Kitabı oku: «Maqnit insanlar.»
Sadiq dost, uğurlu iş adamı, anlayışlı sahibkar, mərhəmətli idarəçi, səbirli dinləyici, təcrübəli strategiya mütəxəssisi, bacarıqlı vasitəçi, yenilik tərəfdarı
Tom Heymsota
Maqnit liderlər mövzulu araşdırmamda sərgilədiyi nümunəvi rol üçün təşəkkürlər.
Çətin anlarda bu araşdırma ilə yaxından maraqlanan bir başqa şəxs Enn Basyedir.
Göstərdiyi yardım heç bir maddiyyatla ölçüyə gəlməz.
GİRİŞ
Əksərimiz xarizmatik liderlər adlanan insanların təsiri altında artıqlamasıyla qalmışıq. Xarizmatik insanları düşündüyümdə ağlıma müəyyən bir insan modelləri gəlir. Əlbəttə, bunların əksəriyyəti siyasətçilərdir. Ancaq bunların bəziləri iş dünyasından, vətəndaş cəmiyyəti təşkilatlarından və hətta din xadimlərindən də ola bilər. Xarizmaları sayəsində diqqət mərkəzində olaraq məşhur olmağı bacarırlar.
Nəticə: Xarizmatik olma yarışı içində lider özəlliyinə sahib çox adam, amma əsl maqnit xarakterə sahib çox az adam vardır Eqoist saxta liderlər, tərəfdarlarının və onlara bağlı insanların potensialına mənfi yöndə təsir edir.
Maqnit insanların xüsusiyyətləri haqqında düşünməyə başladığımda, onlara aid ola biləcəyinə inandığım xüsusiyyətlərin bir siyahısı ilə işə başladım. Başlanğıcda siyahım, aşağıda gördüyünüz kimi qısa cümlələrdən ibarət idi:
Xarizmatik insanlar eqoist olmağa meyillidirlər. Maqnit insanlar isə səxavətlidir.
Xarizmatik insanlar əsasən almağı sevər. Maqnit insanlar isə verməyi.
Xarizmatik insanlar heç kimə etibar etməzlər və alqış istəyərlər. Maqnit insanların buna ehtiyacı yoxdur.
Xarizmatik insanlar bağlılıq andına inanır. Maqnit insanlar üçün isə sözdən çox görülən iş önəmlidir.
Xarizmatik insanlar yaxşı təsir buraxmağa çalışır. Maqnit insanlar isə vəd verərlər.
Xarizmatik insanların diqqət mərkəzində özləridir. Maqnit insanlar isə səbəbi və görülməsi lazım olan işi diqqət mərkəzində saxlayarlar.
Üzərində düşündükcə qeydlərim uzandı getdi. Cümlələr paraqrafa döndü. Paraqraflar səhifələrə. Səhifələr isə başlıqlara. Nəticədə isə əsas sualı araşdıran bu kitab ortaya çıxdı:
“Bizi özünə çəkən, hörmətimizi qazanan və qeyd-şərtsiz dəstəyimizi alan maqnit insanların sirri nədədir?”
Tərif:
Maqnit insanlar nümunəvi yol göstərici, lider və xarakter modelləridir. İnsanları cəzb edərlər, çünki sürəkli bir alqış, ya da şərtsiz sədaqət gözləmədən ətrafdakı insanlara yardım edərlər. İnsanların onların fikirlərinə, məsləhətlərinə və dostluqlarına ehtiyacı olduğu müddətcə münasibətləri davam edər.
Maqnit insanların xarizmatik olmağı vacib deyil və ya buna ehtiyac duymazlar. Aralarındakı əsas fərq xarizmanın vəziyyətə bağlı olaraq istifadə edilib və ya edilməməsidir. Digər tərəfdən, maqnit insanlar münasibətlərində səmimi və stabildirlər. Təsirləri hər zaman vardır, xarizma isə vəziyyətə bağlı olaraq azala və ya tamamilə yox ola bilər, yenidən canlanması isə mümkün deyil.
Bu kitab sizə ən dəyərli məziyyətlərinizi ortaya çıxarmaq və maqnit olmağın yollarını göstərməkdədir. Kitabdakı mövzuların, xarizma, cazibə, siyasi gerçəkliklər və hətta sosial bacarıqlarla heç bir əlaqəsi yoxdur. Daha çox, şiddətə məruz qalmaq qorxusu, bürokratiya narahatlığı və ya şəxsiyyətə pərəstiş olmadan açıq və vicdanlı şəkildə vəzifəsini yerinə yetirən azad bir cəmiyyət qurmaq üçün liderlərin ehtiyac duyduğu xüsusiyyətləri izah edir.
