Kitabı oku: «Quran hekayətləri», sayfa 2
NUH6
Nuhun tayfası uzun illər idi ki, bütlərə tapınır, onları xeyir qazanmaq və şərdən uzaq olmaq üçün vasitə sayırdı. Tayfa üzvləri yaşayışlarını, bütün işlərini bütlərə əsasən qurur və cahillik üzündən onları müxtəlif adlarla çağırırdılar.
Allah-Taala Nuhu onların yanına göndərdi. Nuhun səlis və aydın nitqi, iti ağlı və möhkəm dözümü vardı. Mübahisədə güclü dəlil-sübut gətirirdi.
Nuh tayfanı Allaha inanmağa çağırdı, ancaq onlar bu dəvəti qəbul etmədilər. Nuh tayfanı İlahi cəzası ilə qorxutdu. Lakin onlar qulaqlarını tıxayıb, gözlərini yumdular. Nuh onları həvəsləndirmək üçün dedi ki, Allaha inansalar, böyük savab qazanacaqlar. Lakin onlar yenə də əlləri ilə qulaqlarını tutub paltarlarını başlarına çəkdilər və inadkarlıqları üzündən Nuhun sözlərinə qulaq asmadılar.
O, özünün xoş rəftarına, mülayim söhbətlərinə ümid bəsləyərək müxtəlif üsullardan istifadə etməklə peyğəmbərliyini tayfaya inandırmağa çalışdı. Gecə-gündüz, həm açıqda, həm gizlində tayfasını Allah yoluna dəvət edib, aləmin sirləri, yaranmışların ən aliləri haqqında danışdı. Onların diqqətini gecələr qaranlığın düşməsinə, göyün, parlaq ulduzların, işıqlı günəşin yaranmasına, çaylı-çəmənli, bağlı-bağçalı yerin əmələ gəlməsinə cəlb etdi. Bütün bu sözləri o, tam aydın şəkildə, gözəl bir dillə, onların başa düşəcəyi bir tərzdə söyləyir və bir olan Allahın qüdrətini, əzəmətini göstərirdi.
Nuh mübarizə və dəvətini dəlil-sübut gətirməklə, mübahisə yolu ilə davam etdirirdi. Nəticədə kiçik bir dəstə ona qoşulub dəvətini qəbul etdi və peyğəmbərliyini təsdiqlədi. Ancaq ürəyində tərslik və inadkarlıq hissləri bəsləyənlər yollarını azıb yaramazlıqlarını davam etdirirdilər. Onlar cah-cəlala aludə olub var-dövlət əsirliyində qaldılar. Nuha gülüb istehza ilə dedilər: "Məgər sən də bizim kimi bəşər deyilsən? Əgər Allah kimisə peyğəmbər göndərmək istəsəydi, mələklərdən seçərdi və biz də onun dəvətini qəbul edib sözünün eşidərdik". Sonra isə Nuha qoşulanlara işarə edib dedilər: "Bu alçaq və əlsiz-ayaqsız adamlar, dəyərsiz peşə sahibləri kimlərdir ki, sənin ardınca düşüb fikirləşmədən dəvətini qəbul ediblər? Belə adamların sənə iman gətirməsinin özü göstərdiyin yolun yanlışlığına şəksiz dəlildir. Çünki əgər sənin məntiqin düzgün olsaydı, bu alçaq təbəqə bizi qabaqlamazdı. İti ağıl, aydın dərrakə, saf və güclü fikir sahibi olan biz onlardan qabaq sənə iman gətirər, dəvətini qəbul edərdik".
Sonra onlar öz inadlarını yeridib boş-boş sözlərə əl ataraq dedilər: "Ey Nuh, biz səni və dostlarını heç də özümüzdən üstün saymırıq. Ağılda və uzaqgörənlikdə, məsləhət eşitməkdə və işlərin aqibətini bilməkdə sizdən də aşağı deyilik, əksinə sizi yalançı hesab edirik".
Tayfasının ədəbsiz məntiqi Nuhun dəmir iradəsinə təsir etmədi, fikrini dəyişdirmədi, əzmini qıra bilmədi. O, belə cavab verdi: "İddiamın düzgünlüyünün sübutu üçün Tanrı tərəfindən göndərilmiş açıq-aşkar dəlilim var. İlahi öz lütfü və mərhəmətini məndən əsirgəməyibdir. Ancaq siz əsl yolu, həqiqəti görə bilmədiyiniz üçün günəşi boynunuzun ardı, ulduzları isə əlinizlə örtmək istəyirsiniz. Belə olduğu halda mən sizi haqq yolu ilə getməyə, imana gəlməyə necə məcbur edə bilərəm!?"
Onlar dedilər: "Nuh, əgər bizim köməyimizi istəyirsənsə, bu alçaq və avaraları başından elə, çünki biz onlarla oturub-dura bilmərik. Etiqadda onlarla məsləkdaş olmaq bizə çətindir. Biz alçaq və şərəfli adamları eyni cərgədə oturdan, şahla dilənçini bir ağacla qovan bir dini necə qəbul edə bilərik?"
