Kitabı oku: «Yazılmayan yazı»

Yazı tipi:

"Xatirə Ədəbiyyatı" silsiləsindən 11-ci kitab

© Sabir Əhmədli / Yazılmayan yazı

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 192 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Müstəqilliyimizin ilk xalq vazıçısı

Sabir Əhmədli zamanının reallıqlarım əsərlərində təsvir edən tanınmış qələm ustası idi. O, gördüklərini və eşitdiklərini olduğu kimi düzü-düzünə yazırdı. Bu əsərlərdə cəmiyyətdəki çatışmamazlıqların, kəm-kəsirlərin əks edilməsi isə sovet ideologiyasına qulluq edən məmurların ürəyincə olmurdu. Ona görə də uzun illər kitablarının çapına əngəllər törədilir, əsərlərinin təbliğinə, yayılmasına imkan verilmir, ona soyuq münasibət bəslənilirdi.

Sabir Əhmədlinin əsas günahı mədhiyyəçi olmaması idi. Sovet ideologiyası təbirincə desək, yazıçı gərəksiz həqiqətdənsə, sosializmin nailiyyətlərini tərənnüm etməli idi. Böyük nasir ona edilən təzyiqlərə gərgin əməyi, çoxsaylı roman və povestləri ilə cavab vermişdir. Bəlkə də bu səbəbdəndir ki, Sabir Əhmədli ədəbiyyatımızda ən çox – iyirmidən artıq roman yazan sənətkardır.

Yaradıcılığının başlanğıcında "Arabaçı" hekayəsi ilə tanınan yazıçı illər keçdikcə "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Dünyanın arşını", "Qan- köçürmə stansiyası", "Yasamal gölündə qayıqlar üzür", "Gedənlərin qayıtmağı", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu", "Uyuq", "Yazılmayan yazı" adlı əsərləri ilə ədəbiyyatımızda özünə möhtəşəm mövqe qazanmışdır.

"Yazılmayan yazı" əsəri Sabir Əhmədlinin vəfatından sonra çap olunan ilk romanıdır. Avtobioqrafik səciyyə daşıyan roman ixtisarla birinci dəfə 2010-cu ildə nəşr edilib. Hazırda ixtiyarınıza verdiyimiz bu kitab isə həmin nəşrin ailəsinin icazəsi ilə daha bir qədər ixtisar edilmiş variantıdır. Əsər yazıçının ən irihəcmli romanıdır. Onun bütün əsərlərində olduğu kimi bu romanda da cəmiyyətin alt qatlarının həqiqəti öz ifadəsini tapıb.

Müəllif əsərində uşaqlığından başlamış ahıl çağlarınadək yaşadığı illəri özünəməxsus təhkiyə ilə oxucuya çatdırmaqla rastlaşdığı insanlar, hadisələr barədə öz obyektiv münasibətini bildrimişdir. "Yer-yurd" bölümündə doğulduğu bölgə haqqında, "Soy-kök" bölümündə nəsli, qohum-əqrəbası, "Üç qardaş, bir bacı" bölümündə ailəsi barədə xatirələrini yazmışdır. Sonrakı bölümlərdə uşaqlıq illərini, tələbəlik illərini, rayon mərkəzində müəllim, məktəb direktoru işlədiyi illəri təsvir etmişdir. "Qırxdan bir əskik" adlı son bölümdə isə, o, "Ədəbiyyat qəzeti" ndə işlədiyi 39 illik bir dövrü əhatəli formada qələmə almışdır. Bu bölümdə həm də həmin dövrün görkəmli alimləri, yaradıcı şəxsləri, siyasi xadimləri haqqında da dəyərli məlumatlar, müəllifin onlara münasibəti əks olunmuşdur. İkinci Dünya müharibəsində göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş böyük qardaşı Cəmil Əhmədov, Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan oğlu Məhəmməd haqqında xatirələri də həyəcansız oxumaq mümkün deyil.

Xalq həmişə onu sevənin dəyərini verir. Elə ona görədir ki, Sabir Əhmədli müstəqillik dövrümüzün ilk xalq yazıçısıdır.

Rövşən Yerfi

Yazılmayan yazı

Bu böyük sənətkarlarımızın təvazökarlığından irəli gəlmişdir; özündənsə başqalarından, daha maraqlı insanlardan və daha dəyərli hadisələrdən yazmalı. "Başına gələnləri yazıb" deyir, çox halda əsəri də, müəllifi də qınayırlar. Bu millət qədimlərdən bəri möcüzəni adidən, təxəyyülü gerçəklikdən üstün tutmuş, əsərə də, yazıya da bu sayaq yanaşmışdır.

Yalnız yazıçının yox, hər kəsin özündən danışmağı öyünmək sayılır. Ədibin "özündən danışmamağı" bir də oradan irəli gəlir ki, o, oxucunu öz yaşayışından, həyat macəralarından hali etmək istəmir. Onun elə gizlincləri, sirləri olub, onları oxuculara bildirməyə, açıb tökməyə lüzum görməyib.

Öz həyatını yazmamaq inadı bəlkə, yazıçının oxucuya inamsızlığından, yaşayışını örtülü, sirli saxlamaq niyyətindən və nəhayət, yazı sənətini hamının bacaracağı bir peşə həddinə endirməmək qənaətindən baş vermişdir. Yazmaq, kitab bağlamaq axı, vergidir. O, hər kəsə nəsib olmur. Müqəddəs kitabımız "Quran" da vergidir, göylərdən enmiş bir möcüzədir.

Sabir Əhmədli
20 iyul 1998-ci il

Yer-yurd

İndiyədək mən şəcərəmi, babamdan o yana ayırd edə bilməmişəm. Bunu çox adam bilir, ulu babasınadək sayır. Bəzən də görürsən özlərinə nüfuzlu, sayılan bir soy-san uydurur, aparıb tarixi şəxsiyyətlərə çıxarırlar. Nəsillə öyünmək böyük işdir, nəsilli-köklüsənsə nüfuzun qalxır. Bəy, xan, cəddi-baba, sanballı sayılır.

Sovet hökuməti təzə qurulanda, ondan sonra əksəriyyət nəslini danır, əfəndi, bəy, xan soyadından qaçır, imtina edirdilər. İndi bunu arayır, bəyləri, xanları, molla, mir, seyidləri dirildirlər.

Keçmişlərdə bizim millət başlıcası filankəs oğlu, filankəslərdən, filankəs uşağı təki tanınıb, çağrılıblar. Bizdə məsələn, Nəcəfqulu uşağı, Rüstəm uşağı, Səhliyallar… tanınıb, tanıdılıblar. Adı tanımlı, nəsli-kökü olmayanlarsa yeri, kəndi, ayamasıyla çağırılıblar, nişan veriliblər.

Hüseyn ağa nəsli gedib çıxır İbrahim xana, Pənah xana. Bunların Cəbrayılda, yalda böyük evləri vardı. İyirmi-otuz otaqdı. Sovet vaxtı oranı xəstəxanaya çevirdilər. Həyətdə iri xar tut ağacı vardı. Anamgil onlardan həvəslə danışır, xanımların davranış, əyləncə və istirahətindən söz açırdılar. Tutu iynə ilə yeyirmişlər. İynəni xar tuta sancır, qaldırıb qoyurmuşlar ağızlarına. Həm rahat, həm də əl-ovucları xar tutun şirəsinə, boyasına bulaşmırmış. Hüseyn ağanın oğlu Firuz ağa, başqa bir oğlu da varmış. Cəbrayılda, Qurban təpəsi səmtdə Qalalı qəbristanında dəfn olunublar. Nə Hüseyn ağanın, nə övladlarının qəbirləri bilinmir. Onu bizim nənələr, babalar bilərdilər. Onlar da dünyadan çoxdan köçüblər, soruşub öyrənməmişik.

Cəbrayılın yiyəsi Hüseyn ağa imiş. Onu görənlər vardı. Təhməz oğlu Hüseyn Hüseyn ağadan, Cəbrayılın keçmişindən maraqlı söhbətlər danışırdı. Şəhriyar Quliyev Tariyelgillə köməkli Cəbrayılın tarixini, etnosunu yazıblar. Orada Hüseyn ağa barədə də söz var. Mən hər dəfə Cəbrayıla gedəndə, Şəhriyargillə görüşəndə deyirdim: – Siz Təhməz oğlu Hüseyndən yapışın, onu dilləndirin, o nə söz desə, bütünlükdə yazın. Cəbrayılın yaxın tarixini o, yaxşı bilir, gördükləridir. Təhməz oğlu Hüseyn doxsan yaşdan artıq yaşadı, bu yaxınlarda rəhmətə getdi. Oğlu Bəhlul mənim yaşıdım, dostumdu. Hüseyn kişinin qızı Bakının hansı rayonundasa xalq hakimidir.

Təhməz oğlu Hüseyn üzdən bir qədər sərt, soyuq görünsə də mehriban insandı, oğlu Bəhlulla yaşdaş dost olduğumuza görə mənə isinirdi. Onun söhbətlərini məmnuniyyətlə dinləyirdim. Təhməz oğlu Hüseyn bizə əsl comərd, kişi sifətin-də görünürdü. Sürməyi kalife şalvar-rubaşqa geyirdi, furaşka qoyurdu, uca hündür adamdı, ağbənizdi, gözləri göyə çalırdı. İti, kəskin baxırdı. Onu Çinar kəhrizinin Yarəhmədliyəcən uzanan arxının üstdə, dikdən keçən yolda atlı, gah piyada çox görmüşdüm. Boyu elə uca idi ki, elə bil ucalığından bir qədər əyilmişdi. O yan, Nəcəf uşağının bağı onlarındı, məhlələri də Yarəhmədliylə Qalalının arasında idi. Üst yal hərbi şəhərcikdi. Oraya – hərbi sərhədçi bölməsinə bunca yaxın olmaqları elə bil onların sayılmağını xeyli artırmışdı. Sərhəd dəstəsilə qonşuluq Nəcəfqulları hərbi rütbəyə yaxınlaşdırmışdı. Sərhədçilər bədöy atlarını Nəcəfqulların həyətləri arasından arxa endirir, yuyur, çimdirir, qaşovlayır, sonra da çəkib, başıyuxarı «otryada» aparırdılar. Sərhədçilərin hamısından yad bir qoxu gəlirdi, sarı, kürən cavanlardı.

Yaraşıqlı zabitlər, gözəl geyimli komandirlər vardı. Ən gözəl atlar onlar minəndi. Hərdən atlanıb yal-yamaca, yollara gəzməyə çıxırdılar. Sərhədçilərin məskəni, Cəbrayılın yalında doğrudan-doğruya bir şəhərdi. Ağ daş-divarlı, qırmızı dəmir-taxtapuşlu, açıq, uzun eyvanları olan binalardı. Sərhədçi dəstənin qərargahı da orada, başda idi. Sarıbəniz sərhədçi məmurlar gözəl-göyçək zövcələri ilə hərdən kənd arasında görünür, gəzir, bazarlıq eləyirdilər. Cümə – yalnız bazar günləri toplandığından, onlar bu gün araya çıxır, həftəlik ərzaq-azuqə, meyvə alıb aparırdılar. Özlərinin də görünür ehtiyatı vardı. Tövlələrdən o üz, onların peyinliyinə, dərə aşağı çeşid-çeşid konserv qutuları, başqa qablar tullanırdı.

Hərbi şəhərcik bir özgə aləmdi. Onların nə üçün burada olduğu sorğusuzdu. Kimsə belə sual verməzdi. Buradan, bizim yallardan baxanda çox-çox enişdə qırılmış sarı sim, tel təki parçaparça Araz işarırdı, o çay sərhəddimizdi. İranla bizim aramızdı. Çay yatağından o üz pərdə-pərdə uca dağlar göyərirdi. Bu sərhəddin nə zaman yarandığı, nə demək olduğu barədə kimsə danışmırdı.

Təhməz oğlu Hüseyn mənə bir kərə danışmış, adını da çəkmişdi. Hərbi şəhərcikdən o üz dərə, bizim Dəyirman dərəsi çağırdığımız, şəhərciyin məşhur yeri vaxtilə bir erməni hampasınınmış. Dərə o üz-bu üz kələsərlik, üzümlükmüş. Orada erməni taciri üzüm becərtdirir, şərab zavodu işlədirmiş. Girli qazanc götürürmüş. Hüseyn ağa Yaponiyaya səfərə gedibmiş. Oradan özünə bir gözəl fayton alıb gətirir. Dəyirman dərəsinin o üzündə, El yolunun bəri başında el-oba yığışıb Hüseyn ağanı qarşılayırlar. Xankişi bir qoç qurban kəsir. Xankişilərin evi bəlliydi, dərənin ayağında dəmir taxtapuşlu tək bir evdi.

Hüseyn ağaya çatdırırlar, erməni siz olmayanda özünü namussuzcasına aparıb, qadına sataşıb. Səhər erkən Hüseyn ağa çıxıbmış araya. Çinarın altında, meydanda erməni hampası ilə qarşılaşır. Erməni ağaya salam verir: – "Sabahın xeyir, ağa!" – deyir. Hüseyn ağa cavab əvəzinə mauzeri ilə erməni hampasının düz alnından vurur. Öldürür onu. Böyük bir iş açılır, Ağa bir ara gedib Sank-Peterburqda qalmalı olur…

Bunu da mənə Təhməz oğlu Hüseyn danışmışdı.

Cəbrayılın tarixçəsi barədə az şey bilirik. Bununla kimsə maraqlanmırdı. Maraq yeni – sovet quruluşuna, onun yaranışına idi. Etnos tərpədilməli deyildi. Bu elm son vaxtlar yayılmış, mahallar, qəzaların tarixçəsi qələmə alınmışdır.

Şəhriyargilin kitabı bu baxımdan dəyərlidir.

Doğulduğum yerin tarixçəsi və coğrafiyasından mən əsərlərimdə az-çox soraq vermişəm. Bir də dönürəm ona: Bu yerin tarixçəsi lap qədimlərdən başlanır. Üzü Ziyarata dayananda, Cəbrayılın sol yanı Laçın, Qubadlı, Həkəri boyu üzyuxarı dağlardı. Şimal səmtdən – Ağcakənd və Dolanlardan Qafan dağları görünür. Başda Ziyarat dağıdır. Bu dağ ətrafdakı bütün zirvələrdən ucadır, divar təki sal dağdır, Ziyaratın o üzü Tağ, Kirs dağlarının meşəli ucalıqlarıdır. Ondan sağa yenə dağlardır, Hadrut səmtə, Balyand dağına gedib qovuşur. Ziyaratın hər iki yanından Araza doğru uzanan qollar getdikcə alçalır, dağlar təpələşir, axırı gedir düzəngaha çıxır. Arazın qırağında bu torpaqlar tükənir. Oradan o yana örüş-örəndir. O tayda yenə dağlar ucalır, Qaradağ silsiləsi yüksəlir.

Beləliklə, Cəbrayılın coğrafiyasını bu sayaq aydınlaşdırmaq olar: Ziyaratdan Araza, Şimaldan Cənuba, Dağ Tumas, Həkəri çayından Şərqə – Balyand dağlarına doğru. Balyandın o üzündən Qarabulaq – Füzuli torpaqları başlayır, Ziyaratın o üzü Hadrut, daha o yanlar Şuşa ərazisidir. Həkəridən o yana Qubadlı, Zəngilandır.