Əksərimiz, ictimai dəyərlərin vacibliyini qəbul edən və bunların həyat tərzi olduğu bir cəmiyyətdə yaşamaq istədiyimizi söyləyirik. Əfsuslar olsun ki, insanların çoxu güvən, şərəf və hörmətə gedən çətin yoxuşu qalxmaqdan çəkinərək, şöhrət və populyarlığa qısa yoldan çatmağa çalışır. Sizin də qeyri-müəyyən səbəblərlə şöhrətin zirvəsinə qalxmış insanlardan ibarət uzun bir siyahı tuta biləcəyinizə əminəm. Şəxsən mən, belə insanların bir çoxunun fırıldaqçı olduğu sübut olunduğu halda onlara olan yaltaqlanmalardan bezmişəm.
Bu kitab maqnit insanları sadəcə tanımağınızı deyil, həm də örnək almağınızı hədəfləyir. Olduğu yerə layiq olan lider və maqnit insanların çoxalmasını sığortalamağın ən doğru yolu, sizin də onlardan biri olmanızdır. Dəyərli insanların sayı nə qədər artarsa, eqoist təqlidçilərə bir o qədər az yer qalmış olar.
İstədiyiniz bir yerdən başlayın… İstədiyiniz səhifəni açın. Kimi, niyə və nə şəkildə örnək almağa dəydiyinə gözünüzü və ağlınızı açmaq istəyirik.
Rocer Frits
Birinci bölüm
Maqnit insanlar dürüstdür
Maqnit insanlar dürüstdür. Kim olduqlarını bilirlər, beləcə başqa biriymiş – önəmsiz biriymiş – kimi davranmaya ehtiyac hiss etməzlər. Yalan danışmağa ehtiyacları yoxdur. Özlərini yaxşı tanımaqları onları görmək istədikləri işə… və o işin tamamlanmasına fokuslanmaqda azadlıq verər.
Özünü tanıyan insanın özünə inamı da mümkündür. Əgər özlərinə inamları varsa, siz də onlara inana bilərsiniz. Buna görə də dürüst olmağın ikinci ünsürü etibarlı olmaqdır. Həqiqət və yalan kəlmələrinin mənasını bir düşünün. Dürüst, praktikada həqiqət kəlməsiylə eyni mənalıdır. Digər tərəfdən saxta isə… bəli bildiniz.
Dürüst insanlar sadəlik tərəfdarıdır. Sərgüzəşt uydurmaqlarına ehtiyac yoxdur… Kimisə təsir altına salmaq və ya aldatmaq kimi məqsədləri də yoxdur. Tam tərsinə, düşüncələri açıqdır.
Boş sözlərdən təsirlənməzlər. Dürüst insanlar saxtakarları uzaqdan tanıya bilir. Gözqamaşdıran parıltılar onları aldada bilməz. Dostlarını, məsləkdaşlarını və işçilərini sosial statuslarından əvvəl cavabdehlik duyğusuna görə dəyərləndirirlər. Verilən sözün tutulması onlar üçün hər şeydən daha vacibdir.
Dürüst insanlar yol göstərir: məsələn, etdiyimi et deyər, dediyimi et deməz. Gündəlik həyatları eqoizmdən uzaq, planlanmış və örnək davranış modelləridir.
Dürüst insanlar ən böyük təsirə öz təşkilatları üzərində sahibdirlər
Bir təşkilatın daxili mədəniyyəti bir ovuc insanın – qurucunun və müdirlərinin – dəyər və davranışlarının təzahürüdür. Kiçik çaplı özəl şirkətlərdə daxili mədəniyyətə tək bir nəfər təsir edər. O adam isə əsasən şirkətin qurucusu və ya idarəçisidir.
Bu adam nə qədər dürüst, etibarlı və məsuliyyətlidirsə, bu dəyərlər o təşkilatın içinə o qədər çox nüfuz edər. Şəxsi liderlik məziyyətləri və göstərdiyi dəyərlər şirkəti iş aləmində daha güclü bir rəqib halına gətirər. Yalanlarının ortaya çıxıb-çıxmadığını görmək üçün geri dönüb baxmaq məcburiyyətində qalmazlar. Tədarükçü şirkətlər ödəmələrini vaxtında alacaqlarını bilirlər. İşləyənlər maaşlarını vaxtında alacaqlarından və onlara verilən sözün tutulacağından əmindirlər.
Özünü hamıdan yaxşı sən tanı
Etibarlı olduğundan əmin ol
Sadələşdir
Sosial statusdan əvvəl məsuliyyət duyğusuna dəyər ver
Özünü hamıdan yaxşı sən tanı
Müvəffəqiyyətin sirri bu üç sözdə gizlidir: Əvvəl özünü tanı.
Kim olduğunuzu, ən çox nəyə dəyər verdiyinizi və ən yaxşı nəyi bacardığınızı bilsəniz, bu istedadınızı özünüzə uyğun iş tapmaq və karyera qurmaqda istifadə edə bilərsiniz.