Nuh dedi: "Mənim dəvətim ümumi dəvətdir və İlahi nemətidir. Sadə və təkəbbürlü, şərif və yaramaz, güclü və zəif, varlı və yoxsul – hamısı Allah qarşısında birdir. Mümkün olmasa da, tutaq ki, mən sizi qəbul etdim. Bəs onda çağırışımı yaymaqda, peyğəmbərliyimi təsdiq etməkdə kimdən yardım diləyim, kimə arxalanım? Axı bu adamlar mənə iman gətirərək çağırışımı yayırlar. Mən onları özümdən necə uzaqlaşdırım? Mənə gülənləri, lağa qoyanları onlardan necə üstün tutum? Əgər onlar məni Tanrının ədalət məhkəməsinə çəkib həqiqəti tələb etsələr, iddiamın sübutunu sorsalar və desələr ki, ey Allah, Nuh bizi yaxşılıqlarımızın əvəzində yamanlıqla mükafatlandırdı, onda mən Yaradanımıza nə cavab verim? Onların qarşısında özümü müdafiə etmək üçün na dəlil gətirim?! Doğrudan da, siz cahil adamlarsınız!"
Nuhla tayfası arasında mübahisə və höcətləşmə uzun çəkdi və bu hadisədən onların qəmi artdı, meydanları daraldı. Onlar dedilər: "Ey Nuh, bizimlə çox mübahisə elədin. Əgər sözlərin düzdürsə, bizə qorxutduğun əzabı göstər".
Nuh dedi: "Siz həddindən artıq cahillik edir, axmaqlıqda inadkarlıq göstərirsiniz. Mən kiməm ki, sizə əzab gətirəm və ya onu sizdən uzaq edəm? Mən də bir bəşərəm və mənə vəhy göndərilib ki, sizin Allahınız birdir. Ona görə də mənə göndərilən tapşırığı sizə çatdırıram: "Gah sizə savab işdən müjdə verirəm, gah da əzabla qorxuduram. Hər şey Allahın ixtiyarındadır. Əgər O, istəsə sizə yol göstərər və ya bir anda əzab göndərər. İstəsə, sizə möhlət verər ki, çox günah işləyib ağır cəzaya layiq olasınız".
* * *
Allah-Taala peyğəmbərlərə öz vəzifələrini tam şəkildə yerinə yetirmələri üçün dözüm, güclü məntiq, sarsılmaz ümid və nikbinlik vermişdir ki, dikbaş adamlarla mübarizələrini uğurla başa çatdıra bilsinlər. Nuh elə peyğəmbərlərdən idi ki, doqquz yüz əlli il öz tayfasının içində qalıb onların əzablarına dözdü. İstehzalarını görməməzliyə vurdu ki, bəlkə bu müddətdə lovğalıq və dikbaşlıqdan əl çəkərlər. Ancaq axırda Nuhun ümidi qırıldı, nikbinlik üfüqü qaraldı, Tanrıya üz tutaraq tayfasından gileyləndi və Ondan yardım dilədi. Nuha vəhy gəldi: "Dəvətini qəbul etmiş bu dəstədən başqa, tayfadan heç kim sənə iman gətirməyəcək. Ona görə də onların əməllərinə görə nə qəm ye, nə də fikir et".
Nuh gördü ki, tayfası əzaba layiqdir, bu adamların ürəklərinə haqq yol tapmır, odur ki, onlara olan ümidini itirdi, səbir kasası doldu və ağzını qarğışla açaraq dedi: "Ya Rəbb, yer üzündə bir nəfər də kafir qoyma, çünki əgər onlar qalarsa, bəndələrini azdırarlar və dünyaya yalnız pozğun, əxlaqsız övladlar gətirərlər".
Allah-Taala Nuhun xahişini qəbul edib bu vəhyi göndərdi: "Bizim nəzərimiz altında, vəhyin buyruğu ilə gəmi düzəlt və zülmkarlar barədə bir daha mənimlə danışma, çünki onlar suda boğulmalıdırlar".
Nuh şəhərin uzaq yerinə getdi, taxta və mıx hazırlayıb gəmi düzəltməyə başladı. Adamlar yenə də onu dolayıb ələ salırdılar. Biri deyirdi: "Ey Nuh, bu günə qədər özünü peyğəmbər sayırdın, indi necə oldu ki, dülgərliyə başladın? Peyğəmbərlikdən bezdin, yoxsa dülgərliyə meyil saldın?" Bir başqası deyirdi: "Niyə gəmini dənizdən, çaydan uzaqda qayırırsan? Onu aparmaq üçün öküz kirayəyə götürmüsən, yoxsa küləyi öz əmrinə tabe etmisən?"
