Kitabı oku: «Şlyapalı Mauqli»

Yazı tipi:

SALAM QƏDİRZADƏ

ŞLYAPALI MAUQLİ

hekayələr

1

Şlyapalı Mauqli

Səbəbkarın evi abad! Təzə mənzilə köçmüşdük, qonşularımı hələ yaxından tanımırdım.

Həmişə əynində boz kostyum, başında yaşıl şlyapa, qoltuğunda qovluq, gözündə çeşmək olan birisi zahirən çox təkəbbürlü adama oxşayırdı.

Çallaşmış saçları arxadan az qala çiyinlərinə dəyirdi. Bu, təxminən qırx beş-əlli yaşlarında ucaboy, pəhləvan cüssəli bir kişi idi.

Uzun burnu, ağ, ətli sifətini arakəsmə kimi iki hissəyə bölmüşdü. Hərdən onunla salamlaşsam da, kim olduğunu, harda işlədiyini bilmirdim. Ancaq maraqlanırdım.

Bir dəfə pilləkənlə çox ciddi tərzdə, aram-aram aşağı endiyini görüb onu saxladım.

– Salam, qonşu, – dedim.

Könülsüz ayaq saxladı. Qalın qovluğunu sağ qoltuğundan sol qoltuğuna ötürüb burnunu dikəltdi.

Astadan hakimanə bir tərzdə cavab verdi:

– Əleykəssəlam, qadan alım. – Ancaq üzümə baxmadı.

– Mənə sözün vardı?

– Xeyr… Elə belə… Yaman fikirlisiniz.

– Ta onu demə, qadan alım, işim çoxdur. Bu saat heç başımı qaşımağa vaxtım yoxdur.

Mən zarafata keçdim:

– Qonşuluqda adam adama nə gündə gərək olar?! Sizin vaxtınız yoxdur, gəlin, başınızı mən qaşıyım.

Bir balaca eyni açıldı, xəfifcə qımışdı:

– Hankı mərtəbədə olursuz?

– Odur ey… – qapımızı göstərdim, – üçüncü mərtəbədə.

Ayrıldıq. O, həyətə düşdü, mən yuxarı qalxdım. Bir istirahət günü evdə oturub üzümü qırxırdım.

Zəngimiz çalın-dı. Dəhlizə çıxdım. Gələn o idi. Elə astanada tanış olduq:

– Salman.

Qonşum adını “Canəli müəllim” söylədi.

– Əyləşin, – dedim. – Bu dəqiqə saqqalımı təraş eləyim, sonra sizin qulluğunuzdayam.

Canəli şlyapasını çıxarıb mənə uzatdı. Başının ortasında təmiz, sürüşkən bir meydança parıldadı. O, evə məhrəm adam kimi keçib yuxarı başda divana yayxandı. Eynəyinin üstündən kitab rəflərinə ötəri nəzər saldı.

– Məndə sizdəkindən çoxdur.

– Nə?

– Kitabı deyirəm.

– Hə… Bizim də dövlətimiz bunlardır.

– İndi ta zamana dəyişib, qadan alım. Ticarət işçisinin də evində öz kitabxanası var.

– Kimdir ticarət işçisi?

– Sən…

– Səhv edirsiniz, Canəli müəllim.

Bir an ikimiz də susduq. Qonşum tərəddüdlə dedi:

– Bə kimsə dedi ki, üçüncü mərtəbədə yaşayan univermaqda işləyir, özü də karlı adamdır.

Fikirləşdim, belədirsə, gedim kişinin qulluğuna bir salam verim…

Mən qarşımdakı aynadan ona diqqət yetirirdim.

– Univermaqda işləyən bizimlə üzbəüz qapıda olur. Mən jurnalistəm.

Qonşum dizini sığalladı.

– Hə? Nə olar, qadan alım. Elə jurnalistə də salam verməyinə dəyər.

Bu söz mənə yaman yer elədi. Xasiyyətimdi: qəlbimə toxunanın qulluğunda xəcalətli qalmazdım.

Gec-tez bu hayıfı ondan çıxmalıydım, məqam axtarırdım.