Cəbrayılın ən məhsuldar torpaqları Arazbardır, taxıl yerləri başlıcası Quycax, Daşkəsən səmtdədir. Dağavarda sərin bulaqlar var – Ayı bulağı. Tanınmış, sayılan ocaq – Hacı Qaraman, Ziyarat ətəyi, Sirik yaxınlığındadır. Qaraman nəslinin insanları da orada dəfn edilmişlər. Bütün el Qaraman ocağına and içir, uzaqlardan oraya qonaqlar gəlir.

Siftə gedişimdi Qaramana. Bir dəstə qonaqdıq. Kəndin kişiləri qarşıladılar. Biz qədim mədrəsəyə yollandıq. Yıxılan dam dirəyindən bəlli. Mədrəsə bir iri damdı, üst torpaqdı, qapısı görünür, meşədən kəsilmiş palıd girdınından idi. Qapının tərpənə bilməsi üçün həngama əvəzinə, ağacdan girdə fır düzəltmişdilər. Fır topuğ çökəyə girir, qapını açıb bağlamaqdan ötrü fırlanırdı.

Bir iş təəccüblüydü. Bu iri damın üstünü torpaqla necə örtmüşdülər torpaq havada, tavanda dayanmışdı. Anlatdılar. Əzəlcə torpağın altını qazmış, kürümüş, çıxarmış, beləliklə üst bütöv, sal qalmışdı.

Xırda hücrələr vardı, burada tələbələr qalırmışlar.

Mədrəsənin nə zaman tikildiyi divara ərəb əlifbası ilə yazılmışdı. Əski əlifbanı mən oxudum. Min altı yüz… neçənci ildisə dürüst yadımda qalmayıb.

İş burasında idi ki, el-obanın tanıyıb and içdikləri bu ocaq baxımsız, tör-töküşdü. Şagirdlərin keçmişdə qalıb, yaşadığı hücrələrdə hinduşqa, toyuq-cücə saxlayırdılar, dana-buzov buraxılırdı buraya, dini mərkəz, müqəddəs guşəyə. Bu yeri büsbütün çirkaba, üfunətə bulamışdılar. Guya oraya güvənir, ziyarətgah, pir sayırdılar. Hücrələri o kökdə görəndə mən bərk hirsləndim. Bizim əmiuşağı səmtdən qohumlardan buraya yaxın yaşayan vardı. Araya çıxdılar. "Ayıb döyülmü, bəs, el-obanın yüksək tutduğu, and yeriniz olan qədim ocağı, allah evini bu kökdə saxlayırsınız? Toyuq-cücə hininə çevirmisiz! Bura tarixi abidədir".

Eşitmişdim Molla Vəli Vidadi buralara, Vaqiflə görüşə gələndə baş çəkərmiş. Deyilənə görə o, yaxındakı Şıxlar qəbristanında basdırılmışdı. Vidadi həmin bu mədrəsədə dərs də verərmiş əkinçi balalarına.

Mədrəsəni, məscidin içini oradaca təmizlətdik. Tapşırdıq ki, dana-buzov, toyuq-cücə saxlamasınlar orada, ayıbdır. Günahdır!

Cəbrayıl əhlinin yaylaq yeri keçmişlərdən Ziyarat dağı olmuşdur. Yeyib-içənlər Ayı bulağının üstünə gəlirdilər. Rəhmətlik anam danışardı, Ziyaratda ailəlikcə necə yaylayıblar. Bu yaylaq əlbəttə böyük qoyun, mal sürülərinə darlıq eləyərdi. İri sürülər, ilxılar Bazarçaya tərpənirdi, Ziyaratsa az adam, təkəmseyrək ailələr üçün əlverişli imiş. Tərəkəmə, bizim heyvandarlar Sisyan, Bazarçay dağlarına gedərdilər. Cəbrayılın hər bir obasının, kəndinin orada, Bazarçaydan üz yuxarı dərə boyu yurd yerləri vardı. Hər kəsin yurdu öz kəndinin adıyla bəlliydi. Ermənilər Zəngəzuru, oraları aldılar. Qoymadılar tərəkəmə elləri dədə-baba yaylaqlarına köçsünlər. Hər daş-qayası türkcəazərbaycanca adlandırılmış dağlar min illərdən bəri tərəkəmə yaylağıydı. Bazarçaydan o üz, gedib çıxır Biçənəyə, Şahbuz üstünə, Batabata, bir yandan da Ordubada. Bazarçay səmtdən də Azərbaycan Naxçıvanla birləşir, torpaqlar bikirləşirdi. Necə ki, aşağıdan, dəmir yolu boyu Meğridən də Azərbaycan qədim torpağı Naxçıvanla birləşirdi.

İndi, büsbütün dəyişmişdir. Ermənilər əzəlcə Göycəyə, Şərura, Qəmərliyə, Vedibasara, Basar-Keçərə yiyələndilər. Sonra bizim Sisyan, Bazarçay yaylaqlarımızı tutub, oraya getməyimizə yol vermədilər. Daha sonra böyük işğal başladı. Dağlıq Qarabağdan üstəlik, Qarabağın başqa yerlərini şəhər, kəndimizi işğal etdilər, hərbi yolla, rus imperiyasının yardımı ilə Azərbaycan torpaqlarını qamarlayıb tutdular. Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl keçdi erməni hərbi qüvvələrinin caynağına. Azərbaycan torpağının gözəl guşələri gündüzün günortasında hayasız bir basqınla, Kremlin qurması ilə zəbt edildi, yurdları, ev-eşiyimizi taladılar, arvad-uşağı qızgəlini girov apardılar. Başlayıblar əkib-biçməyə bizim torpaqlarımızı. Ermənilər arxayınlaşıb, günü-gündən oturaqlaşır, yerlərini bərkidirlər. Erməni Kəlbəcərin İsti-suyunu, qızıl-mis mədənlərimizi torpaq qarışıq qazıb, kürüyüb aparır. Qarabağın bir milyon əhalisi cındır çadırlarda, Biləsuvarın, Muğanın düzlərində, ilan mələyən çöllərdə qırılır.

Dolaşıq bir işə düşmüşük. Heyf səndən, Qarabağ, heyf səndən Şuşa! Yazıq sənə Ağdam! Qalxmalıdır! Daha millət ovunmamalı, yeriməlidir düşmən üstünə. Körpəmizdən ağsaqqaladək hamı – Vətənin bu yaralı, parçalanmış günündə döyüşə girməliyik. Bizim istəyimiz haqdır, biz öz halal, doğma torpaqlarımız uğrunda döyüşə başlayırıq.

Mən sıra ilə, keçmişdən başlayıb aramla gələcəkdim. Dərd məni oynadır. Qarabağ, bu müharibə, qaçqın-köçkün, durum barədə sakit danışmaq olmur.

Yasamala qalxan pillələr doludur Qarabağın qaçqın uşaqlarıyla. Körpə cocuqlardır, eləsi var üç, dörd yaşında. Bunların Vətəni yoxdur, yurdu yoxdur. Bunlar yataqxana künclərində, eləsi var olacağa, otağa çevirdiyi tualetdə, daha harda, Mil-Muğandakılar ağcaqanadların sürü-sürü dolaşdığı cındır, dəlmədeşik çadırlarda doğulub, işıqlı dünyaya gəliblər. O gün bir kişi ilə tanış olduq. Soruşuram: Adın nədir? Deyir Qaçay. Qaçqındır. Dedim gərək bundan sonra küll Qarabağın bütün cocuqlarının adını dəyişib, qoyaq Qaçay.

Qaçqınlığı körpələr vecinə almır. Onların yurdu yataqxana dəhlizləri, ata-anaların dərdindən çərlədikləri dağlardan, bağlardan şirindir. Körpələr, dörd-beş yaşlılar oraları görməyiblər, gözlərinin qabağına gətirə bilmirlər. Körpələrin görmədiyi, tanımadığı torpaqlar, yurdlar züryətsizdir, daha oralarda körpə doğulmur. O sulardan içmir, o çörəkdən yemirlər. Qayıdacaqlarmı? "Pilləkan uşaqları" necə yanaşacaq, necə baxacaq dədənənələrin nisgildən can verdikləri torpaqlara, viranə ev-eşiyə!

Yurdsuz, evsiz-eşiksiz adam necə olar? Bunu bir ruhən araşdıran varmı? Olacaqsız, məskənsiz insan nə halda yaşayır? Elə bil əyləşdiyin kətili çəkiblər. Havada qalıbsan, bütün varlığında bir boşluq istinadsızlıq var. Belə, bu kökdə yaşayır qaçqın. Torpaq, bağ-bağat insanın cismini canlandırır, ayağının altını bərkidir, vücudunda bir sabitlik, durum yaradır. Baxırsan qaçqın kişilərə, qaçqın qadınlara, bunların varlığında bir çəkisizlik var. Kosmonavta dönüblər bədbaxtlar!

Vətən, ev-eşik, doğma torpaq insana, onun halına necə əsər göstərir? Bunlar araşdırılmalı, qaçqın ruhu-xassəsi, davranışı-psixolojisi öyrənilməlidir. Bir həqiqət var: Ermənistan respublikası, ondan qabaq Ermənistan "ölkəsi" kimsənin yox, ancaq Azərbaycanın torpaqları sayasına yaranmışdır. Ermənilər İranla Rus imperiyası arasında Türkmənçay, Gülüstan bağlaşmalarından başlayaraq İrandan köçürülüblər bu yana, Qarabağa, İrəvana. XIX əsrin başlanğıcında İrəvan xanlığının əhalisinin səksən, doxsan faizi biz – azərbaycanlılar olmuşuq. Demoqrafik statistika var, tarix var. Yavaş-yavaş Gömrü, Qara kilsə, Göyçə, Vedibasar tutulub. Nəhayət, axırda Qarabağ!

Yüz illərdir onlar bizə qəsd eləyirlər. Bütün qonşular arasında bizim satqın düşmənimiz onlardır. Bizə qarşı törətdikləri əməllərdən ağlımız başımıza gəlmir. Giclikdən, başısoyuqluqdan əl çəkmirik. Budur bizim mentalitetimiz, milli çatışmazlığımız.

Azərbaycan ölkəsinin başına gəlmiş bu hadisələrin, bu mağmınçılığın nədən törəndiyini, necə, nə üçün baş verdiyini hey düşünürsən, bir yana çıxara bilmirsən. Nədən oldu axı, bunca şəhər-kəndlərimiz erməni əlinə keçdi? İndiyədək də ermənilər şəhər, kəndlərimizdə meydan sulamış, əhaliyə əziyyət vermiş, hətta Bakını ələ keçirmişlər. Amma bütün bu alçaqlıqların cavabı verilmiş, ermənilər qovulmuşlar. 1918-20-ci illərdə onlar çox azğınlıqlar törətmişlər.

Daşnaksyütun dığalar Bakıda, Şamaxıda, Salyanda, Nəvahidə çox qanlar tökmüşlər. Bütün bu fitnəkarlıqda satqın azərbaycanlılardan istifadə etmişdilər. Baxaq,"iyirmi altılara". Qondarma-qurama Bakı hökumətinə xalis daşnak olan Şaumyan başçılıq eləmiş, iyirmi altıdan ən azı on altısı erməni olmuşdur. Şaumyanın ən yaxın silahdaşı azərbaycanlı Məşədi Əzizbəyovdu. İndi sənədlər çıxır ortaya. Leninin Şaumyana məktubları çap olunur. Aydın olur ki, Lenin hamıdan artıq Şaumyana inanırmış Qafqaz məsələsində, buranın işğalında onunla ünsiyyət saxlamış, ona söykənmişdir. Azərbaycanı, Bakını almaq, tutmaqdan ötrü Daşnaqsyütun himayədarı Şaumyan bolşeviklərin ən inandığı sima olmuşdur. Bəs, Əzizbəyov nə ağılla gizli qayəsi Azərbaycanı məhv etmək olan bu erməni hökumətinin tərkibinə girmişdi? Bakının, Şamaxının körpəsindən ağbirçəyinədək süngüyə taxılanda Əzizbəyov bunu törədən hökumətin başçılığında necə qalmışdır? Hansı qeyrətlə, hansı ürəklə? İndi adını daşıyan prospektdəki nəhəng heykəl, qolunu göyə açıb harasa çağıran kişi satqınlıq, xəyanət abidəsi deyilmi? Kirovun heykəli təki bu abidə də darmadağın edilməli, ya da altından iri bir bildiriş vurulmalıdır: «Satqın». Əzizbəyov şüurlu, istər şüursuz, millətinə qarşı xəyanət yolunu tutmuşdur. Erməni bizi ağılsız yerinə qoyub, istədiyi yola yönəltmişdir. Elə həmin yolla sonralar, axırıncı hərbi münaqişəyədək bizimkilərin arasından, öz içimizdən erməniyə bağışlanmazcasına qulluq göstəriblər. Yeri gələndə hakimiyyət ehtirası, vəzifə mənafeindən yana erməniyə işləyiblər. Sübuta, şahidə ehtiyac yoxdur. Baş vermiş hadisələri öyrənib bildikdə, görürsən erməni böyük himayədarı Rus imperializminin, Moskvanın yardımına güvənib. O biri yandan KQB-yə satılmış, Rusiyaya xidmət edən imperializm agentlərinin əliylə altdan-altdan bu işləri yeritmişlər. Ən dəhşətlisi, bütün bu cinayətlər cəzasız qalmışdır. Cəzasızlıq yeni-yeni cinayətlərə şirnikləndirmişdir. Eləcə də sonralar hakimiyyətdə qalmaq istəyən MK-nın birinci katibləri, Nazirlər soveti sədrləri, digər yüksək vəzifə tutanlar ən çox Moskvada çalışan, baş mövqelərdə iş görən ermənilərdən çəkinmiş, onlarla hesablaşmış, erməniyə gözün üstə qaşın var deməmiş, həmişə ermənidən həsləmişlər. Mikoyana, Baqramyana münasibət, onlarla ünsiyyət, ermənilərin rəğbətini qazanmaq istəyi güdülmüşdür. Moskva, rus dövləti iki yüz ilə yaxındır hayları başa adladır, bizi həmişə onların ayağına verir. İndi isə bizə düşmən kəsilmiş erməniylə hərbi müqavilə bağlayır, müttəfiq kimi sənədlər imzalayır. Azərbaycana qarşı qəsd etmiş, təcavüzə varmış, torpaqlarımızı tutmuş erməniyə nəinki havadarlıq edir, onu açıq-aşkar dəstəkləyir. Rusiya öz hərbi qüvvəsini gətirib Ermənistana, bizimlə döyüşə yönəldir.

Rusiya heç vaxt Azərbaycanın müstəqilliyinə qol qoymazdı. Araz boyu, İran torpaqlarının qarşısı ilə düzülmüş rus əsgərləri qovuldu. Çıxdı bizim ölkədən. Rusiyanın cənub sərhədləri çəkildi Mahaçqalaya, Dərbəndə. Hələ orada toxdasa… İndi Rusiyanın əlinə girəvə düşdü, basıb gəldi. Bizim Arazqırağı, Arazbar-Qarabağ torpaqlarını ermənilərlə əlbir tutdular. Araz boyunca yenə rus əsgərləri düzüldü.