Tayfa yenə də öz istehza və rişxəndini davam etdirirdi. Nuh isə onların bu yersiz hərəkətlərini mülayim və etinasızlıqla qarşılayaraq dedi: "Siz indi məni ələ salsanız da, bir gün gələcək ki, mən sizi istehza ilə xatırlayacağam. Tezliklə biləcəksiniz ki, kimin başına dəhşətli əzab və əbədi işgəncə gəlir". Nuh bunları deyib öz işini başa çatdırdı və Tanrı buyruğunu gözlədi. Allah-Taala Nuha vəhy göndərdi ki, bizim fərmanımız çatacaq. Əzab əlaməti görünən kimi ailəni və sənə iman gətirmiş adamları gəmiyə mindir və özünlə hər canlıdan bir cüt götür ki, İlahi əmri yerinə yetsin.
Göydən yağış seli axmağa başladı və yerdəki çaylar, bulaqlar coşub-daşdı. Sel təpələri, yamacları ağzına aldı, düz-dünyanı bürüdü.
Nuh və köməkçiləri Allahın adını zikr edib gəmiyə mindilər. Su gəminin başından aşdı. Külək gah yavaş, gah da şiddətlə əsərək gəmini irəli aparırdı. Kükrəyən dalğalar, qorxunc burulğanlar kafirləri qoynuna alır və köpüklər onların cəsədləri üçün kəfən toxuyurdular. Boyun əyməyənlər ölümdən qurtarmaq üçün dalğalarla çarpışır və nəhayət öz günahlarının əvəzi kimi uğursuz ölümə urcah olurdular.
Nuh dənizə nəzər saldı. Bədbəxtliyə və dinsizliyə düçar olaraq ordan uzaqlaşmış öz oğlu Kənanı gördü. O, ölümlə dalğalarla çarpışır və ora-bura əl-qol atırdı. Kənan nəhayət özünü bir təpəyə çatdırıb uca bir dağın ətəyinə əl atdı. Ancaq amansız ölüm onu haqlamışdı. Atalıq hissi öz təsirini göstərdi və Nuhun oğluna yazığı gəldi. Ata yalvarışla oğlunu səslədi ki, bəlkə bu qorxunc anda onu imana gətirə bildi. Nuh qışqırdı: "Əziz oğlum, hara gedirsən? Hara qaçsan, tale girdabında, İlahi iradəsindəsən. Tanrıya iman gətir və gəmiyə min. Bizə qoşulub ölümdən qurtar. Bir az özünə gəl və inadkar kafirlərdən olma".
Kənan isə hələ də dinsizlik və inadkarlıq edərək atasının nəsihətini eşitmirdi. O güman edirdi ki, bəşərin zəif qolu taleyə qarşı dura bilər. O, yazıq Nuhun cavabında dedi: "Sənin gəminə mənim ehtiyacım yoxdur. Dağa pənah aparıb onun köməyilə xilas olacağam".
Nuh oğlunun dikbaşlıq və inad üzündən ölümün ağzında olduğunu görüb qışqırdı: "Bu gün İlahinin buyruğu və əzabı qarşısında heç bir xilaskar yoxdur və Tanrı rəhmindən başqa ortada bir çarə görünmür".
Nuhun sözləri hələ sona yetməmişdi ki, qorxunc dalğalar göyə qalxdı və onları ayırdı. Nuh qəlbindəki qəm və kədərin yanğısından Tanrıya yalvarışla dedi: "Ya Rəbb, Sən müsibət çəkənlərin xilaskarı, yazıqların dadına çatansan. O, mənim nəslimdəndir. Sən özün söz verdin ki, mənim nəslimi xilas edəcəksən. İndi buyruq Sənindir".
Allah-Taala bu vəhyi göndərdi: "Ey Nuh, şübhəsiz ki, o sənin əhlindən deyil. Onun peyğəmbərlik kökü yox olmuşdur, çünki o, öz dinsizlik və inadkarlığı üzündən səninlə əlaqəsini kəsmiş, peyğəmbərliyini təsdiq etməkdən, sənə iman gətirməkdən çəkinmişdir. Biz yalnız möminlərin nicatını öhdəmizə götürmüşük. Bu işdə qohumluq əlaqəsi təsirsizdir və onun ölüm şərbətini içməsi, əzab oduna düşməsi şəksizdir. Belə işlərə əl atmaqdan çəkin və mahiyyəti səndən gizlin şeylər barədə söz demə. Məsləhətim budur ki, cahillərin cərgəsinə keçməyəsən".
Nuh başa düşdü ki, rəhm və mərhəmət hissləri ona üstün gəlibdir. Az qala ayağını ədəb həddindən və ləyaqət sərhədindən qırağa qoyacaqdı. Nuh tez Allaha pənah gətirib Ondan bağışlanmasını diləyərək dedi: "Ya Rəbb, mən Sənə pənah gətirirəm. Bilmədiyimi səndən soruşmaq istəyirəm. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyankarlardan olacağam".
Bu anda dalğalar və burulğanlar Nuhun inadkar oğlunu öz qoynuna çəkib həlak etdi.