– Ə, Salman, sənin bu üzqırxan maşınından nə qəribə səslər çıxır…

Fürsət idi. Əks hücuma keçdim:

– Bunu təzə alanda yaxşı musiqi çalırdı. İndi bir az köhnəlib, xaric notlar vurur.

2

Canəli mənə tərəf çevrilib gözlərini döydü:

– Bıy! Məgər musiqi çalan üzqırxanlar da var?

Özümü itirmədim. Səsimə ciddilik qatdım:

– Bəs bunu siz bilmirsiz?

– Yoox…

– Xətrinizə dəyməsin, Canəli müəllim, geri qalmısınız…

– Qadan alım, başım elə qarışıb ki, vallah dünyadan xəbərim yoxdur. Adı nədir o üzqırxanın?

– “Aqidel”.

Duymuşdum: hərif zahirən zəngin görünsə də, daxilən boş adama oxşayırdı.

– Yaponlarınkıdır, – dedim. – “Aqidel” onların bir musiqisidir. Necə bizdə “Qaytağı” yoxdur, bu da elə… Təzə vaxtında mən bununla üzümü qırxanda uşaqlar şıdırğı oynayırdılar. İndi səsi bir az xırıldayır…

Canəli əllərini şappıldadıb heyrətləndi:

– Pa atannan! Yaponlara bax ey! Gör nələr icad edirlər! Ondan gərək birini də mən alam.

Hirsim tamam soyumamışdı. Üzümə odekolon püskürdüb ayağa qalxdım.

– Əşi, bu harasıdır?! Yaponlar üzük buraxırlar, qaşında televizor ekranı. Küçədə gedə-gedə bax özünçün, darıxma.

– Sən nə danışırsan, qadan alım!

– Bəli…

– Rənglimi göstərir?

– Bəli. Özü də yeddi-səkkiz kanallı. Birində futbol, digərində kino, üçüncüsündə, canım sənə desin həkim məsləhəti. Nə bilim, multfilm… heyvanlar aləmində… hansını xoşlayırsan, tut, tamaşa elə.

– Ə, səndə əntiqə söhbətlər varmış, ay Salman, mənim xəbərim yox…

– Gəlib-getmirsiz də…

– Bundan sonra ta hər vıxadnoy sizdəyəm, qadan alım.

O gün Canəli harasa tələsirdi. Çayını yarımçıq içib çıxdı. Onu ötürəndən sonra mən dəhlizdə ayaq üstə donub qalmışdım. Fikirləşirdim, dünyada necə nadan adamlar varmış!

Canəli ilə ikinci görüşdə xoruz səsi eşitməmiş uydurmalar toqquşdurmuşdum. Demişdim ki, 1925-ci ildə Braziliya futbolçuları italiyalılarla oynayanda Peleni meydançada yıxıblar. O da hirsindən rəqib darvazasına elə öldürücü bir zərbə vurub ki, qapıçı kosqarışıq toru yırtaraq on iki metr havaya qalxıb.

Ordan da kəlləmayallaq arxa tribunada oturan tamaşaçıların üstünə düşüb. İkisi ölüb, səkkizi möhkəm əzilib.

İnanmışdı. Daha ağlına gətirməmişdi ki, adamda elə zərbə olmaz, 25-ci ildə isə Pele heç dünyaya gəlməmişdi. Demişdim ki, Fransa səyyahı Lope de Veqa Mərakeş cəngəlliklərində meymunların şahmat oynadığını öz gözlərilə görüb.

İnanmışdı. Daha bilməmişdi ki, Lope de Veqa Fransa səyyahı deyil, İspaniya dramaturqudur.

Mərakeşdə heç cəngəllik varmı? Oradakı meymunların şüurları nə qədər inkişaf edib ki, şahmat da oynasınlar?

Demişdim ki, keçən il qəzetlərdə oxumuşam, Pirşağıda dəniz sahilində otuz yaşlı bir cavan qayaların üstündə dayanıb balıq tuturmuş, bəxtindən tilovuna su adamı gəlibdir. Çıxarıb onu sahilə, alıb qucağına, aparıb evlərinə.