Sovet İttifaqının yıxılmağı ilə sərhədlərin dəyişməsi, daralması Rusiyanı yandırmışdı, dözə bilmirdi. Axırı bu sayaq, erməni təcavüzü ilə yenə də öz sərhəddini İranla Sovet hökuməti vaxtındakı yerəcən bərpa etdi. İran çox vaxt Azərbaycana, Türkiyəyə qarşı birləşdikləri, ənənəvi müttəfiqləri Rusiya əvəzinə, Azərbaycanla sərhədi olmaq istəməzdi: onun ən yaxın qonşuluğunda, İrandakı azərbaycan-türklərini ürəkləndirən bir azad ölkə yaransın, artsın. Günü sabah güney Azərbaycan azad, müstəqil qardaşlarına qovuşsun, qurtulsun.

Hökumətlər dəyişir, quruluşlar bir-birini əvəz edir. İnqilablar olur, imperiyalar parçalanır, amma siyasət qalır. Bu baxımdan Rusiyanın ənənəvi siyasi-beynəlxalq münasibətləri yüz illərdən bəri həmişəki təki saxlanır. Kimin ağlına gələrdi, II Nikolayı dirildəcəklər, Yekaterinopoldan onun və ailəsinin cəsədlərini Sank-Peterburqa böyük dəbdəbə ilə daşıyacaqlar. Bunun qarşısında Leninin doxsan beş il türbədə «diri» saxlanan nəşini torpağa basdırmaq istəyəcəklər. Belə çıxır ki, Nikolayı əbəs yıxıblar, Çar hökuməti barədə yüz ildən bəri yağdırdıqları lənət, yaman əbəsmiş, inqilab əbəs bir işmiş, haqsızmış, Sovet hökuməti qurama imiş. İndi II Nikolay əlbəttə Lenindən, Stalindən qat-qat urvatlıdır. Dünyanın işinə bax! Beləliklə, Rusiya əlahəzrət Nikolay dinastiyası, Romanovların siyasətinə qayıtmalıymış. Nikolayın "dirilməsi", çarla bağlı nə varsa, bütün siyasət, beynəlxalq münasibətlər də qaytarılmalıdır. Belə ki, ruslar belə sanırlar, bununla onlar nəhəngliklərini, imperiyanı qurtara biləcəklər düşdükləri fəlakətdən?! Altmış illik zəhmət, vurhavur, kəşməkeş yalanmış, yoxsa? Heç ağılabatan işə oxşamır: Doğrudanmı, Lenin Nikolayı ona görə güllələtmişdir ki, o, Romanovlardan sevimli qardaşının qısasını alsın?..

Qayıdaq mənim başladığım tarixçəyə. Cəbrayılın coğrafi yeri sarıdan mən bildirmişdim. Onun hədlərini göstərmişdim.

Bir neçə kəlmə də onun qədimlərinə dair. Məsələn, Cəbrayıl adının haradan götürüldüyü.

Yeddi qardaş bir bacı olublar. Qardaşlar: Cəbrayıl ata, Çomağ ata, Al-Paşa, Ziyarat, Gordu… bacıları Mazan. Mazan nənənin Diri dağda ocağı var. Mən oraya getmişəm. Hələ onda erməni Azərbaycan münaqişəsi başlamamışdı. Biz Fazillə Diri dağına yollandıq. Maşınla dağın ətəyinəcən otuz kilometrdən artıq yol getdik. Oralar qışlaq, yataqlardır. Bərk isti idi. Qumlaqdan keçdikdən sonra maşınla dağın ətəyinə çatdıq. Aralıdan Diri dağ Arazın o tayında təki ucalır. Əslində, Araz çayı Diri dağın ayağından keçir, dolanır. Dağ bəri tayda qalır. Diri dağı Ziyaratın başından Arazbasarda, əlli verstlikdə aşkarca görünür.

Fazil icraiyyə komitəsində şöbə müdiridir, alimdir, tarixçidir. Şəhriyarla birlikdə Cəbrayıla həsr olunmuş kitabın yazılmasında o da əmək çəkib. Qanacaqlı oğlandır. Fazilə dedim, dağı ayaqla çıxacayıq. Bərk isti idi, adamın beyni qaynayırdı. Başladıq dırmanmağa. Fazil bu dağın başına bir neçə kərə çıxmışdı. Oranın aşağı-yuxarısına bələddi. Ən qədim yaşayış məskəni nişanələri qalırdı Diri dağda. Bir bayatı da vardı. Onu mən yazılarımın birində söyləmişəm.

 
Əzizim Diri dağı,
Duman gəl bürü dağı.
Burda bir körpü saldım,
Arxası Diri dağı.
 

Diri dağı Xudafərin körpülərindən bir qədər aşağıdır. Onun zirvəsindən körpülər ap-aydın, qənşərdir.

Bir saata qədər dırmandıqdan sonra dağın başına qalxdıq. O tay dağlar, enişdə, alçaqda Araz, İran yüksəklikləri açıldı. Burada, göz önündə Diri Dağın başında, yastanada daşlarla çevrəyə alınmış bir parça torpaq önündə Fazil dayandı. Söylədi ki, bura Aşıq Qurbaninin – Dirili Qurbanın qəbridir. Qəbirdə yerdən, torpaq üstündən çevrə düzülmüş çaylaq daşlarından savayı, heç bir nişanə yoxdu. Mən söylədim, gərək buradaca Diri Dağın başında aşıq Qurbaniyə elə bir abidə qoyula, hər iki ölkədən baxanda göyün üzündə görünə. Sevgilisinin – yuxuda gördüyü gözəlin ardınca Gəncə ellərinə gedən, orada başına müsibətlər gələn aşıq qayıdıb doğma kəndində ölmüş, Diri dağın zirvəsində basdırılmışdı. Diri dağ özü elə bil ona abidə idi və onun adını daşıyırdı. Dirili kəndi var, o taydadır. O vaxtlar Azərbaycan parçalanmamışdı, o tay, bu tay bir idilər.

Qocaman ulu dağda qədim yaşayış nişanələri, üzüm tənəkləri, cır armud, zoğal ağacları var. Bir "şirə daşı" da var. İri sal daş – təhnəyə yığılmış üzüm əzilir, şirəsi daş novdan axıb tökülürmüş daş çanağa. Şirə daşı min-min illər bundan geriki təki qalır. Dağı yabanı bitkilər bürüyüb. Vaxtilə burada təkələr, dağ keçiləri, ceyran-cüyür, vəhşi heyvanlar, quşlar yaşayırmış. İndi kökləri kəsilib. Yayın cırhacırı, gün altında günortanın istisində Diri dağın kəlləsinə qalxmağımız inanılmazdı. Beyin qaynayırdı. Fazil kəndli balasıydı, özü sarıdan çəkinməsə də, məndən nigarandı. Adamın üz-gözünü qarsan yanğında mən Diri dağın başına qalxa biləcəyəmmi? Bir halda ki, biz Diri dağına, həm də Mazan nənə ocağını görməyə gəlmişik, ocaq bizə kömək edəcək.

Dağın təpəsində bir qədər dolandıqdan sonra endik o üzə.

Endik dağın qurşağına. Dağa çıxmaq çətindir, düşməyə nə var. Fazil məni gətirdi bir qədim abidə-qəbrə. Qəbir dörd yandan arşın yarımca daşla hörülmüşdü, ortadan bir armud, bəlkə iydə ağacı qalxırdı. Ağac elə bil daşlaşmış, öz heykəlinə çevrilmişdi. Yarpaqları, budaqları qaya parçası təkiydi. Arada qəbirdi. Bu, Mazan nənənin qəbriydi. Ocaqdı.

Yaxında iki kişi əyləşmişdi. Bunlar hər ikisi yaxın kənd, Qumlaqdandılar. Oranın kişilərinin əksəri dəmiryolçu olur. Arada qoyuna, mala nobata gedirlər. Bunların da iki bölük qoyunu vardı, vermişdilər döşə. Özləri yıxılmış çinar gövdəsinin üstündə oturmuşdular. Salamlaşıb əyləşdik, söhbətləşdik. Həmin bu kişilərdən biri necə oldusa, söhbətdə dedi. "Buralar erməni yeri olub". Ağlıma gəldi: Axı, Bakı-Naxçıvan, Bakı-Noraşen, İrəvan-Bakı, Bakı-Qafan qatarları buradan keçir. Bu qatarlarda, vaqonlarda əksərən ermənilər gedib gəlirlər. Bu da ki, bələdçidir, yola baxandır, nədir. Ermənilər görünür qılıqlayıb bu rəyi yeridiblər gic müsəlmanın beyninə: "Buralar erməni yeridir". Ancaq oradan, dəmiryoldan gələ bilərdi bu azğın söz onun başına.

Diri dağı heybətli yerdir, Mazan nənənin məzarı adama doğma gəlir. Elə bil doğrudanca öz nənəndi. Zənən, qadın xaylağına abidə çox az qoyulur. Qadın adına ocaq da çox az rast gəldiyimizdir. Yuxarıda bulaqdı. Suyundan içdik, onları çoban mətəsində qoyub, tərpəndik. Bu dəfə bir də Diri dağa dırmanmayıb, enişdən dolandıq. Maşınımız bizi gözləyirdi.

Beləliklə, Cəbrayıl yeddi qardaş bir bacı olan pirlərin birinin adıdır. Cəbrayıl şəhərinin günbatanında ucalan, Xubyarlıdan yuxarı, Ziyaratdan sallanıb gələn, Minbaşıya, Kavdara doğru alçalıb, təpəliyə çevrilən dağların üz enişə ən hündürü Gordu, Alpaşa yalları, Yarəhmədli aşırımıdır. Buranın adı Mazan nənənin yeddi qardaşının birinin – Cəbrayıl atanın adından götürülmüşdür. Cəbrayıl qəsəbəsinin bir parçası, çaylağın o tayı Mirzəcanlılar özləri də boyunlarına alırlar ki, onların yaşadığı yer əslində Arazbasar, Maşanlı, Hasanlının torpağıdır. Bəs, Mirzəcanlılar kimdir? Haradan Gəliblər? Burası bilinmir, açılmayıb, araşdırılmayıb. Deməyə də dil gəlmir. Mirzəcanlı sözündən erməni iyi gəlir, ermənilər bu adı bizdən götürüblər. Onların türkdən ad, soy götürmələri saysız-hesabsızdır. Sonra, Mirzəcan Mədətov qardaşları da ermənidir. Biri çarın Qafqazı işğal ordusunda general, o biri tərcüməçi – Aşıq Pərinin sevgilisi.

Doğulduğum məskənin adı, kökü ilə beləcə tanış olduq. Bu, mənim yerim-yurdum. Orasını deyim ki, Cəbrayılda bəziləri indiyədək bizi xalis Cəbrayıllı saymırlar. Niyə?!

Qonşumuz İsgəndər oğlu Mustafa atamgil yuxarıda İsgəndər yurdu sayılan məhlədə yer götürüb ev tikəndə, demişdi: "Sizin torpağınız odur, Ləmbərəndədir. Gedin orda ev tikin". O torpaqlar qədimdən Mustafagilinmiş. Amma artıq kiminsə dədə-baba torpağına yiyəlik eləməsi götürülmüşdü. Kim harada istəyir, yerli sovet harada yer verir, orada da tikirdilər. Bəyin, xanın, mülkədarın nə həddi vardı, indinin indisində dura torpaq davasına. Heç bəyliyini söyləyə bilirdi? Bəs bu söhbət haradan? Mən öz soyumuzu tapmaqdan ötrü, Mustafa kişinin söylədiyi sözü açmalıyam.

Cəbrayıl şəhərciyi özü – məncə, kəndlərdən xeyli sonra yurd salınıb. Nə vaxtdan, tarixcə bilinmir. Dürüstləşməyib. Cəbrayıl qədim qəsəbədir, görünür, Türkmənçaya qədər buralar daha gediş-gəlişli olmuşdur. Ruslar gələnədək, Cəbrayılın – Qarabağın başlıca get-gəli, ticarəti, alveri Xudafərindən olmuşdur. Xudafərin adlanan iki körpünün biri indi tarixçilərin söylədiyinə görə, eramızdan qabaq, gərək ki, VII əsrə aid edilir. Sınıq körpü burada sınmaq, dağılmaq mənasında yox, körpünün quruluşu ilə bağlıdır; "sınıq" görünür körpünün endimi, üstü, bütünlükdə görünüşünə görədir. Amma öndəki körpü doğrudan da sınmışdır. Belə ki, ondan çox sonra tikilmiş, eramızın V əsrinə aid edilən aşağıdakı körpü salamat qaldığı halda, birinci körpünün on bir aşırımının bir neçəsi gövdədən qopmuş, uçurlanmış, sulara qərq olmuşdur.

İlk körpü daha əzəmətli, gözəldir. Hündürdür. Üz daşları mərmər təkidir. Sal, parlaq, hamar. Hər iki körpü çaydakı qayalara bitib qalxmışdır, özülü möhkəmdir. Qarabağın, eləcə də Azərbaycanın İrana, İraqa, Suriyaya keçmək üçün yolları, buradan, bu körpülərdənmiş. Onda, o tarixdə Cəbrayıl da başlıca düşərgələrdən biri sayılmışdı.

Belə baxanda Cəbrayıl ölkənin, Qarabağın o tayla, İran və yaxın Şərqə başlıca keçid yeri imiş. Qədimlərə getdikcə, bu yerlərin dəyəri, mövqeyi daha aydın olur. Sınıq körpü eramızdan qabaq tikilmişdir. Araz üstünün qədim zamanlardan başlıca gediş-gəliş yolu olduğu bilinir. Arazı keçməkdən ötrü yer Xudafərin körpüləri olmuşdur.

Arazbasarda körpülərə mən çox tamaşa etmişəm. İlk kərə Cəbrayıla müəllim işləməyə gələndə getmişəm, görmüşəm oranı. Sonralar rayona hər gələndə körpülərə baş çəkmişəm. Bu körpülərə tamaşa etmək gözəldir. İri, sal, ağ daşlarla örtülmüş körpü on bir aşırımdır, tağlar hündür, uca, qəşəngdir. Orada suvarma üçünmü, nə üçünsə körpü döşəməsinin yanı ilə boruya oxşar tikili də var. Bəlkə də su qurğusudur, suyu qaldırıb, ötürürmüşlər çayqırağı torpaqlara. Bu körpü tikilən iri, hamar, sal daşların haradan gətirildiyi adamı düşündürür. Roma imperiyası haranı tutsa orada, ilk növbədə məbəd, jardən-bağ salar, körpülər tikərmiş. Avropada romalıların tikdikləri belə abidələr var. Onları turistlərə göstərirlər. Cəbrayılda, Qumlağ yaxınlığında Araz üstdəki körpü də mənə məsələn, Qardən – körpüsünü xatırlatdı Fransada. Hətta ağlıma gəldi ki, Xudafərin körpüsünü də romalılar tikmişlər.

Sonralar Hacı Qaramana gedərkən, oradakı məbədi, mədrəsəni gördükdə anladım. Sınıq Körpünün daşları da Qaraman ocağı, mədrəsə, məsciddəki daşlardandı. Deməli, o körpü də Qaraman məscidi mədrəsəsi təki yerli daşlardan tıkılmışdı.