Elə ki, İlahi intiqamı sona yetdi və zülmkarların kitabı bağlandı, göylər Tanrı buyruğu ilə yağışını kəsdi və yer suları uddu. Gəmi Çudi dağında dayandı və İlahinin zülmkarları uzaqlaşdırmaq barədəki fərmanı yerinə yetirildi. Nuha əmr gəldi ki, köməkçiləri ilə birgə yerə ayaq basıb İlahinin nəzəri altında yeni xoşbəxt həyata başlasınlar.
HUD7
Ad qəbiləsi Yəmənlə Oman arasında, Əhqaf torpağında naz-nemət içində yaşayırdı. Allah-Taala onlara çoxlu var-dövlət, bol-bol su vermiş, torpaqlarını barlı-bərəkətli, bağlı-bağçalı etmişdi. Camaat özlərinə uca-uca binalar tikmişdir. Bədənləri sağlam və güclü idi, xəstəlik nə olduğunu bilmirdilər. Bir sözlə, həyatları xoşbəxtlik və səadət içində keçirdi. Ancaq onlar həyatın mənbəyi – bu nemətləri bəxş edən haqqında fikirləşmir, şükür və qədirbilənlik əvəzində bütləri özlərinə Allah sayaraq onların qarşısında üzlərini yerə sürtür və o cansız əşyalara tapınır, sitayiş edirdilər. Bolluq və bərəkət anlarında qəbilə bütlərə minnətdarlıq edir, sıxıntı və çətinlik çağlarında isə onlardan yardım diləyirdilər.
Bir müddət belə keçdi. Dinsizliyin, bütpərəstliyin qaranlıq günləri ötdükcə qəbilə adamlarının əxlaq pozğunluğunu, zövqsüzlüyü, daşürəkliyi artırdı. Zalımlar zəifləri və yazıqları sıxır, əzirdilər. İnsan təbəqələrinin yaşayış səviyyəsindəki fərq elə dözülməz bir həddə çatdı ki, Allah-Taala qoluzorlulara, varlılara yol göstərmək, zəiflərin, kasıbların qolundan tutmaq, insanları pozğunluqdan, yaramazlıqdan xilas etmək qərarına gəldi. Tanrı qəbilənin dilini bilənlərdən, adət-ənənələrinə bələd olanlardan birini seçib peyğəmbərliyə göndərdi ki, onları Allaha ibadətə çağırsın, bu işdə onlara rəhbərlik etsin və fitnə-fəsadın, pozğunluğun kökünü kəssin.
Hud, qəbilənin adlı-sanlı nəslindən idi, əxlaq və məzhəbdə, səbr və dözümdə ad çıxarmışdı. Buna görə də Allah-Taala qəbiləni pis yoldan döndərmək, əxlaqlarını tərbiyə etmək və dinə-imana gətirmək üçün Hudu peyğəmbər seçdi.
Hud qarşıdakı çətinliklərə hazırlaşaraq bu ağır vəzifəsinə başladı. O da başqa böyük dəvət sahibləri kimi özünü dağı yerindən qoparan bir qüvvə ilə, qatı cahilləri yerində oturdan səbir və dözümlə silahlandırıb bütləri inkar etməyə, qəbilənin baxışlarını pisləməyə girişdi.
Hud dedi: "Ay camaat, axı bu daşlar nədir ki, özünü yonur, sonra da onlara pərəstiş edir və ağır, müsibətli günlərinizdə pənah gətirirsiniz? Bunların nə faydası vardır? Bunlar sizə nə xeyir gətirə bilər? Məgər sizin bu rəftarınız öz ağlınıza hörmətsizlik və insanlığın yüksək mövqeyinə qarşı nanəciblik deyilmi?
Başa düşün ki, sizin yeganə Yaradanınız vardır. İbadət və pərəstişə yalnız o layiqdir. Odur sizi yaradan, sizə ruzi verən, həyat bəxş edən və onu geri alan, yer üzündə sizi yaşadan və yedirib-içirdən, sizə cismani-mənəvi güc verən və var-dövlət bəxş edən də Odur. Siz də gərək Tanrıya iman gətirib haqq yolu ilə gedəsiniz və Allah-Taala qarşısında tərslik və inadkarlıq göstərməyəsiniz, yoxsa Nuhun tayfasının başına gələn sizin də başınıza gələr".
Hud bu nəsihətli sözlərini sidq ürəklə dedi və ümid etdi ki, hikmətli öyüdləri, təmənnasız çağırışı adamların qəlbinə yol tapacaq və onlar imana gələcəklər. Lakin gözlədiyinin əksinə olaraq bozarmış sifətlər və qəzəbli baxışlarla rastlaşdı. Onlar Huda dedilər: "Bu nə sayıqlamadır? Sən nə cürətlə bizi bütlər əvəzinə bir Allaha pərəstiş etməyə çağırırsan?! Bu bütlərə ona görə tapınırıq ki, onlar bizi Allaha yaxınlaşdırsınlar və Tarından günahlarımızın bağışlanmasını diləsinlər".