İndi iki uşaqlı arvadını boşayıb onu almaq istəyir. Amma ata-anası qoymur… Bu dəfə Canəli özünü xam göstərməmək üçün başını tərpədib demişdi:

– O əhvalatı mən də oxumuşam.

Ağıllını aldatmaq çətindir, naşıya isə hər yalanı satmaq olar.

Dünyadan bixəbər Canəli mənim nəzərimdə meşədən təzəcə tutulmuş mauqli kimi bir şey idi. Fərq təkcə orasındaydı ki, bu, meşədə yaşamırdı, çılpaq gəzmirdi. Əynində kostyum, başında şlyapa vardı, qoltuğunda qovluq gəzdirirdi. Həm də adam kimi danışırdı.

Özündən soruşub öyrənmişdim: Canəli hələ evlənməmişdi. İt saxlayırdı. Səbəbini də belə izah edirdi: “Ağıllı kişinin arvadı da gərək ona bərabər olsun, qadan alım. Ürəyim istəyən ideal qız tapmaq çətindir.

Sabah mən dünyanın keçmişindən, gələcəyindən danışanda həyat yoldaşım ağzını açıb gözlərimin içinə baxacaq. Mənə elə qadın lazım deyil, qadan alım”.

Son zamanlar Canəliyə yaman bağlanmışdım. Onsuz darıxırdım.

3

Həmişə də təzə yalanlarım beynimdə hazır idi. Bir sözlə istirahət günlərində – boş vaxtlarım çox məzəli, əyləncəli keçirdi.

Arabir bizim üçün çay gətirəndə arvad hap-goplu söhbətlərimin ucundan – qulağından eşidirdi.

Əhvalatın nə yerdə olduğundan xəbərdardı. Onun üçün də məni məzəmmət edirdi:

– Salman, heç utanmırsan, o boyda vidli-fasonlu kişini barmağına dolamısan?! Meymun-zaddı bəyəm səninçün oynadırsan onu?!

– Ay qız, axı mən neyləyim? – deyirdim, – Sazan balığı kimi özü tilova gəlir. Mən zarafatsız keçinə

bilmirəm.

* * *

Növbəti görüşümüzdə Canəli bir qədər dəyişmişdi. Yəqin düşünmüşdü ki, həmişə mən Salmanın sözlərinə heyranlıqla qulaq assam deyər, özü qəzet, jurnal oxumur, heç nə bilmir, danışmağa sözü yoxdur.

Ona görə bu dəfə dünyanın məşhur alimlərindən, yazıçılarından söz salmışdı. Arada bir Şekspirin adını çəkəndə əlüstü, söhbətə qarışmışdım:

– Bilirsiz Şekspir nə millətidir?

– İngilis deyil?

– Xeyr, canım! Çoxları elə bilir, – Uyduracağım yalana bu başdan gülməyim tutduğundan özümü zorla saxladım, – Şekspir xalis müsəlmandır.

– Müsəlmandır?!

– Bəli, əsl adı da Şeyxi-Pirdir. Yəni pirin şeyxi. On altıncı əsrin əvvəllərində bir tədqiqatçı onun haqqında monumental əsər yazıb. Kitabının adını qoyub “Şeyx iz pira” Ondan sonra ingilislər kişinin ismini dəyişərək Şekspir eləyib, öz adlarına çıxarıblar.

Canəli qoyun kimi şüursuz bir görkəmdə gözlərini döydü.

– Qadan alım, bə o müsəlman, İngiltərəyə necə gedib çıxıb?

– Çox asan. O zaman bir şeyx kimi ingilis ruhanilərinin həyatı ilə maraqlanıb.

Qiyafəsini dəyişərək turistlərlə birlikdə salıb özünü Londona. Orada işin üstü açılandan sonra kişini verbovat eləyib, cibinə zorla ingilis pasportu basıblar. Gözünə döndüyüm şeyx ikicə aya onların dilini öyrənərək başlayıb yazmağa. Gecədə bir komediya – necədir sizin üçün?! Ölənəcən alt-üst eləyib höküməti də, quruluşu da…

Canəli yerində qurcalandı:

– Ə, bunu yaz da, qadan alım! Nəyi gözləyirsən?! Hazır bişmiş dissertasiyadır ki!