Dağları, qayaları çapıb daşımış, körpüləri, ondan çox-çox sonra mədrəsəni tikmişlər. Sonrakı körpü kərpicdəndir. On altı aşırımdır. Hələ ki, bir şey aydın deyil. Bu körpünü kim tikmişdir, kimə tikdirmişdir? Onun baş memarı, mühəndisi kim olmuşdur? Körpünü yaradan bilinmir. Bilinsə, keçmişin çox uzaq bir məqamından bir unudulmaz memarın adı qalar, çəkilər, tanınardı. Bundan tarix xeyli gerçəkləşərdi.

Onda eramızdan qabaq VII əsrdə buralarda həyat, yaşayış necə olmuşdur? O tay bu tayda başlıca sakinlər kimlərmiş? Bu sarıdan tarixçilər xalqa çox borcludurlar.

Ruslar Azərbaycana gəlincə, Türkmənçay müqaviləsi bağlananadək, körpülər işləmişdir. Quduz işğalçılar Qafqaza girdikdən sonra körpülər ehtişamını itirmişdir. Yollar dönmüş – şərqə, cənuba yönələn yollar çönüb başıyuxarı – Qafqaza, Rusiyaya, Avropaya uzanmışdır. Azərbaycanın ruslaşması, avropalaşma meylləri də bundan sonra başlamış, qoşa körpü gediş-gəlişini itirmişdir. Yoxsa, hələ çar vaxtı da İranla, Şərqlə əlaqələr büsbütün kəsilməmişdi. Təbrizə, Xorasana, Kərbəlaya, Məkkəyə tacirlər, ziyarətçilər gedib gəlirdi. Elə ki, Sovet hökuməti quruldu, bütün bunların kökü kəsildi. İran, Yaxın Şərq, eləcə də Türkiyə az qala düşmən ölkə kimi beyinlərə yeridildi, İran mənşəli azərbaycanlıları dönə-dönə o taya, Orta Asiyaya, Qazaxıstana sürdülər.

Cəbrayılda da iranlılar yaşayırdı, onların hamısını ailəlikcə köçürdülər o taya, İrana, Cənub dağlarına, hətta Araza baxmaq yasaq edilmiş təkiydi.

Ermənilər hələ Qarabağı tutmamışdılar, Sovet hökuməti hələ yıxılmamışdı, rus qoşunu da Azərbaycanda vardı, sərhədd zolağı, sərhəd məntəqələri – zastavalar onların əlində idi.

Səksəninci illərin axırı Cəbrayılda idim, Akiflə – əmımqızı Məhparənin əri – Horadizə getmişdik. Orada çayxanada bir zabitlə görüşdük, mayordu. Mənim yazıçı olduğumu biləndə dedi: "Bizim zastava rəisləri ilə görüşün". Güman etdim ki, beş-üç hərbçidir. Razılaşdıq.

Demə, mayor Hadrutda yerləşən qərargahın rəisi imiş. Gerasimovdu, nə idi, sonralar dedikdə Cəbrayılda onu tanıdılar, özü də bildirdilər ki, yaxşı adam deyil, bizə münasibəti də qaranlıqdır.

Onunla gəldik, məni sərhəd məntəqəsində klub təki bir yerə gətirdi. Bir də baxdım ki, salonda azı iki yüz zabit əyləşib. Demə başqa tədbirləri varmış, "yazıçı ilə görüşü" də qənimət bilib, yığıncağa qatıblar.

Keçib səhnədə, rəyasət yerində oturduq. Məni mayor təqdim etdi. Başladılar suallar verməyə. Salondakının hamısı sarı, rusdu, bir nəfər olsun qaraqaş-qaragöz yoxdu. Deməli, doxsanacan zastava rəisi idi, Qaradonludan Meğriyəcən bütün sərhəd məntəqələrinə baxırdılar.

Bunlar sual yağdırmağa başladılar. Birinci onu soruşdular. Bir qısa film vardı, onu televiziyada göstərmişdilər, mən də baxmışdım. Həmin qısametrajlı filmdə belə bir hadisə göstərilmişdi. Sərhəddir, sarı-rus sərhədçi əlində avtomat ona tapşırılmış sahədə, tikanlı məftillər çəkilmiş zolaqda o baş-bu baş gəzmir. Bir oğlan uşağı da onu güdür. Uzaqlaşmağını gözləyir tezcənək dəmir məftillərdən o taya keçsin. Sərhədçi əsgər – saldat şübhələnib. Uşaq yaxınlaşır məftil çəkilmiş sərhəd zolağına. Birdən ozünü atır bu tikanlı məftillərin üstünə, əlində də gitara var, saz olsa daha yaxşıydı. Uşaq o taya keçməkdən ötrü tikanlı məftillərə sarılır, qırmağa çalışır dəmir tikanları. Saldat görür, avtomatı çevirir, atəş açır. Uşaq dəmir-tikan çəpərə sərilir, ölür.

Zastava rəisləri məndən soruşdular: – Siz o filmə necə baxırsınız?

Bu kiçik film onlara bərk toxunubmuş. Dedim, təsirli lentdir.

Daha sonra bir sual verdilər: – O taya can atırdınız, deyirdiniz qoymurlar. İndi aranı-məftili götürmüşük. Bəs, niyə keçmirsiniz o taya? Kimsə yaxın düşmür. – Dedim: – Yüz illərdən bəri yerli əhaliyə oraları yasaq etmiziniz. O tayı düşmən kimi tanıtmısınız. Bizə – əhaliyə bütün məktəblərdə, tarix kitablarında bu sayaq rəy aşılamısınız. Ona görə də indi kimsə inana bilmir ki, yasaq götürülmüş, sərhədlər açılmışdır, oraya getmək olar.

Daha demədim. Bu ona bənzəyir ki, heyvanı illərlə zəncirdə bağlı saxlayırsan. Sonra açsan da bağlandığı yerdən getmir, qopmur, elə bilir yenə zəncirdədir.

Üz tutub sərhəd məntəqəsi rəislərindən soruşdum:

– Araz boyu İranla bizim aramızda neçə zastava var?

Dedilər: – Gərək ki, doxsan! – yaxşı yadımda deyil. Soruşdum:

– Sizin sərhəd məntəqəsi rəisləri arasında bircə nəfər olsun yerli millətin nümayəndəsini görmürəm. Bunca zastavanın neçəsinin rəisi azərbaycanlıdır?

Susdular, bəlkə onu da yalandan dedilər: – İkisi!

Dedim:

– İkisi! Bura Azərbaycandır. Bu sərhəd, torpaqlar bu xalqındır. Sərhəd məntəqələrinin rəislərinin bircəsi yerli millət, azərbaycanlı deyil. Niyə? Bizə inanmırsınız. Bəs belə isə əhali, yerli millət sizə necə inansınlar?

Dilləri batdı. Yaman yerdə tutmuşdum onları. Mən Cəbrayılın Arazbar Şükürbəyli kənd məktəbində işləmişdim. Sərhədçilərə bələddim. Bilirdim ki, onların arasında hər millət var, erməni daha çox, azərbaycanlı yox. Ermənilərə inanırdılar, onları yuxarı vəzifələrə, sərhəd məntəqələrinə rəis, qərargah başçısı qoyurdular. Bizi əsla, ayrı-seçkilikdi. Qədimdən bəri erməni rusa, farsa da əlverişliydi. Arxayındılar, inanırdılar. Onlara, bizə yox. Hansı ədəbiyyatdasa oxumuşdum. Türkmənçay bağlaşmasından sonra erməniləri İrandan bu tay Azərbaycana köçürərkən, Təbrizin komendantı erməni olmuşdu. Bütünlükdə əvvəldən axıra Qafqaz əndişəsində ruslar farslarla əlbir olublar, bir-birilə gənişiblər, bizə qarşı. İranda erməniyə himayədarlıq özünü həmişə göstərib.

Xalq cəbhəsinin işləri genişləndikdə Cəbrayılda da əhali ayağa qalxmışdı. Basıb gediblər Xudafərinəcən. Orada sərhədçilərə deyiblər "Aranı götürün, sərhəddi sökün! Biz qardaşlarımızla görüşmək istəyirik". O taydan da qardaşlar gəlibmişlər, qohum-əqrəba. Biri-birini çağırır, səsləyir, soraqlaşırmışlar. Bir rus zabiti düşüb qabağa. Sərhəd sahəsinə toplaşmış dəliqanlılara, cavanlara deyib: – "Gəlin ardımca". Bunları o yerə aparıb ki, şam, ulğunluqda büsbütün top, tank, BMP saxlanıbmış. Demişdi: – "Hünəriniz var tərpənin. Yerlə yeksan edərik, hamınızı qırarıq!"

Baş-ayaq qoymuşdular tariximizi, yasaq etmişdilər Xudafərin körpülərini. Onları görmək tarixi görməkdi. O torpaqlara baxmaq bir xalqın necə ikiyə bölündüyünü düşünməkdi. Ən yaxşısı bu idi: Bu millətin gözünü bağla, açıq olsa da görməməli yeri, mənzərəni görməsin. Sovet quruluşunda katiblər, kolxoz sədrləri, sovet sədrləri o tayı gözdən salırdılar, sərhəd məskənlərinə yaxın yaşayan casuslar elə hey adam satır, çuğulluq, şeytanlıq edirdilər.

Qabaqlar sərhədçi qərargahı, rəislik Cəbrayılda yerləşirdi. Onların möhüründə Cəbrayıl – "Djebrail" adı yazılırdı. Biz gözümüzü açıb kəndimizdə-qəsəbədə sərhədçi rus əsgərlərini görmüşdük. Sərhəd bölməsi, ön partiya komitəsi, bizim yerli NKVD – KQB əlbir işləyirdi. Sərhədçi məmurlar ucqar bir əyalətdə Cəbrayılda kefi kök, ailəlikcə yaşayırdılar. Nəhəng ölkənin min-min kilometrlərlə dolanan sərhəddinin bir parçasını qoruyurdular. Atlı dəstə vardı. Onlar qaçaqlarla vuruşur, sərhəd pozanları yaxalayırdılar. Hökm onların əlində idi. Arabir öz aralarında hadisə də olurdu. Sərhədçilər, iki zabit oğlan gedib Hasanlı bulağı üstündə yeyib içmiş, sonra öcəşmiş, biri tapancasını çıxarıb o birini vurmuşdu. Yaralını ağır halda arabaya qoyub Mirzəcanlının arasından gətirib, sərhədçi şəhərciyinə – "voyenni qorodoka" qaldırdılar.

Bədöy atları olurdu, Dəyirman dərəsində, Ağoğlan yamacında sınaq keçirdilər. Sərhədçiləri bəlkə qəsdən belə şıq, gözəl geyindirirdilər. Yaraşıqlı, ötkəm oğlanları seçib göndərirdilər. Atlarından tutmuş tövlələrinədək hamısı sahmanlı, səliqəli, təmiz, gözəldi. Onlardı sovet hökumətinin dayaqları, yeni quruluşun rəmzi. Moskvadan, Leninqraddan buraya, Arazqırağına, İranla sərhəddə xidmətə gələn hərbiçi əlbəttə, öyrədilir, ona çox mətləbləri qandırırdılar. Yerli əhali ilə davranış, bu millətin varlığını, ruhunu, sərhəddə yaşayan əhalinin adamların xasiyyətini hərbi xidmətə sərhəddə göndərilən şəxslərə anladır, qandırırdılar.

Biz çolma-çocuğun sərhədçilər şəhərciyinə, orada yaşayanlara qızğın marağımız vardı. Sonralar onlarla ünsiyyətimiz də bu həvəsdən törəndi. Bu barədə danışacam. Onu saxlayıb keçirəm, Cəbrayılın mənşəyi, soy-kök arayışlarının ardına.

Soy-kök

Cəbrayıl əhalisi bir neçə soyla, tayfayla tanınır. Mehdili, Mirzəcanlı, Maralyan, Sarıcallı, Sultanlı, Maşanlı, Alıkeyxalı, Qumlax, Xudafərin. Bunlar Arazbar tayfalarıdır. Bir qism Qarabağın içərilərindən köçüb gəliblər. Cəbrayılın ən iri kəndi olan Arazqırağı Mərcanlılar, Cocuq Mərcanlılar – Bala Mərcanlı da deyilir, bunlar deyəsən Bərdə səmtlərdən gəliblər. Bizim tayfanın da bunlara çatacağı var. Arazbasardan yoxuşlara qalxdıqca İmambağı, Fuğanlı, Kufulyataq, o üz – Minbaşılı, Kavdar Veysəlli camaatıdır. Onlardan Günbatana gəlir Göyərçin Veysəlli, üzüyuxarı Qalacıq, Hovuslu, bunlara Əhmədlilər də deyilir. Bilmirəm, bu Əhmədlilər bizim soyumuz olandır, yoxsa yox. Qabil Əhmədli bir kərə mənə zəng çalmışdı. Bunu araşdırmaq üçün. O deyir ki, biz hamımız Əhmədlilərik, Qalacıqla birgə Qaraman da bura ilə qohumdur. Qabil belə söyləyirdi ki, Əhmədlilər – biz əslən Bərdəli, Ləmbərənli yox, elə Cəbrayıl Əhmədlisindənik. Belə ki, bunlar oradan gəlmə deyil, onlar Əhmədlidən getmədir.

Dolaşıq işdir. Soy – kök sarıdan mən gərək Məcid kişi ilə danışa idim. Köhnə, qədim kişilərdən qalan o idi, ağsaqqal, əmimiz əvəziydi. O, Qalacıqda yaşayır, iki qardaşdılar, Kərim və Məcid. Onların övladları, bizimlə əmioğlu, əmiuşağı sayılırdı. Məcid kişi bu yaxınlarda rəhmətə getdi, doxsandan yuxarı yaşamışdı, uzun illər sovet sədri işləmişdi. O çox şeyi bilərdi. Bizim tayfa Ləmbərandan nə zaman gəlmiş, niyə gəlmişdi? Onların Bərdə – Ləmbəranla get-gəlləri vardı, qohum-əqrəba tanıyırdılar bir-birini. Soruşmadım Məcid kişidən, rəhmətə getdi.

Öz soyumuzu tanımaq, bilməkdən ötrü mən atamdan – rəhmətlik Məhəmməd kişidən də bəzi şeyləri öyrənə bilərdim. Heç olmasa, şəcərəmizi üçüncü nəslədək ondan öyrənərdim. Mən bilmirəm Məmmənin (atamı Məhəmməd əvəzinə belə çağırırdıq) babasının adı nədir, Məmmə Ləmbərənli qohumlardan kimləri tanıyırdı.

Vaqif məndən artıq bilirdi, tanışlığı vardı. Fikrət Əfəndiyev adlı raykom katibi vardı, Zərdabın katibiydi. O zaman Vaqif Cəbrayılda katib idi. Bakıda, iclaslarda görüşürdülər. Söhbətdən anlamışdılar, Fikrət Əfəndiyevin bizimlə qohumluğu çatır, bir soydanıq. O da bizim, ata-babamız təki Ləmbərənliydi.

