəlimli siması olmayan birisi idi. Diqqəti hər şeydən çox onun ağzı çəkirdi; Prattın qurmanlara xas dolu nəm dodaqları vardı; aşağı dodağı sallanmış və istənilən an qədəhin küncünə toxunmağa, ya da yemək tikəsi qamarlamağa hazır idi. «Elə bil açar yeridir, – ağzına baxaraq düşündüm, – əsl iri açar yeri».

O, qədəhi asta-asta burnuna yaxınlaşdırdı. Burnunun ucu qədəhə girdi və nəzakətlə fısıldaya-fısıldaya şərabın səthində hərəkət etdi. O, son dərəcə diqqətli idi. Gözləri yumulu idi və vücudunun yuxarı hissəsi – başı, boynu və sinəsi sanki nəhəng iybilmə maşınına çevrilmişdi. Bu iybilmə maşını fısıldayan burnun göndərdiyi məlumatları qəbul edir, yoxlayır və təhlil edirdi.

Stula yayxanıb oturmuş Maykın üzündən etinasızlıq yağırdı, hərçənd o, Prattın hər hərəkətini izləyirdi. Missis Skofild masanın digər başında qımıldanmadan oturmuş və düz qarşısına baxırdı. Qadının üzündə narazılıq ifadəsi donub-qalmışdı. Dequstatora rahat baxa bilməsi üçün stulunu azacıq kənara çəkmiş Luiza atası kimi gözlərini ona zilləmişdi.

İyləmək prosesi hardasa bir dəqiqə çəkdi; sonra Pratt gözlərini açmadan və başını çevirmədən qədəhindəki şərabın az qala yarısını içdi. O, şərabı ağzında azacıq saxlayıb ilk təəssüratını almağa çalışdı, sonra mən onun hülqumunun necə tərpəndiyini və udumu içəri ötürdüyünü gördüm. Amma o, şərabın böyük hissəsini ağzında saxladı. İndi o yerdə qalan şərabı udmadan dodaqları ilə bir az hava sordu. Bu hava ağzındakı şərabın ətri ilə qarışıb ağciyərlərinə getdi. O, nəfəsini saxlayıb, sonra burnu ilə buraxdı və nəhayət, dilinin altındakı şərabı ora-bura ötürüb çeynəməyə başladı, sözün həqiqi mənasında, sanki çörəkmiş kimi çeynədi.

Bu, möhtəşəm, təsirli səhnə idi və haqqına demək lazımdır ki, o bu səhnənin öhdəsindən lazımınca gəldi.

– Hm, – qədəhi masanın üzərinə qoyan və çəhrayı dili ilə dodaqlarını yalayan Pratt dedi. – Hm… hə. Çox maraqlı şərabdır – yumşaq və nəcib, deyərdim hətta qadın kimi zərifdir.

Ağzı tüpürcəklə dolu idi və o danışanda bu tüpürcək damcıları düz masanın üzərinə sıçrayırdı.

– İndi isə istisna metodu ilə gedək, – o dedi. – Cavaba doğru yavaş gedəcəyim üçün üzr istəyirəm, amma mərcin arxasında qiymətli şeylər durur. Mən, adətən, ortaya bir ehtimal atıram, sonra tez önə atılıram və düz adını çəkdiyim üzümlüyün ortasına düşürəm. Amma bu dəfə yavaş getməliyəm, elə deyilmi?

O, Mayka baxıb, qalın nəm dodaqlarını aralayaraq gülümsündü.

Mayk qonağa qarşılıq vermədi.

– Beləliklə, birincisi, bu şərab Bordonun hansı rayonundandır? Bunu tapmaq çətin deyil. Sent-Emiyon və ya Qravadan olması üçün o çox yüngüldür. Bu, açıq-aşkar Medokdur. Buna zərrə qədər də şübhə etmirəm.