– Var elə bir fikrim. Ancaq mən ölüm, başqa yerdə bu barədə danışmayın. Adamlara etibar yoxdur.

Buraya qədər dediklərimi Canəlinin yediyini görüb fantaziyama güc verdim:

– Hə… Şekspir müsəlmandır, ona şübhə-filan ola bilməz! Atası da Muğandandır.

– Muğandandır! Onda biz eloğluyuq ki!

– Nə bilmək olar! Sabah onun sehrli sandığı açılandan sonra bəlkə lap qohum çıxdınız.

Canəli bu yerdə təbiətinə rəğmən gürşad bir qəhqəhə çəkib güldü.

Mauqli qonşumun bugünkü normasını da belə verdim, getdi.

* * *

Bazardan qayıdan arvad başılovlu içəri girdi.

– Ay Salman, heç bilirsən neyləmisən?! Abırdan saldın bizi bu qonşuların arasında! İndi müəllimin üzünə necə baxacağıq?! Ayıb deyil?

– Müəllim kimdir? Nə xəbər eşitmisən? Açıq danışsana, nə olub?! – deyə arvadın belə həyəcan keçirməsindən heç nə anlamadım.

– Daha nə olacaq?! İndicə qonşulardan öyrəndim: sən demə, bizə gəlib-gedən o şlyapalı kişi ali məktəb müəllimidir! Özü də elmlər namizədi!

Əvvəl bu sözə şübhə elədim. Sonra tərəddüd içində qaldım. Axırda inandım.

Bizdə məgər qoltuğundakı qovluğu dolu, şlyapalı başı Canəlininkinə bənzəyən “alimlər” azdırmı?

Biri də mənim qonşum!

4

ƏR-ARVAD TƏLÜKƏSİZLİYİ ONGÜNLÜYÜ

Yaxşıxanımla Canəli evlənəndən bir neçə il sonra elə bil qəfildən aralarında pişik asqırdı. Əvvəlki mehribanlıq yox oldu.

Ərlə arvadın giley-güzarı, savaşı başlandı. Canəlinin qaşqabağı yer süpürdü, axşamlar işdən gec gəldi; Yaxşıxanım mısmırığını salladı, tez-tez ərini acıladı.

Evin səliqəsi pozuldu. Ailəyə soyuqluq çökdü… Tədricən bu qanqaralıq Canəlinin müavinlik etdiyi idarədə də öz təsirini göstərdi: işçilərlə rəftarı dəyişdi, haqq-nahaq onları danladı.

Kişinin qan təzyiqi artdı. Belə vaxtda, heç olmasa Yaxşıxanım dilini saxlasaydı, dərd yarı idi. Di gəl, Canəli birini deyəndə o, beşini qaytarırdı.

Qapı-qonşu, qırx beş-əlli sində Cəbrayıl adlı şirin söhbətli, zarafatcıl, baməzə bir kişi yaşayırdı.

Özü də gecələr elə ucadan səbir gətirərdi ki, blokdakılar diksinib yuxudan oyanardılar. Kimin nə işi olsaydı, məsləhətə onun yanına cumardı, heç kəsə xeyirxahlığını əsirgəməzdi.

Yoldaşı Fəxrəndə də əhvallı qadındı. Bir axşam Canəli dərdini danışmağa qonşuya getdi. İçəri girən kimi məsələdən agah olan Cəbrayıl onun könlünü almağa çalışdı. Elə ayaqüstü gülməli bir əhvalat söylədi:

– Bayaq işdən gələndə tramvayda iki dənə yüksək keyfiyyətli səbir gətirdim, – dedi, – Bu vaxt o tərəfdən kimsə mənə sataşdı. Astadan üç dəfə asqırdı. Cin vurmadımı təpəmə! Canınçün, eləmədim təmbəllik, açdım ağzımı göyə, burda bir partapart saldım ki… Acığına düz on iki dəfə dalbadal səbir gətirdim. Tramvaydakılar əl çaldılar.

Canəli qəhqəhə çəkdi. Keçib stol arxasında üz-üzə əyləşdilər. Bir azdan Fəxrəndə əlində dolu padnos içəri girdi.