Hud dedi: "Ay camaat, Allah birdir, iman, mərifət və pak ibadət Ondadır. O, sizdən uzaq deyil, əksinə, canınızdan da sizə yaxındır. Günahlarınızın bağışlanmasında vasitəçi saydığınız bu bütlər isə, əksinə, sizi Ona yaxınlaşdırmağa qoymur. Onlar sizin cahilliyinizin, yolazmanızın əlamətidir".
Onlar Hudun çağırışından üz döndərib dedilər: "Biz səni ata-babalarımızdan qalma adətimizi pislədiyin üçün axmaq və düşüncəsiz adamlardan sayırıq. Sən kimsən ki, bu cür sözlər deyirsən? Sənin nəyin bizdən artıqdır? Sən də bizim kimi çörək yeyir, su içirsən. Sən də bizim kimi eyni həyat qanunları ilə yaşayırsan. Belə olduğu halda, nəyə görə Allah məhz səni bizim aramızdan peyğəmbərliyə seçmiş və sənə belə bir mühüm vəzifə vermişdir? Sənin barəndə başqa fikrimiz yoxdur, amma qorxuruq ki, yalançı olasan".
Hud dedi: "Ay camaat, mənim ağılda, huşda heç bir eybim yoxdur. Uzun illərdir ki, sizin içinizdə yaşayıram və indiyə kimi məndən pis bir hərəkət, yaramazlıq görməmisiniz. Allah sizin aranızdan bir nəfəri öz sifarişini çatdırmaq üçün peyğəmbərliyə seçmişdir. Axı burda qəribə və təəccüblü nə var ki? Məgər Allah öz bəndələrini başsız, peyğəmbərsiz qoymalıydı? Həyatlarını hərc-mərcliyə, qanunsuzluğa tapşırmalıydı? Hər halda mən sizin iman gətirməyinizə görə ümidsiz deyiləm və sizin yaramaz, ədəbsiz rəftarınızdan acığım tutmur, incimirəm. Nə qədər ki, gec deyil, ağılla hərəkət edin, huşunuzu başınıza yığın, gözünüzü açın və hər şeydə, hər yerdə, bu qəribə yaradılışın təbiətində, göylərin, ulduzların eyni qayda üzrə hərəkətində Allahın bir olmasını dərk edin. Allaha iman gətirin, Ondan üzr diləyin ki, bəlkə sizə faydalı yağış yağdırsın, sərvətinizi, var-dövlətinizi artırsın, qüvvət və qüdrətinizi ikiqat etsin. Fikirləşin və günahkarlar kimi haqdan üz döndərməyin. Bunu da bilin ki, siz öləndən sonra özünüzün yaxşı və yaman əməlləriniz qarşısında mükafat və cəza alacaqsınız. Ona görə də öz halınızı və axirəti fikirləşin. Deyilməli nə vardısa hamısını sizə dedim və vəzifəmi yerinə yetirdim.
Qəbilə adamları dedilər: "Şübhə yoxdur ki, bizim allahlarımızdan birinin sənə acığı tutub, ağlını korlayıb, düşüncə və təfəkkürünü qarışdırıb. Ona görə də belə boş sözlər deyirsən və cəfəngiyat danışırsan. Yoxsa biz nəyə görə üzr diləməliyik, niyə Allahdan yağış yağdırmasını, var-dövlətimizi artırmasını istəməliyik?! Sənin dediklərindən belə çıxır ki, Qiyamət günü olacaq və həmin gün biz diriləcəyik, çürümüş sümüklərimiz, bir-birindən aralanmış bədən üzvlərimiz birləşəcək. Hanı, hardadır o gün?! Sənin vədlərin uzaqdadır və ağlabatan deyil. Həyat elə bu həyatdır ki, onun qanunlarına əsasən ömür sürürük və ölürük. Təbiətdən başqa heç nə bizi həlak edə bilməz. Bizi qorxutduğun o əzab nədir? Biz sənin sözlərini qəbul etmirik və allahlarımıza tapınmaqdan dönmürük. Sən də əgər düz deyirsənsə, o vəd etdiyin əzabı bizə göstər?!
Hud, qəbiləsinin inadkarlığını görüb dedi: "Allah şahiddir ki, mən vəzifəmin təbliğində, nəsihətimdə qüvvəmi əsirgəmədim və sizə yol göstərməkdə var qüvvəmlə çalışdım. Bu vəzifəmi, müqəddəs mübarizəmi axıradək davam etdirəcəyəm. Siz də mənə qarşı əlinizdən gələn hiyləni, təzyiqi işə salın. Mənim yeganə pənahım Tanrımdır – sizi və məni, bütün varlıqları yaradan, haqq yola çağıran bir Allahdır".