Hə, indi növbə çatdı onun Medokda hansı icmadan olmasına? Bunu da istisna metodu ilə müəyyənləşdirmək çətin deyil. Marqo? Bu çətin ki Marqodur. Onda güclü Marqo dəstəsinin dadı hiss olunmur. Poyak? Çətin ki Poyak olsun. O, Poyak üçün həddən artıq zərif, son dərəcə nəcib və özünəməxsusdur. Poyakdan olan şərabın, demək olar ki, zəhlətökən dadı var. Bir də ki mənə görə, Poyak məhz bu rayonun torpağından götürdüyü hansısa enerjiyə, quru enerjili dada malik üzümdən hazırlanır. Yox, yox. Bu… bu şərab çox zərifdir, ilk dəfə dadanda təmkinli və təvazökardır, əvvəl-əvvəl adama hətta utancaq təsiri bağışlayır, amma sonra kifayət qədər cazibəli olduğu meydana çıxır. Bəlkə də, üstəlik, bir az işvəli və şıltaqdır, tərkibindəki tanin adama xəfif sataşır. Ağızda nəsə heyranedici – qadın incəliyi kimi təsəlliedici, nəsə ilahi səxavətli bir dad qalır və onu təkcə Sen-Jülyen icmasının şərabları ilə əlaqələndirmək olar. Bu şərabın Sen-Jülyendən olmasına zərrə qədər də şübhə etmirəm.

O, stula söykənib əllərini masadan çəkdi və əl barmaqlarını bir-birinə yapışdırdı. Bir sözlə, elə təşəxxüslü görünüş aldı ki, mən Prattın bunu ev sahibini ələ salmaq üçün qəsdən etdiyini düşündüm və səbirsizliklə daha sonra nə baş verəcəyini gözlədim. Luiza həmin arada siqaret çəkməyə hazırlaşdı. Pratt kibrit çöpünün çırtıltısını eşitdi və qıza tərəf çevrilərək qəfil hirsləndi.

– Rica edirəm! – o qışqırdı. – Rica edirəm, siqaret çəkməyin! Süfrə arxasında siqaret çəkmək çox pis vərdişdir!

Qız əlində yanan kibrit çöpü ona baxdı, sonra nifrət dolu baxışlarını kənara çəkdi. O, başını aşağı əyib kibriti söndürdü, hərçənd siqareti əlindən yerə qoymadı.

– Əzizim, üzr istəyirəm, – Pratt bu dəfə sakit şəkildə dedi. – Amma mən, sadəcə, süfrə arxasında siqaret çəkilməsinə heç dözə bilmirəm.

Qız daha ona tərəf baxmadı.

– Hə, harda qalmışdıq? – o soruşdu. – Xatırladım. Bu şərab Bordodan, Sen-Jülyen icmasından, Medok rayonundandır. Hələ ki hər şey yaxşı gedir. Amma indi bizi ən çətini gözləyir – üzümlüyün özünün adını çəkmək lazımdır. Belə ki Sen-Jülyendə çoxlu üzümlük var və ev sahibinin haqqında qeyd etdiyi kimi, bir üzümlüyün şərabı ilə digər üzümlüyün şərabı arasında elə də böyük fərq yoxdur. Amma yenə də cəhd edək.

O, yenə gözlərini yumub sükuta daldı.

– Mən üzümlüyün yaşını müəyyənləşdirməyə çalışıram, – o dedi. – Buna müvəffəq olsam, hesab edin, işin yarısı geridə qalıb. Belə-belə işlər, icazənizlə bir az düşünüm. Şərab dəqiq birinci məhsuldan hazırlanmayıb, hətta ikincisinin də buna heç bir dəxli yoxdur. O ən yaxşılarından deyil. O, belə demək olarsa, işıqdan, enerjidən məhrumdur. Amma bax üçüncü məhsul ola bilər. Amma yenə də şübhə edirəm. Bizə məlumdur ki, yığım ili ən yaxşılardan biri olub – ev sahibimiz belə dedi, – bu da çox güman ki şərabın xeyrinədir. Mən ehtiyatlı olmalıyam. Mən çox ehtiyatlı olmalıyam.

O, qədəhi götürüb bir udum da içdi.

– Deyəsən, – o, dodaqlarını yalayaraq dedi, – mən haqlı idim. Bu, dördüncü məhsuldan hazırlanan şərabdır. İndi buna əminəm. Ən yaxşı illərdəndir, deyərdim çox yaxşı illərdəndir. Elə buna görə də hansısa an şərabın dadı üçüncü, hətta ikinci məhsulu xatırlatdı. Nə deyirəm ki! Bu özü də yaxşıdır! İndi biz açmaya lap yaxınlaşmışıq. Sen-Jülyendə bu yaşda nə qədər üzümlük var?