Bir xeyli də Qumru bibinin taleyində açılırdı bizim soyun tarixçəsi. Belə ki, Qumru bibini körpə qız vaxtından bizim tayfadan adlı-sanlı kişi qızlığa götürmüş, böyütmüşdü. Qızın əsli rus, ya daha düzü tatardı. Qumrunu Əhməd əmimə aldılar. Züryətləri olmadı. Qardaşı Məhəmmədin ilk övladı Cəmili onlar oğulluğa götürdü. Cəmili dörd-beş yaşınadək onlar saxladılar. Onlar anamıza atasının verdiyi evin kəlləsində, çiy kərpicdən tikilmiş bağdatı otaqda yaşayırdılar. Əhməd əmimgilin bir şəkli qalır. Həmin şəkil Cəmilin Cəbrayıldakı muzeyində idi. Ermənilər cırıb atmayıblarsa durur. O şəkildə Əhməd əmimdi, sürmeyi qalife şalvar, köynək, başda buxara papaq, ayaqlarında tumac uzunboğaz çəkmələr. Qıçını-qıçının üstünə aşırıb. Kişini mən yaxşı xatırlayıram. Zəhmli, ağır görünüşlü adamdı. Hamı, uşaq-böyük ondan çəkinir, qorxurdular.

Bir kərə həyətimizdən enmişdim qəsəbənin başlıca küçəsinə açılan dar dalana. Dayanmışdım dalanın ağzında. Özümü burada elə asudə zənn etdim, başladım fit çalmağa. Bir də qalın, cod bir səs eşitdim: "Meşədəsən?!". Demə, Əhməd əmim əyləşibmiş üzbəüz küçənin o tayındakı dükanın hündür səkisində. O, bir yerdə işləmirdi. Ona dükan səkisində kətil qoyurdular. Əyləşib, orada dincəlirdi. Həndəvərə baxırdı. Məni görübmüş, fışdırıq çalmağım onu acıqlandırıbmış. Əhməd əmim Birinci dünya müharibəsindəmi, Vətəndaş müharibəsi döyüşlərindəmi iştirak etmişdi. Güman, sovetlər uğrunda vuruşmuşdu. Bir əlindən yaralanmışdı, ona görə təqaüd alırdı. Onunla dolanırdı. Nə biləsən bəlkə, "Diki diviziya" da döyüşmüşdü. Çar qoşununda olmuş olsa idi, sovetlər ona təqaüd verərdilərmi?

Əhməd əmim atamgilin böyüyü, Molla Bəkirin ilk övladıydı. Onun ilk zövcəsi Qumruydu. Ona hamımız Qumru bibi deyirdik. Nəcib, ağıllı bir qadındı. Ağbəniz, burnunun ucu azacıq dik, saçıkəsik, boyu uca. Avropa xanımları dəbində geyinirdi. O şəklə baxanlar təəccüb edirdilər. Cəbrayıl təki ucqar əyalət qəsəbəsində bu geyimdə, görnüşdə xanım haradan? Onda qadınların hamısı uzun, topuqlarına düşən neçə taxta dizliktuman geydikləri halda, Qumru bibi dar, kip məxmər don geymişdi. Başında qəribə bir papaq vardı. Belinə enli kəmər qurşa-mışdı. Əyilib Əhməd əmimin çiynini qucmuşdu. Balaca Cəmilsə yaxası hörmə-toxumalı təmiz ağ köynəkdə, dizdən olan şalvarda, başıaçıq, alnıaçıq, körpə yaşından ciddi, düşüncəli bir uşaqdı. Əmimin dizinə söykənmişdi.

Əmimlə Qumru bibi bir neçə il bizdə, bizim bağdatı otağımızda yaşadılar. Cəmil də əksərən onlarla olurdu. Onun tərbiyəsi, böyüməsinə Qumru bibi baxırdı. Əmimlə bibi yola getmirdilər, tez-tez öcəşirdilər. Əmim ötkəm, xırsız insandı, bir kimsə onun sözünün qabağına söz qoya bilməzdi.

Əhməd əmimlə Qumru bibinin ayrılmağı indiki təki gözümün qabağındadır. Bağdatı otaqda əmimdi, bir də Qumru bibi. Özgə kimsə yoxdu. Mənsə artırmada, onların açıq qalmış qapısına yaxın dayanıb, səsimi udub, onları busurdum. Çox olsa üç, dörd yaşım olardı. Şeyləri, mülkiyyətdən nələri vardısa bölür, pay-püşt edirdilər. Əmim bir əşyanı, şüşə buludu, nimçəni, qabı götürür və Qumru bibiyə uzadırdı: "Bu sənin!" – deyirdi. Ondan sonra başqa bir əşyanı götürüb, özünə verirdi. Beləliklə bölüşürdülər. Bu daha hər kəsin öz şeyi idi, onunla necə istəsə davranardı. Hirsdən heç biri ona düşən payı saxlamır, qaldırıb göydən yerə çırpır, parçalayır, dağıdırdı. Bölünən maldan, variyyatdan ayrıldıqdan sonra heç birinə heç nə qalmır, götürmək istəmirdilər. Görünür, hər ikisi bu acı günün dəlili təki bölünmüş əşyadan heç nə saxlamaq istəmirdi.

Əhməd əmim əlində nə isə qovzayıb daha möhkəm yerə çırpdı. Hər ikisi birgə variyətlərini ayrıldıqları ayaqda puç edirdilər. Otağın ortasına çırpılmış, cilik-cilik olmuş çinilərə, qablara heyfim gəlirdi. Onlar məni görmürdülər. Acığını, kinini hər kəs payına düşən əşyanın üstünə tökürdü.

Əmimlə Qumru bibim belə boşanıb ayrıldılar. Amma bizdən ayrılmadılar. Qumru bibi yığışıb, köçüb getdi qonşu rayona, dəmir yolda feldşer işləməyə başladı. Hərdən gəlir bizə, Cəmilə baş çəkirdi.

Qumru bibi bizi çox istəyirdi. Cəmilin başına gələn faciə, onun döyüşərkən, müharibədə, uzaq bir diyarda Polşada öldürüldüyünü bilərkən anam elə hey Qumru bibini qınayır, yamanlayırdı. Guya o, saxlamış, o, tərbiyə vermişdi. Onun böyütdüyü uşağın taleyi acı olmuş, ömrü cavan ikən sona çatmışdı.

Əhməd əmim Qumru bibidən sonra iki kərə də evləndi. Hər ikisi rus qadınıydı. Ya gedib onlarla yaşayır, onların evində, ya da mənzil tuturdular… Axırda, o da Qumru bibi kimi çıxıb getdi, biryolluq getdi. O, bibi təki istiqanlılıq göstərib, gəlib bizi görmədi. Biz də onu aramadıq. Müharibədə itdi. Qumru bibi ömrünü Cəbrayılda başa vurdu. Onu Vaqifgil dəfn etdilər. Mən qəbrini görmüşdüm. Başdaşındakı yazını xatırlayırdım. Qumru bibinin familyası "Əfəndiyeva" yazılmışdı. Bu Əfəndiyev haradandı? Görünür onu qızlığa götürmüş, bizim soydan olan kişinin familyasıydı. Vermişdi qızlığa götürdüyü Qumruya.

Beləliklə, bizim əsl soy adımızın izinə düşürəm. Bizmlə bir soydan olan kişinin, Qumru bibimin qəyyumunun famili – soy adı Əfəndiyev olduğu halda, bizim adımız niyə Əfəndiyev yox, Əhmədovdu? Burasını aydınlaşdırmağa çalışdım.

Qumru bibiyə soy adını vermiş kişi bizimlə ata sarıdan yaxın qohum, əmioğludursa, onda bizim də familyamız onunkundan – Əfəndiyev olmalıydı. Bəlkə Əhməd əmimin familyası belə imiş? Əfəndiyev yazırmış. Zövcəsi Qumruya da soy adı – familiya veribmiş. Deməli, bizim də familyamız əmiminkindən olmalıymış. Bəs Əhmədov niyə?

Bütünlükdə bunlar ruhani, molla olublar. Babam molla idi, mirzəlik edirdi. Molla Bəkir kimi tanınırdı.

Bəs nə üçün biz bu familiyanı götürməmişik? Bilmirəm. Bəlkə, böyük əmim, Əhməd əmimin də soyu Əfəndiyevmiş, Qumru bibimin baş daşındakı "Əfəndiyeva", eləcə də Qumru bibinin bir vaxtkı əri, sonra ayrıldıqları Əhməd əmimin famili imiş. Əhməd əmim müharibə başlayandan xeyli qabaq gedib Rusiyada yaşayırdı…

Otuz dörd-otuz beşinci illərdə Azərbaycanda hamı yeni qayda ilə familiya götürməyə başlamışdı. Bizim evdə də götürqoy edilir, hətta "Əfəndiyev" ortaya gətirilirdi. Mədəni inqilab gedirdi o illərdə. Hər şey sovetləşir, yeni quruluşa uyğunlaşırdı. Onda Cəmil beşinci, altıncı sinifdə idi. Ona məktəbdə, sinif jurnalında familiya verilməliydi, yazılmalıydı. Dürüst soyad arayırdı hər kəs, hər ailə. Bəy-xan dövrünü yada salan molla, əfəndi, zadə ilə bağlı familiyalardan, soy adlarından çoxları çəkinir, qorxur, min illik köklərindən üz çevirib, yapışırdılar təzə uydurma soylardan. Qədim ad, nişanə, rütbə, keçmişin əsil-nəsəbi ilə bağlı familiyalardan qaçır, şübhə doğuran soydan daşınırdılar. "Əfəndiyev" soyu bəy, xan təki gözdən salınır, sıradan çıxarılırdı. Rüstəmbəyovlar, Əlibəyovlar, Kişibəyovlar bəyi atır, bəysiz, xansız, yalın adlar qabağa çıxırdı. Bizimkilər görünür qədim, keçmiş ayamı xatırladan, yüksək rütbə, mənsəbə yaxın olduqlarını gizlətməkdən yana Əfəndiyevdən çəkinmişdilər. Ağlabatandı. Onda bəs bunların soyu necə yazılmalıydı? Uşaq olsam da, güclə xatırlayıram: Əhmədovun üstündə dayandılar. Özü də Əhmədzadə, Əhmədli yox, eləcə Əhmədov. «Ov» bunlarındı – sovetlərin.

Bəs niyə Əhmədov, haradan hara? Əmimin adı Əhməddi, adətən ata öz öğluna atasının adını qoyardı. Görünür, Əhməd atamın atası Molla Bəkirin atası, babası imiş. Babam övladına rəhmətlik ata-babasının adını vermişdi. Familiya – "hər kəsin babası olmalıdır" qaydası ilə də həmin ad bizim yeni familyamız olmuşdu.

Köhnə, ənənəvi soy hər dəfə itir, babanın adı soyad təki götürülürdü. Belə olduqda nəsil-kök ənənəsi pozulurdu, hər doğulan uşaq babasının adını familiya götürməklə mərhələ-mərhələ familiya da dəyişir, köhnə baba itir, yeni babanın adı doğulan yeni uşağa verilirdi. Beləliklə soy özü mərhələlərlə yeniləşir, itir, yenisi ortaya çıxırdı. Bu sovet quruluşunun yeniləşmə, köhnələri itirmək, tarixi pozmaq, unutmaq niyyətinə uyğun, büsbütün nankorluq, nəsli danmaqdı.

Hər halda belə qurtarıram: Əhməd bizim ulu babamız olub, onun adını babamız Molla Bəkir böyük oğluna vermişdi, həm də bu bizim familyamız sayılmalıydı, soy ad nəsillikcə deyil, hər kəs babasının adını götürmək qaydasına uyğun ola-raqdan.

Soy adımız aydın oldu. Gələk baba üstünə. Babam, molla Bəkir şək-şübhəsiz, ləmbəranlıdır, oranı mən görməmişəm, Ləmbəran böyük kənddir, eşitmişəm, bilirəm yaxşı barama becəriblər. Bu kənd gah Bərdə üstə gedib, gah Ağcabədi. M.F. Axundovun hansı komediyasındasa: "Ləmbəran baramaçısı" sözü də var.

Molla Bəkir Cəbrayıla oradan gəlib. Molla Bəkiri biz görməmişik. Amma onu görənlər qalırdı. Vaqif Minbaşılıda sovxoz direktoru olanda, mən onunla hərdən kəndə gedirdim, Fətəliyev Əyyubun atası dururdu, doxsandan keçmişdi yaşı. O, mənə Molla Bəkir barədə danışırdı: "Lap yaxşı yadımdadır. Gəlirdi, taxıl biçini vaxtı". Hər ruhani, mollanın öz kəndi vardı. Görünür, biçin vaxtı da gedib, oradan paylarını alırmışlar. Başqa, babam barədə heç Məmmədən də bir elə söz eşitməmişəm. Atam öz nəsil-nəcabəti, ata-babası barədə danışmaz, susardı. Niyə, bilmirəm. Bircə onu bilirəm ki, babam Molla Bəkirin Ləmbərandan çıxmağı eləcə adi köç olmamışdı. Orada ağır hadisə baş vermişdi, qan düşmüş, ölüm olmuşdu.

Hadisədən sonra Molla Bəkir və bütün o tayfa baş götürüb kənddən uzaqlaşmışdı. Bəs, niyə Cəbrayıla, Arazqırağına, Mərcanlıya gəlmişdilər? Bu da sualdır. Mərcanlıda, Cəbrayılda bunların əzəldən düşən yeri, qohum-əqrabası olmuşdumu? Yoxsa təsadüfdü, bilmirəm. Mərcanlıların özləri də axı haradansa gəlmədilər. O torpaqlar əslində Maralyanındır. Babam Ləmbərandan subay gəlib. Gəlib Cəbrayılda evlənib. Onda o, atası, əmisi ilə birlikdəmi gəlib, ya necə? Bu da bilinmir. Bunlar çox uzaq tarix deyil. Bütün bunları görən, bilən onlara yaxın kəslər yaşadığı halda, canlı şahidlərdən soruşub, öyrənə bilərdim. Öyrənməmişəm atamdan, Məcid kişidən, son vaxtlaracan yaşayan, o vaxtkı, inqilaba qədərki kəslərdən öyrənərdim. Bir sözlə, mən soy-kökümü aramaqda çox başısoyuq tərpənmişəm, aramamışam. Aramalı, dəyərləndirməli, quruluşun özü idi, onun tarixi yenicə yaranırdı. Olan-qalan, arayıb-axtarmalı, dəyərli, yenicə yaranmış, yenicə doğulmuş bu quruluşun özü idi. Bütün maraqlar ona uyarlı olmalıydı. Aydındır! Hər şey sovetlərə!

Ata-nənəmiz sarıdan biz Cəbrayılla, Mirzəcanlıyla bağlıyıq. Babam molla Bəkir Cəbrayılda, Mirzəcanlıdan evlənib. Xalisə adlı nənəm – onun arvadı yaşayıb xeyli. Varlı-karlı olmayıblar. Amma tarixli tayfadır. Ata-nənəmgil Səhliyallar tayfası adlanır. Çoxları indi özünə əsil-nəsəb düzəldir, keçmişini arayıb, bəy, xan, qubernator, aşağısı yüzbaşıya çıxır. Bəy, xan yenidən dəbə düşür və hər kəs öz qədim soyuna qayıdır. Bəy, xandan uzaq, muzdur, nökər olan da, bəy, xan soy adı qoşur özünə. Tarix belə çevrilir. Bir zaman əslini dananlar, qayıdır ona. Kommunist, bolşevik, Sovet, Şura, Telman – alman kommunisti, Ernest, İnter və sair adlar aradan götürülür.