Hud işini davam etdirir, camaat da inadkarlığını artırırdı. Bir gün gördülər ki, göyün bir tərəfində qara bulud var. Camaat elə bildi ki, xeyirli yağış yağacaq, ona görə də öz əkinlərini suvarmaq fikrinə düşdü. Lakin Hud dedi: "Bu bulud bərəkət yağışı deyil, əksinə, əzab küləyi onu sizə tərəf qovur. Bu külək, gəlişi üçün tələsdiyiniz həmin o əzabdır. Bu adi külək deyil, özü ilə sizə dəhşətli əzab gətirən küləkdir".
Çox keçmədi ki, külək şiddətləndi və ev əşyalarını, əkin alətlərini, səhradakı heyvanları göyə qaldırıb uzaq-uzaq yerlərə apardı. Onlar bu dəhşətli mənzərəni görüb qorxuya düşdülər və vahimədən evlərinə qaçdılar. Qapını üzlərinə bərk-bərk bağlayıb güman etdilər ki, bu yolla küləyin əlindən, əzabın pəncəsindən qurtulacaqlar. Lakin bu qorxunc və dəhşətli bəla idi. Külək səhranın qumlarını şiddətlə göyə sovurmaqda idi. Səkkiz gün, səkkiz gecə davam edən qasırğa camaatın hamısını ağac kökləri kimi yerdən qoparıb həlak etdi. Tayfanın adından başqa bir əsər-əlamət qalmadı.
Hud ona inananları, məsləkdaşlarını öz ətrafına topladı. Onlar bu qorxunc tufandan salamat çıxdılar və qasırğa yatdıqdan sonra Həzrəmaut tərəfə yola düşüb orada ömür sürdülər.
SALEH8
Ad qəbiləsi öz günahları üzündən həlak oldu. Allah-Taala onların torpağını və evlərini Səmud qəbiləsinə bəxş etdi.
Səmud qəbiləsi o torpaqlara su çəkib, bağ-bağat əkib oranı abad etdi. Orada saraylar ucaltdılar, dağı yonub yerində ev tikdilər. Qəbilənin həyatı naz-nemət və var-dövlət içində keçirdi. Ancaq belə xoş həyat onlar üçün Tanrıya şükür etmək əvəzinə, gündən-günə cızıqlarından çıxır, lovğalanırdılar. Qəbilə, bütləri Allahın şəriki sayır və Tanrı əvəzinə onlara tapınırdı. Onlar İlahi qanunlarından üz döndərir, bu cür pozğun əxlaqla, törətdikləri fitnə-fəsadla əbədi olaraq naz-nemət içində yaşayacaqlarını güman edirdilər.
Tanrı, camaatı İlahi ibadətinə və Allahın birliyinə inandırmaq üçün adlı-sanlı nəsildən çıxmış Salehi o qəbiləyə göndərdi. Saleh onlara dedi: "Allah birdir. O, sizi torpaqdan yaratmışdır. Allah-Taala torpağı öz gücü ilə abad etmiş, sizi Ad qəbiləsinin yerində oturtmuşdur. Bu qədər neməti də sizə O bəxş etmişdir". Saleh camaata bütlərə tapınmağı qadağan edərək dedi: "Bu bütlər heç bir xeyir, zərər yetirməyə qadir deyillər və İlahi iradəsi qarşısında heç nə edə bilməzlər".
Saleh qəbilə ilə qohumluğunu bildirərək dedi: "Sizin hamınız mənim nəslimdənsiniz. Ona görə də mən sizin xeyrinizi istəyirəm və sizin barənizdə pis bir niyyətim yoxdur". Sonra o, qəbiləni Allahdan üzr diləməyə, günahlarına görə onun qarşısında tövbə etməyə çağırdı. Saleh dedi ki, Allah tövbə edənlərə yaxındır və onların dualarını, tövbələrini qəbul edir.
Saleh mehribanlıq və xoşluqla qəbiləsini Allaha inanmağa çağırırdı. Lakin Səmud qəbiləsi dikbaşlıq və yersiz məğrurluq edərək onun nəsihətini eşitmədi, Salehin peyğəmbərliyini də qəbul etmədi. Onlar Salehin çağırışını ələ salaraq dedilər: "Bu dəvət həqiqətdən uzaqdır və düzgün deyil". Sonra isə onu danlamağa başlayaraq çağırışının ağlasığmaz və boş şey olduğunu bildirib dedilər: "Bu günə kimi sənin sifətində xeyir-bərəkət əlaməti var idi. Biz sənə ümid gözü ilə baxaraq güman edirdik ki, qaranlıq gecələrimizdə bir çətinlik üz versə, ağlının nurundan işıq dilərik və neçə-neçə açılmamış düyünümüzü sənin köməyinlə açarıq. Lakin əfsus ki, arzularımız gül açmadı. Sən düzgün yol seçməyib sayıqlamağa başladın. Bu nə etiqaddır ki, bizi ona çağırırsan? Ata-babalarımızın allahlarına tapınmağı bizə qadağan edirsən. Axı biz onlara inamla böyümüşük! Biz sənin çağırışına, sözlərinin düzgünlüyünə inanmırıq və böyüklərimizin yolundan dönməyəcəyik".