O yenə susdu, qədəhi qaldırıb onun qırağını öz sallaq aşağı dodağına yaxınlaşdırdı. Elə bu vaxt çəhrayı və ensiz dilinin qəfil çıxdığını, ucunun şəraba batdığını və yavaş-yavaş geri çəkildiyini gördüm – iyrənc səhnə idi! O, qədəhi masaya qoyanda gözləri yumulu idi, üzündə sakit bir ifadə vardı, bircə iki nəm ilbizi xatırladan dodaqları tərpənirdi.

– Yenə eyni şey! – o ucadan dedi. – Ağızda tanin hiss olunur və bir an elə təəssürat yaranır ki, sanki dilini nəsə büzüşdürür. Hə-hə, əlbəttə! İndi anladım! Bu, Beyşevel ətrafında yerləşən balaca üzümlüklərdən biridir. İndi xatırladım. Beyşevel rayonu, çay və kiçik körfəz. Körfəz o qədər çirklənib ki, şərab daşıyan gəmilər ondan daha istifadə edə bilmir. Beyşevel… Amma, görəsən, bu, Beyşeveldir? Yəqin ki, yox. Çətin ki. Amma hardasa onun yaxınlığında bir yer olmalıdır. Şato Talbo? Bəlkə, bu Talbodur? Hə, yəqin ki. Amma bir dəqiqə gözləyin.

Riçard Pratt yenə şərabdan bir udum aldı və gözünün ucu ilə Mayk Skofildə baxdı. Ağzı ayrıq qalan ev sahibi get-gedə masanın üzərinə əyilir və baxışlarını Riçard Prattdan çəkmirdi.

– Yox, mən haqlı deyiləm. Bu, Talbo deyil. Talbo özünü dərhal bildirir. Əgər bu şərab min doqquz yüz otuz dördüncü ilin məhsuludursa, – mənsə elə bu cür olduğunu düşünürəm, – onda Talbo deyil. Belə-belə işlər. İcazənizlə bir az da düşünüm. Bu nə Beyşeveldir, nə də Talbo, amma yenə də şərab hər ikisinə elə yaxındır ki, üzümlük, yəqin ki, onların arasında yerləşir. Bu hansı üzümlük ola bilər ki?

Pratt fikrə getdi, biz isə baxışlarımızı ona dikib durmuşduq. Hətta Maykın arvadı da indi ona baxırdı. Mən qulluqçu qadının tərəvəz boşqabını arxamda necə bufetə qoyduğunu eşitdim, hərçənd o, araya çökmüş sükutu pozmamaq üçün bunu çox ehtiyatla etdi.

– Aha! – o çığırdı. – Anladım! Hə-hə, anladım!

O, ağzını sonuncu dəfə əlindəki qədəhə yaxınlaşdırdı. Sonra hələ də qədəhi ağzının yanında saxlayıb Mayka tərəf çevrildi, bic-bic gülümsündü və dedi:

– Bilirsiniz bu şərab hardandır? O, kiçicik Braner-Dükrü kəndindəndir.

Maykın tükü tərpənmədi.

– O ki qaldı ilə, bu, min doqquz yüz otuz dördüncü ildir.

Hamımız baxışlarımızı Mayka zilləyərək, onun butulkanı çevirərək etiketini göstərməsini gözlədik.

– Bu sizin qəti cavabınızdır? – Mayk soruşdu.

– Hə, düşünürəm ki, qəti cavabımdır.

– Düşünürsünüz, ya əminsiniz?

– Əminəm.

– Adını bir daha söyləyə bilərsiniz?

– Şato Braner-Dükrü. Kiçik, amma son dərəcə əla üzümlük. Qədimlərdən qalma, füsunkar təbiəti olan kənd. Ona çox yaxşı bələdəm. Heç bilmirəm, niyə əvvəldən anlamadım.

– Hə, ata, – qız dedi. – Butulkanı çevir ki, biz də işin əslini bilək. Mən öz evlərimi əldə etmək istəyirəm.

– Bir dəqiqə, – Mayk dedi. – Bir dəqiqə. – O, tamamilə çaşqın vəziyyətdə idi, üzü kağız kimi ağarmışdı, əvvəlki əminliyindən əsər-əlamət qalmamışdı.

– Mayk! – masanın o biri başında oturmuş arvadı ucadan dedi. – Hə, nə məsələdir?

– Marqaret, lütfən, müdaxilə etmə.