– Axşamınız xeyir, Canəli qardaş. Xoş gəlmisiz, – dedi və armudu stəkanlardakı ətirli çayı, vazalardakı qəndi, konfeti süfrəyə düzdü. Çıxanda şıltaqlıqla ərinin dazını çırtmalayıb əlavə etdi:

– Soyutmayın, için, te-de-dir.

Canəlinin bu sözə mat qaldığını görən Cəbrayıl xırdaladı:

– Te-de – təzə dəm deməkdir. Biz evdə arvad-uşaqla həmişə belə yığcam danışırıq. Məsələn, mən hamamdan çıxanda Fəxrəndə deyir – he-te – yəni: həmişə təmizlikdə. Mən də cavab verirəm: Çe-çe –

Çox sağ ol. Axı, hər şeyi uzun-uzadı söyləməyə adamın hövsələsi çatmır. İdarədə kassirdən maaş alanda qısaca deyirəm: A-be-ve!

– Allah bərəkət versin? – deyə Canəli soruşdu.

– Hə… görürsən, sən də öyrəndin… Çe-se – çayını soyutma.

Cəbrayılın söhbətlərindən Canəlinin kefi xeyli duruldu. Özlüyündə bu mehribanlığa həsəd apardı və

inandı ki, dərdini danışsa, qonşusu onun da tez-tez hirslənməyinin qabağını almağa bir yol göstərəcəkdir.

– Bilirsən, Cəbrayıl, sənin yanına gəlməkdə məqsədim…

–

Bilirəm!

–

deyə

kişi

sözü

onun

ağzından

qapdı.

–

Aa-he-de – arvadın arvadıma hamısını danışıb. Son vaxtlar Yaxşıxanımla yola getmirsiz. Sözünüz çəp gəlir. Sən də hər şeyi ürəyinə salırsan, hirslənirsən. Ancaq fikir eləmə. Sənin əsəblərini sakitləşdirmək mənim boynuma!

– Axı, necə?

Cəbrayıl əlini qaldırıb yuxarıdan-aşağı dazını sığalladı:

– Bunu görürsən? Hamısını səhhətimə qurban vermişəm. Diqqətlə qulaq as: evdə, idarədə xətrinə

toxunan bir söz desələr, tez özündən çıxıb cavab qaytarma.

– Bəs neyləyim?

– Əvvəlcə yüz əlli qram su iç. Başının ortasından bir tük çəkib çıxar. Sonra da lopuq vur, vəssalam!

Hirsin soyumasa gəl çe-qe-ke – çək qapazı kəlləmə.

Cəbrayıl bu sözləri elə ciddi deyirdi ki, inanmamaq olmazdı. Canəli gözlərini döydü.

– Axı, yüz əlli qram suyun, başdan tük çıxarmağın, lopuq vurmağın hirsin soyumasına nə dəxli var?

– Var! – Cəbrayıl qətiyyətlə cavab verdi. – Onunçun ki, əvvələn, suyu içəndə daxildəki bütün hirsin sıxılıb qalxır gələndə. Çıxardığın tükün yerində balaca bir deşik açılır. Elə ki, ovurdunu şişirib guppuldadırsan… yüksək təzyiq nəticəsində hirsin o xırdaca deşikdən yol tapıb fısqırır bayıra. Olursan rahat…

5

– Bəlkə saçımı dartanda tükün ikisi-üçü birdən qopdu?

– O daha yaxşı! Deşiklərin sayı nə qədər çox olsa, hirsin də o qədər tez çıxar bayıra.

… Evə qayıdandan sonra Canəli ha gözlədi ki, Yaxşıxanım ona bir ağır söz desin, olmadı, Cəbrayılın üsulunu təcrübədən keçirmək sabaha qaldı.

* * *

Səhərisi istirahət günü idi. Canəli şuluqluq salmağa bir bəhanə axtarırdı. Nahar eləyəndə hər ehtimala qarşı stəkanı su ilə doldurub yanında hazır qoymuşdu. Yaxşıxanımın tərs-tərs ona baxaraq ətrafında dolandığını görən kişi, qəsdən dilinə acılıq qatıb dedi:

– Nə olub, yenə sir-sifətin qıcqırmış xəmirə dönüb?