Saleh ona peyğəmbərlik verildiyini bildirərək camaata Tanrı nemətlərini xatırlayıb onları İlahi qəzəbi və intiqamı ilə qorxutdu.
O, camaatın bütün şübhələrini dağıtmaq üçün dedi: "Mən bu çağırışımdan bir xeyir güdmürəm və heç bir vəzifədə gözüm yoxdur. Peyğəmbərliyimi də heç bir muzd xatirinə yerinə yetirmirəm, muzdumu bütün yer üzünün Allahından alıram". Qəbilədən bir neçə ağıllı adam ona qoşulub dəvətini qəbul etdi. Lakin başqa qəbilə başçıları öz inadlarından dönməyib israrla dedilər: "Ey Saleh, sən fikrinin tarazlığını, ağlının nizamını itirmisən. Şübhəsiz ki, ya pis ruhlar sənə üstün gəlib, ya da bir sehrə düşmüsən ki, belə düşünülməmiş sözlər deyirsən. Sən özün də bizim kimi bir adamsan. Nə dədən-baban bizdən artıqdır, nə də ləyaqətin bizdən üstündür. Bizim aramızda elələri vardır ki, peyğəmbərliyə səndən daha layiqdir. Səni bu yola gətirən yalnız şöhrətpərəstliyin və vəzifəpərəstliyindir". Onlar bu məntiqsiz sözlərilə Salehi öz dinindən və dəvətindən döndərmək istəyirdilər. Axırda camaat Salehə qoşulanlara dedi: "Əgər Salehin ardınca getsəniz, düz yoldan çıxacaqsınız".
Saleh onların böhtanlarına, cəfəng sözlərinə əhəmiyyət verməyib dedi: "Ay camaat, axı mənim Allah tərəfindən verilmiş açıq-aşkar dəlillərim var. Əgər öz Tanrıma qarşı çıxaraq sizin etiqadınıza qoşulsam, onda məni kim əzabdan qurtarar?"
Zalımlar və dikbaşlar Salehin öz inam və etiqadına belə möhkəm və dönməz olduğunu görüb qorxdular ki, qəbilə üzvlərinin çoxu onlardan üz döndərib Salehə qoşular və onların xoşbəxt dövranları gedər, bəxt ulduzları sönər. Odur ki, fikirləşib Salehin zəifliyini sübut etmək istədilər. Bunun üçün Salehdən sözlərinin düzgünlüyünə sübut olaraq bir möcüzə göstərməsini tələb etdilər.
Salehin bir dəvəsi var idi O dedi: "Mənim mübahisəmin gerçəkliyinə sübut bu dəvədir. O bir gün su içir, ikinci günsə suvata getmir. İnanmırsınızsa, onu öz başına buraxın və dediklərimə şahid olun".
Saleh bu sözləri deyəndə onu da nəzərə alırdı ki, düşmənləri onun sübutunun aşkar olunmasından nəinki peşman olub qorxacaqlar, əksinə, bu dəlillərdən sonra kin və ədavətlərini daha da artıracaqlar. Ona görə də qorxdu ki, düşmənləri birdən onun dəvəsini öldürmək fikrinə düşərlər. Saleh onları bu niyyətdən çəkindirmək üçün dedi: "Olmaya-olmaya o dəvəyə əl vurasınız. Əgər belə bir iş tutsanız, tezliklə sizə böyük bir əzab yetər".
Salehin dəvəsi bir müddət otlaqda otlayır, bir gün suvata gedir, o biri gününü isə başqa dəvələrlə birgə keçirdirdi. Dəvənin bu qəribə adətini biləndən sonra qəbilə üzvlərinin çoxunun Salehə diqqəti artdı. Onlar Salehin peyğəmbərliyinin gerçəkliyinə və çağırışlarının həqiqiliyinə inandılar. Bu hadisə qəbilə başçılarını və dikbaşları dəhşətə saldı. Onlar öz vəzifələrinin və var-dövlətlərinin əllərindən çıxacaqlarından təşvişə düşdülər. Ona görə də ürəyinin dərinliyinə iman nuru hopmuş kasıblara – Salehə inanmış qəbilə üzvlərinə dedilər: "Siz Doğrudanmı Salehi Tanrı tərəfindən göndərilmiş peyğəmbər sanırsınız?" Dedilər: "Bəli, biz onun peyğəmbərliyinə inanır və sizin iman gətirdiyiniz bütlərdən üz döndəririk".
Salehin nəhəng dəvəsinin qorxunc görünüşü var idi. O bir gün qəbilənin heyvanlarını qorxudub dəvələrini ürkütdü. Başqa dəvələri su içməyə qoymadığı üçün qəbilə başçıları Salehin xəbərdarlığına, hədə-qorxusuna baxmayaraq, onun dəvəsini öldürmək qərarına gəldilər. Ancaq sonra əzaba düşəcəklərindən qorxub onu öldürməkdə tərəddüd etdilər. Beləcə bir müddət tərəddüd içində yaşadılar.