Riçard Pratt üzündə təbəssüm Mayka baxırdı, onun gözləri parıldayırdı. Mayk baxışlarını hər kəsdən qaçırırdı.

– Ata! – qızı dəhşət içində qışqırdı. – Ata, o tapmadı, tez ol, haqlı olduğumu təsdiqlə!

– Qızım, təlaşlanma, – Mayk dedi. – Təlaşlanmaq lazım deyil.

Zənnimcə, Mayk doğmalarından yaxa qurtarmaq üçün Riçard Pratta tərəf çevrilib dedi:

– Riçard, zənnimcə, qonşu otağa keçib ikilikdə danışsaq yaxşıdır.

– Məndən bu qədər, daha heç nə danışmaq istəmirəm, – Pratt dedi. – Yeganə istədiyim şey butulkanın etiketini görməkdir.

O, mərci udduğunu bilirdi, üz-gözündən təkəbbür qarışıq qalibiyyət yağırdı. Anladım ki, o, qələbəsi təkzib olunacağı halda hər şeyə getməyə hazır idi.

– Nə gözləyirsiniz? – o, Maykdan soruşdu. – Buyurun, butulkanı çevirin.

Elə bu vaxt heç kəsin gözləmədiyi şey baş verdi: əynində səliqəli qara don və ağ önlük olan qulluqçu qadın Riçard Pratta yaxınlaşdı. Onun əlində nəsə vardı.

– Cənab, mənə elə gəlir ki, bu sizindir, – o dedi.

Pratt geri çevrilib qulluqçunun əlindəki buynuzlu çərçivəli eynəyi ona uzatdığını gördü və bir anlıq tərəddüd etdi.

– Doğrudan? Bəlkə də, mən bilmirəm.

– Hə, cənab, bu sizindir.

Yaşı yetmişi haqlamış bu qadın uzun illərdir ki, evin sadiq qulluqçusu idi. O, eynəyi masaya, Prattın qarşısına qoydu.

Pratt qulluqçuya minnətdarlıq etməyib eynəyi döş cibinə, burun dəsmalının arxasına soxdu.

Qulluqçu qadın öhdəsinə düşəni yerinə yetirsə də, nədənsə getmirdi. O, Riçard Prattın arxasında dayanmağa davam etdi və yerindən qımıldanmayan bu balaca qadının davranışında nəsə qeyri-adi bir şey vardı. Başqalarını bilmirəm, məni birdən əcaib bir narahatlıq bürüdü. Qadının qırışlı və bozarmış üzündə soyuq və qətiyyətli ifadə vardı, dodaqları bir-birinə möhkəm sıxılmış, çənəsi irəli gərilmiş, əl barmaqları bir-birinə bərk keçirilmişdi. Məzəli papağı və ağ önlüyü onu hansısa balaca, pırtlaşıq, ağ sinəli quşa oxşadırdı.

– Siz onu mister Skofildin kabinetində unutmusunuz, – qadın dedi. Onun səsində süni, qərəzli bir nəzakət vardı. – Nahardan əvvəl ora keçəndə yaşıl yazı masasının üstündə unutmusunuz.

İçi mən qarışıq masa arxasında oturanların qulluqçunun söylədiklərinin fərqinə varması üçün bir neçə saniyə lazım oldu. Ortaya çökmüş səssizlikdə Maykın stuldan yavaş-yavaş ayağa qalxdığı eşidildi. Onun üzü qıpqırmızı qızarmış, gözləri bərəlmiş, ağzı əyilmiş, burnunun kənarlarına isə qorxulu ağ ləkə yayılmağa başlamışdı.

– Mayk! Sakitləş, Mayk, əzizim. Lütfən, sakitləş! – arvadı dedi.

1.Snetok – şimal göllərində yaşayan balıq növü
2.Mozelveyn – Almaniyanın ən qədim şərab bölgələrindən biri olan Mozel çayı vadisində hazırlanan yüngül ətirli şərab növü
3.Klaret – Bordonun bir neçə qırmızı şərab növünün ümumi adı
4.Reynveyn – Reyn çayı sahilindəki üzümlüklərdən istehsal olunan şərab növü
5.Rostbif – qızardılmış mal əti
₺57,78
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952243529
Telif hakkı:
Altun Kitab
Metin, ses formatı mevcut
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 3, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,8, 4 oylamaya göre
Metin
Ortalama puan 4,7, 3 oylamaya göre