Arvad fövrən doxsan dərəcə fırlanıb gözlərini bərəltdi:

– Elə bu qalmışdı? Piyaniskələr kimi təkbaşına oturub araq içəsən? Heç utanmırsan?

Canəli heyrətdən az qala divara yapışdı:

– Aaz… sən nə danışırsan? Gəl dadına bax, gör, bu araqdır? Məni niyə hövsələdən çıxarırsan?

Arvad dediyindən dönmədi:

– Yəni o zəhrimarın iyini də hiss eləmirəm? Burnum xarab olub?

– Sənin burnun yox, hələ axtarsan…

Canəli sözünün dalını yaman qəliz gətirəcəkdi, uddu.

– Üzünü o yana çevir! – deyə qışqırdı. Kişi yaman hirslənmişdi. Tez stəkanı qaldırıb suyu içdi.

Başından tük çəkdi. Lopuq vurdu. Sonra gözlərini yumaraq bu eksperimentin nəticəsini gözlədi. Cəbrayıl düz deyirmiş: yavaş-yavaş hirsi yatdı… İçərisində sanki nanə-cövhərli konfet əridi, sərinliyi canına yayıldı…

O gündən başlayaraq Canəli evdə, işdə bu orijinal müalicə üsulunu tez-tez tətbiq etdi və həmişə də

müsbət təsirini gördü. Əsəbləri sakitləşdi, qan təzyiqi qaydasına düşdü. Ancaq Yaxşıxanım əvvəlki vəziyyətdə qalmışdı. Nəhsliyindən əl çəkmirdi. İndi Canəlinin arvadına yazığı gəlirdi.

… Bir dəfə hər şey korlandı. Təqsir Yaxşıxanımda oldu. Canəli yenə hirslənmişdi. Növbəti müalicə

üsulunu tətbiq etmək istəyəndə, arvadın üstünə çımxırdı:

– Üzünü o yana çevir! İşim var!

Yaxşıxanımın tərs damarı tutmuşdu.

– Çevirmirəm! – dedi.

Müalicəni gecikdirdi. Canəli suyu içmişdi. Ancaq arvadın gözləri qabağında başından tük dartmağı, lopuq vurmağı arına sığışdırmadı. Rejimi pozuldu. Qan təzyiqi yenə kəlləçarxa qalxdı. Belə hikkəli arvadı olan kişi üçün Cəbrayıl binəva neyləyə bilərdi?!

* * *

Yaxşıxanımdan çıxmayan iş. Bir axşam heç gözlənilmədən gəlib əri ilə üzbəüz oturdu. Qaşqabağını gizlətməyə çalışaraq gülümsündü:

– Səndən bir xahişim var, – dedi.

Canəli ehtiyatı əldən vermədi:

– Gözlə, bu dəqiqə gəlirəm. – O, cəld qalxdı, mətbəxə keçdi, stəkanı su ilə doldurub geri qayıtdı. –

Hə, indi de görüm xahişin nədir?

Qadın udqunub sözə başladı:

– Gəl, bilirsən neyləyək… evdə… ər-arvad təhlükəsizliyi aylığı keçirək.

– O nə olan şeydir?

– Bir ay bir-birimizin xətrinə dəyməyək. Can deyib, can eşidək. Hansımızın nə xahişi olsa, sözsüz yerinə yetirək. Misal üçün, səhər sən evdən çıxanda mən tapşıracağam: “Canəlican, işdən gələndə bir dəstə qızılgül alıb gətirərsən”. Sən də gülə-gülə cavab verəcəksən: “Yaxşıxanım xanım, belə mənim bu gözlərim üstə!”

Canəli fikrə getdi:

– Düzünü de, dünən-bu gün Cəbrayılgildə olmamısan?

6

Qadın təbəssümünü güclə gizlətdi:

– Nə bildin?

– Belə şeylər ondan çıxar. Aaz, ağlını başına yığ. Ər-arvad təhlükəsizliyi aylığı nədir?

Ücretsiz ön izlemeyi tamamladınız.

₺30,04
₺60,07
−50%