Qəbilə başçıları məqsədlərinə çatmaq üçün hiylə işlədib naz-qəmzəli, işvəli qadınlara əl atdılar. Aydındır ki, gözəl qadın nə xahiş etsə, kişilər onların arzularını yerinə yetirmək üçün canlarından da keçərlər.
Bir baxış üçün ürəkləri gedən bu dəli-divanə aşiqlər qəribə və heyrətli mənzərənin şahidi oldular. Məsdə bin Məhrəc gördü ki, gözəl məşuqəsi Səduq Mühəyya qızı yumşalıb özü ona yaxınlıq edir. Qədr bin Salif də belə bir gözlənilməz hadisənin şahidi oldu: Ənizə Qənim qızı onu öz evinə dəvət etdi və ayüzlü qızlarından birini başlıq almadan ona nişanladı. Bu gözəl gəlinlərin öz sevdiklərindən bircə xahişi var idi: Onları bərk narahat edən, başqa dəvələri suya yaxın qoymayan, qəbilənin heyvanlarını qorxudan Salehin dəvəsini öldürmək.
Cavan aşiqlərin ürəklərindəki eşq alovu qüvvələrini, güclərini ikiqat etdi, cürət və cəsarətlərini artırdı və beləliklə, aşiqlər sevgililərinin istəyini yerinə yetirməyə hazırlıq görməyə başladılar. Qəbilənin yeddi nəfər başqa cavanı da onlara qoşuldu. Onlar sözləşib Salehin dəvəsinin qəsdinə durdular. Dəvə suvatdan qayıdanda pusquda duran Məsdə oxunu onun buduna tuşladı. Ox dəvənin sümüyünü sındırdı. Bu anda Qədr bin Salif qılıncını siyirib dəvəyə tərəf cumdu və onun aşıqlığına güclü bir zərbə endirdi. Dəvə diz çöküb yerə yıxıldı. Qədr nizəsini dəvənin sinəsinə soxub onu öldürdü.
Beləliklə, onlar Salehin dəvəsini öldürüb İlahi əmrindən üz döndərərək dedilər: "Ey Saleh, əgər sözlərin düzdürsə peyğəmbərsənsə, vəd etdiyin əzabı bizə göndər".
Saleh dedi: "Mən sizi o dəvəni incitməkdən çəkindirdim, lakin siz əlinizi günaha batırdınız. İndi isə üç gün ərzində sizə yetəcək əzabı gözləyin. Üç gündən sonra siz onun pəncəsinə keçərsiniz".
Saleh bu üç günlük möhlətini bəlkə də ona görə təyin etdi ki, qəbilə başçıları özlərinə gəlsin və əməllərinə görə tövbə edib Allahdan üzr istəsinlər. Ancaq onların ürəklərində qəflət və inadkarlıq elə dərin kök salmışdı ki, İlahi qorxusu təsirsiz oldu. Onlar Salehin sözlərini yalan və sayıqlama sayıb istehza ilə dedilər: "Əzabını tez göndər". Saleh dedi: "Ay camaat, öz bədbəxtliyinizə niyə tələsirsiniz? Niyə Allaha yalvarıb Ondan sizə mərhəmət göstərməsini xahiş etmirsiniz?"
Qəbilə başçıları yoldan azmış, şər qüvvələrə təslim olmuşdular. Onlar tövbə etmək əvəzinə Salehə dedilər: "Biz sənə və tərəfdarlarına uğursuz fal açmışıq, görün indi başınıza nə gələcək?!" Onlardan bir neçəsi bir yerə toplaşıb and içdi ki, gecə qaranlığı düşəcək Salehə və tərəfdarlarına hücum edib qanlarını tökəcək. Qəbilə başçıları sözü bir yerə qoydular ki, bu məsələni gizli saxlayıb heç kimə danışmasınlar.
Bu ağılsızlar güman edirdilər ki, Salehi öldürməklə canlarını əzabdan və qaçılmaz İlahi yazısından qurtaracaqlar. Ancaq Allah onlara möhlət verməyib hiylələrini alt-üst etdi, ədavət və hirslərini öz başlarında çatlatdı. Allah-Taala Salehi və ona qoşulanları qəbilə başçılarının bu qəsdindən xilas etdi. O kafirləri isə verdiyi vəd və öz peyğəmbərinin qələbəsi xatirinə əzab pəncəsinə tapşırdı. İldırım o zalımlardan qisas aldı, onları elə evlərində cansız cismə döndərdi. Daşdan tikdirdikləri uca qəsrlər belə o dikbaşları İlahi qəzəbindən xilas edə bilmədi.
Saleh o cansız bədənləri, sahibsiz görüb qəmgin və üzülmüş halda oradan üz döndərdi, başqa bir diyara yola düşdü.