Maqnit insanlar işlərindən zövq alırlar və o işi ən yaxşı bacarırlar. Sadəcə pul və prestij üçün seçilmiş yanlış karyeranın əziyyətinə qatlanmazlar. Əsasən liderdirlər. Çünki həqiqi liderlik özünü doğru ifadə edə bilməkdir. Bu da vəzifə paylaşımının göstəriş parametridir. İnsanlar istedad, səmimilik və ya vəd vermək məsələlərində başqalarını aldatmağa o qədər aludə olurlar ki, artıq özlərini doğru ifadə etməkdə çətinlik çəkirlər. Ən yaxşı liderlər tərəfdarları arasından ən yaxşılarını yetişdirən və ortaya çıxaranlardır.
İki üzlü və saxta insanların yanındaykən nə baş verdiyinə heç diqqət etdinizmi? Özünüzü gərgin və narahat hiss edərsiniz. Tam tərsinə, maqnit insanların yanında olmaq çox rahatdır. Ətraflarındakı insanları rahatladacaq güvən duyğusu saçarlar.
Bunun səbəbi özlərinə güvənə bilməkləridir. Özlərinə güvən duyğuları, istedadlarına olan etimadları başqalarına da etibar edə və onlarla xoş münasibət qura bilmələrinə şərait yaradır. Hər şey bir yana, əgər özünüzə güvəniniz yoxdursa, başqaları niyə sizə güvənməlidir ki?
Admiral Robert E. Perinin özünə və hədəflərinə olan inamı, etdiyi 8 səyahətin hər birində uğurlu olmasına yardımçı olmuşdur. Həyatının amalı olan şimal qütbünə çatmaq 23 ilini almışdır. ”Yolunu mütləq tapacam, ya da o yolu özüm yaradacam” sözləri devizi idi. Özünə olan etimadı və qərarlılığı, norveçli tədqiqatçı Frityof Nansen tərəfindən də tərifə layiq görülmüşdür: “Peridə ən xoşuma gələn cəhətin nə olduğuna əmin deyiləm, illərlə sürən bitməz-tükənməz enerjisimi, yoxsa ən böyük və ən gözlənilməz çətinliklərin öhdəsindən gəlmək üçün hər zaman hazır olmasımı”.
Həyatının kontrolu səndə olsun
Gecələr xəyallar qur
Gündüzlər hərəkət elə
Özünüzü həqiqətən tanıyırsınızmı?
Hərəkətlərinizi yönləndirən nədir?
Bunlar qəlbinizin dərinliyindənmi gəlir? Yoxsa içinizdəki ikinci “mən”in ya da “başqaları nə deyər” kimi bəzi süni düşüncələrin təsiri altındasınız?
Maqnit insanlar həqiqi kimlikləriylə hərəkət edərlər. İçləri və çölləri eynidir. Hərəkətləri gerçək kimliklərini göstərir. Bu o demək deyildir ki, daxili dünyaları daim göz önündədir. Biz ən dərin duyğularımızı sərt şəkildə kontrol etmək ehtiyacı hiss edərkən, maqnit insanların, qəlblərinin dərinliyindən gələn və inanclarının doğurduğu hayqırışlara qulaq verməyə meyilli olduqlarını sezmişəm. Vacib qərarlar və hərəkətlər həqiqət istər. Səhər hansı ayaqqabını geyinmək və ya hansısa bir rutin ismarıca cavab vermək üçün dərin bir şəxsiyyət arayışına girməyə ehtiyac yoxdur. Amma risk artdıqca şəxsiyyətinizin də dəyəri artacaqdır.
Düzgünlük və özünü tanıma xüsusiyyətlərini necə tərif edərsiniz?
Birinci yol – mümkün olduqca gənc yaşlardan və mümkün olduqca tez-tez cavabdehlik almaqdır. Yeni mübarizələri və cavabdehlikləri qəbul etmək, sizi digərlərindən fərqləndirərək güclü yönlərinizi kəşf etmənizə yardımçı olar (bəlkə də başqalarına aid olan sahələrdə). Mütəxəssisi olduğunuz sahələri ortaya çıxarıb inkişaf etdirməyə başladıqca, rəqabətdə gözlə görülən üstünlük əldə edərsiniz. Digər tərəfdən, cavabdehlikdən qaçmaq, üstünlüklərinizin hədər olmasının və sizin digərlərindən geri qalmanızın səbəbidir.
Güclü tərəflərinizi və bacarıqlarınızı kəşf etmənin digər bir yolu unikallıq və sərbəstlikdən keçər. “Personal Experience” (Şəxsi təcrübə) jurnalının təsisçisi Ken Şelton deyir: “Öz üstünlüklərini özün kəşf et, öz yolunu özün yarat, yoxsa dünya üzərində bir təsirin olmaz”. Unikallığın hər zaman maraq doğuracağına və təqdir qazanacağına inanır. Çünki başını dik tutmaq və irəli çıxıb özünü ifadə etmək cəsarəti göstərən insanlara hər zaman heyranlıq duyacağıq.