Molla Bəkir babamın iki oğlu bir də qızı olub. Əhməd, Məhəmməd, cavan ikən ölmüş İsmət. Molla Bəkir rəhmətə gedib, arvadı Xalisə ondan sonra İba bəyə ərə gedib. Bunun üstündə yekə oğlanların anaları ilə arası yoxmuş. Niyə ərə gedib? İba bəy varlı-karlıymış, Xalisədən bir oğul törədəndən sonra, o da tezliklə rəhmətə gedib, Xalisə dul qalıb. İkimərtəbə, alt-üst ev qalmışdı Xalisənin İba bəydən olan oğluna – İbaya. İba, atamın anabir qardaşı idi. Onu uşaqlıqdan atam böyütmüşdü. Həm də bu uşaq onun anasının birinci əri Molla Bəkir rəhmətə getdikdən sonra yeni ərə, bəyə getdiyininin canlı şahidi idi. Bu atamı sıxırdı. İba əmimi tanıdanda deyirdi: "Bu da mənim ögey qardaşımdır".

Ögey olsa da bizi yaman çox istəyirdi. O, atamdan kürəkli, qüvvətli, möhkəm yerişli bir cavandı. Məhkəmədə icraçı, "sud ispolnitel" işləyirdi. Məhkəmə Bazar küçəsində alçaq bir otaqda idi. Uşaqkən əmimin yanına gedir, ondan pul istəyirdik. O da bizə xırda pullar verirdi. Ondakı sikkələr də puldu.

Sonralar İba əmim orta məktəbdə hərbi dərs keçirdi. Müharibə illəri cəbhəyə əsgər aparırdı. Hərbi komissarlıqda işləyirdi. Dağıstana, şimala döyüşçü aparırdı. Bir kərə də gedib çıxmışdı Dağıstanın İzberq stansiyasına. Onda Cəmil Şimalı Qafqaz döyüşlərində, ilk vuruşmalarda biləyindən yaralanmış, İzberq stansiyasında hərbi xəstəxanada, qospitalda yatırdı. Əzəlcə dörd ay Salyan kazarmında hərbi təlim keçib, sonra, onlara zabit adı verməli olduqları halda, sıravi döyüşçü kimi göndərmişdilər Qafqaz cəbhəsinə. Ağır döyüşlər gedirdi. 1942-ci ilin payızı idi, almanlar bərk gəlirdilər. Bizim halımız gün-gündən xarablaşırdı. Cəmilgili də göndərmişdilər cəbhəyə. Alman qoşunları artıq Maykopu, Mazdoku tutub Mahaçqala kandarına çatmışdılar. Həmin ağır döyüşlərdə Cəmil cəbhəyə göndərilmişdi. Məktubunda yazmışdı: "Səslərini eşidirik". Yəni atışma, top, mərmi səslərini deyirdi. Senzuraya görə açıq yazmırdı. Məktubu bir ara kəsildi. Sonra birdən poçtalyon Şıxı oğlu Nəriman: "Muştuluq!" – deyib hövlnak darvazamızdan girmişdi. Cəmildən məktub gəlmişdi, büsbütün əlimizi üzdüyümüz yerdə. O, yaralanıb Dağıstanın İzberq stansiyasında, evaqospitalda müalicə olduğunu bildirirdi. Biləyindən dəymişdi güllə. Yazırdı kı, bununla sizə beş məktub yazıram, cavab almıram. Demə, məktublar yığılıb, gəlib çatmayıb. Tezliklə dalbadal məktubları gəldi, üçkünc kağızlardı, üstündə də üçbucaq möhür. O, hər məktubunda yazırdı: "Tezliklə genə sağalıb gedəcəm cəbhəyə". İlk məktublarında belə yazırdı. Biz elə bildik daha getmiş olar, aparmış olarlar. Sonra yenə qospitaldan məktubu gəlir, yazırdı mandalina çalıram. Mandalina çalan əl əlbəttə sağalmaq üzrəydi və yenə silah tutmağa göndəriləcəkdi. İba əmim İzberqə əsgər aparmışdı. Deyib yəqin Cəmil çıxmış olar. Ona görə də qospitala baş çəkməyib. Halbuki, getsə onunla görüşə bilərmiş. O, əsgərləri yerinə təhvil verib qayıdandan neçə müddət sonra da Cəmilin İzberqdən kağızı gəldi. Əmim gedərdi qospitala, onu tapardı. Bəlkə icazə də alar, Cəmil gəlib bizimlə görüşər, yarası sağalanadək də Cəbrayılda qalardı. Bu olan işdi. Qismət deyilmiş… Sonra İba əmimin özü də getdi cəbhəyə, taqım komandiri idi. Ağır döyüşlərdə oldu. Yaralanıb çox ağır halda qayıtdı Cəbrayıla. Onun zövcəsi Rəşid müəllimin bacısı Bilqeyisdi. Bizdən böyük olsa da orta məktəbdə bizimlə bir sinifdə oxumuşdu, bacısı Pəri ilə. İba əmim Fuğanlıda onların evində yatırdı. Başından yaralanmış, dili batmış, kəllə sümüyü parçalanmışdı…

Sağaldı, ömrünün axırınadək Cəbrayılda Qorki adına məktəbdə hərbi müəllim işlədi. Diribaş kişiydi. Xəstə ikən gedib ona baş çəkirdik. Vaqif Cəbrayılda katib idi. Bilqeyis bacı həmişə gileylənirdi ki, niyə gəlmirsiniz? Görünür, umurdu. Axı, niyə ögeylik salaydıq. Onun da ağlına gələrdi ki, atamla anabir, ata ayrı olduqları üçün biz də onlara yovuşmuruq. Gedib baş çəkirdik. Bilqeyis bizi çox istəyirdi. Gedəndə üzümüzə olduqca xoş baxır, qonaq eləyirdi. Yaxşı bağçaları vardı.

Son dəfə gedəndə əmim alt-üst bəy evinin üst eyvanında, taxtda, açıq havada yatırdı. Bəy mülkü tökülür, sökülürdü. Ağac pillələr tərpənir, titrəyirdi. Əməlli təmirə ehtiyac vardı. Xörək hazırladılar. Araq aparmışdıq. Yedik, əmimdən soruşdum: "İçərsənmi?" Dedi: "Hə". Bir çapma stəkan da ona tökdüm. Yataqda uzandığı halda dikəlib içdi. Qoy nisgilli qalmasın. Bizim gəlişimizə çox şaddı, kövrəldi.

Əmim bir müddət sonra rəhmətə getdi.

Bir kərə hüzr yerindən bizi bir oğlan gətirirdi, maşın onun idi. Orada, yasdan çıxanda dedilər qoy bu oğlan sizi aparsın. Mindik onun "jiqulisi" nə. Yolda söylədilər ki, bəs o, Cabanın qızı Ceyranın oğludur, biznesmendir. Qəşəng, iri alağöz, ağbəniz oğlandı. Babası Caban da qollu-qanadlı, şaqqalı kişi idi. Belə deyəndə, Ceyranın oğludur, deməli olurdu Cabanın nəvəsi. Böyük oğlum Etibar da maşında idi. Dedim Etibar bir kişinin nəticəsi budur, həmin kişinin – Məşədi Abışın doğmaca bacısı Məşədi Əsmətin də nəticəsi sənsən. Qohumsunuz, halbuki, qabaqlaşsanız biri birinizi tanımazsınız. Cəbrayıl belədir, əksəri qohumdur, qan çəkir.

Ata kökümüzlə tanışlıqdan sonra keçirəm ana tayfamıza.

Cəbrayıl şəhərciyi iki parçadır, aradan çaylaq keçir. Yaz, payız yağmurları başlayanda, Ziyaratın bəri üzünün bütün selsuyu axıb gəlib bu çaylaqda daşlanıb gedir enişə Veysəlliyə, Kavdara, Minbaşılıya, sel gur gələndə, gedib Araza da tökülür. Çaylaq hərdən çay gücündə gurlayır, hətta evləri, adamları apardığı da olub selin. O tay Mirzəcanlı adlanır, bəri tay Qalalı, şəhərciyin mərkəzi sayılır. Bəri tay o tayı kəndçi bilir. Mirzəcanlı doğrudan da kənddi, heyvan saxlayırlar, bağ-bağçaları var. Kolxoz da, sonra sovxoz da başlıcası o tay – Mirzəcanlıdadır. Kolxoz öncə orada qurulub.

Mirzəcanlı ilə Qalalı elə hey öcəşirlər, bir-birini bəyənmir. Davaları da düşür. Qalalı şəhərdir, mərkəzdir. Dükan-bazar, idarələr keçmişdən bu taydadır. 41–45 müharibəsi başlayanadək, keçmiş Mirzəcanlıda cəmi üç-dörd daş ev, alt-üst bina vardı. Biri İba əmimgilin bəy mülkü, sonra onlardan bəridə, dikin başında İskəndər bəyin üstü qırmızı dəmirli, çevrə eyvanlı mülküydü. İskəndər bəy inqilabdan qabağın ziyalısı – hüquqşünas idi.

İki üstü dəmir, alt-üst ev İmamverdilərindi. Mənim gələcək qaynatam Əhməd Hüseynovun, Zəkaranın ata-babalarından qalma. Bir də başda Məmməd bəyin böyük mülkü idi, ora sonra məktəb oldu. Əhali, mirzəcanlılar əksərən çovustanda yaşayırdılar. Çovustanlar şam yerindən gətirilmiş qarğı-qamışdan hörülür, üstünü ciyənlə örtürdülər, yanmaqdan ötrü içi gedirdi belə «mənzillər» in. Mirzəcanlılar qalalını gəlmə sayırdılar, düz də eləyirdilər, onlar sonradan gəlmişdilər, köçürülmüşdülər Cəbrayıla. Əsilləri şuşalıydı – Qaladandı. El arasında Şuşaya Qala deyirlər, indi də belədir. Bu qalalıları kökdən – yerli olanlar burunlayır, sıxır, sarıyır, qərib, yersiz yerinə qoyurlar. Cəbrayılda da belə idi, Füzulidə, Ağdamda da belədir. Cəbrayılda "Qalalı yanı balalı" deyirdilər. Qalalı Mirzəcanlı söhbəti həmişə gedirdi, indi də kəsilməyib. Hətta bir-birinə qız da verib almırdılar.

İndi qaynayıb qarışıblar. Qalalıları qəpik güdən, xəsis, qıymaz, xörək yeyəndə pişiyi taxtın ayağına bağlayan, qorxaq tanıyırdılar. Uşaqkən Qalalı-Mirzəcanlı savaşımız düşürdü. Mənimki qarışıqdı, bir yandan mirzəcanlıyam, ana sarıdan qalalı.

Bu qalalılar burada nə gəzirdilər? Necə gəlib çıxmışdılar Cəbrayıla?

Qalalılar da bir kökdən deyildi: Bizimki – anamgilin ana tərəfi Məşədi Məmmədhüseyn nəsliydi. Məşədi Məmməd Hüseyni anam – Tavad dönə-dönə xatırlayırdı: saqqallı, əlləri xınalı, çəliyi boyaqlı kişi, bunlara – qızı Əsmətgilə gələrmiş. Onların evləri Çinarın altı, kəhrizin yaxınıydı – Çuxur məhlə. Vaxtilə Məşədi Məmməd Hüseyn Şuşadan gəlmişdi, evlənmişdi. İki oğlu, iki qızı olmuşdu: Məşədi Abış, Məşədi İsmayıl, Məşədi Əsmət və Səkinə xalamız. Deməli, Məşədi Əsmət Məşədi Məmməd Hüseyn qızı bizim anamızın anasıydı. Əsmət nənəmi mən görmüşdüm, yaxşıca da xatırlayıram. Ucaboy, qarabuğdayı qadındı. Ağır oturub durardı, hamı ona hörmət eləyirdi. Bu, bizim ana nənəmizdi. Bizi körpəykən oxşayır: "Dıxım eləmə" deyib sevələyirdi. Məşədi Əsmətin əri Məhəmmədəli babamdı. Onların qohumluğu da çatırdı. Məhəmmədəlinin əsli iranlıydı. Məmmə hərdən anama deyirdi: "Sən bilmirsən, atan Məhəmmədəli əslən iranlıdır. Əhərdən, ya Ərdəbildəndi". Cəbrayılda o zaman əslən iranlı olanlar vardı. Qarabağ xanlığı – Qaradağ xanlığı ilə üz-üzə idi, aradan Araz keçirdi. Məmməgil alverlərini də İranla eləyirdilər. Deyirdilər, Cəbrayıldan Təbrizə üç günlük yoluymuş. Yuxarıdan, Ziyaratı aşmaqla da Şuşa torpaqlarına, Kirs dağı ətəklərinə çıxırmışlar. Ziyaratın o üzü, Qarabağın içəriləri, Şuşa ərazisi idi. Bütünlükdə bu yerlər Füzuli – Qarabulaq, Cəbrayıl, onun Arazbasar – Arazbarı, ta Qaradonlu da girməklə Qarabağ xanlığının torpaqlarıdır. Aranı Mil, Muğan, Arazbasar yaylaqları gedib çıxırdı Sisyan, Qafan, Gorus, Bazarçay dağlarından o üz Ordubad, Şahbuz həddinəcən. Mən Qarabağın belə bir xəritəsini görmüşəm. Əbəs deyil Ordubadın bəzi kəndləri özlərini qarabağlı sanırlar. Eləcə də indi Ermənistan dedikləri Zəngəzur, Gorus, Sisyan, Bazarçay qədimdən Qarabağ torpaqlarıdır, Qarabağın yaylaqlarıdır.

Bu yaxınlarda mənim yanıma bir kişi gəlmişdi. Əkinçilik institutundan idi – buğda üzərində çalışırdı. Cəlal Əliyevlə birlikdə işləyirdi. Yaşlı, ağsaqqal kişi mənim yanıma ondan ötrü gəlmişdi ki, prezidentə bir şeir yazmışdı.Onu çap etdirmək istəyirdi. Kişini başa saldım bu, çaplıq deyil. Prezidentin özünə də xoş gəlməz. Ağlına batdı. Keçdik başqa söhbətə. Burada kişi mənə bir iş danışdı. O dedi ki, Bazarçay, Sisyan yaylaqları Qarabağındı, Azərbaycanındı. Mən dedim: – "Bu, dövlət, SSRİ xəritəsində də belə idi". Dedi, rəsmi dövlət bölgüsündə, xəritədə oralar tamamilə Azərbaycanındır. Bəs, necə olud ermənilər yiyələniblər? Bildirdi ki, bunlar tədricən baş vermişdir.