Azadlıq üçün həyatınızın kontrolunu ələ keçirin. Düşünmədən yeni rolları qəbul etməyin. Bu dəqiqə olduğunuzdan daha yaxşı ola bilərsiniz. Gələcəyiniz daşlara yazılmamışdır: o, dəyişkən bir üfüqdür.
Son olaraq, düşünmək üçün vaxt ayırın. Maqnit insanlar kim olduqları barədə gen-bol düşünmüşlərdir. Düşüncə, meditasiya, yazı, yalnızlıq və ibadət yoluyla güclü yönlərini və kimliklərini öyrənmək imkanı tapmışlardır. Hərəkətə keçməkdən çəkinməzlər, amma əvvəl düşünərlər. Onların arxasınca gedin və düşünməyə vaxt ayırın. İntensiv tempdə bir saat düşünmək təhlükəli ola bilər. Özünüzə yatırım edin. Televizoru söndürün. Hər gün bir saatınızı sizin üçün vacib olan məsələlərə və bu məsələlərin sizə niyə vacib olduğunu düşünməyə ayırın. Cavablarınızı yazın. İstedadlarınız, məziyyətləriniz, arzularınız, duyğularınız və dəyərləriniz haqqında dürüst olun. Bunu etdiyiniz müddətcə, həqiqi kimliyiniz, daha çox müvəffəqiyyət qazanmaq və kim olduğunuz, nələri edə biləcəyiniz haqqında daha dəqiq məlumat sahibi olacaqdır. Liderlik mövzusu mütəxəssisi Uorren Bennis düzgünlüyü “Özü özünün yaradıcısı olmaq” kimi tərif edir. Həqiqət və etibarlılığınız beləcə ortaya çıxacaqdır.
Dəyərləriniz nələrdir?
Dəyərlərinizi bilmədiyiniz müddətcə içinizdə dürüst ola bilməzsiniz. Nəyə dəyər verdiyinizi bilsəniz, bunları göz ardı etdiyiniz dəqiqə qəlbinizdə hiss edəcəksiniz. Özünüzü yaxşı hiss etdirəcək qərarlar verdiyinizdə bunu biləcəksiniz, çünki bu qərarlar sizin dəyərlərinizi əks etdirəcək. Dəyərlər, hədəfləri bəlirləməkdə və seçim etməkdə bir skelet vəzifəsini görür.
Bu suallarla başlayın:
Həyatda ən çox nəyə dəyər verirəm?
Həyatdakı məqsədim nədir?
Nəyin uğrunda ölümü gözə ala bilərəm?
Ən çox nəyə qiymət verirəm? Əgər həyatım təhlükədə olsaydı və ya amansız bir xəstəliyə yaxalansaydım, ən çox nə üçün darıxardım? İlk olaraq nəyi müdafiə edərdim?
Uzun bir siyahıya ehtiyac yoxdur. Beş-altı sual sizin ayaqda qalmağınızı təmin edəcək hədəflərinizi və alışqanlıqlarınızı ortaya çıxaracaqdır, çünki bunlar sizin dəyərlərinizlə uyumlu olacaqdır.
Arxada buraxdıqlarımız və ya hələ qarşılaşmadıqlarımız qəlbimizdə var olanlar qədər önəmli deyillər.
Öz dəyərinizi bilin
Maqnit insanlar öz qiymətlərini artıqlamasıyla bilirlər. Buna görə ətraflarındakı insanların da dəyərini anlamaqda ustadırlar. Maqnit insanlar, hər kəsin bəlli bir önəmi olduğunu və hər birinin sahib olduğu üstünlüklərin fərq yarada biləcəyini bilirlər.
Öz üstünlüklərinizin önəmini anladığınız zaman, onları ən yaxşı necə istifadə edə biləcəyinizi beyninizdə canlandırmağa başlaya bilərsiniz. Maqnit insanlar, öz mənfəətlərini güdmədən, məziyyətlərini və bacarıqlarını səxavətlə istifadə etməkdə cavabdehlik sahibidirlər. Özünə etimadla özünü üstün görmə arasındakı fərq bax budur. Özünə etimad, şəxsi istedadımızı başqaları üçün istifadə etməyə sövq edər bizi. Özünü üstün görən insanlar isə dünyanın onların ətrafında fırlandığını düşünürlər. Sağlam xarakterli insanlar özlərinə dəyər verirlər, amma bundan əlavə olaraq başqalarının ehtiyacını və onlar üçün daha nə edə biləcəklərini də düşünürlər.