Beləliklə, qalalılar Şuşadan gəlmədirlər. Bəs onların gəlməyi necə olub? Bu barədə iki yozum var. Birincisi budur ki, bəlkə erməni müsəlman qırğınında bunlar baş götürüb qaçanlar və onlardan törəyənlərdir. Bunu nə onların ulu babası, nə də indikilər boynuna almaz. Əsgiltməzdilər özlərini, keçmişlərini. Bu mənim ağlıma gələndir. Digər yozum, daha ağıla batanı: "Qarabağ xanlığı sərhəddə məhrəm, sədaqətli insanları görməkdən ötrü, onları Şuşadan köçürmüşdülər buraya. Həm keçid yerlərini, aranı daha etibarlı insanlarla bərkitsin, həm də torpaqları bu qayda ilə məskunlaşdırıb, özününküləşdirsin. Belə işlər başqa ölkələrdə də olub. Məsələn, rusları II Yekaterina hakimiyyəti vaxtı köçürüblər Qafqaza. Azərbaycanda Malakan kəndləri, rus icmaları belə yaranmışdır. Bunu – hər ölkə öz içərisində də eləyir, keçid, hədlərə daha yaxın, inandığı yerlərə qançəkərləri köçürüb yerləşdirir.

Bu yerlərin, bu torpaqların yiyəsi, Arazbarın ağası Hüseyn ağa idi. Cəbrayıl, Arazbar, aşağı – aranlar, qışlaqlar hamısı Hüseyn ağanın ixtiyarında idi. O, Pənah xanın, İbrahim xanın soyundandı. Qəbri Cəbrayılın Qurban təpəsi qəbristanında idi, itmişdi. Yeri bilinmirdi.

Şuşadan köçüb bu yerlərə gəlmiş, oturaqlaşmış ailələr əsla torpaq, əkin-biçin, heyvandarlıq işinə qoşulmamış, yerlilərin başlıca yaşayış, dolanışıq işinə girişməmiş, alverlə, ticarətlə baş saxlamışdılar. Qəsəbənin arası Çuxur məhlənin bəri üzü, bütün sövdəgər dükanları, aşxanalardı. Əttar, papaqçı, sərrac, pinəçi, dabbağ… Bu dükanları sonra, sovet quruluşunda sökdülər. Dükanların bir neçəsi qalmışdı. Onlarda yeni quruluşun ticarəti yerləşdirilmişdi. Axır bunlar da söküldü. Sökülən divarlardan birinin suvağı altında bir yazının üstü açıldı. Bu Abbas əmigilin evinin, hasarının bəri – Bazar səmti idi. Orada əski, ərəb əlifbasıyla bu sözlər yazılmışdı: "Bu gün nağdıdır, sabah nisyə". İndiki reklamlara bənzəri vardı.

Kişiləri çox halda sənəti ilə çağırırdılar. Aşbaz Məhəmmədəli! Bu mənim ana-babamdı. Şəhərciyin ortasında onun aşxanası vardı. Əla xörəklər bişirirmişlər: Piti, bozbaş, qovurma. Ana babamın əntiqə ləqəbi də varmış. "Kəfgir Məhəmmədəli". Anam danışardı. Həyətin başında bir iri kufulumuz varmış. Bütünlükdə hər evin, həyətin kufulu varmış. Ərzaq – azuqəni orada saxlayarmışlar. Yayın ən isti, qorabişirənində nə qoysan, ət, toyuq, azuqə tərtəmiz, səpsərin qalar, iylənməzmiş. Bizim kufulumuz da dolu olurmuş ərzaqla. Babamın aşxanasının bütün ərzağı oraya yığılır, saxlanırmış. Uşaqkən taxtapuşa çıxanda, orada keçmişdən qalma yağ çirişlərini görmüşdük. Qəşəng qablardı, hər biri iki pud yağ tutardı, qaramtul çirişlərin üstündə zərif oyma naxışları da vardı. Buxarının bacasından büküm-büküm Nikolay pulları çıxmışdı. O vaxt babam pulu bürmələyib, buxarının içinə soxmuşmuş… Milyonlarla qızıl əvəzi pullar, keçmişdi uşaq-muşağın əlinə. O pullarla uşaqlar alqı-satqı oynayır, alver edir, borc alıb-borc verirdilər. Axırda hamısını yandırdılar.

Atam Məmmə danışırdı: "Biz alış verişdə qızıl pul götürmürdük. Qızılı xırdalamaq çətin olurdu. Başlıcası Nikolay pulu – əskinazla işləyirdik". Atam gələcək qaynatası Məhəmmədəli kişinin əli altında böyümüş, ona şəyirdlik etmiş, ərgənləşmişdi. Məhəmmədəlinin şəyirdi başlıca məmur, rəislərə, müştərilərə yemək, xörək aparırdı. Sonralar sərhədçi məntəqəsinə çevrilmiş "Voyenni qorodok" da bir vaxt, çar dövründə pristav əyləşirmiş, atam – şəyird onlara xörək aparırmış. Onlar "Kəfgir" in bişmişmi hamısından dəyərli, ləzzətli sayırmışlar. Aşbaz ortancıl qızını, üstəlik üstü dəmir taxtapuşlu mülkünü də şəyirdinə verib, köçdü qonşuluqdakı Qarabulaq – Karyagin şəhərinə – Malaqana.

Qalalıların bir tayfası sovet hökuməti qurulandan bir neçə il sonra köçüb getdilər qonşu Füzuli – o vaxt Qaryagin şəhərinə. Çox adam bu adı Qara gün, qaraygin mənasında anlayırdı. Heç bilmirdilər bu, Araz üstə Abbas Mirzənin məğlub etdiyi, öldürdüyü rus generalı Karyaginin adıdır, qoyublar müstəmləkə əyalətində bir mahala.

Babamgilin Karyaginə – Malaqana köçdüyü, deyəsən, NEP illəri idi.

Aşbaz Məhəmmədəli orada torpaq – yer alıb yurd salmışdı. Karyagin rayonu o illərdə Cəbrayıla görə daha sürətlə böyüməkdə, artmaqda idi.

Bizim, yəni anamın Cəbrayılda qalmağı belə olmuşdu: Görünür Məhəmmədəli kişi və Məşədi Əsmət qızları Tavadı şəyird saxladıqları Məhəmmədə vermək istəyiblər. Oğlan razılaşıb. Anamın könlü yoxmuş. Öz dediyi təki "çox şeyi qanmayan, ağlıkəsməz uşaqmış, qızcığazmış". Ailədən ayrılıb Cəbrayılda qalmaq ona çətin, ağır gəlirmiş. Axır çərşənbə, gecə Tavad çıxıb qulaq falına, öz baxtını, nə baş verəcəyini dişəməyə. Səs gəlib: "Anasını burax, balanı bağla". Qonşu, inək sağırmış, qurtarıbmış. Bununla da qızcığaz işin necə olacağını bilib. Doğrudan da az sonra onlar qızı və evi Məhəmmədə verib, özləri ailəlikcə köçüblər Karyaginə.

Heç yadıma düşməyib anamdan soruşaydım, onların toyları, məclisi olubmu, nişan veriblərmi? Məncə, evlənmək busatını anam dadmayıb, bilməyib. Eləcə qızı verib, valideynlər çıxıb gediblər.

Sonralar biz Karyaginə tez-tez gedirdik, Əssə nənəmgilə baş çəkirdik. Məhəmmədəli babam da Cəbrayıla gəlirdi. Babam Məhəmmədəli Karyagində nə işdə idi, neyləyirdi, bilmirəm. Necə, nə ilə dolanırdılar, onu da bilmirəm. Gərək ki, işləmirdi. Orada Cəbrayıldakı təki aşbazlıq etmirdi. Aşxanası yoxdu. Görünür, bir qədər dolanışıq üçün pul yığmışdı. Qaryagində onların yaxşı həyətləri, evləri vardı. Bağçada qəşəng meyvə ağacları bitirdi, yuxarı kəhrizin suyu gəlib arxla qapıdan axırdı. Gavalı, göyəm, şaftalı – hulu, gilas, gilanar, nar, hər cür meyvə yetişirdi.

Bizim, daha artıq ailəmizdə ilk övlad Cəmilin yaşını aydınlaşdırmaq üçün buraya diqqət edək. Anam Tavad ərə gedəndə uşaqmış, özü deyirdi heç nə qanmırdım. Tarixlə götürdükdə, onun doğum ili pasportla 11-dir, Məmməninki 900-dür, min doqquz yüz. Bu qədər, on bir yaş fərqinə bənzəmirdilər. Anam Məmmənin onlara ilk gəlişini söyləyirdi: "Dədəm bir oğlan uşağı gətirdi. Qızlar yığılıb ona gülür, ələ salırdılar. Sısqa, arıq gədə idi". Əsmət nənəm onun əyin-başını soyundurub yandırır, çimdirir və təzə paltar geydirir. Acığı tutanda Tavad onun yadına salır, başına qaxanc eləyirdi.

Nənəmiz orada – Karyagində, qız da burada doğub törədirdi. Ana ilə qız eyni vaxtda boylu olurlar. Cəmilin sənəddə doğuşu iyirmi dördüncü ildir. Məmmə deyirdi yox, iyirmi altıncı ildi. O, həmin illərdə Xanlıqda, Mil sovxozuna fəhlə yığırmış – "verbovşik" miş. Bir kərə də Xanlıq səmtə iş dalınca gedib qayıdanda, gəlib görüb ilk övladı doğulub. Bu, anamın xatırlaması ilə novruzdan onca gün keçmişdi. Bundan qabaqsa onun anası Əsmət nənəm Karyagində doğmuşdu, üç ay qabaq. Boylu – hamilə qız – Tavad anasının zahılığında, ona baş çəkməyə gedibmiş. Anası – Əsmət nənəm ekiz doğubmuş; bir oğlan, bir qız. Tavad danışırdı ki, qışdı, körpələri pambığa büküb qoyubmuşlar sobanın yaxınına, donmasın, üşüməsin. Uşaqlara ad da qoyubmuşlar. Ekiztayı oğlan öldü, qız – Şura qaldı. Boylu anam anasına, körpələrə baş çəkib, Cəbrayıla qayıtdı. Anasının ekizlərindən sonra onun da ilk övladı doğulur. Üç ay sonra. Bilmirəm Şuranın yaşı hansı il sayılır? Cəmilin yaşı rəsmi sənəddə iyirmi dörddü, atamın deməyilə iyirmi altıdır. Mən iyiyrmi altıya inanıram. Əsgərliyə onu iyirmi dörd təvəllüdlə apardılar. Müharibə gedirdi, hərbi komissar onların yaş kağızını alıb qırağa tullamış: "Vətən çətin gündədir, getməlisiniz", – demişdi. Həm də söyləmişdilər sizi zabitlik məktəbinə göndəririk. İki il təhsil alacaqsınız, əsgərlik yaşınız da oranı bitirəndə çatacaq. Onu elə apardılar.

Biz hamımız məktəbə yaşımız çatmamış getmişik. Mənlə Cəmil daha tez. Qonşumuz Səkinə xalagil idi – Məşədi Həmidin arvadı. Övladları Səttar dayı, Qaffar dayı, Səriyyə xala və Aminə. Aminə və Qaffar müəllim idi. Məktəbə uşaq çatmırdı, qonşuluqda uşaqları özləri yığıb aparırdılar, "oxuya bilər" deyib həvəsləndirirdilər. Cəmili də Aminə müəllimə aparmışdı məktəbə. Sonralar bir də o yadımdadır, Cəmil bir gün sevincək gəldi: "Tavad! – dedi, – Fərman müəllim bizim yaşımızı artırıb, komsomola keçirdi". Arvad acıqlandı: "Yaşını niyə artırmısan?!" Burdan da görünür ki, sənədlərdə Cəmilin yaşı artıq yazılıb. Doğrusu atamız Məmmə söylədiyi idi. Belə olduqda bizim yaşımız da düzəlir: arada iki yaş fərqlə, Cəmil iyirmi altı, Vaqif iyirmi səkkiz, mən otuz, Ziba otuz iki.

Orada, Karyagində övladlar çoxdan böyümüşdü. Məhəmmədəli kişinin üç oğlu, dörd qızı vardı. Birinci İbrahim – İbiş dayım, sonra Əbil dayım, Səfər, qızlar: Tavad, Nabat, Səmayə. Şura – əkiz tayı, sonbeşik. İbiş dayım böyükdü, boy-buxunca da hamısından hündürdü, qol-qanadlı idi. Həm də hirsli, ərköyündü. O, cavanlığında Cəbrayıda maarif işçisi, Daşkəsən kəndində müəllim, hətta məktəb müdiri olmuşdu. Mənə deyirlər ki, onda mən dil açmamış körpə imişəm. İbiş dayım bacısıgildə qalırmış, əslində elə bu ev onlarındı, atasınındı. Sonralar hətta mənə elə gəlir ki, Məmmə o evin pulunu da nə qədərsə onlara ödədi. İbiş dayım müəllim qalmadı. Gedib girdi Tibb institutuna, Bakıda, oradan da köçürdülər İrkutskiyə, ya hansısa Sibirdə bir şəhərə. Təhsilini orada başa çatdırıb həkim olaraq qayıdıb gəldi. Müharibə ili cəbhəyə yollandı, səhra qospitalında rəis. Özü çox xatalardan qurtulub, yaralı döyüşçüləri ölümün əlindən almışdı. Qələbədən sonra evə gələndə sinəsi üç cərgə orden-medal lenti ilə bəzənmişdi.

Polk komandiri yaralanıbmış, İbiş dayını çağırırlar qərargaha yardıma. Gecə təkbaşına oraya yollanır, ayaqla, çöldən, döyüş zolağından keçib gedir. Yaralı polk komandirini xilas edir. Soruşurlar necə gəlib çıxmısan buraya? Gəldiyi yolu söyləyir. Aydın olur, onun gecə, ayaqla keçib getdiyi yerlər büsbütün minalanıbmış. Allah adamı saxlayanda belə saxlayır. Necə toxunmayıb, bastamayıb, himə bəndmiş.

İbiş dayım müharibədən sonra Cəbrayılda səhiyyə şöbəsinin müdiri oldu. Sonra getdi Karyaginə. Daha sonra tubdis-ponserin baş həkimi oldu. Rentgen kabinəsində işlədi. Yaşlandı, azarladı, yataqdan qalxa bilmədi, adamları tanımadı. Biz ona baş çəkirdik. Arvadı Zeynəb bakılı qızı idi. Tələbə vaxtı mən bir para ay da dayımın qaynatasıgildə, Zeynəbin anasıgildə qalmışdım. Mehriban insanlardı. İbiş dayım institutu qurtarıb Zəngilanda işləməyə gedəndə Zeynəb xanımı da oraya tibb bacısı göndəribmişlər. Zəngilanda bir-birini bəyənib, sevişiblər. Biz eşitmişdik, İbiş dayımın nişanlısı var. Müharibənin bitməyinə doğru, bizimkilər Avropaya girdikdən sonra o da bir çox əsgərlər, zabitlər kimi evə sovqat – bağlama göndərirdi. Zeynəb xanım müharibə illəri Bakıda, qospitalda işləmişdi. Dayım ona da, Karyaginə – anasına da sovqat göndərirmiş Avropadan. İbrahim dayım kefcil, yeyib-içən adamdı. Cəbrayılda Əyyub Murtuzayevlə, Fərhad Kərimovla. Əhməd Hüseynovla – Şabanın atası ilə oturub durar, yeyib-içərmişlər. Bakıya komandirovkaya gələndə məni tapır, Kömürçü meydanı – Kubinkaya aparıb, pivə ilə lülə kababa qonaq eləyirdi.

Məhəmmədəli kişinin İbrahimdən sonrakı övladı mənim anam – Tavaddı. Ondan sonrakı Nabat xalamdı, o, Bəhram adlı oğlana ərə getmişdi. Bəhram əmi sonralar, müharibə illəri Cəbrayılda çörəksatandı. Müharibə illəri kartoçka ilə verilən çörəyi o çatdırırdı əhaliyə. Bazar başında, Dairəittifaqın altında bir taxta köşkü vardı. Çörək kürəxanadan xərəklə daşınardı həmin köşkə. Əhali düzülürdü növbəyə. Başlanırdı, kartoçkalarla verilməyə. Bəhram əmi baməzə, zarafatal kişi idi. Arxada qalanlar ancaq arvad-uşaq, bir də qoca-qaltağ kişilərdi. Bəhram kişi dərdli əhalini, ərinin, oğlunun qara kağızı, "itdi" si gəlmiş insanları ovundururdu. Dinc, sakit, dava-şavasız, yumşaq insandı. Mənim rəhmətə getmiş Nabat xalamın əriydi. Anamın Bacısı Nabat qəşəngmiş. Tavad onu tez-tez yada salırdı, çox istəyirdi, adları da yaraşırdı: Tavad, Nabat. Nabat xalam gəlinkən ölmüşdü, uşaqları olmamışdı. Bəhram kişi sonradan bir də evlənmişdi, Səkinə adında bir qız almışdı. Mən Səkinəni xala sanırdım, onun oğlanları Bəhmən, Arif də "xalaoğlu" deyirdilər bizə. Bəhmən mənimlə oxumuşdu, mən bir il, ikinci sinfi Karyagində oxumuşdum, Sərdarov məktəbində. Onda Bəhmən də mənimlə bir sinifdə idi, Arifsə Ziba ilə yaşıddı, onunla oxumuşdu. Arif şuluqdu, Bəhmən qoçaq oğlandı. Biz kürəxanadan isti qalac-buxankaları xərəyə yığıb, daşıyıb çörək dükanına gətirincə, ötürhaötürlə dükana yığanda çörəklərin qazmağının böyür-başını qoparıb, gizlincə cibimizə, qoyun-qoltuğumuza doldururduq. Arif bunu güdürdü, qoymasın. Görsə də utandığından, qorxusundan, dava-şava düşməsin deyə dinmirdi. Sonra Bəhram dayıgil köçüb Karyaginə getdilər.

Nabat xalamdan balacası Əbil dayımdı. Karyagində pedtexnikum bitirib. Dədəli kəndində müəllimlik edirdi. Dədəli Karyaginə, şəhərə ən yaxın, birinci kənddi. Yol üstündə, sərin kəhrizləri vardı.

Çox halda Cəbrayıldan Karyaginə otuz kilometrəcən yolu ayaqla miniksiz gəlib gedirdilər, bizimkilər də. Mən uşaq olsam da onlara qoşulurdum. Arvadlarla, Əsmət nənəmin bacısı Səkinə xala ilə, Kamalın anası Zeynal arvadı ilə yolu Balyand dağından aşıb gedirdik. Balyand dağının bu üzü, günbatanı Cəbrayıl, gündoğanı Füzuli kəndləridi – Qarakollu, Pirəhmədli, Qoçəhmədli, Qozluçay… Qarğabazarına çatdıqmı, deyirdik daha Karyaginə yaxınlaşmışıq. Dədəli – İşıqlı Füzuliyə bitişikdi. Belə səfər dəstələrinə qoca xalam, Məşədi Abışın bacısı Əsmət nənəmin kiçik bacısı Səkinə xalam başçılıq edirdi. Mən onu və oğlu Qəzənfəri "Gedənlərin qayıtmağı" romanımda göstərmişəm. Olduqca maraqlı bir insandı Səkinə xalamız. İki-üç ərə getmişdi, bircə övladı vardı – Qəzənfər, onun ilk əri də faytonçu idi. Qəzənfərin uşaqlığı eləcə qohum-əqrəbanın evlərində keçmişdi, Səkinə xalanın evi yoxdu. Hər gecə bir evə qonaq gedir, o evdə, gah başqasında məclis qurur, elə oradaca gecələyirdi. Məzəli söhbətləriylə qohumları əyləndirirdi.

Səkinə xalamız sovet hökumətinin "qabağa çəkdiyi", mədəni inqilab illərində "çadra doloy" şuarı altında dirçələn qadınlardandı. O, səhnəyə də çıxır, teatrda oynayır, oxuyurdu. "Arşın mal alan" da xala, "Leyli və Məcnun" da Leylinin anası olur, bir az batıq, amma yatımlı səsiylə oxuyur, zəngulə vururdu. Qardaşlarının, lap da Məşədi Abışın belə "arsız – artist işlərinə görə ondan xoşu gəlmir, sevmirdilər onu. Amma biz istəyirdik, o da bizi çox iştəyirdi. Zarafatla söyürdü: "Köpəy oğlu. Dədən… yesin, qurumsaq köpəy oğlu". Daha nə söyüşləri yoxdu.

Karyagində yaxşı teatr yaranmışdı, onlar Cəbrayıla tamaşalar verməyə tez-tez gəlirdilər, Səkinə xalam da hərdən onlara qoşulurdu. Səkinə xalanın bircə oğlu vardı faytonçu Nərimandan. O, gecələr haraya getsə yeganə uşağı – Qəzənfəri də özü ilə aparırdı, "Qəzi" deyirdi ona.

Səkinə xalam bizi çox istəyirdi. Qış gecəsi gəlirdi, bizə, bacısı qızıgilə. Məmmə ilə də araları pis deyildi, Məmmə onun zarafatlarından sınmırdı, Səkinə xalam axı, Məmmənin başsız, yiyəsiz uşaqlığını, Məhəmmədəligilə düşməyinin tarixçəsini bilirdi. Uzun qış gecəsi məzəli hekayələr danışan Səkinə nağılına ara verib bir eşmə eşib, ya hazır papiros çıxarıb məni səsləyirdi: "Ə, köpəyoğlu! Bunu ordan yandır ver mana!" Ordan – yəni yanan sobanın deşiyindən. Qapıcıqdakı üç dəlikdə alov qızarırdı. Mən də papirosu o dəyirmi deşik-dəlikdən soxub, yanmağı üçün sümürürdüm. Bu yolla məni də dadandırmışdı. Axır vaxtlar sorurdum, verirdim ona. "Ə, qurumsaq!.. Dədən yesin, bunu yarıdan ötürmüsən!" Söyürdü, biyabırçı sözlər söyləyirdi, kimsə də onun bu latayırlarına baş qoşmur, incimirdi.

Axırda ərə getdiyi, yoxsa oğulluğa, qardaşlığa götürdüyü Əziz adlı mantyor onun yanında qalırdı. Bir qəşəng çovustan tikmişdi, Çinar kəhrizinin arxı üstə. Bu arxla kəhrizin suyu o tay, Mirzəcanlı bağlarına gedirdi. Qəşəng çovustandı, Əziz oraya işıq çəkmişdi. Səkinə xalanın tək oğlu Qəzənfər müharibəyə getdi və "itdi" sorağı gəldi.

Öldü Səkinə xalamız. Bütün kələkləri, məzəlilikləri ilə dadlı-duzlu xalamız. Deyirdim bəs, o, dünya durduqca qalacaq, yaşayacaq.

Əbil dayım dedim ki, Dədəlidə müəllim idi, ən yaxın kənd idi. Onun "yelsopedi" vardı. Yelsopedlə gedib Dədəli məktəbində dərslərini keçib, qayıdırdı evə. Çatan kimi məni, ya Şuranı göndərib kəhrizdən sərin su gətirdirdi. Bir vedrə suyu qabağa qoyub stəkanla başlayırdı içməyə. Nə qədər: yarışdı, bəhsdi, kim çox içər – bəlkə, on stəkan su vurur, yanğısı sönmürdü. İndi düşünürəm, bəlkə, şəkəri varmış, diabetmiş, bilmirmişlər. Amma o sayaq cavan adamda diabet olardımı? Çox sağlam, güclü oğlandı Əbil dayım. İdmanla da məşğul olurdu, həyətdə iki gilas ağacının arasında turnik düzəltmişdilər. Güləşirdilər. Şir kimi biləkləri vardı. Orta boy, bir suyu anam Tavada oxşayan, tökməbədən cavandı, qızğın gülüşü vardı. Dodağını dodağına sıxıb, zurna züyültüsünü xatırladan səs çıxarır, mənimlə əylənir, oxşayır, məni oynadırdı. Bir il – 1938-39 dərs ilini mən Karyagində oxudum. Onda Əbil dayım, Səfər dayım məni sınayır, dindirirdilər. Söz vermişdi: "Yaxşı oxusan, sənə çəkmə alacam. Velosiped alacam". Mən onların siyirməsini töküşdürürdüm, özləri olmayanda. Gözəl, alabəzək qalstukları vardı. Karyagin Cəbrayıla nisbətən daha tez "mədəniləşmişdi". Ziyalısı çoxdu bu şəhərin. Hələ o vaxt, qalstuk bağlamağa başlamışdılar.

Mənim Karyagində oxumağım belə olmuşdu.

Otuzuncu illərin əvvəllərindən başlayaraq "savadsızlığı ləğv" şüarı işə düşmüş, savad kursları yaranmağa başlamışdı. Əyalətdə, rayon mərkəzlərində, hətta kəndlərdə yazı-pozu öyrədir, qoca-yaşlı adamlara da yazıb-pozmaq dərsi keçirdilər.

Məktəb şagirdləri, yuxarı siniflərdə oxuyan oğlanlar, qızlar qonşulara təhkim edilir, məhlədə savadı olmayanlara əlifba, yazı-pozu öyrədirdilər, axşamlar dərsdən qurtarandan sonra. Qardaşım Cəmilgil şagird ola-ola bir növ məhlənin, qapı-qonşunun müəllimi olmuşlar. Qocalar, savadsız qadınlar bu dərslərə, savadlanmağa böyük maraq göstərir, həvəslənir, yuxarı sinif şagirdləri də qapı-qonşunu, qohumları, yerliləri savadlan-dırmaqla ölkəni bürümüş mədəni yüksəlişdə iştirak edirdilər. Guya bununla, qarıların, evdar arvadların əlifba, yazı-pozu oxuması ilə işlər düzələcəkdi. Bunun üstündən, kurslar açılmış, sənət, peşə məktəbləri işə qoşulmuşdu.

Məhəmmədəli babamın böyük oğlu, mənim böyük dayım barədə demişdim. Ondan kiçiyi Dədəli kənd məktəbinin müəllimi Əbil dayım da müharibə başlayan təki getdi. Çağrış yaşı idi. O, tankçı idi, tank vzvodunun komandiri, kiçik leytenantdı, beləcə ulduzlu paqonla, hər çiynində bir ulduz, furaşkalı şəklini də göndərmişdi. Dolu, möhkəm, qarabuğdayı, qızğın, istiqanlı oğlan… Onun tankını vurdular, özü də döyüşdə, tankın içində yanmışdı, bu barədə evlərinə hissədən məktub gəlmişdi. Ortancıldan kiçik oğul Səfər dayım – cavanlıqdan səhnəyə meyil-lənmişdi, o da Səkinə xalam təki, artistlik eləyirdi. Arada gedib Bakıda rəssamlıq məktəbinə girmişdi. Füzuli teatrının səhnə tərtibatı, dekor işini o görürdü. Biz onunla öyünürdük, "teatr çıxarırdılar". Cəbrayıla da arabir gəlir, tamaşa, səhnə əsəri göstərirdilər. Onun – Səfər dayımın sayasına biz artistləri, oxuyub çalanları tanıyırdıq. Yer olmadığından, artistlər qastrola gələndə hərəsi Cəbrayilda bir tanışın qonağı olur, tamaşa gedəsi günlərdə onlarda qalırdılar. Səfər dayım bəzən Ağabalanı – Abdullayev, bir erməni aktrisası vardı onu, bir gözü mayıf Mürşüd Haşımlını bizə gətirirdi. Anam, atam artist tayfasını arsız, sırtıq, qaraçı sanırdılar. Elə ki, darvazamızda Səfər dayım bir neçə yoldaşı ilə görükdü, Tavad deyinirdi: "Gəldilər"!

Səfər dayım da müharibəyə getdi. Tezliklə əlindən yaralanıb qayıdıb gəldi və ömrünün axırınadək Karyagin teatrında işlədi. Komikdi, bununla belə onun Qacarı unudulmazdı. Yaxşı artist sayılırdı. Amma mədəniyyət naziri bir ara öz yerliləri, karyaginli olsa da, ömrünü teatra vermiş bu qabiliyyətli kişiyə, heç bir ad-filan vermədilər. Əritdi ömrünü teatr, sənət üçün, eləcə də adsız-sansız rəhmətə getdi. Oğlu Elxan qalıb, qızı Brilyant. Qız atası kimi sənətə meyl salıb, oxuyandı – müğənnidi. Amma oxuduğunu mən görməmişəm. Onun məclisində olmamışam. Elxan bir ara dükanda işlədi, tutuldu, ilişdi, yatdı. O gün Yasamal bazarında görmüşəm. Qaçqındılar, balıq alverilə ailəsini saxlayır. Arvadı qanacaqlı qızdı. İki-üç kərə avtobusda Yasamala gələrkən məni tanıyıb, salamlaşıb, demişəm gəlin bizə. Hər kəs başı hayında, qaçqınlıqda ömür sürüb, bir təhər dolanırlar.

Səfər dayımdan balacası Səmayə xalamdı. Səmayə xalam gözəldi. Nə Karyagində, nə də Cəbrayılda o boy buxunda, o gözəllikdə qız tapmazdın. İri, qonur gözlü, ağ-maya. Qıçları, qolları qulac-qulac, çöhrəsi kövrək, doluxsunmuş. O, da siftələr, deyəsən, qardaşı Səfərin tovlamağı ilə səhnəyə meyillənmişdi. Yaxşı da səsi vardı, gur, qəhərli, zil səda idi. Ağa adlı birisinə ərə getdi. O da ucaboy, xalama yaraşan bir oğlandı. Müharibədə oldu, yaralanmışdı orada, Lənkərana gəldi. Bir müddət Lənkəran şəhərinin hərbi komendantı oldu. Axır illər Füzulidə inşaatda çalışırdı. Bizim ana-babamız, Məhəmmədəlinin yurdunda, yerin aşağısında görünür, bunların icazəsilə bir mülk də qaldırdı. Səliqə-sahman yaradandı. Ev tikdi, alt-üst. Hər istirahəti qaydasında. Təəssüf, sonralar uşaqları böyüyüb evlənmək həddinə çatdıqda Ağa başqa qadına uydu. Onunla yaşamağa başladı. Hərdən bu evə də baş çəkirdi, gəlib gedirdi, xalam bir söz demirdi. Özləri kimi gözəl, ağappaq, boy-buxunlu qızları, yaraşıqlı, boylu-buxunlu böyük oğlu Elman, balacası Səməd, ona Ağa atasının adını qoymuşdu.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺55
₺110,01
−50%